Türkoloji Qurultayin iştirakçisi və Qərbi Sibir Türk Respublikası qurmaq istəyən, xakas Nikolay Katanov

  TÜRKOLOJİ QURULTAYIN İŞTİRAKÇISI VƏ QƏRBİ SİBİR TÜRK RESPUBLIKASI QURMAQ İSTƏYƏN, XAKAS NİKOLAY KATANOV

Əli Şamil

AMEA Folklor İnstitutu nun

Xarici Əlaqələr bölməsinin müdiri

alishamil@yahoo.com

 

Özət

 

1894-cü il dekabrın 5-də Sibirin Askiz qəsəbəsi yaxınlığındakı Saraja kəndində doğulan Nikolay Qavriloviç Katanovun həyat yolunu dayısı, məşhur türkoloq, Kazan Universitetinin professoru, monarxiyapərəstliyilə ad çıxarmış Nikolay Fyodoroviç Katanov müəyyənləşdirir.  Oğulluğa götürərək, ona öz familyasını verir, təhsili və təlim-tərbiyəsilə məşğul olur.

Dayısının sayəsində Nikolay əvvəlcə hökumətin Askizdəki açdığı iki sinifli kənd məktəbini bitirir, sonra da təhsilini Krasnoyarskdaki dini seminaryasında davam etdirir. 1916-ci ildə isə çar Rusiyasının ən nüfuzlu ali məktənlərindən olan Xarkovdakı Novo Aleksandrski Kənd Təsərrüfatı İnstitutuna daxil olur.

Birinci Dünya Savaşının gedişatı, Rusiyanın məğlubuyyəti, 1917-ci ilin oktyabrında bolşeviklərin silah gücünə hakimiyyəti ələ alması ölkədəki qarışıqlığı daha da dərinləşdirir. Hər iki tərəf kütləvi əsgəri səfərbərliyə başlayır. İkinci kursu bitirmiş N.Q.Katanov da Denikin ordusunun 29-cu polkuna daxil edilir. 1919-cu ildə onun xidmət etdiyi ordu birləşmələri Moskva üzərinə hücuma keçir. Vətəndaş müharibəsində bolşeviklərin əlinə keçən N.Q.Katanov1919-21-ci illərdə Qızıl Orduda xidmət edir.

Hərbi xidmətdən azad olub vətəninə donən N.Q.Katanovu Millətlər Nazirliyinin Minisun qəzasındakı İcraiyyə Komitəsində, 1925-ci ilin ortalarından Askizdə tərcümə komissyasında, milli nəşriyyatda, savadsızlığın ləğvi komissiyasında, Askiz rayon İcraiyyə Komitəsində və b. təşkilatlarda işləyir. “Xızıl aal” qəzetiylə əməkdaşlıq edir, ibtidai siniflər üçün birinci “Xakas dilinin qrammatikası” kitabını hazırlayır. Xakasca- rusca lüğətini 1928-ci ildə çap etdirir.

1926-cı ildə Birinci Türkoloji Qurultayında, 1929-cu ildə Moskvada keçirilən Milli Azlıqların Konfransında iştirak edir. 1928-ci ildə Türk xalqları üçün latın qrafikalı əlifba hazırlayan komissiyaya üzv seçilir.

N.Q.Katanovun üzv olduğu gizli təşkilat, “Sibir Türklərinin İttifaqı” KQB-ni çox narahat edir. 1934-cü il aprelin sonlarında onu həbs edirlər. Avqustun 31-də Şərqi Sibir Diyar Xalq Məhkəməsi təşkilatın fəaliyyətində qanundan kənar bir iş görmədiyinə görə N.Q.Katanova bəraət verir.  1934-cü il sentiyabrın 17-dən 1936-cı il fevralın 19-dək mədəni-maarif sahəsindən kənarda işləməli olu. 1936-cı il martın 13-dən Kobalsk Askiz məktəblərində müəllimi işləməsinə icazə verilir.

1937-ci il iyunun 24-də Tomski Dövlət Pedaqoji İnstitunun ədəbiyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olunur. Həmin il oktyabrın 21-də yenidən KQB tərəfindən həbs edilir. Onu “Sibir Türklərinin İttifaqı”nın üzvü olmaqda, Qərbi Sibir Türk Respublikası yaratmağa cəhd göstərməkdə suçlayırlar. 1938-ci il iyulun 13-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası N.Q.Katanovu ən ağır cəzaya, ölüm hökmünə məhkum edir və hökm elə həmin gün də icra olunur.

 

Açar sözlər: Nikolay Qavriloviç Katanov,Sibir Türklərinin İttifaqı, Qərbi Sibir Türk Respublikası

 

Giriş

 

Rusiya işğal etdiyi bögənin əhalisini xristianlaşdırmaq və ruslaşdırmaq siyasəti yeridirdi. Zor tətbiqi ilə həyata keçirdiyi bu siyasət o qədər də uğur qazanmırdı. İstəklərini həyata keçirmək üçün müxtəlif  planlar hazırladılar. 1846-cı ildə Kazan şəhərində açılmış İlahiyyat Akademiyasını bitirən yüzlərlə məzun qazax çöllərində, şəhər və qəsəbələrdə, Sibirdə durmadan islam dini əleyhinə təbliğat aparır, xirstianlığı təbliğ edirdilər. 1847-ci ildə təşkil edilmiş Tərcüməcilər Komitəsi xiristianlığ haqqında dini kitabları Türk dillərinə tərcümə edib yayırdı. Hökumət, dini qurumlar, ictimai təşkilatlar xiristianlığı qəbil edənlərə köməklik göstərirdilər. Kilisələr bu işdə xüsusi fəallıq göstərirdi. Orenburq və Ural şəhərlərinin Baş yekiskopu Daxili İşlər Nazirinə yazırdı:  “Torğay əyalətində din dəyişdirmiş 26 qazax ailənin hər birinə ev tikmələri və əkinçiliyi inkişaf etdirmələri üçün ildə 200 ruble olmaqla 5200 ruble verilməsini rica edirəm” (Pirmanov A. ve Kapeyeva A, 1997:69-70).

1871-ci ildə milli məktəblərə nəzərət üçün müfəttişlik quruldu. Bu müfəttişliyə Radloff rəhbər təyin edildi. Təşkilata tatar məktəb və mədrəsələrini nəzarətdə saxlamaq, Sibirə, Türküstana gedən tatar müəllimlərinin yerli xalqlar arasında işləməsini, Türksoylu uşaqlara dərs verməsini əngəlləmək tapşırılmışdı. Rusiya tatarların qazaxlara yalnız təhsil sahəsində təsirini azaltmaqla kifayətlənmirdi, din, idarəçilik, mətbuat sahəsində işləmələrinə də bir sıra məhdudiyyətlər qoymuşdu. Rus ziyalılarının və missionerlərin təsiri ilə hökumət 1868-ci ildə Orenburq müftülüyünün səlahiyyətlərini məhdudlaşdırdı, qazaxlar müftülüyün idarə aparatından çıxarıldı. 1886-cı ildə verilən qanun isə tatarların Orta Asiyada geniş torpaq sahələri almalarını əngəllədi  (Özdemir E., 2007:46-58).

Rusiyanın əsarət altına aldığı xalqlardan hökumətə sədaqətli və onun siyasətini həyata keçirmək üçün fədakarlıq edən kadrlar hazırlanırdı. Soyca Türk olan çuvaş Aleksandr Alektorov (1861-1919),xakas Nikolay Fyodroviç Katanov (1862-1922), Azərbaycan Türkü Mirzə Kazım bəy (1802–1870; əsl adı Məhəmmədəli Kazımbəy olan alimin adı rusdilli qaynaqlarda Aleksandr Kazımoviç Kazımbek kimi yazılır – Ə.Ş) və b. hökumətin yeritdiyi siyasətə sədaqətlə qulluq edirdilər.

Kırım savaşından (1853-1853) sonra Rusiyada millətçilik düsüncəsinin yüksəlməsiylə panslavyan düşüncəli Rus ziyalılarının Rusiyadaki müsəlman millətlərini ruslaşdırmaq, rus mədəniyyəti içərisində əritmək istəkləri də gücləndi. Nikolay İvanoviç İlminski (1822-1891) bu işdə xüsusilə seçilirdi.(http://www.portal-missia.ru/node/531)

 Çar Rusiyasının müsəlman xalqlarına qarşı apardığı soyuq savaş təhsil sahəsində özünü daha qabarıqlığı ilə göstərirdi. Min ildən çox ənənəsi və tədris metodu olan, şagirdlərə və müəllimlərə böyük sərbəstlik verən mədrəsələrin açılmasını əngəlləyir və durmadan onu tənqid edirdilər. Təbliğata uyan, Avropanın inkişafından gözləri qamaşan yerli ziyalılar da bilməyərək bu təbliğatın fəal iştirakçısına çevrilirdilər. (Yoloğlu Güllü, 2016,https://admiral.az/az/mobile/news/22543)

Rusiya Təhsil Naziri D.A.Tolstoyun “Vətənimizin sərhədləri daxilində yaşayan xalqların (işğal altına alınan xalqları nəzərdə tutur – Ə.Ş.) təhsili, onların ruslaşdırılmasına və qeyri-şərtsiz rus xalqı ilə qaynayıb qarışmasına xidmət etməlidir” - göstərişinə cavab olaraq   Nikolay İlminski yazırdı: “İslam dini var olduqca, rus hərflərinin ərəb hərflərinə qarşı savası çox çətin olacaqdır.”(Özdemir E., 2007:158).

Rusiyanın Həştərxandakı qubernatoru İvanovski  milli məktəb və mədrəsələrin artımından çox rahatsız olurdu. O, 1882-ci ildə hökumət dariələrinə yazdığı məktubda milli məktəb və mədrəsələrin artmasının qarşısını almaq üçün tədbir görmələrini xahiş edirdi.

Rusiyanın hökumət məmurları Sibir Türklərinin xristianlaşdırılmasının başa çatdığını düşünür, onları ruslaşdırmağa çan atırdılar. Strateqlərin fikrincə Sibir Türklərinin ruslaşdırılmasını əngəlləyən səbəblərdən ən başlıcası tatarların, qazaxların müsəlman olaraq qalmaları idi. Ona görə də əsas güc bu əngəlin aradan qaldırılmasına yönəldilmişdi. Çar Rusiya strateqlərinin başladığı işi xalqlara azadlıq bəxş edəcəyini vəd edən Sovetlər Birliyi sürətlə həyata keçirməyə girişdi.

Sovet hökumətinin 1926-cı ilin fevralında Bakıda təşkil etdiyi Birinci Türkoloji Qurultayın məqsədi də əsarət altında saxladığı türk, müsəlman xalqlarını yüzillərdi istifadə etdiyi əlifbadan uzaqlaşdırmaq və həmin xalqlar arasındakı birliyi dağıtmaq idi.

 

1.    Türkologiya elmində iki  Nikolay Katanov

 

Türkologiyada iki Nikolay Katanovun adı çəkilir. Onlardan birisi Bakıda keçirilən Birinci Türkoloji Qurultaya qatılan Nikolay Qavriloviç Katanov, o birisi də onun dayısı, 19-cu yüzildə Sibir Türklərindən 1200-dən çox folklor mətni toplamış Nikolay Fyodoroviç Katanovdur.

Qavril Leonteviç Tünitsevin professor Nikolay Fyodoroviç Katanovun böyük bacısı Mariya ilə evlənmişdir. Bu evlilikdən doğulan üçüncü oğlanıdayısı-Nikolay Qavriloviç Katanov  övladlığa götürürmüş və ona adını və soyadını vermişdir. Bakıya Türkoloji Qurultaya gələn də Nikolay Fyodoroviç Katanovun baçısı oğlu  Nikolay Qavriloviç Katanov olmuşdur.

 

1.1.                      Nikolay Fyodoroviç Katanov

 

1862-ci il mayın 6-da Sibirdə, Yenisey quberniyasının günüyində, Askiz qəsəbəsinin yaxınlığındakı Turaxov aulunda doğulub. O doğulanda bölgədə yaşayanları xakas deyil, Sibir türkləri adlandırırdılar. Çinlilər bu Türk xalqını xakaslar adlandırdığından ruslar da onların dililə belə adlandırdılar. Sibir Türkləri Rusiyanın “Parçala! höküm sür!” siyasəti nəticəsində xakas, tuva, şor, oryat, altaylı, teleut və başqa adlarla çağırılmağa başladılar. 

Nikolay Fyodoroviç Katanovun ilk adı Pora imiş. Rusiya Sibir torpaqlarını 18-ci yüzillikdə işğal etdikdə burada yaşayan şaman inanclı insanları da zorla xristianlaşdırmışdı. Ona görə də uşağı evdə Popa çağırsalar da rəsmi sənədlərdə kilisədə verilən Nikolay adıyla tanınmışdır. Nikolayın atasını da xakaslar Xızıl deyə çağırsalar da, sənədlərdə adı Fyodr kimi yazılıb. Xızıl Katanov xakasların Saqay, xanımı isə Kaçina tayfasından olub. Bu tayfalar böyük Yenisey çayının qolu Abakanın sağ sahilində, Uzyum çöllərində yaşayırmış.

Popa aristokrat və ziyalı bir ailədə böyüyüb. Belə ki, atası Xızıl Katanov ulus, tayfa başçısının mirzəsi, əmisi Yefim Semyonovic isə çar hökumətinin Askiz qəsəbəsində açdığı məktəbdə müəllim imiş. İlk təhsilini atasından alan Popa sonra əmisinin işlədiyi məktəbdə oxuyub.

1869-1876-cı illərdə Askiz məktəbində oxuyan Nikolay Katanov oranı bitirib həmin ilin avqustunda imtahan verərək Krasnoyarsk şəhərində hökumətin açdığı klassik oğlan gimnaziyasına daxil olur. 1884-cü ildə gimnaziyanı qızıl medalla bitirərək Sibirdən çox çətinliklərlə imperiyanın başkəndi Peterburqa gəlir.

Sibirdən gəlmiş və Rus olmayan gəncin Sankt Peterburqdakı İmperiya Universitetinin şərq dilləri fakültəsinə qəbul olması çoxlarını heyrətləndirir. Ona dərs deyən N.İ.Veselovski, İ.N.Berezin xakas gəncinə diqqətlərini artırırlar. Məşhur türkoloq V.V.Bartoldla əməkdaşlıq edir.  N.F.Katanov gimnaziyada oxuduğu illərdə saqay ulusundan-tayfasından topladığı dil və folklor materiallarını müəllimlərinə verir.

Yalnız Rusiyanın deyil, dövrünün ən tanınmış şərqşunaslarından dərs alması, Ərəb, fars, Türk-tatar dillərini dərindən öyrənməsi və elmi araşdırmaları N.F.Katanovu bir alim kimi tanıdır. 1888-ci ildə universiteti bitirir. 1889-cu ildə isə onu Sankt Peterburq İmperiya Elmlər Akademiyası və Rusiya İmperiya Coğrafiya Cəmiyyəti Batı Sibirdə, Doğu Monqolustanda, Doğu Türküstanda, Cunqariyada yaşayan xalqların dillərinin, dialektlərinin və etnorqafiyasının öyrənilməsi üçün ekspedisiyaya göndərir. Onun getdiyi yerlərdə yaşayan əhalinin əksəriyyəti Türk xalqları idi. Ruslar isə onların hamısını tatar adlandırırdılar.

Üç il çəkən ekispedisiyadan zəngin materiallarla geri dönən N.F.Katanov 1893-cü ilin sonlarında tanınmış şərqşünas İ.N.Berezin rəhbərlik etdiyi professor – müəllim heyəti qarşısında imtahan verərək Türk-tatar dilləri üzrə magistr elmi dərəcəsi alır. Həmin il də N.F.Katanovu Kazan Universitetinin Türk-tatar dilləri kafedrasına ekstraordinar professor təyin edirlər. Beləcə N.F.Katanov Avropa tipli ali məktəblərdə yerli Sibir xalqlarından ilk professor olur. 1894-cü ildə isə onu Rusiya Coğrafiya Cəmiyyətinə həqiqi üzv seçirlər.

N.F.Katanov Kazan Universitetində dərs deməklə kifayətlənmir, elmi axtarışlarını davam etdirir, kadr hazırlığına diqqəti artırır. 1896-98-ci illərdə Ufa qubreniyasını dolaşaraq bölgə əhalisindən zəngin dialektoloji, etnoqrafik və folklor materialları toplayır. Topladığı materiallar əsasında “Başqırd dili” adlı əsərini yazır. N.F.Katanov yüzillər boyu Ərəb əlifbasından istifadə edən Başqırdlar üçün Kiril qrafikası əsasında “Başqırd dilinin əlifbası” kitabını yazır. Onu bu işə məcbur edən Ərəb əlifbasında sait səslərin yazılmaması idi. Sait səslər yazılmadığına görə də Türk dillərində Ərəb əlifbasıyla yazılmış mətnləri doğru-düzgün oxumaq çətinlik törədirdi.

Elmi araşdırmalarına və ekspedisyalarda fəal iştirakına görə 1898-ci ildə onu Kazan Universitetinin nəzdindəki Arxeologiya, Tarix və Etnoqrafiya Cəmiyyətinə rəhbər və Cəmiyyətin “Xəbərlər” adlı elmi jurnalına redaktor seçirlər. 1899-cu ilin martında isə “Deyatel” jurnalı üçüncü sayının üzqabığında N.F.Katanovun fotoportretini verir.

N.F.Katanov Batı Sibir Türklərindən topladığı materialları Türk dillərində danışan xalqların dil və dialektlərilə müqaisə edərək ortaya sanballı bir əsər qoyur. O, 1889-cu ilin mart ayından avqustuna kimi Tuvada ekispedisyada olur. Altı ayda yerli xalqlardan 1410 mətn toplayır ki, bunun da 1200-ü folklor mətnləri olur. Həmin mətnlər bu gün də dünya Türkologiyasının qızıl fondu sayılır. Topladığı mətnlər əsasında “Uronxoy torpağının oçerkləri”ni, “Uronxoy dilinin başqa Türk kökənli qohum dillərlə müqaisəli öyrənilməsi təcrübəsi” əsərlərini yazır. Sonuncu əsərə görə Peterburq Universitetinin elmi şurası Nikolay Katanova elmlər doktoru adı verir. Onun topladığı mətnlər sonradan Radlovun “Türk tayfalarının xalq ədəbiyyatı nümunələri” çoxcilidliyinin doqquzuncu cildinə daxil edilir.

16 il Arxeologiya, Tarix və Etnoqrafiya Cəmiyyətinə rəhbər vəzifəsini şərəflə daşıyan Nikolay Katanov ictimai işlərdə də fəallığı ilə seçilir. Rus cəmiyyətini sərxoşluğun məhvə apardığını görən böyük alim Alkoqolizmə Qarşı Mübarizə Cəmiyyətinin fəallarından birinə çevrilir. Onun “Deyatel” jurnalının səhifələrində sərxoşluq, içki düşgünlüyü əleyninə yazdığı məqalələr bir doktorluq dissertasiyası üçün mövzu ola bilər.

Elmdə böyük uğurlar qazanan N.F.Katanovu Belçikanın Leven, Avstriya-Macarıstanın Budapeşt, Finlandiyanın Qelsinqfors şəhərlərindəki elmi cəmiyyətlərə üzv seçirlər. Rusiyadaki bir sıra elmi cəmiyyətlərə də üzv seçilən N.F.Katanov qatı monarxiyapərəstliyinə, antisosialistliyinə görə müasirlərinin kəskin tənqidinə də məruz qalır. O uzun zaman Kazanda Türk-tatar dillərində çap olunan qəzet-jurnalları, kitabları senzor edir. Hökumətin ona inamı o qədər güclü olmuşdur ki, hətta bəzən Qafqazda çap olunmalı kitabları, qəzet-jurnalları da rəy üçün ona göndəriblər.

Ata-babaları şaman inanclı olan N.F.Katanov fədakar pravoslav missioneri kimi də tanınmışdır. Hətta “Pravoslav müsahib” jurnalının “Dini xülasə” adlı əlavəsinə redaktorluq etməyi də ona tapşırırlar.

Monarxiyapərəstlikdə, dindarlıqda olduğu kimi o elmi-pedaqoji fəaliyyətdə də olduqca sərt mövqedə dayanmışdır. Buna görə də Kazan Universitetinin professor – müəllim heyəti 1907-ci ildə müdafiə etmədən ona ikinci dəfə elmər doktoru adı verir. N.F.Katanovun tələbələri arasından Sergey Yefimoviç Malov, Zəki Valid Toğan kimi böyük Türkoloqlar yetişir.

N.F.Katanov 1911-ci ildən Kazan Dini Akademiyasında işləməyə başlayır. 1917-ci ildə ölkədə baş verən dəyişikliklər, xüsusən 300 illik Romanovlar sülaləsinin hakimiyyətinə son qoyulması, Romanovların son nümayəndəsi II Nikolayın çar taxtından endirilməsi, onun ardınca bolşeviklərin etdiyi hərbi çevriliş ona sarsıdıcı təsir edir. O pedaqoji fəaliyyətini davam etdirməyə çalışsa da elmi işlə ən məhsuldar məşğul olmalı bir vaxtında bədbinliyə qapılır. Beləcə sağlamlığı da pozulur və 1922-ci il martın 9-da Kazan şəhərində vəfat edir.

Böyük alim, zəhətkeş Türkoloq ideoloji baxışlarına görə cəmiyyətdə artıq adama çevrilir. Yaşamını təmin etmək məqsədilə kitablarını və arxivini satır. Onun arxivi alınaraq İstanbula gətirilir. Bununla da N.F.Katanovun arxivi həm məhv olmaqdan qurtarılır, həm də dünya Türkoloqlarının istifadəsinə verilmiş olur.(http://ali-shamil.tr.gg/Nikolay-Katanov.htm,www.trtazerbaycan.com)

 

1.2.                     Nikolay Qaviloviç Katanov

 

1894-cü il dekabrın 5-də Sibirdə, keçmiş Yenisey quberniyasının güneyində, Askiz qəsəbəsinin yaxınlığındakı Sarajak (Saqay) ulusunda doğulub. Kənd bölgədəki Türk tayfalarından birinin – Saqay tayfasının adını daşıyırdı. O, əvvəlcə bölgədə mərkəzi qəsəbə sayılan Askizdəki hökumətin yerlilərdən hökumətə xidmət edəcək kadrlar hazırlamaq  üçün  açdığı iki sinifli kənd məktəbində oxuyub. Sonra təhsilini Krasnoyarskdaki dini seminariyada davam etdirib. 1916-ci ildə isə çar Rusiyasının ən nüfuzlu ali məktənlərindən olan Xarkovdakı Novo Aleksandrski Kənd Təsərrüfatı İnstitutuna daxil olur(Килижекова, 2009,http://www.khakasia.com/forum/index.php?threads/Николай-Гаврилович-Катанов.276).

Birinci Dünya Savaşının gedişatı, savaşda Rusiyanın məğlubuyyəti, 1917-ci ilin fevralında İkinci Nikolayın hakimiyyətdən uzaqlaşdırılması,  Kerenskinin başçılığı ilə Müvəqqəti Hökumət qurulması və nəhayət 1917-ci il oktyabrın 25-də bolşeviklərin silah gücünə hakimiyyəti ələ alması ölkədəki qarışıqlığı daha da dərinləşdirir. Ölkəni vətəndaş müharibəsi bürüyür. Ağqvardiyaçılar adlandırılan, general Anton Denikin ordusunu gücləndirmək üçün Xarkov Kənd Təsərrüfatı İnstitunun tələbələrini də səfərbərliyə alır. İkinci kursu bitirmiş N.Q.Katanov 1919-cu ilin martında 29-cu polka daxil edilir. 1919-cu ildə N.Q.Katanovun xidmət etdiyi ordu birləşmələri bolşeviklərin üzərinə Moskva hücuma keçir. Lakin bu hücum uğursuz olur.

N.Q.Katanov yazdığı özkeçmişində 1919-cu ilin mayında gedən döyüşlərdə bolşeviklərin tərəfinə keçdiyini və 1919-1921-ci illərdə Qızıl Orduda xidmət eddiyini yazır. 1921-ci ildə hərbi xidmətdən azad olub vətəninə gələn N.Q.Katanovu Millətlər Nazirliyinin Minisun qəzasındakı İcraiyyə Komitəsinə bölmə müdiri təyin edirlər. Sovetlərin xalqlara azadlıq, kəndlilərə torpaq verəcəyinə, sülh, əmin amanlıq yaradacağına ürəkdən inanan gənc var gücü ilə yeni hakimiyyətin möhkəmlənməsinə çalışır. 1923-cü ilin sonunda yaradılan Xakas Milli Qəzası 1925-ci ildə milli mahala çevrilir. Bütün bunlar gənc N.Q.Katanovu ruhlandırır. Sovet əsgər və zabitlərinin özbaşınalığına, xalqına tutduğu divana göz yumur.

1925-ci ilin ortalarında onu qəza mərkəzi olan Askizdə tərcümə komissyasında işləməyə gətirirlər. Az zamanda işgüzarlığı, təşəbbüskarlığı ilə yalnız qəzada deyil, qəzadan uzaqlarda da diqqəti cəlb edir. 1927-ci ildən ana dilində nəşrə başlayan “Lenin çolu(yolu-Ə.Ş.)” qəzetində müntəzəm məqalələr yazmağa başlayır. Milli məsələyə daha çox diqqət yetirir, Sovetlərin milli azlıqlara qayğı adı altında Türkləri parçaladığını, ruslaşdırma siyasəti yeritdiyini görür.

O, Xakasiyadakı milli nəşriyyatda ədəbi redaktor işləməklə yanaşı, savadsızlığın ləğv edilməsi kurslarında dərs deyir, “Xızıl aal” qəzetiylə əməkdaşlıq edir, ibtidai siniflər üçün birinci “Xakas dilinin qrammatikası” kitabını hazırlayır. Onun xakasca- rusca lüğəti 1928-ci ildə ilk dəfə çap olunur. Həmin il Türk xalqları üçün latın qrafikalı əlifba hazırlayan komissiyaya üzv seçilir.

N.Q.Katanov 1929-cu ildə Moskvada keçirilən Milli Azlıqların Konfransında iştirak edir. 1930-cu ildə isə onu yenə də Moskvaya SSRİ Xalqlarının Mərkəzi Nəşriyyatında milli məktəblər üçün dərsliklər hazırlayan redaktorların kursuna göndərirlər. Moskvadakı çıxışları və söhbətləri xüsusi xidmət orqanlarının diqqətindən yayınmır. Vətənə döndükdən sonra onu KQB istintaqa cəlb edir. İstintaqdakı hədə-qorxudan sonra onu kənd məktəbinə müəllim işləməyə göndərirlər.

1930-cu ilin oktyabrında Xakas Milli Mahalı Xakas Muxtar Vilayətinə çevrilir. Kadr çatışmazlığına görə onu Askiz rayon İcraiyyə Komitəsində təlimatçı vəzifəsinə gətirmək məcburiyyətində qalırlar. N.Q.Katanov yaranmış vəziyyətdən istifadə edərək Askiz kəndlərində savadsızlığı aradan qaldırmaq üçün xüsusi plan hazırlayır. 1931-ci ilin sentyabrında onu yenidən məktəbə xakas dili müəllimi göndərirlər. Lakin KQB onun vilayət mərkəzində qalması, milli kadrlarla tez-tez görüşüb müzakirələr aparmasıyla razılaşmır. 1932-ci ildə N.Q.Katanovu bölgənin ən ucqar kəndlərindən olan Ustsos kəndinə müəllim göndərirlər.

N.Q.Katanov harada işləməsindən asılı olmayaraq milli fəaliyyətindən qalmır. N.Q.Katanov “Sibir Türklərinin İttifaqı” adlı gizli təşkilatının üzv olur. Lakin bilmir ki, təşkilatı KQB daimi nəzarətində saxlayır. 1934-cü il aprelin sonlarında N.Q.Katanovu həbs edirlər. (http://ali-shamil.tr.gg/Qeorqi-%26%23304%3Bt%26%23305%3Bqin.htm,http://www.khakasia.com/forum/index.php?threads/Георгий-Игнатьевич-Итыгин.250/). Həmin il avqustun 31-də Şərqi Sibir Diyar Xalq Məhkəməsinin hakimi “Sibir Türklərinin İttifaqı”nın rəhbərlərini həbs etsə də onu fəaliyyətində qanundan kənar bir iş olmadığına görə N.Q.Katanova bəraət verir.(http://www.memorial.krsk.ru/Articles/Askiz/06.htm)

1934-cü il sentyabrın 17-dən 1936-cı il fevralın 19-dək mədəni-maarif sahəsindən işləməsinə icazə verilmir. 1936-cı il martın 13-dən mayın 1-dək Kobalsk məktəbində müəllimlik edir. Sonra Askizə qayıdaraq rus dili və ədəbiyyatı müəllimi işləməyə başlayır.

1937-ci il iyunun 24-də Tomski Dövlət Pedaqoji İnstitunun ədəbiyyat fakültəsinin qiyabi şöbəsinə qəbul olunan coşğun vətənpərvəri həmin ilin oktyabrın 21-də yenidən KQB həbs edir və 1938-ci il iyulun 13-də SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası onu ən ağır cəzaya, ölüm hökmünə məhkum edir. Hökm elə həmin gün də icra olunur.(http://www.memorial.krsk.ru/Articles/RepHak/3.htm, Гладышевский Алексей,2008, http://plimpa.livejournal.com/92830.html)

1959-cu ildə Nikolay Katanova bəraət verilsə də, əslində bu formal xarakter daşıyır. Onun əsərləri çap olunmur, fəaliyyətinin öyrənilməsinə və təbliğinə icazə verilmir. Son illər onun haqqında araşdırmalar aparılsa da, gənclik bununla razılaşmır. Onlar N.Q.Katanovun ideyalarının gerçəkləşməsini istəyirlər.(http://ali-shamil.tr.gg/Nikolay-Qavrilovi%E7-Katanov.htm,www.trtazerbaycan.com)

 

2.    Nikolay Qavriloviç Katanov və Birinci Türkoloji Qurultay

 

Çar Rusiyasının ruslaşdırma siyasətini Sovet hökuməti sürətləndirdi. Köhnədən qalma hər şeyi məhv edib yenisini yaradacaqlarını vəd edən bolşeviklər əsarət altında saxladıqları xalqların on minlərlə ziyalısını da məhv etmişdilər. Ona görə də belə hesab edirdilər ki, müqavimət göstərəcək, xalqı ayaqlandıra biləcək qüvvə qalmayıb. Savadsızlığı aradan qaldırma adı altında minillik ənənəsi olan mədrəsələri ləğv etdilər. Xristianlaşdırmanın qarşısını sədd kimi kəsən mədrəsələri ləğv etdikdən sonra müsəlman xalqlarını birləşdirən, onların mədəni birliyinə şərait yaradan Ərəb əlifbasını aradan qaldırmağa girişdilər. Əsarət altında olan Türk-müsəlman xalqlarının bəzi öndərləri də Rusiya strateqlərinin pərdəarxası siyasətindən xəbərsiz olduqlarından onların dəstəkçisinə çevrildilər.

Dörd illik hazırlıqdan, aparılan təşkilati işdən və təbliğatdan sonra 1926-cı ilin fevralında Bakıda Türkoloji qurultay öz işinə başladı. Qurultayın öncə Moskva və ya Leninqradda keçirilməsi planlaşdırılırdı. Lakin hökumət rəhbərləri planlı şəkildə qurultayı Bakıda keçirdilər. Bununla onu demək istədilər ki, baxın əlifbanın dəyişdirilməsini Rusiya hökuməti deyil Türk-müsəlman xalqlarının özləri istəyir.

Rusiya strateqlərinin məqsədini anlayan təkcə Türkiyədən gəlmiş alimlər deyildi.  Azərbaycanın, Qazaxıstanın, Tatarıstanın və b. Türk xalqlarının genişgünyagörüşlü aydınları da bunu görür və ona qarşı müqavimət göstərirdilər. Bolşeviklərin assimlə siyasətinə qarşı duranlar yalnız milli aydınlar deyildi. Hətta milli hökumətlərin bəzi rəhbər işçiləri də bundan rahatsız idilər. Özləri açıq və sərt müqavimət göstərə bilməsələr də ziyalıları, alimlər qətyyətli olmağa həvəsləndirirdilər. Bu haqqda İsmayil Hikmət Ertaylan belə yazır: “Henüz kurultay  başlamamıştı. Turkistan, Dagıstan, Kırım, Kazan mumessilleri gelmişlerdi. O zaman maarif komiseri olan zat buyük bir telaşla keyfiyeti  anlattt: Ruslar Türklüğe en büyük darbeyi bu lisan meselesinde indirecekler. Bizi Üniversite tedrisatından, Turk dili ve edebiyatından mahrum edecekler. Rus dilinin esareti altında kalacağız! Bir çare, bir çare bulun! Türk dilini müdafaa edin! diye tazallumde bulunmuştu. Kendisine bizzat benim ve arkadaşlarımın bu hususta kurultayda mudafaaya kalkışmamız komunistlerin ekmeğine yağ sürer, bizim Turkiye turkçesini mudafaa ettiğimizi, onların bu Türkçe hakkında bir soyleyeçekleri olmadığını, fakat kendilerinin talim ve tedrisine müsaade ettikleri Türkçenin Türkiye turkçesi degil, Azerbaycan, çağatay, Kırtım Türkçeleri olduğunu ileri sürerek hak kazanırlar. Bırakımz, Türk ilim ve edebi dilinin bir dil olduğunu ve butun Türk ülkelerinde bu dille konuşulup, bu dille yazıldığnıı kendi alimlerine, Rus profesorlerine soyletelim. O zaman itiraza imkanları kalmaz! demiştim. Oyle de yaptık ...”(Ertaylan, 1958:91)

Sovet strateqləri öncdən qurultaya nə qədər ciddi hazırlaşsalar da, oraya göndəriləcək nümayəndələri seçib onlarla iş aparsalar da, yenə də planlaşdırdıqları kimi olmurdu. Buna görə də Qurultayın gedişi zamanı çox məharətli manevrlər edir, istəklərinin reallaşması üçün bəzən geriçəkilmələr də edirdilər. Sibirdən Bakıdakı Birinci Türkoloji Qurultaya göndərilən nümayəndələrin heç biri müsəlman deyildi. Ona görə də Moskva elə fikirləşirdi ki, onlar Ərəb əlifbasının qatı əleyhdarı kimi çıxış edəcək, kiril əlifbasına keçməyin tərəfdarı olduqlarını bildirəcəklər.

Lakin hadisələr öncədən planlaşdırıldığı kimi getmirdi. Hətta Sibir Türkləri belə əlifba məsələsindən çox Sovet hökumətinin azsaylı xalqların maariflənməsinə qoyacağı xərclə maraqlanırdılar. Qurultaya böyük ümidlər bəsləyən, orada qəbul olunacaq qanunların reallaşacağına inanan N.Q.Katanov bir çox çətinliklərlə üzləşsə də Bakıya gələ bilir.

İlk iclaslarda iştirak edə bilməyən N.Q.Katanov 1926-cı il martın 6-da Səmədağa Ağamalıoğlunun sədrlik etdiyi iclasda xakas dilində çıxış edərkən öncə gəldiyi yer haqqında “Yoldaşlar, mən Birinci Ümumittifaq Türkoloji Qurultayını uzaq Sibirdən, keçmiş Yenisey quberniyasının güneyində yaşayan xakasların adından salamlamaq üçün gəlmişəm” dedikdən sonra çıxışını davam etdirir və sonda üzləşdikləri problemi belə dilə gətirir: “1923-cü ildən etibarən, Xakas Dairə Xalq Maarif Şöbəsi nəzdində xakas dilində yazının yaradılması üçün komissiya formalaşdırılıb. Bu komissiya birinci pillə məktəblərin ilk sinifləri üçün materiallar tərtib edib. Materiallar hələ 1924-cü ilin noyabrında Xalq Maarif Komissarlığının Milli Azlıqlar Şurasına göndərilsə də, Türk şrifti olmadığı üçün hələ də çap edilməyib. Odur ki, məni qurultaya göndərərkən xahiş etdilər ki, bu qurultay bizim xakaslar üçün xüsusi olaraq burada ümumtürk şriftlər işləyib hazırlasınlar və bizim materialların çapı mümkün olsun” (1926-cı il, 2006:330).

N.Q.Katanov Birinci Türkoloji Qurultaydan ruh yüksəkliyi ilə qayıdır. Xüsusən qonşuluqdakı Altay bölgəsindən gəlmiş Aleksey Sabaşkinin qurultay tribunasından “mən Türkəm” deyə hayqırması onu çox təsirləndirir. Vətənə döndükdən sonra tamam başqa bir yöndə çalışır (1926-cı il, 2006:90).

 

3.Qərbi Sibir Türk Respublikası yaratmaq istəyənlərin taleyi

 

N.Q.Katanov vətənə döndükdən sonra ana dilində dərsliklər yaradılmasına, məktəb şəbəkəsinin genişləndirilməsinə çalışır. Həmin illərdə Sibir Türklərinin Saqay və Kaçin tayfalarının ləhcəsi əsasında bir ədəbi dil formalaşdırılır və Xakas dili adlandırılır. Müasir araşdırıcılar dilləri təsnifatlandıranda Xakas dilini də Türk dillərinin Doğu Hun qolunun Uyğur qrupuna daxil edirlər və mənşəcə Qırğız dilinə daha yaxın olduğunu, 8 uzun, 9 qısa səslisi və 24 səssizi olan bu dildə saitlərin qoşalaşması səciyyəvi olduğunu yazırlar.

Bakıda keçirilən Birinici Türkoloji Qurultayın təsiri ilə N.Q.Katanova milli məsələyə daha çox önəm verir. Harada işləməsindən asılı olmayaraq xalqının ana dilində təhsil almasına, müstəqil ictimai-siyası qurumunun olmasına, müstəqil inzibati ərazi vahidlərinin yaradılmasına can atır. Düşünür ki, nədən Azərbaycan, Qazaxıstan, Özbəkistan, Türkmənistan, Qırğızıstan Respubilikaları, Dağıstan, Tatarıstan, Başqırdıstan və b. muxtar respublikalar olduğu halda Sibir Türklərinin milli inzibati respublikası olmasın?!

1925-ci ilin martında keçirilən Xakas Milli Mahal Xalq Deputatlar Sovetinin II qurultayındakı  İcraiyyə Komitəsinin sədri Qeorqi İtıqin Qərbi Sibirdə yaşayan və Türkcə danışan Xakaslar, Oyratlar, Şorlar üçün bir inzibati vahid Qərbi Sibir Türk Respublikası yaradılmasının vacibliyindən söz açır. Lakin Moskva onların fikrilə razılaşmır. İ.V.Stalini rəsmi toplantılarda belə bir təkliflə çıxış edən yerli partiya-sovet işçilərini kəskin tənqid edir. Sibir Türklərinin öndərləri isə arzularını reallaşdırmaqdan əl götürmək istəmirlər. Bunun üçün “Sibir Türklərinin İttifaqı”  adlı təşkilat yaradırlar.(Шекшеев А., 2011, http://www.tuva.asia/news/ruregions/3426-hakasiya.html, Шекшеев А., 2011:48-57, № 1).

Bu təşkilatın qarşıya qoyduğu məqsəd nəinki yerli KQB-ni, hətta Moskvanı da çox narahat edir. Lakin mərkəzin hədələri Sibir Türklərinin öndərlərini yollarından döndərə bilmir. Xakas Qeorqi İtıqini, şor Türklərindən Y.K.Telqerekov, oyrat Türkü (altaylı) Mixaylov-Oçi, rəssam Qriqori Çoros-Qurkinvə başqaları bu təşkilatın fəallarından olur. 1928-ci il dekabrın 5-də Qeorqi İtıqin Novosibirskdə şübhəli şəkildə ölsə də təşkilat öz fəaliyyətini davam etdirir (Şamil, 2012,http://ali-shamil.tr.gg/Qriqori-%C7oros_Qurkin.htm). Belə olduqda Moskva sərt cəza tədbirlərinə əl atır. 1934-cü il aprelin sonlarında N.Q.Katanov və onun əqidə dostlarından, 40 nəfərə yaxını həbs edilir. Həmin il avqustun 31-də Şərqi Sibir Diyar Xalq Məhkəməsi yaşları 23-33 arasında olan milli fəallardan Prokopi Semenoviç Borqoyakova, Terentiy İvanoviç Borqoyakova, Qeorqiy Pavloviç Bıtotova, Vasiliy İvanoviç Sunçqaşyevə, Mixail Pavloviç Topoyevə, Qeorqiy Qeorqiyeviç Çebodayevə, Yakov Yevqrafoviç Çebodayevə  və b. 2-5 il arasında həbs cəzası verir və K.K.Samrinin, B.A.Kobyakovun, T.N.Baltıjakovun, A.M.Topanovun, N.Q.Katanovun əməlində cinatət tərkibli bir iş olmadığına görə onları həbsdən azad edir(Политические... http://www.memorial.krsk.ru/Articles/Askiz/06.htm).

N.Q.Katanov iki ilə yaxın təzyiq və təqiblər altında yaşadıqdan sonra yenidən toparlanır. Hətta oun müəllim işləməsinə və ali məktəbə qəbul olunmasına icazə də verirlər. Lakin həbs edilmiş İ.İ.Abdininin, Q.P.Bitotovun, K.K.Samrinın, K.A.Çuljanovun, İ.V.Toqdıninin və başqalarının verdikləri izahatlar KGB-nin Xakasiya Vilayət İdarəsində işləyən kapitan Xamariyə N.Q.Katanov haqqında П-11009 saylı cinayət işi açmasına imkan verir. Az sonra isə, yəni 1937-ci il  oktyabrın 21-də onu həbs edərək yenidən istintaqa başlayırlar. İstintaq o qədər də uzun sürmür. Çünki təşkilatın həbs edilmiş üzvləri fəaliyyətləri haqqında KQB müstəntiqlərinə lazım olduğundan da çox məlumat vermək məcburiyyətində qalmışdılar.

SSRİ Ali Məhkəməsinin Hərbi Kollegiyası 1938-ci il iyulun 13-də N.Q.Katanovu ən ağır cəzaya, ölüm hökmünə məhkum edir və hökm elə həmin gün də icra olunur.

Xakasiyalı araşdırıcıların bəziləri isə N.Q.Katanovun 1939-cu ildə həbsxanada (Политические... http://www.memorial.krsk.ru/Articles/Askiz/06.htm).öldüyünü yazır.

 

Sonuc

1926-cı il 26 fevral-5 martBakıda keçiriləcək Birinci Türkoloji Qurultaya Sovet rəhbərləri ciddi hazırlaşsa da onların içərisində böyük bir narahatlıq da vardı.Qorxurdular ki, Türkiyədən gələn nümayəndələrin sayı çox olsa onlar məntiqli və elmi çıxışları ilə nümayəndələrə təsir göstərərlər. Odur ki, qurultaya iki ay qalmış Türkiyənin Bakı konsulluğunun guya casusluqla məşğul olduğu haqqında cinayət işi başladılar.   ZSFSR Birləşmiş Dövlət Siyasi İdarəsi(«OQPU»/«ZakÇeka»)9 dekabr 1925-də bir neçə nəfəri həbs etdi və bununla da Moskva Türkiyə diplomatlarını gərginlik altında saxladı…(Tahirzadə Ə., 2005: 29 yanvar). Beləcə Türkiyədən gələn nümayəndələrin sayı minumum həddə çatdırıldı. Sibirdən gəlmiş müsəlman olmayan nümayəndələr isə Ərəb əlifbasının əleyhinə çıxış etməkdənsə öz xalqlarının problemlərini dilə gətirməyə üstünlük verdilər. 

Birinci Türkoloji Qurultayın stenoqrammasında Əli Yusifzadənin (1900-1938) adı yoxdur. 1926-cı il martın 8-də Azərbaycan Fovqəladə Komissiyasının (KQB) əməkdaşı Vasin belə bir əmr hazırlayır: “Mən Az.ÇK-nın gizli siyasi şöbəsinin müvəkkili Zak.ÇK-dan alınan qərara görə qərara aldım: ...vətəndaş Əhməd Hacınski, Əli Yusifzadə, Dadaş Həsənov əvvəlcədən evlərində axtarış aparılmaqla həbs edilsinlər və Az.ÇK-nın islah evinə salınsınlar”. Qərarda göstərilir ki, onu dəyişmək olmaz. (Qəhramanlı N., 2010:145). Buradan belə anlaşılır ki, həmin dövrdə Azərbaycanda rəhbər vəzifədə işləyənlər də, Dövlət Siyası İdarəsinin (sonralar bu təşkilat KQB kimi tanındı-Ə.Ş.) rəhbərləri də bu həbsi durdura, qərarı dəyişə bilməzdi.

Həbsxana sənədindən aydın olur ki, yuxarıda adı çəkilən üç nəfər martın 11-də Az.ÇK-nın islah evinə gətirilir. Maddi sübut kimi Əli Yusifzadənin evindən bir qovluq da sənəd götürülür. Vasinin Əli Yusifzadəyə aşağıdakı sualları verir:

1.    Siz nə vaxt, neçə nəfərə və hansı əsasla Türkoloji Qurultay keçirilən salona daxil olmağa sənəd veribsiniz?

2.    Siz Əhməd Hacınski və Dadaş Həsənova qurultayda iştirak etmək üçün bilet verib sinizmi?

3.    Siz xaricdən dəvət olunmuş alimlərin siyahısını haradan almısınız? (Qəhramanlı N., 2010:147).

Suallar xüsusi xidmət orqanlarının hansı məsələdə həssas olduğuna aydınlıq gətirir.

Birinci Türkoloji Qurultayın katibi olan Əli Yusifzadə 8 dil bilirdi, 1920-1923-cü illərdə Parisdə Ali Siyasi Elmlər Akademiyasında təhsil almışdı. Dövlət Siyasi İdarəsi 6 fevral-20 may 1924-cü ildə onu həbs edərək istintaq apardıqdan sonra dilindən iltizam kağızı alib həbsdən buraxıbmış. Lakin 1927-ci il fevralın 28-dək istintaqı başa çatdırıb 10 il həbs cəzası verir və  Şimal Buzlu okeandakı Solovki adalarına göndərirlər. Ə.yusifzadə Solovki adalarında SSRİ-də ilk dəfə siyasi məhbuslarının aclıq aksiyasının təşkilatçılarından olub. 1935-ci ilin yanvarında onu həbsdən azad etsələr də Azərbaycana dönməsinə icazə verməyib Özbəkistana göndərirlər. 1937-ci ildə Daşkənddə həbs edib, həmin ilin avqustun 18-də orada güllələyirlər (Şamil Əli, 2014:190).

  Qurultaydan sonra həbs olunan, istintaqa cəlb edilən təkcə Əli Yusifzadə Əhməd Hacınski və Dadaş Həsənov olmamışdır. Türkiyədən Azərbaycan ali məktəblərində dərs deməyə dəvət edilmiş İsmayıl Hikmət, Kırım tatalarından Bəkir Çobanzadə, Asan Sabri Ayvazov, qazax Ahmet  Baytursunov  və b. da KQB tərəfindən dindirilmişdir.

Biz hələlik Azərbaycanda yaşayan, Azərbaycan arxivlərində olan sənədlərin bir qismi ilə tanış ola bilmişik. SSRİ-nin başqa bölgələrində yaşayan qurultay iştirakçılarının hamısının istintaq materialları ilə tanış deyilik. Bildiyimiz odur ki, onlardan bir qrupu quraltaydan az sonra istintaqa cəlb olunub həbs edilərək Solovki adalarına gönrərilmişdir.

Qurultayı Sovet məmurları istədikləri kimi idarə edib, arzuladıqları qərarları qəbul etdirsələr də nəticə onların gözlədiyi kimi olmadı.  Ərəb əlifbası ləğv edilib əvəzində Türk xalqlarının  bir –birinin yazısını oxumasına əngəl olan əlifbalar qəbul edildi. Buna baxmayaraq toplantı milli düşüncəli insanlar arasında bir körpü rolu oynadı. Onların bir-bir ilə görüşüb fikir mübadiləsi etmələrinə şərait yaratdı. Nəticədə Birinci Türkoloji Qurulyatın iştirakcılarının bir qismi Vahid Türk Tatar Dövləti və Qərbi Sibir Türk Respublikası yaratmağa çalışdılar. Sovet hökuməti bu istəkdə olanların hamısını güllələsə də onların ideyaları yaşadı.

 

Qaynaqlar

 

1.      ERTAYLAN İsmail Hikmet.(1958). Azerbaycan’da Dört Buçuk Yıl, Dergi” dergisi (Münxen), sayı 13. http://www.trtazerbaycan.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=5a6b4ff5-542b-471b-bab1-f25ed4e510d4

2.         QƏHRƏMANLI Nazif. (2010). Vətən və istiqlal aşiqi Əli Yusif, “Avropa” nəşriyyatı, Bakı.

3.         ÖZDEMİR Emin. (2007). 20. yüzyilin baslarinda Kazakistan’da fikir hareketleri, (Doktora tezi), Gazi Üniversitesi Sosyalb İlimler Enstitüsü Tarih Anabilim Dali Türkiye Cumhuriyeti Tarihi Bilim Dali, Ankara.

4.      PİRMANOV Adilcan, KAPEYEVA Aycan. (1997).  Kazak  inteligetsiyası, Almatı, 68.

5.      ŞAMİL Əli.(2012).  Türk  Dünyasının Məşhurları-02:Nikolay Fyodroviç Katanov.http://ali-shamil.tr.gg/Nikolay-Katanov.htm,www.trtazerbaycan.comhttp://www.trtrussian.com/trtworld/az/newsDetail.aspx?HaberKodu=248a84d0-bcdc-4949-b1aa-0973da80b3da

6.      ŞAMİL Əli.(2012).  Türk Dünyasının Məşhurları-45:Nikolay Qavriloviç Katanov.http://ali-shamil.tr.gg/Nikolay-Qavrilovi%E7-Katanov.htm,www.trtazerbaycan.com http://www.trt.net.tr/trtworld/az/newsDetail.aspx?HaberKodu=d5d9765e-c127-4a37-b208-aa08f58c036d

7.      ŞAMİL Əli. (2012). Türk Dünyasının Məşhurları: Qeorqi İtıqini  http://ali-shamil.tr.gg/Qeorqi-%26%23304%3Bt%26%23305%3Bqin.htm, www.trtazerbaycan.comhttp://www.trtazerbaycan.com/az/newsDetail.aspx?HaberKodu=d231683c-6593-461d-ab6c-4f67e2710c11

8.      TAHIRZADƏ Ədalət, Türkoloji Qurultaya “ÇK” “hədiyyə”si, “525-ci qəzet”, 29 yanvar 2005, №18; 1 fevral, №19).

9.      Yoloğlu Güllü. Sibirin işğalı: Ruslaşdırma və xristianlaşdırma - Birinci hissə,

https://admiral.az/az/mobile/news/22543

10.  Yoloğlu Güllü. Sibirin işğalı: Ruslaşdırma və xristianlaşdırma – İkinci hissə, https://admiral.az/az/news/technology/26625/sibirin-ishgali-ruslashdirma-ve-xristianlashdirmaii-hisse#.WAnrZ_mLTIU

11.  1926-cı il I Bakı Türkoloji Qurultayı  (2006) (Stenoram materialları, bibloqrafiya və foto-sənədlər), Ruscadan tərcümə, ön söz və şərhlərin müəllifləri: professor Kamil Vəli Nərimanoğlu, Elmi işçi Əliheydər Atakişiyev. “Çinar-Çap” nəşriyyatı, Bakı.

Rus dilində

12.  ГЛАДЫШЕВСКИЙ Алексей.(2008).Союз тюрков Сибири, 29 Феврал,http://www.gorno-altaisk.ru/archive/2005/25/001.htm http://plimpa.livejournal.com/92830.html

13.  КИЛИЖЕКОВА М. Ф.(2009).  О трагической судьбе просветителя хакасского народа Николая Гавриловича Катанова
(1894-1939)​.
Толы Хоорай17 март. http://www.khakasia.com/forum/index.php?threads/Николай-Гаврилович-Катанов.276/

14.  Миссионерско-просветительская система Н. И. Ильминского,http://www.portal-missia.ru/node/531

15.       Политические репрессии в Аскизском районе Хакасии (1920 -1950). http://www.memorial.krsk.ru/Articles/Askiz/06.htm

16.  СОЛОВЬЕВА Татьяна. Семья Итыгиных и Барсугачевых, и их вклад в историю развития Красноярского края и Хакасииhttp://www.khakasia.com/forum/index.php?threads/Георгий-Игнатьевич-Итыгин.250/

17.  ТУГУЖЕКОВА В.Н., Карлов.(1998). С.В.. Репрессии в Хакасии, Абакан, г.http://www.memorial.krsk.ru/Articles/RepHak/3.htm

18.       ШАМИЛАли.(2014)."Известные и неизвестные страницы I -ой тюркологической конференции в г. Баку”, Ногайцы: XXI век. История. Язык.Культура. От истоков - к грядущему. Материалы Первой Международной научно-практической конференции. Черкесск, 14-16 мая 2014 г., стр.185-192.

19.  ШЕКШЕЕВ А.П.(2011). Власть и национальная политическая элита Хакасии: взаимоотношения в 1920-1930-е годы,Мир Евразии jurnalı, № 1,с.48-57.

20.  ШЕКШЕЕВ Александр.(2011) Хакасия: Непростое рождение республики, Xakasiya qəzeti,  15-18 мая   sayı (88, 89, 90).http://www.tuva.asia/news/ruregions/3426-hakasiya.html


 

Ali Shamil,          

Advisor of Foreign Relationship of director of Folklore

Institute of National Academy of Sciences of Azerbaijan

alishmail@yahoo.com

 

 

Abstract

 

Nikolai Katanov Feodor, the famous tukologist, the lover of monarchy, professor of Kazan University, modified the life of Nikolai Katanov Gavrilov, who was born at the village of Saraj in the proximity to the district of Askiz of Sibir on the 5th December of 1894. 

Nikolai Katanov Feodor cared about the education of Nikolai Katanov Gavrilov adoptioning him and giving his surname to him. 

Thanks to his uncle Nikolai graduated from the two-classes village school at the Askiz, and then continued his education at the religious seminary at the Krasnoyarsk. He was admitted to the Kharkov Novo Alexander Agricultural Institute, the most authoritative university of Russia. 

The progress of I World War, ПрогрессПервойМировойВойны, defeat of Russia, the forced occupation of government by Bolsheviks on the October of 1917 Росии, носильныйзахватвластибольшевиковвоктябре 1917-гогода deepened the confusion in the country. Both sides begun the military mobilization. N.G.Katanov, the   началивоеннуюмобилизацию. Н.Г.Катанов, a second year graduate was joined to the 29th regiment of Denikin.  

N.G.Katanov served to his nation all over his life. That’s why he was a member of the organization of Union of Sibir’s Turks and had done serious jobs there. This secret union disturbs the KGB and that’s why they arrested N.G.Katanov on the end of April of  1934. He was released. But KGB arrested him again on 21 April of 1937.  He was accused of associate ship of Union of Sibir’s Turks, with the diligence to structure of Western Sibir Republic.    в будучи членом Союза Сибирских Турков, усердием строением Западной Сибирской Республики. He was condemned to the most cruel punishment – with the capital punishment on 1st July of 1938. -гогода. The sentence was carried out the same day.

Key words: Nikolai Gavrilov Katanov, Union of Sibir’s Turks, Western Sibir Republic

 


 

Али Шамиль

советник директора по международным

связям Национальной Академии Наук

Азербайджана (НАНА)

НИКОЛАЙ КАТАНОВ: ХАКАС, УЧАСТНИК ПЕРВОГО ТУРКОЛОГИЧЕСКОГО КОНГРЕССА И КТО ХОТЕЛ СОЗДАВАТЬ ЗАПАДНУЮ СИБИРИСКОЕ ГОСУДАРСТВУ

 

Резюме

 

Николай Катанов Фёдорович, известный турколог, любитель монархии, профессор Казанского Университета определил жизненный путь Николая Гавриловича Катанова, родившийся в селе Саража возле посёлке Аскиза Сибири, в 5-го декабря 1894-го года. 

Он интересовался его воспитанием и учёбой усыновляя и давая свою фамилию.

Благодаря свою дядю Николай сначала закончил двух классную сельскую школу в Аскизе, потом продолжил учёбу свою в религиозном семинарии в Красноярске. В 1916-м году он поступил Харьковский Ново Александровский Сельскохозяйственный Институт, один из самых влиятельных вузов Росии.

ПрогрессПервой Мировой Войны, поражение Росии, носильный захват власти большевиков в октябре 1917-го года углубил путаницу в стране. Обе страны начали военную мобилизацию. Н.Г.Катанов, выпускник второго курса тоже включается в состав 29-го полка Деникина.    

Н.Г.Катанов всю жизнь обслужил своему народу. Поэтому он стал членом скрытой организации под названием «Союз Сибирских турков» и делает важные дела.  Эта скрытая организация беспокоит КГБ и поэтому его арестовывают в конце апреля в 1934-м году. Скоро его освобождают. Но КГБ снова арестовывает его в 21-го октября 1937-го года.  Он обвиняется в будучи членом Союза Сибирских Турков, усердием строением Западной Сибирской Республики. Он осуждается с самым жестоким наказанием – приговором смертной казни в 1-го июля 1938-го года. Приговор выполняется тот же день.

Ключевые слова: Николай Гаврилович Катанов, Союз Сибирских Турков, Западное Сибирская Республика

 

Çap olundu: Türkoloji Qurultayin iştirakçisi və Qərbi Sibir Türk Respublikası qurmaq istəyən, xakas Nikolay Katanov, Birinci Türkoloji Qurultay: görünən və görünməyən tərəflər(elmi sessiyanın materialları, Bakı şəhəri, 10 iyun, 2016), “Elm və təhsil” nəşriyyatı, 2016, səh.46-69.

 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol