Özbək alimi Jumabay Yusupov haqqında

ali-shamil.tr.gg/-Oe-zb%26%23601%3Bk-Cumabay-Yusupov-haqqinda.htm

İtgilərimiz

 

AZƏRBAYCAN SEVGİSİYLƏ YAŞAMIŞ ÖZBƏK FOLKLORŞÜNASI

VƏ ƏDƏBİYYATÇISI JUMABAY YUSUPOV

 

                                                                                                                                               

Ürəyində böyük bir Azərbaycan sevgisi daşıyan, Azərbaycanla əlaqələrin gündən günə yaxınlaşması üçün əlindən gələni əsirgəməyən özbək folklorçusu və ədəbiyyatşünası Jumabay Yusupov 2009-cu ilin oktyabrın 10-da Ürgəncdən Türkiyənin Bolu şəhərinə simpoziuma gedərkən yolda dünyasını dəyişmişdir.

Filoloji elmləri doktoru, professor Jumabay Yusupovla şəxsi tanışlığımızın tarixi o qədər də uzun deyildi. Onunla ilk dəfə 2009-cu ilin martın 11-13-də Aşqabatda keçirilən “Səlcuqlar dövrünün ədəbiyyatı və mədəniyəti” Uluslararası simpozyumda tanış olduq. Simpozyumun təşkilatçılarından Kakacan.... Özbəkistandan gələn alimlərdən birisinin məni səbirsizliklə gözlədiyini söylədi. Proqramı gözdən keçirdim. Orada Özbəkistanlılardan yaxından tanıdığım birisinin adını görmədim. Düşündüm ki, yəqin ya tanışlar kitab göndəriblər, ya da Azərbaycana bir sifariş göndərəcək, yaxud hansısa kitabı, məqaləni göndərməyimi xahiş edəcəklər.

Səhər sempozyum keçiriləcək salona getmək üçün qaldığımız “Ak altun” hotelinin foyesində tanıdıqlarımızla görüşür, ikibir-üçbir söhbət edir, avtobusların gəlməsini gözləyirdik. Birdən alçaq boylu, dolu bədənli, qıyıq gözlü birsi məni mehribanlıqla qucaqladı. Mən də onu eynı səmimiyyətlə qucaqlasam da onu nə vaxt, harada gördüyümü, kim olduğunu xatırlamağa çalışdım. Lakin xatırlaya bilmədim. Yaxasındakı “Özbəkistan. Prof.Dr. Jumabay Yusupov” yazısı yavaş-yavaş yadıma onun folklordan yazmış olduğu bir neçə məqaləsini saldı.  Səbirlə onun ortaq tanışlarımızdan söz açmasını gözləyirdim. Düşünürdüm ki, dostlardan kimsə mənim haqqımda ona danışıb. O, isə “Adınızı proqramda görəndə sevindim. Dünəndən səbirsizliklə nə vaxt gələcəyinizi gözləyirdim” deyə  sözə başladı. Söhbətindən öyrəndim ki, Daşkənddə çap olunan “Cahan ədəbiyyatı” jurnalının 2008-ci il 1-ci sayındakı məqaləmi oxuyub. 14 ilə yaxın Azərbaycanda yaşamış, elmi fəaliyyətlə məşğul olmuş, Mahmud Kaşğarlının “Divani lüğəti-it Türk” əsərini ilk dəfə dilimizə çevirmiş, milliyətcə özbək olan Xalid Səid Xocayev haqqında yazmış olduğum məqalə onu bərk təsirləndirib. Söhbət zamanı iki-üç il əvvəl müalicə üçün  Bostançı rayonunun Koşkurqan kəndindəki Loğman adlandırılan həkimin yanına getdiyini, Xalid Səid Xocayevin həmin kənddə doğulduğunu bilmədiyini söylədi. Mənə də irad tutdu ki, məqaləni bir neçə il əvvəl çap etdirsəydim Koşkurqana gedəndə Xalid Səid Xocayevin doğulduğu evi ziyarət edər, qohumları ilə görüşərmiş.

Mən də gülümsəyərək: “Günahı məndə deyil, Daşkənddəki jurnalların redaktorlarında gör. Həmin yazı 8 il jurnallarda dolandıqdan sonra işıq üzü görüb”. Jumabay Yusupov da, söhbətimizi dinləyənlər də təəssüfləndilər və o qətiyyətlə “Mənə göndərsəydiniz çoxdan “İlm sarçeşmələri” jurnalında çap edərdim”-dedi. Mən də “Bundan sonra nəzərə alaram” dedim.

Sonrakı günlərdə söhbətimizdə Türkiyənin Bolu şəhərində Abant İzzet Baysal Universitetinin Bolu Xalq Kültürünü Araşdırma və Uyğulama Mərkəzi (BAMER) ilə AMEA Folklor İnstitutunun birgə  “I Uluslararası Köroğlu, Bolu tarix və kültürü” keçirəcəyimizi,  Özbəkistan Respublikası Fənlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunun da bu simpozymun təşkilatçıları sırasına qatılacaqlarını, Türkmənistanı da buraya qatmaq üçün danışıqlar apardığımızı bildirdim. Jumabay Yusupov böyük həvəslə simpozyuma qatılacağını bildirdi və Türkmənistanla Özbəkistanın elmi idarələrinin bu işə qoşulacağına inamsız yanaşdı.

Birgə simpozyumlar keçirməkdən, elmi, ədəbi əlaqələri genişləndirməkdən söz düşəndə dərindən köks ötürərək “Sizlərin, Türkiyədəkilərin belə tədbirlər keçirməsinə nə var ki! Hünərin var Türkmənistanda, bizdə o sözü dilinə gətir. Gör səni nələrdə ittiham edəcəklər”. Xeyli fikirə getdikdən sonra: “Rektorumuz gəncdir və cəsarətli adamdır. Gedəndə onunla bir danışım. Bəlkə bizim universitetlə birlikdə bir simpozyum keçirməyə razılıq ala bilə” dedi.

 Jumabay Yusupov özünü Xarəzmli sayırdı. Çünki, onun ata-babalarının yaşadıqları ərazilər 20-ci yüzilliyədək Xarəzmdə daxil olub. Sonralar isə burada dəfələrlə inzibati-ərazi bölgülərində dəyişiklik edilib. Ona ğörə də Jumabayın doğulduğu yer Xarəzm vilayətinin  Manğıt rayonu göstərilir. İndi ora Qaraqalpakstan Respublikasının Amudərya vilayətinə daxildir. Jumabay da 1947-ci ilin fevralın 26-da Manğitdə doğulub. Valideyinləri 1950-ci ildə ata-baba yurdları olan Türkmənistan Respublikasının Daşhavuz vilayətinə köçüblər. Jumabay Yusupov da valideyinlərilə birlikdə “Şadlık” kolxozunda yaşayıb. 1953-56-cı illərdə buradakı ibtidai  məktəbində, 1957-63-cü illərdə Daşhavuz  vilayətindəki Təzəbazar şəhərinin 1 saylı orta məktəbində oxuyub. Orta məktəbdə oxuduğu illərdə şagird istehsalat briqadasının  fəal üzvü kimi Moskvaya – Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisinə göndərilib.  Oradan medalla qayıdıb.

    Orta məktəbdə “Gənç ədəbiyyatşünas” dərnəyinin fəal üzvlədindən olan Jumabay 1963-64-cü tədris ilində əla qiymətlərlə təhsilini başa vurub Daşkənddəki Rus Dili və Ədəbiyyatı Pedaqoji İnstitutuna daxil olub. 1969-cu ildə institutu fərqlənmə  diplomuyla  ilə bitirdiyinə, tələbəlik illərində elmi konfranslarada fəallığına, dəfələrlə mükafata layiq görüldüyünə görə onu institutda müəllim saxlayıblar.

1970-71-ci illərdə əsgəri xidmətini başa vurub doğma instituta qayıdan Jumabayı 1975-ci ildə zabit kimi yenidən orduda işə cəlb edirlər. 1977-ci ilədək orduda böyük leytenant rütbəsində rotada, sonra divizyada  komandirin siyasi işlər üzrə müavini işləyir. Əsgəri xidmətdəki  hünərinə görə hərbi dairə komandirinin Fəxri fərmanına layiq görülür. Ordudan təxris olunduqdan sonra yenidən doğma kollektivə qayıdır. İctimai-siyasi fəaliyyətə daha çox diqqət yetirdiyindən elmi işlərlə lazımı səviyyədə məşğul ola bilmir. Gah institutun beynəlxalq klubuna rəislik edir, gah partiya komitəsinə katib, gah həmkarlar ittifaqının yerli komitəsinə sədr seçilir.

 İctimai-siyasi fəallığına görə 1979-cu ildə onu Daşkənd Dövlət İqdisad Universitetində işə göndərirlər. O, burada rus dilindən dərs deməklə yanaşı ictimai-siyasi işlərdə də fəal çaılşır. Dəfələrlə tələbə dəstələrinin komandiri kimi gəncləri yay tətillərində xalq təsərrüfatının müxtəlif sahələrində işləməyə aparır. Dağlıq Altay vilayətinə tələbə dəstələrinin rəhbəri kimi gedərkən oradan folklor nümünələri toplayır. 1981-ci ilin aprelin 26-da “Yaxın dildən çevirmədə milli özünəməxsusluğun qorunmasının problemləri (Türkmən prozyasının özbəkçəyə  tərcümələri əsasında)” mövzusunda  (10.01.03 indeksi üzrə) namizədlik dissertasiyasını müdafiə edərək filologiya elmlər namizədi alimlik dərəcəsi adını alır.

    1991-92-ci illərdə Daşkənd Maliyə İnstitutunda dosent, 1992-95-ci illərdə Daşkənd Dövlət İktısat Universitetinin Ürgənc filialında direktor müavini, xarici dillər və umumtəlim fənlər kafedrasının müdürü, 1995-ci  ildən Ürganç Dövlət Universitetində özbək dilşünaslığı kafedrasında dosent, 1998-ci ildən 2004-cü ilin  sentyabr ayına qədər elə həmin müəssisənin nəzdindəki Beynəlxalq Dil Mərkəzinin direktoru və b.yüksək vəzifələrdə işləyən Jumabay Yusupovun bəzi qəribəlikləri də olmuşdur. O, 1994-1998-cü illərdə Daşkənd Dövlət İqtisat Universitetinin  “Ticarətdə muhasibat  hesabı və audit” fakültəsində qiyabi oxuyaraq muhasib-iqtisadçı ixtisasını qazanmışdır.

     2000-ci ilin yanvarın 26-da  “Xarəzm nağıllarının genezisi, əsas özəllikləri və poetikası”  mövzusunda (10.01.09.indeksində) doktorluk dissertasiyası müdafiə edən Jumabay Yusupov 2001-ci ildən Ürgənc Dövlət Universitetinin nəşriyatına rəhbərlik və “İlm sərçeşmələr” elmi-metodik jurnalına redaktorluq etmişdir.

1986-cı  ildən dosent,  2005-ci  ildən professor seçilmişdi.  J.Yusupov Özbəkistanda  yuksək  elmi səviyyəsi, səmimiyyəti, cəsarətilə seçilən alimlərdən idi. O tərcüməşünaslıq sahəsində heç kimin diqqət yetirmədiyi bir mövzunu araşdırmaqla yenilikçi kimi tanındı. O rus dillilərə özbək dilini öyrətməyin metodikasını təkmilləşdirdi. Tərcümə əsərlərində milli kolorit problemləri, okkazionalizmlər incələməsi onu sonunda folklorklorşünasa çevirdi.

     Folklorşünaslıqla yaşıdlarında çox gec məşğul olmasına baxmayaraq yazdığı sanballı əsərləriylə az zamanda bu sahənin ən öndəgedən aliminə çevrildi. O, nağılların regional  xüsusiyyətlərini öyrənərkən bölgənin  tarixi-etnoqrafiq cəhətlərə diqqət yetirdi. Bu səbəbsiz deyildi. Xarəzmdə yaşayan özbək, türkmən və qaraqalpaqlardan toplanmış nağıllar yalnız süjet baxımından deyil, dil və ifadə vasitələri baxımından da Azərbaycandan toplanan nağıllarla çox yaxındır. Sovet dövründə türk xalqlarının ortaq folklor nümunələri öyrənilərkən əsas diqqət fərqliliyə, onları bir birindən ayıran cəhətlərə yönəldilirdi. J.Yusupov isə bunun əksinə gedərək bölgədən toplanmış nağıllarla Azərbaycn nağıllarını müqayisə edərkən əsas diqqəti oxşar cəhətlərə yönəltmiş və bunun səbəblərini aydınlaşdırmağa çalışmışdır. Bu isə özbək folklorşınaslığında  yeni araşdırma metoduydu.

   Professor Jumabay Yusupov bakalavr və magistrantlara “Tərcümə nəzəriyyəsi və praktikası”, “Ədəbiyyatşünaslıqda struktural metodlar”, “Folklorşünaslıq”, “Mənəviyyatın əsasları” xüsusi kurslarını tədris etməklə yanaşı, gəncləri elmi axtarışlara da həvəsləndirirdi. Onun filologiya elminin önəmli və aktual problemlərinə həsr olunmuş 250-dən çox məqaləsi Özbəkistanın, Azarbaycanın, Qazaxstanın, Qırğızıstanın, Rusiyanın, Bolqarıstanın müxtəlif elmi jurnal və toplularında çap olunmuş, 11 respublika, 5 zonal və 9 uluslararası elmi konfranslarda məruzəsi dinlənmişdi. Çap olunmuş bir neçə buroşuru və 7 monoqrafiyasından “Xarəzm nağılları və həyat həqiqəti’, “Xarəzm nağıllarının poetikası”, “Qaynar qəlb sözü”, “Ədəbiyyatşünaslıqda struktural metodlar” və b. kitabları elmi ictimaiyyət tərəfindən daha maraqla qarşılanmışdı.

2009-cu ilin sentyabrın 23-25-də Türkmənistanın Daşoğuz şəhərində Koroğlu yordumu və gündoğar ədəbiyatı” mövzusunda uluslararası elmi sempozyum keçiriləcəkdi. Sempozyuma dəvət olunanlar arasında mən də vardım. 2009-ci il Oktyabırın 17-18-də Bolu şəhərində keçirəcəyimiz simpozyuma özbəkistanlı alimlərin gəlməsini qətiləşdirmək üçün mən yolumu Daşkənddən saldım. Özbəkistan Respublikası Fənlər Akademiyası Dil və Ədəbiyyat İnstitutunda olarkən mənə dedilər ki, Ürgəncdən Jumabay Yusupov bir neçə dəfə zəng vurub, mənim gəlməyimlə maraqlanıb. İnstitutun rəhbərliyi və simpozyuma məruzə göndərmiş və dəvət olunmuş  alimlərlə görüşdüm, xeyli söhbət etdik. Onları necə deyərlər dilə tuturdum ki, mütləq simpozyuma getsinlər.  Vaxt daralırdı, onlar gedəcəklərini söyləsələr də təyyarəyə bilet sifarişi belə verməmişdilər.

Mən telefonla Jumabay Yusupovla danışdım. O xahiş etdi ki, özbək alimlərilə birlikdə Ürgəncə gəlim və oradan birlikdə Daşoğuza gedək. Ürgənclə Daşoğuzun arası çox yaxındır. Onun təklifini qəbul etsəm də Daşkənddən Daşoğuza gedəcək alimlər nədənsə qəti bir söz demədilər. Mən Ürgəncə tək gedəsi oldum. Jumabay Yusupov oğlu ilə birlikdə gəlib məni aerpoportda qarşılayib evlərinə apardılar. Həmin gün onlarda qaldıq, xanımının bişirdiyi özbək plovunu yedikdən sonra məni Xivəyə gəzməyə apardılar. Səhərisi gün Ürgənc Dövlət Universitetinə getdik. Həmin gün tələbələri pambıq yığmaq üçün kəndlərə göndərirdilər. Çox gərgin bir gün olmasına baxmayaraq Jumabay Yusupov rektorla görüşümüzü təşkil etdi. Birlikdə gələcək iş planlarımızı müzakirə etdik. Sonra məni vaxtilə Y.V.Çəmənzəminlinin işlədiyi İnstitutun binasına apardı, arxivlərdə yazıçımızla bağlı apardığı axtarışlardan söz açdı.

Sonra Jumabay Yusupovun evinə döndük. Az sonra simpozyuma gedəcək Daşkəndli alimlər də gəldilər. Evdə günorta naharını yeyib Jumabayın təşkil etdiyi maşınla sərhəddə yollandıq. Heç iki saat keçməmişdi ki, biz Daşoğuzda hoteldə yerləşdık. Simpozyumu təşkil edənlərin yasaqlarına baxmayaraq Jumabayın məni də götürüb Daşoğuzda yaşayan və məhəllə məscidində imamlıq edən əmisi oğlunun evinə qonaq apardı. Simpozyumun ikinci günü isə mənə təklif etdi ki, onun doğulduğu kəndə gedək. Mən məruzəçi olduğumdan ona yoldaşlıq edə bilmədi. O, ata-anasının qəbirlərini ziyarət edib, qohumlarıyla görüşüb geri qayıtdı.

Simpozyum günlərində Türk dünyasını  ayrı-ayrı təşkilatları ilə elmi əməkdaşlıq planları hazırladıq. Geri dönəndə aviokassaya gedib ona Bolu simpozyumuna getmək üçün bilet də aldıq. Məndə bir əminlik yarandı ki, Dil və Ədəbiyyat İnstitundan heç kim gəlməsə də Özbəkistanı simpozyumda Jumabay Yusupov təmsil edəcək.

Bu arxayınlıqla mən Bakıya gəldim, buradan da Türkiyəyə uçdum. Boluda simpozyumun açılışına Özbəkistanı heç kim qatılmadı. Onlar gəlməyəcəkləri haqqında heç bir bilgi də verməmişdilər. Jumabay Yusupov hələ Ürgəncdə ikən mənə Daşkənddəkilər qorxularından simpozyuma getməyəcəklərini söyləmişdir. Özü isə təyyarəyə mənim yanımda bilet almışdı. Onun da gəlməməsi məni lap çaşdırmışdı.

Bakıya gönəndə Jumabay Yusupovun qızı Nərgizdən bir məktub aldım. O dərin kədərlə bildirirdi ki, atası 2009-cu ilin  oktyabrın 10-da Daşkəndə gedib ki, oradan bir neçə gün qalıb, işlərini səhmana salıb istanbula uçsun. Nə yazıq ki, əcəl aman verməyib. Elə həmin gün vəfat edib.

Əlimizdən “Allah rəmət etsin! Qəbri nurla dolsun!” deməkdən başqa bir iş gəlmədi.

İslam dinində xeyirli bir iş üçün səfərə çıxanların yolda ölümü də şəhidlik sayılır. Jumabay Yusupov da beləcə elmimiz yolunda şəhid oldu.

Əli Şamil

Dədə Qorqud jurnalına, 31.05.2010

Çap olundu: İtgilərimiz. Azərbaycan sevgisiylə yaşamiş özbək folklorşünasi ədəbiyyatçısı Jumabay Yusupov,  “Dədə Qorqud”  jurnalı 2010-cu il, sayı 2(35), səh.162-167

 

 

 

 

 
Sayğac
 
Flag Counter
 
Bu web sitesi ücretsiz olarak Bedava-Sitem.com ile oluşturulmuştur. Siz de kendi web sitenizi kurmak ister misiniz?
Ücretsiz kaydol