Qumuq ədəbiyyatı dünən və bu gün

QUMUQ TÜRKLƏRİ ƏDƏBİYYATININ DÜNƏNİ VƏ BU GÜNÜ

Əli Şamil Hüseyn oğlu

                                                                                 Bakı

 Özət: XIX yüzilədək qaynaqlarda qumuq ədəbiyyatı ifadə­sinə rast gəlmirik. Rusiya Qafqazı müstəmləkəsinə çevirəndən sonra hakimiyyətini möhkəmləndirmək naminə xalqları böl­mək, bir-birindən ayırmaq üçün bir çox “tələlər” qurdu. Bu məqsədlə yüzillər boyu yazılı ədəbiyyatı bir olan türklərin də hər bölgəsi, hər tayfası üçün yeni ədəbi dil, ədəbiyyat tarixi, tarix yaradıldı.

Mahammat Apendi (Əfəndi) Osmanovun 1883-cü ildə Sankt-Peterburqda yayımlatdığı Ногайские и кумыкские текс­ты (Сборник ногайских и кумыкских песен, преданий, пого­ворок, пословиц)” qumuq ləhcəsində ilk kitab sayılır. Qu­muqlardan toplanmış “Minkullnun yiri”, Şumer dastanı “Bil­qa­mıs”ı, “Engiligim, Sengiligim, eşikni ac!” nağılı yenə də şu­mer­lərin keçinin qurdla (və ya keçinin şirlə) savaşını, “Bozoğlan” nağılı “Kitabi-Dədə Qorqud”dakı “Bamsı Beyrək” boyunu, “Cavat biy” yırındakı qəhrəmanın ölüm mələyi Əz­rail­lə sa­vaş­ması “Kitabi-Dədə Qorqud”dakı Dəli Domrulu ya­da salır. “Ko­roğlu” nağılı “Koroğlu” dastanını xatırladır. Bu cür oxşar­lıqlar yalnız folklorda deyil, yazılı ədəbiyyatda da çoxdur.

Son illərdə qumuq yazılı ədəbiyyatının tarixini XV yüzildə yaşamış Kamal Ummu Nuri ilə başlayırlar. Onun yayımlanmış şeirləri isə günümüzün qumuq türkcəsindəkindən çox Azər­bay­can və Türkiyə türkcələrinə yaxındır. Araşdırıcıların bəziləri isə daha cəsarətli hərəkət edərək qumuqların ədəbiyyatını və tarixini şumerlərdən başlayırlar. Beləcə qumuqlar arasında ümumtürk ədəbi abidələrini ədəbiyyat tarixlərinə daxil etmək və onu öyrənmək meyli gündən-günə artır.

Rus-Sovet müstəmləkəçiləri 150 ildə qumuq dili, qumuq ədə­biyyatı yaratmağa çalışsalar da qumuqlardan toplanmış folk­­lor örnəkləri, hətta günümüzün qumuq yazıçılarının əsər­ləri bizim­kilərdən ləhcəsinə görə fərqlənir. Düşüncə, üslub, möv­zu, söz­lük etibarı ilə isə onlar ümumtürk ədəbiyyatının bir parçasıdır.

Məqalədə Ummu Kamal (XV yüzil), Abdulrahman Atlıbo­yunlu (XIX yüzil), Yırçı Kazak (1830-79), Mahammat Apendi Osmanov (1838-1904), Abusupiyan Akayev (1872-1931), Ma­nay Alibekov (1861-1920), Nuhay (1865-1919) və Zeynalabid (1865-1919) Batırmurzayevlər, Abdulla Mahammadov (1864-1937), Temirbolat Biybolatov (1879-1942), Nabi Xanmur­zayev (1893-1950), Bahautdin Astemirov (1898-1967), Alim­paşa Salavatov (1901-42), Abdulvahab Suleymanov (1909-95), Yusup Qereyev (1903-1941), Atqay Acamatov (1910-98), Ka­mil Sultan (1911-2002), Rəsul Rəsulov (1912-77), Anvar Ha­jıyev (1914-92), İbrahim Kerimov (1922), Mahammadsoltan Yahiyayev (1923-2007), Srajdin Tokbolatov (1923), Şarip Ali­beriyev (1926), Abdulla Abakarov(1928), Abdulmejit Məjidov (1936), Mahammatşapi Minatullayev (1937), Mahammat Ata­bayev (1938), Mahammatnabi Xalilov (1941), Badrutdin Mu­hammadov (1943), Şeyit Xanım Alişeva (1949), Atav Atayev (1949), Jeminat Kerimova (1949), Bahavutdin Hacıyev (1950), Supiyan Mamayeva (1958), Abdulkerim Zalimxanov, Nabiulla Mahammadov və b. qumuq ədiblərinin ömür yolundan və ya­radıcılığından söz açılır.

 

Açar sözlər: Qumuq və Azərbaycan türklərinin ədəbiyyatı, Minkullunun yırı, “Bozoğlan” nağılı, ümumtürk ədəbiyyatı.

 


Giriş

 Qumuq sözünə rast gəlinən ilk qaynaq Mahmud Kaşğarinin “Divan-i Luğat it-Türk” əsəridir. Lüğət müəllifi bu sözü “Bir zaman yanında olduğum bəylərdən birinin adı” kimi izah edir. Qumuqların yayılma arealı noqaylar, tatarlar, qazax­lar kimi geniş deyil. Toplu halda Azərbaycanın quzeyində, yə­ni Rusiya Federasiyasının Dağıstan Respublikasında, az qismi isə qonşu İçkeriya (Çeçen), İnquş, Quzey Osetiya Respublikala­rında və Türkiyənin Üçqozen, Kuşoturağı, Yavu, Ataköy, Do­qan, Azize, Keyikqırı kəndlərində (Xalipaeva İ., 1993:82) ya­şayırlar. 2002-ci ilin siyahıyaalmasında Rusiya Federasiya­sın­da qumuqların sayının 425 min nəfərə, onlardan 365,8 min nəfərinin Dağıstanda, 12 min nəfərinin İçkeriyada (Çeçenistan), 15 min nəfərinin Quzey Osetiyanın Mazdok rayonunda toplu halda, qalanının Rusiya Federasiyasının müxtəlif bölgələrində da­ğınıq halda yaşadığı göstərilir. Türkiyədə də 10 min nəfərdən çox qumuğun yaşadığını yazırlar.

İnternet saytlarında isə qumuqların sayı yarım milyondan çox göstərilir. Əksəriyyəti rus dilini ana dili kimi bilsə də, bu dildən ictimai yerlərdə, hökumət idarələrində ünsiyyət vasitəsi kimi istifadə etsə də, öz aralarında ana dilində danışmağa üs­tünlük verirlər.

Qumuqların yaşadığı Dağıstan Respublikası sanki bir xalq­lar, dillər muzeyidir. Orta yüzilliyin ərəb səyyah və coğra­fi­yaçıları da buranı „cebel-ül elsan“, yəni dillərin dağı, çox ellər yaşayan dağ adlandırmışlar. Burada radiolar hər səhər 33 dildə yerli xalqları salamlamaqla verilişlərinə başlayır. Bu isə orada yaşayan xalqların və etnik qrupların hamısı demək deyil. Rəsmi qəzet-jurnallar, kitablar isə əsasən 14 dildə-qumuqların, noqayların, avarların, darginlərin, ləzgilərin, lakların, Azərbay­can türklərinin, tabasaranlıların, saxurların, rutulların, aqul­la­rın, tatların, çeçenlərin, rusların dilində nəşr olunur. Ümum­təhsil məktəblərində 14 dildə dərs keçilir. Bu dildən biri də qumuq dilidir. Bölgənin ən qədim xalqlarından biri olmasına baxmayaraq müasir qumuq ədəbiyyatı XIX yüzildən formalaş­mağa başlamışdır. Çünki qədim dövrlərdən ta XX yüzilədək nəinki türksoylu qumuqlar, hətta bölgədəki türk olmayan, fərqli dil ailələrinə daxil olan xalqlar belə türk dilindən ümumi ünsiyyət vasitəsi kimi istifadə etmişlər. 1937-ci ilədək qumuq dili Dağıstanda rəsmi dövlət dili sayılırdı.

 Qumuq şairlərinin yazdıqları şeirlər Azərbaycanda da, Kırımda da, Kazanda da, Türkmənistanda da, Özbəkistanda da tərcüməsiz başa düşülmüşdü.

Rusiya işğal etdiyi ərazilərdə hakimiyyətini uzunömürlü etmək üçün “Parçala, hökm sür!” siyasəti yeritmiş, türk xalq­larını bir-birindən ayırmaq üçün az qala hər tayfadan bir xalq yaratmağa çalışmışdı. Yüzillər boyu yazılı ədəbiyyatı bir olan türklərin də hər bölgəsi, hər tayfası üçün yeni ədəbi dil, ədə­biyyat tarixi, tarix yaradılmışdı. Əslində bu türk xalqlarını bir-birindən ayırmaq siyasəti olsa da onlarda milli şüurun inkişa­fına da təkan vermişdi.

1917-ci ildə çar Rusiyasında son həddə çatan daxili qovğa­lar 300 illik Romanovlar sülaləsinin hakimiyyətdən uzaqlaş­dırılması ilə nəticələnmişdi. Fevralda Kerenskinin başçılığı ilə yeni yaradılmış Müvəqqəti Hökumətin 1917-ci ilin oktyabrın 25-də (yeni təqvimlə noyabrın 7-də) bolşeviklərin silah gücünə hakimiyyətdən uzaqlaşdırması vəziyyəti daha da gərginləşdir­mişdir. Bu qarışıqlıqdan istifadə edən əsarət altına alınmış xalqlar azadlıqlarına nail olmaq istəmişlər. Osmanlı dövlə­tin­dən dəstək alan Quzey Qafqaz xalqları da 1918-ci il mayın 11-də müstəqilliklərini elan edib, yeni bir dövlət qurur. Bu çox­dilli xalqlardan qurulmuş dövlətin rəsmi dili qumuq dili olduğu elan edilir. Mudros anlaşmasına görə Antantaya məğlub ol­muş Osmanlı dövləti əsgəri birliklərini Qafqazdan çəkmək məc­buriyyətində qalır. Dəstəksiz qalan gənc dövləti yenidən Rusiya işğal edir.

Bolşeviklər bölgədə öz dayaqlarını möhkəmlətmək üçün çar Rusiyasından fərqli olaraq yerli xalqlara bir sıra güzəştlər edir. Onlara ana dillərində məktəblər, qəzet-jurnallar açmaqla yanaşı, sözdə müstəqil görünən dövlət qurumlarını yaratmağa imkan verir. Beləcə Quzey Qafqazda Dağıstan, Çeçen-İnquş, Qaraçay-Çərkəz, Kabarda-Balkar muxtar qurumları yaranır.

Türk dilinin qıpçaq qrupuna daxil olan qumuq dili üç ağıza (şivəyə) - buynak, xasavyurt və qaytaq ağızlarına bölünür. Araş­dırıcıların fikrincə, ədəbi əsərlər buynak-xasavyurt ağızı (şivəsi) əsasında yazılır (Dünya xalqları, 1998:106, İsayev M., 1970:91). Yüzillər boyu ərəb qrafikalı əlifbadan istifadə edən qumuqlar Sovetlər Birliyində yaşayan əksər türk xalqları kimi 1929-cu ildən latın qrafikalı əlifbaya keçdilər. Lakin bu, uzun sürmədi. Onlar üçün də 1938-ci ildə kiril qrafikası ilə əlifba yaratdılar. Bu əlifbada 38 hərf var. Türk xalqlarının əksəriyyətinin danışarkən eyni cür səsləndirdikləri səslər fərqli işarələrlə göstərildiyindən onlar bir-birlərinin yazılarını rahat oxuya bilmirlər.

 

1. Şifahi xalq ədəbiyyatı

Mahammat apendi (əfəndi) Osmanovun 1883-cü ildə Pe­terburqda çap etdirdiyi kitaba noqaylardan və qumuqlardan top­lanmış folklor nümunələrini və yazarı bəlli olan şeirlər daxil etmişdir. Sankt-Peterburq Universitetinin Şərqşünaslıq fakültə­sində 1880-ci illərədək türk dili dərsi deyən M.E.Osmanov  “Ногайские и кумыкские тексты (Сборник ногайских и ку­мыкских песен, преданий, поговорок, пословиц)„ kitabını dərslik kimi çap etdirmişdir. Tələbələr ondan “Oxu kitabı” qismin­də istifadə etmişlər.

Altay dilləri nəzəriyyəsinin qurucusu Q.J.Ramsted Quzey Qafqazda qumuq türkcəsinin geniş yayılmasının, qonşu xalqlar arasında ünsiyyət vasitəsinə çevrilməsinin səbəblərini öyrən­mək üçün 1904-cü ilin sonlarında Dağıstana gəlir. O, burada qumuq ləhcəsinə, ədəbiyyatına, folkloruna və etnoqrafiyasına dair materiallar toplayaraq araşdırmalar aparır. Çox təəssüf ki, onun topladığı mətnlər zamanında çap olunmadığından uzun illər elmi araşdırmalardan kənarda qalır. Nə yaxşı ki, professor Emine Gürsoy-Naskali bu məsələyə diqqət yetirərək, 1991-ci ildə həmin mətnləri Helsinkidə ingiliscəyə tərcümələri ilə birlikdə çap etdirmişdir (Pekacar Çetin, 2003:319-340, 4-cü cild).

Q.J.Ramsted qumuq türkcəsinə təsadüfən belə önəm ver­məmişdir. 1918-ci ildə keçirilən Quzey Qafqaz xalqlarının milli qurultaylarında qumuq türkcəsi dağlı xalqları adlandırılan 50-ə yaxın xalqın və etnik qrupun ortaq dil kimi qəbul edilmişdi.

Professor Bəkir Çobanzadə 1926-cı ildə Bakıda qumuq dili və ədəbiyyatından bəhs edən silsilə məqalələr yazaraq onların bir qismini jurnallarda çap etdirmişdir (Çobanzadə Bəkir, 1925:29-31, sayı, 3). Az sonra bu məqalələri Azərbaycan Təd­qiq və Tətəbbö Cəmiyyətinin nəşriyyatında ərəb qrafikalı əlif­ba ilə kitab kimi çap etdirmişdir (Çobanzadə Bəkir, 1926). „Qu­muq dili və ədəbiyyatı tədqiqləri„ adlı 105 səhifəlik bu kitab olduqca yüksək elmi dəyərə sahibdir. Uzun müddət qumuq dili və ədəbiyyatı haqqında bu səviyyədə əsər ortaya qoyulmamışdır.

Azərbaycanın mühacirətdə olan ictimai-siyasi xadimi və elm adamı Mirzə Bala Məmmədzadə İslam ensiklopediyasında qumuqlar haqqında yazdığı məqaləsində onların tarixindən, soykökündən bəhs etməklə yanaşı, ədəbiyyatları haqqında da bilgi vermişdir (Mirza Bala, 1967:986-990, 6.cild). O, yazır: “Ku­muk­larda ve komşularında yır-kazak tabiri meşhurdur. Ku­muk­lar yır yaratmakla tanınmışlardır. Halkın hafızasında kalan Irçı Kazak gibi en eski yır şairleri: Aksaylı Batır-Ay (Batray-Ə.Ş.), Tarkili Ananay-Arslan ve Torkalı Piridir. Yakın za­man­ların yır şairleri şunlardır: Aksaylı Sultanbeg, Endireyli Ansari Zülkameyn (Bu şəxs Aşıq Ansar kimi də tanınır-Ə.Ş.), Hama­matyurtlulı Alıp-Murza (Alıpmurza) ve Kostekli Harun.

Kumuk halk edebiyatının lirik kısmını sarın denilen dör­d­lük­ler ile yas adını taşıyan ağıtlar teşkil eder. Düğün ve eğ­len­celerde ve alelumun münasip düşen her fırsatta, bir çalğıcının refakatinde, irticalen söylenen dörtlükler, medhiyenin zıddı olan ve Azerbaycanda bedhiye (bedye) denilen ve tenkidi-hicvi bir mahiyet taşıyan halk şiirinin aynıdır. Her iki memlekette karşı-karşıya gelen iki şahs, o günün hakim bir mevzunu ve ya meseleni ele alarak, sıra ile dördlüklerini düzerler. Ekseriya dinleyenler de, el çırpmak sureti ile, buna iştirak ederler. Yas ise, matem günlürinde, bir ölü üzerinde ve ya arkasından söylenen ve benzerine yine Azerbaycanda şahid olduğumuz ağıtlardır (ağı)” (Mirza Bala, 1967:989, 6.cild).

Qumuq ədəbi dilinde yas, Quzey qumuqlarında vayax ve Güney qumuqlarında şahalay kimi işlədilən kəlmə həm mə­rasimi, həm də mərasimdə nəzm və nəsrlə söylənənlərə verilən addır. Keçmişdə gənç və ya toplumda nüfuz sahibi olan birisi öldüyündə, bir qadın başına torba geyərək ağılar söylər, başqa qadınlar “vöv-vöv!” diyərər, kişilər isə “ay!” deyə bağırıb döyünərək dairəvi şəkildə dolanırmışlar. Bəzən ölənin atını da dolandırarlarmış. Bu mərasim qədim türklərdəki insan öldük­dən sonra o biri dünyada da yaşadığı inancı ilə bağlıdır.

Azərbaycanla sıx əlaqədə olan, XX yüzilin əvvəllərində kadr­larının burada hazırlanmasına üstünlük verən qumuqlar ki­tab, qəzet və jurnallarını, məqalələrini də burada nəşr etdir­məyə üstünlük verirdilər. N.M.Şabarov topladığı nağılı ruscaya çevirərək Bakıdakı Azərbaycanı Öyrənən Cəmiyyətin Xəbər­lərinin 1927-ci il 4-cü sayında çap etdirmişdir.

 Araşdırıcı Afaq Xürrəmqızı “Azərbaycan mərasim folk­loru” əsərində aşağıdakı sitatları yazarkən Bəkir Çobanzadənin qumuqlar haqqındakı kitabına istinad etmişdir: 1. “Nisbətən son dövrlərdə çar İraklinin cənazəsi ətrafında “çianuri” çalan ağı­çının dil deyib ağlaması da mahiyyəti etibarilə türklərin yuğ törənini xatırladır (278; 53). Qırğızların “jok toşuu”, qazaxların “jok tau jilau” (245; 346), çuvaşların “sas kalarni” (158; 51), Kırım türklərinin “tokmak” ağı mərasimi (326; 101) də azər­baycanlıların analoji mərasimi kimi mənşəyini adıçəkilən törəndən götürür”. (Xürrəmqızı Afaq, 2002:135).

2. “Qumuq ağıları – “viyax”lar da bəzən qarğış əsasında qu­rulur:

Dars oxuyqan medresen bozulsun

Kitablarınq xar ayağına yozulsun

Kalam-tarın kara özenqe açılsın (326; 101)”

                            (Xürrəmqızı Afaq, 2002:146).

3. “Bundan başqa, qumuqlarda qızı ər evinə müşayiət edən şəxslərin „quda-xatın“, „quda-qızlar„ adlandırılması (326; 101), Dağıstan tərəkəmələrində qızı bəy arabasına qız evinin gəlinlərinin əyləşdirməsi (138; 174) bu personajın vaxtilə qa­dın səciyyəli olmasından xəbər verir”. (Xürrəmqızı Afaq, 2002:94).

Türkoloq Güllü Yoloğlu da Azərbaycan mətbuatında qu­muq­lar, onların mədəniyyəti və ədəbiyyatı ilə bağlı bir sıra ma­raqlı məqalələr çap etdirmişdir (Yoloğlu Güllü, 1996: 23-29 fevral).

Azərbaycan şairi, rəssam və xeyriyyəçi, “Xan qızı” kimi ta­nınan Xurşidbanu Natəvanın əri knyaz Usmiyev də qumuq idi. Çox təəssüf ki, Azərbaycan-qumuq əlaqələri öyrənilmədi­yindən hələ bir çox məsələlərə aydınlıq gətirə bilmədik və faktları dəqiq­ləşdirmədiyimizdən bəzi mülahizələrimizi burada yazmadıq.

Rusiya işğal altında saxladığı xalqlar arasında bölücülük siyasəti yeritdiyindən uzun illər qumuqlar yaşayan bölgələrdən toplanan folklor nümunələri ümumtürk folklorundan ayrılaraq qumuqların şifahi ədəbiyyatı kimi öyrənilmişdir. Buna görə də toplayıcılar xalq arasında mövcud olan nümunələrin hamısını deyil, məhz “qumuqlara aid olan„ folklor nümunələrini top­lamağa və nəşr etdirməyə üstünlük vermişlər.

 

1.1. Bölgülərə ayırma

Toplanmış nümunələrin bölgülərə ayrılmasında və janrları­nın müəyyənləşdirilməsində də fikir ayrılığı, qarışıqlıq yaran­mışdır. Beləliklə, folklor nümunəsinin bölgülərə ayrılması daha çox mövzusuna görə müəyyənləşdirilmişdir. Məsələn, “zahmat yırları„, “igitlik yırları„, “igitlik-tarixi yırları„, “ tarixi yırlar„, “Sibir yırları„, “tapşurma, ya da nasiqat yırları„, „mas­xara-irişxat yırları“, „kazak yırları“, „haşık yırları“, „oylu yır­lar“, „alışıp aytahan yırları“ (Kumık xalk..., 2002) və s. baş­lıqlar altında antologiyalarda verilmiş nümunələrin böyük bir qismi türk xalqları folkloru üçün səciyyəvidir. Onların bir qis­mi yalnız qumuqlar yaşayan bölgələrdən toplandığına görə on­ları qumuq folkloru adlandırmaq olar. Hətta qumuq araşdırıcı­larının topladıqları nümunələr arasında fərqlər olduğu kimi, bölgü prinsipində də fərqlər vardır. A.K.Abdullatipov və A.M. Sultanmuratovdan fərqli olaraq, Abdulhakim Hacıyev yırları „igidlik eposu“, „igidlik-tarixi yırlar“, „tarixi yırlar“, „balla­da­lar“, „qanna qazaq yırları“, „Sibir və tosnaq yırları“, „haşıq yırları“ kimi janrlara ayırır (Türkiye dışındakı..., 2002:21-107, 20-ci cild). A.K.Abdullatipov və A.M. Sultanmuratov „Anjili kız“ı igidlik eposuna daxil edirsə, Abdulhakim Hacı­yev onların fikri ilə razılaşmır, „Javatnı yırı“nı igidlik eposuna daxil edir. Bu bir daha onu göstərir ki, araşdırıcıların müəyyən­ləşdirdikləri bölgülər, janrlar şərtidir. Qumuq folklorşünaslı­ğındakı bu halı noqaylarda, qaraçay-malkarlarda və b. xalq­larda da görmək olar.

 

1.2. Qumuq folklor nümunələrində Şumer dastanının izləri

Qumuqların çap etdirdikləri yırın bir qisminə, yəni bölgənin tarixi şəxsiyyətləri və hadisələri ilə bağlı olanlara başqa türk xalqlarında rast gəlinmir. Lakin bunlarda da qədim türk dastan, mif və nağıllarındakı ifadələrə, epitetlərə və başqa bədii təsvir vasitələrinə rast gəlmək olur. Araşdırıcılar bədii təsvir vasi­tələrinin oxşarlığına görə qumuqlardan toplanmış „Minküllünü yırı“nı qədim şumer (sumer) dastanı „Bilqamıs“la müqayisə edir və onu ən qədim qumuq folklor nümunəsi sayırlar. „Min­küllünü yırı“ belə başlayır:

Minküllü üyde tuvan, kırda ösqen,

- Minküllü evdə doğul­muş, çöldə böyümüş,

Haray, bugün art elkesin çaç qeçqen,

- Haray, bugün saçları çiyinlərinə tökülmüş,

Tuvarlağa yimik tük bitqen.

- Davarlar kimi bədənini tük örtmüş,

Katın-kızlağa yimik çaç bitqen

- Qadın-qızlar kimi saç bitirmiş

Korkunçlu talalaqa köş tikqen,

- Qorxunc talalarda köşk tikmiş,

Kaburqasın kıy qeçqen…

- Qabırğasına tezek keçmiş

   (Kumuk xalk yırları, 1990:13).

 „Bilqamıs“ dastanının qəhrəmanlarından Enkidu ilə Min­kül­lü arasındakı oxşarlıqları başqa folklor nümunələrində də tapmaq olar. Qumuqlardan toplanmış „Eniligim, Seniligim, eşkini aç!“ uşaq nağılı ilə qədim şumerlərdəki keçi-canavar (və ya şir) əhvalatı ilə də paralellər aparmaq olar (Uşaq ensik­lo­pediyası, 1999:333). Hətta onu da söyləmək olar ki, Azər­baycandan toplanmış „Şəngülüm, Şüngülüm, Məngülüm! Aç qapını mən gəlim!“ nağılı ilə müqayisədə qumuqlardan top­lanmış mətnlərdə keçinin balalarının adları şumer mətnlərinə daha yaxın səslənir. Bu nağıllarda keçi balalarını xilas etmək üçün qurdla savaşır və qalib gəlir.

Qumuq folklorunda mifləri dilçilik baxımından öyrənən İ.A.Xalipayeva doktorluq dissertasiyasında Tanrılara sitayiş zamanı oxunan bir nəğməni verir:

Gök Tenqirim gökten mağa

- Göy Tanrım göydən mənə,

Gök gözlerini açıb bağa

- Göy gözlərini açıb baxa,

Gök çüman avlaqlarda

- Göy çəmən ovlaqlarda,

Gök çicekli tarlada

- Göy çiçəkli tarlada,

Göy kozular haydeygen,

- Göy keçilər otlayır,

Gök çopkenli balama

- Göy çəpkənli balama,

Gök Tenqirim örden bağa.

- Göy Tanrım ucalardan baxa

                                                                  (Şamil, 2000:55).

Araşdırıcıya görə, bu nəğmə qədim dövrlərdə yaranmış bir ovsunun, sitayiş nəğməsinin, duanın qalığı, yaxud Tanrıya həsr olunmuş mərasimdə oxunan mahnının bir parçasıdır. Dağıstan Respublikasının Kayaxan bölgəsində bir Tanrıxan ağacı var. Bölgənin insanları həmin ağaca tapınıb qurban kəsirlər. Bu bölgədə yaşayanlar yüzillərdir islam dininə sitayiş etsələr də, 50 ildən çox ateist təbliğatının təsiri altında qalsalar da, bu gün yenə də Tanrıxan ağacına və bu kimi daş-qayalara sitayiş edir, Tanrının göy rəngdə olduğuna və bu rəngin „ilahi gözəllik“ an­lamı verdiyinə inanırlar.

 Onlarla folklor nümunəsi arasında paralelləri aparmaqla həmin süjetlərin türk xalqları arasında geniş yayıldığını göstər­mək olar. Bu, tarixçilərimizin də dadına çatar.

Azərbaycanda „Qodu-qodu“ mərasimində oxunan nəğmə­nin bir hissəsi qumuqlarda Oyunlar, Yumunçuqlar (sanamalar) adı ilə oxunur. Məsələn:

Gün çıq,

Gün çıq, gün çıq!

Duşmanlanı janı çık,

Ariv kızın alıp çık,

Erşi kızınq

Eşik artda qoyup çık!

    (Türkiye dışındakı..., 2002:50, 20-ci cild).

Azərbaycanda günəşin çıxması, yağışlı günlərin sona çat­ması üçün keçirilən „Qodu-qodu“ mərasimində oxunan nəğ­mə­lər qaraçay-malkarlarda, qumuqlarda bir az fərqli şəkildədir. Qumuqlar bu „Qüdürbay“ (ayrı-ayrı bölgələrdə duqurmay,Təsvir: http://www.maviyesilege.com/images/smilies/blank.gif kassamay,Təsvir: http://www.maviyesilege.com/images/smilies/blank.gif massay,Təsvir: http://www.maviyesilege.com/images/smilies/blank.gif hüsemey kimi də deyirlər-Ə.Ş.)Təsvir: http://www.maviyesilege.com/images/smilies/blank.gif nəğməsi adı ilə oxuyur.

Məsələn, birisi oxuyur:

Qüdür-güdür Qüdürbay!

O birilər xorla səs verir:

- Hossay!

Qüdürbaynı görqenler!

- Hossay!

Görüb salam berqenlər!

 - Hossay!

Salamıngın ari koy!

- Hossay!

Kapçığıma tari kuy!

- Hossay!

Tartıp boza etermen!

- Hossay!

                              (Kumık xalk..., 2002:8)

Qumuqlarda da toylarda, mərasimlərdə oxunan nəğmələrin əksəriyyəti yeddi hecalıdır. Onlar çox vaxt dörd misra şəklində ifa edilir. Araşdırıcı Əmin Abid hələ 1928-ci ildə bu problemə diqqət yetirərək “Türk xalqları ədəbiyyatında mani nevi və Azərbaycan bayatılarının xüsusiyyətləri” adlı tədqiqatını çap etdirmişdir (Abid Əmin, 1930:24) O, türk xalqlarından top­lanmış beş min dördlük üzərində apardığı araşdırmasında ya­zır: “Qərb (Osmanlı) ləhcəsində mani, çöl Kırım türkcəsində çın, Kazan ilə cənub Kırımcada cır, özbəkcə əşulə, aşulə, İraq türk ləhcəsində turqu, qazax və qırğızlarda kayım öləng, yaxud aytıspa adlanır”. Yazarın fikrincə bu dördlüklər müxtəlif cür adlandırılsa da, eyni kökdəndir. Qusardan olan tələbəsi Mus­tafa Əzəmətzadədən topladıği qumuq mani nümunələrini incə­ləyən araşdırıcı yazmışdır: “Qumuq türkçəsi ilə Dağıstan əhalisi arasında da mani nevi inkişaf etmiş haldadır. Bunlar ümumi quruluşca Azərbaycan bayatılarına çox yaxın bir şəkil göstərməkdədirlər:

Bar, bar gəltir, bar gəltir,

Bazarda satar əltir.

Qaşın bulan gözünü,

Arası çəltir-çəltir.

 

At mindim alaşasın,

Ogür yekdim qaşqasın.

Alsam səni alırman,

Alman səndən başqasın.

 

Tar tırğırıq tar sokmak,

Tartayım biləgindən.

Tamurlanğan terəksən,

Taymadıng yürəgimdən.

 

Qapqara qara yaşman,

Qaralığım yaşırman.

Sən mağa gəlməsən də,

Sağa gəlip baş vurman.”

                      (Abid Əmin, 1930:34).

Azəbaycanda bayatı dediyimiz janra qumuqlar da sarınlar deyirlər. Çox zaman sarınlar deyişmə şəklində söylənilir. De­yişmə şəklində söylənən, yəni əsasən bədahətən deyilən sa­rınlara taqmaq deyirlər. Bayatıları toplayıb başa çatdırmaq mümkün olmadığı kimi, sarınların toplanmasını da başa çatmış hesab etmək olmaz. Çünki yaddaşlarda qalanlarla yanaşı yeni yaradılanlar da olur. Bəzən onların hansının keçmişdə, hansı­nın çağımızda yarandığını müəyyənləşdirmək olmur.

Qumuq yırlarından bir nümunə verməkə fikrimizi tamam­layırıq:

Qız yoldan keçən atlıya deyir:

- Hey barağanTəsvir: http://www.maviyesilege.com/images/smilies/blank.gif hey atlı! - Hey gedən,Təsvir: http://www.maviyesilege.com/images/smilies/blank.gif hey atlı!

Atın nege burcuma? - Atın niyə balaca?

Özün ariv ulansan - Təsvir: http://www.maviyesilege.com/images/smilies/blank.gifÖzün gözəl oğlansan

Təsvir: http://www.maviyesilege.com/images/smilies/blank.gifBörkün nege qırcıma? - Börkün niyə tüksüz?

Atlı daTəsvir: http://www.maviyesilege.com/images/smilies/blank.gif qıza bu sarınla cavab verir:

Sen özün ariv qızsan - Təsvir: http://www.maviyesilege.com/images/smilies/blank.gifSən özün gözəl qızsan

Sarın bulan sınaysan. - Sarın ilə sınarsan.

Meni ariv görgen son - Təsvir: http://www.maviyesilege.com/images/smilies/blank.gifni gözəl görgünən sən.

Təsvir: http://www.maviyesilege.com/images/smilies/blank.gifBörküm nege sanaysan? - Börkümə nə baxarsın?

İl quraqlıq gələndə, yağış yağmayanda insanların bir yerə toplaşaraq müsəllaya çıxmalarına, Tanrıdan yağış istəmələri mərasıminə qumuqlar Zemire deyirlər. Zemire mərasiminə qa­dınlarTəsvir: http://www.maviyesilege.com/images/smilies/blank.gif qızlar da qatılır və mərasimlə bağlı nəğmələr oxunur.

Qumuqlarda, eləcə də bir çox türk xalqlarında janr kimi göstərilən yır, jır, cır, çır qədim türklərdə şeirə, nəzmə verilən ümumi ad olmuşdur. Bu günün özündə də İran İslam Respublikasının mərkəzi vilayətlərindən olan Əraq ostanında yaşayan Savə türkləri şeirə yır, şeir söyləyənə yırçı deyirlər (Şamil Əli, 2000:98).

Qumuqlarda yırlar bir neçə misradan başlayaraq bir neçə yüz misrayadək uzana bilir. Mövzusunda isə məhdudiyyət yoxdur.

 Qumuq folklorçularının “Minküllünü yırı”, “Anjili qız”ı igidlik eposu, “Abdullanı yırı”, “İşayının yırı”, “Zoruşnu yırı”, “Eldaruşnu yırı”, “Akmurzanı ve Bekmurzanı yırı”, “Ayqazini yırı”, “Torkalili Tonay biyii yırı”nı igidlik-tarixi yırları, “Sol­tanmutnu yırı”, “İslam batırın ve Soltanmutnu yırı”nı (Tür­kiye dışındakı...,2002:50, 20-ci cild, Kumık xalkı..., 2002) və sairəni tarixi yırlar kimi təqdim etsələr də, xalq tərəfindən sevilə-sevilə oxunur və onlarca yeni-yeni əlavələr, dəyişik­lik­lər də edilir.

Əsarət altında olan xalqların işğalçılar əleyhinə yaratdıqları bədii əsərlərin ifası, yazıya alınması və nəşri yasaq olsa da, insanlar həmişə belə əsərləri sevmiş, gizlində olsa da ifa etmiş, soydan-nəslə ötürərək yaşatmışlar. Nəhəng Rusiya dövlətinə qarşı 20 ildən artıq döyüşmüş Şeyx Şamil haqqında qumuq­ların yaratdıqları və yaşatdıqları “Şamil yırı” da başucalığı ilə söylənmiş folklor nümunələrindəndir. Yırda deyilir:

Terekleni bulay başın quvartqan,

-Ağaclar belə başını sallamış,

Ertenqi aççı ayaznı, tumanı,

-Sabah ertənin acı ayazı, dumanı,

Maskev bulan on seqiz yıl dav etdi.

- Moskva ilə 18 il dava etdi,

Dağıstannı imam Şamil ulanı.

-Dağıstanlı imam Şamil oğlanı.

Dağıstandan Şamil taydı - sıy taydı,

-Dağıstandan Şamil getdi-həmişəlik getdi,

Üstübüzden töre qerqen er taydı.

- Üstümüzdən törə yürütən ər getdi.

                           (Türkiye dışındakı..., 2002:43, 20-ci cild).

Qumuqlar arasında İmam Şamil və onun mübarizəsi ilə bağlı çoxlu şeir, mahnı, rəvayətlər olsa da, onlar vaxtında top­lanıb çap edilməmişdir. Maraqlı burasıdır ki, türk xalqlarının bir çoxunda nəsr şəklində olan folklor nümunələri qumuqlarda yır kimi, yəni mənzum söylənildiyi halda „Koroğlu“ kimi məşhur dastan nağıl janrında verilir. Hətta Koroğlu haqqında yır belə toplanmamışdır. Bu da açıq-aşkar onu göstərir ki, dastan vaxtında onu yaxşı bilən və söyləyən-informatorlardan toplan­mamışdır. Qumuq folklorunun toplanmasına ilk başlayan M.E.Os­manov olmuşdursa, sonrakı illərdə bu sahədə D.M.Şi­xa­lıyev, A.Şamsüdinov, M.Alibekov, S.Hacıyeva, A.Haca­matov, A.Ha­cıyev, K.Abukov, A.K.Abdullatipov və A.M. Sultanmuratov, A.H.Hacıyev və başqaları böyük işlər görmüşlər. Siyasi sifariş­lərin azalmasından yararlanan qumuq folklorçuları son illər bir çox maraqlı nümunələr çap etdirmişlər. Miflərin, ovsun mətnlərinin, müstəmləkəçilərə qarşı döyüşmüş igidlərə həsr olunmuş yırların və s. çap edilməsi dediklərimizə nümunədir. Bütün bunlar qumuq xalqının əski çağlardakı dünyagörüşünü ortaya qoymağa imkan verir.

İnsanları doğruluğa, ədalətə, düzlüyə, mərdliyə, sədaqətə səs­ləyən atalar sözləri, „beynin idmanı“ adlandırılan tapma­ca­lar (qumuqlar bu janra tapşurmalar deyir. Cavabları öz içəri­sində gizlədilən tapşurmaları qumuqlar çox vaxt yır və sarın şəklində söyləyir, cavabları da eyni şəkildə verilir), müdrik fikirlər aşılayan nağıllar, mərasim nəğmələri, miflər, alqışlar, qarğışlar, bir sözlə, folklorumuz əvəzsiz bədii nümunələr olub yazılı ədəbiyyatın inkişafına təkan vermişdir. Qumuq yazılı ədəbiyyatı uzun illər klassiklərdən ayrı salınsa da, zəngin şifahi xalq yaradıcılığına dayanaraq milliliyini qoruyub saxlaya bilmişdir.

 

2. Qumuqların yazılı ədəbiyyatı

Son dövrlərdə qumuq tarixini araşdıranlar qürurla Xəzər hövzəsində, Qafqazda, Ön Asiyada mövcud olan mədəniyyətin böyük bir hissəsinin onların ulu babaları - protoqumuqlar tərəfindən yaradıldığını yazırlar (Kadıradjuyev K., 1992:5)

Qumuqlar qədim keçmişləri ilə qürur duysalar da, uzun illər yazılı ədəbiyyatlarının tarixini XIX yüzildə yaşamış Yırçı Kazakla başlamışlar. Sovetlər Birliyi çökdükdən sonra bu ideoloji təsirlər də aradan qalxmağa başladı. Hələlik qumuqlar ədəbiyyatlarını zəngin folklorları və XV yüzildə yaşamış Ummu Kamal (Nuri) ilə başlayırlar. Həxtərxan şəhərində oxu­muş, xanı öldürdüyünə görə özü də öldürülmüş Amanxoru (1670-1706), şeirlərində zalımları, haqsızlığı, xanları və mur­za­ları tənqid etdiyinə görə gözləri kor edilmiş Sayit Koçxur­lunu (1767-1812), igidliyi tərənnüm edən, yurdu uğrunda savaşan cəsur insanları öyən Mirza Qaluqlunu (1696-1742) da qumuq ədəbiyyatına daxil edirlər (Merhan Aziz, 2008:13)

Bugünki Dağıstan Respublikasının ərazisi uzun illər ya tam, ya da qismən Şirvan bəylərbəyliyinin tərkibinə daxil oldu­ğundan burada yetişən alim və şairlər də bugünki Azər­bay­canla sıx bağlı olmuşlar.

A.K.Abdulatipov isə orta yüzillər qumuq ədəbiyyatından bəhs edən kitabında məşhur „Dərbəndnamə“ tarixi xronologi­yasının müəllifi XVI-XVII yüzillərdə yaşamış Muxammat Ava­­bi Ağdaşini qumuq nəsrinin banilərindən saydığı kimi XVII yüzildə yaşamış tarkovlu Əli Bağdadini (Bağdat Əli), Əliqulu xan Valeh Dağıstanini (1712-1756), endireyli Taşav Xacini (ölümü 1841), yaxsaylı Yusup Yaxsavini (Qılıcev), en­dreyli İdris Əfəndini (ölümü 1878), Maqomat Kazanbiyevi (1865-1926) də qumuq ədəbiyyatına daxil edir (Abdulatipov, A.K.,)

Əslində Endirey kəndində vəfat etmiş Muxammat Avabi Ağdaşi də yuxarıda adı ondan sonra çəkilənlər də qumuq olsalar da ana dillərində yazıb-yaratmamışlar. Mədrəsələrdə dərs deyən bu elm adamları əsasən ərəb və fars dillərində yazıb yaratmışlar.

Türkiyəli araşdırıçı Çetin Pekacar qumuq yazılı ədəbiyya­tını üç dövrə bölür. XIX yüzilə qədər olan dövrü Müştərək dönəm, XIX yüzildən 1917-ci ilədək olan dövrü Ekim (Ok­tyabr) devrimi öncesi dönem, üçüncü dövrü isə Ekim devrimi dönemi (XX yüzilin başlarından günümüzədək olan dövr) adlandırır.

Ummu Kamal (Nuri) (15 yüzil, Koünq-1475, Konya). Son illərdə qumuq araşdırıcıları orta çağ qaynaqlarını diqqətlə öy­rənərək öz tarixi irslərinə yiyə çıxırlar. Buna Ummu Kamalın (Nuri) yaradıcılığının öyrənilməsi gözəl nümunə ola bilər. XVIII yüzildə yaşayan ləzgi şairi Əli Ruhulidən qalan kitab­ların arasında Ummu Kamalın da şeirləri tapılmışdır. Onun bəzi şeirləri Oktyabr çevrilişindən əvvəlki illərdə Türkiyədə, Kazanda çıxan kitablarda çap olunmuşdur.

Şairin qumuq olduğunu isbatlamaq üçün aşağıdakı misraları nümunə göstərirlər:

Elter qönqül ol ellerqe

Misqin kumuk sümbünlerin…

Gezdim, tuzdum çox devleşdim,

Axır vatanım oylaşdım,

Hay aman, Koünqa yol görmedim

İnq son barıp Şama döndüm.

                                            (Karçıqa, 2002: 6).

 Misralardakı, „Misqin kumuk“ ifadəsinə dayanaraq şairin qumuq olduğunu və „Koünqa“ ifadəsinə dayanaraq, Koünqalı olduğunu söyləyirlər. Araşdırıcılar Koünqanı indiki Dağıstan Respublikasındakı Bavaqay və Çirürt yaylasındakı Koysun çayının sahilindəki Koünqala ilə eyniləşdirirlər. Şairin öncə kəndlərində, sonra Şirvanda (indiki Azərbaycan) dərin bilik aldığını, əsgəri bölüklərdə qazi olduğunu, Osmanlı orduları ilə birlikdə döyüşlərdə iştirak etdiyini, sonralar indiki Türkiyədə yaşadığını və 1475-ci ildə Konya şəhərində öldüyünü yazırlar. (Karçıqa, 2002:6).

Ummu Kamalyə aid edilən:

Dengizde bir saz olur,

Gül açılır, yaz olur.

Men yarıma gül demen -

Gülün ömrü az olur.

  (Türkiye dışındakı..., 2002:197, 20-ci cild).

-şeiri bu gün də Azərbaycanda xalq mahnısı kimi oxunur və ba­ya­tı kitablarına yazarı bəlli olmayan mətn kimi salınır. Şairin „Ha­şıq ellerine kim geter?“ şeirində Yunis İmrə ruhu aydın duyulur.

 Kazak Tatarxan oğlu Yırçı (1830, Tarkovsk qəzasının Müslüm (indiki Atlan) kəndi-1879). Doğum və ölüm ili dəqiq bəlli olmayan Kazak gözəl yırlar-şeirlər söylədiyinə görə xalq arasında Yırçı Kazak kimi tanınmışdır (Azərbaycanda bu şairin adı İrçi Kazak, rus qaynaqlarında Kazak kimi yazılır (ASE, III cild, səh. 301 və IV cild, səh. 526).

Doğulduğu bölgədə xarakterik olan bir “işdə” - qız qaçır­ma­da (gəncliyində dostuna sevdiyi qızı qaçırmasına kömək edib­miş) iştirak etdiyinə görə həbs edilib Sibirə sürgünə göndərilir. Sibirdə olarkən vətən həsrətli, nisgilli və zəmanəsindən, mə­mur­ların özbaşınalığından, haqsızlıqdan, ədalətsizlikdən bəhs edən şeirlər yazmışdır. Vətənə döndükdən sonra da yazı üslu­buna sadiq qalmışdır. Onun şeirləri arasında aşiqanə, lirik nəğ­mələr olsa da, yaradıcılığının əsasını zəmanədən şikayət, düş­mənlərinin ona etdikləri pisliklər, məmurların isə haqsızlıqlara göz yummalarının tənqidi təşkil edir. Gözəl şeirləri ilə xalqının qəlbini ovsunlayan şairi düşmənləri, təxminən, 1879-cu ildə öl­dürtdürürlər. (Kazak Yırçı, 2001, ASE, 1980:526, 4-cü cild).

Yırçı Kazakın ağrılı-acılı ömür yolu və zəmanədən narazılıq dolu şeirləri Sovet ideoloqlarının işinə yarayır. Hətta rəsmi və ciddi nəşr sayılan ensiklopediyalarda onun haqqında “...qumuq ədəbiyyatının banisi. Aşiqanə və fəlsəfi didaktik şeirlər yaz­mış­dır. Feodal sarayında kəniz olan sevgilisini qaçırmaqda dos­tuna kömək etdiyi üçün Sibirə sürgün edilmişdir... Sür­gün­dən qayıtdıqdan sonra bəyləri və knyazları ifşa edən şeirlər yazmışdır” kimi bilgi verilir (ASE, 1980: 526, 4-cü cild).

Qumuq ədəbiyyatşünaslarının Yırçı Kazakın yaradıcılığına daha çox önəm vermələrinə səbəb orada haqsızlığa, zülmə, əda­lətsizliyə etiraz, insanları düzlüyə, doğruluğa, xeyirxahlığa, yardımsevərliyə çağırış notlarının güclü olmasıdır. Sovet döv­ründə tərbiyə almış ədəbiyyatşünaslar buna bir sinfi mübarizə motivi kimi baxmağa çalışmışlar.

Əslində Yırçı Kazak sinfi mübarizədən uzaq, cəmiyyətdəki nöqsanları, ayrı-ayrı adamların pis əməllərini kəskin tənqid edən, beləliklə, insanları tərbiyələndirməyə çalışan bir sənət­kardır. Çox vaxt Yırçı Kazakla Mahammat apendi Osmanovu qarşı-qarşıya qoymuşlar.

Göründüyü kimi, onun həyat və yaradıcılığına bir sinfi mübarizə donu geyindirmişlər.

Abdulrahman (Abduraman) Atlıboyunlu (?, Kakaşura kəndi-1870, Atlıboyun). Şairin şeirlərində doğulduğu və öl­düyü hər iki kəndin adı təxəllüs kimi işlədilir. Şirvanın (Azər­baycan) və Dağıstanın məşhur din bilginlərindən elm öyrənən, ərəb, fars, türk dillərini mükəmməl bilən Abdulrahman öm­rü­nün sonunadək kadılıq (qazı) etdiyinə görə onu çar Rusiyasının da, Sovet hökumətinin də məmurları sevməmişlər. Doğu poe­ziyası gələnəklərinə sadiq qalan Abdulrahman dini məzmunlu didaktik, lirik şeirlər yazmışdır. Onun şeirlərinin dili bugünkü qumuqcadan fərqli, yəni Çətin Pekaçarın bölgüsündə göstərilən müştərək dönəmin şairlərinin dilindədir. Sovetlər zamanı onun əsərlərinin çapına və təbliğinə soyuq bir münasibət vardı.

Sovetlər Birliyi çökməyə başladıqdan sonra şairin yaradı­cı­lığına diqqət artmışdır.

Mahammat apendi (əfəndi) Ömər oğlu Osmanov (1838, Tersk vilayətinin Yaxsay kəndi-1904). Rusiya işğal etdiyi bölgələrin nüfuzlu ailələrindən seçdiyi yeniyetmə və gənclərə təhsil vermək, onların təlim-tərbiyəsi ilə məşğul olmaqla özünə sadiq məmurlar hazırlamağa çalışırdı. Osmanovlar ailəsi də belə secilmiş nəsillərdən biri olmuş, Mahammat apendinin atası Ömər Osmanov uzun illər çar mühafizə alayında xidmət etmişdir.

Mahammat ilk təhsilini Yaxsaydakı mədrəsədə almışdır. Bu məd­rəsə bölgənin ən seçilən və təhsil proqramını zamanla uy­ğunlaşdıran bir mədrəsə olmuşdur.

1865-ci ildə atası çarın mühafizə alayında xidmətdən təqaü­də çıxdıqda onun yerinə oğlu Muhammatı müsəlmanlardan təşkil edilmiş alayda kadı (qazı) vəzifəsinə götürmüşlər. Be­ləcə M.E.Osmanovun Peterburq həyatı başlamışdır. O, çar mü­hafizə xidməti alayından tərxis olunduqdan sonra vətənə dön­məyib, Peterburqda qalaraq 1867-ci ildən Universitetinin şərq­şünaslıq fakültəsində türk-tatar dilindən dərs deməyə başlamışdır (Literaturadan..., 1979:22).

M.E.Osmanov 1883-cü ildə Peterburqda çap etdirdiyi „Но­гайские и кумыкские тексты (Сборник ногайских и кумык­ских песен, преданий, поговорок, пословиц)“ kitabına Yırçı Kazakın ona nəzmlə yazdığı məktubunu da daxil etmişdir. Şair şeir dili ilə həmyerlisini vətənə dönməyə səsləmişdir. Hökumət qulluğunda olan, hakim dairələrə yaxın sayılan bir şəxsin belə vətənpərvər şeiri universitetin dərs kitabına salması onun cəsarətindən və mövzuya ürəkdən bağlılığından xəbər verir. Bunu ədibin sonrakı fəaliyyəti də təsdiqləyir.

Şair Kazan şəhərində olarkən cədidçilərin - yenilikçilərin təsiri ilə sadə və aydın dillə xalqı təhsilə çağıran, sosial mə­sələləri gündəmə gətirən, alkoqollu içkilərdən uzaq durmağı nəsihət edən, igidliyi, qəhrəmanlığı öyən şeirlər yazır. „Nəsi­hət“ adlı kitabını da 1889-cu ildə Kazan şəhərində çap etdirmişdir. Onun lirik-romantik səpgili “Gülqız”, eləcə də „Şavxalın qa­lası“ və b. əsərləri klassik Doğu şairlərinin işlətdiyi təşbih və is­tiarələrlə zəngindir.

Bolşeviklərin azsaylı xalqlara verdiyi mədəni imtiyazlardan yararlanan qumuq ziyalıları şairin ölümündən 22 il sonra - 1926-cı ildə Buynakda “Mahammat apendi Osmanovun şeirlər məcmuəsi” adlı kitabı çap olunmuşdur. (Ah­medov Ahmed, 2004:309). Lakin kitaba şairin şeirlərinin hamısı daxil edilməmişdir. Sovet ideologiyasına uyğun gəlməyən bir sıra əsərləri nəşrdən kənarda qalmışdır.

Sovetlər Birliyi çökdükdən sonra yenidən M.E.Osmanovun həyat və yaradıcılığına, elmi və ictimai fəaliyyətinə diqqət artmışdır.

Yırçı Kazakla M.E.Osmanov çağdaş olduqlarından yaradıcı­lıqlarında bir yaxınlıq vardır. İkisi də cəmiyyətdəki nöqsanları, ayrı-ayrı adamların çatışmazlıqlarını poetik dillə tənqid edib onu islaha çalışmışlar. Aralarındakı fərq ömür yollarının ayrılığı və birinin bu mövzuda çox, o birinin az yazmasından o yana keçmir. Yırçı Kazakın şeirlərini ilk dəfə toplayıb nəşr etdirən də M.E.Osmanov olmuşdur. Lakin Sovet dönəmində bir çox araşdırıcılar ideoloji nədənlərdən bu iki sənətkarı qarşı qarşıya qoymuş, Yırçı Kazakı sanki bununla daha böyük göstərməyə çalışmışlar.

Abusupiyan Akayev (1872, Tersk vilayətinin Töben Qaza­nış kəndi-1931, Rusiya Federasiyası, Arxangelsk vilayətinin Kotlas şəhəri). Qazı Akayın bir oğlu dünyaya gəlir və onun adını Abusupiyan qoyurlar. Bu elə bir zaman idi ki, Rusiyanın Qafqazı işğalından 70 ildən çox keçməsinə baxmayaraq, oranı hələ də istədiyi kimi, yəni ölkənin hər yerində işlək olan qanunlarla idarə edə bilmirdi. Rusiyada mövcud olan qanun­ların bəziləri Qafqaz xalqlarına, eləcə də əsarət altına aldığı müsəlman xalqlarına aid edilmirdi.

Rusiyada ictimai yerlərdə mülki şəxslərin qılınc, xəncər və b. kəsici silahlarla görünməsi qadağan olduğu halda, Qafqaz xalqlarının nümayəndələrin xəncərlə gəzməsi milli atribut sayı­lırdı. Müsəlman xalqları aralarında mübahisələr, ziddiyyətlər düşdükdə, hətta problem ölüb-öldürməyə gəldikdə belə Rusi­ya­­nın məhkəmə orqanlarına deyil, müsəlman qazilərinə müra­ciət edirdilər. Rusiyanın hakim dairələri də zor gücünə də olsa, bunun qarşısını ala bilmədiklərindən qaziləri saxlamağa məc­bur oldular. Beləliklə ölkədə iki məhkəmə sistemi mövcud oldu.

Abusupiyanın atası Akay da dini təhsil gördüyündən, islami ehkamları yaxşı bildiyindən onu qazi seçmişdilər. Çar məmur­ları qazilərin işinə nəzarət etsələr də, onlar cəzaları Rusiyanın qanunlarına görə deyil, şəriət qanunlarına görə müəyyənləş­dirir, hökm verərkən Qurani-Kərimi əsas götürürdülər.

Abusupiyan da ilk təhsilini evdə atasından aldı. Quran oxumağı, şəriəti, fars və ərəb klassiklərinin bədii-nəsihətamiz əsərlərini oxumağı öyrəndi. Sonra onu Töben Qazanış kəndin­dəki məktəbə göndərdilər. Bu məktəblərdə dərs tədris proqramı ilə deyil, şagirdin proqramı mənimsəməsi ilə ölçülürdü. İti zəkalı, dərslərini yaxşı mənimsəyən şagirdləri müəllim-molla zəif oxuyanlara rəhbər təyin edirdi.

 Fitri istedadı ilə seçilən Abusupiyanı da molla yaşıdlarına, həm də yaşda özündən böyük olan, proqramı mənimsəməyən­lərə rəhbər təyin etdi. Necə deyərlər, balaca Abusupiyan özü molladan öyrənməklə yanaşı, həm də müəllimlik etdi, məktəbə yeni gələnlərin və proqramı vaxtında mənimsəyə bilməyənlə­rin dərs oxumalarına nəzarət etdi. Bununla da, özünün oxu­duqlarını bir daha təkrarlamış oldu. Bu da tədris edilən pro­qramın yaddaşına hopmasına kömək etdi.

Abusupiyan doğulduğu kənddəki ibtidai məktəbi bitirdikdən sonra, atası onu Güngüteydəki mədrəsədə oxumağa göndərir. Oradakı tədris proqramını birincilər sırasında başa vurur. Atası Akay dövrünün elm adamlarını və pedaqoqlarını yaxşı tanı­dı­ğından oğlunu Teymurxanşuradakı, Soğratdakı, Tarqutdakı məd­rəsələrə göndərir və bununla da Abusupiyanın Dağıstanın ta­nınmış alimlərindən dərs almasına, dini elmlərlə yanaşı, dün­yəvi elmləri də dərindən mənimsəməsinə şərait yaradır.

O, türk, fars, ərəb dillərini, ədəbiyyat, tarix, astronomiya, as­trologiya, fəlsəfə, fizika, riyaziyyat, həndəsə, coğrafiya və b. fən­ləri bilən bir gənc kimi doğma kəndlərinə qayıdır. Kənddə yeni məktəb açaraq bildiklərini həmyerlilərinin övladlarına öy­rət­məyə çalışır. Onun sorağı tezliklə ətraf kəndlərə də ya­yı­lır. Bölgənin sayılıb-seçilən adamları uşaqlarını Abusupiyanın yanı­na gətirirlər. Beləcə az zamanda onun şagirdlərinin sayı xeyli artır.

Abusupiyan müəllim işlədikcə təhsil və tədrisdəki nöqsan­ları görmək imkanı əldə edir. Keçmiş mədrəsə proqramlarının zamanın nəbzini tutmadığının şahidi olur. Odur ki, həm təh­silini artırmaq, həm də təcrübə qazanmaq üçün Kazan və Oren­burq şəhərlərində oxumağa gedir.

1902-ci ildə təhsilini tamamlayaraq təcrübə qazanan Abu­supiyan Akayev Dağıstana, yəni doğma kəndi Töben Qazanışa dönərək yeni məktəb açmağı planlayır. Lakin bu dəfə mədrəsə açmaq istəmir. Çünki mədrəsələrin tədris proqramı onu qane etmirdi. Yeni qaydalı – “Üsuli-cədid” məktəbini açmaq istəyir. Bu məktəb üçün dərslik və metodik vəsait çatmadığından ya­xın dostu Mahammat Mirza Mavrayev ilə birlikdə Kırıma, İs­mayıl bəy Qaspıralının yanında gedir.

1902-1903-cü illərdə orada mətbəə, nəşriyyat işlərini öyrə­nir. “Tərcüman” və başqa qəzet-jurnallara məqalələr yazmaqla yanaşı, Baxçasaray və Akmescitdə (Simferepol) özünün yaz­dığı kitabları da çap etdirir. 1903-cü ildə Baxçasarayda nəşr etdirdiyi “Macmu al-aşgar al-acamiyat” adlı topluya yırları, sarınları, atışmaları, atalar sözləri, qumuq şairlərindən Yırçı Ka­zakın, M.A.Osmanovun, M.Alibekovun və özünün bəzi ədəbi əsərlərini daxil edir.

Qumuq Abusupiyan Akayev İsmayil bəy Qaspıralının “Dil­də, fikirdə, işdə birlik” tezisinə ürəkdən bağlı olsa da, onu Da­ğıstanda həyata keçirə bilməyəcəyini görür.

Abusupiyan Akayev yaxşı başa düşürdü ki, bölgə xalqlarını türk dili vastəsilə bir araya gətirmək olmaz. Çünki kəndlərin sakinlərinin çoxu ömürləri boyu bəlkə də bir dəfə də olsun doğulduğu yerdən uzağa getməyib, orada doğulub, yaşayıb və ölürdülər. Buna görə də çoxdilli bir bölgədə ümumi işlək və ünsiyyət dili kimi türk dilinin yayılmasına calışsa da, bu xalq­ları birləşdirəcək yeganə vasitənin islam dini olduğunu görür.

Abusupiyan da dinin yayılmasına və dini təbliğata xüsusu önəm verir. Yaxşı bilirdi ki, Şeyx Şamil də islam dininin bir­ləş­dirici gücündən bacarıqla yararlanaraq Rusiya kimi hərbi qüdrəti dünyanı lərzəyə salan dövlətə 30 il müqavimət göstərə bilmişdi.

İstanbulda, Kırımda təcrübə keçib Dağıstana qayıdan Abu­supiyan Akayev kənddə məktəb açmaq fikrindən daşınır. Böl­gə­nin ən böyük yaşayış məskənlərindən olan Teymurxanşuraya gələrək 1904-cü ildə orada Mahammat Mirza Mavrayev ilə birlikdə ilk milli mətbəə qurur. O, ərəbcə yazılarında ad və so­yadını Abusupiyan ibn Akay al-Dağıstani al-Qazanışı al-Kubra şəklində yazır, bəzən də Arslanbekov soyadını işlədir.

 Abusupiyan Akayevin Teymurxanşurada Mahammat Mirza Mavrayev ilə birlikdə qurduğu ilk milli mətbəə böyük uğur qazanır. Azərbaycanın ictimai-siyasi xadimləri və ədiblərindən Şeyx Məhəmməd Xiyabani, “Əkinçi” qəzetinin müxbirlərindən Məmnun Əlqadari, Mirzə Əbdürrəhim Talıbov və b. Abusu­pi­yan Akayevlə sıx əməkdaşlıq edir, kitablarını onun mətbəə­sində çap etdirir, onun ərəb dilində nəşr etdiyi “Bəyan ül-həqiqət” jurnalına məqalə yazırlar.

Abusupiyan Akayev əsas ağırlığı islam dininə dair kitab­ların nəşrinə verməklə yanaşı, özü də islam dininin təbliğinə dair kitablar yazır. O, yalnız din alimi və dini ədəbiyyatı ya­yan naşir olmaqla qalmır, qumuq folklorunu toplayıb nəşr edir, müxtəlif dillərdən qumuq dilinə tərcümələr edir.

Müəllimlik etməklə yanaşı, Doğu ədəbiyyatına dair araş­dırmalar aparan, folklor nümunələri toplayıb çap etdirən Abu­supiyanın qələmindən 40-dan çox kitab çıxmışdır.

1917-20-ci illərdə bölgədə gedən savaşlar Abusupiyanın fəa­liyyətinə də mənfi təsir göstərir. 1920-ci ildə bölgəni işğal edən bolşeviklər Abusupiyan kimi nüfuzlu, əlində təbliğat vasitəsi və mətbəəsi olan bir insanın gücündən məharətlə istifadə edirlər.

 Abusupiyan da Sovet hökumətinin sülh, bərabərlik, azadlıq və s. şüarlarına aldanaraq onlarla əməkdaşlığa razılaşır. İnter­nasional marşını qumuq türkcəsinə tərcümə edən Abusupiyan, qumuq türkcəsində ilk bolşevik qəzeti „İşçi xalq“ı da nəşr edir və bir müddət onun redaktoru da olur.

İlk kitabını 1900-cü ildə nəşr etdirən A.Akayev dərs deyib gənc nəslin tərbiyəsi ilə məşğul olmaqla yanaşı, “Sullam al-lisan” lüğətini hazırlayır. Bu dörd dilli sözlükdə ərəb-qumuq-avar-rus dillərindən alınmış sözlərin izahı verilir. Qumuq türkcəsinin söz xəzinəsini zənginləşdirmək üçün 200 səhifəlik bir terminlər sözlüyü də hazırlamışdır. Onun “Totuname”, „Dahir ilə Zahra“, “Yusup ilə Zulayxa” kitabları tatarcanın qumuqcaya uyğunlaşdırılmasıdırsa, dərmanların hazırlanması qaydalarından bəhs edən “Hazir darman“ kitabı, eləcə də „Əx­laq kitabı“, „Yüz ilin asan təqvimi“, „Qumuq folkloru və ədə­biyyat əsərləri antologiyası“, „Bozoğlan“ və b. kitabları bir araş­dırıcı zəhmətinin, axtarışlarının bəhrəsidir.

Sovet hökumətinin şüarlarına aldanaraq onun gəlişini alqış­layan, möhkəmlənməsi üçün var qüvvəsi ilə çalışan, bolşevik­lə­ri­n açdığı qəzetdə onların ideologiyasını yayan alim-yazıçı son­radan yanlışlığa yol verdiyini anlayır və xəyal qırıqlığına uğ­ra­yır. Bolşeviklərin də ona göstərdiyi diqqət və qayğı uzun sür­mür. Qadınlara çadralarını, kişilərə papaqlarını atdırma kampa­niyası, dinə qarşı təzyiqlər, min ildən çox istifadə edilən ərəb əlifbasının latın əlifbası ilə əvəz edilməsi Abusupiyanın ürə­yindən olmur. Hökumətin siyasətinə açıq narazılığını bildirir.

Abusupiyan Akayev və bölgənin bir çox ziyalıları, hətta partiya-sovet işçiləri Moskvaya Dağıstan xalqları arasında ortaq ünsiyyət vasitəsi olan türkcənin rus dili ilə əvəzlənməsinə etiraz edirlər. Təklif edirlər ki, Moskva uzaq olduğundan ora ilə əlaqə qurmaq çətindir, buna görə də Dağıstan MSSR Azərbaycan Respublikasının tərkibinə verilsin.

Sovet xüsusi xidmət orqanları sərt tədbirlər həyata keçirir. Onlarla ziyalı və partiya-sovet işçisi həbs edilir, sürgünə gön­dərilir, vəzifədən uzaqlaşdırılır.

1929-cu ildə Abusupiyan Akayevin mətbəəsi bağlanılır və özü də həbs edilərək Perm vilayətindəki Pinug stansiyasında də­miryolu çəkilişində işləməyə göndərilir. Oradan da Arxan­gel­sk vilayətinin Kotlas şəhərinə göndərilən yazıçı-alim ilk dəfə həbsxanada siyasi aclıq aksiyasını təşkil edən Azərbaycanlı siyasi məhbusları ilə görüşür. Bu yer daha çox Solovki kimi tanınır. Rus yazıçısı Soljenitsinin Nobel mükafatına layiq gö­rülən “QULAQ arxipelaqı” romanı da burada baş verən hadi­sələrdən bəhs edir.

A.Akayev orada həbsdə olan Azərbaycan siyasi məhbusları ilə görüşür və onların mübarizəsini dəstəkləyir. 1931-ci ildə həbsdə ölən ictimai xadim, şair, naşir, tərcüməcinin həyat yo­lunun və yaradıcılığının öyrənilməsinə maraq Sovet hökumə­tinin çöküşündən sonra başlayır. Nə yazıq ki, hələ də onun fəaliyyəti layiqincə qiymətləndirilməmiş, əsərlərinin hamısı çap olunub araşdırılmamışdır.

Abusupiyan 1929-cu ildə həbs edilməsinə, 1931-ci ildə öl­mə­sinə baxmayaraq 1937-ci ildə tutulanların müstəntiqə ver­dikləri ifadələrdə onun adı da var. SSRİ-ni dağıdaraq Vahid Türk-Tatar Res­publikası yaratmaq istəyənlərdən söz gedəndə Bəkir Çoban­zadə onun rəhbərlik etdiyi gizli təşkilatda Quzey Qafqaz qrupuna aşağıdakı şəxslərin daxil olduğunun deyir: Alim Paşa-Solqar (Alimpaşa Salavatovun adı bu şəkildə ya­zılıb-Ə.Ş.), Abusufyan-Kumuk, Ədhəm Feyzi, Şövqi Bektora (Babayev Adil, 2003:85).

Ensiklopediyaçı bilgin, şair, bacarıqlı nasir Abusupiyan Aka­yevin acı taleyi də qumuq ədəbiyyatına ağır zərbə olmuşdur.

 

*   *   *

Yırçı Kazakdan öncə yaşamış Ummu Kamalın və ya onunla çağdaş olmuş Abdulrahman Kakaşuralunun (Atlıboyunlu), Ma­ham­mat apendi Osmanovun, Abusupiyan Akayevin (bax­mayaraq ki, onun əsərlərinin bir çoxu ədəbiyyatı mövzuca ye­niləşdirmə dövrünə təsadüf edirdi, hətta Sovet dövründə yaz­dığı əsərləri də vardı) adları ənənəvi Doğu şeir üslubunda - didaktik, əxlaqi, lirik şeir yazdıqlarından Sovet dövründə o qədər də təbliğ olunmurdular. Yırçı Kazak və şeirlərində döv­rün nöqsanlarını tənqid etməyə üstünlük verən, zəmanədəki haqsızlıqlardan şikayətlənən Manay Alibekov və başqalarına ədəbiyyatşünaslıqda, mətbuatda geniş yer ayrılırdı.

 Bu tarixşünaslıqda da özünü göstərirdi. Ulu babaları qüd­rətli türk dövlətləri qurmuş qumuqlara XVII-XIX yüzillərdə mövcud olmuş yerli özünüidarə qurumları, yəni yerli feodal­ların hakim olduğu Pargu şavhallığı, Mehtulu xanlığı, Endrey, Köstek və Yaxsay bəylikləri qumuq dövlətləri kimi tanıdılır və bunlarla qürur duymaları təbliğ olunurdu. Onlar ulu babala­rının qurduqları qüdrətli dövlətlərdən uzaqlaşdırıldıqca, həmin mühitdə yaşayıb-yaratmış şair və yazıçılardan, elm adamla­rın­dan da uzaqlaşdırılırdılar. Beləliklə, cismən olduğu kimi, şüur­ca da ümumtürk varlığından ayrılmış olurdular.

Bütün bunlara baxmayaraq Yırçı Kazak da, Abdulrahman Kakaşuralunlu (Atlıboyunlu) da, Mahammat apendi Osmanov da, Abusupiyan Akayev də, hətta Aşıq Ensar da (1860-1934) qumuq ədəbiyyatının klassiklərindən sayılmalıdırlar. Əslində on­ların yaradıcılığı istər dil-üslub, istərsə də mövzu baxımın­dan çağdaşları olan Azərbaycanda, Ön Asiyada, Kırımda, Türk­mənistanda yaşamış el şairlərinin, aşıqların əsərlərindən o qədər də seçilmir.

 

2.1. Qumuq yazılı ədəbi dilinin formalaşmasında və ədə­biyyatının inkişafında Yaxsay və Töben (Aşağı) Qazanış kəndlərinin rolu

Yaxsay yaxın yüzillərdə Dağıstanın ən inkişaf etmiş inzibati mərkəzlərindən biri olmuşdur. Buradakı mədrəsədə dövrünün savadlı din bilginləri çalışmışlar. Onlarda təhsil və tərbiyə alanların bir çoxu sonralar Doğuda məşhurlaşmışlar.

Şair Seyid Əzim Şirvani də bu mədrəsədə oxumuşdur. 1835-ci il iyulun 10-da Şamaxıda anadan olan Seyid Əzim 7 yaşında atasını itirir. Anası Gülsüm xanım övladlarını da gö­tü­rüb Yax­sayda qazi-dini qaydalar üzrə hakim işləyən atası Mol­la Hü­seynin yanına gedir (Köçərli Firudin, 1981:30, 2-ci cild.)

 Molla Hüseyn Seyid Əzimin fərasətinə, hazırcavablığına, diribaşlığına görə onu əzizləyir və təhsilini davam etdirməsinə yardımçı olur. 10 ilə yaxın Yaxsayda yaşayan Seyid Əzim 1853-cü ildə anası Gülsüm xanımla geriyə - Şamaxıya qayıdır. Şair sonralar həmin günləri xatırlayaraq yazır:

Oldum ol gün ki, çardəh salə,

Düşmədim fikri-dövləti malə.

Eylədim arifanə kəsbi-ülum,

...Oxudum nəhvü -sərfü, fiqhü üsul,

Hikmətü heyət eylədim məhsul.

(Hüseynov Sadıq, 1977:13).

Çox təəssüf ki, Seyid Əzimin və babası Molla Hüseynin ya­şamının Yaxsay dövrü gərəyincə öyrənilməmişdir. Mədrəsədə yeni­yetmə Əzimə kimlər dərs deyib, kimlərlə dostluq edib, sonralar qumuq ziyalılarından kimlərlə ünsiyyətdə olub? Bu suallara ca­vab verən araşdırmaya hələ rast gəlməmişik. Seyid Əzimlə M.E.Osmanovun arasında yaş fərqi o qədər də çox deyildi. Hər ikisi eyni mədrəsədə oxumuşdur. Yəqin ki, bir-birini tanıyırmışlar.

Azərbaycan qaynaqlarında Yaqsay və Aksay, Ağsay (Da­ğıstan ədəbiyyatı antologiyası, 1959, ASE. 1980, 8-ci cild, Köçərli Firidun, 1981) kimi yazılan bu kənddə M.E.Os­ma­nov, M.Alibekov, N. və Z.Batırmurzayevlər, A.Muhammadov, A.P.Salavatov, A.V.Suleymanov, S.Toqbolatov, Ş.Alberiyev, M.Atabayev, L.Hajaqayev, M.A.Adilxanov Y.Alimxanov kimi şair, yazıçı, publisistlər, Ahmat Sayıp Əfəndi kimi alim və pedaqoq, Rəşid xan Qaplanov kimi dövlət xadimi, rus yazıçısı M.Bulqakovun dostu və onunla birlikdə pyes yazmış, uzun illər Vladiqafqazda hüquqşünas işləmiş Tajuttin Penzullayev və b. aydınlar doğulub boya-başa çatmışlar. Bu kənddə oxumuşların adlarını da əlavə etsək böyük bir siyahı yaranar.

Azərbaycan Xalq Cümhuriyyətinin naziri olmuş Rəşid xan Zabit oğlu Qaplanov da 1883-cü ildə Yaxsayda doğulmuşdur. Məd­rəsəni bitirdikdən sonra Vladiqafqazdakı realnı gimna­zi­ya­da oxumuşdur. Sonra Parisə gedərək Sarbon Universitetinin hüquq fa­kültəsinə qəbul olunmuşdur. 1910-cu ildə universiteti bitirəndə onu İstanbula Darülfününda işə dəvət etmişlər. R.Qaplanov 1913-cü ilədək orada müəllim işlədikdən sonra yenidən Vladiqafqaza gələrək dairə məhkəməsi sədrinin köməkçisi işləmişdir.

Rusiya əsarətində olan Dağlı xalqlarını, eləcə də türk-mü­səlman xalqlarını azad və firavan görmək istəyən R.Qaplanov ölkədə baş verən hadisələrə müşahidəçi kimi baxa bilməmiş, Rusiyada gedən siyasi proseslərdə fəal iştirak etmiş, Quzey Qafqaz xalqlarının müstəqil dövlətlərini qurması üçün əlindən gələni əsirgəməmişdir. Çərkəz-Dağıstan və Quzey Qafqaz Dağlı Xalqları İttifaqı Respublikası hökumətlərində müxtəlif nazir vəzifələrində çalısmışdır. Rusiyanın hərbi qüvvələri gənc hökuməti dağıtdıqdan sonra, yəni 1919 ilin əvvəllərində R.Qaplanov Bakıya gələrək Azərbaycan Xalq Cüm­hu­riy­yə­tində Nəsib bəy Yusifbəylinin martın 14-də təşkil etdiyi 4-cü hökumətdə maa­rif və dini etiqad naziri vəzifəsinə təyin olunmuşdur.

Vəzifə borcunu şərəf və ləyaqətlə yerinə yetirən R.Qapla­no­vun nazir işlədiyi dövrdə ana dilində məktəblər açmış, dərs­liklər, tədris proqramları yaradılmışdır. Hazırki Bakı Dövlət Uni­versitetinin açılmasında yaxından iştirak edən R.Qaplanov nazir vəzifəsini yerinə yetirməklə yanaşı, universitetdə “Os­manlı ədəbiyyatı tarixi”ndən dərs demişdir.

Onun işgüzarlığını, işinə məsuliyyətlə yanaşmasını dəyər­lən­di­rərək 5-ci hökumətdə də maliyyə naziri təyin etmişlər. R.Qap­lanov dövriyyəyə buraxılan pulların qiymətdən düşmə­məsi və devalva­siyaya uğramaması üçün böyük səy göstərmişdir. 1920-ci il fevralın əvvəlində Bakı bonlarının Zaqafqaziya pul­larının dəyişdiril­mə­sini dayandırmaq haqqında, 1920-ci ilin aprelində Batuma ixrac edilən neft və neft məhsulları üçün rü­sumların yalnız Azərbaycan pulu ilə ödənilməsi haqqında sə­rəncam vermişdir.

Bolşeviklər həmişəki kimi yenə də vədlərinə əməl etmə­yərək 1920-ci ilin aprelində Azərbaycanı işğal etdikdə kütləvi həbslərə başlamışlar. Beləcə iyun ayında keçmiş nazir, peşəkər hüquqşünas R.Qaplanov da Bakıda həbs olunmuşdur. Onu əvvəlcə Vladiqafqaza, sonra isə Moskvaya göndərmişlər.

R.Qaplanov kimi savadlı və vicdanlı kadra bolşeviklərin bö­yük ehtiyacı olduğundan həbsdən azad olduqdan sonra onu Moskvadakı Şərq Xalqları Universitetində işə götürmüşlər. Uni­versitetdə “Osmanlı imperiyası tarixi”ndən dərs deyən və vəkil kimi fəaliyyət göstərən R.Qaplanovun mühazirələrini dərslik kimi çap etmişlər. Xoş görünən bu münasibət o qədər də uzun sürməmişdir. 1937-ci ildə onu da həbs etmişlər.

Qumuq yazıçı və şairlərinin yetişməsində Yaxsay kəndi ilə yanaşı Töben Qazanış kəndinin də rolu az olmamışdır. İ.İb­ra­himov, T.Biybolatov, N.Xanmurzayev, A.Abakarov, A.H.Ta­tamov, A.M.Məcidov, M.Ş.Minatullayev, A.Hamidov, M.H.Xa­lilov, A.Zalimxanov, N.Muhammadov və b. bu kənddə dünyaya gəlmişlər. Bu onu göstərir ki, həmin kəndlərdə ədəbi mühit formalaşmışdır. Ədəbi mühitin formalaşmasında oradakı mədrəsələrin də rolu böyük olmuşdur. Əslində mədrəsələr təhsil ocağı olmaqla yanaşı, bir elmi mərkəz, ədəbi məclis rolunu da oynamışdır.

 

2.3. Sovet dövrü qumuq ədəbiyyatı

Elə yazıçı və şairlər var ki, onlar Dağıstanda Sovetlərin ha­kimiyyəti ələ almasını görməsələr də, onların həyat və yara­dı­cılığı Sovet ədəbiyyatının tərkibində öyrənilməlidir. Çünki onlar Sovet ədəbiyyatının təməl daşlarını qoyanlar, ədəbiyyatı siyasiləşdirənlər və bolşeviklərin mövqeyinə yaxın bir mövqedə duranlar olmuşlar. Hətta uzun zamanlar onlar qatı bolşevik, fanatik inqilabçı kimi tanıdılmışlar.

Bolşeviklərin tərəfini saxlayan, Rusiyada onların hakimiy­yətə gəlməsini alqışlayan və onların yerlərdə də hakimiyyət ələ alması üçün qələmlərini və ictimai-siyasi fəaliyyətlərini, bədii yaradıcılıqlarını bu yönə istiqamətləndirmiş qumuq ədibləri haqqında çox yazılmışdır. Lakin Rusiya işğalına qarşı duran, milli yönlü insanların və onların əsərlərinin adı belə uzun illər çə­kilməmişdir. Elə buna görədir ki, 1917-ci il fevral inqilabından sonra qumuq dilində çap olunan „Müsavat“ qəzeti haqqında, bu qəzetin ətrafına toplaşmış milli qüvvələr haq­qın­da geniş bilgimiz yoxdur.

Sovetlərin hakimiyyətə gəlməsindən əvvələ yaşamış və bədii yaradıcılıqla məşğul olmuş Dadav Muhammatov (1856-1926), Manay Alibekov (1861-1920), Nuhay Batırmurzayev (1865-1919) və b. şairlərin yaradıcılığında zamanədən şikayət, haqsızlıqların tənqidi, kasıbların güzəranının ağırlığının təsviri olduğuna görə onlar Qumuq Sovet ədəbiyyatının təməlini qo­yan­lar kimi təbliğ edilmişlər. Abdulla Muhammadov (1869-1937) isə 88 illik ömrünün cəmi 17 ilini Sovetlər dönəmində ya­şamasına baxmayaraq onun günümüzədək gəlib çatan əsər­lərinin böyük əksəriyyəti Sovetlər dönəmində yazılan­lar­dır. Uzun illər Yırçı Kazakın təsiri ilə şeirlər yazan Aybala Da­dav (Dadav Muhammatov) ömrünün son illərində ictimai siyasi hadisələrlə səsləşən şeirlər yazdığına görə Sovet dövründə onu „işçi sınıfı“ şairi, qumuq türklərinin ilk „proletar“ şairi kimi təbliğ etməyə başlamışlar.

Keçmiş Rusiya imperiyasında baş verən dəyişikliklər qumuq ədəbiyyatına da güclü təsir göstərmişdir. Sovetlərin qələbəsin­dən sonra ana dilində yazıb-yaradanların sayı artmış, qumuqlar üçün Bakı nəşriyyatlarında kitablar, qəzet və jurnallar çap olunmuş, Azərbaycanın ali və orta ixtisas məktəblərində qu­muq gənclərinin təhsil almasına şərait yaradılmışdır. Bu da qu­muq yazılı ədəbiyyatının inkişafına təkan vermişdir. Ədəbiy­yatda epik nümunələr çoxalmış, poemalar, hekayə, povest, roman və pyeslər meydana gəlmişdir.

Əslində bir dövr kimi öyrənilməli olan Sovet dövrü qumuq ədəbiyyatını araşdırıcılar 1950-ci illərin sonundan etibarən aşağıdakı kimi dövrləşdiriblər:

„I devür - İnqılapın va vatandaş davnu yıllanı adabiyatı (1917-20)

II devür - yiqirimançı yıllanı adabiyatı (1920-29)

III devür - otuzunçu yıllanı adabiyatı (1930-41)

IV devür - Yullu Vatan davnu yıllarını adabiyatı (1941-45)

V devür - davadan sonqhu yıllanı adabiyatı (1945-56)

VI devür - haliqi adabiyat (KPSS-ni XX sezdinden sonq yaratılqan adabiyat)“ (Literaturadan xrestomatiya, 1986:3)

1927-28-ci illərdəki milli düşüncəli insanların kütləvi həbs və sürgünlərindən sonra qumuq gəncləri arasında Rus Sovet ədə­biy­yatının təsiri ilə yazıb yaratmaq dəb halına düşür. Be­lə­cə qu­muq ədəbiyyatında yalnız mövzuca deyil, janr, vəzn və ritmcə də dəyişikliklər baş verir. Sərbəst vəzndə yazmağa, Ma­yakov­ski­ni yamsılamağa çalışanların sayı artır. Rus və Avropa ya­zı­çılarının əsərləri rus dili vasitəsilə qumuq türkcəsinə də çevrilir.

Bolşeviklər çar üsuli-idarəsini, keçmiş quruluşu sərt tənqid etsələr də, milli məsələdə onun siyasətini davam etdirir, həmişə Kazan, Kırım tatarları, azərbaycanlılar, qazaxlarla sıx ünsiy­yətdə olan qumuqları öz kökündən ayırıb ruslaşdırmaq siyasəti yeridir. Onlar öz mövqelərini möhkəmlətmək üçün azsaylı xalq­ların ibtidai savad almasına, mədəniyyətlərinin inkişafına şərait yaradırdılar. Savadlanan, dünyagörüşü olan insanlar isə öz tarixi keçmişlərini öyrənməyə və yaşatmağa həvəs göstərirdilər.

Qafqazda nəinki türk xalqları arasında ünsiyyət vasitəsi ki­mi türk dilindən istifadə edilir, yazışmalar da türkcə aparılırdı. Bolşeviklər həm bu ənənəyə, həm də islam mədəniyyətinə də qarşı çıxırdılar. İslam dininə qarşı mübarizə, xalqın adət-ənə­nəsinin ateizm təbliğatı adı altında sıxışdırılması, ərəb əlifba­sının dəyişdirilməsi müsəlman-türkləri bir-birindən ayırmağa, onların assimilə olunmasını gücləndirməyə xidmət etdiyini ziyalılar aydınca görürdülər.

Yalnız Dağıstanda yaşayan qumuqların deyil, ləzgilərin, tabasaranların, lakların, darginlərin, avarların, saxurların və b. azsaylı xalqların aydınlarını bir məsələ düşündürürdü: Nədən yüzillər boyu ünsiyyət vasitəmiz olan türk dili rus dili ilə əvəz edilməlidir? Nədən Dağıstan MSSR tarixi, adət-ənənəsi bir olan, paytaxtı daha yaxında yerləşən Azərbaycan Respublika­sının tərkibində deyil, hər cəhətdən onlara yad olan və mərkəzi uzaqda, Moskvada yerləşən Rusiya Federasiyasının tərkibində olma­lı­dır? Bu və buna bənzər suallara cavab axtaran aydınlar təqib­lərə uğrayır, həbs edilir, sürgünə göndərilirdilər. Bütün bunlara baxmayaraq, Dağıstanda yaşayan və qumuq olmayan Said Küçxür, Süleyman Stalski və başqaları qumuq türkcəsində da şeirlər yazmışlar.

Milli dəyərlərdən uzaq olan, sosializm quruculuğunu, kol­xozlaşmanı, bolşeviklərin vətəndaş savaşındakı hünərini, bol­şevik öncüllərini tərənnüm edən şair və yazıçılara isə çap olun­ma, qonorar alma, bir sözlə, yaşama imkanı yaradılırdı.

Qumuq Sovet ədəbiyyatını Abdulla Mahammadov (1864-1937), Temirbolat Biybolatov (1879-1942), Bahautdin Astemi­rov (1898-1967), Alimpaşa Salavatov (1901-42), Nabi Xan­murzayev (1893-50) və başqaları formalaşdırırdılar.

Nuhay Batırmurzayev (1865, Tersk vilayətinin Yaxsay kən­di-1919). Çağdaş qumuq poeziyasının və nəsrinin banilə­rindən biri sayılır. Mədrəsədə oxuyarkən ərəb dilini, islam tarixini, şə­riəti, Doğu ədəbiyyatını öyrənir. Gənc yaşlarından bədii yara­dı­cılığa başlayan şair sosial ədalət uğrunda müba­rizəni həyatının mənası sayır. „Yazıq Habibat“ (1910), „Davut blan Layla“ (Da­vut ilə Leyla) (1912), „Harun və Zubaydat, yaxud nəsipsiz Can­bike“ kimi povest və Doğu süjetləri əsa­sın­da romantik novellalar, hekayələr yazmaqla yanaşı, ərəbcədən „Min bir gecə“, „Canşah“ və „Sindibadın dəniz səyahəti“ nağıllarından parçaları qumuq türkcəsinə çevirmişdir. N.Batır­murzayev oğlu Zeynalabidin „Tanq çolpan“ (Dan ulduzu) jur­nalını nəşr etməsinə yaxından kömək etmişdir. Çox təəssüf ki, bu mübariz insan, eləcə də oğlu Zeynalabid 1919-cu ildə De­nikinçilər tərəfindən güllələnmişlər.

Zeynalabid Nuhay oğlu Batırmurzayev (1897, Tersk vi­layətinin Yaxsay kəndi-1919). Gənc yaşlarından bədii yara­dı­cı­lığa başlamış, atası ilə birgə „Tanq çolpan“ jurnalını çıxar­mış­dır. Jurnalın 1917-ci ildə 4, 5, 7, 8 saylarında „Dağıstan ta­rixinə bir qarab“ (Dağıstan tarixinə bir baxış), 1918-ci ildə 9 sayında “Dağıstanda tarixi günlər“ məqalələri çap olunmuşdur.

Onun yaradıcılığında döyüşkən ruh hakimdir. Qumuq türk­lərinin milli oyanışa gec qaldıqlarını şeirində xalqına belə çat­dırırdı:

Tuwdu Çolpan, tang bilindi,

- Doğdu Dan ulduzu, sabah bilindi,

Boldu uyanma zaman.

- Oyanma zamanı gəldi.

Şawla aldı dünya yüzün,

- İşıq aldı dünya üzünü,

Yuxlağanımız taman.

- Yuxulamağımız yetər.

Gözüng aç, dört yakğa qara!

- Gözünü aç, dörd yana bax!

Getdi kerwan erterek.

- Getdi karvan erkəndən.

Biz geçigip kalğanbız,

- Biz gecikib qaldıq,

Enni hozğalma gerek.

- Artıq hərəkətə geçmək gərək.

Zeynalabidin çağrı xarakterli bu şeiri „Tenlik“ təşkilatının 1990-cı ildə çap etdiyi bülletenin birinci səhifəsində də çap olunmuşdur. Bu bir daha onu göstərir ki, 1990-cı illərdə bol­şe­viklərin qurmuş olduğu dövləti yıxmaq istəyənlər də fanatik kommunist kimi tanıdılan Z.Batırmurzayevin şeirindən istifadə etmişlər. Bu da onu göstərir ki, Z.Batırmurzayev bolşevik dü­şüncəli bir insandan çox, haqsızlığa dözməyərək ona etiraz edən, xalqının xoşbəxt gələcəyini arzulayan, bu yolda canından keçənlərdən birisi olmuşdur.

Manay Alibekov (1861, Tersk vilayətinin Yaxsay kəndi-1920). Onun soyadı Alibekzadə kimi də yazılır. Manayın pe­şəsi inşaat olmuşdur. Təhsil ala bilməsə də xalq şeiri ruhunda yaz­dığı əsərləri ona böyük uğur qazandırmışdır. „Yaxsaydakı qu­muq qızla­rının arzuları“, „Hakimlərin işləri“, „Starşina“, „Mol­lalar“ və s. şeirləri qumuq yazılı ədəbiyyatının inkişafına təkan vermişdir.

Çar məmurlarının və yerli bəylərin, varlıların xalqa etdikləri zülmü tənqid edən, eləcə də soydaşlarını elm öyrənməyə, maa­riflənməyə çağıran şeirləri Manayı sevdirmiş, Bəkir Çoban­zadə onu „köy ve köylü şairi“ adlandırmaqla, şeiri sadəcə sənət üçün deyil, xalqının dəyişilməsi, zamanla ayaqlaşmağa uyması üçün yazdığına görə onu təqdir etmişdir.

Şairi xalqının yaşamından bəhs edən şeirlərində olduqca zən­gin etnoqrafik materialları var.

Mixail Kanbulatzadə onun şeirlərini toplayaraq ölümündən beş il sonra, yəni 1925-ci ildə Buynakskda kitab kimi çap et­dirmişdir.

Abdulla Mahammadov (Məhəmmədov) (1864, Tersk vi­la­yətinin Yaxsay kəndi-1937). Kəndli ailəsində dünyaya göz açan Abdulla Mahammadov dərin təhsil görməmişdi. Həmin vaxt nəinki bölgədə, hətta Qafqazda belə tanınan mədrəsə onun doğulduğu kənddə fəaliyyət göstərirdi. Abdulla iti zəkası, fitri istedadı ilə yaşıdlarından seçilmiş, xalq arasında yaşayan yırları söyləyə-söyləyə özü də həmin janrda əsərlər yazmağa başlamışdır (Dağıstan ədəbiyyatı antologiyası, 1959:17).

 Bolşeviklər hakimiyyətə gəldikdən sonra daim xalq arasında olan sadə insanlardan bacarıqla istifadə edərək onları öz təbliğatçılarına çevirirdilər.

1920-30-cu illərdə kasıb ailədən çıxan, folklordan qaynaq­lanaraq sadə şeirlər yazan, xalq arasında dolaşan qazax Cam­bul Camoyev, ləzgi Süleyman Stalski, avar Həmzət Sadasa kimi sənətkarları reklam edərək, onlardan bacarıqla yararla­nırdılar. Qumuqlar arasında da Abdulla Mahammadov bu funk­siyanı yerinə yetirirdi. O, kolxoz quruluşunu, sosializmin qələbəsini, bolşeviklərin hünərini tərənnüm edən, kapitalizmi, köhnəliyi, adət-ənənələri tənqid edən şeirlər yazırdı.

Şair qocalanda yazı-pozu öyrənmiş, şeirlərini qəzetlərə gön­dərmişdir. İlk şeiri 1925-ci ildə “Yoldaş” qəzetində çap olun­muşdur. 1934-cü ildə isə “Qulaq asın, görün, qoca nə deyir” adlı ilk şeirlər kitabı işıq üzü görmüşdür. Kitaba sosializm quruculuğundan, bolşeviklərin hünərinin tərənnümündən, Le­ni­nin, Stalinin tərifindən, qadın azadlığından, qumuq qadın­larının baş örtüyünü-çadradan, yaşmaqdan imtina etdiyindən, kolxozlaşmadan, Oktyabr inqilabının qumuq xalqına bəxş etdiyi „xoşbəxtlik“dən bəhs edən şeirləri daxil edilmişdir. Elə həmin il ona ləzgi Süleyman Stalski, avar Həmzət Sadasa ilə birlikdə Dağıstanın xalq şairi adı verilmişdir. SSRİ Yazıçılar İttifaqına üzv seçilən şairi 1935-ci ildə qoca vaxtında Mos­kvaya, Sovet Dağıstanının 15 illiyi münasibətilə keçirilən təd­birlərdə iştirak etməyə aparırlar. 1936-cı ildə isə onu Dağıstan Yazıçılar İttifaqının İdarə Heyətinə seçirlər.

 Sonradan şairin şeirləri toplanaraq “Seçilmiş əsərləri” adı ilə çap olunmuşdur. Onun „Sovet quşları“ şeiri zamanında daha məşhur olmuş və bir neçə dilə tərcümə edilmişdir.

“Dağıstan ədəbiyyatı antologiyası” kitabında Əhməd Cəmi­lin tərcüməsində şairin “Qadınlar, tarlaya çıxın” şeiri veril­mişdir (Dağıstan ədəbiyyatı antologiyası, 1959:17-19).

Temirbolat Biybulat oğlu Biybolatov (21.12.1879, Teymur­xan­şura dairəsinin Töben (Aşağı) Qazanış kəndi-20.02.1942, Qazaxıstan Respublikasının Qaraqanda şəhəri). Qumuq ədə­biy­yatında süjetli poemaların yaranmasında böyük rol oynamış şairin yaradıcılığı çoxsahəlidir. Gənc yaşlarından çar Rusiya­sının Dağıstan Atlı Polkunda zabit kimi xidmət etməsinə bax­mayaraq inqilaba qoşulmuş, mədəni-maarif sahəsində də gü­cünü sınamış, qumuq teatrının formalaşmasına böyük əmək sərf etmişdir. O, böyüklər üçün həvəskar teatr truppası təşkil edib tamaşalar göstərməklə yanaşı, uşaqlar üçün „Çiçəklər“, „Qış“, „Yaz“, „Börkçü“ səhnəciklərini yazdığını da müasirləri xatırlayırlar.

1922-ci ildə „Şamil“, „Qazi Molla“, „Qara günlər“, 1928-ci ildə „Dağıstanda ulu inqilab“,“Xaspolad”, „İmam Əzəm və onun oğlu Əzəmət“ və başqa poema və pyeslər yazan T. Biy­bo­latov haqqında tanınmış qumuq bilgini Abdulhakim M. Hacıyev yazır: „Qumuqların ilk edebiyat ve kültür dergisi „Tan çolpan“ın, ku­muk tiyatrosunun, halk oyunları ve şarkıları toplusunun kuru­cularından birisi olan Temirbolat Biybolatov, çalıştığı bütün sa­halarda halka faydalı bir çok işe imza attı. Besteci olarak bir çox bestenin yanı sıra „Şamil“, „Tan çol­pan“ operalarını, şair olarak pek çok şiirin yanında „Hacı Mu­rat“, „Stepka Razin“, „Mədəndə yarış“ ve başqa manzumeleri, dramaturg olaraq „Şamli“, „Su perisi“ ve beşqa piyesleri ya­ratmış, çevirmen olarak V.Şekspirin, F. Şillerin, A.S.Puşkinin M.Y.Lermantovun ve başka ünlü şair­lerin eserlerini kumuk türkçesine çevirmiştir“ (Türkiye dışın­dakı..., 2002:237, 20-ci cild). Kadr çatışmadığın­dan o çox vaxt tamaşalarda aktyorluq və rejissorluq etmişdir.

Dağıstanda teatr texnikumunun, 1930-cu ildə Qumuq Döv­lət Dram Teatrının və Dağıstan Mahnı və Rəqs Ansamblının yaradılmasında onun böyük rolu olmuşdur. Tamaşalara musiqi yazan, çox vaxt ifaçı kimi də çıxış edən T.Biybolatov hətta „İki açar“ adlı film çəkməyə də nail olmuşdur.

T.Biybolatov bolşeviklərə inanıb onların yolunda əldə silah döyüşməsinə, sosializm quruculuğunun fəallarından olmasına, əsərlərində Sovetlərin ideologiyasını müdafiə etməsinə bax­mayaraq mətbuatda və toplantılarda dəfələrlə kəskin tənqid edilmişdir. Tarixi mövzuda yazdığı əsərlərdə faktlara obyektiv yanaşmağa cəhd göstərdiyinə, dağlıların qəhrəmanlıqla çar Rusiyasına qarşı vuruşduqlarını yazdığına görə İ.Aurbiyev onu „Şamil, Sovet ideologiyası və T.Bulatov“ adlı məqaləsində kəskin tənqid etmişdir. Bütün bunlar onu göstərirdi ki, bol­şeviklərlə T.Biybolatovun yolları ayrılırdı. Odur ki, aldandığını başa düşür, onun kimi aldanmışlarla birləşərək vətənini azad görmək üçün yollar arayırdı.

Çevirmən kimi də o olduqca məhsuldar işləmişdir. V.Şeks­pirin „Otello“, „Romeo və Cüllyetta“ faciələrini, Lope de Ve­qanın „Qoyun bulağı“, N.Poqodinin „Aristotel“, A.S.Puşkinin „Daş cəngavər“, A.Korneycukun „Eskadranın məhvi“ və b. əsərləri ana dilinə çevirmişdir.

Vətəni və milləti üçün böyük işlər görən bu insan Sovet ir­ticasının qurbanı olmuşdur. 1938-ci ildə xalq düşməni adlan­dırılaraq həbs edilən T.Biybolatov 1942-ci ildə Qaraqanda həbs­xanasının əlillər və çolaqlar düşərgəsində ölmüşdür.

Əli Qaziyav (1879, Dağıstan, Endrey kəndi-1964). Yara­dıcı­lığa Birinci Dünya Savaşı illərində Dağıstan Atlı Alayının tərki­bində döyüşlərdə iştirak edərkən başlamışdır. Qopuz çalıb sarın­lar (bayatılar) oxuya-oxuya özü də yenilərini yaratmağa başlamışdır.

Şair Sovet dövründə kəndli komitəsində, kənd sovetində iş­lə­miş, kolxozu, sosializmi tərənnüm edən, İkinci Dünya Savaşı illərində faşizmi tənqid və təhqir edən, söyən şeirlər yazmışdır.

Şairin “Qaziyav Əli mahnı deyir”, “Qocanın qılıncı”, “Ok­tyabr bəhrələri”, “Seçilmiş əsərləri” adlı kitabları nəşr olunmuş və ona Dağıstanın xalq şairi adı verilmişdir. Antologiyada T.Əliyevin tərcüməsində “Ay işığı və qırmızı işıq”, “Onun öm­rü uzun olsun”, “Qarğıdalı dəni” şeirləri çap olunmuşdur (Da­ğıstan ədəbiyyatı antologiyası, 1959: 20-23).

Nabi İbrahim oğlu Xanmurzayev (1893, Teymurxanşura dai­rəsi, Töben (Aşağı) Qazanış -1950) Teymurxanşuradakı real­nı mək­təbi bitirdikdən sonra uzun illər öyrətmənlik etmişdir. Sə­mərəli pedaqoji fəaliyyətinə görə o, Dağıstan MSSR-in əmək­dar müəl­limi adını almışdır. Ədəbiyyata yır söyləməklə gələn şair ilk şei­rini 1919-cu ildə çap etdirmişdir. 1929-cu ildə isə “Göz yaşı içində gülüş” kitabı işıq üzü görmüşdür. Bundan başqa „Энечи ва Эмчи (Loğman və mamaça), “Qisasçılar” pyeslərinin ya­za­rı olmuşdur. Onun sa­tirik şeirləri, pamfletləri qumuq ədəbiyyatını zən­ginləşdirmişdir. “Mahnılar və şeirlər”, “Savaş şeirləri”, “Seçil­miş əsərləri” kitab­ları da vardır. Qumuq satirasının ustası kimi tanınmışdır.

Şairin adını Azərbaycanda Nəbi Xanmurza kimi yazıblar. Tə­lət Əyyubov şairin “Boçkanın (Çəlləyin) şikayəti” şeirini di­li­mizə çevirmişdir (Dağıstan ədəbiyyatı antologiyası, 1959: 41-44).

Bahautdin Acı oğlu Astemirov (17.10.1898, Tersk vilayə­tinin Yaxsay kəndi - 03.04.1967). Mədrəsə təhsili almış Bahautdin zülmə, haqsızlığa qarşı olmuş, xalqını xoşbəxt günlərə çıxar­maq arzusu ilə yaşamışdır. Zeynalabidlə dostluq etmiş, onunla bir­likdə ailə kitabxanalarındakı kitabları oxumuşdur. 1917-ci ildə Teymurxanşuradakı müəllimlər hazırlayan kursda oxuyan Ba­hautdin 20 yaşında ikən Zeynalabid Batırmurzayevin başçı­lıq etdiyi partizan dəstəsinə qoşularaq əldə silah ağqvar­dıya­çılara qarşı vuruşmuşdur. Onun ilk publisistik məqalələri də həmin illərdə çap olunmuşdur. 1920-ci ildə isə Z.Batırmur­za­ye­vin əsasını qoyduğu teatr truppası onun mövzusunu bol­şe­viklərin qələbəsindən almış „Hücum“ pyesini səhnəyə qoymuşdur.

Bolşeviklər Dağıstanı işğal edəndə onlarla sıx əməkdaşlıq etmişdir. Gənclər təşkilatı yaratmış, qumuq dilində çap olunan „Dağıstan gəncləri“ qəzetinin redaktoru olmuşdur. 1928-ci ildə SSRİ-də Proletar Yazıçılar Cəmiyyəti yaradılanda B.Astemiro­vu Dağıstan MSSR-in Proletar Yazıcılar Cəmiyyətinə sədr təyin edirlər. „Dəniz yagada“ (Dəniz sahilində), „Qartligina, vö­re, etme mükürlük“ (Qocalığı qəti qəbul etmə), „Qart emen“ (Qoca palıd) və b. şeirləri onun lirik duyğularından xəbər verir.

Bədii yaradıcılıqla yanaşı, ardıcıl təşkilati işlər də aparan B.Astemirov 1932-ci ildə „Dağstan şairləri“ toplusunu, bir il sonra isə özünün „Mübarizə“ adlı şeir kitabını çap etdirir. 1934-cü ildə yazıçılar təşkilatını formalaşdırır və Moskvada keçirilən SSRİ Yazıçılar İttifaqının I qurultayında iştirak edir. Əsərlərində sosializmi təbliğ edən, rus ədəbiyyatının təsiri al­tında yazıb yaradan şair-publisisti Dağıstan MSSR-in Yazıçılar İttifaqına sədr təyin edirlər.

 Dağıstan MSSR Maarif Komissarı, Sov.İKP Dağıstan Ölkə Komitəsində məsul vəzifədə işləmiş ədib „Qılınc və qələm“, „Tan çolpan“, „Kim bilir“, „İldırım“, „Yabuşuv“(Savaş) kimi şeir və poemalarını yazmışdır.

Əsərlərində sosializm realizminin, rus ədəbiyyatının və mə­dəniyyətinin tərənnümçüsü kimi görünən B.Astemirov rəhbər vəzifələrdə işləməsinə baxmayaraq içdən cəmiyyətdəki haqsız­lıqdan narazı qalır, idarəetmədəki nöqsanları görür və onu aradan qaldırmağa çalışır. Onun gizli fəaliyyəti Sovet xüsusi xidmət orqanları tərəfindən diqqətlə izlənilir. 1937-ci ildə vətən xainliyində ittiham olunaraq həbs edilir.

Sov.İKP-nin XX qurultayında Stalini şəxsiyyətə pərəstişdə ittiham edilir və 1937-ci il qurbanlarına bəraət verildiyi elan edilir. 18 il həbsdə yatdıqdan sonra B.Astemirov 1957-ci ildə həbsdən azad edilsə də, aldığı mənəvi və fiziki zərbələrdən çox yaşamamış, 1967-ci ildə dünyasını dəyişmişdir.

B.Astemirov (şairin adı Azərbaycan qaynaqlarında Vahab kimi yazılır. Onun “Partiya”, “Dağlarla söhbət” şeirləri B.Adil tərəfindən Azərbaycan türkcəsinə çevrilərək Bakıda nəşr edilmişdir (Dağıstan ədəbiyyatı antologiyası, 1959:39-40).

 

 

2.4. Teatr xalqa ədəbiyyatın yeni təsir vasitəsi kimi

XIX yüzilin ortalarında Avropada sosial-demokrat hərəka­tı­nın güclənməsi, XX yüzildə Rusiyanın bir imperiya kimi zəif­ləməsi və Rusiya Sosial Demokratik Fəhlə Partiyası təbliğatı­nın fəallaşması qumuq ədəbiyyatına öz təsirini göstərmişdi. Ədəbiyyatda ideoloji mövzularda yazılan əsərlərin sayı gündən günə artırdı. Lakin bu da millətin öndə gedənlərini qane etmir­di. Əhalinin böyük qismi savadsız və az savadlı olduğundan, qəzet jurnalları vaxtında alıb oxuya bilmədiklərindən teatra üs­tünlük verməyə başladılar.

Qumuq teatrının tarixini nə qədər bolşeviklərin hökuməti silah gücünə ələ keçirməsindən əvvələ çəkməyə çalışsalar da peşəkar qumuq teatrı Sovet dövründə formalaşmışdır.

Azərbaycan mədəniyyət dairəsində olmaları, dil yaxınlığı da öz təsirini göstərdi. Qumuq teatrı Azərbaycan sənətkarlarının tə­si­ri ilə formalaşmağa başladı. Bakı bir növ qumuqların da mədəni mər­kəzinə çevrilmişdi. Yüzlərlə qumuq Bakıda işləyir, ailələrinə çörəkpulunu buradan qazanırdılar.

Teymurxanşura da bir mədəni mərkəz kimi formalaşırdı. Bu­rada da onlarla Azərbaycan aydını yaşayır və yazıb-yara­dır­dı. Azərbaycan teatr truppaları da Temurxanşuraya və Dağıs­tanın müxtəlif şəhərlərinə qastrola gəlirdi. Elə buna görə idi ki, Dağıstan xalqları arasında ilk teatr truppası yaradan, ilk ta­ma­şalar göstərən də qumuqlar olmuşdur. Qumuq araşdırıcıları teatr­larının tarixini 1906-ci ildə Teymurxanşurada həvəskar­la­rın yaratdığı „Toy“ adlı dərnəklə hesablayırlar. Həvəskar teatr truppasının təşkili, ardıcıl tamaşalar hazırlaması isə 1910-cu ildən başlanmışdır. Rus ordusunun Dağıstandakı Atlı Alayının komandiri, musiqi istedadı ilə seçilən, bədii yaradıcılıqla ar­dıcıl məşğul olan Temirbolat Biybolatovun həvəskarlardan təş­kil etdiyi teatr truppası Azərbaycanda oynanılan Ə.B.Haqver­di­yevin „Pəhlivanani-zəmanə“, Üzeyir Hacıbəyovun „O olmasın, bu olsun“ (Məşədi İbad), „Sultan Abdulhəmid“ və başqa əsər­ləri oynayırlar.

1920-ci illərdə Ə.B.Haqverdiyevin pyesləri Dağıstan səhnə­sində ən çox göstərilirdi. Onların içərisində də „Aç həriflər“ xüsusilə seçilirdi.

1916-cı ildə isə Z.Batırmurzayev, S.S.Kazbekov, Ş.Davetov Xasavyurtda həvəskarlardan ibarət “Tanq çolpan”(Dan ulduzu) adlı teatr truppası yaradırlar. Onlar hazırladıqları tamaşaları ət­raf kəndlərdə də göstərirlər. Beləcə Zeynalabid Batırmurza­ye­vin özü də səhnədə oynanmaq üçün əsərlər yazmağa başlayır. O, yazmış olduğu “Danyalbek” pyesi tamaşaya qoyularkən baş rolu özü oynayır.

1917-ci ilin iyulunda T.Biybolataov “Dağıstan Müsəlmanla­rı­nın Teatrı və Ədəbiyyatı Cəmiyyəti”ni qurur. “Tanq çolpan” jur­nalı bu cəmiyyətin orqanı kimi nəşrə başlayır, ilk redaktoru da T.Biybolatov olur.

1920-ci ildə T.Muratov da III İnternasional fabrikində hə­vəs­karlardan ibarət teatr truppası yaradır. Bu truppa rəhbərinin “Qanlı meydan”, “Yazıq Umugülsum”, “Namərd qazı” kimi pyeslərini tamaşaya qoyur. Tamaşalar sənətkarlıq baxımından zəif olsalar da dövrün tələblərinə cavab verdiyindən, necə de­yərlər bolşevik təbliğatına xidmət etdiyindən yüksək qiymət­ləndirilirdi.

Teatra xüsusi diqqət yetirən hökumət teatr texnikumu və texnikumun nəzdində studiya yaradır. Tələbə və müəllimlər burada Bahadur Mallaxçixanovun “Hakim”, R. Davudovun “Üyleniv” (Evlənmək), texnikumun tələbəsi Əmir Qurbanovun “Tav qarçığalar”(Dağ qartalları) pyeslərini tamaşaya qoyurlar.

Teatr texnikumunun ilk buraxılışından sonra, yəni 1930-cu ildə Dağıstanda Qumuq Dövlət Teatrı fəaliyyətə başlayır. 1929-cu ildə A.Batırmurzayevin “Müridlər” komediyası, 1930-cu ildə A.Bəşirovun “Süyüvnü qurbanı”(Sevgi qurbanı) lirik sentimental pyesi tamaşaya qoyulsa da qumuq teatrının repertuarı olduqca kasad idi (Literaturadan..., 1986:6). Yerli müəllifləri pyes yazmağa həvəsləndirmək üçün Dağıstan MSSR Maarif Komissarlığı dalbadal iki il müsabiqə elan etdi. 1933-cü ilin müsabiqəsində A.P.Salavatovun “Qırmızı parti­zan­lar” pyesi birinci mükafata, 1934 -cü ilin müsabiqəsində Əmir Qurbanovun “Çoban Arslan” pyesi və H. Rüstəmovun “Hə­yatda” pyesi ikinci mükafata layiq görülür.

Alimpaşa Salatovun “Qırmızı partizanlar”, Atqay Acama­to­vun “Ansar”, „Polad tələ“, Temirbolat Biybolatov “Şamil”, “İmam Azam və onu oğlu Amanat”, “Su pərisi”, “Dağıstan in­qilab saklar Soveti”, T.Muratovun “Yazık Umuküsüm”, “Na­mərd qazı”, Bahautdin Astemirovun “Hücum”, A. Batırmur­za­ye­vin “Müridlər” və b. dram əsərləri 1920-30-cu illərdə yalnız qumuq dramçılığının inkişafına deyil, orada yaşayan avar, ləzgi, dargin və b. xalqların teatrının inkişafına təkan verməklə yanaşı, ədəbi əlaqələrin möhkəmlənməsində də mühüm rol oyna­mışdır.

Qumuq dramçılığı da Sovetlərin keçdiyi yoldan kənarda qala bilməzdi. Belə ki, 1920-30-cu illərdə bolşeviklərin qə­lə­bəsi tərənnüm olunur, din xadimləri, varlılar, azad düşüncəlilər tənqid hədəfinə çevrilir, yenilik, qadın azadlığı adı altında adət-ənənəyə qarşı çıxılır, zorakılıq təbliğ edilirdi. Qumuq teatrının artisti M.Qurbanovun kasıbların öz haqları uğrunda mübarizəsindən bəhs edən satirik „Molla Nəsrəddin“ komediya­sını nümunə göstərmək olar.

1940-cı illərin əsas mövzusu İkinci Dünya Savaşında qu­muq­ların göstərdikləri hünər ön plana çəkilir. Bundan istifadə edən yazıçılar tarixi mövzulara müraciət etməklə xalqda düş­mə­nə-faşizmə nifrət, vətənə məhəbbət, qəhrəmanlıq hissləri oyat­mağa çalışırlar. Bu baxımdan Əmir Qurbanovun „Bozi­git“, „Asiyatın məhəbbəti“ pyesləri diqqətçəkəndir. Belə ki, Abusupiyanın çap etdirdiyi „Bozoğlan“ əsərinin sujetini əsas götürərək yeni səhnə əsəri yarada bilmişdi. Həmin illərdə ya­zılan səhnə əsərləri arasında Ş.Abdullayevin „Yer“ pyesini də yada salmaq lazımdır.

1950-ci illərdə konfliktsiz əsərlər yazmaq dəb halını alır. Ə.Qur­banovun „Qonşular“, „Qarlı dağlarda“, H.Rüstəmovun „Dostlar“, „Salamata hədiyyə“, B.Atayevin „Gəlin“, Ş.Ab­dul­layevin „Geniş yol“, M.S.Yahiyayevin „Qulyaybat“ və b. pyes­ləri yazılır.

Sonrakı illərdə Stalinin şəxsiyyətə pərəstişindən, insanların mə­nəvi, psixoloji aləmindən söz açan səhnə əsərləri yaransa da bunlar o qədər də uzunömürlü olmurlar. Qumuq teatr tarixinin araşdırıcısı Layla Şabayeva 1950-70-ci illərdən söz açarkən Ə.Qurbanovun „Anami ərə verirlər“, K.Abukovun „Məryəm, mən günahkaram“, M.Atabayevin „Qızıl qaz“, A.Atayevin „Bi­ri­ləri gedir, o biriləri gəlir“, A.Hamidovun „Bayram təxirə sa­lı­nır“, B.Adjıyevin „İstəyirsiniz gülün, istəyirsiniz ağlayın“. B.Ata­yevin “Şamxal Adilgəray Tarkovski” və b. pyeslərin adını çəkir.

1930-80-ci illərdə Qumuq Dövlət Teatrında ən çox əsəri oynanan müəllif Ənvər Qurbanovdur. O, bütün dövrlərin ru­huna uyğun pyeslər yazmış, necə deyərlər, sosial sifarişləri məhsuldar yerinə yetirmişdir.

Qumuq teatrında da yavaş-yavaş pafos öz yerini obrazın da­xili aləminin açılması ilə, şuarçılıq tamaşaçını düşündürə biləcək fikirlərlə əvəzlənir. Tarixi keçmişə, öz xalqının idarə­çilərinə də münasibət dəyişir. Əvvəllər hökmdarlar, şamxallar ağılsız, qəddar, qaniçən, xalqına zülm verməkdən ləzzət alan insanlar kimi təqdim edilirdisə, sonralar tarixi həqiqətləri tama­şaçıya çatdırmaq meyli gücləndi. Bunu eyni mövzuda yazılmış iki pyesin timsalında aydın görmək olar. A.P.Salavatov „Ay­qaz“ pyesində Şamxal Adilgəray Tarkovskini qəddar, xalqına zülm verən idarəedici kimi tanıtmağa çalışırdısa, B.Atayevin “Şamxal Adilgəray Tarkovski” dramında xalqını xilas etmək üçün hər cür cəfaya hazır, ağıllı və fərasətli bir vətənpərvər kimi təqdim olunur.

Az zaman kəsimində A.P.Salavatov (1901-42), A.Suley­ma­nov (1909-95), A. Hacamatov (1910), B.Atayev (1925), Şarp Aliberdiyev (1926), Əmir Qurbanov (1909), M.S.Yahiyayev (1923) və b. qumuq dramçıları yetişir. Onların pyesləri estetik dünyagörüşün formalaşmasına, vətənpərvərlik duyğularını yük­səlməsinə xidmət edir.

Alimpaşa Salavatov (1901, Tersk vilayətinin Yaxsay kən­di-1942, İkinci Dünya Savaşı). İlk yaradıcılığa Zay­nalabidin nəşr etdirdiyi „Tanq çolpan“ jurnalında və „İşçi xalq“ qəzetində nəşr edilən əsərlərin təsiri altında başladığını ya­zırlar. Bakıda təhsil alması onun yaradıcılıq yolunu dəyişmişdir. 1931-ci il­də Dağıstan Pedaqoji İnstitutunu bitirdikdən sonra kəndlərindəki məktəbdə və Buynakskdakı pedaqoji texnikum­da müəllim, SSRİ EA Dağıstan filialında Tarix, Dil və Ədə­biy­yat İnstitu­nun­da elmi işçi kimi çalışmışdır. İlk şeirlər kitabı 1925-ci ildə çap olu­nmuşdur. Folklor materialları və Yırçı Kazakın şeirlərini toplamışdır.

Ədəbiyyata şeirlə gəlsə də sonradan dramçılığa marağı artmış, “Ayqazi”, “Qırmızı partizanlar” “Qarasaç” pyeslərini yazmışdır. İlk iki pyesi uzun illər fasiləsiz şəkildə Dağıstan teatrlarının səh­nələrindən düşməmişdir. Qumuq xalq ədəbiyyatından nümunələri „Çiçəklər“ adı altında toplamışdır. Ona Dağıstanın əməkdar incə­sənət xadimi adı vermişlər. “Dəmirçiyə”, “Qulaq as!”, “Mək­təb”, “Günəş necə danışır”, “Rezin top” şeirləri Z.Cabbar­zadə­nin tərcüməsində Azərbaycanda çap olunmuşdur (Dağıstan ədə­biy­yatı antologiyası, 1959:36-38).

Bakıda Bəkir Çobanzadə, Əziz Ubaydullin, Xalid Səid Xocayev, Abdulla Şərifov və b. araşdırıcılarla yaxından tanış olmuş və öyrətmənlərinin yarat­mış olduğu əksinqilabi qrupa qoşulmuşdur. Bəkir Çobanza­də­nin 1937-ci ildə həbs edilərkən müstəntiqə verdiyi ifadədən aydın olur ki, SSRİ-dən ayrılmaq şərtilə türk-tatar xalqlarının vahid müstəqil dövlət halında birləşməsi (Vahid Turan Döv­ləti) məqsədini qarşıya qoymuş qrupların birinin tərkibində Alimpaşa Salavatov da varmış (İstintaq sənədlərində onun adı Alim Paşa-Solqar kimi qeyd olunur) (Babayev Adil, 2003:85). Onun daxil olduğu 3-cü qrupda Atababa Musaxanlı, Hənəfi Zey­nallı, Abdulla Tağızadə, Xalid Səid Xocayev kimi elm xa­dimləri ilə yanaşı, Hüseyn Cavid, Mikayıl Müşfiq, Əhməd Cavad, Abdulla Şaiq kimi şairlər və başqa elmi-pedaqoji işçilər də olmuşdur. (Babayev Adil, 2003:89).

Alimpaşa Salavatov 1937-ci ildə həbs edilib edilmədiyindən və həmin illərdəki taleyindən xəbərsizik. Bildiyimiz odur ki, İkinci Dünya Savaşına göndərilmiş və Kırımda gedən döyüş­lərdə ölmüşdür.

Yusup Arsu oğlu Qereyev (Yakov Yakovleviç Sirmais) (1903. Dağıstan Kafır-Kumuk (Teymurxanşura) kəndi-1941. İkin­ci Dünya Savaşı). Qumuq ədəbiyyatının inkişa­fın­da xidməti olanlardan biri də milliyyətcə latış olan Yusup Qe­reyevdir. Ondan söhbət açanlar şair, publisist, bəstəkar, pe­şə­kar qumuq teatrının əsasını qoyanlardan biri kimi tanıdırlar.

Dağıstanda yaşayan və müəllim işləyən latış Yakov Sir­mai­sin oğlu sonralar Yusup kimi tanınır. Bu da səbəbsiz deyil. Ona uşaqlıqda Yakov adı verilmişdi. Valideynlərini itirən uşa­ğı atasının dostu Avqustin Skrabe himayəsinə götürür və onun təlim tərbiyəsi ilə məşğul olur. Avqustin Skraben inqilabi fəaliyyətə görə həbs edilməsi balaca Yakovun yenə də kimsəsiz qalmasına səbəb olur. Bu də­fə onu Xalimbek kəndindən olan qumuq Arsu Qereyev hi­ma­yəsinə götürür (nədənsə bəzən onun atasının adı Hacıyeviç kimi də yazılır və 1940-ci ildə öldüyü göstərilir. Adı repressiya qurbanları siyahısına da salınır).  Gələcək yazıçıya Arsu ölmüş qardaşı Yusupun adını və özlərinin familiyalarını verir. Uşaq­lığını İşkartı kəndində keçirən Yusup qumuq dilini ana dili kimi öyrənir. Kənddəki məktəbi bitirdikdən sonra onu Azər­baycana pedaqoji seminariyaya oxumağa göndərirlər. Bakının qaynar mühiti yeniyetmə Yusupa güclü təsir edir. Mirzə Ələk­bər Sabirin (1862-1911) şeirləri ona güçlü təsir göstərir. Geri döndükdən sonra ictimai-siyasi işlərdə fəallıq göstərdiyinə, qəzetlərə məqalələr yazdığına, hekayələrini çap etdirdiyinə gö­rə partiya-sovet rəhbərlərinin diqqətini özünə çəkə bilir.

1924-cü ildə onu Rostov şəhərindəki diyar hüquqşünaslıq kursuna oxumağa göndərirlər. Kursu bitirib geri döndükdən sonra Dağıstanın prokurorluq orqanlarında işləsə də, bədii yara­dıcılıqdan əl götürmür. 1925-27-ci illərdə Sovet ordusunda əs­gəri xidmətini başa vurduqdan sonra yenidən Dağıstana qayı­dan Yusup partiya-sovet təşkilatlarında işləyir. Dövrün ideoloji tələblərinə cavab verən satirik hekayələr çap etdirir.

Daqqaze nəşriyyatı 1927-ci ildə yazıçının qumuq dilində „İn­sanın bədbəxtliyinin dərmanı“, 1928-ci ildə „Yolgöstərən“, „İnq paydalı dualar“ (Ən faydalı dualar) hekayələr kitablarını oxucu mühakiməsinə verir. 1935-ci ildə isə Quzey Qafqaz Di­yarşü­naslıq Nəşriyyatı yazıçının rus dilində „Neudaça“ (Uğur­suz) kitabını, Daqqaze nəşriyyatı isə qumuq dilində „Şimaldan qel­qen yazbaşı“ (Quzeydən gələn bahar) hekayələr kitablarını nəşr edir. „Molla Nasritdinin sapar yoldaşı“, „Biyler va adat­lar“ (Bəy­lər və adətlər) hekayələrini yazan Yusup dramçılıqda da qə­ləmini sınayır. 30 il Quzey Qafqaz xalqlarının Rus işğal­çılarına qarşı mübarizəsinə rəhbərlik etmiş Şamildən bəhs edən „Kim kimni?“(Kim kimi), „Manap“ pyeslərini də yazır. Bu pyeslər ta­maşaçılar tərəfindən maraqla qarşılanır. Dağıstandakı Qumuq Dram Teatrı ona bir-birinin ardınca Midvaninin „Şə­rəf“, Krase­vanın „Mayakın işıqlqrı“, “Zirvə“, “Biz gedirik“ pyes­lərini qu­muq dilinə çevirməyi sifariş verir. Onun çevirdiyi əsərlər səh­nə­ləşdirilir və tamaşaçılar tərəfindən alqışlarla qar­şılanır. Y.Qe­re­yev o dövrdə dəbdə olan, maraqla oxunan, film çəkilən D.Fur­manovun irihəcmli „Çapayev“ romanını da qumuqcaya çevirir.

Yaradıcılıq sahəsində uğurlarını və təşkilatçılıq bacarığını nəzərə alıb 1936-ci ildə onu SSRİ Yazıçılar İttifaqı Dağıstan MSSR şöbəsinə katib təyin edirlər. Təşkilatın işini canlan­dır­maq və yazıçıları ideoloji yönlü əsərlər yazmağa istiqamət­lən­dirmək məqsədilə 1936-cı ilin sentyabrın 30-da “Komsomolets Daqestana” qəzetində “Gənc yazıçıların vəzifələri haqqında” məqaləsini çap etdirir. Məqalə böyük əks-səda doğurur. Bu da rəhbər partiya-sovet işçilərinin istəklərinə cavab verirdi.

İkinci Dünya Savaşına göndərilən Yusup Qereyev oradan geri dönmür.

Abdulvahab Bekbulat oğlu Suleymanov (1909, Tersk vi­la­yətinin Yaxsay kəndi-1995). Uşaqlıqdan yetim qalan Abdul­vahab qohum-qardaşın köməyilə kəndlərindəki mədrəsədə, son­ra da Dərbənddəki orta məktəbdə oxumuşdur. 1926-cı ildən bə­dii yaradıcılığa maraq göstərmiş, 1929-cu ildən „Yoldaş“ qəze­tində işə girmiş, qısa zamanda şair və dramçı kimi şöhrətlən­miş­dir.

1930-cu ildə şairin “İnqilap tolqunları” (İnqilab dalğaları), “Qa­ranqıdan yarıqha” (Qaranlıqdan aydınlığa) şeir kitabları çap olunur. Zamanın tələbinə uyğun olaraq siyasi məzmunlu məqalələr və „Üstünlüknü igiti“, „Kolxozlar qurma Allah buyurğan“, „Ötgen günler“, „Turnalar“ kimi bədii əsərlər ya­zır. Onun “Çelyuskinçilər”, “Abissiniya“ əsərləri də Sovet xalq­larının dostluq və qardaşlığının tərənnümünə, Sovetlərdə ya­şayan insanların qəhrəmanlığına həsr edilmişdir. Qumuq ədə­biyyatında sujetli poemaların yaranmasında gənc şair Ab­dulvahabın da rolu vardır. O, 1928-ci ildə „Vali və Mariya“, „Nörjanat“ poemalarını yazır.

A.Suleymanova böyük uğur qazandıran isə 1929-cu ildən 1960-cı ilədək üzərində işlədiyi “Üst bolhan söz“ poeması olmuşdur. Poemanın qəhrəmanları Aminat və Batır sosializm quruculuğu uğrundakı mübarizədə hər çətinliyə dözərək sonda rəqiblərinə qalib gəlirlər.

İkinci Dünya Savaşı iştirakçısı olan şair həmin illərdə „Dost­lara“, „Umar Paşanın yırı“, „Paşitxanın yırı“ əsərlərini yazır. Savaşdan sonra yazdığı „Kahız“ poemasında dağıstanlı Mahammatla ukraynalı Qriqorinin dostluğundan söz açılır.

 “Ötgen günlər”, “Turnalar”,“Yıllar” “Döyüş gecələri”, „Yır­lar və mənzumələr“ və b. kitabları ana dilində, “Dağlarda günəş” kitabı isə rusca çap olunmuşdur.

Uzun müddət qumuq teatrının direktoru işləyən ədib “Ay­bikə”, “Kommunist”, „Tanq çolpan“ (Dan ulduzu), „Alyaqay və Telyaqay“, „Qızıl qutunun sirri“, “Davda toy”, “İnqilab igid­ləri“ və b. pyesləri yazmışdır. Sonuncu pyesə görə Dağıstan Respublikasının Həmzət Sadasa adına mükafatını almışdır.

N.Gəncəvi, Ə.Nəvai, A.S.Puşkin, M.Lermontov, T.Şevçenko, M.Qorki, S.Staliski, C.Cambul, Ş.Rustaveli, S.Rüstəm, K. Xetequrov və b. əsərlərini ana dilinə tərcümə edən şairin şeirlərindən “Partiyam”, “Sabahın xeyri”, “Analar sülh istəyir” adlı bəzi nümunələri İ.Soltan Azərbaycan oxu­cularına təqdim etmişdir (Dağıstan ədəbiyyatı antologiyası, 1959:94-97).

Atqay Akim oğlu Acamatov (Hacıəhmətov) (1910, Xa­sav­­yurt yaxınlığındakı Endrey kəndi-1998). Əsil adı Acıakab olsa da ləqəbi Atkayla məşhurlaşmışdır. Buynaksk şəhərində Bi­rinci Pedaqoji Texnikumda oxuyarkən “Yoldaş” qəzetində ilk şeirini çap etdirmişdir. 17 yaşında mətbuatda bir şair kimi görün­mə­si ona uğur qazandırmışdır. 1932-34-cü illərdə bir neçə əsərini çap etdirsə də onu şöhrətləndirən „Tupav“ povesti olmuşdur. Moskva­dakı M.Qorki adına Ədəbiyyat İnstitutunda oxumuşdur. 1934-cü ildə SSRİ Yazıçılar İttifaqı yaradılanda o, ilk üzv qəbul edi­lənlərdən olmuşdur.

Ağqvardiyaçılar tərəfindən öldürülən Z. və N.Batırmur­za­yevlər Dağıstan şair və yazıçıları üçün bir mövzuya çevrilmişlər. Atqay da inqilabçı Zeynalabidin anası Umugülsümün dilindən „Men öktemmen“ adlı povestini 1940-cı ildə çap etdirməklə bolşeviklərin tərənnümçüsü olduğunu isbatlamışdır.

1930-cu illərdə qumuq nəsrinin formalaşmasında və dram­çılığının inkişafında onun böyük əməyi olmuşdur. “Ansar”, “Gə­linlər”, „Xalqlar dostluğu“ və s. pyesləri vardır. Qumuq Döv­lət Teatrında “Bulat qapqan“ (Polad tələ), „Ansar“, „Sotav bu­lan Paşıyə“, „Ağ göyərçin“ əsərləri səhnəyə qoyulmuşdur. 1937-ci ildə o da həbs edilmişdir. Lakin az sonra onu həbsdən azad etmişlər.

15-dən çox kitabı çap olunmuşdur. Onlardan „Yulduzum“, “Ku­muk tüzde“ (Qumuq düzlərində), “Qaranlıq dağlardan geniş düzlərə”, “Kobudluğa hücum”,“Sotav bulan Raşıyə”, „Sıralı qollar“, „Üç yüz tav“ və b. nümunə göstərmək olar.

Nəsr, dramçılıq və poeziya ilə ardıcıl məşğul olan Atqayın „Aulda toy“, „Maral buynuzu“, „Aydemir“, „Qızılyar“, „Ra­biyat“ və „Sotav bulan Raşıyə“ poemaları daha məşhurdur. Mos­kvanın müxtəlif nəşriyyatları onun kitablarını rus dilinə çevirərək çap etmişlər.

Folklor toplamaq, uşaq şeirləri və hekayələri yazmaqla ya­naşı, bədii tərcümə ilə də ardıcıl məşğul olmuşdur. A.S.Puşkinin şeirlərini, Nikolay Qoqolun “Taras Bulba” povestini, A.Os­trov­skinin “Cehizsiz qız” və M.Qorkinin Azərbaycanda “Hə­yatın dibində” adı ilə çevrilmiş pyesini “Yurdsuz insan” başlığı altında ana dilinə tərcümə etmişdir.

 B.Adil onun “Qocanın sözləri”, “Söhbət” (Bizim nart na­ğılları), “Sevirəm yay fəsli, axşam düşəndə”, “Məhəbbətin nəğ­məsi”, “Əkizlər” şeirlərini dilimizə çevirmişdir. (Dağıstan ədə­biyyatı antologiyası, 1959: 98-104). Dağıstanın xalq şairi adı­na və S.Staliski adına dövlət mükafatı layiq görülmüşdür.

Kamil Danyal oğlu Sultan (Sultanov) (1911, Dağıstan, Turşunay kəndi-2002). Dərbənddəki texnikumu bitirmişdir. Qumuq araşdırıcıları onun 1937-41-ci ildə Moskvadakı Çernışevski adı­na İnstitutun Tarix, Fəlsəfə, Ədəbiyyat fakültəsində, 1960-ci ildə Ali Ədəbiyyat Kursunda oxuduğunu yazırlar (Li­teraturadan xrestomatiya, 1986:122). Qumuq və rus dil­lərində yazıb yaradan Kamil Sultanov gəncliyində lirik və uşaq şeirləri ilə məşhurlaşsa da, sonralar daha çox ədəbi tənqid və ədəbiyyat tarixinin öyrənilməsinə meyl göstərmişdir.

1934-cü ildə “Basqın” adlı ilk kitabı çap olunan ədibin son­ralar “Süleyman Stalski”, “Qumuqların ədəbiyyatı”, “Dağısta­nın şairləri”, “Türlü-türlü xalqların şairləri”, „Rəsul Həmzə­tovun yaradıcılığı“ və b. tədqiqat əsərləri işıq üzü görmüşdür. V.Şeks­pirdən tərcümələri ilə qumuq dilini zənginləşdirmiş, onun imkanlarının böyüklüyünü sübuta yetirmişdir. Onun V.Şekspirdən çevirdiyi „Kral Lir“ faciəsi böyük uğur qazanmışdır.

 Azərbaycan şairlərindən Ə.Əlibəyli onun “Yürüş”, “Kolxoz pionerləri”, “Beş qəhrəman”, “Uşaqlar həyatda”, “Ulduz” və “Puşkinin heykəli qarşısında”, İ.Soltan isə “Oynayırlar uşaqlar”, “Meşələr” şeirlərini dilimizə çevirmişlər (Dağıstan ədə­biyyatı antologiyası, 1959:133-135).

Qumuq ədibi Alimpaşa Salavatovun həyat yolunun və yara­dıcılığının öyrənilib təbliğ edilməsində xidmətləri böyük olan Kamil Sultanln „Yazıçılar haqqında xəbərlər“ məqaləsi aktual­lığı ilə seçilir. O, həm də dərs kitabları hazırlayan müəllif kimi tanınır.

Kamal İbrahim oğlu Abukov (02.03.1938, Xasavyurt ra­yo­nunun Çağar Otar kəndi). Yaxsay kəndindəki orta məktəbi bitirdikdən sonra Dağıstan Dövlət Universitetinin filologiya fa­kültəsində oxumuşdur. 1963-cü ildə ilk hekayələri “Kıvıl­cım­lar” ad­ı ilə Mahaçqalada kitab şəklində çıxmışdır. Qəzetdə müx­bir, nəş­riyyatda redaktor, Xasavyurt rayon qəzeti “Dost­luq”da re­daktor, televiziyanın bədii verilişlər redak­si­ya­sında baş redaktor, Sov.İKP Dağıstan Vilayət Komitəsində müxtəlif vəzifələrdə işləmiş Kamal Abukovu Sov.İKP yanında İctimai Elmlər Aka­demiyasına oxumağa göndərmişlər. Sonrakı illərdə o ardıcıl elmi yaradıcılıqla yanaşı, bədii yaradıcılığını da davam etdirmiş, ictimai siyasi işlərdə fəallıq göstərmişdir. SSRİ EA Dağıstan filialının Tarix, Dilçilik və Ədəbiyyat İnstitutunda çalışmışdır. Ha­zır­da filologiya elmləri doktoru olan və Dağıstan Dövlət Pedaqoji Universitetinin professoru olan Kamal Abukovun müxtəlif dil­lərdə 20-ə yaxın kitabı çap olunmuşdur. Dağıstan xalqlarının ədə­biyyatının rus dili vasitəsilə dünyada tanıdılmasına çalışan alim yazıçının “Üz- üze” (1965), “Xalqdan gizləyərək” (1973), “Ocaqda od sönmədən” (1974), “Balyurtun işıqları” (1980), “Köhnə dəyirmana gedən yolda” (1983), “Hələ savaşda kimi” (1989) nəsr əsərləri çap olunmuşdur. 1967-ci ildə Dağıstanda çap olunan “Mən suçluyam, Məryəm” adlı hekayəsi rus dilinə çevrilərək 1980-ci ildə Moskvada da nəşr edilmişdir.

Onun “Məryəm”, “Ssora”, “Qəza”, “Küçədə çamadan” pyes­ləri Alimpaşa Salavatov adına Qumuq Musiqili Dram Teatrında və Həmzət Sadasa adına Avar Musiqili Dram Tea­t­rın­da tamaşaya qoyulmuşdur.

2001-ci ilin iyulun 11-də Dağıstan Respublikası preziden­ti­nin imzaladığı sərəncamla Kamal Abukova Rəsul Həmzətov adına Dövlət Mükafatı verilmişdir.

Badrutdin Mahammat oğlu Mahammadov (03.08.1943, Qarabudaxkənt rayonunun Kakaşura kəndi). Onun ömür yo­lundan söz açanların bir çoxu Balçar Abdurahimin oğlu Ma­ham­matın ailəsində doğulduğunu, o anadan olmamış atasının İkin­ci Dünya Savaşında itgin düşdüyünü, rayon mərkəzindəki in­ternat məktəbi medalla başa vurduğunu, yeniyetmə yaşlarından ədəbiyyata həvəs göstərdiyini yazırlar.

1963-67-ci illərdə Bakıda Xəzər Hərbi Dəniz Donanma­sın­da matros olan Badrutdin əsgəri xidmətini başa vurduqdan son­ra vətənə qayıdır. Onu Moskvaya Ümumittifaq Lenin Kom­mu­nist Gənclər İttifaqı Mərkəzi Komitəsi nəzdindəki beynəl­xalq komsomol məktəbinə oxumağa göndərirlər. Məktəbi bi­tir­dik­dən sonra Lenin (kənd) rayon Komsomol Komitəsində işləyir.

1972-ci ildə Dağıstan Dövlət Universitetinin filologiya fa­kültəsini bitirir. Az zamanda ədəbi aləmdə özünə böyük nüfuz qazanan Badrutdinin 1968-ci ildə Mahaçqalada “İrisim” (Çiçə­yim) adlı şeir kitabı nəşr olunur. Onu Moskvadakı M.Qorki adı­na Ədəbiyyat İnstitutuna oxumağa göndərirlər. 1977-ci ildə ora­nı bitirir və həmin il də SSRİ Yazıçılar İttifaqına üzv qəbul edilir.

Dağıstan Televizya və Radio Verilişləri Komitəsində qumuq redaksiyasında redaktor, Alimpaşa Salavatov adına Qumuq Mu­si­qili Dram Teatrında ədəbi hissə müdiri, “Literaturnıy Daqes­tan” jurnalının qumuq şöbəsinin redaktoru Dağıstan Dövlət Nəşriyyatında müxtəlif vəzifələrdə işləyən Badrutdin ardıcıl bədii yaradıcılıqla məşğul olan məhsuldar şairlərdəndir. O, xalq əfsanələrindən müxtəlif ədəbi üsullardan istifadə edərək uşaqlar üçün tapmacalar, nağıllar şəklində şeirlər yazmışdır.

Xalqın sıxıntıları, millətinin başına açılan oyunlar, 1920-ci illərdən başlayan və 1937-ci ildə kütləviləşən repressiyalar, savaşlarda öldürülənlərin taleyi şairin üsyankarcasına qələmə aldığı mövzulardan olmuşdur.

Onun “Geçikgen yolavçu” (Gecikən yolçu), “Macnunnu gö­nürevü” (Məcnunun zümzüməsi), “Erşı qız” (Çirkin qız), “Ömü­rnü sırı” (Ömrün sirri), “Yanızlıq yargan yürek” (Yal­qız­lığın üzdüyü ürək”, “Paşmanlıqnı yaşları (Peşimançılıq uşaq­ları), “Talaysız” (Talesiz), “Ananı yoravu” (Ananın diləyi), “Naz­lanıv” (Nazlanış) və başqa şeirləri xalq tərəfindən sevilə-sevilə oxunur.

Şeirlərini əsasən Badrutdin imzası ilə çap etdirən şairin “Geçenin gözyaşları”, “İzatli”, “Balçaralar” (Bal təknələri, “Tavan pencereleri”, “Süyünçü”, “Atama kağız” (Atama mək­tub), “Purxa tereze”, “Üçüncü arivlük” (Üçüncü gözəllik), “Tüş namaz” (Öylə namazı) və b. kitabları qumuqca, “Tretya krasota” (Üçüncü gözəllik), “Tropa” (Çığır), “Blaqaya ves” (Müj­də) və b. kitabları isə Moskvada Sovremennik nəşriyya­tında rusca çap olunmuşdur.

Dağıstan Pedaqoji Tədris Nəşriyyatı şairin uşaq və gənclər üçün yazdığı şeirləri 1975-ci ildə “Qış zarafatı”, 1990-cı ildə isə “Göyə pəncərə” adı altında nəşr etmişdir. Dünya klassiklərinin əsərlərinin ana dilinə çevrilməsində də böyük əməyi olan Bad­rutdin V.Şekspirin “Hamlet”, “Maqbet” faciələrini çevirdiyinə görə Eyvone üzərindəki Stradford şəhərindəki Beynəlxalq Şekspir Mərkəzinə üzv seçilmiş və B. Brextin “O əsgər də, bu əsgər də bir kimi” əsərini uğurlu çevirdiyinə görə 1981-ci ildə SSRİ-də Alman Pyesləri üzrə Festivalın diplomunu almışdır. 1981-ci ildə SSRİ-nin nüfuzlu ədəbi jurnallarından olan “Druj­ba narodov”un da mükafatı Badrutdinə verilmişdir.

Dram əsərlərini çevirməklə yanaşı. özü də qələmini bu sa­hədə sınayaraq bir neçə səhnə əsəri yazmışdır. Onun “Cənnətin əzabı” əsəri böyük səs-küyə səbəb olmuşdur. Əsərə görə təzyiqlər artmış, onu “Dağıstanın Salman Rüşdüsü” də adlandırmışlar. “Cən­nətin əzabı” rus dilinə çevrilərək Moskvada çap olunduq­dan sonra da təzyiqlər azalmamış, ara sıra yenə də onu mət­buatda sərt tənqid edirlər.

 

2.5. Qumuq nəsrinin yaranması və inkişafı

Qumuq yazılı ədəbiyyatında ənənəvi və aparıcı janr poeziya olmuşdur. 1905-ci ildən sonra poeziyanın mövzusunda bir dəyişmə baş versə də Sovet hakimiyyətinin qələbəsindən sonra sənətkarlıq da, bədii dəyər də ideologiyaya qurban verilmişdir. Abdulla Mahammadovun “Lenin pamyatniqi”, Abdulla Başi­rovun “Lenin kim?”, Anvar Hajiyevin “Ürekge singen at”, “Partiya”, Əli Qaziyavın “Leninin gücü” kimi onlarla şeir və poeması sırf ideoloji məqsədlərlə yazılsa da, bunlar qumuq di­linin, poeziyanın inkişafına, ədiblərin sənətkarlığının cilalan­ma­sına müsbət təsir göstərirdi.

Qumuq ədəbiyyatına dramçılıq, nəsr kimi yeni janrlar da gəlirdi. 1920-ci illərin qumuq nəsrində K.Abakarovun adı bi­rinci Sovet qumuq povesti - “Avamlığın qurbanı”nın yazarı kimi çəkilir. Çünki ondan öncə Abdulhüseyin İbrahimov (1890-1962) xanı öldürdüyünə görə özü də ölümə məhkum edilən şair Amanxorun yırlarından ilhamlanaraq yazdığı eyniadlı romanını çap etdirə bilməmişdi. Çetin Pekaçar isə xalq heka­yələrindən, dastanlarından və yırlarından faydalanaraq yazıl­mış „Amanxor“ romanının ilk variantını A. İbrahimov 1915-ci ildə çap etdirdiyini, sonralar üzərində işləyərək bir xeyli dəyişikliklərlə iki dəfə nəşr etdirdiyini yazır.

K.Abakarovun “Avamlığın qurbanı” povesti çap olunandan sonra Abdulhüseyin İbrahimovun „Ana ürəyi“, „Gəncliyim“, „Amanxor“, Kamal Abukovun (1938) „Halal savaşa gedib“, „Balyurdun işıqları“, „Üz-üzə“, Xayrulla Davudovun „Əziz təbiət“, „Meşə“ və başqa nəsr əsərləri oxucuların mühakiməsinə verilmişdir. Gənc ikən denikinçilər tərəfindən güllələnən Zey­na­labidin anası Ümugülsümün dilindən Atqayın yazdığı „Mən ötkemmen“ (“Mən qürurluyam”) povesti uzun illər gənc­lərin stolüstü kitabı olmuşdur. Bədii yaradıcılıqda ideologiyanı əsas götürən yazıçı və şairlər mükafatlandırılır, onlara fəxri adlar və vəzifələr verilirdi. Bu, bir tərəfdən əsərin bədii dəyə­rini aşağı salır, sənətkarlığa mənfi təsir göstərirdisə, o biri tə­rəfdən isə bu sahəyə marağı artırır, ədəbiyyata yeni gənclər nəs­linin gəlməsini şərtləndirirdi. Otuzuncu illərdə qumuq türk­cəsində “Yanqı kumuk adabiyatnı ösümleri” (1932), „Çiçek­ler“ adlı ədəbiyyat topluları, eləcə də A.Mahammadovun, N.Xanmurzayevin, A.Suleymanovun, A.Başirovun, Y.Qereye­vin, Atqay, A.Hasıyevin müxtəlif kitabları, Vahit Dadımovun, A.Latip (Latip Mollayev) və b. əsərləri nəşr olunmuşdur.

1920-30-cu illərdə vətəndaş savaşından, kolxoz qurucu­lu­ğun­dan, dinə qarşı mübarizədən yazan qumuq yazıçı və şairləri İkinci Dünya Savaşının başlanması ilə savaş mövzusunu önə çəkirlər. Alimpaşa Salavatov, Yusup Qereyev kimi gənc is­tedadlar savaşda həlak olurlar. Savaş illərində “Fronta, yoldaş, fronta” (1942), “Alqa, yoldaş, alqa” (1944) topluları ilə yanaşı, Anvar Hajiyevin, Atqayın, Abdulvahap Suleymanovun bu möv­zuda yazdıqları əsərlər ayrıca kitab şəklində nəşr olunur. Faşizm üzərində qələbə mövzusu 70-ci illərədək qumuq ədə­biyyatında aparıcı mövqedə olmuşdur.

Rəsul Mirzə oğlu Rəsulov (1912, Teymurxanşura şəhəri-1977). Qumuq nasirləri sırasında adı ilk sırada çəkilir. Rəsul orta məktəbi Azərbaycan türkcəsində bitirmişdir. Buna görə də Azərbaycanda gedən ədəbi prosesləri diqqətlə izləmiş, necə de­yərlər, onun içərisində olmuşdur. 1934-cü ildə “Kabalay qəhrə­man­ları” povestini çap etdirmişdir. Kiçik hekayələri, roman, povest, felyeton və oçerkləri ilə oxucu qəlbinə yol tapan yazıçı C.Cab­barlının “Solğun çiçəklər” pyesini, Mehdi Hüseynin “Komis­sar” povestini, Ə.Abbasovun “Zəngəzur” romanını qumuq türk­cəsinə çevirmişdir. Əsərləri Özbəkistanda, Bolqarıstanda, Pol­şada, Vyetnamda və b. ölkələrdə çap olunmuşdur.

SSRİ Yazıcılar İttifaqı Dağıstan şöbəsində qumuq bölmə­sinə rəhbərlik edən Rəsul Rəsulov rusca “Daqestanskiy Kom­somolets” qəzetinin redaktoru, “Lenin yolu” (qu­muq türkcəsində) qəzetinin şöbə müdiri işləmişdir. Onun “Ana” hekayəsini N.Nağıyev dilimizə çevirərək çap etdirmişdir (Dağıs­tan ədəbiyyatı antologiyası, 1959:141-171).

Abdulzagir Batirov (1918, Mahaçqala şəhəri-1960). Azər­baycan ədiblərinin əsərlərinin qumuq türkcəsinə çevrilməsində əməyi az olmamışdır. Əsasən mahnı yazarı kimi tanınmışdır. Onun “Oktyabr və sülh”, “Oxu, ey gözəlim!”, “Gözəlim” şeirlərini B.Adil dilimizə çevirərək “Dağıstan ədəbiyyati almanaxı”nda çap etdirmişdir. (Dağıstan ədəbiyyatı antologiyası, 1959:209-210).

Anvar Hajiyev (1914, Dağıstan, Kostek kəndi -1992). Beşillik məktəbi bitirdikdən sonra Xasavyurtdakı kəndli gənc­lər məktəbində oxumuşdur. 1932-ci ildə oranı bitirdikdən sonra „Sosialist quruluşu“, „Lenin yolu“ qəzetlərində işləmiş, „Yaş dağıstanlı“ qəzetinin redaktoru olmuşdur. 1932-ci ildən yaradıcılığa başlayan şairin „Yanhırv“ (Yeniləşmə) adlı ilk kitabı 1934-cü ildə çap olunmuşdur. Şeirləri daha çox yayılmış, savaş illərində „Çapqın“, „Qılıclar“, „Anadol aytdı“ kitabları çap olunmuşdur. „Murtaza“ poeması 1944-cü ildə keçirilən müsabiqədə müka­fata layiq görülmüşdür.

Savaşdan sonrakı illərdə Mahaçqaladakı partiya məktəbində oxumuş və vilayət partiya komitəsində şöbə müdirinin müavini işləmişdir. Sonra onu Moskvaya-Ali Partiya Məktəbinə göndərmişlər. 1956-cı ildə oranı bitirib Mahaçqalaya qayıdaraq Da­ğıstan MSSR Televizya və Radio Komitəsinə sədrlik etmişdir.

Satirik əsərləri ilə də məşhurlaşan, əsərləri bir neçə dilə çevrilən Anvar Hajiyevin sağlığında 15 şeir kitabı burax­dır­mışdır. “Yeniləşmə”, “Hücum”, “Don ilə söhbət”, “Qumuq də­rələrinin mahnıları”, “Bəxtiyar dağlar”, uşaqlar üçün “Boş­bo­ğaz ağ ördək”, “İki bacı”, “İt və Canavar”, “Camaşğa ca­vap”, “Dost uşaqlar” adlı əsərlərini yazmaqla yanaşı, Puş­kinin, Ler­montovun, Xetaqurovun, Stalskinin, Sadasanın, Qa­furovun, Həm­zətovun əsərlərini ana dilinə tərcümə etmişdir.

Z.Cabbarzadə şairin “Doğma aulum”, “Oraq və Qılınc”, “Bəhs” şeirlərini dilimizə çevirmişdir (Dağıstan ədəbiyyatı antologiyası, 1959:136-139).

Sovet dövründə doğulub boya başa çatan İbrahim Kerimov (1922), Mahammatsultan Yahyayev (1922), Bammat Atayev (1925), Şarip Alberiyev(1926), İzamit Asekov (1928), Mikayıl Abukov (1929), Abdulmejid Mejidov (1936), Akay Akayev (1933), Mustafa Huseyn (1935) və b. qumuq ədəbiyyatının in­kişafında xidməti olan ədiblərdəndirlər.

İbrahim Abdulkerim oğlu Kerimov (1922, Dağıstan MSSR-in Buynaksk rayonunun Töben (Aşağı) Cenqutay kəndi). 1938-ci ildə orta məktəbi bitirib kəndlərində və qonşu Töben Qazanış, Töben Cenqurtay kəndində müəllim işləmişdir. 1940-cı ildə Buynaksk şəhərindəki pedaqoji texnikuma qəbul olsa da oranı bitirə bilmir. Onu da İkinci Dünya Savaşına gön­dərirlər. 1943-cü ildə yaralandığına görə ordudan azad edilən gənc şair Dağıstan Pedaqoji İnstitutunun qiyabi şöbəsində oxumuş, 1945-ci ildə institutun dil və ədəbiyyat fakültəsini bi­ti­rərək kəndlərində rus dili müəllimi və məktəb direktoru işləmişdir.

1947-49-cu illərdə „Lenin yolu“ qəzetində ədəbi işçi işlə­dik­dən sonra Moskvada SSRİ EA Dilçilik İnstitutunun aspiran­tu­rasında oxumuşdur. Dilçilikdən yazdığı elmi işə görə ona 1953-cü ildə filologiya elmləri namizədi adı verilir. Sonralar filologiya elm­ləri doktoru, professor olan İbrahim Kerimov Dağıstan Pe­daqoji İnstitutunda ümumi dillər kafedrasının müdiri və Da­ğıstan mək­təblərinə müəllim kadrlarının hazırlanması sahəsində çalışır.

İlk yaradıcılığa rayon və respublika qəzetlərində çap etdir­diyi şeirlərlə başlayan İbrahim Kerimovun 1947-ci ildə „Na­rat“ (Şam ağacı) şeir kitabı nəşr olunmuşdur. 1949-cu ildə „Gəliş­miş“ (Nişanlı) poemasını nəşr etdirən şair 1950-ci ildən nəsr yaradıcılığına keçir. „Suvnu şavası“ (Suyun parıltısı), „Ullu Ural“ (1953), „Ürtlü qızlar“ (1958), rusca „Altyus üfüqü“ (1954), „Yolun başı“ (1956), „Maqaç“, „Teren bulak“ adlı ro­man, povest və hekayələrini çap etdirir və 1986-cı ildə „Yırçı Kazak“ romanını yazır (Literaturadan, 1986: 129-130). Bu roman İ.Kerimovun öncəki əsərləri ilə müqayisədə keçmişə baxışda, milli dəyərlərə münasibətdə xeyli fərqlənir. A.S.Puş­kin, T.Şevçenko, L.Tolstoy, A.Çexovun əsərlərini ana dilinə tərcümə edən İ.Kerimovun “Moskvayla görüş”, “Aulda səhər”, “Dəmirçi” şeirlərini Ə.Ziyatay Azərbaycan oxucularına təqdim etmişdir (Dağıstan ədəbiyyatı antologiyası, 1959:212-214).

Dağıstan Dövlət Pedaqoji İnstitutunun professoru olan İ.Ke­rimovun 30-a yaxın kitabı çap olunmuşdur. Ona Dağıstan MSSR-in Əməkdar İncəsənət xadimi və Dağıstan MSSR-in Əməkdar müəllimi adı verilmişdir.

Mahammadsoltan Yahiya oğlu Yahiyayev (1923, Dağıs­tan MSSR-in Kakaşura kəndi-2007). 1948-ci ildən yaradıcılığa başlayan nasir əsasən uşaq hekayələri yazarı kimi tanınsa da qumuq ədəbiyyatı tarixinə trilogiya müəllifi kimi də daxil ol­muşdur. “Avtobusda hadisə”, “Umalat necə evləndi” hekayə­lərini Ü.Hüseynov çevirərək “Azərbaycan” jurnalında çap et­dirmişdir (Dağıstan ədəbiyyatı antologiyası, 1959:251-268)

Onun Ənvar Qurbanovla birgə yazdığı „Həyatın yol“ və „Ars­lan tuvqan ulanlar“(Aslan doğulan oğlanlar) və b. pyesləri də ta­maşaçı marağını cəlb etmişdir. Yazmış olduğu 12 pyesin bir ne­çəsi Dağıstandan kənarda da tamaşaya qoyulmuşdur. Məh­suldar tərcüməçiliklə də məşğul olan ədibə Dağıstanın Xalq Yazıçısı adı və muxtar respublikanın dövlət mükafatı da verilmişdir.

 

3.Şəxsiyyətə pərəstişin tənqidi və ədəbiyyatdakı dəyi­şik­liklər

Stalinin şəxsiyyətə pərəstişdə ittiham edilməsindən sonra (1956) qumuq ədəbiyyatında da bir dəyişiklik görünməyə baş­ladı. Ədəbiyyatda şüarçılıq, müsbət qəhrəman axtarışları öz yerini in­sanın daxili aləminin, iç dünyasının işıqlandırılması ilə əvəzlədi.

Sovetlər dönəmində ədəbiyyatda ideoloji xətt aparıcı olsa da, şairlərin şəxsi həyatından, lirik duyğularından bəhs edən əsərlər xalq tərəfindən sevilir və dillər əzbəri olurdu.

Hakim ideologiya bir çox mövzularını qadağan etdiyinə görə, şairlər təbiətin tərənnümunə, lirik «mən»inə daha çox müraciət edir, yaxud da millətin, vətənin acınacaqlı taleyindən bəhs edən epik əsərlər yazarkən süjeti xarici ölkələrdə baş vermiş milli-azadlıq hərəkatından alırdılar.

 1960-cı illərdə cəmiyyətdəki nöqsanlar eyhamlı şəkildə, sətiraltı tənqid edilirdi. Ədəbiyyata sosializm tərənnümçüsü kimi gələn gənclər də yaşa dolduqca xalqın tarixindən, adət-ənənələrindən, milli dəyərlərdən yazmağa üstünlük verirdilər.

Sovet ədəbiyyatının 1960-cı illər nəsli qumuq ədəbiyyatında da seçilir. Kamal Abukovun (1938), Mahammat Atabayevin (1938), Abzaydın Hamidovun (1938), Ahmat Jaçayevin (1939), Uzlipat İbrahimovanın (1940), Abdulkerim Zalim­xa­no­vun (1940), Abdulxakim Hacıyevin (1940), Qebek Qonaq­biyevin (1961), Kazım Kazımovun (1961), Abdulla Zalim­xa­novun, Nabiyulla Mahammdovun və b. yaradıcılığında insanın daxili aləmi, həyatın rəngarəngliyi, psixoloji anlar önə çəkilir. Beləcə ədəbiyyatda sənətkarlıq yüksəlməyə doğru getsə də, mənəvi məsələlər ön plana çəkilsə də, şüarçılıq öz yerini ya­vaş-yavaş insan psixologiyasının açılmasına yönəltsə də, ideal müsbət qəhrəmanı daxili aləmində xeyir və şərin mü­ba­rizə apardığı surətlər əvəz etsə də bütovlükdə Sovet təbliğat maşınının təsirindən qurtula bilmirdi.

Moskvada-imperiyanın mərkəzində yaşayan bəzi Rus yazıçı və şairləri cəsarətlə Sovet quruluşunun nöqsanlarını əsərlərində tənqid edə bildilər. Lakin əksər əyalətlərdə və milli ədə­biy­yatlarda olduğu kimi qumuqlarda da bu mövzulara müraciət etməyə cəsarət edənlər tapılmırdı.

4.Uşaq ədəbiyyatına diqqət

Qumuq yazıçıları uşaqlar üçün maraqlı ədəbi nümunələr ya­ratmağa çalışmaqla ana dilini qorumaq və zənginləşdirmək, yetişməkdə olan nəsli milli ruhda böyütmək istəyirdilər.

Gənc nəslin tərbiyəsini diqqət mərkəzində saxlayan qumuq şair və yazıçıları uşaq ədəbiyyatının gözəl nümunələrini yarat­mışlar. Bu sahədə Əli Qaziyavın (1879-64) xidmətləri az olma­mışdır. Onun uşaqlar üçün yazdığı „Mənim ayı yaxalamağım“ əsəri qumuq uşaqlarının ən çox sevdiyi əsərlərdəndir. Maham­madsoltan Yahiyayev, Abdulmecid Məcidov, Ayav Akavov (1909-54), Yünüs Alimxanov (1909-58), Anvar Hajiyev (1914-92), Absalam Askerxanovun (1922-2001), Mahamma­da­min Akmurzayevin (1930-93), Kurbanali Şamsuttinovun (1932-1990), Akay Akayevin (1933-2000) və başqalarının əsər­ləri bugünkü qumuq aydınlarının çoxunun uşaqlıq və yeni­yetməlik illərində sevə-sevə oxuduqları bədii nümunələr olmuşdur.

Şeyit Xanım Arslanəli qızı Alişeva (1949, Xasavyurd ra­yo­nunun Bammatyurt kəndi.) Ata babası Tarqulu kəndindən olan Şeyit Xanım Buynaksk Pedaqoji Texnikumunu bitirdik­dən sonra uşaq evində tərbiyəçi, SSRİ Yazıçılar İttifaqının Dağıstan MSSR şöbəsinin kitabxanasında işləmişdir. İlk şeirlərini texnikumda oxuyarkən yazan və 1961-ci ildə „Lenin yolu“ qə­zetində çap etdirən Şeyit Xanımın şeirləri sonra „Dostluq“ jur­nalında da çap olunur. Gənc yaşlarından istedadı ilə seçildiyinə görə onu Moskvaya, M. Qorki adına Ədəbiyyat İnstitutunda oxumağa göndərirlər. Oranı bitirib geri döndükdən sonra „Da­ğıstanlı qadın“ jurnalında işləyir.

1968-73-cü illərdə „Mosfilm“də tərcüməçi işləyən şairin ilk kitabı 1975-ci ildə çap olunur. Sonrakı illərdə „Yolda yır“ (1981), „Salıncak“ (1984), „Mən rəqs edirəm“ (1986) və başqa kitablarını çap etdirmişdir. 1984-cü ildə ilk şeir kitabını Moskvada çap etdirən Şeyit Xanımın imzası sonralar da rusdilli mət­buat­da görünmüşdür.

Millətinin ictimai-siyasi məsələlərində öndə gedən şair keçmiş ənənələrdən bacarıqla istifadə edir, dini mövzularda da şeirlər yazır. O, yetişməkdə olan ədəbi nəsli minillik ənənəsi olan dini və milli dəyərlərdən yararlanmağa həvəsləndirir. „An­tım bar“ şeirində yazır:

Meni nem bar, nem bar, nem -

Kumukluqum bar ünem!

Tenqirden tuv xalkım bar.

Tüzüm-tax, kök-kalkım bar.

Dağıstanın, Tarqum bar,

Denqiz-derya barğum bar.

Meni nem de bar, nem de -

Aykız, Korkut Dedem de.

Özden Qazaq Yırım bar.

Asrulardan sırım bar

Bar meni Minküllüdey -

Min hasiret batırım. (Karcıqa, 2002: 155)

Şair 1995-ci ildə Mahaçqalada çap etdirdiyi “Süy!Yılla! Süün!” (Segi,kədər, xoşbəxtlik), 1990-cı ildə Moskvada “So­vet­skiy pisatel” nəşriyyatında çap etdirdiyi “Plaç, lyubi, vs­pominay…”, 2002-ci ildə uşaqlar üçün hazırladığı “Uyan, Tur!” və başqa kitablarını avtoqrafla mənə bağışlamışdır.

Vahid Hacı oğlu Atayev (1934, Dağıstan MSSR, Erpeli kəndi). Dağıstan Kənd Təsərrüfatı İnstitutunda, Timiryazyev adı­na Kənd Təsərrüfatı Akademiyasında, Kuban Kənd Təsər­rü­­fatı İnstitutunda oxuyaraq aqronom, iqtisadçı, pedaqoq ix­ti­saslarına yiyələnmişdir. Uzun illər Buynaksk şəhərindəki Kənd Tə­sərrüfatı Texnikumunda dərs desə də, onu daha çox uşaq şai­ri kimi tanıyırlar. Bir çox şeirləri rus və Dağıstan xalqlarının dil­lərinə çevrilərək qəzet və jurnallarda, nəşriyyatlarda çap olun­ması və şeirlərinə mahnılar bəstələnərək radio və tele­vi­zi­yada səslənməsi onun məşhurlaşmasında böyük rol oynamış­dır.

“Böleley”, “Gülyalan”, “Gün çıx”, “Tanq yaxşı bolsun” ki­tabları nəşr olunan şairin şeirləri dərsliklərə də daxil edil­­miş­dir. Onun “Sinan”, “Mişik ve Kalaç” kitabları Türkiyədə nəşr edilmişdir. 1998-ci ildən Rusiya Federasiyası Yazıçılar Bir­liyi­nin üzvüdür.

Şeyit Xanım Alişevanın və Akay Akayevin təşəbbüsü ilə qu­muq şair və yazıçılarının „Qarcığa“ jurnalında uşaqlar üçün yazdığı şeirlər və hekayələrdən nümunələr 2002-ci ildə Ma­haçqalada „Qarcığa. Yaşlar adabiyatının antoloqiyası“ adı altında çap olunmuşdur (Qarcığa, 2002).

 

5.Son dönəm ədəbiyyatı

Sovetlərdə yuxarıdan başlayan yenidənqurma və aşkarlıq hərəkatı qumuq ədəbiyyatına da öz təsirini göstərdi. Beş ilə yaxın gözləmə mövqeyi tutan yazıçı və şairlər 1990-cı ildən sonra daha cəsarətli görünməyə başladılar. 70 il adının çəkil­məsı belə yasaq olan, xüsusən dini mövzuda yazılan əsərlər araşdırıldı, nəşr edildi. Bu baxımdan Erpeli Şıxammat Qadının Kərbəlada peyğəmbər Məhəmməd Əleyhissəlamın nəvəsi İmam Hüseynin dəstəsi ilə birlikdə qətlə yetirilməsinə həsr edil­miş “Hüseyinin xəbəri” ağısı (mərsiyə) diqqətiçəkəndir.

Şeyit Xanım Alişeva (1949), Badrutdin Mahammadov (1943), Atav Atayev (1949), Jaminat Kerimova (1949), Baha­vut­din Hacıyev (1950), Supiyanat Mamayeva (1958) və b. milli və dini mövzulara diqqəti artırdılar. Xalqın həqiqi tari­xinin bədii əksi olan bir sıra maraqlı əsərlər də ortaya çıxdı.

Lakin bu proses uzun sürmədi. Çeçenistanda başlayan milli azadlıq hərəkatı, Dağıstandakı Rusiya rejiminə qarşı açıq və gizli müqavimətlər hakimiyyət dairələrini bərk qorxuya saldı. Milli və dini mövzular terrorçuluq kimi qiymət­lən­diril­məyə başladı. Təqib və təzyiqlər formasını dəyişsə də davam etdirildi. Beləcə sözdə demokratiyadan dəm vurulsa da əməldə yenə qadağalar hökm sürməyə başladı.

İqtisadi sıxıntılar, çap olunan kitabların alınmaması da milli və dini mövzuda bədii əsərlərin çoxalmasına əngəl oldu. Buna görə də ədəbiyyatda yenidənqurma, keçmişin tənqidi əsas mövzu olsa da Rusiyanın bölgədəki işğalçılıq siyasəti hələ də olduğu kimi verilən bədii əsərlərə rast gəlinmir. Yazıçı və şairlər həyatlarını, dolanışıqlarını təmin etmək üçün bədii yara­dıcılıqdan çox başqa işlərlə məşğul olurlar. Teatrların durumu ağırlaşdığından yeni tamaşalar hazırlaya bilmirlər.

Qumuqlar Azərbaycanın lap yaxınlığında olan türk toplumu olmasına baxmayaraq ədəbi əlaqələrimiz kəsilmiş kimidir. Sovetlərin çöküşündən sonra milli məsələyə diqqət artsa da qumuq ədəbiyyatının son nailiyyətini özündə əks etdirən elə bir ciddi əsərə Azərbaycanda rast gəlinmir. Toplantılarda türkçülükdən, türk xalqlarının yaxınlaşmasından çox danışılsa da Rusiyanın təzyiqindən ehtiyatlanan Azərbaycan hökuməti qumuqlara 1920-ci illərdə olduğu kimi yardım edə bilmir. Nəinki yardım etmir, heç mövzunu gündəmə gətirmək, onlar üçün kadrlar hazırlanması qayğısına qalınmır. Televiziya və radiolarda ən yaxın qonşularımızdan olan qumuqlar haqqında verilişlər də yox dərəcəsindədir. Təkəm seyrək, az tirajla çap olunan qəzet-jurnallardakı kiçik nümunələri nəzərə almasaq son 30 ildə qumuq ədəbiyyatından Azərbaycan türkcəsinə çevrilmiş irihəçmli əsər yoxdur.

Qumuq ədəbiyyatı tarixinin öyrənilməsində əsas ağırlıq Abdulkadir Abdullatipovun üzərinə düşmüşdür. İndiyədək onun 8 monoqrafiyası, ali məktəblər üçün proqramları və. s. çap olunmuşdur. Qumuq ədəbiyyatşünaslarının fikrincə, Da­ğıs­tan xalqları içərisində qumuqların ədəbiyyatı Azərbaycan ədəbiyyatı ilə daha yaxından səsləşir.

 

     Sonuc

Sovetlər Birliyinin çöküşü ərəfəsində M.S.Qorbaçovun baş­ladığı „yenidənqurma“ hərəkatı ədəbiyyata da öz təsirini gös­tərdi. Dağıstanda yaşayan qumuqlar „Tenglik“ adlı ictimai təş­kilatlarını qurdular. Salav Aliyev, Şeyit Xanım Alişeva kimi aydınlar bu təşkilatın öncüllərinə çevrildilər. Rusiyanın xüsusi xidmət orqanları milli dəyərlərə yiyə çıxmaq uğrunda başlanan hərəkatı zəiflətmək üçün çoxmillətli Dağıstan xalqları arasında nifaq saldı. Lakin siyasi sıxıntıya, iqtisadi çətinliklərə bax­ma­yaraq, bölgədə ədəbiyyat inkişafdadır.

Onlar ata-babalarının yaratdığı mənəvi sərvətlərə yiyələn­mək, həqiqəti, öz köklərini öyrənib bədii dillə xalqa çatdır­ma­ğa çalışırlar, buna görə də qumuq yazıçı və şairlərinin yara­dı­cılığında publisistika son illər daha qabarıq şəkildə özünü gös­tərir. Bu proses qumuq ədəbiyyatşünaslarını keçmişə yenidən baxmağa, ədəbiyyat tarixlərini XIX yüzildə yaşamış Yırçı Ka­zakdan deyil, kökləri miladdan öncəyə gedən ümumtürk ədə­biyyatından başlamağa sövq edir.

Qumuq ədəbiyyatının Türkiyədə tanıdılmasında böyük xid­məti olmuş Çetin Pekacar yazır: “Kumuk edebiyatının geliş­me­­sine katkı sağlayan şu şair ve yazarları da gösterebiliriz: H. Anvar, İbrahim Kerimov, Absalam Askerhanov, Sracdin Tok­bolatov, Şarip Alberiyev, Alipaşa Umalatov, İzamit Asekov, Ab­dulla Abakarov, Abdurahim Abdurahmanov, Muhtar Ali­yev, Patimat Abukova, İsrapil İsayev, Akay Akayev, Biysoltan Hacimuradov, Abdulhamit Tatamov, Vahit Atayev, Maham­mat Kadırov, Abdulmecit Mecidov, Mahammatbek Osmanov, Ma­hammat-Şapi Minatullayev, Abzaydin Hamidov, Maham­mat Ata­bayev, Ahmat Caçayev, Sahadulla Abusuyev, Uzlipat İb­rahimova, Mahammat-Nabi Halilov, Badrutdin, Abdul-Ke­rim Zalimhanov, Latip (Hacakayev), Mahammat-Amin Adil­ha­­nov, Şeyit-Hanum Alişeva, Atav Atayev, Caminat Kerimo­va, H.(Ha­ciyev) Bahavdin. Bu saydıklarımızın hepsi de Tan­çolpan der­gisinin 1994'te çıkan Xaligi Qumuq Şairler “Bugün­kü Kumuk Şairleri” özel sayısında seçme şiirleriyle yer almıştır.”

Badrutdin Yoldaş” qəzetinə 1 iyul 2011-ci ildə verdiyi müsahibəsində ədəbiyyatın sabahına ümidlə baxdığını söyləyir və Musa Şixavovun, Kazim Kazimovun, Nabiyulla Maham­madovun, Gebek Qonaqbiyevin, Gereyxan Hacıyevin, Supiy­nat Mamayevanın, Gögürçün Atayevanın, Ruqiyat Ustarxa­no­vanın, Zulayxa Atakişiyevanın, Alpiyat Zakavovanın, Gülü­sümün adlarını çəkir (Harunov Reşit, 2011:1 iyul)

Çox təəssüf ki, Azərbaycanda Çetin Pekacar kimi qumuq ədəbiyyatını ardıcıl öyrənən və tanıdan, əlaqələri yeni mərhə­lədə və yeni baxışla işıqlandıran bir araşdırıcıya rast gəlmirik. Elmi texniki inkişafın belə sürətlə gəlişdiyi bir dövrdə, bil­gisayarın hər şeyi asanlaşdırdığı və sürətləndirdiyi bir zamanda Azərbaycanda qumuqlara maraq 1920-ci illərdəki qədər ol­maması ürəkağrıdıcı bir haldır.

 


 ЛИТЕРАТУРА КУМЫКСКИХ ТЮРКОВ В ПРОШЛОМ И НАСТОЯЩЕМ

 

Резюме: До ХIХ  века в  существующих  источниках мы  не  встречались  с выражением  кумыкская  литература. После  того, как  Россия  превратила Кавказ  в  свою колонию, и чтобы  укрепить  здесь  свои  позиции, посеяла  раздор  среди  народностей и  всякими  способами  удаляла  их  друг  от  друга. В этом вопросе  испокон  веков  имеющую  письменную   литературу, тем не менее,  тюрков  поделили  на  регионы, племена  и  каждому  племени  присвоили  свой  новый  литературный  язык,  историю  литературы  и  историю.

В 1883 году  в  Санкт-Петербурге  Мухаммед  Эфенди  Османов  распространил первую  книгу  на  кумыкском  наречии  под названием Ногайские  и  кумыкские  тексты (Сборник  ногайских  и  кумыкских песен, преданий, поговорок, пословиц). Собранные  у  кумыков  Шумерский дастан Минкуллнун  йыры, Билгамыс, сказка Энилигим, Сенилигим, Эшкини ач вновь  борьба  шумерского  козла с волком (или  борьба  козла  со львом), Сказка  о  Бозоглане, Бамси  Бейрек  из Китаби - Деде Коргуда, Борьба  ангела  смерти  с  героем йырына Джават  бий, напоминает  Дели  Домрула  из  Китаби - Деде- Коргуда, Сказка Кероглу  схож с  дастаном Кероглу. Такие сходства  встречаются  не  только  в  фольклоре, но  и в  письменной  литературе.

В последнее  время  история  письменной  литературы  кумыков  связывают  с  именем  Камал  Умми  Нури,  жившим  в  XV  веке. Его  распространенные стихи   близки  ни  сколько  нынешнему  кумыкскому, столько  Азербай­джан­скому  и  Турецкому  наречию.

В  последнее  время  принято  считать, что  история и  литература  кумыков  берет  свое  начало  у  шумер. Повышен  интерес  к  изучению  общетюркской  литературы  в  контексте  истории  литературных  памятников.

На  протяжении долгих лет советское общество  как  бы  ни  старалась искусственно  сформировать кумыкскую литературу, собранные  образцы кумыкского  фольклора, даже  произведения  современных  кумыкских  писателей  отличаются  своим  наречием, но  по  образу  мышления, стилю, теме, по  словарному  составу  они  являются  одним  и  слоев  общетюркской  литературы.

В статье  рассказывается  о  творчестве  и  жизненном  пути  таких  кумыкских  писателей, как Умму Камал(XV в.), Абдурагман Атлыбоюнлу (XIX в.), Йырчы Казак (1830-79), Магомед Аранди Османов (1838-1904), Авусупиян Акаев (1872-1931), Maнaй Алибеков (1861-1920), Нухай (1865-1919) и Зейналабид (1865-1919) Батмирзоевы, Абдулла Магамедов (1864-1937), Темирболат Бийбулатов (1879-1942),  Наби Ханмурзаев (1893-1950), Багаутдин Астемиров (1898-1967), Алимпаша Салаватов (1901-42), Юсур Гереev (1903-1941), Авдулвагап Сулейманов (1909-95), Aтгай Гаджаматов (1910-98), Kaмил Султан (1911-2002), Расул Расулов (1912-77), Aнвар Гаджиев (1914-92), Ибрагим Керимов (1922), Магаматсолтан Яхияев (1923-2007), Сраджидин Токблатов (1923), Шарип Алибериев (1926), Абдулла Абакаров (1928), Абдулмажид Маджидов (1936), Магомадпаша Минатуллаев (1937), Магомаднаби Халилов(1941), Бадрутдин Магамадов (1943), Шеит Ханум Алишева (1949), Атав Атаев (1949), Жеминат Керимова (1949), Багавутдин Гаджиев (1950), Супиан Мамаева (1958), Абдулкерим Залимханов, Набиулла Магометов и др.

Ключевые  слова: Литература  Азербайджанских  и  Кумыкских  тюрков, Сказки Минкуллнун  йыры, «Бозоглан», общетюркская  литература

Çap olunub: Uyğur, Qaqauz, Qüzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı, 
“Nurlan” nəşriyyatı, Bakı, 2011, səh. 290-366.

Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=