Qulamhüseyn Saidi

QULAMHÜSEYN SAİDİ

TÜRK DÜNYASININ MƏŞHURLARI 150/2012

  Əziz və istəkli dinləyicilər! “Türk dünyasının məşhurları” proqramında sizlərə həyatını insan haqları uğrunda mübarizəyə həsr etmiş, drаmаturq, nаsir, publisist, ssеnаrist, еtnоqrаf, tərcüməçi Qulamhüseyn Saidinin ömür yolundan və yaradıcılığından söz açacağıq.

Qulamhüseyn Əliəsgər oğlu Saidi hicri-şəms təqvimi ilə 1314-cü ilin dey ayının 13-də, yəni miladi təqvimi ilə 1936-cı il yanvarın 4-də Təbriz şəhərində, yoxsul bir ailədə dünyaya göz açıb. Məktəb yaşına çatanda valideyinləri onu oxumağa göndəriblər. Balaca Qulamhüseyn də yaşıdları kimi məktəbdə anlaya bilmədiyi bir hadisə ilə qarşılaşıb. Hələ məktəbin nə olduğunu, məktəb nizam-intizamının necə olduğunu anlamayan körpələrə evdə-eşikdə, küçədə-bacada danışdıqları dildə fikirlərini ifadə etmək yasaqlanıb. Onlar məktəbə daxil olduqdan sonra mütləq farsca danışmalı idilər. Türkcə danışan uşaqlara müəllim və tərbiyəçilər hirslənir, əllərinə söyüd çubuğuyla vurur, onları cərimələyir. Cərimələri də valideyinlər ödəməli olurdu. Bu hökumətin rəsmi qanunu idi.

Farsca bilməyən körpələr zəruri təlabatlarını ödəmək üçün müəllimə müraciət edib icazə ala bilmirdilər. Uşaqlar müəllimlərin qəzəbinə tuş gəlməmək, cərimə almamaq üçün susmağı üstün tuturdular.

Türklər İranda min ilə yaxın hakimiyyətdə olsa da, dövlət idaralərində kargüzarlıq farsca aparılırdı. Ölkədə yaşayan çoxsaylı xalqların ana dilində danışmasına, məktəblər, qəzet-jurnallar açmasına qadağalar qoyulmurdu. XIX yüzilin sonları XX yüzilin əvvəllərində İngilis müstəmləkəçiləri var gücləri ilə İranı təsir dairələrində saxlamağa çalışırdılar. Qacarlar sülaləsinin son şahı Əhməd şah isə İngilislərin İranı müstəmləkəyə çevirmək cəhdinə qarşı çıxır. Bütün təzyiqlərə baxmayaraq Əhməd şahın fikrindən dönməyəcəyini görən İngilislər başqa tədbirə əl atırlar. Qacarlar sülaləsini hakimiyyətdən uzaqlaşdırır əsli-kökü bilinməyən Rzaya Pəhləvi soyadı verərək şah elan edirlər.

Rza şah elan edildikdən az sonra ölkədə rəsmi yerlərdə, məktəblərdə, toplantılarda fars dilinin Tehran ləhcəsindən başqa bir dildə danışmağı qadağan edir. Bununla da yüz minlərlə türkün, kürdün, ərəbin, bəlucun, giləkin, lorun və başqa xalqların insan haqlarını tapdalamış olur.

Məktəbdə çətin günlər yaşasa da, Qulamhüseyn Saidi fars dilini öyrənir və əlaçı şagirdlərdən birinə çevrilir. 10 yaşında ikən, yəni 1945-ci ildə Güney Azərbaycanda S.C.Pişəvərinin rəhbərliyi ilə Milli Hökumətin qurulması, ana dilində danışmaq yasağının aradan qaldırılması, məktəblərdə dərslərin türk dilində keçilməsi, dərs kitablarının, qəzet, jurnalların ana dilində nəşr edilməsi təkcə Qulamhüseyn Saidiyə deyil, ölkə əhalisinin böyük bir qisminə də güclü təsir edir.

Lakin belə sevincli günlərin ömrü az olur. İmperialist güclərin yardımı ilə şah rejimi Milli Hökuməti ləğv edir, minlərlə insanı öldürür, həbsxanalara, sürgünlərə göndərir, demokratik qanunları ləğv edir. Kiçik yaşlarında gördüyü bu haqsızlığı Qulamhüseyn Saidi ömrünün sonuna kimi unuda bilmir.

Orta məktəbdə oxuyarkən bədii yaradıcılıqla məşğul olan, ictimai işlərdə fəallıq göstərən Qulamhüseyn Saidi 1951-ci İranda başlamış demokratiya uğrunda mübarizəyə qoşulur. İctimai-siyasi fəaliyyətinə görə şah rejimi tərəfindən həbs edilir. Bir neçə aylıq istintaqdan sonra fəaliyyətində qanuna zidd heç bir şey tapmadıqlarından onu həbsdən azad etmək məcburiyyətində qalırlar.

20 yaşında Təbriz Universitetinin Tibb fakültəsinə qəbul olunan Qulamhüseyn Saidi təhsil aldığı müddətdə inqilabi əhval ruhiyyəli Səməd Behrəngi, Behruz Dehqani, Məftun Əmini, Kazım Səadəti və b. ilə dostlq edir, ölkəni gerilikdən qurtarmaq haqqında keçirilən müzakirələrdə fəal iştirak edir. Nümayişlərdə, tələbə hərəkatlarında fəallıq edən Qulamhüseyn Saidi 1961-ci ildə Təbriz Universitetini bitirib psixoloq ixtisası alaraq həkimlik faəliyyətinə başlamaq istəyir.

Lakin həkim kimi işə başlaya bilmir. Onu əsgəri xidmətə cəlb edərək Tehran şəhərinə göndərirlər. Hərbi xidtmətdə olarkən əsgərlərin həyatından bəhs edən üç qısa hekayə yazır. Bu hekayələr ölümündən sonra  “Kilk”  adlı jurnalda nəşr edilir.

 Qulamhüseyn Saidi əsgəri xidmətini başa vurduqdan sonra Təbrizə dönmür. Tehranda “Dilgüşə” adlı tibb mərkəzi açır. Əslində bu tibb mərkəzi həm də Tehranın ədəbi, fəlsəfi və siyasi fikir adamlarının toplantı yerinə çevrilir. Tehranın şair və yazıçılarından əlavə, oraya Təbrizdən dostları da gəlir. İranın görkəmli ədiblərindən Əhməd Şamlunun, Cəlal Al-Əhmədin, maarif naziri işləmiş doktor Pərviz Xanlərinin, Rza Bərahəni və b. tez-tez toplaşdıqları tibbi mərkəzə dövrün əbəbi-bədii, elmi jurnalları da gətirdilir.

Ədbiyyata şeirlə gələn Qulamhüseyn Saidi publisistikada, nəsrdə, dramaturgiyada, həmçinin tərcümə sahəsində də qələmini sınayır. 1965-1975-ci illərdə 80 əsər, o cümlədən pyes, hekayə, pantomim, roman yazır və tərcümələr edir.

1964-cü ildən Calal Al-Əhmədin rəhbərlik etdiyi İranın Tədqiqat və İctimai Araşdırmalar Mərkəzində çalışmağa başlayan Qulamşüseyn Saidi  “Keyhan”,  “İttilaat”,  “Ayəndəqan”,  “Azadi”,  “Rəhayi” və b. qəzet, jurnallara məqalələr yazır,  “Əlifba” jurnalını nəşrə başlayır. Araşdırmalar mərkəzindəki işi ilə bağlı səfərlərə çıxan Qulamşüseyn Saidi Azərbaycanın bir çox şəhər və kəndlərini, İranın cənub bölgələrini qarış-qarış gəzib dolaşır, xarici ölkələrdə olur, səfər təəssüratlarını və topladığı etnoqrafik materialları  “Xiyav, ya Meşkin şəhər”,  “İlxıçı”,  “Qaradağ”, “Körfəz kənarında xoş bir kölgə”, “Sadə havaşünaslıq”, “Ah- nalə” adlı altında kitabça şəklində çap etdirir.

Qulamşüseyn Saidi şifahi xalq ədəbiyyatının dastan janrından yararlanaraq 1965-ci ildə yazdığı “Bəyəldə yas” hekayəsi maraqla qarşılanır. Onun ardınca “Qorxu və səksəkə”, “Dəndil” və b. hekayələrini yazır. O, bu hekayələrdə şifahi xalq ədəbiyyatının müxtəlif janrlarından, xüsusən də miflərin üslubundan istifadə edir. Bu ədəbiyyatda yeni bir üslubun başlanğıcından xəbər verirdi. Qısa bir müddətə dünyanın müxtəlif guşələrində yaşayan yazıçılar bir-birlərindən xəbərsiz bu üsluba meylləndilər. Beləliklə üslub ədəbiyyatda aparıcı cəryana çevrilir və dünyanın ən ünlü qələm sahibləri bu üslubda yazmağa başlayır.

Qulamşüseyn Saidi də dünya ədəbiyyatında baş verəcək dəyişikliklərdən xəbərsiz yazıb yaradırdı. O, 1965-ci ildə yazmış olduğu səkkiz hekayəni bir yerə toplayaraq Tehranda “Bəyəldə yas” adı altında çap etdirir. Əsər oxuculardan tez İranın xüsusi xidmət orqanlarının, SAVAK əməkdaşlarının diqqətini çəlb edir. Onları kitabdakı hekayələrin yeni üslubu deyil, mövzusu bərk narahat edir. Gənc yazıçının cəmiyyətdəki nöqsanları tənqid etməsini dövlət əleyhinə aparılan təbliğat kimi qiymətlədnirib həbs edirlər.

Uzun ürən işgəncəli istintaq nəticəsiz başa çatsa da, bu əbalətsizlikdən Qulamşüseyn Saidi bərk sarsılır.

 Qulamhüseyn Saidinin sonralar yazdığı pyeslər ona geniş şöhrət qazandırdı. Bunlar əsasən pantomim səhnə əsərləri idi. Onun pantomim tamaşaları ölkənin böyük şəhərlərinin teatr səhnələrində oynanılır və televizor ekranlarında göstərilirdi. Bunlar müəllifə geniş şöhrət gətirirdi. Tənqidçilərin fikrincə Qulamhüseyn Saidinin bədii əsərləri arasında ən uğurlusu pantomim janrında yazdıqlarıdır. O, şаh rеjiminin ölkədəki xalqlara tutduğu divаnı pantomim vasitəylə verməyə çalışmışdı. Q.Saidi sonralar yazırdı ki, əhalisinin əksəriyyəti ana dilindən məhrum olan xalqın danışığı bir növ pantomim oyununa bənzəyir.

Onun  “Vərzil qolu çomaqlıları”  adlı pyesi əsasında rejissor Cəfər Vali film çəkir. Aradan az keçmir ki, İranın məşhur rejissoru Dariyuş Mehrcuyi “Bəyəldə yas” hekayələr toplusunu əsas alıb “Öküz” adlı bir filmi ekranlaşdırır. Bu film İranın kino sənətində əsaslı dəyişiklik yaradır. “Öküz” filmindən sonra İranda ictimai-siyasi məzmunlu filmlərin sayı artır. Müxalifətdə olanların əksəriyyəti, dini lider Xomneyi də filmi yüksək qiymətləndirir.

İranda şah rejiminə qarşı mübarizə başlayanda Qulamhüseyn Saidi onu alqışlayanlardan, öndə gedənlərdən olur. 1979-cu ildə İranda İslam İnqilabı qələbə ilə başa çatır. İNqilabın ümidləri doğrulmadığını gördükdə Qulamhüseyn Saidi yenidən müxalifətin cərgələrində özünə yer tapır. İran Yazıçılar Cəmiyyətini yaradanlardan biri də o olur.

İslam rejimi möhkəmləndikcə müxaliflərə qarşı təqib və təzyiqləri artırır. Qulamhüseyn Saidi dözülməz şəraitdən cana doyub 1982-ci ilin sonlarında Fransaya gedir. Parisdə olarkən Bədr Lənkərani adlı bir xanımla ailə qurdu. O illərdə “Otello qəribə məmləkətdə”, “Nurlu qəlblər”,  “Doktor Əkbər” və  “Renessans” ssenarilərini və Dariyuş Mehrcuyi ilə birlikdə  “Ev təmiz olmalıdır” hekayəsi əsasında  “Molus-Korpus” ssenarisini yazır. Parisdə olan müddətdə yenidən  “Əlifba” jurnalının nəşrinə başlayan Qulamhüseyn Saidi dörd ilə jurnalın yeddi sayını çap etdirə bilir. Qulamhüseyn Saidi “Şəhərdə bir qərib”, “Top” “Gülər üzlü tatar” romanlarını tamamlasa da, “ Ölüm yeri“, “Sınıqçı” əsərlərini tamamlayıb nəşr etdirə bilmir.

 Qulamhüseyn Saidi hicri-şəms təqvimi ilə 1364-cü ilin azər ayının 2-də, miladi təqvimilə 1985-ci il noyabr ayının 23-də – 49 yaşında Parisdə dünyasını dəyişir və Perlaşen qəbristanlığında dəfn edilir.

Ədəbi üslubu Q.Markes, Kafka, Samoel Bekt və Qi de Mopassanın üslubu ilə müqayisə edilən Qulamhüseyn Saidinin özünü isə qəfəsə salınmış, azadlığı üçün bağırmış, qəfəsin dəmir barmaqlarını gəmirsə də, xilas ola bilməyib orada yaşamaq zorunda qalmış aslana bənzədirlər. Bir gün aslan qəfəsdən azad olsa da, hərlənib-fırlanıb yenidən qəfəsə qayıdır. Qulamhüseyn Saidi də uzun illər ana dilində yazıb yaratmaq uğrunda mübarizə aparsa da, İrandan mühacirət edib Parisdə yaşayanda da Azərbaycan türcəsində yazıb-yaratmır, adət etdiyi fars dilində yazır. Amma onun mübarizəsi, ədəbiyyata gətirdiyi yenilik sonrakı nəsillərə nümunə olur.

  Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol