Əli Yusif (Yusifzadə)

ƏLİ YUSİF (YUSİFZADƏ)

(əski əlifba ilə:          , rus.)

 

Əli (Ağaəli) Cəlal oğlu Yusifzadə1900-cü ilin yanvarın 1-də Şuşa şəhərində doğulub. Ağaəlinin kiçik qardaşı AlimYusifzadə atasının birinci arvadı Leyladan Səhba (1896-1923), Ağaəli(1898-1938), Şəhla (1900-1959) adında üç övladı olduğunu, Leyla xanım dünyasını dəyişdikdən sonar atası yaxın qohumu, onun anası Ziba ilə evləndiyini yazır.

Yusifzadələr ailəsi Şuşanın sayılıb-seçilən nəsilindən olub. Soyadlarını da İbrahim xanın sarayında işləmiş Mirzə Yusifin adıdan alıblar. Mirzə Yusifin oğlu Mirzə Əliqulu, Mirzə Əliqulunun oğlanları Mirzə Ələkbər və Mirzə Abbas da şair və alim kimi tanınıb. Mirzə Ələkbərin Cavad, Cəlal, Camal, Cabbar, Səttar, Münəvvər və Sitarə adlı övladları olub. Onlardan Cəlal, Camal, Səttar müəllimlik edib. Ağaəlinin atası Cəlal qadaşlarından bədi, elmi yaradacılıqda, pedaqoji və ictimai-siyasi işlərdə fəallığı ilə seçilib.

Mirzə Cəlal Leyla xanımdan olan oğluna Ağaəli adı qoysa da o daha çox Əli Yusuf kimi tanınıb. Ağaəli  ilk təhsilini atasından almış, Quranı-Kərimi oxumağı, şəriəti, doğu dillərini öyrənmiş, atasının təsiri ilə dünyağörüşünü formalaşdırıb.

Mirzə Cəlal yalnız övladlarının və yaxınlarının təhsil almasının qayğısına qalmayıb, İranın Kerman şəhərində yeddi il təhsil aldıqdan sonra Şuşaya dönərək yeni üsullu məktəb açıb, vətən övladlarını maarifləndirməyə çalışmışıb. Ana dilli məktəblərdə dərslik çatışmadığına görə “Hesab” (birinci hissə) kitabı yazmış və onu 1884-cü ildə Tiflisdə nəşr etdirib. Yazdığı kitablarından çox az qismi nəşr olunub. Nəşr olunan kitablarına "Nəhyi münkər"i (1905),  "Rəşəhati-Nəbəviyyə"ni (Fəxri-Kainat, xatəmül-ənbiya) (Birinci cild) (1910), "Ata - baba nəsihətləri"ni (1912) nümunə göstərmək olar. "Həyat", "İrşad", "Tazə həyat", "İttifaq", "Hilal", "Asari-həqiqət", "Sədayi-həqq" və b. qəzetlərdə C.C.Y, Cəlal Qarabaği, Cəlal Yusifi, Mirzə Cəlal Yusifzadə və b. imzasıyla məqalələr yazıb.

Mirzə Cəlal oğlu Ağaəlini 1908-ci ildə Şuşa realnı məktəbində oxumağa göndərib. Ağaəli realnı məktəbdə oxuduğu illərdə rus və Avropa klassiklərinin əsərləri ilə tanış olub, İvan Krılovun “İki kotan” təmsilini ana dilinə çevirərək “İşiq” jurnalında (1911, sayı 3) çap etdirib.  Bundan sonar Ağaəlinin məqalələri, şeirləri və tərcümələri mətbuatda Əli Yusif, Əli Yusif Rai (rai-çoban deməkdir) imzaları ilə nəşr olunub.

1911-ci ildə Mirzə Cəlalın həyatında bir neçə mühüm hadisə baş verib. Belə ki, onun librettosunu yazdığı, müsiqisini tarçalan Mirzə Zeynal hazırladığı "Fərhad və Şirin" operası martın 6-da Bakıda Nikitin qardaşlarının sirkində tamaşaya qoyulub, Bakıda ana dilində "Həqiqəti-əfkar" (Fikirlərin həqiqəti) (29.10.1911-25.02.1912) qəzetini nəşr etməyə başlayıb. Lakin “Həqiqəti-əfkarı”ın ömrü o qədər də uzun olmayıb.  Mirzə Camalı Buxara şəhərində nəşr ediləcək ilk tacik qəzeti "Buxarayi-şərif"ə (Şərəfli Buxara) redaktor dəvət etiblər. 1912-ci ilin martından 1913-cü ilin yanvarınadək Kaqan – Yeni Buxara şəhərində 153 sayı işıq üzü görən "Buxarayi-şərif" qəzetinə redaktorluq edib və qəzetin özbək türkcəsində "Turan" adlı, dörd səhifəlik, həftədə 3 dəfə çıxan əlavəsini buraxıb. 1913-cü ildə Bakıya dönən Mirzə Cəlal Yusifzadə "Sədayi-həqq" (1912-1915) və "İqbal" (1914-1915) qəzetlərində işləyib "Fərhad və Şirin" operasının "Səfa" dram cəmiyyəti tərəfindən yenidən tamaşaya qoyulmasına nail olub. 1918-ci ilin əvvəllərində Zaqafqaziya Seyminə üzv seçilib.

Əli Yusifzadə dərslərini yaxşı oxumaqla yanaşı bədi yaradıcılıqla da məşğul olub. “Balıq və pişik” təmsili (“İşıq”, 1911, sayı 15, səh. 7), “Anaların təfavütü” hekayəsi (“İşıq”, 1911, sayı 26, 27 avqust, səh. 6), “Vətənim” şeiri ( “Məktəb”  1913, fevral) nəşr olunub.  Yazdıqlarını qəzet və jurnallarda çap etdirməklə yanaşı müsabiqələrdə də güçünü sınayıb.  1915-ci ildə Bakıdakı “Qurtuluş”  jurnalı “Qürub çağı bir yetimin məhkumluğu” mövzusunda müsabiqə elan edib. Əli Yusif də müsabiqəyə yazı göndərib.  Qaliblər  sırasında Cəfər Cabbarlı, Ümmgülsümlə yanaşı Əli Yusifzadə də olub.

Çarizmin çökməsi ƏliYusififzadəyə güclü təsir göstərib. O, milli-azadlıq hərəkatının fəallarından birinə çevrilib. 1917-ci ildə Şuşa Milli Komitəsiə üzvü seçilib. Müsəlmanları erməni şovinistlərinin təxribatlarından qorumağı qarşısına məqsəd qoyan təşkilatın öndəgedən nümayəndələrindən biri olub. O, yalnız Şuşada və Qarabağda yaşayan müsəlmanların haqqların qorumaqla kifayətlənməyib. 1917-ci ildə Qars, Ərdəhan qaçqınlarına kömək məqsədi ilə yaradılan xeyriyyə cəmiyyətinin  fəallarından birinə çevrilib, cəmiyyətin “Qardaş köməyi” adlı toplusunda “Qonaqlara” adlı şeiri ilə çıxış edir.

Azərbaycan Cümhuriyyəti qurulduqdan sonra ailələri Bakıya köçüb. Əli Yusif  “Yaşıl qələm”in, “Ədəbiyyat cəmiyyəti”nin işində fəal iştirak edib, “Azərbaycan”, “İstiqlal”, “Bəsirət”, “Qurtuluş yolu” qəzet və jurnallarında  müstəqillik, azadlıq ideyalarını tərənnüm edən məqalələr və şeirlər nəşr etdirib. Onun 1918-ci il dekabrın 7-də Azərbaycan Cümhuriyyəti Parlamentinin açılış günü münasibəti ilə “Azərbaycan” qəzetinin xüsusu buraxılışnda çap olunan  “Prometey” məqaləsi böyük maraqla qarşılanıb. Bakıda yaşadığı dövürdə Məmməd Əmin Rəsulzadə, Nəsib bəy Yusifbəyli, Əhməd Cavad, Mirzə Bala Məmmədzadə, Cəfər Cabbarlı, Dadaş Həsənov və b. ilə tanış olub.

Əli Yusifzadənin adı Azərbaycan parlamentinin 1919-cu il 1 sentyabr qərarıyla xarici ölkələrə oxumağa göndərilərn tələbələrin siyahısına salınıb.  Lakin texniki səbəbdən tələbələrin göndərilməsi gecikdirilib. 1920-ci il yanvarın 12-də “İstiqlal” qəzetində Əli Yusifzadənin “Əlvida” şeiri dərc olunub. 14-də isə cümhuriyyət rəhbərlərinin, tanınmış xeyriyyəçilərin, din xadimlərinin və valideynlərin iştirakı ilə tələbələrin təntənəli yola salma mərasimi təşdil edilib. Fevralın 11-də Parisə çatan tələbələri Sülh Konfransında iştirak edən Əlimərdan bəy Topçubaşovun rəhbərlik etdiyi nümayəndə heyəti qarşılayı. Əlimərdan bəy Topçubaşov tələbələr qarşısında çıxış edərək onlara nəsihətlər edib və uğurlar arzulayıb. Sonra tələbələr təhsil almaq üçün Avropanın müxtəlif şəhərlərinə yola salınıb.  Əli Yusifzadə  Parisdəki Ali Siyasi Elmlər Akademiyasınının Diplomatiya fakültəsinə daxil olub.

1923-cü ildə  təhsilini başa vurub vətənə dönən gənc diplomat-şairə bolşeviklər siyasi görüşlərinə görə ixtisasına uyğun münasib bir iş verməyib. O, Azərbaycan Tədqiq və Tətəbbö Elmi Tədqiqat Cəmiyyətində, “Kommunist” qəzetində işləməli olub.  Müsavat partiyasının gizli fəaliyyətdə olan qurupları ilə sıx əlaqə saxladığına görə 1924-cü ildə həbsi edilib. Uzun sorğu-sualdan sonra ondan “bir daha siyasətlə məşğul olmayacağı” barədə yazılı izahat alaraq  azad edilib.

 Müsavatçılıq ideyalarından dönməyən Əli Yusifzadə 1925-ci ildə Azərbaycan Ədəbiyyat Cəmiyyətinin əsasını qoyanlardan biri olub. Atası da bu cəmiyyətin öncülləri kimi elmi, pedaqoji, bədii yaradıcılığını davam etdirib.

1926-cı ilin fevral-mart aylarında Bakıda keçirilən Umimittifaq Birinci Türkoloji Qurultayda Əli Yusifzadə katib, atası  Mirzə Cəlal tərcüməçi kimi iştirak edib. Qurulyat başa çatandan üç gün sonra, yəni martın 8-də Azərbaycan Fovqəladə Komissiyasının (KQB) əməkdaşı Vasinin əmrilə Əhməd Hacınski, Dadaş Həsənov və Əli Yusifzadə evlərində axtarış aparılmaqla həbs ediliblər. Əli Yusifzadənin evindən bir qovluq sənəd götürülüb. Həmin dövrdə Azərbaycanda rəhbər vəzifədə işləyənlərin bir qismi onların həbs olunmasının qarşısını almaq istəsələr də bacara bilməyiblər. Azərbaycan Dövlət Siyası İdarəsinin (sonralar bu təşkilat KQB kimi tanındı-Ə.Ş.) qərarı dəyişməz olub.

 İstintaqı aparan Vasini Əli Yusifzadənin  “Türkoloji Qurultay keçirilən salona daxil olmları üçün neçə nəfərə və hansı əsasla sənəd veriməsi,  xaricdən dəvət olunmuş alimlərin siyahısını haradan almıs” maraqlandırıb.

Qurultayın katibi, 8 dildı danışmağı və yazmağı bacaran Əli Yusifzadənin istintaqını 1927-ci il fevralın 28-də başa çatdırılıb. Azərbaycan Dövlət Siyası İdarəsinin  istintaqına görə Dadaş Həsənov, Mövsüm İbrahimov, Cavad Axundov, Mir Bağır Seyidrzayev, Əli Yusifzadə, ümumiyyətlə 14 nəfərə güllələnməli olub. Onlara güllələnmə hökmü oxunur da. Lakin sonradan Əli Yusifzadənin və bəzi məhbusların güllələmə hökmü  10 il həbs cəzası ilə əvəzlənib.

1927-ci il martın əvvəllərində Əli Yusifzadənin, İsfəndiyar Vəkillinin, Niyazi Muinin, Mehdi Sultanzadənin, Sadıq İmanənin, Nəsrulla İsrafilzadənin,  Muhsin bəy Bəkdəmirzadənin və b. daxil olduğu Azərbaycanlı məhbuslar qrupu Solovkiyə, Şimal Buzlu okeandakı Ağ dənizin Oneqa körfəzindəki adalardakı həbs düşərgələrinə gətiriblər. Bu qrupda əsasən zabit və maarifçi ziyalılar olub. Onları Baltik-Amur kanalının çəkilişində işlətməyə başlayırlar.

Əli Yusifzadə onlardan əvvəl gətirilmiş araşdırıcı, şair Əbdürrəhman Dai, Cabbar Kələntərli, B.Səfizadə, Muradxan Naxçıvani, Abbasqulu, B.Həmid Kəngərli, Səlimzadə və b. görüşüb. İlik donduran şaxtada işləməkdən, qurd düşmüş balıqdan hazırlanmış xörəkləri yeməkdən çox onları cinayətkarlarla bir yerədə saxlanması rahatsız edib.

Buna görə də Əli Yusifzadə həbs düşərgəsinə gəldikdən sonra siyasi dustaqlar arasında təbliğat işi aparmağa başlayıb. Bolşeviklərin qəddarlıqlarına qarşı duran, canilərlə bir həbsxanada qalmaq istəməyən, onlara siyasi məhbus statusu verilməsini tələb edən Azərbaycanlı məhbuslar ilk dəfə siyasi tələblərlə kütləvi ölüm aclığı elan edib. Əli Yusifzadə Sovet Sosialist Respublikaları İttifaqında ilk dəfə siyasi məhbuslarının aclıq aksiyasının təşkil edənlərdən olub. 1927-ci ildə keçirilən aclığın 53-cü günü hərbiçi, gəncəli İbrahim Axundzadə, Qori Müəllimlər Seminariyasının məzunu, şəkili Əlövsər (Əfsər) Nəcəfov aclıq zamanı, hərbiçi Xasay Kərimzadə, həkim Cahangir Ağayev aclığın doğurduğu  xəstəlikdən dünyasını dəyişib. Şəhid olan dustaqların vəsiyyəti ilə aclıq aksiyası 56-cı gün dayandırılıb.

 Dünyada qəddarlığı ilə ad çıxarmış bolşevik rəhbərliyi aclıq aksiyası iştirakçılarının tələblərinin bir qismini yerinə yetirməli olub. Siyasi məhbusları cinayətkar məhbuslardan ayırmaq məcburiyyətində qalıb. Bu açlıq aksiyası haqqında yazılan kitablar Çində, Amerikada çap olunub.

Sovet Sosialist Respublikaları İnttifaqının həbsxanalarındakı ilk siyasi aclıq aksiyasının xəbəri Bakıya da gəlib çatıb. Aclıq aksiyasının təşkilatçılarından olan Əli Yusifzadənin atası Mirzə Cəlal Yusifzadə 1931-ci ildə, 72 yaşında Bakıda oğul həsrətilə dünyasını dəyişib.

Solovki adalarındakı həbs düşərgələrindəki vəziyyətlə tanış olmağa getmiş Maksim Qorki(Peşkov) və xanımına siyasi məhbuslar həbsxana nəzarətçilərindən gizli məktub ötürə bilib. Onlar bu məktubu Sovet İttifaqı Kommunus Partiyasının rəhbərlərinə, Stalinə çatdırıb. Bundan sonra həbsxanadakı siyasi məhkumlara qarşı sərt rejimi nisbətən yumşaldılıb.

1935-ci ilin yanvarında Əli Yusifzadəni həbsdən azad edilib. Lakin onun Azərbaycana dönməsinə icazə verilməyib. Özbəkistana sürgün edilib. 1937-ci ildə Əli Yusifzadəni Daşkənddə yenidən həbs edilib. Uzun və işgəncəli istintaqdan sonra, yəni 1937-ci ilin avqustun 18-də həbsxanada güllələnib və cəsədini də gizlədilib.

 

Normal, demokratik bir cəmiyyətdə yaşasaydı Əli Yusif diplomat, şair, publisist kimi yaddaşlarda qalacaqdı. Sovet rejimi onun yaradıcılıqla məşğul olmasına, diplomatik sahədə çalışmasına imkan verməyib. Əli Yusifzadə enerjisini irticaya, haqsızlığa qarşı mübarizəyə həsr edib. Zulmə, işgəncəyə, təziqlərə dözərək mübarizənin qızıl səhifələrini yazıb. Onu güllələsələr də şərəfli ömür yolunu, vətənpərvər şeirlərini, millətsevər məqalələrini xalqın qəlbindən silib ata bilmədilər. Qadağalar 60 il davam edib. 60 ildən sonra həqiqətlər üzə çıxıb. Əli Yusifzadə və onun mübarizə yoldaşlarının şərəfli ömür yolu xalqa çatdırılıb.

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=