Koroğlu dastanının təkrar nəşrinə ön söz

KOROĞLU” DASTANININ TƏKRAR NƏŞRİNƏ ÖN SÖZ

 

Unversiteti bitirəndə məni təyinatla “Şərq qapısı” qəzetındə işləməyə göndərdilər(1973-1992). Qəzet Kommunist partiyasının Naxçıvan vilayət komitəsinin orqanı idi. Buna görə də yazılar əsasən kommunist partiyasının göstəriş və qərarlarının yerinə yetirilməsi mövzusunda olurdu.

Mən kəndlərə kolxoz, sovxozlardan, kənd sovetlərindən, partiya təşkilatlarından, məktəblərdən yazmağa göndəriləndə imkan tapıb qocalardan, qarılardan, aşıqlardan  folklor nümunələri də toplayırdım. Aşıqlarla da tez-tez görüşürdüm. 1980-ci illərdə aşıq Həmid Ağamalıyev “Koroğlu” dastanından aşağıdakı gəraylını söylədi:

Bir qıznаn cəngə çıхdım,

Kəmənd аtıb tutdu məni.

Tаnrı qəzəbinə gəlmiş,

Bir yumruğахdı məni.

 

О, еlə bir qızıydı,

Özü mənnən хırsızıydı,

Yumruх vurmаğı аzıydı,

Diz аltında sıхdı məni.

 

Аtım аtınа yеtmədi,

Şеşbər аtdım tutmаdı,

Kоrоğlu gücü çаtmаdı,

Yаlvаrdım burахdı məni.

 

Аşıq Həmid 1925-ci ildə Ermənistan  SSR-nin Əzizbəyov rayonun-da anadan olmuşdu. Gənclik illərində Naxçıvana köçərək o zamankı İliç (indiki Şərur) rаyоnunun Təzəkənd kəndində yaşayırdı.  Şeirdən açıq-aydın görünürdü ki, Koroğlu  özündən də güclü bir qızla qarşılaşıb.

Aşıq Həmidi çox sorğu-suala tutsam da  əlavə bir bilgi ala bilmədim. Həmin illərdə məşhur olmayan bəstəkarların mahnısının efirdə səsləndirilməsinə, ekranda göstərilməsinə icazə verilmədikdə  çox vaxt xalq mahnısı adıyla oxuyurdular. Aşıqlar da bu metoddan istifadə edirdilər. Özlərinin şeirlərini  bəzən məşhur klassik aşıqların adına oxuyurdular. Aşıq Həmid də yaradıcı aşıqlarımızdan idi. Bəzən düşünürdüm ki, bu, Koroğlunun qızla görüşməsi haqqında dastanda qol olsaydı belə asanlıqla unudula bilməz. Yəqin Aşıq Həmid öz yazdığı gəraylını “Koroğlu” dastanından nümunə kimi çap etdirmək istəyir.

Sonralar həmin şeirin aşağıdakı variantına araşdırmaçılarımızın kitablarında rastlaşdım:

Yоlum düşdü Gürcüstаnа,

Dəli qız аrаdı, tutdu məni.

Tаnrı qəzəbinə gəlmiş,

Yumrıхnаn yıхdı məni.

 

Bilmirəm nеcə qızıydı?!

О dа mənnən хırsızıydı!

Yumruх vurmаğı аzıydı,

Diz аltındахdı məni.

 

Qılıncı vurdum tutmаdı,

Şеşbəri аtdım yеtmədi,

Kоrоğlunun gücü çаtmаdı,

Yаlvаrdım burахdı məni.

Mənim üçün qəti aydın oldu ki, gəraylını Aşıq Həmid qoşmayıb. “Şərq qapısı” qəzetində “Elimizin söz boğçası” səhifəsi açmışdıq. Ara-sıra çap olunan  səhifədə folklor nümunələri verirdik. Aşıq Həmidin söylədiyi  gəraylını jurnalis Əli Həsənov də yazıya almışdı. Onu “Elimizin söz boğçası”  səhifəsində çap etdik. Düşünürdüm ki, gəraylıyı oxuyanların yadına Koroğlunun qızla görüşü rəvayəti, qolu yada düşər və redaksiyaya göndərərlər. Böyük əzmlə Koroğlunun qızla qarşılaşması qolunu axtarmağa başladım. Lakin heç yerdə bir iz tapa bilmədim.

1990-cı ildə İran İslam Respublikasına gediş-gəliş başlandı. Mən də tez-tez İrana gedir, hər gedişimdə də folklor nümunələri toplamağa çalışır, xüsusən də “Koroğlunu bir yumruğa yıxan xırsız qız”la bağlı qolu axtarırdım.

Savənin Bəndəmir kəndində doğulub Tehranda vəkil işləyən və böl-gədən çoxlu folklor nümunələri toplayan Əli Kamali ilə görüşəndə də Aşıq Həmiddən eşitdiyim gəraylını yada saldım. Ondan bölgədən topla-dığı folklor nümünələri arasında “Koroğlunu bir yumruğa yıxan qız” haqqında rəvayət olub-olmadığını soruşdum. Mövzumuz çox uzandı. Nəticədə o, Koroğlu dastanı ilə bağlı topladığı bəzi qaynaqları mənə verdi.

Mənim üçün çətin olsa da Folklor İnstitutunun direktoru Hüseyn İsmayılovun təkidindən sonra Əli Kamalinin arxivindəki “Koroğlu” dastanını çapa hazırlamağa başladım. Qarşıya çıxan problemləri aradan qaldırmaq üçün filologiya elmləri namizədi Əfzələddin Əsgərlə bəzən saatlarla müzakirələr apardıq. Mətnin üzərində işi 2003-cü ildə başa çatdırsam da, dastan  kitab halında  2009-cu ildə  işıq üzü gördü[1].

Kitab çap olunduqdan sonra dövri mətbuatda haqqında maraqlı rəy-lər yazıldı.  “Koroğlu dastanı” (Əli Kamali arxivində) kitabını çağdaş Azərbaycan türkcəsinin orfoqrafiyasına uyğun çap etmişdik. Nəşrdən sonra bəzi yanlışlıqlara və uyğunsuzluqlara yol verdiyimizi gördük.

Aşıq Əliəkbər Qurbani dastanı Qəzvin türklərinin ləhcəsində danışdığından bəzi sözlərdə bizim alışdığımız, ədəbi dildə normal sayılan səslər eşidilmir.  Əvəzində səs uzadılır. Məsələn, bizim “şəhər” dediyimiz və yazdığımız sözü aşıq  [h] səsini işlətmədən, [ə] səsini isə uzadaraq deyir. Biz onu orfoqrafiyamıza uyğun olaraq “şər” səklində yazmışdıq.  “Şər” sözü də böhtan, iftira anlamında başa düşülür.   Bu da oxucunu çaşdırır. Ona görə də bu nəşrdə oxucunun asan başa düşməsi üçün “şəər” şəklində verməyi qərara aldıq. Həmçinin kövşən sözünü kööşən, gətirəm sözünü gəərəm, istəyirəm sözünü istiirəm və s.  kimi verməyi münasib salydıq.

Köhnə nəşrdə məhəlli sözlər, dialekt sözlərinin bəziləri ərəb və ya fars sözləri kimi izah edilməyə çalışılmış və ya ərəb-fars sözləri yanlış çevrilmişdir. İnstitutumuzun elmi işçisi Səkinə Qaybalıyeva kitabın söz-lüyü üzərində yenidən diqqətlə işləyərək bu yanlışlıqları aradan qaldır-mağa çalışmışdır.

Azərbaycanda kiril əlifbasından latın qrafikalı əlifbaya keçildikdə makina və bilgisayarların klavyaturaları Azərbaycanda işlədilən makina klavyaturalarına uyğun latın qrafikasına uyğunlaşdırılmışdı. Bu da mətnləri internetdə yerləşdirərkən və ya internetlə başqa bir yerə göndərərkən çoxlu dolaşıqlıq  yaradırdı. Bəzən bu dolaşıqlıq o qədər çox olurdu ki, mətn  oxunmaz hala gəlirdi. Azərbaycanda bu nöqsanı aradan qaldırmaq üçün klavyatura rəsmi surətdə “Times New Roman” şrifti əsasında quruldu.

“Koroğlu dastanı” (Əli Kamali arxivindəki variantlar) kitabı müxtə-lif şriftlərlə yığıldığından onu internet saytlarında yerləşdirmək problem yaradırdı. Bu problemi aradan qaldırmaq üçün kitabın mətnini “conver-tor” proqramıyla “Times New Roman” şriftinə keçirdik. Nəticədə “j” hər-fi gah “c”, gah “y” kimi; “ö” hərfi “ğ” və ya “ü”  kimi görünməyə başla-dı. Dolaşıqlığın qarşısını almaq üçün  Səkinə Qaybalıyeva Gülnar Mirzə-yeva ilə birlikdə kitabı yenidən diqqətlə oxuyaraq səhvlərini də aradan qaldırdılar.  Bilgisayar variantının yenidən işlənməsində Aysel Cəfərova da yaxından iştirak etmişdir. Kitabın təkrar nəşrini hazırlayarkən bizə yardımçı olanlara minnətdarlığımızı bildiririk.

 Əli Şamil

Çap olundu: “Koroğlu” dastaninin(Əli Kamali arxivindəki variantları)  təkrar nəşrinə ön söz, Azərbaycan folkloru küllüyütı XIV cild, Dastanlat IV kitab, Bakı,  2009-cu il,səh.7-10

 

[1] Koroğlu dastanı(Əli Kamali arxivindəki variantlar). “Koroğlu” dastanının Əli Kamali arxivindəki variantlari.(Ön söz.) “Nurlan” nəşriyyatı,Bakı- 2009, səh.396. 

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol