Nəsib bəy Yusifbəyli

NƏSİB BƏY YUSİFBƏYLİ

Türk Dünyasının Məşhurları-16

Azərbaycanın görkəmli siyasətçisi və dövlət adamı, hüquqşünas, “Ədəmi-mərkəziyyət” partiyasının qurucusu Nəsib bəy Yusifbəylinin ömür yolu...

 

Göndərmə 14.05.2011 09:04:38 UTC

Güncəlləmə 14.05.2011 09:04:38 UTC

www.trtazerbaycan.com


http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=24406f2b-9358-4fd3-96a7-ad9d9a4f762d

 

Nəsib bəy Yusif bəy oğlu Yusifbəyli 1881-ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzi olan Gəncə şəhərində anadan olub. Onun soyadı qaynaqlarda Yusifbəyov, Usubbəyov, Yusifbəyli kimi yazılır. Ziyalı ailəsində doğulan Nəsib bəy 1902-ci ildə Gəncə Gimnaziyasını bitirib Odessa şəhərindəki Novorossiysk Universitetinin Hüquq fakültəsinə daxil olub.

Bu universitetin tələbə və müəllimləri arasında monarxiya rejimindən narazı olanlar, ölkədə islahatlar keçirilməsini istəyənlər çoxluq təşkil edib. Ona görə də tələbələr şəhərdə keçirilən mitinq və toplantılarda fəallıq göstəriblər. Tələbələrin mitinqlərdə iştirakının qarşısıalınmaz bir hala gəldiyini, hökumət qarşısında tez-tez tələblər qoyduğunu, bu tələblərin idarəetmənin dəyişdirilməsinə yönəldildiyini görən çar hökuməti vəziyyətdən çıxış yolunu Novorossiysk Universitetinin müvəqqəti bağlanmasında görüb.

Nəsib bəy Novorossiysk Universitetində oxuduğu illərdə, yəni 1905-ci ildə atası Yusif bəy və qardaşı Həmid bəylə birlikdə Gəncədə “Qeyrət” adlı gizli təşkilat və bu təşkilatın nəzdindəki “Difai” qrupunu yaradıblar. Rusiya xüsusi xidmət orqanlarının təhriki ilə erməni quldurları müsəlmanları qıranda “Difai” qrupu bu qırğının qarşısında duruş gətirə bilən, bəlkə də yeganə müsəlman təşkilatı olub.

Novorossiysk Universitetinin müvəqqəti bağlandığını düşünən və tezliklə açılacağına ümid edən Nəsib bəy Azərbaycana dönməyib Odessaya yaxın olan Kıırıma gedib.

Nəsib bəyin Kırıma getməsi təsadüfi deyildi. O dövrdə Kırım böyük Rusiyanın inkişaf etmiş mədəni mərkəzlərindən biri idi. Rusiyanın imkanlı adamları, yazıçı və şairləri, sənət adamları buraya istirahətə gəlirdilər. Bölgənin yerli əhalisinin çoxunu islam dininə inanan türklər təşkil edirdi.

Ömrünü türk xalqlarının birliyinə həsr etmiş İsmayıl Qaspıralı ilə tanış olan gənc millətpərvər Baxçasaray şəhərində qalır, “Tərcüman” qəzetində işləyir, Nəsib bəy Usubbəyli imzasıyla məqalələr çap etdirir. İsmayıl Qaspıralı ictimai-siyasi fəaliyyəti, yaradıcılığı, milləti üçün gördüyü işlər gənc Nəsib bəyi o qədər aludə edir ki, bu ailəyə əbədi bağlanmaq üçün yaşıdları və dostları ilə münaqişəyə girmək bahasına olsa da, Qaspralının qızı Şəfiqə Soltan xanımla evlənir. Baxçasaray mühiti, İsmayıl Qaspıralı və onun nəşr etdiyi “Tərcüman” qəzeti sosial ədalət arzulayan, buna görə də sosialistlərə qoşularaq onlarla birlikdə mübarizə aparan Nsəib bəyi dəyişərək türk xalqlarını Rusiya əsarətindən azad və müstəqil görmək istəyən birisinə çevirir.

Beləliklə, iki dostun əqidə yoldaşının və vaxtilə Novorossiysk Universitetində birgə oxuyan Nəriman Nərimanovla Nəsib bəy Yusifbəylinin yolları əbədi olaraq ayrılır.

Nəsib bəy Baxçasarayda olarkən yalnız “Tərcüman” qəzetində işləməklə kifayətlənmir, Kırım tatarlarının ədəbi-mədəni həyatında fəal iştirak edir. Azərbaycan dramaturqlarının əsərlərinin səhnələşdirilməsində, təbliğində, xanəndə və müğənnilərimizin qastrol səfərinin təşkilində əlindən gələni əsirgəmir. Hətta Kırımlı həvəskarların səhnələşdirdiyi Əbdürrəhim bəy Haqverdiyevin "Dağılan tifaq" əsərində Nəcəf bəy rolunu oynayır.

Çar xəfıyyələrinin təqibindən yaxa qurtarmaq üçün Nəsib bəy 1908-ci ildə Şəfiqə Soltan xanımı da alıb İstanbula gedir. Orada publisistik fəaliyyətlə yanaşı, ictimai işlərdə də fəallıq edir, “Türk dərnəyi” cəmiyyətinin qurucularından olur.

1909-cu ildə doğma şəhəri Gəncəyə qayıdan Nəsib bəy 1911-ci ilədək şəhər bələdiyyəsində çalışır. İctimai işlərdə fəal olan Yusifbəyov “Molla Nəsrəddin” jurnalına və qəzetlərə məqalələr göndərir. Eyni zamanda "Müsəlman xeyriyyə cəmiyyəti", "Müsəlmanların maariflənməsi cəmiyyəti", "Aktyorlar cəmiyyəti" kimi ictimai qurumların təşkilində yaxından iştirak edir. Onun Məhəmmədəmin Rəsulzadə ilə tanışlığı da öncə qiyabi, yəni mətbuatdakı məqalələri vasitəsilə olur.

Tez-tez Bakıya gələn Nəsib bəy "Açıq söz" qəzetində redaktor Məhəmmədəmin Rəsulzadə ilə şəxsən tanış olur və bu tanışlıq sıx əməkdaşlığa və dostluğa çevrilir.

1917-ci ilin martında Nəsib bəy Yusifbəyov “Difai”nin aparıcı şəxsləri olan Həsən bəy Ağayev, Şəfi bəy Rüstəmbəyov, Xəlil bəy Xasməmmədov və b. ilə birlikdə “Türk Ədəmi-Mərkəziyyət Firqəsi”ni yaradır. Bu partiya Azərbaycan tarixində keyfiyyətcə yeni sayılırdı. Partiyanın əsas qayəsi Azərbaycanı Rusiya işğalından azad edərək müstəqil dövlət kimi formalaşdırmaq idi. 1917-ci ilin aprelində Bakıda keçirilən Qafqaz və həmin ilin mayında Moskvada keçirilən Rusiya müsəlmanları qurultaylarında iştirak edən Nəsib bəy əsarət altında qalan xalqların azadlıqlarına qovuşaraq müstəqil dövlətlərini qurmaq ideyasını irəli sürür.

1917-ci ilin iyulunda bu partiya M.Ə.Rəsulzadənin başçılıq etdiyi "Müsəlman Demokratik Müsavat Partiyası" ilə birləşərək Türk Ədəmi-Mərkəziyyət Firqəsi Müsavat adlandırılır. Nəsib bəy bu partiyamn oktyabrın 26-31-də Bakıda keçirilən və Azərbaycanın siyasi həyatında böyük hadisəyə çevrilən 1-ci qurultayının hazırlanmasında və keçirilməsində fəal iştirak edir, partiya proqramını hazırlayanlardan biri olur. Onu partiyanın mərkəzi komitəsinin üzvü və Gəncə şöbəsinə rəhbər seçirlər.

Bolşeviklərin Oktyabr çevrilişindən sonra Rusiya Müəssislər məclisinə nümayəndə seçilənlər Petroqrada gedə bilmədiklərindən Zaqafqaziya Seyminin yaradırlar. Seymin və 1918-ci il aprelin 22-də elan olunan Zaqafqaziya Demokratik Federativ Respublikası hökumətinin qurucularından olan Nəsib bəy Yusifbəyova yeni hökümətdə Maarif Nazirliyini qurmaq həvalə olunur. O, çoxmillətli bir bölgədə xalqların və etnik qrupların hamısının mənafeyini nəzərə alan bir proqram hazırlayır.

Xarici güclərin təzyiqi və daxili ziddiyətlər nəticəsində Zaqafqaziya Demokratik Federativ Respublikası cox yaşaya bilmir. 1918-ci ildə Tbilisidə Azərbaycan Xalq Cümhuriyyəti qurulduğu elan edilir. Yeni hökümətdə Nəsib bəyə Maliyyə və Xalq Maarifi Nazirliyini qurmaq həvalə olunur.

Fətəli xan Xoyskinin 2-ci və 3-cü hökumət kabinələrində də o, xalq maarifi və dini etiqad naziri vəzifələrini tutur. Nəsib bəy Yusifbəylinin həyata keçirdiyi ilk tədbirlərdən biri Azərbaycan dilinin dövlət dili elan edilməsi olur. Bunun üçün təhsil sistemini milli zəmin üzərində yenidən qurur və Azərbaycan dilini mükəmməl bilən ixtisaslı milli kadrlar yetişdirilməsinə diqqəti artırır. 1918-ci il avqustun 28-də Azərbaycan məktəblərinin milliləşdirilməsi haqqında qərar qəbul edilir. Xalq Maarifı Nazirliyinin səyləri nəticəsində artıq 1919-cu ilin əvvəllərində Azərbaycanda dövlət hesabına 637 ibtidai və 23 orta ixtisas təhsil məktəbi fəaliyyət göstərir.

1919-cu ilin martında Fətəli xan Xoyski hökuməti istefa etdikdən sonra yeni hökumətin təşkili Nəsib bəy Yusifbəyliyə tapşırılır. Bu dövrdə Bakı Dövlət Universiteti açılır, 100-ə yaxın Azərbaycan gənci dövlət hesabına Avropanın ali məktəblərində oxumağa göndərilir. Torpaq islahatı haqqında qanun layihəsi hazırlanır. Azərbaycanın milli pulu dövriyyəyə buraxılır.

Nəsi bəyYusifbəyli baş nazir vəzifəsi ilə yanaşı, eyni zamanda həm də Daxili İşlər Naziri kimi fəaliyyət göstərir. Onun başçılıq etdiyi hökumət Denikin qüvvələrinin xaricdən, bolşeviklərin isə daxildən törətdikləri təhlükəni aradan qaldırmalı olur. 1919-cu il iyunun 5-də keçirilən parlament iclasında Denikinin Könüllü Orduları ilə bağlı məsələ təkrarən müzakirə olunur. Denikin təhlükəsi ilə bağlı Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti Dövlət Müdafiə Komitəsinin yaradılması haqqında qərar qəbul edir, az bir zamanda Azərbaycanda silahlı quvvələrdə xidmət edənlərin sayı 40 min nəfərə çatdırılır.

N.B. Yusifbəylinin 1919-cu ilin dekabrında özünün təşkil etdiyi ikinci hökumət kabinəsi 1920-ci ilin martına kimi fəaliyyət göstərir. Onun baş nazir olduğu dövrdə Azərbaycan xalqının tarixində ən mühüm hadisə – 1920-ci il yanvarın 11-də Azərbaycanın istiqlaliyyətinin böyük dövlətlər tərəfindən defakto tanınması baş tutur. M.Ə.Rəsulzadə Nəsib bəyin milləti qarşısındakı xidmətlərini: «Azərbaycan ideyasını siyasi bir mətləb maddəsi şəklində formula etmək şərəfi Nəsib bəyindir” kimi dəyərləndirib.

Neft və milyonlar səltənəti adlandırılan ölkədə baş nazir olan Nəsibbəy Yusifbəyli o qədər təmiz, düzgün işləyirmiş ki, aldığı maaş onun xərclərini ödəmədiyindən atasına məktub yazaraq özünə geyim,kastyoy alması üçün pul göndərməsini xahiş edirmiş.

1920-ci il aprelin 28-də Azərbaycan Sovet Rusiyası tərəfindən işğal edildikdən sonra milli hökümətin qurucularını və fəallarını təqib etməyə başlayır. Nəsib bəy Yusifbəyli də həmin ağır günlərdə məhv edilir. Araşdırıcılar bu gün də onun harada və hansı şəraitdə şəhid olduğunu dəqiqləşdirə bilməsələr də, 1920-ci il mayın 31 öldürüldüyünü yazırlar. Nəsib bəy Yusifbəyli kimi bir vətən xadiminin adının çəkilməsi 70 ilə yaxın qadağan olunsa da, ideyaları yaşadı və Azərbaycan yenidən öz azadlığına qovuşdu.

 

 

 

 

 

 

 

 

 

 

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=