Zəhirəddin Məhəmməd Babur

Qazi Zəhirəddin Məhəmməd Babur

Türk Dünyasının Məşhurları-41

 

Qazi Zəhirəddin Məhəmməd Babur şahın ömür yolu və yaradıcılığı...Əli Şamil

 

Göndərmə 22.12.2011 08:29:16 UTC

Güncəlləmə 22.12.2011 09:17:22 UTC

www.trtazerbaycan.com

http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=52737468-3448-4ba1-a4b1-06853a77e216



Babur 1483-cü ilin fevralın 14-də indiki Özbəkistan Respublikasının Əndican şəhərində anadan olmuşdur. O, Əmir Teymurun kötücəsidir. Atası, Fərqanə hakimi Ömər Şeyx Mirzənin nəticəsi, anası Qutluğ Nigar xanım isə Çingiz xanın on dördüncü nəsildən törəməsi idi. Ba¬bur anadan olanda Ömər Şeyx Mirzə Səmərqəndə məşhur sufi şair Xoca Nəsrəddin Übeydullah Əhrarın ya¬nına gələrək ondan oğluna ad qoymasını xahiş etmişdir. Əhrar körpəyə Zəhirəddin Məhəmməd adını qoymağı məsləhət görmüş, sonra bir az düşünərək «Oğlunu xalqın bu adla çağırması çətin olacaq, qoy onlar «Babur Mirzə» desinlər» demişdir. Azərbaycanda pələng cinsindən olan çevik yırtıcıya bəbir, cığataylar isə babur deyirlər. Bu gün də Azərbaycanda Bəbir adına, Bəbirov soyadına rast gəlinir.

Baburun anası Qutluğ Nigar xanım Sultan Mahmudun böyük bacısı, Monqolustan xanı Yunusun qızı idi. Babur ana nənəsi isə Dövlət bəyimin yanında böyümüş, ondan tərbiyə almışdır.

Atası Baburu on yaşında ikən dövlət idarəçiliyini öyrənməsi üçün Əndicana vali təyin edir. İki il sonra Ömər Şeyx Mirzə həlak olur və Babur 1494-cü il iyunun 12-də Fərqanə vilayətində taxta çıxır. Yavaş-yavaş hakimiyyətini gücləndirən Babur 14 yaşında Səmərqəndi alır. Ancaq ağır xəstələndiyi üçün uzun müddət burada fəaliyyətsiz qalır, ətrafındakı bəylər onu tərk edirlər.

Baburun ən inandığı bəylərindən biri, Axsi qalasının komendantı Uzun Həsən Əndicanı mühasirəyə alır. Bunu eşidən Babur yanındakı 250 nəfərlik dəstə ilə Əndicana doğru hərəkat edir. Lakin şəhərin ələ keçdiyini öyrəndikdə döyüşə atılmayaraq dayısının yanına Xocəndə gəlir. Burada özünə tərəfdarlar topladıqdan sonra 1499-cu ildə Əndicanı Uzun Həsəndən alır.

Taxta çıxdığı gündən Hüseyn Bayqaranın bəyləri ilə savaşan Ba¬bur 1501-ci ilin yayında Şeybani xanla döyüşməli olur. Səripul müharibəsində ona məğlub olduğundan Səmərqəndi bir-neçə nəfərlə tərk edərək Daşkəndə dayısı Sultan Mahmud Mirzənin yanına gəlir. Monqolustandan Daşkəndə qardaşının yanına gəlmiş Əhməd xan da gənc Babura yardımçı olur. O, Fərqanə üzərinə yürüş edərkən Əndican yaxınlığında qəfildən hücuma məruz qalır. Özü isə qoşununu itirərək Əndican bəyi Əhməd Tənbəlin qılınc zərbəsilə başından ağır yaralanan Babur səkkiz yaxın silahdaşıyla birlikdə labüd ölümdən xilas olaraq dayısının yanına qayıdır.

Babura və dayılarına qarşı düşmənçilik edən Şeybani xan hücuma keçir və onların əsgəri birliklərini darmadağın edir. Babur bu dəfə Fərqanənin cənubundakı dağlara qaçır. Uzun müddət orada ağır şəraitdə gizləndikdən sonra 1504-cü ilin iyun ayında Xorasana Hüseyn Bayqaranın yanına getmək üçün əksəriyyəti qadınlardan və uşaqlardan ibarət olan 250 nə¬fər¬lik karvanla yola çıxır.

Qunduz hökmdarı Xosrov şahın ərazisindən keçərkən xalq iki ulu xaqanın törəməsini böyük sevgi ilə qarşılayır. Şahın qardaşı Baqi Çağanyani başda olmaqla bir çox cəsur döyüşçü ona qoşulur. Qısa müddətdə Baburun ətrafında böyük bir ordu toplanır. Babur istiqaməti dəyişdirərək bu dəfə Xorasana deyil, Hindiquş dağlarını keçib Kabilə üz tutur. Qan tökmədən Müqim Arğundan şəhəri alır və 1506-cı ildə özünü Kabil şahı elan edir. Həmin il Mahım bəyimlə evlənir.

1510-cu ildə Şeybani xan Şah İsmayıl Xətayi ilə döyüşdə məğlub olur və öldürülür. Bu hadisə onu ata mülkü Mavəraünnəhri yenidən ələ keçirməyə həvəsləndirir. Ona görə Şah İsmayılla müqavilə bağlayır, onun adına xütbə oxutdurur və sikkə kəsdirir. Babur şah Xətainin hərbi qüvvələrinin yardımı ilə Hisarı, Buxaranı və Səmərqəndi ələ keçirir. Çaldıran savaşında məğlubiyyətə uğradığından səfəvi əsgəri birlikləri geri çəkilməli olur. Çarəsiz qa¬lan Babur dörd illik fasilədən sonra Kabilə geri qayıdır və bütün diqqətini bu coğrafiyaya yönəldir. 1519-cu ildə siyasi məq¬sədlərlə Şah Mənsurun qızı Bibi Mübarəkə-Əfqani Ağaçə ilə evlənir.

Babur şah 1519-20-ci illərdə Pən¬cabı, 1522-ci ildə Qəndaharı, 1523-cü ildə Lahoru, 1526-cı ildə Delhi və Aqranı ələ keçirir. Beləcə, Böyük moğollar imperiyasının təməlini qoymuş olur.

1527-ci il mayın 16-da Kan¬van¬da Rana Sankanın ordusunu yenən Babur şah «Qazi» ünvanını alır. O, 1527-29-cu illərdə kiçik hakimlərin başlatdığı üsyanları yatırır, Qanq çayını keçərək Benqal hökmdarını əzir və 1529-cu il iyunun 24-də Aqra şəhərinə qayıdır.

Uşaqlığından bəri ağır xəstələliklər keçirən, döyüşdə yaralanan, xüsusilə də bataqlıq qızdırmasından əziyyət çəkən Baburun səhhəti ciddi şəkildə pozulur. Bu azmış kimi məğlub etdiyi İbrahim Ludinin anası tərəfindən aşpaz Əhmədin vastəsilə yeməyinə ağı qatılır. Beləcə, böyük hökmdarın – Baburun vəziyyəti gündən-günə ağırlaşır.

Oğlu şahzadə Hümayunun ağır xəstələnməsi Babura öz dərdini unutdurur. O, xüsusi bir ayinə əməl edərək oğlunun yatağı başına üç dəfə dolanır, Hümayunun xəstəliyini öz üzərinə götürdüyünü bildirir, bunu gerçəkləşdirməyi sidq-ürəklə Allahdan niyaz edir. Tezliklə Hümayun tamamilə sağalır.

Babur şahsa oğulları Hümayun, Kamran, Əskəri və Hindal mirzələri, qızları Gülrəng, Gülçöhrə və Gülbədən bəyimləri, eləcə də ona sadiq bəyləri və sərkərdələrini yanına çağıraraq böyük oğlu Hü-mayunu padşah təyin edir.

1530-cu il dekabrın 26-da 48 yaşında dünyasını dəyişən hökmdarı Aqrada dəfn edirlər. Sonra isə vəsiyyətinə uyğun olaraq cənazəsini Kabilə gətirərək təntənə ilə dəfn edirlər. 1646-cı ildə baburilər sülaləsindən Cahan şah onun Baği-Babur adlı bağda yerəşən qəbri üzərində bir məqbərə tikdirir.

Uşaq ikən xüsusi saray tərbiyəsi dışında heç bir təhsil almayan, ömrünün çoxunu döyüşlərdə və dövlət quruculuğunda keçirən Babur şahın elmin müxtəlif sahələrinə dair bir sıra maraqlı əsərləri vardır.

Hərb sənətində görkəmli sərkərdə, mahir taktik və strateq, qılınc oynatmaqda, ox atmaqda, minicilikdə tayı-bərabəri olmayan cəngavər, memarlıq və peyzaj memarlığı sahəsində gözəl mütəxəssis, botanika, zoologiya, coğrafiya, astronomiya üzrə heyrətli dərəcədə dərin bilik sahibi, eyni za-manda gözəl şair, nasir, ədəbiyyatşünas, əruz nəzəriyyəçisi, tərcüməçi, musiqişünas, bəstəkar, tarixçi və etnoqraf kimi şöhrət qazanmaq ona dünya şöhrəti qazandırmışdır.

Babur ədalətli bir şah kimi haqsızlığa qarşı həmişə barışmaz olmuş, yağmaçılığı, talançılığı, çapovulçuluğu ölümlə cəzalandırmış, xalqın taxılını, mal-qarasını zorla əlindən alan əsgərləri dar ağacından asdırmışdır. Babur öz ölkəsinin abadlığı üçün var qüvvəsi ilə çalışmışdır. Fəth etdiyi ölkələrdə yeni yollar, su anbarları, bəndlər, körpülər, dini ibadət yerləri, hamamlar, saraylar, ictimai binalar inşa etdirmiş, bu qurğuların bir qismini şəxsən özü layihələşdirmiş, memarların və mühəndislərin çalışmalarına daim nəzarət etmiş, layihələri yoxlayaraq öz dəyərli məsləhət və göstərişlərini vermiş, bunların qısa müddətdə və keyfiyyətlə yerinə yetirilməsinə çalışmış, interyer ve eksteryerlərin tərtibatına qədər hər şeylə maraqlanmışdır.

Ticarət yolları üzərində karvansaralar, düşərgələr tikdirmiş, çeşmələr çəkdirmiş, quyular qazdırmış, yolçular üçün iaşə mərkəzləri, heyvanlar üçün yem anbarları, asayişi və təhlükəsizliyi təmin etmək məqsədilə indiki mənada polis məntəqələri yaratmış, məsafələri göstərməklə yol işarələri qoydurmuşdur. Onun əmri ilə Kabildən Aqraya qədər olan məsafə dəqiq ölçülmüşdür. Baburun sayəsində Hindistanda memarlıqda və incəsənətdə ortaq hind-türk üslubu yaranmış, qarşılıqlı mədəni mübadilə baş vermişdir.

Babur şahın işğal etdiyi bölgənin sakinlərinin övladlarından böyük siyasi xadim və alim Cəvahirləl Nehru onun fəaliyyətinə yüksək qiymət verərək yazmışdı: «Baburun Hindistana gəlməsi ilə böyük tərəqqi yarandı, yeni stimullar həyata, incəsənətə və memarlığa nəfəs verdi, mədəniyyətin digər sahələri isə qarşılıqlı təmasa keçdi. Babur valehedici şəxsiyyət idi, İntibah dövrünün tipik hökmdarı, cəsur, bacarıqlı insanı idi, o, incəsənəti, ədə¬biy¬yatı sevirdi, həyatdan zövq almağı xoşlayırdı».

Babur cığatay ədəbiyyatında Əlişir Nəvaidən sonra uca zirvə sayılır. Şeirin müxtəlif janrlarında qələmini sınamış şairin 1519-cu ildə tərtib edilmiş «Kabil divanı», 1528-29-cu ildə Aqrada tərtib olunmuş «Hind divanı» dünya kitabxanalarını bəzəyir. Divanlar mövzu və janr baxımından çox əlvan olmaqla əsasən eşq və məhəbbəti, həsrət və hicranı əhatə edir. O, Xoca Übeydullah Əhrarın «Risaleyi-validiyyə»sini türk dilinə böyük ilhamla çevirmişdi.

Yaradıcılığında risalələrə geniş yer verən Baburun «Əruz risaləsi»ndə əsas diqqəti türk əruzuna yönəltmiş, tüyuğ, qoşuğ, tarxani, öləng və digər janrları ətraflı təhli etmiş, «Mübəyyəni-zəkat» risaləsində islamın hənəfilik təriqəti ilə əlaqədar zəkat, xüms, əşar, xərac və s. haq¬qın¬da məsnəvi tərzində məlumat vermiş, «Etiqadiyyə» risaləsində isə dinin əsaslarını və fiqhi bir ilahiyyatçı müsəlman alimi səviyyəsində təhlil etmişdir. Çox təəssüf ki, «Musiqi elmi» və «Hərb işi» əsərləri günümüzədək gəlib çatmamışdır.

Türk və islam ədəbiyyatında memuar janrında yazılmış ilk əsər sayılan «Baburnamə» isə 1494-1529-cu illər arasında Türküstanda, Əfqanıstanda və Hindistanda baş verən hadisələrin salnaməsidir. «Baburnamə» hələ müəllifin öz sağlığında böyük əks-səda doğurmuş, Əkbər şahın sarayında üç dəfə farscaya tərcümə edilmişdir.

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol