Əmin Abid Şahnamə haqqında

Əli Şamil Hüseyn oğlu
Azərbaycan Milli Ensiklopediyasının
qrup rəhbəri


ƏMİN ABİD “ŞAHNAMƏ” HAQQINDA


Bədii ədəbiyyatda İran-Turan savaşlarını Əbülqasim Firdovsi “Şahnamə”də elə tərənnüm etmişdir ki, ondan yüz illər sonra da bu mövzuya müraciət edənlər “Şahnamə” orbitindən çıxa bilməmişlər. Firdovsinin qüdrəti sayəsində “Şahnamə” süjetləri dünya ədəbiyyatının həm yazılı, həm şifahi janrlarında yaşamışdır.
Bu qüdrətli əsər indiki İran İslam Respublikasına yaxın qonşu olan, tarixin müxtəlif kəsimlərində gah birləşən, gah da ayrılan Azərbaycanın ədəbiyyatında öz izini qoymadan keçə bilməzdi. Onu da unutmaq olmaz ki, yüz illər boyu Azərbaycanın mədrəsələrində Quranla yanaşı, Sədinin “Gülüstan”ı, “Büstan”ı, Hafizin “Divan”ı, Firdovsinin “Şahnamə”si  və b. kitablar da tədris edilib. “Şahnamə”də turanlılara düşmən münasibət qabarıqlığı ilə verilsə də, buradakı cəngavərlər turanlılarda qəhrəmanlıq ruhunu daha da yüksəldib. Bunun XX yüzilin əvvəlinədək davam etdiyini qaynaqlar göstərir. Məs.: Azərbaycanı işğal etmiş Rusiya imperiyası xalqın qəhrəmanlıq ruhunun yüksəlməsinin qarşısını almaq üçün məmurlarının əli ilə “Şahnamə”nin oxunmasını əngəlləməyə çalışıb. Əmin Abid bunu belə təsvir edib: “On doqquzuncu əsrin son illərində “Şahnamə”pərəstliyin, xüsusən Bakıda çox inkişaf etdiyini görürük. Məşhur bir Şahnaməxan olan Molla Tağı xüsusi olaraq Lənkərandan dəvət edilmiş və Hacı Zərbəli, Hacı Ağadayı, Hacı Rəcəbəli və Hacı Yunis kimi tacirlərin otaqlarında davamlı surətdə “Şahnamə” oxumaqla məşğul olmuşdur. Hətta bu sıralar Bakıda “Şahnamə” oxutmaq modası o qədər irəliləmişdir ki, çar hökumətini belə çinovniklərin təbiri üzrə “Türklərin hissən Rüstəmləşməsi” mənasə ilə yürkütmüş və erməni Mirzə Musa dedikləri Bakı çastqoyu (xalq ağzında  uçastqovıy - sahə müvəkkili təbirinin  əvəzində işlənmiş) xüsusi bir əmrlə “Şahnamə”  oxumağı mən edərək onun yerində Kərbəla müsibətinə aid əsərlərin oxunmasını təbliğ etmişdir” (Firdovsi, 1934:XCV) .
“Şahnamə”  haqqında Azərbaycan ədəbiyyatşünaslığında avropalılar sayaq araşdırmalara XIX-XX yüzillərdə rast gəlirik. Bu araşdırıcılar arasında Əmin Abidin xüsusi yeri var. Cəmi 39 il ömür sürmüş, yaradıcılığının çiçəkləndiyi bir çağda Sovet  irticasının qurbanı olmuş  Ə.Abid 1934-cü ildə Azərbaycan mətbuatında “Şahnamə”yə dair dörd məqalə çap etdirmiş və həmin il Bakıda Ruhulla Axundovun ümumi redaktorluğu ilə çap olunan Firdovsinin “Şahnamə” (Seçilmiş dastanlar) kitabına ön söz yazmış üç müəllifdən biri olmuşdur.
Əmin Abidin “Şahnamə”yə ön söz kimi yazdığı “Firdovsi və Azərbaycan ədəbiyyatı” məqaləsi müasirlərinin diqqətini özünə çəkmişdir. Belə ki, 1934-cü ildə görkəmli ədəbiyyatşünas Mikayıl Rəfili yazmışdır: “Yoldaş Əmin Abidin “Firdovsi və Azərbaycan ədəbiyyatı” haqqındakı məqaləsi çox maraqlıdır. Bu məqaləni mühüm bir dərəcəyə qədər genişləndirmək olardı. Çünki Firdovsinin Azərbaycan ədəbiyyatına olan təsiri qədim zamanlardan bəri davam etməkdədir.”(.Rəfili  M, 1934: 50, sayı 9-10.)
1937-ci il irticasından sonra Ə.Abidin həyat və yaradıcılığı haqqında dövrü mətbuatda bir sətir də olsun, nə yaxşısına, nə də pisinə rast gəlinmir. 1956-cı ildə quruluşun nöqsanları Stalinin ayağına yazıldı, cəmiyyətdə bir yumşalma hiss edildi, geniş amnistiya verildi. İrticadan sonra Ə. Abidin “Firdovsi və Azərbaycan ədəbiyyatı” məqaləsi haqqında ilk bilgi verən Əziz Mirəhmədov oldu. (Mirəhmədov Ə., 1958:59)
Sovetlər Birliyi qapalı bir ölkə olduğundan, arxivlərdən tam istifadə etmək mümkün deyildi. Buna görə də Firdovsi yaradıcılığına məhəbbətlə yanaşan Əmin Abid kimi araşdırıcıların fəaliyyətləri elmi ictimaiyyətin diqqətindən kənarda qaldığından burada onun ömür yolu və yaradıcılığı haqda qısa bilgi verməyi gərəkli bildik.
Əmin Abid tərcümeyi-halında 1898-ci ildə Bakıda daşyonan fəhlə ailəsində doğulduğunu yazır. (Əhmədovun Ə.A şəxsi işi.) Araşdırıcılarımız isə Əmin Abid şəcərəsinin sonuncu Bakı xanı Hüseynqulu xana bağlılığını isbatlamışlar.  (Ağayev İ., 2000: 5-6)
Hüseynqulu xan isə tarixdə Sisiyanovun ölümünü təşkil etməklə məşhurlaşmışdır.
Gürcü kökənli rus generalı Sisiyanov 1904-cü ildə Ramazan bayramı günlərində Gəncə şəhərini mühasirəyə aldı. Şəhər əhalisi qəhrəmanlıqla müqavimət  göstərdi. Qüvvələr nisbəti bərabər olmadığından, Gəncəyə kömək gəlmədiyindən ruslar qala divarlarını dağıdıb, şəhərə daxil oldular. Müsəlman olan şəhər əhalisini qılıncdan keçirdilər. Döyüşlərdə Gəncə hakimi Cavad xan, oğlu və qohumları qəhrəmanlıqla həlak oldular. Şəhərin qan içində boğulduğunu görən Qarabağ, Şirvan, Quba xanları müxtəlif şərtlərlə Rusiya imperiyasına tabe oldular. Bakı qalasına yaxınlaşan Rus generalına isə Hüseynqulu xan məharətlə tələ qurdu. 1906-cı ilin fevralın 20-də qəddarlığı ilə ad çıxarmış rus generalı Sisiyanovun başı Bakı qalası qarşısında kəsilib Tehrana göndərildi. Sonradan Rus qoşunları şəhəri alıb, əhalisini qırdılarsa da, Bakı əhli dirçələn kimi Rusiya əleyhinə baş qaldırırdı. Hüseynqulu xanın nəslindən olanları da bu mübarizələrin önündə görürük.
Əmin Abidin böyük qardaşı, şair, naşir, neçə-neçə qəzet və jurnalın redaktoru Əliabbas Müznib (1882-1938) 1912-ci ildə Sibirə sürgün edilir. 1913-cü ildə Romanovlar sülaləsinin hakimiyyətə gəlməsi münasibətilə verilən əfvi-ümumidən (amnistiyadan) o da yararlanaraq vətənə dönür və yenidən mübarizəsini  davam etdirir.(Ağayev İ., 2000: 5-6). Azərbaycanda Müsavat Partiyasının əsasını qoyanlardan olan Müznib (Oruclu M., 1995:64, sayı 3(7). 1936-cı ildə yenidən həbs edilərək Sibirə göndərilir və 1938-ci ilin avqustunda Vladivostokdakı xüsusi həbsxanada vəfat edir. (.Qasımov C.,1998: )
Əmin Abid də belə bir ailədə böyüyüb. İlk təhsilini  anası molla Reyhanın evdə uşaqlar və qadınlar üçün açdığı xüsusi kursda alıb. Burada Quran oxumağı, fars dilini öyrənib. Sonra Bakıdakı III Aleksandr oğlan gimnaziyasına daxil olub. Gimnaziyada oxuduğu illərdə Bakıda, Tiflisdə, İrəvanda çap olunan “Məktəb”, “Kəlniyyat”, “Lək-Lək”, “Molla Nəsrəddin” jurnallarında və qəzetlərdə yazıları, şerləri dərc olunub. Əliabbas Müznibin çap etdirdiyi “Dirilik” (1914-16), “Babayi-Əmir” (1915-16) jurnalında işləyib. (Əhmədovun Ə.A. şəxsi işi.)  Dövri mətbuatda nəşr olunan məqalələrində, hekayələrində, şerlərində və tərcümələrində öz dilinə xor baxıb, yabançı dildə danışanları, Şərqi daimi əzməyə can atan Qərb irticaçılarını və s. kəskin tənqid  edib. (Abid Əmin — Gültekin, 1999).
Azərbaycan Xalq Maarif  Komissarlığı 1918-27-ci illərdə İstanbulda təhsil alan Əmin Abidə “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” mövzusunda araşdırmalar aparıb kitab yazmağı tapşırır. O, tapşırığın öhdəsindən şərəflə gələrək, altı cildlik “Azərbaycan türklərinin ədəbiyyatı tarixi” əsərini yazır. (Şahbazov Əli, 1926, 9 yanvar, 1926:2 iyul). Avropa metodları ilə yazılmasına baxmayaraq, sifarişçilər əsərə sahib durmurlar. Səbəb isə Əmin Abidin antirusiya, antisovet əhval-ruhiyyəsi olur. Ona doğulduğu şəhərdə yaşamasına və işləməsinə imkan vermirlər. (Gənc Azər, 1990). Azərbaycanın Ağdaş, Ağdam, Quba və Kürdəmir rayonlarında müəllim işləməli olur. 1934-cü ildə M.F.Axundovun əsərlərini tərtib etmək və çapa hazırlamaq problemi ortaya çıxanda məcburiyyət qarşısında qalıb onu SSRİ EA Zaqafqaziya şöbəsinin Azərbaycan filialında işə götürürlər.  (Əhmədov Ə.A. şəxsi işi.)
Bütün bu təqib və təzyiqlərə baxmayaraq, Əmin Abid bir ədəbiyyatşünas kimi çox məhsuldar işləmişdir. Azərbaycanda “Kitabi-Dədə Qorqud”un öyrənilməsi onun adı ilə bağlıdır. İlk dəfə Ə.Abid “Söhbətül-Əsmar”ın Füzuliyə məxsus olduğunu söyləmişdir. “Tuyuq” janrı haqqında Azərbaycan ədəbiyyatşünaslığında ilk bilgi verən də Əmin Abiddir. Azərbaycan ədəbiyyatı tarixindən bəhs edəndə bir çox problemləri ilk dəfə Əmin Abidin araşdırdığını söyləmək olar.
O, folklorçu, ədəbiyyat nəzəriyyəçisi, ədəbiyyat və mətbuat tarixçisi kimi onlarca əsər yazmışdır. Çox təəssüf ki, bunların bir çoxu 1937-ci il irticasında it-bata düşmüşdür. Lakin onun dövri mətbuatda çap olunmuş “Ədəbiyyat və elm” (“Maarif işçisi”, 1927:41-43, sayı 9), “Heca vəzninin tarixi” (“Maarif işçisi”,1927, sayı 3,4,6-7), “Azərbaycan proletar qəzetəçiliyi tarixinə bir baxış” (“Dan yıldızı”, 1928, sayı 1,2,8-9), “M.F.Axundovun Türk ədəbiyyatında mövqei və təsis etdiyi ədəbi məktəb” (“Maarif işçisi”, 1928, sayı 3), “Türk xalqları ədəbiyyatında mani nevi və Azərbaycan bayatılarının xüsusiyyətləri”( “Azərbaycanı öyrənmə yolu” , 1930:9-42, sayı 4-5), “Firdovsi və Azərbaycan ədəbiyyatı” (Firdovsi, 1934:.XCIV) və b. əsərləri bu gün də öz aktuallığını itirməmişdir.
Əmin Abidin dövri mətbuatda Firdovsi və onun “Şahnamə” əsəri ilə bağlı çap etdirdiyi məqalələrində söylədiyi fikirlərin əksəriyyətini ümumiləşdirərək, deməliyik ki, “Şahnamə” kitabının önsözü(Firdovsi, 1934:.XCIV-CVII)  kimi verilmiş “Firdovsi və Azərbaycan ədəbiyyatı” əsərini yazmışdır. Ona görə biz də əsas diqqəti bu əsrə yönəldəcəyik.
Araşdırıcı Firdovsi yaradıcılığı ilə Azərbaycan ədəbiyyatı arasındakı əlaqəni belə qruplaşdırır:
Firdovsi qəhrəmanlarının xalq yaradıcılığıqna təsiri;
Ədəbiyaatımızın Firdovsi haqqında tələqqiləri;
Şahnamədən müxtəlif poemaların tərcümə edilməsi;
Bədii yaradıcılıqda Firdovsii üslubunun təqlid olunması. (Firdovsi, 1934:.XCIV)
Sonra da bu mövzuların hər birinə bir fəsil həsr edir.
“Xalq yaradıcılığında Firdovsi qəhrəmanlarının təsiri” fəslində araşdırıcı yazır: “Azərbaycan dvoryan və mülkədarlarının orta əsrlərdəki ümumi məfkurəsi və bunun ifadəsi olan İrançılıq, ədəbiyyatımızda feodal İran zevqini uzun müddət hakim qılmışdı ki, o zamanlar “Şahnamə” mövzularının da digər fars ədəbiyyatı məhsulları ilə birlikdə intişarını təmin edən amil budur” (Firdovsi, 1934:.XCIV)
Əmin Abidə görə “Şahnamə” qəhrəmanlarının Azərbaycan xalq yaradıcılığına təsirində məddah-naqqalların rolu böyük olmuşdur. Onlara “Şahnaməxan” adı verilmişdir. Şahnaməxanlar öncə padşah və xanların salamlıqlarında, sonralar isə daha geniş yayılaraq molla və hacı otaqlarında “Şahnamə” dastanlarını müəyyən üslub və ifadə ilə oxuyaraq izah etmişlər. Hətta şairlərdən bəziləri də Şahnaməxanlığa maraq göstərmişlər. Türk səyyahı Həsən Çələbi şair Nitqinin şöhrət qazanmış bir Şahnaməxan olduğunu yazır.
Araşdırıcıya görə, “Şahnamə” mövzuları salamlıqlarda, otaqlarda qalmamış, çayxanalarda, meyxanalarda qış gecələri çox sevilə-sevilə dinlənilən mövzulardan olmuşdur. Ə. Abidə görə Şahnamə dastanlarının hamısı belə populyar olmamışdır. Rüstəmnamənin o zamanlar dəbdə olan İsgəndərnamə, Meracnamə, Muxtarnamə, Tutinamə, və Həmzənamə kimi mövhumat və əsatir ilə dolu əsərlərdən daha çox şöhrət qazandığı zamanlar belə olmuşdur” (Firdovsi, 1934:.XCVI)
Rüstəmnamə yalnız nağıl, dastan, mahnı mövzusu olaraq təşbeh və istixarə vasitəsinə çevrilməklə qalmamış, əski evlərin, hamamların, çayxanaların divarlarında, xalça və kilimlərin ornamentlərində, yataq örtüklərinin, süfrə və taxça rəflərinin üzərində Rüstəm Zalın müharibələrinə aid rəsmlər işlənmişdir.
Ə.Abid xalq yaradıcılığına Firdovsi qəhrəmanlarının təsirini aydınlaşdıraraq aşağıdakı qənaətə gəlir: “Ümumiyyətlə “Şahnamə” qəhrəmanlarından Rüstəm Zal türk xalqının malı edilmiş, mənimsənilmiş simaları sıralarına daxil olmuş və özünə “ölürkən başmağını imam Əliyə göndərəcək dərəcədə qüdsi  bir rütbə verilmişdir.” (Firdovsi, 1934:.XCVI)
 Azərbaycan ədəbiyyatının Firdovsi ilə bağlılığından söhbət açarkən araşdırıcı nədənsə XIX-XX yüzilləri nəzərdən keçirib. Öncəki fəsildə “Bizdə “Şahnamə” ilə əlaqə çox qədimdir… Nizami “Şahnamə” şairinə qarşı ilk təvəccöh oyadanlardandır” (Firdovsi, 1934:.XCIV) deyən Əmin Abid 600 illik bir dövrün üstündən sükutla keçərək, M.F.Axundovun Firdovsi yaradıcılığına münasibəti üzərində durur. Bu da görünür, zamanın tələbindən doğan bir yanaşma olmuşdur. Sonra yenə Əlibəy Hüseynzadənin Firdovsi yaradıcılığı, xüsusən “Şahnamə” haqqında səmimi fikirlər söylədiyi məqalələrini təhlil edir. Əli bəy ilk Azərbaycan mütəfəkkiridir ki, “Şahnamə ” qəhrəmanlarını Avropa mifləri ilə müqayisə edir.
Abbas Nazirin “Rüstəm və Söhrab” dastanından etdiyi tərcümənin önsözünü oxucunun diqqətinə çatdırdıqdan sonra Ə.Abid Fərhad Ağazadə nəşriyyatında 1914-cü ildə çap olunmuş “Ədəbiyyat məcmuəsi”ndə, 1916-cı ildə “Məktəb” jurnalında Firdovsi haqqında yazılanları sadaladıqdan sonra yazır: “Bu mənqəbələrdən başqa daha bir  çox qeydlər təsadüf edilir ki, bunlarla türk münəqqid və mühərrilərinin Firdovsiyə davamlı bir əlaqə göstərdigi meydana çıqmış olur.” (Firdovsi, 1934:.C)  Bu onu göstərir ki, həmişə məqalələrində mənbələri təfsilatı ilə işıqlandırmağı sevən araşdırıcını indi məqalənin həcmi məsələsində məhdudlaşdırıblarmış.
Əmin Abid “Şahnamə”nin tərcümələri məsələsinə toxunarkən orta yüzillərin üzərindən sükutla keçir. Bu həmin dövrlər ədəbiyyatı haqqında bilgisinin azlığıdan doğmurdu. “İnqilab və Mədəniyyət” jurnalında çap etdirdiyi türk dilində əski bir “Şahnamə” məqaləsində XIV yüzildə yazıldığını güman etdiyi bir əsərdən bəhs edirdi. (“İnqilab və Mədəniyyət”, 1934:40, sayı 9), Mirzə Kazım bəyin XIX yüzildə yazmış olduğu “Firdovsiyə görə İranlıların əsatiriyyatı” əsəri haqqında bilgi verdikdən sonra XX yüzilin başlanğıcından “Şahnamə” tərcümələrini göz önünə çəkir. Onların dili, üslubu, orijinala yaxınlığı üzərində dayanmayacağını söyləyən araşdırıcı bu qənaətdədir ki, tərcümələrin əksəriyyətində orijinala yaxınlıq olsa da, daha çox iqtibası xatırladır.
Rəşid bəy Əfəndizadənin, Mirzə Ələkbər Sabirin, Abbas Nazir Qayıbzadənin, Mahmud bəy Mahmudzadənin, Buzovnalı Azərin, Əli Abbas Müznibin, Əli Nazimin, Münirin etdiyi tərcümələr haqqında statistik bilgi verdikdən sonra Azərin “Dastani-Söhrab və Rüstəm” adlı opera mətnini, məşhur bəstəçi Üzeyir Hacıbəylinin Rəşid Əfəndiyevin tərcüməsi əsasında beş pərdəli “Rüstəm və Söhrab” operasını, eləcə də Mirzə Riza Vaizzadənin “Dastani-Səyavuş” adlı dram yazdığını və Həsən Rifətovun “Gavə”nin əsasında opera bəstələməyə başladığını yazır.
Məqaləsinin dördüncü fəslini Əmin Abid “Bədii yaradıcılıqda Firdovsi üslubunun təqlid olunması” adlandırıb. Bu fəsildə Mirzə Fətəlinin farsca yazdığı “Mənzumə dər xüsusi əlifba” sərlövhəli məsnəvisi, Məmməd Səid Ordubadinin “Vətən və hürriyət”, “Bədbəxt milyonçu”, Buzovnalı Azərin “Hürriyyəti-Hyseyniyyə”, Əhməd Mahmudun “Ay Dəmir” əsərləri, Məhəmməd Hadinin Birinci Cahan Hərbində Karpat döyüşlərini təsvir edən mənzuməsi araşdırılır, onlara Firdovsinin  təsiri göstərilir.
Araşdırıcıya görə, Firdovsiyə nəzirəçilik iki şəkildə meydana çıxmaqdadır: biri mövzu həyatdan alınmaq şərtilə uzunca bir məsnəvi yazmaq lazım gəlincə ancaq “Şahnamə” tərzi xatirə gəlmişdir. İkincisi, mövzu türk mifologiyasından və yaxud Kərbəla vaqiələrindən alınmaq şərtilə Firdovsi texnikasında təsvir və poemalar yazılmışdır.” (Firdovsi, 1934:.CVI)
Rüstəm Zal oğlu ilə bağlı süjetin Azərbaycanda daha çox sevilməsi və bu mövzunun daha geniş yayılması səbəblərini Əmin Abid “Rüstəmin mübariz qurtarıcı” (Firdovsi, 1934:C)  bir qəhrəman olmasında görür. Əmin Abidin əsasını qoyduğu “Firdovsi və Azərbaycan ədəbiyyatı” problemi, çox təəssüf  ki, bu gün də layiqincə öyrənilməyib. Bu, təkcə Azərbaycan-İran əlaqələrinin öyrənilməsi baxımından diqqəti çəkməməlidir. Tarix boyu olduğu kimi, XX yüzildə də Azərbaycan bir körpü rolunu oynamışdır və oynayır. Belə ki, istər Kazan, istər Krım tatarlarının, istər qaraçay-balkarların, noqayların, qumıqların və b. xalqların ədəbiyyatındakı Firdovsi süjetlərinin bir çoxu Azərbaycan vasitəsilə yayılmışdı. Dediklərimizə misal kimi, Krım tatarlarından olan Hasan Rifətovun “Gavə” mövzusunda opera bəstələməsini göstərmək bizcə yetərlidir.
 
Qaynaqlar
1.      Abid  Əmin — Gültekin (1999). Buzlu cehennem, (Toplayan, tərtib edən və ön sözün müəllifi Əli Şamil), “Günəş”nəşriyyatı, Bakı.
2.      Ağayev İ. (2000) Əliabbas Müznib. “Elm” nəşriyyatı, Bakı.
3.      “Azərbaycanı öyrənmə yolu” (1930) jurnalı, , sayı 4-5, s.9-42.
4.      “Dan yıldızı” (1928) jurnalı, sayı 1, 2, 8-9.
5.      Əhmədov Ə.A. Şəxsi iş. Azərbaycan EA Rəyasət Heyətinin arxivi.
6.      Gənc Azər (1990) (İstintaq materialları), (çapa hazırlayan Rəfiyev) “Gənclik” nəşriyyatı, Bakı.
7.      Qasımov C. (1998). Repressiyadan deportasiyaya doğru, “Mütərcim”nəşriyyatı, Bakı.
8.      “İnqilab və Mədəniyyət” (1934) jurnalı, , sayı 9.
9.      “Maarif işçisi” (1928) jurnalı,  sayı 3.
10.   “Maarif işçisi” (1927) jurnalı, sayı 3, 4, 6-7, 9..
11.  Mirəhmədov Əziz. (1958). Sabir, Azərbaycan SSR EA nəşriyyatı, Bakı.
12.  Rəfili M. (1934) Tənqid və biblioqrafiya. Firdovsi “Şahnamə” (seçilmiş dastanlar), “İnqilab və Mədəniyyət” jurnalı,  sayı 9-10.
13.  Firdovsi, (1934), Şahnamə, Azərnəşr, Bakı.
14.  Oruclu Məryəm.(1995). Müsavat Partiyasının fəaliyyəti (1911-18), “Müsavat” jurnalı,  sayı 3(7).
15.  Firdovsi, (1934). Şahnamə (Seçilmiş dastanlar), “Azərnəşr”, Bakı.
16.  Şahbazov Əli. (1926). Türkiyə məktubları, İstanbul Darülfünunda Azəri-Türk ədəbiyyatı, “Yeni fikir”  qəzeti, 9 yanvar, İstanbul məktubları, “Yeni fikir” qəzeti,  2 iyul.
 
 
Tezisi çap olunub: Əmin Abid Ə.Firdovsinin “Şahnamə” əsəri haqqında (tezis) İnternational seminar on “The İranian World and, Turan”. Tehran Februaru 13-14, 2001 (Farsca və ingiliscə) Center for Documents and Diplomatic History Tehran, səh.20, səh.92.

 

 

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol