Tanıdığım insanlar. Birinci kitab

 

Əli Şamil

 

 

 

 

 

 

 

TANIDIĞIM İNSANLAR

 

 

 

 

 

 

 

 

I kitab

 

 

 

 

 

Bakı – 2000


 

    76 (Az)

__________

      Ş 21

 

 

 

 

 

Ş 21         Şamil (Şamilov) Əli Hüseyn oğlu. Tanıdığım insanlar.

     “Sumqayıt” nəşriyyatı, Bakı, 2000, 152 səh.

 

 

 

 

Kitabda toplanan  oçerklərdə bir-birindən min kilometrlərlə uzaqlarda yaşayan soydaşlarımızın ömür yolundan bəhs edilir, onlarıntTimsalında Avrasiya məkanındakı türk xalqalrının tarixindən, bu günündən söhbət açılır, Azərbaycanla əlaqələri göz önünə sərilir.

 

 

 

 

       4502020000

_________________  Elansız

  Ş           M 657 – 2000

 

     İSBN 5-89600-274-2


 

Vətənin azadlığı və müstəqilliyi uğrunda ölənlərin ruhuna, sağ qalıb zindanlara atılanların xatirəsinə bağışlayıram

 

 

 

 

 

 

“Tanıdığım adamlar” kitabı ____________________________________________ _________________________________________________________________________________________                      _________________________________hədiyyəmdir

                          

Ə l i  Ş a m i l


 

İ Ç İ N D Ə K İ L Ə R

 

Seyfəddin Altaylı. Ön söz yerinə....................................5

Oxucuya.........................................................................9

Hürriyyət zor qazanilan kolay qayb

ediləndir – Rauf  Denktaş.............................................11

Görüşlərim və söhbətlərim –  Həmid  Nütqi................22

Bir  ozan  taniyiram –  Arif  Şirin.................................38

Uman yerdən küsərlər  – Şeyit xanim..........................50

İrana gedəndə və gələndə –  Zya Bünyadov.................57

Bir həftə kirikkaledə  – İsgəndər Muzbeg....................65

Tarix yenidən yazilir –  Ejer Çolokov..........................74

Qaqouzam Bucaqdır yerim – Tudora Arnaut...............83

Tehranda və Bakıda –  Əli Kamali...............................98

Milli şüur oyadan  insan –  Qəzənfər Paşayev........... 111

Qafqazin bu tərəfində və o

tərəfində –  Axmat Sozayev........................................118

Tatar gəldi su gəldi –  Nigara İsmət qızı....................129

Divardan asilan bir saz

günündə – Mehman Qaraağac....................................141

 

 

 

                                        **************

 

 

 

 

                                                   

 

 

 

 

 

 

 

 

 

ÖN SÖZ YERİNƏ

 

   Tanrı insanı yaratdıqdan sonra deyib: “Feteberekallahı əhsən-ül xaliqin.” Mənası isə belədir. Əhsən, bərəkallah mənə ki, beəe bir varlıq yaratdım.

   İnsan, yaradılmışların ən şərəflisi, ən ləyaqətlisidir; çünki kamil yaradılıb. O, hər şeyi özündə hifz edib. Yaxşılıq da, pislik də, gözəllik də, kifirlik də, düzlük də, əyrilik də və s. onun varlığında əhatə olunub. Bəziləri, insanı ancaq fikirləşdiyinə, danışdığına, hisslərini, xəyallarını aydın şəkildə araya qoyduğuna, yaradıcı xarakter daşıdığına görə üstün bir varlıq kimi qələmə verirlər. Mənim fikrimcə bunlar düzdür; ancaq insanı sözün əsl mənası ilə aça bilmir. İnsan tebii prosesə uyğun şəkildə ana rəhminə düşür, doğulur, böyüyüb boya-başa çatır, vaxtı gəldikdə evlənir və nəhayət qocalıb dünyasını dəyişməli olur. Bu proses onun maddi varlığının başlayıb qurtardığı yoldur. Bu dünya insan üçün müvəqqəti məkandır, əbədi deyildir. Elə isə insanın bu müvəqqəti məkanda öhdədar olduğu mühüm bir ünsür vardır ki, digər yaradılmışlardan onu fərqləndirir. O da, insanın missiyasıdır. Bu missiya isə özünü yaradana olan təşəkkür və onun buyurduğu yolda yerimək, özünü dərk, ata və anaya məhəbbət, vətən, bayraq və dövlət məhəbbəti ilə özündən kiçiklərə sevgi, böyüklərə hörmət, zalımlara qarşı müqavimət göstərib onlarla vuruşmaq və zəifləri, düşkünləri, qorumaqdır. Məncə bunlara əməl edilərsə insanlığın missiyası yerinə yetirilmiş olar.

       Mən həmişə Türk olaraq yaradıldığımdan ötrü Tanrı”ya nəhayətsiz dərəcədə şükr edirəm.   Bu duyğum əlbettə səbəbsiz  deyildir və bunun  şovinist hisslərə  uzaqdan yaxından rabitəsi yoxdur. Tanrı iki cahanın sərvəri Hz.Məhəmməd Peyğəmbərin ruhunu yaratdıqda dediyi  müqəddəs hədisində buyurub: “Lövlake, lövlake lema  xelekt-ül əflak”. Mənası isə belədir:”Sən olmasaydın , sən olmasaydın bütün bu fələkləri yaratmazdım”.

Tanrının bu boyda məhəbbət bəslədiyi  Peyğəmbərimiz üzünü  ərəblərə tutub buyurub ki, “ Türklər sizə toxunmadıqca, siz onlara toxunmayın, çünki onlar çox xeşin (tünd, döyüşkən) təbiətli millətdilər”. Ayrı bir hədisində buyurub: “Hərblər, fitnə-fəsad artdıqca Allah bu ümmətə bir ordu yolluyacaqdır. Onlar ata minməkdə Ərəblərdən daha üstün və silah işlətməkdə  onlardan daha mahirdilər. Allah bu dini onlarla təzədən yüksəldəcəkdir”. Müqəddəs kitabımız Qur’ani Kərimin  Maidə surəsinin 54 ayəsində buyurulub: “Ey iman gətirənlər! Sizdən hər kim dinindən dönsə Allah da onların yerinə elə bir gövm gətirər ki, Allah onları sevər, onlar da Allahı sevərlər. Onlar möminlərə qarşı hüsn niyyətli və təvazökardılar, kafirlərə qarşı isə başları dik və vüqarlıdılar, güclüdülər. Allahın yolunda (qorxmadan) cihad eləyərlər, onları qınayanların bu hərəkətinə də fikir verməzlər. Bu, Allahın elə bil lütfüdür ki, onu istədiyinə verər. Allahın lütfü və ehsanı nəhayətsizdir. Hər şeyi bilən də odur”. O hədis də, bu ayə də məhz Türk millətini nişan verir, çünki millətimiz tarix boyu üzü ağ və başı dik yaşayıb. Ona bir dənə də peyğəmbər yollanmayıb. Bu fikrin əksinə gedənlər Türklərə peyğəmbər yollanması barədə bir dənə də dəlil gətirə bilməzlər. Əlbəttə, bu bisəbəb deyildir: çünki biz heç vaxt haqq və ədalət yolundan yayınmamışıq, insan xilqətini itirməmişik. Peyğəmbərlər ancaq yolunu azan millətlərə yollanıbdır.

Türk milləti Tanrının buyurduğu yolda addımlayıb, dövlətinin bünövrəsini ədalət üstündə ucaldıb. Ona görə bircə misal çəkim, yaratdığı Osmanlı İmperiyası düz 629 il davam edib. Osmanlı dövlətinin böyük xaqanı Fateh Soltan Məhəmməd  İstanbulu tutduqda şəhəri əhatə edən hasarın Topqapı hissəsindəki qapıdan şəhərə daxil olub və Ayasofiya kilsəsinə kimi sağ və sol yanında müəllimləri Molla Gürani və Molla Xosrov, ardınca isə müntəzəm səflərə yeriyən müzəffər ordusu ilə gəlib. Özünü qarşılayan və qorxudan səcdəyə enən papazlara, Bizans xalqına qarşı bu sözləri deyibdir: “Ayağa durun! Mən Soltan Məhəmməd  Xanam! Sizə və bütün xalqa üzümü tutub deyirəm ki, bu gündən etibarən daha nə canınız, nə də azadlığınız haqda mənim qəzəbimdən qorxmayın”.

Türk millətinin adil olduğunun, zəifləri, məzlumları qoruduğunun dəlili sadəcə budurmu? Kərbəlada Hz. Hüseyn tərəfdarları ilə Yezid bin Müaviyə arasında döyüş gedərkən Ömər bin Sed  Hz. Hüseynin  qeydsiz, şərtsiz təslim olmasını və Yezid bin Müaviyəyə bəy’ət etməsini tələb edib.

Hz. Hüseyn isə bu tələbi qəbul etməyib və axırıncı təklif kimi onlara yolladığı cavabında deyib: “Ya Mədinə şəhərinə qayıtmağıma, ya da türk yurdlarına getməyimə imkan yaradın”. Lakin o gözü dönmüş qatillər bunun heç birini qəbul etməyiblər və Kərbəla faciəsini yaradıb, Əhli Beytin başına olmazın bəlaları gətiriblər.

Belə bir xalqın nümayəndəsi olmaqdan daha böyük xoşbəxtlik ola bilər ki, Mənim Tanrıya nəhayətsiz təşəkkürümün özülü də türk adlanan şərəfli millətə mənsubiyyət şüurudur.

Adlarını çəkdiyim nümunələrdən gəlmək istədiyim mənzil, ləyaqətli, insanpərvər, şərafətli, təmiz, məzluma arxa çıxan və Tanrıdan savayı heç kəsin qarşısında əyilməyən bir millət olmağımız məsələsidir. Yeni nəsillərə nəcib xalqımızın böyüklüyünü başa salmaq hər ziyalı Türkün əsil vəzifəsidir.

 Bizim, Türk milləti  olaraq boynumuzda böyük bir öhdəlik vardır . Tanrı bizi nizam verək deyə yaradıb, yer üzünə salıb. Orxan-Yenisey yazılarında, Gültəkin abidəsinin şərq hissəsində deyilir: “Yuxarıda mavi göy, aşağıda qara yer yaradıldıqda ikisinin arasında insan oğlu yaradılıb. İnsan oğlunun üstünə babalarım Bumın Xaqan ilə İstəmi Xaqan xaqanlıq taxtında əyləşiblər. Türk millətinin yurdunu və törəsini nizama salıblar.”

Kitabənin ayrı bir yerində deyilir: “Atamın və əmimin bir yerə yığdığı millətin adı-sanı itib batmasın deyə Türk milləti üçün gecə yatmadım, gündüz oturmadım. Kiçik qardaşım Gültəkin və iki şad ilə ölümünə işlədim. Tanrı buyurduğu və taleyim yar olduğu üçün ölümün astanasında olan milləti diriltdim, çılpaq xalqı geyindirdim, kasıb xalqı varlı, az xalqı çox elədim”.

Bu sözlər bizim dövlətçilik təfəkkürümüzlə dünyanı nə cür dərk etdiyimizi yaxşıca sübuta yetirir. Bəli, türk milləti dünyaya nizam vermək, orda Tanrının ədalətini bərqərar etmək üçün yaradılıb. Əgər türk bu yoldan kənarda addımlayırsa qayıdıb özünə gəlməlidir və özünə layiq yolda yeriməlidir. Onun yolu düzlük, haqq və ədalət yoludur. Əgər bunu etməsə  Tanrı ona layiqli cəzanı verər. Mənə görə biz müəyyən zamanlarda Tanrı tərəfindən verilmiş vəzifəni yadımızdan çıxartdığımıza görə  parçalanıb dağılmışıq. Bir yerə yığışıb nəhəng bir qüvvəyə çevrilməyimiz də boynumuzdakı Tanrı öhdəliyini şüurlu  surətdə dərk edib əl-ələ verməklə  və onun yolunda yeriməklə reallaşacaqdır.

İndiyə kimi 150-dən artıq dövlət, 16 imperiya yaratmışıq. Dünyanın heç bir xalqında bunu müşahidə edə bilməzsiniz. Hal-hazırdakı Türk dövlətləri  ən qədim dövlətlərimizin, məsələn Sak, Hun, Göytürk, Selcuqlu, Osmanlı imperiyalarının davamçılarıdılar. Dünyada elə bir xalq tapa bilməzsiniz ki, bizimki boyda torpağa yayılıb yiyələnsin.

Türkün dövlətçilik təfəkküründə və dövlət anlayışında azadlıq və müstəqillik birinci yerdə dayanır. Azadlığın təhlükə ilə üzləşdiyi  zamanlarda türklər həmişə yerlərini dəyişməli olublar. Azadlıqları üçün daha az təhlükəli olan yerləri seçiblər. Elat həyatdan əl çəkib torpağa yerləşdikdə isə vətəni öz canı bahasına qorumaq şüuru da azadlığımıza  olan düşkünlüyümüzdən  yaranıb. Türklərin əskərə gedən oğullarını  toyla, zurna ilə yola salması, vətən borcunun müqəddəs qəbul edilməsi, həmin şüurun təzahürüdür.

Türk millətinin böyüklüyünü və müdrüklüyünü  onun incəsənətində  və mədəniyyətinin rəngarəngliyində də tapa bilərsiniz. Xalçalarımıza, kilimlərimizə vurduğumuz naxışlar Qazağda da, Qırğızda da, Çuvaşda da, Qaqauzda daAzərbaycan və ya AnadoluTürkündə də eynidir. O çeşnilərimiz bizim dünyaya, həyata baxışımızın açarlarıdır.Onlar elə-belə bəzəklər deyildir. Biz göyə, yerə, suya, işığa, dağa, ulu ağaca Tanrının əzəmətini, xeyirxahlığını və gözəlliyini əks etdirən, dünyada həyatın mənbəyi olan varlıqlar kimi yanaşıb, fövqəl’adə məhəbbət bəsləyib onları digərlərindən ayırmışıq və həmişə üstün tutmuşuq.

 Türk millətində olan mərhəmət, hüsniyyət və alicənablığı da özgə bir xalqda tapa bilməzsiniz. Məsələn, Yunan xalqı 400 ilə yaxın, Bolqarlar 500 il Osmanlı hakimiyyətində yaşadılar Osmanlı dövləti onların nə dininə, nə dilinə, nə də mədəniyyətinə toxundu. İngilislər və Fransızlar Afrika’da bir əsrə yaxın hakim oldular: ancaq onlar özlərinə tabe olan xalqlara dillərini  və dinlərini güc işlədərək mənimsətdilər. Ruslar da heç onlardan dala qalan deyil. Bir vaxtlar Moskva knyazlığını qurduran və Yuri Daniçloviçi knyaz tə’yin edən, Ruslara dövlətin bünövrə daşlarını, yeni vergini , ordu qurmağı və maliyyəni öyrədən babalarımızın yaxşılığının əvəzini, onlar tarixləri boyu bizim xalqlarımızın qanını tökərək, yeraltı, yerüstü sərvətlərini sümürərək çıxdılar.

Türk xalqlarının əksəriyyəti Sovetler Birliyi adı ilə pərdələnən rus imperiyası yerlə yeksan olmamış öz dünyamızın nəhəngliyindən bixəbərdilər. İndi isə dövran döndü  və bizim qabağımıza böyük fürsətlər çıxartdı.

Xalqlarımızın bir-birlərini tanımasında və aralarında ünsiyyətin yaranmasında xalqlararası tələbə mübadiləsi mənə görə müqəddəs və yaxşı işlərin başında dayanır. Bir tələbə Kirim’dan, Qaqauz yurdundan qalxıb gedib Azərbaycan’da, Türkiyə’də vəya Qazaqstan’da oxuyursa, orda olan mədəniyyəti, dili, inamı vs. Öz qohum-əqrabasına, öz dostlarına aparıb çatdırırsa, bu, böyük  bir missiyanın yerinə yetirilməsidir. Bə’zən onlar getdikləri  yerdən qız alıb evlənirlər, ya da ora ərə gedirlər. Bütün bunlar aramızdakı qohumluq və qardaşlıq körpülərini möhkəmləndirir.

İllərlə ayrı düşdüyümüz dili bir, mədəniyyəti bir, kökü bir qardaş-bacılarımızı təzə-təzə tanıyırıq və dünyamızın böyüklüyünü daha yaxşı başa düşürük. Bir gün gələcək ortaq bir ədəbi Türkcə yaranacaqdır. İndi onun hansı Türkcəyə yaxın olacağına qərar vermək çətindir. Lakin bu iş hökmən həyata keçəcəkdir və Allah’dan  savayı heç bir qüvvə buna mane ola bilməyəcəkdir. Görünən kəndə nə bələdçi! Bu gün bir Azərbaycan türkü Anadolu, Kərkük, Balkanlar, Qıbrıs , Qaqauz Yeri və Kırımda hər bir Türklə dil tapa bilər və onu başa düşə bilər. Onsuz da Azərbaycan Türkcəsi ilə Türkiyə Türkcəsi və adını sadaladığımız türk xalqlarının dili arasında o qədər də fərq yoxdur.

Azərbaycan əlifbasında 32, Türkiyə əlifbasında isə 29 hərf vardır. Azərbaycan türkcəsində olan “Ə,ə,Xx,Qq” səsləri eynilə Türkiyə Türkcə’sində də mövcuddur. Ancaq mətnlərdə onlar ayrıca hərflərlə yazılmırlar. Danışıq dilində sadəcə olaraq xirtdəkdən çıxarılan “X,x” səsi müəyyən bölgələrdə işlədilir, yazıda isə yoxdur. Digər səslər, məsələn, “Elçi” dediyimiz zaman başda işlənən “E e” səsi və “Qaqauz” deyilərkən işlədilən dilarxası samit olan “Q q” səsi yazıda da, danışıqda da vardır. Türkiyə əlifbasında “E,e” və “Ə,ə” səsləri eyni hərflə göstərilir. “E” səsini elmi mətnlərdə “E e” əvəz edir, “Q q” səsini isə “G g” . Bu üç səsə, Türkiyə’də işlədilən əlifbayla yazılan üç nümunə verək: “El” sözü Türkiyə Türkcəsi’ndə cümlənin gəlişinə görə iki mə’nada oxunur. Biri bədənin bir üzvü olan “əl”, digəri isə Azərbaycan’da işlədildiyi kimi xalq mə’nasına gələn “el”dir. Azərbaycan Türkcəsində, bədənin bir hissəsi olan “əl” sözündəki “ə” hərfi Türkiyyə Türkcəsində “e” şəklində yazılır. Qaqauz sözü Türkiyə Türkcəsində “Gagauz” şəklində, “Çiçi Xaqan” sözü isə “Çiçi Hakan” şəklində yazılır. Burda “Q,q” səsi “G,g”, “X,x” səsi isə “H h” hərflərilə göstərilib. Deməli “H h” hərfi həm Türkiyə Türkcəsində həm öz yerinə, həm də “X x” yerinə işlədilir. Azərbaycan Türkcəsində olan “Q q” səsi bəzən Türkiyə Türkcəsində “K k” hərfi ilə göstərilir. Məsələn “Qanun, Qardaş” sözləri Türkiyə Türkcəsində “Kanun, Kardeş” şəklində yazılır və “Q q” hərfini “K k” əvəz edir. Eyni dildə danışan, ayrı-ayrı əlifbalarla yazan Türk xalqları bir-birinin əsərlərini daha tez anlayıb başa düşəbilmirlər. Bu məsələ ən tez vaxtda həllə qovuşdurulmalıdır. Mən inanıram ki, müştərək Türk əlifbası Türk DünyasıQurultayının qərarları əsasında bütöv halda Türk dünyasında həyata keçirləcək və gələcək nəsillər bir-birlərini  daha yaxşı başa düşəcəklər. Bu yolda xüsusilə ziyalıların boynuna böyük öhdəlik düşür. Onlar sərhədsiz dünyamız və nəhəng mədəniyyətimizin işıq mənbəidilər. Bu yolda yeriyən hər bir şəxs ölməzlik libasını geyinəcək və gələcək nəsillər tərəfindən həmişə hörmətlə yad ediləcəkdir.

İstəkli qardaşım Əli Şamil Bəyin hazırladığı “Tanıdığım İnsanlar”silsiləsindən adlı bu kitab ortaq Türk Dilinə, Türk Mədəniyyəti mənzilinə sarı atılmış gözəl  bir addımdır. Bu onun yeridiyi və şüurlu surətdə  qəbul etdiyi əzab-əziyyətli, bir o qədər də müqəddəs yolumuzun başa düşənlərinə, can yandıranlarına yol göstərən ən gözəl mürşüddür. Onu ürəkdən təbrik edir və yeridiyi müqəddəs tikanlı yolda uğurlar arzulayıram. 

 

 

Seyfəddin Altaylı

Türkiyə Radio və Televizyon Qurumu Türkiyənin Səsi Radiosu Azərbaycan Türkcəsi Bölməsinin Rəhbəri

 

1.11.1998 Bakı-Ankara 

 


O x u c u y a

 

   Öncə anamı, atamı, sonra qohum-əqrəbamı tanıdım. Məktəbə getməyimlə tanıdığım insanların sayı da artdı. Məktəbi bitirdim. Kəndlər, şəhərlər gəzdim. Müxtəlif yaşlı, müxtəlif xarakterli insanlarla görüşdüm. Əlli yaşımda ömrümün ötən illərinə boylandım. Bu insanların çoxunu xatırlaya bilmədim. Hətta birinci si-nifdə kiminlə bir partada oturduğumu da  unutmuşam. Bə’zilərini isə çox dumanlı xatırladım. Bunların  ara-sında  qohumlarım da var, müəllimlərim də, məktəb yoldaşlarım da var…

Elə insanlar da var  tanışlığımızdan 30-40 il ötmə-sinə baxmayaraq onları xatırlayıram. Bə’zilərini mənə yaxşılıqlarına,  bə’zilərini isə pisliklərinə görə. Adətən, yaxşı insanlar daha tez-tez yadıma düşür.

 İşıqlı cəhətləri ilə yadımda qalanları başqalarına da  tanıtmaq  istədim. Əlimə qələm alanda  gördüm  çətinlik çəkirəm. Onların xeyirxahlığını layiqincə qiymətlən-dirmək,  fəaliyyətlərini layiqincə işıqlandırmaq  o qədər də asan deyilmiş.

 Çox ölçüb-biçdikdən sonra gördüm burda da bir sistem, qruplaşdırma gərəkdir:  hansılar önəmlidir, kim-lərin ömür yolu gəncliyə örnək olar? Həmin şəxslər haqqında müxtəlif vaxtlarda yazıb qəzet və dərgilərdə yayınlatdığım və ya yayınlada bilmədiyim yazıları bir araya gətirdim. Müəyyən səbəblərdən ixtisar olunmuş parçaları yerinə qoydum. Beləliklə, “ Tanıdığım insanlar” adlı kitab ortaya gəldi. Bu kitabda hökumət quran, toplumu yönəltənlər haqqında da, şair və filosoflar haqqında da, həyata yencə qədəm qoymuş  tələbələr haqqında da yazılarım var. Millət və xalqı qarşısında  xidmətləri olmuş tanışlarımla  yanaşı bu işləri görməli olan gənclər haqqındakı məqalələrimdən də  bir neçəsini buraya  djaxil etməyi gərəkli bildim.

“Tanıdığım insanlar”  ayrı-ayrı şəxslərin taleyin-dən bəhs etsə, Avrasiyanın müxtəlif bölgələrində yaşa-yan türk elləri haqqında bilgilərimi oxucularla bölüş-dürməyə xidmət edir. Bu kimi bilgilər gənclərə milləti-mizin etnik tərkibi bilgi verər, türk dünyamız haqqında təsəvvürlərini dürüstləşdirər və genişləndirər.  Kulturu və  dili bir olan türkün parçalanma səbəbləri haqqında düşünər, onun birləşdirilməsi yollarını arayar.

Kitabın yaranmasında  dost-tanışlarımın təkidi də rol oynadı. Müxtəlif vaxtlarda yazdığım, redaksiyalara göndərdiyim məqalələri onlarla kitabı redaktə etmiş Safruh və Səfalı Nəzərli təmənnasız, necə deyərlər sifət-lərini turşutmadan oxuyub redaktə edirdilər. Kitabın hazırlanması söhbəti ortaya çıxanda Xəlil Öztürk üzqa-bığını hazırladacağını və’d verdi. Təmənnasız, böyük ürəklə, məqalələri bilgisayarda yığıb səhifələyənlərin, ona tərtibat verənlərin, redaktə edənlərin, yanlışlıqlarını düzəldənlərin (korrektor) adları ön səhifədə getdiyindən bir daha burda təkrarlamağı ehtiyac duymadım.

Çevrəmdəki insanların sayğısı və sevgisi sayəsində mən də çəkdiyim zəhmətdən zövq alıb “Tanıdığım in-sanlar” silsiləsindən ilk kitabı oxucuların ixtiyarına verdim.

 


 

HÜRRIYYƏT ZOR KAZANILAN,      KOLAY KAYB EDILƏNDIR: – RAUF DENKTAŞ

 

                              Allah ömür versin Rauf Denktaşa

                             O, hər kəslə tək-tək çıkıyor başa

                             Zafar inananın denməmiş boşa

                             Deyir ki, sırtımı haqqa dayarım,

                             Göz dikənin gözlərini oyarım.

 

                                                         Ozan Arif

                                               

   Azərbaycan Xalq Cəbhəsinin tapşırığı ilə yola düşdük. Bizim Kipr kimi tanıdığımız, türkiyəlilərin və özlərinin Kıbrıs dediyi adaya getməliydik. Azərbay-canda bu yerlər haqqında yazılanları diqqətlə oxumuş-duq. İlk baxışda bilgimiz yetərincəydi.

   1992-ci il avqustun 25-də uçaqdan endikdə gördü-yüm mənzərə ilk anda məni şaşırtdı. Xəyalımda palma ağacları  göylərə baş çəkən ekzotik ada canlan-dırmışdım. Yovşan qoxulu çöl, bir də uzaqda cərgələnən dağlar buranı hər gün gördüyüm Naxçıvana oxşadırdı. Keçitkale hava limanından Kirne şəhərinə yollandıq. Bu yerlərin təbiəti isə mənə Lənkəran-Astara bölgəsini xatırlatdı.

   Nə turistlər sayaq səfərə çıxmışdıq, nə də dəniz sahillərindəki gözəl istirahət guşələrində dincəlməyə getmişdik. Məqsədimiz Quzey Kıbrıs Türk Cümhuriy-yətini yaxından tanımaq və Azərbaycana tanıtmaq idi. Öndə görünən bu məqsədin arxasında isə Azərbaycan Respublikasının Quzey Kıbrıs Türk Cümhuriyyətini tanımasına əngəl ola biləcək səbəbləri öyrənmək dururdu. Bu fikir yeni deyildi. 1991-ci ilin payızında Naxçıvan Muxtar Respublikası Ali Sovetinin sessiyasında səslənmişdi. Baş nazir Becan Fərzəliyev Naxçıvan Muxtar Respublikasının Quzey Kıbrıs Türk Cümhuriyyətini tanıdığına dair qərar qəbul edilməsini və Azərbaycan Respublikası Ali Sovetinin də məsələni gündəliyə daxil edib müzakirəyə çıxarmasını təklif etmişdi. Lakin onun təklifi qəbul edilməmişdi. Kommunist bloku adlandırılan qrupdan olan millət vəkilləri e’tiraz etmişdilər. Onların fikrincə, Azərbaycan belə bir addım atsa Yunanıstan və başqa ölkələr də Dağlıq Qarabağı müstəqil dövlət kimi tanıyar.

  Mübahisələrin belə gərginləşdiyi vaxtda Kıbrısın son 30 illik tarixini göz önünə sərən olmadı. Dağlıq Qarabağ Azərbaycanın tarixi ərazisidir. Rusiya Qafqazı işğal edəndən sonra buraya İrandan, Türkiyədən erməniləri köçürüb öz dayağını möhkəmlətsə də, onlara nə mədəni, nə də inzibati muxtariyyət vermədi.  Azərbaycan SSR yaradılandan üç il sonra, yə’ni 1923-cü ildə öz ərazisində yaşayan ermənilərə muxtar vilayət hüququ verdi.

  Kıbrısın durumu isə tamam başqadır. Ərazisi 9251 kvadrat kilometr olan Ağ dənizin doğusunda yerləşən bu ada 1571-1878-ci illərdə Osmanlı İmperiyasının tərkibində olub. 1878-ci ildə buranı Böyük Britaniyaya icarəyə vermək məcburiyyətində qalıb. Birinci Dünya savaşında Osmanlı imperiyası məğlub olduğundan 1923-cü il Lozan sülh anlaşmasına görə ingilislərin adada nəzarəti güclənib. Lakin bu, Türkiyənin ondan əlini tam çəkməsi demək deyildi. Bunu sonrakı andlaşmalardan da aydın görmək olar. 1959-cu ildə London-Sürix anlaşmasına görə B.Britaniya, Türkiyə və Yunanıstan Kıbrısın müstəqilliyinin qarantı e’lan edildi.1960-cı ildə isə adada müstəqil dövlət—Kıbrıs Respublikası yaradıldı. Qəbul edilmiş Ana Yasaya görə, dövlət və hökumət başçısı prezident idi. Prezidenti beş il müddətinə yunan icmasının, vitse-prezidenti isə həmin müddətə türk icmasının əhalisi seçirdi. Qanunverici hakimiyyət birpalatalı parlamentdən - Nümayəndələr palatasından ibarət idi. Deputatlarının 35-i yunanlar, 15-i  türklərdilər. İcra orqanları 7-nin 3-ə  nisbətindəydi.

  Ana Yasaya görə Kıbrıs Respublikasının Türkiyə və Yunanıstanın birlikdə üzv olmadıqları uluslararası birliyə daxil olması yasaqdı.

   Azərbaycan Respublikasında hakimiyyətə demokratik qüvvələrin gəlməsi Qüzey Kıbrıs Türk Cümhuriyyətini tanımağa şərait yaratmışdı. Bunun üçün də  qarşıya çıxa biləcək suallara aydın və geniş cavab hazırlamaq, ictimai fikri formalaşdırmaq üçün   AXC sədri ideoloji işlər üzrə müavini Arif Rəhimoğlunu oraya göndərmişdi.

   İşə başlamazdan öncə Türk xalqının azadlığı uğrunda canından keçən şəhidlərin məzarı başında dayanıb ruhlarına Fatihə oxumaq arzusunda olduğumuzu bildirdik. Belə bir tədbirin proqrama salındığını söylədilər. Əslinə qalsa adanın az qala hər qarışında türk şəhidlərinin və soyqırımına uğramış insanların toplum məzarlıqları var. Yunanlar yaşayan ərazilərdəki məzarlıqlar itib-batmışdır. Oraya nə getmək mümkündür, nə də abidə ucaltmaq. Bu   məzarlıqlar heç də türklər yaşayan tərəfdəkindən az deyil. 1963-1974-cü illər arasında yunanların 103  türk kəndini dağıtdıq-larını, minlərlə dinc sakini öldürdüklərini, 50 min qadın zorladıqlarını söyləyirlər.

  Biz isə yalnız türklər yaşayan bölgədəki bir neçə toplum məzarlığı - Murataa, Sandallar, Atlıları ziyarət edə bildik. Məzarlıqlar da Britaniya oraya müstəqillik verdikdən sonra müstəmləkəçilərin fitnə-fəsadından xəbər verir. Milli ədavət qızışdırılıb elə bir vəziyyətə gətirilib ki, azadlıqla qırğın-qiyamət eyni vaxta düşüb.

Osmanlı hakimiyyəti illərində adada soyqırımına, milli ədavətə, dini ayrıseçkiliyə aid bir fakta belə rast gəlmək olmur.

    1958-ci ilin 13 Temmuzunda yunanlar Sərdarlı köyünə gedən avtobusu yandırıblar. Avtobusdakıların əksəriyyəti müxtəlif dərəcədə xəsarət alıb. Hüseyn Hasan, Arif Hasan, Hasan Süleyman isə ölüb. Onların da qəbirləri Atlılar köyünün yaxınlığındakı toplum məzarlıqdadır. Bu yerləri ürək ağrısız gəzə bilmirsən. İnsan olduğuna görə xəcalət çəkirsən . Vəhşi heyvanlar belə hətta öz cinslərindən olmayan canlıların balalarına dəymədiyi, bə’zən onları bəsləyib böyütdüyü halda, insanlar dilsiz-ağızsız körpələri belə «of» demədən öldürürlər. Toplu məzarlıqda 16 günlük Seldin Ali Foşqin,  15 aylıq Bətin Hüseyn, 18 aylıq Kağan Kamil Mericlə yanaşı, 65 yaşlı Rehmə Camalın da qəbri var. Bir ailədən 15 nəfər öldürülüb. Fatma Kamil Mericin məzarı yanında 6 yaşlı Vedinin, 4 yaşlı Yoncanın, 3 yaşlı Ozanın, 2 yaşlı Hakanın məzarları sıralanıb.

  Sandallar köyündə isə 1974-cü ilin 14 avqustunda 89 nəfər qəddarlıqla öldürülüb. Öldürülənlərin ən kiçiyi 4 aylıq olub, ən böyüyünün isə yaşı yüzü haqlayıbmış. Adada çoxlu abad şəhər və kəndlər olsa da, sakinləri öldürülmüş və qovulmuş kəndlər bu gün də xarabalıqdır.

Qazimağosa şəhərində bələdiyyə başqan vəkili olan Ahmət Yarğançı oğlu Azərbaycandan gəldiyimizi biləndə sevinclə «O çətin günlərdə azərbaycanlı-lardan da bizimlə çiyin-çiyinə vuruşan, türkün irz və namusunu qoruyan arkadaşlarımız vardı» - dedi. Onun bu sözündən qürur duydum. Amma yaxşı bilirdim ki, 1974-cü ildə Sovetlər Birliyinin dəmir pərdəsini heç kim yırtıb Kıbrıs türklərinə köməyə gedə bilməzdi. Söh-bətdən Kıbrısa köməyə gedənlərin vətənimin güne-yindəki Urmiya, Salmas, Mərənd və b. bölgələrindən olduğunu öyrəndim.

   Ahmət Yarğançı oğlu 1970-1974-cü illərdə Mu-rataada müəllimlik edib. Babası Mehmed, nənəsi Zührə də bu kənddə yaşayırlarmış. Soyları əsasən nalbəndlik etdiyinə görə babası Mehmedin də soyadı Nalbənd imiş.  Zührə və Mehmed Nalbənd soy adlarını Murataa toplum məzarlığında görmüş ruhlarına Fatihə oxumuşdum. Ah-mət bəylə görüşəndən sonra qəddarlıqla öldürülən 70-80 yaşlı qocaları öz əzizlərim, yaxın adamlarım kimi xatırladım.

Ahmət bəy döyüşlərdən dönəndən sonra  babası və nənəsiylə yanaşı dərs dediyi uşaqların da öldürüldük-lərini gördüyündən ürək ağrısıyla danışır. Yadıma Ozan Arifin Kıbrısa həsr etdiyi mahnıdan bir bənd düşür:

 

            Kıbrıs deyə coluq-cocuq ölmüşüm.

            Öz malımkən orta yerdən bölmüşüm

            Gələ-gələ şu nöqtəyə gəlmişim  

            Vallahi bak bölməkdən də cayarım.

            Göz dikənin gözlərini oyarım.

 Kıbrıs mənim üçün uzaq bir diyar idi. Gəzdikcə hər addımı tanış gəlir, toplu məzarlıqları ziyarət etdikcə, danışılan faciələri dinlədikcə, gözlərim önünə erməni cəlladlarının 1905, 1918-20, 1988-92-ci illərdə Naxçıvanda, Göyçədə, Gəncədə, Qarabağda, Qubada, Lənkəranda və b. bölgələrdə törətdikləri cinayətlər  gəlir. Bir-birindən istər məsafəcə, istər tarixcə ayrı olsa da üslub eynidir. Orada yunanlar, burada erməni cəlladları eyni işi görüblər. Törətdiyi cinayətlərin metodları o qədər oxşardı adama elə gəlir  bu cinayətlər eyni şəxslər tərəfindən törədilib.

    Avqustun 27-də Lefkoşada (Nikosiya) prezident sarayında Rauf Denktaşla görüşürük. Bu görüşə qəbul imtahanına hazırlaşan yeniyetməsayaq hazırlaşmışdıq. Yalnız söhbət konusu olacaq mövzuda faktlar və rəqəmlər toplamamışdıq Rauf Denktaşın ömür yolunu da dərindən öyrənmişdik. Əslində onun ömür yolu da Kıbrıs Türk kəsiyinin tarixi ilə sıx bağlıdır.

  1924-cü il ocakın 27-də Baftada doğulan Rauf ailənin 6-cı uşağı olub. İki qardaşı körpə ikən öldüyündən və anası da Rauf doğulandan 18 ay sonra vəfat etdiyindən ailənin sonbeşiyi olub. Uşaqlığını ana babasının və nənəsinin yanında, sonra isə ata nənəsinin yanında keçirib. 1930-cu ildə atası  onu da qardaşları kimi Türkiyəyə oxumağa göndərib.

   Rauf bəy İstanbulda bir il  oxuya bilir. Özünün dediyi kimi “o olaylarda ingilis parasında bir düşmə oluyor”. Uşaqlarının xərcini ödəyə bilməyən və tək qaldığına görə darıxan ata sonbeşiyini geri gətirdir. Həmin illərdə dərsliklər, məktəbdə öyrədilən marşlar ingilis müstəmləkəçilərinin zövq və istəyinə uyğun qurulsa da, Turqut Sarıca kimi müəllimlərin sə’yi nəticəsində uşaqlara gizli də olsa Türkiyənin milli ruhlu şairləri tədris edilir, onların əsərlərindən parçalar öyrədilirmiş. Uşaqlıq illərini xatırlayanda Rauf bəy bunu da tez-tez təkrarlayırdı: “Ben savcılıkta ikən eski evraklar arasında bir makamın digər bir makama göndərdiyi yazıda babamın haqqında: “Bu şapka geyən Kemalist və Anti Britişdir” ifadəsini gördüm.

 Rauf Denktaşın uşaqlıq xatirələri bu günkü mübarizəsinin başlanğıcıdır: “O zaman hər yerdə Rum yoktu. Mahallelər yenə ayrıydı... Rum cocuqları oyun mahiyyətində zopayla,taşla və s. türk mahallelərinə  saldirı düzenlerler, ertəsi gün isə türk çocuqları onlara karşılık verir, saldırıya keçərlərdi. 1930-larda Kıbrısın 500 köyündə türklər və yunanlar birgə yaşayırdılar... Hər on ildən bir təkrarlanan statistikadan açıqca görülür ki, əhalisi qarışıq yaşayan 500 köy  ildən- ilə azalmışdır. Əgər orada türklər azlıq təşkil etmişlərsə,  onlar köç etmişlər, rumlular azlıqda qalanda isə onlar  köyü tərk etmişlər. 1960-cı ildə bu 500 köydən  130-u qalmışdı”.

    Həm  Türkiyədə, həm də Kıbrıs türkləri arasında “yunan” yerinə “rum” kəlməsi işlədilir. Uşaqlıq illərində göyümüzə gəlib dülgərlik, bənnalıq, və s. edənlərə də “rumlu” deyərdilər. Onlar həmişə, istər iş görəndə öz aralarında, istərsə də bizimlə danışanda türk ləhcəsində danışardılar. Qısa müddətdə də bizim ləhcəni öyrənə bilirdilər. Xristian dininə inanan bu insanlar arasında belə bir fikir vardı. Guya, Osmanlı Sultanları onlara deyiblər: “Ya dininizdən keçin, ya dilinizdən!” Onlar da dinlərini qoruyub, dillərini dəyişiblər.

   Türklərin “Kıbrıs”, bizim isə “Kipr” deməmizin fərqini də orada öyrəndim. Biz adanın adını Rus dilindən, ruslar da onu Avropa dillərindən təhrif edilmiş şəkildə alıblar. Əslində, adanın adı latınca “Kuprium” sözündəndir. Vaxtilə burada olan zəngin mis yataqlarına görə ada belə adlanıb. Adanın sahillərini yuyan dənizin adını da Rus dilindən tərcümə edərək “Aralıq dənizi” kimi işlədirik. Ruslar bunu da Avropa dillərindən tərcümə ediblər. Türklər isə bu nəhəng dənizi —“Ağ dəniz” adlandırırlar. Qüzey-doğuda Qara dəniz, Güney-doğuda Qırmızı dəniz varsa, Qara dənizin yaxınlığında Ağ dənizin olması da təbiidir. (Görünür, dilimizdəki  alınma sözlərə yenidən baxıb  dəyişməliyik.)

  Rauf bəyin atası Solyalı kəndindən imiş. Böyüyüb hakim, vəkil işləyəndə də  bu kəndlə əlaqəsini kəsməyib. Tə’til aylarının bir qismini öz kəndində, yerliləri ilə keçirərmiş. Uşaqlarını da tez-tez kəndə aparar, onlara əkin-biçin işlərini öyrədərmiş. “Oxuyacaqsınız, çalışacaqsınız və məmləkətin dərdlərini biləcəksiniz”—deyərmiş.

  Peşə seçəndə də Rauf bəy atasının məsləhətinə əməl edib. Atası deyib: “Sən güclü bir advokat, qorxusuz bir qəzetəçi olmalısan!” 1941-ci ildə atası öləndə Rauf bəy ingilis məktəbinin son sinfində olub. Gəncliyində atası kimi Kıbrısdan türklərin köç etməsini  əngəlləməyə çalışıb. Bu adanın ən böyük problemi idi. Yunanlar adadan türkləri müxtəlif vasitələrlə sıxışdırıb çıxardıqdan sonra Yunanıstana birləşdirmək arzusundaydılar. Dağlıq Qarabağ erməniləri arasında «Miatsum» necə dəb olubsa, Kıbrıs rumluları arasında da “ENOSIS” kəlməsi elə dəbdə olub. Əslində ermənilərlə rumlular arasında belə oxşarlıqları çox tapmaq olar.

  Ozan Arif isə bu yerlər haqqında belə oxuyur:

 

       O bənimdir! Yad ayağı basamaz,

      «Əsmə!» dersəm ruzgar belə əsəməz,

       Kıbrıs için kimsə ehkam kəsəməz

       Ora bənim ata-baba diyarım

       Göz dikənin gözlərini oyarım.

 

     

       Kıbrıs halalımdır türklük ölməzsə,

       Umurumda  deyil kimsə bilməzsə,

       Dünya şahid olsun, əyər olmazsa.

       Kəndi nigahımı kəndim qıyarım

       Göz dikənin gözlərini oyarım.

 

  1942-ci ilin başlarında Girnedə doktor Fazil Küçükün “Xalqın səsi” qəzeti gənc Raufun diqqətini çəkir. Qəzetdə gah imzasız, gah da “Akın Yılmaz”, “Denktaş” imzaları ilə məqalələr yazır. Litseyi bitirdikdən sonra qısa müddət tərcüməçilik, müəllimlik edən Rauf Denktaş, nəhayət arzusuna çatır. Londonda hüquq təhsili almağa yollanır. Üç illik təhsilini  iki il yarımda başa vurub vətənə dönür.

   Kıbrıs hələ Kral Britaniyasının müstəmləkəsi olanda “ENOSIS” - adanın Yunanıstana birləşdirilməsi hərəkətı başlamışdı. Bu işdə kilsələr xüsusilə fəallıq göstərirdilər. 1931-ci il üsyanından sonra adadan qovulmuş din xadimləri İkinci Dünya Savaşından sonra rahatca geri dönmüşdülər Makarios Başpis (Baş yepiskop)—olmuşdu. 1950-1951-ci ildə kilsələrdə dəftərlər açılmışdı. Buraya yalnız dindarlar deyil, kilsəyə gəlməyən rumlular da qol çəkməyə məcbur edilirdilər. Beləcə rumlular adanı Yununıstana birləşdirməkdə həm təşkilatlanır, həm də ictimai fikri formalaşdırırdılar.

  Rumluların qarşısını almaq üçün adadakı türklər də təşkilatlanmaq məcburiyyətində idilər. 1948-ci ilin 27 Kasımında böyük bir mitinq yapılır. Bu mitinq R.Denktaşın xalqa ilk xitab etdiyi mitinq olur. Kıbrıs Türk Kurumları Federasyonunun yaranması da həmin günlərə təsadüf edir.

  Gərgin keçən həmin illərdə adadakı irticaçı rumlular “EOKA”-nı (Kıbrıslı Savaşçıların Ulusal Birliyi) yaradırlar.

  1957-ci ildə adadakı iki türk lideri Faiz Kaymak ilə  Fazıl Küçük arasında ziddiyyət son həddə çatır. İngilislər isə həmin vaxt R.Denktaşı prokurorluqdan çıxarıb Honq-Konqa yüksək maaşlı işə göndərmək istəyir. O, bu şirnikdirici təklifi rədd edərək işdən çıxır və Türk Kurumlar Federasyonuna rəhbər seçilir, yenidən vəkil kimi çalışmaya başlayır. Federasyon başkanı kimi Rauf Denktaşın ilk işi bütün kəndləri təkrar-təkrar gəzmək olur. Bu üç ayadək çəkir.  Bu səfər zamanı o, görür ki, adada “EOKA”-nın hücumu zamanı nə edəcəyini bilməyən bir kütlə var.

   1949-cu ilə kimi Kıbrıs konusunda susan Türkiyə Kıbrıs türklərinin ilk dirənişmə hərəkatını 1958-ci il ocakın 27-28-də geniş müdafiə edir.1958-ci ilin aralık ayında Nyu-Yorkda BMT Baş Məclisində Kıbrıs məsələsi müzakirə ediləndə R.Denktaş da doktor F.Küçüklə orada olur. Bu onun uluslararası toplantıda ilk iştirakı idi. R.Denktaşın redaktorluğu ilə yayınlanan ilk qəzet isə «Nacak»dır.

   Mübarizənin amalı, məqsədi nə qədər müqəddəs və ülvi olsa belə, eyni yolun yolçuları arasında da söz-sov, mübahisə baş verir. Düşmənə qarşı birləşməyi milli mənafe tələb etsə də, liderlər arasındakı fikir ayrılıqları parçalanmaya, gücün zəifləməsinə şərait yaradır. R.Denktaş bunu istəməsə  də müəllimi və silahdaşı sandığı  F.Küçüklə aralarında fikir ayrılığı deyil, mübarizə metodları ayrılığı yaranmışdı. 1960-cı ildə Kıbrısın müstəqilliyi elan olunandan sonra başqan yardımçılığına kimin namizəd verilməsi müzakirə ediləndə doktor F.Küçük R.Denktaşın namizədliyini irəli sürmüşdü. R.Denktaş və ətrafındakılar isə  F.Küçüyün namizədliyi üzərində tə’kidlə dayanmışlar. R.Denktaş ona təklif edilən nazir vəzifəsini də qəbul etməmişdi. Az sonra isə R.Dektaş Kıbrısdan uzaqlaşdırılmışdı. Doktor F.Küçük, bir tərəfdən, “yalnız qaldım” söyləyir, digər tərəfdən, Türkiyə yetkililərinə göndərdiyi mesajlarda “Denktaş gələrsə, camaat parçalanacaq” deyirmiş. Bu minvalla R.Denktaş 4 il Kıbrısdan kənarda yaşamalı olur. 1963-cü ildə Yunanıstan adaya 20 minə yaxın mülki geyimli hərbçi çıxarır. Altdan-altdan silahlandırılmış mülki şəxslər də onlara qoşulur. Beləliklə adada türklərin soyqırımı başlayır. 1963-cü ilin martın 4-də Təhlükəsizlik Şurasının qərarı ilə BMT qoşunları Kıbrısa çıxarılsa da soyqırımın qarşısı alınmır. Türk xalqı özünü əliyalın, müxtəlif yollarla əldə etdikləri cüzi silahla müdafiə etmək məcburiyyətində qalır. “Get yardım gətir” - deyə R.Denktaşı yola salanlar sonra onun haqqında dedi-qodu yayır: “Xalqı dar gündə qoyub qaçdı”- deyirlər. Türkiyənin rəhbər vəzifədə olan şəxslərinin də onun geri dönməsinə əngəl törətmələrinə baxmayaraq R.Denktaş 1967-ci ilin noyabrında qayıqla gizli vətənə dönür. Rumlular tərəfindən yaxalanıb Baf Kapısı polis şö’bəsində 12 gün “idam odası”nda qalır. Oradan çıxdıqdan sonra ciddi siyasi fəaliyyətə başlayır.

  1974-cü il iyulun 15-də Yunanıstanın hərbi dəstəyi ilə “EOKA-2”adaya yeridilmiş rum hərbçiləri ilə birlikdə Nikos Samsonun başçılığı altında çevriliş təşkil edib Makariosu devirdi. Yenidən türk soyqırımı başlandı. Adanın yüzdə üçü türklərin əlində qalmışdı. Qalan hissəsinə yunanlar nəzarət edirdi.

  İyulun 20-də isə Türkiyə Sürix-London anlaşmasını əldə əsas tutub adaya 23 minlik ordu yeritdi. Dünya dövlətləri Kıbrısda nə baş verdiyini aydınlaşdırana kimi qəhrəman türk əsgəri adanın 40 faizini yunanlardan təmizlədi. Üsyançı Nikos Samson qaçmaq məcburiyyətində qaldı. BMT qoşunları türklər və rumlular arasındakı zolaqda yerləşdirildi. 1983-cü ilədək keçirilən ən yüksək səviyyəli danışıqlar da heç bir nəticə vermədi. Həmin ağır və gərgin günləri xatırlayanda R.Denktaş təbəssümlə deyir: Doktor F.Küçük bağımsızlıq ilan kararıma “evet” demədi..., “Hayır” da demədi..., “Allah yardımçın olsun” dedi.

     Zaman bunun doğru qərar olduğunu göstərdi. Rumlularla türklərin adada bir dövlət qurmaları mümkün deyildi. R.Denktaş ötənlərdən, ömür yolundan, mübarizəsindən çox xəsisliklə danışırdı. Günümüzün hadisələrinə gələndə, Azərbaycandan söhbət düşəndə daha həvəslə danışaraq dedi:

 —Gələ bildiyiniz üçün məmnun olduq. Az qalırsınız, erkən gedirsiniz. Azərbaycan olaylarını tə’qib ediyoruz. Hürriyyətə qovuşduğunuz üçün sevindik. Hürriyyətdən həmən sonra qovğaların başlanması, saldırıların başlanması bizi üzmüşdür. Öhdəsindən gələcəksiniz. Səbrlə dayanmaq lazım. Hürriyyət, bağımsızlıq qazanıldıqdan sonra mücadilə bitməz. Bir də onu qorumaq üçün mücadiləyi davam etdirmək lazım. Türkiyə bağımsızlığını 70 yıldır imperialist güclərə qarşı verdiyi mücadilə ilə qazandı və 70 yıldır bağımsızlığını param-parça etmək üçün uğraşırlar, Türkiyənin bağımsızlığını ortadan qaldırmaq üçün mücadilə davam edir. Amma türk xalqı və türk milləti buna sahib çıxmışdır.

  Siz də bağımsızlıq üçün səbr etdiniz, mücadilə etdiniz. Bağımsızlığınızı qazandığınız gündən e’tibarən, türk dünyasının birləşməsini önləmək için, yeni cümhuriyyətləri parçalamaq üçün mücadilə başlatdılar. Bizi tanımamaq üçün bütün dünya birləşdi. Rumu yenidən bura hakim qılmaq üçün təkyanlı qərarlarla bir uğraş verildi. Bunun çarəsi dik durmaqdı, tuzaqları görməkdir. O tuzaqlara düşməməkdir, girməməkdir. Türklük dünyasının birliyini, sağlamlığını qorumaqdır. Bu təbii yetişilmə olur,təmaslarla olur. Biz bunlara açıqız, varız, həmişə hazırız.

  Qardaşlara salam söyləyin. Heç bir zaman ümidsizliyə düşməsinlər. Hürriyyət zor qazanılan, qolay qayb edilən şeydir. Ümidsizliyə düşməmək lazım. Ümüdsizliyə düşülərsə qayb edilər. Sizlər güclü insanlarsınız. Güclü bir lideriniz vardır. Onunçün bu mücadilədə başara biləcəksiniz.

  Bizdə nələr yapıla bilər: Ticarət açıdan, ekonomik açıdan, kültür açıdan? Biz sizlərə nə verə biliriz, sizdən nə ala biliriz? Bunları iyi dəyərləndirəlim. Əhməd Qazioğlu arkadaşımız ora üçün uzman olmağa başlamışdır. Burada bir arkadaşımız vardır. Canla-başla uğraşır. Bir-birimizə dəstək olalım.

  Amerikalılar dünyayı tə’kid etməsəydilər şimdi dünyaca tanınmış ikinci türk dövləti olardıq. Bunu bizə çox gördülər. Şimdi biz iyi niyyətlə “rumlularla bir ortaqlıq cümhuriyyəti yapa bilirizmi” deyə kaç ildir dənəmə yapırıq. Amma rum tərəfi bütün dünyanı yanında gördüyünə görə bu yola gəlməməkdədir. Bizi  cəzalandırmaq için, bizi qurtardığına görə Türkiyəni cəzalandırmaq için əlindən gələn hər şeyi yapmaqdadır. Bizim də zorluqlarımız var. Amma əyilmirik. Çünki haqlı davada ər geç qazanıldığına inanırıq.

  Elçibəyə bizdən salat söyləyin!

  R.Denktaş danışır. Ağır-ağır, aramla. Ozan Arif haykırır, gur səsilə:

 

     Kıbrıs, Kıbrıs derlər bir nazlı yardır,

     Bu qərib könlümdə sevdası vardır,

     Kıbrıs mənim üçün namusdur, ardır.

     Namusuma göz dikmişlər duyarım,

     Göz dikənin gözlərini oyarım.

 

     Beş barmağa ına yaktım kanımla,

     Kıbrıs üçün şaka olmaz bənimlə,

     Bən Kıbrısı candan əziz sayarım,

     Göz dikənin gözlərini oyarım.

 

   Mənə elə gəlir Ozan Arifin bu mahnısı Rauf Denktaşın ürək sözlərinə bəstələnmişdir.

   Rauf Denktaş—deyərkən, ömrü mübarizələrdə keçmiş bir siyasi xadim gözlərimiz önündə canlanır. Qəzet xronikalarında, televiziya kanallarında onu daima danışıq stolu arxasında, gərgin keçən dialoqlarda görürük. Xalqının azadlığı, müstəqilliyi uğrunda bütün təzyiqlərə sinə gərərək bir addım da olsun geri çəkilmir.

 Amma onun şəxsi həyatının başqa bir tərəfi də var. Ailəsinə, istirahətinə həsr etdiyi tərəfi. Bu da gənclərə bir örnəkdi. 1949-cu ilin Temmuzun 15-də gənc Rauf evlənəndə müsəlman qaydası ilə nigahını imam önündə qeyd etdirib. Qadınına “ağırlıq” olaraq 200 Kıbrıs lirəsi verir. Bu olduqca çox pul imiş. Özü də arvadını boşama haqqından vaz keçərək bu haqqı xanımına verir. Müxbirlərə müsahibələrinin birində Rauf Denktaş həmin hadisəni xatırlayaraq deyib: “Arkadaşlar beni bu Donkixotluq üçün çox qınadılar. Fakat benim açımdan məsələ kadının eşitliyini, hatta üstünlüyünü vurğulamakdı”. Dostları onu qınasa da nə xanımı boşandı, nə də Rauf bəy onu boşamaq fikrinə düşdü. Həmin nigahın bəhrəsi olan Sərdar Denktaş ölkənin tanınmış siyasi xadimi, Demokrat Partiyasının liderləri və baş nazirin müavini oldu.

  Rauf Denktaşın siyasi kitabları ilə yanaşı nəfis bir foto albomu da nəşr edilib. Burada onun 44 fotosu toplanıb. Əksəriyyəti də təbiət mənzərəsi. Qoyun sürüsünü örüşə aparan gənc çobanın, çay gətirən kasıb qarının, taxıl zəmisindəki qayğısız qız uşağının fotoları canlılığı, bədiiliyi ilə adamı heyrətləndirir. İlin müxtəlif fəsillərində çəkilmiş rəngli fotoların hər biri sanki rəssam fırçasından çıxıb. Təbiətin belə əsrarəngiz, e’cazarkar anını tutmaq, fotoya köçürmək üçün, görəsən ömrünün neçə gününü, saatını xərcləyib.

  Bakıya döndükdən sonra Kıbrısdan bəhs edən siyasi məzmunlu məqalələrlə yanaşı “Prezident istirahət saatlarında” (İncəsənət qəzeti, 25 Noyabr 1992-ci il, səh.3) adlı məqalə çap etdirdim.Məqsədim totalitar rejimdə yaşamış insanlara siyasi xadimini, dövlət adamının da şəxsi həyatının da varlığını, istirahət saatlarında ürəyincə olan bir iş gördüyüynü çatdırmaq idi.Rauf Denktaşın çəkdiyi fotolar onu rəsmi şəxsdən çox şair, sənətçi xarakterli bir insana oxşadır. 1993-cü ilin martın 21-23-də Antalyada keçirilən Birinci  Türk Dövlət və topluqları Dostluq, Kardeşlik və İşbirligi  qurultayında bunun bir daha şahidi oldum. Qurultaya R.Denktaş da qatılmışdı. Rəsmi toplantıdan sonra nəhəng bir yurtu xatırladan salonda kokteyl təşkil edilmişdi. Hamı ayaqüstə gəzə-gəzə söhbət edir, yeyir-içirdi. Gözləri gözümə sataşanda işarə ilə yanına çağırdı. Çox səmimiyyətlə görüşdü. Yanımdakı balacaboy qıza işarə ilə: “Qızınızdır?” - deyə xəbər aldı. Mən  də Qaqauz xalqının şairi Tudora Arnautdur. Bakıda təhsil alır. “Bu gün mənim qızımdı. Yəqin, beş-on ildən sonra türk xalqının şair qızı olacaq”- dedim. Zarafatıma ürəkdən güldü. Arif Rəhimoğlunu xəbər aldı. Onun da salonda olduğunu söylədikdə “Bəs ötən üç gündə niyə görüşməmişik?” - dedi. Sonra da Tudora Arnautu qaqauzların bugünkü durumu ilə bağlı sorğuya çəkdi.

   Qüzey Kıbrıs Türk Cümhuriyyətində olarkən Milli Məclisin sədri Haqqı Atun, baş nazir Derviş Eroğlu, Eyitim, Kültür və Gənclik bakanı Əkbər Sarakınc, Kıbrıs Türk Hava Yollarının genəl müdiri Sabahəttin Bayaz, Doğu Akdeniz Universitetinin professoru, doktor Hasan Cicioğlu və başqaları ilə də söhbətimiz maraqlı keçdi. Çox şey öyrəndik. Cəmisi 150 min əhalisi olan QKTC-də  10-a yaxın partiya, bir neçə qəzet, bir neçə televiziya və radio kanalı var. Dünya onu tanımasa da, bu kiçik dövlət dünyanı tanıyır. Darda qalan türklərə yardım əlini uzatmağa çalışır. İrak Türkmən Birlik Partiyasının genəl başqanı Əhməd Beydilli Günəşə burada siyasi sığınacaq verilmişdir. 1991-ci ilin Aralık ayında Naxçıvana gələn, oradan da Bakıya yola düşən Əhməd Qazioğlu da türk xalqlarının yaxınlaşması üçün əlindən gələni əsirgəmir.

  1995-ci ilin 9-11 Haziranında Kırıkkalede “Dünya xoşgörü-Manas-Abay yılı” başlığı altında keçirilən VII Uluslararası Türk Xalq ədəbiyyatı və I Uluslararası Türk Dünyası Kültür Qurultayında Kıbrısdan olan professor İsmayıl Bozqurt və Mahmud İbrahimoğlu ilə görüşdük. Kıbrısdan, Rauf Denktaşdan söhbət açdıq. İsmayıl bəy Rauf  Denktaşla birlikdə 1974-cü ildə rumlulara qarşı döyüşüb. Yaşı əllini haqlamış, neçə-neçə bədii və elmi əsərin müəllifi olan bu insan hələ də döyüş ruhundadı. Onunla söhbətlərimizdə tez-tez Ozan Arifin mahnılarını da xatırlayırdıq.

 

     Dünyanın Kıbrısı tanıması şart,

     Tanımazsa əyər art niyyətdi, art,

     Bunun adı rəsmən çifdə standart.

     Mən adamın maskasını soyarım,

     Göz dikənin gözlərini oyarım.

 

    Xırvatıstan, Slovenya dün ancaq,

    Üzə çıxdı, tanıdılar bax öncə,

    Kıbrıs hələ tanınmıyor bu, məncə,

    Xaçlı ruhu kalıbımı qoyarım,

    Göz dikənin gözlərini oyarım.

 

    Kıbrıs işində haqqım yenirsə,

    İyi olmaz qovğa bənimsənirsə,

    Arif barış diyor, qovğa denirsə,

    Əvvəl Allah, mən hər yola uyarım.

    Göz dikənin gözlərini oyarım

 

 1992-ci ildən sonra yolum Kıbrısa düşməsə də televiziya xəbərlərində, qəzet səhifələrində orada baş verənləri izlədim. Oxuduqlarım, bildiklərim əsasında radio, televiziya verilişləri hazırladım, qəzetlərə məqalələr yazdım. Kıbrısı yalnız Azərbaycanda deyil, Türk xalqları və toplumları yaşayan hər bir bölgədə tanıtmağa çalışdım. Dodaqlarımda da daima Ozan Arifin Kıbrısa həsr etdiyi mahnısının iki misrası oldu.

 

   Duyğularım, hisslərim hüdutlardan aşdı, gəl!

   Bu səfər də ürəyim Kıbrıs üçün coşdu, gəl!

                                                                   

                                                                       10.01.1998.

 


 

GÖRÜŞLƏRİM VƏ SÖHBƏTLƏRİM :

 – HƏMİD NÜTQİ 

 

Dilimizdə “yerin də qulağı var” deyimi işlədilir. Bu, “baş verən olayı danışılan sözü, yazılan fikri gizlətmək olmaz, mütləq yayılacaq” anlamındadır. Sovetlər Birliyi öz sınırlarına “dəmir pərdələr” çəksə də, ölkəni qapalı bir durumda saxlamağa çalışsa da, mümkün olmurdu. Qatarla Naxçıvandan Bakıya gəlib-gedənə əskərlər qatarın pəncərəsindən Arazın o tayına baxmağı yasaqlasalar da, orada nələr baş verdiyindən az-çox xəbər tuturduq. O tayda yaşayan soydaşlarımızın üzünü görməsək də, bə’ziləri haqqında xeyli bilgimiz vardı. Şəklini gördüyümüz, səsini eşitdiyimiz insanlarla üz-üzə gələndə, danışıqlarını eşidəndə doğmalarımız kimi qarşlayırdıq. Məhəmmədhüseyn Şəhriyarın, Bulud Qaraçorlunun (Səhənd),  Həbib Sahirin, Cavad Həyətin, Həmid Nütqinin, Hüseyn Məmmədzadənin və b. adı, yaradıcılığı bu tayda populyar idi.

Sərhədlərdəki tikanlı məftillər söküləndən, qanunlu-qanunsuz gediş-gəliş başlayandan sonra  bilgilərimiz daha da artdı. Sonralar çoxlarının istehza hədəfinə çevrilən “saqqız, möhür, təsbeh” gətirməklə yanaşı, ədəbiyyata, elmə, incəsənətə dair bilgilər də gətirilirdi. Bu elə-belə, kor-koruna deyildi. Xalq Cəbhəsinin Naxçıvan təşkilatı o taya gedən hər bir üzvünə bilgi toplamağı tapşırırdı. O taydan gələnlər də söhbətə tutulur, öyrənilirdi. Saf-çürük edildikdən sonra toplanmış mə’lumatlar Xalq Cəhbəsinin salonunda təşkil edilən toplantılarda dinləyicilərə çatdırılırdı. Bə’zən  bu toplantı mə’ruzəçiləri 14-18 yaşlı yeniyetmələr də olurdu. Onlar görlüklərini-eşitdiklərini, bəzəksiz-düzəksiz, daxili senzuradan keçirmədən danırşırdılar.

Tikanlı məftillər söküləndən 20 gün sonra Naxçıvanın Sovetlər Birliyindən çıxıb müstəqil Naxçıvan Respulikası yaratdığını dünyaya bildirəcək nümayəndə heyətinin tərkibində sərhəd pozucusu kimi mən də o taya getməli oldum. Təxminən bir həftəlik səfər zamanı İranın xüsusi xidmət orqanları bizə adamlara sərbəst görüşməyə mane oldular.

Bundan düz düz on ay sonra ikinci dəfə 1990-cı ilin noyabrında Təbrizə getdim.

Yenə də  qanunu pozmuşdum. Mənə verilmiş sənədə əsasən Araz çayı boyu, yəni sərhəd boyu 45 kilometrlik məsafədə sərbəst gəzə bilərdim.Hamı kimi, mən də buna əməl etməyib Arazdan 150 kilometr aralıda yerləşən Təbrizdə əyləşmişdim. Bu dəfə mənə nə xüsusi xidmət idarələrinin, nə də mülki idarələrin mə’murları mane ola bilirdilər. Adamlarla rahat görüşür, toplantılarda iştirak edir, çayxanalarda şe’r məclislərinə qulaq asırdım.

Yalnız hoteldə qalmaq hüququndan məhrum idim. Hotelə gedib orada qalmaq istədiyimizi  bildirəndə hökumət mə’murları sərhəd rejimini pozduğumuzdan  xəbər tutub bizi  zorla Culfaya qaytarar və geri göndərərdilər. O vaxt sərhədi keçməyə icazə versələr də, pul dəyişmirdilər. Sərhədi keçən şəxsin 10-15 gündə necə yaşayacığı nə İranı, nə də SSRİ mə’murlarını düşündürürdü. Onlar bilərəkdən belə əngəl yaratmışdılar. Gediş-gəlişin az olmasını istəyirdilər. Amma hər  şey tərsinə idi. Pul dəyişilməsə də, o taya getmək üçün aylarla növbə gözləmək lazım gəlirdi.

1991-ci ilin qışında üçüncü dəfə Arazdan 45 kilometrlik məsafədə sərbəst gəzməyə icazə verən sənədlə o taya keçdim. Bu dəfə 150 kilometrlik məsafədəki Təbrizdə belə duruş gətirmədim. Üz tutdum ölkənin paytaxtı Tehrana (Qanunlar xalqın istəyincə olmayanda onun poozulmasına hamı şərait yaradır. Bə’zən yollarda  qoyulmuş yoxlama məntəqələrindəki əsgər və zabitlər də üstünü vurmudular). Tehranda olarkən ziyalılarla görüşdük. Qəzet, jurnal redaksiyalarında olduq. Universitetdə tələbə toplantılarında iştirak etdik. “Varlıq” dərgisində Cavad Hey’ətlə xeyli söhbət etdik. (Bu da ayrıca bir yazının mövzusudur). Uzaqdan-uzağa tanıyıb sevdiyimiz şəxslərdən Həmid Nütqi ilə görüşə bilmədim. Həmid Nütqi həmin ilin yayında  Böyük Britaniyada yaşayan oğlunun yanına getmişdi. Qayıtmamışdı. Həmişə olduğu kimi, yenə də o taydan xeyli qəzet, jurnal, şəkil, şer və s. ilə geri döndüm. Gətirdiyim materiallar əsasında televiziya və radioda verilişlər hazırlayır, qəzetlərə məqalələr yazır, görüşlərdə, toplantılarda çıxışlar edirdim. Biz sözlə, 70 illik ayrılığın doğurduğu boşluğu aradan qaldırmaq üçün əlimizdən gələni əsirgəmirdik.

…1992-ci ilin sentyabrında  Xalq Cəbhəsi Naxçıvan vilayət təşkilatının açıq havada çayxanada təşkil etdiyi növbəti lektoriya Həmid  Nütqiyə həsr edilmişdi. H.Nütqinin şe’rlərini oxumaq, elmi yaradıcılığı haqqında bilgi verməklə yanaşı, şəkillərini, “Varlıq” dərgisinin müxtəlif nömlərini,  qəzetləri və s. göstərirdik. Heç bilmirdik ki, bir həftə sonra H. Nütqinin özü ilə görüşəcəyik.

Xalq Cəbhəsi Naxçıvan vilayət təşkilatının həmin günlərdə yerləşdiyi  binanın həyətində səliqə-səhmanlı bir bağça vardı. Havalar xoş olanda çayxana həyətdəki bağçaya köçürdü. Rəsmi yığıncaqlardan başqa bütün görüşlər, toplantılar burada keçirilirdi. Bə’zən bu tədbirlərdə 100-200 nəfər iştirak edirdi. Həmin gün çayxanada hər hansısa bir tədbirin keçirilməsini nəzərdə tutmamışdıq. Axşam- üstü olduğundan adamlar yavaş-yavaş  toplaşırdılar. Burada maraqlı  toplantıların iştirakçısı olduqlarından, son mə’lumatları eşitdiklərindən  heç bir tədbir olmasa da, əyləşib çay içməyə, söhbətləşməyə gəlirdilər. Həmin gün də adi günlərdən biri olacaqdı.

Cəbhəçilərdən birinin həyət qapısından: “Əli müəllim, nə muştuluq verəcəksən?”—hayqırtısı həyətdəkilərin hamısının diqqətini özünə çəkdi. Onun gövdəsi qapını tam tutduğundan arxasında kimin dayandığını, küçədə kimlərin olduğunu görə bilmirdik. Lektoriyaları adətən mən təşkil  etdiyimdən qonaq gəldiyini anladım. Durub qapıya doğru getdim.

—Gəlin içəri. Bir qonaqlıq verəcəm,—deyə zarafatla cavab verdim. Qapıda dayanan məsləkdaşımız yana çəkiləndə pilləkənlərin başında Həmid Nütqini gördüm. Heyrətimdən özümü saxlaya bilməyib: “Həmid Nütqi?!”—dedim. Mənim səsim həyətdəkilərin hamısının diqqətini çəkdi. Çayxanadakılar çaylarını yarıda qoyub qapıya doğru axışdı (Apardığımız təbliğat öz işini görmüşdü.  Körpü tikintisində çalışan cəbhəçilər H.Nütqini görən kimi tanımış, onu Xalq Cəbhəsinin qərargahına gətirmişdilər).

Çıxılmaz vəziyyətdə qalmışdım. Bilmirdim gövdəsilə qapını kəsib qonağı arxada saxlamış cəbhəçini danlayım, yoxsa  Həmid Nütqi kimi bir şəxsi gətirənə təşəkkürümü bildirim. Ani bir çaşqınlıqdan sonra hamımız H.Nütqi ilə görüşdük. Bir də H.Nütqinin lektoriyada həmişə çıxışçının əyləşdiyi yerdə oturdulduğunu görəndə “ayıldım”. Həmişə hazır olan mikrofon da açılmışdı. Bir toplantını başlamaq qalırdı. Qonağın qarşısına çaydan öncə mikrofon qoyulmuşdu. Həyətdəkilərin hamısı səbirsizliklə  onu gözləyirdi. Çayxanada yerlərin dolu olması, çoxunun ayaq üstə qalması məni təəcübləndirmədi. Belə hallar burada tez-tez olurdu. Adamlar çox qısa bir zamanda toplaşırdılar.

Toplantını açıq e’lan edərək. H.Nütqiyə xoşgəldin dedim. Sonra da onun haqqında qısa bilgi verdim. Söz H.Nütqinin idi. Dünyanın hər üzünü görmüş nurani qoca susurdu. Hamı onun dolduğunu hiss edirdi:

“İnanmazdım ki, məni Naxçıvan kimi ucqar bir şəhərdə belə tanıyacaq və bu qızğınlıqla qarşılayacaqlar. Bilsəm ki, Təbrizdə də belə qarşılayacaq və sonra da asacaqlar, elə bu gün gedərdim oraya!”—dedi. Qəhər onu boğurdu. Həyəcanından səsi titrəyirdi. Vəziyyətin belə alındığını gördükdə toplantını yarıda saxlayıb onu ikinci mərtəbədəki Xalq Cəbhəsi sədrinin otağına qaldırdıq. İçəriyə də heç kimi buraxmamağa çalışdıq. Uşaqlar otağa bir çaydan çay gətirdilər. H.Nütqi bir stəkan çay içəndən sonra Bakıya gedəcəyini söylədi. Xörək hazırlatsaq da, yemədi. Tələsdiyini bildirdi. Yenə həyətə endi. Onu gözləyənlərin sayı daha da artmışdı. Çıxış edə bilməyəcəyini söylədi. Üzrxahlıq etdi. Hər birimizlə yenidən görüşdü.

Sərhədçilərin çək-çevirə salmaması, Bakıda rahat yerləşdirilməsi üçün cəbhəçilərdən iki nəfəri ona qoşduq. Onu küçədən yola salmaq istəyəndə “Juqili”də əyləşmiş qadını hördüm. Utandığımdan tez geri döndüm. Biz Həmid bəylə görüşüb, söhbət edib, çay içdiyimiz zaman xanımının Naxçıvanın qızmar günəşi altında maşında saxladığımıza görə xəcalət çəkdim. Həmid bəy də deyəsən hər şeyi unutduğundan bu barədə bir söz deməmişdi.

Sonrakı görüşümüzdə Aytən xanım gəlişlərini belə xatırlayırdı.

—Dilucu məntəqəsində türk sərhədçiləri bizim keçməmizin mümkün olmayacağını söylədilər. Türklər sərbəst gedib-gəlirdilər. Biz isə Böyük Britaniyada yaşadığımıza görə türkiyəlilərin istifadə etdikləri imtiyazlardan istifadə edə bilməzdik. Həmid bəy Türk sərhədçiləri ilə danışır, yollar arayırdı. Türk sərhədçiləri isə deyirdilər:… “Biz sizlərin o taya keçmənizə izin versək də oradan ruslar geri qaytaracaqlar”.

Bu zaman  iki-üç nəfər bizə yaxınlaşıb görüşdülər. Onlar  Həmid bəyə adı ilə müraciət etdilər. Geyimlərindən körpü tikintisində çalışanlar olduğu bilinirdi. Avropa işçilərinin əksinə olaraq, üst-başları da səliqəli deyildi. Tozlu-torpaqlı paltarları ilə Həmid bəyi qucaqladılar. Sonra da çox ərkyana türk sərhədçilərini bizi saxladıqlarına görə tə’nə etdilər. Sərhədçilər onlara vəziyyəti izah  etməyə çalışanda gülərək “Siz  icazə verin, ruslarla işiniz olmasın. Onlar bizim boynumuza!”—dedilər. Beləliklə, bizi Arazın bu tayına keçirdilər. Ruslar sənədlərimizi görəndən sonra bizi geri qaytarmaq istədilər. Bizi gətirən cavanlar bir hay-haray saldılar, gəl görəsən. Orada olan  tikinti işçiləri də, sərhədi keçmək istəyənlər də işlərini atıb sərhədçilərin üstünə cumdular. Mən qarışıqlıq yaranacağından  dava-qalmaqal düşəcəyindən, silahlı hərbçilər qarşısında əliyalın adamların çıxılmaz vəziyyətə düşəcəyindən çəkinirdim. Amma tərsinə oldu. Silahsızlar az qalırdı silahlıları döysün, salihlarını alsınlar. Sərhədçilər bizi buraxmaq məcburiyyətində qaldılar.

Elə ilk sürücüyə Həmid Nütqinin gəldiyini söyləyən kimi bizi səmimiyyət və böyük məhəbbətlə maşınına götürdü. Biz əyləşdiyimiz maşından başqa bir neçə maşın da bizi müşayiət edirdi. Yolda maşınları saxlayıb qarpız aldılar. Qarpızı elə oradaca kəsib Həmid bəyə və mənə yeməyə verdilər. Qarpızı yumasalar da, əlləri, üst-başları tozlu olsa da, biz ona fikir vermirdik. Onlar elə ürəkdən, elə həvəslə təklif edirdilər ki,  yeməmək mümkün  deyildi.

Bu olaydan bir neçə il sonra Ankarada Türliyə radisounun Azərbaycan redaksiyasının rəhbəri Seyfəddin Altaylının evində qonaq idik. Söz-sözü çəkdi. Həmid Nütqinin Azərbaycana ilk gəlişindən söz düşəndə Seyfəddin bəy mənalı-mənalı güldü. Gülüşünün səbəbini təkid etdikdə gedib 1992-ci ildə H.Nütqinin ona yazmış olduğu bir məktubunu gətirdi. Həmid bəy səfərinin uğurlu keçdiyini yazır, məsləhətlərinə görə ona təşəkkürünü bildirirdi. Söhbətdən onu Azərbaycana gəlməyə həvəsləndirən Seyfəddin bəyin olduğunu öyrəndik. Seyfəddin bəy Həmid Nütqiyə keçəcəyi yollar və qarşılaşacağı əngəllər haqda məlumat verib, məsləhət görüb ki, rus sərhədçilərindən, DTK məmurlarından, polisdən yaxa qurtarması üçün mütləq Xalq Cəbhəsi üzvləri ilə görüşsün. Onlara Naxçıvanda Xalq Cəbhəsinin rəhbərləindən Arif Rəhimoğlunu, Əli Şamilovu görmək istədiyini söyləsin. Hətta Bakıda da Mövlud Süleymanlı ilə görüşməyin vacib olduğunu söyləyib, onların ünvanlarını verib.

…H.Nütqi təxminən 20-25 gün sonra Bakıdan Naxçıvana döndü. Yenə tələsirdi. Görüşüb ətraflı söhbət edə bilmədik. Onu tələsik Sədərək keçid məntəqəsinə çatdırmağa çalışdıq. Həmin gün Sədərəkdən Dilucuya - Türkiyəyə son  keçən Həmid Nütqi və xamını Aytən oldu.

1993-cü ildə Tehranda olanda C.Heyət H.Nütqinin xəstəliyinin şiddətləndiyini (o vaxta qədər H.Nütqinin xəstə olduğunu bilmirdim) yeriyə  bilmədiyini, əl arabasında gəzdiyini söylədi. Elə oradan telefon vasitəsilə hal-əhval tutduq.

1996-cı ilin noyabrında telefonda Həmid bəyin səsini eşidəndə təəcübləndim. Zəng  səsindən H.Nütqinin Bakıdan danışdığını bildim. Həmin günlər də Bakıda M.Füzulinin 500 illiyi münasibətilə yubiley tədbiri və türk yazıçı və şairlərinin toplantısı keçiriləcəyindən xəbərdardım. Dünyanın hər yerindən qonaqlar gələcəyini də bilirdim. H.Nütqinin gələcəyinə isə ümidim yox  idi.

Amma o gəlmişdi. Yeriyə bilməsə də, gəlmişdi. Əl arabasını Aytən xanım və oğlu sürürdü. “Azərbaycan” hotelində  ona yer ayırmışdılar.

Qonaqların əksəriyyəti şəhəri gəzməyə, dost-tanışının evinə görüşməyə getmişdi. H.Nütqinin tək qalması məni sıxdı. Onu evə qonaq aparmaq istərdiyimizi söylədik. E’tiraz etmədi. Evə gətirdik. Dostum Məmməd Abdullayevin evinə gətirdik. Evi 6-cı mərtəbədəydi. Liftə də əl arabası yerləşmirdi. Çətinliklə də olsa, qaldırdıq. Biz narahat olanda H.Nütqi incə yumoru ilə bizi güldürür, xoş əhval-ruhiyyə yaradırdı. Həkimlərin tapşığırına ciddi əməl edir, pəhriz saxlayırdı. Gecə hotelə gec qayıtdıq. Onu evə də’vət  etdiyimizə görə narahatdım. H.Nütqi isə çox şən əhval-ruhiyyədə idi.

Sonrakı günlərdə axşamlar biz onun olduğu  otağa toplaşırdıq. İstəmirdik darıxsın. Həmin günlərdə H. Nütqiyə bir yubiley - anadan olmasının 75  illiyi də təşkil edildi.

Axşamlar hoteldə H.Nütqinin otağına toplaşında məxtəlif suallar verir, cavablarını diktafonla yazırdım. Onun danışığı olduqca şirin, canlı, bədiidir. Söhbətləri əsasında qəzet-jurnallar üçün müsahibə hazırlayanda gördüm çox çətinlik çəkirəm. Müsahibəni yazıya köçürəndə H.Nütqinin danışığındakı şirinlikdən əsər-əlmət qalmır. Danışığını olduğu kimi saxlayanda isə yazı üslubu pozulur, cümlələr anlaşılmaz alınırdı. Qəzet və jurnallar üçün müsahibə hazırlamaqdan vaz keçib Azərbaycan radiosunun xarici verilişlər redaksiyası üçün bir veriliş hazırladım. Güney Azərbaycan üçün hazırlanmış, efirdə “Tanıdığım adamlar” rubrikasında səslənmiş veriliş, deyəsən, pis alınmamışdı. Elə ona görə də radionun fondu üçün saxladılar.

1997-ci il iyunun önlərində Türkiyənin Çanaqqala şəhərindəki On səkkiz mart Universitetinin “Ədəbiyyatların qarşılıqlı əlaqəsi” mövzusunda təşkil etdiyi uluslararası elmi simpoziumu başa vuran kimi Ankaraya tələsdim. H.Nütqinin buraya gələcəyindən xəbərdardım. Atatürk Kültür Mərkəzi onu xidmətlərinə görə mükafatlandaracaqdı (Prof. Kamil Vəli Nərimanoğlu də mükafatçılar sırasında idi).

H.Nütqi “Öyrətmən  evi”ndə qalırdı. Hər gün başına toplaşar, söhbətlərinə qulaq asardıq. Bə’zən ətrafdakılar da onun söhbətlərinə  qulaq asmaq üçün  icazə  istəyirdilər. H.Nütqinin heç adını eşitməyən, tanımayan adamlar da 10-15 dəqiqə  sonra onun söhbətinin sehrindən çıxa bilmirdilər.

Onunla 1997-ci il dekabrın 1-dək—5-dək Bakıda keçirilən uluslararası “Kitabi-Dədə Qorqud”—1300” simpoziumunda  da  10 günə yaxın birlikdə olduq. (Bu ayrıca bir yazının mövzusudur).

H.Nütqiyə verdiyim suallarda oxucu üçün də maraqlı  cavabları olduğunu nəzərə alaraq,  1996-cı  ildə Bakıda və 1997-ci ildə Ankarada etdiyi  söhbətlər əsasında aşağıdakı müsahibəni hazırladım. Müsahibəni bir qədər yazı  qaydalarımıza uyğunlaşdırdığımıza görə H. Nütqinin  danışığı öz gözəlliyini itirdi. Ancaq ədəbiyyatımız üçün əhəmiyyətli olacağını nəzərə alıb onu yazıya köçürməyi lazım bildim.

 

 SÖHBƏTLƏRİM

 

Ə.Hüseynoğlu:—Həmid bəy, miladi təqvimi ilə 1920-ci il sentyabr ayının  11-də Təbriz şəhərində  anadan olduğunuzdan,  orada “Rüşdiy”, “Firdovsi” adlı məktəblərdə oxuduğunuzdan, sonra Tehran Universitetinin hüquq fakültəsini bitirdiyinizdən xəbərdarıq. Bu saydıqlarım quru tərcümeyi-haldır. Siz özünüz uşaqlıq və gəncliyinizi necə xatırlayırsınız?

H. Nütqi:—İnsan  yaşadıqca xatirələri çoxalır. Yaşlaşmağın bir xüsusiyyəti var. Dünən nə yediyinizi unudursunuz. Amma 60 il əvvəl olanlara cüziyyəti ilə şərh verirsiniz. Bəlkə şərhin bir miqdarı hafizənin xəyalla qurduğu bir qurğudur. Adam bunu özünə keçmiş xatirəsi olaraq qəbul edər. Bu həqiqətdən də o qədər uzaq olmaz. Bu  xəyallar həqiqət üstündə qurulmuşdur. Kökü həqiqətdədir.

—Mən Təbrizdə  anadan olmuşam. Təbrizi çox sevirəm. Niyə sevirsən?—deyənə deyərəm:— “Hissi şeylərin, duyğusal  şeylərin cavabı yoxdur”. Bunu soruşan adamın özü əcayib adamdır. İnsan anasını sevər. Amma onu izah edə bilməz niyə sevir!

Təbrizin hər məhəlləsində,  hər küçəsində bir xatirəm yatır. Yaxşıdan, pisdən. Acı  xatirə də get-gedə acılığını itirər, munisləşər, zarafata dönər. Atam aptekçiydi. Evimizin əndurini və büruni üsulunda iki həyəti, geniş zirzəmisi vardı. O zaman dərmanlar indiki kimi hazır gəlmirdi. Zirzəmimizdə bizim gözlərimiz qarşısında, bə’zən iştirakımızla hazırlanardı. Ailəmiz böyük idi. 8 uşaqdıq. İqtisadi zərbələr, bacılarımın ərə getməsi, böyük evdən əl çəkməmiz eyni vaxta düşdü. Ev kiçildi. Kiçik evi də sevdim. Evimiz əvvəlki tək böyük qalsaydı, güzəranımız həmişə yaxşı keçsəydi, indi deməyə sözüm qalmazdı.

Astaraya köçdük. Atam orada aptek açmışdı. Orada bir il qaldıq. Astara mənim şe’rlərimin ilham mənbəyi oldu. Ora köçənədək çox böyük su görməmişdim. Gördüyüm  ən böyük su Təbrizdəki eni-uzunu 100 metr olan Şah gölüydü. Astaranın isə bir tərəfi ucu-bucağı görünməyən Xəzər dənizi o biri tərəfi isə dağlar və sıx ormanlarla əhatə olunmuşdu. Ormanlardakı rəngbərəng quşlar, onların səsi,  dənizdəki cürbəcür balıqlar mənə elə güclü tə’sir etdi ki, bu gün yazdığım şe’rlərdəki təbiət lövhələri həmin illərdən gəlmədir.

Ailəmiz elmə-təhsilə maraqlı idi. Onları iki yerə bölmək olardı. Sırf elmə maraq göstərənlər, ədəbiyyata maraq göstərənlər. Mən ikincilərdən idim. Orta məktəbdə oxuyanda həmişə sinifdə birinci olsam da, ədəbiyyata marağımı da azaltmırdım. İstəyimlə  hüquq fakültəsinə qəbul oldum. Oranı bitirdikdən sonra İstanbula gedib orada hüquq sahəsində doktorluq müdafiə etdim.

Ə. Hüseynoğlu:—Həmid bəy, siz İstanbulda doktorluq dissertasiyasını 1948-ci ildə müdafiə edibsiniz.  Həmin vaxtadək ədəbi fəaliyyətlə də məşğul olubsunuz. Xahiş edirəm, bu fəaliyyətə  necə başladığınızdan söhbət  açasınız.

H.Nütqi:—Məktəbdə oxuduğum illərdə kitabımızda dərsliyə düşən şairin  bir şeiri olurdusa, mən həmin şairin 20-30 şeirini oxuyub özüm mühakimə yürütmək istəyirdim. 7-ci sinifdə oxuyanda 1935-ci ildə Təbrizdə farsca çıxan “Şahin” qəzetində  ilk şe’rim çap olundu. Redaktor şeirimin əvvəlinə bir neçə sətir xoş söz də yazmışdı. Bu məni daha da həvəsləndirdi. “Firdovsi” mədrəsəsində oxuyanda Həbib Sabir bizə coğrafiyadan dərs deyirdi. Şeirə həvəs göstərməyimdə  görünür onun da təsiri olub.  İstər Tehranda hüquq fakültəsində oxuyanda, istər İstanbulda doktorluq yazanda şe’rdən  uzaqlaşmadım.

İstanbul mənim gözlərim qarşısında yeni dünya açdı. Tehranda adı çəkilməyən şairlərin əsərlərini oxudum, sağ olanlarla şəxsən tanış oldum. Deyərsiniz Tehranda adı çəkilməyən kimlər idi. Məsələn, onlardan biri Məhəmməd Füzuli. İstanbulda günün bir yarısını hüquq oxuyurdumsa, o biri yarısını ədəbiyyat oxuyurdum. Məsələn, mən icazəsiz qapını açıb Xalidə Ədibdən istədiyimi soruşardım. Ən çox Osmanlı ədəbiyyatı fənnindən dərs deyən Əli Nihat Tərlanla danışıb söhbətləşərdim. O, mənə oxumağa çoxlu kitablar verərdi. Onun ədəbiyyata bir baxışı vardı. Mən onun zidd tərəfini tapdım. Əbdülbaği Gölpınarlının ədəbiyyata baxışı Əli Nihat Tərlandan tamam fərqliydi. Bəlkə də deyərdim, onun əksi idi.

Ədəbiyyatçı Heydərbəy Diriöz Ayasofiyanın müdirliyini yapardı. Oranın zirzəmisində zəngin kitabxana vardı. Çoxlarını ora buraxmazdılar. Amma mən o kitabxanadan həmişə istifadə edərdim. H.Diriözlə bərabər gəzərdik. Bu  şəkildə ədəbiyyat oldu mənim bir tərəfim. 1948-ci ildə İstanbulda Ə.Cəfəroğlunu tanıdım. Bacımın xocasıydı. Sadiq Aranı tanıdım, çox-çox qiymətli adamdı. Mənə dedi: “Çox dağılma”. Mənə bir proqram verdi. O proqrama “Kitabi Dədə Qorqud” da, Orxan abidələri də, “Qudatqu bilik” də, türkcə yazılmış çox kitab daxil idi. “Qudatqu bilik”lə onun vasitəsi ilə tanış oldum. Azərbaycan milləti, onun inkişafı, dili və dini haqqında çox söhbətlərini dinlədim. İstanbulda tanış olub dostlaşdığım ədəbiyyatlardan söhbət açanda çoxları mənə həsəd və heyrətlə baxırdı. “O…o…o… Siz onlarla görüşübsünüz?!—deyərdilər.

Ə.Hüseynoğlu:—Həmid bəy, ümumiyyətlə, şe’r sizin üçün nədir? Bir əyləncə, hisslərinizi çatdırmaq vasitəsi,  mə’nəvi tələbat, yoxsa?

H.Nütqi:—Şer demək məndə bir növ ehtiyacdır. Şerlərimin çoxu itib-batıb. Bir xeyli əvvəl  doktor Furuğ yanıma gəlmişdi. Bir neçə şe’rimi əzbər dedi. Onun hafizəsi çox yaxşıdır. İndi o şe’rlər heç yerdə yoxdur. Mən onları 1946-47-ci illərdə yazmışam.  Həmişə yazdığım şe’ri bitirəndə hər şeyin qurtulduğunu sanmışam. Onları toplamağa bir yerə yığmağa səy göstərməmişəm.

Jan Jak Russo başqalarına uşaqlarını necə tərbiyə etmələrinə dair nəsihətlər verərdi. Öz uşaqlarını isə kilsə qapılarında qoyardı. Görünür, şe’rlərimə münasibətdə  mən də elə olmuşam. Odur ki, şe’rlərimin çoxunu yellər apardı.

Xanımım Aytən məni məcbur etməsəydi yəqin ki, bu gün oxuduğunuz şe’rlərin nə çoxu yazılar, nə də bir yerə toplanardı.

“Varlıq”—jurnalı çap olunduqdan sonra, çarəsiz, şe’rlərim bir yerə toplandı. Yə’ni jurnal səhifələrində çap olunanlar qaldı. Onun da bir qüsuru vardı. 60 ildir türkcə  oxumayan adamlar yazdıqlarımızı  başa düşmürdülər. Şeri şer kimi yazanda zəng gəlirdi: “Bu nədir? Bunun vəzni, qafiyəsi hanı? Bəs şeri hardadır bunun?”

Əruza adət etmiş adamlara “şeri burdadır”— demək çox uzun sürürdü. Məcburduq yazılmış şerə əl gəzdirib edək bəsit bir şey. Bir zaman asi oldum. Dedim: ”İstər anlasınlar, istər anlamasınlar”. İranda bir şair vardı, Halət adında. Birisi yenilikçi hərəkətin öncülü Nemanın bir şerini ona gətirib məsxərə ilə xəbər alır: “Bu nə deməkdir?” Halət deyir: “Mən nə bilim? Savadın yoxdur, get öyrən!” Haqqın yoxdur Baxın musiqisini eşidəsən və deyəsən: “Bu nə deməkdir?” Get sən mə’mulu-kənd havalarını çal. Düşündüm ki, fədəkarlıq etməyəcəyəm. Şer nə cür gəlir, eləcə də yazacam. İçimdə olan şeyləri açıq demək adətim deyil. Desəm, baş məqaləyə bənzər. Şer gəlinin üzünə salınan tül-tor kimi olmalıdır. Tül gəlini necə gözəl, sirli göstərirsə, şerdə elə olmalıdı. Bəy tülün arxasında olanı aydın görmür. Tülü açanda bəzən  pis sürprizlə-çirkin bir qadınla rastlaşa bilər.

Mənim səliqəmə görə şer gərək içli olsun. Birinci pərdə qalxsın bir sirr açılsın… Hər pərdənin altında bir şey saxlanmış olsun. Onun da açarı verilməmiş olsun. Hər kəs öz fikirləri ilə açmağa çalışsın o pərdəni. Yə’ni şer şairin yazması, söyləməsi ilə qurtarmasın. Şer onu oxuyanın fikirlə qurtarsın. Budur, mənim bildiyim teori!

Bə’zən məndən soruşurlar: “Şerdə demək istədiyin fikir budurmu?” Çox əcaib sualdır. Belə suallar adamın mərhəm şeylərinə əl uzatmaq kimidir. Deyirəm: “Necə başa düşübsünüz elədir”

Ə.Hüseynoğlu:—Həmid bəy, XX yüzilin 20-ci illərindən yeni Sovetlər hakimiyyətə gələndən sonra sərbəst şer bir yenilik, bir inqilab kimi təqdim olundu. Əruza, hecaya qarşı az qala savaş elan edildi. Bəzən ifrata varılaraq sərbəst şeri dünya ədəbiyyatına çıxmağın, inkişafın yeganə yolu olduğunu söylədilər. Halbuki “Kitabi Dədə Qorqud”da sərbəst şe’r nümunələrinə rast gəlmək olur.

Siz istər Şərq, istər Qərb ədəbiyyatına yaxşı bələdsiniz. Tarixi də gözəl bilirsiniz. İranda əruzun meydan suladığı, hakimi-mütləq olduğu bir zamanda necə oldu şerlərinizi sərbəst vəzndə yazmağı qərara aldınız? Bu avropaya meyllilikdən, yenilik axtarışından gəldi, yoxsa…?

H.Nütqi:—Doğru söyləyirsiniz. Sərbəst şer yeni deyil. İngilislərdə bunun çoxlu nümunələrinə rast gəlmək olar. V.Şeksprin nə qədər şeri sərbəst vəzndədir. “Kitabi Dədə  Qorqud”dakı şer sərbəst xalq şe’rinə yaxındı,  ritmi var. Mən XX yüzildə yaşadığım, “Kitabi Dədə Qorqud”u,  keçmişdə sərbəst vəzndə yazılmış başqa  şerləri oxuduğum üçün sahəni bir az dəyişdim. Niqablı danışmağa, simvolik şerə üstünlük verdim. Deyirlər müəyyən qorxudan, məsələn, İranda şah rejiminin qorxusundan simvolik yazırlar.

Mən hər hansı bir təhlükədən, qorxudan bu üslubu seçmədim. Yeddi  pərdənin altında gəlinimi gizlədim. Bu pərdələri qorudum. Bu qorxu  deyil! Bu eşqi ümumiləşdirməkdir!

Fransanın bir böyük qəbiristanı var: Fedeşeiz. İstəyiblər orada elə bir abidə ucaltsınlar ki, əsir düşərgələri olmuş 6 milyon adamı özündə əks etdirsin. Odur ki, simvolik, rəmzi bir şey düzəldiblər.  Elə bil fotoqraf makinası ilə üst-üstə şəkil çəkiblər.

Mövlanənin bir şe’ri var:

Mənim ney səsimi anlayan yoxdur.

Hər kəs öz baxışıyla məni sevir.

Ə.Hüseynoğlu:—Bir halda ki, söhbəti Mövlanəya gətirdiniz, onda mən  Şəms Təbrizi haqda Sizdən xəbər almadan keçinə bilməyəcəyəm. Şəms Təbrizinin əlimizdə nə divanı var, nə məsnəvisi, nə rübaisi, nə də tuyuqu. Amma Şərq ədəbiyyatından fəlsəfəsindən az-çox bilgisi olan hər bir şəxs Şəmsdən heyranlıqla söhbət açır.

H.Nütqi:—Deyirsiniz Şəms Təbrizidən bir şey oxumayıbsınız?! İsa peyğəmbərdən nə oxuyubsunuz? Sokratın özünün yazdıqlarından nəyi oxuyubsunuz? Zəmanəmizdə atom bombasını kəşf edən, Eynşteynin şagirdi, Avropadan Amerikaya qaçdı. (Çox ehtimal ki, H.Nütqi Robert Oppenheymeri nəzrdə tuturm (22.IV.!904-20.II.1967)O da heç bir şey yazmayıb. Sokratdan nə biliriksə, onu şagirdlərinin yazdıqlarından bilirik. İsa peyğəmbər də elə. İncil onun  ölümündən təxminən 150 il sonra yazıya alınıb. İsa yəhudi idi. Görmüşdü yəhudi dini zamanla ayaqlaşmır. Demişdi: bunu böylə yapın, şunu şöylə yapın. Reformalar etmişdi. Reformaçıları isə mühafizəkarlar  sevməzlər .Həmişə də hakimiyyətdə mühafizəkarlar olarlar, onlar da reformaçıları asarlar, kəsərlər, cəzalandırarlar.

İsa peyğəmbəri də Roma dövləti deyil, yəhudi dindarları öldürdü. Roma hökmdarı Pantus Pilətus dedi: “Su gətirin, mən əllərimi yaxalayıram”. “Quran”da İsa asılmır. Bir mələk onu xilas edir. Baramabasan “İncil”ində də belədi. İsa asılmır. Yenə İngiltərədə bir qrup çıxdı. Böyük papaz gurultu çıxardı. Dedi ki, İsanı asmadılar. Əf etdilər. 60 ildə yaşadı. Dəlil gətirdi ki, Efesin Məryəmin evi var. Bunların hansının doğru olduğunu bilmirik. Bildiyimiz əlimizdəki kitab-“İncildir”. O da İsanın ölümündən çox-çox sonra yazılıb.  İndiki xristianlar əski Bibliyanı da, yeni Bibliyanı da oxuyurlar.

Dünya bunları bilə-bilə qəbul edir, sənsə məndən dəlil-sübut üçün Şəms Təbrizinin,  divanını, risaləsini istəyirsən.

Bu bir növ yaşam tərzidir. Bə’ziləri yazar, bəziləri həyatlarında işlədər. Şəms də belə bir adamdı. Konya şəhərinin qazılar qazısını, Cəlaləddin Rumini bir neçə günlük (Adətən qırx gün deyərlər. Bilirsiniz ki, 40 da simvolik bir rəqəmdir) söhbətilə tamam dəyişdirdi. İsa ilə “İncil”i yazan dörd həvari arasında məsafə il baxımından Şəms ilə Mövlanə arasındakından çox-çoxdur. Mevlananın “Divani-Kəbir”inin adı “Divani-Şəms”dir. Sanırsan Mevlana yoxdur. Şe’rin dibində-təxəllüs yerində Mevlanə yazacağı halda Şəms yazıb. Cəlaləddin Türküstandan Anadoluya gələndə Təbrizdən keçib-keçmədiyini bilmirəm. Amma şerlərindən biri də Təbriz gəlməsi işlədəndə həmin dəqiqə Şəmsi xatırlayır. Məsnəvilərinin birində deyir:

Ey dəvə qəfləsi başı (Sarivan) dəvələrdən yükləri endir.

Çün Təbrizə yetişdik-sevgililərin məhəlləsinə yetişdik.

Hətta Mevlanə şerlərinin birində deyir.

“Şəmsin adının dərinliyində göydəki Şəms, yəni günəş utanır”. Şəms belə bir şəxsiyyətdir. Məchulluq simvolik şer kimi onu da gözəlləşdirmişdir!

Ə.Hüseynğolu:—Həmid bəy, söhbət Şəms  Təbrizdən düşdüsə, onu bir az da davam etdirin. Bildiyimə görə, Siz də Şəmslə eyni məhəllədə—Surxab məhəlləsində doğulubsunuz.

H.Nütqi:—Biz Surxablıyıq. Dəstəbaşımız Şəmsdir. Bu o demək deyil ki, mənimlə o müqayisə edilir. Şəmslə həmşəhərli olmaqdan iftixar duyuram. Mövlanə da Şəmsin Təbrizin Sırxablı məhəlləsindən olduğunu bilirmiş.

Şəms gör nə qədər oxumuş, elmin dərinliklərinə yiyələnmiş şəxs imiş ki, zamanının elmlərinin hakimi olan adamdan – Mevlanadan elə sözlər soruşub, Mevlana mat qalıb, yolunu dəyişib.

Şəmsin hansı tarixdə doğulmasının, hansı tarixdə ölməsinin elə bir əhəmiyyəti yoxdur. (Onu Mevlananin oğlanlarından biri gicliyindən öldürdü. Dedi ki, bu nə adamdı, dədəmizi yolundan döndərdi. Dədmiz malını-mülkünü atıb ona qoşuldu) Mevlana ilə Şəms zamansızlıq zamanında yaşayırdılar.

Sizə bir məsəl çəkim. Bununla zaman bəhsini bir az açım. Niyşapurda Ömər Xəyyamın doğuldüğü və dəfn olunduğu yerdə bir qəbiristanlıq var. Məşhur sufi  filosofu Şeyx Əttarın da, bizim  keçən nəslin müasiri, rəssam. Kəmalümülkün də qəbri oradadır. Mən qızmar bir yay günü qəbiristana ziyarətə getmişdim. Günorta çağıydı. Kamalümülkün qəbirüstü yazısını oxuyandan  sonra dedim gedim Əttarın də qəbirüstü yazısını oxuyum. Görüm aralarında nə qədər fasilə var. Yolun yarısını getmişdim. Birdən yadıma düşdü ki, bu dünyadan köçəndən sonra zaman qalmır ki?! Hər ikisi müasir olur, çağdaş olur.

20 il o yana, 20 il bu yana. Nə fərqi  var? Bu təhqiq tarixçilər üçündür. Şairlər, filosoflar, alimlər üçün onların nə zaman yazdıqları yox, yazdıqlarının günümüz üçün nə qədər önəmliolması vacibdir. Mövləvinin ölüm gecəsi çox mənidardır. Türklər  ona toy gecəsi deyirlər. Tarixləri dəqiq öyrənsək belə nə Mövləvini yaxşı tanıyacağıq, nə də Şəmsdən bir addım qabağa gedəcəyik.  Mövləvini oxumaq  lazımdır. Onu da deyim ki,  Mövləvini anlamaq həm asandır, həm də çətin. Özü deyir: “Mənim məsnəvim Nur’an kimidir. Bə’zi adamlara yol göstərər, bə’zi adamları yolundan çıxarar”. Bu sözləri deyə biləcək əcaib bir adam, həddə yetişmiş bir adam haqda çox danışmaq olar. Bizdən öncə də danışıblar. Bir məsəl də deyim, Mevlana zikri burada bitsin. Mevlananı səmasız təsəvvür etmək olmaz. Mevlana deyir: “Fəqirlik iyi, cəhalət iyi, kibir və hərislik iyi danışarkən soğan kimi qoxar”. Gör nələrə imza basıb bu adam. Bə’zən kənarına gedib. Çiltik çalar kimi deyib.

Ə.Hüseynoğlu:—Həmid bəy, Həbib Sahirin müəlliminiz olduğunu söylədiniz. Onun da şe’rlərinin dili çox saf və təmizdir. Ruhən yenilikçi olan Həbib Sahir istər o tayda, istərsə bu tayda nədənsə az tanıdılıb. Yaddaşınızda Həbib bəy necə qalıb?

H.  Nütqi:—Təbiətsevər insan kimi. Təbrizdə olanda az qala hər gün  Eynalı dağına çıxardı. Evimiz onun yolunun üstündə olduğundan xatirimdə qalıb. Sonra biz Tehrana köçdük. Məhəlləmizdə kiçik bir park vardı. H.Sahir də  Tehrana köçdü. Tə’til günlərində  gələrdi məhləmizdəki parkda oturardı. O qədər oturardı ki, bütün park qurtarardı (yəni hamı çıxıb gedərdi. Ə.Ş.). Sonra gələrdi bizim qapının zəngini çalardı. Mənim şe’rlərimdə bu var. Bir çay gətirərdim. Xeyli söhbətləşərdik. O dəftərini açardı. Heç kəsə oxumadığı, (yəni ehtiyat etdiyi) şe’rlərini bizə oxuyardı. Oxuduqdan sonra da dəftərini büküb gedərdi. Çox həftələr bunu etdi. Sonra H.Sahirin qulağı tutuldu. Çox istərdim onunla xosunlaşım. Dəyirdim, eşitmirdi. Bir dəftər verdi ki, suallarımı, söhbətimi oraya yazım.

Mən tələbələrimə deyərdim. Fikirləşmədən danışma, təhqiq etmədən yazma. İş yazmağa gəlincə söhbətimiz kəsildi. Sonra ölümünü eşitdim. Haqqında “Varlıq” jurnalına geniş bir məqalə yazdım. Şer bağçasını gəzdim.  Oxucuya onu təqdim  etməyə çalışdım.

Ə.Hüseynoğlu:—Bəs Səhənd—Bulud Qaraçorlu…

H.Nütqi:—Tez-tez Tehrana gələrdi. Aylarla Cavad Hey’ətin qonağı  olardı. Heç kimə oxumağa cəsarət etmədiyi şe’rlərini oxuyardı. Çox  da mütavaze idi. Deyirdi, şe’rlərimi təshih edin. Öldükdən sonra vərəsələri arasında qarışıqlıq düşdü. Səhnədən  oxuduğu həmin  şe’rlərə sonra heç yerdə rast gəlmədim.  Şe’rlər gün  üzü görmədi. O şe’rlər əlimizdə olanlarla öpeycədir. Çox gözəl şe’rlər oxurdu. Ondan məmnunam ki, onlardan daddıq. Çox gur şair idi. Şair sosial adamdır, hər dövrə baxarsınız  bir şair  müşəxxəsdir. Hətmən ətrafında yarı böyük şairlər var. O əndazə şairlər var. Şair kol içində meşə kimi  böyüyür. Bir-ikisi daha böyük olur. Çöldə bitən tək nəhəng ağac kimi şair görməzsiniz. Nizamilər də bir qrupun içindi müşəxxəs olur. Orada Xəqanilər, Əbül Ülalar, Fələkilər, Beyləqanilər və b. var. Hamısı da bir-birinə yaxındır.

Ə.Hüseynoğlu:—Həmid bəy, bir halda ki Nizamilərdən, Xəqanilərdən, Fələkilərdən söz açdınız, icazənizlə bir sual verim. Necə oldu türklər  tarixdə hökmranlıq etdiyi halda, yəni onlar neçə-neçə dövlət qurduqları halda, saraylarındakı şairlər ana dilində deyil farsca yazıb-yaratdılar?

H. Nütqi:—Bu çox uzun söhbətin qonusudur. Yaşar Qarayev mənə söylədi ki, türklüklə ilişgili  bir ensiklopediya hazırlayırıq. Ona ön söz yaz. Azərbaycanlıların təbiriylə desək: dabanlarımı çəkdi. Mən də yazdım. Kitab alındı. Başlanğıc qoydum. Türkün başlanğıcıdır. Bilirsiniz, əsas türklük Azərbaycandadır. Şe’rimizdə bir kaç məqsədim var. Bunlardan biri də Orhan abidələridir. O daşlara xitab edib deyirəm:

Ey soyumun sabır daşı,

Ey elimin, ulusumun

Sabir  daşı, sır daşı.

Başımızın üstündən çox yellər gəlib-getmiş. Zənn etmirəm bizim kimi çox millət olsun. Az millət var başına bu qədər bəla gələ.

Bizə təvazö öyrətmişlər, iftixar öyrətmişlər. Zənn edirdik son nəfəsimizi çəkirik. Ümid yavaş-yavaş çürüyürdü. Və o günlər yanlış düşünürdük. Nə gözəl günlər günlər gəldi. Dünya nə  edir-etsin, türkü inkar edə bilməyəgək. Tarixin hökmü olmasa  da,  tarixə hökm edən  qövm qüdrətlidir. Bu hökmü haradan alır qövm? Vücud qüvvəti kiçik-kiçik zərrələrdən alır. Bu qüvvəti qövm insanlarından alır.

Türk sözünün çox mə’nası var. Biri də qüvvətli deməkdir.  Həqiqətən, bu millət çox dözümlüdür. Çox xalqlar gəlmişlər-getmişlər dünyadan. Bizə bənzəri az-az tapılar. Biz türklər bitkilərə bənzəyirik. Ölüb gedir. Torpağı qazıyırsan ki, kök sağlamdır. Yenidən göyərəcək. Mevlana divanını nəzərdə tutaraq deyib:

Mən türklər kimi

Yarı qaynatdım, yarı çiy yedim.

Yoxsul və zəngin  bizik. Varlığımızın sahibi çıxmırıq. Sahib çıxsaq çox şeyimiz var. Məmləkətlər qurmuşuq. Ədəbiyyatlar yaratmışıq. Farscayı doğurmuşuq. Biz beləyik. Özgəni bəzər, özü lüt gəzər. Tarix boyu türklərin qədərini (taleyini – Ə.Ş.) ayrı təsəvvür etmişik. Bu ən böyük yanlışlığımız olub. Azərbaycanın kəndinə gəlməsi qaqauza da, qumuğa da noqaya da, Türkiyəyə də tə’sir edəcək.

Tarixdə dəfələrlə aldanmışıq. Bu da ağlımızdan deyil, hüsnü niyyətimizdən olub. Hər kəsi kəndimiz bilmişik, Əlimizdə bir şey olduqda hamı ilə paylaşmışıq. Avropa isə bizi tərsinə tanıdıb, “türk yırtıcıdır” – deyə yüzillər boyu haray çəkib. Əslində tükrlər çox mədəni olublar. İndi də, keçmişdə də.

İranda 26 sülalə hakimiyyətə gəlmiş və getmiş. Nə vaxt ki, hakimiyyətə türklər gəlmiş, başqa xalqlar zorlanmamış. Marağada üç məzar gördüm. Hülakü xanın, annəsinin və xanımının məzarları. Biri müsəlman, biri buddai, biri xristian. Hər biri öz qaydasınca dəfn edilib. Bu günədək də qorunub saxlanılıb.

Əşkanilər dövrünə baxaq-biz sakalar dövrü deyirik. Tarixdə onların adını ellərin səltənəti qoymuşlar. Çünki hər eylədiyində,  geydiyində,  dediyində sərbəst idi. Avropa türk konfedarasiyonuna XX yüzildə gəlib çıxır. Bir müddət bizi uyutdular. Bu da kəndi-kəndimizi zəif düşürməyinizdən oldu. İki böyük qəhrəman: Səlim kimi insan! Şerdə yazar. İsmayıl kimi insan! O da şer yazar. Qarşı-qarşıya durub bir-birini əzdi. Nə apardılar? Yaxud Əmir Teymur! Əmir Teymur nə gəzirsən Ankaranın yanında?! Fateh kimi elm sevər adam! Bilmirəm ona kimi elə fateh olubmu şəhəri alsın aliminə hörmət etsin, adamına hörmət etsin!  Hətta İspaniyaya desin: “Niyə adamlarını öldürürsən? Öldürmə, göndər gəlsin buraya”.

Bizi aldatmadılar özümüz imkan yaratdıq ki, bizi aldatsınlar. Biz bu yanlışlığı önümüzdəki minillikdə aradan qaldıracağıq.

Ə.Hüseynoğlu:—Həmid bəy, çox nikbin danışırsınız. Nikbinliyinizin bugünkü müşahidələrinizin nəticəsidir, yoxsa nəzəriyyənin?

H.Nütqi:—1987-də Türk Dil Qurumuna gəldim. Başqanı Aydın Paşa idi. Mənə çox hörmət etdi. Gördükləri işlərlə tanış etdi. Xəbər aldı.

—Necədir?

Dedim:—Şaşırdım.

Dedi:—Niyə?

Dedim:—Mən burayı belə bilməzdim. Düşünürdüm burada 19-20 kitabə var. Atatürkün gəncliyə ithafı qazaxca, qırğızca, uyğurca və b. dillərdə çap olunub. Gözəl sözlüklər yazırsınız: Azərbaycanda şuna da şu deyirlər. Siz ərəb kimi bir deyilsiniz. Ərəb 22 millətə bir dildə müraciət edir.

Bizim də yazı dilimiz bir olmalıdır. Gərək birisi düşərgə o birisi duraq deməsin. Ya düşərgə deyəlim, ya duraq. Heç olmasa hələlik oğuzların yazı dilini bir eləmək gərəkdir. Buna hər cür imkan da var. Çünki dilimiz olduqca zəngindir. Keçmişlərdə 8 qəbilə göndərdilər ki, türkləri assimlə etsin. İki nəsil sonra gəldilər gördülər ki, göndərdikləri qəbilə türkləşib. Bu “dilimizin” yox, ürəyimizin sadəliyi və zənginliyi sayəsində olub. Belə zəngin sərvətin hələ sahibi deyilik. Hələ xəbərimiz yoxdur hansı türk elində hansı rassam nə cızır, hansı alim nə yazır? Dünya dəyişir. Mən inanmıram kəndiliyindən dünya dəyişə. Dünyanı, tarixi insanlar dəyişir. Bu gün dünyada bir laxlama gedir. Kiçik-kiçik mübarizələrlə heç nəyə nail olmaq olmaz. Türk  xalqları birgə mübarizəyə atılmalıdır. Bəsdir modaya uyduğumuz. O zaman mada ərəbcə farsca idi. Bir zaman Çincə, nə bilim necə! Bu ona bənzəyir ki, biri əlindəki saz aləti buraxıb başqasının əlindəki sınıq sazı alır. Deyir:—Ver çalım.

Nə çalacaq bilmirəm?! Tarixin dəyişmə  dövründəyik. Nə mutlu insanlarıq ki, dəyişmə dövründə yaşayırıq, nə bədbəxt adamlaraq ki, bu dövrdə yaşayırıq. Dəyişmənin ağrıları, acıları çox olur. Bütün bu ağrı, acılardan renosansımız doğacacaq. Hiyləli adamlar olacaq yalançılar, amma renosans yapılacaq. Tarix dəyirmanını kim öyrətdi?! Bu dəyirmanın suyu  zamandı. Su ilə fırladır daşını. Amma bir az qan da qatır.

Ə.Hüseynoğlu:—Həmid bəy, tarixin belə dönmələrində yeni dinlər, fikir cərəyanları və s. ortaya çıxır…

H.Nütqi:—Dinlər, fikir cərəyaları beş ilə, on ilə formalaşır. Onun kökü yüzilliklərə gedir. Bizə görünən, parlayan tərəfi  qısa müddətdə olur. İslamda bir təsəvvüf çıxdı. Böyüklərindən biri Mövlanədır. Ondan öncə yaşayanlar da olub. Mövlanə məsnəvisində Əttar haqqda deyib:

Mən söyləmirəm ki, o alicənab,

o böyük insan peyğəmbərdir.

Amma nə yapayım kitabı var.

İslamda deyərdilər: Allah cəyildir, cavandır. Yəni qorxuludur. Təsəvvüf gəldi. Dedi:—Allah camaldır—Yəni Allah  gözəldir, gözəli sevərlər. Dinə münasibət də dəyişməlidir. Din iman üstündədir, elm isə məntiq. Elm dəyişir,  din isə dəyişmir. Dinlə rabitəmiz anamız kimidir.  Desək ananız gözəldimi? Deyəcəksiniz:—“Əlbəttə”. Başqası deyəcək: “O…o…o. İfritədir”.

Həzrət Məhəmməd zamanında da meydana peyğəmbərlər çıxdı. Harun ər Rəşid zamanında isə bu moda şəklini aldı. Bir qadın peyğəmbərlik iddia edirdi.  Harun  ər Rəşidlə onun arasında kiçik bir söhbət oldu.

—Sən qurana inanırsan?

—Əlbəttə.

—Quranda deyilir, Həzrət Məhəmməd son peyğəmbərdi.

—Orada aləmi-əmbiya deyilib-yəni kişilərdə son peyğəmbər. Xatəmi-əmbiya-yəni qadınlar da son  peyğəmbər deyilməyib.

Başqa birisi də Allahlıq iddia edirdi.

Harun ər Rəşid onu yanına gətirib dedi:

—Bilirsən bir neçə gün öncə biri peyğəmbərlik iddia edirdi, boynunu vurdurdum.

Allahlıq iddia edən:

—Düz edibsiniz. Onu mən göndərmişdim. Dinçilər dinin içinə elmi soxmaqla çox zor iş görürlər. Dinə zərər  vururlar. Siz heç bir zaman  dəlillə ananızın gözəlliyini isbat edə bilməzsiniz. Din  də belədir. Dində iman olar. Alimi ayaqda tutan  imandır. Amma laboratoriya məntiqə əsasən işləyir.

Çingizxan  şaman idi. Nesturi papazlarına adam göndərdi. İstədi onları gəlib xristianlıqa qəbul etsinlər. Nesturi papazları tənbəllik edib getmədilər. Müsəlmanlar gedib onlara islamı  qəbul etdirdilər. Çingiz xristianlığı  qəbul etsə idi, yəqin dünyanın xəritəsi başqa cür olardı.

Ə.Hüseynoğlu:—Həmidbəy, bayaq Siz Sakalara, onların konfederasiya dövlət quruluşuna işarə etdiniz.  Bəs onların dili necədir? Ümumiyyətlə Qədim Şərq dövlətlərində yaşayan xalqların milliyyəti, dili bu gün də mübahisə obyektidir. Bu məsələyə Sizin münasibətiniz.

H.Nütqi:—Beş min il öncə Şərqdə yaşamış qəbilələrin bir çoxu ari  imiş. Amma bu o demək deyil ki, Şərqdə yalnız arilər yaşayırmış. Bunlar bir qəbilə deyilmiş.  İçərisində aridə varmış, sami də, türk də. Hakimiyyətdə kim olurdusa qövm də onlarım adıyla tanınırmış. Mediyalılar 7 tayfaydı. Onların da dördü türk, üçü aridir. Ari tərəfdən baxanlar Mediyalıları ari, türk tərəfdən baxanlar türk görürlər. Amma bilirik ki, Mesepotamiyadan İrana yaxın ərazilərdə ari olmayan dil və tayfa da var. Bu  sami də deyil. Akkaddlar var, elamlar var, şumerlər var. Şumerlərin qeyri-adi olduğunu qəbul edirlər. Sami olmadığını da söyləyirlər. Türk olduğunu deyəndə isə hay-küy salırlar.

Cəfəroğlunun gözəl bir sözü vardı: Deyirdi: “Üç min ildi o səs gəsilmişdi. 100 ilə dil dəyişir. O ki qala uzun bir məsafə ola”.

Araşdırıcılarımız kəsilmiş  o səsi üç min ilin yox, lap beş min ilin arxasından da olsa  tapıb bərpa edəcəklər. Modern elm də onlara bu işdə yardımçı olacaq.

Ə.Hüseynoğlu:—Həmid bəy, elmdən, poeziyadan danışdıq. İrandan getməyinizin, Böyük Britaniyada yaşamanızın səbəbini söyləmədiniz.

H.Nütqi:—Bunun elə bir ictimai-siyasi səbəbi yoxdur. Oğlum orada yaşayır. Toyuna getmişdim. Özümü pis hiss etdim. Elə bildim soyuqdəyməm var.  Həkimə müraciət etdim. Oh…o. Xəstəliyimi  müəyyənləşdirdilər. Qaldım  həkimlərin nəzarəti altında. İndi də idarədə çalışan bir adam harasa getmək istəyən kimi, mən də bir yerə gedəndə həkimdən  10-15 günlüyə icazə alıram.

Ə.Hüseynoğlu:—Həmid bəy, bir az da ailə üzvləriniz barədə.

H.Nütqi:—Oh…o. Burada mənim sözüm qurtardı.

Bu barədə bilkini Aytən xanımdan alırıq.  Həmid bəy İstanbulda oxuyanda Aytən xanımla  tanış olub, evlənib. Şe’rlərindəki Aytən adı da buradandır. Böyük oğulları Atilla Ankarada, ortancıl Alp Edinburqda (B.Britaniya), Arman Berlində yaşayır. Hər üçü elmlər doktorudur. Qızları Asiya və Asiman isə türkə ərə gediblər və İstanbulda yaşayırlar.

                                                                                       15.12.1997

 

 

 

Söz ardı: Kitab çapa hazırlanarkən Həmid Nütqinn ölüm xəbərini aldıq. 1999-cu ilin iyulun 16-da Böyük Britaniyanın Nottingem (son illər yaşadığı yer) şəhərində gözlərini əbədi yuman böyük insanı vəsiyyətinə uyğun olaraq 1999-cu ilin iyulun 23-də İstanbuldakı “Zəncirli Quyu” qəbristanlığında torpağa tapşırdılar. Cümə Şişli camesində ölü namazına yüzlərlə insan qatılmışdı.

 

 

 

 

 


 BİR  OZAN  TANIYIRAM: –

ARİF  ŞİRİN.

 

1989-cu ilin 31 dekabrında sərhəd məftillərinin sökülməsi sanki daxildəki abı-havanı da dəyişdi. Ondan bir az sonra Sovet Ordusu Bakıda qırğın törətsə də, Azərbaycanın hər yerində komendant saatı tətbiq edilsə də rejimin əvvəlki gücü qalmamışdı. Xarici ölkələrə gedib-gələnlərin sayı artmış, onların gətirdiyi ideoloji məhsullara nəzarət zəifləmişdi. Belə bir vaxtda — yə’ni 1990-cı ilin fevral-mart aylarında AXC Naxçıvan təşkilatına bir maqnitofon lenti gətirdilər. Bu lent dinləyənləri elə ilk andaca sehrlədi.

Bütün yasaqlara baxmayaraq, 70—80-ci illərdə Naxçıvan çayxanalarında Türkiyə müğənnilərinin bantları oxudulurdu. Sədərəkdə və ətraf kəndlərdə Türkiyə televiziyasına baxmaq mümkün idi. Həvəskarlar türk musiqiçilərini yaxşı tanıyırdılar. Lakin bizə çatan kasetdə oxuyan müğənni-aşığı — Ozan  Arif Şirini tanıyan yox idi. Onu nə  televiziyada gördüm deyən vardı, nə də səsini radioda eşitdim deyən—Xalq Cəbhəsinin salonunda, havalar xoş olanda isə həyətdəki çayxanada hər gün, bə’zən də gündə iki dəfə lektoriya təşkil edirdik. Ozan Arifin mahnısı yazılmış kaseti də ilk dəfə burada səsləndirdik. Cəbhəçilərin çoxu onun oxuduğu mahnıları az bir zamanda əzbərlədi. Bə’zən səs-səsə verərək onunla birgə oxuyardıq. Bu bizi ruhlandırırdı. Meydanda keçirilən mitinqlərin başlanğıcında — adamlar toplanıb mitinq açıq e’lan edilənədək Ozan Arifin mahnılarını səsləndirirərdik. Bə’zən də cəbhəçilər əllərində maqnitofon Ozan Ariflə birgə oxuya-oxuya küçələrdən keçib Azadlıq meydanına (onda  Lenin meydanı adlanırdı) gəlirdilər.

Ozan Arifin oxuduğu iki mahnı az qala yürüş marşına çevrilmişdi. O mahnılardan biri “Haydı”, o birisi isə “Gəliyoruz, gəliyoruz!” idi. Sonralar bu mahnılar AXC-nin Nehrəm kəndindəki dayaq dəstəsinin çap etdiyi “İstiqlal” qəzetində yayınlandı.

“Haydı” mahnısının bir bəndində deyilir:

 

Bir, iki, üç—deye sayıp ta yürü,

Kelleni bu yola koyup ta  yürü,

Ya Allah, Bismillah deyip ta  yürü,

Haydi kalk, hazır ol ülkdaş. haydi…

Haydi haydi haydi Allah eşqine!

Xainler, zalimler. dönsün şaşqına.

 

Mahnı Rus Sovet imperiyasının zülmündən xilas olmaq istəyən yurdsevərlərin canına yağ kimi yayılır, onları mübarizəyə ruhlandırırdı.

Ozan Arif könüldaşına müraciətdə “iqtidara sahib olmaq ayrı, Vətənə sahib olmaq ayrı... İqtidara yalanla sahib oluna bilər, fakat Vətənə, Vətənə ancaq imanla sahib oluna bilər” deyirdi. “Vətənin bütünlüyünə qəsd edənlərə, vətəni, milləti satanlara” bağıran Ozanın bə’zən hirsini cilovlaya bilməyib könüldaşına “Bu qəhbə gedişə “dur! — demək lazım!” deməsi də qəbahət sayılmırdı. (Azərbaycanda mahnılarda, məclislərdə bu  söz işlədilməz). “Gəliyoruz, gəliyoruz” mahnısı da azadlıq mübarizəsinə qalxmış Azərbaycan xalqının hayqırtısına bənzəyirdi. Mahnıda deyilir:

 

Haqqı sevdik, suçlu dendik,

Rüzgar vurdu, alevləndik,

Zindanlardan bülövləndik,

Geliyoruz, geliyoruz!

 

Savır-savır yeter bira,

Zindanları yara-yara,

Zencirleri qıra-qıra

Geliyoruz, geliyoruz!

 

Oğlumuzla, qızımızla,

Alnımızda yazımızla

Şehidimiz, qazimizla

Geliyoruz, genliyoruz!

 

mahnının son bəndlərindəki “Kimseden yox amanımız”, “Bunca emek getmez bada” kimi misralar ayrı bir coşqu yaradırdı.

Kasetdəki mahnıların sözü də, musiqisi də Ozan Arifin idi. Gələndən-gedəndən Ozan Arifi xəbər alır, haqqında bilgilər toplayır, yeni-yeni kasetlərini əldə edirdik. Hər mahnısı da özü ilə bizlərə yeni bir sevinc, döyüş ruhu gətirirdi. Sovet Ordusunun yardımı ilə erməni quldurları Naxçıvanın kəndlərinə basqın edəndə döyüşə gedən yurdsevərlər hərbi sursatla, yiyəcəklə yanaşı, Ozan Arifin kasetlərini  də aparırdılar.

Ozan Arif oxuduğu mahnıları, söylədiyi şe’rləri dastan adlandırır.

 

Söylədiyim dastanların qiymeti

Bu gün bilinmezse, yarın bilinir!

 

Bəs bu “dastan”ların mövzusu nədir? Yurd! Yurd! Yenə də Yurd! Onun yurddan, ulusdan, millətdən başqa konusu yok! Özü də bunu e’tiraf şəklində deyir:

 

Benim seni sevmeyim suç.

Sayanları tanımam heç.

Kanun, ferman, beşeri güc.

Beni senden ayıramaz!

Beni sendən ayıramaz!

 

Vətənini, millətini sonsuz bir coşğuyla sevdiyinə, haqq səsini ucaltdığına görə Arif gənc yaşlarından  həbslərə atılıb. Həbsxanadan qaçıb Almaniyada gizlənib, tə’qiblərə, basqılara uğrayıb. Lakin amalından dönməyib.

Bolqarıstanda düşmənlər türkləri xaç suyuna çəkəndə, adlarını, soyadlarını dəyişib bolqarlaşdıranda,”camiləri yıxıb yerinə bostan əkəndə” siyasətçilər, şairlər, yazıçılar, humanistlər, insan haqları qoruyucuları, BMT və daha  kimlər, kimlər susanda susmayan təkcə  Ozan Arif idi. Var səsi ilə bağırır, millətini oyatmağa çağırırdı. Onun bu hayqırtısı düşmənlərdən çox “sapı özümüzdən olan”ları narahat edirdi. Arif isə oxuyurdu:

 

Kudurdu kızıl Bulqar, yakamızda elleri,

Balkanlarda Türklüyü yok etmek emelleri,

Cümlə cahan bilir ki, bunlar Moskof dölleri,

Bulqar bu cesareti, Rusdan alıyor, Rusdan.

  Kahr olsun kommunistler, kahr olsun Bulqaristan!

 

... Türk yaşayan köyləri tanklar ilə bastılar.

Kim qarşı qoydu ise ağaclara astılar.

Çoluk-çocuk demeyip, Kadınları kestiler.

Türk kanıdır Bulqarın içtiyi şimdi tastan

Kahr olsun komunistler,  kahr olsun Bulqaristan.

 

... Ey gözleri kor olmuş, vicdanı nasır dünya,

Yontmataş devri deyil, yirminci asır, dünya,

Yamyam bile hür bugün, Türk neden asır, dünya?

Ozan Arif, dünyaya ibret olsun bu destan.

Kahr olsun komunistler, kahr olsun Bulqaristan.

 

İlk baxışdan Ozan Arifin ittihamı çox sərtdir. Olqu-larla, faktlarla tanış olan, həmin ağrını-acını yaşayanlar üçün isə bu qeyrətli, çılğın bir qardaş harayıdır. Təcavüzə uğrayan, namusu tapdanan şəxs soyuqqanlı danışa bilməz. Danışarsa, demək...

 

Arif derki, unutmayın şunları,

Unutmayın yaktığınız canları,

Fitil-fitil burnunuzdan bunları

Getirmezsek, bize yazıklar olsun.

 

Ozan Arif şair olsa da, mücərrədçiliyə yol vermir, faktlarla danışır. Bu, poeziyaya ilk baxışda publisistik yön versə də, mahnının tə’sir gücünü daha da artırır. Bolqarıstanda zorla bolqarlaşdırılmış türklərdən söz açanda konkret misallara keçərək deyir:

 

Bir Mestan tanımıştım soyadı Cefakardı,

Şumnudan mektup yazar, bazen beni arardı,

Gcdadından yadigar sadece adı vardı,

Onu da aldı Bulqar, ne yapsın şimdi Mestan?!

Kahr olsun kommunistler, kahr olsun Bulqaristan.

 

Türklərin başına müsibətlər gətiriləndə dünya susur. Bəs türklərin dindaşları, soydaşları necə? Həmin günlərdə Azərbaycanda, Özbəkistanda, Qazaxıstanda, Qırğızıstanda və b. bölgələrdə yaşayan “humanist”, “beynəlmiləlçi”, “vətənpərvər” şairlər, yazıçılar, sənətkarlar, siyasətçilər neyləyirdilər? Susurdular! Susaydılar dözmək olardı. Vyetnamdakı, Koreyadakı, Həbəşistandakı, Amerikadakı, Afrikadakı, nə bilim haralardakı, haradakı haqları pozulmuş insanların haqlarını “müdafiə edirdilər”. Burnunun ucunda, gözünün qarşısında alçaldılan, təhqir edilən bacısını, qardaşını müdafiə etməyə cəsarəti çatmayıb uzaqlara hürənlərə, ikiüzlülərə müraciətlə deyirdi:

 

Nerdə Vietnama ağıt yazan solçular,

Moskova borazanı öttdüren yalançılar,

 

Məhz bunlara görə Arif dünyanı da, kommunistləri də ittiham edir. 80-ci illərdə Bolqarıstanda türklərin başına açılan oyunlara göz yumurduq. “Məndən ötdü qardaşıma dəydi”... prinsipilə yaşayırdıq. Bu gün isə “qanı bir, canı bir” qardaşlarımızdan kömək gözləyir, umur-küsürük. Biz kömək etmişdikmi? Yox! Onda hansı üzlə kömək gözləyirik?!

Əfqanıstanda nə qədər müsəlmanın, türkün qanı nahaq yerə axıdıldı. Qardaş qanı axıdanlar kimlər idi? Əfqanıstanda döyüşən Sovet Ordusunun az qala 70—80 faizi azərbaycanlılardan, özbəklərdən, tatarlardan, türkmənlərdən və başqa türk, müsəlman xalqlarından idi. Türklüyə düşmən kəsilən, təkcə “Moskov uşağı” bolqarmıdır? Yox! Dünyanı qana  çalxayanların ən böyüklərini ifşa edən “Üç bəla” mahnısında Arif onların yalnız adlarını çəkmir, əməllərini də göstərir. Bolqarın qəddarlığının meydan sulamasının arxasında Moskva durduğunu cəsarətlə car çəkir.

Moskva tək deyil. Dünyanın başında üç bəla var. Üçü də  fitnə-fəsad törədir. “Hər birisi başqa yerdə canavar” olanların “qarınları toxsa da, ruhları ac”dır. Bol yalan sovuran sistemlər sırf naz üçün bir-birinə bağırır. Onların bu oyununun səbəbini Arif belə açıqlayır: “Başqa türlü nasıl silah satacaq?” İnsanları ayıq olmağa çağıraraq deyir: “Gülseler de, dostluğundan çekinin!”.

 

 

Amerika neyin varsa sömürür,

Urusiya, Çin etini de gemirir,

Sonra tutar insanlıktan dem vurur,

Amerika, Qızıl Rusiya, Qızıl Çin.

 

Birisinde, liberallar yer tutar,

İkisində generallar yer tutar.

Hepsinde de belli zümre, fink atar,

Amerika, Qızıl Rusiya, Qızıl Çin.

 

Hiç birinin aklı, fikri, görüşü,

Kabul etmez bu dünyada barışı,

Yaptıqları silahlanma yarışı,

Amerika, Qızıl Rusiya, Qızıl Çin.

 

Hankı taşı qaldırırsan qaldır bak,

Hep altından bunlar çıkar muhakkak

Ah, bilsen ne adidir, ne alçak

Amerika, Qızıl Rusiya, Qızıl Çin.

 

Bunlar 80-ci illərdə—kommunistlərin qırmızı terroru dünyanı lərzəyə saldığı günlərdə yazılıb, oxunub. Ozan Arifin böyüklüyü də elə onda idi. Vaxtında, anında cəsarətlə sözünü deyirdi.

1991-ci ilin sonlarında Sədərək yaxınlığında Araz çayı üzərində körpünün özülü qoyuldu. Türkiyə ilə Azərbaycanı birləşdirəcək ilk körpünün özülü! Tikintini davam etdirmək üçün müvəqqəti bir keçid qurulmuşdu. Adamlar körpünün tikintisinin başa çatmasını gözləmədən tikinti üçün qurulmuş keçiddən gedib-gəlirdilər. Sovet sərhəd rejimi də yumşalmışdı. Həmin günlərdə keçidi adlayıb gələnlər arasında Orbay Xəlil Duran da vardı. Hansı səbəblərdənsə Avstraliyada yaşayan Orbay “əsirlikdən azad görmək istədiyi soydaşları” ilə qovuşmağa gəlmişdi. Elə ilk görüşdən söhbətimiz tutdu. Xalq Cəbhəsi yerləşən binadakı çayxanada Ozan Arifə qulaq asa-asa çay içdik. Axşam bizim evdə çay süfrəsi arxasında yenə söhbət Ozan Arifdən düşəndə bizdən Almaniyanın Frankfurt şəhərin telefon kodunu xəbər aldı. Ona Naxçıvandan Frankfurt şəhərinə birbaşa  danışmaq mümkün olmadığını, sifariş verəmək lazım gəldiyini söylədik. Bir telefon nömrəsi verdi. Sifariş verdik. İki-üç saatdan sonra Almaniyanı qoşdular. Orbay türkcə danışırdı. Elə ilk cümləsindən Ozan Arifilə danışdığını anladıq. Orbay telefonda Naxçıvanda gördükləri haqda bilgi verəndən sonra mənim və Arif Rəhimoğlunun da Ozan Ariflə danışmağımıza şərait yaratdı.

... 1992-ci il avqustun son günlərində Türkiyənin Kayseri şəhəri yaxınlığında Ərciyəz dağının döşündə Təkür yaylasında Millətçi Çalışma Partiyasının təşkil etdiyi Zəfər qurultayına biz də qatılmışdıq. Bakıdan Daşqın Ağalarov, Paşa Həsənov gəlmişdi. Naxçıvandan da Arif Rəhimoğlu və mən. Ozan Ariflə görüşəcəyimizi heç ağlımıza da gətirmirdik. Qəzet, jurnallardan, tanışların söhbətindən onun məhkəməsinin bitmədiyini, Türkiyəyə gəlməsinin çətin olduğunu bilirdik.

Yaylaqda alaçıqlar qurulmuşdu. Millətçilər ailələrilə gəlib burada yerləşmişdilər. Yolların kənarları, toplantı keçiriləcək yerdə dağ yamacları şüarlarla, plakatlarla bəzədilmişdi. Bu alaçıqlar arasında mərkəzdə qurulan, ən əzəmətli çadır Alparslan Türkeşinki idi. Bazar günü saat 11-də qurultay açıldı. Əslində bu bir el şənliyi, xalq gəzintisi idi.  Daşqın Ağalarov, Paşa Həsənov da çıxış etdilər və Əbülfəz Elçibəyin qurultaya təbrikini oxudular. Alparslan Türkeş və bir neçə nəfər çıxış edəndən sonra söz Ozan Arifə verildi. Ozanın qurultaya qatıldığından xəbərsiz idik. Qısa bir nitqdən sonra oxumağa başladı. Meydan onunla birgə oxuyur, onun mahnıları ilə yaşayırdı. Qəzetlərin yazdığına görə həmin vaxt meydanda 80—100 min adam vardı. Ozan Arifdən sonra söz başqa musiqiçilərə veriləndə onu böyük bir qoruyucular dəstəsi Alparslan Türkeşin alaçığının sağındakı alaçığa apardı. Pərəstişkar və qoruyucuların əlindən alaçığa yaxın düşmək mümkün deyildi. Qoruyucuların birinə yaxınlaşıb Azərbaycandan gəldiyimi, jurnalist olduğumu, Ozan Ariflə görüşmək istədiyimi söylədim. Qoruyucu belə bir görüşün baş tutmayacağını öncədən bildirsə də, Azərbaycandan olduğuma görə sözümü çatdırdı. Ozan Arifin iki gün sonra Ankarada görüşmək üçün vaxt tə’yin etdiyini söylədilər. Bu ara Naxçıvanda görüşüb tanış olduğum Turqut adlı bir gəncin alaçıqdan çıxdığını görüb ona yaxınlaşdım. O da məni görüb həyəcanlandı. Ona Ozan Ariflə telefonda danışdığımı, indi görüşmək istədiyimi söylədim. Turqut geri döndü. Bir azdan üç-dörd qoruyucu, adamlar arasından yol açıb məni alaçığa apardı. Arif məni alaçığın girişində qarşılayıb qucaqladı. Gözləri doldu. Tanrıya dua etdi. Arif Rəhimoğlunu xəbər aldı. Onun da burada olduğunu biləndə sevindi. Arif Rəhimoğlunu da tapıb gətirməyimi istədi.

Qarışıqlıqda adam tapmaq çox çətin idi. Azərbaycandan gələn qonaq olduğumuza görə mikrofon vasitəsilə yoldaşlarımı tapa bildim. Ozan Arif Arif Rəhimoğlunu gözləyirdi. Biz isə—Azərbaycandan getmiş nümayəndə hey’əti tam tərkibdə alaçığa girdik. Ozan Arif “Arif qardaşım, ülküdaşım” deyib öncə Paşanı qucaqladı, sonra yanıldığı duyub səhvini düzəltmək məqsədilə “Arif qardaşım” deyib Daşqını qucaqladı. Bizim gülüşümüzdən və nümayəndələrin adlarını təqdim etməməyimizdən yenə yanlışlığa yol verdiyini başa düşüb özü də bərkdən güldü. Arif Rəhimoğluna

zarafatla “Səsini çıxarsan, səsindən tanırdım” — deyib onu coşğunluqla qucaqladı.

Alaçıqda bir saata yaxın söhbət etdik. Azərbaycandakı vəziyyətlə, Sovetlər Birliyində türklərin əhval-ruhiyyəsi ilə maraqlandı. Onun suallarına cavab verə-verə imkan tapıb kiçik bir müsahibə də aldım. Həmin müsahibə aşağıdakıdır:

Əli Hüseynoğlu:—Arif bəy, öncə özünüzü tanıtmanızı istərdim.

Ozan Arif: — Sizi telefonda tanımışdım. Burda yakından tanımaq, qucaqlaşmaq çox gözəl oldu. Siz özəlliklə fırsat bulsanız, qardaşım Elçibəyə salamımı söyləyin. Bilirəm, işi başından aşır.Qoy Ozan Arifin salamını almağada bir an ayırsın. Məni də söylədiyim dastanlar tanıdır.

Əli Hüseynoğlu: — Sizin söylədiyiniz dastanlar yazılmış bantlar (kasetlər) Azərbaycanda, eləcə də Sovetlər Birliyində yaşayan türk xalqları arasında geniş yayılmayıb. Ölkə qapalı olub. Sizin bantları gə tirmək mümkün olmayıb. Sizin səsinizi yeni-yeni eşidirik.

Ozan Arif: — Bantlarımın birində demişəm. 1949-da Girsun elinin Alcura qəzasının Hapu köyündə doğulmuşam. Soyadım Şirindir. Samsunda ilk və orta okulu oxudum. Ordu elinin Pərşəmbə qəzasında (əsgi ismi Vona) öyrətmən okulunu bitirdim. Doqquz sənə öyrətmənlik yapdım. Tələbəlikdən — ağlımız yetdiyi bir zamandan ixtilal savaşına uğraşdıq. Həyatımız içərisində türk millətçi davasına qoşulduq 12 Eylül[1] bizi suçladı, qardaşlarımızı asdı. Beləcə yurt dışına getmək zorunda qaldıq. Orada da sakit durmadıq. Haqsız, ədalətsiz tutumu təlin edici, protesto edici fəaliyyətlərdə bulunduq. Bu işlərim məni orada da zor durumda buraxdı. Mən Almaniyanın Frankfurt şəhərində yaşayırdım. Brejnev Bona gələndə məni üç gün tutuqladılar. Qorxurdular Almaniyanın mərkəzi Bona gedib Brejnev əleyhinə protesto təşkil edərəm. Kə’nan Evrən Bona gələndə isə məni Frankfurtda beş gün tutuqladılar. Anladım ki, Brejnevlə Kənan Evrənin pək farkı yox! Soysuz. Mən bir dastan da yazmışdım:

 

Azərbaycan özbəöz müsülman türkdür olan

Əsas sənsən, əsas sən fitrəsi pozuq olan.

 

Bu dastan Azərbaycana gəldi çıxdımı?

 Əli Hüseynoğlu: — Arif bəy, dinləmişik həmin dastanı.

Ozan Arif: — 1990-ın Ocağında soydaşlarımızın qanını Bakıda Sovet əsgərləri akıeanda Turqut Özal Amerikada “Onlar şiə, biz sünnüyük” söyləmişdi. Mən də bulafdan qızıb dastan yazdım. Həmin şe’rə görə mənə dörd il yarım həbs tələb etdilər. Brüsseldə Azərbaycandakı qətliamı protesto edən bir mitinq yapmışdıq. Onun kasetləri Azərbaycana gəldimi, bilmiyorum?

Əli  Hüseynoğlu: — Arif bəy, Azərbaycanla, keçmiş Sovetlər birliyindəki türk xalqları ilə necə əlaqə qururdunuz?

Ozan Arif: — Bu çox zor iş idi. Almaniyanın Degendorf kasabasında Bakı qətliamını protesto edən bir azərbaycanlı çocuq Almaniya hökumətindən sığınacaq istəmişdi. Onun cibindən bir kaset çıxmışdı. O bu kaseti Azadlıq radiostansiyasında yayınlatmaq üçün gətiribmiş. Kasetdə mənə ithaf edilmiş bir şe’rə rastladım. Şe’ri İsgəndər Coşğun adlı bir şair yazıb. Şe’ri incələdim, şairin yaşı altmışı keçib. Kəndisinin əskidən kommunist olduğunu, perestroyka təranələri yazdığını söyləyir. İndi isə Moskvanı qızıl bayquş adlandırır. Deyir ki, məni gəncliyimdə qandırdılar, aldatdılar, indi anladım.

Özbəkistanda Məhəmməd Salehi tanıyıram. İyi arkadaşımızdı. Özbəkistanın rəisi cumhurudur, nədir?! Onun danışmanı bir arkadaşım var: Ənvər Altaylı. O məni Özbəkistana də’vət etdi. Mən dedim: “Politbüroya, bilməm nəyə hizmət etmiş, Qızıl Orduya uşaqlıq yapmış insanların də’vətinə gəlməm.

Nə zaman mənim anlayışımda bir adam hakimiyyətə gələr — onda gedərim. Bir yavan əkməyini yeyərim. İllah, orda məni bilməm nəyə boğmanıza gərək yox! Bir su olsun, bir şey olsun, bizim qardaşlarımızın olsun. Bu gün politbüroya hizmət edənlərin, Qızıl Orduya uşaqlıq yapanların çağırışıyla getsəm, yarın qardaşlarımız hakimiyyətə gələndə mən oraya nə üzlə gedərəm?!

Azərbaycan isə başqa məsələ! İnşallah gələn mövsüm gələcəm, oraya. Mənim Elçibəy ağam gəlmiş orda hakimiyyətə. Mən niyə gəlməyim oraya?! Toprağa ayaq basdımmı hüzur hiss edərəm.

Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tatarıstan Azərbaycana yardımçı olurmu?

Əli Hüseynoğlu: — Hökumət səviyyəsində elə bir dəstək hiss etməmişəm. Xalqın dəstəyinə isə öz hökumətləri əngəl olur. Onların özlərinin hələ tam azad olmaları gərək. Azərbaycan buna can atır. Arif bəy, Sizi nədə suçlayıb vətəndən didərgin salıblar?

Ozan Arif:—12 Eylül ixtilalında Türkiyəni tərk etmək zorunda qaldım. 10—11 il dışda yaşadım. 1991-ci ildə vətənə dönmüşdüm. Onuncu ayın beşində yenidən qaçdım.

Məni suçladıqları şey çox çirkindi! Məni yurtdışında türk dövləti əleyhinə fəaliyyətdə bulunmada suçladılar. Türk dövlətinə, rəisi-cumhuruna, orduya həqarət etmədə suçladılar. Halbuki mən iki laf etsəm birində vətən deyərəm, birində türklük, islamçılıq deyərəm. Mənim ittihamımda “vətənə, millətə bağlılığı çox zəif olan” deyə yazılıb. Mən də onlara dedim: “Bunu mana söyləyənin kaç qram vətən sevgisi var?! Dartsaq mənimkinin yanında nə gəlir? Bunlar çox zoruma gedən şeylər. Türkiyəyə sevdalanmış, vətəna sevdalanmış bir insana zor.

1980-ci ildə ixtilal oldu. Onun akabindeki (arxasındaı – Ə.Ş) əsgəri idarə məni suçladı. Onlardan da hökuməti Özal aldı. Yenə vəziyyət dəyişmədi. 11 il davam etdi.

Əli Hüseynoğlu: — Arif bəy, Sizi çox yormayaq. Hələ qarşıda çox döyüşləriniz var.

Ozan Arif : — Əstafurullah! Mən çox şərəf duydum. Allah razı olsun. Sizi telefonda tanımışdıq. Burada qucaqlaşmaq, görüşmək çox gözəl oldu. Azərbaycan gənclərinin həpsini qucaqlayıram, həpsini öpürəm. Onlara öylə də söyləyin. Onlara başqa nə deyim, Vallah. Həpsilə həsrətlə qovuşacağım günləri gözləyirəm.

Görüşün sonunda Ozan Arifə Azərbaycan Respublikasının kiçik bayrağını və Xalq Cəbhəsinin emblemi olan döş nişanını bağışladıq.

Ozan Arif tə’qiblərə sazı, sözü ilə cavab verib. Mahnılarının birində deyir:

 

Haqqımda istenilen cəza çok menim.

İpe de çekselər, korkum yok menim.

Allaha çok şükür, alnım ak menim.

Bekleyin, sebr edin, durun! Bilinir.

Men Arifem, baba bildim dövleti.

Menim işim oyandırmaq milleti.

Söylədiyim dastanların qiymeti

Bu gün bilinmezse, yarın bilinir.

 

“Damarda qanım qurban, şerefim, şanım qurban, dövlete canım qurban!” deyən Ozanın tənqid hədəfi “rüşvət istəyən, kəndə yol çəkmək əvəzinə özünə büst qoyduran, xalqın dərisini soyan, həmin parayla həccə gedən, orda Zəmzəm suyu içib, geri dönəndə viski içənlər”, “küplərini dolduranlar”dır. Bu cür ortada yeyib kənarda gəzənlərə müraciətlə deyir:

 

Anarşist çıkdı birde,

Onlarla girdim derde.

Üstelik hepislerde

Azmı kan kustum, babo?!

 

Tarixən həmişə belə olub. Xalqın zəlilləşməsi hesabına var-dövlət qazananlar, xoş güzəran quranlar millətin dar günündə gizlənir, ara sakitləşəndə yenidən meydana çıxaraq bu yolda canından keçməyə hazır olanları suçlandırırlar. Vətən, millət yolunda canından keçənləri, yadlar bir  yana, yaxınları, doğmaları da qınayırlar. Bu bitməz bəşəri faciəni Ozan Arif anasının dilindən söylədiyi “Bitsin bu hasrat” mahnısında belə söyləyir:

 

Vatanı, milləti satanlar döndü.

Asgarlara bela qurşun atanlar döndü.

 

Baban da kadara küsüb ağlayır.

Oğul, ne deyişdi, şartmı düzeldi?

Millftin çekdiyi dertmi düzeldi?

Stni sürdültr dt, yurtmu düztldi?

 

Bu bədbin əhval-ruhiyyəyə Ozan “Men yene döneceyim!” adlı mübariz, döyüş ruhlu mahnısıyla cavab verir. Arif nə qədər nikbin, döyüşkən ruhlu olsa da, vətən həsrəti onu sıxır. İçindəki bu ağrını, acını gizlədə bilmir. Mahnıları ilə Koroğlu tə’siri bağışlayan Ozan Arif vətəndən söz açanda sevgisinə çatmaq üçün ağlayıb sızlayan Kərəmi, Abbas Tufarqanlını, Qəribi yada salır.“Vatan hasrati” mahnısında deyir:

 

Vatandaki bayramlar, gözel olur, xas olur.

Kürbet elde bayramlar bayram deyil, yas olur.

... Arif, Arif bu hasratin yoxdur alacı,

Ana, baba, qardaş, bir yanda bacı.

Birinin hasrati, birinden acı.

Lakin en acısı, en acısı vatan hasratı.

 

Ozan Arifin mahnılarında türk xalqlarının dərdi Vətən dərdindən ayrılmazdır. Onun mahnıları yazılmış kasetlər türklərin bu gününə tuşlanmış bir güzgüdür. Bunu aşağıdakı misralardan aydın görmək olar:

 

Kerkük, Musul, Kafkas, Kırım bir sürü,

Saysam bitmez, esir şimdi her biri.

Esir türkün kolundakı zinciri,

Qırmayı da nasip eyle, ya Rabbi.

 

deyə tanrıya üz tutan Ozanın duası qəbul olundu.

 

Bağırsam Kerkükden sesim duyulur,

Yene uzanmıyor elim, ya Rabbi.

 

misraları yazılandan 5—6 il sonra Sovetlər Birliyi dağıldı. 5 müstəqil türk dövləti yarandı. Tatarların, başqırdların, qaqouzların, sakaların, çuvaşların və b. hüquqları genişləndi. Krım türklərinə öz ulu yurdlarına dönməyə izn verildi.

Türk xalqlarının haqqını tapdayanlara Ozan Arif necə qəzəblə bağırırsa, bu yolda ömür xərcləyənləri də öyməkdən çəkinmir. Kıbrısa həsr etdiyi mahnıda bunu aydın görmək olur. Gah...

 

Duyğularım hislerim, hüdutları aşdı gel!

Bu safar də ürəyim Kıbrıs üçün coşdu gəl!

 

deyərək məsləkdaşlarını səslədikdən sonra

 

Kıbrıs menim üçün namusdur, ardır.

Namusuma göz dikmişlər, duyarım.

Göz dikenin gözlerini oyarım

 — deyə haykırır. Dünən üzə çıxan Xorvatiyanın, Sloveniyanın BMT tərəfindən tanınması, Kıbrısın hələ tanınmaması ikili standart tətbiq edilməsinin səbəbini “xaçlı ruhu”nda görən Ozan nikbin bir ruhla deyir:

 

Allah ömür versin Rauf Denktaşa,

O, hər kesle tek-tek çıkıyor başa!

 

Daim türk xalqlarının azadlığı, xoşbəxtliyi uğrunda döyüşən, buna görə başı həmişə qeylü-qalda olan Ozan Arif Sovetlər Birliyi dağılandan sonra da arzusunda olduğu məmləkətləri gəzə bilmədi. Ancaq oralara mahnıları ilə xəyali bir səyahətə çıxaraq oxuyudu:

 

Ağlayan Turandır, başqa bir Vatan

Bulmasam, ölürsem ona yanarım!

... Keçilirmi Naxçıvanı görmeden

Naxçıvanda bir çay içib durmadan

Bakıdayım, şaşıyorum şu anda.

 

Bakıda düyümü çözer kibiyim,

Sanki, İstanbulda gezer kibiyim,

Bakıyı oxşayan Xazar kibiyim,

Qabarıyor, şaşıyorum şu anda.

 

Aşqabadı, Buxaranı, Səmərqəndi, özbək elini xəyalən dolaşan, Amudərya olub Aral gölünə dolan Ozan Arif qırğız küsməsin deyə Bişkekə yollanır. Tanrı dağlarından əsən rüzgar Ozanı tatlı-tatlı üşüdür. Yesidə — Əhməd Yəsəvini ziyarət edib. Almaatıdan, Xorasandan, Doğu Türküstandan dönəndən sonra Batı Trakyaya üz tutur, Krıma, Mosula, Kərkükə tək-tək “ay, ulduz döşüyor”.

Onun əksər mahnılarında bir çılğınlıq, bağırtı, üsyan olduğu halda bu mahnıda bir həzinlik, bir kövrəklik var.

Ozan Arif nikbin, genişürəkli sənətçidir. Vaxtilə ona turançı, faşist deyib tə’qib edənlərin, “qurd leşində köpək olan savçıların, hakim dedikləri zalım avçuların”, Turana öndə getdiklərini, özlərini hər yerdə turançı kimi göstərmələrini görəndə uşaq kimi sevinir. Onu düşündürən şan-şöhrət, ad-san deyil. İdeyasının gerçəkləşməsidir. Bu da baş verir.

Son illərdə Qarabağla bağlı onlarla şe’r, mahnı yazılıb. Bunların içərisində Ozan Arifin “Ya Qarabağ, ya ölüm” şe’ri döyüşkən ruhu, tarixə ayıq qiyməti ilə seçilir. Şe’ri Ozan Arifin dilindən eşidən hər bir türk Qarabağ dərdini öz dərdi bilir. Bunun bir səbəbi də müəllifin şe’rlərini yüksək həyəcanla söyləmək bacarığıdır. Aşağıda “Ya Qarabağ, ya ölüm!” şerindən bəzi bəndləri veririk:

Dünya duysun bu ses türkün səsidi.

Peyğəmbərin öldüyü nəcib irqin səsidi.

Bu səs Azərbaycanın, bu səs türkün səsidi.

Bu erməni tak etdi canımıza tak artık.

Ya Qarabağ, ya ölüm! Başka yoluyok artık.

 

Qarabağda kan var, kan. Ağlıyor Azərbaycan.

Qarabağda karalar bağlıyor Azərbaycan.

Kanlar kanı əritdi çağlıyor Azərbaycan.

Vəhşət bu, vəhşət dünya! Dön başını bak artık.

Ya Qarabağ, ya ölüm! Başka yolu yok artık.

 

Erməni vampir kimi kanımızı içəcək.

Sonra bir atəşkəslə acımızmı keçəcək?!

Bu rüzgarı əkənlər fırtınayı biçəcək.

OzanArif diyor ki, yaydan çıktıok artık.

Ya Qarabağ, ya ölüm! Başka you yok artık.

 

İndiyədək əlimizə Ozan Arifin 10 kaseti gəlib çatıb. Bunlar göstərir ki, Ozan Arif həm şairdir, həm bəstəçi, həm müğənnidir, həm aktyor. Bütün bunları özündə birləşdirdiyinə görə də “Ozan” təxəllüsü sanki onun boyuna biçilib.

Ozan Arif çox kövrək, saf qəlbli, insansevər və xoşgörülü bir şəxsdir. Onun üsyankarlığı, döyüşkənliyi haqsızlığa qarşıdır. Harada, nə vaxt türklərin haqqı tapdanırsa, onda susa bilmir. Səbəbini də “susmayacağam” adlandırdığı kasetdə belə izah edir: “Zira haqsızlıq qarşısında susan dil — şeytan dil idi. Onun üçün susmam. Anadan olmuşam, babadan olmuşam. Hepsinden beter, her şeyden eziz bildiyim Vatandan olmuşam. Haqsızlıq qarşısında susub xasiyyətimden dönmək istemirem. Susmam! Susmadım! Susmayacağam!!!

 

Mazlumları sevərem, zalımları döyerim,

Döyəmmesem söyelim!

Susmam, susmam, susmam men!

 

Budur Ozan Arifin şüarı.

 


 

 UMAN YERDƏN KÜSƏRLƏR: –

 ŞEYİT XANIM

                                              

 

Qumuq mənşəli azərbaycanlıların sayını bilən yoxdur. Belə bir statistika da aparılmayıb. Göyçə, Borçalı, Naxçıvan, Qarabağ, Şirvan, yaxud bayat, əfşar və s. kökənli azərbaycanlıların da sayı həmçinin bilinmir. Buna ehtiyac da duyulmur. Bu gün Azərbaycanda, keçmiş Sovetlər Birliyində,  Türkiyədə Mesxeti türkləri, Axıska türkləri, bə’zən də (əsasən Gürcüstanda) Cavaxetiya türkləri ifadəsi gen-bol işlədilir. Amma 20-ci yüzilin birinci yarısında belə, mesxeti türkləri ifadəsi ayrıca xalq, etnik qrup mə’nasında, işlədilmirdi. Qarabağ, Naxçıvan, Şirvan, Gəncə və s. kimi bölgə adını bildirirdi.

1872-ci ildə Axalsix qəzasının Azqur köyündə (indiki Gürcüstan respublikasında) doğulan Ömər Faiq 1882—91-ci illərdə İstanbulda “Fateh” mədrəsəsində “Darüş-şəfəq” məktəbində təhsil alıb. Şəkidə, Şamaxıda, Gəncədə, Axalsixdə işləyib. 1906-cı ilin yazında isə Tiflisdə Naxçıvanlı Mirzə Cəlillə birlikdə “Molla Nəsrəddin” gülgü dərgisini yayınlatmağa başlayıb.

Qumuqlar da bax beləcə, Azərbaycan türkləri ilə qaynayıb- qarışmış bir xalq idi. Sovet hakimiyyətinin ilk onilliklərində — yə’ni 1920-30-cu illərdə Bakının ali məktəblərində qumuqlar təhsil alır, basın evlərində kitabları, dərgiləri yayınlanırdı. Nəinki qumuq məktəblərinə, mədəni-maarif ocaqlarına ümumiyyətlə, Dağıstana əksər kadrlar Azərbaycandan gedirdilər. 20-ci yüzilin ilk onilliklərində Dağıstan xalqlarının həvəskar teatr truppaları əsasən Azərbaycan müəlliflərinin əsərlərini səhnələşdirirdilər. Bu xalqlar arasında ortaq dil də Azərbaycan türkcəsi idi. Dağıstanın Rusiya Federasiyasının tərkibində olmasına etiraz edən, onu Azərbaycanla bir federasiyada görmək istəyən yerli ziyalılar öz fikirlərini açıq söyləyirdilər.

Rusiya öz mövqelərini möhkəmlətdikcə milli düşüncəli kadrları müxtəlif vasitələrlə sıxışdırmağa başladı. 30-cu illərdə onlar həbs edildi, sürgünə göndərildi.  Azərbaycandan gedib Dağıstanda müəllim işləyən Maqsud Şeyxzadə də Orta Asiyaya sürgün edildi. Sonralar o, Özbəkistanın tanınmış şairi, dramaturqu, ədəbiyyatşünası oldu.

Dağıstanda və Quzey Qafqazda yaşayan çoxdilli xalqlar arasında ortaq danışıq dili olan türkcə sıxışdırıldı, rusca aparıcı ünsiyyət vasitəsinə çevrildi. Az qala hər tayfa öz kökündən ayrılıb bir millətə çevrilməyə başladı. Xalqlar arasında birbaşa əlaqə kəsildi. Bütün əlaqələr rus dili və Moskvanın vasitəsilə aparılmalı idi. Beləliklə, Azərbaycanın  qonşuluğunda olan qumuqlarla birbaşa əlaqəsi qırıldı.

Sovetlər Birliyi laxladıqda xalqların milli oyanışı başlandı. Yeni yaranan, yarımgizli və ya açıq fəaliyyət göstərən təşkilatlar da bir-biriylə birbaşa əlaqə yaratmağa  çalışdılar. Azərbaycan Xalq Cəbhəsi də qumuqların  “Tenlik” hərəkatı ilə əlaqə yaratdı. Beləliklə, orada baş verənləri diqqətlə izləmək, lazım gələndə kömək göstərmək imkanı qazandıq.

1992-ci ilin mayında Azərbaycanda xalq hərəkatı öncüllərinin hakimiyyəti ələ alması keçmiş Sovetlər Birliyindəki türk xalqları arasında milli hərəkatı gücləndirdi. Onlar Azərbaycana bir arxa, bir dayaq kimi baxmağa başladılar. 1993-cü il martın 21—23-də  Antalyada  Birinci  Türk Devlet ve Topluluqları Dostluq, Kardeşlik ve İşbirliyi Kurultayı keçiriləcəkdi. Oraya Türk xalqlarının milli hərəkat öncülləri də də’vət edilmişdilər. Lakin Moskva onların getməsini əngəlləyirdi. Vəziyyətdən çıxmaq üçün onları Azərbaycana də’vət etdik. Keçmiş Sovetlər Birliyi Cümhuriyyətləri arasında gediş-gəliş sərbəst idi. Milli hərəkat  öncülləri asanlıqla  Bakıya gəldilər. Sovet Ordusu Azərbaycandan çıxarıldığından onların Türkiyəyə getməsinə elə bir əngəl  törədən qüvvə qalmamışdı. Azərbaycan gömrükçüləri və sərhəd mühafizləri Sovetlər Birliyi daxilində hərəkət üçün verilmiş pasportlara da möhür vurub onları yola saldılar. Türkiyə sərhədçiləri də bunları rəsmi sənəd kimi qəbul edərək giriş möhürü vurdular. Bax beləcə Qazaxıstandan, Özbəkistandan, Qırğızıstandan, Saxadan, Tuvadan, Dağıstandan və b. bölgələrdən olan nümayəndələr də qurultayda iştirak edə bildi.

“Tenlik” Qumuq Xalq Hərəkatını Şeyit Xanım Alişeva, əri və qaynı Salav və Kamil Əliyev qardaşları təmsil edirdilər. Haqlarında çox eşitsək də onlarla ilk dəfə Bakıda görüşdük. “Uman yerdən küsərlər” deyiblər qumuq qardaş və bacılarımız da bizdən gileyli idilər. Az qala 50—60 ilin ayrılığının, acısının günahkarı kimi bizi qınayırdılar. Hadisələrdən xəbərsiz adam bu söhbəti dinləsəydi, nə çar Rusiyasının, nə də Sovetlər Birliyinin müstəmləkəçilik siyasətində günah görərdi. Onların danışığından belə çıxırdı ki, bu ayrılığın, soyuqluğun səbəbi Azərbaycan və Azərbaycan türkləri imiş. Azərbaycan istəsəymiş, qumuqların haqqının tapdanmasına, onların başqa xalqlar içərisində əridilməsinə mane ola bilərmiş. Bütün bunların istəkdən, Azərbaycana olan məhəbbətdən irəli gəldiyini yaxşı bilirdik. Ona görə də söhbəti keçmişlərin üzərində deyil, gələcəkdə birgə görəcəyimiz işlər üzərində qurmağa  çalışırdıq.

Şeyid Xanım qadın və həm də şair olduğuna görə  daha hiss və həyəcanla danışırdı. Son illər yazdığı şerlərdən  nümunələr söyləyirdi. Əksəriyyəti də ictimai siyasi məzmunlu şerlər idi. Deyirdi: Qumuqlar şeri, ədəbiyyatı çox sevirlər. Fayzəddin Məhəmmədovun, Ahməd Caçıyevin, Məhəmməd Atabayevin, Süpyana Xamayevanın, Cənnət Kərimovanın şe’rləri qumuqların dilinin əzbəridir. Kamal Abukovun “Mən suçluyam Maryam” əsəri hamının stolüstü kitabına çevrilib. Uzun illər bu xalqa siyasətlə, hərbi işlə məşğul olmağa icazə verilməyib. Nisbətən ədəbiyyat və incəsənətin inkişafına şərait yaradılıb. Onun da üzərinə sərt senzor nəzarəti qoyulub. Belə halda mədhiyyə, tərənnüm ədəbiyyatı formalaşsa da hərdən sətiraltı, ikibaşlı söz demək mümkün olub. Ona görə də bu gün xalqın oyanışından, təşkilatlanmasından söz  düşəndə hamı yazarlara üz tutur, onların arxasınca getməyə hazır olduqlarını bildirirlər. Yazarlarımız da...

Antalyada fasilələrdə, süfrə arxasında da Kamil və Salav qardaşları ilə, Şeyit Xanım Arslanəli qızı ilə müxtəlif mövzuda söhbətlər edirdik. Onları 19-cu  yüzildə və 20-ci yüzilin birinci yarısında Türkiyəyə sığınmış qumuqların taleyi maraqlandırırdı. Bilmək istəyirdilər onlar qumuqca  bilirlərmi? Övladlar ata və babalarının köçüb gəldiyi yurd haqqında nə bilirlər?

Şeyit Xanımın fikrincə, hazırda dünyanın 50-yə yaxın ölkəsində 350 min qumuq yaşayır. Toplum halında ən çox qumuq Dağıstan Muxtar respublikasında yaşayır. Dağıstan çoxmillətli bir bölgədi. Statistik bilgilərə görə burada 30-a yaxın yerli xalq yaşayır. Qumuqlar sayca üçüncüdür. Birinci yerdə 24 faiz olan avarlar, ikinci yerdə 14 faiz olan darginlər, üçüncü yerdə 12 faiz olan qumuqlar, dördüncü yerdə  11,5 faiz olan ləzgilər gedirlər. Laklar, Azərbaycan türkləri, tabasaranlılar, noqaylar, rutullar, tatlar, aqullar, saxurlar isə hər biri 5 faizlə 0,5 faiz arasındadırlar. Keçmiş Sovetlər Birliyinin Qüzey Osetiya, İçkeriya (Çeçenistan), İnquşetiya bölgələrində, hətta Suriyada da toplum halda yaşayan qumuqlar var.

Ədəbiyyat tarixindən söz düşəndə isə fikirlərimiz haçalanırdı. Özlərini hunların, xəzərlərin, bulqarların, alanların, qıpçaqların nəvələri hesab edən və bununla da qürur duyan qumuqlar yazılı ədəbiyyatlarının 19-20-ci yüzildə formalaşdığını söyləyirlər. “Bəs ondan öncə? 19-cu yüzildən öncə qumuqlar yazmamışlarmı?”– deyəndə “Yazmışlar, amma cığatayca və ya oğuzca yazmışlar” — cavabını verirdilər.

 Şeyit Xanıma: — Bütün dillər inkişaf edir, zənginləşir. Biz də cığataycanı inkişaf etdirib ədəbi dil kimi yaşatsaydıq, sizin şe’rlərinizi  indi 180 min qumuq deyil, bütün Tatarıstan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və b. bölgələrdə yaşayan türklər oxuyardı.— dedikdə isə, “Onda qumuq dili itib-batardı axı!” — deyə narahatçılığını bildirir.

Rusiya müstəmləkəçilərinin uzun illər məqsədyönlü apardıqları ayırma, parçalama siyasətindən  milli şüurlu insanlarımız da hələ qurtula bilməyiblər. 20-ci yüzilin ilk onilliklərindən qumuqlar arasında yazışma əsasən oğuz türkcəsində gedirdi. Bu da səbəbsiz deyildi. Güney qumuqlarının ləhcəsində oğuz ünsürü üstünlük təşkil edirdi. Sonralar Qüzey ləhcəsi — əsasən də Xasavyurd ləhcəsi əsasında ədəbi dil formalaşdırıldı. Bu işdə M.Əlibəyov, N.Batır-Muradov, İrçi Qazaq öncül oldu. İrçi Qazaq yada “yır” sözünü salır. Çünki şair ləqəbini həmin sözdən alıb. Bugünün özündə də İran İslam Respublikasının Sava bölgəsində yaşayan türklər, Krım türklərinin böyük bir qrupu şerə yır, şairə yırçı deyir.

Bu gün qumuqlarla Azərbaycan türklərinin istər dilləri, istər mədəniyyətləri arasında xeyli fərq var. Amma qədimlərdən bizi bir-birimizə bağlayan iplər hələ tam qırılmayıb. Yenə də süfrələrimizdə eyni xörəklər —xəngəl, şorba, gürzə, dolma, plov, qovurma, bozbaş, şişlik olur. Yenə də toylarımızda, şənliklərimizdə zurna, qaval, balaban, tar, saz, qopuz səslənir. Ötən illərə baş vuranda eyni xalqa, eyni millətə çevrilirik.

Çar Rusiyası Azərbaycanı olduğu kimi qumuqları da 1813-cü ildə  öz tərkibinə qatdığını e’lan etdi. Amma qumuqlar da Qüzey Qafqaz xalqları kimi hələ də quldarlığın davam etdiyi Rusiyanın tərkibində qalmaq istəmirdilər. Onlar Rusiya kəndliləri kimi təhkimli ola bilmirdilər. Ağalarının— knyazların onları kəndləri ilə birlikdə  ailəliklə, mal-qarası, torpağı ilə birlikdə, yaxud tək-tək sata biləcəyini ağıllarına belə gətirə bilmirdilər. (Rusiya kəndliləri isə buna təbii, ağasının haqqı kimi baxırdılar). Ona görə də silaha sarıldılar. Çoxmillətli, çoxdilli Quzey Qafqaz xalqlarını bir din — tək olan Tanrıya inanc, İslam dini birləşdirirdi. Müridizm hərəkatı 30 ildən çox davam etdi. Rusiya müstəmləkəsi altında olan kiçik bir bölgədə ildə 200 min döyüşçü itirirdi. İtkilərdən yaxa qurtarmaq üçün Rusiya islahatlar aparmaq məcburiyyətində qaldı. Qumuqların, avarların, çeçenlərin, çərkəzlərin, balkarların, qaraçayların apardıqları 30 illik mübarizə onlara azadlıq bəxş etmədisə 100 minlərlə Rus kəndlisini təhkimçilik zülmündən azad etdi.

Antalyada söhbətlərimizdə qumuqlar arasında milli şüuru yüksəltmək üçün gənclərin Türkiyəyə və Azərbaycana təhsil almağa göndərilməsi yollarını arayır, tarixə nəzər salırıq. 1920-30-cu ildə Bakıda qumuq gənclərinin teatr texnikumunda qrup halında oxuduğunu, geri dönüb Dağıstanda ilk peşəkar teatr yaratdığını xatırlayırıq.

Novruz bayramı münasibətilə təşkil etdiyimiz şənlikdə də birgə iştirak edirik. Şeyit Xanım həmin tədbirdə 1981-ci ildə Mahaçqalada yayınlatdığı “Yolda yır” kitabına aşağıdakı avtoqrafı yazdı: “Ali bey! Bizim yollar türk dünyasına çıxan sevgi yolları! Uğurlar bolsun! Nasipli bol! Şeyit Xanım. 22.III.1993. Türkiyə. Antalya”.

Şeyit Xanım Mahaçqalanın altından xətt çəkib əvəzində şəhərin qumuqca adını “Anji-qala” yazmışdı.

1996-cı ilin aprelində Ankaradakı Öyrətmən Evinin foyesində Şeyit Xanım, Salav və Kamillə yenidən görüşdük. Hal-əhval tutduq. Kamil və Salav Azərbaycanın durumu ilə maraqlanırdılar. Şeyit Xanım yenə də özünəməxsus bir çılğınlıqla Aydın Kərimova və mənə gileyini bildirdi. Ötən ilin payızında “Tenlik”in qurultayında iştirak etmədiyimizə görə incidiyini bildirdi. Mən vəziyyətdən çıxmaq üçün: “Siz siyasi partiyalara Xalq Cəbhəsinə, Musavata və başqa təşkilatlara dəvət göndərmişdiniz. Mən də heç bir siyasi partiyanın üzvü deyildim. Ona görə gəlmədim. Siyasi partiyaların rəhbərliyinə də də’vətlərinizi və arzularınızı dəfələrlə çatdırdım. Mən nə edə bilərdim?” — deyə vəziyyətdən çıxmağa çalışdımsa da mümkün olmadı. Şeyit Xanım: — “Sən istəsəydin, israrlı tə’kid etsəydin onlardan kimsə gələrdi. Özünün gəlməməyini isə heç bağışlaya bilmirəm. Azərbaycandan  kiminsə gəlməsini çox istəyirdik. İstəyirdik qurultayımızda qonaq kimi iştirak edən avarlar, laklar, darginlər, inquşlar görsün ki, bizim də arxamız var” — dedi.

Vəziyyətin çıxılmaz olduğunu gördükdə:

 

Birden manğa

Suratınqnı etemen,

Sen qörersen, qörersen!

Oramda bir zorba gün —

Ol sensin, sen!

 

deyə şer söyləməyə başladım. Şeyit Xanım duruxdu. Salav və Kamil bərkdən gülərək: “Şairin zəif yerini tapıbsan. Bu dəqiqə incikliyini unudacaq” deyə məni həvəsləndirdilər. Mən də:

 

Söyqenim! —

Men çıqqıraman

Seni mağa savğatlağan

Yaşavğa tyüqyül.

Söyqenim!

 

Şeyit Xanım şerin ardını ilhamla söyləyərək: “Şeri belə deyərlər! Yoxsa sənin kimi” — dedi. Mən yenə də əl çəkməyib:

 

 

Şeyit Xanım menim atım —

Şibir-qyubyur ete qökde yıldızlar.

Şeyit Xanım menim atım —

Şağra yolğa alğasay sırtlı qızlar”.

 

—deyəndə o yenə şe’rin ardını söylədi. Şeyit Xanımın 1993-cü ildə bağışlamış olduğu “Yolda yır” kitabından bə’zi parçaları Azərbaycan radiosunda apardığım verilişdə qumuqlara həsr etdiyim veriliş üçün əzbərləmişdim. Heç ağlıma da gəlməzdi ki, Ankarada dadıma çatacaq. Elə foyedəcə əyləşib çay içə-içə söhbətimizi davam etdirdik. Onlar bir aylıq kursa gəlmişdilər. Biz də 10 günə yaxın Ankarada olmalıydıq.

Eyni yerdə qalmağımız tez-tez görüşüb söhbətləşməyimizə imkan yaratdı. Azərbaycanda xalq hərəkatı fəallarının döyüşlərdə öldüyündən, həbslərə atıldığından, təqiblərə məruz qaldığından xəbərləri olsa da yenə də onlardan yardım umurlar. Azsaylı xalqların milli hərəkat fəalları da çox vaxt təqib edilir, təzyiq altında olurlar. Ona görə də çox vaxt əlaqə saxlamaq, vaxtlı-vaxtında görüşmək olmur. Bu da narazılığa səbəb olur. Onların narazılığını təbii qəbul edirəm. Uman yerdən küsərlər.

Şeyit Xanım hərdən qumuqca oxuduğu şerləri yaxşı anlayaq deyə türkcə izah etməyə çalışırdı. Bu bəzən asan anladığımız sözləri də çətinləşdirirdi. Onun şer dili xeyli dəyişmişdi. Kitabdakı şerlərinə nisbətən indi oxuduqlarını daha asan anlayırdım. Şeyit Xanımı çətinlikdən qurtarmaq üçün dedim: — “Bu il aprelin 3-də həmyerlimiz İmperiyat Arslanbəy qızı Bakıda doktorluq  dissertasiyası müdafiə edirdi”.

Şeyit Xanım gülərək sözümü kəsdi:— “İlk dəfə görüşəndə Siz də, Arif Rəhimoğlu da mənə Şeyit Xanım Arslanəli qızı deyəndə bir az acığım tuturdu. O qədər Arslanəliyevna eşitmişdim, qulağım ona o qədər alışmışdı ki, mənə şirin gəlirdi. Sizin Arslanəli qızınız isə mənə yad gəlir, elə bil qulağımı deşirdi. Bir iki dəfə istədim səhvinizi düzəldim. Utandığımdan dillənmədim. İndi Türkiyəyə gəlib-gedəndən Arslanəli qızı ifadəsinə alışmışam. Qulağımda həzin bir musiqi kimi səslənir. İmperiyata da  Arslanbəy qızı deməyiniz mənə ötən illəri xatırlatdı. — dedi.

Mən sözümü tamamlamaq üçün dedim:

—İmperiyat  xanım fikrini anlatmaq üçün qumuqca əski bir yırı söylədi:

 

Qök Tenqrim qokten mağa.

Qök gözlərini açıb bağa.

Qök çüman avlaqlarda

Qök çiçəkli tarlada.

Qök pozula hayrayem.

Qök çoxkelli balama.

Qök Tenqrim ördüm bağa.

 

Sonra da onu belə çevirdi:

 

Mavi Tanrı  göktən mana

Mavi gözün açıb bakıyor

Mavi bozqırlarda

Mavi çiçəkli tarlada

Mavi keçilər otlaqdan

Mavi mantolu yavrular

Mavi Tanrım yüksəklərdən bakıyor.

 

Müdafiədən sonra İmperiyat xanımla söhbət edəndə ona dedim:  “Sizin qumuqca  söylədiyiniz çevirmənizdən daha anlaşıqlı idi. Çünki Azərbaycan türkləri “göy” deyir, siz “qök” deyirdiniz, biz “çəmən” deyirik, siz “çüman”, biz “otlaq” deyirik, siz “avlaq” dediniz. Sizin işlətdiyiniz “n” səsi 30-cu ilərdə Azərbaycan əlifbasında   olub. Sağır “nun” adlanıb. Bu gün ləhcələrimizdə geniş işlənir. Anayı yox anagi, dəniz yox, dənqiz kimi deyirlər”.

Şeyit Xanım, Kamil və Salav bəy qızğınlıqla söhbətə girişdilər. Mənim İmperiyat xanıma istinadən söylədiyim şe’r parçasını çox qədim dövrdə yaranmış bir dua, yaxud Tanrıya həsr olunmuş dastandan parça olduğunu söylədilər. Qayaxan bölgəsində “Tanrıxan” adlı ağacın olduğundan, həmin ağaca insanlar bu gün də tapınıb qurban kəsdiklərin, Tanrının göy rəngdə olduğundan, həmin rəngin bu gün də xalq arasında “ilahi gözəllik” anlamında işlədildiyindən danışdılar.  Qumuqlardan toplanmış “Cavad bəy haqqında yırla Şumerlərin “Bilqamıs” eposu arasındakı paralelliyi önə çəkdilər. Hər ikisində ölüm mələyi Əzrailə qarşı qəhrəmanın mübarizə metodunu müqayisə etdilər.

Söhbətimiz eyni kökdə gedirdi. Mən də “Kitabi-Dədə Qorqud” eposundakı “Duxa Qoca oğlu Dəli Domrul boyundakı” Dəli Domrulun Əzraillə savaşmasını onların diqqətinə çatdırdım. Gah Tanrıçılıqdan, Tanrıya inamdan, gah Albaslı, Suv-anası, eləcə də Günəş, Ay, Su, Yer kultlarının bu gün də xalq arasında yaşadığını xatırlayırdıq. Tarixin dərinliklərinə endikcə xalqlarımızın kökü eyniləşir, bizlər eyni mədəniyyətin, eyni dilin varislərinə çevrilirdik.

Şeyit Xanımdan yeni kitabının çap olunub-olunmadığını xəbər aldım: “Qəzet, jurnallar artıb. Amma kitabların sayı azalıb. Sponsor lazımdı, nə bilim, kağız lazımdı. Bir sözlə pul lazımdı. Bizi də milli hərəkatda iştirakımıza görə hər addımda sıxırlar. Gümanım var, kitabımı Türkiyədə çap etdirəm.” —dedi.

Qumuqların toplum yaşadığı kəndlərdə ilk okullarda dərslərin çoxu ana dilində keçilir. Orta okullarda isə həftədə bir saat qumuq dili və ədəbiyyatı keçilir. Qalan fənlər hələ də rus dilində keçilir. Əhali qarışıq yaşayan yerlərdə isə bütün dərslər rusca keçilir. Buna görə də orta məktəbi bitirənlər ana dilini yaxşı bilmirlər. Ana dilində yayınlanan kitabları oxuyan da az olur.

Dağıstanda televiziya yalnız rus, radio isə qumuq, avar, dargin, tabasaran, tat, noqay, rus dillərində yayınlar hazırlayır. Mahaçqaladakı Qumuq Dövlət Teatrı isə maliyyə çətinliyindən bağlanma təhlükəsi qarşısındadır.

Öyrətmən evindəki söhbətdən qumuq xalq hərəkatının liderlərinin həmişə böyük ümidlər bəslədikləri Azərbaycandan əllərini üzdüklərini hiss etdim. Bu mənə çox ağır gəldi. Amma nəyisə dəyişmək qüdrətində də deyildim.

 

04.02.1998
 

İRANA GEDƏNDƏ VƏ GƏLƏNDƏ: –

ZİYA BÜNYADOV

 

 

“Sovet Naxçıvanı” qəzetində müxbir işləyirdim. Azərbaycan Xalq Cəbhəsi Naxçıvan təşkilatının idarə hey’ətinin də üzvü olduğumdan ictimai-siyasi hadisələr haqqında iş yoldaşlarıma nisbətən bilgim çox olurdu lZiya Bünyadov İran İslam Respublikasına gedəcəyindənxəbərdar idim (12 sentyabr 1989-cu il).Sovet İttifaqı qəhərmanı, akademik olsa da, sərt çıxışlarına görə Ziay Bünyadovdan rəsmi dairələrin o qədər də xoşu gəlmirdi.Xalq Cəbhəsi onu yerli məmurların təntənə ilə qarşılayıb o taya yola salmayacaqlarından xəbərdardı. Yaranmış vəziyyətdən yararlanmağı qərara aldıq. Yerlərdəki dayaq dəstələrimizə Z.Bünyadovun Culfadan keçəcəyi xəbərini yaymağı və imkanı olanların sentyabrın 12-də Ordubada və Culfaya toplaşmasını tapşırdıq.

İstədiyimizə nail olduq. Naxçıvanın hər yerindən Z.Bünyadovu qarşılamağa gəlmişdilər. Bundan istifadə edib mitinq təşkil etdik. Mitinqdə nəinki Azərbaycan rəhbərliyinin cəsarətsizliyini, yerli mə’murların yaltaqlığını və qorxaqlığını, həm də Moskvanın imperiya siyasətini tənqid etdik. Ziya müəllim də kəskin çıxış etdi və xalq cəbhəsinin fəaliyyətini təqdir etdi.

Ziya Bünyadovdan işlədiyim qəzet üçün müsahibə aldım. Həmin vaxtlar qəzetlərdə Xalq Cəbhəsi haqqında xoş söz demək, hətta deyərdim adını çəkmək belə çətin idi. Adətən, xalq cəbhəsi əvəzinə “ekstremistlər”, “araqarışdıranlar” və s. sözlərini işlətmək dəb halını almışdı. Dəftərçəmi Ziya müəllimə verdim. Oraya iri hərflərlə Xalq Cəbhəsinə münasibətini açıqlamasını xahiş etdim. Ziya müəllim avtoqrafın fotosurətini çap etdirəcəyimi bilib iri hərflərlə yazdı: “Sovet Naxçıvanı”nın oxucularına eşq olsun! Birlik və mətinlik arzulayıb, xalq cəbhəsində birləşməyinizi istəyirəm. Akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov. Culfa 12/IX-89”

Mən avtoqrafı redaksiyada heç kimə göstərmədən sinkoqrafa verdim. Z.Bünyadovdan aldığım müsahibəni də rəhbərliyi qıcıqlandırmayacaq şəkildə hazırladım. Müsahibəni şöbə müdirim də, redaktor müavini də, redaktor da oxudu. Xeyli ixtisar və düzəliş etdilər. Məs: “Ziya Bünyadov. Bu ad uzun illərdir ki, ictimaiyyətin diqqətini özünə cəlb edir. Lakin haqqında heç vaxt eyni fikir eşidilməyib. Gah mətbuatda onun əsərlərinin tərifini göylərə qaldırırlar, gah da kəskin tənqid edirlər. Şəxsiyyəti haqqında da həmişə fikirlər haçalanıb. Davranışından, sərt münasibətindən çoxlarının xoşu gəlməyib.

İstər mətbuatda, istərsə də həyatda onun haqqında yazılanları və deyilənləri müqayisə etsək bu qənaətə gəlmək olar ki, Ziya Bünyadov ziqzaqlı ömür sürüb. Fərdi xarakterə malik olub. Odur ki, istər həyatda, istər yaradıcılıqda onu qəbul edənlər də olub, qəbul etməyənlər də. Amma bütün bu təzyiqlər və tə’sirlər Ziya Bünyadovu heç vaxt yolundan döndərməyib.

Xalqının ağrısına, acısına həmişə şərik olub. Böyük Vətən müharibəsində göstərdiyi hünərə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Özünün dediyi kimi, bu böyük ölkənin faşist işğalından azad olması üçün üç dəfə ölümlə üzləşib. Elm sahəsində xidmətlərinə görə akademik seçilib. Lakin nə xalq məhəbbəti, nə sinəsində gəzdirdiyi Sovet İttifaqı Qəhrəmanı qızıl ulduzu, nə də akademik titulu onun səfərinə kütləvi informasiya vasitələrinin diqqətini cəlb edə bilməmişdi. Amma xalq xəbər tutmuşdu ki, onun sevimli oğlu İrana gedir. Odur ki, Ordubad dəmiryol stansiyasını bayramsayağı bəzəmişlər. Həmin gün stansiyada Moskva-Tehran qatarını gül-çiçəklə, alqışlarla qarşıladılar. Muxtar respublikamızın şəhər və kəndlərindən gəlmiş nümayəndələr iste’dadlı alimi, tanınmış şərqşünası əlləri üstündə qatardan endirib maşına mindirdilər. Maşın karvanı Culfaya yol aldı.

Culfa dəmiryol stansiyasına az vaxtda minlərlə adam toplaşmışdı. Z.Bünyadovu yola salmağa, ona uğurlu yol arzulamağa gələnlərin gözlərində bir ümid, sifətlərində bir təbəssüm vardı”. — hissəsi atılmışdır. “Z.Bünyadov demişdi: “Kollektivinizin demokratiya uğrunda mübarizəsindən Bakıda xəbər tutdum. (Azərbaycanı tə’til hərəkatı bürüyəndə qəzetlərin hamısı susurdu. Yalnız “Sovet Naxçıvanı”nın kollektivi bəyanatla çıxış edib tə’tili alqışlamışdı. Rəhbərliyi tə’til haqda yazı verməyə məcbur etmişdi. Z.Bünyadov ona işarə edirdi — Ə.Ş.). Bəyənir  və təqdir edirəm”. Şöbə müdirim akademikin fikrini pozaraq cümləni belə qurmuşdu: “Qəzetinizin uğurlu çıxışlarını bəyənir və təqdir edirəm”. Yaxud da: “Mən sual vermişdim: — “Oxucularımıza sözünüz? Z.Bünyadov çox qısa: — Dəftərçəni ver, avtoqraf yazım” — cavabını vermişdi”. Sual-cavabını ixtisar etmişdi.

Qəzetdə Z.Bünyadovun şəkili və avtoqrafı gedəcəyini şö’bə müdiri də, redaktor da, məs’ul katib də bilirdi. Diqqətsizlikdən avtoqrafda nə yazıldığı ilə heç kim maraqlanmadı. Həmin vaxtlar şəkillər də, avtoqraf da sink lövhəyə köçürülürdü. Onlar da qəzet çapa gedəndə — yə’ni son anda səhifəyə qoyulurdu. Qəzetin növbətçi redaktoru da yorğun olduğundan sink lövhə üzərindəki avtoqrafa diqqət yetirməmişdi.

Qəzet çap olunub yayılandan sonra aləm bir-birinə qarışdı. Redaktor Akif Axundovu bərk sıxışdırdılar.

On beş gün sonra Ziya müəllim İrandan qayıtdı. Yenə dayaq dəstələrinə xəbər eləmişdik. Onu qarşılamağa gələnlərin sayı yola salanların sayından üç-dörd dəfə çox idi. Culfanın vağzal meydanında mitinq başlamışdı. Ziya müəllimin gələcəyi  Tehran-Moskva qatarı yubanırdı. Uşaqlar qatarın qəsdən yubadıldığını öyrəndilər. Məmurlar istəyirdilər adamlar yorulub-bezib getsinlər. Biz isə adamların dağılmasını istəmirdik. Mitinqi aparan Ramiz Tağıyev Culfa şəhərinin sakinlərini ətraf kəndlərdən və rayonlardan gələnləri evlərinə aparmalarını, onların dincəlmələrinə və çörək yemələrinə  şərait yaratmalarını xahiş etdi. Onsuz da gələnlərin çoxunun Culfada qohumu, dostu, tanışı vardı. Bir çoxu Ramiz Tağıyev e’lan edənədək gedib çörək yeyib, dincəlib gəlmişdi. Tanışı, dostu olmayanları da mitinqdə iştirak edən culfalılar evlərinə apardılar.

Beləliklə, günüz saat 1200-da başlayan mitinq ara vermədən saat 2200-dək davam etdi. Adamların dağılıb getmədiyini görən hökumət məmurları qatarın gəlməsinə icazə verdilər. Ziya müəllim vaqondan düşüb gömrük məntəqəsindən, sərhədçilərin yoxlamasından keçmədən birbaşa mitinqə gəldi. Onu gurultulu alqışlarla qarşıladılar. Evlərə dincəlməyə gedənlər də tökülüşüb gəldilər. Ziya müəllim yorğun, əsəbi olmasına baxmayaraq bir coşğun və ruhverici çıxış etdi.

Mitinqdən sonra çörək yeməyə gələndə ondan yenə müsahibə aldım. Müsahibəsi çap olunmuş “Sovet Naxçıvanı” qəzetinin 24 sentyabr 1989-cu il tarixli sayından bir neçəsini də verdim. Ziya müəllim mitinqdə dediklərini müsahibədə də təxminən təkrarladı. Müsahibəni yazıb redaksiyaya təqdim etdim. Yuxarıların təzyiqindən necə qorxmuşdularsa, bu dəfə müsahibəni çap etmədilər.

Axşam yeməkxanada süfrə arxasında əyləşəndə Ziya müəllim hərdən bizə müraciətlə: “Heç bilirsiniz Şeyxülislamınız Təbrizdə nələr edib?” — deyəndə A.Paşazadə “Ay Ziya, uşaqlıq eləmə, axı söz vermişdin” — deyərək onun yumşaltmağa çalışırdı. Ziya müəllim də: “Şeyx, söz vermişdim Təbrizdə deməyəcəm. Culfa, Bakı sözü verməmişdim ki?” — deyərək onu gərginlikdə saxlayırdı.

Bir neçə dəfə replika atıb şeyxi danışdırsa da, Ziya müəllim şeyximizin Təbrizdə nələr etdiyi haqda heç nə demədi.

Ziya Bünyadov 1989-cu ildə İrana gedərkən və oradan qayıdarkən verdiyi müsahibələr aşağıdakılardır.

 

 

 

TƏBƏRİNİN YUBİLEYİNƏ

 

İslam aləminin tanınmış ensiklopedist alimi Əbu Cəfər Məhəmməd ibn Cərir   ət-Təbərinin adı dünyanın şərqşünas alimlərinə yaxşı tanışdır. Çoxsahəli yaradıcılığa malik olan fitri istedad sahibi Təbəri Azərbaycan tarixinin tədqiqində də fəal iştirak etmişdir. Müasir Azərbaycan tarixçiləri Təbəri yaradıcılığına tez-tez müraciət edirlər. Onun əsərlərinə müraciət edən, yaradıcılıq yolunu öyrənən tədqiqatçılarımızdan biri də istedadlı şərqşünas, akademik Ziya Bünyadovdur. İranda Təbərinin vəfatının 1100 illiyi münasibətilə keçirilən elmi konfransa azərbaycanlı akademik də dəvət edilmişdir.

Ziya Bünyadov İrana gedərkən yolüstü Culfa şəhərində onu yola salmağa gələnlərlə görüşmüşdür. Naxçıvan Muxtar Respublikasının hər yerindən Culfaya gələnlər alimə uğurlu yol arzulamışlar. Görüş zamanı Ziya Bünyadov Azərbaycanın hazırkı vəziyyətindən, xalqımızın qarşısında duran vəzifələrdən ətraflı danışmışdır.

Toplantıda Culfa rayon xalq cəbhəsinin sədri Ramiz Tağıyev, Culfa rayon sosial təminat şöbəsinin işçisi Abbas Abdullayev, Ordubad rayonundakı Vənənd kənd orta məktəbinin müəllimi Həmidə Məmmədova, Culfa rayon partiya komitəsinin birinci katibi Ənvər Hüseynov çıxış edərək akademik Z.Bünyadova uğurlu yol arzulamışlar.

 

 

 

* * *

Toplanışın sonunda qəzetimizin müxbiri akademik Z.Bünyadovdan kiçik müsahibə almışdır. Aşağıda həmin müsahibəni təqdim edirik:

Ziya müəllim, “Sovet Naxçıvanı” qəzetinin oxucularına nə arzulardınız?

— Qəzetinizin son günlərdə uğurlu çıxışları yalnız mənim deyil, Bakıdakı ziyalıların əksəriyyətinin diqqətini cəlb edib. Bəyənir və təqdir edirəm. Kaş... iki daşın arasında da olsa sizin suallara cavab verməyə hazıram. Atam 1926-cı ildə Culfa gömrükxanasında işləyib, bacımın pasportunun “doğulduğu yer” qrafasında “Culfa şəhəri” yazılıb. Demək mənim bir tərəfim Culfalıdır.

Amma mənim Naxçıvana marağım bu xırda yerlipərəstlikdən deyil. İctimai-siyasi həyatda naxçıvanlıların fəal iştirakını yüksək qiymətləndirirəm. Son iki ildə sədərəklilərin mübariz əhval-ruhiyyəsini diqqətlə izləyirəm. Məni Sədərək kənd Sovetinə deputat seçsələr, özümü xoşbəxt hesab edərəm. Belə bir kəndin deputatı olmağa dəyər.

Təbərinin yubileyi harada keçiriləcək?

— Yubiley tədbirləri əsasən Mazandaranda keçiriləcəkdir. Bülbülsərdə belə bir beynəlxalq tədbirin hazırlanması olduqca təqdirəlayiqdir. Bakıdakı İran konsulunun dəvəti ilə Təbərinin yubileyinə gedirəm. Bu, İran Respublikası yaranandan respublikamızın aldığı ilk rəsmi dəvətdir. Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri ensiklopedist alim, böyük tarixçi və ilahiyyatçıdır. Onun “Peyğəmbərlərin və hökmdarların tarixi” adlı çoxcildli əsəri yaxın Şərq ölkələrinin qədim və orta əsrlər tarixinin öyrənilməsində mühüm mənbədir. Əsərdə ərəblərin Azərbaycanı işğal etməsi, xürrəmilər, Babək hərəkatı, Məzyədilər və Sacilər dövləti və sair haqqında geniş mə’lumat verilmişdir. Təbərinin 30 cildlik “Quranın təfsiri üçün izahlar” toplusu, 4 cildlik “Fəqihlərin ixtilafları haqqında” kitabı ilahiyyat sahəsində əvəzsiz mənbələrdir. Onun poeziya, qrammatika, riyaziyyat, tibb və sair elmlərə aid də əsərləri vardır. Yaradıcılığım boyu Təbəri yaradıcılığına çox müraciət etmişəm. Mazandaranda bu böyük filosof-alimin vəfatının 1100 illyinə həsr olunmuş yubiley tədbiri keçirilir.

Yubiley tədbirləri başa çatan kimi geri qayadacaqsınız, yoxsa səfərinizi davam etdirəcəksiniz?

— Çox təəssüf ki, vaxt məhdudluğundan Təbrizdə dayana bilməyəcəyəm. Ancaq yubiley tədbirlərindən sonra şeyxülislamımız Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti ilə Tehranda görüşmək və onlarla birlikdə Xorasana, Quma ziyarətə getmək fikrindəyəm.

Bəs qeyri-rəsmi nümayəndə kimi hansı missiyanı yerinə yetirməyə çalışacaqsınız?

— Elə bir fikrim də var. Qeyri-rəsmi də olsa, Culfa və Astarada həftə bazarının, sərhədyanı yarmarkaların açılmasına mane olan səbəbləri öyrənməyə çalışacağam. Belə yarmarkalar ölkəmizin istər qərb, istərsə də şərq sərhədləri boyunda var. Nə üçün bizdə olmasın? Eyni dildə danışan, eyni dinə mənsub olan xalqın görüşüb, bir-birini anlaması, söhbət etməsi üçün yarmarkalar, həftə bazarlar böyük rol oynayır.

Yəqin ki, Bakıya təyyarə ilə qayıdacaqsınız?

— Xeyr, yaxını qoyub uzaq yol seçməkdən xoşum gəlmir. Astaradan şosse yolla getmək fikrindəydim. Azərbaycanı bürümüş tətil hərəkatı oraya da öz təsirini göstərib “Sovavtotrans”ın yüzlərlə yük maşını yollarda tıxac yaradıb. Odur ki, Culfa yolunu seçdim. Yəqin ki, buradan da qayıdacağam.

Müsahibəyə görə çox sağ olun! Biz də oxucularımız adından sizə uğurlu yol arzulayırıq!

 

Əli Şamilov

ZİYA MÜƏLLİM İRANDAN GƏLDİ

 

Qəzetimizin 24 sentyabr 1989-cu il nömrəsində akademik Z.Bünyadov İrana Təbərinin yubileyinə getdiyini yazmışdıq. Sentyabrın 27-də hörmətli alimimiz səfərdən qayıtdı. Müxbirimizin ondan aldığı müsahibə aşağıdakıdır:

Ziya müəllim necə getdiniz, necə gəldiniz? Uzaqdan gələnə “səfər salamatı” deyərlər. Sizi yenidən Culfada görməyimizə şadıq.

— Nə səfər salamatı?! Qoydunuz sağ-salamat gedib gəlim?! Şil-küt olub qayıtmışam. Allaha çox şükür salamatam. Burda qurduğunuz mikrofonların səsi o tay Culfasında mollaların qulağını dəlir. Onları dəli eləyibsiniz. Acıqlarını da məndən çıxdılar. Culfada məni bir maşına əyləşdirib yola saldılar. Sərab şəhəri yaxınlığında maşınımız bir neçə dəfə aşdı. Möhkəm maşınıydı. Yoxsa çoxdan o dünyadaydım. İki gün xəstəxanada yatdım. Gördüm elmi seminara yubanıram, xəstəxanadan çıxdım. Tehranda gördüm yox, vəziyyətim ağırdı, belə gedə bilmərəm. Həkimə müraciət etdim. Sağ olsun doktor Nəvvab, ayağımda kiçik cərrahiyə əməliyyatı apardı. Orda da duruş gətirməyib yol aldım Təbəristana.

Ziya müəllim, maşınınız necə oldu ki, aşdı?

— Onu məndən niyə soruşursan?! Get bu sualı İranın ittilatına, savamasına, hizbullahlarına ver. Qoy onlar desinlər.

Ziya müəllim, bəlkə bu bir təsadüfi qəzaydı?

— Bu yaşımda mən təsadüfi qəzayla qurmanı bir-birindən ayıra bilmirəm?

Ziya müəllim, bağışlayın, axı Siz elmi simpoziuma getmişdiniz. Qəzanı qoyaq kənara. Simpoziuma çatdınızmı?

— Simpozium bağlananda çatdım. Mənə görə yenidən simpoziumu davam etdirdilər. Təkcə mənim məruzəm dinlənilib müzakirə edildi. Ölkəmizdə Təbərinin öyrənilməsindən və əsərlərinin tərcümə edilib tədqiq edilməsindən danışdım. Çox yaxşı qarşıladılar. Seminarda Avropadan, Asiyadan çox alim vardı. SSRİ-dən tək mən idim.

Ziya müəllim, simpozium harada keçirilirdi?

— Xəzər dənizinin cənubunda bir bölgə Təbəristan adlanır. Tarixi bir vilayətdi. Məhəmməd ibn Cərir də təxəllüsünü bu vilayətin adından götürüb. Beynəlxalq seminarı İranın Ali Məktəblər və  Mədəniyyət Nazirliyi keçirirdi. Yer də yaxşı seçilmişdi. Yubilyarın doğulduğu yerin yaxınlığında Babülsər adlanan bir şəhər var. Mazandaran Unversitetinin nəzdindəki Təbəristan Unversiteti də burada yerləşir. İranda birinci dəfəydi olurdum. İnanmırdım ki, belə yüksək səviyyəli beynəlxalq seminar keçirə bilərlər. Çox yaxşı hazırlaşmışdılar.

Ziya müəllim, proqramda simpoziumun sentyabrın 13-15-də keçirildiyi göstərilir. Sizin isə gedişinizdən düz 15 gün keçir.

— Böyük adamların yubileyləri də böyük olur. Təbərinin ölümünün 1100 illiyi idi. Böyük tarixçi, Quranın ən böyük təfsirçisinin yubileyindən 2-3 günə dönmək olmazdı ki?! Seminardan sonra Məhəmməd ibn Cərir Təbərinin doğulduğu yerləri gəzdik. Sonra da gəldim Tehrana. Şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə bir qrup həmyerlimiz Kərbəla ziyarətindən geri dönürdü. Onlarla görüşüb Reydə Ayətullah Xomeyninin, Məşhəddə İmam Rzanın, Qumda Mə’sumənin qəbrlərini ziyarət etdik. Tusu, Tehranı da gəzdim. Tehrandakı Sovet səfirliyinə də getdim. Səttar xanın mücahidlərinin son qərərgahı Ətabək parkında yerləşir. Səfirlikdə bir nəfər də olsun azərbaycanlıya rast gəlmədim. Ermənilər isə çox idi. Səfərlikdən bir az aralıda ermənilərin kitab mağazası, kilsələri də fəaliyyət göstərir.

Geri qayıdanda Təbrizdə Sovet konsulluğuna getdim. Konsulluğu bağlayıblar. Qapıçısı ilə söhbət elədim. O da erməniydi!

Ziya müəllim, Sizin gedişiniz mətbuatın, radio-televiziyanın diqqətini özünə çəkdimi?

— Yox əşi. Ora da SSRİ kimidi. Yuxarıdan kimi deyirlər ona diqqət yönəldilir. Bir qəzetləri var: “Keyhan”. Bir neçə dildə çıxır. Bir ona müsahibə verdim. Yüksək vəzifəliləri ilə görüşüb Ermənistan məsələsini müzakirə etmək istədim. Hamısı bizimkilər kimi qorxusundan qaçıb gizləndi.  Təbrizdə Universitetə getdik. Amma müəllim və tələbələrlə görüşüb söhbət edə bilmədik.

Ziya müəllim, ümumiyyətlə, bu səfərinizi necə qiymətləndirirsiniz?

— Çox elmi konfranslarda, simpoziumlarda olmuşam. Yaxşı cəhət o, oldu ki, Azərbaycanı gəzdim. Culfada, Mərənddə, Təbrizdə, Sərabda, Miyanada, Zəncanda oldum. Ya bəxt. Birdə o yerləri görə biləcəm, ya yox! Heç bu tay Culfasına çoxdandı gəlməmişəm. Mitinqdəki çıxışlardan şəhərin qəbristanlığını sərhədçilər tikanlı məftillərdən o tayda qoyduqlarını bildim. Qəbristanlıqsız da şəhər olar? İndiyə kimi bilmirəm buna niyə göz yumublar. Bakıya dönən kimi bu işlə ciddi məşğul olacam. Bu işlərin çoxu yerli məmurların qorxaqlığından baş verir. Belədə xalq da gərək  susmaya.

Ziya müəllim. Sizə uğurlar arzulayırıq. Müsahibəyə görə çox sağ olun.

  Əli Şamilov

Əl

 

Sözardı:1995-ci ildə  Ziya müəllim deputat seçildi. Amma Sədərək Kənd Sovetinə yox, Azərbaycan Milli Məclisinə.

İrana səfər ərəfəsində “Xalq Cəhbəsində birləşin” deyən alim bir-iki ay  sonra Xalq Cəbhəsinin sıralarında generallar yoxdu—hamsı yefreytordur—söylədi. 1990-cı ildə Bakıda hərbi vəziyyət e’lan ediləndə bir müddət Ziya müəllimin Sovet ordusundan hərbi xidmətdə olan oğlu, polkovnik  Valeri şəhərin komendantı oldu.

Bütün bunlar ona tə’sir etməyə bilməzdi. Milli azadlıq hərəkatını ürəkdən alqışlasa da hərəkatın fəallarına qarşı sərt mövqe tutur, bə’zən onaları haqlı-haqsız ittihamlar edirdi. Xalq Cəbhəsinin fəallarından olan  Asəf Quliyevin üzünü bir dəfə görməsə belə H.Əliyevin yeritdiyi siyasətə qarşı çıxdığına görə onu siqaret satan və s. adlandırırdı.

Ziya müəllim ata-babasının Bakı yaxınlığından Şıx kəndindən olduğunu sözləyirdi. 1972-ci ildə Universitetdə oxuyarkən Astara rayonundakı “Sovet Astarası”” qəzetinə təcrübəyə getmişdi. Rayonun “canlı tarixi” olan Hüsey Kərimov və Məmi Kazımov (bəstəçi Oqtay Kazımın atası) bizə Ziya Bünyadovun doğulduğu evi göstərdilər. Atası Musa ilə bağlı maraqlı xatirələr danışdılar. Astarada gömrük məmuru işləyən Musa həvəskarlardan  ibarət teatr  truppası yaradıb tamaşalar göstərirmiş. Bu tamaşalara İran Astarasından da adamların toplum halda gəlib baxmalarına icazə alıbmış.

Biz Astarada olanda Z.Bünyadovun 24.12.1921-ci ildə annadan olduğu gömrük işçilərinin binası tikanlı məftillərdən o tayda qalmışdı. Aralıdan oraya baxmaq mümkün idi.

Yeniyetmə və gənclik illərində çılğınlığı ilə yaşıdlarından seçilərmiş. Bu çılğınlığa görə də cərimə bataylonuna düşmüşdü. 27.02.1945-ci ildə döyüşdə göstərdiyi hünərə görə Sovet İttifağı Qəhramanı adını almışdı.

Ordudan buraxıldıqdan sonra (1946) Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuş 1950-ci ildə oranı bitirmişdi. 1954-64-cü illərdə Azərbaycan EA Tarix İnstitutunda baş elmi işçi  işləmiş sonra isə Yaxın və Orta Şərq Xalqları  institutuna dəyişmişdir. Ömrünün sonunadək orada şö’bə müdiri, direktor müavini, direktor, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti işləmişdi.

Azərbaycan tarixinə dair onlarla əsəri, əlyazmanı nəşrə hazırlamış, onlara geniş elmi şərhlər vermiş, ön söz yazmışdır.

   Ziya müəllimin  hər bir aradırması mübahisəsiz keçmirdi. Onun “Azərbaycan 7-9 yüzillərdə”, “Azərbaycan Atabəylər dövləti (           ) kitabları tarixşünaslığımız üçün qiymətli vəsaitlər hesablanırdır. Ömrünün son illərində ciddi siyasi fəaliyyətlə məşğul olurdu. Milli məclisdə sərt və sensassiyalı çıxışları ilə yadda qaldı. Azərbaycan Müdafiə Nazirliyində baş verən əyintilər mövzusuna dəfələrlə toxundu.

   Hər il fevralın 23-də Sovet Ordusu yaranması münasibətilə Ziya Bünyadovu da görüşləri, təntənəli yığıncaqlara,  qonaqlıqlara də’vət edər, şərəfinə xoş sözlər söyləyər, hədiyyələr, təzə-tər çiçəklər, gül dəstələri təqdim edərdilər.

1997-ci ilin fevralında 22-də isə axşamüstü Milli Məclisdən çıxıb evinə gələrkən yaşadığı binada cəlladlar tərəfindən qətlə yetirildi.

 

23.03.1997


BİR HƏFTƏ KIRIKKALEDƏ: –

İSGƏNDƏR MUZBEG

 

Sosialist ölkəsi olduğuna görə, Sovetlər Birliyindən Yuqoslaviyaya getmək asan hesab edilirdi. Bu “asan gedişin” bir sıra zorluluğu vardı. Yol xərclərini zor-xoş toplasan da qarşıda viza almaq, gedişini əsaslandırmaq çətin idi. Nisbətən asan yol turist qruplarına yazılmaqdı.

Turist  səfərinin də mə’lum marşrutu, məhdud vaxtı olurdu. Səfərə çıxacaq şəxs yerlərdə patiya, KQB nəzarətindən keçəndən sonra da turist qruplarına bir-iki güdükçü daxil edilirdi. Əslində, bu turist qruplarının əksəriyyətini gəzməyə deyil, ailəsinin tələbatını ödəmək və yaxud xırda alver üçün bazarlıq etmək istəyənlər təşkil edirdilər. Səfərdən qayıdanları söhbətə tutur, müəyyən suallar verib mətbuatda oxumadığımız məlumatı almağa çalışırdıq. 1980-ci illərin ortalarında turist səfərindən qayıdan iş yoldaşım Namiq Cəlilovdan Yuqoslaviyadakı türklərin vəziyyətini xəbər aldım. O çox sərt:—Türkləri də gördüm. Əsasən, ticarətlə məşğuldular. Türklüklərindən bir dilləri qalıb. Özləri qaraçı kimi bir şeydilər. —dedi.

Dostumun bu sözü qəlbimə toxunsa da, başqa söz deyə bilmədim.  Çünki gəzib-gələn o idi, mən yox. Bir neçə gün sonra Namiq başqa bir hadisə danışdı: onunla bir qrupda olan biologiya elmləri namizədi Yuqoslaviyada qaraçıdan 5-6 plastmas saat alır. İki gün sonra saatları baha aldığını düşünərək axtarıb qaraçını tapır. Qiymət üstündə çox çənə-boğaz edirlər. Mübahisəyə dözməyən qaraçı Sovet turistinə —biologiya elmləri namizədinə müəyyən məbləğ pul qaytarır və tüpürüb gedir.

Namiq bunu gülə-gülə danışdı və “bizimkilər qaraçılardan da betərdilər!” deyərək  sözünü tamamladı. Onun bu sözündən bizdən turist kimi gedənlərin Yuqoslaviyada yaşayan türklərin hansı təbəqəsini görə bildiklərini anladım. Cəmiyyətin insanı beş-üç qəpik üçün necə alçaltdığını anladım. İstər türk olsun, istər qaraçı, istər erməni, istər rus — alver edənlər beş-üç qəpik gəliri demək yalnız yalan, kələk, fırıldaqla qazana bilər. Normal ticarətə cəmiyyətdə şərait yoxdur!

Yollar açılandan sonra iştirakçısı olduğum toplantılarda tez-tez eşidirdim: “İskəndər bəy gələ bilmədi!”, “Filan toplantıda İskəndər bəylə birlikdəydik!”, filan dərgidə onun araşdırması, şeri yayımlanıb” və s. Bu qısa cümlələr məndə də ona qarşı maraq oyatmışdı. 1990-cı illərə kimi Yuqoslaviya türklərindən yalnız Zəkəriyyə Nicatini tanıyırdım. Bakıda çox olsa da, onu bir dəfə 1968-ci ildə M.P.Vaqifin yubileyində görmüşdüm.

İndi isə Türkiyədə yayımlanan qəzet və dərgilərdə İskəndər Muzbegin də imzasını arayırdım. Onun ömür yolu, yaradıcılığı haqqında mənə Türk Folklor Araşdırmalar Qurumunun başqanı İrfan Ünver Nasrattinoğlu da xeyli bilgi vermişdi. 1995-ci ilin 9— 11 iyununda Kırıkkale valiliyi və Folklor Araşdırmaları Qurumu “Dünya  Xoşgörü — Manas — Abay yılı” devizi altında “YII Uluslararası Türk Xalq Edebiyyatı seminarı və I Uluslararası Türk Dünyası Kültür Qurultayı keçirirdi. İskəndər bəy də “Yuqoslaviyada gerçəkləşdirilən türkcə egitim və ögretim sürecində Türk Halk Edebiyyatının yeri” məruzəsilə qurultaya qatılmışdı. Onunla şəxsi tanışlığımız da burda oldu.

Söhbət üçün mövzu axtarışına ehtiyac duymadıq. Köhnə tanışlar kimi söhbətləşirdik. Onu ən çox Azərbaycanın durumu, Qarabağ məsələsinin tezliklə həlli düşündürdüyü kimi, məni də keçmiş Yuqoslaviya Federasiyasında baş verənlər maraqlandırırdı. Serblərin Bosniya-Hersoqovinya müsəlmanlarının başına açdığı oyunlara dözə bilmirdim. Bu mənim, sadəcə, dini təəssübkeşliyimdən doğmurdu. Bir insan kimi qızışdırılmış serb silahlılarının qəddarlıqlarına dözə bilmirdim.

Balkanlarda baş verənlərlə Qafqazda  gedən toqquşmalar arasında bir oxşarlıq görürdüm. Hər iki bölgədə milli zəmində toqquşmaları qızışdıran Rusiyanın imperiyapərəst qüvvələri olduğu qənaətindəydim. İskəndər bəydən Bosniya müsəlmanlarının durumunu öyrənmək istəyəndə:

— Döyüş bizlərdən  uzaqlarda gedir. Bu savaşa qatılmaq istəmirik. Qoy, bosniyalılarla serblər öz problemlərini çözsünlər, —dedi.

Onun cavabı mənə bərk toxundu. Belə cavab eşidəcəyimi ağlıma belə gətirmirdim. İsgəndər bəy tutulduğumu həmən hiss edib söhbəti yumşaltmağa çalışdı: ... Ayrı-ayrı ölkələrdə yaşasaq da siz də, biz də sosializmin etkisi altında olmuşuq. Toplantılara da hər türlü kişilər qatılır. Canımızdan totalitar rejimin qorxusu görünür hələ tam çıxmayıb. Bir də, doğrusu, savaş, soyqırımı haqda dəqiq bilgim yoxdur. Sizin kimi mən də qəzetlərdən, radio-televiziyadan eşidirəm. Biz axı savaş bölgəsindən çox uzaqda, ölkənin güney batı bölgəsində yaşayırıq.

— Bəs sabahı düşünmürsünüz? Bosniya-Hersek, Xorvatiya ilə haqq-hesabı çürüdəndən sonra serb ordularının sizlərin üzərinə yürüş etməyəcəyinə zəmanətiniz var? —deyə tə’nə etdikdə — Dünyanın demokratik qüvvələrinə ümid bəsləyirik. Bu ümidlər də çox vaxt boşa çıxır. Sosializm düşərgəsi dağılsa da, Sovetlər Birliyi parçalansa da, dünyanın qüdrətli dövlətləri hələ də Rusiyadan çəkinir, ona güzəştə gedir, — deyə İsgəndər bəy düşüncələrini açıqlamağa başladı.

Yazılardan İsgəndər bəyin 1947-ci ildə Prizrendə doğulduğunu, ilk okulu və ögretmen okulunu ana dilində orada bitirdiyini, sonra da Priştində serb-xorvat dilində hüquq təhsili aldığını bilirdim. Amma Prizrenin dəqiq harada yerləşdiyinə diqqət yetirməmişdim.

İsgəndər bəy Prizrendə on minə yaxın türk yaşadığını, ana dillərində orta məktəbləri, qəzet və dərgiləri olduğunu söyləyəndə mən də onun yadımda qalan bir dördlüyünü söylədim:

Uzaklarda bir Mamuşa[2] düşledim.

Yapmacıq bir köy gəldi gözümə

Acılara bir az sevinc ekledim.

Bitek ova güldü yüzüme.

 

 

Uzaklarda bir Mamuşa düşledim.

Bir türlü yeşilini vermədi resimlər

Taşında, torpağında, suyunda

Hep yaşayacaq əski isimler.

 

Şair şerini söyləməyimdən heyrətləndi:

— Şerlərimi heç özüm əzbərdən bilmirəm. Bir Türkiyəli şerimi söyləsəydi, o qədər təəccüblənməzdim. İnan, yatsam yuxuma girməzdi. Demək, Azərbaycanda da bizləri tanıyan, oxuyan var!

— Var, İsgəndər bəy, var! Biz yalnız Tofiq Fikrəti, Zəkəriyyə Nicatini, Nazim Hikməti, Fazil Hüsnü Dağlarcanı oxumamışıq. Həm də Mehmed Akif Ersoyu, Nəsib Fazil Kısakürəyi və b. oxumuşuq. Sənin də “Kaynak”, “Sevil”, “Yaşamaq”, “Gerçək”, “Taşa Türkülər” və b. şer kitablarının olduğunu  bilirəm. Amma 5-10 şe’rini oxumuşam. Türkiyədəki dostların da Priştendə çıxan “Tan” qəzetinin qurucularından biri olduğunu, qəzetin kültür, egitim, sanat sayfalarını yönəltdiyini, 1951-ci ildən  “Türk Kültür və Güzəl Sanatlar Cəmiyyəti”nin “Doğru yol” dərnəyi nəzdində bir neçə yoldaşımla 1968-ci ildə “Nazim Hikmət” Yazı kolunu təşkil etdiyinizdən, indiyədək oranın başqanı olduğunu da söyləyiblər.

Mənim sözümə ara verdiyimi görüb incə bir təbəssümlə: “Bayram İbrahimin şerlərini, Turan Oflazoğlunun “IV Murat” pyesini serb-xorvat dilinə çevirdiyimi, serb-xorvat yazıçısı Miodraq Nikoliçin əsərlərini türkcəyə çevirdiyimi...”—mən onun nəfəs dərməsindən istifadə edərək:

 —Türk xalq şerlərindən seçmələr yayımlatdığını, şer, öqkü, roman,  deneme, eleştiri alanında çalışmalar sürdürdüyünü, bir çox ulusal və uluslararası dil və folklor konqrelərində də bildirilərə katıldığını da söyləyiblər.— deyib onun fikrini tamamladım. Ətrafımızdakılar da, İsgəndərin özü də mənim  bu zarafatıma ürəkdən güldülər. Birdən İsgəndər bəy elə bil ayıldı:

—Arkadaşım, sen heç azerilərin ağzıyla konuşmadın. Türkiye televizyon yönəticiləri kibi qonuşdun.

Onun diqqətcilliyi mənə də ləzzət verdi. Arxamda gizlətdiyim “Doğru Yol” KGSD “Nazim Hikmət” yazı kolu almanaxını göstərdim. Yenidən gülüşdülər. Söhbətimiz axarına düşdü. Şer oxumasını xahiş etdim. Əksər şairlər kimi öncə müxtəlif bəhanələr gətirdi. Təkid etdiyimizi görüb bir neçə şer oxudu. Diktafonum isə onun səsini yazırdı:

 

Her bekleyiş ölümə salamdır uzaklardan

Arabayı, uçağı, tireni bekleriz.

Yüz bin istekle gideriz bir yerdən başqa yerə

Qaçarıq tuzaqlardan

Araba da ölümə gider, tiren də.

Her bekleyiş bir başka tatlı gelir bize.

Her gedişde bir az daha yaklaşırız kendimize

Akşam olanda, güneş mavi sulara girende.

 

Mövlana Cəlaləddin Ruminin etkisiylə yazdığı şe’rlərdən birisini oxumasını xahiş etdik. Deyəsən İsgəndərin ilhamı gəlib. Öncə bir şe’r oxumaq istəmədiyi halda indi ara vermədən üç-dördünü oxuyur. Onlardan biri belə idi:

 

Gəl, gəl, yenə gəl.

Sevginin ötəsindən sevgi getir bize

Erinc taşı açının ötesindən

Zenginliyinle gəl, çomertliyinle

Və qarışıqlığınla yüzyılın

Bu günə doğru yürü

Türkü söylə                     

Yaz şiirleri dize-dize

Hüzursuzlukda yak işığını

İyiligin, bilginin

Gəl onüçüncü yüzyıldan

Bugünün ağırlığını seze-seze

Yanımızdasın

Gəl, gir içimizə.

 

Söhbətimizin istiqaməti dəyişdiyindən mən onu öncəki axarına salmaq üçün: — İsgəndər bəy , Prizren harada yerləşir?—deyə xəbər aldım. O sakitliklə: “Kosovoda” —dedi və səbrlə dinlədiyimizi görüb auditoriyada tələbələri qarşısında mühazirə oxuyan müəllim ədasıyla:

— İkinci Dünya Savaşında qaliblər sırasında olan Sovetlər Birliyi Balkanlarda ərazisi 255,8 min kvadrat kilometr olan Yuqoslaviya Federativ Respublikasını yaratdı. Federasiyaya Sloveniya, Xorvatiya, Çernoqoriya, Bosniya və  Hersoqovina,—Makedoniya, Serbiya sosialist respublikaları daxil idi. Ölkənin  paytaxtı Belqrad Serbiyada yerləşirdi. Serblər özlərini hakim xalq sayırdılar. Voyevodina və Kosovo muxtar ölkələri də Serbiyanın tərkibinə qatılmışdı. Doğulduğum Prizren  Kosova  Muxtar ölkəsinə daxildi. Sahəsi 10,9 min kilometr olan bölgənin əsas əhalisi arnavutlar—sizlərin dediyi kimi, müsəlman albanlar və türklərdir. Kosova batıdan Albaniya ilə sərhəddir. Serblər gələcəkdə albanların Kosovanı birləşdirmək niyyətinə düşməsinlər deyə Bros Tito öləndən sonra bölgənin muxtariyyətini ləğv elədilər. Bu Kosovo arnavutlarını elə bil yuxudan ayıltdı.

Avropalıların hər an qürur duyduqları işğalçı yürüşləri ilə öyündükləri İsgəndərin vətəni Makedoniya da Yuqoslaviya ilə Yunanıstan arasında bölünüb. Makedoniyanın  müstəqillik əldə etməsindən yunanlar bərk narahatdır.

İskəndər bəy, Kosova dedin yadıma tarixin bir dövrü  gəldi. Sovetlər Birliyində basılan kitablarda xaçlıların tərəfini saxlama var. Bu da uyarsızlıq yaradır. Hətta bizim Azərbaycan tarixçiləri türk, müsəlman olsalar da, sanki rus qafasıyla yazırlar. Onların yazdığına görə: 1389-cu ilin iyunun 15-də Kosovada serb knyazı Lazarın başçılıq etdiyi 15-20 minlik serblərin və bosniyalıların birləşmiş qüvvələri Sultan I Muradın 27-30 minlik ordusuyla qarşılaşıb. Meydan savaşının qızğın çağında serb feodalı Miloş Obiliç osmanlıların qərargahına soxularaq I Muradı öldürüb. Serblərin inadlı müqavimətinə baxmayaraq Kosovo meydan savaşı osmanlıların qələbəsilə qurtarıb. Knyaz Lazar edam edilib. Serbiya Osmanlı imperiyasının vassallığına çevrilib.

Hər dəfə bu və ya buna bənzər yazıları oxuyanda anlaya bilmirəm. Serblər Osmanlıların qərargahına daxil olub Sultan I Muradı öldürdükləri halda niyə məğlub olub əsarətə düşüblər? Savaş qaydalarına görə qərargahı ələ keçmiş, başçısı öldürülmüş orduda bir çaşqınlıq olar, dağılar.

İskəndər bəy:

 — Yuqoslaviyada basılan kitablarda, qəzet və dərgilərdə, radio və televizyon yayınlarında Kosovo meydan savaşı haqda o qədər yalan, şişirdilmiş şeylər yazıblar, gəl görəsən. Orada yaşayan başqa xalqları demirəm, hətta bizim bəzi türk gəncləri də  bu əfsanələri həqiqət kimi qəbul edirlər.

Sosialist ölkələrində hər şey necə də bir-birinə oxşayır. Tarixi də eyni türlü saxtalaşdırırlar. Məğlub xalqlardan oyuncaq qəhrəmanlar yaradırlar. Bütün bunların arxasında da bir məqsəd durur: Türklərə nifrət oyatmaq.

Türk səlnaməçilərini demirəm, Avropanın peşəkar tarixçilərinin yazılarını oxumuş olsaydınız, onda yanlışlığa həmin anda aydınlıq gətirə biləcəkdiniz.

I Murad Kosova savaşına atılanda 63 yaşı vardı. Özü at belində ordusunun mərkəzində durmuşdu. Sağ cinahında böyük oğlu Yıldırım Bayazid idi, sol cinahında digər oğlu şahzadə Yaqub. Kosova Serbiyanın güneyində dağlar arasında yerləşən  eni təxminən 14 kilometr, uzunu 84 kilometr olan bir çökəklikdir. Dəniz səthindən 500—700 metr yüksəklikdə təpəliklər və kiçik dərələrdən ibarət bu obanı quzeydən Kopanik, güneydən isə Şar-Planina dağ silsiləsi çevrələyir.

I Murad bilərəkdən Kosovo obasını döyüş meydanı seçmişdi. Avropa dövlətləri əlavə qüvvə göndərsəydilər belə, ovaya keçirə bilməyəcəkdilər. Uzağı 1—2 günə də türk süvariləri uzunluğu 84 kilometr olan obada düşməni tə’qib edib sonuna çıxacaqdılar. Hər şey Sultan Murad tərəfindən çox dəqiq ölçülüb-biçilibmiş.

Kəndlilər, şəhərlərin sənətkarları Osmanlıların gəlişinə o qədər də pis baxmırlarmış.Çünki xalq kiçik feodalların bir-birilə ara verməyən savaşlarından cana doymuşdu. Türklərin Balkanlara gəlişindən xaçlılar qorxuya düşmüşdülər. Serblərdən, bulqarlardan, arnavutlardan, xorvatlardan, macarlardan,  makedonlardan, lehlərdən, ulahlardan, çexlərdən,  slovaklardan, qaradağlılardan, bosniyalılardan, slovenlərdən təşkil edilmiş muzdlu ordu Osmanlılara qarşı çıxarılmışdı. Qaynaqlarda bu ordunun  döyüşçülərinin  sayı 40—80 min nəfər göstərilir. Savaşın ilk  çağlarında şahzadə Yaqub məğlubiyyət təhlükəsi qarşısında qalır. Yıldırım Bayazid qardaşına köməyə gəlir. Onu halqaya almaq istəyən düşmənə arxadan sarsıdıcı zərbə vurur. Düşmən qaçmağa üz qoyur. Sultan Murad Yaquba qaçan düşməni tə’qib etməyi tapşırır.

Səkkiz saata yaxın davam edən  meydan savaşında qan dizə çıxır. Laza əsir alınır. I Murad hərb meydanını dolaşarkən, əsir kralın damadı Miloş Sultana  yaxınlaşmaq istəyir. Qoruyucular buraxmayanda Miloş: “Buraxın məni, mən Sultanın əlini öpməyə gedirəm.” —deyir.

Qalib Sultan Murad sayıqlıq göstərmir. Qoruyucularına Miloşu buraxmağı əmr edir. Miloş əyilib Sultanın əlini öpəndə paltarının altında gizlətdiyi kiçik xəncərini çıxarıb I Muradın düz ürəyinə soxur. Tarixçilərin yazdığına görə, qərargaha soxulub  I Muradı öldürmək belə olub.

Sultan Muradın cənazəsi Bursaya aparılıb əqrəbalarının yanında dəfn edilib. Öldürüldüyü yerdə isə ürəyi, ciyəri və bağırsaqları basdırılıb. Həmin yerdə əzəmətli bir cami ucaldılıb. Cami 500 ildən çoxdur ki, müsəlmanların ibadətgahıdı. Türklər balkanlardan sıxışdırılandan sonra serblər həmin camenin qarşısında Miloşun şərəfinə 15 metrlik bir abidə ucaldıblar. Üzərinə də kin-küdurət dolu sözlər yazıblar. Qalib xalqın oğlu olduğuna baxmayaraq  məğlub xalqların təhqir və tə’nələrini uda-uda yaşayırıq.

— İsgəndər bəy, Osmanlılar Balkanlara yürüş edəndə oralarda məgər türklər yaşamırdılar?

 — Həmin dövrlərin səlnamələrində Balkonlarda çoxlu türkcə toponimlərə rast gəlinir. O yerlərdə yaşayan türklər görünür hunqarlar kimi öz köklərindən uzaqlaşıb, xristian dininin tə’siri altında türklərlə düşmənə çevriliblərmiş. Osmanlılar Balkanlarda hökmran olduğu 550 ildə heç bir xalqı assimilə etmədi. Dilinə, kültürünə  basqı yapmadı. Gündə bircə ailəni assimilə etsəydilər indi balkanlarda nə yunan qalmışdı, nə serb, nə xorvat, nə bolqar, nə də başqa xalq. Bizim babalarımızın etmədiklərini son 150 ildə xristianlar bizlərə etdilər. İndi Balkanlarda türkləri az qala barmaqla saymaq olar.

Babalarımız Balkanlarda 500 ilə yaxın hürriyyət yaratdı. Aldıqlarından çox verdilər. Ekrem Hakkı Ayverdininin incələməsinə görə Osmanlı İmperatorluğu  Yuqoslaviyada 3500 came və məscid, 1500 məktəb, 300 mədrəsə, 400 tekke, 1000 çeşmə, 500 hap, 200 hamam, 25 müsafirhane, 50 türbə, 40 saat kulesi, 15 bedestan, 60 imaret, 40 karvansaray, 15 kütüphane, 1000 sebil, 25 Darülhadis, 100 körpü, 50 qale və s. yapmış və yaşatmışdı.

Osmanlı imperatorluğunun “zülmündən xilas olandan” sonra Balkanlar yenə qan çanağına dönüb. Ən azı 40—50 ildən bir qanlı savaşlar baş verir. Çox təəssüf ki, xalqlar hələ də ayılıb həqiqəti anlamayıblar.

— Qardaşım, bu Balkanlarda  yaşayan xalqların qəbahəti deyil. Bizim Qafqazda da elədir. Dünya gücləri bunu belə yönəldir. Günü-gündən qüdrəti artan gənc imperiyalar belə siyasət yeridir. Bu işdə xalqları oyuncağa çevirir, öz istəklərini onların əlilə həyata keçirirlər.

Bir diqqət yetir: Rus imperiyası “xristian qardaşlığı” adıyla 1783-də Gürcüstanı öz tərəfinə çəksə də, Qafqazda möhkəmlənə bilmədi. Rusiya    1787-1791-ci illərdə Osmanlı imperiyası ilə Balkanlar uğrunda açıq savaşa atıldı. O biri tərəfdən də serbləri, xorvatları, yunanları və b. xalqları türklərin əleyhinə qaldırdı. Məqsədi Osmanlı imperiyasını həm doğudan, həm batıdan çəmbərə almaq idi. Rus orduları 1796-cı ildə general Zubovun komandanlığı altında Azərbaycana soxulsa da, 1797-ci ildə geri çəkilmək məcburiyyətində qaldı.  1804-cü ildə general Sisyanovun komandanlıq etdiyi rus ordusu Ramazan ayında Gəncəyə basqın etdi. Gəncə xanı Cavad xan və şəhərin müdafiəçiləri rus ordularına qarşı qəhrəmanlıqla döyüşüb həlak oldular. Azərbaycanda Rus imperiyasına qarşı döyüşlər 1813-cü il Gülüstan andlaşmasınadək davam etdi. Birinci Serbiya üsyanı adlandırılan döyüşlərədə diqqət yetirsək, 1804-1813-cü illərə düşdüyünü görərik. Məgər bunlar təsadüf idi? Xeyr! Doğuluların dəli Petro, Avropalıların I Pyotr dedikləri Rus çarının vəsiyyətlərini yerinə yetirərək isti dənizlərə çıxmaq, İstanbulu işğal edərək özünə paytaxta çevirmək istəyən Rus çarları Qafqazda açıq döyüşə gedirdilərsə də, Balkanlarda əsasən yerli xalqlardan istifadə edirdilər. Onlara silah, sursat, hərbi kadrlar verərək Osmanlı imperiyasının əleyhinə qaldırırdılar. Nə bu xalqlar, nə də Osmanlı imperiyasının tərkibində olan müsəlman ərəblər “milli azadlıq mübarizəsi”nin nəylə nəticələnəcəyini görmürdülər.

1877-78-ci il  Rusiya-Osmanlı müharibəsində Rusiya Kars ilini işğal etdi. Balkanlarda isə Serbiya və Çernoqoriya guya tam müstəqillik əldə etdi. Ümumiyyətlə, son 200 illik tariximizdə oxşarlıqlar çoxdu. Bunun hamısının arxasında da Dəli Petronun hazırladığı strateji plan — türklərin dövlətçilik gələnəyinə son qoymaq durur!

— Qardaşım, dediklərin doğru. Biz Balkan türkləri yönümüzü batıya çevirdiyimizdən Günəşin necə doğduğunu görmürük. Siz Qafqazlıların Türkiyəni, Balkanı tanıdığı kimi bizlər Qafqazı tanıyırıq. 200 il öncə Balkanlarda türklərin sayı heç də Qafqazdakından az deyildi. Toparlanıb müqavimət göstərə bilmədik. Avropanın xristian dövlətləri də bizə çox basqılar yapdılar. Üzdə dostluqdan, insan haqlarından dəm vurub, arxada olmazın iyrənc planlarını hazırlayıb həyata keçirdilər. Bir sözlə, pambıqla baş kəsdilər.

Sizlər özünüzü qorudunuz. İndi, şükür Qafqazda Azərbaycan Respublikası kimi dövlətiniz var. Balkarlar, Qaraçaylar da pis-yaxşı özgürdürlər. Noqaylar, qumuqlar mədəni muxtariyyət əldə ediblər. Balkanlarda isə türk toplumunun mədəni muxtariyyəti yoxdu. Çünki babalarımız ya savaşlarda, sürgünlərdə həlak oldu, ya assimilə olundular, yaxşı halda isə qaçıb Türkiyəyə sığındılar. Azərbaycan bu gün gücsüz olsa da Türkiyə ilə, Batı Türklərilə Türküstan  arasında bir körpü rolunu oynayır. Bundan biz də ibrət dərsi almalı, yönümüzü Batıya deyil, Doğuya—Qafqaza,Türküstana — Günəşə doğru çevirməliyik.

İsgəndər Müzbeglə söhbətlərimiz bitib tükənmək bilmirdi. Avtobusda da, süfrə arxasında da, yığıncaqlar arası fasilələrdə də, istirahət saatlarında da davam edirdi. Bəzən söhbətimiz gərginləşəndə başqalarına mane olduğumuzu hiss edən kimi səsimizin tonunu azaldırdıq. Bu işdə İsgəndər bəy, xüsusilə, həssas idi. Bir dəfə söhbət zamanı:

—İskəndər bəy, əhalinin artımına dair cədvəllərə göz gəzdirəndə Yuqoslaviyada xalqların əksəriyyətinin sayının artdığını, türklərin isə artmadığını müşahidə etmişəm. Nədən türklər artmırlar? —deyə xəbər aldım. İskəndər bəy dərindən ah çəkib:

—Artır, qardaşım, artır. Amma Yuqoslaviyada qala bilmirlər. Müxtəlif yollarla ölkəni tərk edirlər. Yəhya Kamalı yəqin tanıyırsan. Onun doğum yeri Üsküpdür(Skonuye) —bugünkü Makedoniyanın paytaxtı. Yəhya Kamalın “Kaybolan Şehir” şe’ri Yuqoslaviya türklərinin sanki hamısının taleyidir.

İskəndər bəy çantasını qurdalayıb kağızlar çıxarır. Onlar arasından birini seçib hüzündəymiş kimi kədərlə oxuyur:

 

Üsküp ki, Yıldırım Beyazid xan diyarıdır.

Evladi Fatihana onun yadigarıdır.

Firuzə qübbələrlə bizim şəhərimizdi o

Yalnız bizimdi, çehre və ruhuyla bizdi o!

Üsküp ki Şah dağında davamıydı Bursanın

Bir lale bahçesiydi tökülmüş  temiz qanın..

Üç şanlı hərbin arşa asılmış silahları

Parlardı yaşlı gözlere bayram sabahları.

Bengirmeden hayatı şafaklandıran çağa

Bir sonbaharda annemi gömdük o toprağa,

İsa beyin fetihdə açılmış məzarlığı

Hülyama ahiret kibi nakşetti varlığı.

Vaktiyle öz vatanda bizimken, bu gün neçin

Üsküp bizim deyil? Bunu duydum için-için.

Kalbimde bir hayalı qalıp, kaybolan şehir

Ayrılmanın bırakdığı hicran derindədir.

Çok sürse ayrılık, aradan keçse çok sene

Biz sende olmasak bile, sen bizdesin gene!

 

Avstriya-Macarıstan, faşist Almaniyası, Rusiya bu və ya başqa ad altında Balkanları işğal etdilər. Onlardan  kimisinin ömrü beş il oldu, kimisinin də 50—100 il. Amma Osmanlı imperiyasının Balkanlardakı hakimiyyəti 550 ilə qədər çəkdi. Dış güclərin, xüsusən də Rusiyanın tə’sirilə Balkanlardan türklər dışlandı. Bu əslində fiziki dışlanma oldu. Balkanların hər qarış torpağı bu gün də türklükdən xəbər verir. Dağ-daş, çay, göl, kənd-kəsək adları da türkcədi. Tarixi abidələri də türk abidələridir. Dillərindəki sözlərində, yeməklərində, bir sözlə kültürlərində, bir sözlə, türklük Balkan xalqlarının içində bu gün də yaşayır, sabah da yaşayacaq.

İskəndər Müzbeğlə bir həftəlik söhbətlərimiz bizi daha da yaxınlaşdırdı. Sonralar görüşə bilməsək də, telefon və məktubla, tanışlar vasitəsilə sıx əlaqə saxladıq. Balkanlarda baş verən hər bir dəyişikliyi diqqətlə izləməli oldum. Axı orada İskəndər Müzbeg kimi on minlərlə soydaşımız var. Onların taleyinə məgər biganə qalmaq olar?!

 

16.10.1997


 

TARİX YENİDƏN YAZILIR:

EJER ÇOLOKOV

 

Ejerlə ilk tanışlıqda onu elə qucaqlayıb sıxışdırdım ki, az qala sümükləri sınsın. Sevincdən gözlərim yaşardı. Yazıq uşaq çaşıb qalmışdı. Bilmirdi tanımadığı, ilk dəfə üzünü gördüyü bu adam ondan nə istəyir. Təəccüblə bizi tanış edən Arif Acalın üzünə baxırdı. Arifin isə üzündə bu tanışlıqdan doğan bir sevinc vardı. O, sanki, Göyün yeddinci qatındaydı. Bizi tanış etməyindən duyduğu məmnunluq Arifi sanki sərxoş etmişdi. Ağzını açıb bir söz demirdi. Mənim də həyəcandan nitqim tutulmuşdu. Xoş bir söz tapıb Ejeri çaşqınlıqdan qurtara bilmirdim. Həyəcanlanmağım, sevincimdən qeyri-iradi hərəkətlər etməyim səbəbsiz deyildi...

Yüksək okulda oxuduğumuz illərdə milli şüurlu gənclər arasında bir sual tez-tez təkrarlanırdı: “Nə üçün özbək, qazax, türkmən və b. türk xalqlarının dillərində yazılmış şer və poemalar, hekayə və romanlar, elmi əsərlər rus dili vasitəsilə dilimizə çevrilir? Niyə birbaşa çevirmələr yox dərəcəsindədir? Birbaşa çevirmələr axı daha asandır. Asanı qoyub niyə çətinə gedilir? Niyə Rusiyanın müxtəlif şəhərlərindəki yüksək okullara Azərbaycandan gənclər göndərilir, ancaq Özbəkistana, Türkmənistana, Qırğızıstana, Qazaxıstana göndərilmir?”

Bu və buna bənzər sorular yörəsində çox baş sındırır, mübahisələr edirdik. Son ucda bu qənaətə gəlirdik: “Türklərin yaşadıqları bölgələr arasında istər mədəni, istərsə də iqtisadi ilişkilərə Moskva mane olur. Çarlıq vaxtında da belə olmuşdu. Çar devrilsə də, quruluşun dəyişildiyi elan edilsə də, Rusiyanın müstəmləkə siyasəti dəyişməmişdir. 1920-ci illərdə—Rusiyanın gücdən düşdüyü vaxtlarda xalqlara qarşı sərt münasibət mədəniyyət sahəsində xeyli yumşalmışdı. Bakının yüksək okullarında, texnikumlarında Özbəkistandan, Krımdan, Dağıstandan və b. bölgələrdən gəlmiş tələbə dəstələri oxumuşdu. Hətta Azərbaycan mətbəələrində kitablar, jurnallar çap edilmişdi. 1937-ci ilin irticası isə buna son qoymuşdu.

1970-ci illərdən sonra yenə belə bir yumşalma hiss edilirdi. Ukraynadan gəlib Azərbaycan türkcəsini öyrənən tələbələr bizimlə bir yataqxanada qalırdılar. Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsində oxuyan Akif Bağırovu isə ikinci kursu bitirdikdən sonra Daşkənd Universitetinin filologiya fakültəsində oxumağa, özbəkcəni öyrənməyə göndərmişdilər. O da, yüksək okulu bitirəndən sonra aspiranturaya girdi, bilgin oldu, orda qaldı.

Uzun fasilədən sonra Azərbaycanın yüksək okullarında türk xalqlarının övladları təhsil almağa başlamışdılar. Ejer də onların ilk qaranquşlarından idi. O, M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin filologiya fakültəsində oxuyurdu. Azərbaycan türkcəsini, ədəbiyyatımızı, tariximizi öyrənəcəkdi.

Ejer Çolokov qarşıya qoyulmuş vəzifəni çox başarıyla yerinə yetirdi. Qısa müddətdə Azərbaycan türkcəsini öyrəndi. Qazaxlı uşaqlarla oturub-durduğundan, dostluq etdiyindən danışanda ədəbi dildə deyil, Qazax ləhcəsində danışırdı. Onun üz quruluşu da onlara oxşayırdı. Çox vaxt onun Altaydan gəldiyinə inanmırdılar. Yaxından tanımayanlar onu qazaxlı, yaxud Borçalı balasına, qarayazılıya oxşadırdılar.

Buna bəzən özü də ürəkdən gülürdü. Zarafatla deyirdi: “Bu azərbaycanlılar qəribə insanlardır. Kimə deyirəm mən altaylıyam, Dağlıq Altaydan gəlmişəm inanmır, elə ki yalandan ya Borçalıdan, ya Qarayazıdan, ya da Qazaxdan olduğumu deyirəm, həmin dəqiqə inanırlar”. Ejerin belə zarafatları bəzən onun başına bəla olur, onu çıxılmaz vəziyyətdə qoyurdu. Ondan küçədə, bazarda “haralısan?”—deyə xəbər alanlara dostlarının rayonunu, kəndinin adını deyəndə “Kimin oğlusan?”—deyə soruşanlara cavab verə bilmirdi. “Bizim kənddə sənin kimi adam yoxdur.” —deyə məzəmmət edilirdi. Bütün bunlara baxmayaraq, zarafatından qalmır, ciddi cəhdlə “azərbaycanlı olduğunu” sübut edirdi.

Ejer oxumağa gələn vaxtlarda Azərbaycanda çox az adamın Altay türkləri haqqında bilgisi vardı. Odur ki, Ejer Azərbaycanı öyrənməklə yanaşı, bizləri də öyrədir, Altayı və altaylıları tanıdırdı.

1988-ci ildə xalq hərəkatı başlayandan sonra sərbəst toplanmaq imkanı əldə etdik.  Bu imkandan yalnız siyasi məqsədlər üçün istifadə etmir, həm də maarifçilik işi aparırdıq. Ejeri də Naxçıvana aparmağı, Tarix muzeyi nəzdində yaratdığımız ”Yurd” birliyində, institutda, kəndlərdə, çayxanalarda təşkil etdiyimiz toplantılarda çıxışını təşkil etməyi planlaşdırdıq.

Bakıda 1988-ci il noyabrın 16-da başlayıb dekabrın 4-dək davam edən çoxminli mitinq başımızı qatdı. Sonra da mitinqin təşkilatçılarının və fəal iştirakçılarının həbsi və təqibləri başladı. Xalq hərəkatında bir durğunluq və geri çəkilmə oldu. Müvəqqəti sakitlikdən sonra yenidən hərəkətə gəlmək lazım idi. Çoxminli mitinqlər təşkil etmək mümkün deyildi. Xalqı buna hazırlamaq üçün kiçik toplantılara, yığıncaqlara ehtiyac vardı.

1993-cü ilin aprelində Bakı Dövlət Universitetinin kitabxanaçılıq fakültəsində oxuyan, xalq hərəkatının öncüllərindən olan Əlisəfa, Bahəddin, Tina 4-cü kursda oxuyan Ejer Çolokovu və universitetin şərqşünaslıq fakültəsinin türk dili tərcüməçisi bölümünün birinci kursunda oxuyan qaqauz Tudora Arnautu Naxçıvana gətirdilər. Ejer Çolokov ötən illərdə Azərbaycan televiziyası və radiosunda çıxış etdiyindən, qəzetlərə müsahibə verdiyindən əhalinin müəyyən bir qrupu tərəfindən tanınırdı. Sovetlər Birliyində rejimin yumşalması türkçülüyün inkişafına da təkan vermişdi.

Oğlanları bizim evdə, qızları isə “Sovet Naxçıvanı” qəzetində tərcüməçi işləyən, iş yoldaşım və qonşumuz Tahirə Müslümqızıgildə yerləşdirdik. Birinci gün nisbətən sakit keçdi. Qonaqları Naxçıvan şəhrinin görməli yerləri, tarixi anıtları və muzeyləri ilə tanış etdik. İkinci gündən isə sıx proqramımız başladı. Biz hər toplantı üçün 3 saat  nəzərdə tutmuşduq. Amma adamların söhbətlərə marağı və həvəsinin çoxluğundan  yığıncaqlar adətən 4-5 saat sürürdü. Vaxtın çoxu sual-cavablara ayrılırdı. Adamlar acgözlüklə suallar verir, maraqla cavabları dinləyirdilər. İstəmirdik heç kimin ürəyində sözü qalsın. Hamıya ürəyini boşaltmağa imkan verirdik. (bə’ziləri mövzudan, mətləbdən kənara çıxıb, şəxsi problemlərindən danışsa da). Təntənəli yığıncaqlara, toplantılara alışmış yazıçı və şairlər, partiya işçiləri belə, xalqın 18-20 yaşlı gənclərin söhbətlərinə heyranlıqla qulaq asmalarına mat qalırdılar. Toplantılar bir-birindən 30-35 kilometr aralıda olan kəndlərin mərkəz meydanlarında, çayxanalarda, klublarlarda keçirilirdi. Xəbər verməyə imkan yox idi. Dost-tanış böyük həvəslə bizi şəxsi maşınları ilə bu kənddən o kəndə aparırdı. Rayonların partiya, sovet, milis işçiləri isə bu toplantıları dağıtmağa təşəbbüs də göstərmirdilər.

Biz adamlar qarşısında yalançı çıxmayaq deyə, toplantının uzanması nəticəsində  itirdiyimiz vaxtı nahar fasilələrini ixtisara samaqla, yolda maşının sür’ətini artırmaqla çıxmaq istəyirdik. Belə vaxtlarda Tudora utanıb sussa da, Ejer zarafatla “yemək verməsəniz, danışan deyiləm!”, “Heç olmasa, yüz qram araq verin içim ki, ayaq üstə durum. Yoxsa acından yıxılacağam!” deyirdi. Biz də ona bolluca vəd verirdik. Yemək məsələsi isə qalırdı axşam saat 21-22 civarına.

Bax beləcə, onlar həm Naxçıvanı gəzir, həm də xalqları haqqında bilgi verirdilər. Ejer Azərbaycanı nisbətən yaxşı gəzsə də, dostları ilə dəfələrlə Qazaxın, Borçalının kəndlərində olsa da, bə’zən heyrətini gizlədə bilmirdi. Bir dəfə həyəcanla “Müəllim, siz Azərbaycan türkləri özünüzü müsəlman sayırsınız?” —deyə xəbər aldı. Mən də eyni ahənglə yarıciddi, yarızarafat “Buna şübhən var?” —deyə soruşdum.

Asəfkəflə getdim, gördüm  dağdağan ağacının budaqlarına nə qədər əski bağlanıb. Elə bildim Altaydayam! İmamzadaya getdim, gördüm binanın içərisində qara daşlar var. Adamlar o daşlara sitayiş edirlər. Yenə yadıma doğulub boya-başa çatdığım yerlər düşdü. Qazaxın Aslanbəyi kəndində, Borçalıda olduğum meyxana məclisləri yadıma Şaman-qam mərasimlərini salırdı. Sovet hakimiyyəti illərində onlarla şamanı öldürdülər, həbs etdilər, sürgünə yolladılar, şamançılıq əleyhinə illərlə təbliğat apardılar. Amma şamançılığı xalqın ruhundan qopara bilmədilər. İslam dini 1400 ildi daşa, ağaca sitayişi yasaqlayıb. Siz bu yasaqlara baxmayaraq, bizimkilər kimi, hələ də daşa, qayaya sitayiş edir, şaman mərasimləri keçirirsiniz. Bizdə hər nəslin öz ağacı  var. —deyə Ejer sözünə  davam etdi. —Yaylağa çıxanda həmin ağaca sitayiş edir, budağına parça bağlayır, dibində qurban kəsirik. Müqəddəs dağlarımız, qayalarımız var. Onlara da qurban kəsirik. Biz müsəlman deyilik, ona görə bunları edirik. Siz ki müsəlmansınız, niyə bunları edirsiniz? —dedi.

Ona xalqlarımızın tarixindən, soykökünün eyniliyindən, Ata Ruhuna ehtiramdan və s. söhbət açdıq. Naxçıvan Dövlət Pedaqoji İnstitutunun öyrətməni, filologiya elmləri adayı Arif Rəhimoğlunun mifologiya mövzusunda söhbətlərini uşaqlar daha böyük maraqla dinləyirdilər. Ejer və Tudora bir neçə gün də institutun yataqxanasında qalıb axşamlar tələbələrlə diskussiyalarda iştirak etdilər. Onların Naxçıvan Televiziya  və Radiosundakı çıxışları, özəlliklə də ana dillərində şer oxumaları, qəzetlərə verdikləri müsahibələr maraqla qarşılandı. İstər toplantılardakı, istər radio və televiziyadakı çıxışlarını eşidən naxçıvanlıların çoxu heyrətlə deyirdilər: “Onlar da bizim kimi danışır ki”.

Ejergil Naxçıvana Bakı-Noraşen qatarı ilə gəlmişdilər. Araz çayı üzərindəki Xudafərin körpüsünü heç olmasa bir dəfə vaqonun pəncərəsindən görmək üçün bütün gecəni yuxusuz keçirmişdilər. Görüşlərdə, süfrə arxasında Azərbaycanın parçalanması məsələsi tez-tez müzakirə obyektinə çevrilirdi. Bu məsələdən söhbət düşəndə Ejer daha çılğınlıq göstərirdi. Azərbaycan tarixini, tarixi coğrafiyamızı pis bilməsə də, tez-tez deyirdi: “İran İslam Respublikasında 30-35 milyon türkün yaşadığını dəfələrlə eşitsəm, oxusam da, inana bilmirəm. Ona görə inana bilmirəm ki, belə bir böyük güc öz taleyini niyə həll etmir? Niyə ayağa qalxıb birləşmir. Müstəmləkəçiləri qovmur?!” Onun belə çılğınlıqla çıxış etdiyi bir vaxtda tanınmış türkoloq N.A.Baskakovun “Altaylılar — qüzey və güney qrupuna ayrılan bir neçə tayfa birləşməsinin məhsuludur...” cümləsini oxuyanda duruxdu. Diqqətlə gözlərimə baxdı. Nə demək istədiyimi başa düşdü. Mənə müraciətlə dedi: “Müəllim, kitabdan-kitaba, bir elmi əsərdən başqasına keçən, ilk baxışda sırf elmi səciyyə daşıyan bu tərifin Altayın real həyatında min bir sifəti var.

Cəmi 80-90 min nəfərdən ibarət olmamıza baxmayaraq, Güney və Qüzey altaylılar bir-birlərindən xeyli fərqlənirlər. Bu fərqlilik öncə ləhcəmizdə hiss edilir. Qüzey qrupuna daxil olan tuba, kumandı, çalkandu ləhcələrində uyğur-oğuz elementi güclüdürsə, Güney qrupu qıpçaq ləhcəsində danışır. 20-ci yüzilin 20-30-cu illərinədək, yəni Sovet hakimiyyəti qurulanadək altaylıların ədəbi dili qüzey qrupuna daxil olan tayfaların ləhcələri əsasında formalaşırdısa, son 60-70-ci ildə Güney ləhcəsi ön plana çıxdı. Bu da səbəbsiz deyildi.

Sovetlər Birliyinin etnik xəritəsində Yakutsk şəhərindən Naxçıvanadək olan məsafəyə diqqətlə baxın. Sonra da orada yaşayan türk xalqlarının bu gününü göz önünə gətirin. Son illər iks şəhəri və onun ətrafında baş verən hadisələri yada salın. Əgər təsəvvürümüzdə tam aydın bir mənzərə yaransa, hər respublikanın, vilayətin, bölgənin güneyində yaşayanların qüzeydəki soydaşlarına nisbətən milli köklərə daha möhkəm bağlılığını, etnik cəhətdən daha az qarışıq olduğunu görəcəyik.

Dağlıq Altayda da son onillərdə Güney bölgəsi fəallaşdı. Beləliklə, Güney ləhcəsi ümumxalq ədəbi dilinə çevrildi. Bu doğal və yasal ortamda baş verdi. Amma  proses o qədər də asan getmir. Müstəmləkəçilər “parçala, hökm sür!” siyasətindən hələ də əl çəkməyiblər. Son illər qəzetlərdə, radio və televiziyada, şifahi təbliğatda güneylilərin qüzeyliləri əritməsi söhbəti baş alıb gedir. Bu mövzuda altaylılar da, altaylı olmayanlar da danışır, yazır, mübahisəyə girişirlər. Necə deyərlər meydanı qızışdırırlar. İş o yerə çatıb ki, kumandı ləhcəsində danışanlar pasportlarında milliyyətlərini kumandı yazdırırlar. Güneylilərin danışığında isə tuba sözü az qala söyüşdür; Ç.Aytmatovun dediyi kimi, öz kökündən ayrılmış, soyunu-kökünü bilməyən, “manqurt” anlamında işlədilir.

Ziddiyyəti bir şeylə də dərinləşdirirlər. Yaxşı bilirsiniz ki, Altay sözü çoxmənalıdı: 1. Bir sıra türk xalqlarının mənəviyyatında “xüsusi yer tutan”  2. Vətən, bölgə, məskən, ərazi. 3. Muxtar vilayət və diyar adı. 4. Hipotetik bir kökə gedib çıxan türk, monqol, tanqus-macar dilləri ailəsinin adı. 5. Ləhcə adı kimi işlədilir. Bu çoxmənalılıqdan da imperiyanın dəyirmanına bilərəkdən və ya bilməyərəkdən su tökən dilçilər və qeyri-dilçilər istifadə edirlər. Tarix səhnəsinə yenidən toparlanıb çıxmaq istəyən xalqa hər cür əngəllər törədirlər.

Müstəmləkə məmurları görürlər ki, altaylıları asanlıqla sıxışdırıb aradan çıxara bilmirlər. Düzdür, onlar Güney Sibirin etnik və lingivistik tarazlığını pozublar. Orada yaşayan türkləri altaylılar, xakaslar, tıvalılar, şorlar və s. adlar altında müxtəlif xalqlara çeviriblər. II Yekaterina zamanında —18-ci yüzilin sonlarında altaylıları xakasları, şorları zorla xristianlaşdırdılar. Adamlar hökumət məmurlarının yanında xristian olduqlarını söyləsələr də, hətta kilsəyə getsələr də, uşaqlarına rəsmi sənədlərdə xristian adı versələr də, oradan ayrılan kimi yenə əski inanclarından əl çəkmədilər. Şaman onlar üçün ən müqəddəs şəxs oldu. 19-cu yüzildə Güney Sibirdə araşdırma aparmış ünlü türkoloq V.Radlov da burada yaşayan türklərin formal olaraq xristianlaşdığını yazır.

İstər çarlıq dövründə, istərsə də Sovetlər Birliyinin hakimiyyəti illərində Güney Sibirdə yaşayan türklər arasında bir tərəfdən tayfa davası salınmış,  kütləvi qırğınlar, həbslər, sürgünlər aparılmış bir tərəfdən də kütləvi surətdə sərxoşluğa aludəçilik təşkil olunmuşdur.

Bütün bunlar əhalimizin sayını ildən-ilə azaltmışdır. Amma yox edə bilməmişdir. İmperiyanın əritmə siyasətinə güneylilər daha güclü müqavimət göstərmişdir. Buna görə də son illər başqa siyasət yeridilir. Güney bölgələrindəki çaylar üzərində nəhəng barajlar — dəryaçalar tikilir. Əhali ata-baba yurdunu tərk etmək, yüz illər boyu alışdığı həyat tərzini dəyişmək məcburiyyətində qalır. Bütün bunlara baxmayaraq, Altay xalqı böyük potensial qüvvəyə malik, keyfiyyətcə yeniləşmiş bir etnos kimi meydana atılmağa hazırlaşır.

Ejerin xalqı haqqındakı bu uzun nitqi yorucu tə’sir bağışlamadı, əksinə nikbinliyi hamımızda xoş ovqat yaratdı.

Yay tətilində evlərinə gedən Ejerə xeyli tapşırıq vermişdim. Bu tapşırıqlar sırasına  folklor, etnoqrafik materiallar toplamaq, yeni kitablar gətirməklə yanaşı, bölgənin ictimai-siyasi durumunu öyrənmək, xüsusən yeni yaradılmış “Eni tal” (yə’ni “Ana dili”) qurumu haqqında geniş bilgi əldə etmək idi. Sovetlər Birliyində bir çalxalanma gedirdi. Biz isə türk xalqları və toplumlarında yeni yaranan qurumlarla birbaşa əlaqə yaratmaq istəyirdik. Amma onların çoxunun məqsəd və vəzifələri haqqında aydın təsəvvürümüz yox idi. Bilmirdik ki, hansı qurumlar yuxarıların göstərişinə, hansılar xalqın istəyilə yaranıb.

Çox keçmədi Ejerdən geniş bir məktub aldım. Məktub Azərbaycan türkcəsində aydın bir dillə yazılmışdı. Həmin məktubu qısa ixtisarla verirəm:

“Ene til”inin (yə’ni “Ana dili”nin — E.E.) məqsədi nədir?” sualını mən daha çox eşidirəm. Hətta bəzi adamlar deyir ki, biz başqa respublikalar və xalqlardakı dil təmizliyi uğrunda mübarizəni kor-koranə təqlid edirik. “Ene til” vilayətdə aparılan bəzi kompaniyalar kimi tezliklə yoxa çıxacaq, —deyənləri də var.

Mən bilmirəm, “Ene til” birliyi neçə il ömür sürəcək. Ola bilsin ki, Altaylar yaşayan bütün kəndlərdə təhsil ancaq Altay dilində olanda; Altayların “Mən Altayam”— deyə özünü dərk etməsi tam güclənəndən sonra, bu təşkilata ehtiyac qalmayacaq.

Hələlik o rahatlığa nə vaxt nail ola biləcəyimizi dilə gətirmək də çətindir.

“Durğunluq dövrü”ndə Sovet dövlətinin hər yanında az-çoxsaylı xalqların milli məktəblərinin bağlandığını siz bilirsiniz. Dağlıq Altayımızda son sinfinədək Altay dilində dərs deyilən məktəb qalmayıb.

İndi isə vilayətimizdə Altay dili və mədəniyyətinin yeni nəfəsi və yeni inkişafı naminə başlanmış işlərə bir nəzər salaq.

Əvvəl, vilayət və rayon mərkəzlərindəki idarə və müəssisələrdə altayca danışa bilməyənlər üçün dil kursları açıldı. Sonra “Zvezda Altaya” qəzetində “Altayca danışmaq və oxumaq” sərlövhəsi altında qiyabi dərslər başlandı. Daha sonralar isə uşaq bağçaları və məktəblərdə Altay dilini öyrənmək istəyən rus uşaqlarının  qrupları yarandı. Məni düzgün başa düşünüz: bu hamısı yaxşı təşəbbüslərdir. Ancaq bunları Altay dilinin inkişafı ilə eyniləşdirmək olmaz.

Vaxtilə vilayət rəhbərləri və xalq təhsili sisteminin məsul əməkdaşları bu işləri sadalayaraq, mərkəzi mətbuat, tele-radio verilişlərində təntənəli hay-küy qaldırırdılar. İndi isə, yuxarıda dediyimiz təşəbbüslər yox olub. Şəhər məktəblərində 6—7 şagirdi “altay” adlanan siniflər (hələ ki) var. Vəssalam.

Bürokratizmin olduqca çevik sistem olduğunu bilirsiniz. Bizdə milli məsələ “çox gözəldir” dedikdən sonra, heç geriləmək olarmı? Bu səbəbə də məktəblərinin rayon xalq təhsili şö’bələrini, rayon XTŞ-ləri vilayət XTİ-ni, vilayət XTİ-nin isə başqalarını  aldatması zəncirvari davam edir. Nəticədə,  Sov. İKP vilayət komitəsinin birinci katibi V.V.Qusev 12 noyabr 1989-cu il tarixli  “Selskaya jizn” qəzetində dərc edilmiş məqaləsində bizim vilayətdə 115 milli məktəb  olduğunu bildirmişdir. Bu böyük yanlışdır. O, “bizdə Altay dilinin öyrənilməsi təşkil olunan 115 məktəb var” desəydi, daha düzgün olmazdımı?

Nədənsə, çoxları elə bilir ki, Altay məktəblərində dördüncü sinfə qədər tədris Altay dilində aparılır. Lakin gediniz, o məktəblərə baxınız. Orda altayca dərsliklər tapa bilməyəcəksiniz. Mən o dərslikləri müəllimləri təkmilləşdirmə institutunda şkaf şüşəsi arxasında görmüşəm.

Yaranmış vəziyyəti təhlil etmək və yalana yalan, düzüə düz demək məqsədiylə biz “Ene til”ini yaratmışıq. Dil xalqın bütün problemlərini özündə birləşdirir. Buna görə də birliyin işi çoxdur.

Altayların işgüzarlığı haqqında ilhamlı və təntənəli sözlər xeyli deyilir. Bunun nəticəsində çoxları özünü itirərək, uşaq-övladını, ömür-həyatını elə bil ki  unudur. Ancaq həqiqəti desək, Altay xalqının həyatı olduqca ağırdır və böyük çatışmamazlıqlar ilə doludur. Heç elə ola bilərmi ki, “Ene til” buna nəzər salmasın?

Bəziləri “Sizin hüquqlarınız yoxdur, siz ictimai təşkilatsınız, sizin nə imkanlarınız var?” deyirlər. Amma dekabrın 6-da vilayət İcraiyyə Komitəsi nəzdində təhsil sahəsi üzrə Ahəngdarlıq Fəaliyyət Şurasının (Koordinasiya Sovetinin —E.E.) yaradılması ilk növbədə ”Ene til”inin zəhmətidir. Həmin səlahiyyətli şuraya “Ene til” birliyinin adamları da daxil oldu və onlar xeyli iş görə bilər.

Çoxları isə belə bir sual verir: “Bəs kəndlərdə təşkil olunan “Ene til” şö’bələri nə etməlidir?”

Hər şeydən əvvəl, yaşadığımız yurd, çay, dağ, qobu-dərələr adlarının təhrifinə yol verməməli. Məsələn, niyə Ekinur kəndinin adını rusca yazanda “Yakonur” olsun? Həmin kəndin adı altayca da, rusca da “Ekinur” olmalıdır.

Bütün müəssisə, kolxoz-sovxoz və b. təşkilatların lövhələri iki dildə yazılmalıdır. Bu çox vacibdir. Qorno-Altaysk şəhərində bu iş geniş həyata keçirilir.

Bu gün Altay xalqını narahat edən bütün  prob-lemlər: Altay musiqisi, Altay nəğmələri, milli xörək-lər, xalqımızın qədim oyunları, Altay geyimləri və s. “Ene til” şö’bələrinin diqqət mərkəzində olmalıdır.

Qəzetlərdə “Ejer Erkin”, “Ejer Altaylı” və s. imza-larla məqalələr yazan, altaycadan Azərbaycan türkcə-sinə, eyni həvəslə də altaycaya tərcümələr edən E.Çola-kov 1990-cı ilin yayında Bakı Dövlət Universitetini bi-tirib vətəninə dönsə də, bizlərlə əlaqəsini kəsmədi. Gah telefonla danışdıq, gah məktublaşdıq. 1993-cü ilin  22-25 aprelində Zuğulbada (Bakı) keçirilən Türk gəncləri Birliyinin üçüncü qurultayında Ejer də iştirak edirdi. Fasilələrin birində qurultay iştirakçısı olan teleutlarla bərk müzakirəyə girişmişdi. Mən türkmənlərlə, özbək-lərlə söhbət edəndə sözləri seçə-seçə, müəyyən fasi-lələrlə danışıram ki, bir-birimizi yaxşı başa düşək. Bun-ların çox iti-iti danışması isə açığını deyim ki, məni təəccübləndirdi. Ejerə müraciətlə: “Teleut dilini harada öyrənibsən? —deyəndə o bərkdən gülərək “Heç yerdə!” — dedi. Sözünə bir az ara verərək:

Müəllim, bunlar da bizim naxçıvanlılardı də. Mehrini necə Ermənistan eləməklə Naxçıvanı Azər-baycandan aralı salıblarsa bunlar da eləcə bizdən ayrı düşüblər. Sizlərin bəxti gətirdi. Naxçıvanlıları Kəngərli, Kəsəmənli, Qarapapaq, Qaraçorlu və s. adlı bir xalq kimi formalaşdıra bilmədilər. Amma bi-zim bəxtimiz gətirmədi. Bir-birindən ayrı salınan hər tayfanı bir xalq kimi formalaşdırdılar.

Teleutların bir çoxu bu gün də özlərini boyat adlandırırlar. Soyköklərini hələ də unutmayıblar” — dedi.

Qurultaydan böyük ümidlər və planlarla ayrıldıq. Onlardan biri də Ejerin Bakıda aspiranturada oxumağa teleutların boyat boyundan olan bir gənc seçib göndər-məsi idi. 1993-cü ilin hadisələri çox şey kimi Bakıya oxumağa türk xalqlarından gənclərin gəlməsini də əngəllədi. Türk xalqlarının ana yurd hesab etdikləri Al-tayda hazırda türklərin 92,6 min kvadrat kilometr sahəsi olan bir özerk — muxtar vilayətləri var. Onun da əhali-sinin az qala yarısı türk olmayan xalqlardır. Buna Ru-siya strateqləri 250 ildə nail ola biliblər. 1756-cı ildə bu yerlər Rusiya tərəfindən işğal olunandan sonra əkinə ya-rarlı, təsərrüfat əhəmiyyətli ərazilər zorla yerlilərin əlindən alındı və oraya ruslar köçürüldü. Ruslarla ailə quran, xristianlığı qəbul edənlərə üstünlüklər verildi. Xalq üsyanları qəddarlıqla yatırıldı. Altaylılar varlıq-larını silahla təsdiqləyə bilməyəndə sözlə təsdiqlədilər. “Maoday-Qara”, “Altay-Buqay”, “Kuçumey” eposları, nağıllar, mahnılar, ata sözləri, dildən-dilə  dolaşdı. Fol-klor nümunələrində xalqın işğalçılara qarşı mübarizəsi, xoşbəxtlik arzuları əks olunurdu. Rusiya müstəm-ləkəçilərinin “geridə qalmış”, “vəhşi” adlandırdıqları, həqarətlə baxdıqları xalqın zəngin milli mədəniyyəti ilə rus ziyalıları hesablaşmalı oldular. 19-20-ci  yüzillərdə Ç. Kurankovdan, M.Yutkanakovdan, Ş.Şunekovdan, N.Ulqaşevdən və b. toplanmış folklor nümunələri nəinki rusiyalı, eləcə də avropalı araşdırıcıların heyrətinə səbəb oldu. Pazarıq kurqanlarından tapılan hun xalçası, deko-rativ tətbiqi sənət əsərləri mədəniyyətsiz, köçəri sayılan xalqın 2500 illik yüksək səviyyəli mədəniyyətindən xəbər verirdi.

1918-ci ilin yayında altaylılar öz milli dövlətlərini qurmağa çalışdılar. Azərbaycanda olduğu kimi Altayda da, 1920-ci ilin aprelində bolşeviklər milli dövləti qan içində boğdular. Amma ideyanı məhv edə bilmədilər. 1922-ci ilin iyununda RSFSR-in tərkibində Oyrat Mux-tar (özərk) vilayəti yaradıldı. 1948-ci ilin yanvarında isə “Oyrat” sözü “Altay”la əvəzləndirildi.

Altaylılar bu günkü nisbi muxtariyyətləri üçün 1918-ci ildə müstəqillik uğrunda vuruşmuş ata-babalarına borcludurlar. Çox təəssüf ki, 70 il onların adını çəkmək və xidmətlərini layiqincə qiymətləndir-mək mümkün olmayıb. Bu gün isə Türk Dünyasının hər yerində olduğu kimi, Altayda da tarix yenidən yazılır.

 

20.10.1996

 

 

QAQAUZAM, BUCAQDIR YERİM: –

TUDORA ARNAUT

 

Yoldaşları ilə qızğın söhbət edə-edə yataqxanaya gedən Ejer məni qarşısında görəndə bir an duruxdu. Qıyıq gözləri daha da balacalaşdı. İçdən gələn bir səmiyyətlə görüşdük. Mən tələbə yoldaşım Əlipənah Bayramovun evindən metronun Elmlər Akademiyasına, o isə əks istiaqmətə — universitetdən yataqxanaya gedirdi. Tələsdiyimdən görüş üçün vaxt  müəyyən-ləşdirib  ayrılmaq istədim. Bunu hiss edən Ejer yanın-dakı qızlardan ikisini göstərərək: “Qaqauzdurlar. Bu il universitetə qəbul olunublar,”—dedi.

Onun verdiyi xəbər məni də bərk sevindirli. Ərklə: “Götürüb gətirərsən Naxçıvana. Tut arağını bol edəcəyəm!”—deyib ayrılmaq istədim. Bayaqdan sakitcə duran qızlardan qarabuğdayı, bəstəboylusu qaş-qabağını salladı. Sözüm xatirinə dəydiyini anlasam da üstünü vurmadım.

Azərbaycanı bürümüş mitinq dalğası, təqiblər, qadağalar, komendant saatları Bakıda təhsil alan altaylı və  qaqauz tələbələrini Naxçıvana aparmaq istəyimizi 6-7 ay yubatdı. Meydan dağıdılandan (5 dekabr 1988-ci il) sonra yalnız Bakıda deyil, Azərbaycanın hər yerində bir sakitlik hökm sürürdü. İnsanların içərisində azadlıq eşqi kükrəsə də üzdə bir sükut vardı. Sükut buzunu qırmaq, qadağaları da pozmaq lazım idi.

Çox ölçüb-biçdikdən sonra kəndlərdə ilk baxışda siyasətdən uzaq, maarifçi mitinqlər keçirməyi qətiləşdirdik. Naxçıvan Dövlət Tarix Muzeyinin nəzdində yaratdığımız “Yurd” tarix-etnoqrafiya birliyini işə qoşduq. Əslində bu birlik gizli fəaliyyət göstərən təşkilata üzvlər cəlb etmək, milli şüuru oyatmaq məqsədilə yaradılmışdı. Özünün idarə orqanı—idarə heyəti olsa da, idarə heyətin üzvlərinin yarısı gizli  təşkilatın üzvü olduğundan əslində gizli təşkilat tərəfindən idarə olunurudu.

Universitetdə fəaliyyt göstərən “Yurd” birliyinin (hər iki birliyin adı eyni olsa da bir-birindən asılı deyildilər) öncülləri ilə danışıb razılaşdıq. Aprel ayının ikinci yarısında Əlisəfa[3], Bahəddin, Tina filologiya fakültəsinin IV kursunda oxuyan  altaylı Ejer Çolokov, qaqauz Fyodora (Tudora) Arnautla birlikdə Naxçıvana gəldilər.

Naxçıvan sərhəd bölgəsində olduğundan burada doğulub başqa bölgələrə oxumağa, işləməyə gedənlər də istədikləri vaxt evlərinə dönə bilmirdilər. Mütləq buraxılış vərəqəsi almalı idilər. Buna görə də tələbələr Bakı—Yerevan qatarına bilet almışdılar. Naxçıvan dəmiryol stansiyasında sərhədçilərin diqqətini yayındırıb onları vaqondan endirdik.

Gəzə-gəzə heykəllərlə, tarixi abidələrlə tanış ola-ola şəhərə doğru gedirdik.  H.Cavid kinoteatrının yanında Əsəd Əliyevlə qarşılaşdıq. Nehrəm kəndində müəllim işləyən Ə.Əliyevin geniş dünyagörüşü, biliyi, gözəl danışığı və xoş xasiyyəti ilə Naxçıvandan kənarda da tanınırdı. Tələbələri görən kimi mehribanlıqla görüşdü. Nehrəm kəndində mitinq olacağından, tələbələr orada çıxış edəcəyindən xəbərdardı. Özü də harasa tələsirdi. Uşaqlarla söhbəti Nehrəmə saxlamağa da həvəsi yoxdu.

Çıxış yolunu yaxınlıqdakı çayxanada əyləşib söhbət etməkdə tapdıq. Arxiv  idarəsinin arxasında  yerləşən bu çayxana bizə mərhəm idi. Hər  gün  burada toplaşır, müzakirələr edir,  işlərimizi burada planlaşdırırdıq. Naxçıvanda çayxanada qadınlar oturub çay içməzlər. Amma bu dəfə yanımızda qızlar də əyləşmişdilər. Açıq havada çay içə-içə söhbət edirdik. Küçədən  keçənlər maraqdan özlərini saxlaya bilməyib keçib qonşu stullarda əyləşərək çay içə-içə söhbətimizə  qulaq asırdılar. Bir  azdan boş stul olmadığından gənclər ayaq üstə durmalı oldular.

Əslində bu bizim ilk kiçik mitinqimiz idi. Oğlanları bizim evdə, qızları isə iş yoldaşım qonşum Qahirə Müslüm qızıgildə yerləşdirdik. Nahar edib, bir-iki saat dincələndən sonra şəhərlə və adamlarla tanışlığa başladılar.  Bazar günü Tarix Muzeyinin zirzəmisində “Yurd” birliyinin toplantıları  keçirilən salonda tələbələrlə görüş keçirdik. Salon ağzınadək dolmuşdu. Muxtar respublikanın kənd və qəsəbələrindən də gəlmişdilər. SSRİ də yaşayan türklər, onların dili, dini, sayları, beynəlmiləlçilik adı altında ruslaşdırma siyasəti yeridildiyindən geniş söhbət açılandan sonra söz Ejer Çolokova verildi. Onun  çıxışından nigarançılığımız yox idi. Qazax bölgəsindən olan tələbələrlə çox oturub durduğundan elə onlar kimi danışırdı. Görünüşü də onlardan o qədər seçilmirdi.

Nigarançılığımız Fyodora Arnautdan idi. Rəsmi sənədlərdə adı Fyodora olsa da onu qaqouzlaşdırıb Tudora etmişdi. Məqalə və şe’rlərinin altından “Tudora” imzası qoyduğu kimi, tanış olduqda da özünü Tudora deyə tanıdırdı. Orta məktəbi bütün soydaşları kimi rusca bitirmişdi. Bakı Universitetinin Şərqşünaslıq fakültəsinin türk-rus tərcüməçiliyi bölümündə oxuyurdu. Yaxından tanıyanlar ana dilində sərbəst danışdığını söyləsələr də toplum qarşısında çıxış edəndə çaşa biləcəyindən ehtiyatlanırdıq.

Gözlədiyimizin əksinə oldu. O, çox sərbəst və şirin danışdı. Öz şerlərini oxudu Toplaşanların əksəriyyətinin məhəbbətini qazandı. Qaqauzların xristian olmasından, Moldovada, Ukraynada, Ruminiyada, Bolqarıstanda toplum halda yaşadıqlarından, hətta Yuqoslaviya, Yunanıstan ərazilərində qaqouz kəndləri olduğunu xəbər verdi. Faktların çoxu hamımız üçün yeniydi. Çıxışının sonunda muzeyə hədiyyələr bağışladı.

Qaqouzların toplum yaşadığı Moldovada “Ana sözü” adlı qəzet nəşrə başlamışdı. Ana dilini bilənlərin sayı az olduğundan və ya nə səbəbdənsə ilk vaxtlar abunəçisi çox az idi. Bunu bəhanə gətirən bəzi qüvvələr ilk qaqouz qəzetini qapatmaq istəyirdilər. Həmin vaxt Azərbaycanda minlərlə insan qəzet bağlanmasın deyə “Ana sözü”nə abunə yazıldı.

Tudoranın gəlişindən istifadə edib “Ana sözü”nün abunəçilərinin sayını daha da artırmağı planlaşdırmışdıq. Poçt şöbəsindən abunə blankları götürüb doldurmuşduq. Bir qalırdı abunəçinin adını, soyadını və adresini yazıb pulunu ödəmək. Tudora çıxışında qəzetə abunə kampaniyasını genişləndirməyi xahiş etdi. Onun müraciətindən sonra toplaşanlar yalnız özləri abunə yazılmaqla kifayətlənmədilər, dost-tanışlarını da abunəçi etmək üçün blanklar götürdülər.

Tələbələrin uğurlu çıxışı bizi daha da ruhlandırdı. Elə gün olurdu bir-birindən  20-30 kilometr aralıda olan yaşayış məntəqələrində mitinqlər təşkil edirdik. Sovet hökuməti 70 il nə qədər təzyiq göstərdisə nehrəmli qadınlara çadrasını atdıra bilmədi. Bura mühafizəkar bir kənd kimi ad çıxarmışdı. Çoxları qızların çıxış edəcəyi bir mitinqi Nehrəmdə keçirə biləcəyimizə şübhə ilə yanaşırdı. Amma əksinə oldu. Kənddəki “Aşkarlıq” klubunun adı altında meydanda böyük bir mitinq keçirdik. Adamlar Ejerin və Tudoranın çıxışlarını böyük maraq və heyrətlə dinləyirdilər. Çoxları altaylıların, qaqouzların üzünü ilk dəfə görür, səslərini ilk dəfə eşidir, onların danışıqlarını tərcüməsiz başa düşdüklərinə sevinirdilər.

Xanağada, Bənənyarda, Yayıcıda, Şahbuzda, Y.Məmmmədəliyev adına Naxçıvan Dövlət Pedaqoji İnstitutunda keçirilən görüşlər də uğurlu oldu.

Görüşlər həmişə öncədən planlaşdırıldığı kimi keçmirdi. Bəzən az qalırdı pozulsun. Mitinqlərin birində Tudoranın çıxışından sonra yaşlı bir kişi: “Qızım Azərbaycanı bu qədər sevirsənsə gəl səni oğlanlarımdan birinə alım?”—dedi. Bir anlıq çaşıb qaldıq. Tudora neyləyəcək? Ağlayacaq, küsüb gedəcək, kobud bir cavab qaytaracaq, yoxsa?.. 18 yaşlı qızın bunları etməsi təbii idi. Hansı biri olsaydı, planlarımız pozulacaqdı. Lap toplantıları keçirsək də istədiyimiz  nəticəni ala bilməyəcəkdik.

Tudoranın şuxluqla dediyi: “Niyə getmirəm?! Gedərəm. Azərbaycanlılar yeddi milyon, qaqauzlar 200 bin. Oğlunuzu verin aparım Qaqauza. Qoy qaqauzlar olsun iki yüz bin bir nəfər!”—sözləri qəhqəhələr və alqışlarla qarşılandı. Elə bil üstümdən dağ götürüldü.

Bənənyar kəndində təpənin üstündəki çayxanada, açıq havada keçirdiyimiz toplantıdan sonra Rza İbrahim oğlu bizi evlərinə də’vət etdi. Xalq hərəkatından tanıdığım Rza müəllimin evində bir neçə dəfə olmuşdum. Dindar bir ailəydi. Atası, qardaşları da məni tanıyırdı. Kəndin qadınları çayxanaya, mitinqə gəlməsələr də orada gedən söhbətlərdən xəbər tutmuşdular. Rza müəllimin qohumları və qonşuları qaqouz qızı görmək üçün  onlara gəlmişdilər. Tudoranın qucaqlayıb öpür, danışdırıb  səsini-söhbətini eşitmək istəyirdilər.

Rza müəllimin anası Tudoranı qucaqlayıb öpmək istəyəndə mən zarafatla: “Bax ha, demə Əli demədi. Bu qız xristiandır!”—dedim. O da sanki mənə acıq verirmiş kimi Tudoranın daha çox əzizləyərək hər iki üzündən öpdü: “Bunun harası xristiandı? Görmürəm, özümünküdü!”

Xanağa kəndində də buna bənzər bir hadisə oldu. Mitinqdən sonra tələbəlik dostum Ələddingilə getdik.  Özümü bu ailənin bir üzvü kimi hiss edirdim. Ələddinin  anası Fatma xala da olduqca dindar bir müsəlman idi. O  da Tudoranı öpmək istəyəndə yenə zarafatımdan qalmadım. Tudoranın xristian olduğunu xatırlatdım. Fatma xala oğlu yaşda olan qonaqların yanında da yaşmağını ağzından çəkmədən həmişəki kimi sakit səslə: “Hər bir müsəlmanın borcudu öz  dindaşlarına deyil, başqa dindən olanlara da qayğı və məhəbbət göstərsin. Onlar da dinimizin gözəlliyini görüb islama iman gətirsinlər”—dedi.

Əlincə çayının sahilində, Əlincə qalasının yanında yerləşən Xanağa  kəndi yalnız tarixi abidələri, gözəl mənzərəsi ilə deyil, həm də sakinlərinin  səmimiyyəti, xoş münasibəti ilə hamını özünə çəkirdi.  Heç bir turist təşkilatı, qonaq qarşılama müəssisəsi olmasa da hər il yüzlərlə insan bu yerlərə ziyarətə gəlirdi. Onların qulluğunda isə Xanağa kəndinin sakinləri dururdular. Təmənnasız əllərindən gələn yardımı əsirgəmirdilər.

Həmişə bu evə çoxlu qonaq gətirməyimə evdəkilər alışmışdılar. Heç bir vəzifə bölgüsü aparmadan, kiməsə tapşırmadan tələbələri tarixi abidələrə, qalaya, bulaqlara, çay kənarına gəzməyə apardılar. Kənd sakinlərinin “Şıxın qərbi” adlandırdıqları, dövrü mətbuatda isə hürufizmin banisi Nəiminin qəbri kimi tanınan Xanəgah kompleksinin gözəlliyi, Əlincə qalasının əzəməti, dağ çayının gurultusu Tudoranı heyrətə salmışdı. Göz açıb gördüyü düzənlik və alçaq təpəli, az sulu Bucaq çölündən sonra Naxçıvanın sərt təbiəti, torpağın bağrını yarıb göylərə ucalan nəhəng  daşların yaratdığı dağlar, bu dağların minbir rəngi, dağların, təpələrin, çöllərin kasıb bitki örtüyü qarşısında dərələrdəki, çay boyundakı yaşıllıqların, bağ-bağçanın, çəmənlərin əlvanlığı  onu heyran etmişdi. İllər keçəndən sonra mənə göndərdiyi şerlərinin birində bu  heyranlığı belə gördüm:

 

Müəllim, bən Azərbaycan dediynen,

Yaş yerinə kan akar, kan.

Bülbül aaler ağac tepesinde

Derdini ondan başqa kimdir soran

 

Müəllim, ben Azərbaycan dediynen,

Gözüm önünde didiler Naxçıvan,

Çayxana məclisi, Nehrəm göyündə

O ixtiyar, ağsaqqalı soruya tutan.

 

Yılanlı[4]  dağın vatizli[5] sular yetegində

Çıvırlığa[6] səsli uşaqlar suda çırpınan

Yalnız içəridə diz çöküb Allaan önündə

Üç kerem gündə o karı namazını qılan.

 

Müəllim, ben Azərbaycan dediynen

Tanklar sürülerdi uşaan üstüne,

Azadlıq uğrunda çıldırardı meydan

Mezarlıq heykəl qoyardı ölən gəncinə

Sağ qalanlarsa olardı düşman.

Müəllim, bən Azərbaycan dediynen

Çox kıytlar[7] anama qaldı yazılmadan

Bu insanın canını doymazsan met etmee

Yıllarca yazsam da kaplayamaz[8] dastan.

Tudoranın bu şeri yazması üçün azı beş il keçməsi lazım imiş. Amma həmin günlərdə qaqauz  qəzetlərində Azərbaycanda gördükləri haqda məqalə yazırdı. Hər yerdə qaqauzlara, türklüyə böyük bir məhəbbət görmüşdü. Asəf-kəf adlanan dağdakı mağaranı ziyarət edərkən oradakı parça qırıqları bağlanmış dağdağan ağacını görəndə Ejerin necə heyrətləndiyinin şahidi olmuşdu. Şamançılıq, dağ kultuna, ağac kultuna, ata ruhuna inamların  Azərbaycandakı izlərinin Altaydakı oxşarları ilə bağlı diskussiyalarda iştirak  etmişdi. Naxçıvan Pedaqoji İnstitutunun tələbə qızları ilə gecə səhərə kimi söhbət etmiş, Qarabulağı, Ordubadı gəzmişdi.

Bir sözlə, Naxçıvandan tamam başqa bir ruhda geri dönmüşdü. Həmin günlərdə yalnız mitinq keçirdiyimiz Naxçıvan şəhərində, Nehrəm, Yayıcı, Bənənyar və b. kəndlərdə deyil, çox yerdə qaqouzlardan, altaylardan, bir sözlə türk xalqlarından söhbət gedirdi. 150 ildən çox Rusiya imperiyasının tərkibində yaşasaq da insanlarda elə  bil soydaşlarına, soyköklərinə maraq indi oyanmışdı. Naxçıvanda “Ana sözü” qəzetinə abunə yazılanların sayı az qala Moldova respublikasındakı abunəçilərin sayı qədər olmuşdu. Naxçıvanda gənclərdən Tudoraya vurulanlar, şer qoşanlar,  arxasınca Bakıya gələnlər də oldu. İstədiyimizə nail  olmuşduq. Durğunluğa son qoyulmuşdu. Hər yerdə diskussiyalar gedirdi. Marağa görə klublar xalq cəbhəsinin dayaq dəstələrinə çevrilir, yeni dayaq dəstələri yaradılır, mitinqlərə ciddi hazırlıq görülür, təşkilatlar  formalaşırdı.

1989-cu ilin dekabrın 4-8-də  Zağulbada keçirilən “Xəzər-89” formunda Tudora çəkinə-çəkinə iştirak etmirdi. Özünü toplantının bərabərhüquqlu üzvü kimi aparırdı. Qaqauz şairi, “Ana sözü” qəzetinin redaktoru Todor Zanetlə də şəxsi tanışlığımızın  səbəbkarı  Tudora oldu. Naxçıvanda onu səbirsizliklə gözlədiklərini söyləyəndə T.Zanet dərindən ah çəkib: “Of… Necə Naxçıvana getmək istərdim. Heyif ki, vaxt yoxdu. Tez geri qayıtmalıyam. Vacib işimiz var. Mütləq Naxçıvana gələcəm” dedi və mənim kimi tanıyıb üzünü görmədiyi Arif  Ağasoya (əcəl Arif bəyi vaxtsız haqladı. Onlar görüşə bilmədilər) salam göndərdi.

Tudora  Arnautun da burada Krımdan, Qazaxıstandan, Kazandan və b. bölgələrdən gəlmiş türklərlə tanış oldu. “Xəzər-89” formunu xatırlayanda  deyir: “İlk dəfə idi türk xalqlarının bir araya gəlib ortaq dil, ortaq ədəbiyyat, soykökə qayıdış məsələlərini müzakirə etdikləri toplantıda iştirak edirdim.  Sonralar belə toplantılara çox  qatıldım. Daha çoxsaylı, daha geniş, özümün də daha fəal  iştirak etdiyim toplantılara. Amma Zuğulbada keçirilən “Xəzər-89” ömür yolumu müəyyənləşdirməkdə mənə güclü təsir göstərdi.

Tudora ilə sonralar tez-tez görüşməli oldum. Bir ara “Yurd”un üzvlərinin və türkçülərin bir çoxu ondan soyudular. Tudoranın “Mən qaqauzam, türk deyiləm!” söyləməsi də çoxlarını qızdırırdı. Belələrinə: “Ona qızmayın, yardım edin oxusun, öyrəsin. Qaqauzun tarixini, soykökünü öyrənəndən sonra hamımızdan çox o qürurla türk olduğunu söyləyəcək”—deyirdim.

Ailəmizə alışdı. Bizimlə birlikdə dostlarımızın evinə qonaq getməyi çox sevirdi. Getdiyi yerdə də özünü sevdirə bilirdi. Şirin danışığı, incə yumoru ilə diqqəti özünə çəkə bilirdi. Bir dəfə qonaq getdiyimiz evdə xanımlar söhbət zamanı “biz müsəlmanlar beləyik, biz müsəlmanlar eləyik”—deyə gileylənirlərmiş. Bundan xoşlanmayan Tudora  nəzakət naminə susub dururmuş. Xanımım da həmin sözü təkrarlayanda: “Annaciyim, müsəlmançılıq neyləsin, xristianlıq neyləsin?! Ora gedirəm xristianlıqdan şikayət eşidirəm, bura gəlirəm müsəlmançılıqdan. Bir görmədin işinizin düz getməməsinin günahını özünüzdə axtarasınız”.—deyə Tudora cavab verdi. Onun bu cavabı hamımızın gülüşünə səbəb oldu.

Çox şeyə maraq göstərər, ona öz münasibətini bildirərdi. Yasamalda[9] Mehman adlı bir falçı məşhurlaşmışdı. Qəbuluna düşmək üçün neçə saat növbəyə durmaq lazım gəlirmiş. Yataqxanada, universitetdə qızlar bu falçının bacarığından çox danışarmışlar. Bir gün otaqdan Tudoranın pulunu oğurlayırlar. Qızlar təkidlə onu falçının yanına aparırlar. Mehman onun qaqauz olduğunu öncə bilmir. Çox tərif deyir, könlünü alır, prezident seçiləcəyini söyləyir. Tudora da: “Haranın prezidenti seçiləcəm, Qaqauzıstanın, yoxsa Azərbaycanın?”—deyə xəbər alır. Falçı səhvini düzəltmək üçün “Əlbəttə Polşanın yanındakı Qaqouzstanın!”—deyir.

Tudora görür falçı coğrafiyadan da bir şey bilmir. Verdiyi pulu geri almaq üçün: “Mən buraya prezident seçilməyimi bilməyə gəlməmişəm, pulumu tapmağa gəlmişəm”—deyir. Falçı da: “Apar məni qaldığın binanın qarşısına, məsafə yaxın olsun. Oradakı adamlardan pulunu kim oğurladığını söyləyim”—deyir. Tudora göyə işarə ilə: “Necə olur belə uzaq məsafədən xəbər tutursan, amma burdan 1000-2000 metr aralıdakı yataqxanadan xəbər tuta bilmirsən?”—deyir.  Bu hadisədən sonra Tudora Aydın imzası ilə “525-ci qəzet”də Naxçıvanın məşhur adamların vətəni olduğunu, onlar elmdə, ədəbiyyatda olduğu kimi, fırıldaqçılıqda da mahir olduqlarını incə bir yumorla oxucuya çatdırdı. Bununla da Mehmanın “bazarı” bağlandı.

Biz istəyirdik o Azərbaycanı yalnız kitablardan oxumaqla tanımasın. Azərbaycan ailələrini, onların məişətini, psixologiyasını özü görüb öyrənsin. Azərbaycan musiqisindən də, kinosundan da, operasından da, mətbəxindən də xəbərdar olsun. Bütün bunlar heç də asan olmurdu. Bəzən inciyib-küsürdü, bir xeyli keçəndən sonra barışırdı.

Onunla ədəbiyyat, şer mövzusundakı söhbətlərimiz xüsusən gərgin keçirdi. Şerlərimizdəki ərəb, fars tərkibləri onu lap təbdən çıxarırdı. Aşıq şerimizdəki  janr əlvanlığına formalizm kimi buxırdı. Mən də məcbur qalıb dodaqdəyməz, cığalı təcnis, təcnis, gözəlləmə və s. az qala misra-misra oxuyub izah edirdim. Bəzən “Koroğlu”, “Əsli-Kərəm”, “Aşıq Qərib” və s. dastanları bütöv oxuyub izah etməli olurdum.

Bir mövzunu tam anlamayana kimi ona qarşı qətiyyətlə muqavimət göstərirdi. Anlayandan sonra isə onun ən coşğun təbliğatçısına çevrilirdi. Dodaqdəyməzi formalizm adlandıran Tudora qaqouzlar arasında ilk dodaqdəyməz, xoyrad,  darayaqlı yazan oldu. Özü də öyrəndiklərini təkrarlamaqla kifayətlənmirdi,  ona yaradıcı yanaşırdı. Məs.: Azərbaycan şerində dodaqdəyməzlər əsasən on bir hecalı, qoşma forasındadı. Tudora isə səkkiz hecalı gəraylı qəlibindədi.

 

Səsin canın yanar atəş

Çizdə səssiz qalar tək səs,

Çiçəklərə sener kaşın

Nereye gitti, qız qardaşın?

 

Elde qaldı sarı çiçək

Ah çektirersen, gələcək.

Gecənin yarısı, qaşın

Nereye getdi, qız qardaşın?

 

…Al yananı serin cizer

Sancılar kanına daler,

Ah, aldatdı sanki acın

Gəlin getdi, qız qardaşın.

Özündən kiçik bacısının ərə getməsindən doğan bu şerdə kədər qarışıq bir sevinc var.

Onun İrak türkmanlarının xoyradlarının təsiri ilə yaratdığı şerlər də qaqauz ədəbiyyatında yeni idi.

 

                      Qazayaq

Çeşmə dolu Qazayaq.

Yarımın sofrasında

Beni beklir qaz ayaq.

 

          Beşalma

Gecə yıldız Beşalma

Yarım örüş yerinə

Verdi bana beş alma.

 

           Qomrat

Hodul bakışlı Qomrat.

Gəl qaçqın[10] nazlı yarım.

Yolda bekler qomur at.

 

Qaqauz göylərinə qoşulmuş bu xoyradlar indi xalq mahnısı kimi ağızdan-ağıza gəzir.

Mahnı sarıdan Tudoranın bəxti gətirib. Hələ orta məktəbdə oxuduğu illərdə yazdığı bir şer “Bəyaz güllər” şeri qısa müddətdə dillər əzbəri olub, xalq mahnısı kimi oxunmuşdu. “Ah, anacığım” şerinə qaqauz bəstəçisi Mihail Kolsa mahnı qoşub. Azərbaycanlı bəstəçi Müsəvvər Əsgəroğlunun Tudoranın sözlərinə yazdığı “Canım  boş, kefim sərxoş” mahnısı isə televiziya və radioda səsləndirilib.

Sovetlər Birliyində gənclərin əsərlərinin çap olunması adətən problemə çevrilirdi. Bunda da Tudoranın bəxti gətirmişdi. Şe’rləri, məqalələri toplularda,  qəzet və dərgilərdə çap olunur, radio və televiziyada verilirdi. Özü də həmişə maraqla qarşılanırdı.

Universitetdə onlara Türkiyə ədəbiyyatı keçirdilər. Biz isə isəyirdik onlar Azərbaycan, özbək, qazax, tatar, uyğur və b. türk xalqlarının ədəbiyyatından xəbərdar olsundar. Çətin də olsa istəyimizə  nail olduq. Son kursda oxuyanda “Azərbaycan, Türkiyə və Qaqouz türklərinin dördlükləri: Mani və bayatılar arasındakı oxşarlıqlar” mövzusunda diplom işi yazmaq istədi. Dedilər: “Plana saldığımız mövzulardan, yaxud da yalnız Türkiyə ədəbiyyatından hər hansı bir mövzuda diplom işi yaza bilərsən”.

Tudora inadı sayəsində istədiyi mövzuda diplom işi yazmağa nail oldu. Diplom işinin mövzusuna e’tiraz edən müəllimləri nəticədə “əla” yazmaqla onun axtarışlarını yüksək qiymətləndirdilər. Bundan necə ruhlandısa Türkiyədə oxuyarkən  araşdırmalarını həmin yöndə  apardı.

1993-cü ilin yayında M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinin türk dili tərcüməçiliyi bölümünü ə’la qiymətlərlə başa vuran Tudora İvan qızı Arnaut vətəninə getdi. İki aydan sonra isə geri döndü. Bakının durumundan xəbərdardı. Çoxları Xalq Cəbhəsinin qərargahı  olan küçədən keçməyə cür’ət etməyəndə o tez-tez gəlir, verilən tpaşırıqları vaxtında yerinə yetirirdi. Bir sözlə, bacardığı  işin qulpundan yapışırdı. Hər şey gözləri qarşısında baş versə də təhsilini davam etdirmək, ictimai-siyasi işlərdə bişmək istəyirdi. Buna imkanımız yox idi. Bir-iki ay da qalıb Bakıda işləyəndən sonra onu Ankaraya yola saldıq.

Dolmuşdu. Bir himə bənd idi ki, ağlasın.  Bakıdan getmək istəmirdi. Könlünü almaq üçün:—“Nə oldu, Bakıya gələndə də ağlayırdın, indi gedəndə də ağlayırsan?—dedim. Özünü ələ  alıb güldü.  Onu yola salanlarda xoş ovqat oyatmaq üçün Bakıya gəlişini xatırladı:

Bizi Bakıya yola salanda bərk-bərk tapşırdılar:”Rusca danışmayan. Qoy yabançı olduğunuzu bilməsinlər. Kişilərə, cavan oğlanlara yaxınlaşıb heç nə xəbər almayın. Sizi alıb dağlara qaçarlar. Xüsusən saqqallırlardan qorxun. Çətinliklə üzləşəndə, çıxılmaz vəziyyətə düşəndə,  haranısa xəbər almaq lazım gələndə yaşlı qadınlara yaxınlaşın”.

Bu məsləhəti verənlər savadsız kəndlilər  deyildi. Ali təhsilli,  elmi dərəcəsi olan, bir sözlə, cəmiyyətdə müəyyən  mövqe tutmuş adamlar idi. Onlar hələ də Qafqaz haqqında Puşkinin, Lermontovun yazdıqlarının və ağızdan-ağıza gəzən şayiələrin tə’siri altında idilər.

Bakıda uçakdan endik. Külək amanımızı kəsirdi. Bilmirdik əllərimizlə yubkamızın ətəyini tutaq, yoxsa çantalarımızı götürək. Bu zaman orta yaşlı, saqqallı  bir kişi yaxınlaşıb yardım etmək istədi. Necə qorxduq!.. Düşündük ki , gəlişimizdən nə tez xəbər tutdular. Çox çətinliklə qaçıb avtobusa mindik. Sürücü bizi metronun Əzizbəyov stansiyasının yanında endirdi. Stansiyanı əlilə göstərib: “Burada metroya minin, Elmlər Akademiyasında çıxın. Ora universitetə yaxındı”—dedi. Yaxşı ki,  həmin vaxt Bakıda ali məktəblərin biri universitet adlanırdı. Yoxsa həmin gün getmək istədiyimiz yerə çətin çata bilərdik.

Keçiddən 4-5 dəfə o tərəfə, bu tərəfə keçdik. Metronu tapa bilmirdik. Nə metro görmüşdük, nə də  haqqında aydın təsəvvürümüz vardı. Tapşırığa əməl etməyə çalışır, heç kimdən heç nə xəbər almırdıq. Yorulub əldən düşəndən sonra məcbur qalıb bir qadına müraciət etdik. O, bizə metroya enib qatara minməkdə yardımçı oldu. Qatara minəndə Katya qapının arasında qaldı.

Elmlər Akademiiyası dayanacağında bir qadından universitetə necə getmək lazım gəldiyini xəbər aldıq. Qadın nə dediyimizi anlamadı. Bir dəliqanlıya bizə yardımçı olmağı tapşırdı. Oğlan yaxınlaşıb haraya getmək istədiyimizi xəbər alanda yol çantalarını götürüb perron boyu qaçmağa başladıq. Oğlan gah Azərbaycan türkcəsində, gah rusca xəbər alsa da, qorxumuzdan cavab vermək istəmirdik. Elə bilirdik cavab versək, bizi alıb dağlara qaçıracaqlar.

Oğlanın tə’kidindən sonra universitetə gedəcəyimizi bildirdik. Qorxumuzdan qaqouz olduğumuzu demədik. O, bizə yardımçı oldu. Sənəd qəbulunun sonuncu günü işin axırında universitetə çatdıq. Bizim gələcəyimizdən xəbərdar idilər. Yubansalar da, öncə bizi çaya, şirniyyata qonaq etdilər. Sonra da sənədlərimizi yoxlayıb imtahanlara buraxılış vərəqəsi verdilər. Elə həmin gün gətirib bizə qızlar yataqxanasında yer verdilər. Tə’til vaxtıydı, yataqxanada tə’mir gedirdi. Bizə kimya fakültəsində oxuyan, istehsalat təcrübəsində olduqlarına görə evlərinə getməmiş qəbələli qazların otağında yer verdilər.

Qızlar bizi çox mehribanlıqla qarşıladılar. Bir aydan  sonra əlimizə tələbə bileti alanda xarici tələbələrin yataqxanasında bizə də yer ayırdılar.  Biz oraya getməyib qızlarla birlikdə qalmaq istədiyimizi bildirdik. Məsələ böyüdü. Prorektor işə qarışdı. Bizi inandırmağa çalışdı ki, xarici tələbələr üçün  tikilmiş yataqxana daha yaxşıdı. Biz isə göz yaşı axıdaraq  dostlaşdığımız otaq yoldaşlarımızdan ayrılmaq istəmədik.

Bu hərrəkətimiz sonralar özümüzə də gülməli gəlirdi. Azərbaycanlılardan qorxmağımız hara, bir ay sonra onlar üçün ağlamağımız hara!”

Tudora cəmi bir ay sonra otaq yoldaşları üçün ağlayırdı. Beş il sonra isə yazdığı məktublarında, şerlərində Azərbaycan üçün ağlayırdı.

Universitetdə proqram da, məncə, düzgün qurulmamışdı. Sovetlərin  hakimiyyəti illərində xarici ölkələrdən gəlib oxuyan tələbələr üçün xüsusi proqram hazırlanmışdı. Buraya elm öyrənməklə yanaşı, sosializm sisteminə, “Sovet mədəniyyəti” adı altında rus mədəniyyətinə məhəbbət aşılanırdı. Acınacaqlı burası idi ki, Sovetlər Birliyi dağılmış, respublikalar öz müstəqilliklərini e’lan etmişdilər. Amma  sistem hələ də yaşayırdı. Azərbaycanda təhsil alan xarici tələbələrə Azərbaycanşünaslıq tədris edilmirdi. Onlar beş il burada yaşayır, burada oxuyurdular.  Ancaq Azərbaycan haqqında sistemli məlumat əldə edə bilmirdilər.  Onlar adətən rus bölmələrində oxuyurdular. Bu bölmələrdə oxuyan tələbələrin, dərs deyən müəllimlərin bir çoxu milli dəyərlərdən xəbərsiz idi.

Tudora Türkiyəyə gedəndən bir il sonra “Qaqauzam, Bucaqdır yerim” adlı kitabını çap etdirdi. Ankaradakı “Ocak” yayınlarının basdığı bu kitabda şerlər qaqauzca verilmiş, hər səhifənin sonunda Türkiyədə anlanılması çətin olan sözlərin qarşılığı verilmişdi. Kitaba İ.E.Nasrattin oğlunun yazdığı ön sözdə qaqouz şairlərinin adı sadalandıqdan sonra: “Bunlar arasında ən çox  ilgi görən və diqqəti çəkəni Tudora Arnautdur… Adı keçən şairlərin ən gənci olmasına rəğmən, milli duyğuları ən güclü olanıdır. Bu duyğuların gəlişməsində beş yıldan fazla bir süre Azərbaycanda yaşamış olmasının da rolu böyükdür… 30 temmuz 1993 tarihinde Qaqauzstanın Çadır kentinde düzenlenen “Qaqauz Ana dili bayramı”nda Tudorkayı görmək, tanımak və kəndi sesindən şairlerini dinlemek fırsatını buldum. O bayramda okunan tek milli şiir onunkidi”—deyir.

Azərbaycanı öyrənməsi, milli duyğuların gəlişməsi heç  də asan olmamışdı. Azərbaycanın bir-birinə yaxın bölgələri arasında  danışıqda fərqlər var. O ki, qala qaqouz türkcəsilə Azərbaycan  türkcəsinə.  Bu fərqlər bə’zən anlaşılmazlıq yaradırdı. Eyni dil olduğunu düşünüb tez-tez danışanda bu anlaşılmazlıq özünü daha qabarıq büruzə verirdi.

Bakıda ilk günlər avtobusa minəndə adamların şoferə “saxla, düşürəm” deməsi onu bərk çaşdırmışdı. “Saxla” qaqouzlarda gizlət, “düşürəm” isə yıxılıram anlamında işlədilir. Yaxud da: Bir dəfə universitetin mühasibatlığına gedərək:

—Sabir müəllim nerədə?—deyə xəbər alır.

—Xəstədir—deyirlər. Tudora:

—Yatalaqdı?—deyə xəbər alanda otaqdakılar həyacanla və qəzəblə: “Allah eləməsin!”—deyirlər. Tudora isə onların narahatlığına fikir verməyərək: “Sabir müəllim və vaxt alışar?”—deyəndə otaqdakılar qaqouz türkcəsi ilə Azərbaycan türkcəsi arasında fərqdən belə gülməli söhbət yarandığını görərək: “Qızım, hələ od verməmişik. Od verəndə Sabir müəllim alışacaq?”—deyirlər. Tudora yanlış anlaşılan sözlər söylədiyini bilib üzrxahlıq edir. Qaqauzlar yataq xəstəsinə “yatalaq”, sağalmağa isə “alışmaq” deyirlər.

O, Ankarada  Qazi Universitesinin Fen Edebiyat Fakültəsində Yüksək lisans çalışması yapdı. Orada oxuduğu illərdə yalnız  Türkiyədə deyil, Rumıniyada, Makedoniyada və b. bölgələrdə keçirilən elmi konfranslara, simpoziumlara, qurultaylara qatıldı. Mövzusu da həmişə dünyada sayı 300 min olmayan qaqouzlardan oldu. Türkiyə”Qaqouzlarda Nəsrəddin  Xoca”, “Qaqauzlarda düyün adətləri”, “Qaqauzlarda ilk yaz bayramı” və b. araşdırmalarını çap etdirdi., “Qafqaz lətifələri” kitabını nəşrə hazırladı.

Tudoradan sonra Bakıya 50-ə yaxın qaqouz oxumağa gəldi. İçərilərində şairlər də vardı. Amma heç biri onun qədər tanınmadı. Yerliləri onun başına çox oyun açırdılar. Hamısına dözürdü. Oğlanlar döyüləndə Tudora məsələni araşdırmağa gedirdi, qızlar yataqxanada yer ala bilməyəndə yenə Tudora gedirdi. Kəsiri qalana kömək lazım gələndə Tudora meydana atılırdı. Yerlilərinin nöqsanlarını görür, ondan insanfsızcasına sui-istifadə etdiklərini duyur, ancaq bunu büruzə vermir, geri də çəkilmirdi.

Onun bu səmimiyyətindən yalnız qaqauzlar deyil, azərbaycanlılar, əfqanlar da sui-istifadə edirdilər.

Xatirini çox istədiyi, otağına dəvət edib birlikdə tikəsini böldüyü cəlilabadlı Müşfiq pulunu oğurlayıbmış. Amma Tudora Müşfiqdən şübhələnməmişdi. Sonra Tudoranın otağından, eləcə də qonşu otaqlardan əşyaları oğurlayıb satanda polis Müşfiqi yaxalamışdı. Müstəntiq Tudoranı da zərərçəkən qismində dindirib cinayət  işi açmaq istəyirdi. O isə bunu etmədi. Mən səbəbini ondan xəbər alanda: “Müəllim, Azərbaycanda onlarla adam mənə yaxşılıq edib. Bu yaxşılıqların qarşısında Müşfiqin vurduğu zərər çox kiçikdi. Bu kiçik zərərə görə bir azərbaycanlı gəncinin həbs edilməsini istəmirəm”—dedi.

Yalnız bu deyildi. Bütün varlığı ilə Azərbaycana bağlıydı. Qətiyyətlə deyə bilərəm ki, qaqauzstanlı bu qız bir çox azərbaycanlılardan daha çox azərbaycansevər  idi. 1990-cı ilin 20 Yanvar qırğını zamanı hərbçilərin təqibindən yaxa qurtarmaq üçün azərbaycanlı tələbə oğlanlar xarici tələbələr yaşayan yataqxanaya girirlər. Əllərindəki ağır bağlamaları Tudoraya verib gizlətməsini xahiş edirlər. O, bağlamaları öz otağında gizlətməkdən başqa yol tapmır.

Bir azdan hərbçilər yataqxanada axtarış aparmağa gəlirlər. Vəziyyətin gərginləşdiyini görən Tudora qırmızı cildi üzərinə “Qadın komitəsi” yazılmış vəsiqəsini göstərir, xristian olduğunu söyləyir və onlara yardımçı olmaq istədiyini bildirir. Zabitin diribaş qızdan xoşu gəlir. Onun yardımıyla otaqları ciddi axtarırlar. Öz otağına çatanda qapını açıb: “Bu da mənim otağım, xahiş edirəm buranı da yoxlayın” deyir. Onun qətiyyətli hərəkəti hərbçiləri çaşdırır. Ona inandıqlarını söyləyib otağını yoxlamırlar. Bir neçə gün sonra cavanlar gəlib qoyduqları əşyaları aparırlar.

Yataqxanada yaşayanlar Tudoranı hərbçilərin qabağına düşüb otaqları yoxlayan görmüşdü. Yalnız üç nəfər onun nəyi gizlətdiyini, necə böyük riskə getdiyini bilirdi. Bu risk ona baha başa gəldi. Üstündən 3-4 il keçsə də, gecələr sayaqlayır, diksinir, qəflətən toxunanda, səsləyəndə bərk qorxurdu. Biz Bakıya köçəndən sonra xanımım onu həkimə aparmalı oldu.

Tudora Bakı qırğınını “19 yanvar—qış ayı” şe’rində belə təsvir edir:

Unutma isterem  o günü.

Kan gölcük, gölcük

Karanfillerin kokusunu,

Kimin beterine öldük?

 

Açan türkü sesi işiderem,

Saneren o “meydan!” baarer,

Gece uykumda  dua ederem

Ölüler mezarlaa çaarer…

 

Qazi Universitetindən bir müəllim Naxçıvana elmi konfransa gəlir. Qonaq olduğuna görə onun şərəfinə çox məclislər qurulur. Geri dönəndən sonra auditoriyada deyir: “Azərbaycanda savaş getsə də, onların başı yeyib-içməkdən ayılmır. Bilmək olmur bu qədər paranı nerədən əldə edirlər”.

Auditoriyada azərbaycanlı tələbələr olsa da, susurlar Tudora orada yoxmuş. Dərsə gələndə ona: “Sənin təriflədiyin Azərbaycan haqqında xocamız çox kötü sözlər söylədi” deyirlər. O öncə azərbaycanlı oğlanlara acıqlanır. Sonra müəllimin növbəti dərsində onunla mübahisəyə girir. “onların evində bir tikə əkməkləri olmasa belə, qonaq olduğunuza görə qonşudan da olsa tapıb sizi yedirib-içirərlər. Bir zamanlar Rusiyadan Azərbaycana gələnlər də Sizin kimi qonuşurdular. Siz türklə rusun onda nə farkı var?”—deyə xəbər alır.

Müəllim Azərbaycanda çox qısa bir sürə olduğunu, yanlışlığa yol verə biləcəyini söyləyib üzr istəyir.

Tudora 1987-ci ildə qaqauz alimləri ilə birgə öz Vətənində kəndləri gəzmiş, etnoqrafik materiallar toplanmasında iştirak etmişdi. Yana-yana Zaporojye ətrafındakı qaqauz kəndlərinin necə ruslaşdırıldığından söhbət açırdı.

Rusiyanın güneyə doğru sərhədlərini genişləndirməsi qaqouzlara nə qədər zərbə vurmuşdursa, İkinci Dünya savaşı bunu  daha da gücləndirmişdi. Qaqauzlar yaşayan bölgələr Ukrayna, Moldova, Rumıniya, Bolqarıstan arasında bölündü. 1946-cı ildə “sosializmə müqavimət göstərirlər” deyərək onlarca qaqouzu güllələdilər, onlarca ailəni sürgün etdilər. 100 nəfərə yaxın qaqouz da Azərbaycana sürgün edildi. 1956-cı ildə bütün günahlar Stalinin boynuna yıxılaraq, sürgün olunanların bir qisminə vətənə dönməyə  icazə verdilər. Qaqauzların əksəriyyəti geri qayıtsa da, Azərbaycanda, Quzey Qafqazda, Qazaxıstanda məskunlaşıb qalanlar da az olmadı.

Rusiya qaqauzları xristian olduqlarına görə yeni bölgədə yerləşdirdi. Dini birliyə görə onlardan dayaq kimi istifadə etməyə çalışdı. Xalqı öz kökündən ayırmaq üçün çox çabalar göstərdi. Bütün bu ciddi-cəhddən sonra dünyaya gələn körpələr böyüyüb şair olanda yazdılar:

 

Günəş, torpaq, tütün zehiri

Tozdan görünmer babanın gözleri.

Sürer puluu  insanın kaderi

Ben bu toprakda duudum

Bu Vatan menim.

 

Yaxud:

Karlar çözülsün dalardan

Türk xalqı çaarar cəngə

Kutar kəndini saarlardan

Altay ateşi yaneer seninnən.

 

Və yaxud:

Kim dedi ki, cansızız

O insan büuk pişmannıkta

Biz Türküz birləştik.

Yolumuz qaavi hem düümükta.

 

Qaqauzlar toplu halda Moldovada yaşayırlar. Tudora isə Ukrayna Respublikasının Belqrad rayonunun Dimitrovka kəndində 1970-ci il sentyabrın 6-da anadan olub. Yalnız Dimitrovka deyil, rayonun bir neçə kəndində qaqouzlar tam, Odessa şəhəri ilə Moldova sərhəddinədək olan bölgənin bir çox kəndində isə ukrainlərlə, bolqarlarla qarışıq yaşayırlar.

Biz  Tudoranı bilərəkdən zor durumda qoyur, həyatın çətinliklərinə alışdırmağa çalışırdıq. Dözürdü, öyrənirdi, çıxış yolunu özü tapırdı. Bəzən bunu bizim etdiyimizi biləndə inciyib küsür, sonra yenə barışırdı. Türkiyədə oxuduğu illərdə yüksək hökumət məmurlarına tərcüməçilik edəndə və b. işlərdə çətinliklərlə qarşılaşıb onu aradan qaldıranda sevincini bölüşdürmək üçün məktublar yazır, minnətdarlığını bildirirdi. Bu məktubların həcmi adətən böyük olardı.

Maraqlı burasıdır ki, istər Tudora, istərsə də başqa uzaq ünvanlı türk tələbələr Bakıda mənim xanımımı çox istəsələr də, gedib işə başlayandan sonra məktublarında ona tənə edirdilər. Yazırdılar ki, müəllim (yəni mən) bizə acıqlananda, bizi bir işi görməyə məcbur edəndə niyə bizi müdafiə edirdin. Müəllim bizi nə qədər çox sıxışdırsa, biz bir o qədər çox öyrənər, indi çətin vəziyyətdə qalmazdıq. Xanımımın onların bu giley-güzarından inciməz, onlara zarafatla: “Daha müəllim sizləri döysə də, köməyinizə gəlməyəcəm” yazar, ancaq bu sözündə durmaz, o birilərini müdafiə edərdi.

Tudora məktublarının birində yazır: “Müəllim, Bakıya altaylı, qaqauz, tatar, uyğur, qazax kimi gəldik. Çox azımız oradan türk kimi vətənimizə döndük. Bü gün qürur duyuram ki, mən də o azların sırasındayam.

Universitetdə bizə bəlli proqram üzrə elm öyrətməyə çalışdılar. Siz isə bizlərə özümüzü tanımağı, özümüzü öyrənməyi öyrətdiniz. Bunun üçün çox əziyyət çəkdiniz. Ailələriniz də bizlərə öz məhəbbətləri ilə, səmimiyyətləri ilə insansevərlik öyrətdilər. Təəssüf ki, sizlərin bu məhəbbətini, səmimiyyətini çoxumuz anlamadıq. Uşaqlar sizləri aldadanda, arxanızca hədyanlar danışanda, qayğı və diqqətinizi müxtəlif cür yozanda sizlərə qızırdım. Siz onlara Qurban bayramında qoyun əti verəndə “Biz qoyun əti yeyə bilmirik, donuz əti yeyirik” deyəndə donuz əti almağa pul verərdiniz.  Qurban əti ilə şərab içib sizlərə gülərdilər. Mən yenə onda sizlərə qızardım. İstərdim həmin səhvləri təkrarlamayasınız. Amma siz təkrarlardınız.

Bakıda oxuyanda sufizm haqqında biliyim çox az idi. Türkiyədə bu mövzuda çox oxudum, çox bildim.Sizin də, sizinlə birgə olanların da davranışlarında sufi dərviş davranışını gördüm. SSRİ-də dərvişlik 70 ildi yasaqlanmışdı. Əgər gizli və ya aşkar onlar fəaliyyət  göstərsəydilər, yəqin mənə göstərər, bu haqda bilgi verərdiniz.

Müəllimciyim, mənim qaqouzlarımı qınama, onlara qızma. Yanlışlıq onlarda deyil, onları Bakıya göndərənlərdə oldu. Azərbaycandan uzaqlaşdıqdan, yaşları, təcrübələri artdıqdan sonra onların bir çoxu peşmançılıq çəkəcəklər. Bəziləri isə Azərbaycana nəyə getdiklərini nə biliblər, nə də biləcəklər.

Azərbaycanda oxumağa tələbə gətirəndə onu başqasının ümidinə qoymayın, özünüz seçin. Ali məktəblərdə oxuyan xaricilər üçün yeni proqram hazırlanmasına da nail olun. Azərbaycanın zəhmətlərinə heyfim gəlir. Yalnız  qaqouzlar, tatarlar deyil, əfqanlar, ərəblər,  hətta afrikalılar 5 il Bakıda oxusalar da, Azərbaycanı tanımadan gedirlər. Hətta bəziləri Azərbaycanda ali təhsil aldıqları, sənət öyrəndikləri halda, bu ölkəni nifrətlə tərk edirlər”.

Tudora özünün gördüyünü, müşahidə etdiyini yazırdı. O, bütün bunlara mədəniyyətlərin toqquşması, qarşılaşması baxımından yanaşmırdı. Sadəlövhlüklə  nəyi yaxşı bildi onu qəbul edir və yayırdı. Hətta kəndlərindəki kilsənin keşişinə “müsəlmanlar məscidə yuyunub, ətirlənib gəlirlər, bizim kilsələrə gələnlərdən tər və şərab qoxusu gəlir”—demişdi.

Öyrənmək, bilmək həvəsindən istifadə edən müsəlman missionerləri ona islam dini qəbul etdirməyə dəfələrlə cəhd göstərdilər. Bu mövzuda söhbətimiz olanda “Xalqına, millətinə xidmət etmək istəyirsənsə, onlar hansı dindədirsə sən də o dində olmalısan” deyirdim. Bu bir kəlmə söz onun tərəddüdlərinə son qoydu.

    

 

12.05.1996

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

TEHRANDA VƏ BAKIDA: –

ƏLİ KAMALİ

 

Qışda Tehranda da Bakıdakı kimi hava tez qaralır. Axşam toranlığında mərkəzi küçələrin birində Əli Kamaliyə zəng vurmaq üçün boş telefon köşkü axtarırdıq. Yenicə birini tapıb zəng vurmaq istəyirdik ki, mənə yardımçı olan Saleh Sidqi dəstəyi tələsik yerinə asıb səkinin ortasında dayandı. Qarşıdan gələn orta boylu, qalın eynəkli  birisinə bərkdən salam verib diqqətini özünə çəkdi. Görüşdülər.

Saleh Sidiqi məni göstərərək:

— Ağayi Kamali, sizə telefon açıb görüş üçün izin istəyəcəkdik. Dostum Əli Şamil Naxçıvandan gəlib. Jurnalistdir. Ədəbiyyat tariximizi, folklorumuzu öyrənir —dedi. Üzünün cizgilərindən, davranışından Kamalinin dalğın olduğunu, onun dediklərini tam anlamadığını duyan S.Sidiqi əlavə etdi: “Azərbaycan Cümhuriyyətindəndir, şurəvidir”.

Kamalinin nəinki üz cizgiləri, bütünlükdə bədəni birdən-birə hərəkətə gəldi. Bərk-bərk məni qucaqladı. İti-iti danışdı. Dediklərini tam anlaya bilmirdim. Qulağım hələ belə səsə, belə danışığa alışmamışdı. Taksi saxlatdı. Tehranın ən gözəl, mənzərəli guşələrindən olan quzey bölgəsinə sürdürdü. Salehlə mən sakitcə onu dinləyirdik. Ə. Kamalinin dediklərini yavaş-yavaş anlamağa başladım.

Taksi bir restoranın qarşısında dayandı. Şəhər ayağımız altında görünürdü. Qaranlıq qovuşmuş, işıqlar yandırılmışdı. Reklam işıqları Tehranı gündüz olduğundan dara gözəl göstərirdi. Keçib restoranda əyləşdik. Əli Kamalinin qəribəlikləri haqqında çox eşitdiyimdən onun bizi də’vətsiz restorana gətirməsi mənim üçün gözlənilməz olmadı.

Restoranda Ə. Kamali Savada 4—5 günlük işi olduğunu, səhər tezdən oraya gedəcəyini söylədi. Görüş üçün geri döndükdən sonra vaxt müəyyənləşdirməyi təklif etdi. Mən isə Tehranda həmin vaxtadək qala bilməyəcəyimi söylədim. O arxayınlıqla: — Viza müddətini istədiyiniz qədər artırarıq, — dedi.

Mən çoxlarından Tehrana vizasız gəldiyimi gizlədirdim. Qaçaqçılıqla gəldiyimdən xəbər tutub geri qaytaracaqlarından qorxurdum. Amma Ə.Kamali ilə ilk görüşümüz olsa da, ondan çəkinmədən pasportsuz gəldiyimi, sərhəd bölgəsindən  45 kilometr məsafədə hərəkət etməyə icazə verən vəsiqə ilə sərhədi keçdiyimi söylədim. O bərkdən gülərək:

— İran hökumətinin yollara düzdüyü yüzlərlə keşikçinin gözündən yayınıb Culfadan Tehrana gələn, burda da Əli Kamalini tapan üçün 5—10 gün yubanmaq o qədər də qorxulu olmaz —dedi.

İran İslam Respublikası ilə SSRİ arasında 1990-cı ildə sadələşdirilmiş gediş-gəliş haqqında anlaşma imzalayan mə’murlar ağlasığmaz əngəllər yaratmışdılar. Bu əngəllərdən ən başlıcası pul dəyişməmək idi. O taydan bu taya, bu taydan o taya keçməyə, orada bir ayadək qalmağa icazə versələr də, bir manat da olsun pul dəyişmirdilər. Adamlar Allah ümidinə qalmalıydılar.

Bu vəziyyət məşhur bir xalq məsəlini yada salır: “Anam bicdi, kündədən kəsir, atam da iki yeyib bir sayır”. Belə ki, sərhədi keçənlər hərə bir yolla özünə nəinki yol pulu, yemək və s. xərclik pulu əldə edir, hətta ailəsinə hədiyyələr, evinin tələbatı üçün lazım olan avadanlıqlar da alırdılar. Bir sözlə, hər iki hökumət sərhəd boyunda yaşayan həkimi də, müəllimi də, mühəndisi də və b. peşə sahiblərini də xırdavat satan alverçiyə çevirmişdi. Mənim isə əlimdən alver gəlmədiyindən ümidim qalmışdı o taydan Naxçıvana gələn, orada tanış olub dostlaşdığımız insanların yardımına.

Sərhəddə baş verənlər haqda Ə. Kamaliyə heç nə demədim. İşim çox olduğu üçün tez geri dönməli olduğumu bildirdim.

Qa­nun­la­ra hə­mi­şə say­ğı ilə ya­naş­mı­şam. Am­ma sev­gi güc gə­lən­də,  qa­nun­lar güc­süz olur. Duy­ğu ağ­lı da, qa­nu­nu da, qor­xu­nu da üs­tə­lə­yir. Təb­riz sev­gi­si, bir il ön­cə ora­da ta­nış ol­du­ğum in­san­lar­la gö­rüş­mək is­tə­yi, ­bir çox baş­qa­ a­zər­bay­can­lı ki­mi mə­nim də «qa­nu­nu poz­ma­ğı­ma» sə­bəb ol­muş­du. De­mək, qa­nu­nu po­zub Mə­rənddən Təb­ri­zə get­mi­şəm­sə, Təb­riz­dən Teh­ra­na da get­mək­ o­lar­mış.  İllərin Güney Azərbaycan  törətməsi olan in­san­la­ra 45 ki­lo­metrdən o ya­na get­mə­yi ya­saq­la­ma­ğın­ ö­zü də doğ­ru de­yil­miş. Doğ­ru ol­ma­yan qa­nun isə əməl edilməkdən çox pozulmağa yarayar məncə.

Əli Ka­ma­li haq­qın­da Teh­ran­da­kı ta­nış­la­rım çox bil­gi ver­miş­di­lər. Əs­lin­də­ on­la­rın söy­lə­dik­lə­ri mə­nə həd­siz şi­şir­dil­miş gö­rü­nür­dü. Öz göz­lə­rim­lə gör­mək ma­ra­ğı mə­ni bu gö­rü­şə ­çə­kir­di. Gö­rüş qəf­lə­tən baş tut­sa da, elə bir çaş­qın­lıq ya­rat­ma­dı. U­zun il­lə­rin ta­nış­la­rı ki­mi qız­ğın söh­bət­ e­dir­dik, bə’zən söh­bə­ti­miz mü­ba­hi­sə­yə çev­ri­lir­di. Adam­lar sey­rəl­miş­di. Xid­mət­çi­lər içə­ri­də ya­vaş-ya­vaş sə­li­qə-səh­man ya­ra­dır­dı­lar. Bu­nu du­yan ada­mın qar­şı­mız­da­kı xö­rək qa­lıq­la­rı­na ­ba­xıb: «Bil­səy­dim, bu dad­lı­lıq­da xö­rək­lər qa­ba­ğı­mız­da ­qa­lıb so­yu­ya­caq, heç si­zi bu­ra­ya gə­tir­məz­dim. Ofi­sə apa­rıb hə­rə­mi­zə bir sən­d­vic alar­dım1.  Həm ucuz ba­şa gə­lər­di, həm də söh­bəti­mi­zi sə­nəd­lər­ ü­zə­rin­də qu­rardıq». — de­di. Mən də «hə, bu heç pis­ ol­maz­dı» — de­yə ­za­ra­fat­la ca­vab ver­dim. Bu söz onu elə bil tər­pət­di. Cəld aya­ğa dur­du, si­fa­riş ver­di­yi ko­fe­ni gə­ti­rən qar­so­nun pod­no­su­na pul ata­raq «özü­nüz içər­si­niz» de­di. On-on be­şə də­qi­qə son­ra biz Əli ­Kə­ma­li­nin ofi­sin­də idik.

Sa­vad­lı­ ol­du­ğu­nu, Teh­ran Uni­ver­si­te­ti­nin hü­quq fa­kül­tə­si­ni bi­ti­rib və­kil iş­lə­di­yi­ni bi­lir­dim. Onu ­da bi­lir­dim ki, Teh­ra­nın nü­fuz­lu və­kil­lə­rin­dən­dir. I də­rə­cə­li əd­liy­yə və­ki­li­dir. Həm də ­xey­riy­yə­çi­dir. Xü­su­sən ya­ra­dı­cı zi­ya­lı­la­ra çox əl tu­tur, dar­da qa­lan­la­rı­na  yar­dım edir. Am­ma iş ye­ri­ni be­lə tə­səv­vü­rü­mə gə­tir­mir­dim. Ba­kı­da gör­dü­yüm on-on beş stol və stul qo­yul­muş, hər sto­lun­ ar­xa­sın­da bir nə­fər əy­ləş­miş otaq­la­rı ­tə­səv­vür edir­dim. Ə.Ka­ma­li­nin ofi­si isə bir ne­çə otaq­dan iba­rət idi. Yum­şaq me­bel­lə­ri, sə­li­qə-səh­ma­nı ilk ba­xış­dan mən­də xoş ov­qat ya­rat­dı. Ya­ra­dı­cı­lıq ota­ğı ge­niş bir sa­lon idi. Zən­gin ki­tab­xa­na­sı ­var­dı. Ota­ğın sol kün­cün­də ya­zı sto­lu, or­ta­da isə ge­niş bir miz var­dı. Mi­zin üs­tün­də qov­luq­lar və üst-üs­tə qa­lan­mış əl­yaz­ma­lar var­dı. Di­var bo­yu di­van və kres­lo­la­rın ya­nı­na qo­yul­muş ba­la­ca stol­lar, stol­la­rın üzə­rin­də­ki kül­qa­bı və qəndqa­bı­la­rı ­bu­ra­da tez-tez top­lan­tı­lar ol­du­ğun­dan so­raq ve­rir­di.

Növ­bə­ti dis­kus­si­ya­nın­ iş­ti­rak­çı­sı, gö­rü­nür, biz idik. Res­to­ran­da baş­la­dı­ğı­mız mü­ba­hi­sə­ o­fis­də ­da­vam edir­di. Sa­leh Si­di­qi ­hər­dən söh­bə­tə ­qa­rış­sa ­da, mü­ba­hi­sə­miz qı­zı­şan­da o sa­kit­cə «ge­ri çə­ki­lir­di».

Əli Ka­ma­li­nin Ti­lim­xa­nın do­daq­dəy­məz cı­ğa­lı təc­ni­si ol­ma­sı haq­qın­da fik­ri­lə heç cür ra­zı­la­şa bil­mir­dim. Bu da sə­bəb­siz de­yil­di. Azər­bay­can ədə­biy­yat ta­ri­xi ilə ­bir az ta­nış idim. Xü­su­sən də aşıq ya­ra­dı­cı­lı­ğı haq­qın­da araş­dır­ma­la­rı diq­qət­lə iz­lə­miş­dim. Bi­rin­ci­si, Ti­lim­xan ad­lı şa­i­rə rast gəl­mə­miş­dim. Mən heç, bəs bi­zim məş­hur ədə­biy­yat­şü­nas bil­gin­lə­ri­miz? Ömür­lə­ri­ni bu yol­da qoy­muş, dok­tor­luq yaz­mış, pro­fes­sor, aka­de­mik ol­muş, ne­çə-ne­çə ki­tab yaz­mış araş­dı­rı­cı­la­rı­mız var ki, Ti­lim­xan ad­lı­ is­te’dad­lı bir şa­ir ol­say­dı, onun ya­ra­dı­cı­lı­ğı­nın ya­nın­dan sü­kut­la ­keç­məz­di­lər. De­mək, Ti­lim­xan zə­if, mə­həl­li bir şa­ir­dir.

İkin­ci­si, folklor­şü­nas bil­gin­lə­ri­miz, aka­de­mik­lə­ri­miz bir fi­kir­də­di­lər ki, do­daq­dəy­mə­zin ya­ra­dı­cı­sı Aşıq Ələs­gər­dir. De­mək, Ti­lim­xan ya­ra­dı­cı­lı­ğın­da do­daq­dəy­məz təc­ni­sə ­rast gə­li­rik­sə, on­da Ti­lim­xan Aşıq Ələs­gər­dən son­ra ya­şa­yıb.

O, danışdıqca ilhamlanır, şe’rlər söyləyirdi. Bu şe’rlərin əksəriyyəti mənə doğma və tanış gəlirdi. Mənə tanış olan hansı aşığın, hansı şairin olduğunu xatırlamağa çalışırdım.

Əli Kamali isə oxuyurdu:

 

Səhər Mən Mehrini gördüm,

Göz üstündə qaş dolanır.

Aşiqini məst eləmiş,

Ləbləri meyxoş dolanır.

... Əyninə geyib  mavini,

Yıxırdı  könlüm evini,

Ovçu itirir ovunu,

Bu dağı dörd-beş dolanır.

 

Azərbaycandan uzaqda olduğuma heyfsilənirəm. Əlimin altında kitablar olsa tutuşdurar, şerin kimin olduğunu müəyyənləşdirərdim. Amma elə şerlər də vardı ki, onu ilk dəfə eşitdiyimi təsdiq edirdim. Dodaqdəyməz, özü də dodaqdəyməz cığalı təcnis məsələsində heç cür geri çəkilmək istəmirdim. Ə.Kamali isə Tilimxanın dodaqdəyməz cığalı təcnisini oxuyurdu:

 

Qanlı tirin çəkər qanlı sadaxdan.

Ha istər ki, didələri ağlada.

Ağla gözlər, ağla da!

Həsrət çəkər ağlada

Səyyad oluf çıx dağa

Ərqəlini ağlada.

Nahax yerə ağlayırsan ey cavan,

Ər odur ki, ərkanda bir ağlada.

 

Bənd başa çatan kimi mən özümü saxlaya bilməyib:

—Ağayi Kamali, cığanın üçüncü misrasında dodaq dəydi. “Səyyad olub çıx dağa” misrasında “b” səsi var. —dedim.

— Sizləri bilmirəm, amma bizim ləhcədə çox vaxt “b” səsi “f” ilə əvəzlənir. Bakıda çap olunan aşıq kitablarında da buna çox rast gəlmişəm, —dedi və şerin ardını oxumağa başladı.

Səyyad gəzər şikarının dağıynan,

Lala ağlar zari giryan dağıynan,

Aşıq deyər dağıynan,

Qar əlləşir dağıynan,

Eşqini çəkənlərin,

Ciyərində dağıynan.

Aşıq deyər: həsrətiynən, dağıynan,

Aç zülfünü sinən üstə ağla da.

 

Sənin dərdi dilin sinədə qaldı,

Oxların sancıldı sinədə qaldı.

Aşıq sinədə qaldı.

Narlar sinədə qaldı.

Tülək tərlan şikarı

Kəhlik sinədə qaldı.

Həyəttək saçların sinədə qaldı,

Hazır ol sən! Nagah səni ağlada.

 

Gər cərrahsan əlac eylə ağ yara,

Ey ilahi, azar gəlsin əğyara.

Əsir olduq əqyara,

Gedək üzü ağ yara,

Eşqini çəkəninin,

Ciyəridir ağ yara.

Ər gərəkdi qara qılıc, ağ yara,

Çala, kəsə ciyərini ağlada.

 

Aşıq sərdə nə sevdadı, nə qaldı?!

Dilə saldın kəhlik sinədə qaldı.

Aşıq deyər nə qaldı,

Hüsnün tək ay nə qaldı,

Atsan oxun qan eylər,

Çilləsində nə qaldı?!

Əcəl  gəldi yaxındı, nə qaldı,

Tellixanı dələ, keçə ağladı.

 

— Ağyi Kamali, son misrada Tilimxan deyil, Tellixan işlədilir —dedikdə Ə.Kamali:

— O mənim də diqqətimi cəlb edib. Bir şerində deyil, çox şerində “Tellixan” deyiminə rast gəlmişəm. Görünür şairin ləqəbi türkcə “tel” sözündəndi. Ona görə də “Tellixan” da işlədib, —dedi.

Kamalinin bu cür izahı məni qane etməsə də Tilimxan, Telimxan, Tellixan üzərində xeyli düşünməli oldum. Çığalı dodaqdəyməzin çox bitkin olması mənim şübhələrimi daha da artırırdı. Odur ki: “Ağayi Kamali, bu çox bitkin şerdi. İlk qələm təcrübəsinə oxşamır. Başqa dodaqdəyməz də varmı? —deyə xəbər aldım. O isə mənim sualımın arxasındakı şübhəni duymadan uşaq sadəlövhlüyü ilə: — Var! —dedi və əlavə etdi: —Hələ çığası altı misradan olan dodaqdəyməzi də var. Qoy onlardan birini də oxuyum, gör xoşuna gəlirmi:

 

Ərkani cəngaha ayaq qoyannar

Gərəkdi hər yetəni axsada.

Aşıq deyər axsa da

Ağ geyərdi ağ sada.

Əğyar sənə rəvadır,

Didəynən qan axsa da.

Ayağına daş dəysin

Yeri-yeri axsa da.

Seyrana çıxanda istignaynan,

İnanında şatır gərək ağsada.

 

Mən isə bütün bunları dinləsəm də müxtəlif bəhanələr gətirirdim. Tilimxanın dodaqdəyməz qoşmasının ola biləcəyinə şübhə edirdim.

Əli Kamali qovluqları gözdən keçirərək birini açır. Oradan bir sənəd (bəlgə) çıxarıb farscadan tərcümə edir: “Hicri 1244-də — miladi 1818/19-cu illərdə Tilimxanın sağ olduğunu bu torpaq alqı-satqısı sənədi təsdiqləyir”—deyir. Şerlər üzərində apardığı araşdırmalar və soyundan qalanların yaşının tutuşdurmasından Ə.Kamali Tilimxanın təxminən 1742/43-cü ildə doğulduğu və 1834/35-ci ildə öldüyü qənaətinə gətirir.

Ə.Kamalinin oxuduğu şerlər içərisində bəzi misralar da diqqətimi çəkdi. Tilimxan tez-tez türk, türkman olduğunu deyir. Məs:

Ölkəmiz əraqdı, şəhrimiz Sava

Mərəzqan çayınnan götürdüm hava

Aşiqlər dərdinə eylərəm dəva,

Mən təbibəm Hündüstandan gəlmişəm.

 

Bilməyənnər bilsin mən Tilimxanam,

Bilənlər bilsin, gövhəri Kanam

Sakini Mərağa, əsli Türkmanam

Gəzə-gəzə bu cahannan gəlmişəm.

 

və yaxud:

 

Türki Tilimə bərabər degildir.

Cəm olsalar tamamən yaranlar.

 

və yaxud:

 

Türkmən Tilim, belə qəmdən quruma,

Var getginən İstanbula, Uruma,

Tor qurmuşdum tərlan gələ toruma

Tərlan şikarı da sar olub mənə.

 

Tilimxan zamanında, istər ondan öncə, istər sonra yaşamış şair və aşıqlarımızın misralarında doğulduqları yer-yurdun adına bol-bol rast gəlsək də milliyyətini bildirən ifadələrə demək olar, rast gəlinmir. Bu baxımdan Tilimxan diqqətçəkərdir.

Söhbət zamanı Əli Kamali tez-tez tərtib etdiyi Tilimxan “Divan”ını əlinə alır, oradan parçalar oxuyurdu. Bə’zən söz-sözü çəkir,  Tilimxandan Xəstə Qasımın, Abbas Tufarqanlının, Kərəmin, Qurbanın Ko­roğ­lu», «Də­dəm Qor­qud» das­tan­la­rı­nın da­i­rə­sin­də da­vam edir. Ye­ni-ye­ni şair ad­la­rı, dastan ­ ad­la­rı­ e­şi­di­rəm. Əli ­Ka­ma­li də hər də­fə əli­ni atıb mi­zin üs­tün­də­ki qov­luq­lar­dan ya bir şer, ya da bir sə­nəd­dən par­ça oxu­yur.

Şerlə­rin dil və üs­lu­bu ­mə­ni hey­rət­lən­di­rir. Ra­bi­tə­nin zə­if ol­du­ğu, de­mək olar, hər xa­nın öz məm­lə­kə­ti­ni ay­rı­ca döv­lə­tə çe­vir­di­yi ­bir dövrdə bir-bi­rin­dən min ki­lo­metrlər­lə uzaq­da ya­şa­mış şa­ir­lə­rin şerlə­ri­nin di­li, üs­lu­bu, hət­ta möv­zu­su bir-bi­ri­nə ne­cə ya­xın­dır!..

Mə­nim tə­səv­vü­rüm­də Azər­bay­can Qəz­vin­dən, Zən­can­dan qu­zey­də yer­lə­şir. Am­ma Mər­kə­zi və Gü­ney İran­da, yəni Hə­mə­dan, Qum, Sa­va, Şi­raz, İs­fa­han­ ət­ra­fın­da ya­şa­yan Qaş­qay, Xa­lac, Şah­se­vən ad­lan­dır­dı­ğı­mız el­lər­də ya­şa­mış şa­ir­lə­rin şerlə­ri­ni mü­a­sir­lə­ri M.P.Va­qi­fin, M.V.Vi­da­di­nin, Q.B.Za­ki­rin, B.B.Şa­ki­rin, Aşıq Alı­nın, Aşıq Ələs­gə­rin, hət­ta axır­kə­lək­li (mes­xe­ti) Xas­ta Ha­sa­nın şerlə­rin­dən seç­mək ol­mur.

Əli Ka­ma­li da­nış­dıq­ca, şerlər­dən par­ça­lar oxu­duq­ca göz­lə­rim qar­şı­sın­da ta­mam baş­qa mən­zə­rə açı­lır. Ə­də­biy­ya­tı­mı­zın be­lə zən­gin­li­yi­nə nə qə­dər se­vi­ni­rəm­sə, vax­tın­da top­la­nıb araş­dı­rıl­ma­ma­sı­na o qə­dər tə­əs­süf­lə­ni­rəm. Yal­nız Ti­lim­xa­nın 10 bey­tə ya­xın şeri­ni çünglər­dən, aşıq­lar­dan top­la­yıb. Bir şerin izi ilə bəzən yüz ki­lo­metrdən çox yo­lu­ a­yaq­la ­və ya­ at­la, eş­şək­lə ­ge­dib. Top­la­dı­ğı şerlər­də 5 mi­nə ya­xın ci­na­sın iza­hı­nı ve­rib. “Di­van”da iş­lə­di­lən 5 mi­nə ya­xın  ərəb, fars söz­lə­ri­nin tər­cü­mə­si­ni də əla­və edib. Hə­lə bu az­mış ki­mi, nəs­tə­liq xət­ti­lə gö­zəl yaz­ma­ğı ba­ca­ran xət­tat­la­ra pul ve­rib «Di­va­n»ı kö­çürtdü­rüb.

Ədə­biy­ya­tı­mı­zın­ öy­rə­nil­mə­sin­də gös­tər­di­yi fə­da­kar­lı­ğı Əli bə­y be­lə izah et­di:

— Uşaq­lıq­dan po­e­zi­ya ­hə­vəs­ka­rı idim, özüm də şer ya­zı­ram. Uni­ver­si­tet­də oxu­du­ğum il­lər­də mə­ni ­bir fi­kir na­ra­hat edir­di. Ti­lim­xan ki­mi bir şa­i­ri ­ni­yə ta­nı­mır­lar? Onun əsər­lə­ri ­ni­yə top­la­nıb çap olun­ma­yıb? Uni­ver­si­te­ti bi­ti­rən­dən son­ra ix­ti­sa­sım ol­ma­sa da, bu işə gi­riş­dim. Ti­lim­xa­nın şerlə­ri­ni top­la­yıb nəşr et­dir­mək is­tə­dim. Ədə­biy­yat bi­li­ci­lə­ri­nə rəy ver­dim. Məlum­ ol­du ki, Ti­lim­xa­nın əsər­lə­ri ki­mi top­la­dı­ğım şerlə­rin içə­ri­sin­də nə­in­ki Xəs­tə Qa­sı­mın, Ab­bas Tu­far­qan­lı­nın, hət­ta Mol­la Pə­nah Va­qi­fin də şerlə­ri var­mış. Yan­lış­lı­ğa yol ver­mə­mək üçün or­ta­ İ­ran­da, Qaş­qay­lar ara­sın­da söy­lə­ni­lən das­tan­la­rı, şerlə­ri top­la­yıb araş­dır­ma­ğa gi­riş­dim. Də­rin­lik­lə­rə get­dik­cə hey­rət mə­ni bü­rü­dü. Yı­ğıb-yı­ğış­dı­rıb bir tə­rə­fə  çı­xa­ra da bil­mi­rəm. Bu iş­lə­ri gör­mə­yə bir nə­fər, iki nə­fər bəs elə­məz; 50-60 adam da ge­cə-gün­düz iş­lə­sə az­dır.

Əli Ka­ma­li 25 il­də top­la­dı­ğı Ti­lim­xan “Di­van»ını üç ki­tab şək­lin­də çap et­di­rə­cə­yi­ni söy­lə­di. He­ca vəz­ni­nin müx­tə­lif janrla­rın­da, az bir qis­mi də əruz­da­ o­lan şe’rlər san­ki Mol­la Pə­nah Va­qif­lə Mah­tum­qu­lu Fə­ra­qi ara­sın­da ­bir kör­pü­dür. Sa­va­nın Ma­ra­ğa (Qə­ra­ğan bəx­şi. Ə.Ka­ma­li də hə­min bəx­şin — ra­yo­nun Bən­də­mir kən­din­dən­dir) kən­din­də­ a­na­dan ol­muş Ti­lim­xan elə hə­min kənddə ­də dəfn e­dil­miş­dir. Li­rik şe’rlə­ri də na­kam sev­gi­li­si — öz əmi­si qı­zı ­Meh­ri xa­nı­ma həsr edi­lib. Ə.Ka­ma­li Türkman Mah­mud və b. bir ne­çə şa­i­rin də Ti­lim­xan so­yun­dan ol­du­ğu­nu söy­lə­di.

Mi­zin üs­tün­də­ki ­qov­luq­la­rın bir ne­çə­si­ni göz­dən ke­çi­ri­rəm. Ma­ki­na­dan çı­xa­rıl­ıb üzə­rin­də son dü­zə­liş­lər apa­rıl­mış “Qə­rib və Şah­sə­nəm” 187 sə­hi­fə, “Ta­har Mir­zə” 103 sə­h., “Həm­rah” 83 səh., “Səy­yad ilə Sə­a­dət” 90 sə­h., “Şah­ İs­ma­yıl” 161 sə­h., “Mə­həm­məd və Pə­ri”, 89 sə­h., “Əs­li və Kə­rəm” 167 səh., “Vər­qa və Gül­şa” 113 sə­hi­fə­dir. Bu­ra­da­kı ən bö­yük qov­luq­la­rın bi­rin­də də “Ko­roğ­lu” das­ta­nı­nın əl­yaz­ma­la­rı var­dır. “Əsə­d bəy”, “Sə­lim və Şəm­si”, “Si­ya­mək və Sü­sən”, “Fəğ­fur bəy”, “Xos­rov və Sə­nəm”, “Bəh­mə­ni-Ku­çek”, “Şi­ri­ni Bir­çək”, “Həs­rət” və baş­qa das­tan­lar da var­dı ki, on­lar  mə­nə ta­nış de­yil­di.

Əli Ka­ma­li­nin özü­nün söy­lə­di­yi­nə gö­rə, mi­zin üs­tün­də­ki qov­luq­lar­da və sə­li­qə ilə üst-üs­tə qa­lan­mış və­rəq­lər­də 100-ə ya­xın das­tan və ­şerləri var­dı. Ək­sə­riy­yə­ti türkcə­ o­lan bu­ ə­sər­lər Hə­mə­dan, Qum, Sa­va, Şi­raz, hət­ta ­bəzi­lə­ri Xo­ra­san ət­ra­fın­da ya­şa­yan türklər­dən top­lan­mış­dı.

Ge­cə­nin ne­cə keç­di­yi­ni bil­mə­miş­dik. Ə.Ka­ma­li sa­a­ta bax­ma­say­dı yə­qin söh­bə­ti­miz hə­lə ­çox da­vam edə­cək­di. Ha­va qa­ran­lıq ol­sa da, sə­hər açıl­mış­dı. Ə.Ka­ma­li­ni Sa­va­ya yo­la sa­lıb gö­rə­cə­yi­miz baş­qa iş­lə­rin ar­xa­sın­ca yol­lan­dıq.

1991-ci­ i­lin no­yab­rın­da uzun bir qış ge­cə­si­ni Əli Kə­ma­li ilə po­e­zi­ya­dan, ədə­biy­yat­dan, ta­rix­dən da­nı­şa-da­nı­şa ­be­lə­cə yo­la sal­dıq.

...Ara­zı o ta­ya ke­çən ki­mi ­Teh­ra­na can atır­dım. (Ye­nə də 45 ki­lo­metrlik sər­həd zo­la­ğı­nı keç­mə­mək qa­da­ğa­sı qa­ra bir daş ki­mi yo­lu kəs­miş­di). Ta­nış­la­rın yar­dı­mı ilə “qa­ra da­şın” ət­ra­fın­dan ke­çib Teh­ra­na ­çat­dıq. Gör­mək is­tə­di­yim iş çox idi. On­lar­dan ən va­cib­lə­ri Sət­tar­xa­nın qı­zı ilə gö­rü­şüb te­le­vi­zi­ya­ ü­çün mü­sa­hi­bə al­maq, Sər­da­ri Mil­li­nin Şah Əb­dü­lə­zim­də­ki tap­daq­lar al­tı­na atıl­mış qəb­ri­ni, xalq qəh­rə­ma­nı və in­qi­lab mü­ca­hid­lə­ri­nin öl­dü­rül­mə­si­nə rəh­bər­lik et­miş Yef­rem xa­nın “Ata­bəy par­kı”nın 60-70 ad­dım­lı­ğın­da qo­yul­muş büs­tü­nü len­tə çəkmək, Ə.Ka­ma­li­dən Ti­lim­xan haq­qın­da əla­və bil­gi­lər və ­şa­i­rin şerlə­rin­dən ör­nəklər gö­tü­rüb­ Azər­bay­can­da çap et­dir­mək və b. idi.

Ka­me­ra apar­ma­ğa­ İ­ra­nın göm­rük iş­çi­lə­ri qə­ti ica­zə ver­mə­dik­lə­ri ki­mi, çə­ki­liş­ a­par­ma­ğa da po­lis və mə’mur­la­rın ma­ne ola­ca­ğı­nı bi­lir­dim. Am­ma ar­zu­nu re­al­laş­dır­maq məq­sə­di­lə sə­fə­rə çıx­mış­dım. Teh­ran­da dostlar­la yüz öl­çüb biç­dik­dən son­ra qə­ti qə­ra­ra gəl­dik: “Bu ki­li­din aça­rı Əli Ka­ma­lidə­dir!”

Ye­nə də 1993-cü­ il yan­va­rın 12-də Əli Ka­ma­li ilə ön­cə­dən şərtləş­mə­dən (bu­na vaxt yox idi) ofi­sin­də gö­rüş­dük. İlk gö­rü­şü­müz­də ol­du­ğu ki­mi, iş gü­nü­nün so­nu idi. Ha­va qa­ral­mış­dı, şə­hə­rin rek­lam­la­rı müş­tə­ri ça­ğı­rır­dı.

Bi­zi Əli Ka­ma­li­nin özü qar­şı­la­dı. Otaq­da iki nə­fər idi­lər. Gə­li­şi­miz on­la­rın söh­bə­ti­nin möv­zu­su­nu də­yiş­di. Biz­lə­ri bir-bi­ri­mi­zə ­təq­dim et­di. Mil­liy­yət­cə fars olan, sa­va­dlı və­ki­lin Ə.Ka­ma­li­nin sə­mi­mi dostla­rın­dan ol­du­ğu­nu­ ö­yən­dik. Təx­mi­nən bir il­ üç ay ön­cə baş­la­dı­ğı­mız söh­bə­ti da­vam et­dir­dik.

Əli Ka­ma­li: — Mə­nim türk tə­əs­süb­keş­li­yim­dən be­lə da­nış­dı­ğı­mı gü­man edər­si­niz. Yax­şı olar siz su­al­la­rı­nı­zı ve­rin, mən tər­cü­mə­çi­lik­ e­də­cə­yəm, — de­yə dos­tu­nu da söh­bə­tə qoş­du.

Biz Sa­va ət­ra­fın­da­kı kəndlə­rin sa­yı, kəndlər­də ya­şa­yan əha­li­nin məş­ğu­liy­yə­ti, mil­li tər­ki­bi və s. ilə ma­raq­lan­dıq­da o gü­lə­rək: — Bun­lar çə­tin su­al­lar ol­du, bu su­al­la­ra Əli Ka­ma­li­nin özü ca­vab ve­rə bi­lər, — de­yə­rək söh­bə­ti Ə.Ka­ma­li­yə tə­rəf yö­nəltdi.

— Yax­şı, on­da sən qo­naq­la­rı­mı­za Mər­kə­zi Sa­va şə­hə­ri olan Əraq os­ta­nın­da ne­çə fars kən­di­nin ol­du­ğu­nu və o kəndlə­rin ad­la­rı­nı söy­lə, — de­yə Ə.Ka­ma­li ye­ni­dən dos­tu­nu söh­bə­tə qoş­maq is­tə­di. O isə 5-6 kənddə farsla­rın ya­şa­dı­ğı­nı söy­lə­sə də, cə­mi 4 kən­din adı­nı çə­kə ­bil­di. Və­ziy­yə­tin be­lə­ a­lın­dı­ğı­nı gö­rən Ə.Ka­ma­li dos­tu­nun kö­mə­yi­nə ­gəl­di. Əraq os­ta­nın­da əs­rin­ əv­vəl­lə­rin­də 700-ə ya­xın kənd ol­du­ğu­nu, ur­ba­ni­za­si­ya nə­ti­cə­sin­də bu­ra­da cə­mi 450-ə ya­xın kənd qaldığını, in­qi­lab­dan son­ra (1979-cu il İran İs­lam İn­qi­la­bı nə­zər­də tu­tu­lur — Ə.Ş.) Cə­fə­ra­bad bəx­şi­nin Qum os­ta­nı­na ve­ril­di­yi­ni, bu yer­lər­də ya­şa­yan­la­rın cıl­xa türk ol­du­ğu­nu, on bir kənddə farslar ya­şa­dı­ğı­nı söy­lə­di ­və farslar ya­şa­yan kəndlə­rin ad­la­rı­nı say­dı.

Dos­tu gü­lə­rək: — Ağa­yi Ka­ma­li, bi­zim ba­şı­mız pul qa­zan­ma­ğa qa­rı­şıb. Sağ ol ki, bun­la­rı də­qiq­li­yi ilə bi­lir­sən. Bi­zim də üzü­müz qo­naq­la­rın ya­nın­da ­qa­ra ol­mur — de­di.

O çox bö­yük məm­nu­niy­yət­lə Ti­lim­xa­nın şerlə­ri­nin su­rə­ti­ni çı­xa­rıb ver­di. 

Özünü saxlaya bilməyib bəzilərini yenə də bərkdən oxudu:

 

Bu gün mən Mehrini gördüm

Ağ üstündə teli piç-piç1

Dedim: Mehri, mən təşnəyəm

Verdi ləbin, dedi: iç-iç!

Dedim: kəmmehr olma zalım

Dedi: budur mənim halım

Dedim: bəs kimə yalvarım?

Dedi: beş-o dördü, üç-üç.2

Dedim: qurbanam qaşiyə.

Xub yanmışam atəşiyə.

Otur dolanım başiyə.

Dedi: hərfin demə3 puç-puç.

 

Şer  Qazi Bürhanəddinin, Nəsiminin “dedim-dedi”sini xatırladırdı. Kamali isə Tilimxanın ərəb əlifbasının imkanlarından istifadə edib nöqtəli, nöqtəsiz şerlər yazdığını söyləyir, ondan nümunələr oxuyurdu. Ərəb əlifbasında hərflərin az qala yarısının ya üstündə, ya altında nöqtə olur. Şer yazarkən əlifbada olan hərflərin nöqtəli olanından istifadə etməmək, yaxud yalnız nöqtə olanlarını seçmək olduqca çətin bir işdi. Tilimxan isə belə çətinliyə qatlaşıb.

Eyni cür səslənən və başqa məna verən sözlərdən istifadə etməklə şer qoşmaq sahəsində də Tilimxan böyük hünər göstərib. Buna aşağıdakı nümunəni göstərmək məncə yetər:

 

Gül başımdan, gül ağlımı gül aldı.

Gül qaşların, gül gözlərin, gül üzün.

Gül təklifi, gül bizlərə, gül etmə.

Gül gedin siz, gülşənindən gül üzün.

Gül seyr edin, gül bağlardan gül dərin,

Gül bülbüllər, gül bəkləyib, gül dərin,

Gül eşqidir, gül dərmanı gül dərin,

Gül qəvvaslar gül dəryada gül üzün.

Ümumiyyətlə beş bəndli şerdə şair “gül” sözünü  ayrı-ayrı anlamda 60 dəfə işlədib.

İran Res­pub­li­ka­sı­nın müx­tə­lif gu­şə­lə­rin­də ya­şa­yan zi­ya­lı­la­rın bir qru­pu­nu top­la­yıb Mə­ra­ğa­ya — Ti­lim­xa­nın qəb­ri­nə zi­ya­rə­tə apar­maq adı ilə ­təş­kil et­di­yi qu­rul­tay­dan söh­bət aç­dı. Hə­min sə­fər za­ma­nı çə­kil­miş 6 sa­at­lıq vi­deo len­ti ver­di ­ki mə­nim üçün ma­raq­lı olan his­sə­lə­ri kö­çür­düm.

Hə­min ge­cə­ni də Ə.Ka­ma­li­nin ofi­sin­də dostlar­la bir­gə ədə­biy­yat ta­ri­xi­miz­dən, İ­ran­da ya­şa­yan türk el­lə­rin­dən, on­la­rın et­noq­ra­fi­ya­sın­dan, folklo­run­dan söh­bət­də ke­çir­dik. Əli Ka­ma­li­ni İran­da ya­şa­yan türklər haq­qın­da ­bil­gi­nin az ol­ma­sı əsəb­ləş­di­rir­di. Qız­ğın­lıq­la de­yir­di:—İran türklə­ri de­yən­də­, o də­qi­qə Azər­bay­ca­nı nə­zər­də ­tu­tur­su­nuz. Or­da türklə­rin heç üç­də bi­ri ya­şa­mır. Sa­va, Hə­mə­dan, Qəz­vin, Eb­her, Es­te­ra­bad, Sun­qur, Gör­ve­yi-Kür­düs­tan, Əraq, Ho­meyn, Qum, Teh­ran ya­xın­lı­ğın­da­kı Şəh­ri­yar, Ya­rım­şəhr, Boç­nurd, Qo­ğan, Dər­gəz, Səb­zə­var, Es­fe­rayn, Rəf­sən­can, Gir­man — bu Gir­man os­ta­nı de­yil, Bu­şehrdə, Ya­suc­da, Ko­ku­le­də, Gir­man­da, Yəzddə və b. də türklər ya­şa­yır. Qa­lı­qay türklə­ri bir ne­çə ra­yo­nu əha­tə edir. Lap say­la­rı­nı da de­yə bi­lə­rəm. Cü­na­ğan kən­din­də 20 min nə­fər, Sa­man­da 18 min nə­fər, Be­nə­bərddə 8 min nə­fər, Şəhrkad­da 15 min nə­fər, Se­fid­daş­da 10 min nə­fər, Toğ­nək­də 5 min nə­fər, Mər­ği-Mə­lik­də 5 min nə­fər türk ya­şa­yır. Ye­nə sa­yım­mı?

Biz ra­zı­lı­ğı­mı­zı bil­dir­dik­dən son­ra Əli ­Ka­ma­li sa­kit­ləş­di.

Sə­hər isə mil­liy­yət­cə fars olan bir­ o­pe­ra­to­ru bi­zə qoş­du. Bəzi məs­lə­hət­lər ver­di. Eh­ti­yat­lı ol­ma­ğı tap­şır­dı.

Bö­yük hə­vəs və ma­raq­la, e­lə bir qa­n­qa­ra­çı­lıq ya­ran­ma­dan is­tə­di­yi­mi­zi re­al­laş­dır­dıq. Bir gün son­ra lent ar­tıq mə­nim çan­tam­da idi. Ra­hat­ca ge­ri dö­nə bi­lər­dim. Bü­tün xərclə­ri isə Əli Ka­ma­li çək­miş­di. O, ya­xın vaxtlar­da Ba­kı­ya gə­lə­cə­yi­ni, dok­tor­luq ya­za­ca­ğı­nı, Ti­lim­xan “Di­van”ını çap et­di­rə­cə­yi­ni söy­lə­di.

Azər­bay­can Res­pub­li­ka­sın­da 1993-cü ilin­ i­yun qi­ya­mın­dan son­ra İra­na ge­də bil­mə­dim. Bir ne­çə ­də­fə te­le­fon­la ­da­nı­şıb onu Ba­kı­ya də’vət et­səm də, “müt­ləq gə­lə­cəm” ca­va­bı­nı al­dım. Bir da­ha ­gö­rüş­mək qis­mə­ti isə 1995-ci ilin oktyab­rın­da ol­du. Rza Bə­ra­hə­ni, Sa­va­lan, Hə­mid Məm­məd­za­də, Qu­lam­hü­seyn Bəy­di­li və Əziz Möh­sü­nü ilə bir­gə ­Ba­kı­da Ca­vad Hey’ətin ana­dan ol­ma­sı­nın 70 il­li­yi­nə həsr edil­miş yu­bi­ley­də iş­ti­rak­ et­mə­yə gəl­miş­di. On­la­rı evə qo­naq də’vət et­mək is­tə­di­yi­mi bil­dir­dik­də ərklə: — “Sə­nin­ ə­və­zi­nə mən bun­la­ra Teh­ran­da gö­zəl qo­naq­lıq ve­rə­rəm. Be­lə şey­lə­rə vaxt itir­mə­yə dəy­məz. Sa­kit bir gu­şə tap, bir az ürə­yi­mi­zi bo­şal­daq” — de­di.

Onun qə­ri­bə­lik­lə­rin­dən xə­bər­dar ol­du­ğu­ma gö­rə eti­raz et­mə­dim. Bi­lir­dim ki, Ba­kı­ya gə­lən­də qaç­qın­la­ra pay­la­maq üçün öz pu­lu ilə xey­li ye­yim və ge­yim alıb gə­ti­rib. As­ta­ra göm­rük mən­tə­qə­sin­də isə ona bil­di­rib­lər ki, yar­dı­mı ­yal­nız Qı­zıl Aypa­ra cəmiyyəti apa­ran­da ­göm­rük ver­gi­sin­dən azad edir­lər. O­nun apar­dı­ğı ­mal­lar­ ü­çün müt­ləq göm­rük ver­gi­si ödən­mə­li­dir. Yol­daş­la­rın­dan tək­lif edən olub ki, yar­dı­mı göm­rük­də qo­yub Ba­kı­ya get­sin­lər, ora­da yük­sək rüt­bə­li döv­lət məmur­la­rı­na xə­bər ver­sin­lər, on­la­rın va­si­tə­si­lə göm­rük­dən ke­çir­sin­lər. Söh­bə­tin be­lə get­di­yi­ni gö­rən göm­rük­ iş­çi­lə­rin­dən bi­ri­si “ca­nı­ya­nan­lıq­la” tək­lif edib ki, bir az rüş­vət ver­sə, yar­dı­mın ke­çi­ril­mə­si­nə kö­mək edər. Bu həm də­ u­cuz ba­şa gə­lər. Bu­nu eşi­dən Əli ta­mam qı­zıb göm­rük iş­çi­si­ni də, sə­fər yol­da­şı­nı da­ a­cı­la­ya­raq: “Döv­lə­tə rü­sum­da nə­zər­də tu­tul­du­ğun­dan üç­qat çox ödə­mək la­zım gəl­sə də, o­nu edə­cəm. Am­ma nə rüş­vət ve­rə­cəm, nə də gə­tir­dik­lə­ri­mi göm­rük­də qo­yub ge­də­cəm”— de­miş­di.

Oktyab­rın 11-də ­mən­zi­lim­də Ə.Ka­ma­li ilə sə­hə­rə qə­dər söh­bət­ et­dik. Tez-tez ça­şa­raq de­yir­di: “Nə vax­ta­dək biz şa­ir, şer, na­ğıl və s. de­yə­cə­yik? Sa­va türklə­ri xə­ləc­lə­rin, av­şar­la­rın, al­po­ut­lu­la­rın, qa­ra­qo­yun­lu­la­rın, ağ­qo­yun­lu­la­rın adət-ənənə­lə­ri­ni, şi­və­lə­ri­ni bu gün də qo­ru­yub sax­la­yır­lar. Ni­yə siz azər­bay­can­lı­lar, tür­ki­yə­li­lər  — yəni, öz ana dil­lə­rin­də mək­təb­lər, ra­dio, te­le­vi­zi­ya, qə­zet və jur­nal­la­rı olan türklər bi­zim ki­mi şerə-yır, şa­i­rə-yır­çı, na­ğı­la-söy­ləc de­mə­yə­si­niz? Ni­yə?!”

Sə­hər tez­dən ra­di­o­ya ­get­dik. Xalq ya­ra­dı­cı­lı­ğı ­re­dak­si­ya­sı­nın si­fa­ri­şi ilə Or­ta İran türklə­ri, on­la­rın folklo­ru, to­po­nim­lə­ri ­və s. haq­qın­da ge­niş bir mü­sa­hi­bə al­dım. (Son­ra o ­mü­sa­hi­bə əsa­sın­da da “Qo­naq el­dən gə­lər” ve­ri­li­şi­nin­ i­ki nöm­rə­si­ni ­ha­zır­la­dım.) Səs­yaz­ma ota­ğın­dan çı­xan ki­mi Ə.Ka­ma­li­ni ra­di­o­nun Gü­ney Azər­bay­can, ədə­bi-dram, xə­bər­lər və b. re­dak­si­ya­la­rı­nın əmək­daş­la­rı “ya­xa­la­dı­lar”. Ə.Ka­ma­li heç bi­ri­nə yox—de­yib, qəl­bi­ni qır­ma­dı. Jur­na­listlə­rin bi­ri­nin Ba­kı haq­qın­da su­a­lı­na çox yığ­cam şə­kil­də “İn­şa­al­lah ye­tiş­sək, Ba­kı mən­tə­qə­nin Pə­ri­si olar!” — de­yə ca­vab ver­di.

Ca­vad Heyətin yu­bi­ley təd­bi­ri­nə az qal­mış­dı ge­ci­kək. Çox yor­ğun ol­du­ğun­dan heç çı­xış da edə bil­mə­di. Am­ma bu­na tə­əs­süf­lən­mə­di, tez-tez “Ba­kı ­mə­ni məst et­di!” “Ba­kı tə­səv­vür et­di­yim­dən də gö­zəl­miş!” — de­yir­di. Teh­ra­na ge­dən ki­mi iş­lə­ri­ni səh­ma­na sa­lıb ge­ri dö­nə­cə­yi­ni söy­lə­yir­di. Xü­su­sən xa­nı­mı­nı gə­ti­rib Ba­kı mu­zey­lə­ri­ni gös­tə­rə­cə­yi­ni vur­ğu­la­yır­dı. Ar­zu­la­rı çox idi. Ba­kı­ya dön­mək, dok­tor­luq mü­da­fiə et­mək, Ti­lim­xan “Di­van”ını, elə­cə də ­top­la­yıb nəş­rə ha­zır­la­dı­ğı baş­qa əsər­lə­ri çap et­dir­mək is­tə­yir­di. Gö­zü­müz yol­da qal­dı. Ə.Ka­ma­li­nin Ba­kı­ya gə­li­şi bu-gün sa­ba­ha qal­dı. Hər də­fə zəng vu­ran­da ­ya­xın gün­lər­də gə­lə­cə­yi­ni söy­lə­yir­di. Av­qus­tun 2-də Təb­riz­dən gə­lən bir te­le­fon zən­gi­ ü­mid­lə­ri­mi­zi pu­ça çı­xar­dı. Əh­məd Hey­də­roğ­lu acı-acı Ə.Ka­ma­li­nin dün­ya­dan köç­dü­yü­nü, Teh­ran­da­kı “Be­hiş­ti-Zəh­ra” qəb­ris­tan­lı­ğın­da tor­pa­ğa tap­şı­rıl­dı­ğı­nı ­bil­dir­di. Bir ne­çə sa­at son­ra “Azad­lıq” ra­di­o­su da hə­min xə­bə­ri yay­dı.

Ə.Ka­ma­li­yə son bor­cu­nu ve­rən­lər — dəf­nin­də iş­ti­rak edən­lər ara­sın­da ol­ma­dı­ğı­ma ya­nıb-ya­xıl­dım. El­mi-tex­ni­ki tə­rəq­qi nə­ti­cə­sin­də in­sa­nın bir gü­nə dün­ya­nın bu ba­şın­dan o ­bi­ri ba­şı­na uça ­bil­mə­si­nə bax­ma­ya­raq, biz onun hüz­rü­nə ye­tiş­ə bilmədik... Yal­nız Teh­ra­nın Xam­nə­li­lər məs­ci­din­də mər­hu­mun qır­xı qeyd edi­lən gün sentyab­rın 12-də ora­ya ­çat­dıq. Bəl­kə də biz o tay­da rəh­mə­tə ge­tmiş qar­da­şı­mı­zın ya­nı­na ge­dən­ ilk nü­ma­yən­də hey’əti­ i­dik.

Kamali peşə yoldaşı və dostu Qanenin ölümünə həsr etdiyi şerində yazır: “Ədliyyə vəkili gərək ayaq üstə ölə”. Yəni, iş başında, qocalmadan, xəstələnib yorğan döşəyə düşmədən ölə. Vəkili haqsızlığa, ədalətsizliyə qarşı vuruşan bir cəngavər kimi təsvir edir. Özü də şerində dediyi kimi ayaq üstə öldü. Yasına gedən nümayəndə heyətində Həmkarlar İttifaqları Konfederasiyasını, konfederasiyanın sədr müavini Kazım Teymurlu Yazıçılar Birliyini Hamlet Qoca, Qarabağ Qaçqınlarına Yardım Komitəsini Komitənin sədri Dilsuz Musayev, Nizami adına Ədəbiyyat İnstitutunun Folklor Elmi Metodik Mərkəzini və Azərbaycan Ensiklopediyasını mən təmsil edirdim. Ə. Kamali anasını Bəndəmir kəndində dəfn etdirib. Qəbir daşı üzərində yazdırıb:

Dərd içində bir dürdanə yatıbdır.

Mövc içində bir xoşsona yatıbdır.

Sözün düzü  mələk  insan cildində.

Burda bir mehriban ana yatıbdı.

 

Anasına Tehranda təşkil etdiyi yas mərasimində isə toplaşanlara deyib: “Xahiş edirəm bu məclisdə anamın mənə öyrətdiyi dildə danışasınız”.

Ə.Ka­ma­li­nin ölü­mü­nün yed­din­ci ­gü­nü Teh­ran­da ­qeyd edi­lən­də ­Ba­kı­da Ni­za­mi adı­na Ədə­biy­yat İnsti­tu­tun­da da qeyd edil­miş­di. Biz Teh­ran­da olan­da­ i­sə Ba­kı­nın kü­çə­lə­ri­nə Azər­bay­can Ya­zı­çı­lar Bir­li­yi, Azər­bay­can EA Ni­za­mi adı­na Ədə­biy­yat İnsti­tu­tu, Qa­ra­ba­ğa Xalq Yar­dı­mı Ko­mi­tə­si (Teh­ra­na ­yas­da iş­ti­rak­ et­mə­yə ­get­miş nü­ma­yən­də heyəti də ad­la­rı çə­ki­lən təş­ki­lat­la­rı təm­sil edir­di.) adından vurulmuş bir bildiri insanları Əli Ka­ma­li­yə həsr olun­muş Xa­ti­rə ge­cə­si­nə dəvət edir­di. Ge­cə 1996-cı il sentyab­rın 12-də sa­at 15.00-da Ya­zı­çı­lar Bir­li­yi­nin Na­tə­van­ a­dı­na klu­bun­da ke­çi­ri­lir­di.

Sentyab­rın 13-də Qə­ra­ğan bəx­şi­nin (ra­yo­nunun — Ə.Ş.) Bən­də­mir kən­din­də — Ə.Ka­ma­li­nin do­ğul­du­ğu kənddə ol­duq. Bu­ra­da da qırx mə­ra­si­mi ke­çi­rir­di­lər. Ət­raf kənd və şə­hər­lər­dən axın-axın in­san­lar mənə­vi borcla­rı­nı ver­mə­yə gə­lir­di­lər. Ba­kı­dan gəl­di­yi­mi­zi bil­dik­də ki­mi bi­zə Ə.Ka­ma­li­nin öz pu­lu ilə çək­dir­dir­mə­yə baş­la­dı­ğı 42 ki­lo­metr uzun­lu­ğun­da, 45 metr enin­də şos­se yo­lu gös­tər­mə­yə (Hə­mə­da­na ge­dən qə­dim kar­van yo­lu­nun əsa­sın­da çə­ki­lən bu yol Bən­də­mir və Qa­ra­ğan bəx­şi­nin 10-a ­ya­xın kən­di­ni ­bir-bi­ri­lə bir­ləş­di­rir. Də­rə­lər­dən dağ­lar­dan keç­di­yi­nə gö­rə ne­çə yer­də kör­pü tik­mək la­zım gə­lib. Hə­mə­dan Zən­can yo­lu­nu 50 ki­lo­metr qı­sal­da­caq bu şo­se­ ön­cə­ki ­yol­dan fərqli ola­raq, səh­ra­dan de­yil, ya­şıl­lıq­lar qoy­nun­dan çay və bu­laq­la­rın ya­xın­lı­ğın­dan keç­di­yi­nə ­gö­rə yol­çu­lar­da xoş ov­qat ya­ra­da­caq), ki­mi Ka­ma­li­nin tik­dir­di­yi mək­təb bi­na­la­rın­dan söz aç­ma­ğa, ki­mi də onun hər il şa­girdlə­rə ne­cə ­ge­yim al­ma­sın­dan, bay­ram pa­yı ­ver­mə­sin­dən da­nış­ma­ğa ça­lı­şır­dı.

Onun xey­riy­yə­çi­lik iş­lə­ri­ni, ic­ti­mai fə­a­liy­yə­ti­ni (Teh­ran­da ya­ra­dı­lan Qa­ra­bağ Mü­səl­man­la­rı­na Yar­dım Cə­miy­yə­ti­nin sədrlə­rin­dən bi­ri idi), və­kil ki­mi gör­dü­yü iş­lə­ri, ədə­biy­yat sa­hə­sin­də­ki xid­mət­lə­ri­ni, lap adi bir­ in­san ki­mi şə­hə­rə gəl­miş xəs­tə ­kəndli­si­ni hə­ki­mə apar­maq­dan tut­muş, baş­qa ­mə­i­şət qay­ğı­la­rı­na qal­ma­sı ki­mi xır­da say­dı­ğı­mız iş­lə­ri­ni göz önü­nə gə­tir­dik­cə hey­rət­lən­mə­mək ol­mur.

52 il­lik bir ömr də Əli Ka­ma­li bu qə­dər işi ne­cə ­gö­rə bi­lib?!

 

26.09.1996

. MİLLİ ŞÜUR OYADAN  İNSAN: –

QƏZƏNFƏR PAŞAYEV

 

  Qəzənfər Paşayev mənə bir saat da olsun dərs deməyib. Onunla görüşümüz, söhbətlərimiz də o qədər çox olmayıb. Cəmi iki-üç dəfə qısa söhbətimiz olub. O da, neçə illik fasilələrlə. Amma dünyagörüşümün for-malaşmasında Qəzənfər müəllimin rolu böyük olub. Yalnız mənimmi? Yoxsa yaşıdlarımın, məndən yaşda kiçik olanlarındamı? Bu suala hər bir insan özü cavab verə bilər.    

Mənim dünyagörüşümün formalaşmasında Qəzən-fər müəllimin rolunu təsdiqləyən bir sənədin qaralaması arxivimdə qalıb. Qəzənfər Paşayevin 60 illiyi ilə bağlı məruzə hazırlayanda bu sənəd əlimə keçdi. Düz 29 il öncə yazılıb. Demək, onda Qəzənfər müəllimin 31 yaşı varmış.

1968-ci ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika şöbəsinə qəbul olun-muşdum. Dərslərə başladığımızdan iki ay keçmişdi. Nə müəllimlər tələbələri, nə də tələbələr müəllimləri yaxşı tanıyırdı. Cəmi 3-4 seminar - məşğələmiz olmuşdu. “Azərbaycan şifahi xalq ədəbiyyatı” fənnindən dərs deyən müəllimimiz Vaqif Vəliyev “Bayatılar” mövzu-sunda mühazirə oxuyanda əlindəki balaca kitabcanı göstərərək:-“Kim bu kitabı oxuyub?”- deyə xəbər aldı. Onun əlindəki Rəsul Rzanın və Qəzənfər Paşayevin tərtib etdikləri, ön və son söz yazdıqları “Kərkük baya-tıları” kitabı idi. Kitab tezliklə böyük marağa səbəb olmuşdu. Çünki Azərbaycanda ilk dəfə İraqda yaşayan türklər haqqında belə geniş, bir az da hisslərə təsir edən bilgilər verilir, onlardan toplanmış folklor nümunələri çap edilirdi.        

  Qrupumuzda 28 tələbə vardı. Vaqif müəllimin sualından sonra əl qaldıranlar çox oldu. O, bundan məmnun qalaraq:- Gələn seminar - məşğələyədək kim bu kitab haqqında məruzə hazırlayar?-deyə müraciət etdi. Bu dəfə əl qaldıranların sayı xeyli azaldı. Vaqif müəllim əl qaldıranları gözdən keçirib İsrafil Qurbanova və mənə məruzə hazırlamağı tapşırdı. Məruzənin həc-minin bir şagird dəftəri həcmində- 24 səhifə (o zaman yoxlama işləri həmin həcmdə yazılırdı) olmasını söylədi.  

Dərsdən sonra İsrafillə məsləhətləşib, bir - birimizi təkrarlamamaq üçün iki mövzuda məruzə hazırlamağı qərara aldıq. İsrafil kitabdakı lirik, mən isə ictimai - siyasi məzmunlu xoyrat və maniləri Azərbaycan baya-tıları ilə qarşılaşdırmağı planlaşdırdıq. 

Məruzəni hazırlayandan sonra xeyli tərəddüd etdim. Yazdıqlarımı müəllimə verim, verməyim? Çünki yaşa-dığım mühitin sıxıntısı, KQB qorxusu və s. mənim də canıma hopmuşdu. Yazdıqlarımı V.Vəliyevə verəndən sonra narahatlığım daha da artdı. Görəsən, müəllim necə adamdır, yazdıqlarımı necə qarşılayacaq? 

  Seminar günü gəlib çatdı. Vaqif müəllim birinci məni çağırıb dəftəri özümə qaytardı və: “Oxu!”- dedi. Onun sifətində bir sakitlik, rahatlıq duysam da, narahatlığım çəkilməmişdi. Düşündüm: “Qrup yol-daşlarım görəsən necə qarşılayacaqlar?”  

Yazdıqlarımı həyəcanla oxudum. Sonda Vaqif müəllim məruzəmin yaxşı cəhətləri ilə yanaşı nöqsanlarını da qeyd etdi. Öndə və sonda mənim elmi əsasdan uzaqlaşıb, hissə qapılmamı tənqid etdi. Ancaq o, dildə tənqid etsə də, üzündə xoş bir təbəssüm vardı. Bu məni daha da ruhlandırdı. Dərsdən sonra isə qrup yoldaşlarımız arasında dünyada yaşayan Azərbay-canlılar, onların dilləri, ədəbiyyatları, mədəniyyətləri, bir - birindən ayrı salınma səbəbləri haqqında qızğın mübahisə başladı.      

Vaqif Vəliyev istədiyinə nail olub getmişdi. Biz isə mübahisə edirdik.

“Parçalanmış xalqın birləşmək dərdi” sərlövhəli məruzəm belə başlayırdı:       

«Danışmaq istəyirəm! Danışmaq!!! Dili bir, qanı bir, mədəniyyəti bir, oğulları bir, özləri ayrı olan xalqın bir hissəsi haqqında danışmaq istəyirəm. Kərküklülər haqqında danışmaq istəyirəm. Qəlbimi sıxan, beynimi yoran, mənə daim əzab verən fikirlərimi sizinlə bölmək istəyirəm. İstəyirəm hamımızın oxuduğumuz və tanış olduğumuz bu hadisə haqqında birgə düşünək. Düşünək ki, bu xalqı hansı tufan, hansı qasırğa, hansı fırtına öz xalqından qoparıb Ərəbistanın qumsal səhrasına atmış-dır. Düşünək ki, nə üçün bunların dillərini, milli mədəniyyətlərini  ərəb şovinistləri tapdalayır. Bunun üçün onlar tarixin ədalət məhkəməsi qarşısında cavab verəcəklərmi?! 

Bəli,  həmin tarixi gün gələcək. Necə ki, ərəblərin Azərbaycandakı üç əsrlik hakimiyyətinə son qoyuldu. Eləcə də ərəb şovinistlərinin Kərkük azəriləri üzərindəki əsarətinə son qoyulacaq. Bu Kərkük azərilərinin yarat-dığı xoryatlarda böyük bir nikbinliklə verilmişdir: 

                                  Günü gələr.

                       Qəm gedər, gün gələr.

                       Tələsmə, dəli  könül,

                       İntiqam  günü  gələr

 

Bu intiqam günü gələrsə xalq əsrlərdən bəri yadların tapdağından, hücumundan döyüşə - döyüşə qoruyub saxladığı dildə yazıb - yaradar, təhsil alar, öz milli mədəniyyətini inkişaf etdirər”.             

Sonra kitabdakı üsyankar, vətənpərvərlik ruhlu, ictimai - siyasi məzmunlu xoyrat və manilər təhlil edilir, Azərbaycan bayatıları ilə qarşılaşdırılırdı. 

Mənim  bu  cəhdimdə  elmi  təhlildən  çox  təsvir, sadalama var: “... Yad bir ölkədə dil uğrunda, milli mə-dəniyyət uğrunda mübarizə apara - apara yaşamaq nə qədər çətindir. Kərkük xoyratları da qəriblərin naləsi olduğu üçün çox təsirlidir. Xoyratlar xalqın canı, qanı, arzularıdır. İnsan bəzən nəinki özünü, ailəsini, hətta doğulduğu torpağı da qərib hesab edir.     

 

                               Eyşim qərib. 

                     Eyşim, yoldaşım qərib. 

                     Bilmirəm  haralıyam,

                     Torpağım, daşım qərib.

 

Bəli,  onların  torpağı da  qəribdi. Çünki o torpaq babaların çürümüş bədənləridir. Kərkük türkləri həmişə mübarizə aparmış, indi də aprmaqdadırlar. Bütün xalqı mübarizəyə qoşmaq, xalqı oyatmaq üçün bu gün də yeni - yeni xoryatlar qoşurlar.    

 

                              Oyan Kərkük.

                       Yaramı oyan Kərkük.

                       Gün çıxdı, el oyandı,

                       Sən də bir oyan, Kərkük

 

   Oyanmaq! Ayağa qalxmaq. Ərəb şovinistlərinin zülmündən qurtarmaq üçün birləşmək lazımdır:

 

                       Qurut göz yaşın, Kərkük,

                       Altundur  daşın, Kərkük.

                       Birləş  qardaşlarınla,

                       Yüksələr  başın, Kərkük.

 

 Heyhat! Kimlə?! Hansı qardaşla? Bir bədəni iki yerə bölünmüş, sinəsinə sərhəd dirəkləri basdırılmış qardaşlarıylamı? Axı qardaşlarının da onun kimi dili, mədəniyyəti əlindən alınıb. Lakin yatırlar. Bəs nə vaxt qardaşları ilə birləşəcək?! Artıq vaxt deyildirmi?!”

 Üslub yanlışlığı, coğrafi, tarixi biliyimin azlığı özünü aydın göstərir. Məruzənin önlərində dövrün ab-havasıyla azəri sözünə aludəliklə “Kərkük azəriləri” yazmışamsa sonunda “Kərkük türkləri” yazmışam. 12 vərəqlik məruzədə bu cür çoxlu səhv tapmaq olar. 

Amma bu yazıda bir işıqlı cəhət var. O da və-tənpərvərlikdir. Özü də coşğun, üsyankar vətənpər-vərlikdir. Bu vətənpərvərlik başqa planetdən, xaricdən verilən “Azadıq”, “Amerikanın səsi” və başqa radiostansiyaların verilişlərindən gəlmirdi. Sərt Sovet senzurası şəraitində Qəzənfər Paşayevin və onun kimi milli təfəkkürlü qələm sahiblərinin, pedaqoqların gah eyhamla, gah dolayısı ilə çap etdirdikləri kitablardan, qəzet və jurnal məqalələrindən, oxuduqları mühazi-rələrdən, məhdud dairələrdə etdikləri söhbətlərdən, yeniyetmələrə, gənclərə, bəzən də özlərindən yaşlılara xeyirxah münasibətlərindən gəlirdi.     

   Bəzən xoş bir söz, səmimi bir təbəssüm, kiçik bir hərəkət də yeniyetmə və gənclərin dünyagörüşünün formalaşmasına, ömür yoluna təsir edir. Onun özü isə çox vaxt bundan xəbərsiz olur.

 “Parçalanmış xalqın birləşmək dərdi” məruzəsini qrup yoldaşlarım qarşısında oxuyandan bir neçə gün sonra Bakıda M.P.Vaqifin anadan olmasının 250 illiyi münasibətilə keçirilən yubiley tədbirlərində İraq türkləri ilə tanış olduq. Nizami adına  Ədəbiyyat Muzeyində “M.P.Vaqif-250” mövzusunda sərgi təşkil edilmişdi. Sərginin açılışı 1968-ci il 20 noyabrda saat 12:00 radələrində oldu. Sərginin açılışında bir neçə tələbə yoldaşımla birlikdə mən də iştirak edirdim. Xarici ölkələrdən də xeyli qonaq gəlmişdi. Ayaqüstü yubiley çıxışları (Toplantını prof. Abbas Zamanov açdı, Azərbaycan EA-nın akademiki Ə.Sumbatzadə, İraqdan gəlmiş türkman şairi Şakir Zabit, Lomonosov adına MDU-nun professoru Əziz Şərif, “Folkund Velt” (ADR) nəşriyyatının redaktoru Aetrit Klook, Azərbaycanın xalq şairi M.Rahim, Kuba yazıçısı Hoel  Havara, Türkmənistan EA- nın akademiki B.Karrıyev çıxış etdilər) başa çatdıqdan sonra iştirakçıları sərgiyə baxmağa dəvət etdilər. İki bələdçi ayrılmışdı. Biri rusca, o birisi isə ingiliscə bilgi verirdi.  

 Elə ilk otaqdaca orta yaşlı bir – Şakir Zabit  muzeyin direktoru, professor Abbas Zamanova müraciətlə, üsyankarcasına:

   - Abbas əfəndi! Nasıl olur? Doğma dilimizdə heç nə eşitməyəcəyikmi?- dedi. Abbas müəllim bir an duruxub sağına - soluna nəzər saldıqdan sonra:

 - Şakir bəy, tələsməyin sizin üçün bu dəqiqə adam ayıracam - deyib harasa tələsdi. (Universiteti bitirib işləyəndə  gördüm ki, belə yüksək səviyyəli tədbirlər öncədən planlaşdırılır. Hətta bələdçinin kimliyi, söy-ləyəcəyi mətn və s. Mərkəzi Komitə ilə razılaşdırılır.) Şakir bəy ətrafa göz gəzdirib, bizi yanına çağırdı. Universitetdə oxuduğumuzu biləndə sifətinə xoş bir təbəssüm qondu. Qısa söhbət etdi. İraqdan gəldiyini, Şakir Zabit Sabir olduğunu söylədi. Biz də onu tanı-dığımızı deyəndə marağı daha da artdı. Adını, soyadını Rəsul Rza və Qəzənfər Paşayevin çap etdirdiyi “Kərkük bayatıları” kitabından oxuduğumuzu deyəndə sakitcə “hə, Qəzənfərin işləridir” dedi. Sonra da bizdən eksponatların altında yazıları oxumağı xahiş etdi. Qrup yoldaşım İsrafil Qurbanov, filologiya fakültəsində oxuyan Osman Osmanov və mən Şakir Zabit Sabir üçün “bələdçilik” edəndə Türkiyədən gəlmiş yazıçı Kamal Tahir, teatr və musiqi tənqidçisi Həyati Əsilyazıçı, şair Nicati Zəkəriyyə (Nicat bəyin Yuqoslaviya türklərindən olduğunu sonra bildik – Ə.Ş.) və iki gənc də bizə qoşuldu.         

Dəstəmiz xeyli böyümüşdü. Onların arasındakı iki cavan oğlan bizi him-cimlə kənara çağırırdı. Onların bizi qonaqlardan uzaqlaşdırmaq istədiklərini duydu-ğumuzdan Şakir  Zabit Sabirə daha yaxın durur, özümüzü görməməzliyə vururduq.

Ekskursiya başa çatanda Şakir Zabit Sabir filarmoniyada keçiriləcək təntənəli yığıncağa da gəlməyimizi təklif etdi. Biz də’vətnaməmiz olmadığını söyləyəndə: “Siz gəlin, mən qapıda gözləyib  Sizi içəri keçirəcəyəm” dedi. Onun bu səmimiyyəti bizi daha da həvəsləndirdi.

Muzeydən çıxanda qonaqlar maşınlara əyləşib getdilər. İçəridə bizə him-cim edən cavan oğlanlar bir anda bizi yaxaladılar. Özlərini KQB-nin əməkdaşı kimi təqdim edərək sənəd tələb etdilər və sorğu-suala tutdular. Mənim tələbə biletim yanımda idi. Onu da aldılar. Qorxa-qorxa orada nə danışmışdıq hamısını az qala sözbəsöz onlara bildirdik. Onlar da harasa  tələsirdilər. Ayaqüstü söhbətdə  bizə təpindilər. Yataq-xanadan və Universitetdən başqa heç yerə getməməyi, filarmoniyaya gəlməməyi tapşırdılar.

Biz kor-peşiman Yasamala – yataqxanaya gəldik. Kiçik məşvərətdən sonra filarmoniyada keçiriləcək yubileyə getməyi qərara aldıq. Bir-birimizə ürək-dirək verməyimiz qorxunu canımızdan çox tez çıxartdı. Mən “Kərkük bayatıları” kitabını özümlə götürdüm. İsrafil nə qədər axtardısa kitabını tapa bilmədi.

Biz filarmoniyanın qarşısına gələndə qonaqların hamısı içəri keçmişdi. Yalnız Şakir Zabit  Sabir  qapıda durub boylanırdı. “Dostlarımız” bizi ondan tez görüb yaxaladılar. Bu zaman Şakir Zabit Sabir və onun yanındakı yaraşıqlı geyimli bir gənc də bizim yanımıza gəldi. O, sakit, gülərüz, lakin sərt tonla rusca bizi yaxalayanlara acıqlandı. Şakir bəy onların söhbətindən deyəsən heç nə başa düşmədi. Güclü himayəçi tapdığımıza sevindik. Onlar nəinki bizdən əl çəkdilər, sakitcə tələbə biletimi də qaytardılar. Həmin adam bizi dəvətnaməsiz içəri keçirdi. Yığıncağın başlanmasına hələ vardır. Şakir Zabit haqqımızda ona bilgi verdi-yindən, ya da həyəcanlı olduğumuzu gördüyündən bizi sorğu-suala tutmadı. Şakir Zabit onu bizə təqdim edərək: “Dostum, İraq Türkmanlarının ən iyi araşdırıcısı və təbliğatçısı, əlinizdəki kitabı hazırlayan Qəzənfər Paşayevdir” – deyəndə biz ona heyrətlə baxdıq. Tez tələsik kitabı haqqında məruzə hazırlayıb qrupda oxuduğumuzu söyləyəndə müəllimimiz Vaqif Vəliyevə də, bizə də təşəkkürünü bildirdi.     

Mən əlimdəki “Kərkük bayatıları”nı Qəzənfər müəllimə avtoqraf yazmağa verəndə: “Mən həmişə buradayam. Yazaram. Qoy indi avtoqrafı əziz qona-ğımız yazsın!” – deyib kitabı Şakir Zabitə təqdim etdi. O da etiraz etməyib, kitabın titul səhifəsində ərəb əlifbası ilə yazdı:

 “Kərkük bayatıları vasitəsilə Əraq türklərini tanıtmış və coşğunluq burakmuşdur. Azərbaycanlılar və Bakı xəlqi hər yerdə ətrafıca sarılıb kürsülərdir. Gənc bay Əli də xatirə olaraq bir-iki söz istər. Gözlərinizi öpürəm. 

Bakı xəlqinə candan salamlar.

 

                                                                            Zabit.

                                                                           21.11.68

 

Bunları niyə belə təfsilatı ilə yazdım? Qəzənfər müəllimin elmi əsərləri, məqalələri haqqında bu gün də, üç-beş il sonra da, lap 20 -30 il sonra da yüksək səviy-yəli məqalələr yazmaq mümkündür. Onun pedaqoji fəaliyyəti də göz qabağındadır. Bəs milli azadlıq mü-barizəsində, müstəqilliyimizin əldə edilməsində Qə-zənfər Paşayevin rolu nədir? Onun bu sahədəki başqa xidmətlərini bilmirəm. Amma onu bilirəm ki, yüzlərlə milli azadlıq, müstəqillik uğrunda mübarizənin mənim kimi sıravi üzvlərinin formalaşmasında Qəzənfər Paşayevin rolu var.   

Sov.İKP MK-nın 1985-ci ildən başlayan – M.S.Qorbaçovun adı ilə bağlanmış “yenidənqurma” siyasətinin Azərbaycanda milli şüuru oyatdığını söyləyənlərə ən tutarlı cavab da  1968-ci ildə  orta məktəbi bitirib, ali məktəbə qəbul olmuş bir gəncin yazdığı kiçik məruzədir.

 

  Söz ardı: Qəzənfər  Məhəmməd oğlu Paşayev 1937-ci ilin avqustun 27-də Tovuz bölgəsinin Düz-qırıxlı kəndində doğulub. 1962-ci ildə Bakıda Azərbaycan Dövlət Pedoqoji Xarici Dillər İnsti-tutunun ingilis dili fakültəsini bitirib. Üç ay kənd məktəbində müəllim işlədikdən sonra İraq Respublikasında tərcüməçi işləməyə göndərilib. Müxtəlif fasilələrlə üç dəfə İraqda tərcüməçi və ali təhsil aldığı institutda baş laborant, müəllim, dekan müavini, kafedra müdiri işləyib. 1990-cı ildən isə M.Rəsulzadə adına Bakı Dövlət Universite-tində xarici dillər kafedrasının dosenti və kafedra müdiri işləməyə başlayıb. İraq Türkman folkloru möv-zusunda doktorluq dissertasiyası müdafiə edib. «Kərkük bayatıları» (1968), «Arzu-Qənbər dastanı»(1972), «İraq kərkük atalar sözləri»(1978), «İraq kərkük bayatıları» (1984), «Kərkük tapmacaları»(1984), «Kərkük folklor antologiyası» (1987), «Nəsiminin İraq divanı»(1987), «İraq Türkmən folkloru» (1982), və b. kitabları nəşr edilmişdir. A.Dümanın «Qafqaz səfəri», «Necə yaşayasan yüzü haqlayasan» və b. kitabları Azərbaycan türkcəsinə çevirən Qəzənfər Paşayevə böyük uğur qazandıran «Altı il Dəclə və Fərat sahillərində» kitabı oxucular arasında əl-əl gəzdi. Bu kitab Qəzənfər müəllimin bacarıqlı pedaqoq, zəhmətkeş alim olmaqla yanaşı şirin dilli bir publisist olduğunu da ortaya qoydu.

İraq Türkmənlərinin Azərbaycanda tanınmasında və sevilməsində Q. Paşayevin xidməti böyükdür.

Şakir Sabir Zabit 1913-cü ildə doğulub. İlk okulu Kafridə, orta okulu Kəlkükdə, lisəyi Bağdadda bitirib. 1938-də hərbi məktəbi bitirib  İraq ordusunda zabit kimi hərbi xidmətə başlayıb. Elə buna görə də ədəbi-bədii, elmi-publisistik əsərlərində zabit imzasını da işlədib. 1959-cu ildə general Şakir Sabir təqaüdə çıxır. Bundan sonra daha ciddiyyətlə elmi araşdırmalarını davam etdirir.

    İraqda yaşayan özlərini türkman adlandıran türklərin tarixindən, soy köklərindən bəhs edən “Mə’cəzu-tərixu —t—türkmani filıraqi” kitabını 1961-ci ildə nəşr etdirir. Ərəbcə yazılmış bu kitab nəinki türkmanlar, hətta ərəb araşdırıcıları tərəfindən də maraqla qarşılanır. Bunun ardınca Şakir Sabir 1962-ci ildə “İraq türkmanları ağzında ata sözləri”, yenə həmin il “Kərkükdə ictimai həyat”, 1965-də “Bayat qəbiləsi haqqında araşdırma”, 1966-cı ildə “Bizdəki əxlaq və əxlaq anlamı dərdi”, 1968-ci ildə isə 3 kitab “Zabitin məktəbi”. “Zabitin güzgüsü” və “Zabitin göz yaşları”  kitablarını çap etdirib. Bütün bunlardan əlavə onun 4 kitabı ərəbcə basılıb.

     Şakir Sabir yalnız tarix, folklor və etnoqrafiya araşdırıcısı həm də fəal ictimai xadim kimi şöhrətlənib. Bir neçə dildə məqalələr yayınlayan “Ət-turasu-ş -şəbiyyu” (Milli irs) və “İraq” (1964-cü ildən məqalələr verən qəzet 62-ci sayından sonra dərgiyə çevrilib) dərgilərini yayınladıb. 1988-ci ilin sentyabrında öz zəngin kitabxanasını xalqın istifadəsinə verib. İki il sonra – 1990-cı ilin yanvarın 31-də dünyasını dəyişdi.  

                                                                                                           15.05.1997


QAFQAZIN O TƏRƏFİNDƏ VƏ BU TƏRƏFINDƏ: –AXMAT SOZAYEV

 

Balkarları bizdən bir dağ silsiləsi ayırır. Böyük Qafqazın güneyində biz yaşayırıq, qüzeyində onlar. Quzey Qafqazdakı dincəlmə və müalicə yerlərinə Sovetlər Birliyinin müxtəlif bölgələrindən hər il minlərlə insan dincəlməyə gəlirdi. Yayda bu yerlər daha gur olurdu. Yaxın olduğundan və ya başqa səbəblərdən, azərbaycanlıların böyük əksəriyyəti istirahətə uzaqlara deyil, Quzey Qafqaza getməyə üstünlük verirdi.  Ailəliklə gedənlər də çox olurdu.

Bütün bunlara baxmayaraq, Quzey Qafqazda dili dilimizdən olan qaraçay, balkar, noqay, qumuq adlandırılan soydaşlarımızla mədəni əlaqə yox dərəcəsində idi. Bu əlaqələrin yaranması və güclənməsinə Sovet strateqləri açıq və gizli əngəllər törədirdilər.

Bütün qadağalara, yasaqlara baxmayaraq içimdə türk ellərini gəzmək, onlarla birbaşa ilişki qurmaq istəyi vardı. Dış məmləkətlərə getməyə isə nə maddi imkanım vardı, nə də yaradılmış maneələri keçməyə gücüm. Ola bilsin, Bolqarıstana, Yuqoslaviyaya, Rumıniyaya turist göndərişi ala bilərdim. Onda da, birincisi, sərbəst gəzib türklərlə görüşüb, söhbətləşməyə imkan olmayacaqdı. İkincisi də, hər turist qrupunda DTK və başqa təşkilatın adətən bir neçə güdükçüsü olurdu.

Bütün bunlara görə öncə mümkün olan yerləri gəzib görməyi qərara  aldım. İlk səfərim 1983-cü ilin dekabrında Krıma oldu. Krım haqqında bilgim yetərincəydi. İ. Qaspıralı, B. Çobanzadə, Krımda hakim olmuş Geray xanlar haqda çox oxumuşdum. Yer-yurd da mənə doğma idi. Qaldığımız istirahət evi ”Foros”, ümumiyyətlə, kurortları ilə zəngin olan Yalta yönəsi — ölkənin güneyi mənə Azərbaycanın Astara, Lənkəran, Nabran bölgələrini, dağları aşıb quzeyə keçəndə isə Naxçıvanı, Şirvanı, Qarabağı, Muğanı xatırladırdı. Təbiətinə vurulduğum bu yerlərdə addım başı qanım qaralırdı. Dağ, daş, çay, çəmən, çöl adları türkcəydi. Torpağın hər qarışı türklərdən  xəbər verirdi. Amma onların özlərindən xəbər-ətər yox idi.

Baxçasarayı, Gireyxanların sarayını gəzəndə dözə bilməyib acığımı bələdçiyə tökdüm. Muzey kompleksi haqqında bilgi verən cavan və yaraşıqlı qız tez-tez “köçəri, vəhşi, qaniçən tatarlar” deyə vurğulayırdı. Özümü saxlaya bilməyib: “Onların heç olmasa bir nümunəsini muzeydə görmək istərdim!” — dedim. Mənim bu atmacam yalnız bələdçini deyil, muzeyin rəhbərliyini və b. “də’vət olunmuşları” bərk sancdı.

Qrupumuzun partiya işçilərdən ibarət olması və qaldığımız sanatoriyanın nüfuzu (xanımım Naxçıvan Vilayət Partiya Komitəsində işlədiyinə görə Sov. İKP MK-nın”Foros” sanatoriyasına göndəriş almışdıq) mənim yaxamı onların əlindən qurtardı.

Sovet rejimi yavaş-yavaş laxlayırdı. M.S.Qorbaçovun hakimiyyətə gəlməsi bunu daha da sürətləndirdi. Bundan istifadə edib arzularımı həyata keçirmək istəyirdim. Çalışdığım “Sovet Naxçıvanı” qəzetinin redaktoru Akif Axundovun razılığını alandan sonra Sovetlər Birliyindəki özərk — muxtar respublikalarda milli dillərdə nəşr edilən qəzetlərin redaksiyalarına məktublar yazdıq. Məktublarda hər şey Sovet qaydalarına uyğun idi. Formal cəhətdən biz Sovetlər Birliyinin yaranmasının 60 illiyi münasibəti ilə səhifə mübadiləsi edəcəkdik: biz Naxçıvanla bağlı yazılar hazırlayıb onlara göndərəcəkdik, onlar da özərk respublikaları haqqında bizə materiallar göndərəcəkdilər. SSRİ-də belə bir təcrübə var idi — bu iş mərkəzləşmiş qaydada SİTA tərəfindən həyata keçirilirdi. Biz isə belə bir  mərkəzləşmədən qaçır, birbaşa ilişkilər qurmağa çalışırdıq. Bunlardan əlavə həmin özərk respublikalarda çıxan rusdilli qəzetlərlə yox, milli dillərdə nəşr olunan qəzetlərlə işbirliyi qurmaq istəyirdik. Rusdilli  qəzetlərlə bu işi qurmaq asan idi. Onlar öz qəzetləri üçün hazırladıqları materiallardan seçib bizə göndərəcəkdilər. Biz də tərcümə edib qəzetimizin səhifələrinə qoyacaqdıq. Bu isə bizi təmin etmirdi...

Biz çətin yol seçmişdik. Çünki məqsədimiz başqa idi. Sovetlər Birliyindəki 20 muxtar respublikadan 10-da türk ləhcələrində qəzetlər nəşr olunurdu. Mən imkandan istifadə edib özərk vilayətləri olan qaraçaylara,  xakaslara,  hətta noqaylara da məktub göndərmişdim. Məktublar, əlaqə forması Sovetlər Birliyinin təbliğatına uyğun seçilmişdi. Ancaq redaksiyaların heç də hamısı bizim təşəbbüsümüzə həvəslə qoşulmadılar. Türk xalqlarına dəfələrlə məktub yazıb onları bu işə çəkmək istəyirdimsə, bəzi qəzetlərə ikinci-üçüncü dəfə müraciət etməyi  lazım bilmirdim. Qəzetimizin adından səhifələr hazırlayıb özərk respublika və vilayətlərin qəzetlərinə göndərirdik. Bu səhifələrin materiallarını mən hazırlayır, qəzetimizin rus redaksiyasında işləyən Tahirə Müslümqızı isə tərcümə edir, makinada yazır, yola salırdıq. Hazırlayıb göndərdiyimiz materiallar özərk respublikanın iqtisadiyyatının ayrı-ayrı sahələrini əhatə edirdi. İqtisadiyyata aid olan belə yazıları  bu və ya digər biçimdə tarixlə, mədəniyyətlə bağlayırdım. Məsələn, üzüm istehsalından, şərab emalından məqalə hazırlayırdımsa, əvvəlində mütləq Naxçıvanın üzümün vətəni olmasına aid araşdırıcıların fikirlərini, arxeoloji qazıntı zamanı tapılmış üzüm emalı alətləri haqqında bilgi verirdim.

Belə səhifələrimdən biri 1987-ci ilin 22 aprelində balkarların “Kommunizmqe jol” qəzetindən “Şuxluq bizqe güç beredi” başlığı ilə çap olunmuşdu. Qəzet mənə də gəlib çatmışdı. Məqalənin altında imzam yanlış verildiyinə görə redaktorun ünvanına e’tiraz məktubu da göndərmişdim. Təxminən bir ay sonra isə partiya işçilərinin Jeleznovodsk şəhərindəki “Qornı vozdıx” (“Dağ havası”) sanatoriyasında idim. Yerimizi rahatlayıb Nalçikə yollandıq. “Kommunizmqe jol” qəzetində qiyabi tanıdığım Fatma Baziyeva ilə, Əlibəylə, redaksiyanın başqa əməkdaşları ilə söhbətimiz səmimi keçsə də, mübahisəsiz ötüşmədi. Xüsusən, milli dəyərlərdən, milli münasibətlərdən söz düşəndə fikirlər haçalanırdı. Hamımız sosializm quruluşunda yaşasaq, Sovetlər Birliyində təhsil alsaq da çox fikirlərimiz düz gəlmirdi. Xüsusən, 1937-ci ildə adamların kütləvi həbsinə münasibətdə, 1943-cü ildə qaraçay-balkarların sürgünü məsələsində. Bə’ziləri həmin ağır və çətin günlərdə Azərbaycanın azsaylı türk xalqlarına himayə durmadığını söyləyirdilər. Mən isə onlara e’tiraz edir, həmin vaxt Azərbaycanda da yüzlərlə aydının həbs edildiyini, güllələndiyini, Ermənistandan Azərbaycan türklərinin  köçürüldüyünü söyləyirdim. Söhbətlərimizdən aydın olurdu ki, biz onları tanıdığımız qədər onlar bizi tanımırlar. Bu da təbii idi. 13—14 illik sürgün müddətində məktəblərini, kitabxanalarını, arxivlərini, ən əsası isə aydınlarını itirən xalq hələ yenicə dirçəlirdi.

Söhbət zamanı radioda olmaq istədiyimi bildirdim. Azdanışan, şərq qızları sayaq həyalı Fatma xanım mənə radioda baş redaktor işləyən şair Axmatd Soziyevlə görüşməyi məsləhət bildi. Özü ona zəng etdi. Telefondaca bizim haqqımızda bilgi verdi. Axmat bəy bizi radioya aparmağa gəldi. Redaksiyadan çıxanda qapıda iki nəfərlə qarşılaşdıq. Axmat bəy məni və xanımımı təqdim etdi. Sinəsində muxtar respublikanın deputatı nişanı olan şəxsin qəzetin redaktoru İ.İ. Quzyev olduğunu söylədi. Quzyev bizi tə’kidlə kabinetinə də’vət etdi.

Azərbaycandan, bizim gəlişimizin məqsədindən xəbər tutmamış, ərkyana mənə hücuma keçdi:

— Qəzetçi deyilsən? Heç özün səhvə yol vermirsən? Bir korrektura səhvinə görə məni nə atəşə tutubsan? —dedi.

— Baxır o hansı səhvdir. Sizin qəzet korrektura səhvi ilə mənim milliyyətimi dəyişib. Şalimov geniş yayılmış yəhudi soyadıdır. Mən isə türkəm.

Quzyev mənim sözümü kəsib: — Yalnız mənim yaxın qohumlarım arasında 5 nəfərin adı sənin soyadındandır. Balkarların da hər 10—15 nəfərindən birinin adı Şamildir. Yanlışlığa yol verib “l”i  önə çəkib “m”i arxada yazıblar. Bəxtin kəsib ki, indi 37-ci il deyil. Yoxsa səni çoxdan millətçi kimi həbs etmişdilər —deyərək güldü.

Sonra konuşmamız rəsmiləşdi. Quzyev Azərbaycandakı şəxsi dostlarını, qəzetimizin tirajını və s. soruşdu. Sessiyadan fasiləyə çıxdıqlarını, yenidən toplantıya qatılmaq zorunda olduğunu söylədi.

Axmat bəylə söhbətimiz ümumi tanışlıqla başlasa da, əsasında balkarların sürgün edilməsi, sürgündə və ordan geri döndükdən sonra başlarına gələn faciələr dururdu. Elə yana-yana danışırdı ki, bə’zən onun cavan olduğunu unudurdum. Mənə elə gəlirdi Axmatın özü də sürgündə  olub.

Yük vaqonlarında  tualet yoxuymuş. Küncə bir qab qoyublarmış. Ondan tualet kimi istifadə etməli, stansiyalarda  dayananda isə boşaltmalıymışlar. Cavan qız-gəlinlər qaynatalarından, ağsaqqallardan utandıqlarından həmin tualetlərdən istifadə etməməyə çalışırlarmış. Nəticədə ya böyrəkləri xarab olur, ya da sidik kisələri partlayırmış. Bax, beləcə bə’ziləri xəstəlikdən, soyuqdan ölürmüşsə, bə’ziləri də abır-həyadan ölürmüş.

Alman orduları 1942-ci ilin sentyabrında bu yerləri tutub 4-5 ay sonra — 1943-cü ilin yanvarında geri çəkiliblər. Kəndlərimizin çoxu dağlar qoynunda yerləşdiyindən qış aylarında ətraf mühitlə əlaqəsi tamam kəsilir. Balkarların, qaraçaylıların çoxu alman ordularının gəlib qayıtmasından heç soraq da tutmamışdı. Xəbərsiz insanların hamısını almanlarla işbirliyi yapmaqda suçlayıb sürgün etdilər. Bir deyən olmadı, onların iş birliyi nədəymiş.

Sovet DTK-sı onları ucqar dağ kəndlərindən qısa bir müddətdə elə toplayıb vaqonlara doldurdu ki, yazıqlar nə baş verdiyini başa düşməmiş gedib Qazaxıstanın çöllərinə çıxdılar. Rəhbər partiya, sovet xadimlərinə, hüquq işçilərinə, bir sözlə, sosializm quruculuğuna bütün varlığı ilə inanan və ona xidmət edənlərə, onların ailələrinə də güzəştə getmədilər.

Bu gün qəzetlərdə, jurnallarda, kitablarda iftixarla yazır, az qala hər gün televiziya və radioda səsləndiririk: Kabarda-Balkar Muxtar Respublikasında 25 nəfər Sovet İttifaqı Qəhrəmanı var, 15 min nəfər isə cəbhədən orden və medallarla qayıdıb. Müharibədə minbir əziyyət çəkən, ölümün pəncəsindən xilas olaraq şikəst və ya sağlam geri dön balkarları vətənə buraxmadılar. Onları da ailələrinin arxasınca sürgünə göndərdilər. Sürgündə isə ailə üzvlərini tapmaq çox çətin idi. Hərəni bir tərəfə dağıtmışdılar. Komendantın icazəsi olmadan bu kənddən o birinə getmək mümkün deyildi. Hələ bunlar azmış kimi, həyatın dibinə endirilmiş adamların hər 15—20 nəfərindən biri öz soydaşlarından komendanta xəbərçilik etməliydi. Hamı narazı olsa da, bu narazılığı dilinə gətirənlər incidilir, həbsxanalara göndərilirdi.

Mən: — Buna da şükür. siz N.X. Xruşşovun İ. Stalin əleyhinə başladığı kompaniya sayəsində vətənə dönə bildiniz. Krım türkləri Axısxa (Mesxeti) türkləri isə hələ də sürgündədirlər,—dedikdə Axmat bəy könülsüz-könülsüz:

“SSRİ Ali Soveti Rəyasət Heyətinin 9 yanvar 1957-ci il fərmanı formal bir sənəd idi. Sürgündən geri dönənlər ev-eşiklərinin ya uçub dağıldığını, ya da onlarda başqalarının məskunlaşdığını gördülər. Yenidən doğma yurdda yuva qurmaq dağlıq bölgə şəraitində çox çətin oldu. İnsanların həyatında heyvandarlıq əsas rol oynayır. Balkarlar da tarixən buna alışmışlar. Sürgündən gələndə isə bilmirdilər özlərinə ev tiksinlər, damazlıq inək, keçi, qoyun alsınlar, yoxsa ala bildikləri heyvanlara tövlə tiksinlər.

Sürgün haqqında yazmaq o yana, toplum içərisində o barədə  danışmaq belə yasaq idi. Son illərdə qorxa-qorxa sürgün məsələsinə toxuna bilirik. Hamımızın içərisinə çökmüş qorxu hələ də bizlərə həqiqəti dolğun yazmağa imkan vermir”.

İlk baxışda Axmat Sozayev xoşbəxt insanlardan idi. Gənc yaşında rusca və ana dilində bir neçə şe’rlər kitabı çıxmışdı. Kabarda-Balkar Muxtar Respublikası Lenin komsomolu laureatıydı, Televiziya və Radio Verilişləri Komitəsində baş redaktor işləyirdi, yə’ni vəzifəsi də vardı, onun Sovetlər Birliyindən narazı qalmağa sanki haqqı  yox idi. Amma o narazıydı. Bu narazılıq şəxsən özünə görə deyildi. Xalqının başına gətirilənləri heç cür bağışlaya bilmirdi. Tarixi çözələyirdi. Az qala balkarların hər nəslinin, hər tayfasının 19-cu yüzildə Rusiya imperiyasına qarşı necə döyüşdüklərindən, Şamil hərəkatında necə fəal iştirak etdiklərindən söz açır, bəzən də döyüşlərin daha geniş bölgəni çulğadığı 1824-25, 1837, 1854-cü illərdən söhbət açırdı.

Onun Quzey Qafqaz haqqında rusca yazılmış tarixi və bədii kitablar oxuduğu aydın idi. Mən isə söhbətimdə bir az yazılanlara məntiq əsasında yanaşmağa çalışdım:

— Axmat bəy, tarix kitablarında kabarda-balkarların 1727-ci ildə Rusiya imperiyasının tərkibinə qatıldığını yazırlar. Elə onun arxasınca da bu yerlərdə 1804-cü, 1824—25-ci illərdə müstəmləkə zülmünə qarşı üsyanların baş qaldırdığını göstərirlər. —dedim.

Axmat bəy bir xeyli durub:

Düzünə qalsa, tarixi hadisələrə bu cür yanaşmamışam. Yazılanların çoxunun yalan olduğunu hamı bilir. Yazanların özləri də bilirlər. Şamil əsir alınandan, minlərlə soydaşımız Türkiyəyə köçmək məcburiyyətində qalandan, Sibirə sürgün ediləndən sonra da dağlarda dinclik yaranmadı.

Onların yazdıqlarına inansaq, soykökümüzün bir olduğu, birlikdə dövlət qurub idarə etdiyimiz  Krım türkləriylə, bu gün “noqay” adlandırılan türklərlə, lap elə siz azərbaycanlılarla düşmən olmalıyıq. 200 ildi təbliğat aparırlar — bir şey çıxmır. Yenə də  bir-birimizin səsini eşidəndə tanımaza-bilməzə qardaş kimi qucaqlaşıb görüşürük. Dilimiz bizi  möhkəm tellərlə bir-birimizə bağlayıb. Heç bir fitnə-fəsad, ləhcə ayrılıqlarının şişirdilməsi bu telləri qıra bilməz. Biz  dağlılar əyilməz, qürurlu xalqıq, bu gün parçalanıb zəifləmişik.  Ağır döyüşlərdə çoxlu qan itirmiş döyüşçü kimiyik. Sabah yaralarımız sağalıb, gücümüz bərpa olunanda yenidən döyüşə atılacağıq. —deyir.

Axmat hməd danışdıqca qəlbim qürur hissiylə dolur. Öz içimdə yaxın və uzaq tarixi götür-qoy edirəm. Rusiyanın apardığı tarixi yaddaşsızlaşdırma metodunun hər addımda iflasa uğradığının şahidi oluram. Rusiya tarixçilərinin yazdığına görə, Quzey Qafqazda erkən dəmir dövründə skif və sarmat mədəniyyətinin izləri tapılıb. Bu xalqlar isə kabardalıların, adıgeylərin, çərkəzlərin əcdadı hesab edilir. Balkarlar qıpçaq köklü olub 13-cü yüzilin başlanğıcında tatar-monqollarla dağlara çəkilib bu yerlərdə məskunlaşdıqlarını yazırlar.

Skiflərin (saklar), hunların, xəzərlərin, bulqarların türk kökənli olduğunun  üstündən isə sükutla keçirlər. Amma atalar sözü var: ”Cidanı çuvalda gizlətmək olmaz”. Son illər balkar bilgini Miziyev apardığı araşdırmalar, yayınlatdığı kitablar, qəzet və jurnal məqalələri çox qaranlıqlara işıq salır.

Rusiya çarları qonşuluqlarındakı qüdrətli Krım xanlığını gücdən salmaq üçün öncə adıqları parçalayıb onların bir tayfasından istifadə etdi. Kabardalılar adlanan bu tayfa Moskva çarları ilə qohum oldular. Kiçik bir bölgədə — Mərkəzi Qafqazda yaratdıqları “dövlət”in 1557-ci ildə Rusiyanın tərkibinə daxil olduğunu elan etdilər. Bu oyuncaq dövlətə diqqət yetirməkdə Rusiyanın məqsədi onlardan Krım xanlığına və Osmanlı dövlətinə qarşı dayaq məntəqəsi kimi istifadə etmək idi. Bu da mümkün olmurdu. Nəinki 16—17-ci yüzillikdə heç 19-cu yüzildə də Quzey Qafqaz xalqları Rusiya qanunlarını qəbul etmək, bu qanunlar əsasında yaşamaq istəmirdilər. Çünki onlar həmin mərhələni min-iki min il öncə keçmişdilər. Qul sözü bu xalqlara nağıl və rəvayətlərdən qalmışdı. İnsan azad olmuşdu. Rusiyada isə 19-cu yüzilin ikinci yarısında belə, qəzetlərdə knyazların kəndlər, kəndlilər satdığına dair elanlara rast gəlmək olurdu. E’lanlarda yazılırdı: “Knyaz filankəs, filan kənddən 3 nəfər 15—18 yaşlı qız satır. Qızlar ev-eşik işləri görməyi, toxumağı bacarırlar.” Və yaxud: “Filan kənddə 15 nəfər hər cür fiziki işə yararlı cavan kişi satılır”.

Satılan oğlanın, qızın ata-anaları övladlarının sonrakı taleyindən xəbərsiz olurdular. Rusiyada təhkimçilik hüququ 1861-ci ildə rəsmən ləğv olunsa da, yaşayırdı. Geridə qalmış, hərbi qüdrəti gündən-günə artan Rusiya işğal etdiyi əraziləri də beləcə—təhkimçilik qaydaları ilə idarə etmək istəyirdi. Bu da daimi üsyanlar, qiyamlar kütləvi çaxnaşmalar törədirdi.

Axmat bəy bizi balkarların döyüş yerləri, tarixi abidələri ilə tanış edə bilməyəcəyi üçün üzrxahlıq etdi. Bizim gəlişimiz Axmatın işinin ən qaynar çağına düşmüşdü. Mən isə qaldığım sanatoriyadan Elbrusa, Göy gölə, Çegem dərəsinə təşkil olunmuş turist səfərlərinə bilet aldığımı bildirdim. Axmat da ürək ağrısıyla ekskursavodların-bələdçilərin balkarları turistlərə geridəqlmış, az qala yarımvəhşi kimi tanıtmasından gileyləndi və — Elbrusun zirvəsinəmi qalxacaqsan? Mütləq Yusup İbrahimoviçlə məsləhətləş! —deyə zarafat etdi. Sonra da — Gedəcəyiniz yerdəki  ”Elbrus” kepinqinin direktoru dostumuz Yusup İbrahimoviçdir. Onunla mütləq görüşərsən. SSRİ-nin məşhur alpinistlərindəndir. Dəfələrlə Elbrusun və b. dağların zirvəsinə qalxan dəstələrə başçılıq edib. İndi tə’limatçılıqla məşğuldu. Alpinistləri öyrədir. 1982-ci ilin mayında Comolunqmanı gecə fəth edən Sovet alpinistlərinin də tə’limatçısı Yusup İbrahimoviç olub. —dedi.

Həkimlər xanımıma yüksəkliyə qalxmağa icazə vermədilər. O, Qazaxıstanın Uralsk şəhər partiya komitəsinin I katibinin bizimlə bir sanatoriyada dincələn qızına göz-qulaq olmağı mənə tapşırdı. Tibb institutunun son kursunda oxuyan bu qazax qızı olduqca utancaq və çəkingən idi. Bizlərdə belələrinə “elə bil kənddən yenicə gəlib” deyirlər.

Axmat bəyin dediyi an gəlib çatır. Milliyyətcə rus olan bələdçi qəribə bir təbəssümlə balkarlar arasında  çoxuşaqlılığın geniş yayıldığını,  hətta Zayukovanın 17 uşaq dünyaya gətirdiyini deyəndə avtobusdakılar gülüşür, müxtəlif atmacalar atır, bunu az qala geriliyin, vəhşiliyin örnəyi kimi qiymətləndirirlər. Onlara qoşulub mən də gülürəm. Amma sevincindən gülürəm. Ürəyimdə deyirəm: ”Kərəminə şükür, ilahi! 200 ildir Rusiya müstəmləkəçiləri bu xalqı qırır. Amma qurtara bilmir. Çünki sağ qalan hər bir ailə min bir əziyyətlə də olsa, 10—15 övlad böyüdür. Bəlkə ata-anaların özləri də bunun xalqa və millətə nə qədər gərəkli olduğunu düşünmürlər. Əhmədlə görüşəndə ona: “Cavan rus qızı olan bələdçilərin istehzasından narahat olma, qardaşım. Əksinə, qürur duy! Demək, sənin xalqın yaşayır və yaşayacaq” —deməyi qərara aldım.

Şxelda zirvənin ətəyində coşub-daşan dağ çayının sahilində salınmış “Elbrus” kempinqi üçün olduqca gözəl yer seçilmişdi.  Bina doğudan iynəyarpaqlı, batıdan enliyarpaqlı ağaclarla əhatə olunmuşdu. Pəncərələrdən Şxeldanın qarlı zirvəsi görünürüdü. Biz birinci gün burada qalıb dincəlib, şəraitə alışandan sonra ertəsi gün Elbrusun qarlı yamaclarına gəzməyə gedəcəkdik.

Kempinqin işçilərinin ikisi foyedə nərd oynayır, bir neçə gənc də azarkeşlik edirdi. Uduzmaqda olan oyunçu əsəbiliklə zər atır və ana dilində söyüş söyürdü. Yaxınlaşıb sakitcə: —Bacarmırsan, oynama! Niyə söyüş söyürsən?! Görmürsən qadınlar var?! —dedim. Oyunçular da, azarkeşlər də təəccüblə mənə, bir də aralıda dayanmış qazax qızına baxaraq, işin nə yerdə olduğunu anladılar. —Elə bildim gələnlər rusdur. Dediklərimi anlamazlar. Bağışlayın, — deyib nərdi örtdülər. Utandıqlarından nəinki qızdan üzr istədilər, heç ona tərəf baxmadan sakitcə dağılışdılar.

Günortadan sonra foyedə nərd oynayan gənclərdən biri gəlib məni direktor çağırdığını  söylədi. Direktorun otağında yaşı 40-ı keçmiş, pəhləvan cüssəli birisi əyləşmişdi. Axmat bəyin təsvirindən Yusup (İbrahim oğlu) olduğunu bildim. İrəli gəlib mənimlə mehribanlıqla görüşdü. Nərd oynayanlara görə üzrxahlıq etdi. Azərbaycandan olduğumu biləndə sevinci daha da artdı. Dostlarını xəbər aldı. Xəbər aldığı adamların hamısını tanısam da, çoxu ilə şəxsi əlaqəsi yox idi.

Mən də ona Axmat bəyin salamını çatdırdım.Üzü güldü. Axmatla bağlı bə’zi hadisələri lətifəvari danışdı. Mən ondan məşhur balkar şairi Qaysın Quliyevlə qohum olub-olmadığını soruşanda: —Bu, rusca yazılışdan gələn dolaşıqlıqdır. Mənim soyadım Gülüyevdir. Rusca yazanda “Gül” “qul”a çevrilir.—deyərək bərkdən güldü. Sonra da: —Keçib gəldiyiniz yolun sağında qalan, buradan 5 kilometr aşağıdakı Yuxarı Baksan kəndində doğulmuşam. —dedi.

Axmat bəydən onun SSRİ alpinistləri sırasında dünyanın ən uca  zirvələrini fəth etdiyini öyrəndiyimi deyəndə əlini yelləyərək: —Kiçik şeydir. Bu yerlərdə insanlar anadan alpinist doğulurlar. 1829-cu  ildə general Q.A. Emanuel Elbrusun zirvəsinə ekspedisiya təşkil edəndə Axiey Sattayev bələdçi olub. O, ingilis Duqlas Freşfildin 1868-ci ildə təşkil etdiyi ekspedisiyanın tərkibində də Elbrusun zirvəsinə qalxıb. Neçə-neçə qrupa bələdçilik edən Axiey 130 il ömür sürüb. Sonuncu dəfə 114 yaşında Elbrusu aşıb. O heç “alpinist” sözünün nə olduğunu da bilmirdi, adi bir balkar ovçusuydu. Mənim yaxından tanıdığım Çokka Zəlixanov da dəfələrlə Elbrusun zirvəsinə qalxıb, sonuncu dəfə 110 yaşında! 10 yaşlı oğlum İbrahimə də bu il 3 dərəcəli alpinist nişaın veriblər. —dedi.

O elə söhbət edirdi,  elə bil 5642 metr ucalığındakı dağın zirvəsinə qalxmaq su içimi kimi bir şeydi. Mən də zarafata salıb: —Yusup bəy, elə danışdınız, məni elə həvəsləndirdiniz, səhər turistlərdən ayrılıb Elbrusun zirvəsinə qalxacam. Axşam gəlməsəm, narahat olmayın. —dedim.

Zarafatıma zarafatla: —Sən də çıxa bilərsən, fiziki hazırlığı olan hər bir adam da. Oğul ona deyərəm, adını bəsini  eşitmədiyiniz Uşbaya çıxa. Şxeldanın zirvələrindən biri olan Uşba 4700 metrdən bir az ucadır. Onun da 4000 metrlik qayalığı buz layı ilə örtülü olur. Necə deyərlər, qarış-qarış qalxmaq, ayağına yer açmaq üçün qaya kimi sərt  buzları çapmaq lazım  gəlir —deyir. O bu yerlərdə baş verən  qar uçqunlarının hər il 100 hektarlarla meşəni dəryaz kimi biçdiyindən, ov heyvanlarının zənginliyindən, təbiətin  gözəlliyindən necə deyərlər (hər qarışından, hər bir insanından) ilhamla söhbət açdı. Balkariyanın Qafqaz ərazisinin cəmi 3%-ni təşkil etdiyini, amma burada Qafqazda bitən 6000 çiçəkdən 3000-nə rast gəlmək mümkün olduğunu ondan eşitdim. Yusup bəylə söhbətədək bilmirdim ki, Elbrus dağında qarın qalınlığı 400 metrə çatan yer var. Dağda daimi buz örtüyünün sahəsi 144,5 kv. km-dir. Qafqazda dəniz səviyyəsindən ən aşağı yüksəklikdə 230 metrdə olan buzlaq Şxeldadır. Ümumiyyətlə, Böyük Qafqaz dağlarında 1400 buzlaq qeydə alınıb. Bunların çoxu balkarlar və qaraçaylar yaşayan ərazilərdədir. Bu buzlaqlar yüzlərlə bulağı  bir-birindən dadlı su ilə tə’min edir. Ümumiyyətlə, bu yerlərdə bulaqların sayını bilən yoxdur.

Əslində bura müalicəvi mineral bulaqları ilə, əsrarəngiz təbiəti ilə mö’cüzəli bir diyardır. Bir də baxırsan, buzlaqların arasından qaynar su kükrəyib çıxır. Adamlar qarın üstünə adyal atıb dəniz sahili çimərliklərində olduğu kimi, soyunub günəş vannası qəbul edirlər. Baksan çayının yuxarı vadisindədəniz səviyyəsindən 2150 metrlikdə olan bir sahə qışı ən isti olan bölgə sayılır. Buranın havası adətən Orta Asiya ilə müqayisə edilir.

Bu yerlərdə yaşamaq çox çətindir. Az qala ilin 7 ayı hər tərəf qarla örtülü olur. Amma bütün bu çətinliklərə baxmayaraq, balkarlar yurdlarını coşğunluqla sevirlər. Buzlaqlardan başlayan köpüklü çayları ilə də, minbir dərdin dərmanı bulaqları ilə də, sıx ormanları,  il boyu qarlı zirvələri ilə də, hətta deyərdim mal-qaralarına tez-tez hücum edən ayıları, qurdları ilə də öyünürlər. Bu yerlərdə torpağın altı da, üstü  qədər zəngindir. Volfram-molibden yataqlarının yaxınlığında Tırnauz mə’dən-metallurgiya kombinatı işləyir. Bunun hesabına dağlar qoynunda yaraşıqlı bir şəhər salınıb.

Ormanlar arasında güzgünü xatırladan Göy gölün sahilində gəzəndə də, Çegem dərəsində sevgililərin göz yaşı bulaqlarına baxanda da mənə elə gəlir ki, bu yerlərdə doğulub boya-başa çatmışam. Çeqet dağının 2719 metrliyindəki “Ay” kafesində oturub Elbrusun qoşa zirvəsinə baxıram. Buradan dağın qoşa zirvəsi çox aydın görünür. Bəxtimdən duman-çən də yoxdur. Bir azdan özümü saxlaya bilməyib qara bata-bata  daha yuxarılara  dırmaşmaq istəyirəm. Sağımdan, solumdan xizək sürənlər şütüyürlər. Ürəyim məni  zirvələrə, bələdçimizin və yol yoldaşlarımın səsi ilə kanat meydançasına səsləyir. Geri dönmək vaxtıdır. Bələdçilər türkcə olan dağ, dərə, göl, çay, şəhər, kənd adlarının rusca tərcüməsini deyəndə, mən doğma yerlərə yadların axıb dolduğunu ağrıyla duyurdum. İçimdə kədər qarışıq qəzəb baş qaldırırdı.

1989-cu ilin iyulunda da, 1990-cı ilin sentyabrında da Axmatlə görüşəndə hər ikimiz elə bil bir-birimizdən çəkinirdik. Axmat üstüörtülü Azərbaycan olaylarına gendən baxdıqlarına görə narahat olduğunu bildirirdi:

 —Bir muxtar respublikamız var. Onun da adı muxtardır. Nə dilimizdə məktəbimiz var, nə də hüququmuz. Bir tərəfdən rusların basqısı altındayıqsa, digər  tərəfdən dinimiz bir, dilimiz ayrı olan kabardalı qardaşlarımız sıxışdırır bizi. 80—90 min balkarıq. Rusların sayı 220 mini, kabardalılarınkı isə 330 mini keçib. İnzibati ərazini qəsdən belə təşkil ediblər, bizimlə  eyni dildə danışan, eyni dindən olan xalqa “qaraçay” adı verib çərkəzlərlə bir muxtar vilayətdə birləşdiriblər, —deyir.

— Bu muxtariyyatlar, respublikalar üçün biz babalarımıza minnətdar olmalıyıq. 1918—20-ci illərdə onlar qanları bahasına müstəqil dövlətlərimizi yaratmağa cəhd göstərməsəydilər, bolşeviklər heç bir muxtariyyət verməzdilər. Çarizm zamanında olduğu kimi, Rusiyanın bir vilayəti olaraq idarə edəcəkdilər.

Mənim söhbətim Axmat bəyin də ürəyindən oldu. Amma qaraçaylarla balkarların iki xalq kimi tanıdılması, iki inzibati bölgüyə daxil edilməsi ilə heç cür razılaşa bilmirdi.

Axmat bəylə ilk görüşümüzdə balkar yazılı ədəbiyyatı mövzusunda söhbətimizdə fikir ayrılığı yaranmışdı. O, Qaysın Quliyevin yaradıcılığını yüksək qiymətləndirirdi. Mən isə balkar xalqını Qaysın Quliyevə görə tanısam da, onun yaradıcılığına o qədər də önəm vermirdim. Q. Quliyevin şerləri Azərbaycan türkcəsinə çevrilmiş, haqqında istər azərbaycanlı, istərsə də rusiyalı ədəbiyyatşünaslar xeyli tərif dolu məqalələr yazmışdılar. Bunların çoxu ilə tanış olduğuma görə fikrimin üstündə durur, Q.Quliyevi ədəbiyyata yenilik gətirməmiş, dərin fəlsəfi və milli dəyərli şerləri olmayan, Sovetlər Birliyinin onlarla tərənnümçü şairlərindən biri hesab edirdim. Yerliçilik duyğusundanmı, ya Axmat Sozayevin öz yaradıcılığına da söylədiyim fikirlər uyğun gəldiyindənmi, mənimlə razılaşa bilmirdi. Mübahisəmizin gərgin keçməsi səmimiyyətimizə söz yox, təsir etmirdi. Axmat bəy balkar ədəbiyyatının qüdrətini sübut üçün ana dilində müxtəlif şairlərin əsərlərindən nümunələr söyləyir və onları təhlil edirdi.

— Axmat bəy, adını çəkdiyiniz şairlərin heç birinin əsərlərini oxumadığıma görə sizinlə mübahisə edə bilmərəm. Heç adlarını da eşitməmişəm. Yalnız Kazım Meçiyev haqqında Azərbaycan ensiklopediyasında qısa bir bilgi oxumuşam. Bir misra da olsun şe’rini oxumamışam. Oxuduğum Qaysın Quliyevdir. Onun haqqında da söylədiklərində məni fikrimdən döndərə bilmədi, —dedim.

Axmat bəy ayrılanda Kazım Meçiyevin şerlər kitabını mənə bağışladı. 100 səhifəlik bu kitabda şerlər və iki poema salınmışdı. 1859-cu ildə Şiki aulunda doğulan Kazım Bekki oğlu 1945-ci ilin 25 martında sürgündə Qazaxıstanın Taldı Kurqan şəhərində  ölmüşdü. Onun şe’rləri Azərbaycanda 20-ci yüzilin önlərində yaşamış orta səviyyəli aşıqların şerlərinə oxşayırdı. Şairin 1910-cu ildə Həccə getdiyi zaman İstanbulda, Məkkədə yazdığı şe’rlər 1920-ci ildən sonra yazdığı şerlərlə uyğun gəlmirdi.

1989-cu ilin iyulunda Axmat bəylə Nalçikdə yenidən görüşəndə zarafatımdan qalmadım:

— Axmat bəy, deyəsən kitab nəşr olunsun deyə Kazım bəyin adından Lenin, Oktyabr, Pioner, kolxoz mövzusunda şe’rlər də yazıbsınız. Bizdə də bu təcrübədən çox istifadə ediblər. —dedikdə o ciddiyyətlə: —Yox, hamısı öz şe’rləridir. —dedi.

—Bəs onda dini məzmunlu şe’rləri hanı? —deyə sual verdikdə mə’nalı-mə’nalı üzümə baxdı. Onun baxışından: Sizdə məgər dini məzmunlu şe’rləri çap etmək mümkündür? —sualı  oxunsa da, dildə: —Hər şeyə bir qulp qoymağı sevirsən! —deyərək, zarafata keçdi.

Mən isə ondan əl çəkmək istəmirdim:

— Siz deyirsiniz balkarlar bu yerlərin qədim sakinləridir. Zəngin folklorunuz da var. Bu çox gözəl. Bir tərəfdən də Kazım Meçiyevin balkar yazılı ədəbiyyatının banisi adlandıraraq onunla öyünürsünüz. Necə qədim xalqsınız ki, yazılı ədəbiyyatınız 19-cu yüzilin sonlarından başlayır? Özünüzə zidd getmirsnizmi? Bəlkə birdən Çegemi ayırıb başqa bir inzibati mərkəzəçevirdilər. Onda Qaysın Quliyev də Çegem ədəbiyyatının  banisi olacaq? —deyə xəbər aldım.

Axmat bəy nə demək istədiyimi anlayıb xeyli düşünməli oldu: Çətin sual qarşısında qoydun məni. Bunun üçün zaman və çox iş lazımdı. Əməli bir iş görməmiş danışmağı artıq sayıram.—dedi. Ayrılanda 1985-ci ildə Moskvada “Sovetskiy pisatel” nəşriyyatında rusca çap olunmuş “Letyaşis okna” şe’rlər kitabına “Doroqaya sestra Aziza, brat  Ali. S pojelaniem bolşoqo sçastya! Sau boluquz! avtor Axmat. 3.08.89”.

1987-ci ildə Nalçikdə “Elbrus” kitab basmasında yayınlanmış “Kolla” (“Qollar”) adlı şe’rlər kitabına: “Bahalı qonaqlarım — Azizaqa bla Aliqe nasıbıqız köp bolsun! deyme. 3 avqustda 89 j. Axmat Sozayev” yazıb bizə bağışladı.

Zaman elə gətirdi A.Sozayevlə 1990-cı ildən sonra görüşə bilmədik. Müxtəlif toplantılarda balkarların milli azadlıq hərəkatı öndərləri ilə görüşəndə Axmati soraqladım. O da Azərbaycandan tanıdığı adamlardan narahatlıqla “Əli sağdırmı” deyə məni soruşur, salam göndərirdi.                                

11.04.1997

 

 

 

 


 

TATAR GƏLDİ SU GƏLDİ:

NİGARA İSMƏT QIZI

 

 

Antalyada keçirilən “I Türk dövlət və topluluqları dostluq, kardeşlik ve iş birliyi” qurultayında (21—23 mart 1993) Axmadin Talqat sədri olduğu Türk Gəncləri birliyinin növbəti qurultayını vəsait olmadığından keçirə bilməyəcəklərini söylədi. Azərbaycan Xalq Cəbhəsi sədrinin müavini Arif Rəhimoğlu, fasilədə onunla xeyli müzakirədən sonra Bakıda qurultayın keçirilməsinə şərait yaradacağını söylədi.

Bir ay sonra Zuğulbada (Bakı) Türk Gəncləri Birliyinin III qurultayı işinə başladı. Keçmiş Sovetlər Birliyinin müxtəlif guşələrindən — Altaydan, Kemerovadan, Tümendən, Başqırdıstandan, Tatarıstandan, Dağıstandan, Ukraynadan qumuq, altay , şor, teleut və b. azsaylı türk xalqlarının gəncləri öz nümayəndələrini göndərmişdilər. Azərbaycandakı millətçi gənclər təşkilatları, eləcə də Bakının ali məktəblərində oxuyan Türkiyəli, İranlı, Bolqarıstanlı, Krımlı, Qaqozstanlı, Axırkələkli, Dağıstanlı türk tələbələr də qurultaya qatılmışdılar. Bakı çox türk xalqlarının toplantı mərkəzi olmuşdu. Amma müxtəlif çox  türk xalqının nümayəndəsinin bu qədər iştirak etdiyi toplantı olmamışdı.

Qurultaya mən də məsləhətçi kimi qatılmışdım. Fasilələrdə və istirahət saatlarında iştirakçılarla gah təklikdə, gah ikibir-üçbir, gah da qrup halında söhbət edirdik. Krımdan gəlib Bakı ali məktəblərində təhsil alan 10—12 gəncin söhbətləri isə ürəyimcə olmadı. Sürgün illərində doğulmuş bu gənclərin əksəriyyəti rusca təhsil aldığından çoxu ana dilini bilmirdilər. Birinci kursda oxuyan bu tələbələr qurultayda gedən söhbətləri, ümumiyyətlə, toplantının məramını da o qədər anlamırdılar. Nəinki türk tarixini, heç məhdud mə’nada Krım türklərinin də tarixini ədəbiyyatını yaxşı bilmirdilər. Bir sözlə, tələbələrin seçilib təhsilə cəlb edilməsində diqqətsizliyə yol verilmişdi.

Onlarda milli şüuru oyatmaq üçün söhbətlərimdə müxtəlif vasitələrdən istifadə edirdim. Bir dəfə də Azərbaycan ədəbiyyatının qədimliyindən və zənginliyindən söz açanda, heca vəznində şerlərdən nümunələr söyləyəndə Aşıq Ömərin bir gəraylısını da dedim. Azərbaycan aşıqlarının yüz illər boyu repertuarında olan bu gəraylı tələbələrdən ikisinə tanış gəldi. Tez mənə düzəliş verərək Aşıq Ömərin Krım tatarı olduğunu bildirdilər. Mən də həmin dəqiqə onların  sözündən tutub: “Aşıq Ömər sizindirsə, onda hərəniz bir şerini söyləyin” —dedim. Hamı susdu. Bu zaman yanımızdakı azərbaycanlı gənclər bir-birinə aman vermədən “Qısqanıram” gəraylısını şövqlə dedilər. Bu mənim üçün də gözlənilməz oldu. Üzümü yenidən krımlılara tutub: “Gördünüzmü Aşıq Ömər azərbaycanlılarındır. Krımlıların olsa, şerlərini siz də əzbər bilərdiniz,” —dedim.

Mənim bu fikrimə zəif şəkildə də olsa etiraz etdilər. Etiraz edənlərin gözlərindən qəzəb  yağırdı. Elə bil uşağın əlindən qoğalını, ya sevimli oyuncağını almışdın. Bu qəzəb mənə qarşı yönəlsə də ürəyimdə sevindim. Demək, hələ tam biganələşməyiblər. Ata-babalarının yaratdığı mədəniyyətə, ədəbiyyata sahib çıxmaq istəyən var.

Sonralar da toplantılarda, diskussiyalarda məhz mənə qarşı qəzəblə baxan o iki gənclə — M.Ə.Rəsulzadə adına Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsinin türk dili tərcüməçiliyi şöbəsində oxuyan — Dilarə Mustafa qızı Ablakimova və Nigara İsmət qızı Kurtbilalova ilə tez-tez rastlaşdım. Onlar ilk söhbətimizin acısını unuda bilmir, məndən uzaq olmağa çalışırdılar. Zaman isə onların istəyinin əksinə fırlandı. Mən onları doğma balalarım  kimi sevdim, qayğılarına qaldım. Bakıda təhsil aldıqları müddətdə bizim ailənin üzvlərinə çevrildilər.

Bir dəfə mətbəxdə xörək hazırlamaqda xanımıma yardımçı olan Nigaranın  söhbəti məni bərk təsirləndirdi. Sürgündə yaşadıqları illərdən danışırdı. Deyirdi: —Özbəkistanda yaşasaq (O sürgün illərində Səmərqənd yaxınlığındakı Kata Kurqan—Böyük Kurqan şəhərində doğulmuşdu—Ə.Ş.) da nədənsə bizimlə dili bir, dini bir xalqla yaxınlıq etmirdik. Tatarların uşaqları rus bağçasında olur, rus məktəblərində təhsil alırdılar. Rus uşaqları addımbaşı qürurla rus olduqlarını söyləyib öyünərdilər. “Tatar” sözü isə təhqir kimi işlədilirdi. Yaxşı yadımdadı, birinci sinifdə oxuyurdum. O qədər təhqir olunmuşdum, ki, daha tatar olmaq istəmirdim. Evə gələndə anama üsyankarcasına: “Mən nə vaxt rus olacam?” —deyə sual verdim. Anam müəllimə idi. Mənim həyəcanımın səbəbini başa düşdü. Heyrətlə mənə baxdı. O baxışını bu gün də unutmamışam. Sonra məni bərk-bərk bağrına basaraq: “Biz  heç vaxt rus olmayacağıq. Tatarıq, tatar da olaraq qalacağıq,  böyüyəndə ruslar rusluğundan qürur  duyduğundan çox, sən tatarlığından qürurlanacaqsan” —dedi.

Rusiyada “tatar” sözünün təhqir kimi  işlədilməsi yeni deyil, dillərində “Çağrılmamış qonaq tatardan pisdir” kimi atalar sözü də var. Türk soylarının əksəriyyəti onlar üçün tatardır. Çar Rusiyasının rəsmi sənədlərində Qafqaz türklərinin hamısı tatar kimi qeyd edilirdi. Bu gün özlərini rus adlandıran xalq yüz illər boyu tatar adlandırdıqları xalqın qurduğu dövlətin tərkibində yaşadı. Onlardan döyüş sənətini, idarəçiliyi, dövlətçiliyi və s. öyrəndi. Dirçəlməyə başlayanda nankor şagird kimi hər şeyi inkar edib öyrəndiyi xalqa divan tutmağa başladı. Tarixi tam dəyişə bilməsə də onu müxtəlif cür  yozmaqdan çəkinmədilər.

Həqiqətləri gizlətmək üçün rus tarixçiləri miladdan öncə birinci minillikdə indiki Rusiya Federasiyasının, Ukraynanın güney bozqırlarında kimmerlərin, tavrların, skiflərin (saklar) dövlət qurduğunu yazdılar. Qüdrətli skif (sak) dövləti miladın 3-4-cü yüzilliyində hunları darmadağın edib öz dövlətlərini qurduqlarını təbliğ etdilər. Sonra da Xəzər xanlığından, Volqa Bulqarıstanından, tatar-monqol basqınlarından, Qızıl Ordadan gen-bol danışdılar. Hamısını da vəhşi, qaniçən göstərdilər. Demədilər, yazmadılar ki, kimmerlərin də, skif adlandırdıqları sakların da, xəzərlərin də, bulqarların da, peçeneqlərin də, tatarların da dövlət quran əsas  hissəsi türk soylu olub. Qısa fasilələrlə 2500 ildən çox bölgədə şəriksiz  hakim olan xalq onların yazdığı kimi qəddar, vəhşi idisə, onda necə olub ruslar, belaruslar, ukrainlər, moldavlar, bolqarlar, rumınlar, marilər və b. xalqlar günümüzədək gəlib çıxıblar.

Rusiyanın cəmi 200 illik hakimiyyəti dövründə isə bu yerlərin qədim sakinlərinin bəzilərinin az qala kökü kəsilib. Krım, Axıska, Qaraçay, Balkar və b. türk xalqları elliklə doğma yurdlarından sürgün ediliblər. İnsanlara söz demək yasaqlananda fikirlərini mahnılarla ifadə ediblər. Krım türklərinin sürgündə yaratdıqları bir mahnını Nigarə ilə Dilarə ürək göynədən bir səslə belə oxuyurdular:

 

On səkkiz mais gecəsində prikaz oxundu.

Nafle yerdən anlaşmamış sürgün edildik

 

Şu Krımın dağları yüksək suları salxım

Krım bizim vatanımız idi. Ayırdılar bizi.

 

Bağçasaray vağzalında poezka mindik,

İyirmi iki günyol gezib Taşkende geldik.

 

Samarkandın vağzalına gətirib tökdülər

Yıxılsın bu kara günlər görməsin gözüm.

 

Adım tatar, yurdum Krım bu nasib olub

Bu türklüyü unutmayın xatırlayın tez-tez

Krıma qayıtmax qismet etsin epimizge.

 

Dilarəgilin ailəsinin 1974-cü ildə Krıma  köçdüyünü, vətənlərində 15 ilə yaxın icazəsiz, səksəkə içərisində yaşadıqlarını, Nigarəgilin ailəsinin isə 1989-cu ildə Krım türklərinə vətənə dönmələrinə icazə verildikdən sonra gəldiklərini bilirdim. Köçlə bağlı qarşılaşdıqları çətinliklərdən  də xəbərdardım. Dilarənin atası Mustafa kişi 1974-cü ildən Krımda yaşasa da, hələ də doğulduğu Taraxtaş (Sudak rayonu) kəndinə dönə bilməyib. Nigarənin atası İsmət isə Taraxtaşda (Taraxdaşda – kəndin yaxınlıında uzaqdan darağı xatırladan qayalıq var. – Ə.Ş.) ev alıb yaşasa da, doğulduğu Qozlu kəndində də torpaq sahəsi alıb. Ev tikib oraya köçmək fikrindədir.

Nigarə Krıma ilk gəlişini və sonralar şahidi olduğu bir hadisəni belə xatırlayırdı:

— 1979-cu ildə atam məni və bacımı götürüb icazəsiz Krıma gəldi. Doğulduğu kəndə getdik. Atam kəndin ceviz meşəsinin yaxınlığında salındığını söylədi. O zaman başa düşə bilmədim, kəndi niyə Cevizli deyil, Qozlu adlandırıblar. Atam da bunu izah edə bilmədi. Bakıya oxumağa gələndə burada hamının cevizə “qoz” dediyini gördüm. Onda babalarımızın Azərbaycan türkləri sayaq cevizə “qoz” demiş olduqlarını anladım.

Atam bizi çox gəzdirdi. Dağlar arasında gözəl mənzərəli bir yeri göstərib: “Bura qız amamıdı. Yayda avalar sıcaq olanda ot biçməyə, səbzə, meyvə yığmağa gəlmiş qadınlar, qızlar buradakı uçansuda çimərdilər. Ətrafdan bura görünməz” —dedi. Biz dərədəki qayalığa baxdıq. Sudan əsər-əlamət yox idi. “Ata burda su yoxdu. Qızlar necə çimərdi?” —deyə xəbər aldıqda: “Uşaqlıqda öz gözlərimlə görmüşəm. O daşlardan şırıltı ilə su tökülərdi” —deyə cavab verdi.

İkinci kursun yay tətilində Qız amamının yaxınlığındakı sahədən inəklərimizə ot biçməyə getmişdik. Gözlərimizə inanmadıq. Qız amamından su gəlirdi. Sevincərək işi buraxıb atamıza muştuluğa qaçdıq. Atam bizim dediklərimizi eşidəndə gözləri doldu. Astadan: “Tatar getmişdi, su da getmişdi tatar gəldi, su da gəldi”. Qozluda yaşayanlar son illərdə pınarların suyunun artdığını, qurumuş pınarların da gözlərinin açıldığını söyləyirlər.

Nigarə gördüklərini, eşitdiklərini yeniyetmə marağıyla söyləyir, vətənə döndüklərinə sevinir, bir qürur hissi keçirirdi. Vətənə dönə bilməyin sevinci aylarla, illərlə çadırlarda yaşamağın, min bir əziyyətə qatlaşmağın acısından şirindir.

İkinci Dünya savaşının son illərində Almaniya üzərində qələbəyə arxayın olan Sovetlər Birliyinin strateqləri Dəli Petronun vəsiyyətlərinə əməl etmək üçün Qara dəniz sahillərindən — Krımdan, Qafqazdan türkləri Mərkəzi Asiyaya, Qazaxıstana, Sibirə sürgün etməyi planlaşdırdılar. Planlarını da qısa müddətdə gerçəkləşdirdilər.

1944-cü ilin 8 aprel—12 may döyüşlərində, alman ordularını Krımdan çıxara bildilər. 18 mayda isə bir günün içərisində türkləri yük vaqonlarına doldurub sürgünə göndərdilər. Bu gün xalqın yaddaşında qara gün kimi qaldı. Yalnız Arbat bölgəsində 1500 nəfər unudulmuşdu. Hər şeyi dəqiq ölçüb-biçən Sovet KQB (DTK)-si bu dəfə nədənsə kiçik bir  yanlışlığa yol vermişdi. Bu da çox baha başa gəldi. Yanlışlığa yol verənlər sərt cəzalandırıldılar. Unudulmuş bölgənin sakinlərini isə gəmiyə doldurub Novorossiysk limanına yola saldılar. Gəmi sahildən 10 kilometr aralıda dəryaya qərq oldu. Sahilə sağ çıxan olmadı. Sovet rəsmi qaynaqlarının verdiyi bilgiyə görə Krımdan 238 min nəfər türk sürgün edilmiş, onlardan 205,9 min nəfəri uşaqlar və qadınlar olmuşdu. Ata-anaları, bacı-qardaşları sürgün ediləndə Sovet Ordusunda 125 min nəfər Krım türkü alman faşizminə qarşı döyüşürdü. İkinci Dünya savaşı başa çatanda həmin döyüşçülərin sağ qalanları da sürgün olunanların sırasına qatıldılar.

Əslində, Krım türklərinin 1944-cü ildə sürgün olunması Rusiya strateqlərinin planının son nöqtəsi idi. Burada türklərin öldürülməsi, sürgün edilməsi, qovulması 18-ci yüzilliyin sonlarından başlanmışdı. Küçük  Qaynarça (17740) anlaşmasına əsasən Krım xanlığı Osmanlı dövlətinin himayəsindən çıxarılıb müstəqil e’lanedildi. 9 il sonra isə Rusiya anlaşma şərtlərini pozaraq Krımı işğal etdi. Həmin vaxtdan da türklərin qara günləri başladı. Tez-tez toqquşmalar baş verdi, döyüşlərdə ölməyənləri müxtəlif bəhanələrlə dəstə-dəstə Sibirə sürgün etdilər. Rus basqısına dözməyənlərin bə’ziləri Osmanlı dövlətinə sığındılar. 1854—56-cı il Krım müharibəsi illərindən, 1874—78-ci il  savaşlarından sonra da çar Rusiyası Krımdakı türkləri dəstə-dəstə vətəndən sürgün etdi. Onların yerində isə xristianları məskunlaşdırdı.

Rusiya tarixçiləri  və rusiyapərəst türk tarixçiləri bütün bunları Rusiyanın xilaskarlığı, mədəniyyət gətirməsi kimi yazdılar. Xalqları öz kökündən ayırmağa çalışdılar, lakin bütün bunlar mümkün olmadı. Birinci Dünya Savaşında Rusiya zəifləyəndə müstəmləkə altında əzilən bütün xalqlar kimi Krım türkləri də ayağa qalxdılar. Numan Çələbi Cihanın başçılığı ilə  özgürlüklərini e’lan etdilər. Onların azadlıq istəyi Rus orduları tərəfindən qan içində boğuldu. Yüzlərlə insan öldü. Qaçıb Türkiyəyə gedə bilənlər özlərini xoşbəxt sandılar. Sonra da kollektivləşmə, sosializm quruculuğu adı altında sürgünlər, ölümlər başladı.

Krım türklərinin sürgündə doğulan nəsli bu tarixlərdən xəbərsiz idi. Biz Bakıda oxuyan tələbələrə, bax bunları da öyrətməyə çalışırdıq.

Bir dəfə Nigara dərsdən çıxıb işə yanıma gəlmişdi. Qanı bərk qaraydı. Səbəbini soruşdum.

— Müəllim, Azərbaycanda bizə qarşı böyük məhəbbət var. Hətta Gədəbəyli kartofsatan öz yerlilərinə kartofu seçib almağa icazə verməyəndə bizə  icazə verir. Amma bir çox vəzifə sahibləri, müəllimlər elə bil azərbaycanlı deyil. Bu gün Azərbaycan tarixindən dərsimiz Krım xanlığının Azərbaycana basqını olub. Belə çıxır Krım xanlığının basqınları olmasaymış,  Azərbaycan qüdrətli bir dövlət olarmış. —dedi.

Onu sakitləşdirməyə çalışdım.

  – Dərsliklərin Sovet təbliğatının təsirilə yazıldığını, müəlliminin də həmin təbliğatın təsiri altında olduğunu, gələcəkdə yeni dərsliklər yazılacağını söylədim. Tarix keçmişdir. Ondan ibrət almaq üçün öyrənirik. Gələcəkdə səhvləri təkrarlamamaq, yanlışlığa yol verməmək üçün keçmişi yaxşı bilmək lazımdır, —dedim.

Nigara xeyli sakitləşib Bakıya gəlmə səbəbini belə izah etdi:

— Müəllim, böyük bacım Kazan Universitetində oxuyur. Maddi imkanımıza görə mənim də Ağməsciddə (Simferopol) oxumağım planlaşdırılmışdı. Bakıya gəlməyimizin səbəbi Elmira ablam oldu. Atamı-anamı inandırdı ki, uşağınız Kiyevdə, Xarkovda, Moskvada, Peterburqda oxuyub yüksək ixtisaslı mütəxəssis olsa da, milli şüurdan uzaq olacaq. Bakıda isə elmlə yanaşı, milli qürur hissinin nə olduğunu da öyrənəcək.

Bunu Bakıya düşdüyümüz ilk gündən hiss etdik. Aeroportdan şəhərə gəlmək üçün taksiyə əyləşdik. Sürücü bizim Krım tatarı olduğumuzu, təhsil almağa gəldiyimizi biləndə canlandı. Tə’kidlə evinə qonaq aparmaq istədi. Açığını deyim qorxumuzdan getmədik. O bizi hotelə gətirdi. Administrator yer olmadığını deyəndə, sürücü onunla mübahisəyə girişərək: – “Görmürsən Krım tatarlarıdır. Niyə qonağı incidirsən” — dedi. Administrator Krım tatarı sözü eşidəndə sifəti dəyişdi. Pasportlarımızı alıb baxdı və bizə yer verdi. Bəlkə də ilk dəfə tatarlığımla onda qürur duydum. Elmira ablamın doğruluğuna bir daha inandım.

Elmira Bayraməlini mən də qiyabi tanıyırdım. Haqqında qəzetlərdə oxumuş, xarici radiolardan səsini eşitmiş, Krım vətənpərvərlərinin söhbətlərindən bilgi almışdım. Dilarənin ata tərəfdən qohumu olan Elmiranın hazırda Taraxtaşda Nigaragillə qonşuluqda yaşadığını bilirdim. Yaşı 40-ı haqlamış Elmira xanım 10-12 yaşlarından imzalar toplanıb Moskvaya göndərilməsində, sonralar isə soydaşları  arasında təbliğat aparmaqda, yeniyetmələrdə milli şüurun oyadılmasında fəal iştirak etmişdi. Onunla bağlı bir hadisəni Nigara belə xatırlayırdı:

— Özbəkistanda tatarlar mitinq təşkil etmişdilər. Mən də dərsdən qaçıb mitinqə getmişdim. Elmira ablam danışanda milislər tökülüşüb adamları dağıtdılar. Bir çoxlarını da avtobuslara doldurdular. Elmira ablam tutulanlar arasındaydı. O, dodaq boyası ilə avtobusun pəncərələrinə “Tatarlar Krıma dönəcək!”, “Sovet milisinə ar olsun!” yazdı. Avtobus pəncərələrində yazılmış şüarlarla şəhəri keçib milis idarəsinə getdi.

Vətənə dönmək uğrunda mübarizə Nigaranın yaşıdlarının gözü qarşısında hər gün davam etmişdi. Tatarca nəşr edilən azsaylı qəzet və jurnallarda, kitablarda, toplantılarda nəinki Krım, vətən adı çəkmək, hətta dənizdən bəhs etmək də yasaqlanmışdı. O dəqiqə  sayıq məmurlar: “Dəniz dedinizsə demək Qara dənizi nəzərdə tutursunuz” deyərdilər. Belə çətin anlarda xalq sözünü mahnılarla deməyə alışdı. Bu mahnıları ictimai yerlərdə oxumaq mümkün olmasa da, evdə-eşikdə, tarlada oxudular. Nigara ilə Dilarə (Dilarə IV kursda oxuyanda xəstələndiyinə görə sonralar əvvəlkitək fəallıq göstərə bilmədi) də sürgündə yazılmış mahnılardan çox bilirdi. Evimizdə hərdən oxuyub həm özləri kövrələr, həm də bizi kövrəldərdilər. Radioda çıxış etmələrini, Krım türklərinin sürgündə yaratdıqları mahnıları Azərbaycan dinləyicilərinə çatdırmağı onlardan xahiş endəndə, utanar, çəkinərdilər. Belə olduqda mən “Bu, Krımı tanıtmaq, xalqınızın faciəsini anlatmaq üçün ən gözəl vasitədir,” —dedim. Millət, xalq adı gələndə geri çəkilmələrinə yer qalmadı.

1995-ci ilin fevralında Azərbaycan radiosunda Krım tatarlarına həsr edilmiş veriliş hazırladıq. Qızlar danışdılar da, oxudular da. Radioya da, mənim özümə də çoxlu telefon zəngləri oldu. Tanış-bilişlər həyəcanlandıqlarını söylədilər. Bu da məni yeni bir işə həvəsləndirdi.

Çox ölçüb-biçdikdən sonra Araz Elsəslə bu qızların birgə oxumasını, səhnəyə birgə çıxmasını planlaşdırdım. Çünki Araz Elsəsin Almaz Yıldırımdan oxuduğu “Qara dastan”da da Krım türklərinin sürgün olunmasından bəhs edilirdi. Qızların oxuduğu mahnılarda isə sürgünün ağrısı-acısı genişliyi ilə verilirdi. Mahnı kompozissiyasını hazırlayandan sonra fikrimi Araza bildirdim. Araz ideyanı həmin andaca bəyəndi və qəbul etdi (Araz Elsəs də Bakıda oxuyan türk xalqlarının tələbələrinin əksəriyyətini tanıyırdı—Ə.Ş.). Qalırdı qızların səsini yoxlamaq. Bizim evdə bir toplantı təşkil etdik. Hər şey qaneedici idi. İndi bunu reallaşdırmaq lazım idi. Məşq etmələrinə, musiqi uyarlığı yaradılmasına isə şərait yox idi. Tələbələr yataqxanada, Araz Elsəs də kirayədə qalırdı. Klublardan, mədəniyyət evlərindən heç birində də onların məşq etməsi üçün yer ala bilmədik. Çox düşündükdən sonra bizim evdə məşq etmələrini qərara aldıq. Məşqlər o qədər də uzun çəkmədi. Öncə Arazla Nigarə evdə dost-tanış qarşısında oxudular. Mahnı kompazisyasının uğurla qarşılandığını görüb səhnədə də birgə oxumağı qərarlaşdırdılar.

Araz Elsəs gur və üsyankar səslə oxuyurdu:

 

Kimsə blməz Tanrıdağın yaşını,

Duman almış Altayların başını.

Uçurmuşdur başdan dövlət quşunu

Sərvətinə üz çevirmiş zaman hey,

Qoca türkün düşdüyüdərd yaman hey...

 

Dörd bir yana dağılmış türk soyları,

Sönmüş ocaq, köçüb getmiş boyları,

Dərdli-dərdli axar bozkır çayları,

Saxlar içdə gizli ümid, güman hey,

Qoca türkün düşdüyü gün yaman hey...

 

Xarab olmuş Buxarası, Başkəndi,

Matəm tutmuş Səmərqəndi, Daşkəndi,

Kəndi söylər, tökər gözdən yaş kəndi,

Nə ozan var, nə yazan, nə şaman hey...

 

Qazan, başqurd batmış, Krım sürülmüş,

Mənim badam gözlü yarım sürülmüş,

 

Bu yerdə Nigarə  İsmət qızı incə, kövrək və qəlb titrədən kədərli bir səslə oxuyardı:

 

Ural dağı, Ural dağı

Ne yüksek dağların

Şu Krımın taş-toprağı

Tatarın əti-yağı.

 

Soğanlarımız, sarımsaklarımız

Saçılmış qaldı

Evlərimiz eşyalar dolu

Kazaklara qaldı.

 

Guvanmanız siz gavurlar

Tatarın malına.

Biz qaytırız siz qelirsiniz

Uralın dağına.

 

Araz Elsəs Nigaranın zəifləyən səsini əvəzləyərək oxuyurdu:

 

Türk elləri bir-birinə yadlanır,

Qazax, Qırğız,Türkmən, Özbək adlanır.

Azəri türk yanar, içdən odlanır,

Anayurdun içdən halı duman hey,

Qoca türkün düşdüyü dərd yaman hey...

 

Azərbaycan dərd içində boğulmuş

Sevənləri diyar-diyar qovulmuş.

Ağla şair, ağla yurdun dağılmış,

Nerdə Vopuz, nerdə  qırıq kaman hey?..

Nerdə böyük Vətən, nerdə Turan hey?

 

Araz Elsəslə Nigara İsmət qızının birgə oxuduqları bu mahnını dinləyicilər salonu titrədən alqışlarla qarşılayırdılar. Araz uğurlu alındığını görüb qaqauzlarla da birgə mahnılar oxudu. Repertuarına türk xalqlarının mahnılarını da daxil etdi. 1995-ci ilin iyunun 9-11-də Kırıkkaledə keçirilən “I Uluslararası Türk dünyası Kültür Qurultayı”nda qonaqların istirahət saatlarını şən keçirmələri üçün maraqlı el şənlikləri təşkil etmişdilər. İyunun 10-da axşam şəhərin baş meydanında açıq havada böyük konsert təşkil etmişdilər. Müğənni “Azərbaycanlı müsafirimizin şərəfinə “Olmaz-olmaz” türküsün oxuyacam. O da bizimlə oynayacaq” dedi.

Burada Azərbaycanı gözəl bir rəqslə təmsil etmək lazım idi. o, bacarıq da məndə yoxdu. Yanımda oturanTudora Arnaut dadıma çatdı. Ayağa durdu. Mənə də işarə etdi. oynaya bilməsəm də ayağa durub Tudora ilə birlikdə oynamağa başladı. Tamaşaçılar elə bildilər ki, Azərbaycanlı müsafir odur. Bir azdan meydan rəqs edənlərlə dolmuşdu. Azərbaycan mahnısı çoxlarının sümüyünə düşmüşdü. Mahnı bitəndən sonra iki 11-12 yaşlı uşaq yanıma gəlib birlikdə şəkil çəkdirmək arzusunda olduqlarını bildirdilər. Birlikdə şəkil çəkdirdik. Sonra da məni səhər keçiriləcək “Tepreş”də iştirak etməyə dəvət etdilər. Valideynləri də təkid etdilər.

Əslində bunu Krıkkaledə yaşayan Krım kökənli türklərin qurduqları dərnək təşkil etmişdi. Bizim Novruz bayramındakı xalq gəzintisini xatırladan “Tepreş”də onları soykökləri, keçmişləri ilə bağlayır. Şəhərdən aralıda kənddə keçirilən “Tepreş”də çıxış üçün söz verəndə mən qısa nitqdən sonra diktofonumu mikrofona yaxın tutdum. Orada Arazla Nigarə krımlıların sürgün mahnısını oxuyurdu. Mahnının sona çatmasına imkan vermədilər. Adamlar xitabət kürsüsünü mühasirəyə aldılar. Diktafonun hara getdiyini bilmədim. Hərə məni öz çadırına aparmaq istəyirdi. Həmin gün azından 20 ailə ilə tanış oldum. Səhərisi gün lentdən mahnını köçürdükdən  sonra diktafonumu özümə qaytardılar.

Nigara sürgündə keçirdikləri illəri xatırladıqca bəzən ayrı-ayrı adamlara qızırdı. Xüsusən, milliyyətcə rus olan ədəbiyyat müəllimlərini qəzəblə xatırlayırdı. 10-cu sinifdə Tvardovskini tədris edən müəllimə: “Vətən nə satılar, nə bağışlanar, nə unudular! Budur şairin oxucusuna təqlin etdiyi fikir” deyəndən 10-15 dəqiqə sonra tatarların Krıma dönmək üçün şəhərdə mitinq keçirdiyini eşidəndə əsəbiliklə: “Bu tatarlar nə istəyir, niyə dinc durmurlar? Onların hamısını məhv etmək lazımdı!” —deyərək tatar şagirdlərinin üstünə qızırmış.

Krımlı tələbələrlə gah aşıq ədəbiyyatından, kommunikasiyanın zəif inkişaf etdiyi dövrdə belə Aşıq Ömərin şerlərinin doğuda geniş yayılmasından, gah İsmayıl Qaspralının “Tərcüman” qəzetindən, onun Azərbaycanla əlaqələrindən, qızını Azərbaycan Xalq Cümhuriyyətinin Baş naziri olmuş Yusifbəy Nəsibbəyə ərə verdiyindən, gah prof. Bəkir Çobanzadənin Azərbaycandakı, Özbəkistandakı elmi, pedaqoji fəaliyyətindən danışardım. Azərbaycanda məşhurlaşmış Fatma Qədrinin və b. Krım türkü olduğundan söhbət açar, tələbələrdə qürur hissi oyatmağa cəhd göstərərdim. Hamısı söhbətlərimi eyni həvəslə və maraqla dinləmirdi. Bəzən də Krımda yenicə formalaşan milli məclisdən, xalqın irəli çıxan adamlarından narazılıq edərdilər. Bu narazılıqların səbəbini öyrənmək istəyəndə görərdim gənclər liderlərdən çox şey umurlar. Amma Rusiya kimi nəhəng imperiyanın xüsusi xidmət orqanlarının vətənpərvər oğulların başına nələr gətirdiyini görmək istəmirdilər.

Hər yay tətilindən Nigara və Dilarə yeni məlumatlarla, tatarca kitablarla, qəzetlərlə dönərdilər. Son kursda bir qovğamız da çıxdı. Mən istəyirdim milli oyanış hiss etdiyim nisbətən savadlı tələbələr öz xalqlarının ədəbiyyatı, tarixi ilə bağlı diplom işi yazsınlar. “Azacıq aşım, ağrımaz başım” təfəkkürü ilə yaşayan bəzi müəllimlərimiz isə müxtəlif bəhanələrlə buna əngəl törədirdilər: “Sizə Türkiyə ədəbiyyatı tədris olunub ondan da diplom işi yazın!” —deyirdilər. Çətinliklə də olsa Nigara “Krım türklərinin həsrət mahnıları”, Dilarə isə “Aşıq Ömərin poetikası” mövzusunda diplom işi yazdılar. Onlara əngəl olmaq istəyən müəllimlər isə bir neçə ay sonra müdafiədə əvvəllər dediklərini unudaraq diplom işlərini yüksək qiymətləndirdilər.

Ümumiyyətlə, kənardan Azərbaycana oxumağa gəlmiş tələbələr üçün xüsusi proqram hazırlanmamışdı. Sovet dövründə hazırlanmış proqramdan istifadə edilirdi. Rus mədəniyyətinin, psixologiyasının təbliğinə geniş yer ayrılırdı. Acınacaqlı  burasıydı ki, ona heç bir düzəliş, əlavə edilməmişdi. Heç olmasa Azərbaycanşünaslıq fənni tədris edilmirdi. Müəllimləri, kursları da münasib seçilməmişdi. Kurs yoldaşlarının əksəriyyəti də rusofil, Avropa və Amerika meylli tələbələr olduğundan Azərbaycan kültürü ilə, Azərbaycan mentaliteti ilə yaxından tanış ola bilmirdilər. Onların dəstə halında respublikamızın mənzərəli guşələrinə, muzeylərinə, tarixi yerlərinə aparmaq da planlaşdırılmamışdı.

Vəziyyətdən çıxmaq üçün pərakəndə tədbirlər planlaşdırıb həyata keçirərdik. Gah onları Qobustana, Çıraqqalaya, Qubaya, Şirvanşahlar sarayına və b. yerlərə gəzməyə aparar, gah da teatrlara, ictimai tədbirlərə dəvət  edərdik. Belə tədbirlərdə də əsas ağırlıq Nigaranın üzərinə düşərdi. Nədənsə oğlanlar irəli gəlməz təşkilatçılığı Nigara edərdi.

18 mayısı — Qara günü yad etmək üçün Bakıda yaşayan Krım türklərini bir yerə kim yığmalıdı? —Nigarə! Xəstə tələbə yoldaşına kim qulluq etməlidi? —Nigara! Həkim, dava-dərman pulunu kim tapmalıdı? —Nigara. Pulu qurtaranda ac qalana, evə dönməyə bilet ala bilməyənə kim ictimai təşkilatlardan, xeyirxah adamlardan pul almalıdı? —Nigara!

İctimai təşkilatlardan, cəmiyyətlərdən aldığı yardımları bir bacı kimi onların arasında bölərdi. Qurban bayramında onlara qurban əti, Orucluq bayramında Ramazan payı təşkil edər, Novruz bayramında dəstələrə bölüb azərbaycanlı tanışların evlərinə göndərərdi. İstəyərdi həmyerlilərinin həm bayramı xoş keçsin, həm də Azərbaycanın adət-ənənəsini öyrənsinlər, ailələrlə dostlaşsınlar. Ali məktəbi bitirib gedəndən sonra da Bakıya dönəndə dost-tanışları, ərklə qapısını açdıqları ev olsun. Amma onun bu xeyirxahlığını hamı xoş niyyətlə qarşılamazdı. Daimi özünü düşünənlər daha çox “qopar”mağa çalışardılar. Bu mümkün olmadıqda onun pulunu, əşyalarını oğurlamaqdan çəkinməzdilər. O isə ürəyiyumşaqlıqla yerliləri Azərbaycanda biabır olmasın deyə şikayət etməzdi.

Krım türklərinin vətənə dönmələrinə Rusiyanın rəsmi dairələri 1980-ci illərin sonlarında icazə verdilər. Amma bir yığın da qeyri-rəsmi əngəllər yaratdılar. Sürgündən dönənlər ata-baba yurdlarında məskunlaşmaq istəyirdilər. Həmin yerlər isə mahnıda deyildiyi kimi kazaklara —ruslara qalmışdı. Xalqa dəyən maddi ziyan ödənilmirdi. Nə ata-babalarından qalmış mülk özlərinə qaytarılırdı, nə də ev-eşik qurmağa kredit verilirdi. Savaşın qızğın çağında almanlar Krımdan geri çəkiləndən  6 gün sonra mütəşəkkil surətdə 400—500 min insanı qeyri-insani köçürən Rusiya dinc dövrdə qərar versə də geridönmə-köçmə planı hazırlamamışdı. Buna baxmayaraq qısa müddətdə 300 mindən çox insan vətəninə dönmüşdü.

Hər şey pərakəndə qaydada həyata keçirdi. Tatarıstandan tələbələr qruplar təşil edib yayda Krıma gəlir, ev-eşik tikən soydaşlarına yardımçı olurdular.

Bakıda oxuyan tələbələrə Azərbaycan kültürü ilə yaxından tanış olmalarına çalışırdım. Onlara mədəniyyətlərimizin, tariximizin, soykökümüzün ortaq olduğunu öyrətmək istəyirdik. Musiqi yaddaşı yaxşı olduğuna görə Folklor Sarayında çalışan dostu Kifayətdən xahiş etmişdim. Nigaraya saz çalmağı öyrətsinlər. Onlar da təmənnasız həvəslə öyrədirdilər. Nigara saz öyrənməkdən soyudu. Hələ bir dəfə də “Krımda aşıq, saz son yüzilliklərdə olmayıb” —dedi. Mən də üstünü vurmadım. Sonralar onun saz çalmağı öyrənməsini qrup yoldaşları, yerliləri lağa qoyub gülürlərmiş.

Köçəri quşlar kimi uçub getdilər. Amma payızda deyil, yayda getdilər. Tez-tez telefon zəngləri, məktubları, bir də məqalələri gəldi. Gah yazırdı Azərbaycan Bəstəkarlar İttifaqının ilk sədri olmuş Krım Türkü  haqqında geniş bilgi və sənədlər göndərim Krımda anadan olmasının 100 illiyini qeyd etmək istəyirlər. Gah  bilgi istəyirdi. Onların məktublarında tələb olunan materialları kitabxanalardan, arxivlərdən, evlərdən toplamaq üçün bir-iki nəfər deyil araşdırıcılar qrupu lazımdır. İstədiklərinin çox az qismini göndərə bilir, qalanlarını da özlərinin axtarıb tapmasını məsləhət bilirdim.

Nigara vətənə dönəndən sonra Azərbaycana Krım haqqında məqalələr göndərdi. Bu məqalələrinin birində deyilirdi ki, Bağçasarayda 16 yüzillikdə tikilmiş Zəncirli mədrəsə (İsmayılbəy Qaspıralı da ilk təhsilini burada alıb) uzun illərdir dəlixanaya çevrilib. Krım müsəlmanları binanıgeri alıb mədrəsə kimi itifadə etmək uğrunda mübarizəyə başlayıblar. Azərbaycan ziyalıları, ictimai-siyasi təşkilatları məqaləyə reaksiya verdilər. Ukraynanın Azərbaycandakı səfirliyinə, Ukrayna Mədəniyyət Nazirliyinə məktublar, bəyanatlar göndərdilər.

Zəncirli mədrəsənin və ətrafındakı bir neçə tarixi binanın dəlilər xəstəxanasından alınıb əvvəlki funksiyasına başladığını eşidəndə mən də sevindim. Bu işdə Nigara İsmət qızının az da olsa rolu olduğuna sevindim. Onun doğru yolda olduğuna, xalqının vətəninin taleyi üçün narahatlıq keçirdiyinə sevindim. Azərbaycanı özünə, xalqına dayaq bildiyinə sevindim.

Onların hər bir uğuru məni sevindirir. Özü də çox sevindirir.

 

25.10.1997.

 

 


DİVARDAN ASILMIŞ BİR SAZ GÜNÜNDƏ: –

MEHMAN QARAAĞAC

     

  Dünyanın hər yerində, tarixin bütün dönəmlərində şairin öldürülməsi geniş müzakirə mövzusu olub. Fərqi yoxdur, istər şairi hökmdar öldürtdürmüş olsun, istər cani, istər müharibədə öldürülmüş olsun, istər dueldə. Ölümün təfərrüatına varılıb, öldürənlər qəzəblə yad edilib.

Döyüşdə həlak olmuş Qazi Bürhanəddinin ölümündən (1344-1398) 600 il, Hələbdə dərisi soydurulan İmadəddin Nəsiminin (1369-1417) ölümündən 500 il, dueldə həyatı sona çatan rus şairi Aleksandr Puşkinin ölümündən (1799-1837) 161 il, rus işğalçılarına qarşı vuruşan Macar şairi Şandor Petefinin (1823-1849) ölümündən 149 il keçsə də, onların ruhları hələ də yad edilir, ölümlərinin səbəbləri hələ də araşdırılır, detallar dəqiqləşdirilir. Misalların sayını artırmaq da olardı, ancaq təfərrüata çox varmadan mətləbə keçək.

“Şairlərin öldürülməsi niyə unudulmur və həmişə müzakirə edilir?” sualına müdriklərimizin bir ifadəsilə cavab vermək olar: “Şairlər peyğəmbərdən sonra gəlir?”

Onda “bəs Azərbaycanda niyə belə deyil, Mehman Qaraağacın öldürülməsi niyə sükutla qarşılandı?—sualı ortaya çıxır.

Son illərin durumu Azərbaycanı üstünü kül örtmüş közə döndərib. Bu közün qızışıb alova çevriləcəyi gün bizcə o qədər uzaq deyil. Onda, xalq Vətən, millət şəhid olan övladlarını yada salacaq, onların öldürülməsinin təfsilatı ilə maraqlanacaqdır.

Bu gün isə hər şeyə olduğu kimi, Mehmanın ölümünə də bir soyuq yanaşma var. Bu ölüm Mehmanın qızğınlığından meydana çıxmışdı. Qaynartəbiətli, coşğun Mehman soyuqqanlılığın, laqeydliyin, biganəliyin düşməni idi. O da çoxları kimi mehmanxana otağında əyləşsəydi, bayırdakı hay-küyə əhəmiyyət verməsəydi, indi, yəqin ki, yaşayardı.

“Yaşayardı” sözünü yazanda bir an duruxdum. Yazdığıma özüm də inanmadım. 1993-cü ildən bəri baş verənləri göz önünə gətirdim. Gördüm doğru demirəm. O vurçatlasında təsadüfdən sağ qalsaydı sonrakı olaylarda bir “dost” və ya düşmən gülləsinə mütləq tuş gələcəkdi. Onu ölümə çağıran səbəb isə ötən illərdə bir dəfə deyil, bir neçə dəfə baş vermişdi. 1993-cü ilin fevralında Bakıda “Abşeron” mehmanxanasında şair Mehman Qaraağacı güllələdilər. Ölümünə səbəb, haqsızlığa dözməməsi, hansısa qoluzorlunun soydaşını qanına qəltan etməsinə biganə qalmaması oldu…

 

                            Soyuq-soyuq gələn əcəl,

Soyuq-soyuq baxan əcəl,

Isti-isti gülər içimizdə,

...Hər adamın əcəli

öz içində nəfəs alar.

öz içində böyüyər.

 

            1993-cü ilin fevralında Bakıda “Abşeron” mehmanxanasında şair Mehman Qaraağacı güllələdilər. Ölümünə səbəb, haqsızlığa dözməməsi, hansısa qoluzorlunun soydaşını qanına qəltan etməsinə biganə qalmaması oldu...                            

Otaqda səs-küy eşidib mehmanxananın foyesinə çıxan Mehman yaraqlı birisinin özündən fiziki cəhətdən zəifi qəddarlıqla döyərək ölümlə hədələdiyini görür. Çoxlarının qaçıb gizləndiyi, özünü görməməzliyə vurduğu vaxt Mehman dözə bilmir, özünü irəli atıb, canini dayandırmağa çalışır. Qan tökməyə alışmış cəllad fiziki cəhətdən nə qədər möhkəm olsa da, gücünə, yumruğuna arxayın olmayıb, şairin sinəsini nişangaha çevirib.

Haqsızlığa dözməyən bir şairin ictimai yerdə, adamların gözü qarşısında güllələnməsi sükutla qarşılandı. Cani həbs edilmədi, məhkəmə qarşısında oturdulmadı. Bu haqsızlığa e’tiraz edən beş-üç nəfərə daxili işlər nazirinin cavabı belə oldu: “Bir vətənpərvər, qeyrətli oğul vurub başqa bir vətənpərvər oğulu öldürüb.  Neyləyək? İndi deyirsiniz onu da cəzalandıraq?! Onda vətəni kim qorusun?!”

Şairi 35 yaşı tamam omamış güllələmiş “vətənpərvər”in vətəni qorumaq şücaəti bir xeyli sonra özünü yenə göstərdi. Bayıl tərəfdə hamının gözü qarşısında o, yenə kimisə qanına qəltan edirmiş, Azərbaycan ordusunun bir zabiti təsadüfən oradan keçərkən hadisəni görür. Zabit canini durdurmaq istəyir… Təəssüf ki, o vətən uğrunda döyüşlərdə düşmən gülləsinə deyil, öz yurdunun başkəndində bir caninin gülləsinə tuş gəlir.

Bütün bunlar Azərbaycanda sükutla qarşılandı. Şairin ölümündən beş il keçsə də, yenə sükut buzu əriməyib. Niyə?!

Mehmanı nə vaxtdan tanıyıram? Ötən beş ildə, bəlkə də beş yüz dəfə özümə bu sualı vermişəm. Amma cavab tapa bilməmişəm. Çoxları ilə ilk görüşdüyüm, tanış olduğum anları bütün təfsilatı ilə xatırlayıram. Ancaq onunla ilk tanışlığımızı xatırlaya bilmirəm ki, bilmirəm. Elə bil uşaqlıqdan bir yerdə böyümüşük. Bu mümkün deyildi. Mehman məndən 9 yaş kiçik idi. 1957-ci ildə Şərur rayonunun Danzik kəndində anadan olmuşdu. Arpaçayın qarşısı kəsilib su anbarı yaradılanda (1970-ci illər) Danzik kəndi dəryaçanın altında qalmışdı. O zaman kəndin sakinləri üçün yeni qəsəbə tikdilər. Nədənsə, adını Danzik qoymadılar. Bu adsız qəsəbə 1990-cı ilin yanvarında ermənilərlə döyüşdə həlak olmuş Məmmədin şərəfinə “Şəhid Məmməd” adlandırıldı.

Mehman Danzikdə on-on iki il yaşamışdı. Necə deyərlər, ağlı kəsəndən yeni salınmış qəsəbədə böyümüşdü. Amma heç zaman oraya alışmamışdı. Həmişə sözü-söhbəti Danzikdən olardı. Yaşadığı qəsəbə isə Danzikdən 12-15 kilometr aralıdaydı. İldə bir neçə dəfə Danzikin göl altında qalmayan ərazisinə gedərdi. Dost-tanışını da aparardı. Bulaqlarının suyundan içərdi. Az qala hər ağacını, qayasını, çəmənini gördüyü kimi şe’rlərində də oranı tərənnüm edərdi. “Yurd” şe’rində yazırdı:

“Ömrümün təməli olan, güllüyünnən-çiçəyinnən yollarıma  nur səpən Danzik kəndim. Sən indi yoxsan. Ancaq nə qədər yaşayıram, səni mənim qəlbimdən heç kəs, heç kəs silə bilməz. Sən mənim ümid yerim,  pənahımsan…”

Durna-durna

Nağıllanan yurdun,

dan üzündən boylanan yurdun

Torpağına üzümü sürtdüm,

Rəngi çıxdı üzümə —

Bu yurd,

durnası gəlməyən

bir yaz günündə

Göyündə ulduzu

ağlayan yurdun,

korun-korun yanıb

kül olan  yurdun

illər yarasını sağaltmaz,

Güllər arısına bal olmaz,

dolmaz yuxusuna yarpız qoxusu.

Bu yurd —

Gözləri yollarda bir qış günündə.

Pərişan-pərişan

dağılan yurdun,

yad sular əlində

boğulan əlində

boğulan yurdun.

Havası torpağından diri,

Ulduzu göy üzündən diri.

Bu yurd —

Divardan asılmış bir saz günüdə

Bu, məhdud anlamda doğulduğu kəndə vurğunluq deyildi. Mehmanın Azərbaycan sevgisiydi. Yalnız Azərbaycanmı? Təbrizi də elə coşqun məhəbbətlə sevərdi, Altayı da, Qaqozuzstanı da, Türkmənistanı da… Özünü poeziyada belə göstərirdi.

 

                            Bu yalan nağıllar, yarğan nağıllar,

                            Bir şirin qırğında bitən nağıllar

                            Çilidən Fələstinə doğrudur.

                            Doğrudur Çimkənddən Şərura kimi...

                            Yenə başımın üstündə şölən,

                            Yenə parııltın aldatmaqda məni,

                            Yenə başımın altına balınc qoymaqda əlin.

 

Mehman vətənin yaxın zamanlarda müstəmləkədən azad olacağını əminliklə söylədiyi kimi şerlərində də onu ərənnüm edir, düşmənə meydan oxuyaraq yazırdı:

 

                            Yarğanındakı kol-kosunu

                            qoruduğum çay,

                            qazmağınacan yaladığın torpaqlar

                            gecə ürəkli,

                            palıd biləkli bir igid doğacaq –

dodaqlarından qan tökülənəcən

qovacaq o igid səni...                               

 

Məni 1973 ilin payızında Universitetin jurnalistika fakültəsinin məzunu kimi təyinatla Naxçıvandakı “Şərq qapısı” qəzetində müxbir işləməyə göndərəndə Mehman Gümüşlü qəsəbəsindəki orta məktəbdə oxuyurmuş. Qəzetdə gənclərin heyatından yazdığıma görə, ali məktəblərdə, texnikumlarda, ümumtəhsil məktəblərində oxuyan, istehsalatın müxtəlif sahələrində çalışan yeniyetmə və gənclərlə tez-tez görüşürdüm. Amma nədənsə, redaksiyamızın, necə deyərlər, “beş addımlığında” olan Naxçıvan Politexnik Texnikumunun tələbəsi Mehman İsa oğlu Məmmədovla görüşməmişdim.

Texnikumu bitirdikdən sonra bir il Naftalanda işləyib, yenidən Naxçıvana dönmüşdü. Naxçıvandakı 5 nömrəli tikinti trestində mühəndis, Naxçıvan Üzümçülük və Şərabçılıq trestində sifarişçi mühəndis, Mexanikləşdirilmiş Səyyar Tikinti Dəstəsinin Sədərək kəndindəki obyektlərində briqadir və b. vəzifələrdə işləmişdi.

Onunla iş yerində görüşdüyümü də xatırlamıram. Yəni istehsalat fəaliyyətinə görə deyil, ictimai-siyasi fəaliyyətinə görə tanıyırdım. Milli duyğulu, yurdsevər gənclərlə bir yerdə olardı daim. Yarıciddi, yarızarafat sözünü dəyərdi. Ona görə də, çox sözünü zarafat, qeyri-ciddi sayardılar. Əslində, Mehman ürək sözünü elə onda deyərdi. Söhbətlərimin mövzusu Azərbaycan, millətsevərlik, poeziya, tarix olardı. Çox çılğın olduğundan  söhbəti təbii axarında getməyə qoymazdı. Həyatın axarına uya bilmirdi. Onu dəyişməyə can atardı. Amma “bu dəyişmə nə vaxt, necə olmalıdı” sualına cavabda fikirlərimiz haçalanırdı. Yaman tələsirdi. Tarixdən çəkdiyim misallarla razılaşsa da, bir anda dediklərinin əksinə kedirdi. Məni və mənim kimi düşünənləri cəsarətsizlikdə,  yumşaqlıqla günahlandırırdı. Bəzən o qədər çılğınlıqla ittihamlar irəli sürürdü ki, bir anlıq çaşardım. Elə bilərdim  hər şey məndən asılıdı. Bu gün hərəkətə başlasam, Azərbaycan birləşər də, müstəqillik əldə edər də, türklərin vahid ədəbi işgüzar dili, mədəniyyəti formalaşar da …

Bəzən də mən həddimi aşar, özümdən çıxar, onu savadsızlıqla, və üzərində çalışmamaqda, vaxtını boş işlərə sərf etməkdə günahlandırardım. İncimək əvəzinə gülə-gülə: “Sizləri görüb çox oxumuram. Qorxuram çox oxusam, Sizlərə bənzəyəm!”—deyərdi.

Bir dəfə redaksiyaya gəlmişdi. Əlində də kiçik bir dəftərçə. Dedi: “İstəyirəm şerlər kitabımı çapa hazırlayam”.

Mən də bir az təəccüblə: “Yəni o qədər şerin var?!” deyə xəbər aldıqda əlindəki dəftərçəni açıb, hər biri iki və ya üç misralı poetik nümunələr oxudu. Yaponların xokkusunu xatırladan bu misralar məni tutdu. Təriflədim. Sonra da yeni şerlərini dinləmək istədiyimi bildirdim. Təəccüblə üzümə baxıb dedi: “Bayaq oxuduqlarımı nə vaxt eşidibsən?! Bunların hamısını ki, mən yeni yazmışam!”

Mən də: “Bunlar gözəl poetik parçalardı. Amma mən şeri tam oxumağını istəyirəm”—deyə təkid  etdim. Kədərli-kədərli üzümə baxdı: “Elə bilirdim,  heç olmasa sən məni başa düşərsən. Şerlər kitabımı bütövlükdə sənə oxudum. Amma sən məndən şer oxumağımı istəyirsən, səni artıq yükə salmaq, vaxtını çox almaq istəmirdim. Şerdə əsas məsələ poetik tapıntıdı. Onu da mən tapmışam. Bu misraların əvvəlinə və sonuna  nəğmə əlavə etməklə onu hamının qəbul etdiyi formaya salmağa nə var ki?! Vəzndən, qafiyədən başı çıxan hər kəs nəğmə hissəsini yaza bilər. Şerin cövhərini təşkil edən ifadələri tapmaq üçün gərək anadan şair doğulasan”—dedi. Sonra da kağız-qələm götürüb nəsə yazmağa başladı. Mən də öz işimi davam etdirdim.

Aradan bir xeyli keçəndən sonra gülə-gülə: —“İstəyirəm yeni bir şer oxuyam”—dedi. Mən də işimi yarıda saxlayıb, “oxu!” dedim. Yeni şerləri çox xoşuma gəldi. Bəyəndiyimi söylədim. Amma bə’zi fikir və ifadələrinin təkrar olduğunu özünün-özündən “oğurladığı”nı söylədim.

  –Hansı şe’rimdən oğurlamışam?—deyə məni imtahana çəkdi. Susduğumu görüb:—“Bir-iki saat əvvəl oxuduğum şerlərdi. İndi elə sənin yanındaca nəğməsini yazdım. Hamınızın qəbul etdiyi formaya saldım”—dedi.

Şairlərə, poeziyaya qarşı olduqca sərt, bə’zən  deyərdim ki, inkarçı mövqedən çıxış edərdi. Amma çoxlarının tanımadığı gənc şair İnqilab Orxanı dəlicəsinə sevərdi. Onun yanında İnqilabın pisinə bir söz demək olmazdı. Ramiz Rövşəni, Vaqif Səmədoğlunu, Vaqif Cəbrayılzadəni (sonralar o Vaqif Bayat Önər oldu) çox sevər, çox oxuyardı.

Bir dəfə mənə oxumağa 5-6 şer gətirdi. Yaxşı bilirdi ki, işlədiyim qəzetdə onun şerlərini çap etdirmək çətin məsələdi. Ona görə də, heç vaxt məndən şerlərinin çapına yardımçı olmağı xahiş etməzdi. “Bağırov və bala ilan” şerini oxuyanda narazılığımı bildirdim. Dedim: “Bala ilanın”, yadıma Ramiz Rövşənin şerini saldı. Mir Cəfər Bağırova da münasibətin doğru deyil. O quruluşun, zəmanənin qəddarlığıydı, Bağirovun simasında özünü göstərirdi. Həmin illərdə Ə.H.Qarayev, M.D.Hüseynov, H.Sultanov, Q.Musabəyov və bir çoxları da olsaydı, elə Bağırov kimi davranacaqdı, ya da ondan daha qəddar olardılar.

—Sənə də bir  şeyi bəyəndirmək olmur. Əliheydər Qarayevin Naxçıvanda törətdiyi qəddarlığı düşünəndə Bağırovun atasına rəhmət oxumağım gəlir. Amma unutma ki, mən şairəm. Tarixçi deyiləm. Araşdırıb tarix yazmıram. Bir anlıq  hissimi kağıza köçürürəm,—dedi.

1988-ci ildən gizli dərnəklər açıq fəaliyyətə başlayanda onunla daha tez-tez görüşməli olduq. 18 yaşından gizli dərnəklərin işinə qoşulmuşdu. Xalq hərəkatı başlayanda çoxları kimi: “Mən ziyalıyam, mən şairəm. Xalqıma yazı-pozumla  xidmət edəcəm!”—demədi.

 

Sıldırım qayalarda qaçır dağ keçiləri…

Arxasınca ovçular,

Arxasınca qoruqçular—

vurulan  keçilərin tərsinə çevrildiyi

gözləri kimi,

Qoruqçular tərsinə çevilir

bu vətənin daşını,

Tərsinə açır yuxasını-lavaşını.

Ağ barmaqların öyrəncəkli qara

aparatları

dəng eləyir qulaqları,

Şirələyir, arxasınca çəkir

və son anda məhbusluq

pasportu ilə nöqtələyir.

Mən yetmiş yaşımın

Əlli alqış dolu ilini onlara—

dünəndənqalma nökərlərə, gədalara xərclədim…

 

kimi döyüşkən  şerlər yazır, o biri tərəfdən kənd-kənd, çayxana-çayxana gəzib adamları mitinqlərə toplayır, onları təşkilatlanmağa səsləyirdi. Bu yolda bəzən yaltaqlara, məddahlara, ikiüzlülərə və başqalarına qarşı yumruğunu işə salmaqdan da çəkinmirdi. Çox vaxt da öz əməlindən sonra özü xəcalət çəkirdi.

1988-ci ilin mayında redaksiyaya yanıma gəlmişdi. Hal-əhval tutmaq istədim. Elə birbaşa, müqəddiməsiz, izahatsız: “Gəlmişəm məni danlayıb, söyəsən!”—dedi. Mən də özümü saxlaya bilməyib: “Xeyir verməkdənsə, yenə harda aləmi qatıbsan?”—deyə əsəbiliklə xəbər aldım.

—Səhər-səhər yola çıxıb avtobus gözləyirdim ki, şəhərə gəlim. Bir də baxdım Əznəbürd-Yerevan (Əznəbürd Naxçıvanda əsasən ermənilər yaşayan bir kənd idi) avtobusu gəlir. Qarşısındakı yazı da ermənicə. Şirazlıların başına gətirilən oyun yadıma düşdü. Avtobusu saxlatdım. Qadına-uşağa güldən ağır bir söz demədim. 4-5 nəfər cavan, boynuyoğun oğlan vardı. Düşürtdüm yerə. Dedim: “Niyə sizinkilərin ipini çəkmirsiniz? Niyə imkan verirsiniz Şirazlıda arvad-uşağın bağrını yarıb Türkiyə sərhədinə—Araz qırağına töküblər?” Cavab vermək əvəzinə tir-tir əsib yalvarmağa başladılar. Bu da məni bərk hirsləndirdi. Köpək uşağı təkbətək, bəlkə, məni yeyərdilər. İndi dördü-beşi bir yerdə dovşan kimi əsirdi. Mən də hirslənib hərəsinə bir-iki yumruq vurdum. Dedim, bəlkə, cəsarətə gəlib məni bir yaxşıca əzişdirələr. Onu eləməyəndə hirslənib hərəsinə bir-iki təpik-qapaz vurub mindirdim avtobusa—dedi.

Hirsimdən bilmirdim onunla neyləyim? Onu necə cəzalandırım?! Acıqla xəbər aldım:

—Sən Rusiya KQB-sinin əməkdaşısan, yoxsa onların tapşırığını yerinə yetirirsən? Rusiya zəifləyəndə, xalqlar öz azadlıqları uğrunda mübarizəyə qalxanda Rusiya ermənilərlə müsəlmanları toqquşdurur. İstəyir, bu xalqlar öz azadlıqları uğrunda deyil, bir-birilə savaşda qan  axıtsınlar. O ki qaldı sənin qorxaq saydığın boynuyoğun dığalara. Sabah Ermənistana get, gör nə şirə, pələngə dönəcəklər. Ağrı-acılarını birə-beş  oradakı  müsəlmanların yazıq-yuzuğundan çıxacaqlar.

Uzun sürən mübahisəmizin sonu, çox vaxt olduğu kimi, mənə yemək aldırmaqla bitdi. Yeməkxanada mənim tə’kidlə, pulum olmadığını söyləməyimə baxmayaraq, yarım  litr araq da gətirtdirdi. “Yaxşı ki, içmirsən.— Yoxsa payıma şərik olardın”—deyib, xörəyini yeyə-yeyə arağı içdi. Əski tanışı olan aşpazı da yüz qram arağa qonaq elədi.

Yeməkxanadan çıxanda: —Bir az yüngülləşdim, gedim işimlə məşğul olum.—deyib ayrıldı.

Gizli dərnəklər yavaş-yavaş birləşib Azərbaycan Xalq Cəbhəsini yaradanda Mehman bütün gücüylə çalışır, ən ağır işləri görürdü. Ən çətin yerlərə gedirdi. Adətən də, tapşırığa əməl etməmiş geri  dönmürdü.

Canıdildən girişdiyi işdən birdən ayrıldı. Eşitdim “Azadlıq partiyası” yaradır. Gündə bir yerdə olduğundan onu tapmağım bir həftədən çox çəkdi.

Görüşümüz mübahisə  ilə başladı. O qədər hirslənmişdim ki, mənə verdiyi proqramı oxumadan cırdım. Öz sözümlə özümü tutmaq istədi: “Özün demirdinmi çoxpartiyayalılıq vacibdir, partiyalar yaratmaq lazım gələcək?”—dedi.

—Demişdim, yenə də deyirəm. Sözümdən də qaçmıran. Amma bu gün sənin yaratmaq istədiyin “Azadlıq partiyası” Xalq hərəkatında bölücülük kimi qarşılanır. Qoy Xalq Cəbhəsi bir az möhkəmlənsin, özünə mövqe qazansın, sonra partiya yaradaq. Bu  gün qüvvələri parçalamaq yox, birləşdirmək lazımdı,—deyə  onunla mübahisəyə girişdim.

Mübahisədən öyrəndim ki, Xalq Cəbhəsinə qoşulan bəzi şəxslərdən xoşu gəlmir. Onların bu təşkilatda olmasını arzuedilməz sayır. Buna görə, Xalq Cəbhəsindən ayrılıb yeni partiya yaratmaq istəyir.

1989-cu ilin payızı idi. Mehman hissiyatla söyləsə də, dediklərinin çoxu doğru idi. Ancaq onun dediklərinə əməl etsəydik, təşkilatın ətrafında 3-5 nəfər qalardı. Kütləvilikdən məhrum olan bir təşkilat isə 70 illik totalitar sistem, möhkəm intizamlı Kommunist Partiyası qarşısında tab gətirə bilməzdi.

Xalq Cəbhəsi fəalları ilə ayrı-ayrılıqda söhbətdən sonra yenidən sıralarımıza qayıtdı. Sərhəd simlərinin sökülməsində də, Naxçıvana erməni basqınlarının qarşısının alınmasında da Mehman həmişə öndə gedirdi. Vəziyyətdən gözlənilməz çıxış yolları təklif etməklə, qeyri-adi mübarizə formaları seçməklə bə’zən öz məsləkdaşlarını, mübarizə yoldaşlarını da çaşdırırdı.

1990-cı ilin əvvllərində erməni yaraqlı dəstələrinin qarşısının alınmasında 19-cu yüzildən qalma odlu silahlardan, hətta doludağıdan toplardan istifadə edilirdi. Sovet Ordusunun əsgər və zabitləri Sədərəkdəki doludağıdan topu zorla alıb aparmaq istəyəndə onlara silahlı müqavimətin mümkünsüzlüyünü görən gənclər,  qışın şaxtasında qurşağadək soyunaraq topun qarşısına uzanıb: “Bizim meyidimizin üstündən keçib topu apara bilərsiniz!”—demişdilər. Sovet Ordusu  vəziyyətdən çıxış yolu tapmayıb əmri yerinə yetirmədən geri qayıtmışdı. Həmin dəstənin önündə Mehman Məmmədov da olmuşdu.

1990-cı ilin yanvar qırğınından sonra xalqda bir ölgünlük vardı. Hər yerdə hərbi vəziyyət rejimi tətbiq edilmişdi. Naxçıvana  erməni quldurlarının basqını ara versə də, bunun nə vaxtadək davam edəcəyini bilmək olmurdu. Mitinqlərə, tə’tillərə son qoyulmuşdu.

Belə bir vaxt Mehman Xalq Cəbhəsinin Naxçıvan qərargahına gəldi. Böyük hay-küy qopardı. Hamını qorxaqıqda, fəaliyyətsizlikdə ittiham etdi. Sonra da bir taxta parçası tapıb yaxasından asdı. Üstünə də aclıq e’lan etdiyini yazdı. Beləcə gedib Naxçıvan MSSR Ali Soveti Rəyasət hey’ətinin qarşısında əyləşdi. Başqaları da ona qoşuldu. Bir neçə gündən sonra aclıq e’lan edənlərin sayı 50-yə yaxınlaşdı. Bu xəbər Azərbaycanın hər tərəfinə yayıldı. Naxçıvanda aclığa başlayanların bir qrupunu da Moskvaya, aksiyanı Kreml binası qarşısında davam etdirməyə göndərdik.

Mehmanın, necə deyərlər, zora salıb başladığı bu iş, sanki, Azərbaycanı titrətdi.  Xalq hərəkatı yenidən gücləndi. Mitinqlər, tə’tillər dalğası ölkəni bürüdü.

Mehmanın yurdsevərliyindən, döyüşkənliyindən çox danışmaq olar. Onu tanıyanlar ölüb getdikcə bunlar unudulur. Ancaq şair Mehman Qaraağacın ləyaqət sevgisi, yurd sevgisi, cəsurluğu yaşayır. “Sevdamızın son nağılı” şe’rində yazırdı:

Bic-bic,

Mələk-mələk girirlər evimizə

Yuxuluyuq.

Gözləri gülə-gülə

Özlərininki kimi yığırlar,      

çəkib aparırlar varımızı.

Oyanmamışıq.

1992-ci ildə “Yazıçı” nəşriyyatı Bakıda Mehman Qaraağacın “Sevdamızın  son nağılı” adlı əl boyda bir kitabını çap etdi. Kitabçada şe’rlər “Daş altında qurtuluş” və “Bu nə nəğmədi, könül?”  başlığı altında toplanmışdı. İlk şe’r isə aşağıdakı çağırışla başlayır.

Gündoğandan sallanıbdır bu bulud,

Bu buluddan qurtarmağa yox umud.

Qalx ayağa, qardaş, mənim atım tut,

Yaraqlanıb yola çıxmaq gərəkdir!

 

Kitabdakı şerlərin  hamısı ictimai-siyasi yönlüdür. Onun öz dilindən mənim dinlədiyim şe’rlərin də hamısı beləydi. Millətin qeyrət damarını yandırmağa xidmət  edirdi.

Bəzən mənə elə gəlir Mehman nə yeniyetmə olub, nə cavan. Nə qız sevib, nə də sevgi şerləri yazıb. Elə kamillik yaşında dünyaya gəlib, o yaşda da dünyasını dəyişib. Ona görə ki, onun şerlərində  duyğudan çox ağıl, məntiq var. Bu ağıl və məntiq xalqını nəyə və hara səsləyib? Yunus İmrə ruhunda yazdığı şerlərindən birində deyir.

 

Ocağımın daşı yana,

Gözlərimin yaşı dona,

Düşmənlə savaşı qanam,

Mərdə qızınam-qızınam.

 

Ur ilə Turun arası,

Qaynayıb bitişə yarası,

Dilimin milyard balası

Gör yazı nə?—yazı nə?

 

Xızır gələ gendə  dura,

Başımın kəməndin  qıra,

Urdan Tura od yandıra

Keçəm qızına-qızına.

 

Sovet ədəbiyyətının tərənnüm, mədhiyyə poeziyası ilə  tərbiyə almış şair, görəsən, ondan  niyə imtina etmişdi? Niyə dünya ədəbiyyatının öndəri deyə təbliğ edilən Sovet Ədəbiyyatı nəhənglərinin üstündən keçərək, əsərləri çap olunmayan, haqqında geniş araşdırmalar aparılmayan Yunus İmrəyə üz tutmuşdu? “Əynimdəki düyməsiz gürkdü, duymələnən nədi belə”—deyən şair nədən Ura, Tura üz tutur?! Bəlkə, elə qan yaddaşı deyilən budur?!

1992-ci ildə Xalq Cəbhəsindən uzaqlaşıb Xalq Azadlıq Partiyasına uzv keçsə də, Şərur Rayon Xalq Deputatları Məclisi İcraiyyə Komitəsində əmək və sosial məsələlər şö’bəsinin müdiri işləsə də, bizimlə əlaqəsini kəsməmişdi. Yenə əvvəlki səmimiyyəti ilə gəlir, görüşür, yeyir-içir, gedirdi.

Şerlər kitabı çıxanda necə sevinc içərisindəydi! Kitaba “Başımın bəlası, çiyindaşım, ağlına həmişə hörmət etdiyim Əli bəy, Türkün gələcəyi sizlərin ağıl və inamındadır. 17.04.92”—yazıb imza atıb mənə bağışlayandan sonra gülə-gülə: “İnsafın olsun, ilk kitabımdı: heç nə yazma. Sonrakı kitablarım haqqda nə yazsan, qəbulumdu”—dedi.

Mən də zarafatla:—Əlinə qələm alanda  fikirləşməsən də, heç olmasa, çapa verəndə bir ölçüb-biçəydin.  İndi də belə fağır görkəm almayaydın,—dedim. Hər dəfə bu əl boyda kitabını əlimə alanda Mehmanın ən kiçik hərəkətləri belə gözlərim qarşısında canlanır. Şerləri də özü kimi qəribəliklərlə doludur. Söyüd ağacına da, daşa da, çaya da insan kimi yanaşır. Bu onun Vətənə sevgisinin iddiasızlığından doğurdu. Şerlərinin birində bu sevgini belə təsvir edir:

 

                            Birbalaca qartalın dağları

                                        sevdiyi tək,

                            bir balaca yarpağın ağacı

                                        sevdiyi tək

                            bir balaca ürəyin dünyanı

                                        sevdiyi tək

                            müqəddəs ağrı uğrunda ölməzliyinə

                            bir daha vuruldum, Vətənim...

 

Xalq hərəkatı fəallarından bəzilərinin vəzifəyə gedəndən sonra dəyişməsi Mehmana yaman yer eləmişdi.  Dözə bilmirdi. Dəyişikliklərin ləng getməsi Mehman kimilərini narahat etməyə bilməzdi. Eyni zamanda islahatların aparılmasına, bir tərəfdən, kommunist nomenklatura əngəl törədirdisə, o biri tərəfdən də, demokrat, xalq cəbhəsi fəalı adı ilə vəzifə tutmuş köhnə düşüncəlilər əngəl törədirdilər.

Bütün bunlara dözə bilməyən Mehman dünənki məsləkdaşları ilə qarşıdurma yaratmamaq naminə işdən çıxıb Bakıya köçdü. Fəal ictimai-siyasi fəaliyyətə  başladı. Xalq Azadlıq Partiyasının Təşkilat şö’bəsinin müdiri kimi rayonları gəzir, vəziyyəti öyrənir, ilk partiya təşkilatlarını yaradırdı.

Şair 35 yaşında bir caninin gülləsinə tuş gəldi. Bu dünyada övladları  Qorqud, Turqut, Günel və Ayseli, çap olunmamış şe’rlərini, həyata keçirə bilmədiyi arzularını  qoyub getdi. Özünün düdiyi kimi, “Divardan aslımış bir saz günündə” qaldı. Onun tellərinə toxunsaq, köksümüzə bassaq dilləəcək, əl vurmasaq, toxunmasaq susacaq. Mehmanın dostlarında, ailə arxivində qalmış şerlərini və başqa yazılarını bir yerə toplaya biləcəyikmi? Yeni şerlər kitabını çap edə biləcəyikmi? Bu suallara cavab verə bilmirəm. Amma məndə qalmış, nə səbəbdənsə kitaba daxil etmədiyi şerlərindən birini aşağıda verirəm. Bəlkə nə vaxtsa, kiməsə gərək oldu:

 

                             Pambıq adlı bir ağacdan yıxıldım,

                            Mərmin adlı bir dayazda boğuldum,

                            Bir dənizdim daşa-daşa qurudum.

 

                            Durmaq üçün tariximin üzünə,

                            Dəli rüzgar tökdü məni diginə

                            Çltik olub hey əfsəndim düyümə...

 

                            Bu ağacın dibindəki qurudayam,

                            Yüz yol sovur, qiyamətdə uluyam,

                            Vallah, yenə dünənimin quluyam...

                            Inanmadın?!

 

                            Bu dənizin üzü ağ,

                            Dibi qara, üzü yağlı, üzü ağ:

                            Yüz il yüklə, yüz il daşı,

                            Yüz il sağ

 

                            Vallah yenə doluyam ki, doluyam...

                            Ağ balığın belindəki

13.02.1998

 

 

 

 

********

Sözardı: 525-ciqəzetin 2000-ci il 19 yanvar sayında №-12(607) səhifə 6-da aşağıdakı xəbər dərc olundu: “İSGƏNDƏR HƏMİDOVUN CANGÜDƏNİ ÖMÜRLÜK HƏBS CƏZASI ALDI. O, iki qətl hadisəsində (Mehmna Məmmədovun və Fikrət Məmmədovun – Ə.Ş.) günahladırlırdı. Bakı şəhər məhkəməsində mühakimə olunan isaq orucova dünən hökm oxunub. Müttəhim 1993-cü ildə baş verən iki qətl hadisəsinə görə günahlandırlırdı. Istintaqın nəticəsinə görə, Orucov bu qətllərdən başqa, qulluq mövqeyindən sui-istifadə edərək iki nəfərə qarşı da fiziki zorakılıq göstərib.

Verilən ittihamlar üzrə hakim Səfər Mədətov İsaq Orucovun ömürlük həbs cəzasına məhkum olunduğunu elan edib. Məhkəmənin nəticəsinə görə, müttəhim psixi cəhətdən normal və anlaqlıdır. Qeyd edək ki, bundan əvvəlki iki ekspert rəyində Orucovun həmin cinayətləri hərəkətlərinə hesabat verə bilmədiyi vəziyyətdə törətdiyi göstərilmişdi. Sonuncu komissiya rəyinə görə isə, müttəhim cinayətləri anlaqlı və şüurlu halda törədib.”

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

Redaktorları:

Əlipənah Bayramlı

Tahir Aydın oğlu.

 

 

 

 

 

 

 

 

Texniki redaktor: Səlim Əhməd oğlu

Buraxıcı: Xumar xanım.

Bilgisayarda yığan və səhifələyən: Ramin Tağızadə

Rəssam: Süleyman Mustafaoğlu

Korrektorlar: Vəfa Saleh və Vüsalə.

 

 

 

 

 

 

 

 

 

Yığılmağa verilmişdir 2.04.1998. Çapa imzalanmış 24.03.2000.

Formatı 60ˣ84 1/16.şərti ç.v. 8,8. Hesab-nəşr v. 10,0.

Tirajı 550. Sifariş 44.

 

 

 

 

 



[1] 1980-ci ilin 12 sentyabrında Türkiyədə baş vermiş hərb çevrilişi nəzərdə tutur.

[2] Prizren yaxınlığında türklərin yaşadığı kənd.

[3] 1993-cü ilin noyabrın 9-da avtomobil qəzasında həlak oldu.

[4] Naxçıvandakı Ilanlı dağ

[5] Səfalı

[6] Quş kimi cıvır-cıvır ötən

[7] Kağızlar, məktublar (Azərbaycanda gedən milli azadlıq mübarizəsində tökülən qanların təsvirilə bağlı yazıb, lain anasına göndərməyə rək etmədiyi məktublara işarədir).

[8] Qapanmaz, başa çatmaz.

[9] Bakıda məhəllə.

[10] Qaqauzlar qoşulub qaçan qıza qaqın deyirlər.

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol