Əzizə Cəfərzadə haqqında

BİR ŞİRİN NAĞIL KİMİ

Əzizə Cəfərzadənin “Nətavan haqqında hekayələr” kitabını 1960-cı illərdə – orta məktəb şagirdiykən oxumuşdum. Kitab mənə çox maraqlı gəlmişdi. Çünki bədii əsər olsa da, oradkı tarixilik, faktlara dəqiq dayanma vardı. 1968-73-cü illərdə Bakıda Azərbaycan Dövlət Unversitetinin Jurnalistika fakültəsində oxuyanda Əzizə Cəfərzadənin adını eşidirdim. Əlyazmalar İnstitunda işlədiyini də bilirdim.  Ancaq onunla şəxən tanış olmama münasib şərait yaranmamışdı.

 Sonralar onun dalbadal  “Bakı-1501”, “Vətənə qayıd”, “Aləmdə səsim var” və b. tarixi romanlarını çap olunmağa başladı. Əsərlər böyük tirajla çap olunurdu. Buna baxmayaraq çox vaxt oxucular kitab tapa bilmədiklərindən gileylənirdilər. O, əsərləri mən də böyük həvəslə oxuyurdum.

 Əzizə xanım tarixi romanlar ilə daha çox məşhurlaşsa da onun elmi-publisistik məqalələrini də diqqətlə izləyirdim. Təyinatla Naxçıvana- “Şərq qapısı” qəzetində işləməyə getmişdim. Kommunist partiyasının üzvü olmasam da  “Partiya həyatı” şöbəsində ədəbi işçi kimi işləməliydim. O dovrdə “Partiya həyatı” qəzetin ən nüfuzlu və prespektivli şöbəsi sayılırdı. Burada işləmək gələcəkdə rəhbər partiya-sovet təşkilatlarında işlə getməyin başlanğıcı sayılırdı. Amma mənim orada işləməyə həvəsim yox idi. Maraq dairəm ədəbiyyat, tarix, etnoqrafiya, folklor və s. idi.

Son kursda oxuyanda təyinat yerimi bildiyimdən 1905-1930-cu illərin qəzet jurnallarından, arxivlərdən, köhnə kitablardan Naxçıvanla bağlı xeyli material toplamışdım. Qəzetdə işə başladıqdan sonra topladığım materialları yerli faktlarla zənginləşdirib, necə deyərlər kəm kəsirini düzəldib məqalələr yazmaq istəyirdim.

Hümmət Əlizadənin 1935-1936-ci illərdə «Azərnəşr»də çap etdirdiyi iki cildlik «Aşıqlar» kitabındakı «Sədərəkli Qorxmaz» şerinin izi ilə materiallar toplamağa  çalışırdım. Əzizə Cəfərzadə «Azərbaycan» jurnalının 1970-ci il 8-ci sayında «Aşıq şeiri tərzində ictimai motivlər» məqaləsini də oxudum. Əzizə xanım yazır: «Naxçıvanın Sədərək kəndində qaçaq olmuş Qorxmazın adı ilə bağlı şerlər diqqəti cəlb edir. Bu yoxsul kəndli eyni zamanda öz sevgili arvadı Tellini də (Nəbinin Həcəri kimi) yanına alıb dağlara çıxmalı olmuşdur. Onu da elindən, günündən, qohum-qardaşlarından ayrı salmışdılar. Qorxmazın adı ilə bağlı olan şeirlərdə dərin bir kədər, həzin bir sızıltı var:

 

Bir gün çıxdım Sədərəyin düzünə,

Qarşı durdum mən düşmənin yüzünə,

Güllə dəysin müxənnətin gözünə,

- Ağla Tellim, ayrılırsan elindən,

Tasma kəmər asılıbdır belindən.

 

Mən sığındım Sədərəyin daşına,

Səni alıb qaşdım dağın başına,

Axır həsrət qaldım yar-yoldaşıma,

Ağla Tellim, ayrılırsan elindən,

Tasma kəmər asılıbdır belindən.»

 

Əzizə Cəfərzadənin bu məqaləsi bölgədə unudulmaqda olan xatirələri bir daha canlandırıb. Qorxmaza marağı artırıb. İliç(İndiki Şərur) rayonunda çıxan «İşıqlı yol» qəzetinin əməkdaşları Çingiz Nağıyev və İslam Əliyev Qorxmazı tanıya biləcək adamlarla görüşür, xatirələri toplayır və geniş məqalə yazırlar. Məqaləni işlədikləri qəzetin 1970-ci ilin 4 dekabrındakı 112 (586) sayının 3-cü və 4-cü səhifələrdə «Qaçaq Qorxmaz» başlığı ilə çap etdiriblər. Az sonra, yəni  1970-ci ilin  dekabrın 25-də həmin məqalə bir az redaktə və ixtisar edilmiş şəkildə «Şərq qapısı» qəzetinin  296 (9696) sayında 4-cü səhifədə «Qaçaq Qorxmaz kimdir?»  başlığı altında çap olunub.

Əzizə Cəfərzadə məqaləsində Qorxmaz haqqında şeirin iki bəndini vermişdi. Mənim isə Hümmət Əlizadənin kitabından aldığım şeir isə beş bənd idi. Əzizə xanımın Əlyazmalar İnstitunda  işlədiyini, qaynaqlara yaxşı bələd olduğunu bilirdim. Odur ki, Bakiya gələndə görüşüb əlavə bilgilər almagı qərarlaşdırdım. Əzizə xanımla Azərbaycan Dövlət Unversitetində görüşdük. O, burada müəllim işləməyə başlamışdı. Özümü təqdim etdim. Jurnalistika fakültəsini bitirib Naxçıvanda qəzetdə işlədiyimi, «Azərbaycan» jurnalının 1970-ci il 8-ci sayındakı «Aşıq şeiri tərzində ictimai motivlər» məqaləsində adını çəkdiyi Qorxmazla bağlı materiallar topladığımı, Qorxmazın Sədərəkli deyil Kəsəmən yaxınlığındakı Kəsəmən kəndindən olduğunu söylədim.

Əzizə xanım məni dinlədikdən sonra:

- Əmin Abid haqqında diplom işini siz  yazmışdınız- deyə xəbər alandan mən həm çaşqınlıqla nə deyəcəyimi bir an unutdum. Həm də qürürlandım ki, mənim diplam işimdən Əzizə Cəfərzadənin də xəbəri var. Mənim çaşqınlıqla ona baxdığımı gördükdə:

-Xeyirxah və gözəl bir iş başlayıbsan. Nəbadə onu  yarımcıq qoyasan. Əmin Abid gözəl insan, istedadlı alim olub.  Heyif ki, çox gənckən məhv etdilər. Onlar sağ olsaydılar ədəbiyyat tarıxımız indi bu gündə olmazdı.  

Mən sanki nə üçün gəldiyimi unutmuşdum. Böyük həvəslə Əmin Abid haqqında söhbətə girişmişdim. Əzizə xanın  Əmin Abiddən, böyük qardaşı Əliabbas Müznibdən, ataları Mütəllibdən, anası Reyhandan xeyli söhbət açdı. Onda bildim ki, Əzizə xanım Əmin Abidin ailəsini yaxından tanıyırmış. Ürək ağrısıyla bildirdi ki, vətən və millət fədaisi Əliabbas Müznib, Əmin Abid kimi şair və alimləri, Hüsüyin Nicdət kimi ziyalı və xeyirxah insanın böyüdüyü bu ailə istər çar rejimi dövrində, istərsə Sovet dövründə maddi çətinliklər, sıxıntılar və təqiblər altında yaşamışlar.

Əzizə Cəfərzadə Abidin anası Reyhanın ailənin dolanışığını təmin etmək üçün evdə başmaq, balıncüzü və s. tikib satdığından, qadınlar və uşaqlar  üçün Quran kursları təşkil etdiyindən,  mərsiyəxanlığından söhbət açdı və gülümsəyrək “Uşaqlıqdan yadımda bir şeir parçası qalıb: 

 Molla Reyhan doğdu gecə,

Evdə qoydu balaca becə.

Gedib layla deməyə,

Yoxsa Hüseyin vay deməyə?!- dedi və əlavə etdi. “Kimin bu şeri qoşduğunu bilmirəm, uşaqlıqdan məhlədə eşitmişdim”.

Söhbətimizin çox uzandığını görən Əzizə xanım özü söbəti Qorxmaz mövzusuna qaytardı. Cavabı da qısa oldu. Onu dedi ki, Qorxmaz haqqında geniş bilgim yoxdu. Şeiri Hümbət Əlizadənin kitabından götürmüşəm. Oradakı “Mən sığındım Sədərəyin qaşına, Güllə dəysin müxənnəsin başına” beytinə görə Sədərəkli Qorxmaz yazdım.

Mən Qorxmaz haqqında şeirlərin, əlavə bilgilərin harada ola biləcəyini xəbər aldım. O, Sədərəkdən gənc şair Vaqif Məmmədovun da bu mövzuda ona məktub yazdığından və onun məktubunu cavablandırdığından söz açdı. Mənə məsləhət gördü ki, Qacaq Qorxmaz haqqında yenidən xatirələri toplayım, aşıqlarla görüşüb bu mövzuda dastan, şeir olub olmadığını öyrənim. Əvvəllər bu mövzuda kiminsə yazılması məni həvəsdən salmasın. Mən mövzunu gündəmə gətirim, yenidən xatirələri oyadım. Qaçaq Qorxmaz haqqında mütləq məqalə yazım.

Əzizə Cəfərzadə ilə şəxsi tanışlığımız məndə xoş ovqat yaratdı. Onun özünü  sadə, qayğıkeş və səmimi aparması, bilmədiklərini söyləməkdən çəkinməməsi məni cəsarətləndirdi. Sonralar da mənim üçün qaranlıq qalan bir məsələ ilə rastlaşdıqda çəkinmədən ona müraciət edə bilirdim. Bilirdim ki, başdansovdu cavablar verməyəcək, bilmədiyi məsələ haqqında özünü bilən kimi göstərməyəcək.

 Naxçıvanda işlədiyim illərdə imkan düşən kimi folklor nümunələri toplamağa, tarixi yerləri öyrənməyə, arxivlərdə axtarışlar aparmağa cəhd göstərirdim. Xüsusilə, yeri yurdu bəlli olmayan aşıqlar haqqında məlumat  toplamağa daha çox meyilli idim. Düşünürdüm ki, ola bilməz ki, şeirləri dillər əzbəri olan sənətkarın doğru düzgün ömür yolu haqqında bilgi olmasın.

Şeirləri məclislərdə ustadnamə kimi oxunan Ulululu Kərimni haqqında da elə bir bilgi yox idi. Onun şeirlərini toplayanda Əzizə Cəfərzadə Mücrüm Kərim şeirlər kitabını çap etdirdi. Onun alimliyinə, tədqiqatçılığına böyük hörmətim var idi. Amma Ululu Kərimin şeirlərinin bir neçəsini Mücrüm Kərimin kitabına daxil etməsinə, necə deyərlər ona mal etməsinə təəccüb qalmşıdım.  Bakıya növbəti səfərim zamanı Naxçıvandan ayrı-ayrı adamlardan və Gürcüstandan – Aşıq Əmrahdan topladığım şeirləri də götürüb Əzizə xanımın yanına gəldim. Kitabda Mücrüm Kərimin adı ilə verilən şeirlərin bəzilərinin Ululu Kərimə aid olduğunu, hətta möhürbənddə bu aydınca görüldüyünü  dedikdə o, güldü:

- Çox sağ ol. Xeyli əziyyət çəkib maraqlı materiallar toplayıbsan. Mən o kitabı çap etdirməsəydim, sən də Ululu Kərimi axtarmayacaqdın. Mən arxivlərdə, köhnə kitablarda, qəzet və jurnallarda Kərim möhürbəndiylə nə şeirə rast gəldimsə onları bir kitabda topladım. Mən o kitabı çap etdirməsəydim bəlkə sizlər də belə cani-dildən doğrunu axtarmazdınız.  Elə düşünmə ki, hər bir alimin yazdığı Quran ayəsidir.

Ululu Kərimlə bağlı bu qədər çox material toplayıbsan, bunlardan indiyədək bir məqalə yazıbsanmı? Gözləyirsən ki, həqiqəti tapasan?! Ona kimi Allah bilir nələr olacaq. Topladığın materiallar harda itib-batacaq. Səni kimiləri çox olub. Əllərində material çox olub.Vaxtında çap etdirmədiklərindən itib-batıb. Sabirin Abbas Səhhətə verdiyi yazılar kimi. Abbas Səhət onu vaxtında açıb çap etdirseydi indi bizlər də rahat olardıq. Nə qədər alim o yazıları axtarır. Tapılmır ki, tapılmır. Get əlindəki materiallardan bir məqalə yaz və təcili çap etdir. Orada məni də tənqid et. Yaz ki, Əzizə Cəfərzadə Ululu Kərimi Mücrüm Kərimdən ayıra bilməyib.

Gördüm Əzizə Cəfərzadə bir çox alimlər kimi  nöqsanlarını deyənə düşmən kəsilən, hay-küy salan adam deyil. Əksinə çox səmimi çəkildə onu da tənqid etməmi təklid edir. Mənimlə öz yaşıdı kimi rəftar edir, sözlərimə çox dəyər verdir. Məni daha da axtarışa, yazmağa həvəsləndirir.

Naxçivana dönən kimi, el şairinin haqqında bir məqalə yazdım. Bir misrasını - Ululu Kərimi axtaran tapar misrasını da başlığa çıxardım. Məqaləm “Sovet Naxçıvanı” qəzetinin 1985-ci ilin   iyunun  29-da, 152 (14493) sayında çap olundu. Qəzetin bir neçə nömrəsini Əzizə xanına göndərdim.

Payızda Qulu Xəlilovla görüşmək üçün filologiya fakültəsinə gələndə dəhlizdə Əzizə xanımla görüşdük. O məni kafedraya dəvət etdi. Məqaləmdən söz açdı və onu yüksək dəyərləndirdiyini bildirdi. Sonra da əlavə etdi ki, bununla kifayətlənmə axtarışı davam etdir. Kafedradakıların bəziləri mənə tənə edəndə Əzizə xanım onlara qarşı çıxdı. Bu işi mənə özü tapşırdığını söyləyəndə təəccüb qaldılar.

1988-93-cü illərdə başım milli azadlıq hərəkatına bərk qarışdığından Əzizə xanımla bir dəfə də olsun görüşə bilmədim. Hətta  1993-cü ildə Bakıya göçsəm də onunla xeyli əlaqə saxlaya bilmədim.

 Əzizə Cəfərzadə ilə 1995-ci ildən sonra əlaqələrimiz daha da artdı. Söhbətlərimiz, görüşlərimiz tez-tez oldu. Əzizə xanım tarixi romanları yazanda artıq kitabxanalara çox gedə bilmirdi, gözü yaxşı görmürdü – + 6 eynək taxırdı. Mən o vaxtlar Ensiklopediyada işləyirdim. Əzizə xanım mənə zəng vurub tarixi hadisələr, şəxsiyyətlər, bölgələrin coğrafiyası haqqında bilgi istəyirdi. Çox vaxt o bildiyi məsələləri də bir daha yəqinləşdirmək üçün məndən xəbər alırdı.

Mən də kitablara baxırdım, araşdırırdım, özüm üçün qeydlər götürürüdüm, sonra da Əzizə xanımla bunları bölüşürdüm. Əzizə xanım mənə əlavə suallar verirdi. Mən də oxuduqlarımdan yadımda qalan varsa deyirdim, yadımda qalmayan üçün isə yenidən baxacağıma söz verirdim. Bəzən qaynaqları Əzizə xanım özü deyirdi. Gəlib ikinci dəfə həmin qaynaqlara baxanda görürdüm ki, həqiqətən də mən o şeylərə diqqət yetirməmişəm. Ancaq Əzizə xanımın deməsiylə tapırdım. Bir gün yenə Əzizə xanımgilə getmişdim.

Əzizə xanım yeni bir romanın üzərində işləyirdi. Onun tapşırığı ilə hazırladığım materialları makinada yazdırmışdım. Oxuyurdum ki, əlavə sualları olsa gedib onlara cavab axtarım. Makinada yazdırmış olsam da ərəb adlarını oxuduqda yanlışlığa yol verdiyimi görən Əzizə xanım səhifələri əlimdən aldı. Olduqca rəvan olmağa başladı. Əzizə xanım yazını gözlüksüz oxuyurdu. Mən təəccübləndim ki, həmişə +6 gözlükdən istifadə edən Əzizə xanım indi gözlüksüz neyə oxuyur?  O səhifəni başa catanda birdən dönüb üzümə baxdı. Nəfəs çəkmədən onu izlədiyimi görüb gülərək:

- Ağzını ayırıb nə baxırsan. Bir zaman qulağım eşidirdi gözüm görmürdü, indi gözüm on altı yaşında qızın gözü kimi görür, qulağım eşitmir. İstəyirsən  iynə ver saplayım.-dedi.

Əzizə xanımın sözündən sonra təəccüblə ona baxdığımın fərqinə vardım. Özümü yığışdırdım. O isə təbəssümlə dedi ki, bu yalnız onun başına gələn iş deyil. Tibbdə bu normal hal sayılar.

Bir dəfə də Əzizə xanımdan xəbər aldım ki, nədən 1940-ci illərdən sonra yaradıcılıqdan uzaqlaşıb.  O mənə tənə ilə:

- Səni savadlı, dünyagörüşlü bir jurnalist, ədəbiyyatçısan kimi tanıyıram. Necə olub ki, Sov.İKP MK-nın katibi Jdanovun 1940-ci illərin ikinci yarısındakı çıxışlarını, Mərkəzi Komitənin qərarlarını unudubsan?!

O hadisələrdən sonra da milli respublikalarda da qərarla bağlı tədbirlər həyata keçirməyə başladılar. Azərbaycanda Anna Axmatovaya, Sabit Rəhmanı da Zoşşenkoya bənzətdilər. Başladılar bizi sıxışdırmağa. Mətbuatın tənqid hədəfinə çevrildik. Ona görə də bir müddət yaradıcılıqdan uzaqlaşmalı oldum.

 Əzizə  xanımla söhbət etmək mənə həddən artıq xoş idi. Yaşadığı o sıxıntılı illəri nikbinliklə xatırlayırdı.  Atasının iki arvadı olduğunu, analığının onu böyük məhəbbətlə sevdiyini, xalq ədəbiyyatına onda böyük marağı analığı oyatdığını xatırlayır, bir şirin nağıl kimi danışırdı.

Əli Şamil

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol