Noqay ədəbiyyatı keçmişdə və indi

NOQAY TÜRKLƏRİNİN ƏDƏBİYYATI KEÇMİŞDƏ VƏ İNDİ

Əli Şamil Hüseyn oğlu

                                                                                 Bakı

 

 Özət: Son illərdə bir çox noqay araşdırıcıları ədəbiyyat tarixlərinin Orxon-Yenisey abidələrindən başlandığını yazırlar. Orta yüzillərdə Noqay dövləti ərazisində yaranmış yazılı və şifahi ədəbi nümunələrdən söz açsalar da, əsas ağırlığı hələ də 20 yüzildə yaradılmış ədəbi nümunələrə verirlər.
Dastan söyləyənləri jırav, baxşı, mif və əfsanə söyləyənləri ertegişi, atalar sözü və yanıltmac söyləyənləri şeşen adlandıran noqaylar qıpçaqların yaratmış olduqları ədəbi əsərlərə yiyə çıxır, onu özlərininki sayırlar. “Ahmet Adil ulu”, “Yedigey”, “Koplanlı batır”, “Mamay”, “Şora batır”, “Edil Soltan”, “Kırk Noqay batırı” noqayların məşhur dastanlarından sayılır. “Ye­digey” dastanını milliyyətcə polyak (leh) olan Aleksandr Xodz­ko 1830-cu ildə Həştərxan noqaylarından olan Ali Şarapovdan toplayaraq 1842-ci ildə Londonda nəşr etdirmişdir.
Araşdırıcılar noqay folklorunun toplanmasının başlanğıcını XIX yüzildən hesab edirlər. Xalq şeiri üslubunda yazan Sıbra noqayların çağdaş yazılı ədəbiyyatının özülünü qoyanlardan sayılır. Sıbradan sonra XV-XVI yüzillərdə Parızdak Şaban ulu, Şal Kiyiz Tileniş ulu, Asan Kaygulu, Domambet Azaylı, Ji­ren­şe Şeşen, Kazı Tuan Suyunişin Şaban, və b. şairlər yaşamışlar. Məcburi köçlərə, savaşlara, həbs və sürgünlərə baxmayaraq Faxreddin Abuşaxman ulu (1808-83), Sadıkbay Alkaydar (1811-76), Abdulxalıq Abdulraşid ulu (1858-1913), Aslan Şa­ban ulu (1858-1912), Baymırza Manap ulu (1888-1918), Ajı Molla Noğman ulu (1884-1930), Taram Qumuq ulu, Menkili­şeyh İsmail ulu, Abdulkadır Bekbay ulu kimi ənənəvi poezi­ya­nı davam etdirib yırlau (şeir), destan (poema), tolkau (mono­loq), maktau (oda), munklau (ağı) və başqa janrlarda yaradı­cılıqlarını davam etdirən sənətkarlar yeni noqay ədəbiyyatının formalaşması üçün zəngin bir baza yaratmışlar.
Sovetlər dönəmində isə noqay ədəbiyyatı yeni bir yön almış, Avropa metodlarını mənimsəmək, yeniləşmək adı altında rus ədəbiyyatının təqlidinə başlamışdı. Bu, bir tərəfdən ədəbiy­ya­tın siyasiləşməsinə, noqayların yazı dilinin qonşu türk xalq­larının dilindən uzaqlaşmasına xidmət etmişdirsə, o biri tərəf­dən də ədəbi dilin inkişafına yardımçı olmuşdur. Ədəbiyyata yeni gələn Basir Abdullin (1892-1937), Musa Kurmanaliyev (1894-1972), və Zeit Kaybaliyev (1898-1979) kimi gənclər sin­fi mübarizəni aparıcı mövzuya çevirməyə, ənənəvi poe­zi­yanı yeniləşdirməyə çalışmışlar. Absulxamit Canıbekov (1879-1955) da onlarla ayaqlaşmağa çalışırdı. Asan(Xasan) Bulatıkov (1907-37) 1936-cı ildə yazdığı “Fatimat” pyesləri ilə noqay ədəbiyyatında dramçılığın əsasını qoymuşdur. Bununla yanaşı, Ba­sir Abdullin 1932-ci ildə yazdığı “Düşmən yenildi”, “Batrak”, 1934-cü ildə yazdığı “Əməyin yendiyi zaman” əsərləri ilə no­qay nəsrini formalaşdırmışdır. Abdulrehman Ömərov (Umarov) (1867-1933) ədəbi mühiti yönləndirməkdə böyük rol oynamışdır.
Noqayların ədəbi və elmi mərkəzləri Karaçay-Çərkəz Mux­tar Vilayətində və Dağıstan Muxtar Respublikasında fəaliyyətə baş­lamışdır. Karaçay-Çərkəzdə Fazil Abdulcəlilov (1913-74), Sa­lexjan Zal­yand (1924-73), Söyün Kapayev (1927-2001), Ma­qo­met Ki­ri­mov (1927), Canbolad Türkmenov (1935), Askerbiy Ki­re­yev (1938), Qamzat Acıgeldiyev (1939-66), Gülcamal Mir­za­yeva (1940), Keldixan Kumratova (1944-2003), Dağıs­tanda isə Mu­sa Kurmanaliyev (1894-1972), Zeit Kaybalıyev (1898-1979), Ku­rup­­­tursun Orazbayev (1924-90), Anvarbek Kultayev (1941), Kad­­­­­riya Temurbulatova (1948-78) və b. ya­zıçı və şairlər yetişmişlər.
1970-90-cı illərin poeziyasının nümayəndələri olan Kara­çay-Çərkəz xalq şairi Keldixan Kumratovanın, Nəsimi müka­fatı laureatı Murat Avezov (1951), Kadriya Temirbulatova, As­karbiy Kireyev, Muharbiy Aubekigyev, Yelena Bulatıkova (1937), Ajdat Naymanov (1942), Farida Sidahmetova (1966), Salimat Maylibayeva, Maqamatali Asanov, Maqamat Kosayev, Argrntin Ayıbov, Srajdin Batırov (1951-92) və b. əsərlərində ta­rixi mövzulara daha duyarlı yanaşmış, epik və lirik dastan janrını mükəmməlləşdirmiş, ədəbiyyatı şüarçılıqdan və ideolo­gi­yanın əsarətindən çıxarmağa çalışmışlar. Noqay poeziyasında ənənəvi janrların və klassik poeziyadan gələn bədii ifadə vasitələrinin yenidən canlandırılmasını davam etdirmişlər.
Bekbiyke Kuluncaxova (1946), Valeri Kazakov (1948), İsa Kapayevi (1949) və b. ədəbiyyatı Kommunist partiyasının təb­li­ğat vasitəsindən, şüarçılıqdan uzaqlaşdıraraq insanın daxili alə­mini işıqlandıran sənətə çevirməyə çalışmışlar.
 
Açar sözlər: Noqaylar, Qıpçaq-Noqay ədəbiyyatı, folklor, “Yedigey” dastanı, çağdaş ədəbiyyat
 
 Giriş
 Noqaylar da öz ədəbiyyat tarixlərini miladi V-X yü­zildə yazılmış Orxon-Yenisey qəbirüstü abidələrindən, Mah­mud Kaşqarlının “Divan-i lüğat it-Türk”ündən (XI yüzil), Yusif Balasaqunlunun “Kutadqu biliq”indən, Hoca Əhməd Yə­səvinin “Hikmətlər”indən (XII yüzil), Süleyman Bakırkanlı­nın (XII yüzil), Əhməd Yügnəkinin (XIII yüzil), Rabğu­zinin (XIV yüzil) yaradıcılığından, “Nahsül feradis” kimi əsərlərdən başlayırlar. Hətta bəzi araşdırıcılar bu siyahını daha da genişləndirərək Xarəzminin “Məhəbbətnamə”sini, Qütbü­nün “Husrevü Şirin”ini, “Kodeks kumanikus”u və b. əsərləri də noqay ədəbiyyatının nümunələri hesab edirlər (Сикалиев А., 1994: 44).
Miladi XIV yüzildən tarix səhnəsində “noqaylar” adı ilə gö­rünən bir xalqın V-XIV yüzillərdə ədəbi əsərlər yaratması inan­dırıcı görünməyə bilər. Əslində bir xalq kimi onlar vardı və böl­gədə aparıcı idilər. Lakin “noqaylar” adlandırılmırdılar. Bü­tün türk xalqları kimi, onlar da qaynaqlarda ayrı-ayrı adlarla qeyd edilirdilər. “Noqay” adının bir ulusa, elə verilməsi tarixi isə XIV yüzildən başlayır. Cəsur döyüşçü, bacarıqlı sərkərdə, uzaqgörən siyasətçi, mahir diplomat və güclü dövlət qurucusu olan Noqay xanın öz ətrafına topladığı türk tayfaları sonralar bir etnos kimi birləşərək qüdrətli dövlət qurmuş və rəhbər­lə­ri­nin adını yaşatmışlar. Beləliklə, qüdrətli sərkərdə və bacarıqlı dövlət adamı olan Noqayın adı xalq, toplum adına çevrilmişdir.
Qaynaqların verdiyi bilgiyə görə, Noqayın babası Taval bəy XII yüzilin sonlarında Qıpçaq bozqırlarının Aksu-Buq çayı çev­rəsində yaşayan bir peçeneq boyunun-tayfasının başçısı imiş (Noqay Sami, 1997:20). Atasından gələn bəylik haqqı ilə boyunun-tayfasının başına keçən Noqay Çingiz xanın nəvəsi Ba­tı xanın (1236-1255) yürüşlərində iştirak etmiş, az bir za­man­­da cəsur döyüşçü, bacarıqlı sərkərdə kimi şöhrət qazan­mış­dı. Batı xanın ölümündən sonra hakimiyyətə gələn qardaşı Bər­kə xan (1255-1266) qabiliyyət və bacarığını nəzərə alaraq, No­qayı ordu komandanı təyin etmişdi. Bərkə xan yeni torpaqlar əl­də etmək, indiki Azərbaycan ərazilərini tutmaq üçün 1262 və 1265-ci illərdə Elxanilərlə savaşmışdı. (ASE, 1978,:148, 2-ci cild). Ordu komandanı kimi Noqay Qafqaz dağlarını keçərək Hülakü xan və varisləri üzərinə yürüşlər edir. Döyüşlərdə qa­zan­dığı qələbələr onun şöhrətini daha da artırır. Beləliklə, o döv­ləti Bərkə xanla bərabər hüquqla idarə etməyə başlayır. (Сафаргалиев М., 1949:58). Bərkə xanın ölümündən sonra Don və Dunay çayları arasındakı bölgə Noqay xanın nəzarəti al­tına keçir (ASE, 1983, 7:286). Bir çox tarixçilər Noqay xa­nın bu qələbəsini sərkərdəlik məharəti ilə yanaşı, islam amili ilə də bağlayırlar. Belə ki, Hülakü xan həmin vaxtlar buddist idi. Noqay xan və döyüşçülərinin əksəriyyəti islamı qəbul et­mişdilər. Hülakü xanın işğal altına aldığı bölgədəki müsəlman əhali və xəlifə bu döyüşdə Noqay xanın tərəfini tutur. Qay­naq­ların verdiyi bilgiyə görə, Noqay xan islam amilindən baca­rıqla yararlanmışdı.
Belə ki, o, daim Xorasandan və Anadoludan islamiyyəti yay­maq üçün qazilər gətirdirmiş. Şeyx Səfiyəddin Ərdəbili öz mü­ridləri ilə birlikdə Qıpçaq çölündə (Dəşti Qıpçaq) və Kı­rım­da islam dinini yaymışdı. 1263-cü ildə Sarı Saltuk Anadoludan on iki min türkmən ailəsi ilə birlikdə gələrək Kırım və Dob­ru­ca­da – yəni Noqay xanın hakim olduğu bölgədə yerləşmişdi. No­qay xan Trakyadakı bir çox Bizans şəhər və qalalarını almış, Aynos qalasında olan Səlcuq sultanı II İzzəddin Keykavusu is­lam dinini qəbul etdiyinə görə əsirlikdən azad etmişdi (No­qay Sami, 1997:20). Noqay xanın əmri ilə Dobrucaya gedən Sarı Saltuk orada möhkəmləndikdən sonra 1280-ci ildə Varna ya­xın­lığında iki Bulqar qalasını tutmuş və ömrünün sonuna qə­dər də Macarıstana, Balkanlara yürüşlər etməklə Altınordanın (Qı­zıl Orda) sərhədlərini genişləndirmiş və nüfuzunu artırmış­dır. Noqay xan isə həmin yerləri istədiyi kimi idarə etməklə ye­tər­lənmir, hətta Altınordada (Qızıl Orda) xanlar onun istəyi ilə ha­ki­miyyətə gətirilir və taxtdan uzaqlaşdırılırdı. Buna görə də bir çox dövlətlər Altınordaya deyil, onun yanına elçilər gön­dərir, dip­lomatik əlaqələr qurmağa çalışırdılar. 1270-71-ci illər­də Məm­lük sultanı Məlik Zahir (Baybars; 1260-1277) Noqay xa­nın yanına elçi göndərmiş və ona məktubla müraciət etmişdir.
Çingiz xan soyundan olmadığına görə Altınorda taxtını ələ keçirə bilməyəcəyini anlayan Noqay xan sarayla qohumluq əlaqələrini möhkəmləndirməklə yanaşı, xarici dövlətlərlə də sıx əlaqə qurur. O, 1273-cü ildə Bizans imperatoru Mixail Pa­leogosun ögey qızı Efrosiya ilə evlənir. Noqay xan rus knyaz­larını da onunla birlikdə Polşa-Lehistan (Polonya), Macarıstan, Bolqarıstan, Serbiya üzərinə yürüşlərdə iştiraka məcbur edir. Quzeydəki rus knyazlarına elçilər göndərərək Litva dukalığına yürüşlər təşkil edərkən ona ərazilərində lazımi şərait yaratma­larını tələb edir. 1288-1291-ci illərdə Polşaya-Lehistana yürüş edərkən rus knyazları Mstislav ilə Danileviçi də özü ilə apar­mışdı. Onun siyasi gücü Bolqarıstanda hökmdarların taxta çıx­masına belə təsir göstərirdi.
Sami Noqay “Noqay türkləri” kitabında yazır: “Əsgəri sə­fər­lərdə tümənbaşı olan bir insana bacarığı, komandanlıq qabi­liyyəti, sərt dissiplini, təşkilatçılığı, güclü idarəçiliyi, hökmdar soyu ilə yaxınlığı... onu dövlətin yüksək məqamlarına çıxardı və geniş imkan qazandırdı. Bu imkan isə, digər tərəfdən, ida­rəsi altındakı torpaqlarda yeni boyların onun hakimiyyətini ta­nı­masını təmin etdi. Beləcə qısa zamanda Noqay xanın çev­rə­sin­də yeni böyük bir etnik birlik (ulus, el) yarandı və inkişaf etdi”.
Belə böyük qüdrət və nüfuzu olmasına baxmayaraq, zaman öz işini görürdü. 1290-cı ildə Noqay xanın taxta oturtduğu Tox­ta xan yerini möhkəmləndirdikdən sonra özünə tərəfdarlar toplayıb Noqay xanın fəaliyyətini məhdudlaşdırmağa çalışır. Uzun sürən bu gizli qarşıdurma 1298-ci ildə açıq toqquşmaya çevrilir. Döyüşdə Noqay xan yenilir. Onun əsgərlərinin və tə­rəf­darlarının bir qismi əsir alınaraq Misirdə və başqa qul bazar­larında satılır. Döyüşlər isə ara vermir. 40 ilə yaxın Altınorda dövlətində aparıcı şəxs olmuş, beş hökmdar yola salmış, qocal­mış Noqay xan 1300-cü ildəki toqquşmaların birində rus əsgəri tərəfindən öldürülür (Krekov, Ekubovskiy, 1960:84).
 
1. Dastanlarda qəhrəmanlıq mövzusu
Noqaylardan toplanan folklor nümunələri arasında dastanlar həcminə və mövzu əlvanlığına, bədii dəyərinin yüksəkliyinə gö­rə seçilir. Bu dastanların böyük bir qismi xalqın keçdiyi tarixi yola uyğun olaraq qəhrəmanlıq dastanlarıdır. Onlardan “Axmet Aysula ulu”, “Koplanlı betir”, “Yedigey”, “Musa biy”, “Ma­may”, “Karasaykazi”, “Manaşı”, “Manaşı ulu Tu­yak­biy”, “Er Tarkil”, “Şora betir”, “Adil Soltan”, “Kırk No­qay betiri”, “Er Kusep”, “Er Kosay”, “Er Şoban”, “Er Kök­çe”, “Kambar betir”, “Kurman biy”, “Elkildek betir” və b. das­tanları ümumi qıpçaq dastanları adlandırsaq, daha doğru olar. Dastanları diqqətlə araş­dıranda burada nəinki miladın ilk minilliyinə, hətta miladdan öncəki türk folkloruna aid izləri də görə bilərik.
Noqaylar son yüzillərdə savaşlara, daxili çəkişmələrə daha çox vaxt sərf etdiklərindən dastanlarının çoxunun mövzusu qəhrəmanlıqdır. Xalq arasında “Boz yigit”, “Kozı-Korpeş və Bayan slu”, “Tolekın və Kız yibek”, “Ariz və Kanber”, “Şah İsmayıl”, “Güntükan və Kölbikə”, “Taxir və Zöhrə” və b. lirik dastanlar da geniş yayılmışdır (Сикалиев А., 1994:5-6).
Yalnız “Yedigey” deyil, bir çox başqa dastanlar, eləcə də qəhrəmanlıq və vətənpərvərlik nəğmələri noqayların Rusiya işğalı altında olduqları zamanda yazıya alındığından, söyləyici və dastanı toplayanlar hakim dövlətin təsiri ilə mətnlərdə dəyişikliklər etmişlər. Bu cəhət “Adil Sultan” dastanında və qəhrəmanlıq yırlarında özünü qabarıq göstərir. Xüsusən də Rusiyadakı vətəndaş savaşına, Fin savaşına, İkinci Dünya savaşına həsr olunmuş yırlarda, eləcə də kazak mahnılarında, ümumiyyətlə, əksər mahnılarda ifa noqay türkcəsində olsa da, ayrı-ayrı noqay igidlərinin adı çəkilsə də, əsas diqqət bolşe­viklərin, Sovet ordusunun, sosializmin, bir sözlə, Rusiyanın qüdrətinin öyülməsinə yönəldilmişdir.
 
1.1. Şifahi xalq ədəbiyyatının tarixlə bağlılığı
 Noqaylar çox savaşlara qatılsalar da, son yüzillərdə təqib və basqılara uğrasalar da, folkloru-sözlü ədəbiyyatı qoruyub saxlaya bilmişlər. Folklor nümunələrində və yazılı ədəbiyyatda xalqın tarixi öz əksini tapır.
Yazılı qaynaqlar olmasa belə toplanmış folklor nümunələri ilə xalqların tarixini yazmaq olar. Bu baxımdan, noqaylardan toplanmış dastan və yırlar tarixçiyə zəngin material verir. No­qayların ilk qəhrəmanlıq dastanı “Axmet Aysula ulu” sayılır. Dastanın çoxvariantlılığı onun geniş yayılmasından soraq verir. 1343-cü ildə taxta oturmuş Canıbey xan və onun oğlu Ber­di­beyin arasında baş verən qarşıdurma “Axmet Aysula ulu” das­tanının süjetini təşkil edir.
Dastanın əsas ideyası haqsızlığa, zorakılığa, qəddarlığa qar­şı mübarizədir. Axmetin atası Aysula Canıbey xana nə qədər sədaqətlə qulluq etsə də, onun haqsızlıqlarına da dözmür. Xa­nın nöqsanlarını üzünə deyir. Bu da mübahisəyə səbəb olur. Xan tərəfindən sevilmədiyini və təqib edildiyini görən Aysula vətənindən uzaqlara gedir.
Axmet atasının harada olduğundan xəbərsiz və maddi sı­xıntılar içində böyüyür. Qeyri-adi gücü, fantaziyası, cəsarət və xeyirsevərliyi ilə xalqının sevimlisinə çevrilir. Axmet də, atası Aysula kimi vətənini və xalqını ürəkdən sevir. Aysula uzun zaman evindən, ailəsindən uzaqda olsa da bir gün düşmənlərin onun xalqı üzərinə basqına hazırlaşdığı xəbərini eşidir. Özü də bu xəbəri bir zaman xanın tərəfini tutaraq onu aradan götürmək istəyənlərdən eşidir. Vətəninin darda olduğunu duyan Aysula Çanıbeylə ədavətini unudub evinə gəlir. Xanın çətin vəziyyətdə olduğunu görüb onunla barışır. Oğlunu savaşa yola salır. Düş­mən Canıbeyin qoşunlarını darmadağın edir. Axmet xana yar­dım edib onu ölümdən qurtarır. Özü isə həyatını riskə ataraq döyüşü davam etdirir.
Axmetin bu hərəkəti onun xana şəxsi sədaqəti kimi deyil, yüksək vətənpərvərliyi kimi təsvir olunur. Xanın: “Məgər, sən öz həyatını qiymətləndirmirsən?” sualına Axmet belə cavab verir: “Əgər məni öldürsələr, mənim kimi çoxları doğular. Bundan vətənə zərər gəlməz. Əgər, səni öldürsələr, xan, bunu bütün aləm bilər və vətənim başsız qalıb dağılar” (Kerekov, Ekubovskiy, 1960:57).
Dastanda Canıbey xan çətin vəziyyətdə olanda qızı Şaarbeki Axmetə verəcəyini vəd edir. Xan düşünür ki, Axmetin bu ağır döyüşdən sağ çıxmayacaq. Lakin Axmet döyüşü qələbə ilə ba­şa vurur. Xan sonradan fikrini dəyişərək qızını varlı Bukalın oğlu Teymura ərə vermək istəyir. Şaarbek atasının vədinə dönük çıxdığını Axmetə xəbər verir. Axmet qızı alıb qaçır. Xan­dan narazı olan igidlər onun başına toplaşır, Canıbey xana qar­şı birlikdə mübarizə aparırlar. Sonda xan Axmetin öhdə­sindən gələ bilməyəcəyini görüb dostları ilə onun arasını vurur. Dostlarından inamsızlıq görən Axmet atını minib Şaarbeki də qucağına alaraq uca qayadan atılır.
 
1.2. “Yedigey” dastanı noqay tarixinin qaynağı kimi
İrtışdan Dneprədək böyük bir ərazini nəzarətdə saxlayan, Quzey Qafqaza, Kırıma hakim olan Altınorda (Qızıl Orda) döv­ləti getdikcə gücdən düşdü və sıxışdırılaraq siyasi səhnədən uzaqlaşdırılmağa başlandı. Belə qarışıq və gərgin bir dövrdə noqayların böyük bir qrupu Volqanın sol sahilinə Ural və Emba çayları hövzəsinə, Xəzər sahillərinə yerləşir və burada mankit­lərlə birləşərək yeni bir güc kimi tarix səhnəsində görünürlər.
Noqayların yenidən bir güc kimi tarix səhnəsində görünmə­sində Yedigey bəyin rolu böyük olsa da, Noqay Ordası döv­lətinin qurucusu kimi onun oğlu Nurəddin Mirzə (1420-1430) tanındı. 1420-ci ildə Yedigey bəy öldürüldükdən sonra dövlətin mərkəzdən idarə edilməsi zəiflədi. Ölkə dağılıb-parçalandığı zaman Yedigey bəyin noqay ulusuna hakim təyin etdiyi oğlu Nurəddin Mirzə yeni bir dövlət yaratdı.
 Dövrün hadisələrini bədii təsvir vasitələri ilə özündə ya­şa­dan “Yedigey” dastanı noqaylar arasında geniş yayılmışdır. V.M.Jirmunskinin yazdığına görə, dastanın otuzdan çox varian­tı mövcuddur (Жирмунский В. 1974:349). Əski türk dastan­la­­rının bədii ifadə vasitələrindən istifadə edilərək və Altınor­da­nın (Qızıl Orda) çöküş dövründə meydana çıxan qüdrətli sər­kər­də, bacarıqlı dövlət adamı Yedigeyin həyatından götürülmüş faktlarla zənginləşdirilərək, yeni dastan yaradılmışdır.
Yedigey də Noqay kimi Çingiz xan nəslindən deyildi. Buna baxmayaraq ağlı, gücü və diplomatik bacarığı sayəsində çök­məkdə olan Altınordanı (Qızıl Orda) qoruyub saxlamağa çalışır və dövlətdə aparıcı şəxsə çevrilir. Volqa (İtil) ilə Yayıq arasın­dakı çöllərdə yaşayan mankitlər mərkəzi hökumətin zəifləmə­sindən istifadə edərək müstəqil siyasət yeritməyə çalışırdılar. Yedigey 1391-ci ildə onların üzərinə yürüş edərək mərkəzi ha­kimiyyəti möhkəmləndirir. Yedigey Temir Qutluq xanın (1396-1399), Sadıbey xanın (1399-1407) və b. hakimiyyətə gəlmə­sində aparıcı rol oynamışdı. Buna görə də övladlarını bölgələrə hakim təyin etdirə bilmişdi.
Hökumətin başında Çıngizxan soyundan olanlar dursa da, əs­lində ölkə Yedigey və oğlanları tərəfindən idarə olunurdu. Onun ölü­mü ilə (1420) dövlətin mərkəzi idarəsi laxladı və az sonra dağıldı. Yedigey bəyin oğlu Nurəddin Mirzə yeni bir dövlətin – Noqay Ordası dövlətinin qurucusu oldu. “Yedigey” dastanı da həmin vaxtdan formalaşmağa başladı. Dastan no­qaylar arasında “Yedigey və Kubugil” adı ilə məşhurdur. Elmi ədəbiyyatlarda no­qay dastanı kimi tanıdılan “Yedigey” tatar­ların, başqırdların, qa­zax­ların, qırğızların, qaraqalpaqların ara­sında heç də noqaylardan az sevilmir. Əslində bu dastan qıp­çaqların ortaq abidəsidir. Ye­di­geyin 1391-ci ildə mankitlər üzə­rindəki qələbəsini əldə əsas tuta­raq, 1991-ci ildə “Yedigey” dastanının 600 illiyi təntənə ilə qeyd edilmiş və dastanla bağlı çoxlu araşdırmalar nəşr olunmuşdur.
132 illik ömrü olan Noqay Ordası dövləti (1426-1558) yeni siyasi güc kimi tarix səhnəsinə atılan Rusiyanın və Doğudan gələn Kalmık basqınçılarının təzyiqi altında darmadağın oldu.
Rusiyanın güclənməsində və ordu quruculuğunda başqa qon­şu türk xalqları kimi, noqayların da rolu olmuşdur. Noqay Ordasında daxili ziddiyyətlər gücləndikcə soydaşları olan xalqlarla münasibətləri də kəskinləşirdi. Əvəzində onları məhv edəcək Rusiya ilə siyasi və iqtisadi əlaqələri yaxşılaşdırırdılar. Yalnız bir faktı qeyd etmək yetərlidir ki, noqaylar Moskvaya 1534-cü ildə 50.000, 1548-ci ildə 16.000, 1552-ci ildə 25.200, 1555-ci ildə 46.000, XVII yüzildə isə ildə 70.000 təmizqanlı at satmışlar (Керейтов Р., 1997:24). Bu da Rus dövlətinə qüdrətli atlı ordu yaratmağa yetirdi.
Xarici güclərin, daxili ziddiyyətlərin və təbiətin yaratdığı qıt­lığın nəticəsində Noqay Ordası üç yerə – Böyük Noqay ulu­suna, Kiçik Noqay ulusuna və Altı Oğul ulusuna parçalandı. Böyük Noqay ulusunun başçısı İsmayıl Mirzə 1558-ci ildə müəyyən şərtlərlə Rusiyaya tabeçiliyi qəbul etsə də, xalq bu­nunla razılaşmadı. 1563, 1564 və 1567-ci illərdə Rusiya çarına qarşı üsyanlar baş qaldırdı. Xalqın böyük bir hissəsi köçərək Kırım xanlığına sığındı.
Lakin bununla da iş bitmədi. Kazanı, Həştərxanı, Kırımı iş­ğal etməklə yetərlənməyən Rusiya çarları bu yerlərin əhali­sini də kölə vəziyyətinə – Rusiyanın təhkimli kəndlisinin gününə salmaq istəyirdi. Avropalıların quldarlıq quruluşu adlandır­dıq­ları idarə sistemini yaşamamış, islamı qəbul etmiş türk xalqları isə heç bir vəchlə Rusiyanın təhkimçilik qanunlarını qəbul etmirdi. Buna görə də, üsyanlar ara vermirdi. Bu üsyanlar isə minlərlə dinc insanın ölümünə səbəb olurdu. Yalnız onu qeyd etmək yetər ki, Osmanlı dövləti noqayları ölümdən xilas etmək üçün XIX yüzilin ikinci yarısından başlayaraq 700 min noqayın ölkəsinə gəlməsinə icazə vermişdi (Сикалиев А., 1994:4).
Araşdırıcı M.K.Safarkalıyev ingilis Cenkinsona istinadən 1557-ci ilin sərt qışında Həştərxan bölgəsində 100 min noqayın aclıqdan və soyuqdan öldüyünü yazır… “On minlərcə noqay ço­cuğu ruslara kölə olaraq satılmış, ya da atılmışdır” (Си­калиев А., 1993:164-165). Bu qıtlığın bir səbəbi sərt qış idisə, başqa səbəbi də Kazan xanlığını işğal edib, Volqa boyu ilə Həş­tərxanadək irəliləyən Rusiya orduları idi. Ruslar yeni ərazi­ləri işğal etməklə noqayların yaylaq və qışlaqlarını məhdud­laş­dırırdılar. Bütün bunlar, sözsüz ki, xalqın yazılı və şifahi ədə­biyyatında əksini tapırdı.
Qonşu dövlətləri zəiflədərək təsir dairəsinə salmaq və yeni torpaqlar işğal etmək üçün Rusiya öncə həmin bölgələri yax­şıca öyrənirdi. Bu baxımdan Rusiyanın XVI yüzildə hazır­lat­dığı bir xəritə olduqca önəmlidir. “Большой чертеж государ­ства Российского, конец XVI века” adlanan bu xəritə günü­müzədək gəlib çatmamışsa da xəritənin hazırlanmasında isti­fadə edilən bölgələrin, çayların, dağların, şəhər və kəndlərin sözlə təsviri olan yazı arxivlərdə qorunub saxlanmışdır. Burada noqayların yaşadıqları bölgənin təsvirindən söhbət gedərkən məscidlər “tatar məscidləri” adlandırılır. Bu da onu göstərir ki, Noqay xanın zamanında da, Noqay Ordası dövləti zamanında da xalq noqaylı adı ilə çağırılmaqla yanaşı, tatar, qıpçaq, hun və s. adlarla da adlandırılırmış.
Çoxadlılıq bu günün özündə də davam etməkdədir. Rusiya Federasiyasının rəsmi statistikasında noqayların sayının 90 min olduğu göstərilir. İnternet saytlarında isə dünyada 4 milyon noqayın yaşadığı göstərilir. Rəqəmlər arasındakı fərq, əsasən, xalqın adlandırılmasından doğur. İnternet saytlarında bu gün “Kırım tatarı”, “türk” adlandırılanlar da soykökünə görə noqay adlandırılır. Başqa xalqlar arasında assimilə olunmuşlar da no­qay­lar kimi siyahıya daxil edilir. Belə ki, Dobrucada, Kı­rımda yaşayanlar rəsmi statistikada tatar kimi qeyd edilsələr də, in­ternet saytlarını hazırlayanlar onları və kazak kimi tanıdığımız rusdilli xalqın bir qismini mənşələrinə görə noqay kimi qeyd edirlər. Bunun səbəbi isə bu günün özündə də Kırım tatar­larının və Dobrucalıların özlərini həm tatar, həm noqay, Buxara və Xivə ətrafında yaşayanların isə özlərini mankit (Alparku, 1996). və noqay adlandırmalarıdır.
 
1.3. Noqay folklorunun toplanması və yayımlanması
Noqay folklorunun və ədəbiyyat tarixinin araşdırıcılarından A.İ.Siqaliyev (Şeyxalıyev) noqayların yerləşməsini aşağıdakı ki­mi təsvir edir: “Noqaylar (özlərini noqay, norkaylı adlandı­rırlar) türkdilli xalqlardan biridir. Onların əksəriyyəti Noqay çöllərində – Stavropol diyarının Neftekum rayonunda yaşayır­lar. Dağıstan ərazisində isə Noqay, Tarumov, Kizler, Babayurt rayonlarında, həmçinin balıqçılıq qəsəbələri olan Klavsudar və Klavlopatində yerləşmişlər.
Noqaylar həmçinin Kizler, Xasavyurt və Mahaçkala şəhər­lərində də yaşayırlar. Çeçen Respublikasının Şelkov rayonunda da noqaylar məskunlaşmışlar. Stavropol diyarının Mineralvodı və Koçibeyev rayonlarında, Kuzey Osetiyanın Mazdok ra­yonunda, eyni zamanda Adıgey Respublikası hüdudlarında no­qayların yaşadıqları kəndlər vardır. Karaçay-Çərkəzin noqay əhalisi, əsasən, Adıge-Habl, Habez, Kuban ətrafı rayonlarında, o cümlədən Erkinşəhər qəsəbəsində və Çerkessk şəhərində yaşayırlar”. (Сикалиев А., 1994:3).
Noqaylar bu gün, əsasən, Qafqazın quzeyində toplu halda və qa­rışıq yaşasalar da, onların folklor və yazılı ədəbiyyat nü­munə­ləri Avrasiya məkanının geniş ərazisində - Almatıda, Həştər­xan­da, Buxarestdə, Varşavada, İstanbulda və b. şəhər­lər­də saxlanılır. XVIII yüzilədək olan abidələr runi-uyğur və ərəb əlifbaları ilə, sonrakı yüzildə isə bütövlükdə ərəb əlifbası ilədir. Keçmiş SSRİ-də türk, müsəlman xalqlarının əlifbası dəyişi­lən­də, yəni 1928-ci ildə noqaylar da ərəb əlifbasından latın qra­fikalı əlifbaya, 1938-ci ildə isə latın qrafikalı əlifbadan kiril əlifbasına keçirildilər.
Hər bir xalqın yazılı ədəbiyyatı onun yüzillər boyu yaratmış və yaşatmış olduğu folklor nümunələri əsasında formalaşır. Ədəbiyyat, bir növ, xalqın tarixinin, mənəviyyatının, mədəniy­yətinin güzgüsü rolunu oynayır. Noqay xalqının folkloru və yazılı ədəbiyyatı həm də bu xalqın tarixini yazmaq üçün əvəz­siz qaynaqdır.
Çox təəssüf ki, bu dəyərli mənəvi sərvət vaxtında gərəyincə toplanıb araşdırılmamışdır. Aparılmış araşdırmalardakı meto­do­loji səhvlər də ümumi işə böyük ziyan vurmuşdur. Ürək ağrıdan odur ki, metodoloji səhvlər bugün də davam edir.
İşğal altına aldıqları xalqları uzun illər əsarətdə saxlamaq üçün Rusiya strateqləri uzunmüddətli plan hazırlamış və onu gerçəkləşdirmişlər. Bu planın bəndlərindən biri də eyni dildə danışan, eyni tarixə və mədəniyyətə malik toplumu bir-birin­dən ayırmaq üçün az qala hər dialektdən bir müstəqil dil, hər tayfadan bir xalq yaratmaq, bir sözlə, xalqı kiçik parçalara ayır­maq, gücdən salmaq, kökündən uzaqlaşdırmaqla idarə etməkdir.
Bolşeviklər hakimiyyəti ələ aldıqdan sonra çar Rusiyasının varisliyindən sözdə imtina etdiklərini elan etsələr də, «parçala, hökm sür!» siyasətindən əl götürmədilər. Sovetlər Birliyi da­ğıl­sa da, onun yeritdiyi siyasət hələ də beyinlərdən təmizlənməmişdir.
Son illər noqay ovsunlarının poetikasını araşdıran A.İ.M.Si­qaliyev və noqay epik mahnılarını öyrənən B.B.Kardanova araş­dırdıqları mövzuların zamanında öyrənilməməsinin mədə­niy­yətimizə vurduğu ağır zərbədən ürək ağrısı ilə yazırlar. (Вестник...,1999:167, 229). Lakin onlar bu gün də məhəlli­çi­likdən irəli gedə bilmirlər. Yalnız məhdud dairədə noqaylardan toplanmış folklor nümunələrini öyrənməklə yetərlənirlər. Möv­zuya bir az geniş anlamda, ümumtürk kontekstində yanaşsalar, noqay folklor nümunəsi kimi təqdim etdikləri materialların əksəriyyətinin qazaxlarda, qırğızlarda, tatarlarda, başqırdlarda, türkmənlərdə, özbəklərdə, türklərdə və b. türk xalqlarında da olduğunu görərlər. Türk xalqlarının folklorçu bilginləri də janrların bölgülərə ayrılması və araşdırılması sahəsində xeyli iş görmüşlər. Sadəcə bunları oxuyub ümumiləşdirmək gərəkdir.
Keçmiş Rusiya ərazisində yaşayan türk xalqlarının folklor nümunələrinin toplanmasında, nəşrində və araşdırılmasında ox­şarlıq çox olduğundan onları ayrı-ayrılıqda araşdırmağa ehti­yac duymuruq. Buna “Yedigey” dastanı ilə “Koroğlu” dasta­nının toplanması, nəşri və tədqiqini misal göstərmək olar.
Milliyyətcə polyak olan Aleksandr Xodzko 1830-cu ildə Həştərxan noqaylarından olan Ali bey Şarapovdan “Yedigey” eposunu toplamış, onun yardımı ilə eposun nəsr hissəsini fars­caya çevirmiş və 1842-ci ildə Londonda çap etdirmişdir (Си­калиев А., 1994:6). “Koroğlu” dastanı haqqında da eyni şey­ləri yazmaq olar. Burada dəyişən dastanın söyləndiyi yer, il və söyləyən şəxsdir. Belə ki, A.Xodzkoya “Koroğlu” dastanını 1832-ci ildə İranın quzeyində Aşıq Sadıq söyləmişdir. Mahmud xan Dünbüli Dirsuydan toplanmış dastanı Mirzə Abdulvahab yazıya almışdır. A.Xodzko dastanın nəsr hissəsini yuxarıda adı çəkilən şəxsin köməyi ilə türkcədən farscaya çevirmiş və 1842-ci ildə Londonda ingiliscə çap etdirmişdir (Koroğlu, 1999:6).
Noqay folklorunun Avropa metodları ilə toplanması və öy­rə­nilməsi də Rusiya işğalı altında olan türk xalqlarında olan­larla eynidir. Qaynaqların verdiyi bilgiyə görə, İvanom Dobro­volski Həştərxanda çap olunan “Aziatskiy muzıkalnıy jur­nal”ın 1817-ci il 3-cü sayında “Pesni Astraxanskix tatarov” və həmin jurnalın 1818-ci il 8-ci sayında “Noqayskie pesni” yazılarını nəşr etdirmişdir. A.P.Arxipovun “Kafkas” qəzetinin 1850, 1851-ci il saylarında (Сикалиев А., 1994:6) və “Mos­kvityanin” toplusunun 1852-ci il saylarında (Arxipov A. «Kaf­kas», 1850, sayı 78-79, Tayki Kuraz, «Kafkas», 1851, sayı 70-71), universitetdə müəllim işləyən, milliyyətcə qumuq olan M.E.Osmanovun 1883-cü ildə Sankt-Peterburqda yayım­lat­dığı “Ногайские и кумыкские тексты (Сборник ногай­ских и кумыкских песен, преданий, поговорок, посло­виц), İ.N.Berezinin “Turetskaya xrestomatiya” kitabında, (Be­rezin N. 1-3, 1907, sayı 6, 233-250) K.Krebenskinin “Niva” jurnalında yayımlatdığı materialları noqay folklorunun öyrənil­məsi və araşdırılmasında ilk addımlar saymaq olar.
Altay dilləri nəzəriyyəsinin qurucusu Q.J.Ramsted də 1904-cü ilin sonlarında Dağıstanda olarkən buradan noqay türk­cə­sində də xeyli materiallar toplayaraq araşdırmalar aparmışdır. Çox təəssüf ki, bu mətnlər zamanında çap olunmadığından uzun illər elmi ictimaiyyətin diqqətindən kənarda qalmışdır. Nə yaxşı ki, professor Emine Gürsoy-Naskali bu məsələyə diqqət yetirərək 1991-ci ildə Helsinkidə ingiliscəyə tərcümələri ilə birlikdə onu bir kitab halında çap etdirmişdir.
H.A.Baskakovun, S.E.Malovun, V.V.Radlovun, A.Umero­vun (Ömərov), M.Osmanovun, Ç.Ç.Vəlixanovun əsərləri, elə­cə də SMOMPK-un buraxılışları noqay folklorunun öyrənil­məsi baxımından olduqca dəyərli qaynaqlardır.
Bolşeviklərin hakimiyyətə gəlişi və ədəbiyyata sinfi möv­qedən yanaşmaları bir çox janrlarda folklorun toplanmasına və tədqiqinə olan marağı artırdı. Bu sahə ilə məşğul olan milli kadrlar yetişməyə başladı. Noqay folklorunun, ədəbiyyatının, tarixinin öyrənilməsində ictimai xadim A.Ş.Canıbekovun xid­məti olduqca böyükdür. O yalnız xalqının dilini, tarixini, folk­lo­runu, ədəbiyyatını tədqiq etməklə yetərlənməmiş, övladlarını da bu ruhda tərbiyə etmişdir. Odur ki, qızları Sofiya Kalmı­kova, Roza Canıbekova, oğlu Ənvər ömürlərini elmi-tədqiqata həsr etmiş və onlar noqayların mənəvi sərvətinin öyrənilmə­sində çox işlər görmüşlər.
1955-ci ildə Çerkesskdə S.Kalmıkovanın tərtibatı ilə çap olunan “Yırlar, epteqiler, aytubaklar, yumaklar”(Nəğmələr, na­ğıllar, atasözləri və tapmacalar) və 1969-cu ildə Moskvada S.Kal­mıkova və A.Siqaliyevin topladığı və S.Kalmıkovanın tər­tib etdiyi “Noqay xalk yırları”(Noqayskiye narodnıye pesni) kitabları noqay folklorunun təbliğində böyük rol oynamışdır.
Son illərdə isə noqay folklorunun və ədəbiyyatının öyrənil­məsi və təbliği sahəsində A.İ.M.Siqaliyev ardıcıl çalışır. O, 1991-ci ildə Mahaçqalada “Noqaydın kırk batiri”, 1994-cü ildə Çerkesskdə “Noqayskiy qeroiçeskiy epos” və “Osiyet” (Və­siy­yət) kitablarını çap etdirmişdir.
 
 
1.4. Noqay folkloru ümumtürk folklorunun bir parçası kimi
Noqay folklor nümunələri çap olunan kitabları, topluları, qə­zet və jurnalları gözdən keçirdikdə aydın olur ki, yaxın keç­mişdə Rusiyanın əsarəti altında olan əksər türk xalqları kimi onların da folkloru geniş, əhatəli şəkildə öyrənilməmişdir. Da­xili toqquşmaları özündə əks etdirən, kasıbların varlılara qarşı mübarizəsindən bəhs edən folklor nümunələri dəfələrlə çap olu­nub tədqiqata cəlb edilsə də, müstəmləkəçilərə qarşı müba­rizəni özündə əks etdirən, işğalçılara qarşı savaşlardan söz açan folklor nümunələri, miflər, ovsunlar və s. kölgədə qalmışdır. Son zamanlar rejimin yumşalması sayəsində bu sahələrə də diqqət yetirilməyə başlanılmışdır.
Araşdırıcı A.Siqaliyev ilk və mühüm addım ataraq noqay mərasim folklorunun təsnifatını belə vermişdir: alqıs (alqış), karqıs (qarğış), ornau (ithaf), navruz, sabantoy, orak toy yırları (novruzda, sabantayda, oraq bayramında oxunan nəğmələr), beşik yırı (beşik nəğməsi-laylalar), toy yırı, bozlau (ağılar), sarın (bayatılar) və b.
Ateist təbliğat zəiflədikdən sonra araşdırıcılar miflərə də diq­qəti artırdılar. Tanrılar, ilahlar haqqında mətnləri toplayıb nəşr etməyə başladılar. Bu mətnlərdə şamanizmin izləri özünü qaba-rıqlığı ilə göstərir. Tanrı (Baş göylər ilahisi), Umay (qadın baş-lanğıcını təqdir edən), Yer-Su, Baba tukli, Su iyesi, Yer iyesi, Ot (od) iyesi, Kıdırlı-yas (Xıdır-İlyas), Albaslı, Yin, Obır, Deyv, Azdaqa, Elmavız, Emire, Sandırak, Sazaqan, Perişte (fə­riş­tə), Anir və b. haqqında toplanan mətnlər türk xalqlarının keç­miş mə­dəniyyətinin, inancının birliyindən xəbər verdiyi kimi, onla­rın yenidən və elmi şəkildə öyrənilməsinin vacibliyini də göstərir.
Noqaylar yaşayan bölgələrdən Albaslı (Hal anası) ilə bağlı toplanan mətnlər türk xalqlarının əksəriyyətindən toplanmış mətnlərlə səsləşir. Miflər, ovsunlar, nağıllar, məsəllər, atalar sözləri də eyniyyət təşkil etdiyindən üzərində geniş dayanmağa ehtiyac duymuruq. Fərq ayrı-ayrı bölgələrdən toplanmış nümu­nələr arasındakı variantlarda özünü göstərir.
Bu oxşarlıqlara baxmayaraq, bir-iki nümunə verməklə ye­tər­lənəcəyik:
Alay da ettik, bılay da,
Arpa kostık biydayka.
Şükür bolsun Kudayka,
İşler geter onayka,
Aytayık bir-ekidi,
Taptayık tamekidi,
Kelmey bolsa evine,
Keltireyik ebine!
(Сикалиев А., 1999:170).
 
İslamdan öncəki inancları özündə yaşadan bu cür nəğmələrə karaçay-malkarlarda da, qumuqlarda da, Azərbaycan türklə­rin­də də, başqa türk xalqlarında da rast gəlinir. Araşdırıcıların fik­rincə, islamdan öncəki inancları yaşadan, tanrılara həsr olun­muş bu nəğmələr mərasimlərdə oxunarmış.
Anaların beşik başında uşaqlarını ovundurmaq, oxşamaq, tez boya-başa çatmalarını arzuladığını bildirmək üçün oxuduğu mah­nı-ninnilər və uşaq oyunları da bu baxımdan önəm daşıyır.
 
Kızım, kızı, kız tana, Qızım, qızım, qız dənə.
Kızıman gele yüz tana. Qızımdan gələ (ola) yüz dənə,
Yüzevi de ak tana, Ürəyi də ağ (təmiz) ola.
Atası sığar maktana. Atası çıxa öyünər,
Ağ tanadı pışaklar, Ağ dananı pıçaklar (kəsər).
Kızımı küyev kuşaklar. Qızımı güvey (nişanlı, ər)
qucaqlar
     (Nogay Sami, 1997:87).
–Ay Asımelek, – Ay, Hacıleylək,
–Kökte ne var? – Göydə nə var?
–Kök şeşekey var. – Göydə çiçək var!
–Yerde ne var? – Yerdə nə var?
–Yer şeşekey var. – Yer çiçək var!
Noqaylar da nağıl və dastanları xüsusi seçilmiş mətnlərlə – yəni müqəddimə, təkərləmə ilə başlayırlar. İlk baxışda mətnə heç bir dəxli yoxmuş kimi görünən bu başlanğıc əslində dinlə­yicini hazırlamaq, toplumun diqqətini cəlb etmək mahiyyəti daşıyır. Azərbaycan folklor mətnlərinin nəşrində bu hissə nəsr­lə verilir. Noqaylar isə onu şeir kimi yazırlar. Buna nümunə ola­­raq aşağıdakı parçanı göstərə bilərik:
Burin birev bar eken,- Keçmişdə bir kişi var ikən,
Burnında temirev bar eken,- Burnunda dəmrov var ikən,
Kara suvuda kaynatıp,- Qara suyu qaynadıb,
Kaymak alkan bar eken,- Qaymaq alarkən,vqr ikən,
Kumırskasın göy etup,- Qarışqasını qoyun edib
Töske toydan bar eken,- Döşünə döyər (özünü öyər) ikən,
Bir bar eken, bir yok eken.- Biri var ikən, biri yox ikən...
Yuxarıdakı nümunələrdən də aydın görünür ki, Azər­bay­can­dan toplanan folklor nümunələri ilə noqaylardan toplanan folk­lor mətnləri arasında elə bir ciddi fərq görünmür.
 
2. Yazılı ədəbiyyat – Qıpcaqların ortaq ədəbiyyatı
Sovet ədəbiyyatşünasları noqay yazılı ədəbiyyatının XIV yüzildən başladığı fikrindədirlər. Sıbra Jırayı noqay şairlə­rinin babası hesab edirlər. Onun adına nadir hallarda “Şop­baş­lı” epiteti əlavə edilməz. Bu da “zərif başlı” deməkdir. XIV əs­rin sonlarında yaşadığı güman edilən, dastanlarda 180 yaşlı qo­ca kimi tanıdılan və şeirləri dillər əzbəri olan şairin xalq ara­sında nüfuzu olduqca böyükdür. Bu cür öygülər onu “Kitabi-Dədə Qorqud”dakı ozan Qorquda bənzədir. XIV yüzildə bədii sözün görkəmli ustası olan Sıbra noqay tayfalarının müstəqil dövlət yaratmaq uğrunda Altınorda (Qızıl Orda) xanları ilə mü­barizəsinin tərəfdarı kimi tanınır. Sıbra çoxlu xalq mahnılarının yaradıcısı sayılır. Lakin bizim günlərə onlardan yalnız bir neçə poetik tolkau (monoloq) gəlib çatmışdır. Xalq yaddaşında onun adı ilə bağlı olan bu tolkaularda Toxtamış xan və onun sələf­lərinin siyasətini tənqid edir. O, noqay tayfa başçılarının ağıllı tədbirlərini rəğbətlə qarşılayır və onların tərəfində olduğunu açıq söyləyir. Çünki onlar xalqı incidən Qızıl Orda xanlarının öz­başınalıqlarına qarşı çıxış edirdilər. Sıbranın xalq arasında geniş tanınması məhz bundan irəli gəlir.
Sıbradan sonrakı yüzillərdə yaşayan noqay şairləri onu poetik sözün banisi kimi təsvir edirlər. Sıbradan sonra Parız­dak Şaban ulunu bu ədəbiyyatın böyük siması sayırlar. XV yüzildə yaşamış Şal Kiyiz Tileniş ulu, XVI yüzildə yaşamış Asan Kaykılı, Dosmambet Azaylı, Jirenşe Şeşen, XVII yü­zildə yaşamış Kazı Tuğan Suyunişi ulu və başqalarının ya­radıcılığında doğrunun yalan, haqqın, həqiqətin zülüm üzə­rin­də qələbəsi, sevgi aparıcı mövzudur. Şal Kiyiz Tileniş ulunun şeirlərindəki axıcılıq, dilin şirinliyi, Asan Kaykılının poeziya­sındakı dərin fəlsəfi fikir yalnız çağdaşlarını deyil, sonrakı nə­silləri, noqaylara qonaq olmuş səyyahları da heyrətə salmışdır. Yaradıcılıqlarındakı humanizm və sözün təsir gücündən baca­rıqla istifadə adı çəkilən sənətçiləri oxucuların sevimlisinə çe­virmiş və noqay ədəbiyyatının klassikləri kimi tanıtmışdır. (Ли­тература..., 1999:225).
Nəinki yuxarıda adları çəkilən şairlərin, hətta noqayların Ural-Volqa boylarından Kuban çöllərinə, Güney Qafqaza, Kırıma qovulduqdan sonra yazıb yaratmış Elburkan Nayman ulu, Sarkınbay Kırımlının, İsmayıl Masarlının (XVIII yüzil­lik), Oraz Aytmambey ulu (XVIII yüzil), XIX yüzildə yaşa­mış Menkili Boraxan ulu, Mantik As ulu, Alibey Şarap ulu, Ax­metie Adil ulu, Mambet Ali Aşık, Ali Kusi Onkutlu (Си­калиев А., 1993:164-165) və b. yaradıcılığını da tatarların, qazaxların, qırğızların, qaraqalpaqların və qıpçaq kökənli türk xalqlarının ortaq ədəbiyyatının nümunəsi saymaq olar. Mam­bet Ali Aşığın adındakı aşıq sözü noqaylarda arxaikləşsə də, bu gün Azərbaycanda, İranda, Türkiyədə və b. ölkələrdə çox iş­lə­dilir. El nəğməkarlarının, xüsusən məclislərdə saz çalıb oxu­yan, dastan danışan sənətkarların adının önünə “aşıq” epiteti artırılır. Noqay xalq şairlərinin əsas xarakterik cəhəti–poetik yaradıcılıqları ilə doğma xalqa xidmət etmələridir.
Noqaylar islamı qəbul etdikdən sonra, yəni XVIII yüzildən uyğur əlifbası ilə yanaşı, ərəb əlifbasından da istifadə etmişlər. Ərəb əlifbası ilə yazılarda saitlərin olmaması və türk dillə­rin­dəki bəzi samitlərin ərəb əlifbasında bir neçə hərflə yazılması bugünkü araşdırıcıya klassiklərin əsərlərini çağdaş yazı qay­dalarına uyğun oxumağa imkan vermir. Son yüzillərdə noqay­ların Həştərxanda, Kuban çöllərində, Bucakda, Quzey Qafqaz­da, Kırımda və Türkiyədə dağınıq halda yaşamaları, onlar ara­sında sıx əlaqənin olmaması ədəbi dilin formalaşmasına mənfi təsir göstərmişdir. Bu kimi çətinliklərə və məcburi köçlərə, savaşlara, həbs və sürgünlərə baxmayaraq, Fexreddin Abu-şax­­man ulu (1808-83), Sadıkbay Alkaydar (1811-76), Ab­dul­xalıq Abdulraşid ulu (1858-1913), Aslan Şaban ulu (1858-1912), Baymırza Manap ulu (1888-1918), Ajı Molla Noğman ulu (1884-1930), Taram Qumuq ulu, Menkilişeyh İsmail ulu, Abdulkadır Bekbay ulu kimi ənənəvi poeziyanı davam etdirib yırlau (şeir), destan (poema), tolkau (monoloq), maktau (oda), munklau (ağı) və b. janrlarda şeir söyləməklə ye­ni noqay ədəbiyyatının formalaşması üçün zəngin baza ya­ratmışlar (Сикалиев А., 1993:164).
Fexreddin Abuşaxman ulu (1808-1883) ilə Aslan Şaban ulu­nun birgə yaradıcılığının bəhrəsi olan “Karaydar man (ilə) Qı­zılgül” dastanı xalq arasında geniş yayılmışdır. Araşdırıcı Calal­din Şıxmirzəyevin yazdığına görə Beş tav (Beş dağ-Pyati­qor­sk) noqayları arasında yaşayan gənc Aslan Şaban ulu Həştər­xan vilayətindəki Alabuğat noqayları arasında yaşayan, xalq arasında ustad sənətkar kimi tanınan Fəxrəddin Abuşaxman ulunun yanına gəlir. Bu vaxt artıq Fexreddinin iki dastanı “Egiz” (Əkiz­lər) və “Gül Ənvər” xalq arasında yayılıbmış. Ustad-şa­gird şahidi olduqları hadisə əsasında Aşıq Qərib dastanının su­jetini xatırladan “Karaydar man Qızılgül” dastanı yaradırlar. Az zamanda dastan dillər əzbərinə cevrilir.
Sadıkbay Alkaydarın (1811-1876) “Yas gözəl”, “Gül Fer­deys” dastanları da Doğu ədəbiyyatının təsiri ilə yaranmış das­tanlardır.
 
2.1. Avropanın etkisi ilə yaranan ədəbiyyat
Rusiya işğal etdiyi ərazilərdə toplumu idarə etmək, vergi toplamaq, dəftərxana işlərini qurmaq üçün yerli xalqlardan azsaylı kadrlar hazırlamağa çalışırdı. Yerli kadrlar da rus dilini öyrənməklə Avropaya çıxış, oradakı elmi, mədəni fikirlə tanışlıq imkanı əldə edirdi. Rusiya və Avropa ziyalılarının təsiri ilə onlar ədəbiyyata yeni ədəbi biçimlər-hekayə, povest, ro­man, sonet, dram kimi janrlar gətirirdilər. Rusiyanın hökumət idarələrində kiçik məmur kimi çalışanlar beləliklə fəhmlə də olsa, tarixini, ədəbiyyatını, folklorunu öyrənir, millətinin maa­riflənməsinə çalışırdılar.
Məhəmməd Hadinin dayısı Mustafa Lütfü Şirvani Həştər­xana gələrək burada “Bürhani tərəqqi” adlı qəzet açmışdır. M.Hadi də bir müddət bu qəzetdə işləmişdir. Qəzetin qarşısına qoyduğu məqsəd bölgədə yaşayan tatarların, qazaxların, no­qay­ların və b. türk xalqlarının anlayacağı bir dildə yazıb-oxu­malarına nail olmaq idi. Rus məmurları isə türk, müsəlman xalqlarının yaxınlaşmasını hökumət üçün böyük təhlükə hesab edirdilər. Odur ki, Mustafa Lütfü Şirvanini gizli sıxışdırmaqla yanaşı bəzi noqay ziyalılarını da onun əleyhinə qaldıra bildilər. Bəzi əli qələm tutan noqaylar “Bürhani tərəqqi” qəzetinin re­dak­torunu bölgədə dini ayrıseçkilik törətməkdə, şiəliyi təbliğ etməkdə suçlayırdılar. Mustafa Lütfü Şirvanda doğulmuş və sünnü təriqətinə mənsub birisi idi. O, atılan böhtanlara əsaslı dəlillərlə cavab versə də qəzeti qoruyub yaşada bilmədi.
Beləcə Rusiya bölgədə ənənənin davam etdirilməsini, ortaq türkcənin yaşamasını və gəlişməsini əngəlləmiş oldu.
Abdulrehman Ömərov (Umarov) (1867-1933). İlahiyyat­çı, ədib, naşir kimi şöhrətlənmiş Abdulrehman mədrəsələr üçün dərs kitablarını redaktə və nəşr edir, siyasi və ədəbi qəzet və jurnallara maarifçilik ruhunda məqalələr yazır, folklor nümu­nə­ləri toplayaraq çap etdirirdi. Onun 1913-cü ildə nəşr etdir­diyi “Noqay jırları” kitabına (Kitabda toplayıcının adı və so­yadı Abdraxman Umerov kimi yazılır) yazdığı ön söz bu gün də elmi əhəmiyyətini itirməmişdir. Abdulrehman Ömərov, Nəsib Mev­luberdiyev, Abdulrehman Əliyev, Əli Xosayev, Qurbanəli Erembetov kimi maarifçi aydınlar 1914-cü ilədək Həştərxanda “Toy”, “İslah” və “Maarif” adlı jurnallar nəşr etmişlər. Siyasi baxışlarına görə çar məmurları bu jurnalları qapatmış, onları nəşr edənləri sürgünə göndərmişdir.
Birinci Dünya Savaşı, 1917-ci ildə baş verən fevral və ok­tyabr devrimləri, vətəndaş savaşları noqay ədəbiyyatının da in­kişafına olduqca mənfi təsir göstərmişdir. Vətəndaş savaşı ba­şa çatdıqdan sonra bolşeviklər öz ideyalarını xalq arasında geniş yaymaq üçün azsaylı xalqların dillərində məktəblər açıl­masına, dərsliklər yaradılmasına, qəzet-jurnal buraxılmasına da diqqəti artırmışlar.
 
2.2. Sovet dönəmində yaradılan ədəbiyyat
1925-ci ilin aprelində dağlı xalqların (Qafqazın quzeyində yaşayan azsaylı xalqlara XX yüzilin əvvəllərində verilən ümu­miləşdirici ad) konfransı keçirildi. Bu konfransın əsas mövzusu mədəni-maarif məsələsi oldu. İnzibati muxtariyyəti olmayan xalqlara mədəni muxtariyyət verildi. Quzey Qafqazda Mərkəzi Nəşriyyat quruldu. Azsaylı xalqların dillərində dərs kitabla­rı­nın yazılmasına başlandı. 1927-ci ildən isə “Krasnaya Çer­kasiya” qəzetinin yanında bir səhifəlik “Noqay bet” (Noqay səhifəsi) yayına başladı.
Sovetlər dönəmində noqayların ədəbi və elmi mərkəzləri Karaçay-Çərkəz Muxtar Vilayətində və Dağıstan Muxtar Respublikasında fəaliyyətə başlamışdır. Karaçay-Çərkəzdə Fazil Abdulcəlilov (1913-74), Salexcan Zalyandin (1924-73), Söyün Kapayev (1927-2001), Maqomet Kirimov (1927), Canbolat Türk­menov (1935), Askerbiy Kireyev (1938), Gülcamal Mir­za­yeva (1940), Keldixan Kumratova (1944-2003), Dağıstanda isə Musa Kurmanalıyev (1894-1972), Zeit Kaybalıyev (1898-1979), Kuruptursun Orazbayev (1924-90), Qamzat Acıgeldi­yev (1939-66), Anvarbek Kultayev (1941), Kadriya Temirbula­tova (1949-79) və b. yazıçı və şairlər yazıb-yaratmışlar.
Sovetlər Birliyində gedən ideoloji mübarizə noqay ədəbiy­yatından da yan keçmir. Nəinki Sovet ideoloji mərkəzlərində hazırlananlar, hətta xalq arasında məşhur olan dastanları aul-aul, qışlaq-qışlaq gəzərək dinləyicilərə çatdıran, özü də yeni dastanlar qoşan Ajı Molla Noğman ulu kimiləri belə 1917-ci il devrimindən sonra Sovet hökumətinin tərənnümçüsünə çev­rilir. Molla Noğman ulunun Ası ləqəbinə görə araşdırıcıların bə­ziləri onun as nəslindən olduğunu və 1884-cü ildə doğul­duğunu, bəziləri isə 1887-ci ildə Qaranoqaydakı Kurqan Acı kəndində doğulduğunu yazırlar.
Abdulxamid Şarşembi ulu Canıbekov (1879-1955). Çağ­daş noqay ədəbiyyatının inkişafında və formalaşmasında bö­yük xidməti olan Abdulxamid etnoqrafik və tarixi materiallar toplamaqla, nəşriyyat işi və pedaqoji fəaliyyətlə məşğul olmuşdur. 1926-cı ildə Bakıda kecirilən Birinci Türkoloji Qurultayda iştirakı onu yaradıcılığa daha da həvəsləndirmiş, milli məsələyə diqqətini artırmış və o, türk xalqlarının latın qrafikalı vahid əlifba­sının yaradılması uğrunda çalışan aydınların sırasına qoşulmuşdur. 1928-ci ildə Moskvada “Karaydar man Qızılgül” lirik poeması işıq üzü görmüşdür. O, Moskvada, eləcə də Kazanda çap olunan “Beznen yol” (Bizim yol) jurnalında folklor materiallarını çap et­dirmişdir. Onun topladığı folklor nümüunələri 1935-ci ildə Ma­haçqalada “Avıl poezyası”, 1940-cı ildə Pyatiqorskda (Beş tau) “Xalk yırları em erteqiler”(S.Dautovla birlikdə), 1949-cu ildə İ.Kapayevin tərcüməsi ilə rus dilində Stavropolda çap olunmuş­dur. O, yaşlaşdıqca bədii yaradıcılıqdan daha çox elmi araşdır­malarla məşğul olmuşdur. Karaçay-Çərkəz Vilayətinin arxivində onun dördcildlik “Söz xazinası” və “İstoriceskiy oçerk noqays­koy literaturı” kitablarının əlyazması saxlanılır.
Abdulxamid Canıbeyovun 1918-ci ildə “Noqay toyu” adlı pyes yazdığı qaynaqlarda göstərilsə də, günümüzədək gəlib çat­mamışdır.
Abdulxamid Canıbeyov çoxsahəli ədəbi, elmi, pedaqoji fəa­liyyətlə yeni bir ədəbi nəsil yetişdirmişdir (Литература..., 1999:234).
Ədəbiyyata yeni gələn Musa Kurmanaliyev (1894-1972) və Zeit Kaybəliyev (1898-1979) kimi gənclər sinfi mübarizəni apa­rıcı mövzuya çevirməyə, ənənəvi poeziyanı yeniləşdirməyə çalışmışlar. Bununla yanaşı, Xasan Bulatıkov 1936-cı ildə yaz­dığı “Fatimat” pyesləri ilə noqay ədəbiyyatında dramçılığın əsa­sını qoymuşdur.
Basir Mesid ulu Abdullin (1892, Həştərxan vilayətinin Tiyek kəndi-1937). İlk təhsilini mollaxanada alan Basir son­ralar Həştərxan və Kazan şəhərlərində mədrəsə təhsili görmüş­dür. Türk, ərəb və rus dillərini bilən ədib xalqının tarixini və folklorunu öyrənməyə də həvəs göstərmişdir. Öyrəndiklərindən sonralar bəbii əsərlərdə geniş istifadə etmişdir.
Bolşeviklər hakimiyyətə gəldikdə onların irəli sürdüyü şüar­lar gənc Basirə də xoş gəlib, onlara qoşularaq Həştərxan böl­gəsində varlı saydığı, sosializm quruculuğunu qəbul etməyən soydaşlarına qarşı vuruşmuşdur. 30-cu illərin önlərində Qaranoqay bölgəsinə köcərək burada bir müddət “Qızıl bayraq” qəzetində işləmişdir. Daha çox kiçik hekayələr yazan B.Abdullin “Kırmızı gül” (1934) romanı və “Kır batırleri” (Çöl bahadırları-qəhrə­man­ları) (1934), “Aktivis” (1936) kimi sosializm quruculu­ğu­nu, Sovetlərin qələbəsini öyən nəsr əsərlərini yazmışdır. Basir Ab­dullin 1932-ci ildə yazdığı “Düşmən yenildi”, “Batrak”, 1934-cü ildə yazdığı “Əməyin yendiyi zaman”ı pyesləri ilə noqay dramçılığının inkişafına təkan vermişdir.
1937-ci ilin Sovet irticası noqay ədəbiyyatına da ağır zərbə vurur, Basir Abdullin kimi istedadlı dramçı və yazıçını məhv edir.
Asan Şaxim ulu Bulatıkov (16.08.1907, Xabez rayonunun Qızılyurd kəndi - 1937). Noqayların birinci peşəkar yazıçısı sa­yılır. Onun “İki həyat” (1936), “Çoxları üçün iki” (1936) po­vestləri və “Fatimat” pyesi, eləcə də “Azret, Erinşek, Mazan və kolxozçular” şeir toplusu sosializm quruculuğunun ilk illə­rində müsəlman respublikalarında sifarişlə yazılan qadın azad­lığına, çadranın atılmasına, qadınların kişilərlə bərabər işləmə­sinə, kasıbların varlılara qarşı mübarizəsinə həsr olunmuş əsər­lərdəndir. Sosializmin tərənnümçüsü kimi tanınmasına baxma­yaraq 1937-ci ilin irticasından o da qurtara bilməmişdir.
Yalnız B.M.Abdullin və A.Ş.Bulatıkov deyil, onlarla aydın, yazıçı həbs edilib güllələnmişdir. Sağ qalanlar qorxu içərisində yaşadıqlarından cəsarətlə ədəbi axtarışlara girişmir, kommunist partiyasının qərar və göstərişlərini, rəhbər partiya işçilərinin mə­ruzə və çıxışlarını bədii şəkildə xalqa çatdırmaqla yetərlənirlər.
Sosializm quruculuğunun ilk illərində ədəbiyyatla məşğul olanların yazdıqlarından çox, onların tərcümeyi-hallarına diq­qət yetirilirdi. Kasıb ailədən olan gənclərə daha geniş imkanlar açır, onları yazıb-yaratmağa həvəsləndirir, əsərlərini nəşr edir, pyeslərini səhnələşdirirdilər. Kasıb ailədə doğulub ədəbiyyata gələn gənclərdən biri də Fazil Apas ulu Abdulcəlilovdur.
Fazil Apas ulu Abdulcəlilov (01.03.1913, RF Stavropol ölkəsi, Mineralnıye Vodı rayonunun Kanqlı kəndi-1974). Kasıb bir ailədə doğulan, kəndlərindəki məktəbi bitirdikdən sonra Çer­kessk Pedaqoji Texnikumunda oxuyan Fazil “Tənbəl Gi­rey”, “Murat şəhərdə nə gördü?” (1932), “Biz sosializm qu­ruruq” (1932), “İki dünya” (1932), “Uşaqlar üçün müxtəlif he­kayələr” (1933) və b. əsərlərini yazıb çap etdirəndə 19-20 yaş­larında imiş. O, 1930-cu illərdə yazdığı hekayə və povestlərini əsasən “Uşaqlar üçün ədəbiyyat”, “Yeniyetmələr üçün ədəbiy­yat” rubrikaları altında çap etdirmişdir.
İkinci Dünya Savaşının başlanması da ədəbiyyatda bədii dəyərlərin, keçmişi tənqidin, sosializm quruculuğunun tərənnü­münün arxa plana keçməsinə, publisistikanın qabarmasına şə­rait yaratmışdır. F.Abdulcəlilovun da 1941-1950-ci illərdə yazdıq­larının böyük qismi qəzet və jurnal məqalələrini xatırladır.
1950-ci illərdən sonra faşist Almaniyası üzərində Sovetlərin qələbəsi ədəbiyyatın əsas mövzusuna çevrilmişdir. Fazil Abdul­cə­li­lovun “Güclülər ailəsi” (1950), “Asantay” (1956), “Sərt dö­nüş” (1961) povestlərini, kolxozlaşmadan bəhs edən “Güclü axın” romanını, “Kuban çağlayır” (1955), “Kuban-mənim nəğ­məm” (1957) şeir toplularını çap etdirmişdir. Onun “Güclülər ailəsi” povesti daha çox təbliğ olunmuşdur.
Noqay ədəbiyyatına şair, nasir və dramçı kimi daxil olan F. Abdulcəlilovun ən böyük xidmətlərindən biri ədəbi dili zəngin­ləşdirmək olmuşdur.
Kuruptursın Başi ulu Orazbayev (1924, Dağıstan Res­pub­likası, Noqay rayonunun Boranşı kəndi-1990). Noqay ədə­biyyatında önəmli yer tutan yazıçılardandır. Ədəbiyyata şeir və hekayələrlə gəlmişdir. 1962-ci ildə “Gen çölər”, 1964-çü ildə “Na­sip yıldızı”(Bəxt ulduzu) hekayə kitabları, 1970–ci ildə “Ata­dın quşağı”(Atanın qurşağı), 1976-cı ildə “Saban tübi” (Sarı qı­zıl), 1979-cu ildə “Danıl sagını” romanlarını nəşr etdirmişdir.
Söyün İmaməli ulu Kapayev (1927, Erkin Yurt kəndi -2001). Gənc yaşlarından şeir yazmağa başlamış, sonralar pub­li­sistika və nəsr sahəsində də qələmini sınamışdır. 1955-ci ildən noqayca çap olunan “Lenin yolu” qəzetinə redaktor təyin edi­lmişdir. 1957-ci ildə Stavropol Pedaqoji İnstitutunu bitirmişdir. Çox­sahəli yaradıcılığı olan S.Kapayev 1957-ci ildə “Dağ bulaq­ları”, 1958-ci ildə “Danıl uyandı”(Çöl oyandı), 1969-ci ildə “Yürek sırlarım”(Ürək sirrim) şeir kitablarını nəşr etdirmişdir.
Araşdırıcılar ədibin yaradıcılıq qaynağından söz açanda iki məsələyə diqqət yetirirlər. Zəngin noqay folkloru və özünün çətin həyat yolu. Çoxlu mahnılar və tərcümələr müəllifi kimi tanınan S.Kapayev üç roman, ondan çox povest və beş şeir kitabını noqay oxucusunun mühakiməsinə vermişdir. Onun “Tan­dır” (Təndir), “Yuvsan”(Yovşan) povestləri vaxtilə ən çox təb­liğ edilən əsərlər olmuşdur.
Ədəbiyyatda yeniləşmənin öncüllərindən olan yazar noqay­larda sərbəst vəzndə şeirin ustadlarından sayılır. Onun durna­lara xitabən yazdığı şeirdə deyilir:
Yarasık tı, - Gözəldir,
Şuvak bolup yaynaydı - Aydınlık olup parlar,
 Küzgi kibik, küz kuni. - Güzgü kimi payız günü.
Tav betinde - Dağ belində
Kökşil turgan kök köldey, - Göydə duran göy göl kimi,
Köp-kömekyi - Tamam gömgöydü
Küz küninde kök yüzü. - (Güz) payız günündə göy üzü.
Sovet dönəmində ən çox inqilabdan, bolşeviklərin noqay xal­qını xoşbəxtliyə çıxardığından yazan S.Kapayev ömrünün son illərində çap etdirdiyi povest və hekayələr kitabını “Mü­qəddəs Quran” adlandırmışdır. Son illər xalq arasında geniş yayıl­mış əfsanə, əsatir, rəvayət və nağılları bədiiləşdirib oxuculara təqdim etməsi öncələr yazdıqlarının üzrxahlığı kimi başa düşülə bilər. Bəlkə elə buna görədir ki, son kitablarından olan “Noqay evi” noqayların stolüstü kitabına çevrilmişdir. Burada xal­qının tarixinə və etnoqrafiyasına geniş yer ayrılmışdır.
Söyün Kapayevin “Tazasu sərgisi” (1965), “Durnacık” (1974) və b. noqay ədəbiyyatının savaş mövzusunda ən yaxşı əsərləri sayılır.
 *   *   *
Sovetlər Birliyi çökdükdən sonra ədəbiyyatşünaslar 1920-30-cu illərdə M.Kurmanəliyevin, Z.Kabalıyevin, R.Kereyto­vun, İ.Mirzayevin, V.Kazakovun formalaşdırdıqları ədəbiyyatı şüarçı ədəbiyyat kimi dəyərləndirirlər.
 2.3. Ədəbiyyatda insanın iç aləminə diqqətin artması
1956-cı ildə quruluşun bütün nöqsanlarının İ.V.Stalinin adı­na yazılması, 1937-ci il irticası qurbanlarına fiziki bəraət veril­məsi, bir sözlə, rejimdə baş verən yumşalma ədəbiyyata da müsbət təsirini göstərdi. Noqay nəsrində sürətli bir dirçəliş baş verdi. Təəssüf ki, bu dirçəliş yeni yazılan əsərlərin məzmunun­da deyil, ən çox həcmində özünü göstərirdi. Nəşrlərin sayı art­dığı kimi, roman, povest və hekayələrin həcmi böyüyür, mövzu dairəsi genişlənirdi.
1960-cı illərdə Sovet ədəbiyyatında baş verən dəyişiklik no­qay ədəbiyyatından da yan keçə bilməzdi. Ədəbiyyatda “Alt­mı­şıncı illər nəsli” deyə bir ifadə işlədilməyə başladı. Bu nəs­lin nümayəndələri 1920-50-ci illərin ədəbi simaları kimi ideo­logiyaya daha çox önəm vermir, sənətkarlığı önə çəkir, bədii təsvir vasitələrinə üstünlük verirdilər. Bekbiyke Kuluncaxova (1946), Valeri Kazakov (1948), İsa Kapayev (1949) və b. kimi yeni nəsil peşəkar şair və yazıçıların meydana çıxması ədə­biy­yata marağı artırdı. İ.Kapayevin yaradıcılığı çağdaş problem­lərə yönəlmişdir. İnsanın gündəlik qayğıları yazıçının əsas mövzu­sudur. Onun qəhrəmanları insanlıq ləyaqəti, mənəvi borc, sevgi və ləyaqət haqqında düşünür. Yazıçı keçmişdən mənəvi dəyər­ləri alaraq gələcəklə birləşdirməyə çalışır. İ.Kapayevin yara­dıcılıq axtarışları bədii cəhətdən də dolğundur.
 İ.Kapayevin “Xurcun” (1975), “Sıntaslı Akında Tolgav” (1977), “Vokzal” (1980), “Sülder” (1989-91) V.Kazakovun “Qı­zıl kəmər” (1977), “Doqquz kapital” (1983), “Babay uldu­zu” (1983), S.Kapayevin “Torpağın hərarəti” (1976), B. Ku­lunçakovanın “Çöl torağayı” (1980) kimi hekayə və povest­lərin nəşri noqay nəsrinin yeni çağının başlandığından xəbər verir (Türkiye dışındakı..., 2002:2, 21-ci cild).
Ümumtəhsil məktəblərində noqay dili və ədəbiyyatı tədris edilsə də, qalan fənlər rusca keçildiyindən, ölkədə rus dilinə xüsusi önəm verildiyindən noqay gənclərinin əksəriyyəti də rus dilinə daha çox diqqət yetirmişdir. Mərkəzdən maddi və mənəvi dəstək aldıqları üçün gənc noqay yazıçıları da fikirlərini daha çox sayda insana çatdırmaq, daha çox oxucu qazanmaq və məşhurlaşmaq üçün rus dilində yazıb-yaratmağa üstünlük ve­rirdilər. Rusca yazmaq əcnəbi dillərə tərcümə olunmalarında qapı rolunu da oynamışdır.
1960-cı illər nəsli insanın iç dünyasının bədii dillə təsvirinə diqqəti artırsa da, Kolumbiya yazıçısı Q.Q.Markesin yazdığı “Yüz il tənhalıqda” əsəri xalqların tarixinə, ilkin başlanğıca, miflərə marağını artırmışdır. Uzun illər tarixi mövzulara yalnız bay­ları, mirzələri, bir sözlə, hakim sinfi tənqid etmək məq­sə­dilə müraciət edən yazıçı və şairlər indi keçmişlərinə tamam başqa gözlə baxmağa başlayıblar.
Askerbiy Söyün ulu Kireyev (1938, Qaraçay Çərkəz Mux­tar Vilayəti). Noqay uşaq ədəbiyyatının inkişafında böyük xid­məti olan yaradıcı ziyalılardandır. Uşaqlar üçün 20-yə yaxın kitab çap etdirən müəllifin “Küpelek” (Kəpənək), “Biyala” (Pi­yalə), Köqerşin” (Göyərçin), “Şenilşek” (Yellənçək), “Kar­lı­qaş” (Qaranquş), “Tulpar” və b. əsərləri uşaq poeziyasının nü­munəvi əsərləri sayılır.
A.Kireyev bədii yaradıcılığında ümumtürk və onun bir qolu olan noqay folklorundan səmərəli bəhrələnmişdir. Şairin “Be­sik yırı” (Beşik nəğmələri-laylalar), eləcə də tapmacalar əsa­sın­da yazdığı şeirlər noqay uşaqlarının ana dilində söz ehti­yatının artmasında, nitqinin inkişafında və dünyagörüşünün for­malaşmasında böyük rol oynamışdır.
Onun “İyt, mısık em topqay”(İt, pişik və qarğa), “Maymıl” (Meymun) və başqa əsərləri noqay mərasim mahnıları aytıslar üslubunda yazılmışdır. Bir çox şeirlərini isə heyvanların söhbəti for­masında yazmışdır. Buna çöl dovşanı ilə ev dovşanının söhbə­tin­dən bəhs edən “Yolıqıs” (Görüş), qoyunların söhbətindən bəhs edən “Kaynadılar kazanda” (Qazanda qaynadılar) və b. əsərlərini nümunə göstərmək olar. Şairin uşaq şeirlərinin bir çoxu başqa dillərə də çevrilmişdir.
Qamzat Yusup ulu Acıgeldiyev (21.12.1939, Dağıstan Res­publikası Noqay rayonu Orta Töbe kəndi-?.07.1966). Atasını savaşda, anasını savaşın doğurduğu aclıq və xəstəlikdə itirən Qamzat çətin bir ömür yaşamış, uşaq evinin ağır şəraiti onun psixologiyasını pozmuşdur. Savaş başa çatdıqdan sonra yaxın qohumu Badiya Acıgəldiyev onu ailə­sinə almışdır. “Səlimət” hekayələr kitabının müəllifi olan, Qarano­qay kəndlərini (Dağıstan) gəzərək folklor nümunələrini çap etdirən, partiya işçisi Badiya Acıgəldiyev Qamzatın ədəbiyyata maraq göstərməsində böyük rol oynamışdır.
Tepekli (Dirəkli) Məktəb kəndindəki in­ter­nat məktəbdə oxuyan Qamzat Belarusiya Hərbi Dairəsində əsgəri xidmətdə (1958-61) olarkən də ikiillik Marksizm-Leni­nizm Universitetinin axşam şöbəsində təhsil almışdır. Bədii yara­dı­cılığa da həmin illərdən gəlmişdir. Mahaçqaladakı “Şöllik mayakı” (Çöllük mayakı”) və Çerkeeskdəki “Lenin yolu” qəzetləri ilə mün­təzəm əlaqə saxlamışdır.
Əsgəri xidməti başa vurduqdan sonra fəal bədii yaradıcılıqla məşğul olmuş, noqay ədiblərindən F.Abdulcəlilov, S.Kapayev, K.Kumratovla görüşmüşdür. Ədəbiyyata gəlişi ilə diqqəti özünə cəlb edə bilmişdir. Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitu­tuna oxumağa göndərilən ilk noqay olmuşdur.
1962-ci ildə Mahaçqalada “Sokpak” (Cığır) adlı ilk şeir ki­tabı çap edilmişdir. Badiya Acıgəldiyevlə birlikdə Dağıstanda ya­şayan noqay ədiblərinin İkinci Dünya Savaşından sonrakı ya­radıcılı­ğından nümunələri seçərək 1964-cü ildə “Karlıgac” (Qa­­ran­quş) adlı topluda çap etdirmişlər. Bu təşəbbüsü araşdı­rıcılar noqaylarda ədəbi mühitin canlandırılması kimi qiymətləndirirlər.
Qəzetlərdə çoxlu ədəbi tənqidi məqalələr, tərcümələr çap etdirən, ədəbi mühitin canlanması üçün var gücü ilə çalışan gənc şair bədbinliyə qapılmış, vəziyyətdən çıxış yolu tapa bilmə­diyindən içkiyə qurşanmışdır. “Kuşlar kaydan kelesiz” (Quşlar ha­ra­dan gəlirsiniz?), “Mennen başqa bar bolsa...” (Məndən başqa varsa...), “İzleyemen seni” (Səni axtarıram), “Dördlüklər” şeir­ləri oxucular tərəfindən məhəbbətlə qarşılanan şair 1966-cı ildə, 27 yaşı tamam olmamış intihar etmişdir. Şairi intihara aparan yol onun şeirlərində öz əksini tapmışdır. “Yayapsız soraclar”(Cavapsiz suallar) şeirində yazır:
Yazayıma yatlavlardı yanıdan?
– Yenidən yazmağa davam edimmi?
Tek korkman redaktorlar kapıdan
– Pək qorxuram redak­torlar qapıdan
Ketşi deek, kaqıtlardı körgende
– Getsin deyər, yazılarımı görəndə.
Koyayıma taslap yazqan zatlardı
– Hər şeyi atmaq, unutmaq,
Otı sönip, suvıp kalqan küllerdey
– Yoxsa yandırmaq, külə döndərmək.
Tars yumayım körmes uşin közimdi
– Gözüm görməməsi üçün yumummu
Ya salayım korkaylandan külledi
– Kömək edər mənə güllələr
Söndürmege ürügimnin yallavın
– Söndürməyə ürəyimin alovun
Yazayıma yatlavlardı yanıdan?
– Yenidən yazmağa davam edimmi?
 “Kuy, Rosiya”(Araq tök, Rusiya!) və b. şeirləri onun sər­xoşluqla keçirdiyi günlərin əhval-ruhiyyəsini özündə yaşadır. Şeir sanki Rusiyaya, rus mühitinə bir ittihamdır. Sərxoş olan, sərxoş yürüyən Rusiya! Araq içməyi mənə də sən öyrətdin. Bloka da sən içki verdin, Yesenini də sərxoş etdin. Sən məyər özün, Yox, sən sərxoşsan!
 “Lenin yolu” qəzeti 15 iyul 1966-ci il sayında şairin “Və­siyyət” şeirini çap etmişdir.
1988-ci ildə Mahaçqalada T.Akmanbetovun ön sözü ilə Qamzat Acıgəldiyevin “Urlanqan suyub”(Oğurlanmış sevgi) adlı şeirlər toplusu çap olunmuşdur (Suyunova N., 2006:237-238).
Anvarbek Ötey ulu Kultayev (07.07.1941, Dağıstan Res­pub­likası Noqay rayonunun Günbatar kəndi). 1965-ci ildə Qa­raçay-Çərkəz Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmiş, “Lenin yolu” qəzetində işləmişdir. “Yolda” adlı ilk şeir ki­ta­bını 1966-cı ildə Çerkessk şəhərində çap etdirmişdir. 12 kitabi ya­yınlanmış, “Qarşılaşma”, “Halallıq”, “Sənin haqqında nəğmə söy­ləyirəm”, “Gözəl günlər”, “Öylə vaxtı”, “Çoban” və b. şeir, “Nərdivanlar” nəsr kitablarını nəşr etdirmişdir.
Uşaqlar üçün də şeirlər və nəsr əsərləri yaradan A.Kultayev Korney Çukovskidən, Samuil Marşakdan, Mixail Prişvindən, Arkadi Qaydardan, Qaysın Quluyevdən, Həmzət Sadasadan, Rəsul Həmzətovdan, Anvər Acıyevdən, Süleyman Staliskidən, Suqru Uvaysovdan, Mirzı Davudovdan və b. tərcümələri ilə də ana dilinin zəngin söz xəzinəsini ortaya qoymuşdur.
Keldixan İsa qızı Kurmatova (16.07.1944. Qaraçay-Çər­kəz Muxtar Vilayətinin İkon Xalk kəndi-23.02.2003). Kəndlə­rin­dəki məktəbdə oxumuş, onun ədəbiyyata gəlməsində atası­nın söylədiyi nağıl, tapmaca, dastan və yırların rolu böyük olmuşdur. 1962-ci ildə “Lenin yolu” qəzetində ana dilində “Anama” şeirini çap etdirmişdir.
1963-cü ildə məktəbi bitirib kənd kitabxanasında işləməyə başlamış, bir il sonra isə onu Moskvadakı M.Qorki adına Ədə­biyyat İnstitutununda qiyabi oxumağa göndərmişlər. Həmin il­dən “Lenin yolu” qəzetində çalışmış, şeir və məqalələrini də ora­da çap etdirmişdir. 1966-cı ildə Çerkesskdə “Şabden”(Novruzgülü) kitabı işıq üzü görmüşdür. Moskvada və bölgədə çap olunan jur­nal­lar və toplularla sıx əməkdaşlıq etmişdir. Ukraynada, Türkmənis­tanda, Qaraqalpaqstanda, eləcə də Rumıniyada, Bolqarıstanda, Türkiyədə və b. ölkələrdə əsərləri çap olunmuşdur.
1969-cu ildə Çerkesskdə “Sonqı yapıraklar” (Sonuncu yar­paq­lar) kitabını çap etdirən Keldixan 1971-ci ildə ədəbiyyat institutunu əla qiymətlərlə başa vurmuş, həmin il də rus dilində kitabı nəşr olunmuşdur. İki il sonra isə həmin kitabı Moskvada “Sov­remennik” nəşriyyatı çap etmişdir.
Keldixan tanınmış noqay yazıçısı İsa Kapayevlə ailə qur­ması onların hər ikisinin yaradıcılığına müsbət təsir göstərmişdir.
1975-ci ildə ana dilində “Qılqpuz” kitabını çap etdirən şairə bir il sonra Rumıniyada keçirilən Beynəlxalq şeir festivalında iştirak etmək nəsib olur. Keldixan orada XIX yüzildə Rusi­ya­nın Qafqaz savaşı zamanı Rumıniyaya qovduğu noqaylarla gö­rüşür. Geri döndükdən sonra onların taleyindən bəhs edən “Ta­mız” (Od qoruyucu) poemasını yazır.
1990-ci ildə Sov.İKP-nin XXVIII qurultayında noqayların acı taleyindən, xalqının kasıb və miskin yaşamasından söz açır. 1995-ci ildə Keldixan Kurmatovaya Qaraçay Çərkəz xalq şairi adı verirlər.
Keldixan Kurmatovanın sağlığında “Altın oka” (Qızıl sap) (1985), ”Tamız” (1988) “Tanı manında” (Dan anında, dan qı­za­randa) (1996), “Qızıl şılma” (2000), “Ömürlikten atlı” (Əbə­di­yətdən gələn atlı) (2000) kitabları çap olunmuşdur (Suyu­no­va N., 2006:241-244).
 Qədriyə (Kadriya) Orazbay qızı Temirbulatova (14.12.1949, Dağıstan Respublikası Tepekli Məktəb-30.06.1979). Gənc yaşlarında faciəli ölümü ilə noqay xalqının yaddaşında dərin iz buraxmışdır. Çoban ailəsində doğulan Qədriy­yə kəndlərindəki orta məktəbi bitirdikdən sonra, 1965-ci ildə Həmzət Sadasa adına Mahaçqala Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsinə daxil olmuşdur. “Şöllük mayakı” (Çöllük ma­yakı) adlı rayon qəzetində çap olunan ilk şeiri Dağıstan Ya­zıçılar İttifaqının diqqətini çəkmişdir. “Komsomolets Daqestana”, “Daqestanskaya Pravda”, qumuq türkcəsində çap olunan “Le­nin yolu” qəzetlərində, qumuq türkcəsində çıxan “Dostluq” jur­nalında müntəzəm şeir və məqalələrini nəşr etdirən Qəd­riyəni üçüncü kursdan sonra avar şairi Rəsul Həmzətovun zə­ma­nəti ilə Moskvadakı M.Qorki adına Ədəbiyyat İnstitutunda oxu­mağa göndəriblər.
Ədəbiyyat İnstitutunun tələbəsi ikən onu SSRİ Yazıçılar İt­ti­faqına üzv qəbul edirlər və Moskva qəzetlərində çap olunmağa başlayır.
İlk qələm təcrübələri olan “Qumlu tastar şöllüqim”, alle­qo­rik “Gələ zaman”, “Men tuvqanda”(Mən doğulanda) şeirləri ədə­biyyata xalqını ürəkdən sevən, onun tarixinə və ənənəsinə bağlı istedadlı bir gəncin gəldiyindən xəbər vermişdir. Doğma kən­dinə həsr etdiyi “Tereklidə (Dirəkli) üç gün”, “Menim xalkı­ma”, “Ayıtdılar”(Dedilər), “Güclü yellər əsdilər çölümdə”, “Am­zatxanqa”, “Almirağa” və b. şeirində noqay ədəbiyyatına gə­tirdiyi yeni ifadə vasitələri ilə seçilirdi. O, şeiri şüarçılıqdan uzaqlaşdıraraq poeziyaya klassik Doğu şeirində olduğu kimi dərin fəlsəfi məna vermək istəyirdi.
1971-ci ildə Mahaçqalada ilk şeirlər toplusu olan “Tav da­nıldan baslanadı”(Dağ düzənlikdən başlanır) nəşr edilir. İki il sonra isə Qədriyə Temirbulatovanın “Yaslık yırları” (Gənclik nəğmələri), “Tav danıldan baslanadı”, “Ayındırık yarıqı” (İl­dırım işığı) və “Yatlablar” (Şeirlər) adlı kitabları çap olunur. (Suyunova N., 2006: 240) Bu milli azlıqlardan olan gənc bir şair üçün olduqca böyük bir uğur idi.
1975-ci ildə isə Moskvadakı “Molodoy qvardiya” nəşriy­yatı Qədriyənin rus dilinə çevrilmiş “Ulıbka lunı” (Ayın tə­bəs­sümü) kitabını nəşr edir. Məşhur malkar şairi Qaysın Quli­ye­vin ön söz yazdığı bu kitab müəllifinə böyük uğur qazandırır. Kitabın birinci nüsxəsi gənc şairə Moskvada Gənc Yazıçıların VI Ümumittifaq müşavirəsində təqdim olunur və Dağıstan Komsomolu Mükafatına layiq görülür.
Qamzat Acıgəldiyevin ana dilində yazdığı şeirləri rus dilinə çevirməklə onu daha geniş aidutoriyada təbliğ etməyə çalışmışdır.
1978-ci ildə Moskvada SSRİ Yazıçılarının qurultayında və Daşkənddə Asiya Afrika Ölkələri şairlərinin forumunda iştirak edən, Mahaçqalada ana dilində “Xayran”(Heyran) kitabı çap olunan Qədriyə həmin ilin iyulunda Kubanın paytaxtı Hava­na­da keçiriləcək XI Ümumdünya Gənclər Festivalına hazırlaşır. Lakin bu ona nəsib olmur. İyun ayının 30-da, gündüz onun öldürüldükdən sonra yandırılmış meyidini öz evində tapırlar (Suyunova N., 2006:239-241).
Qədriyənin şeirləri “Əsmə saxlan” və “Peşiman yırları” ki­tab­larında toplanmışdır (Suyunova N.X., 2003:235-243).
İsa Söyün ulu Kapayev (1949). Noqay ədəbiyyatında araş­dırıcı ədib kimi tanınır. Atası Söyün Kapayev noqay ədəbiy­ya­tının görkəmli simalarındandır. 1975-ci ildə “Xurcun”, “Berdazi”, 1985-ci ildə “Qarmanıstika”, “Dünya ömürlü senin gözlerinde” “Reklama” povestlərini, 1982-ci ildə “Vağzal” , 1989-cu ildə “Sülder” romanlarını nəşr etdirmişdir. “Sülder” roma­nını ikinci cildi 1991-ci ildə oxucuların mühakiməsinə verilmişdir.
Murat Alibek ulu Avezov (02.11.1951. Dağıstan MSSR Noqay rayonu Orta Töbe kəndi). Murad noqay folklorunu ya­şadan, onu təbliğ edən bir ailədə doğulmuşdur. Atası Alibek don­bu­ra çalaraq noqay əfsanələrini söyləməklə, nənəsi Bazilet və ana­sı Elbiyke isə tarixi şəxsiyyətlər olan “Suyunbiyke”, “Yanbiy­key”, “Nayman xanın qızı Bayqız” və başqa ağıları söyləmək­də məşhur olmuşlar.
Murad kəndlərindəki səkkizillik məktəbi bitirdikdən sonra Qaraqasdakı orta məktəbdə oxumuşdur. Orta məktəbdə oxuyarkən “Besik” (Beşik) və “Anama” şeirlərini “Şöllik mayakı” qəze­tin­də çap etdirmişdir. Elə həmin qəzet 1969-cu ildə onun Qamzat Acıgəldiyevə həsr etdiyi “Turnalar” poemasını da nəşr etdirmişdir.
1969-70-ci illərdə Buynaksk şəhərindəki 1 saylı texniki peşə məktəbində oxuyan Murat oranı bitirib əsgəri xidmətə gedir və Macarısdanda əsgərlik keçirir. 1972-ci ildə əsgəri xidmətdən geri döndükdən sonra bir il Qaraçay Çərkəz Pedaqoji İnstitututunun hazırlıq kursunda oxuyur və həmin ali məktəbin noqay-rus filologiyası fakültəsinə qəbul olunur. Ali məktəbdə təhsilini başa vurub kəndlərində müəllim işləməyə qayıdır.
Müntəzəm olaraq “Şöllik mayakı”, “Lenin yolu” qəzet­lərin­də və gənc şairlərə həsr olunmuş toplularda şeirlərini çap et­dirir. “Şöllik mayakı” qəzetində müxbir, məsul katib, redaktor müavini, redaktor işləyən Murad Avezov 1990-91-ci illərdə uşaq jurnalı “Laşın”, 1991-92-ci illərdə uşaqlar üçün çap olu­nan “Bayterk” qəzetinə redaktorluq edir.
Tereklidəki noqay teatrına rejissorluq edən Murat Avezo­vun “Es” (Yaddaş) adlı ilk şeir kitabı 1982-ci ildə Mahaçqa­la­da çap olunmuşdur.
Sovetlərin çöküşü zamanı yaradılan “Birlik” adlı noqay ic­ti­mai-siyasi təşkilatına rəhbərlik edən Murat Avezov Türk xalq­larının toplantılarına da fəal iştirak edir. Beynəlxalq İma­məd­din Nəsimi mükafatının qızıl medalını və Dağıstan Respubli­ka­sının Əməkdar Mədəniyyət İşçisi adını alan Murad Avezo­vun “Aytıs” (Yarış) (1992), “Masaklar” (Sünbüllər) (1992), “Bir uvıs topırak, bir uvıs suv”(Bir ovuc torpaq, bir ovuc su) (2002), uşaqlar üçün nağıl kitabı “Bayterek” (2001) və b. ki­tabları çap olunmuşdur. (Suyunova N., 2006:244-246)
Farida Muxambet qızı Sidaxmetova (22.11.1966, Stav­ro­pol Diyarı Neftekum rayonunun Arteziyan Manqit kəndi). Fə­ridəni 8 yaşınadək nənəsi Avana tərbiyə etmişdir. Bölgədə məş­hur bozlavçı (ağıçı) kimi tanınan Avana haqqında həmyerliləri “o daşı da ağladar” deyirlərmiş. Nənəsindən çoxlu folklor nü­mu­nəsi öyrənən Farida 1978-ci ildə Qədriyənin faciəsindən üzü­lür. Həmin günlərdə nəinki noqay ailələrində, qəzetlərdə, ya­radıcı ziyalılar arasında, hətta xarici radiolarda da Qərdi­yə­nin faciəsindən və gənc şairənin şübhəli ölümündən söz gedirdi.
Farida Qədriyənin faciəsinə maraq sonra onun yaradıcı­lı­ğına maraqla əvəzlənir. 1981-85-ci illərdə Çeçen-İnquş MSSR-in Qudrumes şəhərindəki pedaqoji texnikumda oxuyanda, yəni 1983-cü ildə rusca yazdığı ilk şeirini “Krasnoye znamya” qəzetində çap etdirir. Noqay türkcəsində yazılmış kitabları da ilk dəfə texnikumda oxuyarkən Dağıstandan gəlmiş tələbə yol­daşlarında görür. Onların vasitəsilə ana dilində yazılmış kitab­larla və kitabların müəllifi olan noqay yazıçı, şair və alimlərilə tanış olur.
Noqay türkcəsində yazdığı ilk şeirini isə 1986-cı ildə “Lenin yolu” qəzetində nəşr etdirir. 1986-cı ildə Stavropol Diyarının Qaraçay Çərkəz Muxtar Vilayətindəki dövlət pedaqoji institu­tunun ibtidai metodika fakültəsinə daxil olur. Elə həmin il də birinci dəfə Dağıstanda noqaylar yaşayan rayona gəlir. 1988-ci ildə internat məktəbdə ibtidai sinif müəlliməsi işləyən gənc şair Çerkesskdəki radionun noqay türkcəsində veriliş hazırlayan re­daksiyası ilə əməkdaşlıq edir. Bu ona noqay yazıçı, şair və alimlərilə yaxından tanışlığa imkan yaradır.
1990-cı ildə Mahaçqalada çap olunan “Yaslardın davısı” (Gənclərin səsi) toplusuna onun da noqay türkcəsində yazdığı şeirlər daxil edilir. Ana dilində ilk şeir kitabı isə 1991-ci ildə “Ak örnək”(Ağ naxış) adı ilə Çerkesskdə, “Priznaniye”(Etiraf) kitabında toplanmış rusca şeirləri isə 1997-ci ildə Moskvada çap olunur. Farida xanım “Şölliqim”(Çöllüyüm) şeirində deyir:
Yollarımda yellər essin, kum essin,
- Yollarımda yellər əssin, qum əssin,
Sokpagımdı kar boratsın, korkpayman.
- Küçəmdə qar-bo­ransı olsun, qorxmaram.
Noqay şölim-ak niyetim, tüz esim,
- Noqay çölüm, xoş niy­yətim, düz ağlım
Sağa bergen sözlerimnen men tayman.
- Sənə verdiyim sözlərimdən mən dönmərəm.
F.Sidaxetova noqay folklorunun, şair və yazıçılarının əsər­lə­rinin rus dilinə çevrilməsilə də ardıcıl məşğul olur. O, “Edi­gey”, “Süyimbikedin bozlavı” (Süyimbikenin ağısı) və XV yü­zildə yaşamış Şal Kiyizin şeirlərini rus dilinə poetik tərcümə edərək nəşr etdirir. 2004-cü ildə isə özünün ana dilində yazdığı şeirlərini “Asıqaman alal sözler aytpaqa”(Məhəbbət sözləri de­məyə tələsirəm) adlı kitabında toplamışdır (Suyunova N., 2006:246-249).
 *   *   *
1970-90-cı illərin noqay poeziyası Qədriyə (Kadriya) Temir­bulatovanın, Karaçay-Çərkəz xalq şairi Keldixan Kumra­to­­va­nın, Nəsimi mükafatı laureatı Murat Avezovun, Askarbiy Ki­reyevin, Muxarbiy Aubekigyevin, Farida Sidaxmetovanın, Sa­limat Maylibayevanın, Maqomatali Asanovun, Maqomet Kosa­yevin, Arqrntin Ayıbovun, Srajdin Batırovun (1951-92) və b. əsərləri sayəsində inkişaf edir. Onlar şeirlərində tarixi möv­zu­lara daha duyarlı yanaşır, epik və lirik dastan janrını mükəm­məlləşdirirlər. Noqay poeziyasına ənənəvi janrlarını və klassik ünsürlərini canlandırma prosesi davam edirdi.
1970-1990-cı illərdə sosial, əxlaqi problemlər (Maqomet Ki­rimov) gündəmə gətirilir, epik və lirik xalq dastanları əsa­sın­da pyeslər (Askerbiy Kireyev) yazılır. Yelena Bulatıkovanın (1937), Ajdaut Naymanovun (1942) və b. hekayə, povest və romanları çap olunur.
Askarbiy Kireyev son illərdə noqay türkcəsində nəşr edilən uşaq jurnalı “Mametekey”in redaktorudur.
      Sonuc
Sovetlər Birliyinin çöküşündən yararlanan noqaylar coğrafi olaraq “dağılmış” soydaşlarının ictimai və ədəbi qüvvələrini bir­ləşdirməyə çalışırlar. Bu məqsədlə 1989-cu ildə Rusiya Ya­zıçılar İttifaqının Noqay Yazıçılar Birliyi yanında “Birlik” ictimai-siyasi təşkilatı yaradılır. Lakin bu təşkilat hələ də xalqın tam istəyincə işləyə bilmir. Bunun bir səbəbi təşkilat üzvlərinin içindən imperiya qorxusunun çıxmamasıdırsa, o biri səbəbi də Rusiya Federasiyasının xüsusi xidmət orqanlarının bölücülük fəaliyyətidir. Bütün bunlara baxmayaraq, noqay ədəbiyyatında sürətli bir yeniləşmə gedir. Bu yeniləşmə tarixə obyektiv yanaşma, milli miraslara yiyə çıxma, milli özünüdərk, qapalı Sovet məkanından çıxıb çoxçalarlı dünya sivilizasiya­sına canatma şəklində özünü göstərir.
Noqayların aşağıdakı qəzet, jurnal və toplumları nəşr olu­nur: Mahaçqalada 1973-cü ildən “Tuvkan erim” (toplum), 1989-cu ildən “Lasın” uşaq jurnalı, “Şöllik mayakı” qəzeti, 1991-ci ildən Çerkesskdə “Polovetskaya luna” jurnalı, “Noqay davası” qəzeti, “Qıpçaq Ay” (noqay, qaraçay-malkar dialektlə­rində və rusca) yayımlanır. Maliyyə sıxıntısından bu nəşrlərin bəziləri davamlı çıxmır, bəziləri bağlanır, yeni adda qəzet və jurnallar da yayımlanmağa başlayır (Kalafat Yaşar, 1999).
  
ЛИТЕРАТУРА НОГАЙСКИХ ТЮРКОВ – В  ПРОШЛОМ  И  В  НАСТОЯЩЕМ
  Резюме: В  последние годы некоторые  ногайские  иссле-дователи  считают, что история литературы  берет  свое  на-чало от Орхано-енисейских  памятников. Хоть и говорится  о том,  что   с  середины  тысячелетия  на  территории  Ногай-ского  государства  были   созданы  устные  и  письменные  художественные  образцы,  но  предпочитаются   художес-твенные   произведения,  созданные в  ХХ  веке.
В  устном  народном творчестве  читающих  дастан  назы-вают  жиравами, бахшами  рассказывающими  миф и  леге-нды  называют эртегишами, а  говорящих  пословицы и  пре-дания величают  шешенами. Ногайцы  считают  своими   ли-тературные  произведения  кыпчаков. Известными  Ногай-скими   дастанами  считаются: «Ахмет  Адиль улу», «Эди-гей», «Копланлы  батыр», «Мамай», «Шора Батыр», «Эдиль Солтан», «Кырк Ногай батыры». В 1830–ом  году  поляк,  Александр Ходзко  дастан  «Эдигей»  записал у Астрахан-ского  ногайца  сказителя  Али  Шарапова, и в 1842 –ом  году  издал  его  в  Лондоне. 
 Собрание  ногайского  фольклора  берет свое начало с XIX века. Сибра  у  ногайцев  считается  основоположником  современной  письменной  литературы, который  писал  стихи  в  стиле  народной  словесности. В ХVXVI веках  после Сибра  жили  такие  поэты, как Париздак Шабан улу (у кыпчаков  слово «оглы» пишется и говорится как слово «улу»), Шал Кыйыз Тилениш улу, Асан Кайгулу. Домамбет  Азайлы, Жиренше Шешен, Кази Туан Суюнишин Шабан и др. Несмотря  ни  на воины, ни  на  изгнание, ни  на  аресты, ни  на  высылки  последователи  традиционной  поэзии  та-кие  как  Фахраддин Абушахман улу (1808-83), Садыкбай Алкайдар (1811-76), Абдулхалыг Абдулрашид  улу (1858-1913), Аслан  Шабан  улу (1858-1912), Баймырза Манап  улу (1888-1918), Аджы  Мола Ногман  улу (1884-1930), Тарам  Гумуг  улу, Менкилишейх  Исмаил  улу, Абдулкадыр  Бекбай  улу  йырлау (стихи),дастан (поэма), толкау (монолог), мактау (ода), мунклау (причиания) и  другие  продолжили  свою  деятельность  в других  жанрах  создали богатейшую  базу  для  новой  ногайской  литературы.
В советскую эпоху  литература   ногайских тюрков обрело  новое  направление. Под  видом  обновления  началось   под-ражание   русской  литературе  и  присвоение  себе  европе-йских  методов. С одной  стороны   это  послужила   полити-зации   литературы, разобщению  языка  письменности  ногайцев с  языком  соседних   тюркских  народов, с  другой же  стороны  способствовало  развитию  литературного  язы-ка. Новое поколение пришедшие в литературу  в  лице Басир Абдуллина(1892-1937), Мусы  Курманалиева (1898-1979) и Зейт Кайбалыева(1898-1979) писавшие о клас-совой  борьбе, которая была ведущей  темой  того  периода, попытались  обновить  традиционную  поэзию. Пьесой «Фатимат» напи-санная  Асаном(Хасан) Булатиковым(1907-37) в 1936 – ом  году,  положила  основу  ногайской  драмату-ргии. Вместе  с  тем,  с  романом «Враг  повержен» Басира  Абдуллы(1892-1937), написанная 1932-ом  году, роман «Батрак» (1934) , роман «Время падения  труда», все  эти  произведения  сфор-мировали  ногайскую  прозу.
Литературный  и  научный  центр  ногайцев  начинает  свою деятельность в Карачаево-Черкесской  Автономной  об-ласти  и  в  Дагестанской  Автономной  Республике. Из  этих     центров  вышли  такие  поэты  и  писатели , как в Карачаево-Черкессии Авдулрагим Умаров(1867-1933), Абдулхамит Джаныбеков(1879-1955),Фазил Абдулджалилов (1913-1974), Салехжан Заляндин (1924-1973), Сеюн Kапаев (1927-2001), Магомет  Киримов (1927), Джанболад Туркменов (1935), Аскербий Киреев (1938), Гюльджамал  Мирзоева (1940), Келдихан Кумратова (1944-2003), а в Дагестане  Муса  Кур-маналиев (1894-1972), Зеит Кайбалиева (1898-1979), Куруп-турсун  Оразбаев (1924-1990), Гамзат Аджыгелдиев (1939-1966), Анварбек  Култаев (1941), Кадрия  Темурбулатова (1948-1978) и др.  поэты и писатели.
Народные  поэты  Карачаево-Черкесии Keлдихан Kурма-това, лаурят премии им.Насими Мурат Авезов(1951), Фарида Сидахматова(1966),  Асгербий  Кириев, Иса  Капаев, Анвер-бек Култаев, Бекбийке  Кулунчакова, Мухарбий  Айбекижов и др. с 1970-1990 г.г.   имели  заслуги  в  развитии   ногайской   литературы.
Бекбийке  Кулунджакова (1946),  Валерий  Казаков (1948), Иса  Караев(1949)  и  др. отдалившись от представления   ли-тературы  как  средство рупора    пропаганды  Коммунис-тической партии,  сделали  акцент  на  освещение  внутреннего  мира  человека.
 Ключевые слова: Ногайцы, литература Кыпчак-ногайцев, фольклор, дастан «Эдигей»,  современная  литература.

LITERATURE BY NOGAY TURKS IN PAST                  AND PRESENT

 Abstract: Some Nogay researchers claim the history of their literature start from Orkhon-Yenisey monuments. Alt­hough it is mentioned that oral and written literary works dating back to Middle Ages were created on the Nogay ter­ritory, yet the literary works created in the twentieth century still get more attention.
The Nogays who name the person as jirav, bahshi who tell sagas, as ertegishi who tell myths and fables and as sheshen who tell proverbs and tongue-twisters declare themselves the owner of the literary works created by Kipchaks. “Ahmet Adil Ulu”, “Edigey”, “Koplanli batir”, “Mamay”, “Shora Batir”, “Edil Soltan”, “Kirk Nogay batiri” are outstanding sagas of Nogay literature. In 1830 Alexander Khodzko, polish by natio­nality, collected the saga “Edigey” from Ali Sharapov who was a Nogay from Hashtarkhan and published it in 1842 in Lon­don.
The researchers believe the Nogay folklore started being collected in the nineteenth century. Poet Sibra who wrote in the style of folk poem is considered to be one of the founders of modern written Nogay literature. After Sibra such poets as Parizdak Shaban ulu, Shal Kiyiz Tilenish ulu, Asan Kaygulu, Domambet Azayli, Jirenshe Sheshen, Kazi Tuan Suyunishin, Shaban and others lived in the fifteenth-sixteenth centuries. Des­pite forced migrations, wars, imprisonments and exiles poets such as Fakhreddin Abushahman ulu (1808-83), Sadik­bay Alkaydar (1811-76), Abulhalik Abdulrashid ulu (1858-1913), Aslan Shaban ulu (1858-1912), Baymirza Manap ulu (1888-1918), Aji Molla Noghman ulu (1884-1930), Taram Gumug ulu, Menkilisheyh Ismayil ulu, Abdulkadir Bekbay ulu and others continued with the traditional poetry and created rich base for the creation of new Nogay literature through writing in the such genres as yirlau (poem), saga, tolkau (mo­nologue), maktau (ode), munklau (elegy).
The Soviet period turned a new page in Nogay literature. Imitation of Russian literature under the name of mastering European methods and modernization began during that pe­riod. Though this process led to politicization of Nogay lite­rature and separated it from neighboring Turkic languages, at the same time it played an important role in the development of Nogay literary language. Young people like Absulxamit Ca­nı­bekov (1879-1955), Basir Abdullin (1892-1937), Musa Kir­ma­naliyev (1894-1972) and Zeit Kaybeliyev (1898-1979) who newly entered the world of literature tried to actualize class struggle and renew traditional poetry. Asan (Khasan) Bulatikov (1907-37) founded drama with his play “Fatimat” in 1936. Alon­gside with this, the works by Basir Abdulin such as “Dush­men yenildi” (The enemy is defeated) and “Batrak” which were written in 1932 and “Emeyin yendiyi zaman” (When labor defeats) which was written in 1934 formed Nogay prose.
Literary and scientific centers of the Nogays started func­tioning in the Republics of Karachay-Cherkez and Daghistan. Poets and writers such as Abdulrehman Umarov(1867-1933) Absulxamit Canıbekov(1879-1955), Fazil Abduljelilov (1913-74), Salekhjan Zalyandin (1924-73), Soyun Karayev (1927-2001), Magomet Kirimov (1927), Janpolat Turkmenov (1935), Askerbiy Kireyev (1938), Guljamal Mirzayeva (1940), Kel­di­khan Kumratova (1944-2003) emerged in Karachay-Cherkez and Musa Kurmanaliyev (1894-1972). Zeit Kaybaliyev (1898-1979), Kuruptursun Orazbayev (1924-90), Gamzat Ajigeldiyev (1939-66), Anvarbek Kultayev (1941), Kadriya Temirbulatova (1948-79) and others emerged in Daghistan.
The 1970-90s poetry exquisitely treats historical topics in the works by such Karachay-Cherkez folk poets as Keldikhan Kumratova, Murat Avezov (1951) -laureate of Nesimi, Kadriya Temirbulatova, Askarbiy Kireyev, Muharbiy Aubekigyev, Aj­dat Naymanov (1942), Farida Sidahmetova (1966), Salimat May­­libayeva, Magamedali Hasanov, Magamet Kosayev, Argrntin Ayibov, Srajdin Batirov(1951-92) and frames up epic and lyrical saga genres. The revival of traditional genres and classical elements is an ongoing process in Nogay poetry.
Such professional poets and writers as Bekbiyke Kulun­chakova (1946), Valeri Kazakov (1948), Isa Garayev (1949) tried to present literature as the way of bringing light into the inner world of humans by keeping it away from sloganism and publicity of the communist party.
Key words: The Nogays, Kipchak-Nogay literature, folk­lore, epos “Edigey”, modern literature.
Çap olunub: Uyğur, Qaqauz, Qüzey Qafqaz türklərinin folkloru və ədəbiyyatı, 
“Nurlan” nəşriyyatı, Bakı, 2011, səh. 235-290.
 
Reklam
 
Sayğac
 
Flag Counter
 

=> Sen de ücretsiz bir internet sitesi kurmak ister misin? O zaman burayı tıkla! <=