Ziya Bünyadov haqqında

İrana gedəndə və gələndə: –

ZİYA BÜNYADOV

 

 

“Sovet Naxçıvanı” qəzetində müxbir işləyirdim. Azərbaycan Xalq Cəbhəsi Naxçıvan təşkilatının idarə hey’ətinin də üzvü olduğumdan ictimai-siyasi hadisələr haqqında iş yoldaşlarıma nisbətən bilgim çox olurdu lZiya Bünyadov İran İslam Respublikasına gedəcəyindənxəbərdar idim (12 sentyabr 1989-cu il).Sovet İttifaqı qəhərmanı, akademik olsa da, sərt çıxışlarına görə Ziay Bünyadovdan rəsmi dairələrin o qədər də xoşu gəlmirdi.Xalq Cəbhəsi onu yerli məmurların təntənə ilə qarşılayıb o taya yola salmayacaqlarından xəbərdardı. Yaranmış vəziyyətdən yararlanmağı qərara aldıq. Yerlərdəki dayaq dəstələrimizə Z.Bünyadovun Culfadan keçəcəyi xəbərini yaymağı və imkanı olanların sentyabrın 12-də Ordubada və Culfaya toplaşmasını tapşırdıq.

İstədiyimizə nail olduq. Naxçıvanın hər yerindən Z.Bünyadovu qarşılamağa gəlmişdilər. Bundan istifadə edib mitinq təşkil etdik. Mitinqdə nəinki Azərbaycan rəhbərliyinin cəsarətsizliyini, yerli mə’murların yaltaqlığını və qorxaqlığını, həm də Moskvanın imperiya siyasətini tənqid etdik. Ziya müəllim də kəskin çıxış etdi və xalq cəbhəsinin fəaliyyətini təqdir etdi.

Ziya Bünyadovdan işlədiyim qəzet üçün müsahibə aldım. Həmin vaxtlar qəzetlərdə Xalq Cəbhəsi haqqında xoş söz demək, hətta deyərdim adını çəkmək belə çətin idi. Adətən, xalq cəbhəsi əvəzinə “ekstremistlər”, “araqarışdıranlar” və s. sözlərini işlətmək dəb halını almışdı. Dəftərçəmi Ziya müəllimə verdim. Oraya iri hərflərlə Xalq Cəbhəsinə münasibətini açıqlamasını xahiş etdim. Ziya müəllim avtoqrafın fotosurətini çap etdirəcəyimi bilib iri hərflərlə yazdı: “Sovet Naxçıvanı”nın oxucularına eşq olsun! Birlik və mətinlik arzulayıb, xalq cəbhəsində birləşməyinizi istəyirəm. Akademik, Sovet İttifaqı Qəhrəmanı Ziya Bünyadov. Culfa 12/IX-89”

Mən avtoqrafı redaksiyada heç kimə göstərmədən sinkoqrafa verdim. Z.Bünyadovdan aldığım müsahibəni də rəhbərliyi qıcıqlandırmayacaq şəkildə hazırladım. Müsahibəni şöbə müdirim də, redaktor müavini də, redaktor da oxudu. Xeyli ixtisar və düzəliş etdilər. Məs: “Ziya Bünyadov. Bu ad uzun illərdir ki, ictimaiyyətin diqqətini özünə cəlb edir. Lakin haqqında heç vaxt eyni fikir eşidilməyib. Gah mətbuatda onun əsərlərinin tərifini göylərə qaldırırlar, gah da kəskin tənqid edirlər. Şəxsiyyəti haqqında da həmişə fikirlər haçalanıb. Davranışından, sərt münasibətindən çoxlarının xoşu gəlməyib.

İstər mətbuatda, istərsə də həyatda onun haqqında yazılanları və deyilənləri müqayisə etsək bu qənaətə gəlmək olar ki, Ziya Bünyadov ziqzaqlı ömür sürüb. Fərdi xarakterə malik olub. Odur ki, istər həyatda, istər yaradıcılıqda onu qəbul edənlər də olub, qəbul etməyənlər də. Amma bütün bu təzyiqlər və tə’sirlər Ziya Bünyadovu heç vaxt yolundan döndərməyib.

Xalqının ağrısına, acısına həmişə şərik olub. Böyük Vətən müharibəsində göstərdiyi hünərə görə Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. Özünün dediyi kimi, bu böyük ölkənin faşist işğalından azad olması üçün üç dəfə ölümlə üzləşib. Elm sahəsində xidmətlərinə görə akademik seçilib. Lakin nə xalq məhəbbəti, nə sinəsində gəzdirdiyi Sovet İttifaqı Qəhrəmanı qızıl ulduzu, nə də akademik titulu onun səfərinə kütləvi informasiya vasitələrinin diqqətini cəlb edə bilməmişdi. Amma xalq xəbər tutmuşdu ki, onun sevimli oğlu İrana gedir. Odur ki, Ordubad dəmiryol stansiyasını bayramsayağı bəzəmişlər. Həmin gün stansiyada Moskva-Tehran qatarını gül-çiçəklə, alqışlarla qarşıladılar. Muxtar respublikamızın şəhər və kəndlərindən gəlmiş nümayəndələr iste’dadlı alimi, tanınmış şərqşünası əlləri üstündə qatardan endirib maşına mindirdilər. Maşın karvanı Culfaya yol aldı.

Culfa dəmiryol stansiyasına az vaxtda minlərlə adam toplaşmışdı. Z.Bünyadovu yola salmağa, ona uğurlu yol arzulamağa gələnlərin gözlərində bir ümid, sifətlərində bir təbəssüm vardı”. — hissəsi atılmışdır. “Z.Bünyadov demişdi: “Kollektivinizin demokratiya uğrunda mübarizəsindən Bakıda xəbər tutdum. (Azərbaycanı tə’til hərəkatı bürüyəndə qəzetlərin hamısı susurdu. Yalnız “Sovet Naxçıvanı”nın kollektivi bəyanatla çıxış edib tə’tili alqışlamışdı. Rəhbərliyi tə’til haqda yazı verməyə məcbur etmişdi. Z.Bünyadov ona işarə edirdi — Ə.Ş.). Bəyənir  və təqdir edirəm”. Şöbə müdirim akademikin fikrini pozaraq cümləni belə qurmuşdu: “Qəzetinizin uğurlu çıxışlarını bəyənir və təqdir edirəm”. Yaxud da: “Mən sual vermişdim: — “Oxucularımıza sözünüz? Z.Bünyadov çox qısa: — Dəftərçəni ver, avtoqraf yazım” — cavabını vermişdi”. Sual-cavabını ixtisar etmişdi.

Qəzetdə Z.Bünyadovun şəkili və avtoqrafı gedəcəyini şö’bə müdiri də, redaktor da, məs’ul katib də bilirdi. Diqqətsizlikdən avtoqrafda nə yazıldığı ilə heç kim maraqlanmadı. Həmin vaxtlar şəkillər də, avtoqraf da sink lövhəyə köçürülürdü. Onlar da qəzet çapa gedəndə — yə’ni son anda səhifəyə qoyulurdu. Qəzetin növbətçi redaktoru da yorğun olduğundan sink lövhə üzərindəki avtoqrafa diqqət yetirməmişdi.

Qəzet çap olunub yayılandan sonra aləm bir-birinə qarışdı. Redaktor Akif Axundovu bərk sıxışdırdılar.

On beş gün sonra Ziya müəllim İrandan qayıtdı. Yenə dayaq dəstələrinə xəbər eləmişdik. Onu qarşılamağa gələnlərin sayı yola salanların sayından üç-dörd dəfə çox idi. Culfanın vağzal meydanında mitinq başlamışdı. Ziya müəllimin gələcəyi  Tehran-Moskva qatarı yubanırdı. Uşaqlar qatarın qəsdən yubadıldığını öyrəndilər. Məmurlar istəyirdilər adamlar yorulub-bezib getsinlər. Biz isə adamların dağılmasını istəmirdik. Mitinqi aparan Ramiz Tağıyev Culfa şəhərinin sakinlərini ətraf kəndlərdən və rayonlardan gələnləri evlərinə aparmalarını, onların dincəlmələrinə və çörək yemələrinə  şərait yaratmalarını xahiş etdi. Onsuz da gələnlərin çoxunun Culfada qohumu, dostu, tanışı vardı. Bir çoxu Ramiz Tağıyev e’lan edənədək gedib çörək yeyib, dincəlib gəlmişdi. Tanışı, dostu olmayanları da mitinqdə iştirak edən culfalılar evlərinə apardılar.

Beləliklə, günüz saat 1200-da başlayan mitinq ara vermədən saat 2200-dək davam etdi. Adamların dağılıb getmədiyini görən hökumət məmurları qatarın gəlməsinə icazə verdilər. Ziya müəllim vaqondan düşüb gömrük məntəqəsindən, sərhədçilərin yoxlamasından keçmədən birbaşa mitinqə gəldi. Onu gurultulu alqışlarla qarşıladılar. Evlərə dincəlməyə gedənlər də tökülüşüb gəldilər. Ziya müəllim yorğun, əsəbi olmasına baxmayaraq bir coşğun və ruhverici çıxış etdi.

Mitinqdən sonra çörək yeməyə gələndə ondan yenə müsahibə aldım. Müsahibəsi çap olunmuş “Sovet Naxçıvanı” qəzetinin 24 sentyabr 1989-cu il tarixli sayından bir neçəsini də verdim. Ziya müəllim mitinqdə dediklərini müsahibədə də təxminən təkrarladı. Müsahibəni yazıb redaksiyaya təqdim etdim. Yuxarıların təzyiqindən necə qorxmuşdularsa, bu dəfə müsahibəni çap etmədilər.

Axşam yeməkxanada süfrə arxasında əyləşəndə Ziya müəllim hərdən bizə müraciətlə: “Heç bilirsiniz Şeyxülislamınız Təbrizdə nələr edib?” — deyəndə A.Paşazadə “Ay Ziya, uşaqlıq eləmə, axı söz vermişdin” — deyərək onun yumşaltmağa çalışırdı. Ziya müəllim də: “Şeyx, söz vermişdim Təbrizdə deməyəcəm. Culfa, Bakı sözü verməmişdim ki?” — deyərək onu gərginlikdə saxlayırdı.

Bir neçə dəfə replika atıb şeyxi danışdırsa da, Ziya müəllim şeyximizin Təbrizdə nələr etdiyi haqda heç nə demədi.

Ziya Bünyadov 1989-cu ildə İrana gedərkən və oradan qayıdarkən verdiyi müsahibələr aşağıdakılardır.

 

 

 

TƏBƏRİNİN YUBİLEYİNƏ

 

İslam aləminin tanınmış ensiklopedist alimi Əbu Cəfər Məhəmməd ibn Cərir   ət-Təbərinin adı dünyanın şərqşünas alimlərinə yaxşı tanışdır. Çoxsahəli yaradıcılığa malik olan fitri istedad sahibi Təbəri Azərbaycan tarixinin tədqiqində də fəal iştirak etmişdir. Müasir Azərbaycan tarixçiləri Təbəri yaradıcılığına tez-tez müraciət edirlər. Onun əsərlərinə müraciət edən, yaradıcılıq yolunu öyrənən tədqiqatçılarımızdan biri də istedadlı şərqşünas, akademik Ziya Bünyadovdur. İranda Təbərinin vəfatının 1100 illiyi münasibətilə keçirilən elmi konfransa azərbaycanlı akademik də dəvət edilmişdir.

Ziya Bünyadov İrana gedərkən yolüstü Culfa şəhərində onu yola salmağa gələnlərlə görüşmüşdür. Naxçıvan Muxtar Respublikasının hər yerindən Culfaya gələnlər alimə uğurlu yol arzulamışlar. Görüş zamanı Ziya Bünyadov Azərbaycanın hazırkı vəziyyətindən, xalqımızın qarşısında duran vəzifələrdən ətraflı danışmışdır.

Toplantıda Culfa rayon xalq cəbhəsinin sədri Ramiz Tağıyev, Culfa rayon sosial təminat şöbəsinin işçisi Abbas Abdullayev, Ordubad rayonundakı Vənənd kənd orta məktəbinin müəllimi Həmidə Məmmədova, Culfa rayon partiya komitəsinin birinci katibi Ənvər Hüseynov çıxış edərək akademik Z.Bünyadova uğurlu yol arzulamışlar.

 

 

 

* * *

Toplanışın sonunda qəzetimizin müxbiri akademik Z.Bünyadovdan kiçik müsahibə almışdır. Aşağıda həmin müsahibəni təqdim edirik:

Ziya müəllim, “Sovet Naxçıvanı” qəzetinin oxucularına nə arzulardınız?

— Qəzetinizin son günlərdə uğurlu çıxışları yalnız mənim deyil, Bakıdakı ziyalıların əksəriyyətinin diqqətini cəlb edib. Bəyənir və təqdir edirəm. Kaş... iki daşın arasında da olsa sizin suallara cavab verməyə hazıram. Atam 1926-cı ildə Culfa gömrükxanasında işləyib, bacımın pasportunun “doğulduğu yer” qrafasında “Culfa şəhəri” yazılıb. Demək mənim bir tərəfim Culfalıdır.

Amma mənim Naxçıvana marağım bu xırda yerlipərəstlikdən deyil. İctimai-siyasi həyatda naxçıvanlıların fəal iştirakını yüksək qiymətləndirirəm. Son iki ildə sədərəklilərin mübariz əhval-ruhiyyəsini diqqətlə izləyirəm. Məni Sədərək kənd Sovetinə deputat seçsələr, özümü xoşbəxt hesab edərəm. Belə bir kəndin deputatı olmağa dəyər.

Təbərinin yubileyi harada keçiriləcək?

— Yubiley tədbirləri əsasən Mazandaranda keçiriləcəkdir. Bülbülsərdə belə bir beynəlxalq tədbirin hazırlanması olduqca təqdirəlayiqdir. Bakıdakı İran konsulunun dəvəti ilə Təbərinin yubileyinə gedirəm. Bu, İran Respublikası yaranandan respublikamızın aldığı ilk rəsmi dəvətdir. Əbu Cəfər Məhəmməd ibn Cərir ət-Təbəri ensiklopedist alim, böyük tarixçi və ilahiyyatçıdır. Onun “Peyğəmbərlərin və hökmdarların tarixi” adlı çoxcildli əsəri yaxın Şərq ölkələrinin qədim və orta əsrlər tarixinin öyrənilməsində mühüm mənbədir. Əsərdə ərəblərin Azərbaycanı işğal etməsi, xürrəmilər, Babək hərəkatı, Məzyədilər və Sacilər dövləti və sair haqqında geniş mə’lumat verilmişdir. Təbərinin 30 cildlik “Quranın təfsiri üçün izahlar” toplusu, 4 cildlik “Fəqihlərin ixtilafları haqqında” kitabı ilahiyyat sahəsində əvəzsiz mənbələrdir. Onun poeziya, qrammatika, riyaziyyat, tibb və sair elmlərə aid də əsərləri vardır. Yaradıcılığım boyu Təbəri yaradıcılığına çox müraciət etmişəm. Mazandaranda bu böyük filosof-alimin vəfatının 1100 illyinə həsr olunmuş yubiley tədbiri keçirilir.

Yubiley tədbirləri başa çatan kimi geri qayadacaqsınız, yoxsa səfərinizi davam etdirəcəksiniz?

— Çox təəssüf ki, vaxt məhdudluğundan Təbrizdə dayana bilməyəcəyəm. Ancaq yubiley tədbirlərindən sonra şeyxülislamımız Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyəti ilə Tehranda görüşmək və onlarla birlikdə Xorasana, Quma ziyarətə getmək fikrindəyəm.

Bəs qeyri-rəsmi nümayəndə kimi hansı missiyanı yerinə yetirməyə çalışacaqsınız?

— Elə bir fikrim də var. Qeyri-rəsmi də olsa, Culfa və Astarada həftə bazarının, sərhədyanı yarmarkaların açılmasına mane olan səbəbləri öyrənməyə çalışacağam. Belə yarmarkalar ölkəmizin istər qərb, istərsə də şərq sərhədləri boyunda var. Nə üçün bizdə olmasın? Eyni dildə danışan, eyni dinə mənsub olan xalqın görüşüb, bir-birini anlaması, söhbət etməsi üçün yarmarkalar, həftə bazarlar böyük rol oynayır.

Yəqin ki, Bakıya təyyarə ilə qayıdacaqsınız?

— Xeyr, yaxını qoyub uzaq yol seçməkdən xoşum gəlmir. Astaradan şosse yolla getmək fikrindəydim. Azərbaycanı bürümüş tətil hərəkatı oraya da öz təsirini göstərib “Sovavtotrans”ın yüzlərlə yük maşını yollarda tıxac yaradıb. Odur ki, Culfa yolunu seçdim. Yəqin ki, buradan da qayıdacağam.

Müsahibəyə görə çox sağ olun! Biz də oxucularımız adından sizə uğurlu yol arzulayırıq!

 

Əli Şamilov

 

 

 

 

ZİYA MÜƏLLİM İRANDAN GƏLDİ

 

Qəzetimizin 24 sentyabr 1989-cu il nömrəsində akademik Z.Bünyadov İrana Təbərinin yubileyinə getdiyini yazmışdıq. Sentyabrın 27-də hörmətli alimimiz səfərdən qayıtdı. Müxbirimizin ondan aldığı müsahibə aşağıdakıdır:

Ziya müəllim necə getdiniz, necə gəldiniz? Uzaqdan gələnə “səfər salamatı” deyərlər. Sizi yenidən Culfada görməyimizə şadıq.

— Nə səfər salamatı?! Qoydunuz sağ-salamat gedib gəlim?! Şil-küt olub qayıtmışam. Allaha çox şükür salamatam. Burda qurduğunuz mikrofonların səsi o tay Culfasında mollaların qulağını dəlir. Onları dəli eləyibsiniz. Acıqlarını da məndən çıxdılar. Culfada məni bir maşına əyləşdirib yola saldılar. Sərab şəhəri yaxınlığında maşınımız bir neçə dəfə aşdı. Möhkəm maşınıydı. Yoxsa çoxdan o dünyadaydım. İki gün xəstəxanada yatdım. Gördüm elmi seminara yubanıram, xəstəxanadan çıxdım. Tehranda gördüm yox, vəziyyətim ağırdı, belə gedə bilmərəm. Həkimə müraciət etdim. Sağ olsun doktor Nəvvab, ayağımda kiçik cərrahiyə əməliyyatı apardı. Orda da duruş gətirməyib yol aldım Təbəristana.

Ziya müəllim, maşınınız necə oldu ki, aşdı?

— Onu məndən niyə soruşursan?! Get bu sualı İranın ittilatına, savamasına, hizbullahlarına ver. Qoy onlar desinlər.

Ziya müəllim, bəlkə bu bir təsadüfi qəzaydı?

— Bu yaşımda mən təsadüfi qəzayla qurmanı bir-birindən ayıra bilmirəm?

Ziya müəllim, bağışlayın, axı Siz elmi simpoziuma getmişdiniz. Qəzanı qoyaq kənara. Simpoziuma çatdınızmı?

— Simpozium bağlananda çatdım. Mənə görə yenidən simpoziumu davam etdirdilər. Təkcə mənim məruzəm dinlənilib müzakirə edildi. Ölkəmizdə Təbərinin öyrənilməsindən və əsərlərinin tərcümə edilib tədqiq edilməsindən danışdım. Çox yaxşı qarşıladılar. Seminarda Avropadan, Asiyadan çox alim vardı. SSRİ-dən tək mən idim.

Ziya müəllim, simpozium harada keçirilirdi?

— Xəzər dənizinin cənubunda bir bölgə Təbəristan adlanır. Tarixi bir vilayətdi. Məhəmməd ibn Cərir də təxəllüsünü bu vilayətin adından götürüb. Beynəlxalq seminarı İranın Ali Məktəblər və  Mədəniyyət Nazirliyi keçirirdi. Yer də yaxşı seçilmişdi. Yubilyarın doğulduğu yerin yaxınlığında Babülsər adlanan bir şəhər var. Mazandaran Unversitetinin nəzdindəki Təbəristan Unversiteti də burada yerləşir. İranda birinci dəfəydi olurdum. İnanmırdım ki, belə yüksək səviyyəli beynəlxalq seminar keçirə bilərlər. Çox yaxşı hazırlaşmışdılar.

Ziya müəllim, proqramda simpoziumun sentyabrın 13-15-də keçirildiyi göstərilir. Sizin isə gedişinizdən düz 15 gün keçir.

— Böyük adamların yubileyləri də böyük olur. Təbərinin ölümünün 1100 illiyi idi. Böyük tarixçi, Quranın ən böyük təfsirçisinin yubileyindən 2-3 günə dönmək olmazdı ki?! Seminardan sonra Məhəmməd ibn Cərir Təbərinin doğulduğu yerləri gəzdik. Sonra da gəldim Tehrana. Şeyxülislam Allahşükür Paşazadənin başçılığı ilə bir qrup həmyerlimiz Kərbəla ziyarətindən geri dönürdü. Onlarla görüşüb Reydə Ayətullah Xomeyninin, Məşhəddə İmam Rzanın, Qumda Mə’sumənin qəbrlərini ziyarət etdik. Tusu, Tehranı da gəzdim. Tehrandakı Sovet səfirliyinə də getdim. Səttar xanın mücahidlərinin son qərərgahı Ətabək parkında yerləşir. Səfirlikdə bir nəfər də olsun azərbaycanlıya rast gəlmədim. Ermənilər isə çox idi. Səfərlikdən bir az aralıda ermənilərin kitab mağazası, kilsələri də fəaliyyət göstərir.

Geri qayıdanda Təbrizdə Sovet konsulluğuna getdim. Konsulluğu bağlayıblar. Qapıçısı ilə söhbət elədim. O da erməniydi!

Ziya müəllim, Sizin gedişiniz mətbuatın, radio-televiziyanın diqqətini özünə çəkdimi?

— Yox əşi. Ora da SSRİ kimidi. Yuxarıdan kimi deyirlər ona diqqət yönəldilir. Bir qəzetləri var: “Keyhan”. Bir neçə dildə çıxır. Bir ona müsahibə verdim. Yüksək vəzifəliləri ilə görüşüb Ermənistan məsələsini müzakirə etmək istədim. Hamısı bizimkilər kimi qorxusundan qaçıb gizləndi.  Təbrizdə Universitetə getdik. Amma müəllim və tələbələrlə görüşüb söhbət edə bilmədik.

Ziya müəllim, ümumiyyətlə, bu səfərinizi necə qiymətləndirirsiniz?

— Çox elmi konfranslarda, simpoziumlarda olmuşam. Yaxşı cəhət o, oldu ki, Azərbaycanı gəzdim. Culfada, Mərənddə, Təbrizdə, Sərabda, Miyanada, Zəncanda oldum. Ya bəxt. Birdə o yerləri görə biləcəm, ya yox! Heç bu tay Culfasına çoxdandı gəlməmişəm. Mitinqdəki çıxışlardan şəhərin qəbristanlığını sərhədçilər tikanlı məftillərdən o tayda qoyduqlarını bildim. Qəbristanlıqsız da şəhər olar? İndiyə kimi bilmirəm buna niyə göz yumublar. Bakıya dönən kimi bu işlə ciddi məşğul olacam. Bu işlərin çoxu yerli məmurların qorxaqlığından baş verir. Belədə xalq da gərək  susmaya.

Ziya müəllim. Sizə uğurlar arzulayırıq. Müsahibəyə görə çox sağ olun.

 

Əli Şaimov

 

 

Sözardı:1995-ci ildə  Ziya müəllim deputat seçildi. Amma Sədərək Kənd Sovetinə yox, Azərbaycan Milli Məclisinə.

İrana səfər ərəfəsində “Xalq Cəhbəsində birləşin” deyən alim bir-iki ay  sonra Xalq Cəbhəsinin sıralarında generallar yoxdu—hamsı yefreytordur—söylədi. 1990-cı ildə Bakıda hərbi vəziyyət e’lan ediləndə bir müddət Ziya müəllimin Sovet ordusundan hərbi xidmətdə olan oğlu, polkovnik  Valeri şəhərin komendantı oldu.

Bütün bunlar ona tə’sir etməyə bilməzdi. Milli azadlıq hərəkatını ürəkdən alqışlasa da hərəkatın fəallarına qarşı sərt mövqe tutur, bə’zən onaları haqlı-haqsız ittihamlar edirdi. Xalq Cəbhəsinin fəallarından olan  Asəf Quliyevin üzünü bir dəfə görməsə belə H.Əliyevin yeritdiyi siyasətə qarşı çıxdığına görə onu siqaret satan və s. adlandırırdı.

Ziya müəllim ata-babasının Bakı yaxınlığından Şıx kəndindən olduğunu sözləyirdi. 1972-ci ildə Universitetdə oxuyarkən Astara rayonundakı “Sovet Astarası”” qəzetinə təcrübəyə getmişdi. Rayonun “canlı tarixi” olan Hüsey Kərimov və Məmi Kazımov (bəstəçi Oqtay Kazımın atası) bizə Ziya Bünyadovun doğulduğu evi göstərdilər. Atası Musa ilə bağlı maraqlı xatirələr danışdılar. Astarada gömrük məmuru işləyən Musa həvəskarlardan  ibarət teatr  truppası yaradıb tamaşalar göstərirmiş. Bu tamaşalara İran Astarasından da adamların toplum halda gəlib baxmalarına icazə alıbmış.

Biz Astarada olanda Z.Bünyadovun 24.12.1921-ci ildə annadan olduğu gömrük işçilərinin binası tikanlı məftillərdən o tayda qalmışdı. Aralıdan oraya baxmaq mümkün idi.

Yeniyetmə və gənclik illərində çılğınlığı ilə yaşıdlarından seçilərmiş. Bu çılğınlığa görə də cərimə bataylonuna düşmüşdü. 27.02.1945-ci ildə döyüşdə göstərdiyi hünərə görə Sovet İttifağı Qəhramanı adını almışdı.

Ordudan buraxıldıqdan sonra (1946) Moskva Şərqşünaslıq İnstitutuna daxil olmuş 1950-ci ildə oranı bitirmişdi. 1954-64-cü illərdə Azərbaycan EA Tarix İnstitutunda baş elmi işçi  işləmiş sonra isə Yaxın və Orta Şərq Xalqları  institutuna dəyişmişdir. Ömrünün sonunadək orada şö’bə müdiri, direktor müavini, direktor, Azərbaycan Elmlər Akademiyasının vitse-prezidenti işləmişdi.

Azərbaycan tarixinə dair onlarla əsəri, əlyazmanı nəşrə hazırlamış, onlara geniş elmi şərhlər vermiş, ön söz yazmışdır.

   Ziya müəllimin  hər bir aradırması mübahisəsiz keçmirdi. Onun “Azərbaycan 7-9 yüzillərdə”, “Azərbaycan Atabəylər dövləti (           ) kitabları tarixşünaslığımız üçün qiymətli vəsaitlər hesablanırdır. Ömrünün son illərində ciddi siyasi fəaliyyətlə məşğul olurdu. Milli məclisdə sərt və sensassiyalı çıxışları ilə yadda qaldı. Azərbaycan Müdafiə Nazirliyində baş verən əyintilər mövzusuna dəfələrlə toxundu.

   Hər il fevralın 23-də Sovet Ordusu yaranması münasibətilə Ziya Bünyadovu da görüşləri, təntənəli yığıncaqlara,  qonaqlıqlara də’vət edər, şərəfinə xoş sözlər söyləyər, hədiyyələr, təzə-tər çiçəklər, gül dəstələri təqdim edərdilər.

1997-ci ilin fevralında 22-də isə axşamüstü Milli Məclisdən çıxıb evinə gələrkən yaşadığı binada cəlladlar tərəfindən qətlə yetirildi.

 

23.03.1997

Çap olundu: Əli Şamil. Tanıdığım insanlar. I kitab. “Sumqayıt” nəşriyyatı, 2000, səh. 57-64

 

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol