“Cəlili” aşıq havaları haqqnıda

Əli Şamil

Azərbaycan Milli Elmlər Akademiyası

Folklor İnstitutunun elmi işçisi

 

 “CƏLİLİ” AŞIQ HAVALARI HAQQINDA

 

Özət

 Aşıq Cəlili Mehralı oğlu Dərələyəz mahalının (indiki Ermənistan Respublikası) Sallı kəndində doğulub. Uzun illər orada yaşayan və aşıqlıq edən Cəlil 1918-1920-ci illərdə erməni quldur dəstələrinin basqınlarından qaçaraq Naxçıvanın Məmmədrza Dizəsi (Yeniyol) kəndinə sığınmış, 20-ci illərdə ömrünü orada başa vurmuşdur. Gözəl ifaçılığı ilə dinləyicilərinin sevimlisinə çevrilmiş aşığın haqqında vaxtında lazımı araşdırma aparılmamışdır. Haqqında yazılmış bir neçə məqalə isə boşluğu  doldurmamışdır.

Anahtar kəlimələr: Aşıq Cəlil, Dərələyəz aşıq mühiti, Naxçıvan aşıqları, “Cəlili” saz havaları.

 

Giriş

 

19-20-ci yüzillikdə yaşamış aşıqlarımız haqqında heyli araşdırmalar aparılıb, kitablar, məqalələr çap olunsa da hələ görülməli işlər də çoxdur. Ötən illərin araşdırmalarındakı yanlışlıqları düzəltmək 20-30 il öncə asan idisə bu iş getdikcə daha da çətinləşir. Çünki aşıq şeirlərini, musiqisini  yaşadan və çalıb-oxuyan insanlar gündən-günə azalır. Bu da yanlışlıqların aradan qaldırılmasını getdikcə çətinləşdirir. Bunu aşıq Cəlil haqqında araşdırmada da aydın görmək olar.

 

1.1.  Aşıq Cəlil haqqında yazılanlara bir baxış

 

 Aşıq Cəlil haqqında ilk yazıya “Ədəbiyyat və incəsənət” qəzetində rast gəlirik.(Kəngərli,1992:13) Qəzetinin 1983-cü il 24 iyun sayında aşıq Mahmud Məmmədovdan bəhs edən “Anlayana bir mahalsan, sazınla” məqaləsində yazılıb: “aşıq bilməlidir ki, təbiətdə hər gülün, çiçəyin öz adı, öz ətri, öz gözəlliyi olduğu kimi, aşıq havalarının da hər birinin özünəməxsus gülü, çeşidi, şırğası var. Onları bir-birilə dəyişik salmaq olmaz.  Məsələn, “Cəlili” havası XVIII əsrdə Naxçıvanın Sallılı kəndində yaşamış Cəlilin adıyla bağlıdır.”

1980-ci illərdə aşıq Cəlillə bağlı radio və televiziyada verilişlər hazırlamaqla, diqqəti mövzuya yönəltməyə çalışdım. Topladığımız bilgilər əsasında  Naxçıvandakı “Sovet Naxçıvan” və “Sovetskaya Naxiçevan”da (rusca variantı) qəzetində “El sənətkarlarımız. aşıq Cəlil” adlı məqalə çap etdirdim. (Şamilov,1985). Bu veriliş və məqalələr, aşığı tanıyanların, qohumlarının xatirələri əsasında hazırlamışdım. Bunlarla kifayətlənməyib  başqa araşdırıcıları da bu işə cəlb etməyə çalışdım.

12 saz havasını aşıq Cəlilin yaratdığına ehtiyatla yanaşdığımdan istedadına güvəndiyim, gənc araşdırıcı Kamilə Axundovanın (indi o Dadaşzadə soyadını daşıyır) yardımından yararlanmağı qərara aldım. Çox keçmədi ki, Kamilə Axundovadan  önəmli bir məktub aldım. Məktubun elmi dəyərini nəzərə alaraq burada olduğu kimi verirəm.

Qulu Kəngərli də xatirələrdən yararlanaraq Azərbaycan aşıqlar Birliyinin “Ozan”  Qəzetinin 1992-ci il 29 fevral tarixli 2(2)-ci  sayında  “Aşıq Cəlil kimdir?”  məqaləsini çap etdirir. O, haman il yaxınlatdığı “Erməni lobbisi... Azərbaycan faciəsi” kitabına bu məqaləni də qoyur. (Kəngərli,1992)

Qulu Kəngərli fikirlərini təkrarlayan Kamil Dərələyəzli 2001-ci ildə çap etdirdiyi “Dərələyəz od içində” bir daha Aşıq Cəlil məsələsinə qayıdır. Onun əvvəlki müəlliflərdən fərqi aşığın “Peşman olar”(gəraylı), “Bilmərəm”, “Olar”(qoşmaları), “Gözə görünməz”(Divani-təcnis), “Üz ola”(cığalı təcnis) şeirlərini çap etdirir. “Mütəxəssislər dediyinə görə həmin şeirlər” Aşıq Cəlilin olduğunu yazan  Kamil Dərələyəzli nədənsə mütəxəssislərin kimlər olduğunu, şeirlərin kimlərdən toplandığını yazmır. (Dərələyəzli,2001:443-451).

Həsən Mirzəyev 2004-cü ildə çap etdirdiyi “Qərbi Azərbaycanın Dərəçiçək mahalı” kitabında yazır: “Sallı kəndi aşıqlar və şairlər diyarı olmuşdur. “Cəlili” saz havasını yaradan, Aşıq Alının şagirdi Aşıq Cəlil, Aşıq Qulu, Şair Rzaqulu, Aşıq Mirzalı, Dəllək Xələf, Şair Alhüseyin, Şair Təhməz, Alı, Əsəd, Şair  Məhəmməd (Aşıq Cəlilin qardaşı), Şair Məhəmmədəli, nüfuzlu el ağsaqqalı, şair, adlı-sanlı hüquqşünas, filoloq, polkovnik Rəhman Mustafayevin atası aşıq Bəhmən və bir çox aşıqlar Sallıdandırlar.(Mirzəyev, 2004:413) H.Mirzəyevə görə  1866-1867-ci illərdə Aşıq Abbasa şagirdlik etmiş, “sonrakı dövrlərdə  Aşıq Alının yanına gedib ondan aşıqlıq sənətinə aid çox şey öyrənmiş” Cəlilin “ən böyük ustadı” həmkarı Aşıq Ələsgər olmuş. Onun fikrincə “Cəlili”  və “Naxçıvanı” havacatını da Aşıq Cəlil  yaradıb”. (Mirzəyev, 2004:413)  Araşdırıcı səhifənin ətəkyazisinda  Qulu Kəngərlinin məqaləsini qaynaq göstərir.

 

1.2. “Cəlili” saz havaları haqqında

 

 Kamilə Axundovanın-Dadaşzadənin məktubu: ...Əli müəllim, Siz yaxşı bilirsiniz ki, xalq musiqisində havanın müəllifini dəqiq müəyyənləşdirmək qeyri-mümkün bir işdir. Məqalənizdə qeyd olunduğu kimi, adları çəkilən havaları əksi aşıq  örnəklərinin variantları saymaq  daha məqsədəuyğun olar.

Siz məqalənizdə üç «Cəlili» havasının adlarını çəkirsiniz (yeri gəlmişkən, qeyd edək ki, bəzı aşıqlarda bunu təsdiqləyir). Qəribəsi ondadır ki, heç bir aşıq üç “Cəlili” havasını çala bilmir. Adətən, onların aktiv repertuarında yalnız iki «Cəlili» havası səslənir. Mənə elə gəlir ki, üç “Cəlili” havasının olması səhvdir. İş orasındadır ki, bazı aşıqların adlandırdığı «Baş Cəlili» əslində baş pərdədə çalınmır. Aşıq terminologiyasına görə, “baş” adlandırılan havalar ( Məsələn, “Baş Sarıtel”, “Baş Müxəmməs” və s.) baş pərdəyə əsaslanır və Kərəmi-Baş kökündə səslənir.

 Aşıqların adlandırdığı «Baş Cəlili» isə Ürfanı kökündə səsləndirildiyi və orta pərdə ilə  bitdiyi üçün «Orta Cəlili»(yazının ardında havanı yalnız “Cəlili” yazacağıq) adlandırmaq  daha düzgün olar. Baş sözünü isə «Cəlili»yə ola bilər ki, bu havanın mahiyyətinə görə, tez-tez ifa olunduğuna görə veriblər.

İndi isə bir neçə söz ikinci «Cəlili» haqqında: Bu hava Divani pərdəsilə başlandığı üçün və ümumiyyətlə, «Cəlili»yə nisbətən sazın kolunun aşağı hissəsində səsləndiyi üçün onu  «Ayaq Cəlili» kimi  müəyyənləşdirmək olar. Bir faktı  da qeyd edim: Daşkəndli  aşıq Nəcəf bu havanı gözəl ifa etdiyinə görə Göyçədə «Nəcəfi» adlandırılır. Dərələyəzlə Göyçə qonşu mahallar, Cəlillə  Nəcəf həməsidir. Əslində buralar, Kəlbəcər, Gəncəbasar da daxil olmaqla eyni aşıq mühitidir. Belə olan halda Cəlilin yaratdığı havanı çətin ki, Nəcəfin adı ilə bağlayalar. Bu da, onu təsdiqləyir ki, haman hava aşıq Cəlil tərəfindən yaranmayıb.

 İki havanın müqayisəsi maraqlı nəticələr verir. Adətən, baş, orta, ayaq adları daşıyan havaları bir  qrupda birləşdirən əsas prinsip onların eynı şeir formasına aidliyi və musiqi quruluşunun oxşarlığıdır. Məsələn, Sarıtel qrupuna daxil olan havalarda gəraylı şeirləri ifa olunursa, «Müxəmməs» qrupuna daxil olan havalarda  təbii ki, müxəmməslər, müstəzadlar oxunur. «Cəlili» tonuna gəldikdə isə tamam fərqlənir. «Cəlili»də qoşma, «Ayaq Cəlili»də isə gəraylı oxunur. Demək, onları bir ad altında birləşdirən əsas prinsip onların eynı şeir formasına aidliyin deyil, məhz musiqi dilinin xüsusiyyətləridir.

Burada  havaların musiqi təhlilini geniş şəkildə izah etmək, məncə, artıqdır. Yalnız onu qeyd etmək istərdim ki, onların melodik  quruluşunda oxşar cəhətlər özünü aydın büruzə verir (xüsusilə də, «Ayaq Cəlili»nin birinci musiqi cümləsiylə «Cəlili»nin əsas  musiqi fikir arasında).

Bu iki havanı bir qrupda birləşdirən ən mühüm cəhət isə, məncə, onların instrumental girişinin oxşarlığıdır. Burada ayaq, orta prinsipi daha qabarıq şəkildə özünü göstərir. Əgər «Cəlili»nin girişi Ruhani-Şah-Açıq-Şah pərdələrinə  əsaslanırsa, «Ayaq Cəlili»nin instrumental hissəsi Şah-Divani-Ruhani pərdələrində səslənir, yəni, düz bir ton yuxarı.

Ümumiyyətlə, instrumental girişin təhlili «Cəlili» aşıq  havalarının mənşəyi haqqında müəyyən məlumat verə bilər. Məsələn, «Cəlili»nin variantı sayılan «Sarı yaylıq» havasında (Aşıq İsgəndər Ağababalının verdiyi məlumata görə bu havanı Aşıq Şenlik yaradıb) instrumental giriş yoxdur. Bu fakt ona görə dəyərlidir ki, Aşıq Cəlilə qədər bu gülün (xalın) olmamağı məhz instrumental girişin Aşıq Cəlilin əlavə etdiyini söyləməyə əsas verər. Amma bu fikir hələlik fərziyyədir…

«Cəlili» havalarını fərqləndirən cəhətlərdən biri  ondan ibarətdir ki, «Ayaq Cəlili» deklamasiya          reçitativ səciyyə daşıyır, «Cəlili» isə rəqsvarı hərəkətlərdədir. Bu havaların maraqlı xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, “Ayaq Cəlili” müxtəlif yerlərdə yaşayan aşıqların repertuarında eyni tərzdə səslənir. «Cəlili» isə qoca aşıqların məsələn,  Müseyibin, Tovuzlu aşıq Yusifin ifasında daha təmkin, daha ağır səslənir. Nisbətən gənc aşıqların ifasında  bu ritmlə birtonalıq rəqs motorluğu gətirilir.  aşıq havalarının təhlili isə onu göstərir ki, deklamasiya-reçitativ havalar daha qədim, daha əskidir.

Ola bilər ki, «Ayaq Cəlili»  adlandırdığımız hava meydana «Cəlili»- «Sarı yaylıq»dan öncə gəlsin, bu ikinci mahnı birincinin törəməsi olsun. Yaxud ola bilər ki, bu iki hava paralel inkişaf etsin və inkişaf yolunun müəyyən mərhələsində musiqi oxşarlıqlarına görə və aşıq Cəlilin icadları nəticəsində ( Məsələ, güman etmək olar ki «Ayaq Cəlili» də ifa etsin) bir ad altında birləşsin. Beləliklə, Aşıq Cəlili haman havalara yeni bir nəfəs verdiyinə, yeni bir təravət gətirdiyinə görə ola bilər ki, bu havalar Aşıq Cəlilin havaları kimi məşhurdurlar.

Ümumiyyətlə, aşıq havalarının mənşəyi, onların inkişaf yolunun öyrənilməsi olduqca mürəkkəb bir prosesdir. Onlar həmişə öz əski adlarını  mühafizə etmirlər. Təbii ki, müəyyən dəyişikliklərə uğrayırlar. Bir istedadlı aşığın səyi nəticəsində  yeni bir dəyişikliyə uğrayır və yeni ad qazanır. Bu xüsusiyyətlər «Cəlili» havaları üçün də çox səciyyəvidir.

İndi isə bir neçə söz «Dərələyəz Gəraylısı» haqqında. Hal-hazırda məndə bu havanın bircə variantı olduğuna görə (Aşıq Həmidin ifasında) haman havanın inkişaf yolu haqqında dəqiq bir nəticəyə gəlmək çox çətindir. Ona  görə də bu yazı bir mülahizə xarakteri daşıyır. «Dərələyəz Gəraylısı» «Sallama», «Tərs Gəraylı»nın variantı sayıla bilər. «Sallama Gəraylı»ya məxsus əsas cəhətlərdən biri inkona (Buna görə də haman Gəraylını Sallama, Tərs  adlandırırlar) «Dərələyəz Gəraylısı»nda ifa olunur. Ümumiyyətlə, instrumental giriş «Dərələyəz Gəraylısı»nda dəyişib, buraya hətta, yeni bir motiv də əlavə olunub. Marş ritmində olan bir motiv (Şah-Divani-Orta Şah) «Dərələyəz Gəraylısı»nın səsdüzümü, intonasiya inkişafı «Sallama Gəraylı»sı ilə eyni olsa da, onun metrik, ritmi quruluşu bir o qədər sərt, kəskin deyil, lirikləşmişdir. Çox cəhətlərlə “Sallama Gəraylı”dan fərqlənən «Dərələyəz Gəraylısı» musiqi cəhətdən onun yeni, orijinal bir variantı sayıla bilər və ola bilər ki, bir istedadlı şəxs tərəfindən, məsələn, Aşıq Cəlili tərəfindən yaranmış  olsun. Hələlik  bu qədər….                  

 

                                   Hörmətlə Kamilə

                                            25.4.86”

Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını bitirib aşıq yaradıcılığını öyrənməyə böyük həvəslə girişmiş gənc araşdırıcının məktubu yalnız mənim deyil, məktubu oxuyanların hamısının diqqətini özünə çəkişdi. Çünki Kamilə xanım aşıq mühitinin güclü olduğu bölgələrimizdə doğulub boya-başa çatmamışdı, Bakı şəhərində dünyaya göz acmış və rus dilində təhsil almışdı. Ailələrində də bu sahə ilə məşğul olan yoxuydu.

Kamilə xanımın məktubundan bir il sonra Azərbaycan Sovet Ensiklopediyasının onuncu cildi çap edildi. Orada “Cəlili” havası haqqında yazılıb: “ 18-ci əsirdə aşıq Cəlil tərəfindən yaradıldığı ehtimal edilir. “Baş Cəlili”( “Qaragöz”, yaxud “Qaragöz bala”, “Çıldır çiçəyi”) və “Orta Cəlili” ( çox vaxt “Cəlili”, bəzən “Süsənbəri”) adlı iki növü var. “Baş Cəlili”nin poetik mətni qoşma, makam əsası segah, musiqi ölçüsü 6/8 , tempi mülayim-tezdir, sazda “Şah pərdə” kökündə ifa olunur. “Orta Cəlili”nin poetik mətni qoşma, makam əsası rast, musiqi ölçüsü 6/8 , tempi mülayim-cəlddir, sazda “Ürfanı” kökündə ifa olunur. “Orta Cəlili”nin instrumental variantları da var.”(ASE,1987:412)

 

2.1. Aşıq Cəlilin ömür yolundan bəhs edən xatirələr

 

 Xatirələrdən yararlanaraq aşıq Cəlilin arasında erməni-müsəlman davası deyilən 1918-20-ci il savaşlarından sağ qurtararaq Naxçıvanın Məmmədrza Dizəsi (Yeniyol) kəndinə gəldiyini, ömrünün son illərini bu kənddə yaşadığını, zəmanənin sıxıntılarından, yaşının çoxluğundan fəal aşıqlıq etmədiyini, təxminən 1924-1928-ci illərdə öldüyünü, kəndin girəcəyindəki Qərib  qəbiristanlığında dəfn edildiyini, başdaşı yerinə kotan dəmiri sancıldığını və oğlu Bəhmənin İkinci Dünya Savaşından geri dönmədiyini yazmışdıq. (Şamilov, 1985)

Qulu Kəngərli bu məsələyə diqqəti bir az da artıraraq aşıq Cəlilin  arvadı Qızxanımın, böyük oğlu Xəlilin 1917-ci ildən sonra öldüklərini, Dərəçiçəkdən gələn erməni quldurları qızı Miyananın əri Salmanı ağır yaralayıb, 3 uşağını öldürüb özünü də əsir apardıqlarını qeyd edir. O, yazır: “Aşıq Cəlilin oğlu Bəhmən də aşıqlıq etmiş, Naxçıvanı sayılan aşıqlarından olmuşdur. aşıq Bəhmən İkinci Dünya Müharibəsindən qayıtmamışdı. Aşıq Cəlil 1923-cü ildə təxminən 75 yaşında Naxçıvanın Dizə kəndində vəfat etmişdi.”(Kəngərli,1992:12)

 

2.2. Aşıq Cəlilin haqqında yazılanlardakı mübahisəli məqamlar

 

 “Ədəbiyyat və incəsənət” qəzetində və ASE-də  Aşıq Cəlilin XVIII yüzillikdə yaşaması haqqında fikri təsdiqləyəcək hərhansı bir fakta rast gəlmədik. qulu Kəngərlinin və mənim topladığım xatirələr aydın göstərir ki, aşıq Cəlil 19-cu yüzilin ikinci yarısında doğulmuşdur. Onun doğulduğu kəndin adının Sallılı deyil Sallı olduğunu və bu kəndin Naxçıvana deyil Dərələyəzə bağlı olduğunu araşdırıcı qulu Kəngərli “Erməni lobbisi...Azərbaycan faciəsi” kitabında göstərmişdi. (Kəngərli,1992:13)  

Mənim çap etdirdiyim məqaləmlə qulu Kəngərlinin məqaləsi arasında 7 ilə yakın fərq olsa da aynı insanların xatirələrinə dayandığımızdan yazdıqlarımızda oxşarlıq çoxdur.  Mən aşıq Cəlilin 19-cu yüzilliyin ikinci yarısında Sallıda doğulduğunu yazmışdımsa qulu Kəngərli dəqiq tarix göstərir: 1850-ci il!  

Qulu Kəngərli yazır: “Cəlilin atası Mehralı kişi də saz-söz həvəskarı imiş. Və o da şeir məclislərinə gedər, hərdənbir balaca Cəlili də özü ilə apararmış. Cəlil aşıqlara fikir verər, bir-birindən gözəl deyimləri, söyləmələri sinədəftər edərmiş. Günlərin bir günü şeir məclislərinin birində İrandan gəlmiş aşıq Abbas adlı bir qonaq “Gözəlləmə” üstündə  bir şeir oxuyur. Cəlili onun cavabını birinci tapır. aşıq Abbasın 16 yaşlı Cəlildən xoşu gəlir. Sonra Cəlili bir-iki ağız oxutdurur, çalğısına qulaq asır.

-- Hə, deyir-mən  oğlanı şagirdliyə götürərdim...

Mehralı kişi əvvəl razı olmur.

--Ustad, deyir, bir çətən külfətim var, təzə-təzə əlimdən tutur.

Mehralı kişi kənd ağsaqqallarının təvəqqesini yerə salmır.  aşıq Abbas Cəlili özü ilə İrana aparır. Onu ancaq yay aylarında ay yarımlığa Mehralı kişiyə kömək etməyə buraxır. Dörd il keçir, beş deyəndə aşıq Abbas böyük bir məclis düzəldir, şəyirdini axırıncı dəfə imtahana çəkir, ona bir saz da bağışlayıb, get,- deyir-, verdiyim çörək sənə halal olsun”. (Kəngərli,1992:7)

Cəlilin atasının və ustadının adının dəqiqləşdirilməsi baxımından olduqca diqqətçəkən bu yazıda rəqəmlərin dəqiq göstərilməsinə bir az şübhə ilə yanaşmalı oluruq. Əldə tutarlı bir qaynaq olmadan Cəlilin 16 yaşında şagirdliyə başlamasını və 1850-ci ildə doğulduğunu söyləmək çətindir. Bunlar təxmini rəqəmlərdir. Beş-on il, bəlkə də bir az çox o tərəf, bu tərəf ola bilər.

Biz də xatirələrə dayanaraq Cəlilin ustadının Aşıq Abbas Dəhri olduğunu yazmışdıq. 19-cu yüzilliyin başlanğıcında Arazın sağ sahilində indiki İran İslam Respublikasının ərazisində doğulan Abbas kiçik yaşlarında ailələrinə üz vermiş fəlakətə görə Ordubadın Dəstə kəndinə köçməli olur. Dəhri təxəllüsiylə şeirlər də yazan Abbas daha çox  saz havalarının ifaçılığı və dastan danışmasıyla məşhurlaşır, ömrünün sonlarında Şəmkir rayonunun Molul kəndində yaşayır, 1930-cu illərdə orada Allahın rəhmətinə qovuşur.(Sultanov,1928)

Hər ikimiz Aşıq Cəlilin nəvəsi Aşıq Mirzəli Mirzəyevin xatirələrindən yararlanıb Cəlilin 12 saz havası yaratdığını yazmışıq. Aşıq Cəlilin yaratdığı söylənilən havalardan nisbətən mənə inandırıcı görünən beşinin- “Baş Cəlili”, “Orta Cəlili”, “Ayaq Cəlili”, “Qaytarma”, “Sallama Gəraylı”(bu həm də “Dərələyəz Gəraylısı” adlandırılır) adını çəkmişdim. Qulu Kəngərli bunlardan əlavə “Qahramanı” və “Badamı” havasının da adını çəkir. Bu havaların yaranma şəraitindən söz açır. (Kəngərli,1992:8)

Öncə söylədiyimiz kimi Aşıq Cəlildən bəhs edilən araşdırıcılar heç bir yazılı qaynağa dayanmamış, ayrı-ayrı şəxslərin xatirələrindən yaralanılmışlar. Bu da dolaşıqlığa yol acmışdır. Belə ki, Qulu Kəngərli, Kamil Dərələyəzli və Həsən Mirzəyevin Cəlilin 1850-ci ildə doğulduğu fikrilə razılaşmaq olmur. Çünki aşığın oğlu Bəhmən İkinci Dünya Savaşında sıravi əsgər kimi iştirak edib. 50 yaşını keçənlərin müharibəyə  aparılmadığı Sovet əsgəri mükəlləfiyyət haqqında qanundan aydın göstərilib. Demək Bəhmən 50 yaşından kiçik imiş ki, səfərbərliyə alınıb. Xatirələrdən də aydın olur ki,  Aşıq Cəlilin  uşaqları 20-ci yüzillikdə doğulublar. Aşığın 1850-ci ildə anadan olması fikri ilə razılaşsaq onda belə çıxır ki, o 50 yaşlarında evlənibmiş. Bu da inandırıcı deyil.

Xatirələri və aşığın uşaqlarının yaşını bir daha diqqətlə gözdən kecirdikdən sonra bu qənəaətə gəldik ki,  Aşıq Cəlilin təxminən 1870-ci illərdə doğulduğu daha inandırıcı görünür. Belə ki, Cəlil 30 yaşlarında evlənsə övladı 20 yüzilin başlanğıcında doğulardı.

Qulu Kəngərli və Kamil Dərələyəzli aşığın1923-cü ildə təxminən 75 yaşında öldüyünü yazmışdır. Bizcə o yerdə ki, təxminən sözü işlədilir, orada dəqiq rəqəm inandırıcı görünmür.

Aşıq Cəlilin öldüyü kəndin adı da bir dolaşıqlıq yaradır. Naxçıvanda Dizə adlı xeyli kənd var. Aşığın qəbri Şərur rayonunun Dizə kəndində deyil, Babək rayonunun Məmmədrza Dizəsi kəndində idi. Bunu kəndin sakinləri də, Aşıq Cəlilin qohumları da yaxşı xatırlayırlar. Cəlilin ömrünün son illərini yaşadığı və öldüyü kəndin Şərurun Dizə kəndi olduğunu yazmaq ad oxşarlığının doğurduğu yanlışlıqdır.

Kamil Dərələyəzli Aşıq Cəlilin yeniyetmə çağlarında Aşıq Nəcəf və Aşıq Valehə bağlama deməsini yazır. (Dərələyəzli,2001:444)  Bu maraqlı və şirin bir xatirə olsa da inandırıcı görünmür. Çünki  onun bayatı formasında dediyi bağlamalara Aşıq Nəcəf və Aşıq Valeh kimi hazırcavab və ustad sənətkarların şerlə cavab verərdilər. Belə cavabların isə unudulduğu ağılkəsən deyil.

Burada adı çəkilən Aşıq Valeh  Abdal Gülablı Valeh ola bilməz. Araşdırıcılar Aşıq Valehin doğum və ölün tarixi haqqında iki  rəqəm göstərirlər: 1766-1836, 1729-1822 (Sırxavəndli,2007:10) Bu da Aşıq Cəlilin doğumundan çox-çox əvvələ düşür. XİX yüzilin ikinci yarısında  nəinki bölgədə, Azərbaycanda da Valeh adlı ünlü aşığa rast gəlmirik.

Naxçıvan şəhəri yaxınlığındakı Şıxmahmud kəndində yaşayan Aşıq Qulu 1938-ci ildə Bakıda Azərbaycan Aşıqlarının Qurultayında Aşıq Əsədlə görüşdüyünü, Aşıq Əsədin Aşıq Cəlillə Sarıyer yaylağında məclis apardıqlarını, Aşıq Əsədin Aşıq Cəlilin saz çalmasın təriflədiyini xatırlayırdı. Mən məqaləni hazırlayarkən haman xatirələrdən də istifadə etmişdim. Qulu Kəngərli Cəlilin Aşıq Ələsgərin çağrışıyla Göyçəyə  getməsindən, orada görüşmələrindən və Aşıq Cəlilə aid edilən saz havalarının yaranma şəraitindən geniş danışır. Onun bu fikirlərinə və Aşıq Cəlillə Abbasqulu bəyin görüşləri haqqında yazdıqlarına da bir az diqqətlə yanaşmaq lazımdır. Çünki həmin vaxt Şahablı Aşıq Cəlil də olub. Onun Abbasqulu bəyə həsr etdiyi şeirlər günümüzədək gəlib çatıb. Bu aşıq da erməni quldurları tərəfindən qəddarlıqla qətlə yetirilib. (Ələkbərli,1996,2000,Şamil,2001:86) Ola bilsin ki, aşıqların adlarının eyniliyi Abbasqulu bəylə görüş məsələsində  bir dolaşıqlıq yaradıb.

Həsən Mirzəyev “Qərbi Azərbaycanın Dərəçiçək mahalı” kitabında Aşıq Cəlilin Aşıq Alının şagirdi olduğunu yazır. Qaynaq kimi də Qulu Kəngərlinin məqaləsi göstərilir. (Mirzəyev,2004:415) Qulu Kəngərlinin məqaləsində Ələsgərin Cəlili yaxından tanımadığı, hətta onunla deyişmək, onu sınağa çəkmək istəyi var. Aşıq Ələsgər Aşıq Alının şagirdidir. Məlumdur ki, Göyçədə hamı Alının da, Ələsgərin də, Əsədin də və b. şagirdlərini tanıyır. Necə ola bilər ki, Ələsgər kimi ədəb-ərkanı bilən bir sənətkar ustadının şagirdini tanımasın və ya onu sınağa çəkmək istəsin?

 “Şərq qapısı”(Sovet Naxçıvanı) qəzetində işləyərkən yalnız məqalə yazmaqla kifayətlənmirdim, aşığın qəbrinin abadlaşdırılması, üzərində abidə ucaldılması təklifiylə rəsmi təşkilatlara müraciət edir, yollar arayırdım. Hətta Azərbaycan Aşıqlar Birliyinin sədri Hüseyn Arifi də işə qoşmuşduq. Onu aşığın qəbrinə ziyarətə gətirtmiş, hökumət nümayəndələrinə minnətçi salmışdıq. Lakin bunların da heç bir nəticəsi olmadı. Yeni evlər tikiləndə Qərib  qəbiristanlığı tamamilə dağıdıldı.

 

Sonuc

 

Eşitdiyimiz xatirələrdən, çap olunmuş məqalələrdən bu qənaətə gəlirik ki, 19-cu yüzilliyin ikinci yarısında Erivan quberniyasının (keçmiş İrəvan xanlığı)  Şərur-Dərələyəz qəzasının Sallı kəndində doğulmuş Cəlil Mehralı oğlu saz çalmaqda, saz havalarını cilalamaqda mahir olub. Gənc yaşlarından ömrünün son illərinədək aşıqlıq edən Cəlil 1918-ci il erməni basqınlarından qaçıb Naxçıvana gedib. Qocaların hazırladığı kimi “kolxozlaşmadan (kollektiv kəndli təsərrüfatı yaratmaq kampaniyası 1929-1932-ci illərdə olub –A.Ş.) bir neçə il əvvəl”, yəni 1920-ci illərin sonunda  Məmmədrza Dizəsi kəndində dünyasını dəyişib və oradakı Qərib  qəbiristanlığında dəfn edilib. Oğlu Bəhmən də saz çalıb oxumağı, məclis yola salmağı bacarırmış. İkinci Dünya Savaşına gedib və geri dönməyib.

 

Qaynaqlar

 

1. ASE( Azərbaycan Sovet Ensiklopediyası). (1987). X cild, Bakı.

2. Ələkbərli Əziz.(1996). Abbasqulu bəy Şadlınski. “Sabah” nəşriyyatı, Bakı.

3. Ələkbərli Əziz.(2000). Qərbi Azərbaycan. Vedibasar mahalı. I cild, “Ağrıdağ” nəşriyyatı, Bakı.

4. Dərələyəzli Kamil (2001).“Dərələyəz od içində”, “Ağrıdağ” nəşriyyatı, Bakı.

 5. Kəngərli Qulu. (1992).Erməni lobbisi...Azərbaycan faciəsi. “Yazıçı” nəşriyyatı, Bakı.

 6.  Mirzəyev Həsən.(2004). Qərbi Azərbaycanın Dərəçiçək mahalı. “Elm” nəşriyyatı, Bakı.

7..Sultanov Eynalı.(1928) Aşıq Abbas Dəhri. “Dan yıldızı” jurnalı, Tiflis.

8. Şamil Ali.(2001) Dastanlaşmış ömürlər, “Səda” nəşriyyatı, Bakı.

9. Şamilov Ali.(1985), El sənətkarları. Aşıq Cəlil. “Sovet Naxçıvanı” qəzeti, 15 oktyabr, sayı 291(14329), Naxçıvan.

10.  Şamilov Ali.(1985), Ашуг Джалил. “Советская Нахичеван”, 4 декабря,  № 297 (1144), Naxçıvan.

11.Şıxavəndli(Kolanıli) Həsən.(2007) Aşıq Valeh. “İqtisad Universiteti” nəşriyyatı, Bakı.

           

 

 

Çap olundu: 1.“Cəlili” aşıq havaları haqqında. “Dədə Qorqud” jurnalı, 2007, sayı 3, səh. 67-75,

2.Sallı Aşıq Cəlil. Folklor-Ədəbiyat(Naxçıvan özel sayısı) Ankara, 2007, sayı 3(51), səh.179-184.

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=