Tanıdığım insanlar kitabına ön söz

O x u c u y a

 

   Öncə anamı, atamı, sonra qohum-əqrəbamı tanıdım. Məktəbə getməyimlə tanıdığım insanların sayı da artdı. Məktəbi bitirdim. Kəndlər, şəhərlər gəzdim. Müxtəlif yaşlı, müxtəlif xarakterli insanlarla görüşdüm. Əlli yaşımda ömrümün ötən illərinə boylandım. Bu insanların çoxunu xatırlaya bilmədim. Hətta birinci sinifdə kiminlə bir partada oturduğumu da  unutmuşam. Bə’zilərini isə çox dumanlı xatırladım. Bunların  arasında  qohumlarım da var, müəllimlərim də, məktəb yoldaşlarım da var…

Elə insanlar da var  tanışlığımızdan 30-40 il ötməsinə baxmayaraq onları xatırlayıram. Bə’zilərini mənə yaxşılıqlarına,  bə’zilərini isə pisliklərinə görə. Adətən, yaxşı insanlar daha tez-tez yadıma düşür.

 İşıqlı cəhətləri ilə yadımda qalanları başqalarına da  tanıtmaq  istədim. Əlimə qələm alanda  gördüm  çətinlik çəkirəm. Onların xeyirxahlığını layiqincə qiymətləndirmək,  fəaliyyətlərini layiqincə işıqlandırmaq  o qədər də asan deyilmiş.

 Çox ölçüb-biçdikdən sonra gördüm burda da bir sistem, qruplaşdırma gərəkdir:  hansılar önəmlidir, kimlərin ömür yolu gəncliyə örnək olar? Həmin şəxslər haqqında müxtəlif vaxtlarda yazıb qəzet və dərgilərdə yayınlatdığım və ya yayınlada bilmədiyim yazıları bir araya gətirdim. Müəyyən səbəblərdən ixtisar olunmuş parçaları yerinə qoydum. Beləliklə, “ Tanıdığım insanlar” adlı kitab ortaya gəldi. Bu kitabda hökumət quran, toplumu yönəltənlər haqqında da, şair və filosoflar haqqında da, həyata yencə qədəm qoymuş  tələbələr haqqında da yazılarım var. Millət və xalqı qarşısında  xidmətləri olmuş tanışlarımla  yanaşı bu işləri görməli olan gənclər haqqındakı məqalələrimdən də  bir neçəsini buraya  djaxil etməyi gərəkli bildim.

“Tanıdığım insanlar”  ayrı-ayrı şəxslərin taleyindən bəhs etsə, Avrasiyanın müxtəlif bölgələrində yaşayan türk elləri haqqında bilgilərimi oxucularla bölüşdürməyə xidmət edir. Bu kimi bilgilər gənclərə millətimizin etnik tərkibi bilgi verər, türk dünyamız haqqında təsəvvürlərini dürüstləşdirər və genişləndirər.  Kulturu və  dili bir olan türkün parçalanma səbəbləri haqqında düşünər, onun birləşdirilməsi yollarını arayar.

Kitabın yaranmasında  dost-tanışlarımın təkidi də rol oynadı. Müxtəlif vaxtlarda yazdığım, redaksiyalara göndərdiyim məqalələri onlarla kitabı redaktə etmiş Safruh və Səfalı Nəzərli təmənnasız, necə deyərlər sifətlərini turşutmadan oxuyub redaktə edirdilər. Kitabın hazırlanması söhbəti ortaya çıxanda Xəlil Öztürk üzqabığını hazırladacağını və’d verdi. Təmənnasız, böyük ürəklə, məqalələri bilgisayarda yığıb səhifələyənlərin, ona tərtibat verənlərin, redaktə edənlərin, yanlışlıqlarını düzəldənlərin (korrektor) adları ön səhifədə getdiyindən bir daha burda təkrarlamağı ehtiyac duymadım.

Çevrəmdəki insanların sayğısı və sevgisi sayəsində mən də çəkdiyim zəhmətdən zövq alıb “Tanıdığım insanlar” silsiləsindən ilk kitabı oxucuların ixtiyarına verdim.

Çap olundu: Əli Şamil. Tanıdığım insanlar. I kitab. “Sumqayıt” nəşriyyatı, 2000, səh. 9-10

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol