ali-shamil.tr.gg/Bar%26%23305%3B%26%23351%3B-Man%E7o-haqq%26%23305%3Bnda.htm
Əli Şamil Hüseyn oğlu
Türk müğənnisi Barış Manconu
xatırlayarkən
1998-ci il Kasımın 24-27-də Qüzey Kıbrıs Türk Cümhuriyyətindəki Doğu Akdəniz Universitetinin Kıbrıs Araşdırma Mərkəzi “İkinci Uluslararası Kıbrıs Araşdırmaları konqre” keçirdi. “Azərbaycan mətbuatında Quzey Kıbrıs” (1988-98) mövzusunda yazdığım bildiri ilə mən də bu konqreyə qatılmalıydım. Vaxtında toplantıya çatmaq üçün daha güvənli bildiyim Türk Hava Yollarının uçağına bilet almışdım. Uçaq Kasımın 23-də səhərə yaxın Bakıdan qalxıb İstambula enməliydi. Mən elə həmin gün oradan Kıbrısa uçacaqdım. Gecəni yuxusuz qaldığımdan, çoxsaylı yoxlamalardan deyil siyasi mənsubiyyətimə görə polislərin və gömrük məmurlarının vəzifələrinə dəxli olmayan sorğu-sualları qanımı qaraltmışdı. Yerimdə əyləşən kimi gözlərimi yumdum. Düşünürdüm ki, bu dəqiqə yarınmaq istəyənlərdən hansısa gəlib ya geri çağıracaq, ya da mənasız suallar ilə məni əsəbiləşdirəcək. Yuxuya getmək istədim. Amma başımın üstünü kəsdirənin yerindən tərpənməməsi məni rahatsız edirdi. Əsəbiliklə başımı qaldırdıqda Barış Mançonu gördüm. Mehribanlıqla salam verdi. Bir anda elə bil ağrılarım-acılarım unuduldu. Onun xoş əhval-ruhiyyəsi mənə də təsir etdi. Mənə elə gəldi onunla çoxdanın tanışıyam. Əslində onunla birinci dəfəydi üz-üzə gəlirdim. Həmişə televiziyada gördüyüm, radioda səsini dinlədiyim Barış Manço ilə yanaşıydıq.
Görünür mənim sözlü baxışlarım ona təsir etdi. Dərisinin rəngindən, dilindən, dinindən asılı olmayaraq dünyanın müxtəlif guşələrində yaşayan insanlarla tez ünsiyyət tapan, maraqlı televiziya verilişləri hazırlayan Barış Manço məndən daha cəsarətli çıxaraq “İstambulamı? “ deyə xəbər aldı. Əslində onunla söhbət etmək mənim də ürəyimdən keçirdi. Amma onu rahatsız etmək istəmirdim. Odur ki qısaca “Xayır! Kıbrısa” - dedim.
Barış Manço Kıbrıs haqqında bir neçə kəlmə xoş söz söylədikdən sonra oraya nə üçün getdiyimi xəbər aldı. QaziMağosada konqreyə katılacağımı bildikdə “Həqiqətlər xəyallarımızı önləyir 10-15 il öncə dünyanın çox yerinə gedə bilirdim. Sovetlər birliyindən başqa. Kimsə mənə “istədir. Bir vaxt “Bakıya, Taşkəndə, Səmərqəndə gedəcəksən!” desəydilər inanmazdım. İndi bunu mənim kimi tanınmış kişilər deyil, hamı edə bilir. Röyamda görə bilmədiklərimi həqiqətdə görə bilmirəm” - dedi. Həvəslə danışdığını görüb mən də söhbətə qoşuldum. 70-ci illərin sonlarında onun televiziyadakı konsertlərinə baxmaq üçün Naxçıvandan 80-100 kilometr aralıdakı Türkiyə ilə sərhəd kəndlərə getdiyimizi söylədim. 1978-ci ilin iyulunda Qaraçantalı kəndində (Enmənistan SSR-in Amasiya rayonu) onun televiziyadakı bir çıxışını xatırladım. Ağ paltar geymişdi, başına zəncilərin saçını xatırladan parik qoymuşdu. Zənci musiqisini araşdıran professoor kimi danışırdı. Barış Manço da həmin zənci professordan müsahibə alırdı. Ekranda yanaşı oturmuşdular. Barış yanında oturan “professora” fikrini geniş izah etməyə imkan vermir, tamaşaçını əsəbləşdirirdi. Sonra “zənci professordan” bir mahnı oxumasını xahiş etdi. Oxuyanda bildik ki, bu zənci professor elə Barış Mançonun özü imiş. İki geyimdə çəkib montaj ediblərmiş. Oxuyacağı Afrika mahnısını tamaşaçıya daha maraqlı etmək üçün belə edibmiş.
Barış Manço söhbətimi ruh yüksəkliyi ilə dinləyirdi. Bu zaman yoldaşları gəlib çıxdı. Salamlaşdılar. Onda anladım ki, Barış yoldaşlarını gözləyirmiş. O, məni yeni gələnləri göstərərək “Televizyonun bəyaz-siyah vaxtlarında ekranda bir verilişimə baxıb. İndi onu konuşurdu. Gör həmin vaxtdan nə kadar keçib? 30 il, yoxsa 31 il?! Amma hələ də məni xatırlayırlar”. Harada çalışdığımı xəbər aldı. Kıbrısdan dönəndə İstambulda ona telefon açmağımı istədi. Mən geri dönəndə İstambulda cəmi 3-4 saat olacağımı söyləyəndə təssüfləndi.
Vizit kartımı verdim. - “Bakıya gələndə mütləq telefon açıb görüşəcəm. Birgə televizyonda konuşarıq, ötənləri xatırlarıq”. - dedi.
- Bakıya nə vaxt gələcəksiniz? - deyə xəbər aldım. Cavab gözləmədən onun bir vaxt Azərbaycan televiziyasının müxbirinə verdiyi cavaba uyğun olaraq: “Çayımızı süzək, soyuyanadək gələrsiniz? - dedim.
Gülərək: “Bəklə! Bəklə!” deyərək yoldaşları ilə keçib arxa sırada əyləşdilər. Uzun illər mahnılarını sevə-sevə dinlədiyim, onu dinləmək üçün ağrılara-acılara qatışdığım, gediş-gəliş olmayanda görmək üçün həsrətini çəkdiyim, indi isə adicə, sadə bir insan kimi qarşıladığım Barış Manço ilə ilk və son görüşüm oldu.
Çap olundu: Türk müğənnisi Barış Mançonu xatırlayarkən. “İncəsənət” qəzeti, 1999, dekabr, sayı 9 (81), səh.11.
|