Naxçıvanda N.Gəncəvinin əsərləri ilə səsləşən deyimlər

NAXÇIVANDA N.GƏNCƏVİNİN ƏSƏRLƏRİ İLƏ SƏSLƏŞƏN DEYİMLƏR

N. Gəncəvinin əsərləri yalnız Azərbaycanda deyil, Yaxın və Orta Şərqdə həmçinin Avropada geniş yayılmışdır. Bu ölməz əsərlər dünyada nə qədər geniş yayılsa da, onun folklorlaşmış variantı Azərbaycandakı qədər heç yerdə yoxdur. Dahi şair qədim yazılı qaynaqlarla yanaşı, Azərbaycan folklorundan da geniş bəhrələnərək misilsiz sənət inciləri yaratmış, öz növbəsində isə bu sənət inciləri xalq arasında ağızdan-ağıza yayılaraq folklorlaşmışdır.

Bir həqiqəti də unutmamaq lazımdır ki, istər XII əsrdək, istər də sonrakı yüzilliklərdə yazılmış tarixə dair əsərlərdə əfsanə və rəvayətlər də özünə geniş yer tapmışdır. Elə buna görə də “Xəmsə”dəki bir çox folklor örnəklərinin xalqdan götürüldüyünü söyləyə bilərik. Bu gün xalq arasında mövcud olan bir çox rəvayət və əfsanələr də Nizami əsərlərinin folklorlaşmış variantıdır. Nizami kimi bir ustadın həm özündən sonrakı yazılı ədəbiyyata,  həm də şifahi xalq ədəbiyyatına həddindən artıq güclü təsir göstərməyi tamamilə təbiidir. Hətta xalq özünün yaratdıqlarını belə Nizami dühası ilə əlaqə sürməyə çalışmışdır.

Dahi şairin əsərləri ilə, xüsusən “Xosrov və Şirin”lə bağlı əfsanələr, rəvayətlər, bayatılar Naxçıvan ərazisində də olduqca çoxdur.

Bundan əlavə xeyli yer, çay, bulaq, qala adları da “Xosrov və Şirin” əsərindəki qəhrəmanların adı ilə bağlıdır.

Naxçıvan regionunun toponim və oykonimləri arasında Fərhadın adı ilə bağlı olanlar daha çoxdur. Fəehadın adı ilə bağlı ən əzəmətli abidələrdən biri Batabat yaylağındakı Fərhad evidir.  4 otaqdan ibarət olan abidə bəlkə də qəhrəmana hörmət əlaməti olaraq Fərhad evi adlanır. Əhəngdaşı qayanın üzərindəki kitabə pozulduğundan bu abidənin nə vaxt yaradıldığını, kimin əl işi olduğunu söyləmək mümkün deyil. Lakin Fərhad evinin yanından dərəyə baxanda köpüklənə-köpüklənə axan dağ çayı süd arxını yada salır. Onu da xatırladaq ki, Biçənək kəndinin sakinləri kənddən xeyli aralıdakı bir bulağı “Südlü” bulaq adlandırırlar.

Fərhadın adı ilə bağlı başqa bir abidə haqqında tədqiqatçı Arif Rəhimov araşdırmasında yazır: “Köhnə Vayxırın cənub qərbindəki “Quyuludağ” adlı bir yer vardır. Dağın şərq hissəsi 250-300 metrlik maili sal daşıdır. Bu sal daşın 160-170 metrliyində 2 metr eni, 11 metr uzunu olan bir yer hamarlanmış və orada iki quyu qazılmış bu pilləli quyular əsl möcüzədir. Ora ancaq şimal-qərb tərəfdən bircə yol var ki, bu yolla da bircə adam düşə bilər. Birinci quyuda 11 pillə var, ikinci quyuda 27 pillədən sonra səki görünür. Səki burularaq aşağıya doğru 16 pillə enir. Sonra pillələr qırılır və təxminən 2 metr uçurum gəlir. Uçurumun sonu yenidən səki ilə qurtarır və qabağa doğru gedən pilləli yol daş, torpaqla tutulmuşdur. Əfsanəyə görə bu quyuları Fərhad qazmışdır.

Arpaçaydan Sədərək kəndinin kövşənlərinə doğru uzanan qədim bir arx da Fərhadın adı ilə bağlıdır. Sədərək yaxınlığındakı başqa bir arx isə “Şir” arxı adlanır. “Şir” sözünün bir mənası da süd olduğu üçün bu arxın da məhz Nizami qəhrəmanları ilə bağlılığını güman etmək mümkündür.

Sədərək kəndinin başı üzərində bir dağ ucalır: Tejkar dağı. Dağ sərt daşlardan ibarətdir. Bitki örtüyü isə əsasən həmişəyaşıl ardıc kollarıdır. Ta qədimdən bu yerlərin sakinləri ardıc kollarını müqəddəs hesab etmişlər. El arasında belə bir əfsanə dolaşır ki, ardıc kolları hansısa qəhrəmanın külüngünün sapıdır. Qəhrəman özünü öldürmək istəyəndə külüngü havaya atıb köksünü irəli vermiş, külüng onun köksünə sancılmış, sapı isə yaşıllaşıb qol-budaq atmışdır. Elə ona görədir ki, ardıcın budağını kəsəndə qan axır.

Tejgar və Əjdahan dağlarında bitən ardıc kolları haqqında el arasında gəzən bu cür əfsanə N.Gəncəvinin “Xosrov və Şirin” əsərində Fərhadın ölüm səhnəsini xatırladır:

Döyünən qəlbini sözlər qanatdı,

Dağların başına külüngü atdı.

Külüngün dəstəsi sancıldı yerə,

Nəm topraq can verdi göyərtilərə.

Sədərək kəndindən xeyli yuxarıda – indiki Ermənistan SSR-in Yeğeqnadzor rayonunun Qovuşuq kəndi yaxınlığında da  Fərhadın adı ilə bağlı xeyli yer adları mövcuddur. Qovuşuqla Ələyəz kəndləri arasında Vəng adlandırılan qədim bir abidə var. Buraya yuxarı yaylaqlardan daşdan yonulub düzəldilmiş bir arx gəlir. Yaylaqla Vəngin arası sərt yamaclı dağlardır. ən çevik heyvan – qatır belə buradan çətinliklə keçir. Çox təəssüf ki, arxın yonulmuş daşlarını söküb ətraf kəndlərdə dəyirman novları düzəldiblər.

El arasında gəzən əfsanəyə görə Vəng Şirinin sarayı olmuşdur. Şirinin sarayları ilə əlaqəli yazılara bax daş arxı isə Fərhad Şirini təzə südlə təmin etmək üçün çəkmişdir. Çünki yaylaq vəsarayın arxasındakı sərt daşlar südün daşınmasına maneçilik törətmişdir.

Şahbuz rayonunun kənd Şahbuz kəndi yaxınlığındakı əzəmətli və möhtəşəm Şapur qalası da  “Xosrov və Şirin” əsərindəki Şapuru xatırladır.

 Ümumiyyətlə, Nizami Gəncəvinin əsərləri ilə bağlı rəvayət və əfsanələr Naxçıvanda geniş yayılmışdır. Müxtəlif variant və deyimləri olan bu əfsanə və rəvayətləri toplayıb tədqiq etməyə geniş ehtiyac duyulur.

Əli Şamilov,

“Sovet Naxçıvanı” qəzeti,

 15 fevral, 1984, sayı 43 (13781).


Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol