Savəli Tilimxan

SAVƏLİ  TİLİMXAN

M. P. Vaqif Şuşada yaşayıb-yaradanda Axırkələk paşalığının Levis kəndindən olan Xasta Hasan da el-el, oymaq-oymaq gəzib məclislər yola salır, el gözəllərini tərənnüm edirdi. Həmin dövrdə İranın Savə vilayətində də Tilimxan adında bir el sənətkarı ölməz qoşqularını yaradıb.

Bir-birlərindən məsafəcən uzaq olan hər üç sənətkarın yaradıcılığını nəzərdən keçirəndə mövzu, dil-üslub yaxınlığına heyrətlənməmək olmur. Bəs necə olub ki, onlar ruhən belə yaxın olublar,

Xasta Hasanın “Vaqif dərddən xəbərdardı, gövhərinin kanı yox” misrasından aydın olur ki, el sənətkarı Vaqifin yaradıcılığı ilə tanış imiş. Bəs Savəli Tilimxan necə? O da Vaqif yaradıcılığından xəbərdarmışmı? Bu suala cavab tapmaq hələ ki, çətindir. Çünki Tilimxanın yaradıcılığı ilə yaxından tanışlıq imkanımız məhduddur.

Tehranda tanış olduğum, ixtisasca hüquqşünas Əli Kamal gözlərim qarşısında yeni bir dünya açdı. Bir çox tədqiqatçı alimin illərlə görə bilmədiyi işi təkbaşına görüb. Savə və Həmadan tərəflərdə yaşayıb-yaratmış türkdilli 20-dən çox el şairinin külliyyatını toplayıb. Topladığı əsərlərin elmi-tənqidi mətnini hazırlamaqla yanaşı, xəttatlara pul verib bədii nümunələri səliqə-səhmanla yazıya aldırıb, kitab halına salıb.

Əli Kamalın şeirlərini topladığı şairlərin bir çoxu haqqında nəinki ədəbiyyat həvəskarlarının, heç ədəbiyyat tarixçilərimizin, folklorçu-alimlərimizin də geniş məlumatı yoxdur. Həmin sənətkarlar adları aşağıda göstərilənlərdəndir: Səməndər, Həsən, Tufarqanlı Abbas, Qaşqay Məzun, Asim, Aşıq Rəzəli Səngəkli, Qeybəli, Qaşqay Yusif Xısrov, Asi, Fəqir Qırmızılı, Mədhəsənxan, Türkman Mahmud, Əsəd Nazim, Şeyx Məhəmmədhəsən Bəndəmirli, Şeyda, Davəri, Şahab Savəci, Hacı Kərim Rəzzaqi,, Fərxundə Savəqi, Agdaşlı Məznəb, Qüdsi Xələci...

Əli Kamalın əsərlərini aşkarladığı el şairlərini Savə, Qaşqay, Həmadan, Qəzvin ətrafında yaşayan Əfşar, Beydilli, Xələc, Bəyat, Qaraqoyunlu, Kösələr, Bozçalu, Əlcurtlu, Qutulu, Lək, Kələvəng, Arıxlu, Korkor, İnanlı, Saatlı, Qarlıq, Əlcoğanlı, Çələbli və başqa tayfalardandır.

Əslən Savədən olan Əli Kamalın söylədiyinə görə Savə vilayətində 900-ə yaxın kənd və qəsəbə var ki, bunların da yalnız 8 – 9-da farsalar yaşayır. Qalanlarında isə türklər məskunlaşıb. Onlar bu günədək öz adət-ənənələrini, dialektlərini və şivələrini qoruyub saxlayıblar. Əli Kamal şairlərin əsərlərini toplamaqla yanaşı, onların yaradıcılığının təbliğilə də ciddi məşğul olur. Ötən ilin payızında onun təşəbbüsü ilə Tehranda yaşayan ziyalıların böyük bir dəstəsi – Cavad Heyət, Məhəmmədəli Fərzanə, Rza Xoşginabi (Məhəmmədhüseyn Şəhriyarın qardaşı), Zakiri, Mənzuri Xaminəli, Həsən Məcidov Savala, Əkbər Azad Savəyə gedərək Tilimxanın doğulduğu kəndin məscidində el şairinin yubileyini qeyd edərək orada elmi konfrans, şeir gecəsi keçirib, ehsan veriblər və qərara alıblar ki, kəndin kənarındakı təpənin başında el sənətkarına abidə ucaltsınlar.

Əli Kamalın toplayıb üzə çıxardığı şeirlər arasında Tilimxanın 10 min beytlik divanı xüsusilə seçilir. Onun şeir dili təmizdi, şirindi, rəvandı.

Tilimxanın yazıya alınmış 200- ə yaxın təcnisi, çoxsaylı qoşma, gəraylı, divanisi onun haqqında belə bir fikir söyləməyə əsas verir ki, o, kalssik aşıq poeziyasının alt və üst qatlarını bütün incəlikləri ilə bilirmiş.

Əli Kamalın uzun illər apardığı tədqiqata görə Tilimxan Teymurxan oğlu Savənis Asgin tayfasından olub. Tilimxanın babası Qaraxan tayfasının əsilzadələrindəndir.

Tilimxan gəncliyində əmisi qızı Mehrixatun eşqinə Şiraz şəhərində 7 il dəvə çulu, at yəhəri tikməklə məşgul olmuş, onun gözəlliyini gözəl şeirləri ilə dillərə yaymışdır.

Tədqiqatçının fikrincə, Tilimxan 1828- ci ildə 90 yaşında ikən dünyasını dəyişmişdir. Şeirləri və həyatı ilə bağlı rəvayətlər aşıqlar tərəfindən məclislərdə bu gün də söylənilməkdədir.

Tilimxanın bir neçə şeirini “Ozan ” qəzetinin oxucularına təqdim edirik. Həmin şeirlər Əli Kamalın tərtib etdiyi əlyazmalardan götürülüb.

Əli Şamilov, Naxçıvan

“Ozan” qəzeti,

1992- ci il, 27 iyun, sayı 8, səh.1

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol