Sanjar Asfandiyarov

Sanjar Asfandiyarov

Türk Dünyasının Məşhurları-02

Qazax xalqının böyük oğlu Sanjar Asfandiyarovun ömür yolu...

Göndərmə 1/19/2013 8:47:22 AM UTC

Güncəlləmə 1/19/2013 8:47:22 AM UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=0009bc5f-897f-485f-9822-a60a978694dc

 

Gəncliyində hərbi həkim işləmiş, bolşeviklərin silahlı çevriliş yolu ilə qurduqları hökumətdə yüksək vəzifələr tutmuş, sonralar yanlış yolda olduğunu anlayıb Vahid Türk Tatar Dövləti yaratmaq üçün fəaliyyətə keçmiş və bu fəaliyyətinin üstü açıldıqda həbs edilərərək güllənmiş, qazax xalqının böyük oğlu Sanjar Asfandiyarovun ömür yolundan söz açacağıq.

Sanjar Jarulla oğlu Asfandiyarovun adı və soyadı bəzən Səncər İsfəndiyarov, atasının adı isə qazaxdilli qaynaqlarda Seyitjapar kimi yazılır. Seyitjapar soy etibarı ilə Abay xana bağlıdır və anası Güləndam da qazax xalqının qəhrəman oğlu, rus işğalcılarına qarşı savaşda şəhid olmuş Kensarı Qasımoğlunun nəvələrindəndir. Rusiyanın işğal etdiyi qazax torpaqlarının hökmdarlarının nəslindən olan Seyitjapar Türküstan Quberniya idarəsində general qubernatorun tərcüməçisi işləmiş və polkovnik vəzifəsinədək yüksəlmişdir. Buna görə də Sanjar ata-baba mülklərində deyil, 1889-cu il oktyabrın 20-də atasının işlədiyi Daşkənd şəhərində anadan olur.

Sanjar Asfandiyarov ilk təhsilini evdə xüsusi müəllimlərdən alır. Ərəb, fars dillərini, Türküstanda yaşayan xalqların ləhcələrini, şəriəti öyrənir. Sonra da Rus-tuzem məktəbi adlandırılan təhsil ocağında oxuyur. Hökumətin əyalətlərdə açdığı və kiçik məmurlar hazırlamağı nəzərdə tutmuş bu məktəbi bitirdikdən sonra Daşkənd realnı məktəbinə daxil olur.

1907-ci ildə Daşkənd Realnı məktəbini bitirdikdən sonra Sanjar Asfandiyarovu Rusiya Hərbi Dəniz Nazirliyinin təqaüdü ilə Peterburq Hərbi Tibb Akademiyasında oxumağa göndərirlər. 1912-ci ildə Hərbi Tibb Akademiyasını bitirdkdə Sanjar rus, fransız, ingilis, ərəb dillərində fikirlərini yazıb, sərbəst danışa bilirdi.

Hərbi Tibb Akademiyasının məzunu Sanjar Asfandiyarovu o dövrdə Rusiyanın Güneydə ən ucqar sərhəddi sayılan Buxara əmirliyinin Termez şəhərindəki hərbi hissədə həkim işləməyə göndərirlər. O, Termezdəki 10-cu süvari polkunda həkim, 9-cu süvari polkunda baş həkim işləyir. Sonrakı illərdə isə onun hərbi xidmət yeri Səmərqənd və Aşqabad şəhərlərindəki süvari polklar olur. 1914-cü ilin avqustunda Birinci Dünya Savaşı başlandıqda Sanjarın xidmət etdiyi 5-ci Türküstan süvari polkunu Polşanın Prussiya ilə sərhəddindəki Lodz qalasının müdafiəsinə göndərirlər. Lakin müdafiə düzgün təşkil edilmədiyindən elə ilk həmlədəcə Alman orduları Lodz qalasını alır.

Sanjar Asfandiyarov da Alman əskəri birliklərinə əsir düşür. Onları Almaniyanın içərilərindəki hərbi əsir düşərgəsinə göndərirlər. Bir neçə dil bilməsi, qazax ailəsində doğulması, həkim olması əsirlikdə də Sanjarın köməyinə çatır, ondan tərcüməçi, həkim kimi istifadə edirlər. O, qısa bir vaxtda alman dilini də öyrənir və bir ilə yaxın Torn, Kutno, Aleksandrovkadakı əsir düşərgələrində həkim işləyir.

1915-ci ilin sonlarında Sanjar Asfandiyarov Qırmızı Xaç Cəmiyyətinin təşəbbüsü ilə Alman əsirliyindən azad edilərək İsveçrəyə gətirilir, oradan da Sankt Peterburqa yola salınır. Rusiyaya qayıdan Sanjar Asfandiyarov alman hərbi əsirlərinin düşərgəsində həkim işləməyə başlayır.

1917-ci ildə 300 illik Romanovlar sülaləsinin hakimiyyətinə son qoyulub, II Nikolay çar taxtından salındıqdan sonra əsarət altında olan xalqlar arasında milli azadlıq ideyası genişlənir. Geridə qalmış, aqrar bölgə sayılan Türküstan da siyasi mübarizələr meydanına çevrilir. Beləliklə, Sanjar Asfandiyarov da siyasi fəaliyyətə başlayır.

1917-ci ildə Buxara Müsəlman Şurasına üzv seçilən Sanjar Asfandiyarov, sonra Daşkənd Sovetinin deputatı,Türküstan quberniyası Müsəlman Şurasının üzvü kimi ictimai-siyasi fəaliyyət göstərir. Həmin illərdə o, Türküstanın Rusiyadan ayrılaraq müstəqil yaşaya biləcəyinə inanmır. Buna görə də vətəninin xoşbəxt gələcəyini Rusiyanın tərkibində görür.

Hərbi həkim və Çerniyayevski polku Müsəlman bürosunun üzvü olan və Daşkənd Sovetinə Köhnəşəhər seçki dairəsindən müsəlman deputatı seçilən Sanjar Asfandiyarov boşeviklərin səkkiz saatlıq iş günü, əsarətdə olan xalqlara azadlıq, sosial bərabərlik, torpaqların kəndlilərə verilməsi, söz və vicdan azadlığı kimi şüarlarına aldanır. Onlarla birgə çalışır, xalqının xoşbəxtliyini bolşeviklərin hakimiyyətə gəlməsində görür. Bolşeviklərin də yerli xalqlardan olan Sanjar Asfandiyarov kimi savadlı və işgüzar kadrlara böyük ehtiyacı vardı.

Odur ki, Sanjar Asfandiyarovu Türküstan Muxtar Sovet Sosialist Respublikasında Səhiyyə Komissarı, sonra da Torpaq və Su Təsərrüfatı Komissarı vəzifəsinə təyin edirlər. 1919-1920-ci illərdə nazir işləyən Sanjar Asfandiyarov Turar Riskulovla dostlaşır. Partiya, sovet orqanlarında yüksək vəzifə tutan qazax xalqının bu iki mübariz oğlunun dostluğu və məsləkdaşlığı ömürlərinin sonuna kimi davam edir.

1923-1925-ci illərdə Türküstan MSSR Xalq Komissarlığında Torpaq və Su Təsərrüfatı şöbəsinin müdiri, Rüsiya Kommunist (bolşeviklər) Partiyası Türküstan Vilayət Komitəsinin məsul katibi, RK(b)P Mərkəzi Komitəsinin Orta Asiya bürosunun üzvü olan Sanjar Asfandiyarov xalqına divan tutulduğunun şahidi olur. Özü rəhbər vəzifədə işləsə də, rusların çarizm dövründəki kimi xalqına yuxarıdan aşağı baxmasının, hüquqlarını tapdamasının qarşısını ala bilmir. Odur ki, hakimiyyətdən narazı olan rəhbər işçilər və ziyallıların qurduqları gizli təşkilata daxil olur.

İdaretmədən narazılığını hiss edən hakim dairələr onu vətənindən, çevrəsindəki yaxın adamlarından və məsləkdaşlarından uzaqlaşdıraraq Moskvaya rəhbər işə aparırlar.

Sanjar Asfandiyarov Moskva Dövlət Universitetinin professoru, N.Nərimanov adına Şərqşünasılq İnstitutunun rektoru olduğu müddətdə Sovetlərin yeritdiyi siyasətdən narazı qalan rəhbər partiya-sovet işçilərilə yaxından tanış olur. RSFSR Xalq Komissarlar Şurası sədrinin müavini işləmiş Turar Rıskulovla, Özbəkistan K(b)P Mərkəzi Komitəsinin katibi işləmiş Rahimbayovla, Kırım MSSR Xalq Kommisarlar Şurasının sədri işləmiş Şuqu Əmirəsənlə, RSFSR Xalq Maarif Komisarlığının əməkdaşı olmuş Jumanqulovla, Dağıstan MSSR Xalq Maarif Komissarı işləmiş Toxo Qodi, Qaraçay-Çərkəz İcraiyyə Komitəsinin sədri işləmiş Ömər Əliyevlə, Zaqafqaziya Sovet Fedarativ Sosialist Respublikasının Xalq Torpaq Komissarı işləmiş Dadaş Bünyadzadə, Azərbaycandan Mərkəzi İcraiyyə Komitəsinin sədri işləmiş Soltanməcid Əfəndiyevlə, Xalq Maarif Komissarı Mustafa Quliyev, ali məktəblərdə dərs deyən, elmi idarələrdə çalışan, məşhur professor Bəkir Çobanzadə və b. birlikdə Vahid Türk Tatar Respublikası qurmağı planlayırlar. Bu adamların hər birinin rəhbərlik etdiyi gizli quruplarda da onlarla ziyalı, tələbə, rəhbər partiya-sovet işçisi, hərbçi vardı.

Sanjar Asfandiyarovu Moskvadan uzaqlaşdıraraq Qazaxıstana göndərirlər. 1928-1931-ci illərdə Qazaxıstan Pedaqoji İnstitutunun rektoru və tarix kafedrasının müdiri işləyən Sanjar Asfandiyarov 1931-1933-cü illərdə Qazaxıstan MSSR Səhiyyə Komissarı və Qazaxıstan Tibb İnstitunun rektoru vəzifələrində çalışır.

1933-1934-cü illərdə Qazaxıstan MSSR Xalq Maarif Komissarının müavini işləyən Sanjar Asfandiyarovu rəhbər partiya-sovet işindən uzaqlaşdırıb elmi tədqiqat sahəsinə göndərirlər. Bu o demək idi ki, Sovetlərin ona inami və etibari azalmışdı.

1934-1937-ci illərdə SSRİ EA Qazaxıstan filialında Tarix-Arxeologiya komissiyasında şöbə müdiri, filalın direktor müavini işləyən, ali məktəblərdə dərs deyən, professor Sanjar Asfandiyarov gizli fəaliyyətini də davam etdirərək, ətrafina daha çox elmi kadrlar toplayır.

Qazaxıstanın yaxın tarixinə dair bir neçə sanballı əsər yazan Sanjar Asfandiyarov əleyhinə 1937-ci ildə kampaniya baylayır. Həmin il sentyabrın 27-də onu Almatı şəhər Partiya Komitəsinin bürosu kommunist partiyası sıralarından azad edir. İki gün sonra çap olunan “Kazaxıstanskoy pravde” qəzeti onun əleyhinə kəskin məqalə yazır.

KQB tərəfindən həbs edilən Sanjar Asfandiyarov uzun və işgəncəli istintaqdan sonra həbs cəzasına məhkum edilir. 1954-cü ildə həbsxanada dünyasını dəyişən alimin ölümünü ailəsindən və qohumlarından gizli saxlayırlar.

Sovetlər dağıldıqdan və Qazaxıstan azadlığına qovuşduqdan sonra Sanjar Asfandiyarov adının əbədiləşdirilməsi üçün bir sıra tədbirlər həyata keçirilir. Vaxtilə dərs dediyi və rektor işlədiyi tibbi institutuna onun adı verilir.
Mətni yazdı Əli Şamil (Şamilov Əli Hüseyn oğlu)

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol