İbrahim Bağırov haqqında

Onun mübarizə yolu maarifçilik idi

Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirəndə (1973) təyinatımı Naxçıvana verdilər. İlk baxışda bu uğurlu təyinat idi. Azərbaycan KP MK-nın verdiyi təyinat kağızına əsasən mən Şərq qapısı qəzetində baş ədəbi işçi kimi işə başlamalıydım. Azərbaycan KP Naxçıvan Vilayət Komitəsinin Naxçıvan MSSR Ali Sovetinin və Naxçıvan MSSR Nazirlər Sovetinin orqanı olan Şərq qapısı qəzeti vilayət qəzetinin statusunu daşısa da respublika qəzetləri kimi A-3 formatda, həftədə 6 dəfə çıxırdı.  
     
Naxçıvandan olan tələbə yoldaşlarım qəzetdə boş ştat olmadığını söyləmişdilər. Mən də bunu Mərkəzi Komitənin Təbliğat və Təşviqat şöbəsinin müdiri Teymur Əliyevə söyləsəm də sözümə əhəmiyyət verən olmadı. Nəinki tələbə yoldaşlarım, başqa tanışlar Naxçıvana getməyimi, başqa tanışlar Naxçıvana getməyimi istəmirdilər. Orada işləyə biləcəyim ümidverici deyildi. Həmin il Naxçıvana jurnalistika fakultəsinin məzunlarından 6 nəfər göndəriləsiydi, amma yalnız  mən gedəsi oldum.

Tələbə yoldaşlarımın söylədikləri doğruydu. Mərkəzi Komitədə şəraitdən əsər əlamət yoxuydu. Təyinat yerindən qaçmayım deyə rus dilini bilməsəm də məni tərcüməçi ştatına götürdülər və partiya həyatı şöbəsində işləməyi tapşırdılar. Maraqlısı oydu ki, mən kommunist partiyasının üzvu olmasam da partiya iclaslarında iştirak etməli, orada müzakirə edilən məsələ haqqında reportajlar hazırlamalıydım. Bir sözlə partiya təşkilatlarının bütün sənədlər ilə də tanış ola bilərdim.

 Naxçıvana təyinatla gedəndən bir neçə ay sonra jurnalistika fakültəsində bizimlə eyni kursda, amma qiyabi oxuyan, Quba radiosunda işləyən tələbə yoldaşımla evləndim. 1973-cü ilin dekabrında çox çətinliklə də olsa onu Naxçıvan Televiziya və Radio Verilişləri Komitəsində kiçik redaktor vəzifəsinə işə düzəldim. Hansı ki, orta məktəbi yeni bitirənləri kiçik redaktor ştatına götürürdülər. Mən xanımımın isə həmin sahədə beş illik təcrübəsi vardı.

 Partiya həyatı şöbəsində işləsəm də olmayan işdən yazmağa alışa bilmirdim. Tarixdən, ədəbiyyatda, hərbi vətənpərvərlikdən yazmağa daha çox meylli idim. Buna da şərait yoxuydu. Ona görə də işlərim yaxşı getmirdi. Mən yazmaq istədiklərimlə redaksiyada çətin razılaşırdılar, redaksiyanın istədiklərini  isə mən candərdi yerinə yetirirdim.

 Həmin illirdə İbrahim Bağırov da Naxçıvan Dövlət Pedaqoji İnstitunda partiya tarixindən dərs deyirdi. Sonra İnstitut partkomu seçildi. İbrahim müəllim instituta müəllim gələnədək partiya işində çalışmışdım. Culfa rayon partiya komitəsinin   katibi işləmişdi. İlk baxışda Kommunist partiyasına sıx bağlı bir adam təsiri bağışlayırdı. Partiya yığıncaqlarında, institutda keçirilən tədbirlərdə görüşürdük, redaksiyamıza məqalələr göndərirdi. Bu məqalələri də əsasən mən redaktə edib çapa hazırlayırdım.

 İbrahim müəllimlə mənim münasibətimin yaxınlaşmasına səbəb də yazdığı məqalələr oldu. Partiya Tarixindən dərs desə də partkom işləsə də yazılarının mövzusu əsasən Naxçıvanda 20-ci yüzildə baş verənlər olurdu. Bu yazılarda bir vətənsevərlik vardı.

 İbrahim müəllim Məmməd Arazla eyni kənddə Şahbuz rayonundakı Nurs kəndində doğulmuşdu. Aramızda yaş fərqi xeyli olsa da mənimlə bir həmsöhbət kimi davranır, fikir mübadiləsi edir, ata-babalarının Sisyandan gəlib Nursda yerləşdiklərini danışırdı. Bir-iki ilin içərisində elə xaş ünsiyyət yaratmışdı ki, ona şəxsi işlərim üçün də xahiş ehə bilirdim.

 Rəsmi iclaslarda, söhbətlərdə düzlükdən doğruluqdan bol-bol danışılsa da yaxşı bilirdim ki, İnstitutuna tələbələrin böyük bir qismi rüşvət və ya şəxsi münasibətlər əsasında qəbul olunur. Semestr imtahanları da onun kimi.

 Tələbəlik dostum, Şahbuz rayonunun Yuxarı Qışlaq kəndində doğulan, həmin illərdə Culfa rayonununda hakim işləyən Məmməd Abdullayevin bacısı İnstituta sənəd verirdi. Orta səviyyəli biliyi vardı. Pul vermədiklərinə görə ya müsabiqədən keçmir, ya da kəsilirdi. Onu yenə müsabiqədən keçirmirdilər. Məmmədi də götürüb İbrahim müəllimgilə getdik. İçimizdə bir arxayınlıq vardı ki, o haqqı müdafiə edəcək, bizə köməyi dəyəcək.

 İbrahim müəllim bizi dinlədikdən sonra mənalı-mənalı: Özünüz qəbulun qaydasını bilirsiniz. Siyahı artıq vurulub. Onu dəyişmək mümkün deyil. Amma metodikanın qiyabisində boş yerlər qalıb. Qız uşağıdır. Azərbaycan SSR Ali və Orta İxtisas Nazirliyinə bir ərizə yazın, qoy ordan cavab gəlsin. Görək ondan sonra nə edə bilərik dedi.

  İbrahim müəllim bu uşaq ədəbiyyat və tarixi oxuyur. Ondan 3-4 alır. Metodikada riyaziyyatdan imtahan verməlidir. O riyaziyyatdan necə qiymət ala bilər? - dedim.

  Qoy nazirlik icazə versin sonra baxarıq. Bərk ayaqda öz xərcilə ona riyaziyyatdan qiymət yazdırarsınız.   O birisi fənnlərdən aldığı qiymətlərdən aldığı qiymətlər də gələr üstünə keçid balı düzələr - dedi.

 Onun məsləhətinə qulaq asbıq və işimiz düzəldi.

 Naxçıvanda adamlar bir-birini yaxşı tanıyırdı. Kimin rüşvət aldığını, kimin az aldığını, kimin də yalnız verilənlə kifayətləndiyini yaxşı bilirdilər. Bir gün eşitdik ki, İbrahim müəllimi rüşvət üstündə tutublar. Bu böyük söz-sov mövzusuna çevrildi. Hamını təccübləndirən o idi ki, peşəkar rüşvətxorlar, rüşvət alıb-verməkdə ad çıxaranlar qalıb kənarda İbrahim Bağırovu həbs ediblər. Özü də rüşvət aldığı yerdə deyil, başqnalarının inandırıcı olmayan şahidliyi əsasında.

 Bu mövzu hüquqşünaslar arasında da müzakirə mövzusuna çevrilmişdi. Hakimlər işə baxmağa çox ehtiyatlanırdılar. Həmin günlərdə Azərabaycan KP MP-nın I katibi H.Əliyev Naxçıvana gəldi. Şahbuzda olarkən İbrahim müəllimin anası yaylığını onun ayaqları altına ataraq oğlunu işinə obyektiv baxılmasını xahiş etmişdi.

 Redaksiyada, dost-tanış arasında bu faktı geniş müzakirə edirdik. Bəziləri milli ənənələrə ümid bağlayıb İbrahim müəllimin azad olacağına ümid bağlayırdı. Amma çoxumuz bu qənaətdə idik ki, zamanını irtica maşını işə düşüb, onu saxlamaq olmaz. Buna biz yaşadığımız illərdə şahidi olduğumuz hadisələrə əsaslanırdıq.

 İbrahim müəllim həbsxanada olanda bir dəfə də olsun onunla görüşə bilmədim. Amma hərdən məktublaşırdıq. Onun məktublarından biri odluğu kimi burada verirəm:

İbrahim müəllim mənim Sovet Naxçıvanı qəzetinin 1882-ci il 30 oktyabr sayında çap olunmuş Telli Qara məqaləmdən təsirlənib bu məktubu yazmışdı. Mən də onun tapşırıqlarını yerinə yetirməyə çalışdım. Gördüyüm işlər haqqında da məktublarımda yazırdım.

 İbrahim müəllim 198.. həbsdən buraxıldı. Gedib gözaydınlığı verdik. Hərdən-hərdən görüşüb söhbətləşirdik. Tarixdən, faktlardan söhbət düşəndə işimiz yağ kimi gedirdi. Hadisələrə siyasi münasibətə gələndə fikirlərimiz haçalanırdı. İbrahim müəllim cəmiyyətdəki nöqsanları Kommunist partiyasının, Sovet hökumətinin ayağına yazmağımla heç cür razılaşmırdı. Həbs olunsa da, haqsızlıqlarla üzləşsə də bunu quruluşun deyil, ayrı-ayrı şəxslərin ayağına yazmağı sevirdi. Onun bu baxışı ilə də mən razılaşa bilmirdim. Bu fikir ayrılığımız özünü 1988-ci ildə daha qabarıqlığıyla üzə çıxardı. Xalq cəbhəsi yaradıldıqdan sonra bu təşkilatda zəngin təcrübəli, savadlı ağsaqqallara böyük ehtiyac duyurduq. Ümidimiz gələn insanlara müraciət edir, onlarla danışıqlar aparır, Xalq Cəbhəsinə dəvət edirdik.

 İbrahim Bağırovu da təşkilata cəlb etmək, onun təcrübəsindən istifadə etmək, təşkilatımızın gündəmində idi. Dəfələrlə bu işi onun oğlu xalq cəbhəsinin fəallarından olan Fikrətə demişdik. Bir dəfə də bu mövzuda söhbət edəndə Fikrət dedi: Bizim aramızdakı ata-oğul münasibətlərimi fikirlərimi sərbəst ifadə etməyə imkan vermir. İbrahim müəllim Əlinin xatirin istəyir. Onun bu işlə məşğul olması daha münasibdir.

 Fikrətin bu fikri qəbul olundu. Bir aya qədər mən iki gündən bir, üç gündən bir İbrahim Bağırovla görüşüb söhbət etdim. Bir çox məsələlərdə fikirlərimiz üst-üstə düşsə də Rusiyaya qarşı çıxmaq, Azərbaycanı SSRİ-nin tərkibindən çıxarmaq, Kommunist partiyasının hegomonluğuna son qoyub, çoxpartiyalı sistemə keçmək məsələlərində fikri ayrılığı ortaya çıxırdı. İbrahim müəllim söylədiyim fikirlərə sayğı ilə yanaşır, onldarı bəyəndiyini söyləyirdi. Amma onların reallığına inanmırdı. O, əqidə və məsləkcə mətin kommunist deyildi. Kommunist partiyasına da fanatikcəsinə inanmırdı. Cəmiyyətdə çox haqsızlıqlar görmüşdü. Özü də bu haqsızlıqların qurbanı olmuşdu. Amma cəmiyyətə qarşı, quruluşa qarşı açıq mübarizəyə girişmək istəmirdi. Bu mübarizənin uğur qazanacağına inanmırdı. Vətən və millətinə maarifçiliklə xidmət edirdi. Axtarışlar aparır, yaxın keçmişimizi öyrənir və təbliğ edirdi.

 

Əli Şamil Hüseyn oğlu

20.12.2001.

Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol