Bir insanın taleyi
Əzizə Şamil
«Mən çətin yolla gedəcəyəm» - Dostoyevski
İnsan yaşlandıqca xatirə yazmaq həvəsi də artır. Keçmişləri yadasaldıqca, yaddaşının imkanlarını bir daha gözdən keçirir,ümumiləşdirmələr aparır, əhəmiyyətsizləri atır, toplumun gələcəyinə gərək olanları yazıya almağa çalışırsan. İş-güc, psixoloji vəziyyət imkan vermir ki, düşündüklərinin, lazım bildiklərinin hamısını qələmə alasın. Bəzən isə vəziyyət elə gətirir ki, hər şeyi atıb yazmaq məcburuyyətində qalırsan. Çünki, özünə bunu mnəvi borc bilirsən.
Mənəvi borcumu yerinə yetirmək üçün Osman Əhmədoğlunun 70 illik yubileyinə bir xatirə yazmağı qərara aldım. Zarafat deyil, yaşıdlarımızın çoxu dünyasını dəyişsə də Osman 70-ə gəlib çatdı. Mən hələ də ona gənclik, tələbəlik dostu kimi baxıram, ona uyğun zarafatlar edirəm, dediklərinə bəzən qeyri-ciddi yanaşıram. Halbuki ömrümüzün ahıllıq çağında olsaq da, gənclik xatirələri sanki bizi cavanlaşdırdığına görə bu cür rəftar bizə xoşdur, əzizdir!
Qələmi əlimə alıb Osman haqqında yazmaq istəyən kimi yadıma ilk tanışlığımız düşdü. İndiki kimi isti Bakı günlərindən biri – 1968-ci ilin iyul ayında Azərbaycan Dövlət Universitetinin sənəd qəbulu şöbəsinin qarşısında durub növbə gözləyirdim. Bu arada arxada uca, gur səsli bir oğlan abituriyentləri sorğu-suala tutmuşdu: Kim Cəlil Məmmədquluzadənin 40 hekayəsini saya bilmirsə, qoy filologiyaya sənəd verməsin. Onun bu cəsarətli sözlərini eşidib arxaya döndüm. Orta boylu, çatmaqaşlı, nazik-uzun bığları olan bu gənc sanki qədim şərq miniatürlərindən düşüb gəlmişdi.
Onun sözləri məni qorxuya salmışdı, doğrudanmı yaddaşımızda bu qədər əsəri saxlamaq olar, sualların hamısına cavab verə biləcəyəmmi deyə düşünürdüm. Sənəd qəbulundan sonra başım imtahanlara qarışdı. Amma həmin oğlanın üzü, səsi yaddaşıma həmişəlik həkk oldu. Nəhayət imtahanlar başa çatdı və mən filologiya fakultəsinin qiyabi jurnalistika şöbəsinə keçid balını topladım, 25 nəfərlik siyahının 15-ci pilləsində yer aldım. Mirzə Cəlilin 40 hekayəsinin adını, Səməd Vurunun, Süleyman Rüstəmin, Rəsul Raznın və b. şeirləri nədir poemalarını əzbər deyən həmiş gənc filologiya fakültəsinin tələbələri arasında yox idi.
1969-cu ilin yanvarında qiyabiçilərin ikinci semestr dərslərinə gəldik. Jurnalistikanın əyanisinə qəbul olanlar arasında mənim həmyerlim İsrafil də vardı. Onunla tanış olandan sonra bir-birimizə dərslik və ədəbiyyatla bağlı müraciət etməyi qərara aldıq. Bir dəfə İsrafillə fakültədə təkrar görüşəndə yanında qəbulda rastlaşdığım oğlanı gördüm. İsrafilə görə onunla da tanış oldum. Öyrəndim ki, Osmandır. O isə yenə də dil-boğaza qoymurdu, dərslərdə müəllimlərə verdiyi suallardan, elmə-təhsilə laqeyd yanaşanlara, əzbərçilərə qarşı sərt mövqeyindən danışırdı. İsrafillə Osmanın yanında jurnalistikanın daha bir tələbəsi Əli ilə də tanış oldum. Mənə çox maraqlı gəldi ki, biri Azərbaycandan, biri Gürcüstandan, o biri Ermənistandan olan bu üç gənci belə tez dost edən səbəb nədir.
Marağım üstün gəldi. Tezliklə öyrəndim ki, onları yaxınlaşdıran elmə, təhsilə olan həvəs və məsuliyyətdir. Onlar hər şeyə öz gücləri ilə nail olmaq, köhnə qəliblərdən çıxmaq istəyirlər. Buna görə də onlara hörmətim artdı. Onlara dağlar arxasında üç dost adını verdim. Həmin illərdə bu adla çıxan povest çox populyar idi. Mənim tanıdığım bu üçlük də çox çətinliklərdən, mübarizələrdən keçərək bu günə gəlib çatdı.
İllər keçsə də nə Osman dəyişir, nə də mənim ona olan ana-bacı sevgisi, hər dərdinə, sevincinə şərik ola biləcək dostluq hissləri. Bütün bu dəyərləri illər uzunu, həyatın keşməkeşli yollarında qoruyub saxlamaq heç də asan deyil. Amma bizim üçün ona görə asan olmuşdur ki, dostluğumuzun təməli saflıq, əqidəlilik üzərində qurulmuşdur. Yadımdadır ki, tələbəlik dövründə Osmanın qrup yoldaşları olan qızların bir çoxunu mən də tanıyırdım. Osmanın təbiliyi, olduğu kimi görünməsi, insansevərliyi onları da ovsunlamışdı. Baxmayaraq ki, Osman oğlanların çoxunun arasında gözəlliyi ilə seçilirdi, lakin qızlar ona başqa gözlə deyil, tələbə yoldaş, heç kəsi incitməyən zarafatcıl adam kimi çox istəyirdilər. Bu da Osmana imkan yaradırdı ki, başqa oğlanlar bir qızın ardınca aylarla gəzdiyi halda, o istədiyi tələbə dostları ilə hər mövzuda zarafat edir, çox vaxt isə həqiqəti zarafatlarla çatdırırdı.
Müəllimlərimiz də ona xoş münasibət bəsləyirdilər. Ona görə ki, dili vardısa, dilçəyi də vardı. Ədəbiyyatı dəlicəsinə sevən tələbəni niyə də istəməsinlər. Bu dəlicəsinə sevgi Osmanı Xəlil Rzanın, Hüseyn Arifin, Bəxtiyar Vahabzadənin və b. sevimlisinə çevirmişdi. Lakin milli hisslərini tez-tez dilə gətirən və ya hərəkətləri ilə göstərən Osmanın müəllimlərlə «sərgüzəştləri», «başağrısı» da az olmurdu. Sonda isə Osmanın qətiyyəti qalib gəlirdi. O bu qələbəyə layiq idi, çünki başqaları kimi xahiş, minnətlə özünə qiymət yazdırmırdı. Atasının imkanlarına arxayın olub elmə, təhsilə barmaqarası baxmırdı.
Halbuki Borçalının Keşəli kəndində sadə həyat sürən, Allah adamı Əhməd kişi öz təqaüdünü yığıb oğluna göndərmək əvəzinə kəndlərdə körpü saldırır, xeyriyyəçiliklə məşğul olurdu. Osman isə tələbəlik ehtiyaclarını ödəmək üçün axşamlar gedib Musiqili Komediya Teatrında səhnə arxasında fəhləlik edirdi. Taleyindən də narazı deyildi. Səhnəmizin korifeyləri ilə başda Nəsibə xanım Zeynalova ilə üzbəüz çalışırdı. Bəzən dostlarına bilet də təşkil edirdi. O dövrün tələbələri teatr dəlisi idilər, yeni Azərbaycan filmlərinə birinci baxmaq üçün can atırdılar. Bir sözlə ədəbi-bədii teatr və kino sahəsində başverən bütün yeniliklər onları maraqlandırır, uzun müzakirələrə səbəb olurdu. Bu onların mənəvi tələbatı idi, maddi imkanları buna çatmasa da, işləyib pul qazanmağa çalışır, valideynlərindən ummurdular.
Hətta iş o yerə gəlib çatmışdı ki, Osman Əli və İsrafillə birgə tutduqları kirayə evə kənddən qardaşı oğlu Məhəmmədi də gətirib Bakıda oxutmaq qərarına gəlmişdi. Bu üçlük Məhəmmədə ata-analıq etməyə başlamışdı. Onlar üçün mənəvi problem yox idi, maddi problem vardı. Bununla belə hamısını rahatca yola verirdilər. Bəzən Osmanı da uşaq kimi danlayırdılar. Osman isə onlar qarşısında gücsüzə çevrilirdi(baxmayaraq ki, fiziki cəhətdən hər ikisindən də güclü idi), çünki onlara sevgisi hər şeydən güclü idi.
Bunları niyə belə inamla söyləyirəm. Ona görə ki, tələbəliyi başa vurarkən Əli ilə mən yolumuzu birgə davam etdirməyə qərar verdik. Nəticədə mən doğma Qubamda qalmaq əvəzinə Əlinin təyinatı üzrə Naxçıvan MSSR-ə yola düşdük. İlk əmək məzuniyyətimizi Borçalıdan başlamaq qərarına gəldik. Keşəliyə çatanda Osmangilə gəldik. Anası bizi görən kimi Osmanı Kür qırağından çağırmaq üçün adam göndərdi. Bir də gördük ki, Osman yaxa-baş açıq qaçaraq gəlir. Anası onu qabaqlayaraq «ay oğul üst-başını düzəlt gəlin var» deyəndə o «Ay ana o gəlin yox, Əzizədir» cavabını verdi. Anası ona tərs-tərs baxsa da xeyri olmadı.
Yaxşı tanıdığıma görə bilirdim ki, kənddə macəraları davam edəcəkdir. İşlədiyi məktəbdə, kənd sakinləri ilə münasibətdə, həyata baxışlarında, yaşıdları ilə aralarındakı dünyagörüşü fərqlərində problemlər yaşadı da… Lakin heç vaxt insanpərvərliyini, böyüyə hörmətini itirmədi. Ailə qurdu, üç oğlu, bir qızı oldu. Uşaqlar artıq analarının, öz şikayətlərini məktuba yazıb bizə ünvanlayırdılar. Biz də Osmana «öyüd-nəsihət» verirdik. Şikayətlər əsasən bir yerdə qərar tuta bilməyən, bığlarına etiraz edənlərə kəskin şerlər yazan, kənd-obalarda «dərvişlik» edən, xalqın çətinliklərinə çarə axtaran Osmandan idi.
Əslində Osman Borçalı mahalının bütün dərd-sərini həll etməyə çalışdığı üçün ailə qınağına tuş gəlirdi. Lakin bu illər də onun amalını, təmənnasızlığını dəyişə bilmədi. Güclü iradə, möhkəm əqidə insana çox şey verir desəm səhv etmərəm. Ona görə ki, baxırsan bəzi valideynlər başqalarını soyub talayır, balaları üçün var-dövlət yığırlar, əslində saxta gələcək qururlar. Amma Osman kimilərin alnı hamının qarşısında, o cümlədən balalarının da önündə açıqdır, vicdanı təmizdir. Şükür oğlanları Savalan, Qoşqar, İsrafil (dostunun adı), qızı Tamam anasının adıdır. Bu yaxınlarda dünyaya gəlmiş nəvəsinin adını isə Əli-Şamil qoyub.
Adlardan Osmanın kimliyi, türklüyü, üz görünüşündən qədim qıpçaq türklərinin törəmələri olduğu görünür. Balalarının tərbiyəsi, mədəniyyəti sözlə təsvirə gəlməz. Onların ən böyük universitetləri ataları – Osman Əhmədoğludur.
İndi tez-tez KİV-də böyük vəzifə sahiblərinin, ciblərində bir-neçə diplomu olanların, dövlət tərəfindən hər cür təltiflər almışların övladlarının cəmiyyətdəki davranışlarını, mənəvi kasıblıqlarını, mədəniyyətsizliklərini görəndə, eşidəndə Ata Osmanın böyüklüyünə heyrətlənirəm. Böyüklə böyük, uşaqla uşaq, mənəviyyatı olmayanla düşmən olan Osmanın ailəsinə hər kəs həsəd apara bilər.
Burada bir haşiyə çıxmaq istəyirəm – onun xanımı Güldərən üçün. Çünki bilirəm ki, Osmanın bu yaşına qədər ən çox işlətdiyi söz «Güldərən» olub. Ən çətin həyat yollarında ona güvənib, ən rahat yer axtaranda ona arxalanıb, başını onun dizinə söykəyib, səfərlərə yola düşəndə balalarını ona tapşırıb, başqalarına yardıma tələsəndə evi, təsərrüfatı onun öhdəsinə qoyub… Güldərən də sağ olsun evin «böyük uşağına» həmişə hamilik edib, nə qədər çox zəhmət çəkibsə də Osmana olan məhəbbəti, qayğısı, hörməti azalmayıb.
Osmanın həyatına, yaradıcılığına, vətənpərvərliyinə, ictimai fəaliyyətinə baxanda xanımının nə qədər ucada dayandığını görürsən və inanırsan ki, Osman Əhməd oğlu buna layiqdir.
Mən yazımın sərlövhəsini təsadüfən bir insanın taleyi qoymadım. İnsan taleyi sirlərlə dolu olur. Mən ancaq öz gördüyüm, tanıdığım, ərklə dostum adlandırdığım Osman bəyin 70 illik yubileyinə həsr etdiyim bu kiçik xatirəni ürəklə yazdım. Yəqin ki, başqaları da onun ömrünün digər səhifələrini açıqlayacaqlar. Mən əminəm ki, bütün bunlar Osmanın xoşuna gələcək, ürəyi şad olacaq, bir daha əmin olacaq ki, ömrünün çətin yollarında tək olmayıb, yaddaşlarda dərin izlər qoyub. Bu da hər insana nəsib olmur.
Mən ən xoş niyyətlərlə onda gördüyüm, qiymətləndirdiyim ömür anlarını sizlərlə bölüşmək istədim.
Bakı şəhəri – 10 iyul 2018-ci il
Şəkildə: oturanlar, soldan İsrafil Qurbanov, Əzizə Şamil, ayaq üstə durnalar soldan Osman Əhmədoğlu, Əli Şamil Şəkil 1972-ci ildə çəkilib
Şəkildə: soldan Əli Şamil, Osman Əhmədoğlu, Əzizə Şamil, İsrafil Qurbanov. Şəkil 1972-ci ildə çəkilib
Çap olundu: Bir insanın taleyi, Elat fədailəri: Mədət Coşqun-80, Osman Əhmədoğlu-70, Bakı: “Elm və təhsil” nəşriyyatı, 2018, səh. 218-224. |