Elman Fətiyev haqqında

     Mübarizədə yorulmuş Elman

   Jurnalist olduğumdan idarə və müəssisələrə, kolxoz və sovxozlara, məktəblərə  tez-tez gedirdim.Sadəcə peşə borcumu yerinə yetirmək xatirinə deyil, içimdən gələn bir maraq məni qovurdu. Çalışdığım,  Partiya həyatı  şöbəsi  idi. Konfranslardan, iclaslardan, sosializm yarışından, Kommunist əməyi məktəblərindən, partiya fəallarından yazmalıydım. Lakin bu mövzular məni təmin etmirdi. Üç-dörd saat hansısa iclasda oturub sonra da məruzəçinin mətnini qısa ixtisarla qəzetə verməklə, bəli, başüstə deməklə rəhbər işçilərin diqqətini çəkib vəzifə pillələri ilə irəliləmək mənə cəhənnəm əzabı kimi ağır gəlirdi. Rahat kresloda əyləşib iclasda boğazdan yuxarı deyilən, reallığı olmayan məruzəni alqışlamaqdansa yayın istisində, qışın soyuğunda bəzən piyada bəzən də yol maşınlarıyla gedib fakt toplamağa, muxtar respublikanın dağını, daşını, kəndini, qəsəbəsini, tarixi abidələrini, insanlarını və fauna-florasını öyrənmək mənim üçün daha xoş idi. Bu cür əziyyətlə topladığım faktlar əsasında yazılan məqalələr qəzet səhifələrinə asanlıqla yol tapmırdı. Onların qonararı da az olurdu. Bu çətinliklərə baxmayaraq taleyimdən narazı qalmırdım. Əksinə böyük məhəbbətlə yaşadığım bölgəni öyrənir, qəzetə fakt toplaya-toplaya folklor, etnoqrafik, arxeoloji materiallar da toplayırdım.

   Mənim bu cür davranışım redaksiyada olduğu kimi yerlərdə də normal qarşılanmırdı. Çünki yazılmamış bir qayda yaranmışdı: Jurnalist gələndə birinci Partiya Komitəsi katibinin yəni rayonun ağasının qəbuluna gedər. Katib əhval ruhiyyəsindən asılı olaraq gələn müxbirin işlədiyi qəzetin mövqeyinə uyğun olaraq bir saata da, beş saata da qəbul edər. Kefi istəməsə heç qəbul etməzdi. Könlü xoş olsa müxbirə raykomun bir işçisini qoşardı. Birlikdə müəssisəyə, kolxoz, sovxoza gedərdilər. Bir-iki saat söhbət edib faktları götürərdilər. Sonra da gedib yeyib-içərdilər. Yola salanda da müxbirin çalışdığı qəzetin  nüfuzuna, müxbirin öz bacarığına və getdiyi müəssisə rəhbərinin səxavətinə uyğun olaraq yola salınardı.Bu cür müxbirlər yaxşı işçi, yaxşı jurnalist sayılardı. Mənim adım isə yaxşı jurnalistlər sırasında deyildi. Çünki mən ənənəyə sadiq deyildim. Birbaşa obyektə getmək, istədiyim vaxtı götürmək istəyirdim. Katibin başının üstündən obyektə getmək bağışlanmaz günah sayılırdı. Belə jurnalistləri yerlərdə də hörmətlə qarşılımırdılar. İstədiyi rəqəmlər ya istədiyi fakt və rəqəmlərlə tanış olmağa imkan vermirdilər ya da başdansovdu yola salırdılar.     

   Bütün bu çətinliklərə baxmayaraq mən də yerlərdə öz tayım olan mütəxəssisləri tapır, onlardan istədiyim faktı alır, nisbətən ürəyimə yatan mövzularda yazıb çap etdirməyə çalışırdım. O zamanlar rəhbərliyin başı üstündən jurnalisti fakt və rəqəmlərlə tanış etmək istəyən mütəxəssislərə də az rast gəlinirdi.

   1978-ci ilin isti yay günlərinin birində  Naxçıvan Duz Mədənindən yazmağa gatmişdim. Obyekt mənə yad deyildi. Bir neçe dəfə buradan fakt götürüb radioya veriliş  qəzetə məqalə hazırlasam da heç biri ürəyimdən olmamışdı. Naxçıvan mədənlər idarəsinin rəisi gənc mühəndis Elman Fətiyevə bizi Duz mədəni ilə tanış etməyi və fakt toplamamıza yardımcı olmağımızı tapşırdı.Birlikdə duz mədəninin şaxtasına getdik. Elman həvəslə danışırdı. Hər sualımızı geniş izəh edirdi. Açıq-aşkar görünürdü ki, işini bilir, söhbətcildir.Mədəndə çalişan fəhlələrlə də xeyli söhbət etdik. Çöldə havanın tempraturu 45-50 dərəcə olsa da içəridə 17-18 dərəcə idi. Bu sərin və insana rahatlıq gətirən yerdən bayıra, adamı qarsıdan istiyə çıxmaq istəmirdik. Söhbətimiz isə sox şirin gedirdi. İstehsalat prosesindən tez-tez kənara çıxırdı. Yağış sularının laylyr arasından sızaraq  duzu qazılıb çıxarılmış mağaralarda yaratdığı gölməçələri bizə göstərir, duzla doymuş gölməçələrə aliminium parçası atanda 10-15 gün sonra ağ, mis parçası atanda qırmızı, taxta atanda müxtçlif rəngli duz kristallarının yarandığını göstərirdi. Bu kristallar bəzək kimi çox maraqlı və gözəl idi.

   Həmin gün duz mağaralarını çox gec terk etdim. Oradan çıxanda da ənənəni pozub onun təkidinə baxmayaraq yemək-içməyə də getmədik. Elman bunu narahatlıqlı qarşılımadı. Gedəndən sonra tənqidmi, tərifmi yazacağımızla da maraqlanmadı. İncə bir yumorla; ‘Kababxanaya getmirsiniz lap yaxşı, pulum cibimdə qalar’. Onun bu zarafatı da mağaradakı zarafatları qədər şirin təsir bağışladı.

    Sonralar onunla tez-tez görüşdüm.  Məqalə hazırlamaq üçün deyil, dərdləşmək, söhbət etmək üçün. Duz mədənində yerləşən xəstəxanadan məqalə hazırlayanda

Elmanın məsləhətləri və verdiyi bilgi çox dadıma çatdı.’Büllur sarayın möcüzəsi’ adlı oçerkim uğur qazandı.  SSRİ nin 10-a yaxın qəzetində bu oçerkin müxtəlif ixtisarla çap olundu. Saxalindən tutmuş Başqırdıstanadək Avra-Asiya məkanından bronxal asmadan əziyyət çəkən onlarla insan mənə məktub yazırdı.Bəzən poçtalyon gündə mənə 6-7 məktub gətirirdi.

   Elman da mənim kimi Naxçıvana təyinatla gəlmişdi. 1954-cü ildə indiki Beyləqan rayonunun Şahsevən kəndində anadan olmuşdu.1976-cı ildə M.Əzizbəyov adına AzNKİ-ni (indiki Azərbaycan Neft Akademiyası) bitirib dağ mədən mühəndisi kimi Naxçıvan Mədənlər İdarəsində işləməyə gəlmişdi. Nə Naxçıvandakı üzləşəcəyi çətinliklər onu qorxutmuşdu nə də təyinatda yayınmaq yollarını aramışdı.   Düz mədənində dağ ustası kimi işə başlamışdı. Əslində bu fəhlə işi idi. Onun üçün ali təhsil də lazım deyildi. Amma Elman bu işə də razı olmuşdu. İşgüzarlığına və bacarığına görə qısa müddətdə növbə rəisi , dağ sexinin rəisi vəzifəsinə irəli çəkilmiş, 1981-ci ildə isə Gümüşlü mədəninə direktor təyin edilmişdir.

   Cəmiyyət insanları azacıq aşım, ağrımaz başım prinsipi ilə işləməyə məcbur edirdi. hər şey yuxarıdan planlaşdırılırdı.İcraçılar yaxşı mütəxəssis sayılırdı. Yenilik etmək istəyən, nəyisə dəyişməyə təşəbbüs göstərənlər istehsalatda da yad sayılırdılar. Onların fəaliyyətləri hər vasitə ilə əngəllənirdi.

   Arpaçay vadisində yerləşən Gümüşlü mədəni Ermənistana yaxın idi. İşlə əlaqədar onlar Ermənistana tez-tez gedirdi, peşə yoldaşları ilə görüşurdülər. Ermənilərlə söhbətlərdən öyrənirdi ki, Moskva onlara daha çox vəsait ayırırdı.Onların avadanlığı texniki vasitələri də Azərbaycandakından çox olurdu.

   Bu fakt və rəqəmlərlə tanış olandan sonra onun içərisində bir sual baş qaldırırdı: Niyə bizdə belə olmalıdır? Bu suala cavab tapmaq üçün yalnız kitablar oxumaq, elm öyrənmək kifayət etmirdi. Rəsmi deyilən və yazılanlarla real görülən işin düz gəlmədiyini də görmək kifayət deyildi. Moskvanın ikili standartlarla yanaşmadığını bilmək də azlıq edirdi. Bütün bunları incəliyinə qədər bilib açıq mübarizəyə girişmək özünü məhvə atmaq demək idi. Əyriliyə qarşı əyri yollarla mübarizə aparmaq lazım gəlir.

   Elman da bunu bacardı. S.M.Kirov adına ADU. geoloji-kəşfiyyat fakültəsinin alimləri ilə müqavilə bağladı, laboratoriya analizlərini özlərində apartdırdı.Dəfələrlə Moskvaya baş idarəyə getdi.sənədlər doğru, dəqiq olsa da yuxarılırın saqqalını yağlamağı da unutmadı. beləliklə Gümüşlüdə yeni yataqların axtarışına Ermənistanda olduğu kimi 1.5 milyon vəsait ayırtdırmağı bacardı. Bunu ilk təqdir edənlərdən biri İliç (indiki Şərur) Rayon Partiya Komitəsinin I Katibi tahir Əliyev oldu.Çünki onun özü də qanunlardan yan keçərək rayonun abadlaşması üçün xeyli iş görmuşdü. Rəsmi dövlət planında olmadığı halda stadion tikdirmiş, yol çəkdirmiş, muzey açdırmış, abadlıq işləri gördürmüş və s. 27 yaşında biz mühəndisin Gümüşlü mədəninə direktor təyin edilməsi ona çox böyük etimad göstərildiyindən xəbər verirdi.Belə yüksəlişə adətən yuxarılarda yaxın qohumları olanlar nail olurdular. Elmanın isə yuxarılarda yaxın qohumu olmadığı kimi Naxçıvanda da heç kimi yox idi. Hər şeyə öz bacarığı və zəhməti ilə nail olurdu.

    1979-cu ilin payızında M.Əliyev adına incəsənət İnstitutunun aktyorluq fakültəsində oxuyan həmkəndliləri Afətlə nişanlanmışdı. Bakıya gələndə onunla teatra, konsertə, gəzintiyə getməyi sevirdi.Utanmağı, çəkinməyi yoxuydu. Nişanlısı ilə dost-tanışını tapış etməyi sevirdi. Bu tanışlıqlar çox vaxt ona baha başa gəlirdi. Xüsusən də mənim kimi çətin adamlarla.

   Bir dəfə xanımımla Bakıda olanda Elman bizi nişanlısı ilə tanış etmək istədiyini bildirdi. Mən isə zarafatla: Bu elə-belə, küçədə-bacada mümkün deyil. Gərək bir yaxşı restoran, müəyyənləşdirəsən, əvvəlcədən stol sifariş verəsən, biz də orada əyləşib yeyib, içə-içə tanış olaq.

   Aradan bir gün keçməmiş Elman əlində 4 biletlə gəldi.  O vaxtın ən dəbdə olan restoranına Gülüstana bilet almışdı. Həmin axşamın xərcini də O çəkdi. İçki aludəsi olmasa da dost tanışla bir süfrə arxasında əyləşməyi, deyib-gülməyi sevirdi.

Zarafatından qalmazdı. Onün söylədiyi lətifələri, öz kəndləri, kəndlərində baş verən hadisələri söyləyəndə bilmirdi ki, mən onları folklor nümunələri kimi toplayıram. Onların bir çoxunu sonralar dərc etdirdim.

  1983-cü ilin martın 26-27-də Elmanın toyu oldu. İş yoldaşları və dostları ilə birlikdə toya getdik.Elmanın nişanlısının zərifliyindən, hər şeyə narahat olduğundan xəbərdar olduğuma görə gəlinin ayağının altında qoyun kəsiləndə mən Afət eşitsin deyə: Bu yazıq erkəyin günahı nəydi ki, başını kəsdilər? dedim. Məncə bu həmin anda Afətin içindən keçən hiss idi. Sonralar O, mənim bu replikamı dəfələrlə xatırladı.

  Evlənəndən sonra Elmanla get-gəlişimiz başladı. Yeni ailə qurmalarına baxmayaraq gah Afətin xörəyini, səliqə-səhmanını lağa qoyur, gah da Elman haqqında eyhamlı sözlər söyləyirdim. Hər bir qadın kimi onun da qəlbindən qara qanlar axırdı. Amma Elmana olan məhəbbəti və inamı aralarında inciklik yaranmasına imkan vermirdi. Bütün bu zarafatlarımın arxasında bir məqsədim vardı: ailə möhkəm olsun! Fikirləşirdim ki, aralarında bir söz-sov, narazılıq olsa narazılığı aradan qaldıracaq, həqiqəti deməklə vəziyyəti aydınlaşdıracağıq.

  Çox vaxt kişilər xanımlarının işləməsini istəməz, ev-eşiyə, uşaqlara baxmasına üstünlük verər. Xüsusən də teatrda! Amma Elmanın xanımına inamı və məhəbbəti o qədər böyük idi ki, təkidlə onu C. Məmmədquluzadə adına Naxçıvan Teatrında işə düzəltdi. Az qala Elmanın özü də teatr işçisinə çevrilmişdi. Afətə hər cəhətdən yardımcı olmağa çalışırdı ki, Afət səhnədə özünü təsdiq edə bilsin.

  Elman dağ mühəndisi olduğuna görə iş yerini tez-tez dəyişməli olurdu. 1989-cu ildə onu Ordubad rayonundakı Parağaçay mədəninə direktor göndərdilər. Mədəndə bir sönüklük var idi. İstehsal gündən-günə azalırdı. Vəziyyətdən çıxmaq üçün yeni layların istismarını layihələşdirmək lazım idi. Buna da Moskva pul ayırmaq istəmirdi. Əslində pul da yox idi.Sovet iqtisadiyyatı sürətlə çökürdü. Elman isə öz biliyinə, işgüzarlığına arxalanıb yuxarılarla dil tapıb işi yenidən qurmağa çalışırdı.

  1990-cı ilin yanvar hadisələri onun bütün ümidlərini qırdı. Bildi ki, Moskvadan pul qoparıb mədəni əvvəlki gücüylə işlədə bilməyəcək.Həmin ilin mayında Bakıya köçdü. Azərbaycan Dövlət Dağ Texniki nəzarəti komitəsində dövlət müfəttişi işləməyə başladı.

  Yeni iş yerində də ona xoşgəldin demədilər. O, biliyini, bacarığını işə sərf etmək istəyirdi. Nəyisə dəyişməyə, yaxşılaşdırmağa çalışırdı. İş yoldaşlarının, baxışından, davranışından köhnə bazara təzə nırx qoyma oxuyurdu.

  Zaman dəyişiklik tələb edirdi. Azərbaycan müstəqilliyini elan etmişdi.

İdarədə isə köhnə qaydalar hakim idi.

Naxçıvandan Bakıya gəlmişdim. Azərbaycan Respublikasının prezidenti Əbülfəz Elçibəylə görüşəcəkdim. Elman da bunu bilirdi. Komitədəki vəziyyəti geniş izah etməyə çalışdı. Mən də öz bildiyim səviyyədə qeydlər etdim. Elçibəylə görüşəndə fikrimi şifahi söyləməklə bərabər,düşüncələrimi əhatə edən arayışdar da yazıb verirdim ki, mən olmayanda təkrar baxa bilsin. Elmanın dediklərindən bir çox məsələlr də arayışə salmışdım. Orada vəziyyəti dəyişmək üçün təkliflər də vardı.

  Bəy söhbətimə qulaq asa-asa arayışı gözdən keçirir, məsələlərə münasibətini bildirirdi. Dövlət Dağ Texniki Nəzarət Komitəsi ilə bağlı təkliflərə gələndə: Üç-beş nəfərlik bir qrup orda bir həftə yoxlama aparsa 20-30 səhifəlik bir arayış yazar. Burada çox yığcam şəkildə tezislər var. Özü də maraqlı fikirlər idi. Verərəm məşğul olarlar. Belə şeylər vəzifə borcunu yerinə yetirməklə olmur, vətəndaş yanğısıyla olur.-dedi. Sonra da Sən Naxçıvanda oturub Bakıda vəziyyəti belə aydın bilə bilməzsən. Faktları kim verib?-deyə sual verdi. Mən bir-iki cümlə ilə Elmanla tanışdığımızdan söz açdım. İşdən çıxarıldığını söyləyəndə heç təəccüblənmədən: Bu dəqiqə köhnəliklə yeniliyin gərgin mübarizəsi gedir. Onlar yaxşı təşkilatlanıblar. Bir-birilərini də gizli şəkildə sıx müdafiə edirlər. Amma dünya dəyişir, onlar belə vəziyyətdə qala bilməzlər. Ya dəyişməlidir, ya da sıradan çıxmalıdırlar. O oğlanı da diqqətdə saxla, bacarığına görə işlə təmin edək.

  Çox təəssüf ki, Elçibəy hökümətinin ömrü az oldu. Yenilikci, bacarıqlı kadrları ixtisaslarına uyğun işlə təmin edə bilmədilər.

  Həmin günlərdə dişim bərk ağrıyırdı. Müalicə etdirmək üçün H.Hacıyev küçəsindəki 1 nömrəli Respublika Stomatoloji Poliklinikasını gedirdim. Nədənsə təkidimə baxmayaraq O, da mənimlə getdi. Həkim iynə vurub dişimi müalicə etməyə başladı. Bir də onu hiss etdim ki, bir ağ tunelin içi ilə gedirəm. Bu vəziyyət nə qədər çəkdi bilmirəm. Gözümü açanda gördüm ətrafımdakıların hamısı ağ xalatlıdır.Handan-hana onların içərisində yeganə mülki geyimdə olan elmanı da gördüm.

  Poliklinikanın işçilərinin əksəriyyəti başıma toplaşmışdı. Dişimi müalicə edən yaşlı qadının sifətində qan qalmamışdı. Məni xəstəxanaya aparmağı təklif etdilər, mən isə özümə gəlib işimin dalınca getməyi planlaşdırıdım. Elman qoymadı, maşınına qoyub Lökbatana evinə gətirdi. Ən çətin, kədərli günlərdə belə deyib-gülən, vəziyyətdən gülüşlə çıxan Elman nədənsə məni lağa qoyub gülmürdü. Evə gələndə Afət qapının ağzındaca Elmanın narahatlığını duydu. Nə qədər gizlətməyə çalışsaq da mənim başıma gələni bildi. Olduqca narahat oldu. Həmin gün məni heç yerə getməyə qoymadı.

  Elmanın bacısı Səadət Əfqanıstanda yaşayırdı. 1983-cü ildə ilk övladı olanda ona bacısının adını qoydular. Amma heç biri qızı Səadət deyə çağırmaq istəmirdi. Bılıx deyə əzizləyirdilər. Uşaqları əzizləmək üçün işlədilən ləqəblər bəzən böyüyəndə addan çox işlədilir. Buna görə də mən uşağı öz adıyla çağırmağın tərəfdarıydım. Bir-iki dəfə Elmana da Afətə də qızı adı ilə çağırın desəm də onlar öz bildiklərində idi. Belə olan halda mən də qızı  balax deyə çağırmağa başladım. Elman üzə vurmasa da Afət hirslənir, narazılığını bildirirdi.

  1994-95-ci ildə Elman gilə getmişdik. Anası da onlarda idi. Evdə bir gərginlik vardı. Anası tez-tez ağlayırdı. Kabulda vəziyyət gərgin 3-4 ay idi Səadətdən xəbər tuta bilmirdilər. Telefonları da cavab vermirdi. Radio, televiziya, qəzetlər hər gün Kabulda döyüşlər getdiyindən, partlayışlar olduğundan xəbər verirdi.

  Həqiqətən də vəziyyət narahatlıq doğuracaq idi. Çox fikirləşdikdən sonra Səadətin Kabuldakı ev və telefon adresinlərini, tanışlarının telefonlarını öyrənib Tehranda yaşayan dostum Ərsalan Fəsihiyə zəng vurubvəziyyəti anlatdım. İki-üç saat gözləsək də Ərsalandan da bir xəbər çıxmadı. Biz durub evimizə gəldik.GECƏ Elman zəng vurdu. Sevinc içindəydi. Anasının da ürəyi yerinə gəlmişdi. Ərsalan zəng vurub Səadətin özü ilə danışıbmış.

  Sonralar Ərsalanla Tehranda görüşəndə O, Səadətlə danışa bilmək üçün nələrə əl atdığını, Səadəti telefona gətirdəndən sonra da həqiqətən Səadət olduğunu yoxlamaq üçün hansı suallar verdiyini danışanda onun fərasətinə heyran qaldım.

  Afətin xörəklərinin dadsızlığını deyə-deyə, dadlı-dadlı xörəklərinin yedim, Balax deyə-deyə Səadət böyüyüb Tibb Universitetinin tələbəsi oldu. Bacısı Səadət Kabulda odun-alovun arasından sağ-salamat dönsə də Türkiyədə avtomobil qəzasından dünyasını dəyişdi.

  Elman da yenilik həvəsindən yorulub, ixtisasından uzaqlaşaraq ailəsini dolandırmaq üçün sosial təminat sahəsində işləməyə başladı.

 

                                                                                                                Əli Şamil. 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol