Ömrün yadda qalan izləri Həsən Səfərov

 

Nəsillərə nümunə

ÖMRÜN YADA QALAN İZLƏRİ Həsən Səfərov

(Həsən Səfərovun anadan olmasının 90 illiyi )

 

Tərcümeyi-hal 1936-cı ilin may ayının 11-də imzalanıb. Həsən Səfərovun sonrakı taleyindən söhbət açan sənədlərə rast gəlmədik. Yəqin ki, həmin sənədlər dövrün qara əməllərinin özünü də yaşatdığı üçün arxivlərin qaranlıq künclərində gizlənib, işığa çıxmağa “utanır”.

İnsan ömrünün isə yarımçıq təsvir etmək olmaz. Onu tamamlamaq lazımdır. Odur ki, ağsaqqallarımıza, ağbirçəklərimizə üz tuturuq. Onlar da yaman seyrəlib. “Tanıyıram” deyənə rast gəlincə neçə qapı döyməli olduq. Babək rayon Təbiəti Mühafizə Cəmiyyətinin məsul katibi Əsəd Quliyevin söhbətləri yazımız üçün ip ucu oldu:

- Dədə-baba qonşumuz olublar. Evləri də Sarvanlar məhəlləsində idi. Atasına Xamutçu Qulam deyərdilər. Anası Şərəf xalanın da yaxşı xatırlayıram. Xeyirxah, xoşgüləş bir qadın idi.

...Bir halda ki, sizə vacib lazımdır durun gedək evlərini göstərim. Bəlkə nəsillərindən qalan oldu. Nəsillərindən qalan olsa yəqin ki, şəklini də qoruyub saxlayarlar.

Əsəd Quliyevlə söhbət edə-edə Böyükbağın alt tərəfindən H. Əhmədov küçəsinə gedirik. 13 nömrəli evin qapısını döydük. Bütün ümidlərimiz puça çıxır. Həsən Səfərovu tanıyanlardan, xatırlayanlardan heç kim yaşamır bu evdə.

Tərcümeyi-haldan sətirlər: 1898-ci ildə Araz üstdəki Naxçıvan şəhərində kasıb fəhlə ailəsində anadan olmuşam. Atam düz 25 il Naxçıvan xanlarının atxanasında işləyib. Ailəmiz böyük olduğuna görə atamın məni oxutmağa imkanı yox idi. Odur ki, 1907-ci ildə atam məni Bakı şəhər idarəsində kağız daşıyan işləyən əmimin yanına göndərdi.

Müəllifdən: 9 yaşdan valideynlərindən ayrılan balaca Həsənin Bakı şəhərində necə yaşadığı, insan kimi hansı hissləri keçirdiyi, onu himayəsinə götürənlərin davranışları, dolanışıqların haqqında heç nə bilmirik. Tərcümeyi-haldan yalnız onu öyrənə bildik ki, 6 sinifli şəhər məktəbini bitirəndən sonra orta texniki məktəbə daxil olur. Valideynlərinin ağır ehtiyac içərisində olması və maddi çətinlik ona təhsilini davam etdirmə imkanı vermir. Odur ki, 1916-cı ildə təhsilini yarımçıq qoyub Bakı şəhərindəki Rus-Qafqaz gəmiçilik şirkətində işə girir. Əvvəl yükvuran fəhlə, sonra çeşidləyici 1917-ci ilin sonundan 1918-ci ilin əvvəlinədək idarənin dəftərxanasında işləyir.

Sosial demokratlardan nə vaxtdan tanış olub, inqilabi fəaliyyətə nə vaxtdan başlanıb suallarına nə xatirələrdə, nə də qısa tərcümeyi-halda cavab tapa bilmədik. Yığcam və “xəsis” cümlələrdən onu öyrənə bilirik ki, H. Səfərov 1918-ci ilin avqust ayında Rusiya Kommunist (bolşeviklər) Partiyasına daxil olur. Türklər Bakını tutduqdan sonra 1918-ci ilin sentyabrında Naxçıvana gəlib zəhmətkeşlər arasında inqilabi iş aparır. İngilis müdaxiləçilərinin əleyhinə coşğun təbliğat apardığına görə 1919-cu ildə həbs edilir.

İki aydan sonra həbsdən azad edilən H. Səfərov İngilis müdaxiləçilərini daşnaq ermənistanına vermək istədiyi Naxçıvanda inqilabi iş aparmağın mümkün olmadığını görüb çətin və təhlükəli dağ yolları ilə Bakıya qayıdır.

Tərcümeyi-haldan sətirlər: Yol nəqliyyat nazirliyi su idarəsinin dəftərxana rəisinin köməkçisi işləməyə başladım. Əli Bayramovla, Mirzə Davud Hüseynovla Əliheydər Qarayevlə və  başqa inqilabçılarla əlaqə yaradıb partiyanın tapşırıqlarını yerinə yetirdim. 1920-ci ilin aprel ayının 28-də Azərbaycan Kommunist (bolşeviklər) Partiyası məni milis siyasi komissarı təyin etdi. Burada iki ay işlədikdən sonra partiyanın tapşırığı ilə Azərbaycan Dəmiryol İdarəsində məsul işə göndərildim. 1920-ci ilin sonlarında Kirovabad (keçmiş Gəncə)  qəza həmkarlar bürosuna sədr seçildim. 1921-ci ilin əvvəlindən 1930-cu ilədək Azərbaycan K/b/P qəza və ölkə partiya komitəsinin katibi işləmişəm. Həmin illərdə  Ümumittifaq K/b/P  Zaqafqaziya Ölkə Komitəsinin, Azərbaycan  K/b/P  MK-nın Bakı şəhər Partiya Komitəsinə, SSRİ MİK-in Zaqafqaziya MİK-in və Azərbaycan MİK-in üzvü seçilmişəm.

Müəllifdən: H. Səfərovun rəhbər partiya işində çalışan 10 il haqqında oxuculara ətraflı məlumat verə bilməyəcəyik. Naxçıvan şəhərində yaşayan yaşı 70-i keçmiş Qara Urmiyevin xatirəsi isə onu qayğıkeş bir insan kimi tanıdır.

 Xatirədən parça:  Naxçıvanda mağazada işləyirdim. Həsən Səfərovla da o zaman bir az qohumluğumuz vardı. Mənə dedi ki, ticarətin axırı yoxdur. Zəmanə texnika zəmanəsidir. Məni Bakıya apardı, avtoşkolaya düzəltdi. İki aydan bir az çox oxudum. Sonra Bakının istiləri düşdü. Məktəbin verdiyi yeməklər çox keyfiyyətsiz idi. Dözəmmədim, qayıdıb gəldim Naxçıvana.

Yadımda qalan bir də odur ki, Naxçıvan məhkəməsini və prokurorunu partiyadan çıxarmışdılar. Onlar da gəlmişdilər Bakıya şikayətə. Qalmışdılar küçələrdə. Parapetdəki çayxanada görüşdük. Dərdlərini mənə də danışdılar. Mən də Həsəngilə gedib gəlirdim. Eşitdiklərimi ona danışdım. O da mənə tapşırdı ki, get onları göndər yanıma. Nahaqdan partiyadan çıxardıblarsa kömək edim, yox günahları varsa dedi-qodu yayan kimi dama basdıracağam. Onda Həsən Azərbaycan K/b/P  MK-da işləyirdi. Səhəri gəlib onlara Həsənin sifarişini çatdırdım. Bir neçə gün sonra hər ikisi partiyaya bərpa edildilər.

Müəllifdən:  Tərcümeyi-haldan öyrəndik ki, H. Səfərov 1930-cu ildən 33-cü ilədək Moskva Sosialist Əkinçiliyi Akademiyasında oxudu. Akademiyanı bitirdikdən sonra onu Ural vilayətinin Upravski rayon Partiya Komitəsinə birinci katib göndərdilər. Sonra Sverdlovski şəhər Partiya Komitəsinə katib seçilir. 1934-cü ildə H. Səfərovu Azərbaycan K/b/P  MK-na kənd təsərrüfatı şöbəsinin müdiri işləməyə dəvət edirdilər. 

Tərcümeyi-haldan sətirlər: Başqa partiyada olmamışam. Heç bir ordu da xidmət etməmişəm. Müxalifətdə də olmamışam. Heç bir partiya cəzam olmayıb.

  Müəllifdən: 1936-cı ilin may ayının 11-də imzalanmış tərcümeyi-hal yuxarıdakı cümlələrdə bitir. Əksinqilabçılarla  əməkdaşlıq etməmək, başqa partiyalarda olmamaq, partiya cəzası almamaq 1937-ci ilin burulğanından sağ çıxmaq demək deyildir. Bunun üçün tərcümeyi-halın təmizliyi, istedad, işgüzarlıq azlıq təşkil edir. Yarınmaq vəziyyətə uyğun hərəkət etmək haqqa nahaq deyənlərə bəli, başüstə deməyi bacarmaq gərək idi. Görünür bu xasiyyətlər H. Səfərovda yox imiş.

Əsəd Quliyevin xatirələrindən: Onda (1937-ci il nəzərdə tutulur) Naxçıvan MTS-də sahə aqronomu işləyirdim. H. Səfərovun adını tez-tez eşidirdim. Səhv etmirəmsə Lenin ordeni də almışdı. 39 yaşı vardı. Cavan perspektivli kadr sayılırdı. Söhbət gedirdi ki, yuxarı vəzifəyə çəkəcəklər. Bir gün də eşitdik ki, Mircəfər Bağırov kurortda olan H. Səfərovun geri çağırtdırıb. O, gedən oldu. Bir də H. Səfərovun adını eşitmədik.

Müəllifdən: Yaddaşlar da, qəzet, jurnallarda, kitablar da Həsən Səfərov haqqında az bilgi saxlayıb. Adının əbədiləşdirilməsi təbliğ edilməsi sahəsində də demək olar ki, heç bir iş görülməyib. Hətta Azərbaycan Sovet Enkslopediyasının nə əsas cildlərində, nə də əlavə səhifəisində oxuculara Həsən Qulam oğlu Səfərov haqqında məlumat verilməyib.    

  Əli Şamilov

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol