Kırım sevgisi kitabı üçün Cengiz Dağçı məqaləsi

Əli Şamil

GÖZLƏNİLƏN ÖLÜMÜN ACISI

və ya Çingiz Dağcı dünyadan köçdü

Edebiyat devlerinden Cengiz Dağcı öldü

         C. Dağcı Kırım tatarlarının milli bayrağı önündə

Bu gün interneti acıb qəzetləri gözdən keçirəndə Türkiyə qəzetlərində “Edebiyat devlerinden Çingiz Dağcı öldü” başıqlı yazı gözümə sataşdı. Sovetlər dönəmində adının çəkilməsi belə qadağan edilmiş Çingiz Dağcını Azərbaycan müstəqilliyinə qovuşandan sonra da layiqincə tanıda və əsərlərini təbliğ edə bilmədik.

Dünyada məşhur olan bu böyük insan və vətənsevəri tanıyandan sonra bir neçə dəfə Azərbaycana gətirməyə çalışdıq. Hər dəfə də qoca və xəstə olduğundan səfərə çıxa bilməyəcəyini söylədilər. Onu Azərbaycana gətirmək istəyən dostlarımızdan Ələddin Həsənov, Elman Əliyev 50-60 yaşlarında ürək tutmasından bir birinin ardınca dünyasını dəyişsələr də, Çingiz Dağcı yaşayırdı. Çingiz Dağcı da 2011-ci ilin sentyabrın 23-də, 92 yaşında İngiltərədə dünyasını dəyişdi. Türliyə hökümətinin Böyük Britanıya və Ukrayına ilə apardığı danışıqlardan sonra onun cənazəsinin Kırıma gətirilərək, orada dəfn edilməsinə razılıq alındı.

 “Türkiyənin səsi” və İctimai radioların birgə layihəsi olan “Qorqud ata” proqramında hər həftənin cümə günləri  saat 12.00-dan sonra efirdə səslənən “Türk dünyasının məşhurları” proqramının 2010-cu il iyun 17-dəki verilişi “Çingiz Dağcı”ya həsr edilmişdi. Həmin verlişim əsasında hazırladığım məqaləni “Kırım sevgisi” kitabıma daxil etmişdim. Kitab hələ çap edilmədiyindən məqaləni “525-ci qəzet”in oxuçularına təqdim edirəm ki, Çingiz Dağcı ruhu şad, onu tanıyanların isə könlü xoş olsun.

***

Vətəndən uzaqlarda yaşamaq məcburiyyətində qalan Kırımlı yazıçı Çingiz Dağcı haqqında gəncliyimdə xarici radiolarda eşitsəm də, diqqətimi o qədər də çəkməmişdi. Onun həyatına və yaradıcılığına məndə maraq oyadan kırımlı şair, vətənsevər Yunus Kandımov oldu.

Yunus Kandımovla 4-8 dekabr 1989-cu ildə Zuğulba qəsəbəsində keçirilən “Xəzər” forumunda görüşduk. Toplantılardan sonra müxtəlif mövzularda söhbətlər edirdik. O bir dəfə Çingiz Dağcının şeirlərindən misal çəkdi. Şeir o qədər də diqqətimi çəkmədi. Bunu Yunus Kandımov da hiss etdi. O, Çingiz Dağcını tanıtmaq üçün az qala uzun bir məruzə etdi. Fikirimi açıq dedim. Mən Yunus bəyə Çingiz Dağcının şeirlərinin XX yüzilliyin 30-cu illərinin Sovetləri tərənnüm edən şairlərin əsərlərindən fərqlənmədiyini söylədim. Yunis bəy isə Çingiz Dağcını çılğın bir məhəbbətlə sevdiyindən məni fikirimdən daşındırmağa çalışırdı.

O, 1940-cı ildə «Ədəbiy Qırım» toplusunda dərc olunan «Köy axşamı» adlı şeirindən aşağıdakı misraları söyləyərək təhlil edirdi:


Dağlarda bulutlar müsafir qaldılar,
Örulğan yolcuday üquğa daldılar…
Nazlı bir qızdayın yıltıratıp ay tuvdı,
Koydeki aqşamlar ne qadar aytuvlı
.

 

Diqqəti cəlb etmək üçün deyirdi: “Bu misraları yazanda Çingiz Dağcının 20 yaşı tamam olmamışdı. Görün necə epitetləri, bədii ifadə vasitələri var.

Gah da Çingiz Dağcının 1941-ci ildə Ukrayna cəbhəsindən yazdığı “Verin atamın qılıncını mənə” şeirindən aşağıdakı misraları söyləyirdi:


Qalbimde hürriyet ateşi yanar,
Beriñiz atamnıñ qılıçın maña!
Atımnı süreyim qanlı meydanğa,
Beriñiz atamnıñ qılıçın maña!


Bu şeirlərə qarşı da laqeyidliyimi görən Yunus bəy Çingiz Dağcının həsrət şeirlərindən aşağıdakı parçaları söyləyib təhlil etməyə başladı:


Mahzün yıldız, dertli yıldız, sönmey tur!
Sönme, yıldız, azaçıq yal alayıq.
Belki artıq kuneş doğar, sönmey tur,
Sönme, yıldız, yolumıznı bulayıq.

...Qırım, Qırım! Boyle suvuq gecelerde,

 Sen de meni yahşı söznen añasıñmı?

 

...Çatırdağnıñ qulağına asılğan Ay,
Beñzemezmi yaş kelinniñ sırğasına?

 

Azərbaycandan olan şair dostlarımı da bu misralar heyrətləndirmədi. Şeirin bədii dəyəri deyil, mövzusu ürəyimdən olduğundan Yunus bəylə razılaşan kimi, onun tərəfini tutan kimi oldum.

SSRİ dağılandan, Türkiyəyə yollar açılandan sonra Çingiz Dağcının romanlarıyla tanış oldum. Bu romanlar yalnız Kırım türklərinin deyil, Rusiya boyunduruğu altına düşmüş xalqların bədii tarixi olduğunu gördüm. Öyrəndim ki, Çingiz Dağcı kimi tanınan yazıçı 1919-cu il martın 9-da Kırımın Qruzuf qəsəbəsində anadan olmuşdur. Həmin illərdə Kırm tatarları yenə də ən ağır günlərini yaşayırdılar. Bir tərəfdən, rus generalı Vrangelin bolşeviklərlə savaşı nəticəsində təsərrüfat dağılmış, necə deyərlər, yarımadada həyat iflic vəziyyətinə düşmüş, bir tərəfdən də zəlzələ olmazın ziyan vurmuşdu. Aclıq, səfəlat baş alıb gedirdi. Buna görə də Qruzufda dəllək işləyən Çingizin atası Əmirüseyin Qızıldaşda ev tikərək aliəni kəndə köçürmüşdü. Ailə Yalta yaxınlığındakı bu kənddə 10 ilə yaxın yaşamış və balaca Çingiz də buradakı ibtidai məktəbdə oxumuşdu.

1929-1932-ci illərdə, kollektivləşmə, kolxoz quruculuğu adı altında kəndlilərin malları, mülkləri əllərindən alınanda zorakılığa etiraz edən Əmirüseyini qolçomaq adlandıraraq həbs edirlər. O, az bir zaman həbsdə yatdıqdan sonra xeyirxah insanların köməyilə həbsdən qurtula bilir. Doğma kəndinə qayıtsa, yenidən həbs ediləcəyindən ehtiyatlanaraq Akməscidə, yəni bugünkü Simferopola gedir. Orada özünə iş tapıb güzaran qurduqdan sonra əvvəlcə oğlu Çingizi, sonra da xanımı Fatmanı, qızları Tevidəni, Ayşəni, oğlanları Timuru, Haliti Akməscidə gətirir.

 Qızıldaşda ibtidai məktəbi bitirən Çingizi atası Akməsciddəki 12 saylı məktəbin 5-ci “B” sinfində oxumağa qoyur. Sonra onu Kırım tatarcasında təhsil verən 13 saylı orta məktəbə keçirirlər. Bu məktəb həmin illərdə Akməscidin ən nüfuzlu məktəbi sayılırmış.

Yeniyetməliyindən bədii ədəbiyyata böyük maraq göstərən Çingiz ilk şeirlərini 1936-cı ildə “Ədəbiy Qırım” toplusunda çap etdirir. Ailəsi təqib və təzyiqlər altında yaşasa da, özü maddi sıxıntının hər üzünü görsə də, müharibədən əvvəl yazdığı “Gül”, “Sevdiyim Yalta”, “Kənd axşamları”, “Bahar sabahı”,“Qış” və s. lirik, təbiət təsvirlərindən ibarət olan şeirlərində Sovetləri tərənnüm edir. Muharibənin ilk aylarında Ukrayna cəbhəsindən yazdığı məktubdakı şeirini də “Verin atamın qılıncını mənə” adlandırır.

Çingiz 1937-ci ildə orta məktəbi bitirib Kırım Pedaqoji Universitetinin tarix fakültəsinə qəbul olunur. 1939-cu ildə İkinci Dünya Savaşı başlayır, 1940-cu il dekabrın 22-də onu təhsildən ayıraraq, məcburi əsgəri xidmətə aparırlar. Qısa müddət hərbi kursda oxutduqdan sonra leytinant rütbəsi verə­rək moto-atıcı bö­lüyə komandir təyin edirlər.

Müharibə Çingizin yalnız həyatını deyil, dünyagörüşünü də dəyişir. İlk şeirlərindən bu qənaətə gəlmək olur ki, müharibə olmasaydı, Çingiz yüzlərlə Sovet şair və yazıçısından biri olacaqdı.

1941-ci il iyununda SSRİ-yə hücum edən alman orduları gözlənilməz bir sürətlə irəliləyir. Qısa müddətdə Ukrayna, Belarusiya, Pribaltika işğal olunur. Ukrayna cəbhəsində olan Çingizin bölüyü 1941-ci il avqustunda bir yanlışlıqdan Sovet və alman əsgəri birliklərinin atəşi arasında qalır. O, ağır yaralı halda əsir düşür. Bu, həmin dövrə təsadüf edir ki, alman hərbi qüvvələri qarşısında duruş gətirə bilməyən Sovet hərbi birləşmələri sürətlə geri qaçır və ya təslim olmaq məcburiyyətində qalırdı.

Sovet qanunlarına görə, əsgər və zabit təslim olmamalı, son gülləsilə intihar etməliydi. Bu da mümkünsüz və insanlığa zidd bir qanun idi. Sovet xüsusi xidmət orqanları əsir düşənlər və onların ailələrini, qohumlarını sərt cəzalandırsa da, kütləvi əsir düşmənin qarşısını ala bilmirdi.

1941-ci ildə Ukrayna cəhəsində almanlara əsir düşən Çingiz Əmirüseyin oğlu savaş başa çatanadək, yəni 4 ilə yaxın Almaniyanın əsir düşərgələrində qalır. Min bir məşəqqətlə üzləşsə də, ruhdan düşmür.

Müharibə başa çatdıqda isə vətənə dönmür. Bilir ki, vətəndə qoyub gəldiyi əzizlərini 1944-cü ilin mayin 18-də yük vaqonlarına doldurub, Sibirə və Türküstana sürgün ediblər. Əsir düşənləri də məşəqqətlər, Sovet həbsxanalarında üzücü istintaqlar və uzunmuddətli həbslər gözləyir. Odur ki, Varşavada tanış olduğu Regina ilə evlənir. Polşanın SSRİ-nin təsir dairəsində qaldığını gördükdə çətinliklə də olsa müttəfiqlər tərəfinə keçə bilir. Orada da ilk vaxtlar günü-güzaranı heç də yaxşı olmur. Uzun-uzadı dindirmələrdən, sorğu-sualdan sonra 1946-ci ildə ailəsi xanımı və qızı ilə birlikdə Böyük Britaniyanın Edinburq şəhərinə gedir. 1947-ci ilin əvvəllərində isə Londona göçür. 1953-cü ildə Fulham Roadda bir lokanta açır. 1974-cu ildən Londonun Vimbledon yaxınlarındakı Southfieldsdə yaşayır.

Londonda Polşalı xanımı Regina ilə birlikdə kiçik bir yeməkxanada işləyən Çingiz maddi və siyasi sıxıntılar içərisində yaşasa da, bədii yaradıcılığını da davam etdirir. Qürbətdə bir silsilə şeirlər yazır. Şair “Kırım məni anarsanmı?” şeirində deyir:

 

Mən də dərdli gecələrniñ bir sırdaşı,

Əski Çatır sırrın açar, dep arz ettim.

Ürəyimdə ana yurdun topraq, daşı...

Günəşimiñ doğmasını çox istədim.

 

Gün doğmadı Kırımımıñ səmasında,

Ağlaysıñmı, kədərlənib, yanasıñmı?

Kırım, Kırım! Böylə soyuq gecələrdə

Sən də məni yaxşı söznən añarsıñmı?

19471948-ci illərdə rus dilində “Büyük yalan” adlı üç pərdəlik pyes yazır və 1958-ci il əvvəllərində onu Türkiyə türkcəsinə tərcümə edib, “Varlıq” nəşriyyatına yollayır. Lakin bu piyes nə çap olunur, nə də tamaşaya qoyulur. 1956-cı ildə “Arkadaşım Maqsud” hekayəsini yazır və yenə də “Varlıq” nəşriyyatına yollayır. Hekayə çox uzun olduğuna görə çap olunmur. O isə ruhdan düşmür. Bədii yaradıçılığını davam etdirir. “Varlıq” nəşriyyatı axır ki, onun “Qorxunç yıllar” romanını ayrıca kitab kimi çap edir. Beləcə Türkiyə ədəbi həyatında Çingiz Dağcı imzalı bir ulduz parlayır.

O, rus dilində də, ingilis dilində də, kırım tatarcasında da  yazıb-yarada bilərdi. Lakin türk xalqlarının oxuyub yararlanması üçün Londonda Türkiyə türkçəsiylə yazmağa üstünlük verdi. Bununla da ümumtürk ədəbiyyatına, mədəniyyətinə xidmət etmiş oldu və dünyada ünlü bir romançıya çevrildi.

Çingiz Dağcı bir-birinin ardınca “Yurdunu qeyb edən adam” (1957), “Onlar da insandı (1958), “Ölüm və qorxu günləri” (1962) , “O topraqlar bizimdi (1966), “Kolxozda həyat” (1966), “Dönüş” (1968), “Gənç Temuçin” (1969), “Badam budağından asılı bəbəklər” (1970), “Üşüyən küçə” (1972), “Anama məktublar” (1988), “Mənim kimi biri” (1988), “Yoldaşlar” (1992), “Xatirələr” (1995), “Biz bərabər keçdik bu yolu” (1996), “Yansılar I” (1988), “Yansılar II” (1990), “Yansılar III” (1991), “Yansılar IV” (1993),”Yansılar V” , “Yansılardan qalan”, “Mən və içimdəki mən” (1994), “Halukun dəftərindən, London məktubları” (1996), “Xatirələrdə Çingiz Dağcı” (1998), “Bay Markusun köpəyi”, “Bay John Marpleın son yolculuğu”, “Oy Markus Oy, Regina” (2000), “Röyalarda ana və kiçik Əlimcan” (Bir Kırım hekayəsi) (2001). və b. əsərləri Türkiyədəki “Varlıq” və “Ötükən” nəşriyyatlarında çap etdirir.

İkinci Dünya Savaşından sonra Türkiyədə Kırım türklərinin acı taleyinin həmişə gündəmdə olmasında Çingiz Dağcının əsərlərinin rolu böyükdür. O, əsərlərinin əsas mövzusunu Kırım türklərinin rusların zulmü altındakı həyatlarından alırdı. Hüzünlü, qüssə və kədər dolu bir üslubda yazsa da, oxucuda nikbin, mübariz bir əhval-ruhiyyə oyadırdı. Bununla da Kırım tatarlarının faciələrini və özünün başına gələn müsibətləri yazı yoluyla bütün dünyaya duyururdu. Elə buna görə də çağdaş türk ədəbiyyatına Çingiz Dağcının gülcü təsiri olmuşdur. Onun hər bir əsəri çox baxımlı bədii filimlərə və seriallara çevrilə bilər.

25-dək kitabı çap olunan Çingiz Dağcı 1990-cu ildə ürəyindən əməliyyat olunanadək Londondakı kiçik yeməkxanasını işlətmişdi.

Sovetlər Birliyi dağılsa da, Kırım tatarları vətənə dönsələr də, Çingiz Dağci candan əziz sevdiyi vətəninə dönə bilmədi. Həmvətənləri və kecmiş SSRİ-də yaşayan xalqlar onun əsərlərilə 1990-cı ildən sonra tanış olmağa başladılar. Yunus Kandımov onun əsərlərini ana dilə çevirərək Kırımda nəşr etdirdi. Lakin o başlamış olduğu işi axıradək davam etdirə bilmədi. Vaxtsız ölum onu həyatdan aparsa da, Kırımlı yazıçılar Yunus Kandımovun başladığı işi şərəflə davam etdirirlər.

Çingiz Dağcının yaradıcılığına əsarətdən qurtarmış türk xalqları da böyük maraq göstərir, əsərlərini ana dillərinə çevirərək sevə-sevə oxuyurlar.

 

Çap olundu: “525-ci qəzet”, 28 sentyabr 2011-ci il, sayı 176(3492), səh. 7.

GÖRKƏMLI KIRIM-TATAR ƏDIBI CENGIZ

DAĞÇI VƏTƏN TORPAĞINA TAPŞIRILDI

Yazıçının doğma kəndi Qızıltaşda keçirilən dəfn mərasiminə Türkiyədən 200 nəfərlik  yüksək səviyyəli nümayəndə heyət qatılıb.

 

dagci

 

Şəkildə: cənazə namazı qılınarkən

 

Bu il sentyabrın 22-də Londonda dünyasını dəyişən görkəmli tatar yazıçısı və azadlıqsevər içtimai xadim Cengiz Dağcının cənazəsinin doğulduğu kənddə dəfn edilməsi üçün Türkiyənin  Xarici İşlər Naziri Ahmet Davutoğlu Ukrayna hökumətinin nümayəndələri ilə apardığı danışıqlar uğurla nəticələnib. Yazıçının cənazəsinin 71 il öncə ayrıldığı Qurzuf yaxınlığındakı Qızıldaş kəndində dəfn edilməsinə icazə alındı.

Cənazə oktyabrın 2-də Kırıma gətirilərək, Türkiyənin Dəyanət İşləri Başkanı, Prof. Dr. Mehmet Görmezin imamlığı ilə Akməscid (Simferopol) Kəbir məscidində qılınan cənazə namazından sonra Qızıldaş kəndində aparılaraq torpağa verilb.

Dəfn mərasimində Türkiyədən 200 nəfərlik bir heyət iştirak edib. Bu heyətə  Türkiyənin  Xarici İşlər Naziri Ahmet Davutoğlu, professoq Mehmet Görmez, Böyük Birlik Partiyasının Genel Başkanı Mustafa Destici, partiyanın keçmiş sədrləri Hasan Celal Güzel və Mehmet Sağlam, TİKA Başkanı Serdar Çam, Böyük Birlik Partiyasının sədri Muhsin Yazıcıoğlunun xanımı Gülefer Yazıcıoğlu, professor İlber Ortaylı, millət vəkilləri, universitetlərin rektorları, ziyalılar və yazıçılar, Kırımdan Türkiyəyə  köç etmiş ailələrin övladları təmsil olunmuşlar.

 

Çap olundu: “525-ci qəzeti”,  4 okyabr 2011-ci il, sayı 180(3496), səh. 7.

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol