Əli Şamil
alishamil@yahoo.com
OSMAN ƏHMƏDOĞLU HAQQINDA TƏLƏBƏLİK XATİRƏLƏRİM
…Avqustun sonları olsa da, havanın şaxı hələ sınmamışdı. Sumqayıtdakı Kimya Zavodunun “Dostluq küçəsi 39” -da yerləşən 1 saylı yataqxanasının qarşısında kölgədə oturmuşdum. Pillələrdən enən ortaboylu, sağlam bədənli gənc 4-5 metrliyimdən keçdi. Bir əlində böyük, nimdaş çamadan, o biri əlində səliqəsiz bükülmüş bir bağlama vardı. Geyimi də səliqəsiz idi. Buna baxmayaraq, qürurla yeriyirdi. Sanki yerimir, uçur, yükünün ağırlığını belə hiss etmirdi...
Mən bu dəliqanlı, döyüşkən gənci tanıyırdım. Bizi 5 saylı Fəhlə-Gənclər Məktəbindəki şagird yoldaşlarım – Elman Süleymanov və Əfəndi Babayevtanış etmişdi. Elman ucaboylu, dolubədənli, yaraşıqlı, Əfəndi isə ortaboylu, tökməbədənli idi. İdmanı sevirdilər.Güləşlə, ağırlıqqaldırma ilə məşğul olurdular. Hər ikisi Gürcüstandan idi. Biri Ağbulaqdan, o biri də Sarvandan gəlib Kimya Zavodunda işləyirdi. Ünsiyyətcil və mehriban olan bu gənclər dərslərə başdansovdu yanaşırdılar. Bir yataqxanada qalsaq da, bir məktəbdə oxusaq da, bir-birimizi hörmətlə salamlamaqdan başqa bir ünsiyyətimiz yox idi.
Osman da gəlib onlarla bir otaqda qalırdı. Bizi tanış edəndə təxminən belə demişdilər: “Sənin adamın budur! Yaxşı oxuyur. Azərbaycan Dövlət Universitetinin(indiki Bakı Dövlət Universiteti) Filologia fakültəsinə qəbul olmaq istəyir. İmtahanlardan yüksək qiymət alsa da, müsabiqədən keçə bilməyib... (O zamanlar qəbul imtahanlarına hazırlaşanları sual-cavab etmək ənənəyə çevrilmişdi. Səni tanıyanlar da, tanımayanlar da, biliyi olanlar da, olmayanlar da sual verirdilər. Bundan heç kim də incimirdi...)”
Osmanın hazırlıq səviyyəsini yoxlamaq üçün ona ədəbiyyatdan imtahana düşən bir neçə süal verdim. Geniş və dolğun cavablar verdi. Xüsusən şairlərdən sual verəndə əsərlərindən uzun parçalar və ya şeiri əzbərdən sonadək deyirdi. Xəbər aldım ki, bəs özün şeir yazırsanmı? Tərəddüdlə “yox” cavabını verdi. Lakin onun bu “yox”unu mən “hə” kimi başa düşdüm.
Qəbul imtahanlarına gələnlərin əksəriyyətinin zəif yeri şairlərin seirlərini az bilməsi olurdu. Abituriyentlər orta məktəb proqramına salınmış şairlərin ya bir-iki şeirini, ya da şeir və poemalarından parçalar bilirdilər. Müəllimlər də adətən, əlavə sualları onların ömür yolundan deyil, əsərlərindən verirdilər.
Yaşıd olsaq da, Osman mənə sual vermədi. Başa düşdüm ki, Elman və Əfəndi məni ona tərifləyiblər. Odur ki, mənimlə məsafəli davranır. Eyni yataqxanada qalsaq da, Osmanla ara-sıra görüşər, hərdən sual-cavab da edərdik bir-birimizi. Onu bilirdim ki, Osman həmyerliləri Elman və Əfəndi ilə birlikdə məşq də edir. Sənədlərini yenə də Azərbaycan Dövlət Universitetinin Filologiya fakültəsinin gündüz şöbəsinə vermişdi. İndi iki ağır yüklə, “uça-uça getməsindən” anladım ki, musabiqədən uğurla keçib. Onu səsləyib təbrik də etmədim. Arxasınca gülümsəyərək, urəyimdə uğurlar arzuladım.
Avqustun 30-da Osmanı yenə yataqxananın qarşısında gördüm. Qəbul olunması münasibətilə təbrik etdim. Heç xəbər almadı ki, qəbul olunmağımı haradan bilirsən. Elə qürurluydu, elə bil alçaq dağları o yaratmışdı.Ona elə gəlirdi ki, universitetə qəbul olunmasından hamı xəbərdardır. Soruşdum ki, fəhlə yataqxanasında qalacaq (o dövrdə tələbələrin bəziləri Bakıda ali məktəblərə qəbul olunsalar da, Sumqayıtda yaşayırdılar), yoxsa... Sözümü tamamlamağa imkan vermədi. Qürurla: “Azərbaycan Dövlət Universitetinin yataqxanasında qalacam!”- dedi. Səhv etmirəmsə, mən təklif etdim ki, bir yerdə otaq alaq. Osman maraqla üzümə baxdı. Oməni tələbə kimi tanıyırdı. Filologiya fakültəsinin Jurnalistika şöbəsinə qəbul olunduğumu söyləyəndə, deyəsən bir az təəccübləndi də. Bildirdim ki, Jurnalistika Filologiya fakültəsinin söbəsi olduğundan, bizə bir yerdə otaq verərlər. Təklifimə etiraz etmədi. Beləcə 3 saylı yataqxananın 28-ci otağına yerləşdik.
İxtisaslarımız fərqli olsa da, eyni fakültədə oxuduğumuzdan, dərslərin bəzilərini bir yerdə dinləməli olurduq. Müəllimlərimiz də təxminən eyniydi.
Osman ilk gündən müəllimlərin də, tələbələrin də diqqətini özünə cəlb edə bildi. Mühazirələri səliqə ilə yazır, müəllimləri diqqətlə dinləyir, seminarlara ciddi hazırlaşır, suallara ilk cavab vermək istəyən olmağa çalışırdı. Bir sözlə, çoxlarına özünü sevdirə bilmişdi...
İti yaddaşı ona çoxlu şeir əzbərləməyə imkan verirdi. Birdən görürdün ki, saqqalını qırxa-qırxa Aşıq Ələsgərin bir qoşmasını əzbərlədi. Özünün şeir yazdığını da gizlətmirdi. Qələmini gah əruz, gah da sərbəst vəzndə sınasa da, aşıq şeir şəkli onun ruhuna hopmuşdu. Heca vəznində yazdığı şeirlərinin bəsilərini aşıqlar məclislərdə oxuyurdular.
Yeni yazdığı şeirlərini həvəslə dinləyirdim. Bəzən tənqid edirdim. Mən özümü “biləndər”, “obyektiv tənqidçi” kimi göstərməyə çalışırdım. Bu da onu hövsələdən çıxarırdı. İstəyirdi ki, onun bütün şeirlərini tərifləyim.
Bir dəfə mənə məharətlə tor qurdu. Bilirdi ki, Məhəmmədhüseyin Şəhriyarın şeirlərini çox sevirəm. Odur ki, şairin “Ayın əfsanəsi” poemasından kağıza köçürdüyü parçanıdostlarımızın toplaşdığı bir məclisdə öz şeiri kimi oxudu. Mən də dedim ki, zəif şeirdi. Mətbuata vermə. Osman özündən bərk çıxdı və Şəhriyarın kitabını açıb həmin parçanı göstərdi.
“Ayın əfsanəsi”ndən bəzi parçaları Osman da, mən də əzbərləmişdik. Amma indi oxuduğu şeirin poemadan olduğunu bilsəydim, bəlkə də elə sərt deməzdim. Amma yenə də fikrimin üstündə durdum. Bir neçə vaxtdan sonra gülə-gülə bildirdi ki, sən haqlıydın. Şeir Şəhriyarın olsa da, tərcüməsı çox zəifdi.
Bir çox aşıqların və el şairlərinin adlarnı tələbələr, hətta “Azərbaycan şifahi xalq ədəbiyyatı” fənnindən dərs deyən müəllimimiz, aşıq yaradıcılığının araşdırıcıları, aşıqlarımız bilmədiyi halda, Osman onların şeirlərini əzbərdən deyirdi. Təhləli Novruzun, Ağacanın şeirlərini ilk dəfə ondan eşitmişdim. El şairlərimizin şeirlərində elə ifadələrə rast gəlirdik ki, içimizi göynədirdi. Müzakirə edir, müəllimlərimizə deyirdik ki, nədən bu gözəllikdə, şirin və axıcı sözlərimizə “dialekt, ləhcə sözü” damğası vuraraq, ədəbi dilimizdən uzaqlaşdırmışıq.
Hələ də yadımdadı onun Borçalının məşhur el şairi Təhləli Novruzdan dediyi bir gəraylı-təcnisin bu misraları:
Naşı səyyad səhra yerdən oy ala,
Təbib sənsən dərdə dərman, oyala.
Ürküşüb marallar çıxsa o yala,
Çətin oyçu onu ha bular, bular...
Dərslərdə müntəzəm iştirak etməklə yanaşı, ədəbi-bədii məclislərdən də qalmırdıq. Molla Pənah Vaqifin anadan olmasının 250 illiyinə həsr olunmuş toplantıda iştirakımızdan, orada İraqdən gəlmiş Şakir Sabir Zabitlə, Yuqoslaviyadan gəlmiş Necati Zəkəriyyə ilə, Türkiyədən gəlmiş Həyatı Yazıcıoğlu ilə tanışlığımızdan bu gün də həvəslə danışır Osman...
Birinci semestrdə vəziyyətim ağır oldu. Nə evdən pul göndərən vardı, nə də təqaüd alırdım. Sentyabr-oktyabr aylarını zavoddan işdən çıxarılmağımla bağlı verilən pulla keçindim (Ali məktəbə qəbul olunduğuma görə, işlə vidalaşmaq məcburiyyətindəydim). Sonrakı ay vəziyyətin daha da gərginləşdiyini görəndə istədim Jurnalistika fakültəsində gündüz oxumaqdan uzaqlaşıb Pedaqoji İnstitutda qiyabi təhsilimi davam etdirim. Amma universitetdəki mühit artıq məni özünə möhkəm bağlamışdı. Bir tərəfdən də Osmanla bir otaqda qalmağım qətiyyət göstərib universitetdən çıxmağıma mane olurdu. Çünki ilk gündən aramızda pul, ərzaq almaq üçün kim nə qədər xərcləyəcək söhbəti olmadı. Hansımıza düşdü, ərzağı o aldı. Yemək bişirmək, ev işlərini görməkdə də iş bölgüsü aparmadıq. Hansımıza düşdü, o, məişət işlərini gördü...
Qəribəsi bu idi ki, bəzən eyni otaqda qalan qardaşların pul, ərzaq almaq, məişət işləri üstündə mübahisə etdiyini görəndə təəccüblənirdik. Osmanın da ailə vəziyyəti o qədər yaxşı deyildi. Anası Tamam xala evdar qadın, kiçik bacısı Fatma məktəbli, yaşı 70-i haqlamış atası Əhməd kişi isə təqaüdçü idi. Bu çətinliyə baxmayaraq, Osman kəndləri Keşəliyə gedəndə xeyli ərzaq və cibində də bir xeyli məbləğ pulla gəlirdi. Ərzağı atamalı kimi bərabərcə yediyimiz kimi, cibindəki pulu da yarı bölürdü.
İkinci kursa keçəndə mənimlə bir kursda oxuyan İsrafil Qurbanov da bizim otağa keçdi. Birinci kursdan Osmanın sayəsində yaranmış qayda nəinki universiteti bitirənə kimi, hətta ömrümüzün ahıl çağlarında da davam etdi.
Seminarlar və birinci kursun imtahanları Osmanı ruhdan saldı, xeyli bədbinləşdi. Biz nə zülmlə ali məktəbə qəbul olunmuşduq. Oxuyanda gördük ki, vəzifəlilərin, universitet müəllimlərinin uşaqları, ataları pul verib qəbul etdirənlər necə bəsit dünyagörüşlü, dayaz bilgilidirlər! Ədəbiyyatdan, tarixdən sadə şeyləri belə bilmirlər. Buna baxmayaraq, onlar yüksək qiymətlə qəbul olunduqları kimi, əziyyət çəkmədən, oxumadan da yaxşı qiymət alırlar. Osman belələrini görəndə, heyrətlə: “Vallah, mən beş il bir kitab oxumasam belə, yenə də onlardan çox biləcəm!”-deyirdi.
Adlarını çəkmək istəmədiyim bəzi müəllimlərimizin savadsızlığını görən Osman onları dolayırdı. Səhv etmirəmsə, üçüncü kursda oxuyanda Məhəmmədağa Şaxtaxtlının yaradıcılığından bir kurs işi yazmışdı. Orada Məhəmmədağa Şaxtaxtlı haqqında həqiqətdən uzaq bir çox fikirlər vardı. Onlardan biri yadımda qalıb: Osman yazmışdı ki, Məhəmmmədağa Şaxtaxtlı Leypsiq Unversitesində oxuyanda, yəni 19 yaşında “Qurani- Kərim”i ərəb dilindən alman dilinə çevirib. Mən ona bunları yazıdan çıxartmasını məsləhət gördüm. Osman isə: “Dediklərinin heç birini çıxaran deyiləm. O, (yəni, müəllim) savadsızın biridir, bunların heç birini anlamayacaq. Əksinə məni tərifləyəcək ki, yeni faktlar tapmışam”, – deyə inadından dönmədi.
Həqiqətən də elə oldu. Müəllim auditoriyada Osman Osmanovun kurs işini tərifləyərək, hamıya nümunə göstərdi.
Yaşadığı mühitin zəngin ədəbi-mənəvi dəyərlərindən bəhrələnmişdi. Mənim dünyagörüşümün formalaşmasında da onun doğulduğu Keşəli kəndinin rolu böyük oldu. Dağ kəndində, Göyçədə doğulmuşdum. Buz kimi suyu olan bulaqlardan su içməyə, sərin havada gəzməyə, kəndin bir yerindən baxanda evlərin çoxunu, həyət-bacaları görməyə alışmışdım. Buna görədə, düzəndə yerləşən aran kəndlərini bəyənmirdim. Onların isti və bürkülü havasına, tozlu yollarına, ilıq və bulanlıq suyuna alışa bilmirdim.
Soldan İsrafil Qurbanov, Osman Əhmədoğlu və Əli Şamil
Osmanın təkidi ilə yay tətilində onların kəndinə - Sarvanın Keşəli kəndinə getdim. Hava isti olsa da, bürkülü deyildi. Osmangilin evi Kürün sağ sahilində, uca bir yarğanın üstündəydi. Oradan baxanda Kür, Qarayazı meşəsi adamın ayağının altında görünürdü. Gündüz hava nə qədər isti olsa da, gün batmağa doğru gedəndə Kürün qaşında sərin bir meh əsirdi. Axşamüstü Osmangilin bağındakı yarğan uçurmadığı ağacların altına toplaşıb yaşıdlarımızla söhbətləşirdik.
Kəndin adamları da bizim kəndlilər kimi saz-söz həvəskarı idilər. Aşıqlardan, qaçaqlardan, kənddə keçmişdə baş verənlərdən, günümüzün hadisələrindən söhbət edərdik. Osmanın atası Əhməd kişi, qohumları meyxana məclislərindən, o məclislərdə oxuyub-oynayanlardan danışardılar. Tez-tez də söhbət Vəli kişinin (ona “Şeyx Vəli” də deyirdilər) meyxana məclislərində “cevizlənib” qurşağacan soyunduğundan, qaynayan samovarı qucağına almasından, samovarın lüləyini açıb oradan axan qaynar suyu üzünə vurmasından, içməsindəndüşərdi. Onun hərəkətlərini təkrar eləmək istəyənlərin qaynar suda əllərini yandırmalarını xatırlayıb gülərdilər.
Bu söz-söhbətləri dinləyə-dinləyə Mir Həmzə Seyid Nigarini, İsmayıl Şirvanini, nəqşibəndiliyi öyrənirdim. Ona görə də, heç bir siyasiyönlü təbliğat məndə meyxanaya mənfi münasibət oyatmırdı. Əksinə, əks-təsir yaradırdı. Sovet təbliğatına, ateizmə inamım get-gedə zəifləyir, onlara qarşı müqavimətim güclənirdi. Beləcə, Keşəliyə ürəkdən bağlanır, kəndi sevirdim. Adamlarını öz doğmalarım bilirdim. Onlar da məni doğmaları kimi qəbul edirdilər. Bu kəndlə, orada yaşayan insanlarla bağlı şirin xatirələrim var. Ömür vəfa etsə və ya mən tənbəlliyin daşını ata bilsəm, bu xatirələri yazıb bir kitab halına salacam.
Dünyagörüşümün formalaşmasında böyük rolu olmuş Keşəli kəndinin sayəsində mən Türkiyədən bacısı Anaxanımı görməyə gəlmiş Qarslı Aşıq İslamla tanış oldum. Onun səpdiyi şübhə toxumu sayəsində “Axıskalı Xəstə Hasan”, “Aşıq İsgəndər Ağbabalı”, “Çıldırlı Aşıq İrfani” kitablarını, neçə-neçə elmi məqaləni yazdım, müxtəlif ölkələrdə keçirilən Uluslararası simpoziumlarda diqqətçəkən məruzələr oxudum. Kitablardan “Axıskalı Xəstə Hasan” Qazaxıstanda və Türkiyədə nəşr edildi.
Osman da bu kənddə, zəngin mənəvi dəyərli bir mühitdə böyüdüyünə görə,müəllimin, ədəbi-bədi əsər müəllifinin böyük nüfuzu, cəmiyyətdəki mövqeyi onu təsir altına sala bilmirdi.
İsmayıl Şıxlının “Dəli Kür” romanı yenicə nəşr olunmuşdu. Demək olar ki, hər yerdə bu romandan söhbət gedirdi. Məşhur tənqidçilər də, müəllimlərimiz də, sadə oxucular da romanı tərifləyirdilər. Osman isə cəsarətlə romanın bəzi epizodlarının həyat həqiqətindən uzaq olduğunu, yaxud faktların təhrif edildiyini söyləyirdi.
Cünki Osman nəqşibəndilər mühitində böyümüşdü. Gözünü açandan onların yaşam tərzini görmüşdü. Bu təriqətin mərasimlərində iştirak etmiş minlərlə insan tanıyırdı. Dəfələrlə evlərində, qonşularda təşkil etilmiş meyxanalarda iştirak etmişdi. Orada yüksək mənəvi dəyərlərdən başqa bir şey görməmişdi. Özü meyxanalarda gözəl oynadığı kimi, orada oxunan onlarla şeiri də əzbər bilirdi. “19-cu əsr Azərbaycan ədəbiyyatı” kitabında dövrünün böyük ədəbiyyatşünası və pedaqoqu, akademik Feyzulla Qasımzadə Mir Həmzə Seyid Nigarinin də adını bir neçə təriqətçi, mühafizəkar şairlər sırasında çəkmişdi.
Osman isə Mir Həmzə Seyid Nigaridən elə lirik qəzəllər, qoşmalar oxuyurdu ki, mövzuca Xətainin, Fizulinin, Vaqifin, Seyid Əzim Şirvaninin və başqalarının şeirlərindən heç də seçilmirdi. Müəllimlərimiz isə bu mövzuda suallardan qaçırdılar. Çünki onlar Mir Həmzə Seyid Nigarinin bircə şeirini beləəzbər bilmirdilər. Şair-filosof haqqında bilgiləri demək olar ki, dərslikdə yazılmış bir cümlədən ibarət idi.
Mayası Mir Həmzə Seyid Nigari ilə yoğrulanlarda, içərisində Həzrət Əli sevgisi olanlarda“Dəli Kür”də təsvir olunan meyxana əxlaqı olmazdı.
Osmana babasının adını qoymuşdular. Babası da nəqşibəndiliyə konul vermiş birisi imiş. Onun haqqında ailələrindən, qohunlarından eşitdiyi söhbətləri həvəslə danışırdı. Babasının Sovet hakimiyyəti illərində Hacı Mahmud ağa ziyarətgahına yığılmış nəzirləri qızıla çevirib Amasiyaya aparırmış. O qədər köhnə-köşkül geyərmiş ki, hamı ona “Cındır Osman” deyərmiş. Heç kimin də ağlına gəlməzmiş ki, əynində cırıq-cındır paltarın içərisində qızıl gizlədilib. Bu vəziyyətdə də ya aşkar, ya da qaçaq yolla sərhədi keçərək, mürşidinin əmanətlərini payi-piyada, aç-susuz Amasiyaya kimi apararmış.Bir neçə dəfə sərhəd pozucusu kimi həbs edilsə də, vaxtilə xeyirxahı olduğu insanlar onu ölümdən qurtarıbmış. Kitablardan, qəzet və jurnallardan oxuya bilmədiklərimi Osmanın söhbətlərindən öyrənirdim. Hacı İsmayıl Şirvaninin, Mir Həmzə Seyid Nigarinin adlarını onun və ailə üzvlərinin, həmkəndlilərinin dilindən çox eşitmişdim.
Osman onlar haqqında az qala əfsanəyə çevrilmiş rəvayətlər danışırdı. Rus imperiyasının barışmaz düşməni olan bu təriqət rəhbərlərinin Osmanlı dövlətində də sürgünə göndərilməsinin səbəbini nə Osman izah edə bilirdi, nə də mən anlayırdım. Şeyx Şamil hərəkatına müridlərilə, atla, silahla, pulla kömək edənləri mənə sevdirən və gözümdə qəhrəmana çevirən Osman olmuşdu.
O heç zaman nəqşibəndi təriqətindən olduğunu demədiyi kimi, kəndlərində də bu mövzuda söhbət getməzdi. Qəribəsi də bu idi ki, təriqətinin qaydalarını da dərindən bilməzdilər. Ona görə də, planlı, məqsədyönlü təbliğat aparmazdı. Sadəcə gördüklərini, eşitdiklərini həvəslə danışardı. Bu söhbətlər insanda nəqşibəndiliyə böyük sevgi oyadırdı. Əslində, bütün bunlar çox sadə bir üsulla aparılan güclü antiimperialist təbliğatı idi.
Artıq qeyd etdiyim kimi, ailə nə qədər kasıb yaşasa da, babası ziyarətgaha yığılan nəzirləri son qəpiyinəcən qızıla çevirib Amasiyaya apararmış. Sərhədlər möhkəmləndirildikdən sonra mürşüdü qocalmış və əldən düşmüş Cındır Osmana tapşırır ki, daha həyatını risqə atmasın, nəzirləri Amasiyaya gətirməyə cəhd etməsin. Cındır Osman da öləndə evdə bir miqdar qızıl qalır. İkinci Dünya Savaşı illərində ailə ölüm-qalım savaşı aparsa da,oğlu dəmirçi Əhməd o qızılları xərcləmir. Təxminən 1960-cı illərdə həmin qızıllarıHacı Mahmud ağanınsoyundan olanlar arasında özü bildiyi kimi bölüşdürür. Aparıb qızıl verdiyi adamlar arasında yüksək rütbəli dövlət məmuru da, universitetdə rəhbər vəzifə tutan professorda, hər il böyük məbləğdə qonorar alan şair və başqa peşə sahibləri də olub. Əhməd kişinin ailəsi onların hamısından kasıb olsa da, mənəviyyatca uca idi.Sadaxlı kəndinin ağsaqqalı Avdı babanın təşəbbüsü ilə Əhməd kişi öz əqidə dostları ilə birlikdə pul toplayıb,Sadaxlıdakı Bənövşə çayının üstündən kənd qəbristanlığına gedən yola körpü saldırmışdılar. Buna görə onları Sovet məmurları çək-çevir eləmişdilər. Demişdilər: “Siz kimsiniz ki, körpü salırsınız? Sovet hökuməti vaxtı gələndə oradan körpü saldıracaq. Körpünün tikintisində işlədilən, sementi, dəmiri və s. haradan alıbsınız? Onların sənədi hanı? Və s. və ilaxir...”
Osman özünü sünni təriqətindən sayırdı. Namaz qılmağı, yasin oxumağı da gözəl bacarırdı. Dindən istifadə edib, güzaranını təmin etmək istəsəydi, elə tələbəlikdən yaxşı var-dövlət yığa bilərdi. Dinə qazanc mənbəyi kimi baxanlara, savadsızlara düşmən idi. Bəzən ali məktəbdə oxuyan, özünü dindar sayan, xüsusən də şiə fanatiklərini dolamaqdan, lağa qoymaqdan çəkinmirdi. Ürək ağrısı ilə deyirdi ki, sünni olan atamın və kəndimizin savadsız qocalarının imam Əli sevgisinin yüzdə biri kaş bunlarda olaydı.
Məhdud dünyagörüşlüləri, nadanları, özündən müşdəbehləri görməyə gözü yox idi. Onları islah etmək üçün müxtəlif vasitələrdən istifadə edir, vaxtını boş yerə onlara xərcləyirdi. Bir dəfə Filarmoniyada toplantıya getmişdik. Aralıdan 30-35 yaşlı birisini göstərərək: “Gedək yanına, gör onun başına nə oyun açacam. Mənnən 10 manat borc alıb, vermək istəmir”, – dedi. Təəccüb qaldım ki, yüzlərlə 10 manatı imkansıza, tələbə yoldaşlarımıza xərcləyən Osman indi necə oldu ki, pul qədri bilənə çevrildi. Mənim “lazım deyil” deməyimə də əhəmiyyət vermədi. Borcluya yaxınlaşıb, gülə-gülə onun əlini sıxdı və tərifləməyə başladı. Çox istedadlı şair olduğunu bildirdi. Məni də tanış etdi. Belə bir şair tanımırdım. Ona görə xəbər aldım ki, sizin son çıxan kitabınız hansıdır? O da cavab verdi ki, “Ömür karvanı”. Mən də özümü Osman kimi aparmağa çalışaraq, gülümsədim:“Məmməd İbrahim(onda Məmməd “Araz” təxəllüsünü hələ götürməmişdi), sizi gördüyümə, sizinlə tanış olduğuma çox şad oldum. Kitablarınızı oxumuşam...” “Ömür karvanı” kitabındakı bir şeiri də deməyə başladım. Yalançı şair qaçıb çanını qurtarmağa çalışır, biabır olacağından qorxurdu. Mən isə əl çəkmək istəmirdim. Osman məni dartıb oradan uzaqlaşdırdı: “Sən neyləyirsən? Bacarmadığın işə niyə girişirsən? Elə bilirsən mən onu pərt eləyə bilmərəm? İstəyirəm, görüm nə qədər dözəcək, nə qədər siçan-pişik oynayacaq...”
Yalançı şair və fırıldaqçının adını, harada işlədiyini mən bilmədim. Amma yadımda qalıb ki, sonralar da uzaqdan Osmanı görən kimi yolunu dəyişir, ya küçənin o biri səkisinə keçir, ya da geri dönürdü. Osman da yanındakılara: “O adam mənə borclü olduğu 10 manatı verməmək üçün görün hansı dona girir. Baxın, görün onu nə günə qoyacam!” Hərlənib onun qarşısına çıxır, hər dəfə də əlini sıxır, gülə-gülə əhvalını xəbər alır, heç vaxt pul məsələsini dilinə gətirmirdi. Təkcə filologiya fakültəsində oxuyanlar deyil, universitetin aşağıdakı binasında olan hüquq, tarix, şərqşünaslıq fakültələri tələbələrinin əksəriyyəti də onu yanından keçəndə istehza ilə, “şair necəsən?” deyə söz atırdılar.
Şeirlərinin nəşri üçün heç vaxt redaksiyalara ayaq döyməyən, qəzet-jurnallarda işləyən şairlərə yarınmayan Osman Bəxtiyar Vahabzadə, Xəlil Rza, Hüseyn Arif və b. şairlərlə sıx ünsiyyətdə olurdu. Onlarla uzun-uzadı söhbətlər etməyi sevirdi. Bəzən gedib Xəlil Rza ilə birlikdə Türkandakı bağında da işləyirdi. Yazıçı və şairlərlə sıx ünsiyyətdə olmasına baxmayaraq, heç birinə aludəçiliyi yox idi. Hamısını obyektiv qiymətləndirməyə çalışır, sözünü də açıq deməkdən çəkinmirdi. Universitetdə dəyazıçı-şairlərlə görüşlərin əsas təşkilatçılarından biri adətən Osman olardı.
Bir dəfə Xalq yazıçısı Süleyman Rəhimovu görüşə gətirmişdilər. O, gənç nəsli kəskin tənqid etmiş, onları tənbəllikdə, yekəxanalıqda suçlamışdı. “Biz oxuyanda dərsə çarıqla gəlirdik!” - deyəndə, Osman özünü saxlaya bilməyib: “Süleyman müəllim, qrupunuzda dərsə çarıqla gələn neçə nəfər olardı?”-deyə xəbər almışdı. Sülüeyman Rəhimovun:“Tələbələrin tək-tükü ayaqqabı tapıb geyərdi. Çoxumuz çarıqla gəlirdik” – cavabının müqabilində, görüşdəki tələbələr özlərini gülməkdən saxlaya bilməmişdilər.
Osmanın sevimli “qəhrəmanları”ndan biri də Hüseyn Arif idi. Şairlə ömrünün sonunadək dostluq edən Osman kasıb bir tələbə olmasına baxmayaraq, Hüseyin Arifi həmişə yedirdib-içirərdi. Hüseyin Arif də özünün müftə yeyib-içməsi bir yana, tanıdığı adamları da süfrəyə dəvət edərmiş. Bəzən elə olurdu ki, Osman pulu çatmayanda ya Hüseyin Arifi qədəh dostları ilə restoranda süfrə arxasında qoyub, ya da tələbə biletini girov saxladıb universitetə gələrək, İsrafildən, məndən pul alıb gedib hesabı ödəyirdi. İsrafil belə işlərinə görə, Osmanın qətiyyən xətrinə dəyməzdi. Mən isə hirslənib onu danlasam da, xasiyyətindən əl götürməzdi.
Hüseyn Arifin şeirlərini sevə-sevə əzbərləyər, hər yerdə söyləyərdi. Davranışını isə lağa qoyub gülərdi.
Hüseyin Arif rəsmi məclislərdə, yazılarında, çıxışlarında həmişə Səməd Vurğunu və Osman Sarıvəllini öyərdi. Hətta Səməd Vurğun haqqında “Yolda” adlı poemada yazmışdı. Elə danışardı ki, sanki dünyada Səməd Vurğundan böyük şair yoxdu. Onun qeyri-ciddiliyini bildiyimdən, söhbətlərinə qulaq asmağa da həvəsim olmurdu. Osmanı dəfələrlə çıxılmaz vəziyyətdə qoyduğuna görə, ondan qisas almaq qərarına gəldim. Bilirdim ki, planımı Osmana desəm, qətiyyən razı olmayacaq. Odur ki, bir dəfə onu restorana apardım. Ofisiantı çağırıb Hüseyin Arifi bərk təriflədim. Azərbaycanın böyük şairi olduğunu, neçə-neçə mükafat aldığını, yaxın gələcəkdə “Sosialist Əməyi Qəhrəmanı” adı veriləcəyini də söylədim. Hüseyin Arif bir az içəndən sonra tərifdən o qədər xoşallanmışdı ki, qonşu stolda oturanları da bizim süfrəyə dəvət etdi. İstəyirdi mənim təriflərimi onlar da eşitsin. Mən də Hüseyn Arifi tərifləyə-tərifləyə aradan çıxmışdım. Bununla da Osmanın “qisası”nı ondan almağa çalışmışdım. Həmin vaxtdan sonra Hüseyn Arif məni görmək belə istəmirdi.
1973-cü ilin mayında Osmanla bulvara gəzməyə getməyi planlamışdıq. “Bakı Soveti” (indiki “İçərişəhər” metrosu) metrosunun yanında gördük ki, Hüseyn Arif Filarmoniya bağına doğru gedir. Osman onu görəndə dedi ki, 50 ədəd xəngəl alsan, elə eləyərəm, Hüseyn Arif Səməd Vurğunu söyər. Osmanın qəribəliklərindən biri də bu idi ki, mənə xəngəl aldırmağı sevirdi. Qazandığımızı bərabər xərcləyirdi. Kənddən gələndə ona verilən pulu üçümüzün arasında bərabər bölürdü. Sonra da başlayırdı ləliməyə ki, gedək zirzəmidəki xəngəlxanada 50-60 xəngəl al, yeyim. Mən də tərsliyə salıb almaq istəmirdim ki, çox yeyirsən. Mənim inad etməyim bəzən İsrafilihövsələdən çıxarır, Osmana hirslənirdi. Deyirdi:“Əliyə verdiyin pulun yarısını özündə saxlasaydın, 500 xəngəl alıb yeyərdin. Pulu verib, sonra niyə yalvarırsan?” Osman da adətən deyirdi ki, vicdanım yol vermir. Onda İsrafil hirslənirdi ki, səsini kəs, mən sənə xəngəl alacam. Osman isə istəyindən dönən deyildi. Deyirdi ki, yox sənin almağını istəmirəm, Əlinin almasını istəyirəm.
Osmanın mənə xəngəl aldırmaq istəyi aramızda uzun müddət mübahisə mövzusuna çevrilmişdi. 10-20 xəngəl istəyəndə, həvəslə alırdım. Eləki xəngəlin sayı 50-ni keçirdi, mübahisəmiz başlayır, mən inadkarlıq edirdim.
Bu dəfə nədənsə arxayın oldum ki, Hüseyn Arif ömründə Səməd Vurğunun əleyhinə danışmaz. Ona görə də, arxayınlıqla dedim ki, alaram.
Hüseyn Arifə yaxınlaşıb salamlaşdıq. O mənə görə, Osmanla həmişəki kimi mehriban görüşmədi. Osman onun soyuqluğuna əhəmiyyət vermədi. Hüseyin Arif iti yerişlə aşağıya doğru gedirdi. Biz də onunla yanaşı addımlayırdıq. Osman onun son şeirlərindən əzbər deməyə başladı və şeirlərini təriflədi. Hüseyn Arifdə Osmana qoşuldu. Özünü tərifləməyə başladı. Osman söhbəti gənc şairlərin üzərinə gətirdi. Təxminən bu fikri dedi ki, şair ancaq Qazaxdan olar. Səməd Vurğun, Osman Sarıvəlli, Hüseyn Arif, Nəriman Həsənzadənin davamçısı kimi Davud Nəsib və Nüsrət Kəsəmənli kimi istedadlı şairlər yetişir. Hüseyn Arif Osmanın dediklərini təsdiqləməklə qalmadı, onu da əlavə etdi ki, Davud Nəsib də, Nüsrət Kəsəmənli də mənim yetirmələrimdi.
Osman başladı ki, ay qağa, heyf ki, Nüsrət sənin etimadını doğrultmadı, yaxşı oxumadı, kursda qaldı. Hüseyn Arif də başladı Nüsrət Kəsəmənlini tənqid etməyə.Hətta bəzi misralarından da misallar çəkərək, “belə də şeir olar, misralar adamın qulağını dəlir”, dedi. Həqiqətən də, Hüseyn Arif Nüsrət Kəsəmənlinin elə misralarını seçib deyirdiki, ona etiraz etmək olmurdu. Biz bulvara çatanda onlar artıq Davud Nəsibi də poeziyadan “silmişdilər”.
Osmanın metodu eyni idi. Səməd Vurğunu, Osman Sarıvəllini, Hüseyn Arifi, Nəriman Həsənzadəni tərifləmək, sonra da axırıncını tənqid etmək. Beləliklə, onlar Nəriman Həsənzadə və Osman Sarıvəllini də “sıradan çıxardılar”. Bir qaldı Səməd Vurğun və Hüseyn Arif. Xeyli Səməd Vurğunu təriflədilər. Osman xəbər aldı ki, ay qağa, Səməd Vurğun niyə texnikum təhsili ilə kifayətləndi, ali təhsli almadı? Hüseyin Arif başladı Səməd Vurğunu savadsızlıqda suçlamağa. Osman da durmadan Hüseyn Arifi təriflədi. Hüeyn Arif də Osmana qoşuldu. Azərbaycan ədəbiyyatında bir şair qaldı: o da Hüseyn Arif! Sanki Hüseyn Arifi tərifləməkdə yarışa girmişdilər...
Birdən Osman söhbətin yönünü dəyişdi. Təxminən belə dedi: “Ay qağa, Səmədi səndən yaxşı tanıyan yoxdu. Deyillər artistlər, müğənnilər o yana, çox qadını-qızı yoldan çıxarıb, xalxın ailəsini dağıdıb”.
Hüseyn Arif: “Hə... hə... düz deyillər, oğ...n biriydi!” -deyəndə, mən qəhqəhə çəkib gülməkdən özümü saxlaya bilmədim. Gülmək məni elə təntitdi ki, onlardan xeyli arxada qaldım. Onlar isə danışa-danışa gedirdilər. Birtəhər özümü toparlayıb arxadan çağırdım: “Osman, gəl xəngəlini alıram”.
Osman həmin andaca geri döndü. Hüseyn Arif isə yerişini pozmadan gedirdi.
Osmanla Dəmiryol vağzalının yanındakı xəngəl bişirilən yerə gəldik. İlk dəfə idi ki, Osmana mübahisəsiz 50 xəngəl alırdım. Mənim qanım qara idi. Özümə gələ bilmirdim. Osman isə deyib gülə-gülə xəngəl yeyirdi. Hərdən də heyrətlə Hüseyn Arifin dediklərini təkrarlayırdı...
Sonralar mən illərlə Osmana yalvardım, gah dilə tutdum, şirnikləndirdim, gah da hirsləndim ki, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Hüseyn Arif haqqında xatirələrini yazsın. Bilirdim ki, o yazsa, heç nəyi redaktə etməyəcək. Hər şeyi olduğu kimi yazacaq. Şirin publisistik üslubu da onun yazdıqlarını oxudacaq.
Bəxtiyar Vahabzadə haqqında xatirələrini yazıb çap etdirdi. Etiraz edənlər, narazı qalanlar oldu. Lakin Osman Bəxtiyar Vahabzadəni necə görmüşdü, ondan nə eşitmişdi, olduğu kimi yazdı. Heç nəyi nə artırdı, nə əksiltdi. “Ayıbdı, bu, şairin nüfuzuna xələl gətirər” düşüncəsindən uzaq oldu.
Sonda onu deyim ki, biz gündüz oxusaq da, İsrafil gecə metroda, mən Sumqayıtdakı Kimya Zavodunda fəhlə, Osman isə Musiqili Komediya Teatrında səhnə qurucusu işləyirdi. Qəzetlərdən, radiodan aldığımız qonorarı çıxmaqla, ayda doqquz dəfə pul alırdıq. Üçü təqaüdümüz, altısı isə maaşımızın “avans-paluçkası”. Tələbələrin bəziləri aldıqları 35 manatlıq təqaüdlə dolanırdılar. Bizim təqaüddən başqa hər birimizin aldığımız maaş 100 manatdan yuxarı idi. Heç birimiz zövqlə geyinmirdik, eyş-işrətə də pul xərcləmirdik. Amma qapımız həmişə tanışların üzünə açıq idi. Osman son tikəmizi ac-imkansızlarla bölürdü. Bəzən bundan sui-istifadə edənlər də olurdu. Bunu isə heç vaxt üzə vurmurdu.
Musiqili Komediya Teatrında işlədiyi müddətdə orada tamaşaya qoyulan əsərlərin əksəriyyətinin mətnini əzbər bilirdi. Bəzən artistlər səhnədə mətni unudanda arxadan suflyorluq edirdi. Bir neçə dəfə də, teatr kəndlərə qastrola gedəndə, tərəf-müqabili xəstələndiyindən, Nəsibə xanım Zeynalova onu tərəf-müqabilinin əvəzinə səhnəyə çıxarmışdı.
Bir dəfə Osman dərsə getməmişdi. Yataqdan da qalxmaq istəmirdi. Mən “nə olub?” deyə xəbər alanda suçlu uşaq kimi “Heç nə...” dedi. Xasiyyətinə bələd idim. Bilirdim ki, həkimdən bərk qorxur. Ağır xəstlənsə də həkmə getmək istmmir. Onun yerdən, durmaq istəmədiyini, nahara da gəlmədiyini gödrükdə təkid etdim ki, dur həkimə gedək. “Yox, heç nəyim yoxdu” dedi və bir azdan belini tuta-tuta gəldi. Gördüm ki, çətinliklə yeriyir. Həkimə aparmağımı da istəmir. Nədən belini tuta-tuta yeridiyini də demək istəmir. Məcbur edəndə dedi ki, Bakı kəndlərinə qastrola getmişdik. Səhnəciklər göstərirdilər. Səyavuş Aslan bərk xəstələndi. Nəsibə xanım dedi mətinləri sən əzbər bilirsən, gəl bu səhnəcikdə tərəf-müqabilim ol.
“Nənəmin şahlıq quşu” tamaşasından bir parça göstəriləcəkdi. Mən də razılaşdım. Nəsibə xanım özünü cavan qız kimi aparan qarımış qız-xala rolunu oynayırdı. Səyavuş Aslanla yeyib-içəndən sonra sərxoş olmuş Səyavuşun süysunundən tutub, kürəyinə dizi ilə vuraraq evdən çölə çıxarıdı. Mən də fikirləşdim ki, burada nə var ki, öhdəsindən gələrəm. Hər şey yaxşı idi. Son anda Nəsibə xanım dizi ilə belimə elə vurdu gözümdən od parıldadı. Sən demə həmin səhnədə Səyavuş belini irəli verirmiş. Nəsibə xanımın dizi ona yumşaq dəyirmiş. Tamaşadan sonra məni səhnə quran fəhlələr evə gətirdilər. Səhv etmirəmsədə bu “qəzadan” sonra Osman bir daha səhnəyə çıxmadı.
Həmin dövrdə teatrda Nəsibə Zeynalova, Hacıbaba Bağırov, Səyavuş Aslan, Mobil Əhmədov, Lütfiyyə Səfərova, Daqmara Seyidzadə, Nəcibə Bağırova kimi sənətkarlar çalışırdılar. Osman isə Fazil Salayevə daha çox diqqət yetirir, istedadlı aktyora layiqincə qiymət verilmədiyindən gileylənir, onun faciəsinə acıyırdı. Qəribəsi bu idi ki, Fazil Salayev içkiyə meylli olduğu halda, Osman alkoqollu içkilərdən uzaqdı. Tanışlarımızın çoxuna təəccüblü gəlirdi ki, iki zidd davranışlı insanın söz-söhbəti necə tutur. Yaxından tanıyanlar, xarakterinə bələd olanlar isə bilirdilər ki, Osman Fazil Salayevin istedadını yüksək qiymətləndirir və taleyinə acıyır. Bəzən yatmağa yeri olmayan Fazil Salayevikirayə qaldığı evin sahibəsindən gizlin gecə metroda işləməyə gedən İsrafilin çarpayısında yatırdırdı. Təkcə Fazil Salayevimi? Yatmağa yeri olmayanlardan kimlərə sığınacaq verdiyini bir Osmanın özü bilirdi, bir də Allahı...
Osmanla bağlı istər tələbəlik illərində, istərsə də sonralar neçə kitablıq xatirələrim var. Lakin mən həmin xatirələri Osman qədər şirin danışa bilmədiyim kimi, oxunaqlı da yaza bilmirəm. Onları Osman yazsa, maraqla oxunar. Mənim yazılarım isə quru və yorucu olur...
05.07.2018
Sözardı: Ola bilsin bu yazını oxuyan tələbə yoldaşlarımız deyəcəklər ki, Əli Osmanın ona yazdığı şeirlərdən niyə bəhs etmir. Osman məni lağa qoyan bir neçə şeir yazsa da ondan qətiyyən incimirdim. Bir mənə deyil tələbə yoldaşlarımıza və tanışlara o dövürdə məşhur olan mahnıların ritmində şeirlər yazıb forla oxudurdu. Mənə həsr etdiyi mahnıdan yadımda qalan misralar bunlardır.
Üzündə bir xalın var,
Yaman qeyli qalın var.
Nərarət Oylağındı Sumqayıt,
Sən bu yoldan gəl qayıt.
Şərqşqnaslıq fakültəsində oxuyan rəhmətlik Bayram üçün yazmışdı:
Laqodexin balası a Bayram,
Kərdilərin alası a bayram.
Bir az işçkiyə meyilli Xanbalaya yazmışdı:
A Xanbala, xan oğlan,
A yüz-yüz atan oğlan,
Vodka olan parolu,
Məclislərin karolu!
Məni lağa qoyan ovsun formalı bir şeiri də yadımdadır. Onun lağlağı şeirləri ilə yanaş 1980-ci illərdə mənə həsr elədiyi Göyçə haqqında şeiri olduqca duyğusal, kövrək idi. Göyçədə baş verəcək hadisələri elə bil öncədən görüb bir ağı yazmışdı.
Çap olundu: Osman Əhmədoğlu haqqında tələbəlik xatirələrim, Elat fədailəri: Mədət Coşqun-80, Osman Əhmədoğlu-70, Bakı: “Elm və təhsil” nəşriyyatı, 2018, səh. 145-166.
|