Sənədli və bədii lentlər ustası Zaur Meherremov haqqında

Sənədli və bədii lentlər ustası

Azərbaycan SSR əməkdar incəsənət xadimi, respublika Lenin komsomolu mükafatı laureatı Zaur Xasay oğlu Məhərrəmovun adı kino həvəskarlarına yaxşı tanışdır. İndiyədək onun 15- dən çox bədii, 50- yə kimi qısametrajlı filmi, 6 tammetrajlı sənədli filmi ekranlarda nümayiş etdirilmişdir.

Onun operator işi “Ad günü”, “Uzun ömrün akkordları”, televiziya filmlərində, “Uşaqlığın son gecəsi”, “Qızıl qaz” bədii filmlərində daha qabarıq hiss edilir.

Z. Məhərrəmov bu günlərdə muxtar respublikamıza gəlmişdir. Əməkdaşımız Əli Şamilov onunla görüşüb kiçik müsahibə almışdır.

 

Müxbir: Zaur müəllim, Naxçıvana bu dəfəki gəlişiniz nə ilə bağlıdır, hansı filmləri çəkəcəksiniz?

Z. Məhərrəmov: - Azərbaycanın böyük şairi, dramaturqu, həmyerliniz Hüseyn Cavidin anadan olmasının 100 illiyi ərəfəsində Azərbaycan KP MK- nın qərarı ilə Naxçıvanda Poeziya teatrı yaradıldı. Bu teatra dahi sənətkarın adı verildi. Poeziya teatrının qısa müddətdə qazandığı uğurlar sevindirici oldu. Burada göstərilən  “Mənim tanrım gözəllikdir, sevgidir”, “Ana”, “Azər” tamaşaları hamının diqqətini cəlb etdi. H. Cavid adına poeziya teatrının qazandığı müvəffəqiyyət muxtar respublikamızdan uzaqlara da yayıldı. Ötən il isə onların yaxşı işi respublika Lenin komsomolu mükafatı ilə qeyd edildi.

Mənim gəlişimin əsas məqsədi respublika Lenin komsomolu mükafatı laureatı olan kollektivin işindən, yaradıcılıq planlarından söhbət açan süjet çəkməkdir. Bu lentlərə tamaşaçılar “İncəsənət”kino-jurnalının 1985- ci il 2- ci nömrəsində baxa biləcəklər.

Qədim Naxçıvan həm də tarixi abidələr məskənidir. Memarlıq abidələrimizin ən gözəl inciləri bu diyardadır. Tarixi abidələrin bəzilərini lentə köçürəcəyəm. Gələcəkdə “Azərbaycanın tarixi abidələri” filmini yaradarkən indi çəkdiyim lentlərədən istifadə edəcəyəm.

Müxbir: - İlk dəfə Naxçıvana nə vaxt gəlmisiniz? Muxtar respublikamızın təbiətini, adamlarını necə tanıyırsınız?

Z. Məhərrəmov: - İlk dəfə Naxçıvana 1965- ci ildə gəlmişəm. Kinematoqrafiya institutunu iki ildi ki, bitirib operator kimi işə başlamışdım. O qədər də təcrübəm yox idi. Bakıda doğulub boya-başa çatsam da uşaqlığımın çoxu Ağdam rayonunun Qaradağlı kəndində, nənəmin yanında keçdiyindən kəndi, təbiəti yaxşı tanıyırdım.

Lakin Naxçıvan ilk səyahətdən məni özünə məftun etdi. Bu da səbəbsiz deyildir. Rəssam üçün, operator üçün burada o qədər rəng çalarları vardır ki, deməklə mümkün deyil. Sonralar mən çəkdiyim sənədli filmlərdə tez-tez Naxçıvana müraciət etdim. Muxtar respublikanı qarı-qarış gəzdim. SÜədərkdə də oldum, Batabatda da, Ordubadı, Şahtaxtını gəzdim. Bu səyahətlərim mənə zəngin material verdi. Çəkdiyim səndəli filmlər daşların qoynunda bağ becərən, məhsul yetişdirən naxçıvanlıların hünərindən, zəhmətindən söhbət açır. Yalnız onu deyim ki, ötən il Mosfilmin sifarişi ilə çəkdiyim geniş formatlı sənədli “Sovet Azərbaycanı” filminin ən diqqəti cəlb edən kadrları Naxçıvanda çəkilmişdir. Naxçıvanda olarkən şad xəbər eşitdim. Rejissoru və operatoru olduğum “Sovet Azərbaycanı” filmi Moskvada yüksək qiymətə layiq görülüb. Aprel ayının 27- də Moskvada Azərbaycanda Sovet hakimiyyətinin qələbəsinin ildönümünə həsr edilmiş təntənəli yığıncaqdan sonra həmin filmi göstərəcəklər.

Müxbir: Zaur müəllim, kinematoqrafiya sahəsində çalışanlardan az-az adam tapılar ki, Sizin kimi eyni həvəs və eyni ilhamla həm sənədli, həm də bədii filmlər çəksinlər. Bu nə ilə bağlıdır?

Z. Məhərrəmov: - Mən ilk yaradıcılığa sənədli filmlər çəkilişi ilə başlamışam. Sənədliliyin vurğunuyam. Real həyat həqiqətlərini, görünən faktları operator yozumunda şərh etmək, tamaşaçıya onun görmədiyi baxımı göstərmək mənim əsas məqsədimdir. Bununla yanaşı, bədii filmlərin çəkilişində də həvəslə iştirak edirəm. Necə deyim bədii film çəkəndə elə bil ki, istirahət edirəm. Istirahətdən sonra isə yeni həvəs, yeni ilhamla sənədli filmlərin çəkilişinə başlayıram. Mən bunu ilk dəfə “Uşaqlığın son gecəsi” filmini çəkərkən hiss etdim. Ona görə də tez-tez bədii filmlər çəkilişi ilə məşğul oluram və oradan özüm üçün əxz etdiyim bəzi şeyləri sənədli filmlərə tətbiq edirəm.

Adətən sənədli lent çəkən müəlliflər burada milli nhissləri aşılamaq mümkün olmadığından gileylənirlər. Mənsə öz təcrübəmdən görürəm ki, bu fikir düzgün deyil. Çəkdiyim sənədli filmlərin milliliyinə xüsusilə diqqət yetirirəm. Milli filmlər istər Ümumittifaq, istərsə də dünya ekranlarında müvəffəqiyyət qazanır.

Sov.İKP MK-nın və SSRİ Nazirlər Sovetinin 1984- cü ilin may ayında “Kino-filmlərin ideya-bədii səviyyəsini yüksəltmək və kinematoqrafiyanın maddi-texniki bazasını daha da möhkəmlətmək tədbirləri haqqında” qərarları bizim də qarşımızda mühüm vəzifələr qoymuşdur. Bu vəzifələri həyata keçirmək üçün yüksək əzmkarlıqla çalışmalıyıq.

Müxbir: Xahiş edirik qarşıdakı planlarınızdan danışasınız. Gələcəkdə Naxçıvanla bağlı filmlər çəkmək fikriniz varmı?

Z. Məhərrəmov: - Bayaq dedim ki, uşaqlığım kənddə nənəmin yanında keçib. Mənim ən böyük müəllimim də elə nənəm olub. O, mənə həyatın, təbiətin dilini öyrədib. Ona görə də kənd, təbiət mövzusunda filmləri çəkməyi sevirəm. Bu ilin may ayında başlayacağımız “Azərbaycanın tarixi abidələri” filminin əsas kadrları Naxçıvanda çəkiləcəkdir. Film üç hissəli 6 qısametrajlı lentdən ibarət olacaqdır. Burada Gəmiqaya yazılarından tutmuş bu günkü memarlıq abidələrinə kimi uzun bir dövrün tarixini əks etdirməyə çalışacağam.

Bundan əlavə mən istərdim ki, Naxçıvanın relyefi ilə bağlı bir film çəkim. Çünki bu yerin torpağı, daşı çox qəribədir. 5-10 metrdə müxtəlif rəng çalarına rast gəlirsən. Film üçün gözəl ssenari lazımdır. Bu ssenaridə Naxçıvanın relyefi yalnız elmi dillə şərh edilməlidir. Onun bəddi boyaları rəssamın, yazıçının dili ilə, eləcə də bu torpaqda məhsul becərən əmək adamlarının dili ilə tərrənnüm olunmalıdır.

“Mirzə Kazım bəy” qısametrajlı filmini çəkəndən sonra bu qənaətə gəlmişəm ki, Naxçıvanın yetirməsi olan sərkərdələr, ictimai xadimlər, yazıçılar haqqında da həmin səpgidə filmlər çəkim.

 

Müxbir: Müsahibəyə görə çox sağ olun!  

Əli Şamilov,

“Sovet  Naxçıvanı” qəzeti

16 aprel 1985- ci il, sayı 88 (14.126)

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol