Dilsuz Musayev haqqında

ONUN MİLLƏTSEVƏRLİYİ BIZI YOL YOLDAŞI ETDİ

Əli Şamil

Azərbaycan türkcəsində bir deyim var:

— Qardaşın neçə adamdır?

— Yoldaş olmamışam!

Mən isə Dilsuz Musayevlə uzun bir yolun yoldaşı olmuşam. Bakıdan Tehrana, Tehrandan Mərkəzi İranın Savə şəhəri yaxınlığındakı Bəndəmir kəndinə kimi getmişik. Soydaşlarımızın yaşadığı, dili dilimizdən, dini dinimizdən olan bəndəmirlilər ilk dəfə idi Azərbaycan Respublikasından gələn ziyalılarla görüşür və heyrətlə söhbət edirdilər. Onları heyrətləndirən başqa bir ölkədən gələn insanların onlarla fars dilində deyil başa düşdükləri, anladıqları bir dildə danışmaları idi.

Bəndəmir kəndindəkilərin bir çoxu bu qənaətdə idi ki, başqa bir ölkədən gələnlərlə ya tərcüməçi ilə danışmalıydılar, ya da farsca. Bu dəfə isə onlar xaricilərlə öz kəndliləri ilə danışan kimi danışırdılar. Bu da onları həm təəccübləndirir, həm də sevindirirdi.

Bizim Mərkəzi İranın Qə­ra­ğan bəx­şindəki (İrandakı inzibati vahid olan bəxş Azərbaycandakı rayon inzibati vahidinə yaxındır. – Ə.Ş.) Bən­də­mir kən­din­ə getməmizə səbəb   Əli Ka­ma­linin dünyasını dəyişməsi olmuşdu.

Əli Ka­ma­li 1944-cü il mart ayının 30-da Bən­də­mir kən­din­ə doğulmuş, 1966-cı ildə Tehran Universitetinin Hüquq fakültəsini bitirmişdi. Ömrünün sonunadək Tehranda vəkil işləmişdi. Onun ədəbi və elmi fəaliyyəti Salman Mümtazı yada salır. Ailəsinin dolanışığını vəkilliklə təmin etsə də, ömrünün  25 ilini ­ Mərəğeyli  Ti­lim­xan şeirlərini top­la­yaraq kitab halına salmağa həsr etmişdi.

O, yalnız Tilimxanın şeirlərini toplamaqla kifayətlənməmiş Sa­və, Hə­mə­dan, Qum, Şi­raz, hət­ta ­ Xo­ra­san ət­ra­fın­da ya­şa­yan türklər­dən  100 qovluğa yaxın folklor nümunəsi top­lamışdı. Onun topladığı folklor nümunələri arasında hətta Azərbaycan Respublikasında yaşayan folklorçu alimlərin belə adlarını eşitmədiyi dastanlar, aşıqların şeirləri vardı.

Vəkillik etmək, folklor nümunələri toplayıb nəşrə hazırlamaqla yanaşı, Əli Kamali həm də ictimai işlərdə fəallıq edirdi. 1991-ci ildə Tehranda yaradılan Qarabağ Müsəlmanlarına Yardım Cəmiyyətinin təşkilatçılarından idi. Bu cəmiyyətin təşəbbüsü və maliyyə dəstəyi ilə savaşda yaralanan neçə-neçə azərbaycanlı Tehrana aparılaraq oradakı ən yaxşı klinikalarda müalicə etdirilmişdi.

Uzaqdan-uzağa tanıdığım, şeirlərini həvəslə oxuduğum Dilsuz Musayevlə neçə illərdi Bakı şəhərində yaşasaq da, şəxsi tanışlığımıza  Əli Kamali səbəb olmuşdu.

Əli Kamali ilə bir soyuq payız axşamı Tehranda tanış olmuşduq. Folklorumuza məhəbbət, onu toplayıb nəşr etdirmə qayğısı bizi bir-birimizə bağlamışdı. Bir-neçə dəfə Tehranda onun ofisində əyləşib uzun-uzadı ədəbiyyatımızdan, tariximizdən, xalqımızın gələcək taleyindən, folklorumuzun ləng toplanmasından söhbət etmişdik. Səttərxan Sərdarimilli haqqında video veriliş hazırlayanda köməyimizə Əli Kamali gəlmişdi. Onun maddi və mənəvi dəstəyi ilə Səttərxan Sərdarimillinin Şah Əbdüləzizdəki məzarını, Tehranda yaşayan qızının səsini, Atabək parkını və b. yerləri lentə ala bilmişdik.

 Qəribəlikləri ilə diqqətiçəkən və yadda qalan Əli Kamali 1995-ci ilin oktyab­rın­da Bakıya gəlmişdi.  O, tək deyildi. Tehranda yaşayan ziyalılardan Rza Bə­ra­hə­ni, Sa­va­lan, Hə­mid Məm­məd­za­də, Qu­lam­hü­seyn Bəy­di­li və Əziz Möh­sü­nü ilə birlikdə ­Ba­kı­da Ca­vad Heyətin ana­dan ol­ma­sı­nın 70 il­li­yi­nə həsr edil­miş yu­bi­ley­də iş­ti­rak­ et­mə­yə gəl­miş­dilər.

Əli Kamali Cavad Heyətin yubileyi üçün Ba­kı­ya gə­lən­də Qarabağ qaç­qın­la­rına pay­la­mağa 20 tonluq bir TIR yük gətirmişdi. Qəribəsi bu idi ki, onun gətirdiyi yardımı As­ta­ra göm­rük mən­tə­qə­sin­də saxlamaq istəmişdilər. Demişdilər ki, şəxsi adamlar yardım apara bilməz, yar­dı­mı ­yal­nız Qı­zıl Aypa­ra-Qırmızı Xaç Cəmiyyətləri apa­ran­da ­göm­rük ver­gi­sin­dən azad edir­lər.

Gömrük işçiləri Əli Kamali və onunla birlikdə gələn tanınmış ziyalılardan tələb etmişdilər ki, gətirdikləri ­mal­lar­ ü­çün rüsum ödəsinlər. Yol­daş­la­rı Əli Kamaliyə tək­lif etmişdilər ki, yar­dı­mı göm­rük­də qo­yub Ba­kı­ya get­sin­lər. Bakıda Azərbaycan Respublikasının prezidenti Heydər Əliyev, Milli Məclisin sədri Rəsul Quliyevlə görüşəndə vəziyyəti onlara desinlər. Qonaqların öz aralarında nə isə məşvərət etdiyini görən göm­rük­ iş­çi­lə­rin­dən bi­ri­si “ca­nı­ya­nan­lıq­la” tək­lif edib ki, bir az rüş­vət ver­sələr, yar­dı­mın ke­çi­ril­mə­si­nə kö­mək edər. Bu­nu eşi­dən Əli Kamali qı­zıb göm­rük iş­çi­si­ni də, sə­fər yol­da­şı­nı da­ a­cı­la­ya­raq: “Döv­lə­tə rü­sum­da nə­zər­də tu­tul­du­ğun­dan üç­qat verərəm, amma nə rüşvət vermərəm, nə də gə­tir­dik­lə­ri­mi göm­rük­də qo­yub ge­tmərəm!”— deyir. Dediyinə də əməl etmişdi. Yardım kimi gətirdiyi malların satışa gətirilən məhsul kimi gömrük rüsumunu ödəmişdi.

Bakıda görüşdüyü rəhbər işçilər onun İrandakı Qarabağ Müsəlmanlarına Yardım Cəmiyyətinin sədri kimi yardım gətirdiyini bildikdə “Göstəriş verərik, sizin gətirdiyiniz yükü boşaldar və qaçqınlara paylayarlar” – deyəndə Əli Kamali “Sizin məmurlara inanmıram, onlar gömrükdə məndən rüşvət istəyirdilər. Yardımı inandığım adamlar vasitəsilə payladacağam” – demişdi.

Onda Dilsuz Musayev Qarabağ Qaçqınlarına Yardım Komitəsinə rəhbərlik edirdi. O, Əli Kamlainin gətirdiyi yardımın paylanması üçün maşın və işçilər ayırdı. Əli Kəmali və onun etibar etdiyi adamlar vasitəsilə gətirdikləri qaçqınlara paylandı.

Bakını sonsuz bir məhəbbətlə sevən Əli Kamali jur­na­listlə­rin bi­ri­nin Ba­kı haq­qın­da su­a­lı­na çox yığ­cam şə­kil­də “İn­şa­al­lah ye­tiş­sək, Ba­kı mən­tə­qə­nin Pa­ri­si olar!” — de­yə ca­vab vermişdi.

 “Ba­kı ­mə­ni məst et­di!”, “Ba­kı tə­səv­vür et­di­yim­dən də gö­zəl­miş!” — de­yən Əli Kamali Azərbaycandakı Qarabağ Qaçqınlarına Yardım Komitəsi ilə sıx əməkdaşlıq etmək istəyirdi. Təəssüf ki əcəl aman vermədi.

1996-cı il av­qus­tun 2-də Təb­riz­dən gə­lən bir te­le­fon zən­gi­ ürəyimi sızlatdı. Əli Ka­ma­li­nin dün­ya­dan köç­dü­yü­nü, Teh­ran­da­kı “Be­hiş­ti-Zəh­ra” qəb­ris­tan­lı­ğın­da tor­pa­ğa tap­şı­rıl­dı­ğı­nı ­dedilər. Bir-ne­çə sa­at son­ra “Azad­lıq” ra­di­o­su da hə­min xə­bə­ri yay­dı.

Ə.Ka­ma­li­yə son bor­cu­nu ve­rən­lər — dəf­nin­də iş­ti­rak edən­lər ara­sın­da ol­ma­dı­ğı­ma ya­nıb-ya­xıl­dım. El­mi-tex­ni­ki tə­rəq­qi nə­ti­cə­sin­də in­sa­nın bir gü­nə dün­ya­nın bu ba­şın­dan o ­bi­ri ba­şı­na uça ­bil­mə­si­nə bax­ma­ya­raq, onun dəfnində iştirak edə bilmədik...  Viza problemi, maddi məsələlər istəyimizi xeyli ertələdi.

Əli Kamali qarşısında mənəvi borcumuzu ödəmək, yaxud da xalqımıza millətsevər bir ziyalısını itirdiyini xəbər vermək üçün onun Tehran şəhərində yeddisi qeyd edilən gün AMEA Nizami adına Ədəbiyyat İnstitutunda xatirə günü keçirdik. İnstitutun direktoru, mərhum Yaşar Qarayev və Əli Kamalini yaxından tanıyanlar xatirələrini danışdılar. Xatırladılar ki, Əli Kəmali Tehranda Azərbaycan Respublikasının qeyri rəsmi səfiri kimi oraya gedənlərlə görüşər,  onlara əlindən gələn köməyi edərdi. O, həm də bir körpü rolunu oynayardı. Azərbaycandan gedən yazıçı, şair, jurnalist, Qarabağ döyüşçüsü ilə Tehranda yaşayan milli düşüncəli ziyalıları görüşdürər, onların bir-birləri ilə ünsiyyət qurmalarına, əlaqə saxlamalarına yardımçı olardı. Həmin toplantıda belə bir fikir də səsləndirildi ki, yaxşı olar Əli Kamalinin qırxına Bakıdan bir nümayəndə heyəti də getsin.

Bu fikir çox yaxşı idi. Belə bir nümayəndə heyətinin getməsi təkcə Tehranda yaşayan soydaşlarımıza deyil, bütövlükdə İranda yaşayan soydaşlarımıza müsbət təsiri olar. Lakin rəsmi dairələr belə bir nümayəndə heyətinin göndərilməsi məsələsini təqdir etmədi. Bildirdilər ki, belə bir addım İranın rəsmi dairələrini də qıcıqlandıra bilər. İranın Azərbaycandakı səfirliyinə müraciətimiz də Azərbaycanın rəsmi dairələrinin haqlı olduğunu göstərdi.

Belə olduqda könüllülük prinsipini əsas götürüb  qeyri rəsmi bir nümayəndə heyəti hazırlamağı qərara aldıq. Bu nümayəndə heyətinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasını, konfederasiyanın sədr müavini Kazım Teymurlu, Azərbaycan Yazıçılar Birliyini Hamlet Qoca, Qarabağ Qaçqınlarına Yardım Komitəsinin sədri Dilsuz Musayev, Nizami adına Ədəbiyyat İnstitutunun Folklor Elmi Metodik Mərkəzini və Azərbaycan Ensiklopediyasını mən təmsil edirdim.

Biz fərdi qaydada İran konsulluğundan turist vizası alıb Tehrana yol düşdük. Öncədən telefonla Əli Kamalinin qırxında iştirak etməyə Azərbaycandan bir nümayəndə heyəti gələcəyini Tehrandakı ziyalılara bildirmişdik. Orada bizi Cavad Heyət, Savalan, Əhməd Heydəroğlu, Hüseyin Məmmədxani Güneyli, Azad, Ərsalan Fəsihi və b. qarşıladılar. Onlar bizim üçün hoteldə yer və İranda olacağımız günlərin proqramını  hazırlamışdılar.

Biz Tehrana yola düşməmişdən öncə Əli Kamalini yaxşı tanıyan, ona sayqısı olanlarla birlikdə planlamışdıq ki, Bakıda da bir toplantı keçirilsin. Azərbaycan Yazıçılar İttifaqı da Natəvan klubunu toplantı üçün hazırlamışdı.

Tehranda Əli Kamalinin qırxı  1996-cı il sentyabrın 12-də Xaminəlilər məscidində qeyd edilirdi. Tehrandakı milli ziyalılar Bakıdan Əli Kamalinin qırxına nümayəndə heyətini gəlməsini qürurla qarşıladılar. Yas məclisi əslində bir mitinqə, toplantıya çevrildi. İranda yaşayan soydaşlarımızın nümayəndələri Əli Kamalinin vətən və millət qarşısında xidmətlərindən söz açdılar. Azərbaycan Respublikasından gəlmiş nümayəndə heyəti adından da  Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası sədr müavini Kazım Teymurlu alovlu bir nitq söylədi. Nitqində yasa toplaşanlara Bakıda, Yazıçılar İttifaqının Natəvan klubunda Əli Kamalinin xatirəsi yad edildiyini söylədi.

Bakıda Əli Kamalinin qırxı günü xatirə gününün qeyd edilməsi xəbəri məsciddəkilər üçün gözlənilməz oldu. Həmin yas mərasimində heç vaxt unutmayacağım bir hadisə də baş verdi. Əli Kamali haqqında söylənilənlər yasa gələnlərin bəzilərini narahat etsə də, qorxu içərisində olduqları üzlərindən bəlli olsa da, dözürdülər. Elə ki, söz Nuşin adlı gənc bir ədibə verildi əmmaməli bir neçə ziyalı onu dinləməyib məscidi tərk etdi. Əslində onlar məsciddə alışdıqları qırx mərasimi əvəzinə toplantı keçirilməsindən, Əli Kamali haqqında söylənən sözlərin İranın  yeritdiyi qeyri-rəsmi siyasətə uyğun gəlmədiyindən narahat idilər. Amma toplananların tənəsindən məclisi yarıda qoya bilmirdilər. Qadının məsciddə çıxış etməsi isə onların getməsi üçün bir bəhanə vermiş oldu.

Bakıda olduğu kimi Tehranda da bəzi yoldaşlar bizə İran hökumət nümayəndələrinin yasa nümayəndə heyəti kimi gəlməmizi yaxşı qarşılamadığını, ehtiyatlı hərəkət etməmizi tövsiyyə edirdilər. Dilsuz Musayev də nümayəndə heyətinin başqa üzvləri kimi, deyilənləri səbir və təmkinlə dinləyir, nəzakətlə cavab verirdi.

Əli Kamalinin qırxı doğulduğu kənddə də qeyd ediləcəkdi. Onlar Azərbaycan Respublikasından yasa nümayəndə heyəti gəldiyini bilib qırx mərasimin bir gün geri çəkmişdilər. İstəyirdilər ki, biz Bəndəmir kəndinə də gedək, oradakı yas mərasiminə də qatılaq. Hökumət məmurlarına yaxın ziyalılar isə həyəcanla bizə xatırladırdılar ki, buraya kimi hər şey xətərsiz ötüşdü. Tehrandan da geri qayıdın. Kəndə getməyin. Biz məsləhət məşvərətdən sonra qərara aldıq: bir halda ki, Bəndəmirdə bizi gözləyirlər, nə olur olsun, oraya da getmək lazımdır.

Sentyabrın 13-də bir qrup millətsevərlə Savənin Bəndəmir kəndinə getdik. Orada da yas məclisi məsciddə keçirilirdi. Əslində bu yasdan çox bir ictimai-siyasi toplantını xatırladırdı. Minarədə qurulmuş səsgücləndirici məsciddə olan söhbəti, danışıqları bütün kəndə yayırdı. Məscidə gələ bilməyən qadınlar da, uşaqlar və yeniyetmələr də orada gedən söhbətləri maraqla dinləyirdilər. Bunu biz məsciddəki toplantıdan çıxıb qəbristanlığa Əli Kəmalinin anasının qəbrini ziyarətə gedəndə yolboyu, eləcə də çay qırağında bizi saxlayıb söhbətə tutanların münasibətlərində gördük.

Qəbristanlıqda bəlkə də yeganə qəbir  Əli Kamalinin anasının idi ki, üzərində türkcə aşağıdakı şeir yazılmışdı:

Dərd içində bir dürdanə yatıbdır.

Mövc içində bir xoşsona yatıbdır.

Sözün düzü  mələk  insan cildində.

Burda bir mehriban ana yatıbdı.

 

Şeirin türkcə olmasının diqqətimizi çəkdiyini görən Əli Kamalinin dayısı Səidi xatırlatdı ki, Tehranda bacımın yas mərasimində Əli Kamali toplaşanlara dedi: “Xahiş edirəm bu məclisdə anamın mənə öyrətdiyi dildə danışasınız”.

Bəndəmirə  ilk dəfə Azərbaycan Respublikasından gələnlərin olması, onların söhbətləri, danışıqları qonşu kəndlərdən yasa gələnlərin də marağına səbəb olmuşdu. Onlar bizi böyük ürəkaçıqlığı ilə evlərinə, kəndlərinə qonaq çağırırdılar. Belə tez geri dönməmizi istəmirdilər. Doyunca söhbət etmək, Azərbaycan Respublikasında yaşayan soydaşları haqqında bilgi almaq istəyirdilər.

Vaxt darlığından biz oradan Tehrana, Terandan də Təbrizə döndük. Beləcə Dilsuz Musayevlə uzun bir səfərdə yol yoldaşı olduq.

Nədən mən, Dilsuz Musayevin ömür yolundan, poeziyasından söz açmadan  Əli Kamalinin yasına getməyimizi uzun-uzadı təsvir etdim?  Çünki, onun ömür yolundan, şeirlərindən söz açan çox olacaq. Ona görə də mən ədibin xarakterini açıqlayan, onu oxucusuna daha da yaxından tanıdacaq olan bu səfər haqqında danışmaq istədim. Bu səfər isə Dilsuz Musayevi mənə vətənsevər, millətsevər, təmkinli, sadə və səmimi bir insan kimi tanıtdı. Ona güvənimi artırdı.

08.01.2014

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol