Qaraçay-malkar ədəbiyyatının inkişaf yolu

QARAÇAY-MALKAR (BALKAR) TÜRKLƏRİƏDƏBİYYATININ İNKİŞAF YOLU

Əli Şamil Hüseyn oğlu

                                                                                 Bakı

 

 Özət: Uzun illər qaraçay-malkar (balkar) ədəbiyyatı tarixini araşdıranlar onun 18-ci yüzildən başladığını yazırdılar. Son za­manlar isə qaynaqlara dayanaraq Mikail Şamsi Baştu (835-900), Tram xan (X-XII yüzillər), Zurum Biyçe (13…-1396), Aq­bilek Biyçe (13…-1396), Qoşayax Biyçe (XVI-XVI yü­zil­lər), Qaltur Semenov (XVIII yüzil) kimi yaradıcı şəxsiyyətlər haqqında bilgi verməklə qaraçay-malkar yazılı ədəbiyyatının tarixinin 9-cu yüzildən başladığını bildirirlər. Gənc araşdı­rıcıların bəziləri isə ədəbiyyat tarixlərini Orxon-Yenisey abi­dələri ilə başlayırlar. Bu da təbiidir. Xalq özünü tanıdıqca, ta­rixini öyrəndikcə milli şüuru artır, tarixinə də, ədəbiyyatına da, mədəniyyətinə də yiyə çıxır.
Rusiya işğalçılarının yeritdiyi ayrı-seçkilik siyasəti gücünü itirdikcə qaraçay-malkarlar (balkar) arasında əski qıpçaq ədə­biyyatının, ümumtürk mədəniyyətinin öyrənilməsinə və təbli­ğinə da maraq artır. 20-ci yüzildə yaratdıqları ədəbi nümunə­ləri yeni gözlə saf-çürük edir, Sovet dövründə yasaqlananlar üzə çıxarılır, dəyərlilərini yenidən çap edərək gənc nəslin ix­tiyarına verirlər.
Qaraçay-malkarlar (balkar) günümüzədək zəngin folklorla­rını qoruyub saxlaya bilmiş və onları toplayaraq çap etdir­miş­lər. Bunlara daxil olan nartları, tanrılar haqqında nəğmələri, uşaq folkloru nümunələrini öyrənmək ümumtürk folkloruna, mədəniyyətinə, dünyagörüşünə yiyələnmək baxımından olduq­ca vacibdir. Bu zəngin bir xəzinə vaxtında öyrənilməsə dünya mədəniyyəti bir parçasını itirmiş olar.
 Qaltur Semenov (Semenlanı) (1751-1851), Küçük Bayra­mu­kov (Bayramuklanı) (1772-1862), Qasbot Qoçqarov (Qoç­qar­lanı) (1834-1940), Kazım Meçilanı (Meçiyev) (1859-1945), İslam Kırımşamxalov (Kırımşamxallanı-Teberdiçi) (1864-1910), İsmayıl Akbayov (Akbaylanı) (1874-1937) və b. qara­çay-malkar klassikləri ilə yanaşı 20-ci yüzildə ədəbiyyata gəl­miş İsmail Semenov (Semenlanı) (1891-1981), Ömər Əliyev (Aliy­lanı) (1895-1938), İslam Xubiyev (Xubiylanı) (1896-1938), İssa Qarakötov (Qarakötlanı) (1900-42), Daut Bayqulov (Bayqullanı) (1902-42), Abdulkerim Bayqulov (Bayqullanı) (1902-1942), Abidat Botaşov (1902-82) Asan (Xasan) Appa­yev (Appalanı) (1904-1938), Azret Örtenov (Örtenlani) (1907-37), Bert Qurtuyevin (Qurtulanı) (1910-2001), Axmat Bilim­ğotov (1910-60), Kerim Otarov (Otarlanı) (1912-74), Toxtar Bor­lakov (Borlaklanı) (1914-42), Maqomet Urusov (Urusla­nı­nın) (1916-42), Xabu Xatsiyev (Xatsilanı) (1916-74), Maksim Qıttıvanovun (Qıttıvanlan) (1916-86), Qaysın Quliyev (Quli­lanı) (1917-85), Xalimat Bayramukova (Bayramuklanı) (1917-96), Osman Xubiyev (Xubiylanı) (1918-2001), İbraqim Ma­qam­matovdur (1919), Azret Semenov (Semenlanı)(1924-2008), Tanzila Zumakulova (Zumakullanı) (1934), Jağafar Tokumayev (Tokumalanı) (1935), Xusey Cay­ba­yev (Caybalanı) (1936-99), Salix Qurtuyev (Qurtulanı) (1938), Salix Xoçuyev (Xoçulanı) (1910-42), Axmat Sozayev (Sozalanı) (1941), Muradin Ölmezayev (Ölmezlanı) (1949) və b. yaradıcılıqlarında bu zəngin söz xəzinəsindən yararlanmağa çalışmışlar.
Açar sözlər: qaraçay-malkar (balkar) ədəbiyyatı, Qafqaz savaşları, qıpçaqlar, yeni dövr ədəbiyyatının formalaşması.
 

    Giriş

Çar Rusiyası Qafqazı işğal etsə də, burada etiraz dalğaları, üsyanlar uzun müddət sönmədi. 1830-cü illərdə başlayan üs­yanların yatırılmasına hökumət 30 ildən çox vaxt sərf etdi. Döyüşlərdə 200 min nəfərdən çox əsgər və zabit məhv oldu. Düş­mənə müqavimət göstərən, aclıqdan, xəstəlikdən, soyuq­dan donub ölən dağlıların sayını isə qeydə alan olmadı.
 Qazilər şurasının qərarı ilə Şeyx Şamil döyüşü dayandı­ran­dan sonra da dağlarda üsyançı qruplar müqavimət göstərirdilər. Çar Rusiyasının hökumət dairələri məcburiyyət qarşısında qalıb ölkədə bir sıra islahatlar keçirməli oldular. 1861-ci il təhkimçilik hüququnun ləğvi haqqında qəbul edilmiş qanun dediklərimizə nümunə ola bilər. Bu qanunun qəbulundan sonra Qafqazda müridizm hərəkatı sönməyə başladı. Döyüşüb qan axıdan, itki verən qafqazlılar oldusa da qanundan ən çox yararlanan isə Rusiya, xüsusən də təhkimli kəndlilər oldu.
İşğal etdiyi ərazilərdə idarəetməni asanlaşdırmaq üçün hö­ku­mət 1861-ci ildə Qafqazı vilayətlərə-quberniyalara ayırdı. Qaraçay türklərini Kuban vilayətinin, malkar türklərini isə Te­rek vilayətinin tərkibinə daxil etdi.
Basxan bölgəsində yaşayan, türkcə danışan toplum isə bəzi qaynaqlarda orusbiylər kimi göstərilir (Türkiye dışındakı..., 2002, 22-ci cild). (Bölgü zamanı həmin ərazi – Baxsan başqa bir vilayətin tərkibinə qatılsaydı, yəqin ki, indi statistikada qaraçay, balkar adı ilə yanaşı orusbiy adlı bir “xalqa” da rast gələcəkdik). Beləliklə, eyni dildə danışan, eyni mədəniyyətin daşıyıcısı olan, eyni dinə inanan, eyni kökənli toplumdan iki xalq - qaraçaylar və malkarlar formalaşdırılmağa başlandı.
Statistikada “qaraçay”, “balkar” kimi qeyd edilən xalqların yaşadığı bölgə bir-birinə bitişikdir. Dilçiliyə, tarixə dair bütün ədəbiyyatlarda bu xalqların bir kökənli olduğu və yazılı ədə­biyyatlarının qaraçay, basxan-çeqem və malkar ağızı (şivəsi) əsasında formalaşdığı göstərilir. Yüz illər boyu ərəb qrafikalı əlifbadan istifadə edən qaraçay-malkarlar da 1929-cu ildə latın qrafikalı əlifbaya keçdilər. Lakin bu, uzun sürmədi. 1938-ci ildə onlar üçün də əlifba hazırlandı. Kiril qrafikalı bu əlifbada 38 hərf var. Türk dillərinin hamısında olduğu kimi, onların dili də səssizlərlə (saitlər) zəngindir (İsayev M., 1970). Bütün bun­­lara baxmayaraq, tarix, ədəbiyyat, folklorları ayrı-ayrılıqda öyrənilir və təbliğ olunurdu. Sovet strateqləri bu ayrılığı getdikcə dərinləşdirmək üçün malkarlara Nalçikdə, qaraçaylara Çer­kessk­də elmi-mədəni mərkəzlər yaratmışlar.
Qaraçay-malkarlar haqqında İslam ensiklopediyasındakı mə­qaləsində azərbaycanlı bilgin Mirzə Bala yazır: “Dil, örf, adət, din, ictimai təşkilat, folklor edebiyat ve tarih itibari ile bir küll teşkil etdikleri halde, takriben XV asırdan sonra, karaçay ve bal­kar (b-m değişmesi ile malkar) veyahut tavlı (dağlı) adları altın­da ayrı-ayrı iki cami olarak, 1944 yılına kadar, şimali Kaf­ka­si­ya­da yaşamış eski bir türk kabilesidir” (Mirza Bala, 1967:217).
Mirzə Bala bu geniş məqaləsində qaracay-malkarların tari­xin­dən, soykökündən söz açmaqla yanaşı folklorlarına, ədəbiy­yatlarına da diqqət yetirmişdir. Görünür hələ Bakıda yaşa­yar­kən tanış olduqlarındanmı, yoxsa haqqında daha çox bilgisi olduğundanmı Qaracay-Çərkəz Respublikasının yaradıcısı və ilk rəhbəri, sonralar ədəbiyyat və elmlə ardıcıl məşğul olan, 1938-ci ildə güllələnən Ömər Əliyev (Bu insanın adı Umar, Omar, soyadı Aliyev, Aliylanı kimi də yazılır) haqqında diq­qə­ti­cəkən bilgilər vermişdi.
Son 200 ildə aramsız basqılarla üzləşən, torpaqları əllərin­dən alınıb yerində sanatoriya və kurortlar, istirahət evləri tiki­lən, bir sözlə, mülkiyyətləri başqalarına verilən, kütləvi sürgün­lərə uğra­yan, həbs edilən, güllələnən bir toplumun dilini qoru­ması, folk­lorunu yaşatması və ana dilində bədii əsərlər yarat­ması heyrə­tamizdir. Azsaylı xalqın şair və yazıçılarından İs­mail Akbaylanı (1874-1937), Ömer Ali Aliylanı (1895-1938), İs­lam Xibiylanı (1896-1938), Asxat Bicilanı (1900-1958), Sait Otarlanı (1903-1975), Xasan Appalanı (1904-1938), Axmadiya Malkarlı (1905-1965) və digərləri 1937-ci il irticasına uğramış, Salix Xoçuyev (1910-1942), Toxtar Borlaklanı (1914-1942), Azret Budaylanı (1916-1942), Maqomet Oruslanı (1916-1942), İssa Qarakölanı (1900-1942), Daut Baygullanı (1902-1942) və başqaları isə İkinci Dünya Savaşında faşizmə qarşı döyüşlərdə qəhrəmanlıqla həlak olmuşlar (Türkiye dışındakı..., 2002, 22-ci cild).
Qaraçay-malkarlar Quzey Qafqazın mərkəzi bölgəsində-yük­sək dağlıq ərazidə məskunlaşmışlar. Qaraçaylar Kuban ça­yının başlanğıcındakı Xurzuk, Uçkulan, Kart Curt kəndlərində, oradan batıdakı Duvut, Teberdi, Morx, İsxavat, Urup, Laba çaylarının yuxarı axarlarındakı kəndlərdə və Mara, Cögtey, Ze­lençuk (İncik - Ə.Ş.) vadilərindəki kəndlərdə yaşayırlar. Mal­karlar isə Elbrus dağının doğusunda Basxan (Baksan, Bahsan) vadisindən doğuda yerləşən Çeqem, Xolam, Bızıngı və Malkar (Çerek) vadilərindəki ərazilərdə, Köndelen, Aksuv, Xasaniya, Kaşqatav, Karasuv, Gerpegey və başqa kəndlərdə yaşayırlar. (Türkiye dışındakı...,2002:14, 22-ci cild).
Bir sözlə, qaraçay-malkarları güneydən Böyük Qafqazın qarlı zirvələri alınmaz qala kimi qoruyur. Quzeydə isə onların məskənləri iti çaylar, dərin dərələr, dar keçidlərlə əhatə olu­nub­lar. Kəndlərin uca dağlar qoynunda yerləşməsi, gediş-gəli­şin çətinliyi onları uzun müddət ətraf aləmdən ayrı salmışdır. Onlar, bəlkə, buna görə soydaşları arasında islamı elliklə ən gec - XVIII yüzildə qəbul edənlərdir.
Bəzi araşdırıcılar bölgədəki kilsə qalıqlarına əsaslanaraq ya­zırlar ki, “Gürcü kraliçası Tamara 1207-ci ildə onları ha­ki­miy­yəti altına almış və burada xristianlığı yaymış”dır. (Tür­kiye dı­şındakı...,2002:34, 22-ci cild). XIV yüzilin başlarında Avro­palı missionerlərin qıpçaqlar arasında xristianlığı yaymaq məqsədilə hazırladıqları “Codex Cumanicus” adlı əsərdə işlə­nən sözlərin dörddə üçünün bugünkü qaraçay-malkar dilində işlək olması da onların ətraf mühitdən daha çox təcrid olun­duq­larını, arxaik söz­ləri daha çox qoruyub saxladıqlarını gös­tərir. Qaraçay-malkar­ların etnik mənşəyinə dair çoxlu fikir və mülahizələr olsa da, araşdırıcılardan İ.M. Miziyev və Kazıy T. Layran bu toplumun soykökündə kimmer, saka (skif, iskit) kimi prototürk tayfala­rı­nın və hunların, bulqarların, as-alan­la­rın, xəzərlərin, sabirlərin və qıpçaqların olması fikrində yek­dil­dirlər. İ.M.Miziyev şumer (sumer) yazıları ilə çağdaş qaraçay-malkar kəlmələrini müqa­yisə edərək bir çox oxşarlıqlar tap­mışdır. O, araşdırmalarında bu nəticəyə gəlmişdir ki, qaraçay-malkarların ulu babaları – pro­totürklər iskit (skif) - sarmat, hun, bulqar, alan, as və s. adlarla tarix səhnəsinə daxil olmuşlar (Mızı ulu İsmail, 1993).
Soydaşlarından təcrid olunmuş halda, uca dağlar qoynunda yaşayaraq təbiətin şıltaqlığına və yadelli işğalçılara qarşı döyüşlərə mətanətlə sinə gərmiş xalqın bu günkü varlığını və adət-ənənəsini yaşatması möcüzə sayıla bilər. 1790-1800-cü və 1808-14-cü illərdə bölgədə yayılan vəba xəstəliyindən minlərlə insan məhv olmuşdur. Bunun ardınca rus ordusunun basqını başlamışdır. Qaraçay-malkarlar nə qədər cəsarətlə döyüşsələr də, çoxsaylı və daha mükəmməl atıcı silahlarla silahlanmış or­dunun qarşısında duruş gətirə bilməmişlər. Formal olaraq 1827-ci ildə malkarlar, 1828-ci ildə qaraçaylar çar Rusiyasının tərkibinə daxil olmuşlar. Dağlarda partizan dirənişi isə müx­tə­lif aralıqlarla 1940-ci illərin sonlarınadək davam etmişdir.
 
1. Tarixi özündə yaşadan xalq mahnılarının yaranma səbəbləri
Çar Rusiyası bölgədəki mövqeyini möhkəmlətmək üçün 1838-ci ildə Peterburqda “Qafqaz komitəsi” adlı bir təşkilat qurdu. Bu təşkilatın planına görə Quzey Qafqazda yaşayan xalq­ların üçdə biri köçürülməli və onlardan boşaldılan ərazi­lərə rus kazakları yerləşməli idi. İlk baxışda könüllülük prin­sipi əsasında həyata keçirilən bu tədbir haqqında general K.A.Fadayev 1899-cu ildə “Qafqaz məktubları” əsərində yazır: … “Qafqazın yerli xalqları dəstə-dəstə Qara dəniz sahillərinə gətirilərək zorla gəmilərə doldurulub Anadoluya doğru yola salınırdı”. (Hayatı B., 1991:46)
Qafqazdakı köçləri araşdıran Hayati Bice yazır: “1850-ci illərin ilk yarısında bəzi qafqazlı ailələrin könüllü olaraq Os­manlı torpaqlarına köç etdiyi bilinməkdədir. Kırım savaşı za­manı məcburi bir hərəkat halına gələn köç hadisəsi, 1862-1865-ci illər arasındakı müddətdə zirvəyə çatmış və 1877-78, 1890-1908-ci illərdə artaraq 1920-ci illərə qədər davam etmiş­dir” (Türkiye dışındakı...,2002:45, 22-ci cild). Osmanlı döv­lətinə köçlərə dair müxtəlif qaynaqları tutuşduran Bedri Ha­cıoğ­lu bu qənaətə gəlir: “Böylece 1865-1907 yılları arasında yal­nız Kafkas’yadan gelen göçmenlerin mevcudu 165.000-i bul­du. Böylece 1855’den 1907’ye kadar olan dönemde Os­man­lı topraklarına ulaşabilen kafkasyalı göçmenlerin sayısı (orta­lama olarak) 600.000’in üzerindedir” (Hacaloğlu B.,1993:73).
Bu köçlərin dəqiq rəqəmləri olmadığı kimi, köç zamanı yol­da xəstəliklərdən ölənlərin, dənizdə batanların sayı da dəqiq bəlli deyildir. Üzləşdiyi faciəyə xalq biganə qala bilməzdi. “Al emina” (birinci vəba), “Ekinci emina” (ikinci vəba) adlı şərqi­lə­rində 1790-1800, 1808-14-cü illərdə vəba xəstəliyinin yayıl­ma­sından bəhs edilir. “Hasavka”, “Bagatır oğlu Umar” (bu yır­ların oxunması və nəşri nəinki çar Rusiyasında, hətta Sovetlər Birliyi zamanı da yasaqlanmışdır) şərqilərində qaraçaylıların rus əsgərlərinə qarşı dirənişləri, “Ullu Hoj” şərqisində isə rus kazaklarının Hoj kəndində törətdikləri vəhşiliklər təsvir olunur. “Tatarqan”, “Sarıbiy bla Karabiy”, “Candar”, “Zavur biy”, “Qo­­banldanı qöy bölek” və başqa mahnılarda qaraçay-mal­kar­lara edilən basqınlardan söz açılırsa, “Güyeldi”, “Bekmırzalar, Qaysınlar”, “Zağoştoq oğlu Çöpellev”, “Cansohların yırı” və s. mahnı və nəğmələrdə isə onların başqaları üzərinə basqınları, çapıb-talamaları, bir sözlə tərənnüm edilir.
 Vəba kimləri aparmış, xalqı kimlərdən məhrum etmişdir? Bu suallara yırlarda aydın cavab verilir. Düşmənlərin yenə bil­mədiyi, məğrur igidi vəba yenir. Onun ölümünə xalq belə təəs­süflənir:
Candetli bolsun Söyünçlanı Bekmırza,
- Cənnətlik olsun Sö­yünçlanı Bekmırza,
Atha minse, atnı belin bügedi,
- Ata minsə atın beli bükülür,
Suvğa kirse, suv çabaklay cüzedi,
- Suya girsə balıq kimi üzür,
Arkan atsa, atnı boynun üzedi,
- Örkən (kəmənd) atsa atın boynunu üzərdi,
Sadak atsa, tiyer cerin biledi,
- Ox atsa, vuracağı yeri bilərdi,
Kamçı ursa cerni carıb kiredi.
-Qamçı vursa yeri yarıb icərisinə girərdi.
Döyüşlərdə qəhrəmanlıq göstərən, ov etməkdə mahir igidlər haqqında da onlarla yır qoşulmuş və az zamanda dillər əzbə­ri­nə çevrilmişdir. Xalqın yaddaşına əbədi hakim olan, dillər əz­bərinə çevrilən yırlardan biri də Toxçukların Acı Murata həsr edilmişdir. Yırda deyilir:
Kafkaz tavladan carık gün batadı,
- Qafqaz dağlarında par­laq günəş batır,
Xurzuk özende bir tav aslan catadı,
- Xurzuk vadisində bir dağ aslanı yatır.
Atı aytılsa barğan Kobannı tohtathan,
 - Adı söylənsə, Kuban çayını durduran,
Ma ol allay cigit tavlu edi.
- Bax, o belə igid dağlı idi,
Toxçukların Acı Murat Xurzuk eldə biy edi,
- Toxçukların Hacı Muratı Xurzuk elində bəy idi,
Xurzuk özenden bir katı suvuk cel urad,
- Xurzuk vadisində bir şiddətli soyuq yel əsdi,
Candetleni ceti eşigi sannğa boş bolsun,
- Cənnətlərin yeddi qapısı sənə açıq olsun,
Toxçuk ulu cigit tuvğan Acı Murat.
- Toxçuk oğlu, igid doğulan Hacı Murat
      (Tavkul U.,1992:732).
 
Qaraçay-malkarların zorla Osmanlı dövlətinə köçürülməsi ilə bağlı yaradılmış yırlar xalq arasında “İstampulda getgenleni yırları” (“İstanbula gedənlərin nəğmələri”) adlanır. Onların bi­rin­də deyilir:
İstampulçula İstampulda ketdile,
- İstambulçular İstambula getdilər,
Nunda kalganlaga ne kıyınlıkla cetdile.
- Burda qalanlar nə güçlüklər çəkdilər.
Ol künlede bizge bolur bolqandı,
-O günlərdə bizə olanlar oldu,
Aq betleden qızıl nurle onngandı,
- Ağ üzlərdən qızıl nurlar silindi,
Ol künle mahşarlanı künüdü.
- O günlər məşhərlərin günüydü
      (Hayatı B., 1991:210).
Müəllifi bilinən yırlar arasında Qasbot Qoçqarovun və Appa Canıbekovun yırları daha məşhurdur.
 
1.2. Milli azadlıq mübarizəsi ədəbiyyatın mövzu qaynağı kimi
1905-ci ildə Rus-Yapon savaşında Rusiyanın yenilməsi bu dövlətin çökdüyündən xəbər verirdi. Rusiyanın öndə gedənləri vəziyyətdən çıxış yolları axtarırdılar. Kimisi konstitusiyalı monarxiya, kimisi respublika yaratmağa çalışırdı. Sosialistlər isə sinfi mübarizəni önə çəkərək, ətraflarına daha çox tərəfdar toplayıb hakimiyyəti ələ almaq istəyirdilər. Çar Rusiyasının hökumətinə qarşı çıxan bu insanların əksəriyyəti imperiyanı qoruyub saxlamağa çalışır, işğal altında olan xalqlara azadlıq verəcəklərini düşünmürdülər.
İşğal altında olan xalqların öndə gedənlərinin bir qrupu Ru­siyadakı ayrı-ayrı siyasi təşkilatları dəstəkləsə də, əslində müs­təqil dövlətlərini qurmağa çalışırdılar. 1917-ci ilin fevralında baş verən çevriliş bu işi sürətləndirdi. Lakin bolşeviklər bu dəyişikliklə razılaşmadılar. Onlar demokratik yolla - seçkilərdə fəal iştirak etməklə hakimiyyətə gələ bilməyəcəklərini görüb 1917-ci il oktyabrın 25-də (yeni təqvimlə noyabrın 7-də) silah gücünə hakimiyyəti ələ aldılar. Bununla da dünyanın altıda birini tutan bir ölkədə vətəndaş savaşlarının, qarışıqlığın, hərci-mərcliyin əsasını qoydular.
Belə ağır, çətin günlərdə qaraçay-malkarlar rus ordusunda polkovnik rütbəsinədək yüksəlmiş Mırzaqul Kırımşavxalın ət­ra­fına toplaşaraq bolşeviklərə qarşı mübarizəyə başladılar. On­lar adıgey, çeçen, inquş və başqa Dağıstan xalqları ilə birlə­şərək 1918-ci ilin may ayının 11-də „Quzey Qafqaz Dövlətləri Fede­rasiyası“nı (Bu qısa ömürlü dövlətin adı qaynaqlarda fərqli şə­kildə yazılır) qurduqlarını elan etdilər. Ay-ulduzlu, yaşıl bay­raq qaldırdılar. Lakin bu dövlətin ömrü uzun olmadı. Daxili çə­kişmələr, xarici qüvvələr, ağqvardiyaçı-general Denikin 1919-cu ilin sonlarında bu dövlətin varlığına son qoydu. 1920-ci ilin martında isə bolşeviklər denikinçiləri bölgədən qovub çıxardılar.
Qaraçay-malkarlar öz müstəqilliklərini əldə etmək üçün Mır­zaqul Kırımşavxal və Qılıç Giray xanın başçılığı ilə bol­şe­viklərə qarşı vuruşdular. Beş aya qədər davam edən bu mü­qavimətə 1920-ci ilin dekabrında son verildi. Bolşeviklər vəd etdilər ki, Sovet Rusiyası daxilində qaraçaylara müstəqillik­lərini saxlamağa, muxtar respublikalarını qurmağa icazə verə­cəklər. Lakin mövqelərini möhkəmləndirən bolşeviklər vədlə­rinə dönük çıxdılar. 1922-ci ilin yanvarında yeni inzibati bölgü - Qaraçay-Çərkəz Muxtar Vilayəti yaratmaqla malkarları yeni­dən çar Rusiyası zamanında olduğu kimi, qaraçaylardan ayırdı­lar. Malkarları isə Kabarda Muxtar Sovet Sosialist Respubli­ka­sının tərkibinə daxil etdilər.
Bu tarixi hadisələr öz əksini xalq yaradıcılığında tapsa da, Sovet hakimiyyəti illərində onların oxunması, toplanması və nəşr edilməsi yasaq idi. Yalnız bolşevikləri öyən, kollektivləş­məni tərənnüm edən, vətəndaş savaşında bolşeviklərin tərəfini tutan, İkinci Dünya Savaşında Rusiyanın mövqeyini müdafiə edən mahnı və nəğmələrin, lətifələrin toplanmasına və nəşrinə icazə verilirdi. Bu dövrdə qaraçay-malkarlar arasında da din əley­hinə yönələn, bəy-xanları, bir sözlə, varlı təbəqəni tənqid edən folklor nümunələri görünməyə başladı. Bolşeviklər öz hakimiyyətlərini möhkəmlətmək, təbliğatlarını geniş xalq küt­lə­lərinə çatdırmaq üçün bir tərəfdən milli dillərdə məktəblər, teatr, qəzet-jurnal, elmi-tədqiqat müəssisələri açırdı, o biri tə­rəf­dən millətpərvər, xalqın azadlığını və müstəqilliyini istəyən insanları güllələyir, həbsxanalara və sürgünlərə göndərirdilər. 1918-1919-cu illərdə xalqın önündə getmiş, milli dövlət qu­ru­culuğunda fəal iştirak etmiş Qiliastan Sefer, Basxanuk Kırım­şavxal, Qazi Hacı Laypan, Davud Özgen, Barisbiy Duda, Ca­tay Bayramuk və baş­qa vətənpərvərlər güllələndi. Keçmiş qazı Qafar Naçır, Muhəm­mət Ali Botaş, Salix Barisbiy, İbrahim Koba, Şaban Qagu, Maşak Hubi, Musa Bayramuk, Şamil Qa­ca, Muhəmmət Tambiy (Hayatı B., 1991:87). və s. kimi oxu­muş, təhsil almış 34 min din adamı həbs edildi. Azsaylı bir xalq­dan bu qədər insanın məhv edilməsi onun ədəbiyyatının məhv edilməsi demək idi. Çün­ki bu insanlar folkloru yaratmaq və təbliğ etməklə yanaşı, yeniyetmələrə dərs keçir, yazılı ədə­biyyat formalaşdırır və yeni nəsil yazıçı, şair və bilginlər yetişdirirdilər.
1930-cu ildə qaraçay-malkarlar kolxozlaşmanın əleyhinə çıxdılar. Abdulkərim Xasanın başçılığı ilə xalq dörd günə böl­gəni bolşeviklərdən təmizlədi. Əslində bu, yaşam mücadiləsi idi. Xalqın əlindən torpağı, mal-qarası alınmış, bir sözlə, insan­lar yaşamlarını təmin edəcək vasitələrdən mərhum edilmişdi. Üsyan Sovet hərbi hissələri tərəfindən qəddarlıqda yatırıldı. Kəndlər dağıdıldı, minlərlə insan öldürüldü - 3 min adam güllələndi, 17 min nəfər həbsxanalara və sürgünlərə göndərildi (Hayatı B., 1991:90).
Bütün bunlar azmış kimi, 1937-ci ildən başlayaraq Sovet hakimiyyətinin qurulmasında, bolşeviklər partiyasının bölgədə möhkəmlənməsində xidməti olan milli kadrlar başda olmaqla 7 min insana “xalq düşməni„ adı verilərək həbs edildi və güllələndi. Bu da əhalinin hər 14 nəfərindən biri demək idi.
İkinci Dünya Savaşı isə qaraçay-malkar xalqı üçün əsl faciəyə çevrildi. Əli silah tuta bilənlər - 17 yaşından 55 yaşına­dək kişilər Sovet ordusuna səfərbərliyə alınıb Almaniyaya qar­şı döyüşə göndərildi. Yüzlərlə insan dağlara çəkilərək partizan savaşına başladı. Onlar müstəqillik naminə Sovet xüsusi xid­mət orqanlarına və alman ordularına qarşı vuruşa atıldılar. Al­man orduları Qafqazdan geri çəkildikdən sonra Sovet xüsusi xidmət orqanlarının yaratdığı cəza dəstələri dağlara sığınmış insanların üzərinə təyyarələrlə, tank və toplarla hücuma keçdi. 5 malkar kəndi yerlə yeksan edildi. Ullu qaraçay qalasındakı, Kart Curt, Uçkulan və Xursuk kəndlərindəki müqavimət hərə­katı iştirakçıları da məhv edildi (Hayatı B., 1991:99).
1943-cü ilin noyabrın 2-də qaraçaylar, 1944-cü il martın 8 də malkarlar elliklə sürgünə göndərildi. Onların az qala yarısı yol­lar­da aclıqdan, soyuqdan və xəstəlikdən ölsə də, mübarizəni da­yandırmadılar. 1957-ci ildə vətənə dönmək hüququ qazandılar.
 
2. Qaraçay-malkar folklorunun janrları
Araşdırıcı Tanzilya Xadjilanı belə bir müsibətlər yaşamış xalqdan toplanmış folklor nümunələrini aşağıdakı şəkildə qruplaşdırır: 1.“Mitoloji adet-gelenek-töre şiirleri (Mif em adet-töre poeziya. Mifoloqiçeskaya i obryadovaya poeziya), 2.Adet ve törelerle ilgili şiirler (Adet-töre bla baylamlı poeziya. Ob­rya­dovaya poeziya), 3.Nart destanları (Nart epos), 4.Masallar (Comakla. Skazki), 5.Masal olmayan, sözlü halk eserleri (Co­mak bolmağan, kara söz bla aytılğan halk çığarmala. Neska­zoçnaya poeziya), 6.Şarkılar (Cırla), 7.Halk edebiyyatının küçük türleri, 8. Zikirler (Türkiye dışındakı..., 2002:48, 22-ci cild).
Türkiyəli araşdırıcı Ufuk Tavkul isə qaraçay-malkar folk­lorunu aşağıdakı bölgülər altında verir: 1.Efsaneler, 2.Nart ef­saneleri, 3.Destanlar-tarihi şarkılar, 4.Aşk şarkıları-maniler, 5.Nin­niler, 6.Atasözleri,7. Bilmeceler (Tavkul U., 1992:731).
Qaraçay-malkar folklorunun yorulmaz araşdırıcısı X.Mal­kan­duyev isə bədii-poetik ənənəni və janrları öyrənərkən onları aşa­ğıdakı kimi qruplaşdırır: 1.Magik poeziya, 2.Ovçuluq poe­ziyası, 3.Təqvim poeziyası, 4.Lirik poeziya (Malkonduev X., 1990).
Bu bölgü ilə qaraçay-malkar folklorçularının bəziləri razı­laş­mır. Fikir ayrılığını ümumi türk xalqlarının folklorşü­naslı­ğına da aid etmək olar. Türk xalqlarının folklor mətnləri top­la­nıb nəşr edilmədikcə, onların öyrənilməsi metodologiyası ha­zır­lanmadıqca bu cür qarışıqlıq olacaqdır.
 
2.1. Folklorda Tanrıçılıq inancının izləri
Qaraçay-malkar folklorunda tanrılarla bağlı poetik nümunə­lərə daha çox rast gəlinir. Mərasim nəğmələrində Teyri (Tanrı), Çoppa, Eliya, Şibila, Totur Ozay və b. adlar tez-tez çəkilir. Do­lay, Erirey, İnay, Apsatı, Biynöger adlı cırlar ən qədim nümu­nələr sayılır (İranda türklərin toplum yaşayış mərkəzi olan Savə bölgəsində bugün də şeirə yır, şairə yırçı deyirlər). Dolay tanrısı ilə bağlı nəğmələr qaraçaylar arasında bu gün də yaşayır. Azərbaycanda isə Dolay tanrısı haqqında nəğmə ilkin mənasını itirərək, məzmununu dəyişərək xalq mahnısına çevrilmişdir. Onu da xatırladaq ki, qaraçaylarda şərəfinə nəğmələr oxunan Debet və Anaxatır tanrılarının adını Azərbaycanın qərbində çaylara vermişlər.
Qaraçaylar Ayterek və Cannız Terek tanrılarını təmsil edən ağaclara, malkarlar Ravbaziy tanrısına, Çeqem vadisindəki To­tur tanrısı şərəfinə Totur adlandırılan daşa sitayiş edirlər. Al­taylar və Sibirdə yaşayan bəzi türk xalqları şamançılığa ina­nırlar. Bütpərəstliyi heç vaxt qəbul etməmişlər. Onlarda ağaca, daşa inam bu gün də yaşamaqdadır. Eləcə də, islamı çoxdan qəbul etmiş türklərin əksəriyyətində də bu inanclar yaşayır. Bu da onu göstərir ki, qaraçay-malkarlar şamançılıq dönəmindəki inanclarını və həmin dövrə aid müxtəlif bərəkət tanrılarının ad­larını yırlarında qoruyub saxlamışlar. Belə ki, yağ-ayran almaq üçün nehrə çalxarkən Dolayın, xırmanda taxıl döyərkən Erireyin, yun darayıb, əyirib və toxuyarkən İnayın şərəfinə cır­lar (yırlar) söyləyər, məhsullarının bərəkətli olmasını istəyərdilər.
Zaman keçdikcə bu mərasimlər və inanclar islamlaşmağa baş­layır. İslamlaşmanın izlərini qaracay-malkarlarda da gör­mək olar. Ovun uğurlu olması üçün Apsatın qızı Baydimat (Pa­timat) - Fatimatın şərəfinə mərasimlər keçirirlər. Buradan Bay­dimatın Fatimaya çevrilməyə doğru getdiyinin şahidi oluruq. Belə ki, Fatimə Məhəmməd (ə.s.) peyğəmbərin qızı - dördüncü xə­lifə Əlinin arvadıdır. Azərbaycanda müqəddəs sayılan, şərəfinə qurban kəsilən daş və qayaların əksəriyyəti islamın dördüncü xəlifəsi Əlinin adı və atı Düldülün ayaq izləri ilə bağlıdır.
Qaraçay-malkarların ov tanrısı Apsatın qızı Baydimat-Fati­ma­tın igid ovçunu arxasınca yalçın qayanın zirvəsinə çıxarma­sından, oradan düşə bilməyəcəyini görən igidin özünü qayadan atıb öldürməsindən bəhs edən “Biynöger„ dastanı çox məş­hurdur. Araşdırıcıların fikrincə, bu dastan 12-13-cü yüzillərdə yaradılmışdır.
 
2.2. Nartlar
Qaraçay-malkarlar arasında yaşayan Nart əfsanə və das­tanlarında nartlar insanlardan üstün tanrılar kimi təsvir edilir. Bunu əsas götürən araşdırıcılar həmin mətnlərin türk xalq­larında olmadığını söyləyirlər. Hətta bu dastandakı miflərlə yu­nan mifləri arasında paralellər apararaq qonşu xalqlar vasi­təsilə yunanlardan alındığını da söyləyirlər. Əlbəttə, hər bir xalq qonşu xalqlarla mədəni-iqtisadi əlaqələr şəklində yaşayır. Qa­raçay-malkarların da qonşu çərkəzlərin, abazalıların, kabarda­ların, inquşların folklorundan qarşılıqlı bəhrələnməsi təbiidir.
Bununla yanaşı, Nart dastanlarında istənilən qədər qədim türk dastanlarının izlərinə rast gəlmək olur.
Tanzilya Xadjilanı yazır: “Çok tanınmış Nartlar, eski halk inancına göre ilginc biçimlerde yaratılmışlar: Yer tanrısı Debet ilə Gök tanrısının oğludur. Satanayın babası Günəş, annesi Ay­dır. Örüzmek gökyüzünden düşen bir kuyruklu yıldızın içinden çıkmıştır. Sosuruk Kayadan doğmuştur, babası ise bir çoban­dır. Karaşavay Debetin torunudur, annesi bir devdir. Bu gibi şeyler eski mifoloji ile de ilişkilidir” (Türkiye dışındakı..., 2002:51, 22-ci cild).
Yuxarıda deyilənlərlə “Oğuznamə” və “Kitabi-Dədə Qor­qud” qəhrəmanları arasında istənilən qədər paralellər aparmaq olar. Bu da dastan yaradıcılarının eyni qaynaqdan bəhrələndik­lərini açıq göstərir. “Nart Paçıkan”da Paçıkanın dörd çuval undan bişirilmiş çörəy bir dəfəyə yeməsi və qırx igidin güclə qaldırdığı küpədəki suyu bir dəfəyə içməsi sanki azala-azala gələrək Koroğlunun qarıya qonaq olarkən bir pud düyünün plovu ilə bir qoyunu yeməsi şəklinə düşmüşdür.
Yalnız qonşu noqaylar, qumuqlar, tatarlar deyil, onlardan çox uzaqda yaşayan qırğızlar, sakalar və başqaları da dastan­larını qaraçay-malkarların Nart dastanlarını söylədiyi üslubda söyləyirlər. Qonşu çərkəz, abaza, abxaz Nartlarından fərqli olaraq qaraçay-malkarların Nartları türk mifologiyasına daha yaxındır. Ritm, vəzn oxşarlığı da çox vaxt qorunub saxlanılır.
Nartların toplanıb nəşr edilməsinin və öyrənilməsinin tarixi XIX yüzilin sonlarına təsadüf edir. Safar Ali Urusbiyevdən top­lanmış “Urızmek”, “Şauay”, “Raçikay”, “Sosuruk” SMOMPK-ın 1881-ci il birinci buraxılışının ikinci bölməsinin 1-42-ci səhifələrində, M.Aleynikovun topladığı SMOMPK-ın 1883-cü il üçüncü buraxılışının ikinci bölməsinin 139-155-ci səhifələrində, A.Bataşevin topladığı SMOMPK-ın 1896-ci il iyirimi birinci buraxılışının ikinci bölməsinin 76-88-ci səhifə­lə­rində çap olunmuşdur (Сабанчиев Х.-М.А.,1989).
Qaraçay-malkarlarda nəsr şəklində söylənilən, amma nağıl olmayan folklor nümunələrinə “tavruh” (dastan, əfsanə, heka­yə) deyirlər.
 Bizim atalar sözlərini qaraçay-malkarlar “Nart sözləri” ad­landırırlar. Bunun səbəbi miflərindəki əfsanəvi insanlar kimi təsvir olunan Nartları ulu babaları saymalarıdır. Nart miflə­rində ilk dəfə atı əhliləşdirib minən, ilk dəfə dəmiri kəşf edib on­dan silah düzəldən Nartlar olduğu deyilir. Onlar ağılı, mərd­liyi, cəsarəti ilə əfsanəvi varlıqları-divləri, cinləri və b. da məğ­lub edə bilirlər.
Nart əfsanələrinin qəhrəmanları bunlardır: Örüzmek, Sosur­ka (Sosuruk), Soslan, Davat, Debet, Sibilçi, Alavqan, Fuk, Karaşavay, Batırez, Cönger, Şrdan, Acemaz, Aymuş, Gezok, Satanay, Ağunda. Örüzmek Nartların ən yaşlısı və ən ağıllısı, Batırez düşmənlərə qarşı hiylə işlətmədən döyüşən ən cəsur cəngavər, Sosurka ağılı və fəndləri ilə özündən güclü düş­mən­ləri yenən, Debet usta dəmirçi kimi təsvir edilir. Dastanda onu belə tanıdırlar: “Nart Örüzmek süyse kökge uçandı” (Nart Örüz­mek istəsə, göydə uçarmış) və ya “Kökge bulutlanı celça çaçhandı” (Göydə buludları yel kimi dağıdandı) (Tavkul U., 1992:731).
Nizami Tağısoy (Məmmədov) 21-22 noyabr 2008-ci ildə Bakıda keçirilən “Müqayisəli ədəbiyyat: Ədəbiyyatlarda və mə­dəniyyətlərdə stereotiplər” mövzusunda Beynəlxalq Elmi Kon­fransda “Balkar-qaraçay “Nart” qəhrəmanlıq eposu (Digər Qaf­qaz xalqlarının “Nart”ları ilə oxşar və fərqli məqamlar) adlı ma­raqlı məruzəsində də “Nart”lardan geniş söhbət açmışdır (Tağısoy N., 2008).
Bu gün folklor nümunəsi kimi söylənilən bədii parçaları ta­rixin hansı kəsimindəsə ayrı-ayrı poetik istedadı olan insanlar yaratmışlar. Zaman keçdikcə onların yazıçıları unudulsa da, tarixi hadisələrdən bəhs edən cırlarda (yır) qəhrəmanların adları və onların hansı tayfadan, soydan olduğu göstərildiyindən bu gün də yaşayır. Necə deyərlər, cırlar (yır) xeyirxah insanları da, xalqına pislik edənləri də, qorxaqları və satqınları da yaşadan qaynağa çevrilmişdir.
Bizim nağıl, qaravəlli, rəvayət dediyimiz folklor nümunələri qaraçay-malkarlarda “comak” və ya “tavruh”, yəni tarix adla­nır.
 
2.3. Uşaq folkloru
İdeoloji təsirlər altında türk xalqlarının çoxunda ovsunlar, miflər və başqa folklor nümunələri vaxtında toplanıb çap edil­mədiyindən böyük bir qismi itib-batmışdır. Bütün bunlara bax­mayaraq, Sovetlər Birliyində rejim çökməyə başlayandan son­ra toplanan folklor mətnləri, keçirilən mərasimlər və bu mə­rasimlərdə oxunan mahnılar göstərir ki, mətnlərdə oxşarlıq çox­dur. Bunları sanamalarda (təkərləmə), cırlarda və başqa uşaq folkloru nümunələrində də görmək olar. Məs.:
Bara, bara, cün tabdım,- Gedə, gedə yun tapdım,
Cün içinde tarak tapdım,-Yun içində daraq tapdım,
Tarağı ammğa berdm,-Darağı nənəyə verdim,
Ammağ manna bappu berdi.- Nənə mənə əppək verdi,
Bappunu itge berdim, -Əppəyi itə verdim,
İt manna küçük berdi,- İt mənə küçük verdi,
Küçüknü koyçuğa berdim,- Küçüyü çobana verdim,
Koyçuk manna kozu berdi.- Çoban mənə quzu verdi.
                 (Türkiye dışındakı..., 2002:209, 22-ci cild).
Uşaq folklorunun ən maraqlı janrlarından biri də tapma­calardır. Tapmaca yalnız zehni inkişaf etdirməklə qalmır, həm də uşaqların biliyini artırır, yaddaşını itiləyir, hazırcavablığını yüksəldir. Tapmaca deyənin cavabı verilməyəndə qarşı tərəf əvəzini ödəməlidir. Bu ödənc adətən maddi deyil, mənəvi olur. Azərbaycanda tapmacanın cavabını tapmayanı tapmaca deyən rəmzi olaraq satmaq hüququ qazanır. Qaraçay-malkarlar isə tapmacanın cavabını tapmayan şəxs tapmadığı hər bir cavab üçün rəmzi olaraq bir kənd verməlidir. Tapmaca deyildiyi məc­lisdə bir kənd iki dəfə verilə bilməz. Bu gələnək də uşaq­ların coğrafi biliklərinin artmasına, xalqının yaşadığı kəndləri yaxşı-yaxşı tanımasına səbəb olur. Bu qaydanın bizim kənd­lər­də də yaşadığını uşaqlıqda Göyçədə görmüşdüm.
Qaraçay-malkarlar tapmacaya “comak” və ya “elber” deyir­lər. Bu da “el verdi” – “kənd verdi” sözünün qısaldılmış for­ma­sıdır. Bu janrın inkişafında XVIII yüzildə yaşamış Matçı Aliyin və XIX yüzildə yaşamış Appiy Xasanın xidmətləri böyük olmuşdur.
Mahmud Kaşğari “balu-balu” adlı bir şeir formasından söz açır. Qaraçay-malkarlarda isə uşağı əzizləyərkən oxunan nəğmələrə “bellav” (beşik nəğməsi) deyirlər. Bu da xalq ara­sın­da geniş yayılmışdır.
 
2.4. Nəğmələr
Qaraçay-malkarlarda sevgi nəğmələrinə süymeklik cır, yəni sevgi şeirləri deyirlər. Bunlar qısa və uzun, bəzən də süjetli ola bilir. Xalq arasında “Aycayak”, “Aktamak” və “Kemishan” ki­mi sevgi nəğmələri daha geniş yayılmışdır. Dillər əzbəri olmuş “Aktamak” nəğməsi İsmayıl Unuh ulu Semenlə İja sülalə­sin­dən olan Aktamak Yaqup qızının (əsil adı Anisat) sevgisindən danışır. Nəğməni yaradan tarixi şəxsiyyət, nəğmənin qəhrə­ma­nı el şairi İsmayıl Semendir (1891-1981). Ufuk Tavkul yazır ki, “Şarkı oldukca uzun olup iki min dördlükten fazladır”.
Bizim bayatılarla eyni olan şeir şəklinə qaraçay-malkarlar “iynar” deyirlər. Ağıları isə “küv-küy”, “sıyıt”, “sarın” adlan­dı­rırlar. “Qaralav”, “Kanamat”, “Aybıçe ilə Ramazan” və “Za­riyat” kimi süjetli ağılar günümüzədək gəlib çatmışdır. Bizcə, Azərbaycanda bu cür ağılar, mərsiyə və növhələr içərisində əridiyindən günümüzdə belə nümunələrlə rastlaşmırıq.
Xalq arasında çox oxunan nəğmələrdən biri məzmununa görə fərqlənir. Burada kimlərsə tənqid, hətta təhqir də edilir. “Çam cır” dedikləri bu həcvlərin çoxu el şairi Kalay ulu Ap­pa­nındır.
 
3. Yazılı ədəbiyyatın başlanğıcı
 Zaman öz işini görür. Dünənədək qaraçay-malkar ədəbiy­yatının XX yüzildən-bolşeviklər hakimiyyətə gəldikdən sonra, bir az cəsarətliləri XIX yüzildən başlandığını yazırdılarsa milli oyanışdan sonra IX yüzildən- “Şan qızı” dastanının müəllifi sayılan Mikail Şamsi Baştu ilə (835-900) başladığını, Tram xan (X-XII yüzillər), Zurum Biyçe (13…-1396), Aqbilek Biyçe (13…-1396), Qoşayax Biyçe (XVI-XVI yüzillər), Qaltur Se­me­nov (Xici) (1751-1851), Duda ulu Aysandır (Şıyıx Abdul­lax), Adraxman Botaşlanı və b. ilə davam etdiyini yazırlar. (Ka­qiylanı N., 2001)
Araşdırıcı Adilhan Adiloğlu yazır: “Karaçaylı Bayramuk Küçük Efendi ile Yusuf Haçir Efendi, malkarlı Muhammedül Varakinin Arap yazısı ve Karaçay-Malkar türkçesiyle yazmış oldukları dini manzumeler ilk edebi eserlerdir. …Bu dönemde sadece Karaçay-Malkar yazılı edebiyatının babası sayılan Ka­zim Meçinin Arap yazısı və Karaçay-Malkar Türkçesiyle yaz­dığı şiirlerin yayımlandığı bilinmektedir” (Türkiye dışın­da­kı..., 2002:224, 22-ci cild).
Son illər hazırlanan ədəbi topluları isə Qaltur Semenov (Se­menlanı) (1751-1851), Küçük Bayramukov (Bayramuklanı) (1772-1862), Qasbot Qoçqarov (Qoçqarlanı) (1834-1940), Kazim Meçilanı (Meçiyev) (1859-1945) və b. el şairlərinin əsərləri ilə karaçay-malkar ədəbiyyatının başlandığını yazan araşdırıcılar da vardır (Antaloqiya literaturı..., 2003).
 
3.1. Yazılı ədəbiyyatın yeni mərhələyə qədəm qoyması
Dağlı xalqlar, xüsusilə türklər XX yüzildəki itgilərə və sı­xıntılarına baxmayaraq kültürlərini qoruya bildilər və ona yeni çalarlar da qazandırdılar. Bu zaman folklor əsərlərində milli və dini hissləri təbliğ edən, qəhrəmanlıq ruhu oyadan mövzular arxa plana çəkilsə də lirik janrların və Sovet ideologiyasının təbliği ön plana çıxdı. Bir tərəfdən anonim şeirlərdən mahnılar yaradılırdısa, digər tərəfdən də onların keyfiyyəti fərdi improvizəçilər tərəfindən cilalanırdı. Məsələn, qaraçay-malkar mahnılarından “Taukan”, “Aliyə cırı”, “Aycayaq”, “Karqış etme” mahnıları və Rus-Yapon savaşına həsr olunmuş mah­nı­lar sürətlə xalq arasında yayılırdı. Eyni zamanda, həmin mah­nılarla yanaşı, improvizəçilərin adları məşhurlaşırdı.
Qasbot Bağır ulu Qoçqarov (Qoçqarlanı) (1834, Kuban quberniyasının Uçkulan yaxınlığındakı Qasbot kəndi -1940). Kasbot Bağır oğlunun uşaqlıq və yeniyetməliyi Qafqazda qanlı savaşların hökm sürdüyü bir dönəmə təsadüf etmişdir. Qafqazın quzeyini işğal etdikdən sonra sürətlə güneyə doğru irəliləyən işğalçı Rus orduları bu yerləri də imperiyanın tərkibinə qatmışdır. Lakin, işğal etdikləri əraziləri idarə etmək müharibə aparmaq­dan çətin olmuşdur. Çünki Rusiyada təhkimçilik hələ də davam edir­di. Knyaz ona məxsus kəndlərlə istədiyi kimi davranırdı. İstədiyi vaxt kəndlini, onun ailə üzvlərini, yəni qızını, oğlunu başqasına sata bilirdi. Bu alqı-satqı gizli deyil, açıq-aşkar apa­rılırdı. Hətta qəzetlərdə belə knyazların-ağaların kəndlilərinin ailə üzvlərini yol çəkilişində, meşə qırılmasında, tikintisində, gəmiçilikdə, ev qulluq­çu­luğunda işləmək üçün satdığına dair elanlar verilirdi. Yəni quldarlıq hələ də davam edirdi.
Rusiyanın hakimiyyət orqanları isə işğal altına aldıqları xalq­ların psixologiyasını, adət-ənənəsini, tarixini bilmədən onları istədikləri kimi, yəni zor gücünə idarə edirdi. Əsarət altına düş­müş xalqların silah istehsal edən zavodları, nizami ordusu ol­masa da işğalçılara qarşı müqaviməti davam etdirir, minlərlə insan aliə şərəfini, namusunu qorumaq üçün döyüşə atılırdı.
Şeyx Şamilin Rus imperiyasına qarşı apardığı inanılmaz mü­barizə də belə bir ortamda davam edirdi. Balaca Qasbotun gö­zü qarşısında Şeyx Şamilin müridləri Rusiyanın toplu-tüfəngli ordularını pərən-pərənə salırdı. Analar döyüşlərdə şəhid olan oğullarına, bacılar qardaşlarına, qadınlar ərlərinə yırlar qoşur­dular. Necə deyərlər Qasbotun gözü qarşısındaca hər gün yeni bir qəhrəmanlıq yırı yaranırdı. İstəsə də, istəməsə də o bu yır­ları eşidir, onlar yaddaşına hopur və onun bədii təxəyyülünü zənginləşdirirdi.
Kiçik yaşlarından yeddi il molla yanında təhsil alan, Quran oxumağı, ərəb və fars dillərini öyrənən Qasbot mədrəsədə təh­silini davam etdirə bilmir. Yeniyetmə çağlarında çoxlu cır və xalq mahnıları əzbərləyərək yığnaqlarında oxuyur. Oxuduqla­rının təsiri ilə gənc yaşından öz şeirlərini söyləməyə başlayır. Şairin “Xorasan”, “Deboş”, “Aycayak” cırları və mahnıları xalq arasında geniş yayılır (Literatura narodov..., 1999:115). Araşdırıcılar xalq nəğmələri kimi bu gün də oxunan və an­tologiyalara daxil edilmiş “Candar”, “Barak”, “Qapalav” və “Qanamat”ın da yazarının Qasbot olduğu qənaətindədirlər (Tür­kiye dışındakı..., 2002:237, 22-ci cild).
Qasbot Qoçqarov mükəmməl dini təhsil almasa da, sonralar mədrəsə təhsili görmüş, Şərqin dini və mədəniyyət mərkəz­lərini gəzib gəlmiş həmyerlilərinin söhbətlərini dinləməklə dini biliklərini artırmışdı. Ona görə də Qasbot Qoçqarovun cır və nəğmələrində didaktika, İslami dəyərlərə dayanan öyüd və nəsihətlər çoxluq təşkil edir. Ənənəyə sədaqəti və fitri istedadı sayəsində yazdığı cır və mahnılar qaraçay-malkar poeziyasının qızıl fondunu təşkil edir.
19-cu yüzilin sonları 20-ci yüzilin əvvəllərində Qasbot Qoçqarov Quzey Qafqazda yalnız Qaracay-malkarlar arasında deyil, no­qaylar, çərkəzlər, abazalar, qumuqlar, qabardinlər və başqa xalqlar arasında da məşhur olmuşdu.
Qasbot Qoçqarovu üsyankar ruhlu şeirləri, həcvləri bolşe­vik­lərin də diqqətini cəlb etmişdi. Bolşeviklər xalq arasında məş­hur olan şairləri öz tərəfinə çəkməklə Kommunist parti­ya­sına, Leninə, Stalinə mədhiyyələr yazdırır, sosializm quruculu­ğu­nu tərənnüm etdirirdilər. Ləzgi xalq şairi Süleyman Stal­ski­ni, qazax Cambul Caboyevi, avar Həmzət Sadasanı və b. mü­kafatlarla, rəsmi toplantılara dəvətlərlə şirnikləndirərək sosia­lizm quruculuğunun məddahına çevirə bilmişlər.
Sovetlərin dinə mənfi münasibətini, milli ayrıseçkilik siya­sətini, müxtəlif adlar altında azad düşüncəli insanları məhv et­diyini görən Qasbot Qoçqarov dəvətləri qəbul etmir. At üs­tündə dərvişvari bir həyat sürərək, kənd-kənd gəzib cırlar oxu­yur. Nə yazıq ki, onun yaddaşında gəzdirdiyi yüzlərlə cırı, nəğ­məni, mahnını, ata sözü və məsəlləri toplayan olmur.
 Şairin ölümündən 24 il sonra, yəni 1964-cü ildə “Say­la­malar” (Seçmələr) və 1986-cı ildə “Qoçkarlanı Qasbot-Xalq cırçılanı tamadası” (Qasbot Qoçkar-xalq şairlərinin öncülü) kitabları nəşr edilir.
1940-cı ildə, 106 yaşında dünyasını dəyişən Qasbot Qoç­qa­rov sağ qalsaydı yəqin ki, 1943-cü ildə xalqı ilə birlikdə o da Qa­zaxıstana və ya Sibirə sürgün ediləcəkdi. SSRİ dağıldıqdan sonra Qasbot Qoçqarovun əsərləri Türkiyədə də çap olunmağa baş­­ladı. Qasbot Qoçqarovun yaradıcılığına türk xalqlarında da ma­­raq artmışdır. Onun qaraçay milli ruhunu özündə daşıyan şeir­­ləri Türk xalqlarının ədəbiyyatının bir parçasına çevrilməkdədir.
Kazim Bekkin ulu Meçiyev (Meçilanı) (1859, Tersk vila­yətinin-indiki Rusiya Federasiyası Kabarda Balkar Respublika­sının Xolam-Bızgi bölgəsində yerləşən Şiki kəndi (indi bu kənd yoxdur, xarabalıqları qalır) - 1945, Taldı Kurqan vila­yə­tinin Telman kəndi). Şiki kəndində yaşayan dəmirçi Bekkinin Kazim adını qoyduğu oğlu doğulan il Qafqaz xalqları üçün kədər və qüssə ili olmuşdur. Rusiya İmperiyasının işğalçılıq siyasə­tinə qarşı 30 il müqavimət göstərmiş xalq üsyana ara vermişdir. Üsyana rəhbərlik edən, tarixə adını qızıl hərflərlə yazdırmış, təslim olsa da, yaddaşlarda qalib kimi qalmış Şeyx Şamil din adamlarının qərarı ilə mübarizəni dayandırdığını elan etsə də, Rusiyanı bir sıra islahatlar aparmağa məcbur etmiş, Rusiya təhkimçilik hüququnu ləğv etməli olmuşdur. Şeyx Şamilin başçılıq etdiyi silahlı müqavimətin nəticəsindən rus xalqı da yararlanmışdır.
Kazimin adı və soyadı Kazim Bekkin ulu Meçilanı kimi də yazılır. Bizim “oğlu” kimi tələffüz etdiyimiz və yazdığımız sö­zü qıpçaq kökənli malkarlar, qaraçaylar, noqaylar, qazaxlar, qır­ğızlar ulu şəklində tələffüz edir və yazırlar. Kazim uşaqlıq­dan şikəst olmuşdur. Fiziki gücünü tətbiq etməklə, yəni ağır dəmirçi əməyi ilə ailəsini dolandıran Bekkin şikəst övladının dağlar qoynuda, təbətin sərt üzünü göstərdiyi bir bölgədə yaşaya bil­məsinin çətin olacağını görmüş, buna görə də kiçik yaşlarından iti hafizəsilə diqqəti cəlb edən, yazmağa və oxumağa meylli oğlunu kəndə tez-tez gələn din adamı Çepelli əfəndiyə vermişdir ki, onu oxutsun.
Xalq arasında böyük nüfuzu olan və xeyirxahlığı ilə tanınan Çepelli əfəndi kiçik Kazimi özü ilə Bızınq kəndinə gətirərək ona təhsil vermiş, üç ildən sonra isə onu Lesken kəndindəki mədrəsəyə göndərmişdir. Dəmirçi Bekkin oğlu mədrəsədə yalnız dini elmləri öyrənməklə kifayətlənməyib, türk, ərəb, fars dil­lə­rinin qrammatikasını, poeziyanın nəzəriyyəsini öyrənib şeir yazmağa başlamışdır.
Kazim Bekkin oğlu doğulduğu kəndə dönüb mollalıq et­məmiş, həm dini bilikləri təbliğ etmiş, həm də şeirlər və poe­malar yazmışdır. 1891-ci ildə mövzusunu Qurandan götürərək ta­mam­­ladığı “Tahir bla Züleyxa” poeması böyük maraqla qar­şılanmışdır. Çünki bu mövzuda bir çox ünlü şairlər türk, fars, ərəb və b. dillərdə gözəl sənət əsərləri yaratmışlar. Kazim Bek­kin oğ­lu­nun məharəti onda olub ki, yazılı ədəbi dil ənənəsi olmayan mal­kar türkcəsinin dialektlərindən yararlanaraq həm dərin fəl­səfi fikri bədii şəkildə verə bilmiş, həm də yazı dilini formalaşdırmışdır.
Bu uğurlu addımdan sonra ilahiyyatçı şair 1898-ci ildə “Şi­kayət”, 1903-cü ildə isə üçüncü poemasını tamamlamışdır. Həmin il 44 yaşlı Kazim Meçiyev Həcc ziyarətinə getmişdir. İlahiyyatçı şair fiziki cəhətdən zəif olsa da, iradəcə olduqca güclü olmuşdur. O, 1910-cu ildə ikinci dəfə Həcc ziyarətinə getməklə yanaşı, İs­tanbula, Şama, Bağdada və b. şəhərlərə səyahət də etmişdir. Misirə səyahəti zamanı Qahirədəki Əl-Əzxar Universitetinə daxil ola­raq ilahiyyata dair biliklərini artırmışdır. Doğunun bir çox şəhər­lərini gəzib, ünlü şəxsiyyətlərlə görüşməsi, biliyini artırması onun dünyagörüşünün genişlənməsinə olduqca böyük təsir göstərmişdir.
İlahiyyatçı şairin ilk kitabı 1906-cı ildə Teymurxanşurada, indiki Dağıstan Respublikasının Buynaksk şəhərində çap olunmuşdur. Kitaba daxil edilmiş “İman-İslam” didaktik poeması mal­kar türkcəsində ilk mətbu əsər sayılır.
İti hafizəsi sayəsində xalq arasında geniş yayılan mahnıları, cırları və dastanları yaddaşında saxlayıb və onların təsiri ilə ilk şeirlərini yazmağa başlayan Kazim Bekkin oğlu az zamanda şifahi xalq ədəbiyyatını, aşıq-ozan ənənəsini yazılı ədəbiyyata gətirən bir ustad kimi tanınmışdır. “Peyğəmbər” poemasını, “İs­ma­yıl kıssası” və b. əsərlərini yaratmışdır. “İsmayıl kıssası” əsərində Qurani-Kərimdə özünə yer tapan, islam dinində olduqca önəm verilən, Allaha insanın qurban kəsilməsinə son verən, insan qurbanının qoçla əvəz olunması hadisəsi təsvir edilmişdir.
Hacı Kazimin şeirləri bölgədə dillər əzbəri olmuş, bu şeir­ləri toylarda, məclislərdə xalq mahnıları kimi oxumuşlar. Xal­qının çoxsaylı təbəqəsinin təhsil almağa imkanı olmadığını görən Kazim dini mövzuları xalq şeiri ruhunda, sadə və an­la­şıqlı dildə nəzmə çəkmiş, onun yazdığı zikrlər xalq arasında ge­niş yayılmışdır. Bu da insanların islam dini ilə yaxından tanışlığına, onun qaydalarından xəbərdar olmalarına şərait yaratmışdır.
1914-cü ildə Teymurxanşurada “İman-İslam” əsəri yenidən çap edilmişdir. Şairin 1918-ci ildə yenə Teymurxanşurada çap et­dirdiyi “Soltan-Hamit al Çeqemi” şeiri də xalq arasında ya­yılmışdır. Malkarların yaşadığı Çeqem dərəsində üsyan qaldırmış insanların rəhbəri Soltan Hamit Kalabeyə həsr etdiyi bu şeirin həcmi böyük olsa da, xalq onu əzbərləməkdən zövq almışdır.
Yaradıcılığı çoxcəhətli olan Kazim Meçiyevin şeirlərində ən çox insan tərənnüm edilmişdir. “Adımız insandır” şeirində şair ədə­biyyatda humanizm məsələsi ətrafında gedən mübahisələrə mü­nasibətini bildirmiş və insanın ən yüksək qiymətə layiq ol­duğunu göstərmişdir. “Ovçuların mahnısı”, “Buz cigit” şeirlərini və “Tahir və Zöhrə” poemasını bu sənətkarın şəxsiyyət kon­sepsiyası saymaq olar.
Birinci Dünya Savaşını şeirlərində və moizələrində kəskin tənqid edən Kazim Meçiyev vətəninin Rusiya işğalından azad edilməsinə can atanlardan olmuşdur. 1917-ci ildə II Nikolayın taxt­dan uzaqlaşdırılması, bolşeviklərlə ağqvardiyaçılar arasında gedən qanlı savaşlar, Quzey Qafqaz xalqlarının birləşərək Ru­siya işğalından azad dövlət qurmaları ilahiyyatçı şairin içində bir tərəddüdlər yaratmışdır.
O, bütün varlığı ilə savaşların durdurulmasını, insan qanının axıdılmasına son qoyulmasını istəmişdir. Bolşeviklərin sosial əda­lət, savaşları durdurmaq, xalqlara azadlıq vermək haqqındakı şüarları Kazim Meçiyev də inandırmışdır.
 1920-ci ildən sonra yazdığı şeirlərində kommunist partiya­sını, Oktyabr inqilabını, kommunist öndərlərini, bir sözlə, so­sializm quruculuğunu, Sovetlər Birliyini tərifləyən, kasıbların inqilabı sevinclə qarşıladığını tərənnüm edən coşqun misralara da tez-tez rast gəlirik. Az vaxt sonra şair xalqının aldadıldığını başa düşmüş, lakin yaşının çoxluğundan və eləcə də fiziki şikəstliyindən düşündüklərini açıq söyləyə bilməmişdir. Quruluşa qarşı narazılıqlarını misralarında eyhamlar şəklində söyləmişdir.
Xalq poeziyası üslubunda yazan şair sosializm quruculu­ğunu tərənnüm etsə də, ədəbiyyata yeni gələn Rus Sovet şair­lərinin təsiri ilə yaradıcılığa başlayan gənclərin basqısına uğramış, ədəbi mübahisələrdə tez-tez təzyiqlə üzləşmişdir. Sosializmi yetəri qədər tərənnüm etməsinə baxmayaraq, 85 yaşlı şairi də 1944-cü il martın 8-də yaşadığı Kisibalık kəndindən xalqı ilə birlikdə Qazaxıstan Respublikasına sürgün etmişlər. 1945-ci il martın 15-də sürgündə ölən şairin nəşi (sümükləri) 1999-cu il­də Taldı Kurqan vilayətinin Telman kəndindən Nalçikə gə­tirilmiş və şərəfinə ucaldılmış abidənin yanında dəfn edilmişdir.
1990-cı illərədək şairin yalnız Sovet rejiminə uyğun şeirləri çap edilmiş, son illərdə Alim Teppeyevin hazırladığı “Kazim: nazmula, zikirle, poemala” və Abdullah Bekiyevin tərtib etdiyi “Kazim: şiirler, zikirler, poemalar” (Kazim..., 1996) kitabla­rına dini məzmunlu əsərləri də daxil edilmişdir.
Quzey Qafqaz xalqları arasında islam dininin yayılmasında əməyi olan, fərqli-fərqli dillərdə danışan xalqları islam dini vasitəsilə birləşdirməyə çalışan Kazim Meçiyevin ideyaları şai­rin ölümündən 55 il sonra, Sovetlər Birliyi çökdükdə yenidən çiçəklənməyə başamışdır.
Appa Qala-Gerey ulu Canıbekov (Canibeklanı) (1860, Ku­ban quberniyasının Uçkulan-1934, Qızıl Pokun). Əsil adı Zə­kəriyə olan şair xalq arasında Kalay oğlu Appa, Çamçı adı ilə tanınmışdır. Ömrünün sonunadək evlənməyən, günlərini at üstündə keçirən şair həcvləri ilə xalqının sevimlisinə çevril­miş­dir. Cəmiyyətdəki sosial ədalətsizliyi, insanların pis əməllərini poetik dillə tənqid etdiyinə, həcvlər yazdığına görə iki dəfə Sibirə sürgün edilmiş, 11 il sürgün həyatı yaşamışdır.
Kalay oğlu Appa 1905-ci ildə Türkiyəyə köcən dəstə ilə İs­tanbula gedir. Orada kukla oynadanlar və məddahlarla tanış olur. Türkiyədə qala bilməyib vətənə dönən şair burada kuk­la­lar düzəldib oynatmaqla özünün satirik şeirlərini və həcvlərini söyləyirmiş.
Şairin şeirlərinin bir qismi toplanaraq 1995-ci ildə “Kalay ulu Appanın izin izlay” (Kalay oğlu Appanın izi ilə) adı altında çap olunmuşdur.
İslam Kırımşamxalov (Kırımşamxallanı-Teberdiçi). (1864, İndiki Kuban quberniyasının Kart Curt kəndi-03.12.1910, Ukrayna Respublikası, Kırım Muxtar Respublika­sının Yalta şəhəri). Qaraçay yazılı ədəbiyyatının banilərindən sayılan İslam knyaz ailəsində doğulmuşdur. Ata-anasını uşaq ikən itirdiyindən ilk tərbiyəsini dayısı, məşhur malkar ziyalısı İs­mail Urusbiyevin yanında almışdır. Peterburq mühiti, orada dostlaşdığı insanlar gənc İslamın dünyagörüşünün formalaş­ma­sına güclü təsir göstərir. Rus və ərəb dillərinin qramatikasını dərindən öyrənən İslam 1903-1910-cu illərdə Parisdə çərkəz Maqomet bey Xacet Laşenin rus, türk və tatar dillərində nəşr etdirdiyi “Musulmanin” jurnalı ilə əməkdaşlıq edir.
Moskva Rəssamlıq Məktəbinə qəbul olunan İ.Krımşam­xa­lov vərəm xəstəliyinə tutulduğundan təhsilini başa vura bilmir. Vətənə qayıdaraq 1894-1910-cu illərdə Teberdedə yaşayır, içtimai işlərlə məşğul olur, “Severnıy Kafkaz” qəzetinə və “Mu­sulmanin” jurnalına məqalələr yazır.
Onun evi yalnız yerli əhalinin deyil, bölgəyə gələn qonaq­ların da mədəni mərkəzi rolunu oynayır. O, ardıcıl rəssamlıqla məşğul olmaqla yanaşı, latın qrafikalı ilk qaraçay əlifbasını yaradır.
 Şair və peşəkar rəssam kimi tanınan İslam Kırımşamxalov uşaq şeirləri və satiraları ilə məşhurdur. “Anda bla mında” (Or­da ilə burda) adlı hekayə yazdığını söyləsələr də, bu hekayə günü­mü­zədək gəlib çıxmamışdır (Literatura narodov..., 1999:149-151).
İsmayıl Yakub ulu Akbayov (Akbaylanı) (1874, Kuban quberniyasının Yuxarı Teberdi-1937). Uşaqlıq və yeniyetməlik illərində vətənindəki müxtəlif mollaxana və mədrəsələrdə oxu­yan İsmayıl İstanbula gedir, orada Darülfününu (Universiteti) bitirib geri qayıdır. İstanbulda tanış olduğu elm və sənət adam­ları onun dünyagörüşünün formalaşmasına güclü təsir edir.
Osmanlıda ali təshil aldığına görə Rusiya məmurları onu ixtisasına uyğun işlə təmin etmirlər. O, Yuxarı Teberdi kən­dində imamlıq (mollalıq) edir. 1914-cü ildən məktəb açaraq uşaqlara yeni üsulla dərs deyir. Xalq arasında Çokuna Əfəndi ləqəbi ilə şöhrətlənir. Ərəb əlifbasını qaraçay türkcəsinin foneti­kasına uyğunlaşdırır və bu əlifba ilə “Ana tili” kitabını yazır. Kitabı 1916-cı ildə Tiflisdə nəşr etdirir. Bu Qaraçay türkcə­sində çap olunan ilk kitab sayılır. Kiabda şairin öz şeirləri ilə yanaşı, rus dilindən etdiyi bədii tərcümələr də vardır.
1924-cü ildə nəşr olunan ilk qaraçay-malkar türkcəsindəki qəzetə - “Tavlu caşav” (Dağlı yaşamı) qəzetinə İsmayıl Akba­yov redaktor təyin edilir. Həmin illərdə “Ana tili” dərsliyini, “Tilmanc” (Rusca-qaraçay türkcəsində sözlük) kitablarını çap etdirir. Onun Süleyman Cələbinin “Mövlud-i şərif”indən qa­ra­çay-malkar türkcəsinə etdiyi çevirmə və özünün yazdığı “Möv­lud” xalq arasında geniş yayılır. Bütün bunlar Sovet xüsusu xidmət orqanlarının diqqətindən yayınmır. 1937-ci ildə minlərlə vətənsevər və aydın kimi İsmayıl Akbayov da həbs olunur. Sonrakı taleyi haqqında bilgi yoxdur.
İsmail Unux ulu Semenov (Semenlanı) (1891, Kuban qu­berniyasının Uçkulan kəndi-1981) Qaraçay-malkar şeirində fəl­səfi düşüncənin və poetik sözün zirvəsini xalq şairi, nəğmə­kar İsmail Semenovun (Semenlanı) yaradıcılığı təşkil edir. O, məş­hur “Minnitav” (Elbrus dağı) mahnısının, “Aktamak” li­rik-epik poemasının və b. poetik parçaların yazarıdır. Bu poe­ma dağlının yüksək və ülvi sevgisi haqqındadır. Poemada sim­volikadan fəl­səfi səviyyədə istifadə olunmuşdur. Burada təbiətin gözəl mən­zərələri canla­nır, milli adət və ənənələr göstərilir. Xalq şeir­ləri üslubunda yazıları ilə ədəbiyyata gələn İ.Semenov 1920-ci illərdən modern şeir yaradıcılığına başlamışdır. 1939-cu ildə ermənilərin milli qəhrəmanı Sasunlu Davudun 1000 illiyinə Yerevan şəhərində təşkil olunmuş şeir müsabiqəsində birinci mükafata layiq görül­mə­sinə baxmayaraq həmişə sıxışdı­rılmış, şeirlərinin çapına qa­dağalar qoyulmuşdur. Buna bax­mayaraq ömrünün sonunadək antisovet ruhlu şeirlər yazmaq­dan çəkinməmişdir.
İsmail Semenov cəsarəti, qətiyyəti və dönməzliyi ilə nəinki qaraçay-malkalar arasında, Quzey Qafqazın hər yerində nüfuzlu bir şəxs kimi tanınmışdır.
Ömər Caşuv ulu Əliyev (Aliylanı) (25.08.1895, Kuban qu­berniyasının Kart Curt kəndi - 1938). Elə şəxsiyyətlər var ki, onlar ədəbi-bədii yaradıcılıqla ardıcıl məşğul olmasalar da ədə­bi mühitin formalaşmasında rolları böyük olmuşdur. Belə insan­lardan biri də Ömər Əliyev olmuşdur.
İlk təhsilini kəndlərində almış, sonra Malkardakı Köndə­lən kəndinə gedərək orada oxumuş və yaşamışdır. Təhsilini Qa­hirədə davam etdirmək arzusunda olan gənc Bakıya gələrək burada işləyib pul qazandıqdan sonra istəyini reallaşdırmağa ça­lışmış, burada dəmiryolunda və neft mədənlərində fəhlə işləmişdir.
Qahirəyə gedə bilməsə də Dağıstanda, qumuqların yaşadığı məşhur Yaxsay mədrəsəsində oxumuş, ərəb, fars, türk dillə­rini, islam elmlərini dərindən öyrənsə də din xadimi olmaq, bu sahədə çalışmaq istəməmişdir. Dağıstanın inzibati və mədəni mər­kəzi olan Teymurxanşurada imtahan verərək rəsmi dövlət məktəblərində müəllim işləmək hüququ verən diplom almışdır.
1915-ci ildə qumuqların yaşadığı Qumtorqala kəndində müəl­­limliyə başlamış, 1916-cı ildə Tiflisə gedərkən Azərbay­can türkcəsində cap olunan qəzet və jurnallara dağlı xalqlar haqqında məqalələr yazmışdır. Oradan Ufa şəhərinə gedən Ömər Əliyev Osmaniyə mədrəsəsində ərəb və türk dillərindən dərs deməyə başlamışdır. Ufadakı müsəlman müəllimləri birliyinin, son­ra Rusiya Müsəlman Müəllimləri Birliyinin sədri, Kazanda tatar türkcəsində çap olunan “Ukutuvcu”(oxuducu-müəllim) jurnalının baş redaktoru vəzifələrində işləmişdir.
Bolşeviklərin ölkədə yaratdıqları qarışıqlıq, onların xalqlara azadlıq, xoşbəxtlik gətirəcəkləri haqqındakı şüarları gənc Ömə­ri də inandırmış, o, 1917-ci ilin dekabrında Kommunist parti­yasına üzv yazılmışdır. Vətəndaş müharibəsində iştirak etmiş Ö.Əli­yevi Stalin 1918-ci ildə rəhbərlik etdiyi Millətlər Ko­missarlığında işə götürmüşdür. Komissarlığın işçisi kimi ağqvardı­yaçılara qarşı mübarizə üçün dəfələrlə Quzey Qafqaza, Kırıma göndərilmişdir. Dəfələrlə ölümlə üzləşdikdən sonra 1919-cu ilin avqustunda bolşeviklərin xüsusi tapşırığı iləa gizli Gürcüstana, oradan da Azərbaycana gəlmişdir.
Rusiyanın güney bölgələrinin, Quzey Qafqazın sovetləşməsi üçün çalışan, Qaraçay Respublikasının yaradılmasında böyük əməyi olan, 1921-1923-cü illərdə bu respublikanın inqilab ko­mitəsinin sədri işləyən Ömər Əliyevin ictimai-siyasi işlərə başı qarışdığından bədii yaradıcılığa vaxt ayıra bilməsə də bu sa­hədə çalışanları istiqamətləndirmiş, milli kadrlar hazırla­nma­sına böyük qayğı göstərmişdir.
Müxtəlif rəhbər vəzifələrdə işləyən Ömər Əliyev, həmyer­li­ləri Kerim Mametbekov, Nana Tokov, Abdulkerim Xubuyevlə birlikdə 1926-cı ildə Bakıda keçirilən I Türkoloji qurultayda iştirak etmişdir. Bu qurultay sanki onlara fəaliyyət proqramı vermiş, o, harada yaşamasından və hansı vəzifədə işlə­mə­sindən asılı ol­mayaraq həmişə xalqının sabahını düşün­müş­dür.
SSRİ-də yaşayan türk xalqları üçün latın qrafikalı vahid əlif­banın yaradılmasında xidmətləri böyük olmuşdur. “Birlikdə-tirilik” dərslik-müntəxəbatını, “Qaraçay-balkar dili­nin qrammati­kası”, “Rusca-qaraçay-balkarca sözlük”, “Qara-çay-balkarca-rus­ca sözlük”, “Rusca-qaraçay-balkarca termino­loji sözlük” kitablarını nəşr etdirmiş, dövri mətbuatda da onlarla elmi-publisistik məqaləsi çap olunmuşdur.
Azərbaycanla və Azərbaycan aydınları ilə sıx əlaqədə olan Ömər Əliyev qaraçay-malkar ədəbiyyatının inkişafına, dilinin zənginləşməsinə güclü təsiri olan şəxsiyyətlərdəndir.
1937-ci ilin iyunun 24-də Moskvada vəzifə başında həbs edilmiş və bir il sonra güllələnmişdir.
Ömər Əliyevin adına yalnız qəzet və jurnallarımızda deyil, həm də 1937-ci ildə həbs edilmiş, güllələnmış aydınlarımızın istintaq materiallarında rast gəlmək olur. Həmin sənədlərdən aydın olur ki, yüksək vəzifələrdə işləməsinə, kommunist parti­yasının üzvü olmasına baxmayaraq o da bir çox məsləkdaşları ilə birlikdə SSRİ-dən ayrılmaqla Vahid Türk Tatar Dövlətinin yaradılması uğrunda çalışmışdır.
İslam Abdulkerim ulu Xubiyev (Xubiylanı-Karaçaylı) (1896, Kuban quberniyasının Kart Curt kəndi -1938). Kəndli ailəsində doğulan İslam dördsinifli məktəbi bitirdikdən sonra Stavropol oğlan gimnaziyasına qəbul olunaraq 1918-ci ildə gim­naziyanı bitirmişdir. 15 yaşında ikən Parisdəki “Musulmanin” jurnalında məqaləsini çap etdirən İslam Xubiyev Sovet döv­ründə ardıcıl “İzvestiya”, “Molot”, “Sovetskiy yuq”, “So­vet­skiy Severnıy Kafkaz”, “Jizn natsionalnostey", “Revolyutsiya i pismennost” və b. qəzet-jurnallara mə­qalələr yazmışdır.
20-ci yüzilin əvvəllərində Doğu klassiklərinin xalq arasında məşhur olan əsərlərini qaraçay türkcəsinə çevirməklə ədəbi di­lin formalaşmasına və zənginləşməsinə xidmət edən İslam Xubiyevin Sovet dovründə qadın azadlığı, din, əlifba, təhsil, eləcə də sinfi mübarizə mövzusunda çoxlu məqalələr yazmışdır. Xal­qının taleyi ilə bağlı yazdığı məqalələr əslində Sovet təb­liğatına xidmət edirdi.
Qəzet-jurnallarda rəhbər vəzifələrdə çalışan, gənclərin mət­buatda iştirakına şərait yaradan, onların bədii əsərlərini çap edən ictimai-siyasi xadim millətçilikdə ittiham edilərək təbli­ğatçısı olduğu hökumətin xüsusi xidmət orqanları tərəfindən məhv edilmişdir.
İssa Qarakötov (Qarakötlanı) (1900-1942), Daut Bayqulov (Bay­qullanıdır) (1902-1942), Azret Örtenov (Örtenlanı)(1907-1955) və b. Qaraçay Sovet poeziyasının özülünü qoyanlardan sayılırlar.
 İssa Zavurbek ulu Qarakötov (Qarakötlanı) (1900, Ku­ban quberniyasının Cöqetey kəndi-1942, İkinci Dünya Savaşı). Molla yanında təhsilini başa vurduqdan sonra kənddəki rus dilində olan ümumtəhsil məktəbində oxumuşdur. Sovetlər Quzey Qafqazı işğal etdikdən sonra İssanı Moskvadakı Şərq Zəhmət­keşləri Universitetində oxumağa göndərirlər. 1924-cü ildə uni­versiteti bitirir və orada ana dilində “Yeni mahnılar” kitabını çap etdirmişdir. Kitaba daxil etdiyi şeirlər əsasən Sovet təbliğatının təsirilə yazılmış, bədii cəhətdən o qədər də güclü olmayan nəzm parçalarıdır. 1931-ci ildə çap etdirdiyi şeirlər toplusunu “İnqilab nəğmələri” adlandırmışdır. Sosializmi tərənnüm edəndə belə dağlı qürurunu, dağlı cəsarətini, dağlı igidinin hünərini ön plana çəkmişdir. Bu baxımdan 1928-ci ildə yazdığı “Qafqaz” şeiri olduqca önəmlidir.
İssa Qarakötovun Sovet dönəmində ən çox təbliğ olunan əsərləri sırasına “İnqilab nəğmələri“, “Qafqaz” şeirlərini, “Bay və batrak” poeması daxil edilmişdir (Literatura na­ro­dov..., 1999:161-163).
Azərbaycanı sevən və elmi, ədəbi, iqtisadi əlaqələrin get­dikcə güclənməsinə can atan gənc şair 1929-cu ildə Bakı-Qroz­nı-Tuapse neft kəməri çəkiləndə “Bakı şəhəri-neftin anası” şeirini çap etdirmişdir. Onun “Selmaş”, “Çobanın dedikləri”, “Azad­lığın töhvəsi”, “Komsomolçunun molla ilə mübahisəsi” və b. əsərləri də əsasən Sovet quruculuğunun tərənnümünə həsr edilmişdir.
Şair 1942-ci ildə tank döyüşündə şəhid olmuşdur.
Daut Paqo ulu Bayqulov (Bayqullanı). (1902 Kuban qu­ber­niyasının Yuxarı Mara kəndi -1942, İkinci Dünya Savaşı). Kənd məktəbini bitirən Daut 1925-ci ildə müəllimlər hazırlayan kursu bitirdikdən sonra kənd məktəbində dərs de­məklə yanaşı, “Taulu caşay” qəzetinin kəndli müxbiri vəzifə­sini də yerinə yetirmişdir. 1929-cu ildə onu Rostovdakı Kommunist Ali Məktəbinin jurnalistika bölməsində oxumağa göndərmişlər. Oranı bitirdikdən sonra “Qızıl Qaraçay” qəzetində işləməyə başlamışdır.
29 yaşında “Bekmurzanın həyatı“ hekayəsini çap etdirmiş, həmin il yazarın “Canngı caşavğa cırla“(Yeni yaşam mahnı­ları) adlı kitabı da çap olunmuşdur. “Mariyam bla efendi“ (Məryəm və Əfəndi), “Şamay alğın bla endi“ (Şamay öncə və indi), “Za­lixat“ poemaları, “Yeni yaşam mahnıları“,“Yenidən“ əsəri və b. poetik nümunələri onun məhsuldar yaradıcılığından xəbər ve­rir (Literatura narodov..., 1999:167-168)
Qaraçay folklorunun toplanması və nəşrində də əməyi olan Daut Baykulov A.S.Puşkinin bir sıra əsərlərini də ana dilinə çevirərək nəşr etdirmişdir.
İkinci Dünya Savaşına hərbi müxbir kimi qatılan Daut Bay­kulov cəbhədə həlak olandan sonra da onun əsərləri unu­dul­mamış, dönə-dönə çap olunmuşdur.
 Azret Loğman ulu Örtenov (Örtenlanı) (1907, Kuban quberniyasının Kart Curt kəndli-1937). Mədrəsə təhsili gör­müş, orada ərəb-fars dillərini, islamın əsaslarını öyrənmiş Azret 1924-cü ildə Dərbənddəki rus məktəbini bitirmişdir. Oradan Simferopola gedərək Kırım Tatar Pedaqoji Texnikumunda oxu­muşdur. Texnikumda oxuyarkən orada müəllim işləyən malkar şairi Said Şaxmurzayev və qaraçay şairi Xasan Bostanovla dost­laşmış və bu dostluğu ömrünün sonunadək davam etdirmişdir.
Kırımın qaynar mühiti, oradakı millətsevər və vətənpərvər adamlarla etdiyi söhbətlər, üzvü olduğu ədəbi-bədii dərnəkdə iştirakçısı olduğu mübahisələr yeniyetmə Azretin dünyagörü­şünün formalaşmasına güclü təkan vermişdir. İlk şeirlərini də məhz orada yazdığından mövzunu Kırımdan, Bağçasaraydan almışdır. Sonralar da Kırım mövzusuna dönə-dönə müraciət etmişdir.
1926-cı ildə texnikumu bitirib geri dönən Azret doğulduğu kəndin adını özünə ləqəb götürmüşdür. Bir çox şeirlərini Azret Kartcurtlu imzası ilə çap etdirmiş, 1927-ci ildə isə “Yeni cırlar” kitabı işıq üzü görmüşdür. Məhsuldar yaradıcılıqla məşgul olan gənc şairin “Azadlıq qığılcımı” kitabı 1929-cu ildə, “Şeirlər və poemalar” kitabı isə 1934-cü ildə çap olunmuşdur.
İstedadlı şair və tərcüməçi, folklordan bacarıqla yararlana­raq qaraçay poeziyasını zənginləşdirmişdir. O, Oktyabr inqilabını tərən­nüm etmiş, Doğu poeziyasından ruhlanıb epik janrda xal­qının qəhrəmanlıqlarından yazmışdır. Axtarışlarda olan gənc şair cə­miy­yətdə gedən dəyişikliklərin ədəbiyyatda da baş verməsini is­­təmiş, yeni janr axtarışlarına təşəbbüs göstərmiş, Mayakovski­nin təsirilə sərbəst şeirlər yazmışdır. A.S.Puşkindən tərcümələr etmiş, tanınmış osetin dramçısı D.Kusovun əsərlərini ana dilinə çevirmişdir.
“Oxu!“, “Bay və batrak“,“Safiyat“,“Əfəndi və Ölüm“ poe­ma­larını yazan şair Sovet hökumətinin tərənnümçüsü kimi ta­nınsa da, 1937-ci ildə “xalq düşməni” damğası ilə həbs edilmişdir.
 
3.2. Anadilli mətbuatın yaranması və ədəbiyyatın inki­şafına təsiri
Qaraçay-malkar yazılı ədəbiyyatının formalaşmasında mət­bua­tın rolu olduqca böyükdür. 1922-ci ildə Batalpaşinski (in­diki Çerkessk) şəhərində rusca nəşr olunan “Qorskaya bed­nota“ (“Dağlı yoxsullar”) qəzetinin bir səhifəsi qaraçaylara ay­rılmışdı. Bu səhifədə ərəb qrafikası ilə qaraçay-malkar dialek­tində məqalələrlə yanaşı, şeirlər də çap edilirdi. 1924-cü il ok­tyabrın 19-da nəşrə başlayan “Tavlu caşav“ (“Dağlı yaşamı”) qəzeti qaraçay-malkar türkcəsində çıxırdı. Qəzetin adı 1928-ci ildə dəyişdirilərək “Tavlu carları” (“Dağlı kasıbları”) qoyuldu. Bu qəzetlərin nəşri qaraçay-malkarlar arasında ana dilində yazılı ədəbiyyatın təşəkkülünə və inkişafına səbəb oldu.
Mətbuat, mədəni mərkəzlər Sovet hökumətinin əlində oldu­ğundan təbliğat və basqılar öz işini görürdü. İssa Qarakötov, Az­ret Örtenov, Daut Bayqulov (Bayqullanı), Abdulkerim Bat­çayev (Batçalanı), Xasan Bostanov, Sait Şaxmurzayev (Şax­mur­zalanı), Sait Otarov (Otarlanı), Bert Qurtuyev (Qurtulanı) və b. bolşeviklərin qəhrəmanlıqlarını, döyüşlərdə göstərdikləri igidlikləri tərənnüm edir, onların dünyanı zülm və əsarətdən qurtaracaqlarını poetik dillə xalqa çatdırmağa çalışırdılar. O dövrün ruhuna uyğun olaraq poetik pafosla Sovet hökumətinin üstünlüklərinə, kasıbların dayağı olduğuna, xalqlara dinclik və əmin-amanlıq gətirdiyinə, yoxsulların bu hökuməti sevinclə qarşıladıqlarına dair şeir və poemalar yazırdılar. O biri tərəfdən də keçmişi tənqid adı altında bütün milli dəyərləri, adət-ənə­nəni pisləyir, onları gözdən salırlar. 20-ci illərin ikinci yarı­sından başlayaraq, ictimai həyatda olduğu kimi, ədəbiyyatda da islam dininə, islam mədəniyyətinə qarşı kəskin mübarizə başladı. Din, əski mədəniyyət, adət-ənənə xalqın geri qalma­sı­nın başlıca səbəbi kimi göstərilməyə, bir buxov kimi təsvir edilməyə başlandı.
 
3.3. Sovet ideologiyasının yeni ədəbiyyatı formalaşdır­ma­sı
Təbliğat maşını elə qurulmuşdu ki, ədəbiyyata yeni gələn gənclərlə birlikdə Qasbot Qoçqarov, Appa Canıbekov, Kazim Meçiyev kimi bolşevik inqilabından öncə də məşhur olan şairlər belə, Sovet rejimini keçmiş dövrlə qarşılaşdıraraq tə­rif­ləyirdilər. Onlar kasıbların varlı zülmündən qurtardığını se­vinc­lə bildirən, sinfi mübarizəni önə çəkən, hər şeyə sinfi mü­barizə baxımından yanaşan əsərlər yazmağa başladılar.
Artıq 1927-ci ildə İslam Xubiyevin rəhbərliyi, Abidat Bo­taşov və çərkəzlərdən Maqomed Dışekovun, Xalid Astecyevin üzvlüyü ilə Qaraçay-Çərkəz Proletar Yazıçılar Cəmiyyəti fəaliyyətə başladı. Cəmiyyətin şeir bölməsinə İssa Qarakötov ilə Asxat Biciyev, nəsr bölməsinə Abdulkerim Batçayev, teatr və pyes bölməsinə Qemma Qebenova ilə Abidat Botaşov rəh­bərlik edirdilər. Bu təşkilat 1934-cü ildə SSRİ Yazıçılar İtti­fa­qının Qaraçay-Çərkəz şöbəsinə çevrildi. Təşkilat ətrafında bir­ləşən ədiblərdən Xasan Appayev, İssa Qarakötov, Asxat Bici­yev, Abidat Botaşov, Azret Örtenov, Abdulkerim Batçayev, Xa­san Bostanov və Daut Bayqulovun təşəbbüsü ilə 1936-cı ildə Mikoyan (Maykop) şəhərində “Almanax-Karaçay Sovet xudejestvo literaturanı ülgüləri” və 1937-ci ildə qaraçay şair­lərinin şeirlərindən ibarət “Nazmula” kitabı çap olundu.
1930-cu illərdə ölkənin hər yerində olduğu kimi, Quzey Qafqazda da aydınların “tərkibi”ndə dəyişikliklər baş verdi. Malkar xalqının poetik imkanlarının fəallaşması, intellektual gücünün artması-mədəni yaşamına şairlərin böyük bir dəstə­sinin gəlişi ilə müşahidə olundu. Bert Qurtuyev (Qurtulanı), Qaysın Quliyev(Qulilanı), Kerim Otarov (Otarlanı), Salx Qur­tuyev (Qurtulanı) və b. buna misal göstərmək olar. Onlar yara­dıcılıqlarını sosial sifariş əsasında formalaşdırdılar. Adət-ənə­nə­dən, keçmişdən bəhs edəndə ifrata varır, milli dəyərləri al­çaldır, dini mədəniyyətin inkişafına əngəl olan vasitə kimi təsvir edirdilər. Onlar kimi düşünməyən ədiblərə qarşı açıq mübarizədə “Bizdən deyilsənsə, bizə qarşısan!” (Кто не с нами, тот против нас) şüarını irəli sü­rürdülər. Bədii dəyərlərə o qədər də diqqət yetirməyən ədiblər Sovet rejimini xalqa təbliğ etməyə və onları deyilənlərə inan­dırmağa çalışırdılar. Azret Budayev, Xamit Temmo, Omar Ete­zov, Salix Xoçuyev, Xaci-Mussa Quliyev, Ahmadiya Malkarlı (Ulubaş) və b. dövrün öndə gedən yazıçı və şairlərindən idi.
Yaradıcılığa 1930-cu illərdə başlayan Qaysın Quliyev və Kerim Otarov kimi parlaq fərdlər başqa yolla getdilər. Sənət­kar borcuna ciddi münasibət, axtarışların intensivliyi ona gə­tirib çıxardı ki, onların ilkin lirikasında formaların rəngarəng­liyinə, şeir texnikasına, obrazlı, estetik təkmilləşməyə meyl artdı.
Onlar keyfiyyətcə yeni yaradıcılıq düşüncəsinə, ətrafın ob­yektiv təsviri və dərk edilməsinə gəlib çatmışdılar. Malkar şei­rinin inkişafı haqqında danışarkən, yada salmalıyıq ki, onun əsas milli xüsusiyyətlərindən biri - qəhrəmanın daxili aləmi ilə dünyanın gedişinin uyğunsuzluğunu doğuran səbəbləri axtar­maq idi. Malkar poetik düşüncəsinin ünsürləri 1940-cı illərdə yeni bədii cizgilər kəsb edirdi.
Xasan Appayev (Appalanı) (1904, İndiki Kuban quberni­ya­sının Kart Curt kəndi - 1938). Kəndli ailəsində doğulan Xa­san Sov.İKP Qaraçay-Çərkəz vilayət partiya komitəsinin katibi vəzifəsinədək yüksəlmişdir. İxtisasca mühəndis olan, Novoçer­kassk Politexnik İnstitutunu bitirən Xasan Appayev “Tavlu carlıla” qəzetində ardıcıl ictimai-siyasi məzmunlu məqalələr yazmaqla yanaşı, bədii yaradıcılıqla da məşğul olmuşdur.
Qaraçay-malkarlarda ilk çoxcildlik roman müəllifi kimi tanınan Xasan Appayev “Qara sandıq” əsərində xalqının ço­xillik tarixini bədii dillə təsvir etməyə çalışmışdır. O, realist nəsr nümunəsi yaratmaq istəsə də romanında xalqının folklo­rundan geniş bəhrələnməsi əsərə marağı daha da artırmışdır. 1937-ci ildə xalq düşməni adı ilə həbs olunması “Qara sandıq” romanının nəşrini dayandırmış və əsərin son cildinin məhv edilməsinə səbəb olmuşdur.
Kerim Otarov (Otarlanı) (1912, Kabarda Malkar Respub­li­kasının Kirxojan kəndi (indiki Tırnavuz şəhəri)- 1974). Kənd­də orta məktəbi bitirdikdən sonra Nalçik şəhərində pedaqoji texnikumda oxumuşdur. Gənc yaşlarında yaradıcılığa başlayan Kerim 1936-cı ildə SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilmişdir. 1938-ci ildə Nalçikdə “Nazmula bla cırla” (“Şeirlər ilə nəğ­mə­lər”) kitabını çap etdirmiş və SSRİ Yazıçılar İttifaqı Kabarda-Malkar şöbəsinə başçılıq etmişdir. 1941-ci ildə qardaşları ilə birlikdə savaşa yollanmışdır. Savaşda iki qardaşını və bir aya­ğını itirən gənc şair 1943-cü ildə sinəsində “Qırmızı ulduz“ or­deni və bir neçə medalla vətənə dönsə də, sürgündən qurtula bil­məmişdir. Ailəsi ilə birlikdə Frunzedə (indiki Bişkək) sür­gün həyatını yaşayan şair xalqının vətənə dönməsi uğrunda mübarizəyə başlamış, Stalinə məktub yazaraq xalqına qarşı edilən haqsızlıqların qarşısının alınmasını xahiş etmişdir.
Şair sürgün illərində də həvəsdən düşməmiş, bədii yara­dı­cı­lıqla məşğul olmuşdur. “Jolla“ (“Yollar”) adlı şeirlər kitabını 1956-cı ildə Frunze şəhərində çap etdirmişdir.
Vətənə döndükdən sonra şair bədii yaradıcılıqla məşğul ol­maqla yanaşı, dilmanclıq da etmiş-rus klassiklərinin əsərlərini ana dilinə çevirmiş, dərsliklər yazmış, “Şuyokluk“ adlı jurnala redaktorluq etmiş, bədii yaradıcılıqla yanaşı, coşğun ictimai-siyasi fəaliyyət də göstərmişdir. Şairin sağlığında ana dilində və rusca 11 kitabı çap olunmuşdur.
Qaysın Quliyev (Qulilanı) (1917, Kabarda-Malkar Respub­li­ka­sının Yuxarı Çeqemdəki Juvungu kəndi-1985) Uşaq­lıqdan xalq şeirinə böyük həvəs göstərən və onları əzbərləyən Qaysın ilk şeirini orta məktəbdə oxuyarkən yazmışdır. 1934-cü ildə isə onun “Qa­ra xalq” qəzetində şeiri çap olunmuşdur. Bolşeviklərin malkar xal­qını ağ günlərə çıxarması, sosializmin xalqlara bə­ra­bərlik, azad­lıq, əmin-amanlıq gətirdiyini tərənnüm və keçmişi tənqid edən gənc Qaysının dünyagörüşünün formalaşmasında Moskva mühi­tinin rolu böyük olmuşdur. 1935-ci ildə A.V. Lunaçarski adına Dövlət Teatr Sənəti İnstitutuna qəbul olunan gənc şair axşamlar SSRİ Yazıçılar İttifaqının nəzdindəki Ədəbiyyat İnstitutunun ali ədəbiyyat kurslarında dinləyici kimi iştirak edir. O, burada ta­nınmış şair, yazıçı və ədəbiyyatşü­nas­larla sıx ünsiyyətdə olmaqla yanaşı, gələcəyin bir çox istedadlı şair və yazıçıları ilə də dost­laşır. Moskva təhsili gənc şairi 37-ci il irticasından qurtarır.
 1940-cı ildə vətənə dönərək ədəbiyyatdan dərs deməklə ya­naşı, Nalçikdə “Salam ertenlik“ (“Salam səhər”) şeirlər kitabını nəşr etdirir. İkinci Dünya Savaşında Sovet ordusunun tərkibin­də faşizmə qarşı döyüşür. Savaşdan geri dönəndə artıq onun xal­qı sürgündə idi. SSRİ Yazıçılar İttifaqı Q.Quliyevin Nal­çik­də qalması və yaradıcılığını davam etdirməsi üçün hökumətdən icazə alsa da, o, xalqı ilə birlikdə olmağa üstünlük verir və Qırğızıstana gedir. Sürgündə də ardıcıl bədii yaradıcılıqla məş­ğul olan şairin əsərlərinin mətbuata çıxması əngəllənir. O, şeirlərini çox vaxt dostlarının və tanışlarının yanında saxlayır, qorxur ki, xüsusi xidmət orqanlarının əlinə keçər. 1957-ci ildə xalqı ilə birlikdə vətənə döndükdən sonra Moskvaya gedir, M.Qorki adına Ali Ədəbiyyat İnstitutunda təhsilini tamamlayır. Elə həmin il də onun sürgündə yazdığı şeirləri iki kitab halında çap olunur (Kuliyev Kaysın, 1958).
Q.Quliyevin poeziyası savaş dövründə plastik ifadələrdən başa düşülən təsəvvürlərə keçərək, 1950-ci illərdə sanki yeni­dən yer üzünün axar boyalarını seçirdi. Savaşdan qayıtmış şair-cəbhəçinin gözlərində dünya yeniləşmiş, onun ürəyinə yaxın və əziz olmuşdur. Şeirlərində şəxsi duyğu və həyəcanlarını, millət və vətən sevgisini anladan, təbiət təsvirlərinə üstünlük verən şairin əsərləri hakim dairə tərəfindən müsbət qarşılanmır. Bütün bunlara baxmayaraq, şair 1961-ci ildə “Janngı kitap“ (Yeni kitab), 1963-cü ildə “Kök çinarla“ (Göy çinarlar), 1965-ci ildə “Jaralı taş“ (Yaralı daş), 1967-ci ildə “Üyügüze igilik“ (Evinə yaxşılıq), 1969-cu ildə “Çumla qızaradılar“ (Zoğallar qızardılar), 1972-ci ildə “Jer kitabı” (Torpaq haqqında kitab) şeir kitablarını çap etdirir. Bu kitablardan “Jaralı taş“ (Yaralı daş) ona 1966-ci ildə M.Qorki adına Ədəbiyyat Mükafatını, “Jer kitabı“ (Torpaq haqqında kitab) isə 1974-cü ildə SSRİ Dövlət Mükafatını qazandırır.
Şair “Dərələrin nəğməsi“ (1946-51) silsilə şeirlərində və “Ja­ra­lı taş“ (Yaralı daş) kitabında öz xalqının tarixi keçmi­şin­dən, və­tənpərvərlik və müdrikliyindən bəhs edirdisə, “Lenin haq­qın­da dağlar dastanı”nda (1959-1960) V.İ.Leninin ideyala­rını tə­rən­nüm edir və bu ideyaları bəşəriyyətin xilası kimi ta­nıt­mağa ça­lışırdı (ASE,1979:266,3-cü cild). Onun “Jer kitabı” (Torpaq haqqında kitab), “Aşham” (1975), “Tünene. Bugün” (Dünən. Bu­gün, 1977), “Uçup barğan kanatlar”(Uçub gedən quş­lar, 1980), “Keçe bla tang” (Gecə ilə dan yeri) (1985) və b. ki­tab­la­rın­da toplanan şeirlər insanların mənəvi zənginliyinə, xalqlar dost­luğuna, yaşadığı bölgənin təbiət gözəlliklərinə həsr edilmişdir.
Ömrünün son illərində yazdığı və ya çoxdan yazıb, çap et­dirmədiyi bəzi şeirlər ölümündən sonra Nalçikdə çıxan üç cild­lik əsərlərinə, eləcə də 1997-ci ildə çap olunan “Tauvla turğan kadarda” (Dağlar duran qədər) kitabına daxil edilmişdir.
 
3.4. Sürgündən sonra ədəbiyyatın inkişafı
1950-ci illərdə malkar ədəbiyyatında, bütövlükdə Sovet ədə­biyyatının mövzusunda nisbi dəyişiklik baş verir. Əmək möv­zusu önə çıxır. N.S.Xruşşov dövründə rejimdə baş verən yum­şalmadan istifadə edərək millətin sürgündə çəkdiyi əziyyət­lər­dən bəhs edən bədii əsərlər yaradılır. Lakin bu əsərlərdə quru­luş, hökumət, deyil, hökumət başındakı ayrı-ayrı şəxslər tənqid edilir, kommunist partiyasının rəhbərliyinin öz nöqsanlarını düzəltdiyi, haqq-ədalətin bərpa olunduğu tərənnüm olunurdu. Yeni mövzunun əhəmiyyəti və bədii sənətkarlığın yüksəlişi şairlərə elə əsərlər yaratmağa imkan verirdi ki, mərkəzdə “ya­radan insan”, təbiətin dəyişdiricisi, qurucusu dayanırdı. B.Qur­tuyevin “Kosari”, K.Otarovun “Bülbüllərin nəğmələri” poe­ma­ları buna misal ola bilər.
1960-cı illərdə də qaraçay-malkar poeziyası inkişaf yollarında idi. Bu mərhələ də maraqlı və verimli oldu. Bədii yaradıcılığa yeni yazarların - Azret Semenov (Semenlanı)(1924-2008), T.Zumakulova (Zumakullanı), İbrahim Babayev (Ba­balanı), M.Mokayev (Mokalanı), Ahmat Sozayev (Soza­lanı) (Şamil Ə., 2000:118) və başqalarının gəlişi ilə milli ədə­biyyatın yeni siması müəyyənləşdi.
Bu baxımdan malkarların M.Qorki adına Ədəbiyyat İnsti­tutunu bitirən ilk qadın şairləri olan Tanzila Zumakulovanın yaradıcılığı diqqətçəkəndir.
Azret İsmayıl ulu Semenov (Semenlanı)(1924, Qaraçay Çərkəz MV Uçkulan kəndi -2008). Qaraçayaların ünlü ozanı İsmayılın oğlu olan Azretin şeirləri şairin ana dilinin gözlliyini və zənginliyini öyrənmək baxımından da olduqça önəmlidir.  Sürgündə çətin günlər yaşayan gənc şair vətənə döndükdən sonra  ali təhsil ala bilir. 1963-cü ildə Qaraçay-Çərkəs Dövlət Universitetini bitirir.Şairin ilk kitabı “Cazuv ayla” (Yazı ayları) 1964-cü ildə çap olunmuşdur. Şifahi xalq ədəbiyyatından səmərəli bəhrələnədiyindən və onu çağdaş şeir formaları ilə təqdim etdiyindən böyük oxucu maraqı qazanmışdır. Buna görə də onun şeirləri yalnız anadilli oxucular tərəfindən deyil, asan çevriyə yatdığından rusdilli oxucular tərəfindən də rəğbətlə qarşılanmışdır. 1967-ci ildə “Seyir Ton”(Qərib kürk) və  “Nür ciltinle” (Nur qığılcımları), 1974-cü ildə “Ananı kolu” (Ananın əli), 1991-ci ildə “Nasıb bolsa” (Kısmət olursa) və b. kitabları çap olunmuşdu.
Onu ana dilindən ən ustalıqla istifadə edən şair kimi tanıyırlar. Elə buna görə də Ömər Xəyyamdan, Rüdəkidən, A.S.Puşkindən, Musa Cəlildən, Rəsul Həmzətovdan və b.dünyanın məşhur ədiblərindən etdiyi çevrilər qaraçay-malkar şerindən demək olar ki, fərqlənmir. 
Fəlsəfi və lirik şeirləri ilə diqqəti çəkən, ana dilində və rusça 15-ə yaxın kitabı çap etdirən Azret Semenlanının oğlu Rakay da şairdir.
Tanzila Mustafa qızı Zumakulova (Zumakullanı) (1934, Kabarda Malkar Respublikasının Kirxojan kəndi-indiki Tırna­vuz şəhəri). Şairə də uşaqlıq illərini Qırğızıstanda sürgündə ke­çirmişdir. İlk şeirlərini orada yazmağa başlamış və 1954-cü ildə mətbuatda çap etdirmişdir. “Kayada külle”(Qayada gül­lər) ad­lı ilk şeirlər kitabı 1959-cu ildə Nalçikdə çap olunmuş­dur. Ana dilində və rusca 20-yə yaxın kitabı buraxılan Tanzila Zu­makulova M.Qorki adına Ədəbiyyat Mükafatına layiq gö­rülmüş ilk qadın şairlərdən biridir. 1970-ci ildə “Tav ayaz” (Dağ ayazı-1967) və “Çıraxtan”(Çilçıraq-1969) kitablarına gö­rə Kabarda-Malkar Respublikasının Dövlət Mükafatını almış şairin şeirləri rus dilinə çap olunub oxucu marağını özünə cəlb etdiyinə görə də 1974-cü ildə M.Qorki adına RSFSR Dövlət mükafatına layiq görülmüşdür. Tanzila Zumakulovaya 1982-ci ildə Kabarda-Balkar, 1994-cü ildə isə Qaraçay-Çərkəz xalq şairi adı verilir.
Onun kitablarına aşağıdakıları nümunə göstərmək olar: “Tav­lanı jırı” (Dağların nəğməsi, 1962), “Tav ayaz“ (Dağ aya­zı, 1967), “Çiraxtan“ (Çilçıraq) (1969), “Göz jarıq“(Göz işı­ğım) (1976), “Jazıysuz jazmala“(Yazılmamış yazılar) (1977), “Ata üyüm“(Ata evim, 1984), “Saylamala. Eki tomluk“ (Seç­mələr. İki cilddə, 1989), “Saylamala“ (Seçmələr, 1994) və s. Tanzila Zumakulova yaradıcılığında milli ruh daha qabarıq şəkildə duyulur.
Salix Qurtuyev (Qurtulanı) (1938, Kabarda Malkar Res­pub­­likasının Nalçik şəhəri yaxınlığındakı Aksu kəndi). Malkar ədəbiyyatçıları arasında ən məhsuldar yazıçı mükafatı ayrılmış olsa, ona yəqin ki, Salix Qurtuyev (Qurtulanı) layiq görülərdi. Salix Kabarda Malkar Dövlət Universitetinin tarix fakültəsini bitirmişdir. İndiyədək A.S.Puşkinin, M.Lermontovun, T.Şev-çen­ko­nun, S.Nerisin, A.Mitskeviçin, S.Yeseninin, N.Ti­xo­novun, K.Si­monovun, Y.Yevtuşenkonun, Ş.Rusta­ve­li­nin, M.Ka­rimin, Ç.Aytmatovun və b. əsərlərini ana dilinə çevir­mək­lə yanaşı, özü­nün də 20-dən çox kitabı çap olunmuşdur. Onun əsərlərinin tərcümə olunub yayılma coğrafiyası da genişdir. Buraya Ma­ca­rıstanı, Polşanı, keçmiş Yuqoslaviya və keçmiş Sovetlər Bir­liyinin Azərbaycan, Qırğızıstan, Türkmənistan və b. resbubli­ka­larını daxil etmək olar. Bir çox ölkələrin mükafatlarına layiq görülmüş şairin “Qıyınlı kıtabı“ (Qayğılı kitab) romanı malkar oxucularının sevə-sevə oxuduqları əsərlərdəndir.
Axmat Sozayev (Sozalanı). (1941, Kabarda-Malkar Res­pub­likasının Xolam-Bızgi bölgəsinin Aksu kəndi) Sürgündən döndükdən sonra yaradıcılığa başlayan gənclərdəndir. Kabarda-Malkar Dövlət Universiteti filologiya fakültəsinin malkar dili şöbəsini bitirən A. Sozayev ilk əmək fəaliyyətinə qəzetdə baş­lasa da, sonradan uzun müddət Kabarda-Malkar Dövlət Tele­viziya və Radio Verilişləri Komitəsində işləmişdir. İlk şeirlər kitabı olan “Künnü köremem“ (Günəşi görürəm) 1968-ci ildə çap olunmuşdur. Jurnalistlik fəaliyyəti ilə yanaşı, məhsuldar bədii yaradıcılıqla da məşğul olan şairin 1972-ci ildə “Gün avanala“ (Günəşin kölgəsi), 1978-ci ildə “Kırdık avazla“ (Se­ment səsləri), 1983-cü ildə “Aq suv“ (Ağ su), 1987-ci ildə “Kol­la“ (Qollar), 1991-ci ildə “Ertdenlikni aça­ma“(Sabahı açı­ram), 1995-ci ildə “Allah aytsa“ (Allah qoysa), 1998-ci ildə “Tanımı avazı“ (Dan yerinin səsi) və b. kitablarını çap et­dir­mişdir. Bundan başqa şairin ruscaya tərcümə edilmiş şeirləri də iki kitab halında nəşr edilmişdir. Axmat haqqında “Tanıdığım insanlar” kitabında geniş bilgi verilmişdir.
Xusey Muxacir ulu Caybayev (Caybalanı) (1936, Qaraçay Çərkəz Muxtar Vilayətinin Aşağı Teberdi kəndi-1999) Sür­gün­dən vətənə döndükdən sonra pedaqoji institutu bitirib qə­zet­də işləyən Xusey ömrünün son illərində daha çox xalqının sürgün olunmasından, milli və dini məsələdən yazırdı. Qaraçay Çərkəz Muxtar Vilayətində nəşr edilən “Leninin bayrağı” qə­ze­tində işləyən Xuseylə bir neçə dəfə görüşmüş, ədəbiyyat, xalq­larımızın keçmişi və gələcəyi mövzusunda söhbətlər et­miş­dik. 1987-ci ildə Çerkesskdə çap etdirdiyi “Kyumyuş can­qur” (Gümüş yağış) kitabına 1990-ci ilin aprelin 20-də avto­qraf yazaraq mənə bağışlamışdı. Kitabda ilk diqqətimi çəkən şeirlərin məzmunu olmuşdu. Çünki SSRİ-də çap olunan şeir kitablarının ilk səhifələrində adətən Kommunist partiyası və onun liderlərini, sosializm quruculuğunu öyən şeirlər verilirdi. Xusey Caybalanının kitabı isə belə deyildi. O, kitab “Elimin cazı” şeiri ilə başlayırdı. Kiçik formatlı 126 səhifəlik kitabda partiya, oktyabr inqilabı, Lenin və bu kimi şeirlərə rast gəl­mədim. Çalışdığı “Lenin bayrağı” qəzetinin 20 sentyabr 1990-ci ildə çap olunmuş sayının üçünçü səhifəsi bütövlükdə X.Cay­balanının şeirlərinə həsr edilmişdi. Qəzet Sov.İKP Qa­raçay Çərkəz Vilayət Komitəsinin və vilayət xalq deputatlar so­vetinin orqanı o3lmasına baxmayaraq burada da kommunis partiyası və sosializm quruculuğunu öyən şeirlər yox idi. “On bir day”, “Ana dili”, “İyesiz mekan”, “İynam”, “Qayanın ürəyi”, “Gözlə”, “Ge­cə”, “Axır səbəb”, “Sen patçax esenq” və başqa şeirləri şairin vətəni və milləti haqqında lirik düşüncələrindən ibarət idi.
Sovetlər birliyi dağıldıqdan sonra çalışdıqları qəzetin adını dəyişərək “Karaçay” etmişdilər.
Şeirlərinə çoxlu mahnı bəstələnən şairin “Atamı sözü”(Ata sö­zü), “Güzgü”, “Çagadıla baliylə”(Albalı ağacları pöhrəliyir), “Şu­vuldayıla naratla”(Pəncərələr uğulduyur), “Sibü Nartlar”, “Kız­gan nal” (Qızaran nal-ildırım) şeir kitabları çap olunmuşdur.
Muradin Ölmezayev (Ölmezlanı) (1949, Qazaxıstan Res­pub­likasının Taldı Kurqan vilayətinin Ernazar kəndi). Tərcü­mələri, uşaqlar üçün yazdığı əsərləri, pyesləri və şeirləri ilə qaraçay-malkar oxucularının qəlbinə yol tapmışdır. İndiyədək 10-dan çox kitabını oxucuların mühakiməsinə verən şair tə­biətin, kənd həyatının təsvirindən yararlanaraq vətəninin gözəl­liklərini, xalqının yüksək mənəvi dəyərlərini təsvir etmişdir.
 
3.5. Ədəbi mühitdə dönüş
Haqqında yazdığımız bölgədə 1960-70-ci illərin qabaqcıl cəhəti ictimaiyyətin bütövlükdə mədəni intellektual səviyyə­si­nin kəskin artması, şairlərin yeni formada yaradıcılıq qabi­liy­yətlərinin inkişafı idi. Əsas şərt inkişaf edən insan qəlbinə yol tapmaq idi. Bu illərin ədibləri arasında Azret Semenov,İbrahim Qadiyevin, Jağafar Tokumayevin, Macit Quluyevin, Eldar Qurtuyevin, Alim Töppeyevin, Asan Şavayevin, Zeytun Tolqurovun, Svet­lana Mottayevanın, Aliy Bayzullayevin, Zuğar Sarıbaşovun və digərlərinin adları qaraçay-malkar oxucularına yaxşı tanışdır.
1970-80-ci illərin malkar poeziyasının başlıca obrazı düşün­cələrlə, dünya qayğıları ilə, planetin taleyi haqqında mübarizə və narahatçılığı ilə yadda qalan insandır. “Kainat - evimizdir“ formulu bütün millətlərin şairləri üçün universal məsələdir.
Malkar şairlərinin, o cümlədən 1970-ci illərin nəsli üçün, məsələn Asker Doduyev, Abdullah Begiyev, Mutalip Beppa­yev, Sakinat Musukayeva, Muxtar Tabakov, Safariyat Axma­tov, Xıysa Qurtubayov, Örüzlan Bolatov, Burxan Berberov, Lyuba Axmatovanın yaradıcılığı üçün səciyyəvi cəhət subyek­tiv­liyin hərtərəfli inkişaf etməsi, poetik “mən“də daxili gər­gin­liyin tam həcmdə göstərilməsidir. Adını çəkdiyimiz və çəkmə­diyimiz ədiblər sürgündə xalqın başına açılan müsibətləri, sosializm quruculuğu, kollektivləşmə və s. adı altında millətin başına açılan oyunları ifşa etməyi ədəbi əsərlərin əsas möv­zusuna çevirmişlər.
 Çox təəssüf ki, bu kimi ağrılı-acılı məsələlər ədəbiyyatın möv­zusuna çevriləndə də Rusiyanın imperiya maraqları çıl­paq­lığı ilə ifşa olunmur.
Malkar şairləri əsərlərinin mərkəzinə keçmişlə gələcəyin dia­lektik əlaqələrini, milli-xalq və ümumbəşəri problemlərin həllini, tarixi yaddaşı qoyurlar. Bununla belə, göstərilir ki, tarixi yaddaşı, öz xalqı ilə doğmalıq duyğuları olmayan insan sosial və milli köksüz varlıqdır.
Milli ədəbiyyatın inkişafında folklor əsas başlanğıc rolunu oynayır. Folklordan fərdi yaradıcılıq mərhələsinə keçiddə xalq nəğməkarlarının rolu böyükdür. Onlar ədəbi yaradıcılıqda möv­cud olmuş ideoloji yöndən uzaqlaşaraq sənətkarlığı, insa­nın iç dünyasını önə çəkməyə meylli sənətkarlardandır.
XX yüzilin 20-30-cu illərində ədəbiyyata gələn gənc şair və yazıçılar yeni ədəbi üslublara, janrlara, metodlara diqqət yeti­rir­dilər. Sənətkarlığı arxa plana keçirərək əsərlərində ideolo­gi­yanı, gerçək münasibətləri, sosial emosiyaları təşviqat vasitə­ləri ilə, çağırışlarla açıq bildirirdilər. Əlbəttə, buna bəzi amillər öz təsirini göstərirdi. Belə ki, estetik şüurun səviyyəsi, gələnək gücünün yetərsiz olması ilə bərabər, yeni çağın özünəməxsus kəskinləşən tələbləri, sinfi, sosial duyğuların mövcudluğu, ic­timai münasibətlərdəki kəskin dəyişikliklər də burada rol oynayır, özünün siyasi mübarizəsi ilə xarakterizə olunur, şəx­siyyəti bu prosesin iştirakçısına çevirirdi.
1930-cu illərin poeziyasından söz açarkən Xasan Bosta­novun “Yeni mahnılar“ və “Yeni nəslə“ əsərlərini, Maqomet Urusovun (1916-1942) qaraçay-malkarcadan ruscaya çevirdiyi “Biyneger“ poema-əfsanəsini, ilk qadın şair Abidat Botaşevanın (1902-1982) 1924-cü ildə çap etdirdiyi şeirlərini yaddan çı­xarmamaq lazımdır.
Onların yaradıcılığında rus ədəbiyyatından tərcüməçiliyin təsiri hiss olunur. Həmin illərdə bir çox tərcümə əsərləri də çap olunmuşdur. Qaraçay poeziyası ilk mərhələdə janr-tematik plan­ca müxtəlif olmuşdur. Poeziyanın intensiv inkişafının göstəricisi olaraq “Qaraçay sovet bədii ədəbiyyatı“ toplusu çap edilmişdir.
1930-cu illərin sonunda gənc şairlər Osman Xubiyev (Xu­biy­lanı) (1918-2001), Toxtar Borlakov (Borlaklanı) (1914-1942), Maqomet Urusov (Uruslanının) (1916-1942), Abdulke­rim Bayqulov (Bayqullanı) (1902-1942), Xalimat Bayramuko­va (Bayramuklanı) (1917-1996) ilk əsərləri ilə çıxış etmişlər. 1940-cı ildə “Qaraçay” adlı toplu buraxılmışdır.
İkinci Dünya Savaşı və savaşdan sonrakı illərdə qaraçay-mal­kar ədəbiyyatında bir durğunluq müşahidə olunsa da, 1941-ci ildə “Vətən uğrunda irəli! “ şeirlər toplusu çap olunmuşdu. On­lar Vətənə sürgün illərində yaratdıqları ağı-mahnıları gətir­dilər. Sürgündən sonrakı illərdə İ.Semenovun, İ.Əliyevin, O.Xu­bi­ye­vin, A.Söyünçiyevin və başqalarının əvvəllər çap olun­mamış şeir­ləri “Gözlərimizdən qan damır“ adlı kitabda toplanmışdır.
Sovet irticasına uğramış xalqın yazıçılarının xidməti onda idi ki, belə ağır vəziyyətdə qələmi yerə qoymamış, poetik dillə millətin taleyinin salnaməsini yaratmışdılar. Qaraçay-malkar ədəbiyyatının nümunələri Almatıda və Frunze (Bişkək) şə­hər­lərində 1956-57-ci illərdə nəşr olunan “Jaşavu buznu bayrağı“ (Yaşam bayrağımız), “Taza cürekden“ (Təmiz ürəkdən), “Qı­ğılcımlar“ adlı toplulara daxil edilmişdir.
 
3.6. Bədii nəsrin yaranması və formalaşması
1934-cü ildə çap olunan “Atasını cası“ (“Atasının oğulu”) (yazarı Salix Xoçuyev, 1910-42) və “Maqomet bla karabin” (Ma­qomet ilə karabin) (yazarı Axmat Bilimğotov, 1910-60) ki­tabları qaraçay-malkar dilində çap olunan ilk nəsr kitablarıdır. Uzun illər rəhbər partiya-sovet işində çalışmış Xasan Appayev (Appalanı) (1904-1938) nəsr sahəsində məhsuldar yaradıcılıqla məşğul olmuşdur. Onun “Qara kübür“ (Qara sandıq) romanının birinci cildi 1935-ci, ikinci cildi 1936-cı ildə çap olunmuş, əsə­rin üçüncü cildi isə 1937-ci ildə mətbəədən götürülərək məhv edilmişdir. Xabu Xatsıyevin (Xatsılanı) (1916-74) “Tamata“, Daut Bayqulovun (Bayqullanı) (1902-42) “Bekmurzanın ca­şa­vu“ (Bekmurzanın yaşamı) hekayələri, Bert Quetuyevin (Qur­tulanı) (1910-2001) “Bekir“ povesti, Maksim Qıttıvanovun (Qıt­tıvanlan) (1916-86) “Künümü küzgüsü“ və Osman Xubi­yevin (Xubiylanı) (1918-2001) “Aybek“ (yazarın İkinci Dünya Savaşından sonra yazdığı “Assi“ romanı daha məşhurdur və bu əsər qaraçay-malkarların XIX yüzildə Osmanlı dövlətinə sür­gü­nündən bəhs edir), Minaldan Şavayevin (Şavalan) (1917) “Mu­rat“ (1958) romanları bu ədəbiyyatda nəsrin “qaranquşla­rından” sayıla bilər.
Qaraçay-malkar nəsrinin formalaşması və inkişafında 1960-cı illərdə Sovet rejimində baş verən yumşalma xüsusi rol oy­namışdır. Bundan sonra Xabu Xatsiyev (Xatsilanı) (1916-74), Janakayut Zalixanov (Zalixanlını) (1916-95), Xalimat Bayramukova (Bayramuklanı) (1917-96), Osman Xubiyev (Xu­biylanı) (1918-2001), Seyit Layranı (1925-2001), Sü­ley­man Babayev (Babalanı) (1932), Üzeyir Julbyev (Julblan) (1932), Eldar Qurtuyev (Qurtulanı) (1935), Jağafar Tokuma­yev (Tokumalanı) (1935) (o, malkar ədəbiyyatında ilk trilo­gi­ya­nın (1976-83) yazarı kimi tanınır), Alim Töppeyev (Töp­pe­lani) (1937), Mussa Batçayev (Batçalanı) (1939-1982), Zeytun Tolğrov (Tolğrlanı) (1939), Boris Çırıkov (Çırııklanı (1949) və b. nasirlər ordusu yetişdi.
 
3.7. Dramçılığın yaranması və inkişafı
Dramçılıq sahəsində də diqqəti çəkən cəhətlər olmuşdur. Qa­raçay-malkar ədibləri 1930-cu illərdən səhnə əsərləri yarat­mağa başlamışlar. Abidat Botaşov (1902-82) “Bay caş bla carlı kız“ (Varlı oğlan ilə kasıb qız) (1923), A.Qorxmazov “Qırmızı komandir kadetlər əsirliyində“ (1929), Abdulkerim Batçayev “Ax­mat Batır“ (1933) pyeslərini yazmışlar. Şaxarbiy Ebza­ye­vin “Oğurlu“ (Uğurlu) komediyası isə 1931-ci ildə Rostov-Don şəhərində keçirilən Qafqaz Xalqlarının Birinci İncəsənət Festivalında ən yüksək mükafata layiq görülmüşdür (Antalo­qiya literaturı...,2003:160-170). Pyes 1937-ci ildə üzərində yenidən işlənərək çap edilmişdir.
Ramazan Qelayevin yazdığı “Kanlı kalım“ pyesi malkar­ların ilk səhnə əsəri sayılsa da, bu janrın inkişafı İssa Bota­şo­vun adı ilə bağlıdır. O, sürgündən geri dönəndən sonra “Tav­lada tan jarıydı“ (Dağlarda dan qızarır), “Quşla biyikni süe­dile“ (Quşlar yüksəklikləri sevər), “Abrek“,“Soltanın jazısı“, “Tavlı kızın yigidliği“ (Dağlı qızın igidliyi) və başqa pyesləri yazaraq səhnələşdirdi. (Türkiye dışındakı..., 2002:405, 22-ci cild). Teatr sahəsində ardıcıl çalışan yazarlardan biri də İb­raqim Maqammatovdur (1919). 1961-ci ildən başlayaraq “Toy­dan sonra“, “Jaralı juğutur“ (Yaralı dağ keçisi), “Şamay qala“, “Süymeklikin poeması“ (Sevgi poeması), “Aylıq turmala“ (Turp­luq), “Elibizin adamları“ (Elimizin adamları) və b. pyes­ləri səhnəyə qoyulmuşdur (Türkiye dışındakı..., 2002:393, 22-ci cild). Jağafar Tokumayevin “Avanala“(Kölgələr), “Jal­ğan daraja“(Yalan ünvan), “Örten“(Yanğın), “Emina“ (Vəba) və b. pyesləri malkar teatrında maraqla qarşılanmışdır.
Son illər ədəbiyyata gələn gənclərdən Burxan Berberovun “Ağaç çana“ (Ağac paz) pyesi diqqəti cəlb edir. Burhan Ber­be­rov son illərdə elmi araşdırmalara daha çox diqqət yetir­diyin­dən bədii yaradıcılığa ara-sıra vaxt ayırır. O, Bakıda AMEA Folklor İnstitutunun keçirdiyi “Ortaq türk keçmişindən ortaq türk gələcəyinə” simpoziumuna da qatılmışdır.
 
3.8. Uşaq ədəbiyyatı
Qaraçay-malkar yazılı ədəbiyyatı yaranmağa başladığı ilk gün­lərdən uşaq ədəbiyyatının inkişafına xüsusi diqqət yeti­ril­miş­dir. İsmail Aqbayovun 1916-cı ildə Tbilisidə çap olunan “Ana tili” kitabında (bu kitab qaraçay-malkarca çap olunan ilk dərs kitabıdır), İslam Kırımşamxalovun da əsərləri verilmişdir və onun uşaqlar üçün yazdığı maraqlı ədəbi nümunələrə rast gə­lirik. Sonrakı dövr yazıçı və şairlərin əsərləri arasında da uşaq­lar üçün yazılmış bədii ədəbiyyat örnəklərini görmək mümkündür.
Vətənə qayıtdıqdan sonra şair və yazıçılar ədəbi fəali­yyət­lərini davam etdirərək, boşluğu doldurmağa çalışsalar da, üzər­lərində güclü senzor nəzarəti vardı. Sürgün illərinin acılarını ol­duğu kimi təsvir etmək yasaqlanmışdı. Ədəbi yaradıcılıqda estafeti gənc nəslə verməklə xalq ənənələrinin yaşaması üçün zəmin yaradıldı. Yeni əsərlər çap olunur, qaraçay poeziyasının inkişaf yolları müəyyənləşdirilirdi. Əsərlərin rus dilinə tərcümə edilməsi qaraçay ədəbiyyatının çoxmillətli ölkədə tanınmasına səbəb olurdu. Dirçəlmiş qaraçay poeziyasının ilk nümunələri olan kitablarda O.Xubiyevin, X.Bayramukovanın, A.Söyün­cevin, N.Xubiyevin, A.Ebzayevin, X.Caubayevin və başqala­rının şeirləri dərc olunmuşdu. 1960-cı illərdə qaraçay poeziyası da önəmli uğurlar əldə etmişdi. Şeirlərin yeni nəzəri quruluş metodları işlənib hazırlanırdı. Sərbəst şeirə meyl artırdı.
 
3.9. Ədəbiyyatda yeni yüksəliş və milli mövzuların önə çıxması
1970-80-ci illərdə məşhur qaraçay şairləri lirikanın inki­şafına daha çox diqqət yetirmişlər. Gənc nəslin istedadlı nü­mayəndələri sərbəst vəzndə daha çox yazır, yenilik axtarışı ilə şeirin inkişaf yollarını müəyyənləşdirməyə çalışırdılar. A.Ak­ba­yev, B.Lauranov, Turkliyev, J.Sozarukov, K.Salpaqarova, D.Ma­mçuyeva və b. poeziyanın müxtəlif janrlarında-mahnı mətn­ləri, sonet, ballada, poema və s. yazdıqları üçün bu janrlar getdikcə təkmilləşirdi, yazıçıların sənətkarlığı yüksəlir, poezi­ya yeni üslublarla zənginləşirdi.
Sovet ədəbiyyatına 1960-cı illər nəsli kimi daxil olmuş ədə­bi mühitin təsiri ilə qaraçay-malkarlarda da Tanzila Zumaku­lova, İbraqim Babayev, Bayçora Soslanbekov, Salix Qurtuyev, Svetlana Mottaiyeva, Ali Bayzullayev, Muxamat Moqayev, Mu­radin Ölmezov, Abdullah Beqiyayev, Bilal Laupanov, Sa­kinat Musukayeva, Rakay Semenov və b. istedadlı ədiblər mey­dana çıxmışdı. İndi onların əsərlərinin mövzusu da, yazı ma­nerası da dəyişmişdir. Onlar vətənin, millətin tarixindən, başlarına gəti­rilən müsibətlərdən yazır, xalq yaradıcılığının zəngin poetik formalarından bacarıqla istifadə edirlər.
Aşkarlıq və yenidənqurma hərəkatından bəhrələnən qara­çaylar “Camağat“,“Alan“, malkarlar “Birlik“ ictimai təşki­lat­larını qurmuşlar. Yazıçı və şairlərin əsərləri “Nur“, “Şohluk“, “Tö­re“ jurnallarında, “Zaman“, “Mingi tav“, “Üyge igilik“ və b. qəzetlərdə çap olunur. Çox təəssüf ki, iqtisadi çətinlikdən qəzet və jurnallar müntəzəm çap olunmadığı kimi, yazıçı və şair­lər də əsərlərini vaxtında nəşr etdirib oxucuların müha­ki­məsinə verə bilmirlər.
 
    Sonuc
Müstəmləkəçilər xalqları nə qədər bir-birindən ayırmağa çalışsalar da, insanların dünyagörüşləri genişləndikcə, oxuyub yeni bilgilərə yiyələndikcə yetərincə milli kimliyini ortaya qoymağa, zor şərtlər altında olsa belə həqiqəti yazmağa, doğru olanı xalqa çatdırmağa çalışacaqlar. Bunu qaraçay-malkar ədiblərinin tim­salında da görmək olar. Belə ki, Qaraçay-Çərkəz Muxtar Vila­yətində şagirdlər üçün 1976-cı ildə hazırlanmış “Ana litera­tura” dərsliyinə qaraçay yazıçı və şairləri ilə yanaşı, Kabarda-Balkar Muxtar Respublikasında yaşamış, yəni bu günün böl­güsünə görə malkar ədibləri hesab edilən Qaysın Quliyevin, Ca­nakayıt Zalixanovun, İssa Botaşovun, Xabi Xatsıyevin də əsərləri daxil edilmişdir. Həmin dərsliyin 1988-ci ildə hazır­lanmış yeni nəşrində Kazim Meçiyevə də geniş yer ayrılmışdır (Türkiyə dışında..., 2002:224, 22-ci cild).
Son illərin elmi araşdırmalarında bu yöndə xeyli iş görül­düyünün şahidi oluruq.
 
 

ПУТЬ  РАЗВИТИЯ  ЛИТЕРАТУРЫ  КАРАЧАЙ-MАЛКАРСКИХ          (BАЛКАРСКИХ)  ТЮРКОВ

                                
Резюме: Долгие  годы  исследователи   карачай-малкарской (балкарской) истории литературы  отмечали  его  наличие  с  18  века. Такие  творческие  личности  как  Микаил  Шамси  Башту (835-900) , Трам  хан (Х-Х11век), Зурум  Бийче (13…-1396),  Агбилек Бийче (13…-1396), Гошаях Бийче (ХVİİ-XVİ век), Галтур  Семенов (XVШ век), опираясь  на  первичные источники,  выявили, что история  письменной  литературы  карачай – малкарских тюрков  берет  свое  начало  с  İХ  века. Некоторые  моло-дые  исследователи  считают, что  история  литературы  берет  свое  начало с Орхоно-Енисейского  памятника. Ес-тественно то, что  изучая  свою  историю,  повышается  национальное  самосознание, приобщаемся  к  своей  истории, литературе  и  культуре.
Утратив  политическое  влияние  русских  на  лите-ратуру, карачай-малкары  углубили  свои  исследования  на  изучение  и  распространение  к  общетюркской  куль-туре  и  на  старейшую  кыпчакскую   литературу.
Были  пересмотрены  все  ценности  литературы  совет-ского  периода, выявлена  запретная  литература  и  с  новой  призмы   представлены  для  читателей  нового  поколения.
Карачай-малкарские тюрки  собрали, (и по сей  день  собирают),  сохранили  и  издали  свои   фольклорные  об-разцы. Бесценен  для  общетюркского  фольклора, культуры, мировоззрения такие   фольклорные  образцы  как  нарты,  песни  о  богах  и  образцы  детского  фольклора  собранные  карачай-малкарами.
Если  вовремя  не  изучить этот  богатейший  материал, то это  для  мировой  культуры  будет  большой  потерей.
Пришедшие  в  литературу  ХIХ  века  такие  имена, Калтур Семенов (1751-1851), Кучук Байрамуков (1772-1862), Касбот Кочкаров (1834-1940), Кязим Мечиев (1859-1945), Ислам Крымшамхалов-Тевердичи (1864-1910),  Исмаил Акбауов (1874-1937) и пользуясь  этим  богатейшим  багажом, черпают  свои  знания,   пришедшие  в  литературу  ХХ  века  такие  имена,  как  Ислам Хубиев (Хубийлани) (1896-1938), Абидат Боташов (Боташлани) (1902-82), Исса Гарагетов (Гарагетлани)(1900-42), Асхат Бичиев (Бичилани), Абдулкерим Батчаев (Батчалани), Гемма Гебенова (Гебенлани), Хасан(Асан) Аппаев (Аппалани)(1904-1938), Азрет Йертенов (Йертенлани)(1907-37), Тохтар Борлаков (1914-42), Хасан Бостанов (Бостанлани), Берт Гуртуев (Гуртулани), Керим  Отаров (Отарлани)(1912-74), Гайсын Гулиев (Гулилани) (1917-85), Азрет Семенов (Семенлани)(1924-2008),   Танзила Зумакулова (1934), Жагафар Токумаев (1935), Салих Гуртуев (Гуртулани)(1938), Азрет  Будаев (Будайлани), Омар Этезов (Этезлани), Салих Хочуев (Хочулани)(1910-42),  Ахмат  Созаев (Созалани)( 1941), Ахмадия  Малкарлы (Улубашлани) и др.
Ключевые  слова: зкуекарачай – малкарская (балкарская) литература, Кавказские  воины, кыпчаки,  формирование  литературы  нового  периода.
 

THE DEVELOPMENT OF LITERATURE BY KARACHAY-BALKAR (MALKAR) TURKS

 
Abstract: For many years the research activities on the history of Karachay-Malkar (Balkar) written literature claimed that this literature started in the eighteenth century. Nowadays the sources on such creative personalities as Michael Shamsi Bash­tu (835-900), Tram khan (10th-12th century), Zurum Biy­che (13..-1396), Akbile Biyche (13..-1396), Koshayak Biyche (16th -17th century), Semenlani Kaltur (18th century) take the start of the history of Karachay-Malkar (Balkar) written literature to the ninth century. Some young researchers draw this history back to Orkhon-Yenisey scripts. It is a natural process since the more the nation gets aware of itself and con­siders its history, the more developed national consciousness appears and the nation starts to possess its history, literature and culture more strongly.
The decrease in the discrimination policy pursued by Russia gave possibilities for Karachay -Malkars (Balkar) to get more involved in the study and publicity of old Kipchak literature and joint Turkic culture. The literary works from the twentieth century are thoroughly considered, prohibited works written during Soviet period are disclosed and valuable ones are re-published for young generation.
The Karachay -Malkars (Balkar) have been able to keep their rich folklore, collect and publish it. The study of songs on narts, gods and the samples on child folklore contain flush treasure for taking possession of joint Turkic folklore, culture and outlook. In case of failure in studying this rich treasure in proper time world culture may lose one of its pieces.
Galtur Semenov (Semenlanı) (1751-1851), Kuchuk Bay­ra­mukov (Bayramuklanı) (1772-1862), Kasbot Kochkarov (Koch­karlanı) (1834-1940), Kazim Mechilanı (Meçchiyev) (1859-1945), İslam Kırımshamkhalov (Kırımshamkhallanı-Te­berdiçi) (1864-1910), İsmail Akbayov (Akbaylanı) (1874-1937), İsmail Semenov (Semenlanı) (1891-1981), Omar (Aliy­lanı) (1895-1938), Islam Khubiyev (Khubiylani) (1896-1938), İssa Karakotov (Karakotlani) (1900-42), Daut Baygulov (Bay­gullanı) (1902-42), Abdulkerim Baygulov (Baygullanı) (1902-1942), Asan (Khasan) Appayev (Appalani) (1904-1938), Azret Ortenov (Ortenlani) (1907-37), Bert Gurtuyev (Gurtulani) (1910-2001), Salih Hojuyev (Hojulani) (1910-42),  Kerim Ota­rov (Otarlani) (1912-74), Gaysin Guliyev (Gulilani) (1917-85), Azret Semenov (Semenlanı)(1924-2008),  Tanzila Zumakulova (Zu­makullanı) (1934), Jaghafar Tokumayev (Tokumalanı) (1935), Xusey Caybayev (Caybalanı) (1936-99), Salih Gurtuyev (Gurtulani) (1938),  Ahmet Sozayev (So­za­lani) (1941), Muradin Olmezayev (Olmezlanı) (1949), Haji-Mussa Guliyev (Gulilani), Ahmadiya Malkarov (Ulubash) and others who came into literature in the twentieth century tried to use this rich vocabulary treasure in their creativities.
 Key words: Karachay-Malkar (Balkar) literature, The Caucasus battles, The Kipchaks, the formation of lite­rature of modern times.
Çap olunub: Uyğur, Qaqauz, Qüzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı,  “Nurlan” nəşriyyatı, Bakı, 2011, səh. 232-290.
 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol