Qulu Kəngərli haqqında

ÖZBƏKİSTANIN “ALTUN QƏLƏM” MÜKAFATINI ALAN İLK AZƏRBAYCANLI –QULU KƏNGƏRLİ

Azərbaycan jurnalisti Qulu Kəngərlinin Özbəkistanın «Altun qələm» Milli mukafatını almasını eşidəndə sevindim. İlk dəfə idi ki, Özbəkistanda Azərbaycanlı jurnalistə belə yüksək mükafat verilirdi. Buna mən sadəcə işgüzar qələm sahibinin qiymətləndirilməsi kimi deyil, ölkələrimiz arasından münasibətlərin getdikcə yaxşılaşmasının əlaməti kimi baxıram. Digər tərəfdən də bu AzərTAc-ın kollektivinə verilən qiymətdir.

 Qulu Kəngərlini çoxdan tanıyıram. 1957-ci il yanvarın 5-də Dərələyəzin Sallı kəndində(İndiki Ermənistan Respublikasında) doğulub. 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin jurnalistika fakultəsini bitirib. 15 il Azərbaycan radiosunun xəbərlər şöbəsində redaktor, şöbə müdiri, baş redaktorum müavini işləyib.

 Mənsə onun adını 1980-ci illərdə, işlədiyim “Sovet Naxçıvanı”(Şərq qapısı)  qəzetində təcürbə keçməyə gələn naxçıvanlı tələbələrdən, onun qrup yoldaşlarından və onunla eyni illərdə oxuyanlardan eşitmişdim. O, illərdə yalnız Azərbaycan Dövlət Universitetində  jurnalistika fakültəsi vardı. Tələbələrinin sayı da o qədər az idi ki, əksəriyyəti bir-birini tanıyırdı. Qəzetləri sayı da az olduğundan yeni imza da diqqəti həmin dəqiqə cəlb edirdi. Sonra elə oldu ki, Qulu Kəngərli Azərbaycan Radiosunda işləyəndə Naxçıvana ezamiyyətə gəldi. Tələbə yoldaşları ilə də görüşdu. Birlikdə çorək yeyə-yeyə xeyli söbət etdik. Bundan sonar imzasını, efirdə gedən verlişlərini diqqətlə izləsəm də onu mənə sevdirən milli azadlıq hərəkatı zamanı tutduğu mövqe və çap etdirdiyi məqalələr, kitablar oldu.

Sovet Ordusunun 1990-cı ilin başlanğıcında Azərbaycanda törətdiyi qırğından-20 yanvardan ilk silsilə məqalələr yazan jurnalistlərdən biri Qulu Kəngərli oldu. Tökülən qanların izi itməmiş şəhidlərin siyahısını dəqiqləşdirmək, şəhid ailələri ilə görüşüb onlardan fakt toplamaq o qədər də asan deyildi. Bir tərəfdən şəhid ailələrinin qorxu hələ canlarından çıxmamışdı, o biri tərəfdən də dindirdiyi hər bir adam ona söz, fakt əvəzinə göz yaşları verirdi. Qulu Kəngərlinin 1990-cı ildə işıq üzü görən “Şəhidlər” bukletinə də göz yaşları toplusu desək, yanılmarıq. Bir il sonra isə onun "Qara yanvar şəhidləri" və “Şexidi çernoqo yanvarya" kitabı birlikdə, sonra isə  "Erməni lobbisi. Azərbaycan faciəsi" kitabı çap olundu. İkinci kitaba müəllifin  20 yanvar və  Qarabağla bağlı materialları toplanmışdır.

Hökümətdə kiçik bir vəzifə tutanların çoxu yanvar faciəsində xalqı günahlandırdığı, yaxşı halda isə susduğu günlərdə Qulu Kəngərli “Bakıda insan ovu” adlı sənədli filmin ssenarisini yazdı. Rejissor Vaqif Azəryar da isti izlərlə təsirli bir film yaradır. Nə yazıq ki, bu gün vətənpərvərlikdən daha bəlağətlə və daha gurultuyla danışan ziyalılarımız və məmurlarımız bu filmin ekranlarda göstərilməsinə bir müddət icazə vermədilər. Zaman isə öz işini görürdü. İllər keçdikcə Qulunun nə qədər haqlı olduğu və faktları vaxtında və obyektiv dəyərləndirməyi bacardığı üzə çıxırdı.

Ağrı-acıları unuda bilməyən Qulu Kəngərli gündəlik hadisələri izləyən bir jurnalist kimi məqalələr yazmaqla kifayətlənmir, mövzunun araşdırıcısına çevrilirdi. Beləcə 1997-ci ildə Azərbaycan Ensiklopediyası nəşriyatında çap olunan "Qanlı şənbəyə gədən yol" kitabı meydana çıxdı. Onda mən də ensikilopediyada çalışır belə kitabların nəşrini alqışlayır və əlimdən gələni əsirgəmirdim.

1998-ci ildən Qulu Kəngərlini AzərTAc-ın Orta Asiya və Qazaxıstan uzrə muxbiri  təyin edirlər. O, Orta Asiya və Qazaxıstan AzərTAc-ın müxbiri kimi vəzifə borcunu yerinə yetirməklə qalmadı.  Türküstanda yaşayan Azərbaycanlılarla bağlı materiallar topladı, onlarla görüşdü. Topladığı materiallar əsasında  "Sürgün" sənədli filminin ssenarisini yazı və Daşkənddəki “Dabana” studiyası ağrı-acılarımızla bağlı bu filmi çəkdi. Min bir zəhməti bahasına, özünün də maaşından xərclədiyi vəsaitin hesabına başa gələn filim Azərbaycanda bu günədək göstərilməyib. Səbəbi də nə siyasi, nə də iqtisadi məsələ ilə bağlıdır. Sadəcə və sadəcə məmur özbaşınalığıyla, sözdə millətdən, vətəndən, türkcülükdən danışanların vəzifəyə keçdikdən sonra maddi maraqlarına hər şeyi qurban vermələi ilə bağlıdır.

Azərbaycanı müxtəlif səbəblərdən tərk edərək Türkistanda yaşamalı olmuş Yusif Qarabaği, Seyid Rza Əlizadə,  Firudin Səfərov və b. haqqında yazdıqlarını həyacansız oxumaq olmur. Əslində onun bir məqalədə  söylədikləri böyük bir monoqrafiyanın xülasəsi rolunu oynayır. Bununla sanki araşdırıcılarımza deyir: “Bu məsələlər indiyədək öyrənilməmiş qalıb, ona diqqət yetirin!”

Azərbaycanla Özbəkistan  arasında bir körpu rolunu  oynayan Qulu Kəngərli buradan oraya kitablar, lentlər, filimlər apardığı kimi oradan da buraya daşıyır. Çoxunu da öz maaşı hesabına alsa da təmənnasız verir. Təki jurnalistlərimiz, alimlərimiz bu faktlardan istifadə etsinlər, təki ölkələrimiz arasında əlaqələr yaxşılaşsın. Bəzən də incə yumoru söylədiyi bir iki sözlə tarıximizi, mədəni və mənəvi birliyimiziyada salır. Özbəkistanda: “Nədən işləmək üçün buranı seçdın?” sualı verənlərə “Babalarımın qurmuş olduğu Kanqar dövlətinə sahib çöxmaq üçün!” deməsilə çoxlarını çaşdırır da. Çaşanların bir çoxu gedib tarıx kitablarını oxuduqdan, Türklərin qurmuş olduğu Kanqar dövlətindən xəbər tutduqdan sonra gəlib ona minnətdarlıqlarını bildirirlər.

O bu gün də Özbəkistanda, xüsusən də Qaraqalpaq Muxtar Respublikasında yaşayan, kanqarlı soyadını daşıyanlarla görüşəndə onlara “əmioğlu” deyə müraciət etməklə bir çaşqınlıq yaradır. Özlərini özbək, qaraqalpaq sayan kanqarlılarin Azərbaycanda da kəngərlilərin geniş yayıldıqlarını eşidəndə təəccüblənirlər.

İçində coşğun bir Özbəkistan sevgisini gəzdirən Qulu Kəngərlinin çoxsahəli fəaliyyədi, yaradıcılığı bir tədqiqat obyekti, monoqrafiya mövzusudur.

Biz isə qəzetin imkanlarını nəzərə alaraq Qulu Kəngərli ilə bağlı bir xatirə ilə yazını tamamlayırıq.

Tələbəlikdən “Divani Lüğət-i it Türk” ün ilk tərcüməçisi, milliyətcə özbək türkü olan Xalid Səid Xocayevin doğulduğu yerə getmək, onun qohumlarını görmək, oradan material toplamaq arzusunda olmuşdum. 40 ilə yaxın bu istəyimi reallaşdıra bilməmişdim. Qulu Kəngərlinin sayəsində 2009-cu ilin sentyabrında istəyimə çatdım. Türkməsnistanın Daşoğuz vilayətində keciriləcək “Koroğlu və mühiti” simpozyumuna hamı kimi rahat Bakı-Aşqabad təyyarəsi ilə getmədim. Bakıdan Daşkəndə getdim. Qulu bəy məni qarşıladı, özbək yazıçı və şairlərini, televizyanı topladı. Dəstə halında Bostançı rayonunun Koşkurqan kəndinə-yəni Xalid Səid Xocayevin kəndinə apardı. Qohumları ilə göruşdürdü, alimin doğulub gəncliyini keçirdiyi evdə bir çay da içdik. Bu sadə bir gəzinti olmadı. Koşkurqanlılarda xatirələri oyatdı, böyük türkoloq olan həmyerlilərinə sahib çıxmaq, onun xatirəsini laiqincə dəyərləndirmək istəyini artırdı.

Mən Daşkənddən Urgəncə, oradan da Daşoğuza gedib qayıdana kimi o, Azərbaycan mövzusunda yazan və tərcümə edən şairləri, tərcüməçiləri bir yerə toplayaraq görüşümüzü təşkil etdi. Bu tanınmış insanların görüşdən necə məmnun qaldıqlarının, necə ilhamlandıqlarının şahidi oldum. Onları ilhamlandıran sadəcə mən deyildim. Onlar mənim timsalımda Azərbaycanı görür, Azərbaycanda onları tanıdıqlarına və əməklərinin yüksək qiymətləndirildiklərinə sevinirdilər.

Bir daha şahidi oldum ki, Qulu Kəngərli hər kiçik imkandan da istifadə edərək Azərbaycan – Özbəkistan münasibətlərini yaxşılaşdırmağı bacara bilir.

Əli Şamil

Çap olundu:Özbəkistanın “Altun qələm” mükafatını alan ilk azərbay­canlı – Qulu Kəngərli. “Türküstan” qəzeti, 30 may-5 iyun 2010-cu il, sayı 18, səh.13

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol