Qeorqi İtıqin

Qeorqi İtıqin

Türk Dünyasının Məşhurları-09

Qərbi Sibir Türk Respublikasını yaratmaq istəyən, inqilabçı və dövlət adamı Qeorqi İtıqinin ömür yolu...

Göndərmə 4/30/2012 11:23:52 AM UTC

Güncəlləmə 4/30/2012 11:23:52 AM UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=d231683c-6593-461d-ab6c-4f67e2710c11

Qeorqi İqnatoviç İtıqin 1873-cü il martın 2-də çarlıq Rusiyasının Yenisey quberniyası Açunsk qəzasının Çebaki ulusunda doğulub. Bu yerlər Qeorqi doğulmamışdan 100-150 il əvvəl Rusiya tərəfindən işğal edilərək əhalisi zorla xristianlaşdırılıb, tatar adlandırılsalar da, insanlar əski inanclarını unutmayıb, şaman ayinlərini, adət-ənənələrini yaşadıb və özlərinin də türk olduğunu biliblər.

Həmin dövrdə bölgədə yaşayan xakaslar öz tayfa-ulus adlarını da qoruyub saxladıqlarından Rusiya hökumətinin rəsmi sənədlərində Qeorqinin doğulduğu bölgədə bir Kızıl idarəçiliyi adlı inzibati vahid yaratmalı olub. İşğaldan sonra Qərbi Sibiri Rusiyanın sürgün yerinə çevirib. Hökumət istər cinayətkarları, istər siyasi baxışlarına görə həbs etdiyi insanları, istərsə də dini inanclarına görə müxalif sayılanları bu yerlərə sürgün edib. Nəticədə Rusların sayı ildən-ilə artırb.

Qeorqinin atası Vasili də milliyətcə rus olan Materina Sergeyevna ilə evlənib. Qarışıq ailədə doğulan Qeorqi bölgədə təhsilini başa vurduqdan sonra onu Sibirin ən inkişaf etmiş şəhərlərindən olan Krasnayarskidəki müəllimlər hazırlayan seminariyada oxumağa gönrərilib. 1892-ci ildə seminariyanı bitirən Qeorqini Minusinsk kənd məktəbində müəllim işləməyə göndəriblər. O, bölgənin Kansk və Açunski qəzalarında da müəllimlik edib.

İşinə vicdanla yanaşdığına, yüksək bilikli kadr hazırladığına və uzunmuddətli xidmətinə görə ona 1905-ci ildə Rusiya Təhsil Nazirliyinin “Fədakarlığa görə” gümüş medalı da verilib.

Ujur kəndindəki iki sinifli məktəbin müdiri işləyən Qeorqi İtıqini 1913-cü ildə Krasnayarsk şəhərində yeni açılan dəmiryol məktəbində işə dəvət edilib. O, kənd və qəza məktəblərində işləyərkən Sibirdə çap olunan qəzet-jurnallara məktəblərin vəziyyəti, təhsil sistemindəki çatışmazlıqlar, kəndlərin həyatı və yerlərdəki mədəni, iqtisadi sosial vəziyyəti haqqında silsilə məqalələr yazıb.

Xüsusən onun pedaqoji mövzuda yazdığı məqalələr müəllimlər və ziyalılar tərəfindən maraqla qarşılanıb.

Sibirin zəngin təbii sərvətləri olmasına baxmayaraq, əhalinin güzəranının ağır keçməsi, məmurların özbaşınalığı və xüsusən də milli ayrıseçkilik, məmurların və hökumətin yeritdiyi siyasətdən narazı qaldıqlarına görə sürgünə göndərilənlərin belə yerli xalqlara yuxarıdan aşağı baxmaları, onları hər addımda təhqir etmələri Qeorqi İtıqini çox narahat edib. Bu narahatlığı onu sürgündəki inqilabçılara yaxınlaşdırıb. İnqilabçıların nəzəri fikirləri ona çox şirin və inandırıcı gəlib. Odur ki, cəmiyyətin xilas yolunu inqilabi çevrilişdə görüb. Monarxiyanı devirib insanların azad və bərabər, istismardan, zülmdən, milli ayrıseçkilikdən uzaq bir cəmiyyətdə yaşaması üçün mübarizəyə atılıb.

O, dərs deməklə yanaşı, təhsilini artırmağın qayğısına da qalıb. Krasnoyarskidəki Müəllimlər İnstitutuna qəbul olunub. 1916-cı ildə isə “Sibir məktəbi” adlı elmi-metodiki pedaqoji jurnalın nəşrinə başlayıb. 1916-17-ci ildə jurnala redaktorluq edən Qeorqi İtıqin qızğın siyasi fəaliyyət göstərib. Çar II Nikolay hakimiyyətdən uzaqlaşdırılanda Rusiya Sosial Demokrat Fəhlə Partiyasına daxil olub.

Az bir zamanda partiyanın öncüllərindən birinə çevrilən Qeorqi İtıqin bölgədə hakimiyyətin Sovetlərə keçməsi üçün var qüvvəsilə çalışıb. Onlar hətta 1917-ci il noyabrın 10-da Miçunski qəzasında Sovet hakimiyyətinin qurulduğunu da elan ediblər.

Lakin mərkəzdən çox-çox uzaqda qurulan, elə bir ciddi dayağı olmayan idarə apartı demək olar ki, formalaşmamış Sovetləri 1918-ci il iyunun 18-də Çex əsirlərindən təşkil olunmuş hərbi birləşmələr və ağqvardiyaçılar kiçik bir həmlə ilə dağıdıb. Sovetlərin rəhbərləri sırasında Qeorqi İtıqin də həbs olunub. O, iki ay həbsxanada saxlandıqdan sonra İrkutskiyə sürgünə göndərilib.

Qeorqi İtıqin həbsdən azad edildikdən sonra gizli fəaliyyətə keçib, ağqvardiyaçılar əleyhinə partizan dəstələri təşkil edib. Partizan dəstələri ağqvardiyaçılara qarşı mübarizə aparsalar da, yerli əhalini də soyub-talayıb, onlara qarşı qəddarlıqlar edib. Qeorqi İtıqin məsləkdaşlarının özbaşınalıqlarına, qəddarlıqlarına xalqının xoşbəxtliyi və azadlığı naminə dözüb.

1920-ci ilin yanvarında bolşeviklərin silahlı qüvvələri ağqıvardiyaçıları məqlub edərək bölgəni Sovetləşdirdiklərini elan ediblər. Qeorqi İtıqiniə öncə mədəni-maarif komissyasına rəhbərlik etmək tapşırılıb. Az sonra isə o quberniya xalq maarifi şöbəsinə müdir təyin edilib.

Qeorqi İtıqin məsləkdaşı saydığı bolşeviklərlə ilk ziddiyyəti quberniya hərbi tribunalında və Yenisey quberniyasının güneyindəki yeni hakimiyyəti qəbul etmək istəməyən qüvvələrə münasibətə görə gərginləşib. O, müxalif qüvvələrlə danışıqlar yolu ilə sülhə və dincliyə nail olmaq istəyib. Bir neçə dəfə də həmin qüvvələrin rəhbərləri ilə danışıqlara gedib. Lakin yerli hakimiyyəti saya salmayan hərbçilər müxalif qüvvələri silah gücünə susdurmağa, daha doğrusu, onları tamamilə məhv etməyə üstünlük veriblər. Silahlı qarşıdurmada isə dinc əhali qırılıb, təsərrüfatlar dağılıb, bölgəni aclıq, xəstəlik bürüyüb.

1923-cü ilin sonlarında Xakasya milli qəzası yaradılıb. Qeorqi İtıqin qəza Sovetinə sədr seçilib. Onun bu vəzifədəki fəaliyyəti çox gərgin olub. Qeorqi İtıqin yuxarıların əmrlərinə sözsüz əməl edən bir məmur olmayıb. Çünki o, azad fikirli, müstəqil fəaliyyəti sevən, millətinin və seçicilərinin hüququnu qoruyan bir insan idi.

O, yeni inzibati vahidlə razılaşmayıb. Qərbi Sibirdə yaşayan türklərin bir inzibati ərazi bölgüsünə daxil edilməsini, bu bölgüyə də Respublika statusu verilməsini istəyib. Mərkəzi hakimiyyət isə heç vəchlə bununla razılaşmaq istəmib. Lakin bölgəni zorla idarə edə biləcək güc də yox idi. Sibirin sərt şaxtası aylarla uluslar arasında gediş-gəlişi əngəlləyir, yayda isə sərt yamaclı dağlar zəif təchizatlı Sovet əsgəri birliklərinin irəliləməsinə əngəl olurdu. Bütün bu çətinlikləri nəzərə alan Moskva bölgəni yaxşı bilən, xalq arasında nüfuzu olan Qeorqi İtıqinə güzəştə getməyə məcbur olubdursa da, o biri tərəfdən də bölgədə əhalinin milli tərkibinin dəyişdirilməsi üçün planlı iş aparıb.

Qeorqi İtıqin Moskvanın yeritdiyi siyasətlə barışa bilməyib. O, qəza Xalq Deputatlar Sovetinin iclasındakı çıxışında qeyd edib ki, bölgədəki 479 yaşayış məntəqəsindəkilərin yüzdə yetmişi xakaslar olmasına baxmayaraq, ruslar yaşayan bölgələrə büdcədən vəsait daha çox ayrılır.

Qeorqi İtıqin və onun kimi düşünən, milli təfəkkürlü, demokratik fikirli insanları susdurmaq ücün 1925-ci ildə Xakas Milli Qəzasının imtiyazları bir az artırılaraq Xakas Milli Mahalına çevrilir. Qeorqi İtıqin də mahal Sovetinin sədri seçilib. Lakin nə inzibati bölgü, nə də vəzifəsinin yüksəldilməsi ilə razılaşmayıb. O, Sibir türklərinin ana dilində məktəblər açılmasına, yeni əlifba yaradılmasına, kitablar, qəzet və jurnalların nəşrinə nail olmaqla yanaşı, 1925-ci ilin martında keçirilən Xalq Deputatlar Sovetinin II qurultayındakı çıxışında göstəririb ki, Qərbi Sibirdə yaşayan və türkcə danışan Xakaslar, Oyratlar, Şorlar üçün bir inzibati vahid- Qərbi Sibir Türk Respublikası yaradılmalıdı.

Qeorqi İtıqin bolşeviklərin yeritdiyi siyasətlə razılaşmayıb, Rusiya Kommunist (bolşevik) Partiyası Yenisey quberniya komitəsinin 1924-cü ilin sentyabrında keçirilən plenumundakı çıxışında deyib ki, Xakas hökumətində sən demə xakas yoxmuş. Onun bu fikrini quberniya XDS İcrayə Komitəsinin sədri P.İ.Şixanov da təsdiqləyib. Kommunist Partiyasının istər quberniyadakı, istərsə də, Moskvadakı rəhbərilyi bu çür çöxöşlardan razı qala bilməzdi. Hətta İosif Stalin Qeorqi İtıqini özündən razı şovinist adlandırıb.

Bölgədə milli mübarizənin gücləndiyini görən Moskva başqa siyasət yürüdüb. Ukraynadan, Mərkəzi Rusiyadan, Qafqazdan narazı insanları Qərbi Sibirə sürgün etdiyi halda müxtəlif bəhanələrlə bölgədəki xakas, oyrat, şor türklərini də Şimala – Baykala, Norilskə, Tayqanın yaşayış daha çətin olan yerlərinə sürgün edib. Beləcə türkərin kütləvi aclıqdan, xəstəlikdən ölümünə şərait yaratmaqla yanaşı, Qərbi Sibirin əhalisinin milli tərkibi də dəyişdirmiş olub.

1927-ci ilin martında Qeorqi İtıqini Novosibirsk Ölkə İcraiyyə Komitəsi xalq təhsili şöbəsinin azsaylı xalqlar bölməsinə işə gətirilib. Lakin o başladığı işi yarıda qoymayıb, şor türklərindən Y.K.Telqerekov, oyrat türkü Mixaylov-Oçi, rəssam Qurkin və başqaları ilə bilikdə Qərbi Sibir Türklərinin İttifaqını yaradıb. Bu təşkilatın planı Qərbi Sibir Türk Respublikasını qurmaq olub.

Qeorqi İtıqin 1928-ci il dekabrın 5-də Novosibirskdə şübhəli şəkildə ölüb. Lakin onun məsləkdaşları başladığı işi davam etdiriblər. 1934-cü ilin avqustunda “Qərbi Sibir Türk Respublikası” yaratmaq istədiyinə görə bölgədə yaşayan xakas, oyrat və şor aydınlarından 30 nəfərdən çoxunu istintaqa cəlb ediblər. Məhkəmə K.A.Maytakovu, A.T.Şulbayevi, V.İ. Sunçuqaşevi, A.A.Amzarakovu, Oturqaşevi, N.A.Şulabayevi, N.A.Aeşini, K.İ.Kokovu, V.İ. Kaziçakovu və başqalarını həbs edib. N.Q.Katanovun, K.K.Samrinin, T.N.Baltıjakovun, M.P.Topoyevin və başqalarının fəaliyyətində cinayət tərkibi tapmadıqlarından azadlığa buraxsalar da, onları təkrar 1937-ci ildə həbs edərək məhv ediblər.

Uzunmüddətli təzyiq və təqiblərə öz təsirini göstərib. Bu gün Qərbi Sibirdə özünü türk adlandıranlara rast gəlmək çətindir. Çünki onlar özlərini xakas, altay, şor adlandırmağa alışıb. Sovetlər Birliyi çökdükdən sonra Qeorqi İtıqin və məsləkdaşlarından çox yazılmağa, danışılmağa başlanıb. Bu da yeni nəsildə “Qərbi Sibir Türk Respublikası” yaratmaq istəyini yenidən cücərdib.

 

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=