Aydın Çobanoğlu haqqında

Əli Şamil

 

“DUZ SARAYI”NDA “KONSERT

(Aşıq Aydın Çobanoğlu haq­qın­da)

 

Aydın Çobanoğlunu tələbəlik illərindən – Azərbaycan Dövlət Unversitetinin Jurnalistika fakültəsində oxuduğum illərdən (1968-73) tanıyırdım. Çox maraqlı yoldaşlığımız və dostluğumuz var idi. O, Tovuzda, mən Göyçədə doğulub boya başa çatmışdıq. Hər ikimiz Bakıya ali təhsil arxasınca gəlmişdik. Hər ikimizin doğuldugumuz bölgə sazı-sözü ilə ilə məşhur idi. Göyçəli aşıqların bir çoxu Ermənistanın rəsmi dairələrinin aşıq sənətinə diqqət yetirmədikləri üçün Azərbaycanın Gəncə, Tovuz, Qazax və s. bölgələrinə köçüb orada yaşayır və aşıqlıq edirdilər.

Bizi saza – aşıq musiqisinə sevgimiz yaxşnlaşdırmışdı. Aydın yataqxana otaqlarında bizə konsertlər verərdi. Biz onun dinləyiciləri olmaqla yanaşı, həm də tənqidçiləri rolunu oynayırdıq. Pulsuz-parasız dinlədiyimiz, zövq aldığımız bu konsertlərə görə Aydını və onun kimi gəncləri alqışlamaqla yanaşı, yerli-yersiz irad tutmalarımız da olurdu. Əslində, bu iradlarımız aşıq sənəti haqqında bilgimizin çoxlğundan deyil, özümüzü göstərmək istəməmizdən, yəni özümüzü doğrultmaq iddiamızdan irəli gəlirdi. Aydın isə çox vaxt bigisizliyimizi, yanlışlığımızı üzə vurmadan saz çalır və arada bir də izahatlar verirdi.

Beləcə, Aydının çaldığı saz havalarını dinləyərək unversiteti bitirdim. 1973-cü ildə məni təyinatla Sov. İKP Naxçıvan Vilayət Komitəsinin, Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin və Naxçıvan MSSR Nazirlər Sovetinin orqanı “Şərq qapıısı” qəzetində işləməyə göndərdilər. Beləcə, Aydınla bir müddət görüşə bilmədik. Ancaq mən onun sorağını eşidirdim.

Bir zaman saz həvəskarı kimi tanıdığımız, radioda-televizyada çıxışını təşkil edə bilmədiyimizə görə özümüzü onun yanında xəcalətli hiss etdiyimiz Aydın Çobanoğlunu ara-sıra ekranda görür, efirdə çaldığı saz havalarını dinləyirdik. O, artıq peşəkar bir aşıq kimi respublikada məşhurlaşmışdı.

Bir gün Aydının məni axtardığını eşitdim. Sevincək gedib görüşdüm. Azərbaycan SSR Mədəniyyət Nazirliyinin xəttilə Naxçıvana konsert verməyə gəlmişdilər. Aydın aşıq yoldaşlarını da alıb maşını ilə Yerevandan dolanıb gəlmişdi. Onu evə gətirmədim. Çünki mənim yaşadığım beşmərtəbəli evin həyətində maşını saxlamağa imkan yox idi, həm də çalıb-çağırması da qonşularda bir rahatsızlıq yara bilərdi. Buna görə də onu həyət evinə aparmaq lazım idi.

Aydın Naxçıvana gəldiyi günlərdə Göyçənin Cil kəndindən olan, Naxçıvan Vilayət Partiya Komitəsinin Siyasi Maarif evində işləyən saz-söz həvəskarı Yusif İmranov Papanin küçəsindəki həyət evində yaşayırdı. Bura onun öz evi deyildi. Əslində, bu evin bir hissəsində Heydər Əliyev doğulub boya-başa çatmışdı. Ailənin uşaqları təhsil ardınca Bakıya gedib, orada özlərinə gün-güzaran qurduqlarından ev başqalarının olmuşdu.

1980-ci illərdə vaxtilə Heydər Əliyevin doğulduğu və ona bitişik olan evi sahiblərindən alaraq təmir etmiş, burada ev muzeyi yaratmağı planlamışdılar. Heydər Əliyev Moskvaya – SSRİ Nazirlər Sovetinin sədrliyinə müavin getdikdən sonra ev muzeyinin yaradılması da dayandırılmışdı. Bir mərtəbəli, iki otaqlı bina baxımsız qalmasın deyə, hələ mənzili olmayan Yusif İmranova burada qalmağa və binanı qorumağa icazə vermişdilər.

Aydın Çobanoğlunu da gətirib burada qonaq etdik. Burada qonum-qonşuya mane olmadan Aydının çaldığı saz havalarına qulaq asa bilərdik. Gündüz həyətdə Araz dəryaçasından tutulmuş ləzzətli sazan – çəki balığından kabab çəkmək istəyəndə Aydın maşınının arxasından iki dəmir çıxarıb ocağın kənarına qoyaraq zarafatla: “Bu da mənim bu evə hədiyyəm” – dedi.

O, tez-tez səfərlərdə olduğundan kabab bişirmək üçün yüngül və səyyar bir manqal duzəltdirib maşınının baqajında gəzdirirmiş.

Aydıngil axşamlar konsertlər verirdilər, gündüzlər isə onları Naxçıvanın maraqlı yerlərinə gəzməyə aparırdıq. Belə yerlərdən bir olan Duz Mədəninə də apardıq. Mədənçilər dağı dələrək duz laylarındakı daş duzları çıxararaq yerin 1200-1300 metr dərinliyinədək irəliləmişdilər. Mədənin dərinliklərində bəzi yerlərdə kiçik gölməçələr yaranmışdı. Bu gölməçələr yağış-qar sularının torpaq və daş duz laylarından sızaraq tunellərə çatmasından əmələ gəlmişdi. Gölməçələrin içərisinə alüminium atanda ağ, mis atanda qırmızı, dəmir atanda başqa bir rəngdə maraqlı və olduqça cəlbedici kristallar yaranırdı.

Aydın isə romantik bir insan olduğundan kristalları gördükdə təbiətin yaratdıqlarına heyranlıqla tamaşa etməklə kifayətlənmədi, onlardan nümunələr götürərək Bakıya gətirdi. Havada temperatur 35-40 dərəcə olsa da, mədən olduqca sərin idi. Duz Mədənlərinin içərisində havanın temperaturu yayın ən isti günlərində də, qışın soyuğunda da 16-18 dərəcə olur.

Buranın başqa bir qəribəliyi isə o idi ki, xiyar 1000-1200 metr dərinlikdə kəsildikdə belə qoxusu qapının ağzında hiss edildiyi halda, qızardılan kolbasanın və b. qoxulu yeməklərin qoxusunu duz özünə elə çəkirdi ki, 4-5 metrlikdə belə qoxu hiss edilmirdi.

Yeraltı “Duz saray”ında bizə bələdçilik edən mədənin baş mühəndisi, ailəvi dostumuz Elman Fətiyev Aydına bu mədən haqda məlumat verdi. O, duz mədənində işləyənlərin bir sıra xəstəliklərə tutulmadığından, burada asma və başqa nəfəs yolları xəstəliklərinin müalicəsi üçün xəstəxana açıldığından, hətta balaca duz gölməçələrinin də dəri xəstəlikləri üçün müalicəvi əhəmiyyəti olduğundan, buraya müalicə olunmaq üçün SSRİ-nin hər yerindən xəstələr gəldiyindən, minlərlə insanın isə növbəyə yazıldığından söz açdı. Eşitdiklərindən cuşa gələn Aydın bəy dedi: “Məni elə həvəsləndirdiniz ki, oxumağım gəldi. Burada oxumaq istəyirəm, görüm səsimə necə təsir edəcək”.

Onun bu təşəbbüsü bizi də maraqlandırdı. Aydın bəy aşıq yoldaşlarından Gədəbəyli Aşıq Məlikdən maşından sazları gətirməsini xahiş etdi.

Bir azdan yeraltı “düz saray”ında “konsert” başladı. Aydın və aşıq yoldaşları oxuduqca həvəslənir, mədənin sərin havasının onlara xoş təsir bağışladığını deyirdilər. Bir azdan ətrafımız adamla doldu. Bizim olduğumuz şaxtada saz səsi eşidən fəhlələr işi dayandıraraq buraya toplaşmışdılar.

Dinləyicinin çoxaldığını gördükdə aşıqlar daha da ilhamlandılar. Bir saatdan çox fəhlə və mühəndisləri işdən ayırdıq. Direktor Abdulla da şaxtaya gəldi. Düşündim ki, işə mane olduğumuza görə qanı qaralacaq. Ancaq əksinə oldu. O da həvəslə dinlədi və ayrılanda zarafatla dedi: “Mən istəsəydim də işçilərim üçün belə bir istirahət təşkil edə bilməzdim. İndiyə kimi belə bir konsert təşkil etmək heç ağlımıza da gəlməmişdi. Bu hadisə çox yadda qalan oldu. Zəhmətinizin qarşılığını pulla ödəməsək də, Elman bəy sizə bir gözəl qonaqlıq verəcəkdir!”

Həmişə zarafatından qalmayan, xoş ovqat yaradan Elman Fətiyev də: “Abdulla müəllim, onu mən demədim, kim vəd edirsə qonaqlığı da qoy özü versin. Onsuz da mən bunlara bu gün qonaqlıq verəcəkdim. İndi qalır sizin vəd etdiyiniz qonaqlığa. Onu da görək nə vaxt reallaşdıracaqsınız”.

Abdulla da zarafatından qalmadı: “Belə gözəl sənətkarları mənim kimi böyük bir birliyin təklikdə qonaq aparması ayıb olar. Mən onlara dinləyicilərilə birlikdə qonaqlıq verməyə hazıram”.

Aydın Çobanoğlu bir sənətkar kimi dinləyiciləri ilə tez ünsiyyət qururdu, həm də həmsöhbətlərinin qəlbinə tez yol tapa bilirdi. Xüsusən, şair Hüseyin Arif haqqında söylədiklərini dinləyənlər gözləri yaşarıncaya qədər gülürdülər. Bu söhbətləri Hüseyin Arifin yanında etdikdə o, özü də inciməzdi. Bilmək olmurdu söylədiklərinin hansı Hüseyin Arifin başına gəlib, hansını Aydın özündən quraşdırır. Bəlkə də olmuş kiçik bir hadisəyə Aydın bəyin gözəl bəzək vurması nəticəsində lətifələr belə şirin alınırdı. Şəxsən mənim diqqət yetirmədiyim onlarla hadisədən Aydının gülüş doğuracaq lətifələr yaratdığının şahidi olmuşdum.

Aydın təkcə ailəsini dolandırmaq üçün aşıqlıq etmirdi. O, bu sənətə həyatının mənası kimi baxırdı. Həm də xalqına vətənpərvərlik ruhu aşılamağa çalışırdı. Aydın böyük audutoriyalarda belə milli şüuru oyada bilirdi. Sovet hökumətinin yasaqlarına baxmayaraq, o, Azərbaycanın əsarətdən qurtarmasını, o tay, bu tay sözünün aradan qaldırılmasını, Azərbaycanın birləşməsini eyhamla dinləyicisinə çatdıra bilirdi.

1988-ci ildə başlayan xalq hərəkatında Aydın Çobanoğlu sazı, sözü və əməliylə öndə oldu. Bir hadisə heç vaxt yadımdan çıxmır. 1988-ci il may ayının 16-da Bakıda keçirilən mitinqın səhərisi günü Aydın bəy məni də götürüb restorana getdi. Orada xeyli adam vardı. Aydın bəyin təşəbbüsü və təşkilatçılığıyla buraya milli, vətənpərvər, ictimai iaşə işçiləri yığılmışdılar. Onların əksəriyyəti Aydını tanıyırdılar. Mən isə onları birinci dəfə görürdüm.

Bir az yemək yedikdən sonra mövzu əsas məsələyə gəldi. Aydın bəy mənə Ermənistanda baş verənlərdən, xüsusən, orada mitinqlərin təşkilindən və keşirilməsindən danışmağı təklif etdi.

Mən gördüklərim və bildiklərim haqqında bilgi verdim. Ermənistanda mitinq iştirakçılarına göstərilən ximətdən, xüsusən, onların meydanda çox qala bilmələri üçün yemək-içmək paylanıldığından danışdım. Sonra Aydın bəy ermənilərin bütün təbəqələrinin milli məsələdə bir yumruq kimi olduqlarını söylədi. Söhbət getdikcə qızışdı. Restoran və yeməkxana müdirlərinin belə vətənpərvər, çılğın danışmaları məni heyrətləndirmişdi. Etiraf edim ki, həmin günə qədər mən restoran işçilərinə o qədər yaxşı baxmırdım. Onlara savadsız, cahil, bütün fikirlərini müştərilərini aldatmağa yönəltmiş insanlar kimi baxırdım. Amma həmin söhbətdə gördüm ki, onlar arasında da tariximizi, ədəbiyyatımızı, iqtisadiyyatımızı çox gözəl bilən, çoşğun vətənpərvər insanlar var.

Açığını deyim ki, onların mitinqdə iştirak edənlərlər üçün pulsuz yüngül yeməklər və içkilər təşkil edəcəklərini vəd etməsi məni bir az da kövrəltdi. Onlar təklif etdilər ki, mitinq iştirakçıları bir yerə sıx toplanmasınlar. Könüllülər mitinq iştirakçıları arasında dəhlizlər yaratsınlar. Restoran və yeməkxana işçilərinin göndərdiyi yemək-içmək də bu dəhlizlər vasitəsilə mitinq iştirakçılarına paylansın. Onların bu təklifini Aydın bəy alqışlarla qarşıladı.

Oradan çıxdıqdan sonra Əbülfəz Elçibəylə görüşdük. Aydın bəyin restoran və yeməkxana işçiləri ilə birlikdə hazırladıqları plan haqqında ona bilgi verdik. O, bir az fikrə getdikdən sonra: “Çox gözəl plandı. Baş tutması mümkün olmasa belə o sahədə çalışan insanların beş-üçünün bir yerə yığılıb məsələni müzakirə etməsi təqdirəlayiqdir. Ermənistanda güclü gizli təşkilatlar var. Hökümət də həmişə onları gizlin şəkildə dəstəkləyir. Qarabağ məsələsində Ermənistan hökumət rəhbərləri ilə qeyri formalların fikri də, əməlləri də birdi. Bizdə isə belə bir şərait yoxdur.

Çünki, Azərbaycanda birincisi, hələ güclü və nizamlı bir təşkilatımız yoxdur. Mitinqə gələnlərin çoxu da bizi, yəni gizli dərnəklərin üzvlərini tanımır. İkincisi, bizim hökümət məmurlarının çoxu qeyri formal adlandırdıqlarına düşmən kimi baxır”.

 Əbülfəz Elçibəylə xeyli söhbətdən sonra o məsələni həll etməyi, alınmasa belə təşəbbüsdə olmağı öz öhdəmizə buraxdı.

Mayın 18-də keçmiş Lenin meydanında mitinq başlayanda gördük ki, mitinq iştirakçılarının arasında dəhliz yaratmaq bir yana, heç onlara təsir göstərmək gücümüz də yoxdur. Bizim ətrafımızda olan adamların dediklərini heç kim eşitmək istəmir, hamı tribunaya daha yaxın olmağa çalışır. Bu da bir sıxlıq, basabas yaradır. Hətta elə oldu ki, sıxlıqda özünü pis hiss edənlər, ürəyi qısılanları kənara çıxarmaq çox cətin oldu. Təcili yardımın həkimləri belə toplumu yarıb halı pisləşənlərə çətinliklə köməyə gedə bilirdilər.

 May mitinqlərinin iştirakçılarına içməli su, yemək paylamaq mümkün olmasa da,Ee payız mitinqlərində bu iş qaydasına düşdü. O vaxta qədər adamlar da bir-birini tanımağa başladılar, xalq cəbhəsi də bir təşkilat kimi formalaşdı.

Şəxsi maşını olduğundan və peşəsilə bağlı rayonlara, kəndlərə tez-tez getdiyindən, bölgələrdə daha çox insan tanıdığından Aydın Xalq Cəbhəsinin fəal təbliğatçısına və təşkilatçısına çevrilmişdi. Makinada yazdırdığımız vərəqləri və sənədləri böyük həvəslə aparıb rayonlarda paylayırdı. Rayon və kəndlərdəki milli fəallar haqqında bizlərə bilgi gətirirdi. O, bir növ canlı körpüyə çevrilmişdi. Mən Naxçıvanda yaşasam da, Aydın Çobanoğlu və onun kimi fəalların sayəsində bölgələrimizdəki milli azadlıq hərəkatı fəallarını qiyabi də olsa tanıyır, lazım gələndə birbaşa onlara müraciət edə bilirdim.

 Həmin gərgin və ağır günlərdə Aydın bəy böyük cəsarətlə bütün məclislərdə həm şeirləri ilə, həm də sazı ilə milli azadlıq hərəkatını təbliğ edirdi.

Onun ölümü də vətənpərvərliyindən – millətinə, vətəninə sevgisindən oldu. Vətən üçün kiçicik bir iş görənə də böyük məhəbbəti olan, onlara bacardığı qədər yardım etməyə can atan Aydın Çobanoğlu yol kənarında durmuş “əsgərlər”i mənzilə vaxtında çatdırmaq üçün onları maşınına əyləşdirib. Sən demə, insanların həssaslaşmasından, vətəni qoruyan əsgərlərə məhəbbətinin artmasından istifadə etməyi düşünənlər də varmış. Onlar əsgər paltarı geyərək bu paltarla diqqəti cəlb etmiş, Aydın Çobanoğlunun maşınına əyləşərək onu yoldan-izdən uzaq bir yerə aparmışlar.

Maşını aparıb dəyər-dəyməzinə satmaq həvəsilə gənc bir sənətkarı, coşğun bir vətəndaşı öldürmüşlər. Aydının öldürülməsi bir zərbə idisə, Azərbaycan əsgəri geyimilə cinayət torədilməsi də vətənsevərlərə bir zərbə oldu. Bu və buna bənzər hadisələrlə yenicə yaranan Azərbaycan ordusunun əsgər və zabitlərinə inamı və məhəbbəti sarsıtdılar.

Əli Şamil

Çap olundu: “Duz sarayı”nda “konsert” (Aşıq Aydın Çobanoğlu haq­qın­da), “Xalq cəbhəsi” qəzeti, 5 aprel 2011-ci il, sayı 57(2225), səh. 14.

 

 

 

 

 

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol