İNCƏ YUMORLU MÜƏLLIMIMIZ- MIR CƏLAL
Əli Şamil
Ümumtəhsil məktəblərinin dərsliklərinə Mir Cəlalın hekayələri, roman və povestlərindən parçalar salınması onu uşaqlar və yeniyetmələr arasında tanınan ədiblərdən birinə çevirmişdi. Xüsusən “Bir gəncin manifesti” povestinə Baharın taleyinin təsviri yaşıdlarımın xatirində dərin iz buraxıb. Hətta 7-8-ci sinifləri bitirdikdən sonra təhsildən yayınanların yadlarında belə Baharın ölüm səhnəsi qalıb. Orada işlədilən bəzi ifadələr xalq deyiminə, atalar sözünə çevrilmişdir.
Yeniyetməlik çağlarında həvəslə oxuduğumuz əsərlər arasında Mir Cəlalın “Bir gəncin manifesti” , “Yolumuz hayanadır”, “Dirilən adam ”, kitabları da vardır.
Azərbaycan Dövlət Universitetində jurnalistika filologiya fakültəsinin tərkibində şöbə kimi fəaliyyətə başladığından, bu iki ixtisasın proqramları arasında yaxınlıq vardı. Müəllimlərin çoxu da eyni adamlar idi. Azərbaycan ədəbiyyatı tarixi kafedrası müdiri olan Mir Cəlal jurnalistika şöbəsində (şöbə 1969-cu ildə fakültəyə çevirdi) ədəbiyyatşünaslıq fənindən dərs deyirdi. Respublikamızın müxtəlif guşələrindən ali təhsil arxasınca gələnlərin universitetdə imzalarına görə tanıdıqları 3-4 nəfər vardısa, onun biri də Mir Cəlal müəllim idi. Əksəriyyətimiz ona bizlərə doğma, məhrəm olan bir insan kimi baxırdıq. Dərslərində çox maraq və həvəslə iştirak edirdik.
Hər şeyə diqqət yetirən tələbə istəyi ilə bəzən müxtəlif bəhanələrlə onu mövzudan yayındırır, ailə-məişət, yaradıcılıq söhbətlərinə cəlb edirdik. Bu da səbəbsiz deyildi, çünki yazıçı və şairləri kitab səhifələrindən, qəzet-jurnal məqalələrindən tanıyırdıq. Çoxumuz canlı yazıçı və şairləri ilk dəfə ali məktəbdə görürdük. Ona görə də məişəti ilə də, yaradıcılıqları ilə də maraqlanırdıq. Mir Cəlal müəllim özünün ailə-məişətindən, yaradıcılığından həvəslə danışan müəllimlərdən deyildi. Bu sahədə sorğularımıza “xəsis” cavablar verirdi. Amma belə cavablardan daim yaddaşımızda qalan, həyatda dadımıza çatan da az olmayıb.
Mir Cəlal Əndəbildə anandan olsa da, Gədəbəydən daha çox danışır, misalları da oradan çəkirdi. Deyirdi: “Bu gün də meşə, dağ, çay, bulaq təsvir edəndə, gözlərim qarşısına Gədəbəy mənzərələrini gətirib yazıram. Əsərlərimdə təsvir edilən mənzərələri gedib Gədəbəydə tapa bilərsiniz”.
Gəncliyində Gədəbəydə müəllim işləyən Mir Cəlalın bədii yaradıcılığının ən məhsuldar dövrü də deyəsən həmin illərə düşür. Bədii yaradıcılıqla məşğul olan tələbələr çap oluna bilmədiklərindən gileylənəndə: “Əsas məsələ yazmaqdı. Siz yazın. Çap olunmaq sonranın işidi. Onun da öz vaxtı gələcək. Əgər yazmasanız, çap olunmanıza şərait yarananda görəcəksiniz əlinizin altında bir şey yoxdu”. Sonra fikrini əsaslandırmaq üçün özünün gənclik illərindən misal çəkərdi. Deyərdi: “Gədəbəydə müəllim işləyəndə yazdığım hekayələri çap olunmaq üçün Bakıdakı qəzet-jurnallara göndərərdim. Bir səs-soraq çıxmazdı. Sonra məni “Kommunist” qəzetində məktublar şöbəsində işə götürdülər. Arxivdən yazılarımı çıxarıb makinada yazdırıb ədəbiyyat şöbəsinin müdirinə, redaktora təqdim etdim. Onlar da “bəh-bələ” səhifəyə qoyar, məhsuldar işlədiyimi söyləyərdilər. Daha bilmirdilər ki, bunlar neçə il öncə yazıb redaksiyaya göndərdiyim hekayələrdi”.
Tələbələr bədii yaradıcılıqla məşğul olmağa imkan və şərait olmadığını deyəndə Mir Cəlal müəllim: “Mən “Bir gəncin manifesti”ni yazanda bir otaqlı mənzilimiz vardı. Uşaqlar da körpəydi. Orada işləməyə, yazmağa şərait yox idi. Gecələr mətbəxdə oturub yazırdım. Uşaqların əskilərini də anaları yuyub mətbəxdə asardı ki, səhərə kimi qurusun. Başıma əskilərdən su dama-dama “Bir gəncin manifesti”ni yazırdım. Sonra mənə Azneftdə hər cür şəraiti olan geniş mənzil verdilər. Amma “Bir gəncin manifesti” kimi əsər yaza bilmədim...”
Mir Cəlal müəllim bizə dərs deyəndə yaşı 60-ı keçmişdi. Yaşıdları ilə müqayisədə qoca görünürdü. Yaddaşı zəifləmişdi. Ona görə də küçədə, universitetdə kim üzünə baxsa, tanıdı-tanımadı, salam verərdi. Deyərdi: “Sonra giley-güzar edərlər ki, Mir Cəlal müəllim filan yerdə məni gördü, salam vermədi. Söz-sov olmasın deyə hamıya salam verirəm”. Bəzən kafedrasının müəllimlərinə müraciətlə neçənci kursa keçdiklərini xəbər alırdı. Onunla bağlı, bu xasiyyətinə uyğun lətifələr də yaranmışdı. Bunun bir səbəbi də danışığındakı incə yumor idi. Şərqşünaslıq fakültəsində dərs deyən yaşıdını görəndə: “XIX əsrdən bəri görünmürsən”, dərsə gecikən sıravi müəllimə: “Özünə “Volqa” al! ”, otaqda başqası ilə bir az bərkdən danışan müəllimə: “A bala, a Xalid, sənə mane olmuruq ki!” deməsi bizi həm güldürmüş, həmin sözləri həm də leksikonumuza keçmişdi.
Dərsdə isə yaddaşının zəifliyi qətiyyən bilinmirdi. Az qala “Ədəbiyyatşünaslığın əsasları” kitabını əzbər dən söyləyirdi. Bəzən onu “yoxlamaq” məqsədilə mühazirənin şirin yerində müxtəlif bəhanələrlə fikrini dağıdır, mövzunu dəyişdirirdik. Söhbətini tamamladıqdan sonra yenidən mühazirəni qaldığı yerdən davam etdirərdi. Dərs dediyi tələbələrin adlarını yadında saxlaya bilməyən, birimizi dərs danışmağa çağıranda, sual verəndə adımızı o biri yoldaşımızdan xəbər alan müəllimimizin mühazirələri belə dəqiqliklə yadda saxlamasına heyrətlənərdik.
Mühazirələrin birində yenə tələbə yoldaşlarım onu mövzudan yayındırdılar. Özümün saxlaya bilməyib tələbə yoldaşıma hirsləndim, Mir Cəlal müəllimə də etirazımı bildirdim. O, məni eşitmirmiş kimi söhbətini davam etdirdi. Dərsi başa çatdırandan sonra məni yanına çağırdı. Sakitcə “Azərbaycan ədəbiyyatı tarixi” kafedrasına apardı. Özü əyləşəndən sonra mənə də oturmağa yer göstərdi. Birbaşa mətləbə keçdi: “Elə bilirsiniz müəllimlər sizin üsullarınızdan xəbərsizdilər? Yox, biz də tələbə olmuşuq. Tələbə mühazirələrdən yorulanda, elə suallar verir. Məndən əvvəl kimin dərsi olduğunu bilmirəm, amma onu bilirəm ki, uşaqlardan dinləməyə həvəs yox idi. 4-5 nəfər məni diqqətlə dinləyirdi. Yadında yaxşı saxla! Mühazirələri universiteti bitirəndən sonra da kitablardan oxuya biləcəksən. Bəlkə mənim mühazirəmdən daha sanballı kitablar, məqalələr də tapıb oxuyacaqsan. Amma məni, yəni mənim kimi müəllimləri tapa bilməyəcəksən. Biz ömür yolumuzu danışanda da ailə-məişət söhbəti eləyəndə də sizə yol göstərmək, istiqamət vermək məqsədi daşıyırıq. Bəlkə gələcəkdə kitablarda oxuduqlarınızla yanaşı, bizim həyat təcrübəmiz də sizə gərək oldu ”.
Mir Cəlal müəllimin sözlərinin doğruluğunu həyatda dəfələrlə gördüm. O, bir hadisəni izah etmək istəyəndə, çox vaxt öz başına gələnlərdən misal çəkirdi. Onun söylədiklərinin hamısı olmuşdurmu? Yoxsa az-çox olmuş hadisələri bədiiləşdirib danışırdı? Bu suallara cavab vermək indi də mənim üçün çətindir. Bir dəfə ondan səhnədə oynanılmaq, kinoda çəkilmək üçün əsərlər yazmamasının səbəbini soruşduq.
- Niyə ki, mən də pyes yazmışdım, - dedi.
- Bəs niyə davam etdirmədiniz? – deyə xəbər aldıqda:
-C. Cabbarlı ölmüşdü. 37-də H. Cavidi və başqa istedadlı ədibləri həbs etmişdilər. Meydan boş qalmışdı. Bakıda da, maşallah, neçə teatr var. Hamısı da ağzını açıb təzə əsər gözləyirdi. Mən də cavan, ümidverici müəlliflərdən idim. Dilə tutdular ki, pyes yazım. Yazdım. Müharibə yeni başlamışdı. Dövrün nəbzini tutaraq yazdım. Tez də səhnələşdirdilər. Ailəmlə gedib müəllif lojasında əyləşmişdim. Tamaşanın şirin yerində ana oğluna deyirdi: “ - Get, oğlum, qorxma! Sən ölsən də, narahat olmayacağam! Təki sən Hitleri öldür, Vətəni xilas et!”
Elə bu zaman salondan kimsə bərkdən dedi: yalançının... Korpeşman ailəmi də götürüb tamaşadan yarımçıq qayıtdım. Sonra teatrın rəhbərliyindən əsəri repertuardan çıxarmağı xahiş etdim. Vətəni sevmək olar. Vətənin azadlığı yolunda ölmək olar. Amma heç bir ana bəri başdan oğluna gedib ölməyi məsləhət görməz. Oğlunun ölümün qucağına atsa da, ümid edər ki, o sağ qayıdacaq.
Mir Cəlal müəllim reallığı yüksək qiymətləndirən sənətkarlardan idi. O bunları söyləməklə bizi yaradıcılıqda boğazdan yuxarı vədlərdən, pafoslu çıxışlardan, patetikadan uzaqlaşdırmağa çalışırdı. Hər bir sənətkarın cəmiyyətdə, ədəbiyyatda mövqeyinin dəqiq müəyyənləşdirilməsinə xüsusi əhəmiyyət verərdi. Deyərdi ki, bunu etmədən, heç nəyə nail ola bilməzsiniz. Vaxtınızı boş yerə xırda məsələlərə həsr edər, xırda məsələlər arasında itib-batarsınız. Gəncliyində H. Cavidin ona tövsiyəsini dönə-dönə xatırlayardı. Deyərdi: Cavid nə üzərində işlədiyimlə maraqlandı. Gənc qadın şairlərinin yaradıcılığı haqqında məqalə yazdığımı söylədim. Cavid bir az fikrə gedib: “Ya gərək elə yazasan, yazın səni yaşada, ya da elə sənətkardan yazasan ki, o səni yaşada”, dedi. Cavidin sözü məni çox düşündürdü. Ondan sonra Füzuli haqqında tədqiqata başladım. Füzulini öyrəndikcə, özüm də zənginləşdim. Beləliklə “Füzuli sənətkarlığı” monoqrafiyam yarandı.
Mir Cəlal müəllimin oğlu başqa bir müəllimimizin — Nəsir İmanquliyevin qızı ilə evlənmişdi. Nəsir müəllim hərdən nəvəsini də özü ilə auditoriyaya gətirirdi. Valideynləri işdə olduğundan görünür, uşağa baxan olmurdu. Həmin dövrdə Nəsir müəllim “Bakı” və “Baku” qəzetlərinin, eləcə də məhdud tirajla çap olunub yalnız xarici ölkələrdə yaşayan azərbaycanlılara göndərilən “Vətən səsi” qəzetinin redaktoru işləyirdi. Bundan başqa, neçə-neçə ictimai-siyasi vəzifəsi vardı. Plenumlarda, sessiyalarda, bürolarda olurdu.
Nəsir müəllim nəvəsini gətirəndə, qrupumuzun qızları sevinclə onu yanlarında əyləşdirər, darıxmağa qoymazdılar. Bununla yanaşı, Nəsir müəllimin yumşaq damarını tutub: “Nəsir müəllim, sizin işiniz bu qədər çox olmaqla yanaşı, hələ nəvənizi də saxlayırsınız. Mir Cəlal müəllim niyə nəvəsinə baxmır?” - deyə xəbər alanda o, qudasının arxasınca: “Qoca kişidi, oturub evdə nəvəsini saxlamır. Gedir universitetə. Vəzifə ona nəvədən şirindir” - deyərək əsəbiləşirdi. Nəsir müəllimin özünün yaşı 60-ı haqlasa da, işinə olduqca məsuliyyətlə yanaşardı. Vəzifəsinin çoxluğuna baxmayaraq, dərsə gecikməz, mühazirəni tez bitirib getməzdi. Səliqə-sahmanı da həmişə yerində olardı. Yorulduğunu heç zaman büruzə verməzdi. Amma çılğın bir insan olduğundan, ürəyindən nə keçərdi dilinə gətirərdi.
Mir Cəlal müəllim isə sakit, olduqca təmkinli, az danışan bir insan idi. Nəsir müəllimin nəvəsini bəzən universitetə gətirdiyini, onunsa gətirmədiyini xəbər alanda gülümsəyərək: “Yəqin o babası nəvəsini məndən çox istəyir” – deməklə söhbətdən yayınardı.
Uzun illər universitetin professoru olan, kafedrada müdir işləyən, 40-a yaxın kitab çap etdirən Mir Cəlal Paşayevin əmək haqqı nazirlərin maaşından çox olmuşdu. Amma onun maddi vəziyyəti ortabab bir idarə müdirinin dolanışığı qədər belə yox idi. Müdirlərin uşaqlarını məktəbə maşın gətirib-aparırdısa, arvadları maşınla hər yerdə cövlan edirdisə, Mir Cəlal kimi bir ağsaqqal professor yayın istisində, qışın soyuğunda da evdən işə-işdən evə piyada gəlib-gedərdi. Bunun özü bizdə belə qənaət yaratmışdı ki, Mir Cəlal rüşvət alıb qiymət yazan müəllimlərdən deyil.
Yaddaşının korlandığına görə ədəbiyyatşünaslığa dair yeni çıxan əsərləri ya oxumurdu, ya da oxuduğu yadında qalmırdı. Yeni oxuduğumuz əsərlərdən sual verəndə, ya da onu bu mövzuda diskussiyaya cəlb etmək istəyəndə “cəfəngiyatdır! ” deməklə kifayətlənirdi. Bu bizim də ağzımıza düşmüşdü. Bir suala cavab verə bilməyəndə, öz aramızda “cəfəngiyatdır ” deməklə canımızı qurtarırdısa, başqalarının, xüsusən müəllimlərimizin yanında “Mir Cəlal müəllim deyən kimidir ” deyərdik. Bu da hamımızın gülüşünə səbəb olardı. Son dövrlər yazılardan xəbərsiz olsa da, 20-50-ci illərdə ədəbiyyatşünaslıq, ədəbiyyat tarixi mövzusunda yazılanları yaddaşında çox yaxşı saxlamışdı. Bəzən biz bir fikir söyləyəndə “Onu filankəs filanıncı ildə yazmış, filan məqaləsində söyləmişdi. Filankəs də filan qəzetdə, jurnalda ona cavab verdi ” – deyərdi.
Mir Cəlal müəllim bədii yaradıcılığa meyl göstərən tələbələrə tez-tez gördükləri maraqlı mənzərələri, adidən fərqlənən hər bir insan sifətini, yerişini, davranışını yazıya köçürməyi məsləhət görərdi. Deyərdi: “Yaxşı da, pis də - nə görsəniz, yazın. Bu gün lazımınız olmasa da, yazın. İndi yazdığınız bədii cəhətdən dolğun olmaya bilər. Amma unutmayın ki, həmin anın əhval-ruhiyyəsini özündə əks etdirir. 5-10 il sonra qələminiz püxtələşəndə, bir gün “çiy” olan yazılarınızı cilalaya biləcəksiniz. Bu gün yazdıqlarınız ömrünüzün sonuna kimi sizə yardımçı olacaq. Bu hekayə, povest, roman yazanda, xarakter yaratmaq istəyəndə, lap tipin portretini cızanda, bu gün yazdıqlarınızın dadınıza çatacaq. Qarışqa kimi, arı kimi ömrünüzün baharında toplayın ki, ömrünüzün qışımda yeyə biləsiniz. Cırcırama olmayın”.
Mir Cəlal müəllim yaşından tez qocalsa da, yaradıcılığını davam etdirirdi. Yaradıcılıq ənənəsinə sadiq qalaraq kiçik hekayələr yazıb çap etdirirdi.
Çap olundu: İncə yumorlu müəllimimiz, Mir Cəlal (Müasirlərinin xatirələrində və yaradıcılığından örnəklər), “Azərbaycan Enskilopediyası” NPB, Bakı, 1998, səh. 120-124
|