Redaktorlardan

REDAKTORLARDAN

 Azərbaycanın quzeyində, Rusiya Fedarasiyasının tər­ki­bin­dəki Dağıstan Respublikasında yaşayan 30-dan çox xalq və et­nik qrupdan biri də qumuqlardır. Onların adı Azərbaycan türkcə­sin­də qu­muq, Türkiyə türkcəsində kumuk, rus dilində кумы́к, in­­gi­lis dilində kumyk, farscada كوموك kimi, özləri isə къумукъ yazırlar.

1939-cu ildə SSRİ-də yaşayan müsəlman xalqları üçün kiril qrafikası əsasında yeni əlifbalar hazırlandı. Bu da türk xalq­larının bir birinin yazısını oxumasını oxumasını çətinləş­dir­di. Qumuqların istifadə etdikləri ki­ril qrafikalı əlifbalarında “k” və “kъ” hərfləri var. Qumuq sözü də “къ” hərfi ilə yazılır. Bu hərf Azər­baycan türkçəsində [ka] səsinə uyğundur.

Qumuqlar toplu halda yalnız Dağıstanda deyil, Alaniya (Qu­­zey Osetiya) Respublikasının Qı­zıl­yar, Kiçik Yurd, Kiçik Mal­­qobəy, İçkeriya (Çeçenistan) Res­publikasının Borağan, Bam­­matyurd, İstisu kənd və qəsəbə­lə­rin­də, eləcə də Türkiyə Cüm­huriyətində yaşayırlar. Gəlmə rusları nəzərə almasaq, Qu­muqlar əha­li­nin sayına görə Çeçenistanda ikinci, Alani­ya (Qu­zey Osetiya) Respublikasında osetinlərdən (alanlar), inquş­lardan və ermənilərdən sonrakı yer­dədirlər.

Bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra xalqlara azad­lıq verəcəklərini vəd etsələr də çar Rusiyasının sərhədlərini bər­pa etməyə başladılar. Qumuqlar yaşayan bölgəni də üç muxtar res­publika arasında böldülər. Beləcə onların eyni mərkəzdən ida­rə olunmasını, mədəniyyətlərinin, ədəbiyyatlarının, təhsil ocaq­larının eyni yerəd idarə olunmasını əngəlləmiş oldular. Ha­zırda Rusiya Federasiyasıında yaşayan qumuqların sayı 503,1 mi­ni keçir. Onun da 431,7 mini Dağıstan Res­pub­li­kasında ya­şa­yır. (https://ru.wikipedia.org/wiki/Кумы ки).

Çar Rusiyası Quzey Qafqazı və Dağıstanı işğal etdikdən son­ra müstəmləkəçilərə boyun əyməyən qumuqları sür­gün etmə­yə və köçürməyə başlayır. 18-ci yüzillikdə qumuqların ailəliklə Osmanlı dövlətinə köçü təkəmseyrək idisə də, 19-cu yüzildən kütləviləşməyə başladı. 19-cu yüzlliyin 60-cı illərində Şeyx Şa­milin rəhbərlik etdiyi müridizm hərəkatı çar Rusiyası tərəfindən qəddarlıqla yatırıldıqdan sonra Quzey Qaf­qaz xalqlarının bir ço­xu kimi qumuqlar da top­lu köçürülməyə başladı. Osmanlı döv­lə­tinə köçürülən qumuqların şə­hər­lərdə yerləşənlərəri dil, din, adət-ənənə yaxınlığına görə yerli əhali ilə qaynayıb-qarışaraq as­si­milə olundular. Üçqozən, Quşoturağı, Yavu, Ataköy, Doğan, Əzi­­zə, Keyikkırı kəndlərində yaşayanlar isə dillərini, adət-ənə­nə­lərini qoruyub saxlaya bildilər.

Çar Rusiyası və Sovetlər Birliyi zamanında minlərlə qu­muq ailəsi Sibirə və Türküstana (Qazaxıstan, Qırğızıstan, Öz­bə­kis­­tan, Tacikistan və Türkmənistan) sürgün edilsələr də, orada kənd salıb toplu halda yaşamalarına imkan verilmədi.

Bolşeviklər 1917-ci il oktyabrın 25-də (yeni təq­vim­lə no­yabrın 7-də) silah gücünə hakimiyyəti ələ aldıqdan son­ra Rusiya ərazisindəki xalqları öz tərəfinə çəkmək üçün onlar öz dil­lərində məktəb, teatr açmalarına, qəzet və jurnallar, kitablar nəşr etmə­lərinə icazə vermişdi.

Quzey Qafqazda yaşayan çeçenlər, kabardinlər, osetinlər, inquşlar, qaraçaylar, balkarlar, abxazlar, çərkəzlər üçün muxtar respublika yaradılmışdı. Bölgədə qumuqların sayı çeçenlərdən az olsa da kabardin və osetinlərlə təxminən eyni sayda, inquşlar, qaraçaylar, balkarlar, abxazlar və çərkəzlərdən çox olsalar da, qu­­­muqlar üçün nəinki muxtar respubulika, muxtar vilayət, heç milli mahal da yaradılmamışdır. Əslində bolşeviklərin demo­kra­tik gö­rü­nən bu hüquqların arxasında müstəmləkəçilərin “Parça­la, hökm sür!” siyasəti dururdu.

1920-ci illərdə qumuqların (eləcə də Dağıstanda yaşayan avar­ların, ləzgilərin, darginlərin, tatların və b.) milli kadrlar və ki­­tab, qəzet-jurnal nəşr etmək üçün mad­di-texniki imkanları ye­tərincə olmadığından onlar üçün Bakıdakı ali məktəblərdə, tex­nikumlarda xüsusi kurslar açılmış, gənc­lə­rin burada təhsil alma­larına şərait yaradılmışdı. Həm də onların kitablarının, qəzet və jurnallarının bir qismini Bakıdakı 3-cü “İn­ternasional” mətbəə­sində nəşr etdirirdi.

Da­ğıstan xalqları yüzillər boyu azərbaycanlılarla eyni mə­dəni mühitdə yaşadıqlarından bir-birləri ilə sıx bağlı idilər. Ru­siya bölgəni işğal etdikdən sonra bu bağların qırılması üçün müx­təlif tədbirlər planlaşdırılıb həyata keçirdi. Sovetlər Birliyi dönəmində isə çar Rusiyasını planlaşdırdığı və tam həyata ke­çirə bilmədiyi məsələləri, beynəlmiləlçilik, qardaşlıq, bərabərlik, sosial ədalət və s. şüarlarla qısa müddətdə həyata keçirdi.

Belə ki, 1920-ci illərdə Dağıstan xalqlarının öndərlərindən bir qrupu Moskvanın uzaq olduğunu, bölgənin iqtisadi, mədəni baxımdan Azərbaycanla sıx bağlı olduğunu əsas götürərək Da­ğıs­tan Mux­tar Sovet Sosialist Respublikasının Rusiya Fedarasi­yasının tərkibindən çıxarılaraq Azərbaycan Sovet Sosialist Res­publikasının tər­kibin­ə verilməsini istədilər. Sözdə çarizmin ye­ritdiyi müstəmlə­kə­çilik siyasətinə düşmən olduğunu elan edən, əməldə isə ve­li­ko­rus siyasətini davam etdirən bolşevik hakimiy­yətini bu məsələ ciddi nara­hat etdi. Milli və di­ni ruhlu kadrları sıxışdırmağa, Azərbaycandan Dağıstana iş­ləməyə göndərilənlər bölgədən sürgün edildi. Bu da Dağıstan xalqlarının, xü­susən də qumuqların təhsilinin, mədəniyyətinin inkişafına, folklorunun top­lanmasına ağır zərbə vurdu.

Qumuqların soykökünü araşdıran A.Acıyev yazır ki, bu gün­kü qumuq xalqının formalaşmasında hunlar, savirlər (sa­bir­lər), barsillər, bulqarlar, xəzərlər, qıpçaqlar və b. türk tayfaları iş­tirak etmişlər. Azərbaycan tarixinə nəzər sal­saq həmin tay­faların Azərbaycan türklərinin soykökünün for­ma­laşmasında də iştirak etdiyini görərik.

 Azər­baycan və qumuq türkləri yüzilliklər boyu eyni döv­lətlərin tər­kibində yaşamışlar. Müxtəlif dövrlərdə baş verən sa­vaşlarla, ic­timai-siyasi vəziyyətlə əlaqədar onlar ayrı-ayrı döv­lət­lərin tər­ki­bində yaşasalar da aralarındakı mədəni, iqtisadi əlaqələr kə­sil­mə­mişdir. Hər iki xalqın soykökündə eyni türk tayfaları iştirak edib­sə, eyni dinə inanıblarsa, eyni dövlətin tər­kibində yaşayıb­lar­sa demək onların mədəniyyətlərində, dillərin­də, folklorunda da bir oxşarlığın olması təbiidir.

Azərbaycan türkcəsini oğuz qrupuna daxil edən araş­dı­rı­cı­lar burada qıpçaq elementinin də güçlü olduğunu, qıpçaq qru­pu­na daxil olan qumuq türkçəsində də oğuz ünsürünün güclü ol­du­ğunu yazırlar. Dağıstanda yaşayan tərəkəmələr haqqında S.Hacı­yeva qaynaqlara da­ya­na­raq olduqca də­yər­li əsər ortaya qoymuş­dur. (Гаджиева, 1961). 1920-ci illərdən sonra aparılan siyasət nə­ticəsində tə­rə­kə­mə­lə­rin bir qisminin qumuq, bir qis­minin isə azərbaycanlı kimi qeyd edilməyə başlanmışdı. İbtidai təh­silini qu­muqca alan tərəkəmələr qumuqlarla qaynayıb-qa­rış­mış, Azər­baycan türkcəsində təhsil alanlar isə azərbaycanlı kimi ta­nı­dıl­mışdır.

Dediklərimizə misal olaraq Rəsul Rəsulovu göstərə bi­lə­rik. Azərbaycan türkü olan Rəsul Mirzə oğlu Rəsulovun adı (1912, Teymurxanşura şəhəri-1977) qumuq nasirləri arasında ilk sırada çəkilir. Rəsul Rəsulov orta məktəbi Azərbaycan türkcə­sin­də bi­tirmişdir. Buna görə də Azərbaycanda gedən ədəbi pro­sesləri diq­qətlə izləmiş, onun içərisində olmuşdur.

Azərbaycanın məşhur şairi Seyid Əzim Şirvani də 10 il qu­muq kəndi Axsayda (Yaxsay) yaşayıb, mədrəsə təhsili aldıq­dan sonra doğulub boya-başa çatdığı Şamaxı şəhərinə qayıdıb. O, bir neçə Doğu məmləkətlərini gəzib, biliyini və dünyagö­rü­şünü artırdıqdan sonra və­tənə dönmüş xalqını maarifləndirməyə çalışmışdır. Nə yazıq ki, cahil həmvətənlilərinin nadanlığında öm­rünü faciəli şəkildə başa vurmuşdur.

Azərbaycanın məşhur şairlərindən Almas İldırımın (1907-1952), Maqsud Şeyxzadənin (1908-1967) də ömürlərinin mü­əy­yən dövrləri Dağıstanla bağlı olmuşdur. Dağıstandan Azər­bay­ca­na gələn və burada yaşayan qumuqlar yerli xalqlarla elə qay­na­yıb qarışmışlar ki, illər keçəndən sonra onların qumuq olduğu unudu­lmuşdur. Bu qaynayıb-qarışma hər iki xalqın folkloruna öz tə­sirini göstərməyə bilməzdi.

1930-cu illərdə “pantürkizmə qarşı mübarizə” adı altında SSRİ-nin hər yerində olduğu kimi Dağıstanda da ay­dınlara təzyiq və təqiblər başladı. Qumuqların barmaqla sayıla biləcək araşdırcılar, eləcə də yeni yetişməkdə olan aydınları 1937-ci il repressiyasının qurbanı oldu. Dağıstanda yaşayan xalqlar ara­sında ünsiyyət dili olan və rəsmi qanunlarla təsdiq edilən qumuq dili planlı şəkildə rus dili ilə əvəzləndi. İkinci Dünya Savaşında minlərlə azərbaycanlı və qumuq gəncinin ölümü, şikəst olması Azərbaycanda qumuq folklorunun, mədəniy­yə­tinin, ədəbiyya­tının öyrənilməsinə ağır zərbə vurdu.

Sovet İttifaqı Kommunist Partiyasının 1956-cı ildə ke­çi­ri­lən 20-ci qurultayında rejimin bütün günahları İosif Stalinin adı­na yazıldı. İosif Stalinə qarşı hökumətin apardığı “şəxsiyyətə pə­rəs­tiş” kampaniyası ölkədəki sərt rejimdə bir yumşalma ab-havası ya­ratdı. Bundan istifadə edən Azərbaycan aydınları 1959-cu ildə “Da­ğıstan ədəbiyyatı antologiyası” kitabının nəşr etdilr. Kitab folklora həsr edilməsə də, oradakı nəsr və nəzm nü­mu­nələrində Dağıstanda yaşayan xalqların folklorundan istifadə edilmişdi.

“Da­ğıstan ədəbiyyatı antologiyası” kitabının nəşri Azər­baycanla Dağıstan arasındakı ənənəvi ədəbi, mədəni əlaqələrin yenidən dirçəldilməsinə bir cəhd idi. Lakin Moskvanın gizli göstərişləri xalqlar arasındakı birbaşa əlaqələri zəiflətdi.

Sovetlər Birliyinin əsarətində olan xalqların birbaşa ədəbi-mədəni əlaqələr qurması məhdudlaşdırıldı. Əsasən həmin xalq­ların rus dilinə çevrilmiş əsərlərinin ana dillərinə çevirməsinə icazə verildi. Kitabların nəşrinin planlaşdırılmasına Moskvadan nəzarət edildiyindən Azərbaycanda da qumuqların, özbəklərin, qazax-qırğızların, tatar-başqırdların, türkmənlərin və b. türk xalq­larının folklor mətnlərinin, ədəbi-bədii əsərlərinin orijinal­dan tərcüməsi arxa plana keçdi. Öz inadkarlıqları ilə bu işlə məşğul olan müəlliflərin sayı da azaldı.

Sovetlər Birliyi çökdükdən sonra soykökümüzü araş­dı­ranların sayı surətlə artdı. Mətbuat üzərində nəzarət götürül­dü­yün­dən, yeni qə­zet və jurnallar nəşr edildiyindən türk xalqları haqqında ya­zan müəlliflərin çoxaldı. Onların böyük əksəriyyəti peşəkar mütəxəssislər deyil, həvəskarlar idi. Ona görə də ya­zı­lar­da bir pafos, elmi yanaşmadan, qaynaqlardan uzaqlıq hiss edi­lirdi. Bu kimi nöqsanlar baxmayaraq mövzunun gündəmə gəl­məsində həmin müəlliflərin rolu böyük oldu. Azərbaycan mət­buatında qu­muq­lar, onların tarixi, bugünkü mübarizəsi haqqında məqalələr ya­zıl­dı, radio və televiziya verilişləri hazırlandı.

Beləcə yeni bir mərhələnin başlanğıcı qoyulmuş oldu. Azər­baycanda nəinki türk xalqlarının, eləcə də dünya xalqlarının ədəbiyyatının orijinaldan çevrilməsində bir dirçəliş başladı. Gənc araşdırıcılar qonşumuz olan, eləcə də eyni soydan oldu­ğumuz xalqların tarixi, ədəbiyyatı, mədəniyyəti ilə bağlı yeni araş­­dırmalar aparmağa, məqalələr, kitablar yazılmağa başladı.

Azərbaycan MEA Folklor İnsititutunda da istər respub­likamızda yaşayan azsaylı xalqların və etnik qrupların, istərsə də qonşu xalqların folklorunun toplanması, nəşri və araşdırılması planlaşdırıldı.

Aynur Qəzənfərqızının “Azərbaycan-qumuq folklor əlaqə­ləri” əsəri də bu yöndə atılan ilk addımlardandır. Filologiya elm­lər üzrə fəlsəfə doktoru elmi adı almaq üçün yazılmış disser­tasiya əsasında hazırlanmış monoqrafiya Azərbaycan-qumuq ədəbi-mədəni əlaqələrini öyrənmək baxımından dəyərli olsa da qüsurları da yox deyil. Bu qüsurlarına baxmayaraq monoqrafiya Azərbaycan folklorunu, mədəniyyətini türksoylu xalqların mə­dəniyyət konteksində öyrənmək istəyən araşdırıcılar üçün mənbə rolunu oynayacaqdır.

Arzu edərdik ki, AMEA Folklor İnstitunda bu iş geniş­lən­di­rilsin, Azərbaycan folklorunun türksoylu xalqların, eləcə də qon­şumuzda yaşayan avar, ləzgi, dargin, osetin, kabardin, çeçen və b. xalqların folkloru ilə müqaisəli öyrənilməsinə diqqət artırılsın.

Əli  ŞAMİL

Afaq  XÜRRƏMQIZI

Çap olundu: Redaktorlardan, Aynur Qəzənfərqizi. Azərbaycan-qumuq folklor əlaqələri, Bakı: “Elm və təhsil” nəşriyyatı, 2018, səh. 5-10.

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol