Valeh Hacılar
ali-shamil.tr.gg/Valeh-Hac%26%23305%3Blar-.htm

 

 

AYRILIĞIN SONU YOXMUŞ

(Valeh Hacıların ölümü münasi­bətilə)

 

Görkəmli alim, şair, pedaqoq və ictimai xadim, Gürcüstan Ədəbiyyatşünaslıq Akademiyasının həqiqi üzvü, İ.Çavçavadze adına Tiflis Dövlət Universitetinin tam professoru Valeh Hacılar (Valeh Alpaşa oğlu Hacıyev) 15 aprel 1951-ci ildə Borçalı mahalının Darvaz kəndində anadan olmuşdur. Bakıda ali filoloji təhsil aldıqdan sonra vətəninə dönmüş, Azərbaycan və Gürcüstan Yazıçılar İttifaqının zəmanətləri ilə 1973-cü ildən Tbilisi Dövlət Pedaqoji İnstitutunda iş fəaliyyətinə başlamışdır. O, 1989-cu ildə TDPİ-nin Azərbaycan dili və ədəbiyyatı kafedrasının müdiri seçilmiş və 17 il həmin kafedraya rəhbərlik etmişdir. 1984-cü ildə Azərbaycan EA-nın Nizami adına Ədəbiyyat İnstitutunda “Azərbaycan dilində şeir qoşan gürcü aşıqları” mövzusunda namizədlik dissertasiyası, 1993-cü ildə isə eyni institutda “Azərbaycan folklorunun səciyyəvi xüsusiyyətləri (Gürcüstandakı türkdilli folklor örnəkləri əsasında)” mövzusunda doktorluq dissertasiyasını müdafiə etmiş və həmin il müdiri olduğu kafedranın professoru seçilmiş V.Hacılar 2000-ci ildə Gürcüstan Ədəbiyyatşünaslıq Elmləri Akademiyasının gizli səsvermə yolu ilə seçimlərində şərqşünaslıq üzrə akademiyanın həqiqi üzvü, akademiki seçilmişdir.

V.Hacılar istər ədəbi əlaqələr, özəlliklə folklor əlaqələri, istər Borçalı-Qarayazı və Axısqa-Cavaxetin türkdilli folklor örnəklərinin toplanması, tədqiqi, nəşri, istərsə də Gürcüstan arxivlərindəki milli folklor nümunələrimizin aşkarlanması, gürcü dilinə tərcüməsi və nəşri məsələlərinin tədqiqi sahəsində olduqca geniş və məhsuldar işlər görmüş, folklorşünaslığımıza əvəzolunmaz töhfələr bəxş etmişdir. O, dəfələrlə xarici ölkələrdə keçirilən mötəbər elmi konfrans və simpoziumlarda Gürcüstan azərbaycanlılarını ləyaqətlə təmsil etmişdir.

Valeh Hacılar şair-tərcüməçi və Azərbaycanca-gürcücə ikidilli lüğətlərin və danışıq kitabçalarının ilk müəllifi kimi kimi də tanınırdı.  Şeirlərinin bir qismi gürcü dilinə tərcümə olunmuş, gürcü, rus, ukrayna və abxaz poeziyasından dilimizə çoxsaylı tərcümələr etmişdir. Gürcüstan arxivlərində xalqımızın tarixi ilə bağlı mühüm sənədlərin aşkar olunub üzə çıxarılmasında müstəsna xidmətləri olan V.Hacılar Borçalı əsilli əfsanəvi sərkərdə Mehralı bəy və Borçalıda qaçaq hərəkatı barədə mühüm tarixi araşdırmalar aparmış, bu mövzuda mükəmməl monoqrafiyalar yazmışdır. O, xalq ədəbiyyatına, ədəbi əlaqələrə dair, eləcə də tarixi-filoloji, leksikoqrafik və bədii səpgidə yazılmış 30 kitabın müəllifidir.

Valeh Hacılar eyni zamanda Gürcüstanda, Azərbaycanda və Türkiyədə tanınan fəal ictimai xadim idi. O, Azərbaycan Yazıçılar Birliyinin, Gürcüstan Prezidenti yanında Təhsil Şurasının, elmi adlar verən Professorlar Şurasının üzvü, Gürcüstan Azərbaycanlı Ziyalılar Birliyinin ilk sədri (daha sonra fəxri sədri), Tiflisdə UNESCO xətti ilə nəşr olunan “Prometey” və “Qarapapaqlar”, Bakıda AMEA-nın Folklor İnstitutunun xətti ilə çap olunan “Dədə Qorqud”, Türkiyədə nəşr olunan “Milli folklor”, “Türkiyə araşdırmaları”, “Atatürk Universitetinin Türkiyat araşdırmaları” elmi jurnallarının redaksiya heyətlərinin üzvü, Gürcüstan təmsilçisi idi. V.Hacılar Dünya Azərbaycanlılarının I Qurultayında (Bakı-2001) Gürcüstan nümayəndə heyətinin rəhbəri kimi H.Əliyev adına Respublika Sarayında çıxış etmiş, Dünya Azərbaycanlılarının Əlaqələndirmə Şurasının və Əlaqələndirmə Şurasının idarə heyətinin üzvü seçilmişdir.

V.Hacıların həyatı və çoxşaxəli fəaliyyəti Türkiyəli alimlərin də diqqət mərkəzində olmuş, Atatürk Universitetində S.Alyılmaz tərəfindən bu mövzuda doktorluq dissertasiyası yazılıb müdafiə olunmuş (2002) və “Borçalılı bilim adamı, eyitimçi, şair Valeh Hacılar” adlı irihəcmli monoqrafiya nəşr olunmuşdur (Ankara-2003).

Azərbaycan-gürcü ədəbi-mədəni əlaqələrinin inkişafındakı şəxsi xidmətlərinə və səmərəli elmi-pedaqoji fəaliyyətinə görə Valeh Hacılar 1998-ci ildə Gürcüstan prezidenti tərəfindən “Şərəf” ordeni ilə təltif edilmişdir. 

V. Hacılar 23 yanvar 2010-cu ildə vəfat etmiş və öz vəsiyyəti ilə doğma kəndində dəfn olunmuşdur.

 

Çap olundu:Ayrılığın sonu yoxmuş (Valeh Hacıların ölümü münasi­bətilə) “Mədəni maarif işi” junalı, 2010-ci il, sayı 10, səh. 36-38.

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol