Xalq hərəkatının təmənnasız döyüşçüsü-Bünyamin Qəmbərli

                                                                                  Əli Şamil

XALQ HƏRƏKATIMIZIN TƏMƏNNASIZ

DÖYÜŞÇÜSÜ

Peşəmlə bağlı olaraq  müxtəlif  sahələrdə çalışan  insanlarla tez-tez görüşməli olurdum. Şairlər, yazıçılar, jurnalistlər, sənət və elm adamları  arasında  millətçi, vətənsevər, üsyankar insanlara daha çox rast gəlirdim. Onlar azadlıqdan, vətənin xilasından,  insanların xoşbəxt gələcəyindən toylarda, yeyib-içmək məclislərində gözəl nitqlər söyləyirdilər. Heyranlıqla onları dinləyir, onlarla qürur duyur, onlarla oturub durmağa, dostluq etməyə can atırdım.

Elə ki, 1988-ci il gəldi, elə ki Rusiyanın təhriki ilə erməni separatçıları Dağlıq Qarabağ Muxtar Vilayətini Azərbaycandan  qoparıb Ermənistan Respublikasına birləşdirmək istədilər onda tamam başqa bir mənzərənin şahidi oldum. Gördüm ki, vətənsevər, millətçi, inqilabçı kimi tanıdıqlarımın  bir çoxu icazəli qəhrəmanlar imiş.  Onlar bu işə etiraz səslərini ucaltmadılar. Küncdə-bucaqda danışsalar da, narazılıqlarını bildirsələr də rəsmi toplantılarda, rəhbər vəzifəlilərin yanında Moskvanın buyruqlarını təkrarladılar, hakimiyyətdəkilərin dediklərinə haqq qazandırmağa, neçə deyərlər onların əmirlərini xalqa sırımağa, milləti sakitləşdirməyə, etiraz dalğasını söndürməyə çalışdılar.

Onlardan : “Nədən səsinizi ucaltmırsınız, nədən etiraz etmirsiniz ?” deyə xəbər aldıqda isə sakitliklə “Buz mədəni ziyalılarıq, qaraguruh kimi hay-yaraq qopara bilmərik” deyirdilər. Xalqın ziyalı, millətin düşünən beyni, görən gözü kimi tanıdığı ziyalılar hakimiyyət orqanlarının təşkil etmədiyi toplantılara qatılmırdılar.  Özləri xalqın qarşısına çıxıb onu təşkilatlandırmaq əvəzinə küncə-bucağa çəkilərək mitinqləri kənardan seyr edir, onu təşkil edənləri, çıxışçıları, savadsızlıqda, bacarıqsızlıqda ittiham edirdilər. Ən cəsarətliləri mitinqləri kənardan seyr etməklə öyünürdü: “Mitinqlərə getdik, yumruq qaldırdıq” deməklə kifayətlənirdilər.  

Cəmiyyətdəki bölgüdən narazı qalanların da böyük bir qismi isə xalq hərəkatına qoşuldu. Onların bəzilərini vətən və vətənin düşdüyü girdab o qədər də maraqlandırmırdı. Quruluşun dəyişməsini, Azərbaycanın əsarətdən qurtarmasını da istəmirdilər. İstədikləri toplumun gücündən yuxarılara təzyiq vasitəsi kimi istifadə edərək vəzifə almaq idi.

Kiçik bir qrupun gücü ilə təşkil olunan mitinqlərə gələnlərin sayı isə çox olurdu.  Hakimiyyətdən narazı  olan bu qüvvələrin maraq, istək və amalları fərqli-fərqli idi. Onların çox az qismi Azərbaycanın SSRİ-nin tərkibindən çıxmasını, Avropa ölkələrindəki kimi dövlət qurulmasını, insan haqlarına əməl edilməsini, rüşvətxorluğa, yaltaqlığa, saxtakarlığa qarşı  mübarizə aparılmasını,  gələcəkdə Araz çayı boyu uzanan sərhədin aradan qaldırılmasını istəyirdi. Belə insanlardan biri də Bünyamin Qəmbərli idi. 

Bünyamin bəyi mən tanıyanda 23-24 yaşı olardı.  Bakıda institutu bitirib doğulub, boya- başa çatdığı Nehrəm kəndinə dönərək idman müəllimi işləyirdi. Mən də 1973-cü ildə Bakıda Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsini bitirib, təyinatla Naxçıvandakı “Şərq qapısı” qəzetində işləməyə getmişdim. İşimlə əlaqədar Nehrəm kəndinə tez-tez gedirdim. Burada  çoxlu tanışım olsa da oturub-durduğum, necə deyərlər söhbətim tutanların sayı bir əlimin barmağını keçən  deyildi.

1988-ci ildən isə onların sayı sürətlə artdı. Buna da səbəb xalq hərəkatı oldu. Hərəkatçılar arasında  mübariz,  əqidəsindən dönməyən, xalqının azadlığı uğrunda canından keçməyə hazır olan insanlar gördüm. Onlardan biri də Bünyamin Qəmbərli idi. Bünyəmin bəy tariximizi, ədəbiyyatımızı tanıdığım tarix, ədəbiyyat müəllimlərinin çoxundan gözəl bilirdi. Lakin bilgisi ilə heç vaxt da qürurlanmırdı. Necə deyərlər savadını gözə soxmağa çalışanlardan deyildi. Əksinə həmişə özünü qınayır, bilgisinin az olduğundan gileylənir, əlinə keçən sənədləri, kitab və məqalələri acgözlüklə oxuyurdu.

Dövrün bir çox aydınları kimi yazılanlara kor-koranə inanmır, necə deyərlər daha çox bir təbliğat vasitəsi kimi baxırdı. Bu təbliğatın arxasında nə durduğunu aydın görürdü. Çox vaxt faktları  öz məntiqi və hissləri ilə təhlil edirdi. Məqalə, kitab müəllifinin məşhur elm, mədəniyyət, ədəbiyyat, yaxud dövlət adamı olması onu təsir altına salmırdı. Vətənin başı üzərini almış təhlükəni  aydın görürdü. Odur ki, yorulmaq bilmədən insanlarla görüşür, kiçik bir işartı gördüyü adamlarla dəfələrlə görüşür, söhbətləşir, ona kitablar, məqalələr aparmaqdan, oxuduqlarını birgə müzakirə etməkdən yorulmurdu.  Yaxşı bilirdi ki, təkbaşına heç bir iş görmək olmaz. Vətənsevərləri bir təşkilat ətrafında birləşdirmək  lazımdır. Bunun üçün də əlindən gələni əsirgəmirdi.

Gizli təşkilat quruculuğunda olduqca fəallıq göstərən, soydaşlarının maariflənməsi üçün müxtəlif formalar axtarıb tapan Bünyamin Qəmbərlinin bu fəallığı mühafizəkarları, mütiləri, qul psixologiyası ilə yaşayanları və söz pəhləvanlarını heç də razı salmırdı. Bünyamin onlar üçün özündən razı, nihilist, neçə deyərlər axının əksinə üzənlərdən idi. Belələri onun dediklərini,  hərəkətlərini düzgün başa düşə və anlaya bilmirdilər.  Qəribəsi bu idi ki, onlar 5-6 il sonra Bünyamin Qəmbərlinin fikirlərini təkrarlayanda, neçə deyərlər onun söylədiklərinə müticəsinə əməl edəndə və onun istəklərini yerinə yetirəndə də Bünyaminə düşmən kimi baxır, yenə də onun əleyhinə çıxır, onu inkar etməyə çalışırdılar.

1918-ci il mayın 28-də elan edilmiş Azərbaycan Xalq Cümhuriyyətinin üç rəngli bayrağını düzəltdirib təbliğ edəndə, məktəbdən, evlərin üstündə asanda, küçədə gəzdirəndə ona təzyiq göstərənlər sonralar həmin bayrağı öpərək başları üzərinə qaldırdılar və o bayrağın altında rüşvət toplamağa başladılar. Bünyamin isə o bayrağın daşıdığı ideyaya bağlı idi. Onun ucaldılmasında heç bir maddi marağı yox idi.

O, 1988-1991-ci illərdə üçrəngli bayrağı cıranlara, onun insanların başı üzərində dalğalanmasına əngəl olmağa çalışanlara qarşı necə münasibət bəsləyirdisə, indi də həmin bayrağın altında rüşvət toplayanlara, saxtakarlıq edənlərə həmin cür münasibət bəsləyir.

Zaman Bünyamin Qəmbərlinin haqlı olduğunu sübut edirdi. Amma ona qarşı duranlar yenə də bunu görmək istəmirlər.

Bünyamin Qəmbərli və onun kimi azsaylı vətənsevər gizli dərnək üzvlərinin zəhməti öz bəhrəsini verdi. Yaratdıqları dayaq dəstələri qanunsuz da olsa açıq fəaliyyətə keçdilər. Bu gücə qarşı hakimiyyət orqanları dura bilmirdilər. Lakin onları rəsmi şəkildə tanımaq da istəmirdilər. Özlərini görməməzliyə, eşitməməzliyə vurur, keçirilən mitinqlərin qətnamələrini bir küncə atır, onları hətta qeydiyyata almağa belə cəsarət etmir, yuxarıdan göstərişlər gözləyirdilər.

Xalq cəbhəsi ətrafında toplaşanlar isə soydaşları olan hakimiyyət nümayəndələri ilə onların özləri kimi sərt davranmır, mübarizəni dinc yolla aparırdılar. Xalq cəbhəsinin tanınması üçün hökumətə edilən rəsmi müraciətə onminlərlə imza toplanmışdı. Bu imza toplanması kompaniyasında nehrəmlilər birinci idilər. Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin qarşısında keçirilən üç günlük kütləvi aclıq aksiyasının təşkilat komitəsinə Bünyamin Qəmbərli rəhbərlik edirdi. 1989-cu ildə Naxçıvanda Xalq Cəbhəsinin birinci konfransının keçirilməsində necə fəallıq göstərirdisə, Araz boyu çəkilmiş, Azərbaycanı ikiyə bölən sərhəd məftillərinin sökülməsində də həmin fəallığı göstərirdi.

O, həm təkliflər verir, həm təkliflərin həyata keçirilməsi üçün adamları səfərbərliyə alır, həm də xalq cəbhəsini qəbul etdiyi qərarların icrasında sıravi bir üzv kimi iştirak edirdi. 1989-cu ilin noyabrında Azərbaycan Xalq Cəbhəsi Naxçıvan Vilayət Təşkilatı məclisində Azərbaycanı ikiyə bölən tikanlı məftillərə etiraz kompaniyası müzakirə ediləndə ən çox fəallıq göstərənlərdən biri də Bünyamin Qəmbərli oldu. Tikanlı məftillərə etiraz əlamət olaraq Araz qırağında dəfələrlə kütləvi mitinqlər təşkil edildi. Mitinqlər bir nəticə verməyəndə sərhəd məftilləri sökülənədək çadırlar quraraq orada qalmağı qərarlaşdırdılar. Etirazın bu formasının baş tutacağına nə sərhədçilər, nə partiya-sovet işçiləri, nə xüsusi xidmət orqanlarının əməkdaşları, nə də bəzi cəbhəçilər inanırdılar. Çünki Naxçıvan kimi qışı sərt keçən bir yerə qışın ortasında qızdırılması mümkün olmayan çadırlarda yaşamaq bilərək ölümün ağuşuna atılmaq demək idi. Naxçıvanlı gənclər bunu etdilər. Bünyamin Qəmbərlinin rəhbərlik etdiyi Nehrəm dayaq dəstəsinin üzvlərinin dözümü Moskvadan gələn jurnalistləri də, generalları da heyrətə salmışdı.

Bünyaminin o dövrdə jurnalistlərin verdiyi suallara cavabları, generallarla, rəhbər partiya-sovet işçiləri ilə söhbətləri xalqımızın mübarizə tarixinin ən şərəfli səhifələrindəndir. Bunun üçün Moskvada çap olunmuş qəzet və jurnallara baxmaq kifayət edər.

Sərhəd boyundakı tikanlı məftillər söküləndən sonra vəziyyətlə yerindəcə tanış olmaq üçün Sov.İKP MK katibi, Girenko, SSRİ Millətlər Sovetinin sədri Nişanov, SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin bir neçə generalı, Sov.İKP MK-nın işçiləri, Azərbaycan KP MK-nın birinci katibi Vəzirov 1990-cı ilin yanvarın 5-də Naxçıvana gəlmişdilər. Onları gətirən qatarın qarşısının Qızılvən dəmiryol stansiyasında nehrəmlilər tərəfindən kəsilməsi və orada olan söhbətlər ayrıca bir mövzudur. 

Qəribəsi bu idi ki, gizli təşkilatın ətrafında birləşənlərin bir qismi rəhbərliyə seçilmək üçün dəridən qabıqdan çıxırdılar. Onları seçməyənlərdən inciyir-küsür, narazılıqlarını bildirirdilər. Bünyamin isə seçilməyə, rəhbər heyətə düşməyə can atmırdı. Amma həmişə onu seçir, ona etimad göstərirdilər. Bu seçimlər də nə pul, nə var dövlət, nə şöhrət qazandırırdı, əksinə əzab-əziyyət, yuxusuz gecələr, yorğunluq, ailənin onsuzda az olan büdcəsindən kəsib ümumi işə xərcləmək, təqib və təhqir olunmaq, hətta həyatını təhlükə altında qoymaq vardı. Buna baxmayaraq vətən və millət sevgisi Bünyəmini və bünyəminkimilərini məmnunluqla bu işi boyunlarına götürməyə vadar edirdi. 

Təmənnasız vətəni və milləti üçün iş görmək istəyən belə insanların haqqında dedi-qodu, şər-şamata yaymaqdan belə çəkinmirdilər. Buna bir misal çəkəcəm. 1990-cı ilin 20 yanvar hadisələrindən sonra Xalq Cəbhəsinə axın edənlər, ona maddi yardım göstərənlər olduqca çoxalmışdı. Çünki, 1918-1920-ci illərdə rusların yardımı ilə erməni silahlı dəstələri naxçıvanlı müsəlmanlara hansı divanlar tutduqları, onların qəddarlıqları yaddan çıxmamışdı.

Bir az keçmədi ki, hər yerdə dedi-qodu yayılmağa başladı ki, cəbhəçilər yedi-dağıtdı! “Yedi-dağıtdı” şayələrində Bünyaminin adının da çəkilməsi məni çox üzürdü. Çünki, Bünyamin Qəmbərli cəbhəçilər arasında ən gözü-könlü tox olan birisi kimi tanınırdı. Nehrəm kəndindəki Xalq Cəbhəsinin dayaq dəstəsi də ən güclü və mütəşəkkil bir təşkilat idi. Naxçıvan şəhərində keçirilən mitinqlər çox vaxt nehrəmlilər gəlməmiş baş tutmurdu. Çünki onların sıx birliyini heç bir milis dəstəsi, hökumət məmuru poza bilmirdi.

Rusların təhriki ilə erməni silahlı dəstələri Kərkiyə, Sədərəyə basqın edəndə də müdafiə xəttinin önündə həmişə nehrəmliləri görmək olurdu. Partiya-sovet işçiləri də, milislərin bir çoxu da onlarla qürur duyduqlarını söyləyirdilər. Belə bir vəziyyətdə Bünyamin kimi təşkilatçı və saf birisi haqqında böhtanların yayılmasını istəmirdim.

Azərbaycan KP Naxçıvan  Vilayət Komitəsinin birinci katibi Afiyəddin Cəlilovla görüşdə tələb edəndə ki, məmurların yaydığı bu cəfəngiyatı yığışdırsın. O, çox sakit və səmimi görünməyə çalışaraq dedi: “Bu mümkün deyil. Bizim partiya - sovet işçilərinin, milislərin, idarə və müəssisə müdirlərinin bir qismi ümumxalq malını mənimsəməkdə o qədər mahirləşiblər ki gəl görəsən. Hökumətin yüz cür nəzarət mexanizmi olmasına baxmayaraq onların oğurluğunun üstünü aça bilmir. İndi birdən xalqın nəzarətsiz gətirib Xalq Cəbhəsinə pul, qızıl vermələrini bağışlaya bilmirlər. Bünyaminlər yığılan vəsaitin hesabına silah almaq üçün həyatını təhlükə qarşısına qoyarlar. Döyüşə gedir, həm özlərinin, həm də dedi - qodu yayanların ailə şərəfini qorumağa çalışırlar. Bizimkilər də onlara ağılsız kimi baxır. Düşünürlər ki, kaş o vəsait bizim əlimizə keçəydi. Onda gör nəzarət mexanizmi olmayan bu vəsaiti necə mənimsəyərdik”.

Afiyəddin Cəlilov söhbətlərimizdə pul, var-dövlət, vəzifə naminə vətəni, milləti satmağa hazır olan, şərəf, namus, ləyaqət nə olduğunu bilməyən məmurların adlarını çəkir, onlardan lələdağ olduğunu söyləyirdi. Qəribəsi bu idi ki, həmin məmurları vəzifədən uzaqlaşdırmaq əvəzinə vəzifələrini yüksəldir, onlara daha çox səlahiyyətlər verirdi.

Bir dəfə sərxoş olmuş hərbiçilər zirehli maşınları ilə Nehrəm kəndinə girib mağazadan araq almaq istəmələri camaatı bərk narahat etmişdi. Onda nə cib telefonu vardı, nədə kənddəki telefonlar normal işləyirdi. Bünyamin dayaq dəstəsinin üzvləri ilə zirehli maşının qarşısını kəsib onların kənddən çıxmasına əngəl olmuşdu. Naxçıvanda hərbiçilərin qanunsuz hərəkatları haqqında bilgi vermiş, rəhbərlikdən nümayəndələr gələnədək zirehli maşının qarşısından çəkilməmişdi.

Onda hərbiçilər Bünyaminin də, onun cəbhəçi yoldaşlarının da üzərindən zirehli maşını sürüb gedə bilərdilər. Görünür nehrəmlilərin kütləvi hərəkatı və onların çılğınlığı hərbiçiləri qorxutmuşdu. Başa düşmüşdülər ki, orada 10-15 adam öldürsələr belə özləri də kənddən sağ çıxmayacaqlar.

1990-cı ildə keçirilən seçimlərdə Bünyamin Qəmbərli Nehrəm kəndindən Naxçıvan MSSR Ali Sovetinə deputat seçildi. Sessiyadakı cəsarətli çıxışları ilə yada qaldı. Bəzən elə oldu ki, 110 deputat arasında yeganə etiraz edən o oldu. Zaman isə onun haqlı olduğunu göstərdi.

Bünyamin Qəmbərli əqidə adamı idi. Ona görə də nə vəzifəyə, nə var dövlətlərə aldanır. Onu təhdidlərlə, hədələrlə də qorxutmaq olmurdu. Çünki mübarizəsində haqlı olduğunu bilirdi.

O, yalnız Azərbaycan Xalq Cəbhəsi Naxçıvan təşkilatlarının gizli çap etdiyi qəzetləri, kitabçaları yayıb əldə edilən vəsaiti son qəpiyinə kimi göndərməklə kifayətlənmirdi, Gəncədə, Sabirabada və b. bölgələrdə gizli çap olunan qəzet, jurnal və kitabçaları da xalq arasında yayırdı. Özü də Xalq Cəbhəsi Nehrəm dayaq dəstəsinin “İstiqlal” adlı qəzetinin bir neçə nömrəsini çap etdirdi. Kiçik formatlı qəzetlərin bir vərəqi böyüklükdə, yəni qəzetçilərin dili ilə desək A3 formatlı iki səhifəlik bu qəzet səhv etmirəmsə Azərbaycanda yeganə qəzet idi ki, onu kənd dayaq dəstəsi çap edirdi.

Yəqin ki, bir zaman gələcək Bünyaminin Nehrəmdə yaşadığı ata-baba evinin qarşısına “1990-cı ildə gizli nəşr olunan  “Oyanış” qəzetinin redaksiyası burada yerləşmişdir” yazılacaq. 

Sərhədlər açılandan sonra gördük ki, İran İslam Respublikasında yaşayan soydaşlarımızın Azərbaycanda baş verənlər haqqında aydın təsəvvürü yoxdur. Odur ki, Siyaməkin (Rəhbəri Nasirin) təşəbbüsü ilə “Oyanış” adlı bir qəzetin nəşri planlaşdırıldı. Mətbəə olmasa da, maliyyə vəsaiti çatışmasa da əski əlifba ilə A4 formatda səkkiz səhifəlik qəzetin bir neçə sayı çap olundu. Həmin qəzetlərin böyük əksəriyyəti o taya göndərildi. İndi həmin qəzetin nümunələrini tapmaq çətin bir işə çevrilib. Türkiyəli alim, İran türklərinin ədəbiyyatının, mətbuat tarixinin tədqiqatçısı Ənvər Uzun bir neçə dəfə mənə xahiş etdi ki, “Oyanış” qəzetinin nümunələrini tapmaqda ona yardımçı olum. Təəssüf ki, onun bu arzusunu yerinə yetirə bilmədim.

Bünyamin Qəmbərli Azərbaycan müstəqillik əldə etdikdən bir neçə il sonra həbs edildi. O, buna faciə kimi baxmadı. “İnqilablar öz balalarını yeyərlər” deyimi ona çoxdan tanış idi.

Bünyamin Qəmbərli dəfələrlə ölümlə üz-üzə gəlmişdi. O, Şada döyüşlərində də, Kərməçataq-Buzqov döyüşlərində də, Sədərək döyüşlərində də ölə bilərdi. Sərhəd məftillərinin sökülməsi kompaniyasında onun əlindən zəncir çeynəyən sərhədçilərin gülləsinə də tuş gələ bilərdi, lap elə kənd mağazasından araq almağa gələn hərbiçilər də zirehli maşın onun üstündən sürüb keçə bilərdilər. Sovet hökumətinin fanatik tərəfdarları, fanatik kommunistlər də Bünyanin Qəmbərlini müxtəlif yollarla aradan götürə bilərdilər. Bəlkə də onda Bünyamin Qəmbərlini hamı bir qəhrəman kimi tanıyacaq,  adına məktəblər, küçələr veriləcək, büstü ucaldılacaqdı. İndi isə...

Bünyami Qəmbərli haqqında onu tanıyanlar çox yaza bilər, onun çox məziyyətlərindən söz aça bilər. Amma inanmıram ki, onların hansısa Bünyamin Qəmbərlinin xatirələri qədər əhəmiyyətli ola bilsin.

 

 

 

 

 

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol