Əli Şamil
KARSLI AŞIQ İSLAM
Göyçə mahalında(İndiki Ermənistan respublikası) doğulduğumdan aşıq mühiti, dastanlarımız, aşıqlarımız və el şairlərimizin yaradıcılığı ilə yaxından tanış idim. Azərbaycan Dövlət Universitetinin jurnalistika fakültəsində oxusam da filologiya fakültəsinin tələbələri kimi folklor nümunələri toplayır, aşıq musiqisinə daha çox qulaq asır, aşıqların məclisinə daha çox meyl edirdim. 1973-cü ilin yazıydı. Son kursdaydım. Mənimlə eyni kursda, filologiya fakültəsində oxuyan dostum Osman Əhməd oğlu həyəcanla gəldi ki, qohumu Qənbər Türkiyədə yaşayan Aşıq İslamı Keşəliyə(Gürcüstana) gətirdib. İcazə almadan dərsləri yarımçıq buraxıb elə həmin axşam qatarla yola düşdük. Maraq qorxuya üstün gəlmişdi, icazəsiz getdiyimə görə cəzalandırıla bilərdim. Səhər tezdən Rustavidə qatardan düşüb Keşəliyə yollandıq.
Həmin illərdə Türkiyədən qonaq gətirtmək hər oğulun işi deyildi. Cəmiyyətdə yüksək mövqeyi, nüfuzu olan, mənəm-mənəm deyənlərin çoxu ən yaxın qohumlarını belə danırdılar. Belə bir çətin şəraitdə Qənbər (Allah rəhmət eləsin) xeyli pulundan keçib, başına bəla açıla biləcəyindən qorxmayıb İslam Ərdənəri Türkiyədən – Ərdahanın Kümbətli köyündən qonaq gətirdə bilmişdi
Aşıq İslam Ərdənərin avtoqrafla
müəllifə göndərdiyi şəkil
.
Aşıq İslamın gəlişi yalnız Keşəlidə deyil, ətraf kəndlərdə də bayram əhval-ruhiyyəsi yaratmışdı. Onu evinə qonaq dəvət etmək üçün adamlar növbəyə düzülmüşdü. Özü də tək İslam kişini deyil, başının dəstəsi ilə qonaq çağırırdılar. Hər qonaqlıq bir toy məclisini xatırladırdı. Hamı kimi biz də Aşıq İslamın söz-söhbətindən doymaq bilmirdik. Bunun bir səbəbi də o idi ki, Aşıq İslam bir məclisdə etdiyi söhbəti ikinci məclisdə qətiyyən təkrarlamırdı. Türkiyədə adamların həyat tərzinə, yaşayışına, ən xırda məişət məsələlərinə dair onlarla sual verirdilər. Aşıq İslam da suallara səbir və təmkinlə cavab verirdi. Bir çoxları da xəlvətdə İkinci Cahan Savaşında və ondan əvvəl izsiz-soraqsız yoxa çıxan qohum-qardaşlarını xəbər alırdı.
Folklora, xüsusən də aşıq yaradıcılığına maraq göstərdiyimizdən Aşıq İslamın söhbətlərini diqqətlə dinləyirdik. Həmin illərdə Türkiyədən Azərbaycana kitab, qəzet, jurnal çox az gəlirdi. M.F.Axundov adına Respublika Kitabxanasının abunəçisi olduğu «Türk Folklor Araşdırmaları», «Yedditəpə», «Dil» və s. jurnalları maraqla oxuyurduq. Oradan, bir də Türkiyə radiosunun verilişlərindən tanıdığımız el sənətkarları – Sümmanı, Şenlik, Zülali, Aşıq Beyhani (İbrahim Əngin) və b. haqqında Aşıq İslamdan əlavə bilgi almağa çalışır, həm də özümüzün məlumatlılığımızı göstərirdik.
Söhbət zamanı «Türk Folklor Araşdırmaları»nın 238-240-cı saylarından əzbərlədiyim aşağıdakı qoşmanı söylədim.
Zibadır sevdiyim qəddi-qamətin,
Necə vəsf eyləyim cananım səni.
Məni Məcnun etdi çeşmi afətin,
Leylaya bənzətdim a canım, səni.
Qaşların kamandır, müjganın oxdur,
Arzı-halın çəkər, müştərin çoxdur,
Dünyanı versələr könlümdə yoxdur,
Vermərəm ey hüsnü fəttahım səni.
Ərbabı, eşqinə ey dil güvəndim,
Həsrətinlə yandı canım əfəndim,
Həqiqət eylə gəl səndə ləvəndim,
Könlümün taxtında sultanım səni.
Aşıq İslam Ərbabinin «Səni» rədifli qoşmasını söylədiyimə o qədər də təəccüb etmədi. Onun haqqında xeyli xoş sözlər söylədi. Mən də bu fürsətdən yararlanıb təəssüflə bildirdim ki, jurnalda aşığın çox dəyərli divanisinin bir beyt veriblər. Aşıq İslam hansı divaninin bir beytini verdikləri ilə maraqlandı. Mən də aşığın Türkiyədə çap olunan jurnalı oxumadığını hiss edən kimi daha həvəslə, bir az da özümü göstərən sayaq:
Həsrətindən xəstəyəm, təşni-zəbanım bir su ver.
Hörmət eylə gəl mənə, ey mehribanım bir su ver.
beytini deyəndə Aşıq İslam aramla və şirin bir səslə sanki mənim söylədiyim şeiri davam etdirdi.
Sallanıban bağdan gələn, ay maralım, bir su ver.
Malım-mülküm sənin olsun, küllü varım, bir su ver.
Vücudumu atəş aldı, dumanım ərşə çıxar.
Qurudu dilim-dodağım, dili-fəraqım , bir su ver.
Gözəllər xətri əzizdi bir-birindən seçmərəm.
Versələr də dünya malın sevdiyimdən keçmərəm.
Yad əlindən abı-həyat olursa da içmərəm.
Özün doldur, öz əlinlə ey məlalım bir su ver.
«Xəstə Hasan gəldi» deyə çağırarlar adımı.
Eşq ucundan yandı cismim, eşidin fəryadımı.
Neyləyirəm dünya malın, almasam muradımı.
Qaşı hilal, abı zülal, ləbi ballım, bir su ver.
Divaninin möhürbəndindəki Xəstə Hasanın təxəllüsü mənim kimi məclisdə əyləşənləri də çaşdırmışdı. Ona ilk etiraz edən Osmanla mən oldum. Belə gözəl bir şeirin Xəstə Hasanın olduğuna inanmadığımızı, nəsə bir yanlışlıq olduğunu söylədik. Bizim bu çür təpkimiz İslam Ərdənəri çaşdırdı.
Müəllimlərimizin elminə güvəncli olduğumuzdan və oxuduğumuz kitabların təsirindən Aşıq İslamın dediklərini saf-çürük etmədən ona Xəstə Hasanı olduqca zəif və istedadsız bir aşıq kimi tanıtmağa çalışdıq. Fikirlərimizi əsaslandırmaq üçün də Xəstə Hasanın Xəstə Qasımın qıfılbəndini öz adından Aşıq Ələsgərə göndərdiyi, Ələsgərin də qıfılbəndi açdığını və son bəndlərindən birində
Qasım «qaf»nandı, Hasan «hey»inən,
Xeyir çəkməz usdadınnan deyinən,
İşim yoxdur seyidnən, bəyinən,
İxtiyarımda qaldı məxluqat,
Daimil-övqat.
deməklə bu şeirin Xəstə Qasımın olduğuna işarə vurduğu haqda olan məşhur rəvayəti misal çəkdik. Məclisdə əyləşənlər aşıq yaradıcılığı ilə yaxından tanış olduqlarından bizim tərəfimizi saxladılar və Xəstə Hasanı ədəbi oğurluqda qınadılar. Hətta Aşıq Ələsgərin şeirləri çap olunmuş kitabı tapıb məşhur qıfılbəndi və ona verilmiş cavabları da oxudular.
Aşıq İslam çox təəssüfləndi. Ərbabının da, Xəstə Hasanın da “Bir su ver”” divanilərini əzbərdən söylədi və dedi ki, Aşıq Ələsgər böyük sənətkardır. Nə onu bu yolla ucaltmaq olar, nə də Xəstə Hasan kimi bir ustadı belə aşağılatmaq. Xəstə Hasan İrəvanlı deyil. Axırkələyin Levis kəndindəndir. Aşıq Ələsgərlə də yaşıd olmayıb. Mən Türkiyədə Aşıq Şenliyin şeirlər kitabını çap etdirmişəm. Orada yeniyetmə Hasanı – sizlərin Şenlik kimi tanıdığınız aşığı dayısı İbrahim sınağa çəkdirmək üçün Aşıq Nurunun yanına apardığını yazmışam. Aşıq Nuru da Xəstə Hasanın şəyirdi – çırağıdır. Aşıq Nuru Şenliyi sınağa çəkəndə ustadı Xəstə Hasanın üç şeirini söylədib. Şenlik də eyni qafiyə ilə cavab verib. Yeniyetmə Hasan sınaqdan uğurla çıxdıqdan sonra Aşıq Nuru ona sənətin sirlərini öyrədib, «ustad şilləsi» vurduqdan sonra aşıqlıq etməsinə icazə verib. Bunları da mən Aşıq Şenliyin oğlu Aşıq Qasımdan eşidib yazmışam. Türkiyədə də çoxları bu məsələni bilir. Sizlərin bilmədiyinizə təəccüb qaldım.
Görüşdə öyrəndik ki, İslam İsa oğlu Ərdənərin atasigil 1918-ci ildə erməni-daşnak silahlılarının basqınından qurtulmaq üçün doğma kəndləri Soyuqbulaqdan(Ermənistandakı Kalinino rayonunu) qaçaraq Qarsın Ladıqars (Vladiqars) kəndinə sığınmışdir. O da 1921-ci ildə bu kənddə doğulmuşdur. Yeniyetməliyindən Aşıq Şenliyin oğlu Qasımdan aşıqlığın sirrlərini öyrənmiş və 1959-cu ilədək (20 ildən çox) onunla birgə məclis aparmışdı.
1960-cı ildə “Aşıq Şenlik divanı” adlı kiçik bir kitab da çap etdirib. Aşıq İslamdan Xəstə Hasanın, Şenliyin, Summanın və b. xeyli şeirini yazıya aldıq. Tanınmış aşıqların da bilmədiyi bu şeirlər Azərbaycanda çap olunmadığı üçün folklorşünaslıqdan dərs deyən müəllimlərimizin də xəbərləri yox idi.
Aşıq İslamdan topladığımız şeirlər sənətkarlıq baxımından çox bitkin idi. Onları müəllimlərimizə və qəzet, jurnallara göstərdik. Çox laqeyd qarşıladılar və çap etmədilər.
İslam Ərdənər içimizdə bir şübhə toxumu əkib getmişdi. Biz «Aşıq Ələsgər» kitablarında Xəstə Hasanla bağlı yazılanları yenidən və diqqətlə oxuyanda qarşımıza bəzi suallar çıxdı:
1. Kitabda Xəsə Hasanın İrəvan tərəflərdən olduğu göstərilir. İrəvan bölgəsində belə bir aşıq olubmu?
2. Xəstə Hasan bağlamanın bir surətini Aşıq Ələsgərə göndərib. Nədən həmin vaxt Göyçədə Ağ Aşıq, Aşıq Alı kimi daha tanınmış ustadlar olduğu halda bağlama gənc, hələ məşhurlaşmamış Ələsgərə göndərilib?
3. Bağlamanın bir surətini də Miskin Bürcüyə göndərdiyi, onunsa aça bilməyib beş bəndlik bir qoşma ilə cavab verdiyi göstərilir. Bütöv verilmiş şeirin son bəndi belədir:
Müsəmmə Miskinəm, mən zitzi-camal,
Çün adam güdmüşəm, nə qoyun, nə mal,
Sən ki, cüz etmisən bu nəzmi kamal,
Bizə lazım deyil, özgələrə sat!
Nədən möhürbənddə Miskin Bürcü deyil Müsəmmə Miskinindir?
Qaynaqlardan Gəncədə yaşamış, milliyətcə erməni olan Miskin Bürcünün 1848-ci ildə öldüyünü oxumuşduq. Onun Matenadaranda saxlanan şeir dəftərində Müsəmmə Miskin imzası yoxdur. Şeirlərinin də vəzni, qafiyəsi olduqca pozuqdu.
İlk aydınlaşdırdığımız o oldu ki, Miskin Bürcü ilə Müsəmmə Miskin ayrı-ayrı şəxslərdi.
İrəvan bögləsində Xəstə Hasan adlı aşıq olmayıb. Xəstə Hasan Axırkələyin Levis kəndindəndir.
Lakin bununla kifayətlənmirdik. Bir tərəfdən Türkiyədə olan Aşıq İslam Ərdənərlə ara-sıra məktublaşırdıq. 1983-cü ilin fevralında Azərbaycan KP MK-nın katibi Həsən Həsənovun adına ərizə yazım və xahiş etdim ki, Aşıq İslamı Azərbaycan Aşıqlarının IV Qurultayına dəvət edilməsinə kömək etsin. Azərbaycan Kommunist Partiyasının Mərkəzi Komitəsindən mənə cavab gəldi ki, Türkiyədə yaşayan Aşıq İslamın həmin qurultaya çağrılması barədəki təklifinizin həyata keçirilməsinə imkan və əsas yoxdur.
Aşiq İslam çoxlu dastanlar bilirdi. Azərbaycanda Sovet hökuməti dini məzmunlu şeirlərin oxunması və çapı qadağan olduğundan biz onları Aşıq İslamdan eşidəndə heyrətlənirdik. Onun özünün yazdığı şeirəri də mənə göndərirdi.
Aşıq İslam Ərdənər haqqında 1970-ci illərdə yazdığım məqaləni 1989-cu ilin fevralın 19-da «Odlar yurdu» qəzetində çap etdirməyə imkan yarandı.
1992-ci ildə Türkiyə ilə Azərbaycan arasında körpü açılanda mən Naxçıvanda işləsəm də oradan Karsa gedib İslam Ərdərənlə görüşə bilmədim. Eşitdim ki, 2000 ildə döğulduğu kənddə Allahın rəhmətinə gedib.
Çap olundu: Karslı Aşıq İslam ملاسا قيشآ يلسراق “Bayram” jurnalı (Zəncan), 1389-ci Günəş ili, Azər ayı,(2010-cu il, noyabr), 29- cu sayı, 4- cü il, səhfə 26.
|