Sultan Al əüd dövlə Uluq bəy Gurkan

Türk Dünyasının Məşhurları 31

Böyük astronom, riyaziyyatçı, şair, dövlət adamı Uluqbəyin ömür yolu və yaradıcılığı.../Әli Şamil

Göndərmə 13.09.2010 10:57:41 UTC

Güncəlləmə 13.09.2010 10:57:41 UTC

www.trtazerbaycan.com

 

Onun adını bütovlükdə Sultan Al əüd dövlə Uluq bəy Gurkan kimi yazırlar. Əmir Teymurun oğlu Sultan Şahruxun 1394-cü ilin martın 22-də, yəni xalqımız üçün əziz bir gündə, Novruz bayramında Azərbaycanın Sultaniyyə şəhərində doğulan ilk oğluna Muhamməd Torağay adı qoyurlar. Hökmdar nəslindən olan gənci də qısaca olaraq Turğay Mirzə deyə çağırılır. Sarayda hər cür qayğı ilə əhatə olan Turğay Mirzəni gələcəyin hökmdarı kimi tərbiyə etməyə çalışırlar. Lakin yaşıdlarından dərin zəkası, məntiqi, iti hafizəsilə seçildiyinə görə elmə və sənətə daha çox meyl edir. Yeniyetməliyindən şeirlər yazır, Qurani-Kərimi əzbərdən bilən hafiz kimi tanınır.

Tarixi qaynaqlar Uluq bəyin babası Əmir Teymurla bir görüşü haqqında yazır ki, Əmir Teymur bir müddət dincəlmək üçün Gülüstan bağına gəlir. Əyanlara nəvələrini onun yanına gətirmələrini tapşırır. Nəvələrini onun yanına gətirirlər. Gecənin aydınlığında Əmir Teymur Turğay Mirzəyə deyir: -“Ürəyin nə istəyir, deynən verim!” Uşaq da yavaşca əlini yuxarı qaldırır. Göydə sayrışan ulduzu göstərir və deyir: - “Baba, onu istəyirəm!” Əmir Teymur uşağın cavabından tutulsa da balaca Turğay Mirzənin hafizəsinə, hazırcavablığına və məntiqli danışığına heyran qalır.

1409-cu ildə 15 yaşlı Turğay Mirzə vəliəhd olduğuna görə Teymurilər imperiyasının paytaxtı Səmərqəndə hakim təyin edilir. O, yüksək vəzifəsindən təhsilini artırmaq, məktəblər, kitabxanalar açmaq, elmi təşkilatlar yaratmaq üçün istifadə edir.

Onun ensiklopedik biliyi, elmə və maarifə göstərdiyi qayğı az bir zamanda Teymurilər imperyasının sərhədlərindən uzaqlara yayılır. Bu imperyanın ərazisi o qədər böyük idi ki, şairlər ondan söz açanda mubaliğə ilə “məmləkətin bir ucunda günəş doğanda o bir ucunda günəş batır”,və ya “bir çapar məmləkətin bu başından o başına altı ay at çapır” yazırdılar.

Onun elmə verdiyi dəyərdən xəbər tutan alimlər Səmərqəndə doğru axışırlar. Açdığı mədrəsələrdə istedadlı gənclər təhsil alırlar.

Gənc Turğay Mirzə atası Sultan Şahruxun böyük oğlu və vəliəhdi kimi Mavareyi nəhri idarə etməklə yanaşı, elmə və sənətə bu qədər zaman ayıra bilməsi də heyrət doğurur.

Uluq bəyin açdığı mədrəsədə Əli Quşçu, Kaşi kimi böyük alimlər çalışır.

Tarixə Uluqbəy rəsədxanası kimi daxil olan bu elm müəssəsinin əsasını qoyan Turğay Mirzə arstronomiyadakı bir çox yanlışlıqları yeni riyazi hesablamalar vasitəsilə aradan qaldırır. O dövrdə dünyada heç bir alim öz müşahidə və hesablamalarının dəqiqliyində onunla müqayisə olunmamışdı. Beləcə özü də tarixə ən böyük riyyaziyyatçı və astronom kimi daxil olur. Tərtib etdiyi ulduz kataloqu, yəni planlı cədvəllər eklintika meylinin təyin edilməsinə və illik presessiya sahəsindəki araşdırmalara güclü təkan vermişdi.

38 il vəliəhd kimi ölkəni idarə edən, elmi, sənəti, ədəbiyyatı inkişaf etdirən, abadlıq işləri aparan Uluq bəy 1447-ci ildə atası Şahrux Sultan dünyasını dəyişdikdən sonra böyük bir imperanı təkbaşına idarə etməli olur. Onun gördüyü işlərdən narazı qalan, hakimiyyət bölgüsündə aldığı payla razılaşmayan, irticaçı saray məmurları Uluq bəyin oğlu Əbdüllətif Mirzəni atasına qarşı qiyama təhrik edirlər. Uluq bəy də başı elmə, poeziyaya qarışdığından sarayda baş verənlərdən vaxtında xəbər tutub sərt tədbirlər görə bilmir.

Yaranmış vəziyyətdən çıxmaq üçün 1449-cu il oktyabrın 24-də oğlu Əbdüllətifin xeyrinə hakimiyyətdən əl çəkərək Hacı Xorasanla Məkkə ziyarətinə yola düşür. Lakin o heç Səmərqənd vilayətindən çıxa bilmir. Şeyxlərin fitfasıyla çağırılan divanda onu zalımlıqda, ədalətsizlikdə suçlayıb ölüm hökmü kəsir.

Məkkə ziyarətinə yola düşən Uluq bəyə çapar Səmərqəndə yaxın kəndlərin birində yetişir. Bildirir ki, xanın yeni əmri olmadan heç, yerə getməməlidi. Çapardan sonra bir neçə il əvvəl Uluq bəyin əmrilə atası edam edilmiş Sulduzlar nəslindən olan Abbas gəlir. O, bildirir ki, Uluq bəy islam ehkamlarından uzaqlaşmaqda suçlanaraq ölüm hökmünə məhkum edilib. Abbasın xidmətçiləri Uluq bəyin əl-qolunu bağlayaraq arxın kənarına gətirir və diz çökdürürlər. Abbas qılıncla vurduğu bir zərbə ilə böyük alimin, hökmdarın başını bədənindən ayırır.

Beləcə, 1449-cu ilin oktyabrın 22-də böyük alim və dövlət xadiminin ömrü faciəli şəkildə başa çatır. Uluq bəyin ölüm xəbəri Səmərqəndə çatanda uzun illər ona şagirdlik etmiş, sonra yaxın dostuna çevrilmiş, böyük alim Əli Quşçu nələr baş verə biləcəyini göz önünə gətirərək rəsədxanaya tələsir.

Ağzınacan sənədlər və kitablarla doldura bildiyi xurcunu atının tərkinə bağlayaraq oradan uzaqlaşır. İrticaçı din xadimlərinin fitvasından coşmuş qaraguruh rəsadxanaya hücum edərək oranı darmadağın edir.

Heç bir il keçmir ki, hökümdar və münəccim Uluq bəyin oğlu Əbdüllətif taxtdan salınır. Sonra da ata qatili kimi edam olunur. Hakimiyyətə gələn yeni xan siyasi məqsədlə Uluq bəyin cənazəsini babası Əmir Teymurun Guri-Əmir məqbərəsinə gətirdir. Vaxtilə Uluq bəyin ölüm fitvasını verdirən və qətli hazırlayan irticaçı din xadimləri və divan üzvləri isə cənazənin qalıqlarının məqbərəyə gətirilməsində böyük canfəşanlıq göstərirlər.

Əli Quşçu isə Çinə, ordan da Herata gedir. Uzun səfərdən sonra kitablar və sənədlər İstanbula gətirilir. Uluq bəyin «Ulduz cədvəli»nin üzü köçürülərək Şamda və Qahirədə yayılır. Ulduz cədvəli kitabı beş hissədən ibarətdir. O beş hissənin ikisi astralogiyaya – ulduzlara görə insan taleyindən, gələcəkdə baş verəcək təbii hadisələrə həsr edilib.

XVII yüzildə isə «Ulduz cədvəli» latıncaya, fransızcaya və ingiliscəyə çevrilərək Londonda, Parisdə, Florensiyada və Cenevrədə nəşr edilir. «Ulduz cədvəli» kitabı o qədər heyranedici olur ki, bir çox alim cədvəlin orijinallığına şübhə ilə yanaşır. Alimin apardığı müşahidə və hesablamaları mümkünsüz hesab edirlər. Zaman isə öz işini görür.

1908-ci ildə Rus alimi Vyatkin Uluq bəyin rəsədxananın yerini müəyyənləşdirmək üçün Səmərqəndə gəlir. Burada arxivlərdə çalışır, qocalarla söhbətlər edir. Torpaq idarəsinin arxivində XVII yüzilliyə dair bir sənəd tapır. Sənəddə “təlli-rəsəd” adı ilə bir sahənin satılmasından bəhs edilir. Bu ifadə ona ipucu verir. Alim Qırxqız qəbiristanlığı yaxınlığındakı Kuhək təpəsindəki həmin sahədə arxeoloji qazıntı aparmağı qərara alır. Uğurlu və təkidli axtarış öz bəhrəsini verir. Rəsədxananın qalıqları tapılır.

Lakin qazıntını axıradək davam etdirə bilmir. Həmin yerdə qazıntı işləri birdə II Dünya Savaşı ərəfəsində davam etdirilir. 1941-ci ilin iyunun 22-də Faşist Almaniyasının SSRİ-yə hücumu qazıntını dayandırır.

1948-ci ildə arxeloji qazıntı yenidən davam etdirilir və bu iş Uluqbəy rəsədxanasının bərpasına şərait yaradır.

Hakimiyyətin iblisanə şirinliyinə uyaraq atasının öldürülməsinə şərait yaratmış Əbdüllətif Mirzəni bu gün xatırlayan yoxdur, xatırlayanların da əksəriyyəti onu lənətlərlə yad edirlər. Uluq bəyin adı isə dünyanın hər yerində hörmətlə çəkilir, adının əbədiləşdirilməsi üçün heykəlləri qoyulur, muzeyləri yaradılır, haqqında kitablar çap olunur.

 

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=