Rauf Denktaş haqqında

 

Hürriyyət zor kazanılan,

      kolay kayb ediləndir: –

              RAUF DENKTAŞ

 

                            

 

 

 Allah ömür versin Rauf Denktaşa

                             O, hər kəslə tək-tək çıkıyor başa

                             Zafar inananın denməmiş boşa

                             Deyir ki, sırtımı haqqa dayarım,

                             Göz dikənin gözlərini oyarım.

                                                                           Ozan Arif

                                               

   Azərbaycan Xalq Cəbhəsinin tapşırığı ilə yola düşdük. Bizim Kipr kimi tanıdığımız, türkiyəlilərin və özlərinin Kıbrıs dediyi adaya getməliydik. Azərbaycanda bu yerlər haqqında yazılanları diqqətlə oxumuşduq. İlk baxışda bilgimiz yetərincəydi.

   1992-ci il avqustun 25-də uçaqdan endikdə gördüyüm mənzərə ilk anda məni şaşırtdı. Xəyalımda palma ağacları  göylərə baş çəkən ekzotik ada canlandırmışdım. Yovşan qoxulu çöl, bir də uzaqda cərgələnən dağlar buranı hər gün gördüyüm Naxçıvana oxşadırdı. Keçitkale hava limanından Kirne şəhərinə yollandıq. Bu yerlərin təbiəti isə mənə Lənkəran-Astara bölgəsini xatırlatdı.

   Nə turistlər sayaq səfərə çıxmışdıq, nə də dəniz sahillərindəki gözəl istirahət guşələrində dincəlməyə getmişdik. Məqsədimiz Quzey Kıbrıs Türk Cümhuriyyətini yaxından tanımaq və Azərbaycana tanıtmaq idi. Öndə görünən bu məqsədin arxasında isə Azərbaycan Respublikasının Quzey Kıbrıs Türk Cümhuriyyətini tanımasına əngəl ola biləcək səbəbləri öyrənmək dururdu. Bu fikir yeni deyildi. 1991-ci ilin payızında Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında səslənmişdi. Baş nazir Becan Fərzəliyev Naxçıvan Muxtar Respublikasının Quzey Kıbrıs Türk Cümhuriyyətini tanıdığına dair qərar qəbul edilməsini və Azərbaycan Respublikası Ali Sovetinin də məsələni gündəliyə daxil edib müzakirəyə çıxarmasını təklif etmişdi. Lakin onun təklifi qəbul edilməmişdi. Kommunist bloku adlandırılan qrupdan olan millət vəkilləri e’tiraz etmişdilər. Onların fikrincə, Azərbaycan belə bir addım atsa Yunanıstan və başqa ölkələr də Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyar.

  Mübahisələrin belə gərginləşdiyi vaxtda Kıbrısın son 30 illik tarixini göz önünə sərən olmadı. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Rusiya Qafqazı işğal edəndən sonra buraya İrandan, Türkiyədən erməniləri köçürüb öz dayağını möhkəmlətsə də, onlara nə mədəni, nə də inzibati muxtariyyət vermədi.  Azərbaycan SSR yaradılandan üç il sonra, yə’ni 1923-cü ildə öz ərazisində yaşayan ermənilərə muxtar vilayət hüququ verdi.

  Kıbrısın durumu isə tamam başqadır. Ərazisi 9251 kvadrat kilometr olan Ağ dənizin doğusunda yerləşən bu ada 1571-1878-ci illərdə Osmanlı İmperiyasının tərkibində olub. 1878-ci ildə buranı Böyük Britaniyaya icarəyə vermək məcburiyyətində qalıb. Birinci Dünya savaşında Osmanlı imperiyası məğlub olduğundan 1923-cü il Lozan sülh anlaşmasına görə ingilislərin adada nəzarəti güclənib. Lakin bu, Türkiyənin ondan əlini tam çəkməsi demək deyildi. Bunu sonrakı andlaşmalardan da aydın görmək olar. 1959-cu ildə London-Sürix anlaşmasına görə B.Britaniya, Türkiyə və Yunanıstan Kıbrısın müstəqilliyinin qarantı e’lan edildi.1960-cı ildə isə adada müstəqil dövlət—Kıbrıs Respublikası yaradıldı. Qəbul edilmiş Ana Yasaya görə, dövlət və hökumət başçısı prezident idi. Prezidenti beş il müddətinə yunan icmasının, vitse-prezidenti isə həmin müddətə türk icmasının əhalisi seçirdi. Qanunverici hakimiyyət birpalatalı parlamentdən - Nümayəndələr palatasından ibarət idi. Deputatlarının 35-i yunanlar, 15-i  türklərdilər. İcra orqanları 7-nin 3-ə  nisbətindəydi.

  Ana Yasaya görə Kıbrıs Respublikasının Türkiyə və Yunanıstanın birlikdə üzv olmadıqları uluslararası birliyə daxil olması yasaqdı.

   Azərbaycan Respublikasında hakimiyyətə demokratik qüvvələrin gəlməsi Qüzey Kıbrıs Türk Cümhuriyyətini tanımağa şərait yaratmışdı. Bunun üçün də  qarşıya çıxa biləcək suallara aydın və geniş cavab hazırlamaq, ictimai fikri formalaşdırmaq üçün   AXC sədri ideoloji işlər üzrə müavini Arif Rəhimoğlunu oraya göndərmişdi.

   İşə başlamazdan öncə Türk xalqının azadlığı uğrunda canından keçən şəhidlərin məzarı başında dayanıb ruhlarına Fatihə oxumaq arzusunda olduğumuzu bildirdik. Belə bir tədbirin proqrama salındığını söylədilər. Əslinə qalsa adanın az qala hər qarışında türk şəhidlərinin və soyqırımına uğramış insanların toplum məzarlıqları var. Yunanlar yaşayan ərazilərdəki məzarlıqlar itib-batmışdır. Oraya nə getmək mümkündür, nə də abidə ucaltmaq. Bu   məzarlıqlar heç də türklər yaşayan tərəfdəkindən az deyil. 1963-1974-cü illər arasında yunanların 103  türk kəndini dağıtdıqlarını, minlərlə dinc sakini öldürdüklərini, 50 min qadın zorladıqlarını söyləyirlər.

  Biz isə yalnız türklər yaşayan bölgədəki bir neçə toplum məzarlığı - Murataa, Sandallar, Atlıları ziyarət edə bildik. Məzarlıqlar da Britaniya oraya müstəqillik verdikdən sonra müstəmləkəçilərin fitnə-fəsadından xəbər verir. Milli ədavət qızışdırılıb elə bir vəziyyətə gətirilib ki, azadlıqla qırğın-qiyamət eyni vaxta düşüb.

    Osmanlı hakimiyyəti illərində adada soyqırımına, milli ədavətə, dini ayrıseçkiliyə aid bir fakta belə rast gəlmək olmur.

    1958-ci ilin 13 Temmuzunda yunanlar Sərdarlı köyünə gedən avtobusu yandırıblar. Avtobusdakıların əksəriyyəti müxtəlif dərəcədə xəsarət alıb. Hüseyn Hasan, Arif Hasan, Hasan Süleyman isə ölüb. Onların da qəbirləri Atlılar köyünün yaxınlığındakı toplum məzarlıqdadır. Bu yerləri ürək ağrısız gəzə bilmirsən. İnsan olduğuna görə xəcalət çəkirsən . Vəhşi heyvanlar belə hətta öz cinslərindən olmayan canlıların balalarına dəymədiyi, bə’zən onları bəsləyib böyütdüyü halda, insanlar dilsiz-ağızsız körpələri belə «of» demədən öldürürlər. Toplu məzarlıqda 16 günlük Seldin Ali Foşqin,  15 aylıq Bətin Hüseyn, 18 aylıq Kağan Kamil Mericlə yanaşı, 65 yaşlı Rehmə Camalın da qəbri var. Bir ailədən 15 nəfər öldürülüb. Fatma Kamil Mericin məzarı yanında 6 yaşlı Vedinin, 4 yaşlı Yoncanın, 3 yaşlı Ozanın, 2 yaşlı Hakanın məzarları sıralanıb.

  Sandallar köyündə isə 1974-cü ilin 14 avqustunda 89 nəfər qəddarlıqla öldürülüb. Öldürülənlərin ən kiçiyi 4 aylıq olub, ən böyüyünün isə yaşı yüzü haqlayıbmış. Adada çoxlu abad şəhər və kəndlər olsa da, sakinləri öldürülmüş və qovulmuş kəndlər bu gün də xarabalıqdır.

  Qazimağosa şəhərində bələdiyyə başqan vəkili olan Ahmət Yarğançı oğlu Azərbaycandan gəldiyimizi biləndə sevinclə «O çətin günlərdə azərbaycanlılardan da bizimlə çiyin-çiyinə vuruşan, türkün irz və namusunu qoruyan arkadaşlarımız vardı» - dedi. Onun bu sözündən qürur duydum. Amma yaxşı bilirdim ki, 1974-cü ildə Sovetlər Birliyinin dəmir pərdəsini heç kim yırtıb Kıbrıs türklərinə köməyə gedə bilməzdi. Söhbətdən Kıbrısa köməyə gedənlərin vətənimin güneyindəki Urmiya, Salmas, Mərənd və b. bölgələrindən olduğunu öyrəndim.

   Ahmət Yarğançı oğlu 1970-1974-cü illərdə Murataada müəllimlik edib. Babası Mehmed, nənəsi Zührə də bu kənddə yaşayırlarmış. Soyları əsasən nalbəndlik etdiyinə görə babası Mehmedin də soyadı Nalbənd imiş.  Zührə və Mehmed Nalbənd soy adlarını Murataa toplum məzarlığında görmüş ruhlarına Fatihə oxumuşdum. Ahmət bəylə görüşəndən sonra qəddarlıqla öldürülən 70-80 yaşlı qocaları öz əzizlərim, yaxın adamlarım kimi xatırladım.

   Ahmət bəy döyüşlərdən dönəndən sonra  babası və nənəsiylə yanaşı dərs dediyi uşaqların da öldürüldüklərini gördüyündən ürək ağrısıyla danışır. Yadıma Ozan Arifin Kıbrısa həsr etdiyi mahnıdan bir bənd düşür:

 

            Kıbrıs deyə coluq-cocuq ölmüşüm.

            Öz malımkən orta yerdən bölmüşüm

            Gələ-gələ şu nöqtəyə gəlmişim  

            Vallahi bak bölməkdən də cayarım.

            Göz dikənin gözlərini oyarım.

 Kıbrıs mənim üçün uzaq bir diyar idi. Gəzdikcə hər addımı tanış gəlir, toplu məzarlıqları ziyarət etdikcə, danışılan faciələri dinlədikcə, gözlərim önünə erməni cəlladlarının 1905, 1918-20, 1988-92-ci illərdə Naxçıvanda, Göyçədə, Gəncədə, Qarabağda, Qubada, Lənkəranda və b. bölgələrdə törətdikləri cinayətlər  gəlir. Bir-birindən istər məsafəcə, istər tarixcə ayrı olsa da üslub eynidir. Orada yunanlar, burada erməni cəlladları eyni işi görüblər. Törətdiyi cinayətlərin metodları o qədər oxşardı adama elə gəlir  bu cinayətlər eyni şəxslər tərəfindən törədilib.

    Avqustun 27-də Lefkoşada (Nikosiya) prezident sarayında Rauf Denktaşla görüşürük. Bu görüşə qəbul imtahanına hazırlaşan yeniyetməsayaq hazırlaşmışdıq. Yalnız söhbət konusu olacaq mövzuda faktlar və rəqəmlər toplamamışdıq Rauf Denktaşın ömür yolunu da dərindən öyrənmişdik. Əslində onun ömür yolu da Kıbrıs Türk kəsiyinin tarixi ilə sıx bağlıdır.

  1924-cü il ocakın 27-də Baftada doğulan Rauf ailənin 6-cı uşağı olub. İki qardaşı körpə ikən öldüyündən və anası da Rauf doğulandan 18 ay sonra vəfat etdiyindən ailənin sonbeşiyi olub. Uşaqlığını ana babasının və nənəsinin yanında, sonra isə ata nənəsinin yanında keçirib. 1930-cu ildə atası  onu da qardaşları kimi Türkiyəyə oxumağa göndərib.

   Rauf bəy İstanbulda bir il  oxuya bilir. Özünün dediyi kimi “o olaylarda ingilis parasında bir düşmə oluyor”. Uşaqlarının xərcini ödəyə bilməyən və tək qaldığına görə darıxan ata sonbeşiyini geri gətirdir. Həmin illərdə dərsliklər, məktəbdə öyrədilən marşlar ingilis müstəmləkəçilərinin zövq və istəyinə uyğun qurulsa da, Turqut Sarıca kimi müəllimlərin sə’yi nəticəsində uşaqlara gizli də olsa Türkiyənin milli ruhlu şairləri tədris edilir, onların əsərlərindən parçalar öyrədilirmiş. Uşaqlıq illərini xatırlayanda Rauf bəy bunu da tez-tez təkrarlayırdı: “Ben savcılıkta ikən eski evraklar arasında bir makamın digər bir makama göndərdiyi yazıda babamın haqqında: “Bu şapka geyən Kemalist və Anti Britişdir” ifadəsini gördüm.

 Rauf Denktaşın uşaqlıq xatirələri bu günkü mübarizəsinin başlanğıcıdır: “O zaman hər yerdə Rum yoktu. Mahallelər yenə ayrıydı... Rum cocuqları oyun mahiyyətində zopayla,taşla və s. türk mahallelərinə  saldirı düzenlerler, ertəsi gün isə türk çocuqları onlara karşılık verir, saldırıya keçərlərdi. 1930-larda Kıbrısın 500 köyündə türklər və yunanlar birgə yaşayırdılar... Hər on ildən bir təkrarlanan statistikadan açıqca görülür ki, əhalisi qarışıq yaşayan 500 köy  ildən- ilə azalmışdır. Əgər orada türklər azlıq təşkil etmişlərsə,  onlar köç etmişlər, rumlular azlıqda qalanda isə onlar  köyü tərk etmişlər. 1960-cı ildə bu 500 köydən  130-u qalmışdı”.

    Həm  Türkiyədə, həm də Kıbrıs türkləri arasında “yunan” yerinə “rum” kəlməsi işlədilir. Uşaqlıq illərində göyümüzə gəlib dülgərlik, bənnalıq, və s. edənlərə də “rumlu” deyərdilər. Onlar həmişə, istər iş görəndə öz aralarında, istərsə də bizimlə danışanda türk ləhcəsində danışardılar. Qısa müddətdə də bizim ləhcəni öyrənə bilirdilər. Xristian dininə inanan bu insanlar arasında belə bir fikir vardı. Guya, Osmanlı Sultanları onlara deyiblər: “Ya dininizdən keçin, ya dilinizdən!” Onlar da dinlərini qoruyub, dillərini dəyişiblər.

   Türklərin “Kıbrıs”, bizim isə “Kipr” deməmizin fərqini də orada öyrəndim. Biz adanın adını Rus dilindən, ruslar da onu Avropa dillərindən təhrif edilmiş şəkildə alıblar. Əslində, adanın adı latınca “Kuprium” sözündəndir. Vaxtilə burada olan zəngin mis yataqlarına görə ada belə adlanıb. Adanın sahillərini yuyan dənizin adını da Rus dilindən tərcümə edərək “Aralıq dənizi” kimi işlədirik. Ruslar bunu da Avropa dillərindən tərcümə ediblər. Türklər isə bu nəhəng dənizi —“Ağ dəniz” adlandırırlar. Qüzey-doğuda Qara dəniz, Güney-doğuda Qırmızı dəniz varsa, Qara dənizin yaxınlığında Ağ dənizin olması da təbiidir. (Görünür, dilimizdəki  alınma sözlərə yenidən baxıb  dəyişməliyik.)

  Rauf bəyin atası Solyalı kəndindən imiş. Böyüyüb hakim, vəkil işləyəndə də  bu kəndlə əlaqəsini kəsməyib. Tə’til aylarının bir qismini öz kəndində, yerliləri ilə keçirərmiş. Uşaqlarını da tez-tez kəndə aparar, onlara əkin-biçin işlərini öyrədərmiş. “Oxuyacaqsınız, çalışacaqsınız və məmləkətin dərdlərini biləcəksiniz”—deyərmiş.

  Peşə seçəndə də Rauf bəy atasının məsləhətinə əməl edib. Atası deyib: “Sən güclü bir advokat, qorxusuz bir qəzetəçi olmalısan!” 1941-ci ildə atası öləndə Rauf bəy ingilis məktəbinin son sinfində olub. Gəncliyində atası kimi Kıbrısdan türklərin köç etməsini  əngəlləməyə çalışıb. Bu adanın ən böyük problemi idi. Yunanlar adadan türkləri müxtəlif vasitələrlə sıxışdırıb çıxardıqdan sonra Yunanıstana birləşdirmək arzusundaydılar. Dağlıq Qarabağ erməniləri arasında «Miatsum» necə dəb olubsa, Kıbrıs rumluları arasında da “ENOSIS” kəlməsi elə dəbdə olub. Əslində ermənilərlə rumlular arasında belə oxşarlıqları çox tapmaq olar.

  Ozan Arif isə bu yerlər haqqında belə oxuyur:

 

       O bənimdir! Yad ayağı basamaz,

      «Əsmə!» dersəm ruzgar belə əsəməz,

       Kıbrıs için kimsə ehkam kəsəməz

       Ora bənim ata-baba diyarım

       Göz dikənin gözlərini oyarım.

 

     

       Kıbrıs halalımdır türklük ölməzsə,

       Umurumda  deyil kimsə bilməzsə,

       Dünya şahid olsun, əyər olmazsa.

       Kəndi nigahımı kəndim qıyarım

       Göz dikənin gözlərini oyarım.

 

  1942-ci ilin başlarında Girnedə doktor Fazil Küçükün “Xalqın səsi” qəzeti gənc Raufun diqqətini çəkir. Qəzetdə gah imzasız, gah da “Akın Yılmaz”, “Denktaş” imzaları ilə məqalələr yazır. Litseyi bitirdikdən sonra qısa müddət tərcüməçilik, müəllimlik edən Rauf Denktaş, nəhayət arzusuna çatır. Londonda hüquq təhsili almağa yollanır. Üç illik təhsilini  iki il yarımda başa vurub vətənə dönür.

   Kıbrıs hələ Kral Britaniyasının müstəmləkəsi olanda “ENOSIS” - adanın Yunanıstana birləşdirilməsi hərəkətı başlamışdı. Bu işdə kilsələr xüsusilə fəallıq göstərirdilər. 1931-ci il üsyanından sonra adadan qovulmuş din xadimləri İkinci Dünya Savaşından sonra rahatca geri dönmüşdülər Makarios Başpis (Baş yepiskop)—olmuşdu. 1950-1951-ci ildə kilsələrdə dəftərlər açılmışdı. Buraya yalnız dindarlar deyil, kilsəyə gəlməyən rumlular da qol çəkməyə məcbur edilirdilər. Beləcə rumlular adanı Yununıstana birləşdirməkdə həm təşkilatlanır, həm də ictimai fikri formalaşdırırdılar.

  Rumluların qarşısını almaq üçün adadakı türklər də təşkilatlanmaq məcburiyyətində idilər. 1948-ci ilin 27 Kasımında böyük bir mitinq yapılır. Bu mitinq R.Denktaşın xalqa ilk xitab etdiyi mitinq olur. Kıbrıs Türk Kurumları Federasyonunun yaranması da həmin günlərə təsadüf edir.

  Gərgin keçən həmin illərdə adadakı irticaçı rumlular “EOKA”-nı (Kıbrıslı Savaşçıların Ulusal Birliyi) yaradırlar.

  1957-ci ildə adadakı iki türk lideri Faiz Kaymak ilə  Fazıl Küçük arasında ziddiyyət son həddə çatır. İngilislər isə həmin vaxt R.Denktaşı prokurorluqdan çıxarıb Honq-Konqa yüksək maaşlı işə göndərmək istəyir. O, bu şirnikdirici təklifi rədd edərək işdən çıxır və Türk Kurumlar Federasyonuna rəhbər seçilir, yenidən vəkil kimi çalışmaya başlayır. Federasyon başkanı kimi Rauf Denktaşın ilk işi bütün kəndləri təkrar-təkrar gəzmək olur. Bu üç ayadək çəkir.  Bu səfər zamanı o, görür ki, adada “EOKA”-nın hücumu zamanı nə edəcəyini bilməyən bir kütlə var.

   1949-cu ilə kimi Kıbrıs konusunda susan Türkiyə Kıbrıs türklərinin ilk dirənişmə hərəkatını 1958-ci il ocakın 27-28-də geniş müdafiə edir.1958-ci ilin aralık ayında Nyu-Yorkda BMT Baş Məclisində Kıbrıs məsələsi müzakirə ediləndə R.Denktaş da doktor F.Küçüklə orada olur. Bu onun uluslararası toplantıda ilk iştirakı idi. R.Denktaşın redaktorluğu ilə yayınlanan ilk qəzet isə «Nacak»dır.

   Mübarizənin amalı, məqsədi nə qədər müqəddəs və ülvi olsa belə, eyni yolun yolçuları arasında da söz-sov, mübahisə baş verir. Düşmənə qarşı birləşməyi milli mənafe tələb etsə də, liderlər arasındakı fikir ayrılıqları parçalanmaya, gücün zəifləməsinə şərait yaradır. R.Denktaş bunu istəməsə  də müəllimi və silahdaşı sandığı  F.Küçüklə aralarında fikir ayrılığı deyil, mübarizə metodları ayrılığı yaranmışdı. 1960-cı ildə Kıbrısın müstəqilliyi elan olunandan sonra başqan yardımçılığına kimin namizəd verilməsi müzakirə ediləndə doktor F.Küçük R.Denktaşın namizədliyini irəli sürmüşdü. R.Denktaş və ətrafındakılar isə  F.Küçüyün namizədliyi üzərində tə’kidlə dayanmışlar. R.Denktaş ona təklif edilən nazir vəzifəsini də qəbul etməmişdi. Az sonra isə R.Dektaş Kıbrısdan uzaqlaşdırılmışdı. Doktor F.Küçük, bir tərəfdən, “yalnız qaldım” söyləyir, digər tərəfdən, Türkiyə yetkililərinə göndərdiyi mesajlarda “Denktaş gələrsə, camaat parçalanacaq” deyirmiş. Bu minvalla R.Denktaş 4 il Kıbrısdan kənarda yaşamalı olur. 1963-cü ildə Yunanıstan adaya 20 minə yaxın mülki geyimli hərbçi çıxarır. Altdan-altdan silahlandırılmış mülki şəxslər də onlara qoşulur. Beləliklə adada türklərin soyqırımı başlayır. 1963-cü ilin martın 4-də Təhlükəsizlik Şurasının qərarı ilə BMT qoşunları Kıbrısa çıxarılsa da soyqırımın qarşısı alınmır. Türk xalqı özünü əliyalın, müxtəlif yollarla əldə etdikləri cüzi silahla müdafiə etmək məcburiyyətində qalır. “Get yardım gətir” - deyə R.Denktaşı yola salanlar sonra onun haqqında dedi-qodu yayır: “Xalqı dar gündə qoyub qaçdı”- deyirlər. Türkiyənin rəhbər vəzifədə olan şəxslərinin də onun geri dönməsinə əngəl törətmələrinə baxmayaraq R.Denktaş 1967-ci ilin noyabrında qayıqla gizli vətənə dönür. Rumlular tərəfindən yaxalanıb Baf Kapısı polis şö’bəsində 12 gün “idam odası”nda qalır. Oradan çıxdıqdan sonra ciddi siyasi fəaliyyətə başlayır.

  1974-cü il iyulun 15-də Yunanıstanın hərbi dəstəyi ilə “EOKA-2”adaya yeridilmiş rum hərbçiləri ilə birlikdə Nikos Samsonun başçılığı altında çevriliş təşkil edib Makariosu devirdi. Yenidən türk soyqırımı başlandı. Adanın yüzdə üçü türklərin əlində qalmışdı. Qalan hissəsinə yunanlar nəzarət edirdi.

  İyulun 20-də isə Türkiyə Sürix-London anlaşmasını əldə əsas tutub adaya 23 minlik ordu yeritdi. Dünya dövlətləri Kıbrısda nə baş verdiyini aydınlaşdırana kimi qəhrəman türk əsgəri adanın 40 faizini yunanlardan təmizlədi. Üsyançı Nikos Samson qaçmaq məcburiyyətində qaldı. BMT qoşunları türklər və rumlular arasındakı zolaqda yerləşdirildi. 1983-cü ilədək keçirilən ən yüksək səviyyəli danışıqlar da heç bir nəticə vermədi. Həmin ağır və gərgin günləri xatırlayanda R.Denktaş təbəssümlə deyir: Doktor F.Küçük bağımsızlıq ilan kararıma “evet” demədi..., “Hayır” da demədi..., “Allah yardımçın olsun” dedi.

     Zaman bunun doğru qərar olduğunu göstərdi. Rumlularla türklərin adada bir dövlət qurmaları mümkün deyildi. R.Denktaş ötənlərdən, ömür yolundan, mübarizəsindən çox xəsisliklə danışırdı. Günümüzün hadisələrinə gələndə, Azərbaycandan söhbət düşəndə daha həvəslə danışaraq dedi:

 Gələ bildiyiniz üçün məmnun olduq. Az qalırsınız, erkən gedirsiniz. Azərbaycan olaylarını tə’qib ediyoruz. Hürriyyətə qovuşduğunuz üçün sevindik. Hürriyyətdən həmən sonra qovğaların başlanması, saldırıların başlanması bizi üzmüşdür. Öhdəsindən gələcəksiniz. Səbrlə dayanmaq lazım. Hürriyyət, bağımsızlıq qazanıldıqdan sonra mücadilə bitməz. Bir də onu qorumaq üçün mücadiləyi davam etdirmək lazım. Türkiyə bağımsızlığını 70 yıldır imperialist güclərə qarşı verdiyi mücadilə ilə qazandı və 70 yıldır bağımsızlığını param-parça etmək üçün uğraşırlar, Türkiyənin bağımsızlığını ortadan qaldırmaq üçün mücadilə davam edir. Amma türk xalqı və türk milləti buna sahib çıxmışdır.

  Siz də bağımsızlıq üçün səbr etdiniz, mücadilə etdiniz. Bağımsızlığınızı qazandığınız gündən e’tibarən, türk dünyasının birləşməsini önləmək için, yeni cümhuriyyətləri parçalamaq üçün mücadilə başlatdılar. Bizi tanımamaq üçün bütün dünya birləşdi. Rumu yenidən bura hakim qılmaq üçün təkyanlı qərarlarla bir uğraş verildi. Bunun çarəsi dik durmaqdı, tuzaqları görməkdir. O tuzaqlara düşməməkdir, girməməkdir. Türklük dünyasının birliyini, sağlamlığını qorumaqdır. Bu təbii yetişilmə olur,təmaslarla olur. Biz bunlara açıqız, varız, həmişə hazırız.

  Qardaşlara salam söyləyin. Heç bir zaman ümidsizliyə düşməsinlər. Hürriyyət zor qazanılan, qolay qayb edilən şeydir. Ümidsizliyə düşməmək lazım. Ümüdsizliyə düşülərsə qayb edilər. Sizlər güclü insanlarsınız. Güclü bir lideriniz vardır. Onunçün bu mücadilədə başara biləcəksiniz.

  Bizdə nələr yapıla bilər: Ticarət açıdan, ekonomik açıdan, kültür açıdan? Biz sizlərə nə verə biliriz, sizdən nə ala biliriz? Bunları iyi dəyərləndirəlim. Əhməd Qazioğlu arkadaşımız ora üçün uzman olmağa başlamışdır. Burada bir arkadaşımız vardır. Canla-başla uğraşır. Bir-birimizə dəstək olalım.

  Amerikalılar dünyayı tə’kid etməsəydilər şimdi dünyaca tanınmış ikinci türk dövləti olardıq. Bunu bizə çox gördülər. Şimdi biz iyi niyyətlə “rumlularla bir ortaqlıq cümhuriyyəti yapa bilirizmi” deyə kaç ildir dənəmə yapırıq. Amma rum tərəfi bütün dünyanı yanında gördüyünə görə bu yola gəlməməkdədir. Bizi  cəzalandırmaq için, bizi qurtardığına görə Türkiyəni cəzalandırmaq için əlindən gələn hər şeyi yapmaqdadır. Bizim də zorluqlarımız var. Amma əyilmirik. Çünki haqlı davada ər geç qazanıldığına inanırıq.

  Elçibəyə bizdən salat söyləyin!

  R.Denktaş danışır. Ağır-ağır, aramla. Ozan Arif haykırır, gur səsilə:

 

     Kıbrıs, Kıbrıs derlər bir nazlı yardır,

     Bu qərib könlümdə sevdası vardır,

     Kıbrıs mənim üçün namusdur, ardır.

     Namusuma göz dikmişlər duyarım,

     Göz dikənin gözlərini oyarım.

 

     Beş barmağa ına yaktım kanımla,

     Kıbrıs üçün şaka olmaz bənimlə,

     Bən Kıbrısı candan əziz sayarım,

     Göz dikənin gözlərini oyarım.

 

   Mənə elə gəlir Ozan Arifin bu mahnısı Rauf Denktaşın ürək sözlərinə bəstələnmişdir.

   Rauf Denktaş—deyərkən, ömrü mübarizələrdə keçmiş bir siyasi xadim gözlərimiz önündə canlanır. Qəzet xronikalarında, televiziya kanallarında onu daima danışıq stolu arxasında, gərgin keçən dialoqlarda görürük. Xalqının azadlığı, müstəqilliyi uğrunda bütün təzyiqlərə sinə gərərək bir addım da olsun geri çəkilmir.

 Amma onun şəxsi həyatının başqa bir tərəfi də var. Ailəsinə, istirahətinə həsr etdiyi tərəfi. Bu da gənclərə bir örnəkdi. 1949-cu ilin Temmuzun 15-də gənc Rauf evlənəndə müsəlman qaydası ilə nigahını imam önündə qeyd etdirib. Qadınına “ağırlıq” olaraq 200 Kıbrıs lirəsi verir. Bu olduqca çox pul imiş. Özü də arvadını boşama haqqından vaz keçərək bu haqqı xanımına verir. Müxbirlərə müsahibələrinin birində Rauf Denktaş həmin hadisəni xatırlayaraq deyib: “Arkadaşlar beni bu Donkixotluq üçün çox qınadılar. Fakat benim açımdan məsələ kadının eşitliyini, hatta üstünlüyünü vurğulamakdı”. Dostları onu qınasa da nə xanımı boşandı, nə də Rauf bəy onu boşamaq fikrinə düşdü. Həmin nigahın bəhrəsi olan Sərdar Denktaş ölkənin tanınmış siyasi xadimi, Demokrat Partiyasının liderləri və baş nazirin müavini oldu.

  Rauf Denktaşın siyasi kitabları ilə yanaşı nəfis bir foto albomu da nəşr edilib. Burada onun 44 fotosu toplanıb. Əksəriyyəti də təbiət mənzərəsi. Qoyun sürüsünü örüşə aparan gənc çobanın, çay gətirən kasıb qarının, taxıl zəmisindəki qayğısız qız uşağının fotoları canlılığı, bədiiliyi ilə adamı heyrətləndirir. İlin müxtəlif fəsillərində çəkilmiş rəngli fotoların hər biri sanki rəssam fırçasından çıxıb. Təbiətin belə əsrarəngiz, e’cazarkar anını tutmaq, fotoya köçürmək üçün, görəsən ömrünün neçə gününü, saatını xərcləyib.

  Bakıya döndükdən sonra Kıbrısdan bəhs edən siyasi məzmunlu məqalələrlə yanaşı “Prezident istirahət saatlarında” (İncəsənət qəzeti, 25 Noyabr 1992-ci il, səh.3) adlı məqalə çap etdirdim.Məqsədim totalitar rejimdə yaşamış insanlara siyasi xadimini, dövlət adamının da şəxsi həyatının da varlığını, istirahət saatlarında ürəyincə olan bir iş gördüyüynü çatdırmaq idi.Rauf Denktaşın çəkdiyi fotolar onu rəsmi şəxsdən çox şair, sənətçi xarakterli bir insana oxşadır. 1993-cü ilin martın 21-23-də Antalyada keçirilən Birinci  Türk Dövlət və topluqları Dostluq, Kardeşlik və İşbirligi  qurultayında bunun bir daha şahidi oldum. Qurultaya R.Denktaş da qatılmışdı. Rəsmi toplantıdan sonra nəhəng bir yurtu xatırladan salonda kokteyl təşkil edilmişdi. Hamı ayaqüstə gəzə-gəzə söhbət edir, yeyir-içirdi. Gözləri gözümə sataşanda işarə ilə yanına çağırdı. Çox səmimiyyətlə görüşdü. Yanımdakı balacaboy qıza işarə ilə: “Qızınızdır?” - deyə xəbər aldı. Mən  də Qaqauz xalqının şairi Tudora Arnautdur. Bakıda təhsil alır. “Bu gün mənim qızımdı. Yəqin, beş-on ildən sonra türk xalqının şair qızı olacaq”- dedim. Zarafatıma ürəkdən güldü. Arif Rəhimoğlunu xəbər aldı. Onun da salonda olduğunu söylədikdə “Bəs ötən üç gündə niyə görüşməmişik?” - dedi. Sonra da Tudora Arnautu qaqauzların bugünkü durumu ilə bağlı sorğuya çəkdi.

   Qüzey Kıbrıs Türk Cümhuriyyətində olarkən Milli Məclisin sədri Haqqı Atun, baş nazir Derviş Eroğlu, Eyitim, Kültür və Gənclik bakanı Əkbər Sarakınc, Kıbrıs Türk Hava Yollarının genəl müdiri Sabahəttin Bayaz, Doğu Akdeniz Universitetinin professoru, doktor Hasan Cicioğlu və başqaları ilə də söhbətimiz maraqlı keçdi. Çox şey öyrəndik. Cəmisi 150 min əhalisi olan QKTC-də  10-a yaxın partiya, bir neçə qəzet, bir neçə televiziya və radio kanalı var. Dünya onu tanımasa da, bu kiçik dövlət dünyanı tanıyır. Darda qalan türklərə yardım əlini uzatmağa çalışır. İrak Türkmən Birlik Partiyasının genəl başqanı Əhməd Beydilli Günəşə burada siyasi sığınacaq verilmişdir. 1991-ci ilin Aralık ayında Naxçıvana gələn, oradan da Bakıya yola düşən Əhməd Qazioğlu da türk xalqlarının yaxınlaşması üçün əlindən gələni əsirgəmir.

  1995-ci ilin 9-11 Haziranında Kırıkkalede “Dünya xoşgörü-Manas-Abay yılı” başlığı altında keçirilən VII Uluslararası Türk Xalq ədəbiyyatı və I Uluslararası Türk Dünyası Kültür Qurultayında Kıbrısdan olan professor İsmayıl Bozqurt və Mahmud İbrahimoğlu ilə görüşdük. Kıbrısdan, Rauf Denktaşdan söhbət açdıq. İsmayıl bəy Rauf  Denktaşla birlikdə 1974-cü ildə rumlulara qarşı döyüşüb. Yaşı əllini haqlamış, neçə-neçə bədii və elmi əsərin müəllifi olan bu insan hələ də döyüş ruhundadı. Onunla söhbətlərimizdə tez-tez Ozan Arifin mahnılarını da xatırlayırdıq.

 

     Dünyanın Kıbrısı tanıması şart,

     Tanımazsa əyər art niyyətdi, art,

     Bunun adı rəsmən çifdə standart.

     Mən adamın maskasını soyarım,

     Göz dikənin gözlərini oyarım.

 

    Xırvatıstan, Slovenya dün ancaq,

    Üzə çıxdı, tanıdılar bax öncə,

    Kıbrıs hələ tanınmıyor bu, məncə,

    Xaçlı ruhu kalıbımı qoyarım,

    Göz dikənin gözlərini oyarım.

 

    Kıbrıs işində haqqım yenirsə,

    İyi olmaz qovğa bənimsənirsə,

    Arif barış diyor, qovğa denirsə,

    Əvvəl Allah, mən hər yola uyarım.

    Göz dikənin gözlərini oyarım

 

 1992-ci ildən sonra yolum Kıbrısa düşməsə də televiziya xəbərlərində, qəzet səhifələrində orada baş verənləri izlədim. Oxuduqlarım, bildiklərim əsasında radio, televiziya verilişləri hazırladım, qəzetlərə məqalələr yazdım. Kıbrısı yalnız Azərbaycanda deyil, Türk xalqları və toplumları yaşayan hər bir bölgədə tanıtmağa çalışdım. Dodaqlarımda da daima Ozan Arifin Kıbrısa həsr etdiyi mahnısının iki misrası oldu.

 

   Duyğularım, hisslərim hüdutlardan aşdı, gəl!

   Bu səfər də ürəyim Kıbrıs üçün coşdu, gəl!

                                                                  

                                                                       10.01.1998.

Çap olundu: Əli Şamil. Tanıdığım insanlar. I kitab. “Sumqayıt” nəşriyyatı, 2000, səh. 11-20

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol