İki musiqiçi qardaş
Şiraz Universitetinin salonunda təşkil edilmiş konsertə ağsaqqal bir müsiqiçinin əlindən tutub səhnəyə gətirilən tamaşaçılar ayağa durub sürəkli alqışladılar. Furud və Fərhad Gurginpur qardaşlarının Qaşqay musiqisinin təbliğində və gənc musiqiçilərin yetişməsində rolu böyük olub. Gurginpur qardaşlarının övladları da musiqiçidir.
Salonu gurultulu alqışlar bürüdü. Alqışlardan və salondakıların hay-harayından Fərhad Gurginpurun xalq arasında nə qədər böyük hörməti olduğunu açıq görmək olurdu.
Fərhad Gurginpur bir neçə mahnı çaldıqdan sonra onu gələndə olduğu kimi gedəndə də alqışlarla yola saldılar.
Konsertə əksəriyyəti aliləli gəlmişdi və çoxu da, xüsusən, xanımlar Qaşqay milli geyimində idi. Musiqiçilər iki-üç saat öncə həmin salonda konsert versələr də, yorğunluqları hiss edilmirdi. İranda olduğum müddətdə iştirak etdiyim konsertlərdə adətən kişi musiqiçilər arasında qadınları, qadın musiqiçilər arasında da (qadın musiqiçilər çalıb-oxuyan konsertlərə adətən kişilər buraxılmır. Qonaq olduğumuzdan hərdən mənim belə konsertlərdə iştirakımı görməzdən gəlirlər) kişilər olmur.
Şirazdakı Qaşqay musiqiçiləri arasında iki də gənc qız ifaçı vardı. Özü də o qədər də çox örtünməmişdilər. İranda qadınların saçının görünməsini qadağan eləsələr də, Qaşqay xanımları küçədə olduğu kimi orkestrdə çalanda da saçlarının yarısı görünürdü.
Konsert yüksək səviyyədə keçirdi. Əsasən Qaşqay xalq mahnılarını oxuyurdular. Bəzi xalq mahnıları da Azərbaycanda eşitdiyim xalq mahnılarından o qədər də fərqlənmirdi. Konsertin şirin yerində aparıcı, Nəsir Əkbərinin bağına toplaşanda tanış olduğumuz gənc Kave İrəvanı elan etdi ki, Azərabaycandan gəlmiş qonağımız Əli Şamil də Qaşqay geyimində sizinlə bir sırada oturduğundan onu tanımadınız. Bu zaman salondakılar ayağa qalxaraq alqışlamağa başladılar. Qaşqayların Azərbaycan sevgisi məni kövrəltdi.
Konsertin sonunda İbrahim xan Kohendlipur və başqa sənətkarlar da salona gəlib bizimlə görüşdülər. İbrahim xan Kohendlipur dedi ki, Kave İrəvanı elan etməsəydi, sizi tanımayacaqdım. Bir az gözünüzün qıyıqlığı və Qaşqay geyiminiz sizi bizlərdən heç seçmir.
Konsert başa çatsa da, salonda adamların suallarına, Azərbaycanla bağlı sorğularına cavab verməli oldum. Salonun işçiləri isə bizi tələsdirmirdilər.
Ünlü musiqiçi Fərhad Gurginpur
Şiraza ikinci dəfə səfərimdən dönəndən 22 gün sonra Əmin Cahangiriniya zəng vuraraq Qaşqay musiqisinin təbliğində və gənc musiqiçilərin hazırlanmasında böyük əməyi olan Fərhad Gurginpurun avqustun 31-də haqqa qovuşduğunu bildirdi. Adətən, ölüm xəbərindən söhbət gedəndə onu acı xəbər kimi dəyərləndirirlər.
Fərhad Gurginpurun yaxın vaxtlarda dünyasını dəyişəcəyini öz dilindən eşitmişdim. O, buna bir yerdən başqa bir yerə gedən adam kimi hazırlaşırdı. Hətta deyərdim ki, tələsirdi.
Fərhad Gurginpurun ölüm xəbərini Bursaya gedən avtobusda eşitdim. 2018-ci il noyabrın 5-6-da Türk Ocakları Dərnəyi Bursa Şöbəsi ilə Uludağ Universiteti birlikdə Uluslararası Cengiz Dağcı Bilgi Şöləni keçirəcəkdi. Türk Ocakları Dərnəyinin "Her Yıl Bir Büyük Türk bilgi Şölenleri dizisinin beşinci şöleni"nin məruzəçilərindən biri də mən idim. Sovet dövründən xarici radio verilişlərindən tanıdığım Cengiz Dağcı haqqında son illərdə bir neçə məqalə də mən yazmışdım. Onu Azərbaycanda ən geniş təbliğ edən "525-ci qəzet" idi. Cingiz Dağcı 2011-ci ildə dünyasını dəyişəndə bu qəzet rəhmətlik Tofiq Abdinin də, mənim də məqaləmi nəşr etmişdi.
Sonralar da bu mövzuya təkrar-təkrar yer ayırmışdı.
Şəkildə Fərhad Gurginpur
Avtobusda yolboyu Fərhad Gurginpurla görüşümüzü və onun haqqında eşitdiklərimi yada saldım. Axşam Uludağ Universitetinin hotelində yerləşəndə də özümə borc bildim ki, Fərhad Gurginpur haqqında "525-ci qəzet"ə bir məqalə yazım. Çünki "525-ci qəzet" son dövrlər Qaşqaylara diqqəti artırdığı kimi, Qaşqaylar da bu qəzetin saytını diqqətlə izləyir, yazılanları oxuyur və münasibətlərini bildirirlər.
Fərhad Gurginpurla cəmi bir dəfə, 2018-ci ilin aprelində görüşmüşdük. Şiraz Universitetinin salonunda Məsud Namidarın başçılıq etdiyi Qaşqay musiqi ansamblının konserti vardı. Konsert hələ başlamamışdı. Səhnənin pərdəsi də qaldırılmamışdı. Bir yeniyetmənin uca boylu, dolu bədənli qocanın əlindən tutub səhnəyə gətirməsi salondakıların ayağa qalxıb onu sürəkli alqışlamasına səbəb oldu. Bu o demək idi ki, salondakıların hamısı onu tanıyır və sevir. Yeniyetmə gözləri görməyən musiqiçinin oturmasına kömək etdi və akkordeonu onun qucağına qoydu. Aparıcı Kave İrəvani səhnəyə çıxaraq Fərhad Gurginpur haqqında danışmağa başladı. Onun hər cümləsi alqışlarla qarşılanırdı.
Fərhad Gurginpur akkordeonda Qaşqay mahnıları çalmağa başladı. Mənim Türkiyənin Girəsun şəhərindəki toplantıdan tanıdığım və səsinə heyran olduğum İbrahim xan Kohendlipur da səhnəyə çıxdı. Fərhad Gurginpur akkordeonda çaldı, İbrahim xan Kohendlipur gur və yanıqlı səslə "Koroğlu" dastanından "Beş durna" mahnısını oxudu. Qəhrəmanlıq ruhunda oxunan bu mahnıda həzin bir kədər vardı. Dara düşən Koroğlu dərdini durnalara deyir, dara düşdüyünü dəlilərinə xəbər aparmalarını istəyir.
Fərhad Gurginpur səhnəyə çıxanda necə alqışlanmışdısa, səhnədən enəndə də o cür alqışlandı. Səhnədən endirib salonda mənim yanımdakı yerdə oturtmağa gətirdilər. Ayağa qalxıb əl verib salamlaşdım. Əlimi tutan kimi dedi: “Xoş gəldiniz! Nə yaxşı bizi unutmayıbsınız. Sizin gələcəyinizi söylədilər deyə mən də gəldim. Bu, mənim son çıxışımdır. Yaxın vaxtda bu dünyadan köçəcəm, haqq dünyasına gedəcəm”.
Mən korların duyma qabiliyyətinin güclü olduğunu bilirdim. Səsimi çıxarmamışdım. Sadəcə, əlimi uzadıb əlini tutmuşdum. Buna baxmayaraq, mənim qonaq olduğumu həmin dəqiqə bildi.
Mən zarafatla “Siz ki müsəlmansınız, kimin nə vaxt köçəcəyini bir Allah bilər. Siz nədən Allahın işinə qarışırsınız?” - dedim. Gülümsəyərək: “Allahın verdiyi ömür başa çatır. Mən özüm bunu bilirəm. Daha heç kim, dünyanın ən məşhur doktorları da məni saxlaya bilməz” - dedi.
Səhnənin pərdəsini qaldırdılar. Mikrofonları, musiqiçilərin oturacağı yerləri nizama saldılar. Musiqiçilər yerlərini tutana kimi Fərhad Gurginpurla söhbət etdik. Sonra da hərdən musiqiçilərin ifalarına münasibət bildirdi. Musiqiçilərin onun səsini eşitmədiyini bilsə də, gah onların ifaçılığını alqışlayır, bəzən də narazılığını bildirirdi. Konsert bitəndən sonra da ayaqüstü beş-üç dəqiqə söhbət etdik. Bu söhbətlərdən doymadığını bildirdi. Evlərinə dəvət etdi ki, geniş söhbətləşək.
Mən təyyarə biletimizi dəyişmək mümkün olmadığına görə sabah mütləq Bakıya qayıtmalı olduğumuzu bildirdim. Vəd etdim ki, yaxın vaxtlarda bir də Şiraza gələcəm. Allah qoysa, onda görüşüb geniş söhbət edərik. Bakıya döndükdən sonra "525-ci qəzet"in 2018-ci il sentyabrın 7-də çap etdirdiyim "Qaşqay elinə səfər. Üçüncü yazı"da Fərhad Gurginpurdan bir neçə sətir də yazdım. Planlaşdırmışdım ki, görüşəndən sonra geniş yazı hazırlayaram.
Mən vədimə əməl etdim. Söz verdiyim vaxtda, yəni avqust ayında Şiraza, Əmin Cahangiriniyanın bacısı Səhərin toyuna getdim. Əminə Fərhad Gurginpura verdiyim vədi xatırladıb onu görmək istədiyimi bildirdim. Əmin zəng vurdu və kədərli halda bildirdi ki, Fərhad Gurginpurun vəziyyəti yaxşı deyil, xəstəliyi şiddətlənib, ailə üzvləri deyir görüşməyə halı yoxdur.
...Qaşqay musiqiçisi, xalq arasında gözəl tanburçalan kimi tanınan Həbibxanın ailəsi qışı Firuzabad şəhəri yaxınlığındakı Zəncirvan qışlağında yaşayır, yayı isə Simurun şəhəri ətrafındakı Qaleyi Muxtarxan yaylağına qalxarmış. Məsumə ilə evlənən Həbibxanın övladlarından altısı yaşayır və boya-başa çatır. Lakin onların dördünün gözü yaxşı görmür.
1948-ci ildə Şirazda doğulan Fərhadın da gözləri zəif görür. Onun böyük qardaşları Furud, Mustafa Kamal, baçısı Pəricöhr də onun kimi eyni xəstəlikdən əziyyət çəkir. Yalnız qardaşları Allahqulu və Qulaməlinin gözləri normal görür. Həbibxan zəif görən uşaqlarının da oxumasına can atır. Onları İsfahandakı xüsusi məktəbə qoyur. Lakin məktəbdəki baxımsızlıq valideynləri rahatsız edir. Uşaqlarını oradan götürür və Şiraz şəhərinə gətirirlər. Burada zəif görən uşaqlar üçün xüsusi məktəb olmur. Həbibxan Fərhadı Zəncivan qışlağında açılmış ibtidai məktəbə yazdıra bilir. Fərhad 5 illik ibtidai təhsili 2 ilə başa vurur. Böyük qardaşı Furud, sonra Fərhad 1957 ilindən başlayaraq Əmirəzidi Salmanpurdan akkordeon dərsi almağa başlayıb. Az bir zamanda qardaşların istedadı ətrafdakıların diqqətini cəlb edir. Onların bacarığından Şiraz radiosunun əməkdaşları da xəbər tuturlar. 1958-ci ildən Şiraz radiosunun uşaq verilişlərində çıxış etməyə başlayırlar..
Oğlunun uğuru atanı bərk sevindirir. Ailəsini də götürüb 1963-də Tehrana köçür.
Cəsarəti və sərt xarakteri ilə seçilən, Qaşqay musiqisini təbliğ etməklə milli ruhu qorumağa çalışan Həbibxan Rza şah rejiminin basqısından çəkinməyərək oğlanlarının birinə Mustafa Kamal adı da qoyur. Övladlarını da milli ruhda böyütməyə çalışır. Ailədə nəsildən gələn gözəl bir musiqi yaddaşı olduğundan uşaqlar kiçik yaşlarından musiqi alətlərində çalmağa meyllənirlər. Öncə Furud akkordeon çalmağı öyrənir, sonra da Fərhad.
Fərhad Gurginpur Tehranda litseydə oxuyarkən Şenavərdən, Aləm Ohaniandan, Ənişuravan Ruhanidən, kor Dudangədən sənət dərsləri alıb. Qısa müddətdə o qədər məşhurlaşıb ki, onu Tehran televiziyasında uşaq verilişlərinə dəvət ediblər. İranın məşhur müğənnisi Nadiri Qulcini televizya verilişlərində akkordeonda adətən Fərhad Gurginpur müşayiət edir. Bu, onun daha da məşhurlaşmasına səbəb olur. Uşaqlarda musiqiyə maraq oyadan bu verilişlər böyük tamaşaçı marağına səbəb olur.
Litseyi bitirən Fərhad Şiraz Universitetinin Dil və Ədəbiyyat fakültəsinə qəbul olunur. Oranı uğurla bitirdikdən sonra yenidən Tehrana dönür. Tehran Universitetinin İncəsənət Fakültəsinin magistraturasında oxuyarkən Nurəlixan Burumənd, Ələsgər Bahari, Məhəmmədrza Lütfi kimi istedadlı müəllimlərdən dərs allır.
21 yaşında gözləri tam tutulsa da, Fərhad Gurginpur ruhdan düşməyib, Tehran Universitetində araşdırmalar apararaq doktorluq dissertasiyasını müdafiə edir. 1974-cü ildən 1994-cü ilədək litseydə müəllim işləməklə yanaşı, Qaşqay xalq musiqisini toplayır, yeniyetmələrə musiqi dərsləri verir.
1994-cü ildə onu İsfahanla Şiraz arasındakı Abadeh şəhərində açılmış Azadi İslam Universitetinə müəllim dəvət edirlər. Təqaüdə çıxanadək orada müəllim işləyir.
Fərhad Gurginpur ailəsini hökumət məktəblərində dərs deməklə dolandırır. Amma onun Qaşqay musiqisinin təbliğinə, yeniyetmələrin musiqi alətlərində çalmağı öyrənməsinə sərf etdiyi enerji maaş aldığı təşkilatlara sərf etdiyi enerjidən çox olmuşdur. Gözləri görməsə də, 2006-cı ildə Abadeh şəhərindəki "Ərmağan dəbiran" nəşriyyatında İranın Fars vilayətində yaşamış şairlərin şeirlərindən seçmələri "Qanidən Təvəllaya" adı altında çap etdirir.
Bu onun nəşr etdirdiyi yeganə kitab olmur. 2007-ci ildə "Avri İraniyan" nəşriyyatında Ələsgər Naderi ilə birlikdə məşhur Qaşqay şairi Məhzun Qaşqayinin şeirlərindən seçmələri Fars dilinə çevirib "Ayrılıq çağı" adlı ilə çap etdirirlər. Bu, Qaşqay şairlərinin Fars dilli oxucular arasında yayılmasına xidmət etmiş olur.
Hafiz Şirazinin yaradıcılığına böyük məhəbbəti olan Fərhad Gurginpur şair haqqında olan rəvayətləri və şeirlərinin bir qismini toplayaraq 2014-cü ildə Şirazdakı “Təxte Cəmşidi və Qaşqai” nəşriyyatında “Hafiz şeirinin öyküsü” adı altında nəşr etdirir.
Yaxın dostu İlyaşar Qüdrətizifərlə birlikdə hazırladıqları iki kitab – “Koroğlu hamasəsindən bir bölüm” və “Qərib və Sənəm” kitablarını Şirazdakı "Təxte Cəmşidi və Qaşqai" nəşriyyatında 2016 və 2017-ci illərdə nəşr etdirirlər. Onlar bu kitabları oxucuların ixtiyarına verməklə Qaşqaylara bir qürur hissi aşılamış olurlar.
2007-ci ildə Qaşqayların sevimli tanburçusu olan atası Həbibxanı itirən Fərhad Gurginpur 2018-ci il oktyabrın 31-də, saat 9.30 radələrində Şirazın Namazi Xəstəxanasında xərçəng xəstəliyinə yenik düşür. Onun cənazəsi ilə noyabrın 2-də Abadeh şəhərindəki Mədəniyyət Mərkəzində vidalaşaraq dəfn ediblər.
Olduqca təvazökar bir insan olan Fərhad Gurginpurdan müsahibə alan müxbir: "Sizin ailə Qaşqay musiqisini qoruyub saxladı, yaşatdı!" - deyəndə o, etiraz edərək: "Qaşqay musiqisini bizim ailə deyil, Qaşqayların çobanları, sarvanları, xalça toxuyanları və b. sadə adamları qoruyub saxladılar. Biz sadəcə olaraq onlardan eşitdiklərimizi toplayıb ifa etdik" - cavabını vermişdi.
Fərhad Gurginpur dünyadan köçəndə Qaşqay şairləri onun haqqında şeirlər qoşmuşlar. O şeirlərdən iki nümunəni aşağıda veririk.
Evəzullah Səfəri Kəşkulli
Ağlasın
Söylə, neçin daha dinməz sazımız?
Ərşə sindi, tar, akkordeon ağlasın.
Musiqidə soldu bizim yazımız.
Yanıqlı saz, ud, viyalon ağlasın.
Tər burmaqlar mizrabına ilişməz.
Daha Fərhad saz diliylə qonuşmaz.
Daha laylay Məsumunnan danışmaz.
Nigardağ, Qara Bisutun ağlasın.
Çətin bitər zar ürəklər yarası,
Yondu Fərhad Bisutunun xarası,
Hanı dərman, hanı dərdim çarası?
Gözlər çayı olsun Karun ağlasın.
Şəhram Bədri Alikürdi
Furud, Fərhad eldən köçdü, gəl.
Əcəl baxçamızdan soy gül biçdi, gəl.
Məssiy bibi yaman günə düşübdür,
Musiqi dünyasından tərlan uçdu, gəl.
Qeyd: Şeirlərdəki "Məsum" Qaşqaylarda bir bəstənin adı, Nigardağ, Qara Bisutun dağ adları, Karun Əhvazdakı çayın adıdır. Məssiy bibi Fərhadın anası Məsiməyə işarədir. Fərhad və Şirin əfsanəsində adı çəkilən, eləcə də məşhur qayaüstü yazılar olan Bisutun dağına bölgədə Qara Bisutun da deyirlər.
02.11.2018
Fərhadın qardaşı Furud
Onu da deyim ki, bu günün özündə də Qaşqay musiqisindən söz açanlar “Mahe nur” jurnalının araşdırıcı qrupunun 1977-ci ildə nəşr etdirdiyi “Qaşqaylarda musiqi” məqaləsinə müraciət edirlər. Məqalə də Fərhadın qardaşı Furudun söylədikləri əsasında yazılıb.
Furud 1946-cı il martın 4-də anadan olub. Tehran Universitetinin ədəbiyyat fakültəsini bitirən Furud 14 yaşından xalq musiqisinə maraq göstərmişdir. Onun dediyinə görə, Qaşqay aşıqlarının sayı 1950-ci illərə kimi çox olub. “1953-cü ildə el quruluşunun pərakəndəliyə uğraması, ağır yaşayış və yoxsulluq nəticəsində aşıqların çoxu öz sənətlərini, peşələrini buraxmağa məcbur olub. Onların sayı gündən-günə azalır. Hazırda on-on beş aşıq ailəsi el içində dolanır” (T. Ə. İbrahimi (Şahin). Qaşqaylar, səh. 110).
Azərbaycan aşıqları ilə Qaşqay aşıqları arasındakı əlaqə haqqında jurnal əməkdaşlarının sualına Furud Gurginpur belə cavab verib: Qaşqay musiqisi xüsusi müstəqilliyə malikdir. O, başqa el və qəbilə musiqisinin təsirində deyildir. Lakin Qaşqay aşıq musiqisi Azərbaycan aşıq musiqisilə bağlı olub, demək olar ki, onun eynidir. Aşıqların musiqisi geniş yayılmış qədim musiqidir. Aşıqlar şənlik, şadlıq və qəm gətirən hər hansı bir hadisəyə və macəraya bilavasitə özləri şeir qoşar və mahnı bəstələyərlər. Onlar xalq dastanlarına da çox əhəmiyyət verərlər...
Qaşqay aşıqları ilə hətta Azərbaycan aşıqları arasında müştərək mahnılar vardır. Məsələn, Qaşqay aşıqlarının Koroğlu dastanı şücaət, igidlik, mərdlik, qəhrəmanlıq məsələlərində Azərbaycan aşıqlarının Koroğlusu ilə eynidir. Qaşqayların “Kərəm”, “Məsum”, “Mahmud” mahnılarını çox cüzi fərqlə Azərbaycan aşıqlarının ifasında eşitmək olar. .... “Səhər avazı”, “Cəngnamə”, “Məhəmməd Tahir bəy”, “Məsum”, “Samsam” mahnıları köhnə aşıq melodyalarıdır. “Koroğlu”, “Mahmud və Sənəm”, “Mahmud və Nigar”, “Baş Xosrov”, “Həlilə Xosrov”, “Büsutun”, “Gəraylı”, “Baş gəraylı” Qaşqay aşıqlarının hazırda istifadə etdiklər mahnılar və qoşmalardır” (T. Ə. İbrahimi. Qaşqaylar, səh. 110).
Bu ailənin üzvlərinin hamısı musiqi ilə bağlı olduqları kimi, ailəyə gəlin gələnlər də elə bil seçiliblər. Furudun xanımı Əfsanə Cahangiri oxuduğu xalq mahnıları ilə yalnız Qaşqaylar arasında deyil, İranda məşhurlaşıb.
Qaşqay aşıqları da Həmədan, Savə, Xələc aşıqları kimi çəkur, çökur dedikləri sazda çalıb oxuyurlar. Qaşqay aşıqlarından Aşıq Səyyad və Aşıq İsmayıldan söz açan Furud musiqiçilərdən Ustad Samsamın, Ustad Davudun, müğənnilərdən Mahpərvizin, Məhəmmədhüseynin, Təhmuraz Kəşkülünün, Mahmud İskəndərinin və b adlarını çəkərir. Ustad Davud haqqında deyir: “Onun adına bəstələnmiş mahnı hələ də el içərisində oxunur”.
O, Qaşqay musiqiçilərini üç yerə - aşıqlara, cəngilərə və sarbanlara ayırır. Bu haqqda T. Ə. İbrahimi (Şahin) “Qaşqaylar” kitabında geniş bilgi vermişdir.Mənuçehr Kəyani isə avtoreferatında yazır: “Qaşqay aşıqları Azərbaycan aşıqlarının davamçılarıdır. Bu sənətkarların sırasında Aşıq Heydərqulu, şeşbölüklü Aşıq Məhəmmədəli, Kəşkulli Aşıq Həmzə, Səyyad, Əhməd, Eyvaz, İmamqulu, İsmayıl, Meydiqulu daha məşhurdur. Aşıqların kamançayabənzər sazları qopuz adlanır. Qaşqaylarda neylə kədərli havalar çalan sarbanlar, neybələk, ney və tütəkdə çalan çobanlar kimi qeyri peşəkar musiqiçiləri də vardır. Qaşqay musiqisi nigarbağı, şahxətai, leyli-leylim, nənəm hay, kəhər atlı və s. kimi el havaları ilə zəngindir. Rəqslərdən həmasi kişi rəqsi, və haley qadın rəqsi daha geniş yayılmışdır.”(səh 19)
P.S. Furud Gurginpur 2019-cu il dekabrın 31-də dünyasını dəyişib. |