Səfiəddin Urməvi

SƏFİƏDDİN URMƏVİ

Türk Dünyasının Mәşhurları 16

Gözəl xəttat, nəfis nəqqaş, Şərq dünyasının məşhur musiqiçisi, musiqi tarixçisi və nəzəriyyəçisi Səfiəddin Urməvi;/ Əli Şamil

Göndərmə 5/24/2010 10:12:43 AM UTC

Güncəlləmə 5/24/2010 10:12:43 AM UTC

www.trtazerbaycan.com

www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=7d44db79-9eb4-4694-81b0-00ba57ebc265

Onun adı və soyadı qaynaqlarda Səfi-əd-Din Əbdülmömin ibn Yusif ibn Faxir Urməvi kimi yazılır. Urmuya şəhərində doğulduğunu və nəslinin bu şəhərdə yaşadığını bildirmək üçün Urməvi soyadını götürmüşdür. Onun doğulduğu və özünə soyadı kimi qəbul etdiyi Urmiya şəhəri indi İran İslam Respublikasındakı Qərbi Azərbaycan vilayətinin mərkəzidir. Bu gün musiqi təhsili alanlar, musiqi ilə maraqlananlar notlardan istifadə edirlər. Onların istifadə etdikləri notlar Avropadan alınmışdır. Azərbaycanda isə hələ 13 yüzildə Səfiəddin Urməvi kimi istedadlı musiqiçi notlardan istifadə etmişdir və onu təkmilləşdirmişdir. Hətta onun şagirdləri olmuş Şəmsəddin Söhrəvərdi, Əli Sitan, Həsən Zəfər və Hüsaməddin Qutluq Buğa kimi musiqişünasların da not yazılarının bir qismi günümüzədək gəlib çatmışdır.

1216-cı ildə Urmiya şəhərində anadan olmuş Səfiəddin ilk təhsilini doğulduğu şəhərdə almış, necə deyərlər musiqinin əlifbasını və udda çalmağı da burada öyrənmişdir. Sonradan xilafətin paytaxtına, Yaxın və Orta Şərqin elm və mədəniyyət mərkəzi Bağdada gedərək dövrünün ən yaxşı təhsil ocaqlarından olan "Müstənsəriyyə"də oxumuşdur.

Gənc Səfiəddin burada fəlsəfəni, məntiqi, tibbi, riyaziyyatı, astronomiyanı və müxtəlif dilləri öyrənmişdir. O, xəttatlıq və nəqqaşlıqda böyük uğur qazandığından Abbasilər sülaləsinin son nümayəndəsi xəlifəsinin sarayına işə dəvət edilir. Orada kitabların üzünü köçürməklə yanaşı, zəngin kitab xəzinəsindən istifadə edir, biliyini artırır. Əsas işi olan xəttatlıqıa yanaşı ud çalmasını təkminləşdirir, musuqi nəzəriyyəsini və tarixini öyrənir.

Bağdadda müğənni kimi tanınan Lizzəh xan bir gün saraydakı məclisdə gözəl bir mahnı oxuyur. Xəlifə musiqinin müəllifi ilə maraqlanır. Müğənni saray kitabxanasında xəttat işləyən Səfiəddinlə olduğunu, onunla tez-tez görüşdüyündən, ondan musiqi dərsi aldığını söyləyir. Bundan sonra Səfiəddin Urməvini saraydakı məclisdə ud çalmağa dəvət edirlər.

Səfiəddin udda elə çalır ki, məclisdəkilərin hamısı heyran qalır. Həmin gündən saraydakı qəbullar zamanı ud çalmağa onu dəvət edirlər.

Urməvinin möcüzəli ud çalması haqqında rəvayətlər də var. Yazırlar ki, O, bağda çalarkən bulbul oxuya-oxuya uçub özünü udun simlərinə çırpmış, yaxud qırx gün susuz qalan dəvə su içmək istərkən Səfiyəddinin musiqisini eşidib durmuş, musiqi kəsiləndə dəvə su içməyə əyilmiş, musiqi başlayanda durmuş, üçüncü dəfə eyni hərəkət təkrarlananda susuzluqdan təşnə olan dəvənin gözlərindən yaş axmışdır.

Səfiəddin Urməvi sarayda o qədər məşhurlaşır ki, xəlifə bir kitabxana tikdirib açarını ona verir. Özü də hərdən gəlib burada kitab oxuyur və onunla söhbətləşir.

Səfiəddin hələ xəlifə sarayında ikən, yəni 1252-ci ildə "Kitab-əl Ədvar" adı ilə məşhur olan kitabını tamamlayır.O dövrün elm dili sayılan ərəb dilində yazılmış bu kitab on beş fəsildən ibarətdir. Əsərdəki musiqi nəzəriyyəsinə aid fikirlər aktuallığını bu gün də itirməyib. Onun təklif etdiyi sistem üzrə, musiqi hərf-rəqəm üsulla yazılırmış. Avropada da 14-18-ci yüzillərdə musiqi hərf-rəqəm üsulla yazılırmış.

Ərəblərə məxsus "əbcəd" sisteminin hərfləri səslərin şərti yüksəkliyini, rəqəmlər isə onların uzunluğunu bildirirmiş. Urməvi «Əbcəd notuyla» bildiyi qədim melodiyaları yazıya almışdır. Ondan sonra gələn alimlər, ta XVI əsrə qədər bu not yazı sistemindən geniş istifadə etmişlər.

Urməvi ladların adını, melodiyanın quruluşunu və ritmi xüsusi rəqəmlərlə yazırmış. Müasir Qərb not sistemi yarımtonlardan kiçik intervalların yazıya alınmasına imkan vermir. Buna görə də muğamların, eləcə də ümumən Şərq musiqisinin səs incəliklərini notla çatdırmaq mümkün olmur. Məhz buna görə Şərqdə XIX əsrin sonlarına qədər Urməvi sistemindən geniş istifadə olunmuşdur.

Səfiəddin Urməvinin əsərləri Şərq musiqi nəzəriyyəsinin, elminin inkişafında yeni dövr açmışdır. O, musiqişunaslıq elminə «Sistemçilik» məktəbinin yaradıcısı, musiqinin hərf-rəqəm üsulla yazılmasının banisi kimi daxil olmuşdur.

Urməvinin böyük nailiyyəti, Şərqin səs sistemini qaydaya salmaqdan ibarət olmuşdur. Onun sisteminin əsasını təşkil edən on yeddi pilləli qamma əl Kindinin 12 tonlu xromatik qammasından, həm də əl Fərabinin 22 tonlu qammasından fərqlənir. O, Şərq musiqisinin 12 muğam dairəsinin və 6 avazının səs qatarını diatonik qammanın çərçivəsində vermişdir.

Kitabının muğamlardan bəhs edən doqquzuncu fəsli çağdaş oxucunu daha çox maraqlandıra bilər. Burada ümumiyyətlə, 12 muğam dəstgahının adı çəkilir ki, bunların da çoxusu bizə məlumdu.

Urməvi udun mahir ifaçısı olmaqla yanaşı həm də «Muğni» və «Nüzhə» kimi musiqi alətlərinin ixtiraçısıdır. Söyüd, sərv və ya şümşad ağacından dördbucaq şəklində düzəldilən Nüzhə müasir arfa-çəngə və kanona bənzəyir. Bu alət 81 simlidir. Ərik ağacından düzəldilən Müğni çanağı rübaba bənzəsə də ondən böyükdür və 33 simlidir.

1258-ci ildə Çingiz xanın nəvəsi Hülakü xanın sərkərdəlik etdiyi tatar-monqol qoşunları Bağdadı tutur. Onlar xəlifəni ailəsi ilə birlikdə edam edirlər. Bununla da 600 illik ərəb xilafətinə son qoyulur. Xəlifəyə yaxın olan adamlar da təqib olunur və ələ keçənlər cəzalandırılır. Xəlifə kitabxanasında müdir işləyən, xəlifənin məclislərində çalıb-oxuyan, xəlifəyə yaxın olmasıyla seçilən Səfiəddini də cəzalandırılacağı gözlənilirdi. Əsgərlər onu tutub Hülaku xanın hüzuruna gətirəndə o udu ilə gəlir. Hökümdar qarşısında udda elə gözəl çalır ki, Hülaki xan nəinki Səfiəddinin, hətta onun yaşadığı məhləni cəzadan azad edir.

Hülaku xan Səfiyəddin Urməviyə əvvəlki maaşından iki qat artiq, yəni on min dinar maaş təyin edir. Maaşının məbləği iki dəfə artsa da əslində dəyəri əvvəlkindən üç dəfə çox olur. Səfiəddin Urməvinin yaradıcılığının ən məhsuldar dövrü də Hülaku xanın sarayında olmuşdur.

Hülaku xanın vəziri Şəmsəddin Cüveyni Səfiəddini öz himayəsi altına alır. Oğlanları Bəhaəddinlə Şərafəddinin tərbiyəsini ona həvalə edir. Şərafəddin müəlliminin sevimlisinə çevrilir. Hətta Urməvi Təbrizdə yaşayarkən yazdığı beş hissəlik məşhur "Risaleyi-Şərəfi" adlı əsərini keçmiş tələbəsi Şərafəddin ithaf etmişdir.

Böyük sənətkar 1294 -cü ildə, 80 yaşında Bağdaddakı borclular həbsxanasında dünyasını dəyişmişdir. Dünyanın işinə bax ki, vaxtı ilə dostlarına dörd min dinarlıq ətir pulu verə bilən Səfiəddin ömrünün sonlarında üç yüz dinar borca görə zindana salınıbmış. Səfiəddin Urməvinin əsərləri Nyu-Yorkun, Parisin, Berlinin, Vyananın, Qahirənin, İstanbulun, Sankt-Peterburqun, Tehranın, Bakının və başqa şəhərlərin kitabxanalarında qiymətli əlyazmalar kimi saxlanılır.

Ondan sonra gələn Yaxın Şərq musiqişunasları Səfiəddin Urməvinin nəzəriyyəsinin davamçısı olmuş, Avropa musiqiçiləri əsərlərindən yararlanmaqla yanaşı nota köçürdüyü qədim musiqilri səsləndirə bilirlər.

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol