Tağıxan Rafət Təbrizi

Mirzə Tağıxan Rafət Təbrizi

Türk Dünyasının Məşhurları-43

Yenilikçi şair, həm xarici işğalçılara, həm də yerli hakimiyyətin haqsızlığına qarşı cəsarətlə döyüşmüş Mirzə Tağıxan Rafət Təbrizi...Əli Şamil


 

Göndərmə 12.01.2012 09:05:23 UTC

Güncəlləmə 12.01.2012 09:05:23 UTC

www.trtazerbaycan.com

http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=4f531659-2616-4fe6-81c3-2a31b958cb00

http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=4f531659-2616-4fe6-81c3-2a31b958cb00

 

Mirzə Tağıxan Məhəmməd oğlu Rafət Təbrizi 1889-cu ildə Təbriz şəhərində anadan olur. Öz üzərində çalışan, fitri istedadıyla seçilən, yeniliyə can atan Mirzə Tağıxan mədrəsəni başa vurduqdan sonra Osmanlı dövlətinin paytaxtı İstanbula gedir. Orada fransız dilində təhsil aldıqdan sonra Trabzona gedərək İranlıların açdığı Naseri məktəbndə müəllim, sonra müdir işləməyə başlayır. O, məktəbdə fransız dili dərsləri deməklə yanaşı, Parisdəki qəzetlərə ədəbi-siyasi məqalələr yazır.

Fransa hökuməti gənc müəllim və ədibin fəaliyyətini yüksək qiymətləndirir. Onu fəxri medalla təltif edir. Bu medalı ona Fransanın Trabzondakı konsulu təntənə ilə təqdim edir.

Mirzə Tağıxan Rafətin gəncilyi Təbrizdə məşrutə hərəkatının qızğın dövrünə təsadüf edir. Səttərxan Sərdarimillinin, Bağırxan Salarimillinin, Təbriz mücahidlərinin qəhramanlıqları onun gözləri qarşısında baş verir. Mühafizəkarların məşrutə hərəkatını qan içində boğması gənc Tağıxanda yeniliyə, cəmiyyətin hər sahəsində dəyişikliyə marağını artırır.

Yeniyetmə yaşlarından şeir yazan Tağıxan Fransız dilini bildiyindən orada baş verən dəyişiklikləri diqqətlə izləyir. Necə deyərlər, onda Avropaya, xüsusən də Fransaya heyranlıq gündən-günə artır. O, vətəninin də Fransa kimi inkişaf etmiş bir ölkə olmasını istəyir. Fransa ədəbiyyatından təsirlənərək ana dilində və farsca sərbəst şeirlər yazır.

Mirzə Tağıxan Rafət ədəbiyyatda yalnız forma dəyişiklərini istəmir, həm də məzmunca dəyişiklərə nail olmağa cəhd göstərir. Fikrini Modernistlərin Bəyənatında belə ifadə edir: "Əziz yoldaşlar, biz ədəbi inqilabın çətin vaxtlarını yaşayırıq. Bizim istədiklərimiz heç də düşüncə və incəsənət dünyasında, ədəbiyyatda müasir eranı yaratmaqdan az deyil. Köhnəlmiş lakin, hələ də üstün olan statusu dəyişərək yeni müasir status ilə əvəz etmək ... Dil insanın fikir və hisslərini ifadə etmək üçün alətlərdir. Əgər biz iddia edə biləriksə ki, insan fikirləri və hissləri minillər ərzində heç bir dəyişikliyi qəbul etmir, onda dil dəyişikliyi yararsız ola bilər. Aydındir ki, intellektual və perseptual müasirlik ədəbi müasirliyi tələb edir".

Mirzə Tağıxan Rafət açıq-aydın görürdü ki, Avropanın inkişaf etmiş dövlətləri Şərq xalqlarının maariflənməsini, inkişafını heç də istəmir. 1907-ci il müqaviləsi xalqının qəti müqaviməti nəticəsində tamamilə həyata keçirilə bilməsə də, 1909-cu ildə İngiltərə və çar Rusiyasının işğalçı qoşunları ölkənin quzeyini tutur. Ələ keçirdikləri yerlərdə öz qayda-qanunlarını həyata keçirirdilər. Onlar işğalçılıq siyasətlərini rəsmiləşdirmək məqsədilə 1915-ci ildə yeni bir müqavilə bağlayır. Böyük Britaniya ilə çar Rusiyası arasında bağlanan həmin müqaviləyə əsasən, 1907-ci ildəki müqavilədə nəzərdə tutulan bitərəf zona ləğv edilir və Qacarlar dövlətinin ərazisi ikiyə bölünmüş kimi olur. Ölkənin Qüzeyi çar Rusiyasının, Güneyi isə İ Böyük Britaniya müstəmləkəsinə çevrilir. Beləcə əhalinin güzaranı gündən-günə pisləşməyə başlayır.

Birinci Dünya Savaşında Rus qoşunları Trabzonu tutur. Mirzə Tağıxan Rafət oranı tərk edərək ağır günlərini yaşayan Təbrizə dönür. Ayıq düşüncəli insanlarla tez-tez görüşür, söhbətləşir, xilas yolları axtarır. Rusiyada II Nikolayın xalq tərəfindən taxtdan salınması onları da belə bir iş görə biləcəklərinə həvəsləndirir. 1917-ci il martın sonlarında Şeyx Məhəmməd Xiyabaninin rəhbərliyi ilə Təbrizdə İran Demokrat Partiyasının Azərbaycan Vilayət Komitəsi yaradılması istiqamətində addımlar atılır. Bu təşkilatın “Təcəddüd” (yenilik) adlı qəzetinin ilk sayı 1917-ci il aprelin 9-da işıq üzü görür. Qəzetin 1-13-cü saylarına Əbülqasım Füyuzat və Əbülfət xan Ələvi redaktorluq etsə də, 1920-ci ilədək çap olunan 202 yayının ümumu rəhbəri Şeyx Məhəmməd Xiyabani olur.

Demokrat Partiyasının Vilayət Komitəsinin təsis toplantısına Güney Azərbaycanın müxtəlif bölgələrindən gəlmiş 480 nəfər qatılır. Vilayət Komitəsinə Ş.M.Xiyabani, Mirzə İsmayıl Nobəri, Məhəmmədəli Badamçı, MirzəTağıxan Rafət, Əhməd Kəsrəvi, Doktor Zeynalabdinxan, Sultanzadə, Zeynalabidin Qiyami, Nurulla xan Yekani, Mirzə Əli Heyət və b. daxil olur.

Təşkilat yarandığı ilk gündən aralarında fikir ayrılığı meydana çıxır. “İnqilabiyun” və “Tənqidiyun” deyə iki qrupa ayrılırlar. Ş.M.Xiyabani və M.T.Rafətin daxil olduğu qrupun sözçüsü Hacı Məhəmməd Badamçı istəklərini belə dilə gətirir: “Məqsədimiz ölkədə islahat aparmaqdır. Maarif şəbəkələrini genişləndirməkdir,intizamlı, xalqa xidmət edən ordu yaratmaqdı. İqtisadiyyatı qaldırmaqdı. Milli sənayeni qabağa aparmaqdı. Elə bir hökumət iş başına gətirməkdi ki, o millətin xeyrinə fəaliyyət göstərə bilsin, ölkədə hərcmərcliyə və dərəbəyliyə son qoya bilsin. Məmləkətin hər yerində abadlığa fikir verə bilsin.”

“İnqilabiyun” və “Tənqidiyun” qrupları arasında ziddiyətlər dərinləşsə də, xalq ölkəni ingilislərə satan hökumətlə barışmaq istəmir. “Cəngəl” hərəkatının yatırılması ilə ingilislərin işğalçılıq siyasəti daha da aşkar şəkil alır. Onlar İranı da Hindistan kimi bir müstəmləkəyə çevirmək məqsədi ilə 1919-cu il avqustun 9-da İranın baş naziri Vüsuqüddövlə ilə müqavilə bağlayır. Bu müqavilə xalq həyacanını daha da artırır. Nəhayət, Şeyx Məhəmməd Xiyabaninin başçılığı altında milli-azadlıq hərəkatını başlayır.

Şeyx Məhəmməd Xiyabani Təbrizin Alaqapı meydanında söylədiyi nitqində deyir: “Mən bu gün bütün dünyaya bildirirəm ki, biz ingilislərlə müqavilə bağlayan Vüsuqüddövlə hökuməti əleyhinə qiyam etmişik”. Həmin günlərdə Mirzə Tağıxan Rafət yalnız təşkilati işlərdə, ideya-siyasi mübarizədə Xiyabani ilə çiyin-çiyinə olmaqla qalmır. O, həm də şeirlərilə üsyan bayrağı qaldırır, xalqını mübarizəyə səsləyərək yazır:

Qalx yerindən vətən oğlu, nəzər et asimana,

Üfüqün rəngi günəşdi, necə gör döndü qana.

Qalx, gülər üzlə salamla açılan al, səhəri,

Qalx ki, iş vaxtı çatıb, gözləməyin, ol səhəri.

Qalx, iri addım ilə get irəli, başla işə,

Məyus olamaq səni bil məhv edəcəkdir həmişə.

Bil döyüş gözləyir indi yolunu öndə sənin,

Sabaha səsləyir hər an səni doğma Vətənin...

Bir təzə fəsil gəlibdir, yeni nəslin baharı,

Bağların, bağçaların gör necə artmışdı barı.

Qalx ki, xoşbəxtlik özü qarşına gəlmiş gülərək,

Qalx, düzəlt qamətini, meydana çıx Rüstəm tək.

Zal kimi bağrını qoy kamana, sən oxu at,

Səsləyir, bax, səni xoş günlərə indi bu həyat.

1920-ci il aprelin 9-da Güney Azərbaycanda Xiyabaninin rəhbərliyi ilə milli hökumət qurulanda “Tənqidiyun”çulardan Seyid Əhməd Kəsrəvi, doktor Zeynalabdin xan, Mirzə Əli Heyət, Mirzə Bağır Taleyi, Bakı ermənilərindən olan Sultanzadə və b. Təbriz valisi Eynəlüddövlənin yanına gələrək “İnqilabiyun”çuların ölkəni parçalamaq istədiklərindən, ana dilində yazıb-oxumağa təşəbbüs göstərdiklərindən, keçirmək istədikləri islahatlardan narahat olduqlarını bildirirlər.

Belə ağır günlərdə Xiyabani ilə bir cəbhədə olan,"Təcəddüd " qəzetinin 59-86-cı saylarına redaktorluq edən Mirzə Tağıxan Rafətin rəhbərliyi ilə Demokrat Partiyası Azərbaycan təşkilatının gənclər qolunun “Azadistan” adlı elmi, nəzəri-siyasi jurnalı nəşrə başlayır. İstiqlaliyyət, dil, ədəbiyyat məsələlərini işıqlandıran jurnalın ayda iki sayının çap edilməsi planlaşdırılsa da, cəmi 3 sayı işıq üzü görür.

155 gün yaşamış Milli Hökumət bir sıra islahatlar aparır. İranda “ədəbi təcəddüd”, “ədəbi inqilab” adlanan hərəkata güclü təkan verən, demokratik ədəbiyyatda farsca “şere nov” adlandırılan yeni şeirin əsasını qoyanlardan biri olan Mirzə Tağıxan Rafət həm öz imzasıyla, həm də “Femina” imzasıyla yazdığı məqalələrdə Mirzə Tağı Baharın redaktoru olduğu “Daneşkədə”çilərə qarşı durur. O, yazır: “Bu açıq və aydın bir həqiqətdir ki, yeni fikir və yeni hisslər ədəbiyyatda da yeniləşmə tələb edir. Daha doğrusu, ədəbi yeniləşmə, yəni təfəkkür və deyim tərzində yeniləşmə fikirlərin və hisslərin yeniliyini göstərən yeganə sübutdur.”

Xiyabaninin başçılıq etdiyi hökumətdə maarif və mədəniyyət məsələrinə Mirzə Tağıxan Rafət rəhbərlik edir.

Təbrizə vali təyin edilmiş Müxbirəssəltənə ordu rəhbərləri ilə gizli danışıq apararaq sentyabrın 12-də sübh çağı Alaqapıda Ş.M.Xiyabanının və hökumət rəhbərlərinin evlərinə, idarələrinə basqın təşkil edəndə Mirzə Tağıxan Rafət bir neçə yoldaşıyla Ərvənəq kəndlərinə gedibmiş. O, qurduqları milli hökumətin süquta uğradığını, Xiyabaninin öldürüldüyünü, yolunda canından keçməyə hazır olduğu xalqın onları lazımınca müdafiə etmədiyini eşidəndə tapançasıyla özünü öldürür.

Fransadakı romantizm cəryanının təsirilə türk, fars, fransız dillərində şeirlər və pyeslər yazan ədibin “Xosrov Pərviz” adlı məzmun pyesi daha məşhur olmuşdu. Demokrat Partiyasının əksər üzvləri kimi M.T.Rafətin evi də talan edildiyindən onun əsərlərinin bir çoxu məhv edilir.

Ş.M.Xiyabani, M.T.Rafət vətən və millət yolunda şəhid olsalar da, onların ideyaları yaşayır. “Rafət Məktəbi” adlandırılan ədəbi məktəb İranda yaşayan xalqların ədəbiyyatına güclü təsir edir. Həbib Sahir, Əhməd Xürrəm, Tağı Bərzgər, Yahya Mirza Danişi (Yəhya Ariyanpur) və b. özlərini "Rafət Məktəbi" davamçıları sayırlar

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol