Musa Cərulla Biqin

MUSA CƏRULLA BİQİ

TÜRK DÜNYASININ MƏŞHURLARI 149/2012

Əziz və istəkli dinləyicilər! “Türk dünyasının məşhurları” proqramında sizlərə millitətcə tatar olan, islam dininin zamana uyğun təfsirini verən, Qurani-Kərimi ilk dəfə tatar dilinə cevirən, Rusiyadakı müsəlmanların fedarativ bir dövlətdə yaşaması uğrunda mübarizə aparan Musa Cərulla Biqinin ömür yolundan və yaradıcılığından söz açacağıq.

Onun adının yazılışı demək olar ki, hər yerdə eyni olsa da, atasının adının və familyasının yazılışında fərqliliklər var. Belə ki, atasının adını tatarlar Jarulla, ruslar və onlardan istifadə edən qaynaqlar Djarulla, Türklər və türk xalqlarının, eləcə də Şərq xalqlarının bir çoxu Cərulla, Carulla, soyadını isə Biqiyev və Biqi kimi yazırlar.

Musa Cərulla oğlu Biqiyev 1875-ci il dekabrın 25-də keçmiş Rusiya İmperyasındakı Penza quberniyasının Kikino kəndində ziyalı bir ailədə dünyaya göz açıb. Onun atası kazanlı Devlikamoğullarından olan Cərulla Abdülkərim Kikino kəndinin axundu olub. 1881-ci ildə İmam Cərulla Abdülkərim vəfat etsə də, anaları Fatma övladlarının təhsil alması üçün əlindən gələni əsirgəməyib. Ailənin böyük oğlu tatar dilində ilk romanlar yazan Muhammed Zakirin “Min və yaxud gözəl Xədicə” romanını 1887-ci ildə, “Böyük günah” romanını  isə 1890-cı ildə çap etdirib.  Onun bir çox nəsr əsərləri isə Sovet dövründə nəşr olunub.

Atası Rostov-Don şəhərindəki məscidə axund təyin edildiyindən ailə bir müddət burada yaşayıb. Musa Biqiyev də ilk təhsilini dini məktəbdə alsa da, sonradan riyaziyyata və təbiət elmlərinə maraq göstərdiyinə görə Rostov-Don şəhərindəki rus dilində hökumət məktəbi olan realnı məktəbdə oxuyub. 

Musa Cərulla oğlu realnı məktəbi bitirsə də mədrəsədə oxumağa da maraq göstərib. O, Baxçasaraydakı, Kazandakı, Buxaradakı mədrəsələrdə oxusa da, heç birini başa vurmayıb, mədrəsələrdəki təhsil sistemi onu qane etmədiyindən təhsil ardınca İstanbula gedib. İstanbulda Akyigitzadənin tövsiyyəsi ilə Qahirədəki Əl Əxzər Universitetinə oxumağa gedib. Univeritetə qəbul olunsa da təhsilini davam etdirməyib. Hicaz, Məkkə və Mədinənin müqəddəs yerlərini ziyarət etdikdən, məşhur ilahiyyatçı alimləri ilə görüşdükdən sonra Hindistana yollanıb.

Hindistanda da çox qalmayan Musa Cərulla oğlu 1904-cü ildə yenidən ailəsinin yanına Rostov-Dona dönüb. 1905-ci ildə məşhur tacir və Ufadakı “Kamaliyə” mədrəsəsinin əsasını qoyan din alimi M.Z.Kamalovun qızı ilə evlənsə də orada qalıb işləməyib. Peterburqa gələrək İmperator Universitetinin Hüquq Fakültəsində azad dinləyici olan Musa Cərulla oğlu Biqeyev Abduraşid İbrahimovun “Ülfət” qəzetinə müntəzəm məqalələr yazmaqla yanaşı, “İttifaq əl Müslimin” partiyasının yaradılmasında da yaxından iştirak edib.

Həmin illərdə Avropanın ən böyük yarmarkalarından biri Rusiyanın Nijeqorodsk şəhərində keçirilirdi. Rusiyanın müsəlman ziyalılar da yarmarkadakı bu qələbəlikdən istifadə edərək  Volqa çayındakı bir gəmidə 1905-ci il avqustun 15-də Birinci Müsəlman Qurultayını təşkil edə biliblər. Musa Cərulla oğlu da bu qurultayın təşkilatçılarından və fəal iştirakçılarından biri olub. 1906-cı ildə çağırılan ikinci və üçüncü qurultayda da fəal iştirak edən, qurultayın mərkəzi bürosuna seçilən Musa Cərulla oğlu “Ümumrusiya Müsəlmanları Qurultayının əsasnaməsi”nin yazılmasında fəallıq göstərməklə kifayətlənməyib, həmin əsasnaməyə şərhlər və “Bizim hərəkatımızın başlanğıcı” adlı önsöz yazaraq 1906-cı ildə Peterburqda nəşr etdirib. Elə həmin il onun Kazanda çap etdirdiyi “Rusiya müsəlmanları” kitabı da böyük maraqla qarşılanıb.

1909-cu ilin sonlarında Orenburqa gedən, oradakı “Xusayniyye” mədrəsəsində  müsəlman hüququndan, ərəb dili və ədəbiyyatından mühazirələr oxuyan Musa Cərulla oğlu Riza Fəxrəddinin redaktoru olduğu “Şura” jurnalında türkcə məqalələr yazıb. Onun türkcə yazdığı məqalələrin dili o qədər sadə və aydın olub ki, tatar, qazax, başqırd, özbək, uyğur, Azərbaycan ziyalıları da oxuduqda çətinlik cəkmədən anlayıblar.

1912-ci ildə Qurani-Kərimi tatar dilinə çevirən və bir neçə dini kitab çap etdirən Musa Cərulla oğlu 1914-cü ildə Peterburqa gələrək dördüncü Ümumrusiya Müsəlmanları Qurultayının katibliyini edir.

1917-ci ildə Romanovlar sülaləsinin 300 illik hakimiyyətinə son qoyulması, Krenskinin rəhbərliyi ilə Müvəqqəti hökumət qurulması bir çox müsəlman, türk ziyalısı kimi Musa Cərulla oğlunda da millətinin  əsarətdən və zülmdən qurtaracağı ümidini oyadır. 1917-ci ilin may ayında onlar Ümumrusiya Müsəlmanlarının Qurultayını çağırırlar. O, qurultayda Ümumrusiya Müsəlmanları Şurasına üzv seçilir. Həmin il oktyabrın 25-də bolşeviklərin silahlı yolla hakimiyyəti ələ alması ölkədə qarşıdurmanı və qarışıqlığı daha da artırır.

Musa Cərulla oğlu 1917-ci ilin sonlarında Petroqraddakı birinci Məhəmmədiyyə məscidinə imam seçilir və “Əl Minbər” adlı qəzetin nəşrinə başlayır. Bolşevik liderlər ilə də yaxşı münasibətləri olan Musa Cərulla oğlu tatar uşaqları üçün məktəb açır orada tatar dilindən, türk-tatar ədəbiyyatından dərs deyir. Bolşeviklər hakimiyyət uğrunda mübarizə aparmayan qüvvələrlə sərt davranmır, onları və milli azlıqları öz tərəflərinə çəkmək üçün şirin vədlər verir. Musa Cərulla oğlu da yaranmış vəziyyətdən istifadə edərək görüşlərini mətbuatda və toplantılarda açıq şəkildə təbliğ edir.

1920-ci ildə Ufada keçirilən toplantıda cəmiyyətin gələcək inkişafı haqqında söylədiyi fikirlər Marksın nəzəriyyəsinə qarşı idi. Onun 1920-ci ildə tamamladığı  “İslam millətinə” əsəri Preobrajenski və Krestinskinin iştirakı ilə, dövrün məşhur bolşevik lideri Buxarin tərəfindən yazılmış “Kommunizmin əlifbası” əsərinə sanki cavab idi. Oradakı 236 məqalə özlüyündə İslamın siyasi manifesti, yaxud “İslam konstitusiyası” missiyasını yerinə yetirirdi.

Kitabın nüsxələri çap olunmaq üçün Türküstana, Kaşqara, Əfqanıstana və Türkiyəyə göndərilir,  satışından əldə edilən vəsait isə valideynlərini I Dünya Savaşında itirən türk-müsəlman uşaqlarına xərcləyir.

1921-ci ildə Fövqalədə Komissyanın əməkdaşları Daşkənddə Musa Biqiyevi həbs edərək 11 ay istintaq altında saxlayırlar.

  Bolşeviklər mətbuat üzərində nəzarəti artırdığından Musa Biqiyev kitabını nə Rusiyada çap etdirə bilmir. O, əsərini Finlandiyaya, orada yaşayan Helsinki məscidinin imamı, kazanlı Vəli Əhməd Hakimə göndərir. Əhməd Hakim kitaba  bir neçə cümlə giriş sözü yazaraq Helsinkidə çap etdirir. Kitab elə böyük əks-səda doğurmur. Tatar siyasi  mühaciri Məhəmməd Həyyaz İsakin (1878-1954) Berlində kitabı yenidən redaktə və özünün bəzi əlavələri ilə 1923-cü ildə 5000 nüsxə tirajla çap etdirir.  Bu nüsxələrdən təxminən 2000 ədədini Biqiyev SSRİ-də yaşayan müsəlmanlar arasında yayır, qalan  hissəsi isə Moskvadakı Türkiyə səfirliyinin vasitəsi ilə Türkiyəyə satışa göndərilir.

 Antisovet mühacir Məhəmməd Həyyaz İsakinin kitabı nəşr etdirməsi böyük əks-səda doğurur və Sovet xüsusi xidmət orqanları 1923-cü inin noyabrın 17-də Musa Biqiyevi  həbs edərək Moskvadakı Lübyanka mərkəzi həbsxanasına göndərirlər.

Musa Biqiyevin tərəfdarlarının təziqi altında Sovet xüsusu xidmət orqanları onu həbsdən azad etsələr də Moskvada nəzarət altında saxlayırlar. İki illik Moskva sürgünündən sonra Musa Biqiyev Leninqrada qayıdır və orada yalnız cümə günləri məsciddə xütbə oxumasına icazə ala bilir. Təqib və təziqlərə baxmayaraq elim araştırmalarını davam etdirən, islam dinin təbliğ edən, kitablar yazan Musa Biqiyevi Sovetlər 1926-cı ildə Məkkədə keçirilən İslam Qurultayına göndərməyə bilmir.

Ufada keçirilən dindarların toplantısında ülamələr şurasına üzv seçilən Musa Biqiyevə qarşı təqiblər daha da artır. O gizli şəkildə mühacirətə getməyi qərara alır və istəyini 1930-cu ildə reallaşdıra bilir.

Həyatını təhlükə qarşısında qoysa da, Doğu Türküstana gedən Musa Biqiyev oradan Əfqanıstana gəlir. Bir müddət Əfqanıstanda qaldıqdan sonra 1931-ci ildə Hindistanı və Məkkəni dolaşaraq Fillandiyaya gəlir. Getdiyi hər yerdə islam dinini, əsarət altında olan xalqların hüquqlarını müdafiə edən Musa Biqiyev 1932-ci ildə  Ankaradakı I Tarix Konqresinə qatıldıqdan sonra  Orta Şərq ölkələrinə səyahətə çıxır.

1933-cü ildə yenidən Finlandiyaya gələn Musa Biqiyev 1933-37-ci illərdə bir neçə kitabını Berlində çap etdirir, İrana, İraqa, Misirə səfər edir və 1938-ci ildə Yaponiya, Çin, Yava adaları və Sumatreni gəzir. 1939-cu ilin sonlarında Hindistana gələrək oradan Əfqanıstana keçmək və Əfqanıstanda yaşamq istəyir. İngilislər bu böyük islam aliminin antiimperialist fəaliyyətindən xəbərdar olduqlarına görə onu həbs edərək 18 ay Peşaver həbsxanasında saxlayırlar. Bxopala hökmdarı Muhammad Həmidullahın köməyi ilə həbsdən azad edilib Saraya aparılısa da, İngilislərin nəzarət altında olur. Həmin illərdə o, yeddi kitab yazır. Kitablarından gələn gəliri isə Bombey köçkünlərinin uşaqlarına xərcləyir.

1946-cı ildə Misirə köcən, bir neçə dəfə Həcc ziyarətində olan böyük islam alimi Türkiyəyə gəlir və buradan vətəninə dönmək istəyirsə də baş tutmur. Qışı Misirdə keçirmək üçün oraya gedən Musa Biqiyev 1949-cu il oktyabrın 28-də Qahirədə dünyasını dəyişir.

Uzun müddət vətənində adının çəkilməsi belə qadağan olmasına baxmayaraq Sovetlər birliyi çökdükdən sonra Tatarıstanda Musa Cərulla oğlu Biqiyevə abidə qoyuldu, haqqında filimlər çəkildi, kitablar yazıldı, əsərləri çap olundu.   

Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol