Kommunist tərənnümçülüyündən
milli mücadiləyədək keçən bir ömür.
İki il öncə şair, dramaturq, publisist, neçə-neçə populyar mahnının sözlərinin müəllifi Hüseyn Razi dünyasını dəyişdi. Onun ölümü ictimaiyyət tərəfindən sakit qarşılandı. Uzun illər Naxçıvanda keçirilən yüksək səviyyəli bayramlarda, yubileylərdə, oxuduğu pafoslu şerləri ilə salonları titrədən şairə rəsmi dairələrin münasibətinin dəyişməsi, necə deyərlər pisləşməsi səbəbsiz deyildi.
Muxtar Respublikada onun səviyyəsində ikinci bir şair olmadığına görə 1960-88-ci illərdə keçirilən Oktyabr inqilabının ildönümlərinə, Leninin anadan olma günlərinə, məhsul bayramlarına və b. yüksək səviyyəli toplantılara onu şer oxumağa, ziyalılar adından nitq söyləməyə dəvət edirdilər. O, da qarşısına qoyulan vəzifəni yüksək səviyyədə yerinə yetirirdi.
Qəzetlərdə, jurnallarda, radio və televiziyada da Sovetlər Birliyini, Kommunist partiyasını, sosializmi mədh edən yüzlərlə şerlərinə rast gəlmək olar. O, zəmanəsinin oğluydu. Bunu şairin ilk poetik yazısı olan, 1947-ci ildə “Şərq qapısı” qəzetində çap olunan “Moskva” şeri və başqa əsərləri də sübut edir.
H.Razi partiya-sovet namenklaturasının tapşırıqlarını sözəbaxanlıqla yerinə yetirməsinə baxmayaraq yuxarılar heç vaxt onu öz adamı hesab edib, rəhbər vəzifə etibar etmirdi. Çünki, o şair - vətəndaş kimi bəzən ürəyindən keçənləri gizlətmir, açıqca söyləyirdi. Aldığı qonorarlardan partiyaya üzvülük haqqını düzgün keçirmədiyinə görə ona cəza vermək istəyəndə özünü saxlaya bilməyib toplum içərisində yüksək rütbəli partiya funksionerinə “Min manatlarla rüşvət alırsınız, ondan bir qəpik üzvülük haqqı keçirmirsiniz. Nə böyük iş olub 20-30 manat qonorardan üzvülük haqqı keçirməmişəm?!” - demişdi.
Leninin yubileyinə həsr olunmuş iclasa yeni şer yazmasını sifariş verən vilayət partiya komitəsinin katibinə “Dadaş, hansı bəyə, xana bir şer yazsam mənə minməyə bir at bağışlayardı, südünü sağıb balalarıma verməyə bir inək göndərərdi. Sizə bu qədər tərif yazmışam qapımda bir keçim, ayağımı yerdən götürməyə də uzunqulağım yoxdu. Xudayar bəyin saqqalının altından keçsəm heç olmasa Məmmədhəsənlərdən aldığı uzunqulaqlardan birini mənə bağışlayardı. Amma siz hamısını özünüzə götürürsünüz”.
Hüseyn Razi toylarda, məclislərdə ictimai məzmunlu, milli şüur oyadacaq sağlıqları ilə insanlara təsir edirdi. Onu görüşlərə, toplantılara, məktəblərdə, klublarda, ali təhsil müəssisələrində, kolxoz-sovxozlarda keçirilən iclaslara dəvət edəndə eyhamla çox şey deyir, cəmiyyətin çatışmamazlıqlarını, məmurların rüşvətxorluğunu, yaramazlığını, qorxaq və ikiüzlülüyünü cəsarətlə söyləyirdi. Çünki əvvəlcədən çıxışının mətnini nəzərdən keçirə bilmirdilər. Bəzən də tribunaya qalxanda əvvəlcədən yazdığı mətndən kənara çıxır, elə rəyasət heyətindəcə əyləşənlərin adını çəkmədən əməllərini açıb xalqa çatdırırdı.
Xarici radiostansiyaları diqqətlə dinləyib toplum arasında yaymaq, eləcə də antisovet, antipartiya lətifələrini ilhamla söyləmək onun şakərlərindən idi.
1924-cü ilin oktyabrın 17-də Araz çayının sol sahilində, Kəmkik dağına baxan Ordubad rayonundakı Dəstə kəndində doğulan Hüseynin uşaqlığı çox ağrılı-acılı keçmişdi. Çox faciəli hadisələri ya gözləri ilə görmüş, ya da özündən yaşlılardan eşitmişdi. Onları nikbin bir əhval-ruhiyyə ilə danışmağı sevirdi. Heç kimi, hətta öz ata-babasını da ideallaşdırmağı sevməzdi. Atasından söz düşəndə deyərdi: “37-də tutub saxladılar. Sonra da buraxdılar. Qorxusundan ürəyi partladı öldü”.
90 yaşlı kimsəsiz qarını xalq düşməni adı ilə qış günü üstü açıq yük vaqonuna atıb sürgünə göndərdiklərini də, Sovet əsgərlərini 1930-cu illərdə Ərəzinlə Əbrəqunus arasında yerli partiya-təsərrüfat fəallarını qaçaqlar bilib güllələyəndən sonra gətirib Naxçıvan şəhərinin mərkəzi parkında təntənə ilə dəfn edib üstlərində abidə ucaltdıqlarını da ilk dəfə ondan eşitdik.
Ordubaddakı pedaqoji texnikumunu bitirib Culfa rayonunun Ərəzin kəndində müəllim işləməyə başlayan H.Razini əmək fəaliyyətinə başlayandan bir az sonra müharibəyə aparırlar. 1941-43-cü illərdə piyada bölüyündə əsgərlik edir və Oryol yaxınlığında döyüşlərin birində yaralanır. Yaraları sağalandan sonra onu hərbi təyyarələr üçün texniki heyət hazırlayan kursa göndərirlər. Oranı bitirib Pribaltikadakı kəşfiyyat təyyarələrinin uçduğu meydanda texnik kimi işləməyə başlayır. Bir neçə dəfə Alman təyyarələrinin bombardumanına düşür.
Müharibənin dəhşətlərini görsə də ondan heç vaxt yararlanmağa çalışmadı. Əksinə yalançı müharibə qəhrəmanlarını, müharibə haqqında yalanlarla xalqın başını aldatmaq istəyənləri lağa qoyurdu. Buna görə də müharibəyə həsr olunmuş toplantıların, görüşlərin “ulduzuna” çevrilmiş veteranlar H.Razini sevməzdilər. Müharibədən 1945-ci ildə qayıtdıqdan sonra müəllim, doğulduğu kənddə klub müdiri, Naxçıvan şəhərində çap olunan “Şərq qapısı” qəzetində ədəbi işçi, Naxçıvan radiosunda redaktor, AzərTA-nın bölgə müxbiri işləyən H.Razi ali təhsil almağı da unutmur. 1959-cu ildə Azərbaycan Dövlət Universitetinin filologiya fakültəsinin jurnalistika bölməsini bitirir.
“Kəndimizin səsi” adlandırdığı 36 səhifəlik ilk şerlər kitabını Naxçıvanda 1958-ci ildə, “Ana məhəbbəti” adlandırdığı 60 səhifəlik şer kitabını Bakıda 1960-cı ildə çap etdirir. Şairin 15-dən çox çap kitabı olunmuş, “Odlu diyar” (1963), “Günəş” (1968), “Arxalı dağlar” (1971), “Haray səsi” (1978), “Şirinliyin acısı” (1981) pyesləri teatrlarda tamaşaya qoyulmuşdur. Ona dəfələrlə Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin və Naxçıvan MSSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanları, 1984-cü ildə Naxçıvan MSSR-in Əməkdar İncəsənət xadimi, 1985-ci ildə isə Azərbaycan SSR-in Əməkdar İncəsənət xadimi adı verilmişdir.
Şair bu mükafatları, fəxri adları çox vaxt həvəslə qarşılamırdı. Bəzən aylarla, illərlə ona verilən fəxri adların sənədlərini almağa getmirdi. Yuxarılardan dəfələrlə zəng vurub gəlib sənədlərini aparmasını tapşırırdılar. Bəzən də onu “gəlib almasan arxivə göndərəcəyik” deyə hədələyirdilər. O bunlara heç bir əhəmiyyət verməzdi.
H.Razi dissident şair deyildi. İkili bir ömür yaşayırdı. Rəsmi yazılarında, nitqlərində Kommunizmin tərənnümçüsü, Sovet hökumətinin təbliğatçısı kimi görünürdü. Qeyri-rəsmi məclislərdə, necə deyərlər toylarda, çayxanalarda tamam başqa bir adam olur, Sovetlər Birliyinin, sosializmin nöqsanlarını göstərirdi. Sovetlər Birliyi haqqında tez-tez deyərdi: “Bu elə bir əcəvarandır (əcaib, nəhəng bir məxluq) ki, yıxılanda xarabalıqları altında milyonlarla insan məhv olacaq”.
Şairin vətəndaş, millətçi siması milli azadlıq hərəkatında tamlığı ilə açıldı. Hərəkatın başlanğıcında - 1988-ci ildə bir az çəkingən mövqe tutan, mitinqlərə gəlsə də çıxış etməkdən çəkinən, onu mitinqlərdə çıxış etməyə dəvət edən Xalq Cəbhəsi fəallarına “Dadaş, mən çayçı Məmmədin oğluyam, 37-də 3 gün komendantlığa apardılar, bir həftəyə ürəyi partladı öldü. Məndən inqilabçı olmaz. Get, oğlum Zakiri apar, ondan inqilabçı olar. 7-ci sinifdə oxuyanda mənə deyirdi: “Siz kommunistləri güllələyəcəyik!” - deyən şair. 1989-cu ildə mitinqlərdə çıxış etməyə başladı. Uzun illər şerlərində eyhamla dediyi fikirləri alovlu nitqlərində cəsarətlə söylədi. Sanki sısqa bir bulağın gözünü açmışdın, suyu gur və saf gəlirdi.
Uzun illər idi H.Razinin belə qorxusuz, cəsarətli danışığını görmək istəyirdik. Zaman ona da şərait yaratdı. İctimai fəallığı artdı. AXC Naxçıvan MR təşkilatının ağsaqqallar şurasına seçildi. 1990-cı ilin yanvar hadisələrindən sonra çoxları part biletini atdı da, geri götürdü də. Lakin o geri götürmədi. Yuxarılardan heç kimin də ona “part biletini gəl götür” deməyə cəsarəti çatmadı. Bütün təzyiqlərə baxmayaraq ömrünün sonunadək mövqeyindən dönmədi, avtoritarizmə baş əymədi, ötən günlərin xoş güzəran nastaljisinə qapılmadı.
Azərbaycanın müstəqilliyi, azadlığı uğrunda mübarizədə xidmətləri olan şair, avtoritarizmə baş əymədiyinə görə iqtidarın gözündən düşdü. O, Sovet dövründəki tərənnümlərini yeni donda hakimiyyətə gəlmiş Sovet liderlərinə bir daha söyləmədi. Əksinə mitinqlərdə, toplantılarda xarici ölkə mətbuatının keçmişlərdə “kommunizm dinozavrı” adlandırdığı böyük siyasətçinin xalqın başına açacağı oyunu məntiqi əsaslarla göstərdi. Azərbaycanı rüşvətxorluq, ikiüzlülük, yaltaqlıq, qorxaqlıq, dilənçilik və əxlaqsızlıq girdabına düşəcəyini dönə-dönə, yana-yana söylədi. Təəssüf ki, onun dedikləri doğru çıxdı. Çünki eyforiyaya qapılmış, aldadılmış xalq onu eşitmək belə istəmədi, xalq şirin yalanı acı həqiqətdən çox istədi.
Ə.Hüseyn oğlu.
6.10.2001
|