Nikolay Konqarov

Nikolay Konqarov

Türk Dünyasının Məşhurları-15

Xakas xalqının böyük oğlu Nikolay Konqarov…

 öndərmə 20.04.2013 08:30:59 UTC

Güncəlləmə 20.04.2013 08:30:59 UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=bbb9232e-3734-4b6b-9eed-cc8eb6ee0c44

 Şərqi Sibirin cənubunda Minusinsk və Çulum-Yenisey çokəkliklərində 20-ci yüzildə bir inzibati qurum yaradıldı. Bu inzibati bölgə 1923-cü ilin sonlarında Xakas Milli Qəzası, 1925-ci ildən Xakas Milli Mahalı, 1930-cu ilin noyabrından isə Xakas Muxtar Vilayəti adlandırıldı. Bölgənin öndərləri isə Sovet hökumətinin yaratdığı bu inzibati vahidlərlə razılaşmır, bölgədə yaşayan oyrat-altaylılarla və şorlarla birlikdə Şərqi Sibir Türk Respublikası yaratmaq istəyirdilər.

1934-cü ildə bolşeviklər keçmiş silahdaşları və mübarizə yoldaşları, Sovet hakimiyyətinin qurulması üçün canlarından keçməyə hazır olanları “xalq düşməni”, “vətən xaini” elan edərək bir qismini güllələdilər, bir qismini isə həbsxanalarda işgəncələrlə öldürdülər.

Nikolay İvanoviç Konqarov da “xalq düşməni” və “vətən xaini” elan edilərək 1938-ci ildə güllələnən ən gənc rəhbər işçilərdəndir.

Nikolay İvanoviç Konqarov 1905 və ya 1906-cı ildə keçmiş Rusiya İmperiyasının əsarəti altinda qalmış və Yenisey quberniyası adlandırılan bölgədə Minusinsk qəzasında Askız qəsəbəsi yaxınlığındakı Konqar yaşayış məskənində anadan olmuşdur. Sonrala bu yaşayış məntəqəsinin adı Nikolay İvanoviçin soyadına çevrildi. Bu da səbəbsiz deyildi. Konqar yaşayış məskəni də öz adını Nikolayın ulu babalarının adından almışdır. Rusiya bölgəni işğal etdikdən sonra yerli əhalini yarı zor, yarı xoş xristianlaşdırdığından Sibir xalqlarını adları və ata adları xristian din xadimlərinin verdiyi adlar olsa da soyadlarını milli dillərdən gələn sözlər təşkil edirdi.

Nikolay anadan olan dövrdə bölgədəki yerli əhalinin böyük bir qismi tam oturaq həyat sürmürdü. Heyvan sürülərini fəsillərə görə bu yerdən, o birisi yerə aparır, özləri də beləcə tez-tez səyyar qurulmuş yaşayış məskənində yaşayırdılar.

Xalqı özünü Sibir türkləri adlandırırdı. Rəsmi dövlət sənədlərində isə onları gah Sibir tatarları, gah Yenisey tatarları, çox vaxt da sadəcə tuzemts kimi göstərirdilər. Qonşu xalqlar isə onları qırğız kimi tanıyırdı. Çin qaynaqlarından alınan xakas sözü isə Sovetlər hakimiyyəti illərində aktuallaşdırıldı. Beləcə Sibirdə yaşayan türklər nəinki bir-birlərindən, həm də yüzillər boyu birgə yaşadıqları, qazaxlardan, qırğızlardan, uyğurlardan ayrıldılar.

Müstəmləkəçilər türkləri bir-birindən ayıraraq kiçik xalqlara çevirsələr də bu günün özündə belə Rusyalı araşdırıcılar xakas dilindən söz açanda “xakas dili türk dillərinin şərqi hun qolunun uyğur qrupuna daxildir... Mənşəcə qırğız dilinə daha yaxındır” yazır, xakas dilinin formalaşmasından söz açanda isə “saqay, kaçin, qızıl və b. dialektləri var” deyə qeyd edirlər.

Saqay, kaçin, qızıl tayfaları isə yalnız xakasların deyil altay, teleut, şor, qazax, qırğız və b. soykökündə də iştirak etmişdir.

Nikolay Konqarovun doğulduğu yaşayış məntəqəsinin adı sonralar Arjanov adlandırılıb. O, ilk təhsilini kəndlərində, sonra isə Askiz qəsəbəsində alır. 1917-ci ilin oktyabrında bolşeviklər silah gücünə hakimiyyəti ələ aldıqdan sonra Sibirdə vəziyyət daha da gərginləşib. Çünki bura dini inancına, əqidəsinə görə sürgün edilənlərlə yanaşı, müxtəlif cinayətlər törədənlər də sürgün olunub. 1917-ci ilin xaosundan istifadə edən cinayətkarlar silahlı dəstələr yaradıb xalqı talayır. Bölgədə hakim olmaq istəyən ağqvardiyaçılarla bolşeviklər arasındakı savaş isə ara vermir.

Bu qarışıqlıqda yeniyetmə Nikolay Konqarov təhsil ala bilmir. Siyasətdən uzaq bir həyat yaşamağa çalışır. Bölgənin sayılan nəslindən olduqlarından təsərrüfat işlərində valideyinlərinə kömək edir.

Bolşeviklər bölgədə möhkəmləndikcə əhalininin var-dövlətini əlindən zorla almağa başlayır. Konqarovlar da “kulak” elan edilərək var-dövlətləri əllərindən alınır, təqib olunmağa başlayır. 20 yaşlı Nikolay Konqarov ailəni dolandırmaq üçün Cebaj-Abakan bölgəsində meşəqıran işləyir. Onun işgüzarlığını, diribaşlığını görən rəhbərlik 1928-ci ildə Nikolayı Sovetlərin təşkil etdiyi partiya məktəbində oxumağa göndərir.

Nikolay Konqarov 1928-1931-ci illərdə Abakan və Krasnoyarskdəki partiya məktəblərində təhsil alır. Kadr catışmazlıgına görə, 26 yaşlı gənc Abakan rayon partiya komitəsinin təşkilat şöbəsinə müdir təyin edilir.

Nikolay Konqarov rayon partiya komitəsində çox işləmir. Onu Xakas Milli Nəşriyyatının şöbə müdirinə müavin işləməyə göndərirlər. Az sonra, yəni 1932-ci ilin fevralında daha məsul bir vəzifəyə, xakas dilində nəşr olunan “Xızıl Aal” qəzetinə redaktor təyin edirlər.

Nikolay Konqarov partiya qəzetinin redaktoru olduğu dövr milli kadrlarla özlərini beynəlmiləlçi adlandıran, əslində velikorus siyasəti yeridənlər arasındakı qarşıdurma getdikcə dərinləşir. Belə ki, bolşeviklər silah gücünə bölgədə hakimiyyətlərini möhkəmləndirdikdən, yəni əhalinin bir qismini güllələdikdən, həbsxanalara göndərdikdən, ölkəni tərk etməyə, aclıqdan ölməyə məhkum etdikdən sonra onlarla əməkdaşlıq etmiş yerli sakinlərə divan tutmağa başlayır.

Bolşeviklərin sülh, sosial ədalət, əsarət altında olan xalqlara azadlıq və s. kimi şirin şüarlarına inanan yerli xalqların nümayəndələri verilən vədlərin yerinə yetirilməsinə səy göstərdilər. Rəhbər vəzifələrdə olan xakaslar, altaylılar, şorlar, yerli Sovetlərin toplantılarında “Qərbi Sibir Türk Cümhuriyyəti” yaradılması məsələsini gündəmə gətirdilər. Moskvanın göstərişilə mövzunu gündəmə gətirənlərin əksəriyyəti 1934-cü ildə həbs edildi.

Nikolay Konqarov bu həbslərdən qurtulsa da təqib və təzyiqlərdən qurtula bilməyib. Həqiqəti dediyinə, redaktoru olduğu qəzetdə xalqının istəklərini dilə gətirməyə çalışdığına görə onu qəzetdən uzaqlaşdıraraq tərcümə və nəşriyyat işlərinə göndəriblər.

Bununla da iş bitməyib. Nikolay Konqarovun təqib və sıxışdırılması bölgə miqyasını aşıb. Moskvada nəşr olunan, Ümumrusiya Kommunist Bolşeviklər Partiyasının orqanı “Pravda” qəzeti 1936-cı il iyulun 17-də çap etdiyi məqaləsində Konqarovu və Kuçendayevi Sovet Konsititusiya layihəsini tərcümə edərkən təhriflərə yol verməkdə ittiham edib. Bu təhriflər sadəcə tərcümə zamanı baş vermiş qüsurlar kimi dəyərləndirilməyib. Onu tərcüməcilərin millətçiliklərindən, bolşeviklərin yeritdiyi siyasi xəttilə razılaşmadıqlarından doğan bir hal, siyasi təxribat kimi qiymətləndiriblər. Beş gün sonra isə Ümumrusiya Kommunist Bolşeviklər Partiyası Xakasiya Vilayət Komitəsinin bürosunda məsələ geniş müzakirə edilib.

Nikolay Konqarova partiya cəzası verilib və tutuğu vəzifədən uzaqlaşdırılaraq Xakasiya Vilayət İcraiyyə Komitəsinə katib göndərilib. Təqib və təzyiqlərdən asılı Nikolay Konqarov mövqeini dəyişməyib. Elə buna görə də 1937-ci ilin fevralında həbs ediblər. Uzun sürən istintaqdan sonra 1937-ci ilin iyulun 13-də SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarı ilə güllələnib.

Ailəsinin şikayəti əsasında 1957-ci il mayın 21-də Nikolay Konqarova bəraət verilsə də onunla bağlı həqiqətlər hələ də aşkarlanmayıb.

 Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=