Xanbəzəmədəki arxaik ünsürlər

ƏLI ŞAMIL

NOVRUZ BAYRAMINDA «XANBƏZƏMƏ» VƏ
ORADAKI ARXAİK ÜNSÜRLƏR[1]
Özət: Mərasimlər gündəlik həyatımız və yaşamımızla bağlı olsa da hər biri özündə əski çağların bir izini, informasiyasını daşıyır. Onlara sadəcə olaraq bir əylənc vasitəsi kimi baxmaq doğru olmaz. Günümüzədək gəlib çatan, hazırda Ordubadda yaşadılan Novruz bayramında xanbəzəmə mərasimi də özündə ulu babalarımızın dünyagörüşünü, həyata baxışını qoruya bilmişdir. Araşdırıcılar onu diqqətlə incələsələr, bir çox yönlərdən yanaşsalar maraqlı mülahizələr ortaya qoya bilərlər.
Açar sözlər: Novruz, yeni il, ilbaşı bayramı, Xanbəzəmə mərasimi, Ordubad rayonu, Azərbaycan.
 
«ХАНБЕЗЕМЕ» В ОБРЯДНОСТИ НОВРУЗ И
 ЕГО АРХАИЧЕСКИЕ ЭЛЕМЕНТЫ
 Резюме: Обряды тесно связаны с повседневной жизнью и бытом человека, но несморя кажый обряд сохраняет в себе следы и информацию древних времен и поверий.  Нельзя воспринимать их только  лишь как способ развлечения. Одним из таких обрядов, который сохранил в себе следы древнего мироввозрения наших предков, является обряд "Ханбеземе", проводимый в дни Новруза в Ордубадском районе. Исследование этого обряда во многих направлениях, поможет обнаружить интересные моменты, связанные с этим обрядом.
Ключевын слова: Новруз, новый год, начало года, обряд Ханбеземе, Ордубадский район, Азербайджан


“KHANBEZEME” (DECORATION OF KHAN) DURING NOWRUZ AND ITS ARCHAIC FACTORS
 
  Abstract: Though ceremonies are connected to our everyday activities and life they still carry the traces and information dating back to ancient times. It is not right to consider them as a means of enjoyment only. The ceremony “khanbezeme” which is still held during Nowruz holiday in Ordubad contains the outlook and views of our great grandfathers. In case researcher consider it in details given various angles interesting  observations can be achieved.
 
Key words: Nowruz,  new year, new year’s holiday, Khanbezeme ceremony, Ordubad region,
Giriş
Zaman keçdikcə mərasimlər unudulur və ya dəyişikliklərə uğrayır. Bu dəyişiklik və unudulma əsasən hakim ideologiyanın təsiri altında olur. Xiristianlıq özündən əvvəlki, din və inancların bir çox gəhətlərini unutdurmağa çalışdığı kimi, islam dini də meydana çıxdıqda xiristianlığın və xristianlıqdan öncəki din və inancların bir çox ayin və mərasimlərini unutdurmağa çalışmışdı.
Bu proses zaman-zaman davam etmışdı. Hətta güclü dövlətlər işğal etdiyi ərazilərdə yaşayan xalqların adət-ənənəsini unutdurmaqla onları özündən daha çox asılı vəziyyətdə saxlamağa çalışmışlar. Yaxın kecmişimizdə SSRİ-də ölkə ərasisində yaşayan türk və müsəlman xalqlarına qarşı yeritdiyi siyasətdə də bunu açıq görmək olar. Ölkədə rus olmayan xalqları ərtitmək, sovet xalqı adı altında ruslaşdırmaq  dövlət siyasəti olsa da xalqlar buna bəzən aktiv, çox vaxt isə passiv müqavimət göstərirdilər. Həmin mübarizə on illərlə davam etirdi.
Kommunist rejimin apardığı əritmə siyasəti mahiyyətcə eyni olsa da, tətbiq forması baxımından fərqlənirdi. Örnəyini Azərbaycanda Novruz bayramı yasaqlandığı halda, Özbəkistanda, Tacikistanda, Türkmənistanda bu bayramın müəyyən məhdudiyyətlərlə keçirilməsinə icazə verilməsində görmək olar. Hətta bu bayramın Türküstanda təntənə ilə keçirilməsi haqqında Moskvada yayınlanan rəsmi qəzet və jurnallar məqalələr çap edir, televiziya və radio verlişlər hazırlayırdılar.  Azərbaycanlılar arasında təbii olaraq belə bir sual meydana çıxırdı: eyni bayram nə üçün Azərbaycanda yasaqdır, Özbəkistanda yox?
Əslində sovet ideoloqları bununla eyni dinə inanan, eyni dildə danışan xalqları bir-birindən daha çox ayırmaq məqsədi daşıyırdı. Belə bir durumda həmin illərdə Azərbaycanda Novruz bayramının tarixini araşdırmaq və təbliğ etmək mümkünsüz idi. Bütün çətinlik və yasaqlara baxmayaraq, Novruz bayramında oxunan mahnılar, göstərilən tamaşalar kitab və dərgilərə yol tapa bilirdi. Bəzən də İslam dinini tənqid etmək üçün Novruz bayramının dini mahiyyət daşımadığını isbatlamaq üçün bu mövzuda yazırdılar.
 Amma mərasimlərimiz nə qədər dəyişikliklərə uğrasa da özündə uzaq keçmişlərin, əski çağların izlərini də yaşadır. Azərbaycan Respublikasının Ordubad rayonunda  günümüzdə də yaşayan “Xanbəzəmə” mərasimi özündə çox əsk çağların izlərini qoruyub saxlayır.
Qaynaqlar xanbəzəmə mərasimi haqqında
Xanbəzəmə mərasimi haqqında ayrıca araşdırma aparılmasa da Novruz, İlbaşı bayramından söz açan araşdıcılar ötəri də olsa bu mərasimdən bilgi vermişlər.
M.M.Yusifov “Bahar bayramı” əsərində yazır: “Azərbaycanın rayonlarının üç gün bayram şənliyini yaxşı keçirmək üçün üçgünlük padşah seçirlər.”
“...bayramı keçirmək üçün bir padşah seçərlər. Padşah hökümranlıq etməyi bacaran, ağıllı, tədbirli adamlardaan olmalıdır. O qırmızı geyinməli, başına tac qoymalıdır. Xalq öz seçdiyi padşahın hər əmrinə itaət etməlidir. Padşah qanlıları barışdırar, nahaqdan həbs olunmuş adamalrın zindandan azad edilməsinə çalışar. onun hökumət adamlarını cəzalandırmağa və onlara əmr verməyə də ixtiyarı var.
Yerli hökumət orqanlarında işləyənlər padşahıın hüzuruna gələr, onun bayramını təbrik edərlər. Padşah onlara nahaqdan həbs edilmiş adamların buraxılması əmriini verər. Seçilmiş padşahın vəzir-vəkili, cəlladı da olar.
Padşahın yanında sazəndələr, xanəndələr də olar. Çalğı aləti tar, balaban, qara zurnadan ibarətdir. Padşahın sərəncamı hamı üçün eynidir. Adamlar yallı çəkər, məzəli oyunlar göstərirlər. Qızlar “haxışta”, oğlanlar “Kos-kosa” və s. oynayarlar. Padşah şuluqluğa özbaşınalığa qəti yol verməz.
Novruz bayramı günü arvadlar da ayrılıqda bayram keçirər, özlərinə padşah seçər.”(Yusifov M. )
M.M.Yusifov Novru bayramı ilə bağlı yazdıqlarını konkret hansı rayondan topladığını göstərməyərək ümumu şəkildə “Azərbaycanın rayonlarında” yazır. XX yüzilin 80-90-cı illərində Ordubad rayonundan başqa bir bölgədə “Xanbəzəmə” mərasimi keçirildiyinə dair hər hansı bir qaynağa rast gəlmədik. 1973-cü ildən Naxçıvan şərərində yaşadığımdan işimlə bağlı muxtar respublikanın kəndlərinə tez-tez getməli olurdum. “Xanbəzəmə” mərasiminə Ordubadın qonşuluğunda olan rayonlar da, Naxçıvan şəhərində belə rast gəlmirdim.
Bu mərasimin izlərinə onbirinci yüzilliyin qaynaqlarında da rast gəlmək olar.
«XI əsrdə yaşamış Nizamülmülkün «Siyasətnamə»sindən (Nizamülmülk, 1987) bəlli olur ki, bayrama bir neçə gün qalmış carçılar şəhəri, bazarları gəzərək şah sarayının xalq üzünə açıq olduğunu elan edərmişlər. Bayram günü camaat saraya toplaşar və hər kəs hökmdardan nə şikayəti varsa, çəkinmədən söylərmiş. Padşah taxtdan düşüb baş məbudun qarşıssında diz üstə çökərək deyərmiş: «Mənim şəxsiyyətimə əhəmiyyət verməyərək, bitərəfanə bu adamın mənə qarşı elədiyi şikayətə bax və hökm ver». Bundan sonra məhkəmə qurularmış və şikayətə ədalətlə baxarlarmış. Padşahlar bunu əhaliyə öyrəniş olmaq üçün edər və onları haqq, ədalət tərəfinə çağırarmışlar.
 Professor Bəhlul Abdullayev isə yazır: «Çox təəssüf ki, həmin mərasim sonralar bilmərrə unudulmuşdur. Başqa cür ola da bilməzdi. Çünki sinfi ziddiyyətlərin kəskinləşdiyi bir dövrdə qaniçən, despot hökmdarlar heç vəchlə razı ola bilməzdilər ki, xor baxdıqları, müti qul hesab etdikləri xalq kütlələri qarşısına çıxıb öz günahlarını etiraf etsinlər». (Abdullayev Bəhlul, 1989:121-122)
Azərbaycan fokloru antologiyasının I cildində yazılır:  “Yeddiləvin günü sübh tezdən hamı böyük meydana yığışır. Şənlik başlanır. Cəngi çalınır, zorxana qurulur... Pəhlivanlar güləşib qurtarandan sonra zorxana yığışdırılır... Meydana Kosa çıxır... Bundan (“Kosa-kosa” tamaşasından – M.K. ) sonra ağsaqqallardan biri meydana yığılanlara üz tutub deyir:
  – Camaat, bu gün bir xan seçməliyik. Xan gərək qaşqabaqlı, sözü ötkəm adam olsun. Ona bir vəzir, bir vəkil, üç fərraş, bir də bir cəllad seçib verin.
Adamlar yer-yerdən deyirlər:
–Xanımız sağ olsun başmaqçı Mərdan.
... Xanı təmtəraqla meydanın yuxarı başında qurulmuş taxtda oturdurlar. Vəzir-vəkil də gəlib taxtın sağ-solunda əyləşir. Yaraqlı-yasaqlı fərraşlar xanın hüzurunda əmrə müntəzir dayanırlar.  Cəllad qırmızı libas geyir, əlində balta meydanın aşağı başında gözləyir. Xan gözlənilməz əmrlər verir, adamları da onun buyruqlarını can-başla yerinə yetirilər. Kosayla təlxək də tez-tez meydana girib xanı güldürməyə çalışır. Min bir hoqqadan sonra xanı güldürüb taxtdan yendirirlər, aparıb suya basırlar”.   (Azərbaycan, 1994:388)
Türkiyəli Abdulhalük M.Çay “Türk Ergenekoon bayramı Novruz” kitabında yazır:  “Bu tören (Temmuz tanrısının payızda ölüb yazda dirilməsi - Ə.Ş.) yazla bağlı olduğundan   tapınaqda kahinlər bitki və heyvan qurban verirdilər, çalıb-oynayırdılar.”
 Azərbaycanlılarda da buna bənzər inam varmış. Mirzə İbrahimi yazır ki, yazda torpaq nəfəs alırmış kimi buğlanırdı. Anam bu mənzərəni görəndə qəribə bir həsrət və sevinclə deyərdi: “Yeraltı dünyanın yiyəsi, tanrısı Yaz xanıma izin verib gəlib anası ilə görüşsün... yeraltı dünyanın tanrısı ölülər xaqanıdır. O, Yaz xanımı oğurlayıb yer altına aparıb, ancaq söz verib ki, hər yaz onu anasının görüşünə buraxacaq.
Budur o gəlir, torpaq da onun nəfəsinə isinir, nəfsə alır, buğlanır.” (M.Çay  Abdulhalük 1991:82-99).
Abdulhalük M.Çay Mirzə İbrahimova istinadən verdiyi bu bilgiyə şummerlərin “Gil kitabələri”ndə də rast gəlirik. Şummerlər Dumuzu bayramı, yəni ilin başlanğıcı haqqında belə düşünürdülər. Yeraltı ölülər dünyasının hakimi Ereşkiqal məhsuldarlıq və çobanlar tanrısı Dumuzunu öz qaranlıq dünyasında əsir edir. Bu səbəbdən də yer üzündə bütün çiçəklər solur, ağacların yarpaqları tökülür. Sevgi tanrısı İninni Dumuzunu xilas etmək üçün dünyaya enir, o da qapı keçir və uzun sərgüzəştlərdən sonar Dumuzunu əsirlikdən xilas edir. Bu martın 25-də baş verir. Həmin gün agaclar yenidən çiçək açır, təbiət oyanır.
SSRİ-də qadağaların ucbatından Novruz bayramı ilə bağlı məqalə və kitablar 1985-ci ildə başlayan perestroyka - yenidənqurmadan sonra çoxalmışdır. Yəni müstəmləkəçi dövlət çökməyə başlayanda əsarət altında olan xalqlar soyköklərini öyrənməyə, tarixlərinə, mədəniyyətlərin sahib çıxmağa, ona dayanaraq azadlıq uğrunda mübarizəyə qalxdılar. Azərbaycanda da Novruz bayramı ilə bağlı Mirəli Seyidovun «Yaz bayramı» (Seyidov Mirəli, 1990), Abdullayevin «Haqqın səsi»(Abdullayev Bəhlul, 1989)  kitabları və onlarla məqalələr çap olunmuşdur.
Qəribəsi burasıdır ki, əsarət altında olmayan Türkiyədə də Novruz bayramı ilə bağlı kitab məqalələr təxminən bizimlə eyni zamanda yayımlanmağa başlamışdır. Onların içədisində  Abdulhaluk M. Çayın  «Türk Ergenekon byramı - Novruz»(Çay Abdulhaluk,1991) kitabı daha diqqətiçəkən olmuşdur.
Rasim Gənzəli «Ulduz» jurnalında yayınlatdığı «Ordubadda Novruz bayramı»(Gənzəli Rasim, 1990:64-66, sayı3.) məqaləsində və Eldar Xəlilov doğulub boya-başa çatdığı Ordubad rayonunun Tivi kəndindən bəhs edən “Mənim balaca dünyam” (Xəlilov Eldar, 1997) kitabında Novruz bayramından söz açsalar da nədənsə xanbəzəmə mərasiminə o qədər də diqqət yetirməmişlər.
Ordubadda Novruz bayramında xanbəzəmə mərasimi
Novruz bayramı ilə ilgili son illərdə onlarla araşdırma aparılsa da, elmi toplantılar keçirilsə də, bu bayramın bütün məziyyətlərini «Öyrəndik! Bitdi!» - deyə bilmərik. Bəlkə də araşdırılmasının «başlanğıcını qoymuşuq» deyə bilərik.
Türk xalqları və toplumlarında Novruz bayramı ilə bağlı etnoqrafik və folklor materialları genişliyi ilə əlimizdə olmadığından çox məsələlərə aydınlıq gətirə bilmir, bir çox sualları cavablandıra bilmirik. Biz sadəcə Ordubad rayonunda  Novruz bayramında «Xanbəzəmə» mərasimini təsvir etməklə araşdırıcıların diqqətini mövzuya yönəltmək istəyirik.
Türklərin toplu yaşadıqları bölgələrdə olduğu kimi, Ordubadda da Novruzun gəlişinə bir ay öncədən hazırlıq görülür. Şəhər və kəndərdə bu işi  rəsmi dövlət qurumu, içtimai təşkilatlar deyil ağsaqqallar idarə edirdilər. Bayram yaxınlaşdıqca onun idarə edilməsinin təşkili də ciddiləşir və toplantılar artır. Ağsaqqallar öncədən bayramı idarə edəcək «Xan», «Vəzir», «Vəkil», «Fərraş» və s. vəzifəlri aparacaq adamları seçirlər. Seçim zamanı həmin şəxsin toplumdakı yerinə, xasiyyətinə, ozünü aparma qabiliyyətinə xüsusi diqqət yetirilir və ona daşıyacağı vəzifənin xüsusiyyətləri izah edilir. Onların hər birnə tutacaqları vəzifəyə uyğun geyim hazırlanır.
Xanın daha şık-zəngin və əlvan paltar geyinməsinə çalışılır. Vəzifələr kiçildikcə onların geyimlərinə də diqqət azalır. Yəni kiçik vəzifə tutan hamı kimi geyinə bilər. Əlinə aldığı bir ağacla, qoluna bağlanmış bir parça ilə, yaxud başına qoyduğu bir papaqla başqalarından seçilər və vəzifə sahibi olduğu bilinər.
Ordubadda «Xanbəzəmə»yə şəbədə deyilir. Novruz bayramına iki gün qalmış «Xan» bəzədilir. Xalat geymiş, başına tac qoymuş «Xan» ata mindirilir. «Xan»ı «vəzir», «vəkil», «əyanları» və musiqiçilər izləyirlər. «Xan» at üstündə küçələrdən keçərək gəzintiyə gedir. Yolda onu oynayanlar, alqışlayanlar  izləyər. Yol boyu «Var olsun Xanımız!», «Xanımız, ədalətli Xanımız!», «Xanımız, xalqın dərdinə yanan Xandır!», «Xanımız mərhəmətli xandır!» və s. alqışlar səslənər.
«Xan», əyanları və onları müşayiət edənlər kəndin və ya şəhərin ətrafındakı bağlı-bağçalı, çayır-çəmənli yerlərdə gəzdikdən sonra geri dönürlər. Evlərin qarşısında və küçələrdə yenə də «Xanı» və onun vəzir-vəkilini alqışlarla, mahnı və musiqi ilə qarşılayırlar. Gəzintiyə gedəndə və geri dönəndə «Xan» heç yerdə dayanmır. Ona şikayət etmək, arzu və istəklərini bildirmək istəyənlərin də «Xan»a yaxınlaşmasına izin verilmir. Fərraşlar, əyanlar, vəzir, vəkil xana “şikayət etmək” istəyənə  məsləhət görərlər ki, «sarayda qənula gəlsinlər». Müstəsna hallarda, yəni hədsiz qocaları, yəni çətin yeriyənləri, xəstələri gördükdə «Xan» atı  durdurular və “Xan” onların şikayətini dinləyər. «Xan» şikayəti vəzir və ya vəkil vasitəsilə dinləyər və onlar vasitəsilə də cavab verər. Ordubadlıların «xan»la birlikdə şəhər kənarındakı bağlara, çəmənliyə çıxma mərasimi Krım türklərinin «Tepreş»inə çox bənzəyir.
«Saray» adlandırılan yer kəndin və ya məhəllənin baş meydanı olar. Gəzintidən qayıdan «Xan» baş meydanda taxta əyləşir. «Vəzir» bildirir ki, bizim Xan başqa xanlara bənzəməz. Onun bütün əmrləri hamı tərəfindən danışıqsız yerinə yetirilməlidir. Əmri pozanlar cəzalandırılacaq.
Zurna, balaban, nağara səs-səsə verir. Öncə yallı oynayan dəstələr meydana çıxır. Hər tərəfdən alqış, urra sədaları eşidilir. İki yallı dəstəsi bir-birindən çevik olmağa, daha yaxşı oynamağa çalışır. Yorulub sıranı pozan, oynamağı dayandıranları fitə basmaqla, hay-küylə yola salarlar.
Sonra güləşənlər ortaya çıxır. Güləşdə gənclərlə yanaşı yaşlılar, qocalar da fəal iştirak edirlər. Musiqi sədaları altında güləşərlər. Yallı yarışından fərqli olaraq, güləşdə məğlub tərəfi fitə basmmazlar. Yenəni də, yeniləni də alqışlarla qarşılayırlar.
Ən yaxşı güləşçini də, qalib yallı dəstəsini də «Xan»ın adından mükafatlandırırlar.
Bu mükafatlar, eləcə də imkansız ailələrə edilən yardımlar, kimsəsiz qocalara, şikəstlərə, xəstələrə verilən paralar «Xan»ın cərimələdiyi imkanlı, imanlı adamlardan aldığı pullardan ödənilər.
İstər şikayət üçün, istərsə də tamaşa üçün «Xan»ın ziyarətinə gələnlərin əllərinə gülab-qızılgül suyu tökülür və onlar şirniyyata qonaq edilir. Bunun müqabilində isə hər kəs imkanı daxilində şirniyyat qabına pul-para qoyur. Ayrı-ayrı məhəllələrdən və evlərdən də şəkərbura, paxlava və s. şirniyyatlar bişirilib «Xan»a pay göndərilir. Bu pay meydana toplaşanlara paylanılır. Əslində bu pay göndərmənin arxasında bir reklam və rəqabət durur. Meydandakılar bir növ münsif rolunu oynayırlar. Hansı ailədə daha dadlı şirniyyat bişirildiyini bilirlər.
Meydana toplaşanlar meydanbəyinin göstərişi ilə oxuyur, oynayırlar. Təlxəklər müxtəlif səhnəciklər göstərib oraya gələnləri güldürürlər. Bütün bunları taxtda əyləşmiş «Xan» müşayiət edir.
«Xan»ın səsini meydana toplaşanlar eşitmir. O, çox astadan danışır. Onun dediklərini vəzir bərkdən xalqa çatdırır. «Şikayətə gələnlərin» sözlərini xan eşitsə də, vəzir gərək həmin sözləri gur səslə «Xan»a çatdıra. Bu, deyilənlərin hamının eşidə bilməsi üçün seçilmiş bir vasitə olsa da tarixi çox əski çağlarla bağlıdır. “Xan” tanrını, vəzir isə tanrının yerdəki elçisini, peygəmbəri, kahini təmsil edir. “Xan” deyilənləri eşidsə də heç bir reaksiya verməməlidir. Nə sevincini, nə qəzəbini bildirməlidir. “Xan”ın-tanrının yerdəki təmsilçisi olan vəzir-elçi, peyğəmbər, kahin xalqın içərisindədir. İnsanlarla  tanrı-“Xan” arasında vasitəçidir.
  Muxtar Kazımoğlu  yazır: “Qədim türk dünya görüşünə görə, xaqan Göyün (Tanrının) yerdəki təmsilçisidir. Tanrının yerdəki təmsilçisi olmasına başqa xaqanlar kimi Çingiz xan da möhkəm inamlar bəsləyir və bu inamı o, özünün Ulu Yasasında qabarıq şəkildə nəzərə çatdırır: “Qiyamçılara məktub və ya elçi göndərəndə onları ordunun böyüklüyü və xaqana sədaqəti ilə qorxutmaq lazım deyil. Sadəcə olaraq onlara bildirmək lazımdır ki, əgər tabe olsanız, yaxşılıq və əmin-amanlıq görəcəksiniz. Əgər  müqavimət göstərsəniz, biz nə bilirik ki, nə olacaq? Yalnız  Ulu Tanrı bilir ki, sizi nə gözləyir”. Göründüyü kimi, Çingiz xan özünün hər hansı bir hərəkətini böyük Yaradanın adı ilə bağlayır, gördüyü işi Allahın buyruğu sayır. Hökmdar – Allah bağlılığına inam türk dünya görüşündə yüzilliklər boyu yaşayır. Belə olmasaydı, bu sözlər Rəşidəddin “Oğuznamə”sində əsas ideya istiqamətlərindən birinə çevrilməzlər: “Padşahlıq taxtı yalnız Ulu Tanrının taxt-tac üçün seçdiyi adamlara layiqdir”. (Kazımoğlu Muxtar, 2006:91).
“Xan” tanrı kimi baxmalı, görməlidir. “Xan” hiss-həyacanını bildirərsə, yəni gördüklərindən təsirlənib gülərsə o “Xan”lığını-tanrılığını itirərək hamı kimi insana çevrilmiş olur. Onda qaydalar pozulur və gülən, hissini-həyacanını bildirən “Xan”ı meydana toplaşan tamaşaçılar geyimli-keçimli çaya, hovuza, gölə basar, onu “Xan”lıqdan salmış olurlar. Həmin şəxs bir daha “Xan” seçilməz.
Buna görə də bayram şənliklərində ən məşhur məzhəkəçilər, gülüş ustaları “Xan”ı güldürməyə çalışarlar. Bəzən “Xan” gülsün deyə meydanda qadın, qız olmasına baxmayaraq “Xan” açıq-saçıq zarafatlar da edərlər. Yaddaşlarda XX yüzillikdə Ordubadda üç «Xan»ın güldüyü qalıb. Onu da həmişə xatırlayırlar.
 «Xan» rəsmi dövlət vəzifəsindən, toplumda mövqeyindən  asılı olmayaraq istədiyi insanı cərimələyə və döydürə bilər. Cərimələnən və döyülən adamın vəzifəsi, xana qohumluq dərəcəsi heç bir rol oynamır.
«Xan», «vəzir», «vəkil» və b. adətən kişilərdən olur. Müstəsna hallarda qadınlar da xan seçilir. Ordubad  rayonunun Tivi kəndində uzun illər 1946—70-ci illərdə “Xan” dəyirmanzı Kəblə Qədimin xanımı Mircahan olmuşdu. (1970-ci ildən isə onun oğlu Məhəmmədəli Sultanov “Xan” bəzənir).(Xəlilov Eldar, 1997:46-47)  O, taxta  əyləşən kimi ilk əmri ilə öz ərini döydürür və cərimələdirmiş. Bu, başqalarına ibrət olsun deyə seçilmiş bir vasitə idi. Cərimədən və döyülmədən yalnız «Xan»ı güldürən insan qurtula bilər.
«Xan» gündüz saat 10.00-dan gecə saat 24.00-dək yalnız meydanı deyil, məhəlləni və kəndi tam idarə edir. Onun hər bir əmri həmin günlərdə danışıqsız yerinə yetirilir. «Xan» yalnız pul cərimələri müəyyən etmir. 10-15 nəfərə qonaqlıq verməyi, xörəklər bişirib 10-15 evə, əsasən də, imkansız ailələrə paylamağı buyura bilər.
Bişirilən xörəyin dadına ilk öncə «Xan» və «vəzir» baxır. Bəyənsələr, paylamağa icazə verirlər. 1920-ci ildən öncə Ordubad şəhərində hər məhəllənin öz «Xan»ı olardı. Son 50 ildə yalnız bir yerdə - şəhərin «Sərşəhər» adlanan meydanında «Xan» bəzəmə şəbədəsi keçirilir. Bəzən bu «Xan»ların hakimiyyəti çox uzunömürlü olar. 70-80-ci illərdə Ordubadda Vəli adlı kişi adətən, «Xan» bəzənərdi. Elə buna görə də, şəhərdə əksəriyyət onu Vəli xan kimi çağırırdı. Son onillikdə isə Aqat Baxşəliyev «Xan» bəzədilir.
Sovetlər Birliyində milli bayramlar yasaqlanmalarına baxmayaraq, Ordubadda Novruz bayramı qeyd edilir, «Xan» bəzədilirdi. «Xan»a bəzən sovet idarələrindən də şikayətə gəlirdilər. Sovet idarələrində çalışanlar adətən yuxarıların əmrlərini icra etsələr də, həmin günlərdə adətlərə sadiq qalaraq «Xan»ın əmrlərini də yerinə yetirərdilər. Elə buna görə də Naxçıvanın hər yerindən Ordubada Novruz bayramı şənliklərinə gələrdilər. «Xan» yeddi gün hakimiyyətdə olsa da, onun üç günü daha qələbəlik olardı.
Sonuncu gün isə «Xan»ı taxtdansalma mərasimi olardı. “Gələn bayrama bağrıbütöv çıxaq!”, “Düşmənlərimiz zəlil olsun!”, “Allah cavanlara qıymasın!”, “Cənabi Əmir köməyiniz olsun!” və b. dualarla başlanar, sonra isə bir ağsaqqal «Xan»ın gördüyü işlərdən danışar, fəaliyyətini  qiymətləndirər, ona uzun ömür və can sağlığı arzulardı.
Şən musiqi sədaları və atəşfəşanlıqla meydana toplaşanlar dağılışardılar.
Sonuc
Araşdırmaları bir az genişləndirsək, bütün yasaq və qadağalara baxmayaraq adətlərimizin yaşadığını görürük. Əslində Ordubadda Xanbəzəmə” mərasimində də kəndxudalar, katdalar, şəhər ağaları, xanlar üç günlüyə, bir həftəliyə hakimiyyətlərini xalqın seçdiyi şəxslərə verirlər.
Bütün bunlar onu göstərir ki, mərasimlər müəyyən dəyişikliyə uğrasa da, ayrı-ayrı bölgələrimizdə yaşayır və özündə çox əski çağların informasiyasını qoruyub saxlayır.
Minilliklərin  informasiyasını özündə yaşadan mərasimlərimiz günümüzədək  gəlib çatmışdı. Biz də onu qoruyub, araşdırmalı və sonrakı nəsillərə çatdırmalıyıq.
QAYNAQLAR
1. Abdullayev Bəhlul. (1989). Haqqın səsi. Azərbaycan Dövlət Nəşriyyatı, Bakı.
2.Azərbaycan fokloru antologiyası (1994) Naxçıvan folkloru (tərtib edənlər T.Fərzəliyev, M.Qasımlı)  “Sabah” nəşriyyatı, Bakı.
3.Çay M. Abdulhaluk. (1991). Türklərdə Ergenekon bayramı - Novruz. (İlavelerle dördüncü baskı), Ankara.
4. Gənzəli Rasim. (1990). Ordubadda Novruz bayramı, «Ulduz» jurnalı.
5.Kazımoğlu Muxtar. (2006). Xalq gülüşünün poetikası, “Elm” nəşriyyatı, Bakı.
6.Nizamülmülk Əbu Əli Həsən ibn Əli Xacə. (1987). Siyasətnamə»(Farscadan tərcümə, əsər və müəllif haqqında qeydlər R. Sultanovundur), “Elm” nəşriyyatı, Bakı.
7. Seyidov Mirəli. (1990).Yaz bayramı. «Gənclik» nəşriyyatı, Bakı.
8.Xəlilovun Eldar. (1997) Mənim balaca dünyam, “Yazıçı” nəşriyyatı, Bakı.
Çap olunub: Azərbaycan şifahi xalq ədəbiyyatının tədqiqləri(2010),  31-ci cild, səh.... Bakı.
[1] Məqalə 1999-cu ilin martın 18-20-də Türkiyənin Elazıq  şəhərində  Firat Universiteti rektorlüğü və Atatürk Yüksək Qurumu, Atatürk Kültür Mərkəzi Başqanlığının birgə keçirdiyi Türk dünyasında Novruz mövzusunda  Üçüncü Uluslararası bilgi şölənində  oxunmuş məruzə əsasında yazılmışdır. 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol