Qaşqaylar yayda yaylağa, qışda qışlağa köç etməyi sevən bir türk toplumudur. İran hökuməti istər şah devrində olsun, istər İslam İnqilabından sonra onların düzənini pozmağa, köçlərini durdurmağa çalışıb. Lakin istədiklərinə tam nail ola bilməyib.
Ötən ilin dekabrında tanıdığım, həmişə hörmət və ehtiramla xatırladığım üç nəfər də bu dünyadan köçdü. Onların köçünü, nə ailələr, nə dostları, nə də həkimlər durdura bildi.
30 il öncə Sovet-İran sərhəddindəki tikanlı məftillərini sökülməsindən yaranan bayramı - Dünya Azərbaycanlılarının Həmrəylik Gününü qeyd etmək üçün dekabrın 31-də saat 12-də Kiyevin mərkəzində, Meydanda türkiyəlilərin açdığı "Mojito" restoranına toplaşmışdıq. Nəzərdə tutmuşduq ki, həmin toplantıda Milli Azadlıq hərəkatının fəallarından, mühacirətdə yaşayan və dünyasını dəyişən, Türkiyənin Kayseri şəhərindəki Erciyəz Universitetinin bölüm başqanı, bəstəkar Müsəvvər Əsgəroğlunun və Almaniyada vəfat edən Rafiq Həsənovun xatirəsini yad edək.
Toplantıya Türkiyə türklərindən də, qaqauzlardan da qatılanlar vardı. Yer 2 saatlığına kirələnsə də, ötən günlərin xatirələri vaxtı bizə unutdurdu. Gələcək işlərimizdən çox keçmişdən danışdıq. Oradan ayrılandan təxminən bir saat sonra Türkiyədə yaşayan, millətsevər qaşqay gənclərindən Səməd Muğanlıdan telefonuma bir şəkil və kiçik xəbər gəldi. Səməd bəy saat 14.00-da ünlü qaşqay musiqiçisi Furud Gorginpur dünyasını dəyişdiyini xəbər verirdi. Rəsmi şəkildə hakim dairələrin musiqini qadağan etdiyi İran kimi bir ölkədə yaşayan, özü də zəif görən, sonra da gözləri tam tutulan qardaşların dövlət siyasətinə qarşı qətiyyətlə dirəniş göstərərək türk musiqisini öyrənmələri və təbliğ etmələri qəhrəmanlıqdır.
Buna görə də Gorginpurlar ailəsini qaşqayların da, xələclərin də, qarapapaqların da, türkmənlərin də, bir sözlə, İranda yaşayan türklərin millətsevər övladları sevir və işlərini yüksək qiymətləndirirlər. Bu ailə haqqında mənim də xeyli bilgim vardı. Furudun kiçik qardaşı Fərhadla görüşüb söhbət etmişdik. Şiraz Universitetinin salonunda qaşqay musiqiçiləri konsert təşkil etmişdilər. Salon ağzınadək dolu idi. Konsertin əvvəlində bir qocanın qolundan tutub səhnəyə gətirdilər. Gözü görmürdü. Salondakılar onu ayaq üstə alqışlarla qarşıladılar. Akkordeonda iki hava çaldı. Səhnəyə gələndə tamaşaçılar onu necə qarşılamışdısa, səhnədən enəndə də eləcə, ayaq üstə arasıkəsilməz alqışladılar. Bu alqışlar sənətkara xalqın verdiyi qiymət idi.
Səhnədən enəndə gətirib birinci sırada mənim yanımda oturtdular. Qısa söhbətimizdən dünyadan köçəcəyini anladım. Dost-tanışları ömrünü qaşqay musiqisinə həsr etmiş bu insanı xəstə olsa da səhnəyə çıxardılar. Bu, onun tamaşaçılarla son görüşü, bəlkə də son çalğısı idi. Aradan üç ay keçəndən sonra təkrar Şiraza gedəndə onu görmək istədim. Dedilər ki, vəziyyəti ağırdı, görüşməyə halı qalmayıb.
2018-ci il avqustun 31-də Fərhad Gurginpur haqqa qovuşdu. Azərbaycan oxucusuna bilgi vermək məqsədilə onun haqqında bir məqalə yazıb "525-ci qəzet"də çap etdirdim. Həmin məqaləni qaşqay gəncləri sosial şəbəkələrdə paylaşmaqla qalmadılar, qəzetin səhifəsinin surətini çıxararaq dost-tanışları arasında yaydılar.
Qaşqayların millətsevər gəncləri Azərbaycanla çox maraqlanır, burada qaşqaylarla bağlı yazılanları və deyilənləri böyük maraqla izləyir və yayırlar. "525-ci qəzet"də qaşqaylar haqqında məqalələr verdiyindən sevilir.
Fərhadın anası Məsumənin də 2019-cu ilin dekabrın 1-də dünyasını dəyişdiyini qaşqay gəncləri mənə xəbər vermişdilər. Əvvəllər hətta xaric ölkələrdə yaşayan qohumlarının, yaxınlarının ölümündən 5-6 aya xəbər tutmaq olmurdu. İndi texniki tərəqqi bu problemləri aradan qaldırıb. Mən Furud Gorginpur dünyadan köçməsindən 2-3 saat sora xəbər tutdum. 1-2 saat öncə bilsəydim, toplantıda Furud Gorginpurun haqqında bilgi verər, xatirəsini yad edərdik.
Qaşqaylar mübarizliyi, döyüşkənliyi, qüruru ilə seçilirlər. Dünyadan köçən Furudun ailəsi də qürurlu, millətsevər bir ailədir. Atası Həbibullah xan Əmələ tayfasından, anası Məsumə (qaşqayların əksəriyyəti onu əzizləyərək Məsi bibi deyirlər) xanım isə 5 böyük və kiçik tayfan özündə birləşdirən Bəhmənbəyi tayfasındandır. Hər iki ailənin maddi durum yaxşı olub. Qaşqay mədəniyyətinin yox olmaması, yaşaması və yayılması üçün də böyük işlər görüblər. Furudun atası Həbibullah xan döyüşkən, cəsarətli bir insan olmaqla yanaşı, ustad musiqiçi kimi də tanınıb. O, qaşqayların ustad sənətkarı, mahir tar və setar ifaçısı Davud Süleyman oğlunun şəyirdi olub. Ustadından öyrəndiklərini yalnız öz övladlarında deyil, elinin istedadlı gənclərinə də öyrədib.
Məsumə xanımın qardaşı Məhəmməd Bəhmən Bəhmənbəyi öz vəsaiti hesabına qaşqay uşaqları üçün çadırlarda açdığı məktəblərlə və Fars əyalətində yaylaq-qışlaq həyatı sürən tayfalar haqqında yazdığ kitabla, məqalələrlə məşhurlaşıb.
Həbibullah xanın ailəsi qışda Firuzabad şəhəri yaxınlığındakı Zəncirvan qışlağında, yayda isə Simurun şəhəri ətrafındakı Qaleyi Muxtarxan yaylağında yaşayıb. Məsumə xanımla ailə quran Həbibullah xanın övladlarının sayı çox olsa da, onlardan bir neçəsi uşaq ikən dünyasını dəyişib. Altısı yaşayıb və boya-başa çatıb. Xəstəlikdən Furud, Fərhad, Mustafa Kamal (Rza şah rejiminin sərt vaxtında övladına Mustafa Kamal adını qoymağı hər valideyin cürət etməzdi), baçısı Pəricöhrənin gözü zəif görüb.
Furud 1946-cı il martın 4-də Firuzabad yaxınlığındakı Zəncirvan qışlağında anadan olub. Məktəbdən, mədəni mərkəzlərdən uzaqda olsalar da valideynləri var gücü ilə övladlarını oxudublar. Əvvəl İsfahandakı zəif görən uşaqlar üçün açılmış məktəbə qoyublar. Lakin məktəbdəki baxımsızlıq valideynləri rahatsız edib. Şiraz şəhərində zəif görən uşaqlar üçün xüsusi məktəb olmadığından məcbur qalıb Zəncivan qışlağında açılmış ibtidai məktəbdə oxudublar.
Sonra da təhsillərini davam etdirmək üçün Tehrana göndəriblər. Əhalisi və nəqliyyatı sıx bir şəhərdə zəif görən övladlarının sərbəst hərəkət edə bilmədiklərini görən valideynlər peşəkar musiqiçiləri evlərinə dəvət edib uşaqlarını oxudublar. Qaşqay musiqi alətlərində çalmağı atalarından öyrənən Furud və Fərhad 1957-ci ildən başlayaraq Əmirəzidi Salmanpurdan akkordeon dərsi almağa başlayıb. Sonra da Tehranın peşəkar musiqiçilərindən-ustad Şenavərdən, Aləm Ohaniandan, Ənişuravan Ruhanidən, kor Dudangədən dərs alıblar. Az bir zamanda qardaşlar istedadları ilə diqqəti cəlb ediblər. Onların bacarığından Şiraz radiosunun əməkdaşları da xəbər tutub. 1958-ci ildən Şiraz radiosunun uşaq verilişlərində çıxış etməyə başlayırlar.
Oğlanlarınun uğuru atanı bərk sevindirib. Onların gələcəyi üçün ailəsini 1963-də Tehrana köçürüb.
Şirazda yaşadıqları vaxtdan başlayaraq xalq musiqisini öyrənən və yadında saxlamağa çalışan Furud Tehranda musiqi təhsili aldığı illərdə qaşqay mahnı və rəqslərini nota köçürməyə başlayır. Ədəbiyyat fakültəsini bitirsə də, musiqidən uzaqlaşmır. Tehran Universitetinin Sənət (incəsənət) Fakültəsinə qəbul olunub və oranı 1978-ci ildə bitirib. Beləcə Furud Tehranda müxtəlif musiqi alətlərinin gözəl ifaçısı vəqaşqay musiqisinin toplayıcısı kimi məşhurlaşıb.
Elə buna görə də ölkənin ən nüfuzlu incəsənət toplusu olan "Mahe nur" jurnalının araşdırıcı qrupu onunla görüşüb. Furud Gorginpurla etdikləri söhbət əsasında jurnalın 1977-ci ildə nəşr edilən sayında "Qaşqaylarda musiqi" məqaləsini çap etdiriblər. Jurnalın ən böyük məqaləsi olan "Qaşqaylarda musiqi" bu gün də öz aktuallığını itirməyib. Xalq musiqisindən bəhs edən araşdırıcılar qaynaq kimi Furud Gorginpurun fikirlərinə dayanırlar.
Jurnalın araşdırıcılar qrupunun Qaşqay aşıqları ilə bağlı verdikləri suala Furud Gorginpur belə cavab verib: "Qaşqay aşıqlarının sayı olduqca çox idi. 1953-cü ildə el quruluşunun dağıdılması aşıqlara da ağır zərbə vurdu. Onların dolanışığı çətinliyindən, yoxsullaşdıqlarından sənətlərini, peşələrini buraxmağa məcbur oldular. Sayları gündən-günə azaldı. Hazırda on, on beş aşıq ailəsi el içində dolanır".
Araşdırıcıların qaşqay aşıqlarının Azərbaycan aşıqları ilə əlaqəsi haqqında verdikləri sualı Furud Gorginpur belə cavablandırıb: "Qaşqay musiqisi xüsusi müstəqilliyə malikdir. O, başqa xalqın, elin, tayfanın musiqisinin təsirində deyil. Lakin Qaşqay aşıq musiqisi Azərbaycan aşıq musiqisilə bağlı olub, demək olar ki, onun eynidir. Aşıqların musiqisi geniş yayılmış qədim musiqidir. Aşıqlar şənlik, şadlıq və qəm gətirən hər hansı bir hadisəyə münasibətlərini şeir və mahnı ilə bildiriblər. Onlar məclislərdə dastan danışmağı çox sevirlər...
Qaşqay aşıqları ilə Azərbaycan aşıqları arasında müştərək mahnılar vardır. Məsələn, Qaşqay aşıqlarının Koroğlu dastanındakı şücaət, igidlik, mərdlik, qəhrəmanlıq məsələlərində Azərbaycan aşıqlarının Koroğlusu ilə eynidir. Qaşqayların "Kərəm", "Məsum", "Mahmud" mahnılarını çox cüzi fərqlə Azərbaycan aşıqlarının ifasında eşitmək olar... "Səhər avazı", "Cəngnamə", "Məhəmməd Tahir bəy", "Samsam" mahnıları köhnə aşıq melodyalarıdır. "Koroğlu", "Mahmud və Sənəm", "Mahmud və Nigar", "Baş Xosrov", "Həlilə Xosrov", "Büsutun", "Gəraylı", "Baş gəraylı" qaşqay aşıqlarının hazırda istifadə etdikləri mahnılar və qoşmalardır".
Qaşqay aşıqlarından danışan Furud Gorginpur deyir ki, qaşqay aşıqları da Həmədan, Savə, Xələc aşıqları kimi çəkur, çökur dedikləri sazda çalıb oxuyurlar. Qaşqay aşıqlarından Aşıq Səyyad və Aşıq İsmayılı yüksək qiymətləndirən musiqi araşdırıcısı Ustad Samsamın, Ustad Davudun, müğənnilərdən Mahpərvizin, Məhəmmədhüseynin, Təhmuraz Kəşkülünün, Mahmud İskəndərinin və başqalarının adlarını çəkir. Ustad Davud haqqında deyir: "Onun adına bəstələnmiş mahnı hələ də el içərisində oxunur".
Şərq musiqi alətləri ilə yanaşı, Avropanın simli musiqi alətlərində də mahir fiaçı kimi tanınan Furud Gurginpur 1993-cü ildə Tehranda keçirilən beynəlxalq musiqi festivalında kamança çalanlar arasında birinci yeri tutaraq mükafat almışdı.
2007-ci ildə dünyasını dəyişən Həbibullah xanın gəlinləri də elə bil seçilib. Furudun xanımı Əfsanə Cahangiri oxuduğu xalq mahnıları ilə yalnız qaşqaylar arasında deyil, İranda məşhurlaşıb. Furud oğlanlarına Saba və Kavə, qızına isə qaşqayların yaylağında olan, şəninə şeir və poemalar yazılan Dena dağının adını verib. Hər üçü də musiqi ilə məşğul olur.
Furud Gurginpurun hazırladığı musiqi albomlarından "Qaşqay musiqisi" (6 ədəd), "Qərib-Sənəm", "Koroğlu", "Türkmənsəhra", "Hicran" müəllifinə yalnız musiqiçilər arasında deyil, İranda yaşayan türk xalqları arasında da geniş şöhrət qazandırıb.
Ölkənin idarəedilməsində aparıcı rol oynayan din xadimləri musiqini qadağan etmələrinə baxmayaraq, Furud Gurginpurun anadan olmasının 70 illiyi münasibətilə 2016-cı ilin yanvarın 31-də Tehranda təşkil edilmiş mərasimə İranın məşhur musiqiçiləri ilə yanaşı, yazıçı və şairləri, siyasətçiləri də qatılıb.
Furud Gurginpurun cənazəsi 10 yanvar 2020-ci ildə Abadeh şəhərindəki ailə məzarlığında dəfn edilib.