Nəzir Törəqulov

NƏZİR TÖRƏQULOV

 

Türk Dünyasının Məşhurları 42

Qazax xalqının övladı, Sovet hökumətinin Şərqdə diplomat kimi istifadə etdikdən sonra 1937-ci ildə həbs edərək ölümə göndərdiyi Nəzir Törəqulovun həyatı...Әli Şamil

 

Göndərmə 25.11.2010 10:02:20 UTC

Güncəlləmə 25.11.2010 10:02:20 UTC

www.trtazerbaycan.com

http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=08a7424c-7b69-4d4f-91dc-869f41da9c43

1892-ci ildə Kokand şəhərində doğulmuş Nəzir Törəqulov ilk təhsilini mədrəsədə alır. Sonra atası onu Kokandda Rus müstəmləkəçilərinin işğal etdikləri yerlərdə kiçik məmurlar hazırlamaq məqsədilə açdığı Rus Tuzem məktəbinə göndərir. Bu tip məktəblərə Azərbaycanda Rus tatar məktəbləri deyirdilər.

1905-ci ildə Rus tatar məktəblərini bitirən Nəzir Kokanddakı ticarət kadrları hazırlayan texniki peşə məktəbinə daxil olur. Oranı bitirdikdən sonra müxtəlif sahələrdə çalışır. 1913-cü ildə isə Moskvaya gedərək İqtisad İnstitutuna qəbul olunur. Qazax və Rus dillərini mükəmməl bilən, ərəb və fars dillərindən, islam dini və tarixindən, türk ləhcələrindən xəbərdar olan Nəzir təhsil illərində fransız və alman dillərini öyrənir.

Rusiyada baş verən qarışıqlıq Türküstana da öz təsirini göstərir. Vətəninin ağır durumda olduğunu görən Nəzir təhsilini yarımçıq qoyaraq 1916-cı ildə Kokanda qayıdır.

Nəzir Törəqulov millətinin alçaldılmasına və kölə halına salınmasına dözə bilmir. Xalqını azad və xoşbəxt görmək üçün yollar axtarır. Rusiya Sosial Demokratlarının irəli sürdüyü şüarlar, dünyanı dəyişmək istəkləri ona çox şirin gəlir. “Azad torpaq” adlı dərnək qurur.

1917-ci ilin fevralında çar II Nikolayın hakimiyyətdən uzaqlaşdırılması, oktyabrın 25-də bolşeviklərin zor gücünə hakimiyyəti ələ keçirib ölkəni vətəndaş mühribəsinə sürükləməsi Türküstanda da vəziyyəti ağırlaşdırır. Əsarət altına düşmüş qazax, qırğız, özbək, türkmən və b. xalqların bir qrup öndə gedəni vəziyyətdən istifadə edərək müstəqil dövlətlərini qurmağa can atırlar. Sosial ədalət şüarının şirinliyinə aldanmışlar isə bolşeviklərlə əlbir olmaqla xalqlarının yenidən Rusiya müstəmləkəsinə çevrilməsinə şərait yaradırlar. Onlardan biri də gənc Nəzir Törəqulov idi. O. Kokandda “Xalq” adlı qəzet çıxarır. Az sonra onun redaktorluğu ilə “İnqilab”, “Həqiqət”, “Elm ocağı”, “Türkmən Yurdu” v.ə b jurnallar çap olunaraq Türküstanın hər yerinə yayılmağa başlayır.

1920-ci ldə Türküstanda Rusiya tərəfindən müvəqqəti idarə komitəsi qurulur. Nəzir Törəqulov da baş katib seçilir. Bununla da o, bir çox məsələlərə müdaxilə edə biləcək nüfuzlu bir siyasətçiyə çevrilir.

Törəqulov siyasi fəaliyyəti ilə yanaşı, jurnalistlik fəaliyyətinə də davam edir. Xalqın kasıb təbəqələrini iqtisadi sıxıntıdan, yoxsulluqdan qurtarmaq üçün yollar axtarır. Bolşeviklərin fitvasına uyaraq Fərqanə vadisinin varlılarını və ağıllı adamlarını kütləvi surətdə həbs etdirir. Kasıb və yoxsullar onun bu hərəkətini sevinclə qarşılayır, onu qəhraman kimi alqışlayırlar.

Amma vəziyyət getdikcə gərginləşir. İdarəçilik bacarığı olmayan yoxsullar varlılardan alınıb onlara verilmiş təsərrüfatları idarə edə bilmirlər, əllərindən var-dövləti alın¬¬mışlar isə hökümətdən narazı qalır.

Nəzir Törəqulov kasıb və yoxsulların övladlarını oxutmağa, savadsızlığın aradan qaldırılmasına ciddi diqqət yetirir. Əhalinin böyük əksəriyyətinin savadsız olmasının səbəbini iqtisadi çətinlikdə, çar Rusiyasının yeritdiyi siyasətdə deyil ərəb əlifbasında görür.

Rusiya Kommunist Partiyası Orta Asiya bürosunun, Türküstan Hərbi İnqilab Komitəsinin üzvü olarkən ərəb əlifbasının latın əlifbası ilə əvəzlənməsi üçün əlindən gələni əsirgəmir. Hətta bir müddət əlifba komitəsinə də rəbərlik edir.

1926-cı ildə Bakıda I Türkoloji qurultaydakı nitqində deyir ki, Əlifbamızı dəyişdirmək dünyanın sonu gəldi demək deyil. Hamınızın gördüyünüz kimi, yeni hərflər gündən-günə geniş yayılır və ozünə çoxlu tərəfdar tapır. Bizim ruhumuza uyğun, ehtiyaclarımızı qarşılayacaq yazı ərəb hərfləri deyil. Ehtiyaclara cavab verə biləcək, çağdaş, mədəni, texniki olaraq hadisələrə cavab verə biləcək Latın əsaslı Türk yazısıdır. Qərbin elm və texnologiyasını qəbul etməkdə bizə köməklik göstərəcək bu yazı, bizim əski yazını dəyişdirmək istəməmizin ən önəmli səbəblərindədir.

Nəzir Törəqulovun vətənsevərliyi, millətinin savadlanması və təşkilatlanması üçün bir çox işlər görməsi müstəmləkəçilərin xoşuna gəlmir. Bolşeviklər hakimiyyətlərini mökəmlədənə kimi bu tip kadrları özlərindən narazı salmamağa çalışırdılar. Onlardan bacarıqla da istifadə etdilər. Sonra isə onları “rəhbər vəzifəyə irəli çəlirik” adı altında vətəndən uzaqlaşdırdılar. 1922-ci ildə Nəzir Törəqulovu Moskvaya gətirərək Sovet Xalqları Mərkəzi Mətbəəsinə müdür təyin edirlər. O, beş il mətbəəyə rəhbərlik etdiyi müddətdə milli dillərdə dərsliklər, elmi kitablar, jurnallar və s. çap etdirir.

1927-ci ildə ata-babası müsəlman olan, özü də gəncliyində islami dəyərlərə sadiq, mədrəsə təhsilli Nəzir Törəqulovu Səudiyyə Ərəbistanına səfir göndərirlər. Bu təyinatın birbaşa Stalinin tərəfindən verilməsinə baxmayaraq, onun Səidiyyə Ərəbistanına gəlişi 8 aya yaxın çəkir.

Heç bir diplomatik təcrübəsi və bu sahədə təhsili belə olmayan Nəzir Törəqulov az vaxt içərisində Səudiyyə Ərəbistanının kralı Əziz Abdunun və övladlarının məhəbbətini qazanır. Kral Əziz Abdunun yanında böyük nüfuza malik Türkiyə səfiri Seni bəy ölkəsinə qayıtdıqdan sonra onun yerini Nəzir Törəqulov tutur.

Diplomat şəxsi nüfuzundan istifadə edərək Rusiya ilə Səudiyyə Ərəbistanı arasındakı ticarət əlaqələrini inkişaf etdirir və canlandırır. O, Moskvaya göndəriyi məktublarda Qırmızı dəniz ətrafındakı ölkələrlə ticarətin vacibliyini dəfələrlə vurğulayır. İxtisasca iqtisadçı olan Nəzir Törəqulovun iqtisadi məsələlərə belə önəm verməsi Moskvada əyləşənlərin heç də xoşuna gəlmir. Onlar siyasi məsələlərə önəm verməsini, az qala ondan Səudiyyə Ərəbistanı ateist bir dövlətə çevirməsini istəyirlər.

Nəzir Törəqulov dəfələrlə şəxsi nüfuzundan istifadə edərək SSRİ ilə Səudiyyə Ərəbistanı arasında gərginləşən münasibətləri yoluna qoya bilir. Lakin SSRİ Xarici İşlər nazirinin müavini L.Qarahanın Türkiyəyə səfir göndərilməsilə Nəzir Törəqulovun vəziyyəti pisləşir. Qarahan bölgədəki dövlətlərin siyasətinə Sovetlərin təsirini artırmaq üçün zora və təzyiqlərə üstünlük verir. Bu metodlarla işləmək istəməyən səfirlərin geri çağrılmasına nail olur.

1934-35-ci illərdə Nəzir Törəqulov Səudiyyə Ərəbistanında səfirlik etdiyi halda, demək olar ki, heç bir iş görə bilmir. Nəhayət, 1935-ci ilin sonlarında Nəzir Törəqulovu “başqa işə təyin edilməsi” adıyla Moskvaya çağırırlar.

Sovet İttifaqı ciddi cəhdlə İkinci Dünya Savaşına hazırlaşdığından ölkə daxilindəki etibarsız saydığı, müxalif gördüyü insanlardan xilas olma planları hazırlayır. Beləcə kütləvi həbslər başlanır. Həbsə alınanlar arasında bir neçə xarici dil bilən, mədrəsə təhsili görmüş, müsəlmanların dini mərkəzi – Məkkənin yerləşdiyi ölkədə səfir olmuş, dərin zəkalı və millətsevər Nəzir Törəqulovun həbsdən xilas ola bilməsi mümkünsüz olur.

Uzun-uzadı istintaqdan sonra onu xarici ölkələrə casusluqdan tutmuş Trotskiçi qrupun üzvu olduğuna və Türkçü terrorist qrupun başçıları və üzvləri ilə sıx əlaqə qurmağa kimi müxtəlif cinayətlərdə suçlayaraq 1937-ci ilin noyabrında güllələyirlər. Onun edamından sonra qohum-əqrabası sürgün edilir, arvadı Nina Aleksandrovna Törəqulovaya 5 il həbs cəzacı verirlər.

Nəzir Törəqulovun ölümündən iyrimi il sonra, yəni Sov.İKP-nin 20. qurultayından sonra onun suçsuz olduğu elan edilir. Xalqına işıqlı gələcək vermək üçün kommunistlərə qoşulan insanın ömrü beləcə faciə ilə başa catır.

 


 

 

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol