Rızatdin Fəxretdin

Rızatdin Fəxretdin

TÜRK DÜNYASININ MƏŞHURLARI 142/2012

Əziz və istəkli dinləyicilər! “Türk dünyasının məşhurları” proqramında sizlərə ömrünü vətən və millət yolunda şam kimi əritmiş, lakin uzun illər xidmətləri layiqincə qiymətləndirilməmiş, bir sözlə, bilərəkdən unutdurulmağa cəhd edilmiş insanlardan söz açmağa çalışırıq. Bu günkü verilişimizdə sizlərə başqırd xalqının oğlu, keşməkeşli bir ömür sürmüş, yazıçı, pedaqoq, alim, din adamı Rızatdin Fəxretdinin ömür yolundan və yaradıcılığından  söz açacağıq.

Türklər adətən atalarının adı ilə çağrılırlar. Ata adı ilə tanınmayanda və ya eyni adlılıq yarananda onda nəsl və tayfanın adını əlavə edirlər. Hind-Avropa dillərində isə soyadı önəmlidir və birinci soyadı işlədilir. Rızatdin doğulduğu bölgədə, tanış və qohumları arasında Faxretdin oğlu kimi tanınsa və çağrılsa da, Rusiyanın rəsmi sənədlərində ona soyadı vermək gərək idi. Ona görə də ata adı həm də soyadı kimi yazılmağa başlandı. Beləcə Rusiyanın rəsmi sənədlərində onun adı, ata adı və soyadı Rızatdin Fexretdinoviç Faxretdinov yazıldı. İctimai-siyasi, elmi və ədəbi aləmdə isə onu daha çox Rıza Fəxretdin kimi tanıdılar.

Rıza Fəxretdin 1859-cu il yanvarın 16-da, yəni Rusiyanın işğaldan sonra yaratdığı Samara quberniyası Buqulminski qəzasının Kiçuçatov kəndində imam Fəxretdin bin Sayfutdinin ailəsində anadan olub. İndi bu kənd Tatarıstan Resbublikasının Almetev rayonundadır. Rıza doğulan vaxt da, ondan hələ çox sonralar da tatarlarla başqırdlar indiki kimi ayrılmamışdılar. Ona görə də Rızatdənin özü belə sənədlərində milliyəti qrafasında gah tatar, gah başqırd yazıb.

Çoxuşaqlı ailədə dünyaya göz açan Rızatdin ilk təhsilini savadlı anasından və kənd məscidinin imamı olan atasından alıb. Onun anası Köhnə İştiryak kəndinin imamı Ramkulun qızı Məhbubə xanım olmuşdur. Məhbubə xanım da dini təhsil gördüyündən övladlarının ilk təhsili ilə evdə özü məşğul olmuşdur. Valideynləri onu Çistopol mədrəsəsinə oxumağa göndəriblər. 1867-68-ci ildə bu mədrəsədə oxuyarkən sufi şeyxi Zakir İşan Kamalovdan dərs alır. Oradakı təhsilini uğurla başa vurduqdan sonra  Aşağı Şelçel kəndindəki mədrəsədə oxuyur. Bu mədrəsədə dərs deyən, dövrünün tanınmış din alimi Əbd Alfatdin Əbd Akayumomu Rızatdin hər zaman hörmət və ehtiramla xatırlayır. O, mədrəsəni bitirdikdən sonra orada 1889-cu ilədək müəllim işləyir.

Az zamanda savadlı və geniş dünyagörüşlü din alimi, səmimi və qayğıkeş insan kimi tanınan Rızatdin Fəxretdin biliklərə qədim əlyazmaları oxumaqla, öz üzərində fərdi qaydada çalışmaqla və dövrünün savadlı adamları ilə söhbətlər, bilik mübadiləsilə nail olur.

Savadlı insanlarla görüşməyi, onlarla söhbət etməyi və səyahəti sevən Rızatdin 1881-ci ildə Kırıma gəlir. Orada İsmayıl bəy Qaspıralı ilə görüşüb söhbətləşir. Rızatdinin Kırıma səfərində Kazanın məşhur iş adamı, tacir İsfəndiyar Akçuranın qızı,  Peterburqdakı qadınlar məktəbini bitirib əmisi ilə Kırıma gəzməyə gəlmiş 16 yaşlı Zöhrə xanım və onun əmisi də iştirak edir. Rızatdin Zöhrə xanıma İsmayıl bəyin məqalələrini verir. Zöhrə məqalələri oxuduqdan sonra İsmayıl bəylə tanş olmaq istəyir və onunla evlənmək qərarına gəlir. Bu işə Zöhrənin atası İsfəndiyar razı olmasa da, Rızatdin belə bir ailənin xoşbəxtliyini öncədən görür. Rızatdinin də yardımı ilə İsmayıl bəylə Zöhrə xanım evlənir.

Rızadtin Fəxretdinin ərəb dilində yazdığı ilk kitab – “Kitabe ət təsruf” 1887-ci ildə Kazan şəhərində çap olunur.

1889-cu ildə Buqulm qəzasının İlbak kəndindəki məsciddə imamlıq edən və mədrəsədə dərs deyən R.Fəxretdinovu qazı seçirlər. Bu 30 yaşlı bir gənc din xadiminə göstərilən böyük etimad idi.

Az keçmir ki, gənc qazının sorağı hər yerə yayılır. Onu Ufadakı Sibir və Uralətrafı bölgə Müsalmanlarının Dini İşləri İdarəsinə işə gətirirlər. Dini idarədə işləməklə yanaşı, bölgələrdəki qazıları və məscid imamlarını savadlandırmaq məqsədilə islami qanunlarının, şəriətin və fikhin zamanla necə uyğunlaşdırılması haqqında məqalələr yazır.

 Ufada Dini İşlər İdarəsində qazı işlədiyi vaxt Rızatdin Fəxretdin  dini əsərlər yazmaqla yanaşı, bədii yaradıcılıqla da məşğul olur. “Səlimə və ya İffət” hekayəsini, “Əsmə və ya əməl və cəza” romanlarını yazmaqla tatar-başqırd nəsrinin inkişafına təsir göstərmiş olur.

1906-cı ildə onu tatar dilində  nəşr olunan “Vaxt” qəzetinə redaktor müavini vəzifəsinə dəvət edirlər. İki il orada işlədikdən sonra Qızıl sənayeçisi Rameyevin vəsaiti ilə Orenburqdakı çap olunan “Şura” jurnalını redaktə etməyə dəvət edirlər. Rızatdin Faxretdin 10 il, yəni “Şura” jurnalı bağlanana kimi onun redaktoru olur. O, mühafizakar bir din xadimi olaraq qalmır. Xurafata, cəhalətə, geriliyə qarşı mübarizə aparır, dünyada baş verən dəyişikləri islami yöndən dəyərləndirir. Onun redaktorluğu dövründə “Şura” jurnalı bölgəsəl bir jurnaldan çox Rusiya əsarətində olan türk, müsəlman xalqlarının dərdlərini, düşüncələrini yayan bir orqana çevrilir. Jurnalda Bakıda, Gəncədə, Şuşada, Tiflisdə, İrəvanda, Qarsda baş verən ədəbi-mədəni tədbirlər haqqında da məqalələr çap olunur.

Ş.Mərcaninin, C.Əfqaninin, M.Abdonun islahatçı fikirlərini bəyənən və onların yolu ilə gedən Rızatdin Fəxretdin dini kitablar yazaraq çap etdirir. Onun yazdığı kitabların sayı 50-ə, çap etdirdiyi məqalələr isə 700-ə yaxındır.

“Şura” jurnalının redaktoru olmaqla yanaşı, “Hüseyniyə” mədrəsəsində dərs deyən, kadr yetişdirməyə önəm verən Rızatdin dövrün keşməkeşli anlarında təmkinini itirmir. Romanovlar sülaləsinin hakimiyyətdən uzaqlaşdırılmasından və çar II Nikolayın bolşevik cəlladları tərəfindən nəslinin qəddarlıqla kəsilməsindən sonra Orenburqda da vəziyyət ağırlaşır. Şəhər gah bolşeviklərin, gah ağqvardiyaçıların əlinə keçir.

Tatar-başqırd vətənpərvərlərinin bir qismi qarışıqlıqdan yararlanaraq müstəqil dövlətlərini qurmaq istəyirsə, bəziləri muxtariyyat uğrunda mübarizə aparır, bəziləri bolşeviklərlə, bəzilər ağqvardiyaçılarla birlikdə hərəkət edir. Eserlərin, menşevikləri tərkibindəki tatar–başqırdlar, eləcə də qazax, qırğız, özbək və b. türklər milli dövlətlərin yaranıb möhkəmlənməsinə əngəl olurlar.

1918-ci ildə yenidən Ufaya dönən Rızatdin Fəxretdin ağır və çətin günlərini yaşayır. Dörd cildlik “Asara” adlı xatirə və düşüncələrinin yazan müəllif elmi axtarışlarından bir an da olsa qalmır. Tatar-başqırd xalqı haqqında ensklopedik bilgilər toplayır. “Yınıs”, yəni Oyanış adlandırdığı bu əsər üzərində ömrünün sonunadək işləyir. 1160 səhifəlik əlyazma iki ciliddən ibarətdir.

Məqalələrini çox vaxt adının qısaldılmış şəkli olan Rıza, soyadını da Rus sənədlərində yazıldığı kimi deyil, “ov”suz, yəni Fəxretdin kimi yazan din alimini 1922-ci ildə yenidən Dini İşlər İdarəsində işə dəvət edirlər. Hər zaman KQB təqibi altında olsa da, fəaliyyətini bir an da olsa durdurmur. 1926-cı ildə Məkkədə  çağrılan Ümumdünya İslam Konfransında iştirak edir.

Rıza Faxretdinin arxivində yalnız islam dunyasının alimlərindən deyil, ABŞ-ın, Kanadanın, İspaniyanın, Çinin, Fransanın, Almaniyanın, Skandinaviya ölkələrinin alimlərindən gəlmiş məktublar qorunub saxlanır. 1922-23-cü illərdə Azərbaycanda Azərbaycanı Öyərənən Cəmiyyət, o dövrdə Tədqiq-Tətəbbö Cəmiyyəti yaradıldığı kimi Ufada da Başqırdıstanı Öyrənən Cəmiyyət yaradılmışdır. Bu günkü elmlər akademiyalarının ilk ruşeyimi olan bu təşkilatın işində müfti Rızatdin Fəxretdin də yaxından iştirak etmişdir.

1929-30-cu illərdə dinə qarşı Sovetlərin  təpkisi sərtləşəndə, “əlifba inqilabı” adı altında kitablar məhv ediləndə Rızatdin Fəxretdin sərt etirazını bildirir. Dini İşlər İdarəsinin bütün heyəti ilə birlikdə iftefa verir. Mədrəsələrdəki, məscidlərdəki kitabları dövlət arxivlərinə toplamağa çalışır.

Rəsmi vəzifədən uzaqlaşsa da, elmi fəaliyyətini təzyiq və təqib altında davam etdirir. Ona qarşı təqib və təzyiqlərin güclü olmasının bir səbəbi də Rızatdinin 10 bacı qardaşının əksəriyyəti din xadimləri olması idi. Gələcəyin böyük şairi Fatix Karimin anası Maududa isə bacısıydı.

Rızatdin Fəxretdin 1937-ci ilin kütləvi həbslərindən 1936-ci il aprelin 16-da ölümü ilə qurtulur. Lakin onun əsərləri repressiyadan yaxa qurtara bilmədi.

Sovetlər Birliyi çökdükdən sonra Rızatdin Fəxretdinin əsərlərinə, adının əbədiləşdirilməsinə, kitablarının nəşrinə diqqət artır.    

Mətni yazdı Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol