Osman Türkay

OSMAN TÜRKAY

 

Türk Dünyasının Məşhurları 32

Qüzey Kıbrıs Türk Cümhuriyyətində anadan olmuş, iki dəfə Nobel mükafatına namizəd göstərilmiş, kosmos şairi adlandırılmış Osman Türkayın ömür yolu vә yaradıcılığı...Әli Şamil

 

Göndərmə 9/18/2010 7:34:28 AM UTC

Güncəlləmə 9/18/2010 7:34:28 AM UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=d827f2d3-2447-4a65-8e9b-923959de2750

Türklərin yavru vətən adlandırdığı Qüzey Kıbrıs Türk Cümhuriyyətində anadan olmuş, iki dəfə Nobel mükafatına namizəd göstərilmiş, kosmos şairi adlandırılmış Osman Türkayın ömür yolu vә yaradıcılığı...

Kıbrısın doğusundakı Kazafana adlı qəsəbədə yaşayan Mustafa Hasanın ailəsində 1927-ci il fevralın 16-da doğulan uşağa Osman adı verirlər. Osman kiçik yaşlarında atasını itirdiyindən anası Emete Otçuoğlu və dayısının himayəsində böyüyür. O, yaşıdlarından həm dəcəlliyi ilə, həm də parlaq zəkası ilə seçilir. 1939-cu ildə ibtidai məktəbi bitirdikdən sonra Lefkoşa Türk Kişi Liseyində oxuyur, ilk şeirini də burada yazır.

1942-ci ildə Girnə İngilis Ali Məktəbində oxuyarkən onda Əhməd Haşım,Yəhya Kamal və Əbdülhaq Hamidə bir heyranliq yaranır. Məktəbdə onu gənc şair kimi tanıyırlar. Buna görə də 1946-cı ildə təşkil edilmiş buraxılış gecəsində ona şeir oxumağı təklif edirlər. Osman orada «İngilis Ali Məktəbinə əlvida» şeirini oxuyur.

Osman Türkay bir ara Lefkoşada «Hürr söz» qəzetində işləyərək ədəbiyyat və sənət səhifəsini hazırlayır, satirik məqalələr yazır.

1951-ci ildə isə Türkiyəyə gedərək NATO-nun Adanadakı İncirlik aeroportunun tikintisində yüksək maaşla tərcüməçi işləyir. O, burada yalnız pul qazanmaqla kifayətlənmir, türkiyəli şairlərlə görüşür, müasir və klassik türk ədəbiyyatını öyrənir, eyni zamanda jurnalistlik fəaliyyətini də davam etdirir. Kıbrısdakı və Türkiyədəki qəzetlərlə əməkdaşlıq edir, daha çox Adanadakı müstəqil «Vətəndaş» qəzetinə məqalələri yazır. Kıbrıs türklərinin azadliq mübarizəsindən bəhs edən «Böyük davalarımız» silsilə yazılar ona uğur qazandırır.

1953-cü ilin payızında Londona gedən Osman 1955-ci ildə oradaki Müasir Dillər Məktəbinin jurnalistika fakültəsini, 1958-ci ildə isə İqtisadi Elmlər Məktəbinin fəlsəfə fakültəsini bitirir. Londonda yaşadığı illərdə kitabxanalarda çalışır, dünya mədəniyyətini, fəlsəfəsini, ədəbiyyatını öyrənir, araşdırmalar aparır, şeirlər yazir. Zəhməti və istedadı sayəsində bir dünya şairinə – kainat ozanına çevrilir. Güzaranını isə müxtəlif biznes firmalarında çalışmaqla təmin edir.

1958-ci ilin payızında Kıbrısa qayıdan Osman Türkay «Bozqurd» qəzetində siyasət və mədəniyyət bölmələrinin müdüri işləyir, 1959-cu ildən isə Fuad Vəziroğlu və Kutlu Adalı ilə birlikdə «Beşbarmaq» və «Xəbərdar» adlı ədəbi jurnalları nəşr edir. Türkiyə mətbuat ilə də əlaqəni kəsməyən şair1959-cu ildə «7 Telli» adli ilk şeir kitabıni çap etdirir.

1961-ci ildə Osman Türkay yenidən Londona dönərək «Kıbrıs türkünün səsi» adlı qəzet çıxarır. Sonralar isə «Vətən» qəzetiylə əməkdaşlıq edir. Oradan Türkiyədəki «Varlıq», «Türk dili», «Varlıq illiyi», «Yedditəpə», «Yelkən», «Tərəzi», «Səsimiz» kimi qəzet, jurnallara ədəbi-bədii, publisistik və elmi yazılar göndərir.

1969-cu ildə Türkiyədəki Yedditəpə nəşriyyatı şairin «Uyurgəzər» adlı ikinci şeir kitabını, 1972-ci ildə «Evrenin düşündə gəzgin», 1975-ci ildə «Qiyamət günü müşahidəçiləri», 1976-cı ildə «Bethovendə aydınlığa oyanmaq» kitablarını oxucu mühakiməsinə verir. 1971-ci ildə isə onu Kıbrıs Türk Birliyinə baş katib seçirlər. Türkiyədəki iki təşkilat isə onu ilin ən yaxşı şairi elan edir. 1976-cı ildə Osman Türkayı ədəbiyyatçılar arasında böyük nüfuzu olan Londondakı «Poet» adlı şeir jurnalının Mərkəzi Şərq üzrə redaktoru vəzifəsinə dəvət edirlər və ömrünün sonunadək bu vəzifədə çalışır.

Romada 1945-ci ildə dünya alimlərini və ədəbiyyatçılarını birləşdirmək məqsədi bir təşkilat-«Cento Studi e scambi İnternaitonali» təşkilatı qurulur. Dünyanın əksər ölkələrində nümayəndələri olan bu təşkilat şeir yayımına başlamasının 15-ci ildönümünü qeyd etmək üçün Beynəlxalq Şeir Antalogiyasının nəşrini nəzərdə tutur. Bu antologiyalardan biri 1974-cü ildə ilə Kıbrıslı türk şairi Osman Türkaya ithaf edilir.

1976-cı ildə Kembricin Qitələrarası Bioqrafiya Mərkəzi Osman Türkaya “Fellowship” rütbəsi verir ki, o, bununla adının sonunda F. İ. B. A. (Fellow İntercontinental Biographical Assocation) hərflərindən istifadə etmək hüququ qazanır. 10 sentyabr 1979-cu ildə Nyu-Yorkdakı Danziq Universiteti ilə qardaş elan edilən Hindistan Dünya Universiteti ona Doctor of Literature (Ədəbiyyat doktoru) fəxri ünvanını verir.

1981-ci ildə Dünya Sənət və Mədəniyyət Akademiyası tərəfindən keçirilən Dünya Şairlərinin Beşinci Konqresində Osman Türkay şeirlərindəki mükəmməlliyə görə “Beynəlxalq Ozanlar Sultanı” adını qazanır.

Osman Türkay Beynəlxalq Nobel mükafatina təqdim olunana kimi 1983-cü ildə Amerika Bioqrafiya İnstitutu ona “Kosmos əsri şeirinə xidmət” mükafatını verməklə yanaşı ömrünün sonuna qədər Fəxri üzvlüyə və Beynəlxalq Müşavirliyə seçmiş, 1985-ci ildə isə xatirə “Şərəf” medalı vermişdi.

«Variations» kitabı isə şairə daha böyük uğur qazandırır. 1986-cı ildə Qitələrarası Dünya Şeir Dərnəyi və Dünya Sənət və Mədəniyyət Akademiyası, 1987-ci ildə Hindistanın Mədrəs şəhərində təşkil olunan Dünya Şairlərinin IX Qurultayı “Dünya Şeir Birinciliyi”, 1988-ci ildə Beynəlxalq Şairlər Akademiyası “Şeirdə Bərabərsizlik”, İtaliyada “Gümüş Zəncirli Beynəlxalq Şeir” mükafatını Osman Türkaya vermiş, Qitələrarası Dünya Şeir Dərnəyi isə kosmos əsri şeirinə yeni dəyərlər bəxş etməsi münasibətilə onu Nobel mükafatına namizəd göstərmişdi.

Həmin il İtaliya Milli Mədəniyyət Mərkəzinin təşkil etdiyi Beynəlxalq Şeir Müsabiqəsində «Bir portretdə çağımızın üç üzü» şeiri ilə birincilik qazanan Osman Türkay Sinqapurda XV Sənətlər və Əlaqələr Qurultayında beynəlxalq şeirdə göstərdiyi uğura və qüsursuzluğa görə Asiyalı Şairlər Federasiyasının “Qızıl Şeir Medalyonu”na, QKTC Cümhurbaşqanlığının “Şərəf” mükafatına layiq görülür.

1990-cı il iyulun 8-15-də Kenyanın Narobiya şəhərində keçirilən XVII Beynəlxalq Sənətlər və Əlaqələr Qurultayında «Afrika» şeiri ilə “Afrika Şeir Kralı” mükafatına və «Dünyamızın portreti – 1990» poeması ilə “Qızıl Zürafə” mükafatına layiq görülən şair ikinci dəfə Nobel mükafatına namizəd göstərilir.

Amerika Bioqrafiya İnstitutunun 1997-ci ildə Osman Türkaya «Evrende rastgələ bir gəzinti» adlı kitabına görə “Qızıl Val”, “Başkanlıq Şərəf Möhürünü” mükafatlarını verir və 1998-ci ilin adamı seçir. Amerika Başarılar İnstitutu da şairi həmin kitaba görə “İlin Adamı” və “Min İlin Şöhrətlər Sayı” mükafatlarıyla, Avstraliyada isə “Uçan Qızıl Qumru” mükafatıyla təltif edirlər.

1999-cu ildə isə Osman Türkayı Türkiyə Mədəniyyət Nazirliyi “Türk Dilinə Xidmət” və KIBATEK (Kıbrıs Balkanlar Avrasiya Türk Ədəbiyyatları Qurumu) isə “Ədəbiyyata Xidmət” mükafatlarına layiq görürlər.

2000-ci ildə Beynəlxalq Şeir Akademiyasının onu “Millenium şairi” adlandırır. Bu şairin sağlığında aldığı son mükafatlardan biri olur.

73 yaşına qədəm qoyan Osman Türkayın dünyadan köçməyə hazırlaşdığından xəbər tutan Qüzey Kıbrıs Türk Cümhuriyyətinin höküməti onu 2000-ci ilin noyabrın 14-də vətənə gətirərək, Girnə Ağçiçək xəstəxanasında xüsusi otaqda yerləşdirmək haqqında qərar qəbul edir. 2001-ci il yanvar 22-də səhər saat yeddidə şair «Yenə gələcəyəm»,– deyərək gözlərini qapayır. Cəsədini doğulduğu qəsəbədə dəfn edir və oranı şairin şərəfinə Ozanköydə adlandırırlar.

Osman Türkay bir daha sübut etdi ki, beynəlmiləlçilik də, kosmos şairi olmaq da, “Millenium şairi” adlandırılmaq da millilikdən keçir. Nə yazıq ki, Türk dünyası bu böyük oğlunu hələ layiqincə öyrənib təbliğ etmir.

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol