Seyid Cəfər Pişəvəri

                         

SEYİD CƏFƏR PİŞƏVƏRİ

 

TÜRK DÜNYASININ MƏŞHURLARI-2010

Ömrünü xalqının azadlıq mübarizəsinə həsr etmiş Seyid Cəfər Pişəvərinin ömür yolu...

 

Göndərmə 3/12/2013 1:41:04 PM UTC

Güncəlləmə 3/12/2013 1:41:04 PM UTC

www.trtazerbaycan.com

http://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=33a23131-ab62-4698-a2a7-ee3dd3820b6d

 

Seyid Cəfər Pişəvəri kimi tanınan ictimai-siyasi xadimin qaynaqlarda ad və familyası fərqli yazılıb. Uşaqlıq və gənclik illərində o: Mir Cəfər: Mir Cavad oğlu Cavadzadə kimi tanınıb. 1892-ci il avqustun 26-da Xalxal mahalının Seyidlər Zeyvəsi kəndində anadan olan, ailədəki beş uşaqdan ikincisi olan Cəfər ilk təhsilini mədrəsədə alıb. 1900-cü ildə bu məktəbi bitirib.

1905-ci ilin martında ailəsi iş tapmaq, güzaranını yaxşılaşdırmaq üçün neftin mərkəzi olan Bakıya gəlib. Ailənin bu köçü balaca Cəfərin ömür yolunu dəyişib. Onlar Bülbülə kəndində tanışlarının birinin evinə sığınıblar. Cəfər 1905-08-ci illərdə Bülbülədəki ibtidai məktəbdə sonra isə Bakı şəhərindəki “İttihad”, “Darül müəllim” məktəblərində oxuyub. Təhsilini başa vuran Mir Cəfər Cavadzadə 1913-1916-cı illərdə Xırdalan kəndindəki və Bakı Bələdiyyəsinin 9 saylı məktəbində müəllimlik edib.

İlk məqaləsini 1917-ci ildə M.Ə.Rəsulzadənin redaktoru olduğu “Açıq söz” qəzetində dərc etdirsə də, dünyabaxışlarının fərqliliyinə görə oradan uzaqlaşıb. 1918-ci ildə İran Sosial Demokrat Firqəsinin qəzetində işləyib və bir müddət qəzetə redaktorluq da edib. 1919-cu ildə isə İran Ədalət Firqəsinə üzv yazılıb. 1919-cu ilin aprel, yəni nisan ayından 1920-ci ilin fevralınadək, yəni “Hümmət” və “Ədalət” partiyaları birləşib Azərbaycan Kommunist Partiyasını yaradanadək Ədalət Firqəsinin orqanı olan “Hürriyyət” qəzetinin məsul redaktoru olub.

Azərbaycan Rusya tərəfindən ikinci dəfə işğal edilib Sovetlər Birliyi elan ediləndən sonra Seyid Cəfər İranın Qüzeyində yaradılmış Gilan Cümhuriyyətinə Xarici İşlər Naziri təyin olunub. Həmin il İran Kommunist Partiyasının Ənzəli şəhərində keçirilən I qurultayında partiyanın rəhbər heyətinə seçilib.

1920-ci ilin sentyabrında Bakıda keçirilən Şərq Xalqlarının I qurultayında və 1921-ci ilin iyun-iyul aylarında III İnternasionalın Moskvada keçirilən Konqresində iştirak edən Mir Cəfər Cavadzadə İrana qayıdıb Tehranda və İsfahanda kommunist partiyasının mökəmlənməsi uğrunda çalışıb. Həmin il İran Həmkarlar Təşkilatının təşkilində fəallıq göstərib və 1921-22-ci illərdə təşkilatın orqanı olan “Həqiqət” qəzetini nəşr edib.

1921-ci ildə SSRİ ilə İran arasında müqavilə bağlandıqdan sonra İran kommunistlərinə Moskvadan göstərilən maddi və mənəvi dəstək kəsilib. Rza şah da bir zaman onunla birlikdə Qacarlar sülaləsinə qarşı mübarizə aparmış kommunistləri və başqa müxalif qüvvələri sıradan çıxarmaq üçün sərt tədbirlər görməyə başlayıb.

1925-ci ildə təqiblərdən yaxa qurtarıb Bakıya, sonra da Moskvaya gedən Mir Cəfər məsləkdaşlarını İrandakı ağır durumla tanış etsə də, onlardan heç bir yardım ala bilməyib.

1927-ci ildə xanımı Məsmə və bir yaşlı oğlu Daryuşu da götürüb Xorasan yoluyla Tehrana qayıdıb. Pərviz soyadını daşıyan Mir Cəfər pasportunu itirdiyindən təklif edilən Pişəvəri soyadını qəbul edib və adındakı Mir sözünü də həmin sözün sinonimi olan Seyid sözüylə əvəzləyib. Beləcə, Seyid Cəfər Pişəvəri kimi tanınıb və məşhurlaşıb.

Pişəvəri dövrü mətbuatdakı məqalələrini də M.S.Cavadzadə, M.S.Xalxali, Cavadzadə Xalxali, M.C.Seyid, M.C.Nadi, Pərviz, Y.Pərviz, Ə.Pərviz, Simurx, Səməndər və b. imzalarla çap etdirib.

Rza şahın xüsusi xidmət orqanları da onun fəaliyyətinə laqeyd qalmayıb, daimi nəzarət altında saxlamağa çalışıblar və 1930-cu ilin dekabrın 27-də həbs edərək Qəsri-Qacar həbsxanasına salıblar. Pişəvəri həbsdə olarkən “Nadirə”, “Məhinbanu” romanlarını və xatirələrini yazıb. 10 illik zindan həyatından sonra onu “Qəsr-Qacar”dan azad etsələr də, Kaşana sürgün ediblər.

Faşist Almaniyasının Sovetlər Birliyinə hücumundan sonra İranda faşizm təhlükəsinin mövcudluğu bəhanəsilə müttəfiqlərin orduları qəflətən ölkəyə basqın ediblər. İran müttəfiq qüvvələrin nəzarəti altına düşüb. Pişəvəri də 1941-ci ilin sentyabrın 14-də Kaşan həbsxanasından azad olaraq Tehrana gəlib.

S.C.Pişəvərinin zindandan sonrakı fəaliyyəti daha diqqətiçəkən olub. 1941-ci ilin oktyabırında “Tudə” adıyla daha çox tanınan İran Xalq Partiyasının özəyini təşkil edən yığıncaqda iştirak edib, partiyanın məramnaməsini və layihəsini hazırlayan 2 nəfərdən biri olub.

1943-cü ilin martın 10-da «Ajir» qəzetini nəşr etməyə başlayıb. Bu qəzet qısa müddətdə demokratik qüvvələrin güvənc yerinə çevrilib. S.C.Pişəvərinin təşkilatçılıq bacarığı sayəsində İranda «Azadlıq» cəbhəsi yaranıb və 40-dan çox qəzet bu cəbhədə birləşib.

Pişəvərinin həyatında bir dönüş nöqtəsi də onun 1944-cü ilin yanvarında Təbrizdən 14-cü çağrış İran Şura məclisinə deputatlığa namizəd göstərilməsi olub. 1945-ci ilin avqustunda Təbrizə gələn Pişəvəri sentyabrın 3-də Azərbaycan Demokrat Firqəsinin yaradıldığı haqqında bəyanatı yayıb və 9 gün sonra partiyanın təsis konfransını keçirib. Həmin ilin oktyabrın oktyabrın 2-3də kecirilən birinci qurultayda S.C.Pişəvəri Azərbaycan Demokrat Firqəsinin baş katibi seçilib.

Onun yeni partiya yaratması nəinki şahpərəst qüvvələrin, hətta keçmiş silahdaşlarının, özlərini sosilaist adlandıran bir çoxunun da xoşuna gəlməyib. Bunu İranı parçalamaq kimi qiymətləndiriblər. Əslində isə Pişəvəri və silahdaşları çoxmillətli ölkə olan İranın federallaşmasını demokratiyanın başlanğıcı hesab ediblər. Odur ki, 1945-ci ilin dekabrın 12-də Azərbaycan Mill Höküməti yaradıldığı elan edilib və Pişəvəri də bu hökümətin sədri seçilib. Həmin gün İran təqvimilə 21 Azər gününə düşdüyündən çox vaxt 21 Azər inqilabı deyə yad edilir.

Pişəvərinin rəhbərlik etdiyi Azərbaycan Mill Höküməti dekabrın 23-də Təbrizi şahpərəstlərdən təmizləyərək demokratik islahatlar həyata keçirməyə başlayıb. Bu islahatlardan biri də dil haqqında idi. 1945-ci il dekabrın 28-də Azərbaycan ərazisində ana dili rəsmi dövlət dili elan edilib. Bu islahat yalnız fars məmurlarının deyil, ana dilinə xor baxan bəzi azərbaycanlıların da xoşuna gəlməyib.

Azərbaycan Milli Höküməti yaradıldıqdan 35 gün sonra BMT Baş Assambleyesına Pişəvərinin imzasıyla Azərbaycanın hüquqlarının tanınması haqqında müraciət daxil olub. 1946-cı ilin aprelin 29-da S.M.Pişəvərinin başçılığı ilə Tehranda mərkəzi hökumətlə başlayan danışıqlarda qəti bir nəticə əldə edilməyib.

Sov.İ.K.P. MK-nin baş katibi və Xalq Komissarlar Sovetinin sədri İ.V.Stalin, ona 1946-cı ilin mayın 8-də məktub yazaraq öz mövqeyindən geri çəkilməyi tələb etsə də, Pişəvəri ona əhəmiyyət verməyib. Tehran hökümətinə qarşı müxalifətdə qətiyyətlə dayanıb. Hətta 1946-ci ilin iyunun 13-də Tehran nümayəndəliyi ilə apardığı danışıqlarda 15 maddədən ibarət bağlaşma imzalanmasına nail olub.

Lakin bunlar da Azərbaycan Milli Hökümətini məğlubiyyətdən qurtara bilməyib. Təzyiqlər altında müqavilədən 3 gün sonra S.C.Pişəvəri Azərbaycan Milli Hökümətinin baş naziri vəzifəsindən istifadə etməli olub.

Azərbaycan Milli Hökümətinin bir illik fəaliyyəti haqda Arvand İbrahimyanın «İran iki inqlab ərəfəsində» kitabindan yazır: «Hətta firqəyə muxaliflər olanlar belə bu bir ildə iyirmi illik Riza şah dövründən çox iş görüldüyünü etiraf etdilər».

Dünyanın imperiya siyasəti arxasınca gedən qüvvələri sözdə demokratik görünsələr də, əməldə öz çıxarları üçün hər cür haqsızlığa əl atıblar. Faşist Almaniyası üzərində qələbə çalmış müttəfiqlər İranda şah idarəçiliyini bərpa etməyi qərarlaşdırır. Ona görə də Amerika, Böyük Britaniya kimi dövlətlər şah qoşunlarını silahlandırıb, müttəfiqləri olan SSRİ-ni də məcbur ediblər ki, Pişəvəri hökumətinə yardım etməsin. Pişəvəri 1946-ci ilin dekabrın 8-də sonuncu dəfə yardım üçün Sovet rəhbərliyinə müraciət edib.

Bu müraciətə müsbət cavab əvəzinə 3 gün sonra S.C.Pişəvəri Sovet Azərbaycanına gətirilib. Yaranmış qarışılıqdan istifadə edən şah qoşunları müttəfiqlərdən yardım alaraq Azərbaycana daxil olub və milli höküməti müdafiə edənlərə divan tutub.

Sovet Azərbaycanına gətirilmiş S.C.Pişəvəri 1947-ci il iyunun 11-də Quzey Azərbaycanda Yevlax yaxınlığında avtomobil qəzasına salınaraq öldürülüb.

 

MÜZİK       :    GEÇİŞ

 

Mətni yazdı və oxudu Əli Şamil (Əli Hüseyin oğlu Şamilov).

 

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol